Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


S 6. Seçmə metodu, seçmə metodunun xətaları –



Yüklə 110,49 Kb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 743

S 6. Seçmə metodu, seçmə metodunun xətaları – “Statistika müşahidəsi” mövzusundan məlum olduğu kimi, seçmə müşahidəsi başdan-başa olmayan müşahidənin növlərindən biridir. Seçmə müşahidəsi dedikdə topludakı vahidlərin bir hissəsinin seçilib öyrənilməsi və əldə edilmiş nəticələrə əsasən bütün topluya xarakteristika verilməsi nəzərdə tutulur.

Əgər toplu vahidlərinin bir hissəsi seçilib öyrənildikdən sonra nəticəsi topluya aid edilməzsə, belə müşahidəni seçmə müşahidəsi adlandırmaq olmaz. Məsələn, Azərbaycan Respublikasında pambığın məhsuldarlığını öyrənmək üçün ancaq pambıqçılıq təsərrüfatlarında tədqiqat aparılarsa, onda belə tədqiqat nəticəsində alınmış göstəriciləri bütün kənd təsərrüfatı müəssisələrinə deyil, ancaq pambıqçılıq təsərrüfatlarına aid etmək olar. Ona görə də belə müşahidə seçmə müşahidəsi hesab edilə bilməz. Əgər Republikadakı bütün pambıqçılq təsərrüfatlarından 10%-ni elmi prinsiplər əsasında seçib, pambığın məhsuldarlığını öyrənsək, o zaman alınan nəticəni bütün pambıqçılıq təsərrüfatlarına aid etmək olar. Belə müşahidəni seçmə müşahidəsi adlandırmaq olar.

Seçmə müşahidəsinin əsas prinsiplərindən biri qərəzsiz seçmə prinsipidir. Vahidlərin seçilməsində müəyyən olunmuş qayda və prinsiplərə əməl edildikdə, subyektivliyə və qərazkarlığa yol verilmədikdə seçmə müşahidəsi öyrənilən hadisəni düzgün xarakterizə etməyə imkan verir. Statistika elminin inkişaf tarixi sübut etmişdir ki, seçmə müşahidəsini elmi prinsiplər əsasında təşkil etdikdə etibarlı statistika məlumatı əldə etmək mümkündür.

Ümumi müşahidədə olduğu kimi, seçmə müşahidəsini aparmaq üçün, hər şeydən əvvəl müşahidənin məqsədini müəyyənləşdirmək, müşahidənin təşkili məsələlərini həll etmək və seçilmiş vahidlərin müvafiq əlamətlərini qeydə almaq lazımdır.

Bütün bunlar statitika məlumatının toplanılmasında seçmə müşahidəsinin mühüm əhəmiyyətə malik olduğunu göstərir. Statistikada seçmə müşahidəsinin tətbiqi təcrübənin ehtiyacından irəli gəlmişdir.

Seçmə müşahdidəsinin tətbiqi səbəbləri aşağıdakılardır:



  • Seçmə müşahidəsinin tətbiqi nəticəsində, məlumatın həm toplanması, həm də işlənməsi prosesində vaxta və vəsaitə xeyli qənaət edilir. Deməli, ümumi müşahidəyə nisbətən seçmə müşahidəsinin tətbiqi iqtisadi cəhətdən faydalıdır.

  • Seçmə müşahidəsində toplu vahidlərinin az bir hissəsi tədqiq olunduğuna görə, onu daha geniş proqram əsasında öyrənmək mümkündür. Deməli, hadisəni daha ətraflı öyrənmək üçün seçmə müşahidəsindən istifadə edilir.

  • Ümumi müşahidənin aparılması mümkün olmadıqda seçmə müşahidəsi aparılır. Məsələn, məhsulların keyfiyyətinin öyrənilməsi çox zaman onların ya qismən, ya da tamamilə məhv edilməsilə əlaqədar olduğuna görə ümumi müşahidə aparmaq olmaz.

  • Bəzən ümumi müşahidənin nəticəsini dəqiqləşdirmək üçün seçmə müşahidəsi aparılır. Məsələn, müəssisə, idarə və təşkilatların statistika hesabatlarında verilən məlumatın dəqiqliyini yoxlamaq üçün seçmə müşahidəsindən istifadə edilir.

Seçmə müşahidəsindən aşağıdakı hallarda istifadə edilir:

1) Başdan-başa müşahidənin aparılması məhsulun məhv edilməsi ilə nəticələndikdə. Məsələn, elektrik lampalarının istifadə (yanma) müddətinin, ipliyin və ya parçanın keyfiyyətinin (möhkəmliyinin) yoxlanılması zamanı başdan-başa müşahidədən istifadə oluna bilməz. Çünki bu zaman başdan-başa müşahidə aparılsa bu, adları çəkilən məhsulların məhv edilməsi ilə nəticələnəcəkdir. Başqa sözlə, ipliyin möhkəmliyini yoxlamaq üçün onu qırmaq, parçanın keyfiyyətini (möhkəmliyini) yoxlamaq üçün isə onu cırmaq lazımdır. Göründüyü kimi, hər iki halda başdan-başa müşahidənin aparılması həmin məhsulların məhv edilməsi ilə nəticələnir. Deməli, burada seçmə müşahidəsindən istifadə edilməsi qaçılmazdır. Elektrik lampalarının istifadə (yanma) müddətinin müəyyən edilməsi haqqında da eyni sözləri demək olar. Burada da başdan-başa müşahidə aparılması məhsulun tamamilə məhv edilməsi ilə nəticələnə bilər. Süd və süd məhsulları, yaxud da müxtəlif adda şirələrin müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq üçün onların qablaşdırıldığı hər bir bağlamanı açıb müayinədən keçirmək olmaz. Çünki belə «yoxlama» onların hamısının açılması ilə nəticələnəcəkdir. Bu isə yolverilməzdir. Odur ki, nəzərdən keçirilən bütün hallarda məhsul kütləsinin bir hissəsi seçilir, öyrənilir və əldə edilmiş nəticələrə əsasən bütün məhsul kütləsinə xarakteristika verilir. Kənd təsərrüfatında məhsul yığımından əvvəl «kök üstündə məhsuldarlığın», məhsul yığımı dövründə isə baş verən itkinin miqdarının, yaxud da gübrələrdən istifadənin səmərəliliyinin müəyyən edilməsində, əhalinin həyat səviyyəsinin, kənd təsərrüfatı məhsulları satılan bazarlarda qiymətlərin dəyişməsinin öyrənilməsində də seçmə müşahidəsindən geniş istifadə olunur;

2) Öyrənilən topluda vahidlərin sayı çox olduğu hallarda başdan-başa müşahidənin aparılması fiziki cəhətdən mümkün olmadıqda. Buna torpaqların keyfiyyətinin – fiziki, kimyəvi, bioloji xassələrinin – öyrənilməsini misal göstərmək olar;

3) Ən az əmək və vəsait sərf etməklə müşahidənin çox qısa müddətdə aparılması zəruriliyi meydana çıxdıqda. Topludakı az miqdarda vahidin seçilməsi onların daha ətraflı və dərindən öyrənilməsinə, dəqiq məlumatlar əldə edilməsinə imkan verir;

4) Başdan-başa müşahidə nəticəsində əldə edilmiş məlumatların düzgünlüyünü yoxladıqda. Buna əhalinin və mal-qaranın siyahıya alınması nəticəsində əldə edilmiş məlumatların düzgünlüyünün yoxlanılması üçün aparılan seçmə müşahidəsini misal göstərmək olar.

Ümumiyyətlə, seçmə müşahidəsindən istifadə edilməsinin zəruriliyi bir sıra səbəblərlə əlaqədardır. Bunlar onun müəyyən üstünlüyə malik olduğunu deməyə əsas verir. Bu üstünlük özünü onda göstərir ki, seçmə müşahidəsi məlumatların toplanması və işlənməsinə, kadrların hazırlanması və onlara əmək haqqının ödənilməsi ilə əlaqədar sərf olunan mailyyə vəsaitinə; dəftərxana, işlərin təşkili, istifadə olunan materialların əldə edilməsi və nəqliyyat xidmətinə çəkilən xərclərə; bütün mərhələlərdə müşahidənin aparılmasına cəlb olunan işçi qüvvəsinə, istər ilkin məlumatların toplanması, istərsə də onların işlənməsi və yekun göstəriciləri çap olunanadək olan müddətdə sərf olunan vaxta qənaət etməyə imkan verir.

Yuxarıda göstərildiyi kimi, seçmə müşahidəsi vasitəsilə əldə edilən ümumiləşdirici göstəricilərə əsasən baş topluya xarakteristika verilir. Seçmə müşahidəsi məlumatlarının baş topluya şamil edilməsinin aşağıdakı iki üsulu vardır: 1) birbaşa (yenidən hesablama) üsulu; 2) əmsal üsulu.

Birinci üsulun mahiyyəti ondan ibarətdir ki, məsələn kənd bələdiyyə ərazilərində əhalinin xüsusi mülkiyyətində olan inəklərdən sağılan südün ümumi miqdarını müəyyən etmək üçün seçmə üsulu ilə bir inəkdən orta hesabla sağılan südün orta illik miqdarı müəyyən olunur, sonra bu göstərici başdan-başa müşahidə yolu ilə müəyyən edilmiş inəklərin orta illik sayına vurulur.

Əmsal üsulundan isə əsas etibarilə başdan-başa müşahidənin məlumatlarının yoxlanılması üçün istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, başdan-başa müşahidə aparılıb qurtardıqdan sonra baş toplunun bir hissəsində nəzarət yoxlamaları aparılır. Aparılan bu yoxlamanın nəticələri başdan-başa müşahidə aparılarkən əldə edilən nəticə ilə tutuşdurulur və bununla da «təshihetmə əmsalı» hesablanmış olur. Sonra bu əmsal baş topludakı vahidlərin ümumi sayına vurulmaqla təshih olunmuş nəticə əldə edilir.

Öyrənilən toplunu əmələ gətirən vahidlərin hamısı baş toplu, öyrənilmək üçün seçilmiş vahidlərin sayı isə seçmə toplusu adlanır.

Statistikada baş toplu üzrə hesablanmış göstəricilərlə seçmə toplusu üzrə hesablanmış göstəricilər arasındakı fərqlərə təmsiletmə xətası deyilir. Təmsiletmə xətası ∆ (delta) ilə işarə olunur və aşağıdakı kimi müəyyən edilir:

p = ω – p

Təmsiletmə xətasının tamamilə aradan qaldırılması mümkün deyildir. Seçmə müşahidəsi elmi cəhətdən düzgün təşkil olunduqda, seçmənin xətasını yalnız azaltmaq olar.

Elmi cəhətdən isbat olunmuşdur ki, seçmə toplusu üzrə hesablanan göstəricilərlə baş toplu üzrə hesablanan göstəricilər arasında müəyyən kənarlaşmalar olsa da, seçmə müşahidəsinin məlumatlarından baş topluya xarakteristika vermək üçün istifadə oluna bilər.

Seçmə müşahidəsinin əsas vəzifəsi tədqiqata cəlb olunan vahidlərin öyrənilməsi əsasında baş toplu haqqında düzgün təsəvvür yaratmaqdan ibarətdir. Lakin qeyd etmək lazımdır ki, seçmə müşahidəsi metodoloji cəhətdən nə qədər düzgün təşkil olunsa da həmişə onun həyata keçirilməsi gedişində müəyyən xətalara yol verilir və bu qaçılmazdır. Odur ki, qeydiyyata alınan əlamətlərin variasiyası çox geniş, məlumatların qabaqcadan nəzərdə tutulan dəqiqliklə əldə edilməsi üçün seçmənin faizi isə 20-25-ə bərabər olduqda, başdan-başa müşahidənin aparılmasının məqsədəuyğun olub olmamasının və xətanın kəmiyyətinin düzgün qiymətləndirilməsinin çox böyük əhəmiyyəti vardır. Çünki bu, seçmə müşahidəsinin metodoloji cəhətdən düzgün təşkil edilməsinə imkan verir. Buradan da belə bir məntiqi nəticə çıxarmaq olar ki, seçmə toplusu üzrə hesablanan göstəricilər baş toplu üzrə hesablanan eyni göstəricilərə heç vaxt uyğun gələ bilməz və deməli, bunlar arasında həmişə fərq olur. Baş və seçmə topluları üzrə hesablanmış orta kəmiyyət və xüsusi çəki (pay) göstəriciləri arasındakı fərq seçmənin xətası adlanır. Seçmə xətası, adından göründüyü kimi, yalnız seçmə müşahidəsinə xasdır. Bu xətanın kəmiyyəti nə qədər çox olarsa bu, baş və seçmə topluları üzrə hesablanan göstəricilərin bir-birindən bir o qədər çox uzaqlaşdığını göstərir. Lakin seçmənin xətası ilə qeydiyyat zamanı yol verilən xətanı bir-birindən fərqləndirmək lazımdır. Qeydiyyat xətası müşahidə aparılan zaman faktın düzgün qeyd edilməməsi ilə əlaqədar olaraq baş verir. Belə xətalar həm başdan-başa, həm də seçmə müşahidəsi üçün səciyyəvidir. Lakin seçmə müşahidəsində qeydiyyat xətaları nisbətən az olur. Çünki seçmə müşahidəsi bir qayda olaraq daha dərindən və ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Seçmənin xətası təbiətinə görə bilərəkdən buraxılan və təsadüf nəticəsində baş verən xətalara bölünür. Xətanın birinci növü seçmə müşahidəsi üçün düşünülmüş surətdə, bilərəkdən ən yaxşı, yaxud da ən pis vahidlər seçildikdə baş verir. Başqa sözlə, belə xətalar məqsədyönlü xarakter daşıyır. Aydın məsələdir ki, bu zaman seçmə müşahidəsinin nəticələri ya şişirdilir, ya da azaldılır və deməli, gerçəkliyi düzgün əks etdirməyəcəkdir. Belə hallarda seçmə müşahidəsinin nəticələrinə əsasən baş toplu haqqında həqiqəti əks etdirməyən göstəricilər hesablanır. Ona görə də seçmə müşahidəsinin əsas təşkilat prinsipi ondan ibarətdir ki, qabaqcadan nəzərdə tutulan xətalara yol verilməsin, başqa sözlə, təsadüfi seçmənin prinsipinə ciddi riayət olunması təmin edilsin.

Baş topludan vahidlər müxtəlif üsullarla seçilə bilər. Lakin bundan asılı olmayaraq ümumi prinsip eynidir. Bu, ondan ibarətdir ki, baş topludakı ayrı-ayrı vahidlərin seçmə toplusuna düşmə ehtimalı bərabər olmalıdır. Başqa sözlə, vahidlərin seçilməsi kiminsə istəyi ilə deyil, təsadüfi qaydada aparılmalıdır. Təsadüfi seçmənin əsas prinsipi məhz bundan ibarətdir. Bəs vahidlər nəyə görə təsadüfi qaydada seçilməlidir? Ona görə ki, seçmənin bu prinsipi onun nəticələrinin müşahidəçilərdən asılılığını aradan qaldırır. Çünki müşahidəçi istəsə də, istəməsə də müəyyən xətalara yol verilir. Təsadüfi seçmə düzgün təşkil olunduqda bilərəkdən buraxılan xətaların qarşısını almaq mümkün olur və təsadüfi seçmənin prinsiplərinə əməl olunduqda xəta təsadüfi xarakter daşıyır.

Seçmənin təsadüfi xətası baş və seçmə topluları üzrə hesablanan göstəricilər arasındakı fərqi səciyyələndirir. Məsələn, tutaq ki, seçmə müşahidəsi vasitəsilə elektrik lampalarının istifadə (yanma) müddətinin 1000 saata bərabər olduğu müəyyən edilmiş və seçmənin təsadüfi xətası 4 saata bərabərdir. Bu, bütün elektrik lampalarının yanma müddətinin 1000±4, başqa sözlə, 996 saatla 1004 saat arasında olduğunu göstərir.

Seçmənin təsadüfi xətası iki yerə bölünür: 1) seçmənin orta xətası; 2) seçmənin son xətası. Seçmənin təsadüfi xətasının dəyişməsinin qanunauyğunluqlarını ehtimal nəzəriyyəsi özünün böyük ədədlər qanunu nəzəriyyəsində formalaşdırır. Bu nəzəriyyəyə görə seçmə müşahidəsinə cəlb olunan vahidlərin sayı artdıqca təsadüfi xətanın kəmiyyəti azalır.

Təcrübədə seçmənin mümkün olan xətası onun orta xətası əsasında hesablanır. Bu, rus riyaziyyatçı alimləri, akademiklər P.L.Çebışev və A.M.Lyapunovun hazırladıqları teorem əsasında həll edilir.

Seçmə təkrar və təkrar olmayan qaydada aparıla bilər. Bu, qarşıya qoyulan məqsəddən asılıdır. Təkrar seçmədə bir dəfə seçilən vahid baş topluya qaytarılır və seçmədə yenidən iştirak edir. Təkrar olmayan seçmədə isə bir dəfə seçilən vahid seçmədə bir daha iştirak etmir.

Seçmə müşahidəsi üçün vahidlərin seçilməsinin aşağıdakı üsulları vardır:

1) təsadüfi seçmə; 2) mexaniki seçmə; 3) tipik seçmə; 4) seriyalı seçmə.



Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin