Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266.78 Kb.
Pdf просмотр
səhifə4/19
tarix01.03.2017
ölçüsü266.78 Kb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Krotonalı  Filolaus  (yun.  Φιλόλαος,  m.  ö.  V  yüzil-
liyin  ikinci  yarısı)  Pifaqorun  ən  tanınmış  öyrəncilərindən 
biri  olmuşdur,  onun  təlimini  kitablarda  açıqlayan  ilk 
filosoflardan  biri  sayılır  (3,  104).  Ondan  öncə  bu  qardaş-
lığın  təlimi  gizli  saxlanılırdı.  Filolaus  “Təbiət  haqqında” 
adlanan  və  zamanımıza  yalnız  bəzi  fraqmentlərdə  çatan 
kitabın  müəllifi  olmuşdur.  Orada  o,  kosmoloji  və  riyazi 
mövzulara  toxunmuş,  eləcə  də  ruhla  bağlı  fikirləri  ortaya 
qoymuşdur. 
Aristotel “Göy haqqında” (6, 438) əsərində yazırdı ki, 
Filolaus  yeri  hansısa  mərkəzin  ətrafında  fırlanan  bir  kürə 
kimi  təsəvvür  edirdi.  O  mərkəz  isə  Hestia  tanrıcası  ilə 
təcəssüm olunan Əbədi Oddur. O heç zaman sönmür, dün-
yanı  işıqlandırır.  Onun  ətrafında  isə  yer,  günəş,  ay  və  o 
zamanlar məlum olan  daha beş planet fırlanır. Bunlardan 
başqa Əbədi Odun ətrafında daha bir planet də fırlanır ki, 
bu  da  bizim  yerimizə  qarşı  duran  Antixtondur  (yun. 
Ἀντίχθων).  Planetlər  öz oxu  ətrafında  fırlanmır,  ona  görə 
də  onların  yalnız  bir  tərəfi  Əbədi  Oddan  işıqlanır.  Ancaq 
onlar  onun  ətrafında  fırlandığına  görə  gecələr  gündüzlə 
əvəz  olunur.  Filolausa  görə  günəş  isə  Əbədi  Odun  işığını 
güzgü  kimi  əks  etdirir,  onun  özü  istilik  mənbəyi  deyil.  O 
başqa planetlərdə həyatın olmasını da istisna etmirdi. 
Filolausun dünya quruluşu haqqında fikirləri müasir 
təsəvvürlərdən  fərqli,  bir  çox  durumlarda  isə  fantastik 

49 
 
olsa  da,  o  ilk  dəfə  olaraq  yerin  kainatın  mərkəzində  dur-
maması  və  hansısa  başqa  “odlu”  fələyin  ətrafında 
fırlanmasını  iddia  etmişdir.  Bu  fikir  sonralar  Samoslu 
Aristarxus,  daha  sonra  isə  Nikolay  Kopernik  tərəfindən 
inkişaf  etdirilmiş,  heliosentrik  sistem  adlandırılmışdır  (5, 
553 və 562). 
Empedokles  kimi  Filolaus  da  hesab  edirdi  ki,  dün-
yanın  əsasında 4  ünsür  durur, ancaq bunlara beşinci olan 
efiri  də  əlavə  etmişdir  (9).  Onun  fikrincə  kosmos  efirdən 
ibarətdir.  
Bütün  təbiət  ziddiyyətlərin  vəhdəti  üzərində  ya-
ranmışdır.  Buna  ən  bariz  örnək  insandır.  O  bədən  və  ruh 
ziddiyyətlərinin  birliyidir.  Bu  vəhdət  qırıldıqda  fəsadlar 
baş  verir,  insan  xəstələnir.  Ona  görə  də,  hər  şeydə  ölçüyə 
riayət etmək lazımdır. Yeməkdə, davranışda, müəyyən bir 
insan  üçün  uyğun olan mühitdə ölçünü aşmaq olmaz (9). 
Ümumiyyətlə  isə  insanın  bədəni  onun  ruhunun  zin-
danıdır. Ruh ondan azad olmaq istəyir. 
Başqa  pifaqorçular  kimi  Filolaus  da  dünyada  olan 
hər  şeyin  rəqəmlərdə  təcəssüm  edildiyini  iddia  edirdi. 
Rəqəm idrakın əsasıdır, onsuz heç nə bilinməz. Ən yetkin 
rəqəm  isə  10-dur  (8,  322-323).  O  bölünən  və  bölünməyən 
başqa  rəqəmləri  özündə  ehtiva  edir,  çünki  ikini  beşə 
vuranda  on  alınır.  O  ilk  rəqəmdir  ki,  onda  böyüklük,  ki-
çiklik və bərabərlik vardır. 
Tanınmış  pifaqorçulardan  biri  Filolausun  öyrəncisi 
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 
347) olmuşdur. O, siyasətlə məşğul olmuş və yüksək hərbi 
vəzifələrdə  çalışmışdır.  Arxitas  Cənubi  İtaliyaya  gələn 

50 
 
Platonu  Siciliya  hökmdarı  II  Dionusiusun  qəzəbindən 
qoruya bilmişdir (2, 369). Bundan sonra Platon onun yaxın 
dostu  olmuşdur.  Onun  zamanımıza  yalnız  fraqmentlərlə 
çatan “Riyazi elmlər” və “Söhbətlər” əsəri bilinməkdədir.  
Arxitasın  fəlsəfi  fikirləri  haqqında  zamanımıza  çox 
az  bilgi  çatmışdır.  Məlumdur  ki,  o  kainatın  sonsuz 
olmasını  iddia  edirdi.  Arxitas  əsasən  həndəsə  elmində 
böyük uğurlar qazanmış, bir necə qanunlar kəşf etmiş, ilk 
dəfə  mexanizmlərin  həndəsi  rəsmini  vermişdir  (2,  369-
370). 
Daha  bir  tanınmış  pifaqorçu  Metapontumlu  Hip-
pasus  (yun.  Ἵππασος  ὁ  Μεταποντῖνος,  m.  ö.  V  –  IV 
yüzilliklər) olmuşdur. O Pifaqorun öyrəncisi olmuş, ancaq 
sonra  ona  qarşı  çıxış  etmişdir.  Hippasus  ilk  dəfə  olaraq 
öncə  gizli  saxlanılan  pifaqorçular  təlimini  cəmiyyətdə 
açıqlamış və bununla da ixtilaflara yol açmışdır (3, 42). 
Hippasus  da  əsasən  həndəsi  və  riyazi  problemlərlə 
məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi 
fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da 
hesab edirdi ki, hər şeyin başlanğıcında od durur (1, 9). Bu 
fikirlər  odu  dünyanın  mərkəzinə  qoyan  Filolausun 
dünyagörüşü  ilə  eynilik  təşkil  edirdi.  Həm  də  Hippasus 
kainatı  bir  canlı  orqanizm  kimi  təsəvvür  etmiş,  var  olan 
şeyləri  onun  hissəcikləri  olaraq  qəbul  etmişdir.  Başqa 
pifaqorçular isə hər şeyi nəm-quru, isti-söyuq kimi bir-biri 
ilə mübarizə aparan ikiliklərdə görürdülər. Hippasus həm 
də kainatın sonlu olduğunu iddia etmişdir (2, 371). 
Krotonalı Alkmeon (yun. Ἀλκμαίων ο Κροτωνιάτης, 
təxminən m. ö. V – IV yüzilliklər) ilk yunan filosoflarından 

51 
 
biri  idi.  O  eyni  zamanda  alim  və  təbib  olmuşdur.  O, 
həmçinin  zamanımıza  çatmayan  “Təbiət  haqqında”  ki-
tabın müəllifi kimi bilinməkdədir. Zoologiya, botanika  və 
anatomiya  elmləri  üzrə  araşdırmalar  aparmış  və  özəl  fi-
kirlərlə  çıxış  etmişdir.  Zamanının  başqa  filosoflarından 
fərqli  olaraq  Alkmeon  dünyanın  yaranması  və  quruluşu 
haqqında fikirlərə önəm verməmişdir.  
Alkmeon  beyinə  gedən  göz  sinirlərini  araşdırarkən 
belə  nəticəyə  gəlmişdir  ki,  görmək,  eşitmək,  hiss  etmək 
kimi  duyğular  göz,  qulaq,  dəri  kimi  orqanlardan  özəl 
kanallar  vasitəsi  ilə  beyinə  ötürülür.  Orada  onlar  “emal” 
olunur və düşüncə yaranır. Beləliklə, beyin düşüncənin və 
idrakın  mərkəzidir.  Antik  botanik  Teofrastus  “Duyğular 
haqqında”  kitabında  yazmışdır  ki,  bununla  Alkmeon 
düşüncə  ilə  duyğu  anlayışlarını  bir-birindən  ayırmışdır. 
Onların  hər  ikisi  insandadır;  heyvanlarda  isə  yalnız 
duyğusallıq  vardır  (6,  268).  Burada  o  duyğusallığa  (em-
pirizmə)  üstünlük  verərək  deyirdi  ki,  hər  şeydən  öncə 
duyğu gəlir, onsuz dünya qavranılmaz. 
Alkmeon  ibtidai  embrioloji  fikirlərlə  də  çıxış  et-
mişdir.  Onun  fikrincə,  embrion  (döl)  kişi  və  qadın 
toxumlarının  birləşməsindən  yaranır.  Bu  birləşmədə  kişi 
toxumu  çoxluqda  olanda  oğlan,  qadın  toxumu  çoxluqda 
olanda  isə  qız  doğulur.  Ana  bətnində  ilk  olaraq  baş 
yaranır. Qidanı isə embrion hansısa orqanı ilə deyil, bütün 
cismi ilə anadan alır.  
Ümumiyyətlə,  döl  haqqında  antik  həkimlər  çoxlu 
araşdırmalar  aparmışdırlar.  Miladi  III  yüzillikdə  yazılan 
“Arifmetik  ilahiyyat”  kitabında  dölün  ana  bətnində 

52 
 
inkişaf  etməsindən  maraqlı  məlumatlar  verilir.  Orada 
qeyd  edilir  ki,  yaranmasının  yeddinci  günündə  döl  su 
kisəsinə  bənzər  görkəmdə  olur.  O  qabığı  olmayan  yu-
murtaya  bənzərdir.  İkinci  həftə  ərzində  o  kisədə  qan 
əlamətləri  görsənir.  Üçüncü  həftədə  maye  əmələ  gəlir  və 
dördüncü həftədə qatlaşır. Qatlaşandan sonra laxtalanmış 
qan  və ət qarışığı əmələ gəlir. Bu inkişaf 28-ci günə yaxın 
tamamlanır  və  artıq  bəlli  olan  canlı  yaranır.  35-ci  gündə 
onun  ortasında  arıya  bənzər  arıq  bir  döl  yaranır.  Artıq 
onun başı, boynu, bədəni və ayaqları da olur
41
. (8, 322-323)  
Alkmeon  həm  də  insanın  yetkinliyə  çatmasını  bit-
kilərdə gedən proseslərlə müqayisə edirdi. Belə ki, toxum 
atmaqdan  öncə  bitkilər  gül  açır.  Eləcə  də,  yetkinlik  çağı 
gəlməmişdən  öncə  insanın  cinsi  orqanlarının  ətrafında 
tüklər böyüyür. 
Alkmeona  görə,  insan  sağlamlığı  onun  içində  olan 
isti-soyuq,  quru-nəm,  şirin-acı  kimi  bir-birinə  qarşı  duran 
qüvvələrin  bərabərliyidir.  Bunu  o  “izonomiya”  adlandır-
mışdır.  Bu  qüvvələrdən  hansısa  biri  başqalarına  üstün 
gəlirsə,  onda  xəstəlik  başlanır.  Bunu  da  Alkmeon  dövlət 
və  cəmiyyətin  qanunları  ilə  müqayisədə  görürdü.  Top-
lumda  da  qüvvələr  nisbəti  bərabər  paylaşanda  stabillik 
olur.  Bu  müvazinət  pozulduqda  isə  qarışıqlıq  yaranır. 
Müvazinətin  pozulmasını,  eləcə  də  bir  qüvvənin  baş-
qalarını  üstələməsini  Alkmeon  dövlət  quruluşu  ilə  mü-
qayisə  edərək  “monarxiya”  (krallıq)  adlandırmışdır.  (7, 
378) 
                                                
41
 Quran ayələrində  (23:  12-14)  də dölün  yaranması  və inkişafı haqqında  bu 
kimi antik baxışlara bənzər bilgilər vardır. 

53 
 
Alkmeon insanı mikrokosm
42
 kimi dəyərləndirmiş və 
onu  kosmosun  hissələri  olan  cisimlərlə  müqayisə  edirdi. 
Belə  ki,  ölməz  olan  insan  ruhu  kosmosun  ölməz  hissələri 
olan  günəşə,  aya  və  ulduzlara  uyğundur.  Onun  ruhu 
kosmik  cisimlər  kimi  dairəvi  hərəkətdədir.  Bu  hərəkət 
dayanan  kimi  ölüm  baş  verir.  Ruhun  ən  yüksək  hissəsi 
insanın beynində yerləşir. 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Pifaqorun hansı elmi ixtiraları olmuşdur? 
2.  Pifaqorun  fəlsəfi  və  əxlaqi  fikirləri  nədən  ibarət 
olmuşdur?  
3.  “Pifaqorçular  ittifaqı”  necə  yaranıb  inkişaf 
etmişdir? 
4.  Pifaqorçuların  hakimiyyət  haqqında  fikirləri 
hansılardır? 
5. Pifaqorçuluqda biliyin mənbəyi nədir? 
6.  Pifaqorçuluğun  kosmoqonik  baxışları  necə 
olmuşdur? 
7.  Pifaqorçuluğun  rəqəmlər  fəlsəfəsinin  mahiyyəti 
nədən ibarətdir? 
8. Filolaus dünya quruluşunu necə təsəvvür edirdi? 
9.  Tarentli  Arxitas  və  Metapontumlu  Hippasusun 
fəlsəfi fikirləri hansı problemləri əhatə edirdi? 
                                                
42
 Mikrokosm  (yun.  μικρός-kiçik  +  κόσμος-kainat)  –  insanın  kiçik  kainat 
olması  haqqında  antik  təsəvvürdür.  Bu  təsəvvürə  görə,  insanda  gedən 
proseslər kainatda baş verənlərin kiçik modelidir. 

54 
 
10.  Alkmeon  fəlsəfəsinin  fərqləndirici  özəllikləri 
nədən ibarətdir? 
11.  Alkmeon  duyğuların  yaranması,  dölün  inkişafı 
və  insan  sağlamlığı  haqqında  hansı  fikirlərlə  çıxış 
etmişdir? 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London:  Printed  for  the  author  by  Davis,  Wilks,  and 
Taylor, 1801. 
2. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by  C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
3. Iamblichus. Life of Pyhhagoras or Pithagoric  life  / 
Translated by Taylor T. London: J. M. Watkins, 1818. 
4. Manly P. Hall. The Secret Teachings af all Ages an 
Encyclopedic  Utline  of  Masonic,  Hermetic,  Qabbalistic 
and  Rosicrucian  Symbolical  Philosophy.  San  Francisco, 
1928. 
5.  Коперник  Н.  О  вращениях  небесных  сфер. 
Малый  комментарий.  Послание  против  Вернера. 
Упсальская запись. М.: Наука, 1964. 
6.  Лебедев  А.  В.  Фрагменты  ранних  греческих 
философов. М.: Наука, 1989. 
7.  Маковельский  А.  О.  Досократики.  Минск: 
Харвест, 1999. 

55 
 
8.  Теологумены  арифметики  //  ΣΧΟΛΗ.  Фило-
софское  антиковедение  и  классическая традиция.  Т.  3. 
Вып. 1, Новосибирск, 2009. 
9.  Филолай  //  Философская  Энциклопедия  /  Под 
редакцией  Ф.  В.  Константинова.  В  5-х  т.  М.:  Советская 
энциклопедия. 1960-1970. 
 
1.6. Qədim yunan atomçuları 
 
 
Qeyd  edildiyi  kimi,  qədim  filosoflar  daha  çox  dün-
yanın  nədən  yaranması,  varlığın  mahiyyətinin  nədən 
ibarət  olması  kimi  suallara  cavablar  axtarırdılar.  Atom-
çuluğun  əsasını  Leukippus
43
 (yun.  Λεύκιππος,  m.  ö.  V 
yüzillik)  qoymuşdur.  O  hesab  edirdi  ki,  dünyada  hər  şey 
sadə,  bölünməz  kiçicik  hissəciklər  olan  atomlardan  (yun. 
ἄτομος) ibarətdir. Eləcə də Parmenidesdən fərqli olaraq o, 
boşluqların var olduğunu iddia edirdi. Bu da  atomları bir 
birindən  ayıran  məkanlardır.  Atomlar  onların  arasında 
hər zaman hərəkət edir (2, 388-389). Dünyada bütün şeylər 
və olaylar atomların burulğanından yaranır. 
Onun  öyrəncisi  olan  Abderalı  Demokrit
44
 (yun. 
Δημόκριτος,  təxminən  m.  ö.  460  –  370)  bu  təlimi  davam 
etdirmişdir.  O,  tanınmış  alim  olmuş;  psixologiya,  siyasət, 
pedaqogika,  riyaziyyat,  fizika,  kosmologia  elmləri  üzrə 
zamanımıza çatmayan kitablar qələmə almışdır. Demokrit 
hesab  edirdi  ki,  yalnız  hissələrdən  ibarət  olan  bölünən 
                                                
43
 Rus ədəbiyyatında onun adı Levkipp (Левкипп) kimi səsləndirilir. 
44
 Rusca səslənmədə verilmişdir. Başqa dünya dillərinin çoxusunda onu latın 
səslənməsinə uyğun olaraq “Demokritus” adlandırırlar. 

56 
 
şeylər  doğulur,  dəyişir,  ölür  və  dağılır.  Belədirsə,  deməli 
dünyanın  əsasında  bölünməz  bir  şey  durur  ki,  hər  şey 
ondan ibarətdir. Bu da  kiçicik  hissəciklər olan atomlardır. 
Onlar əbədidir: olub, var və olacaq. 
Hər  şey  bir-biri  ilə  əlaqədə  olan  atom  və  boşluq-
lardan  ibarətdir.  Atomlar  öz  forması,  yerləşməsi  və  hərə-
kəti  baxımından  bir-birindən  fərqlənirlər.  Bu  fərqlilikdən 
də  müxtəlifliliklər  yaranır.  Onların  birləşməsi  hər  şeyi 
yaradır,  dağılması  isə  məhv  edir  (1,  13).  Yaradıcı  qüvvə 
atomların  burulğanıdır.  Beləliklə  də,  dünya  hər  zaman 
hərəkətdədir. 
Atomların  hərəkəti  bəlli  qanunauyğunluqlara  tabe 
olduğuna  görə  hər  şey  zərurətdən  doğur  və  təsadüf 
yoxdur. Bizim tərəfimizdən təsadüf kimi başa düşülən şey 
əslində qanunauyğunluqdur. Demokrit buna örnək olaraq 
küçədə  bir  insanın  başına  əşyanın  düşdüyünü  göstərirdi 
(3, 62). O insan hansısa bir iş üçün küçəyə çıxmışdır, əşya 
isə  elə  o  anda  yerə  düşməli  idi.  Deməli,  bu  hal  bizə 
təsadüf kimi görsənsə də, qanunauyğunluqdur. 
Atomçuluğu  Demokrit  həm  də  həyat  və  ruha  aid 
edirdi  (2,  394-395).  Bütün  orqanizmlərin  həyatı  və  ölümü 
atomların  birləşməsi  və  ayrılması  üzündən  baş  verir. 
Həyatverici  atomlar  girdə  və  hamar  olur,  ölçüləri  də  çox 
kiçikdir.  Ruh  isə  odlu  atomlardan  ibarətdir  və  onların 
müvəqqəti  birləşməsindən  yaranır.  Atomların  bağları 
qırılan  kimi  ruh  da məhv olur. Beləliklə, Demokrit ruhun 
ölməzliyini  inkar  edirdi.  Onun  fikrincə  insanlar  öz  ölüm-
lərindən  qorxub  ruhun  ölməməzliyi  haqqında  əfsanələr 
uydurmuşdurlar. 

57 
 
Demokritə  görə  əslində  biz  bu  dünyanı  gerçək  gör-
kəmində  görmür,  duymur  və  qavramırıq.  Onun  atom-
lardan  və  onların  boşluqlarda  sonsuz  hərəkətindən  ibarət 
olan  görünməyən  tərəfləri  vardır.  Bu  dünyanı  anlamaq 
üçün  o  pərdəarxası  aləmi  anlamaq  və  araşdırmaq  lazım-
dır.  Beləliklə,  burada  pərdəarxası  “həqiqət”,  anlamaq  isə 
“ümumi rəy” əks etdirir (3, 65). Hər şeyin həqiqəti vardır, 
ona  görə  də  onu  araşdırmaq  və  ona  doğru  gedilməlidir. 
Belə  etdikdə  dünya  olduğu  kimi  insan  üçün  açılır. 
“Ümumi rəy” isə cəmiyyətdə oturuşmuş fikirlərdən ya da 
bizim  subyektiv  yanaşmamızdan  doğan  şeylər  haqqında 
təsəvvürlərdir. Onlar həqiqəti əks etdirmir. 
Ətraf mühitin dərki duyğusal və düşüncəvi olur. Dün-
yada  baş  verən  hadisələr  bizim  atomlardan  ibarət  olan 
ruhumuza daxil olaraq düşüncə tərəfindən “emal” olunur. 
Bunun  vasitəsi  ilə  biz  onlar  haqqında  bilgi  alırıq.  Ancaq, 
əslində  daxil  olanlar  şeylərin  obrazlarıdır.  Bu  obrazlar 
insanda  o  anda  olan  durumla  (halla)  qarışaraq  hər  şey 
haqqında  təsəvvür  yaradır.  Durumlar  (hallar)  isə  insanın 
tərbiyəsi,  mədəniyyəti,  bilik  səviyyəsi,  fiziki  halları,  qav-
ram və analitik düşüncə qabiliyyəti kimi xüsusiyyətlərdir. 
Deməli  daxil  olan  obrazlar  insan  özəllikləri  ilə  qarışır  və 
beləliklə,  insanda  dünyadakı  şeylər  haqqında  bilgi  for-
malaşmış  olur.  Bu  isə  obyektiv  bilgi  deyil  “bütlərdir”  (3, 
69).  Elə  ona  görə  də  insanların  şeylər  haqqında  təsəvvür-
ləri  fərqli  olur.  Hətta  zaman  keçdikcə  və  insanın  du-
rumları (halları) dəyişdikcə o eyni şey haqqında fərqli fikir 
söyləyir.  Beləliklə,  insanlar  çevrənin  həqiqətlərini  deyil, 
yalnız  onlar  haqqında  nisbi  təsəvvür  yaradan  “bütləri” 

58 
 
qavrayır  və  ona  görə  də  onlar  yanlışlıqlar  içindədirlər. 
Məqsəd isə “bütlərdən” azad olub həqiqətə çatmaqdır. Bunu 
da  yüksək  məqama  və  müdrikliyə  çatdıqdan  sonra  əldə 
etmək  olar.  Məsələn,  atomların  varlığını  duymaq  ol-mur. 
Ancaq ağıl işlədən adam bu həqiqəti anlaya bilər. Obyektiv 
biliyin  əldə  edilməsinin  imkansızlığı  ideyasını  sofistlər  də 
irəli  sürürdülər.  “Bütlər”  haqqında  fikri  isə  yüzilliklər 
keçdikdən  sonra  ingilis  filosofu  Frensis  Bekon  inkişaf 
etdirmişdir. 
Din haqqında fikir irəli sürən Demokrit hesab edirdi ki, 
insanlar  tufan,  şimşək,  zəlzələ  kimi  olaylardan  dəhşət-
lənərək  onların  tanrılar  tərəfindən  yaradıldığını  sanmışlar. 
Məhz,  tanrılara  inancın  səbəbi  də  budur.  Daha  sonra  De-
mokritə  görə  əslində  tanrılar  yoxdur,  çünki  hər  bir  millətin 
və yerin öz tanrısı vardır. Deməli, onları insanlar öz şəraitinə 
uyğun  olaraq  uydurmuşdurlar.  Ona  görə  də,  Demokrit  bu 
tanrıların  varlığını  şübhə  altına  qoyaraq  bəzən  təbiəti,  bə-
zənsə insan düşüncəsini tanrılaşdırırdı. (3, 290-293) 
Əxlaq məsələlərinə toxunan Demokrit hesab edirdi ki, 
insan  xoş  əhvalada  olmalıdır.  Kədər  isə  pisliyin  əla-mətidir, 
ona  görə  də  ondan  uzaqlaşmaq  lazımdır.  İnsan  xoş  əhvalı 
əldə etmək istəyirsə, hər bir yükün altına onu qaldıra biləcək 
qədər  girməlidir.  Ondan  artıq  yükü  boynuna  götürmə-
məlidir, təbiətinə zidd getməməlidir. İstər özün üçün, istərsə 
də cəmiyyət üçün olsun istənilən şey ölçüsündə edilməlidir, 
ölçünü  aşmaq  olmaz.  Buna  əməl  etməyən  kəs  kədərə  qərq 
olur. (3, 307) 
Leukippus  və Demokritin atomlar nəzəriyyəsi sonrakı 
dövrlərdə  öz  təsdiqini  tapmışdır.  Müasir  dövrümüzdə  elm 

59 
 
onların  varlığını  və  daim  hərəkət  etməsini  sübut  etmişdir. 
Fərq  yalnız  ondadır  ki,  Leukippus  və  Demokrit  atomları 
bölünməz  və  tam  hissəcik  kimi  təsəvvür  edirdilər.  Müasir 
elm  isə  sübut  edib  ki,  atomlar  öz  növbəsində  nüvə  və 
elektronlar kimi daha da kiçik hissəciklərdən ibarətdir. 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Leukippusun  atomçuluğunun  əsas  müddəaları 
hansılardır? 
2. 
Demokritin 
atomçuluq 
nəzəriyyəsinin 
əsas 
müddəaları hansılardır? 
3.  Demokrit  təsadüf  və  zərurət  haqqında  nə 
düşünmüşdür? 
4. Demokritə görə dünyanın dərk edilməsi prosesi necə 
baş verir? 
5. Demokrit din və əxlaq haqqında nə düşünmüşdür? 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London: Printed for the author by Davis, Wilks, and Taylor, 
1801. 
2.  Diogenes  Laertius.  Lives  and  Opinions  of  Eminent 
Philosophers  /  Translated  by  C.  D.  Yonge.  London:  Georg 
Bell & Sons, 1915. 
3.  Маковельский  А.  О.  Древнегреческие  атомисты. 
Баку: Издательство АН Азербайджанской ССР, 1946. 
 

60 
 
1.7. Sofistlər 
 
M.  ö.  V  yüzillikdə  tiranlıq
45
 və  aristokratiya
46
 quru-
luşunun  yerinə  quldarlıq  demokratiyası  gəlmişdir.  Bu  qu-
ruluşda  xalq  yığıncaqları  və  azad  məhkəmələrin  böyük 
əhəmiyyəti  olmuşdur.  Ona  görə  də  o  zaman  gözəl  nitq 
söyləməyi  və  məntiqi  mülahizələr  irəli  sürməyi  bacaran 
adamlara  ehtiyac  yaranmışdır.  Bu  kimi  adamlar  siyasi  və 
hüquqi  biliklərə  dərindən  yiyələnmiş,  onları  fəlsəfə  ilə 
birləşdirmişdilər.  Onlara  “Sofistlər”  (yun.  Σοφιστής,  lat. 
Sophistes – müdriklik ustaları) deyirdilər. Sofistlər bəlağət, 
natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf 
etdirmişdilər.  Onların  hansısa  bir  ortaq  təlimləri  olma-
mışdır,  dünyagörüşləri  müxtəlif  təlimlərin  qarışığından 
(eklektika’dan)
47
 ibarət  idi.  Sofistlərin  bir  çoxu  öyrəncilərə 
ödənişlə müdriklik və mübahisədə qalib gəlmək dərslərini 
keçmişdilər (3, 131). 
Ancaq  sonralar  “sofist”  adını  həqiqətin  nə  olduğunu 
bilmək  istəyən  adamlara  deyil,  bir  şeyin  yanlış  olduğunu 
bilən,  buna  baxmayaraq  onu  bilərəkdən  formal  dəlillərlə 
əsaslandırmağa  çalışan  adamlar  üçün  deyirdilər.  Çünki, 
bu  kimi  adamlar  fəlsəfi  bilikdən  ayrılaraq  bütün  ba-
carıqlarını  mübahisə  etdiyi  adamlara  qalib  gəlməyə  yö-
                                                
45
 Tiranlıq (yun. τυραννίς – dərəbəyilik) – zorakılıq yolu ilə əldə edilmiş və 
bir şəxsin idarəçiliyi əsasında qurulmuş hakimiyyətdir.  
46
 Aristokratiya  (yun. 
ἀριστεύς-sayğın  +  κράτος-hakimiyyət)  –  sayğınlar 
(əsilzadələr) zümrəsinin idarəçiliyi əsasında qurulmuş hakimiyyətdir.  
47
 Eklektizm  (yun. 
ἐκλέγω  –  seçirəm)  –  müxtəlif  fəlsəfi  təlimlərin 
qarışığından ibarət olan fəlsəfi təlimdir. 

61 
 
nəltmişdilər.  Bunun  üçün  onlar  mübahisələr  zamanı  söz-
bazlığa,  söz  quraşdırmalara,  boşboğazlığa  da  əl  atırdılar. 
Ona görə də “sofizm” anlayışı yarandı ki, bu da bir kəsin 
haqlı  olduğunu  sərgiləmək  və  söz  çəkişməsində  (müba-
hisədə)  rəqibini  dolaşdırmaq  üçün  yürüdülən  mürəkkəb 
mülahizələr,  cümlələr  və  dolaşıq  fikirlər  deməkdir. 
Sofizmin bir örnəyi: “Oğru pis olan bir şeyi götürmək istəməz, 
ancaq  yaxşı  şeyi  götürər.  Yaxşı  şeyin  əldə  olunması  isə  yaxşı 
işdir. Deməli oğru oğurluq edərkən yaxşı iş görür”. 
Mübahisələr  zamanı  öz  sofizmlərini  əsaslandırmaq 
üçün  sofistlər  ortaya  həqiqətin  bir  deyil,  çox  olması  id-
diasını  atdılar.  Onların  fikrincə  hər  bir  fikir,  baxış  ya  da 
iddia  nisbidir.  Ağ  olan  bir  şey  başqası  üçün  qara  da  ola 
bilər.  Belə  olanda  hər  iki  iddiaçı  haqlıdır.  Nə  qədər  insan 
var, o qədər də həqiqət vardır. 
Daha  sonra  sofistlər  bu  nisbiliyi  hər  şeyə,  hətta 
anlayışlara,  əxlaqi  qaydalara  da  aid  edirdilər.  Sofistlər 
əxlaqı  insanın  maraqları  və  məqsədlərinə  bağlayırdılar. 
Əslində  insanın  öz  təbiətinə  görə  əxlaqı,  xeyir  və  şər 
məsələləri  haqqında  təsəvvürləri  vardır.  Cəmiyyətdə  qə-
bul olunmuş əxlaq isə ona  uyğun deyil, onunla ziddiyyət 
təşkil  edir  (1,  192).  Ona  görə  də  cəmiyyətdə  oturuşan 
əxlaqi  qaydalara  yalnız  görüntü  üçün  riayət  edilməlidir. 
Bunu  başqa  adamların  qarşısında  cəzalardan  və  ictimai 
qınaqdan  qorunmaq  üçün  etmək  lazımdır.  Əslində  isə 
həyat  təbii  əxlaqa  uyğun  yaşanmalıdır.  Beləliklə,  insanın 
şəxsi və ictimai həyatı olmalıdır (11). 
Sofistləri  “böyük”  və  “kiçiklərə”  bölünürlər.  “Böyük” 
sofistlərin  ən  görkəmli  nümayəndəsi  Protaqoras  (yun. 

62 
 
Πρωταγόρας,  m.  ö.  481  –  411)  deyirdi  ki,  “İnsan hər şeyin 
ölçüsüdür”  (4,  216).  Diogenes  Laertiusa  görə  Protaqoras 
hər  şeyin  həqiqət  olduğunu  və  düyğularla  bilindiyini 
iddia  edirdi.  Eləcə  də  o  deyirdi  ki,  hər  bir  irəli  sürülən 
fikrə qarşı ona əks olan fikir yürüdüb, onu əsaslandırmaq 
olar  (2,  397-398).  Deməli  Protaqorasa  görə  obyektiv  olan 
bir  şey  yoxdur.  İnsan  bu  ya  da  başqa  şeyin  nə  olduğunu 
yalnız  özü  üçün  təyin  edir.  Onun  qərarı  başqası  ilə  üst-
üstə düşməyə də bilər. 
Beləliklə,  sofistlər  subyektiv  yanaşmanın  və  nis-
biliyin  (relativizmin)  əsaslarını  qoymuşdular.  Protaqorasın 
təlimi  isə  Demokrit,  Heraklit,  Parmenides  və  Empedok-
lesin  nisbilik  nəzəriyyələrindən  irəli  gəlmişdir.  O,  mate-
riyanın axıcı və duyğuların nisbi olduğunu iddia edirdi. 
Protaqoras  başqa  sofistlər  kimi  dinə  qarşı  da 
şübhələrlə  yanaşırdı,  nisbilik  nəzəriyyəsini  o  dinə  də  aid 
edirdi  (9,  9).  Onun  fikrincə  tanrıların  varlığı  haqqında 
birmənalı  heç  nə  demək  olmaz.  Bununla  o  dini  müd-
dəalara qarşı aqnostik
48
 mövqedə dayanırdı. Ümumiyyətlə, 
o zaman bir çox sofistləri ateizmdə ittiham etmişdilər. 
Böyük  sofistlərin  daha  bir  tanınmış  nümayəndəsi 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə