Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

                          3.9.Milli   mütəhərrik oyunların təsnifatı  
  
               Milli oyunların quruluşu və qaydalarına görə aşağıdakı qruplara bölmək olar: 
              1.  Mübarizə aparan iki tərəfin rəhbərsiz (bəysiz) oyunları. Oyunda iştirak edən bütün uşaqlar 
bərabər hüquqa malikdir. Bu qrupa «Bənövşə», «Göyçəkmələk» kimi oyunlar daxildir; 
              2.  Hər bir oyunçu özünə cavabddeh olduğu və öz bacarığını göstərməyə çalışdığı  rəhbərsiz 
(bəysiz) oyunlar. Bu qrupa «Uçurma», «Ənzəli» və s. oyunlar daxildir; 
              3.  Rəhbərlə (bəylə) idarə olunan oyunlar. Bu oyunlarda rəhbərlər və tabe olanlar – sıravi 
iştirakçılar olur. «Bəylər» burada hərtərəfli hakimiyyətə malikdir. Hakim siniflərin meydana gəlməsinin 
təsiri ilə yaranan «Xan-xan», «Gizir», «Qara qazan» kimi oyunları  və  məişət bayramlarında oynanılan 
«Nənə can» oyununu nümunə göstərmək olar. Bu oyunlar yüksək poetik formalarla, şerlə müşaiyət 
olunur. 
 
                            3.10.. Oyunların seçilməsi 
              Oyunların siniflər üzrə seçilib keçirilməsinin fizioloji, psixoloji və tərbiyəvi prinsipləri vardır. 
              İbtidai siniflərdə, xüsusən 1-ci sinifdə milli oyunlar və fiziki hərəkətlər seçərkən  şagirdlərin 
fizioloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Çünki bu yaşda uşaqlarda  əzələ, bağ  və oynaqlar zəif, 
ciyərlərin isə həyat tutumu məhdud olur. Sümüklərin möhkəmliyi az olur. Buna görə də onlar tez yorulur, 
hərəkətlərini korrektə edə bilmirlər. Onlar oynayarkən hərəkətlərin sıxlığı, çətinliyi, müddəti və 
icraolunma nəzərə alınmalıdır. 
              Oyunda uşaqların psixoloji hazırlığına da fikir verilməlidir. Çünki şagirdlər bu yaşda lazımınca 
inkişaf etməmiş olurlar. Xüsusi ilə iradələri zəif və dözümlülüyü az olur. Düşünülməmiş  və fiziki 
hazırlığı uyğun olmayan oyunlar şagirdlərdə mənfi emosiya və hisslər yaradır. Onlar öz gücünə inanmır, 
tez-tez küsür, çətin tapşırığı yerinə yetirə bilməyəndə  ağlayır, inciyir və s. Bundan əlavə, kiçikyaşlı 
məktəblilərdə diqqət, qavrama, yaddaş  zəif olur. Söylənilənləri inkişaf etdirən oyunlar seçilib tətbiq 
olunmalıdır. 
              Oyunların seçilməsində  tərbiyəvi cəhətə  də diqqət verilməlidir. Dərsdə, sinifdən və 
məktəbdənkənar keçirilən oyunlar yoldaşlıq, dostluq, kollektivçilik, vətənpərvərlik və s. keyfiyyətləri 
inkişaf etdirməlidir. 
              
                          3.11. Oyun  üçün hazırlıq işləri 

 222
              Oyun  yerinin  hazırlanması.  Oyun yerinin hazırlanması  dərsdən  əvvəl yerinə yetirilir. Bunu 
müəllim və onun köməkçiləri (fəalları) edirlər. Bir çox hallarda oyun yeri üçün xüsusi hazırlıq tələb 
olunur (Voleybol, basketbol və s.). Bununla belə, bir çox oyunlarda xarakterindən, məzmunundan, 
məqsəd və vəzifələrindən asılı olaraq məsafə ölçülür, xətlər, dairələr çıxarılır, habelə şərti işarələr çəkilir. 
Dərs zamanı vaxt itirməmək üçün bütün bunlar dərsdən qabaq edilir. 
                         
 3.12. Oyunların keçirilməsi formaları 
              Oyunlar  3  əsas formada təşkil olunur. Onun dərs, dərsdənxaric və  məktəbdənkənar formaları 
vardır. 
              Mütəhərrik oyunlar dərs zamanı, bir çox hallarda isə proqram materiallarının öyrənilməsi 
nəticəsində orqanizmə verilmiş fiziki gərginliyi aradan qaldırmaq və  uşaqların emosionallığını  bərpa 
etmək məqsədilə dərsin axırında keçirilir. 
              İbtidai siniflərdə bədən tərbiyəsi dərsinin təxminən yarısını mütəhərrik oyunlar təşkil edir ki, bu 
da 2 cəhətdən müsbət nəticə verir. 1-cisi, dərsin oyunlara görə qarşıya qoyduğu məqsədə tamlıqla nail 
olunur. 2-cisi bu forma kiçik məktəbyaşlı uşaqların oyuna olan tələbatını ödəyir. 
              Mütəhərrik oyunların dərs forması onunla xarakterikdir ki, bu zaman oyuna bilavasitə müəllim 
rəhbərlik edir. Bu da sinfin yaxşı  təşkil olunmasını  təmin edir. Digər tərəfdən oyunların dərs forması 
məqsəd etibarı ilə onu başqa, məsələn, dərsdənkənar formalardan fərqləndirir. 
              Oyunların təşkil olunmasının 2-ci forması sinifdənkənar formadır. Bu forma çoxcəhətlidir. 
Oyunlardan tənəffüslərdə, növbələrarası vaxtlarda, idman bayramlarında, bölmələrdə, sağlamlıq 
tədbirlərində istifadə olunur. 
              Mütəhərrik oyunların daha geniş  tətbiq olunan 3-cü forması  məktəbdənkənar formadır. 
Mütəhərrik oyunların bu forması əslində əsas 2 məqsədə xidmət edir. Bunlardan biri sağlamlıq, ikincisi 
əyləncədir. Bununla belə, bölmələrdə keçirilən milli oyunlar böyük tərbiyəvi və  təhsil  əhəmiyyəti kəsb 
edir.             
              Oyunların bu formasından  şəhər və  şəhərdənkənar sanatoriyalarda, idman-sağlamlıq 
düşərgələrində, yaşayış yerlərində istifadə olunur. Həmin oyunları  uşaqlar bir-birini tanımaq üçün 
oynayırlar. Buna görə də bu cür oyunlar mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. 
         
                      3.13. Oyunların məzmununun şərhi 
              Oyunlar  söz,  əyanilik, müşahidə metodları ilə  şagirdlərə izah oluna bilər. Ümumiyyətlə, 
oyunların  şərhi onun əyani olaraq göstərilməsi ilə başa çatmalı, sonra isə bir neçə  dəfə nümayiş 
etdirilməlidir, yəni keçirilməlidir. 
              İzah elə olmalıdır ki, uşaqların hamısı oyunun keçirilmə qaydalarını, xalların verilməsini, 
aparıcının vəzifələrini, hakimlərin vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər. 
              Yaxşı olar ki, müəllim əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış nöqsanları göstərsin. 
              Oyunu izah edərkən sinfi elə düzmək və müəllim elə yerdə durmalıdır ki, şagirdlərin hamısı onu 
yaxşı gögrsün və dediklərini aydın eşitsinlər. Oyunun izahı  və göstərilməsi birbaşa meydançada, oyun 
başlanan yerdə təşkil olunsun. 
              İzahat qısa, aydın və başa düşəcəyi tərzdə olmalıdır. Tanış oyunun isə geniş izahına ehtiyac 
yoxdur. 
              Bir  qayda  olaraq,  oyun  bir  neçə  dəfə  təkrar olunur. Oyundan sonra buraxılmış nöqsanlar 
uşaqların nəzərinə çatdırılır, qaydaları pozan uşaqların adı  çəkilir, onlar məzəmmət olunur. Oyunun 
qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və  ya məzəmmət edilir, və yaxud da 
onlara xəbərdarlıq edilir. Oyunun izahı zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin 
oyuna münasibəti nəzərə alınmalıdır. 
 
3.14. Oyun meydançasının mütəhərrik oyunlar 
üçün düzəldilməsi 
              Mütəhərrik oyunlar üçün meydança məktəbyanı meydançanın çox və  həm də  mərkəz hissəsini 
tutmalıdır. Mütəhərrik oyun meydançasında hər oyunçuya təxminən 5-6 m sahə düşməlidir. O, hamar 
olmalı və təmiz saxlanılmalıdır, toz əmələ gətirməməli, eləcə də oyuna aid bütün qayda-qanuna  uyğun 

 223
düzəldilməlidir. Mütəhərrik oyun meydançası, həmçinin dərsin, dərsəqədər səhər gimnastikasının və 
tənəffüslərdə aparılan tədbirlərin, bədən tərbiyəsi – sağlamlıq işlərinin keçirilmə yerinə verilən tələblərə 
tam uyğunlaşdırılmalıdır. 
 
 
 
 
3.15. Oyun meydançasının və idman 
zalının işarə   olunması 
              Meydança  dərsdən qabaq işarələnməlidir.  Əgər oyun çox iş  tələb etmirsə, onda işarələnmə 
uşaqların iştirakı ilə yerinə yetirilir. Zədələnmələrin qarşısını almaq üçün oyun keçirilən yerdə təhlükəli 
əşyalar vardırsa (daşlar, ağaclar, butulka və dtigər  şüşə  sınıqları, dəmir və  dəmir qalıqları) 
təmizlənməlidir. 
              Zalda  qaçış  və estafet xarakterli oyunlar keçirilərsə, qarşıya çıxacaq divardan gimnastika 
döşəkləri asılmalı, yaxud da həmin sahədə oyunda iştirak etməyən uşaqlar durmalıdır. Bu ona görə edilir 
ki, uşaqlar qaçarkən özlərini saxlaya bilməyib divara toxuna bilər və zədələnər. 
              Oyunun maraqlı və səmərəli keçməsi məqsədilə müəllim ən fəal və fiziki cəhətdən güclü, cəld 
uşaqlardan aparıcı və başçı seçməlidir. 
                          3.16. Oyun ləvazimatlarının hazırlanması 
              Dərsə hazırlığın  əsas cəhətlərindən biri dərs üçün lazım olan ləvazimatların vaxtında 
hazırlanmasıdır. Mütəhərrik oyunların keçirilməsi üçün kiçik bayraqlar, fit, saniyəölçən, hoppanma ipləri, 
kiçik toplar (tennis), basketbol və voloeybol topları, doldurulmuş toplar, gimnastika ağacları  və s. 
lazımdır. 
              İnventar parlaq rənglə, zövqlə boyanmalı, səliqəli düzəldilməlidir. Onlar çəkisinə, həcminə  və 
ölçüsünə görə uşaqların yaşına uyğun olmalıdır. 
 
 
 
                              Yoxlama – test suallar 
 
1.Görkəmli pedaqoqlar oyunlar haqqında. 
2.Mütəhərrik oyunların pedaqoji xarakter xüsusiyyətləri. 
3.Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti. 
4.Mütəhərrik oyunların hərbi-tətbiqi əhəmiyyəti. 
5.Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti. 
6.Mütəhərrik oyunların təhsil əhəmiyyəti 
7.Mütəhərrik oyunların növləri. 
8.Oyun fiziki tərbiyənin mühüm vasitəsidir. 
9.Oyun milli mədəniyyətimizin tərkib hissəsi kimi. 
10.Oyunların seçilməsi. 
11.Oyunun keçirilməsi üçün görülən hazırlıq işləri. 
12.
 
Oyunun təşkili və keçirilməsi üçün lazım olan işlər.  
                                                                     
                 Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Mütəhərrik oyunlar fiziki tərbiyənin vasitəsi kimi. 
2.Oyunların sağlamlığın möhkəmləndirilməsində əhəmiyyəti. 
3.Xalq oyunları milli mədəniyyətimizin tərkib hissəsi kimi.                                                                                  
 
 
 
 

 224
                                     
 
 
 
                                     3.4. Yüngül atletika 
 
                      4.1. Yüngül atletika hərəkətlərinin öyrədilməsi 
              Yüngül  atletika  bədən tərbiyəsi proqramlarında özünəməxsus yer tutmaqla ümumtəhsil 
məktəblərinin bütün siniflərində tədris olunur. Yeriş, qaçış, tullanmalar və atmalar təbii hərəkət vərdişləri 
aşıladığına insan üçün çox xarakterik olduğuna və emosionallığına və s. görə fiziki tərbiyə vasitələri 
içərisində  əhəmiyyətli yerlərdən birini tutur. Yüngül atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı 
uşaqların sağlamlığını möhkəmləndirir, orqanizmin fiziki cəhətdən harmonik inkişafına kömək edir, 
bundan əlavə, hərəki keyfiyyətləri qüvvə, sürət, cəldlik, güc və s. inkişaf etdirir, iradəni və dözümlülüyü 
artırır, intizam, fəallıq tərbiyə edir. Xüsusilə  uşaq və yeniyetmələrdə  təşkilatçılıq qabiliyyətini 
formalaşdırır, səhiyyə-mədəni və gigiyenik vərdişlər aşılayır. Yüngül atletika hərəkətlərinin tətbiqi eyni 
zamanda anatomik fizioloji baxımdan da əhəmiyyətlidir. O, ürək-damar və  əsəb sistemini 
möhkəmləndirir, tənəffüs orqanlarının funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir, 
bədən qamətinin formalaşmasına yardım göstərir. 
              Yüngül  atletika  məşğələlərinin səmərəli təşkili və keçirilməsinə bir də ona görə ciddi səy 
göstərmək vacibdir ki, o həm də  uşaq və yeniyetmələri, gəncləri  əməyə  və müdafiəyə  bədən tərbiyəsi 
kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki, bədən tərbiyəsi kompleksinin əsas 
hərəkət növləri yüngül atletika elementlərindən ibarət olub, bu hərəkət növləri üzrə texnikaya yiyələnmə 
əməliyyatı da məhz yüngül atletika dərslrində aparılır. 
              Qeyd etdiyimiz kimi, yüngül atletika məşğələlərində – əsas təbii hərəkətlər üzrə şagirdlərə bilik 
öyrədilir, bacarıq və vərdişlər aşılanır. Bu səbəbdən də, yüngül atletikanın müəyyən bir növü (yeriş, qaçış, 
tullanmalar və s.) yalnız hər hansı bir sinifdə öyrədilməklə məhdudlaşdırılmır, o, eyni zamnda bu və ya 
digər siniflərdə müxtəlif aspektlərdə tədris olunur, təkrarlanır. Məktəb təcrübəsindən aydın olur ki, bəzən 
işin quruluşunun mahiyyətinə lazımi fikir verilmir. Yüngül atletikanın hər hansı növünün öyrənilməsinə 
müxtəlif siniflərdə eyni münasibətlə yanaşılır. Məzmun, həcm nəzərə alınmır. Buna görə də şagirdlərin 
dərsə marağı və həvəsi azalır, hərəkətləri şüurlu və yüksək fəallıq şəraitində icra etmirlər. Nəticədə dərsə 
davamiyyət azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı olur. Onlar tələbləri və 
normativləri verə bilmirlər. Bunun üçün nə etmək lazımdır? Hər  şeydən  əvvəl, ayrı-ayrı siniflər üzrə 
qarşıya qoyulmuş  məqsəd və  vəzifələri dərindən öyrənməli və bunlara uyğun hər bir yaş qruplarında 
mçəqsədə müvafiq yüngül atletika növləri tətbiq və  tədris etməlidir. Burada da hərəkət texnikasına 
yiyələnmək həlledici rol oynayır. Əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə hər bir uşağın hərəkət 
və fiziki imkanlarını da aşkara çıxartmaq mümkün deyildir. 
              Heç də sirr deyildir ki, məktəblərimizdə kütləvilik tələb olunduğu bir vaxtda, bəzi rayon və şəhər 
məktəblərində, idman nəticələrinə güclü meyl göstərilir. Bu o deməkdir ki, bəzən bədən tərbiyəsi 
müəllimləri dərs prosesində guya yarışa hazırlaşdıqları üçün idmançı  uşaqlarla məşğul olur, digər 
şagirdlərə müstəqillik verilir. Onlar istədikləri kimi oynayır və sərbəst hərəkət edirldər. Haqlı olaraq qeyd 
edə bilərik ki, burada istər-istəməz müəllimin nəzarəti zəifləyir. Bu bir çox cəhətdən zərərlidir:  əvvala, 
şagirdlər həmin dərsin qarşısında duran məqsəd və vəzifələri icra etməkdən kənarda qalır, ikincisi, bədən 
tərbiyəsində kütləvilik lazımi səviyyədə yerinə yetirilmir, üçüncüsü, uşaq və yeniyetmələr müxtəlif növ 
hərəkət texnikasını  mənimsəyə bilmir və onların fiziki imkanları  nəzərə alınmır, qabiliyyətləri 
formalaşmır. 
              Yüngül  atletika  məşğələlərində «texnikaya yiyələnmə» hallarına da rast gəlinir. Burada 
müəllimin başlıca istiqaməti nəyin bahasına olursa olsun yalnız  şagirdlərin hərəkət texnikasına 
yiyələnməsini təmin etməkdən ibarətdir. Düzdür, hərəkət növləri üzrə texnikaya yiyələnmək tədris 
prosesinin  ən vacib amillərindəndir. Lakin hərəkət texnikasını öyrətməklə  bərabər,  şagirdlərin fiziki 
hazırlığının artırılmasına da diqqət yetirmək zəruridir. Tədris prosesində paralelsizlik onun idman 
nəticəsinin funksiyası ilə məhdudlaşdırılması deməkdir. 

 225
              Təəssüf ki, bəzi kütləvi məktəblərdə yüngül atletika məşğələlərinin də rekordçuluğa yüksək 
idman nailiyyətləri qazanmaq bəzi  əsas məqsəd kimi qarşıya qoyulur. Əslində isə  təlim-tərbiyə  işi 
şagirdlərin sağlamlığına, fiziki inkişafına, fiziki hazırlığının yüksədilməsinə  və  cəmiyyət üçün 
tərbiyələndirilməsinə istiqamətləndirilməlidir. 
              Yüngül atletika üzrə hərəkət texnikasının öyrədilməsində məktəb mərhələləri nəzərə alınmalıdır. 
Yəni ibtidai sinif şagirdləri ilə aparılan hərəkət texnikasına yiyələnmə işi böyük yaşlı məktəblilərinkindən 
xeyli fərqlənməlidir. Bunu əsasən, yeriş, qaçış, atmalar və s. hərəkət elementlərinə Aid etmək olar. Həmin 
öyrənmə prosesində kəskin fərq başlıca olaraq hərəkətin sürət və amplitudası ilə əlaqədardır. 
              Müşahidələrdən aydın olur ki, bəzi müəllimlər ibtidai siniflərdə  hər hansı bir yüngül atletika 
hərəkət elementlərini öyrədərkən, hərəkəti öyrətmə texnikasını sadələşdirməyə çalışırlar. Bu, o deməkdir 
ki, hərəkətlərin öyrədilməsi texnikası kiçik məktəbyaşlı  uşaqlar üçün sadələşdirilmiş  şəkildə, yuxarı 
siniflərdə isə  həmin texnika şagirdlərə bütövlükdə (tamlıqda) öyrədilməlidir. Fikrimizcə  hərəkət 
texnikasının sadələşdirilmiş formada öyrədilməsi pedaqoji baxımdan düzgün deyildir. Bu hərəkət 
texnikasının təhrif olunaraq öyrədilməsi deməkdir. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, yüngül atletika 
hərəkətləri təbii hərəkətlərdir, o, gündəlik həyat üçün vacib hərəkətlərdir (yeriş, qaçış, maneələrin dəf 
edilməsi, tullanmalar, atmalar və s.). Buna görə  də  həmin hərəkətlərin düzgün yerinə yetirilməsinə 
yiyələnmək nəinki məktəb yaşlarından, hətta məktəbəqədər yaş dövründən başlayaraq olduqca zəruridir. 
Gözləmək olmaz ki, uşaq böyüyəcək və hansı siniflərdə isə ona yeriş, qaçış, tullanmaları düzgün yerinə 
yetirmək qaydası öyrədiləcəkdir. 
              Hərəkət texnikasına kiçik məktəbyaşlarından yiyələnmək 2 cəhətdən çox böyük əhəmiyyətə 
malikdir.  Əvvəla, bu yaş dövründə  uşaqların bədəni lazımınca bərkidilməmiş olur, xüsusən sümüklər 
elastiklik dövrünü keçirir. Buna görə  də  həmin yaş dövründə  hərəkət texnikasına daha çox yiyələnmək 
imkanı vardır. 
              İkincisi, məlumdur ki, məktəbdə  bədən tərbiyəsi və idmanın qarşısında duran mühüm 
vəzifələrdən biri şagirdlərə təbii hərəkət vərdişlərini mənimsətməkdən ibarətdir. Bu isə şagirdlərin düzgün 
fiziki inkişafı, bədən qamətinin formalaşması, sağlamlığın möhkəmləndirilməsi ilə nəticələnir. Məsələyə 
həmin baxımdan yanaşdıqda şagirdlərin nəinki təbii hərəkətlər vərdişlərinə düzgün yiyələnməsi, həm də 
fiziki tərbiyə prosesində görülən işlərin bütövlükdə məqsədəuyğun surətdə aparılması vacibdir. 
              Yadda saxlamaq lazımdır ki, yüngül atletika növlərinin öyrədilməsində yalnız dərs üçün nəzərdə 
tutulan hərəkətlərdən istifadə kifayət etmir. Bunun üçün də müəllim yüngül atletika hərəkətlərinin 
öyrədilməsinə kömək məqsədilə yardımsçə müxtəlif növ terminlər seçməli və yeri gəldikcə  tətbiq 
etməlidir. Bu hərəkətlər aşağıdakı  məqsədlər üçün seçilə  və  tətbiq oluna bilər: uşaqların ümumi fiziki 
hazırlığının yüksədilməsi, hərəkət texnikasının qısa vaxt ərzində düzgün icrası və s. üçün. 
              Bədən tərbiyəsi və idman işlərinin lazımi nəticə verməsində  dərsin sinifdənxaric və 
məktəbdənkənar tədbirlərlə  əlaqələndirilməsi də başlıca rol oynayır. Bu nöqteyi-nəzərdən dərs ilinin 
əvvəlindən tədris idman işləri planlaşdırılarkən, tədris gün rejimində, sinifdənxaric və  məktəbdənkənar 
formalarda aparılan tədbirlər üçün də müvafiq oyunlar, hərəkətlər seçilməsi və yeri gəldikcə  tətbiq 
olunmalıdır. Çox təəssüf ki, bu işə  bəzən  ikinci dərəcəli bir məsələ kimi yanaşılır,  əsas diqqəti dərs 
prosesinə verməklə işi bitmiş hesab edirlər. Lakin unutmamalıdır ki, dərsin qarşısında qoyulmuş başlıca 
vəzifələr sinifdənxaric sağlamlıq tədbirləri il əvə  məktəbdənkənar kütləvi idman işləri ilə 
tamamlanmalıdır. 
              Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi və idman işlərinin müvəffəqiyyətlə nəticələnməsində bu 
sahədə  şagirdlərin müəyyən biliklərə yiyələnməsinin və qarşıda duran məqsədin və  vəzifələrin başa 
düşülməsinin özünəməxsus  əhəmiyyəti vardır. Çünki şagirdlərin hər hansı bir yüngül atletika 
elementlərini nə məqsədlə icrası bui şin mahiyyətini dərk etməsi onların dərsə olan fəallığının və şüurlu 
münasibətini artırır. Bilik, bacarıq və vərdişlərin aşılanmasında isə fəallıq, dərketmə həlledici əhəmiyyət 
kəsb edir. 
              Bir  cəhəti də qeyd etmək lazımdır ki, hərəkət texnikasının az vaxt içərisində  mənimsədilməsi 
üçün  şüurluluq və  fəallıq nə  dərəcədə vacibdirsə, öyrətmə prosesində izahetmənin özü də bir o qədər 
əhəmiyyətlidir. Hərəkətlər üzrə izahatlar sadə, aydın və dəqiq olmalı, uşaqların dərk edəcəyi səviyyədə 
aparılmalıdır. Anlaşılmaz terminlər, təmtəraqlı cümlə və sözlər işlədilməməlidir. İzahetmə zamanı hərəkət 

 226
texnikasının göstərilməsi də vacibdir. Müəllim izahatında hərəkətlərin nümayiş etdirilməsində 
emosionallıq, çeviklik və gümrahlıq, yüksək əhval-ruhiyyə hiss olunmalıdır. 
              Yüngül  atletika  hərəkətləri öyrədilərkən alətlərin, avadanlıqların səliqəliliyinə  və  şagirdlərin 
gücünə münasibliyinə də diqqəti artırmaq lazımdır. Burada hərəkətin hansı tempdə icrası və hansı sürətlə 
yerinə yetirilməsi və onun təkrar olunma miqdarı nəzərə  alınmalıdır. Bunlar hərəkətin müvafiq şəkildə 
öyrədilməsinə əlverişli şərait yaradır. 
              Hərəkət elementlərinin müvafiq surətdə icrasında  şagirdlərin idman göstəricisinin təlim vaxtı 
nəzərə alınması da faydalıdır. Təcrübəli müəllimlər yeriş, qaçış, uzununa tullanmaların qrup halında 
icrasını  təşkil edirsə, hündürlüyə tullanmada isə yarım qruplara bölüşdürərkən hərəkətləri icra etdirir. 
Yəni hündürlüyə tullanma yzrə ən yaxşı nəticə və ya zəif nəticə göstərənlər üçün hündürlüyə tullanmalar 
ayrıca təşkil olunur. Məşğələlərin belə təşkili hər bir şagirdə öz qabiliyyətini daha yaxşı inkişaf etdirməyə 
imkan verir. Yüngül atletika hərəkət növlərinin öyrədilməsi prosesində tətbiq olunan metodlara da xüsusi 
əhəmiyyət vermək lazımdır. Yüngül atletikada 2 metoddan istifadə olunur: Birinci metod. Bu zaman 
başlıca diqqət hərəkətlərin hissə-hissə öyrədilməsindən sonra tam şəkildə öyrədilməsinə 
istiqamətləndirilir. Məsələn, əgər müəllim uzununa tullamanı öyrədirsə,o, əvvəlcə, hərəkət texnikasına az 
vaxt içərisində düzgün yiyələnmək üçün zəruri komponentləri müəyyənləşdirir. Sonra isə bu 
komponentlər ayrı-ayrılıqda mənimsədir, daha sonra isə onlar arasında uyğunluq-əlaqə yaradır. Uzununa 
tullanmanın başlıca öyrətmə komponentlərinə isə qaçışa başlamaq sahəsinin müəyyən edilməsi, düzgün 
qaçış texnikasının aşılanması, təkan nöqtəsinin, təkan ayağının dəqiqləşdirilməsi, uçuş  və yerə düşmə 
fazalarının düzgün yerinə yetirilməsi texnikasının mənimsədilməsi daxildir. 
              İkinci metod.  Hərəkət texnikasının hissə-hissə öyrədilməsi fonunda texnikanın bütövlükdə 
(tamlıqda) təkrar edilməsi yolu ilə hərəkətin öyrədilməsidir. Həmin metoddan istifadə zamanı əsas diqqət 
hissə-hissə öyrədilən hərəkət elementləri arasında uyğunluq koordinasiya yaratmağa yönəldilməlidir. 
Əgər hissələr arasında uyğunsuzluq müşahidə olunursa, bu vaxt onun səbəbinin öyrənilməsi və aradan 
qaldırılması məqsədilə əlavə xüsusi hərəkətlər seçilməli və prosesdə istifadə edilməlidir. 
              Şagirdlər yüngül atletikanın hər hansı növü üzrə hərəkət texnikasına yiyələndikdən sonra onların 
idman nəticəsinin yüksədilməsinə  də çalışmalıdır. Konkret desək, hərəkət texnikasının bütövlükdə 
təkmilləşdirilməsi və  məktəblilərin fiziki hazırlığının   artırılması yolu ilə idman sahəsində müvafiq 
nailiyyətləri qazanmaq lazımdır. Burada əzələ qüvvəsini artıran, hərəkət texnikasını bütövlükdə 
öyrənməyi təkmilləşdirən fiziki tərbiyə elementlərindən, texniki təlim vasitələrindən istifadə olunmalıdır. 
Hərəkət texnikasının mənimsədilməsi ilə əlaqədar texniki vasitələrdən istifadə edərkən duyma, hissetmə 
qabiliyyətlərini nəzərə almaq vacibdir. İbtidai siniflərdə  səs və ekran vasitələrinə  və onların düzgün 
tətbiqinə nail olmalıdır. Texniki təlim vasitələri və əyani vasitələr hərəkət texnikası üzrə qruplaşdırılmış 
siniflərin hazırlıq səviyyəsinə uyğun olaraq tətbiq olunmalıdır. Texniki vasitələrdən istifadə olunarkən 
hərəkət texnikası bütövlükdə, sonra isə hissə-hissə və ya əksinə nümayiş etdirilə bilər. Bu zaman sözün 
əyaniliklə qarşılıqlı əlaqəsini düzgün təşkil etmək xüsusən vacibdir. 
              Müşahidələr göstərir ki, yüngül atletika üzrə yeni hərəkət texnikası öyrədilərkən aşağıdakı 
pedaqoji – metodiki amillərə  əməl olunması    təlim işinin müsbət nəticələnməsinə kömək edir. Bura 
hərəkət texnikasının bütövlükdə və hissə-hissə öyrədilməsində izahetmə, hərəkət texnikasının bütövlükdə 
və ya hissə-hissə öyrədilməsinin bilavasitə müəllimin rəhbərliyi altında aparılması, hərəkət texnikasının 
təkrar edilməsi dövründə, qüsurlu yerinə yetirilən hərəkətlərin daha çox təkrarlanması, hərəkətlərin fərdi 
və qrup şəklində yerinə yetirilməsi, hərəkəti düzgün yerinə yetirən uşaqların onu nümayiş etdirməsi, ev 
tapşırıqları verilərkən şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması və s. daxildir. 
 
4.2. Yüngül atletika dərslərinin təşkili 
              Yüngül  atletika  dərsləri adətən tədris ilinin isti aylarında təşkil olunur. Ona görə ki, yüngül 
atletika növlərinin iqlim və idman baza şəraiti baxımından həmin aylar daha əlverişlidir. Eyni zamanda, 
göstərilən aylarda açıq və təmiz hava şəraitində yeriş, qaçış, tullanma, cisim atma və s. öyrədilməsi xeyli 
asanlaşır. Çünki digər tədris aylarına görə  tədris ilinin əvvəli və axırında hava şəraiti orqanizmə daha 
müsbət təsir etməklə, həm də  hərəkətlərin icra olunmasına görə  də hazırlıqlı olur. Lakin həmin dərsdə 
digər dərslərə nisbətən (gimnastika, oyunlar və s.) şagirdlər daha çox fiziki yük alırlar. Bu zaman onlar 

 227
tez-tez tərləyir və bunun nəticəsində  də soyuqdəymə, xəstələnmə halları baş verir. Qaçışdan sonra 
uşaqların dayanmalarında belə hadisələr tez-tez baş verir. 
              Bunun qarşısını almaqdan ötrü müəllim qaçışdan sonra dayanmalara imkan verməməli, uşaqlara 
tənəffüs və sadə  hərəkətləri icra etdilməlidir. Gərgin fiziki yük aldıqdan sonra uşaqlara oturmağa icazə 
verilməməlidir. 
              Yüngül  atletika  dərslərinə  şagirdləri sinif otağı qarşısında sıraya düzüb gətirməlidir. Havalar 
soyuq olduqda onlar isti idman geyimində olmalıdır. Bu vaxt onları uzun-uzadı yoxlamamalı, dərsin 
məqsəd və  vəzifələrini qısa  şəkildə izah etdikdən sonra hərəkətlərin öyrədilməsinə keçməlidir. 
Hərəkətlərin yerinə yetirilməsi də  qısa və konkret izahatla həyata keçirilməlidir.  Əks təqdirdə, 
boşdayanma uşaqların üşüməsinə səbəb olar. Bu isə onların diqqətinin yayınmasına, hərəkətlərin icrasına 
marağın azalmasına şərait yaradır. 
              İsti hava şəraitində isə uşaqları günvurmadan qorumalı, onları qızmar günəş altında saxlamamalı, 
izahatlar kölgəlikdə aydın və konkret şəkildə verilməlidir. 
 
4.3. Yüngül atletika hərəkətlərinin icraolunma texnikası 
I  s i n i f 
              Yeriş  və qaçışlar. Adi yeriş  və qaçışdan fərqli olaraq, təlimin ilk günlərindən başlayaraq 
şagirdləri gözəl, yüngül və çevik yeriş və qaçış hərəkətlərinə alışdırmağa çalışmaq zəruridir. 
              Yerişlər. Birinci sinifdən başlayaraq uşaqlara qaməti düzgün saxlamaqla iri və sərbəst addımlarla 
yeriş öyrədilir. Həmçinin bu yaşda uşaqlara pəncə-daban üzərində addımlarla yeriş, habelə ayaqların 
yanları üstündə yerişlər və s. öyrədilir. 
            Təcrübə göstərir ki, kiçik yaşlı şagirdlərin bir çoxu yeriş zamanı qaməti düzgün saxlamır, ayaqları 
yerə sürtür, dabanları yerə  bərk vururlar. Bu zaman gövdə silkələnir, yerişin tempi tez-tez dəyişilir, 
ayaqlar yerə düzgün basılmır. Bəzən yerişdə sol (sağ) ayaqla addımladıqda sol (sağ) əl də irəli aparılır. 
Bütün bunlar şagirdlərdə  əl və ayaqların bir-biri ilə düzgün əlaqələndirilməməsindən irəli gəlir. Bu 
qüsurları ləğv etmək üçün müəllim əvvəlcə uşaqlara yavaş-yavaş, həm də səssiz yeriməyi, sonra isə temp 
və sürəti artırmaqla yeriməyi öyrədir. Müəllim bunlara nail olmağa çalışarkən sol (sağ) ayaqla addım 
atdıqda sağ (sol) qolun irəli gətirilməsini tələb etməli və buna şagirdlərin vərdiş etməsinə çalışmalıdır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin