Dərs vəsaiti kimi təsdiq edilmişdir


Təlimin dərinləşdirilərək öyrətmə mərhələsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

              Təlimin dərinləşdirilərək öyrətmə mərhələsi.   Bu mərhələdə fiziki hərəkətin əsas hissəsinin 
texnikasına, onun detallarına, həmçinin fəndlərin və hərəkətlərin bütövlükdə texnikasına dəqiq bir şəkildə 
yiyələnmək nəzərdə tutulur. Təlimin dərinləşdirilməsi mərhələsində əsas diqqəti: 

 77
              a)  hərəkəti sadələşdirilmiş formada  xüsusi hazırlıq hərəkətləri vasitəsi ilə  əsas məqsəd və 
vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirməyə; 
              b) hərəkət və oyunların, fəndlərin vacib detalları və cəhətlərinin metodiki baxımdan icraolunma 
texnikasına yönəltmək. 
              Həmin mərhələdə birinci mərhələdə mövcud nöqsanların aradan qaldırılması  məqsədi güdür. 
Xüsusən, hərəkətləri ümumiyyətlə icra etmək deyil, onu detalları üzrə öyrətmə, hərəkətləri hissələrə 
bölməklə  mənimsətmək, onun texnikasını  dəqiq icra etmək mahiyyəti daşıyır. Bunun üçün də  hər bir 
hərəkət ayrı-ayrılıqda təhlil olunmalı, onun düzgün icraolunma mexanizmi işlənilməlidir.  Bunlar 
hərəkətlərin məktəbyaşlı  uşaqlar tərəfindən dərindən və  hərtərəfli öyrənilməsinə kömək göstərən zəruri 
amillərdən sayılır. 
              Hərəkətlərin möhkəmləndirilməsi və  təkmilləşdirilməsi mərhələsi.    Bu  mərhələ  şagirdlərdə 
hərəki vərdişlər yaratmaq və həmin vərdişləri müxtəlif şəraitdə tətbiq etmək bacarığı və vərdişi aşılamaq 
həyata keçirilir. Möhkəmləndirmə və təkmilləşdirmə mərhələsində aşağıdakı vasitə və vərdişlər  müəyyən 
olunur: 
              a)  şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq müxtəlif növ oyunlar, hərəkətlər, fəndlər, habelə 
təlim metodları müəyyənləşdirmək.  Onların, ümumilikdə götürdükdə, təlim fəaliyyətini, konkret desək, 
hərəkətlərin, fəndlərin, rəngarəng oyunları düzgün icra edib-etməməsini təhlil edib qiymətləndirmək. 
Təlim müvəffəqiyyəti qiymətləndirilərkən hərəkətin, oyunların az vaxt sərf  etməktlə qısa müdətdə, eləcə 
də səhvsiz olaraq mükəmməl murətdə yerinə yetirmək də nəzərdə tutulur. 
              v) test-normativlər hazırlayıb sınaqdan keçirmək, nəticələri aşkara çıxarmaq və müvafiq idman 
göstəriciləri ilə tutuşdurmaq. Nəticələri idman təsnifatındakı normativlərlə müqayisə etmək, 
məqsədəmüvafiq qənaətə gəlmək. 
              Bu mərhələdə hərəki vərdişlər 2 istiqamətdə inkişaf etdirilməlidir:  
1.
 
Qazanılmış hərəki və oyun vərdişlərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi; 
2.
 
Təlim prosesinə əlavə vasitələr, hərəkətlər, oyunlar və fəndlər daxil etmək yolu ilə vacarıq 
və  vərdişləri formalaşdırmaq. Hər iki variantda hərəkət texnikası düzgün mənimsənilir, daha da 
möhkəmləndirilir və təkmilləşdirilir. 
 
                 4.6. Təlim prosesində səhvlərin düzəldilməsi 
 Fiziki hərəkətlərin, oyunların və  fəndlərin texnikasının təlimi prosesində müəllimlər müəyyən 
çətinliklərlə qarşılaşırlar. Həmin çətinliklərdən biri də dərs zamanı şagirdlərin hərəkətləri düzgün icra edə 
bilməməsi və onun aradan qaldırılması ilə sıx əlaqədardır. Bunun üçün də ilk növbədə, müəllim texnikanın 
icrası zamanı şagirdlərin səhvə yol verməməsinə çalışmalı, ikinci növbədə isə mövcud nöqsanları müxtəlif 
pedaqoji – psixoloji və metodiki üsullarla ləğv etməyi bacarmalıdır. Bu müəllimdən məsələyə ciddi 
yanaşmağı  tələb edir. Müəllimin təlim prosesinə yanaşması bir neçə yönəmdə olmalıdır. Yəni səhvlərin 
meydana çıxması  mənbələrini araşdırmalı, onu doğuran səbəbləri özü üçün müəyyənləşdirməlidir. Uzun 
illərin təcrübəsinə  və müvafiq ədəbiyyata istinad etsək səhvləri doğuran səbəbləri aşağıdakı kimi şərh 
etmək olar: 
1.
 
Təlim olunacaq hərəkətlərdə başlıca məqsəd və  vəzifələrin nəzərə alınmaması, başlıca 
səhvlərin əsas diqqət mərkəzində saxlanılmaması; 
2.
 
Başlıca məqsəd və  vəzifələrin təlimi zamanı  əsas səhvlərə lazımi diqqət verilməməsi 
nəticəsində yaranmış ikinci dərəcəli səhvlər; 
3.
 
Müxtəlif yaş dövründə  məşğul olanlardan asılı olmayaraq onların yaş xüsusiyyətlərinə 
uyğun olaraq gözlənilə biləcək səhvlərin vaxtlı-vaxtında (yerindəcə) düzgün, hərtərəfli və aydın şəkildə 
izah olunmaması, əyaniləşdirilməməsi səbəbindən; 
4.
 
Məşğul olanların hər birinin ayrı-ayrılıqda xüsusiyyətlərinin (fiziki hazırlığı, fiziki 
cəhətdən zəif inkişafı, həmin idman növünə və ya hərəkətə uyğun olmaması, hərəki keyfiyyətlərin lazımi 
səviyyədə inkişaf etməməsi və s.) nəzərə alınmaması  səbəbindən fərdi səhvlərin meydana çıxması. 
Burada fərdə uyğun məzmunun, təlim üsul və priyomlarının, psixoloji amillərin tətbiqi nəticəsində 
yaranacaq texniki və taktiki qüsurların qarşısının alınması tövsiyyə olunur; 
5.
 
Hərəkətlərin ayrı-ayrı tərkib hissəsinin, detallarının icrası zamanı baş verə biləcək səhvlər; 

 78
6.
 
Fiziki hərəkətlərin, oyunların və fəndlərin təlimində ayrı-ayrı hissələrinin  vəziyyətlərində 
və məzmununda bir-birinə uyğun olmayan qüsurların mövcudluğu. 
7.
 
Nəhayət, hərəkət və oyunların, fəndlərin  təlimi üçün lazımi idman maddi-texniki bazasının 
çatışmaması. 
 Göründüyü kimi, yuxarıda göstərilən səhvlərin baş verməməsi məqsədi ilə məşğul olanların 
yaş xüsusiyyətlərini, hərəkətin, oyunun həmin yaşa münasib olub - olmamasını onların tədricəni və 
ardıcıllıqla həyata keçirilməsini, dərs – idman bazasını və s. diqqətdən yayındırmamalıdır. 
              Fiziki    təlim dövründə  şagirdlər  texniki səhvlərə yol veriblərsə onu aradan qaldırmağa səy 
göstərməlidir.  
              Birinci olaraq: 
              a)  başlıca məqsəd və  vəzifələrdə yaranmış  səhvlərin düzəldilməsi. Çünki əsas səhvlərin 
düzəldilməsi eyni vaxtda onun yaranmasına səbəb olduğu və metodiki qüsurların aradan qaldırılmasına 
zəmin yaradacaqdır. 
              b) səhvlərin bir neçə dərsdən sonra deyil, həmin dərsdə yerindəcə düzəltmək, onun ləğvi üçün 
konkret və aydın izahatlar vermək, nəticəsinə nəzarət etmək, yoxlamaq lazımdır. 
              v)  mövcud  texniki,  taktiki  və metodiki səhvlərin aradan qaldırılmasına təmkinlə  və ciddi 
yanaşmalı, götür-qoy etməli, sərfəli  əlavə vasitələrdən istifadə etməlidir. Bu mənada yarış, oyun və 
tapşırıq səciyyəli idman tədbirlərinin təşkili və keçirilməsi faydalı olardı. 
              d) səhvlər aşkarlandıqdan sonra onları məzmununa görə qruplaşdırmalı, təhlil etməli, düşünməli, 
əlavə vasitə  və  vəsaitlərdən, müasir texniki vasitələrdən istifadə etməlidir. Həmin səhvləri məzmununa 
görə  tədricən və ardıcıl olaraq düzəltməlidir. Çalışmalıdır ki, bütün səhvləri eyni vaxtda deyil, əvvəlcə 
onların asanlarını, sonra isə  çətinlərini aradan qaldırmalıdır. Çünki bu dərsdə bir çox səhvləri paralel 
şəkildə düzəltmək yaxşı  nəticə vermir, şagirdlərdə  mənfi psixoloji hisslər yaranır. Bütün bunlarda 
buraxılmış səhvlərin qısa bir müddətdə düzəldilməsinə mane olur: 
              e) səhvlərin düzəldilməsi ilə bağlı aparılan izahat işləri düzgün, ardıcıl olmalı, hərəkətin düzgün 
yerinə yetirilməsi, canlı olaraq (natural), habelə şəkillər, sxemlər, diaqramlar, kinofilmlər, ümumiyyətlə, 
texniki vasitələrlə nümayiş etdirilməlidir. 
              Bütün  bunlarla  bərabər, fiziki təlim zamanı yaranmış texniki, taktiki və metodiki səhvlərin 
düzəldilməsi məqsədi ilə bunları da nəzərə almaq faydalı olardı: 
              a) təlimə marağı artırmalı; 
              b) optimal təlim metodları tətbiq etməli; 
              v) təlimin məzmunu xüsusi və maraqlı hərəkətlərdən, oyunlardan ibarət olmalı;               
              q) səhvlər musiqinin müşayəti ilə aradan qaldırmalı; 
              d) sadə və həvəsləndirici hərəkətlərdən istifadə etməli; 
              e) hərəkət icra olunarkən siqnallardan, ruhlandırıcı sözlərdən, kəlamlardan istifadə etməli; 
              j)  yeri  gəldikcə  məqsədəuyğun  şəkildə, ustalıqla rəğbətləndirmə  və  cəzalandırma  tərbiyə 
metodları da tətbiq edilməlidir. 
 
                             4.7. Hərəki bacarıq və vərdişlər  
              Hərəki bacarıq fiziki hərəkətin avtomatik idarə olunmaması qabiliyyətinə deyilir. Fiziki tərbiyə 
prosesində  hərəki bacarıqların iki növü mövcuddur. Bura ilk növbədə müxtəlif növ ayrı-ayrı mürəkkəb 
hərəkətləri icra etmək bacarığı ilə yanaşı  hərəki fəaliyyətləri bütövlükdə yerinə yetirməyi bacarmaq da 
nəzərdə tutulur.  
              Ayrı-ayrı mürəkkəb hərəkətlərin tədricən təkrar etdirilməsi onun vərdiş halına çevrilməsinə 
səbəb olur. Həmin fəaliyyətin bütövlükdə yerinə yetirilməsini həyata keçirmək prosesi o zaman başa çatır 
ki, şəraiti dəyişməklə gözlənilmədən mürəkkəb hərəki vəzifələr icra olunsun. Bu yalnız müxtəlif səciyyəli 
oyunların təşkili və keçirilməsi situasiyalarında baş verir. Belə hərəki fəaliyyət həyatda daimi mövcuddur, 
standart olmur və dəyişkəndir. Bu bacarıqlar vərdişə çevrilmir. Həmin qazanılmış bacarıqlardan ayrı-ayrı  
yaradıcı fəaliyyətlərdə istifadə olunur. 
              Hərəki vərdişlər hərəkətlərin avtomatik surətdə yerinə yetirilməsi qabiliyyətinə deyilir. Müxtəlif 
fiziki hərəkətlərin  dönə-dönə  təkrar olunmaqla müntəzəm  şəkildə icrası zamanı bu hərəkət avtomatik 
olaraq yerinə yetirilir, uzun müddət yaddan çıxmır və get-gedə vərdişə çevrilir. Bu o zaman baş verir ki,  

 79
əvvəla həmin hərəkətlərin strukturunda dəyişiklik olmasın və bu fiziki hərəkətlər eyni şəraitdə icra 
olunsun. Eyni şəraitdə və eyni məzmunda fiziki hərəkətlərin təkrar-təkrar yerinə yetirilməsi vərdiş halına 
keçir. Bu da hər hansı bir hərəkəti çox da düşünmədən eyni səviyyədə icra olunmsı deməkdir. Bütün 
bunlar hərəkətlərin tədricən avtomatlaşdırılmasına səbəb olur.  
              Avtomatlaşdırma – bu vərdişin mühüm xarakteridir. Vərdişin yaranmasında, hərəkətin hansı 
şəraitdə  və hansı situasiyada icrası xüsusi diqqət mərkəzində olmalıdır. Mütəhərrik oyunların təlimində 
bütün bunlar  özlərini daha qabarıq  şəkildə biruzə verir. Hərəkətlərin avtomatlaşdırılması onları daha 
geniş tətbiqi imkanlarını da artırır.  
              Hərəkətlərin avtomatlaşdırılması  vərdişin möhkəmliyini və sabitliyini də  təmin edir. Vərdişin 
stabilləşməsində öyrənilmiş  hərəkətlərin dəfələrlə  təkrarı  və keyfiyyətlə yerinə yetirilməsi ilə  sıx 
əlaqədardır. Hərəkətlərin vərdiş halına düşməsi onun dəqiq, keyfiyyətlə  və az vaxt ərzində icra 
olunmasına səbəb olur. Bundan əlavə, xoşagəlməz  şəraitdə, hətta pis hava şəraitində, yorğunluq və 
psixoloji gərginlik dövründə belə hərəkətlər düzgün və səhvsiz yerinə yetirilir, maneələr aradan qaldırılır.   
        
 
II.5. Fiziki tərbiyənin təlim prinsipləri 
 
              Fiziki  tərbiyə – tərbiyənin tərkib hissələrindən biri olmaqla, həm də pedaqoji prosesdir. Buna 
görə  də, fiziki tərbiyə prosesinin optimal təşkili pedaqoji prinsiplərlə  sıx  əlaqədardır. Bu prinsiplər 
çoxdur. Alimlər həmin prinsipləri təsnif etmişlər. Lakin bu məsələdə onlarda müxtəlif fikir ayrılığı olmuş 
və hazırda da vardır. Hətta mövcud cəmiyyətin inkişafı ilə  əlaqədar, yəni ona xidmət edən pedaqoji 
prinsiplər də olduğunu iddia edən alimlərə  də rast gəlmək mümkündür. Fiziki tərbiyə  məşğələlərində 
istifadə olunan prinsiplər bunlardır. 
 
 
                          5.1. Ümumpedaqoji təlim prinsipləri 
              Şüurluluq və fəallıq prinsipləri. Həmin prinsiplərdə başlıca məqsəd tələb olunan bilik, bacarıq 
və  vərdişləri  şüurlu və  fəal  şəkildə  dərk etmək, təhsil və mühakimə yolu ilə öz hərəkətlərini 
qiymətləndirmək, nöqsanları aradan qaldırmaqdır. Eyni zamanda, məqsədi və  vəzifələri başa düşməklə 
yanaşı, bütövlükdə  hərəkətləri, oyunları  və kütləvi-idman, bədən tərbiyəsi tədbirlərini anlamaq və  işin 
nəticəsini dərk etməkdir. Başqa sözlə desək, göstərilən prinsiplərə düzgün riayət etməklə fiziki tərbiyə ilə 
məşğul olanlar bu təlimin məqsəd və vəzifələrini, onun hərtərəfli inkişafa təsirini çox aydın surətdə dərk 
edirlər. Məşğələlərin həmin prinsiplərə uyğun olaraq təşkili fiziki tərbiyə zamanı qazanılmış bilik, bacarıq 
və vərdişlərin, habelə hərəki keyfiyyətlərin (güc, cəldlik, dözümlülük, möhkəm iradə və s.) insan həyatı 
üçün mahiyyətini şüurlu olaraq anlayırlar. Bütün bunlar isə fiziki hərəkətlərin, idman oyunları və güləşin 
texniki fəndlərinin, bu sahədəki taktiki elementlərin uşaqlar tərəfindən  şüurlu mənimsəməsindən ötrü 
zəmin yaradılmasına kömək edir. Uşaqlar məşğələyə ciddi yanaşır, özlrində  məsuliyyət  hiss edirlər. 
Bundan əlavə, uşaqlar həm də bu sahədəki səhvlərini düzəltməyə və daha yüksək nailiyyətlər əldə etməyə 
səy göstərirlər. 
              Fiziki tərbiyə məşğələləri zamanı şagirdlərin fəallıq göstərməsinin özü də təlimin səmərəliliyinə 
müsbət təsirini göstərir. Fiziki tərbiyə  məşğələlərində lazımi fəallıq göstərmək onun mahiyyət və 
məzmununun düzgün dərk olunmasından mühüm dərəcədə asılıdır. Məşğələnin məzmunu və 
mahiyyətinin düzgün başa düşülməsi, anlaşılması  uşaqları müntəzəm məşğul olmağa, ona ciddi 
yanaşmağa sövq edir. 
              Bütün  bunlara  görə  də müəllim qarşıya qoyulmuş  vəzifənin  şagirdlər tərəfindən başa düşülüb-
düşülmədiyi, nəticəni anlanılmağını  və ya əksinə anlanılmadığı ilə maraqlanmalı, kor-koranə deyil, 
səmimi, obyektiv, tənqidi münasibət göstərməklə nöqsanları düzəltməlidir. 
              Hərtərəfli inkişaf prinsipi. Müstəqillik dövründə təlim-tərbiyə işləri vaxtı bu prinsipin tətbiqinə 
çox böyük ehtiyac vardır. Çünki, müstəqillik digər cəhətlərlə bərabər, həm də əhalinin, xüsusən yetişən 
gənc nəslin normal, sağlam, gümrah, Vətənin müdafiəsinə hazır olmasını tələb edir.  
              Söylənilənlər fiziki kamilliklə  sıx  əlaqədardır. Fiziki kamillik dedikdə, müxtəlif növ fiziki 
hərəkətlər və oyunlar vasitəsilə insanların mədəni və  mənəvi səviyyəsini yüksəltməyə, zehni, əxlaqi və 

 80
estetik tərbiyəsini formalaşdırmağa, hərəki bacarıqlarını, vərdişlərini və keyfiyyətlərini inkişaf etdirməyə 
nail olmaq deməkdir. 
              Bədən tərbiyəsi və ya sinif müəllimi fiziki tərbiyə  məşğələlərində apardığı  təlim-tərbiyə  işləri 
kiçik məktəbyaşlı uşaqların hərtərəfli inkişafına səbəb olmalıdır. Bu vaxt təlim – məşğələlərdə 2 cəhətə 
diqqət yetirilməlidir: birincisi, aparılan təlim-tərbiyə işləri digər fənlərdə göstərilən tədbirlərlə, həmçinin 
tərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədar olmalıdır. Bu prosesdə əmək, estetik, əxlaq, zehni, mənəvi 
və s. tərbiyəyə fikir verilməli və inkişaf etdirilməlidir. İkincisi, hərtərəfli fiziki inkişaf və fiziki hazırlıq 
məşğələdə mühüm yer tutmalıdır. Yəni uşaqların ümumi və xüsusi fiziki hazırlığı artırılmalı, həmçinin 
orqanizmin forma və funksiyalarında müsbət dəyişikliklər olmalı, fiziki keyfiyyətlər, bilik, bacarıq və 
vərdişlər daha da formalaşmalıdır. 
              Ardıcıllıq prinsipi. Fiziki tərbiyə  məşğələlərinin ardıcıllıq prinsipi əsasında qurulması fiziki 
hərəkətlərin və oyunların texniki cəhətdən düzgün yerinə yetirilməsində  həlledici  əhəmiyyətə malikdir. 
Buna görə  də fiziki mədəniyyət proqramının tədris materialları ardıcıl olaraq öyrədilməlidir. Həmin 
prinsipə görə yeni öyrədilən fiziki hərəkətlər  əvvəllər öyrənilmiş  hərəkətlərə  və oyunlara istinad 
olunmaqla öyrədilməli, bir növ yeni təlim edilənlər  əvvəllər öyrədilmişlərin davamı olmalıdır. Burada 
əvvəllər asan, sonralar isə mürəkkəb hərəkətlərin, fəndlərin öyrədilməsini unutmaq olmaz. 
              Tədricilik prinsipi. Bu prinsipdə  dərsdə fiziki yükün tədricən yüklənməsini, işin həcminin və 
sıxlığının tədricən artmasını,  məqsəd və qarşıya qoyulmuş  vəzifələrin, hərəkət və oyunların, fəndlərin 
tədricən mürəkkəbləşdirilməsini tələb edir. Təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə, 
məlumdan məchula prinsipinə əməl etmək nəzərdə tutulur. 
              Əyanilik prinsipi. Əyanilik prinsipi göstərilən hərəkət və fəndlər üzrə uşaqlarda daha konkret
daha düzgün təsəvvür  anlayışı yaradır. Fiziki hərəkətlərin və oyunların daha yaxşı öyrədilməsində 
əyaniliyin  əhəmiyyəti  əvəzedilməzdir. Hərəkət və  fəndləri göstərməzdən  əvvəl, göstərilən zaman və 
göstəriləndən sonra onun yerinə  
yetirilməsinə  dair izahatlar vermək olar. 
              Fiziki  hərəkətləri canlı (natural) surətdə göstərilməsi (əyani olaraq) daha məqsədəuyğundur. 
Uşaqlar bu zaman praktik şəkildə  hərəkətlərin və  fəndlərin necə icra olunmasını müşahidə edirlər. 
Hərəkətlərin yerinə yetirilməsinin lazımi səviyyədə qavranılmasında, anlanılmasında şəkillərdən, sxemlər, 
diaqramlar, rəsmlər, fotoşəkillər, afilmlər və s. istifadə  təlim üçün xüsusi əhəmiyyət kəsb edir. 
Hərəkətlərin öyrənilməsində  əyanilik prinsiplərindən birgə istifadənin özü də  tədrisin səviyyəsinin 
yüksədilməsinə xidmət edir. 
              Bilik  və bacarıqların möhkəmləndirilməsi prinsipi.  Həmin prinsip əsasında dərsin təşkilinə, 
onun təkrarlanmasına və daha da dərinləşdirilməsinə imkan verir. Nəticədə bütün bunlar fiziki tərbiyə 
məşğələlərində qazanılmış bacarıq və vərdişlərin möhkəmləndirilməsinə səbəb olur. Təkrar başlıca olaraq 
məşğələnin əsas hissəsində aparılır. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsiplərinə riayət edərkən 
bir cəhətə xüsusi diqqət yetirilməlidir. Bu hər  hansı bir hərəkəti və ya fəndi düzgün icra etmədikdə, 
lazımi səviyyədə öyrənmədikdə digər bir hərəkətin, fəndin təliminə keçməməlidir. Bunun üçün də 
hərəkətlərin və ya fəndlərin məktəblilər tərəfindən icraetmə qabiliyyəti tədris normativləri və ya testlər 
vasitəsilə yoxlanılmalıdır. 
              Fərdi yanaşma prinsipi. Fiziki tərbiyə  məşğələlərində ibtidai məktəb  şagirdlərinin fərdi 
xüsusiyyətləri nəzərə alınmalı, məşğələlər onların fiziki hazırlığına, yaş xüsusiyyətlərinə  və idman 
oyunları fəndlərinin yerinə yetirilməsi texnikasının səviyyəsinə uyğun aparılmalıdır. Bu prinsipin başlıca 
tərəflərindən biri məktəblilərin güclü və  zəif cəhətləri nəzərə alınaraq fiziki yük verməklə  sıx bağlıdır. 
Çünki orqanizmin dinamikasının quruluşu, onun fiziki yükə reaksiya vermə qabiliyyəti müxtəlifdir. 
Orqanizmin funksional imkanları, prisixoloji keyfiyyətlərin müxtəlif olması da məşğələlərdə  fərdi işin 
aparılmasını  tələb edir. Deyilənlərin nəzərə alınması orqanizmin daha da inkişafına  şərait yaratmaqla 
yanaşı, hərəkət və oyunlar üzrə bacarıq və vərdişlərin formalaşması prosesinə də müsbət təsir göstərir. 
               
                         5.2. Fiziki tərbiyənin spesifik təlim prinsipləri 
              Fiziki tərbiyənin əmək təcrübəsi ilə əlaqəsi prinsipi. Qeyd etmək lazımdır ki, insan həyatının 
bütün dövrlərini  əməksiz təsəvvür etmək qeyri-mümkündür. İnsanla  əməklə yaşayır, inkişaf edir, 
təkmilləşir və şəxsiyyət kimi formalaşır. Buna görə də kiçik məktəbyaşlıların əməyə məhəbbət və sevgi, 
bu sahədə müvafiq keyfiyyətlər, bacarıq və  vərdişlər uşaqlıq dövründən başlayaraq aşılanmalı, inkişaf 

 81
etdirilməlidir. Uşaqlarda  əmək üzrə bacarıq və  vərdişlər  əsasən həyatda qazanılır və  təkmilləşir. Lakin 
həmin bacarıq və  vərdişləri daha da məhsuldar etmək üçün fiziki tərbiyə  ən vacib vasitələrdən sayılır. 
Uşaqlar müntəzəm olaraq fiziki tərbiyə və idmanla məşğul olursa, onun əmək qabiliyyəti (zehni, fiziki) 
daha da artır, eləcə də peşəsinə müvafiq işgörmə imkanları xeyli yüksəlir. Bunun əsas səbəbi fiziki tərbiyə 
və idmanla məşğul olduqda, məşğul olanlar fiziki cəhətdən inkişaf edir, üzv və sistemlərin fiziki cəhətdən 
və funksional imkanları xeyli genişlənir. Yəni ürəyin fəaliyyəti,  ağciyərlərin həyat tutumu yüksəlir, 
maddələr mübadiləsi yaxşılaşır. Üzv və sistemlər lazımi qida və oksigen qəbul edə bilir. FIiziki tərbiyə və 
ayrı-ayrı idman növləri ilə  məşğul olduqda əmək üçün zəruri olan hərəki keyfiyyətlər də inkişaf edir. 
Adımın hərəkətləri daha sürətli, çevik və  cəld olur, iradəsi möhkəmlənir. Hər bir çətin işə qarşı 
dözümlülüyü yüksəlir. Bu baxımdan fiziki tərbiyə  məşğələlərində qüvvənin, cəldlik və çevikliyin, 
dözümlülüyün və iradənin möhkəmləndirilməsinə xidmət edə biləcək hərəkətlərə xüsusi diqqət yetirmək 
vacibdir. Bütün bunlar peşə yönümündə aparılan işin keyfiyyətli  və az vaxt sərf etməklə, qısa müddət 
içərisində icrasına zəmin yaradır. 
              Fiziki tərbiyənin müdafiə təcrübəsi ilə əlaqəsi prinsipi. Məlumdur ki, Vətəni qorumaq, yadelli 
işğalçılara qarşı amansız olmaq hər bir Azərbaycan vətəndaşında xüsusi keyfiyyətlərin olması ilə  sıx 
əlaqədardır. Həmin keyfiyyətlər arasında müdafiə  işinə fiziki cəhətdən hazır olmaq mühüm yerlərdən 
birini tutur. Bura ilk növbədə, sağlam və möhkəm iradəyə malik olmaq, cəldliyi, çevikliyi və gücü inkişaf 
etdirmək daxildir. Həmin keyfiyyətlərin kiçik məktəbyaşı dövründən başlayaraq fiziki tərbiyə və idman 
məşğələlərində inkişaf etdirilməsi hərbi peşəyə yiyələnməkdə, ölkənin müdafiə qabiliyyətinin 
yüksədilməsində həlledici əhəmiyyətə malikdir.  
              Təkrarlanma prinsipi. Fiziki hərəkətlər, oyun və  fəndlər dəfələrlə  təkrarlanmadan hərəki 
keyfiyyətləri inkişaf etdirmək, hərəki bacarıq və  vərdişləri formalaşdırmaq, təkmilləşdirmək mümkün 
deyildir. Hərəkətlərin təkrarı idman sahəsində qazanılmış  vərdişlərin daha da möhkəmləndirilməsinə 
səbəb olur. Təkrarlanmanın düzgün aparılması bu işdə az əhəmiyyət kəsb etmir. Əvvəlcə keçilmişlərin 
təkrar olunması, sonra isə yeni hərəkətləri öyrədib, onların təkrarına başlamalıdır. Təkrarlanma apararkən 
fiziki yükün həcmi, sıxlığı, çətinliyi nəzərə alınaraq dozalaşdırılmalı, yəni asandan çətinə doğru 
mənimsənilməlidir. Yarış dövründə  fəndlərin, ayrı-ayrı  hərəkətlərin icraolunma texnikası  və taktikası 
daha da mükəmməlləşir. Göstərilən təlim-metod və prinsiplərinin müvəfəqiyyətlə  nəticələnməsi yeni 
təhsil islahatının tələblərinin nəzərə alınmasından mühüm dərəcədə asılıdır. Yeni təhsil sisteminin 
yaradılması, islahatın yeni məqsəd və  vəzifələrinin, prinsiplərinin həyata keçirilməsi xüsusən vacibdir 
(demokratikləşmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya, humanitarlaşdırma 
və i.a). 
                 
 
II. 6. Fiziki tərbiyənin təlim metodları 
                         
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim 
metodlarından istifadə 
              Bədən tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsi qarşıya qoyulmuş  təlim-tərbiyəvi 
vəzifələrdən, öyrədilən materialların xüsusiyyəti,  şagirdlərin fiziki hazırlığı  və yaş xüsusiyyətlərindən, 
idman bazası və şəraitindən, həmçinin bunlara uyğun təlim metodlarının seçilib tətbiq olunmasından çox 
asılıdır. 
              Bədən tərbiyəsinin tədrisi prosesində tətbiq olunan təlim metodları, hər şeydən əvvəl, şagirdlərin 
bilik və bacarıqlarının artmasına, vərdişlərin aşılanmasına, müstəqilliyinin və yaradıcılığının inkişafına, 
dərketmə qabiliyyətinin yüksədilməsinə yönəldilməlidir. Müşahidələr göstərir ki, bədən tərbiyəsi 
müəllimlərinin bəziləri həmin fənnin tədrisində proqram materialının xüsusiyyətinə,  şagirdlərin fiziki 
hazırlığına, idrak qabiliyyətlərinin inkişafına lazımi  əhəmiyyət vermir, təlim metodlarından necə  gəldi 
istifadə edirlər. Halbuki təlim metodlarını düzgün seçib tətbiq etməyi bacarmaq dərsə verilən müasir 
tələblər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bədən tərbiyəsinin tədrisində 
şərh və göstərmə (nümayiş etdirmə) metodlarının tətbiqi imkanlarını nəzərdən keçirək.          
              Bədən tərbiyəsi fənni gərgin zehni fəaliyyət tələb etməyən fənlər sırasına daxildir. Bu fənnin 
qarşısında başlıca olaraq təbii hərəkət keyfiyyətlərini inkişaf etdirmək (qüvvə, sürət, cəldlik, dözümlülük 

 82
və s.) hərəkət fəaliyyətini (idman, əmək, vətənin müdafiəsinə hazırlıq işləri və s.) və b. praktik vərdişlər 
aşılamaq,qazanılmış bilik, bacarıq və  vərdişləri formalaşdırmaq kimi vacib məsələlər qoyulur. Fənnin 
tədrisinə müasir tələblər baxımından yanaşdıqda bu sahədə mövcud olan nəzəri və praktik materialların 
şərhinə çox böyük ehtiyac duyulur. Bütün bunlarsız bədən təbiyəsinin təlim-tərbiyəvi  əhəmiyyətinə, 
sağlamlaşdırıcı mahiyyətinə, fiziki inkişaf və idman göstəricilərinə nail olmaq mümkün deyildir. Buna 
görə də şərh metodu nisbətən geniş tətbiq edilən metodlardandır. 
              Şərh metodu materialın məzmununa uyğun olaraq iki istiqamətdə tətbiq olunur:  
1.
 
Bu metodla müəllim bədən tərbiyəsi və idman məşğələlərinin mahiyyətini, müxtəlif növ 
fiziki hərəkətlərin, oyunların nə məqsədlə yerinə yetirilməsini, bunların bütün yaşlardan olan adamların 
mənəvi zənginliyi,  əxlaqi saflığı  və fiziki kamilliyini ahəngdar surətdə inkişaf etdirilməsini  şagirdlərə   
sistemlə və ardıcıl şəkildə çatdırır. 
2.
 
Müəllim hərəkətlərin yerinə yetirilməsi texnikasını, qanun və qanunauyğunluqlarını, 
habelə oyun qaydalarını şifahi şərh vasitəsilə şagirdlərə öyrədir. 
              Tədqiqat göstərir ki, nəzəri və praktik materialların öyrədilməsi prosesində  şagirdlər müəyyən 
əqli nəticə çıxara bilirlər. Ona görə ki, müəllimin sözü, canlı danışığı şagirdlərə ən güclü təsir göstərən 
qıcıqdır. Bədən tərbiyəsi üzrə bu və ya digər nəzəri məsələni, yaxud hərəkətin yerinə yetirilmə 
texnikasını, oyunların keçirilmə qaydalarını aydınlaşdırmadan,  şagirdlərin yaradıcılıq və müstəqilliyini 
inkişaf etdirmədən onların praktik fəaliyyətini də kifayət qədər istiqamətləndirmək olmaz. 
              Hərəkətlərin öyrədilməsində müvafiq təlim metodlarından istifadə etmənin əhəmiyyəti böyükdür. 
Bədən tərbiyəsi dərslərində şifahi, əyani və təcrübi metodlardan geniş istifadə edilir. Dərslərin səmərəli 
təşkili, şagirdlərin dərketmə qabiliyyətlərinin artırılmasına təsir edən amillərdən biri də təlim metodlarının 
əlaqəli tətbiq olunmasıdır. Buna görə  də müəllim müvafiq hərəkəti göstərərkən onu izah etməyə, digər 
hərəkətlərlə oxşar və fərqli cəhətlərini şagirdlərə öyrətməyə ciddi səy göstərməlidir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin