Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Azərbaycan Respublikası əhalisinin sayı və tərkibi (ilin əvvəlinə, min nəfərlə)



Yüklə 110,49 Kb.
səhifə6/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 743

Azərbaycan Respublikası əhalisinin sayı və tərkibi
(ilin əvvəlinə, min nəfərlə)


 

Əhalinin sayı
(min nəfər)

Xüsusi çəki,
%-lə

şəhər
əhalisi

kənd
əhalisi

cəmi

şəhər
əhalisi

kənd
əhalisi

1990-cı il

3847,3

3284,6

7131,9

53,9

46,1

2007-ci il

4397,6

4135,1

8532,7

51,5

48,5

Mütləq artım

550,3

850,5

1400,8

-

-

Statistika cədvəlləri özlərinin məzmunlarına görə qrammatik cümləni xatırladır. Odur ki, qrammatik cümlədə olduğu kimi statistika cədvəllərində də iki ünsürü – mübtəda və xəbəri bir-birindən fərqləndirmək lazımdır. Cədvəlin mübtədası dedikdə, onda nədən bəhs olunduğu nəzərdə tutulur. Başqa sözlə, cədvəlin mübtədasında öyrənilən hadisəyə aid obyektlərin, yaxud da qrupların siyahısı verilir. Mübtəda, bir qayda olaraq cədvəlin sol tərəfində, yuxarıdan aşağıya doğru uzanan hissədə yerləşir. Mübtəda bir və ya bir neçə topludan, toplunun ayrı-ayrı vahidlərinin (məsələn, müəssisələrin) siyahısından, yaxud da müxtəlif əlamətlər üzrə düzəldilmiş qruplardan və s. ibarət ola bilər. Mübtədanı səciyyələndirən göstəricilər sisteminə cədvəlin xəbəri deyilir. Xəbər əksəriyyət hallarda cədvəlin yuxarısında, soldan sağa doğru uzanan hissədə yerləşir. Bəzi hallarda cədvəlin məzmunundan asılı olaraq mübtəda ilə xəbərin yeri dəyişdirilə bilər.

Mübtədasının düzəldilməsindən asılı olaraq statistika cədvəlləri üç növə ayrılır:

1) sadə cədvəllər; 2) qrup üzrə cədvəllər; 3) quraşıq cədvəllər.

Mübtədasında qruplaşdırma aparılmamış statistika cədvəllərinə sadə cədvəllər deyilir. Sadə cədvəllər özləri də üç yerə bölünür: 1) mübtədasında siyahı olan sadə cədvəllər; 2) xronoloji sadə cədvəllər; 3) ərazi üzrə sadə cədvəllər.

Mübtədasında siyahı olan sadə cədvəllərdə öyrənilən obyekti əmələ gətirən vahidlərin siyahısı verilir. Buna mübtədasında məhsulların, müəssisələrin, rayonların, ölkələrin siyahısı, xəbərində isə hər hansı bir dövrdə onların işini səciyyələndirən göstəricilər yerləşdirilmiş cədvəllər misal ola bilər. Beləliklə, mübtədasında, məsələn, istehsal olunmuş məhsulların siyahısı, xəbərində isə müxtəlif dövrlər üzrə onları səciyyələndirən göstəricilərə mütəq və nisbi kəmiyyətlərin köməyi ilə müqayisəli xarakteristika verildikdə, bunlara siyahısı olan sadə cədvəllər deyilir.

Tədqiqat obyekti kimi müəyyən dövr götürüldükdə və o, ən mühüm göstəricilərlə səciyyələndirildikdə, sonra isə müqayisə aparıldıqda belə cədvəllər xronoloji sadə cədvəllər adlanır.

Mübtədasında ərazilərin (ölkələrin, rayonların və s.), yaxud da yaşayış məntəqələrinin siyahısı verilən cədvəllərə ərazi üzrə sadə cədvəllər deyilir. Buna iki və daha çox ölkə üzrə sənaye və kənd təsərrüfatı məhsulları istehsalına dair göstəricilərin müqayisəsi verilmiş cədvəllər misal ola bilər.

Statistika cədvəllərinin ikinci növü qrup cədvəlləridir. Mübtədasında öyrənilən obyektin hər hansı bir əlamət üzrə qruplara bölündüyü cədvəllərə qrup cədvəlləri deyilir. Belə cədvəllərdən istifadə olunması statistik məlumatlar yekunlaşdırılarkən qruplaşdırma metodunun tətbiqi ilə əlaqədardır.

Lakin mürəkkəb hadisə və proseslərə xarakteristika vermək lazım gəldikdə bir əlamət üzrə qruplaşdırma aparılması kifayət etmir. Çünki öyrənilən obyektlər bir qayda olaraq bir çox əlamətlərlə səciyyələnir. Məlum olduğu kimi, sosial-iqtisadi hadisə və proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqları aşkara çıxarmaq və onlara ətraflı xarakteristika vermək üçün iki və daha çox əlamət üzrə qruplaşdırma aparılır ki, buna da quraşıq qruplaşdırma deyilir. Quraşıq qruplaşdırmanın nəticələri isə quraşıq statistika cədvəllərində əks etdirilir. Beləliklə, mübtədasında topludakı vahidlərin iki və daha çox əlamət üzrə qruplaşdırıldığı statistika cədvəllərinə quraşıq cədvəllər deyilir. Deməli, quraşıq cədvəllərin mübtədasında bir əlamət üzrə düzəldilmiş qruplar başqa bir əlamət üzrə yarımqruplara bölünür.
3. Mütləq və nisbi kəmiyyətlər – Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin həcmini konkret məkanda və zamanda xarakterizə edir. Mütləq kəmiyyətlər müəyyən vaxta və müəyyən ərazi üzrə (ölkə və rayonlar üzrə fermer təsərrüfatlarının sayı, sənayenin ayrı-ayrı sahələrində istehsal olunan məhsulun dəyəri və s.) hər hansı bir kütləvi sosial-iqtisadi hadisənin həcmini ifadə edən göstəricilərə deyilir. Məsələn, ölkəmizdə yaşayan əhalinin sayı, istehsal olunan neftin, pambığın, taxılın, tərəvəzin, tütünün, üzümün, əridilən çuqun və poladın miqdarı, orta aylıq əmək haqqı və s. Beləliklə, mütləq kəmiyyətlər öyrənilən hadisə və proseslərin sahəsini, həcmini, uzunluğunu, kütləsini və s. ifadə edir.

Mütləq kəmiyyətlər fərdiyekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Ayrı-ayrı kəndli təsərrüfatlarında taxılın, kartofun, pambığın və s. kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı-ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin həcmi və s. fərdi mütləq kəmiyyətlərdir.

Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərin alınmasında da mühüm rol oynayır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistika toplusunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir. Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafiq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı-ayrı regionlar, rayonlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və sair əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.

Mütləq göstəricilər mahiyyətindən və fiziki xassələrindən asılı olaraq natural, şərti natural, dəyər və əmək ölçü vahidləri ilə ifadə olunurlar.

Sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü vahidlərinə natural ölçü vahidləri deyilir. Natural ölçü vahidləri dedikdə, say, çəki, uzunluq və həcm ölçü vahidləri nəzərdə tutulur.

Uçot və statistika işlərinin beynəlxalq təcrübəsində natural ölçü vahidləri kimi ton, kiloqram, kvadrat metr, kub metr, mil, kilometr, metr, litr, ədəd və s. ölçü vahidlərindən istifadə edilir. Natural ölçü vahidləri sosial-iqtisadi hadisələrin fiziki xüsusiyyətlərini ifadə edir.

Natural ölçü vahidlərini iki yerə bölmək olar:

1) sadə natural ölçü vahidləri; 2) mürəkkəb (düzəltmə) natural ölçü vahidləri.

Məlum olduğu kimi, elektrik stansiyalarının gücü kilovatla, onların istehsal etdikləri elektrik enerjisinin miqdarı kVt.saatla, daşınan yükün miqdarı tonla, yük dövriyyəsi isə ton-kilometrlə ölçülür. Burada kVt-saat və ton-kilometr mürəkkəb (düzəltmə) natural ölçü vahidləridir.

Bəzən sosial-iqtisadi hadisələrin mütləq kəmiyyətləri haqqında bir ölçü vahidi aydın təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki ölçü vahidindən istifadə edilir. Məslən, elektrik generatoru və elektrik motorları istehsal edən müəssisələrin işlərini xarakterizə etmək üçün onlar iki ölçü vahidində – ədəd və güc ölçü vahidlərində – ifadə olunurlar.

Statistikada şərti natural ölçü vahidlərindən də geniş istifadə edilir. Bu, öyrənilən hadisənin tərkib ünsürlərinin müxtəlifliyi ilə əlaqədardır. Məlum olduğu kimi, ayrı-ayrı yanacaq növləri müxtəlif istilikvermə qabiliyyətinə malik olduqlarına görə onların mütləq kəmiyyətlərini cəmləmək olmaz. Odur ki, eyni istehlak dəyərinə malik olan müxtəlif məhsul növlərinin ümumi həcmini hesablamaq üçün bütün yanacaq növləri şərti yanacağa çevrilir. Şərti yanacaq kimi isə 7000 kkal/kq qəbul edilmişdir. Bu məqsədlə hər bir yanacaq növünün mütləq kəmiyyəti özünün şərti yanacağa çevrilmə əmsalına vurulur və alınan hasillər cəmlənir. Bu əmsallar isə hər hansı bir yanacaq növünün istilikvermə qabiliyyətini şərti yanacağın istilikvermə qabiliyyətinə bölmək yolu ilə müəyyən edilir. Məsələn, neftin istilikvermə qabiliyyəti 10500 kkal/kq-a bərabərdirsə, onun şərti yanacağa çevrilmə əmsalı belə müəyyən edilir: 10500:7000=1,5. Bu qayda ilə hesablanan əmsallar neft və qaz üzrə 1,5-ə, torf üzrə 0,5-ə, quru ağac odunu üzrə 0,4-ə bərabərdir.

Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif istehlak dəyərinə malik olan hadisələrin ümumi həcmini dəyər ölçü vahidində ifadə etmək mümkündür. Dəyər göstəriciləri istehsal və ya istehlak edilmiş, yaxud da satılmış məhsulların, mövcud ehtiyatların dəyərini, müxtəlif növ gəlirlərin (əmək haqqı, mənfəət, dividend və s.) kəmiyyətini səciyyələndirən göstəriciləri işləyib hazırlamağa və ümumi nəticə çıxarmağa imkan verir.

Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidləridir. Əmək ölçü vahidləri müəssisələrdə ümumi əmək məsrəfini uçota almağa, həmçinin ayrı-ayrı məhsulların əmək tutumunu müəyyən etməyə imkan verir. Əmək ölçü vahidlərinə adam-saat, adam-gün və s. daxildir.
Nisbi kəmiyyətlər

Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox hallarda mütləq kəmiyyətlər öyrənilən sosial-iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini qiymətləndirməyə imkan vermir. Odur ki, bu zaman törəmə göstəricilərdən – nisbi və orta kəmiyyətlərdən istifadə edilir. Bu, onunla əlaqədardır ki, ölkələrin iqtisadi inkişaf səviyyələrini müqayisə edərkən istehsal edilən məhsulların mütləq kəmiyyətindən istifadə olunması düzgün deyildir. Bu məqsədlə hər nəfərə görə məhsul istehsalı göstəricilərindən istifadə olunmalıdır. Lakin bu, artıq mütləq göstərici deyil, nisbi kəmiyyətdir.

Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyət müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Məsələn, tutaq ki, hər hansı bir firmada bir ayda 50 mln. ədəd məhsul istehsal edilməsi nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq 75 mln. ədəd istehsal edilmişdir. Bu, aylıq məhsul istehsalının nəzərdə tutulduğuna nisbətən 50% (75:50=1,50 və ya 150%) artdığını göstərir.

Deməli, nisbi kəmiyyət törəmədir. Nisbi kəmiyyətlər olmadan öyrənilən hadisələrin inkişafını və onların intensivlik dərəcəsini müəyyən etmək, bir-biri ilə qarşılıqlı əlaqədə olan hadisə və proseslərin səviyyəsini qiymətləndirmək, müxtəlif ərazilər, o cümlədən beynəlxalq miqyasda müqayisə aparmaq mümkün deyildir.

Nisbi kəmiyyətlər eyni zamanda iki nisbi kəmiyyətin və iki orta kəmiyyətin bir-biri ilə müqayisəsi nəticəsində də alınır.

Nisbi kəmiyyət hesablanarkən müqayisə aparmaq üçün kəsrin məxrəci əsas götürülür və bu, müqayisə üçün baza adlanır. Yuxarıda göstərdiyim misalda 50 mln. ədədi müqayisə üçün bazadır. Baza kimi vahid götürüldükdə nisbi kəmiyyət əmsalla ifadə edilmiş olur. Bu, müqayisə olunan kəmiyyətin baza kimi götürülən kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərir. Baza kimi 100 götürüldükdə nisbi kəmiyyət faizlə, 1000 götürüldükdə promillə, 10000 götürüldükdə isə prodestimillə ifadə edilmiş olur. Beləliklə, öyrənilən hadisənin xüsusiyyətindən asılı olaraq nisbi kəmiyyətlər əmsal, faiz, promil və prodestimil ilə ifadə oluna bilər.

Promildən demoqrafiya statistikasında əhalinin doğum, ölüm və təbii artım əmsallarının, prodestimildən isə əhalinin hər 10000 nəfərinə düşən ixtisaslı mütəxəssislərin (müəllimlərin, həkimlərin və s.) sayı göstəricilərinin hesablanmasında istifadə olunur.

Nisbi göstəricilərin ən əlverişli ifadə formasının seçilməsi müqayisə olunan kəmiyyətlər arasındakı nisbətdən və aparılan müqayisənin iqtisadi mənasından asılıdır. Müqayisə olunan kəmiyyət baza kimi götürülən kəmiyyətdən böyük olduqda hansı ölçü vahidinin - əmsal, yoxsa faiz - seçilməsi problemi meydana çıxır. Əmsalın köməyi ilə müqayisə olunan kəmiyyətin baza kimi götürülən kəmiyyətdən neçə dəfə böyük olduğunu müəyyən etmək mümkün olduğu halda, faiz blə bir keyfiyyətə malik deyildir. Hesablama nəticəsində əldə edilmiş və faizlə işarə olunmuş göstəricidən 100 çıxıldıqda müqayisə olunan kəmiyyətin baza kimi götürülən kəmiyyətdən neçə faiz çox olduğu müəyyənləşdirilir. Məsələn, ölkəmizdə orta aylıq əmək haqqı 2000-ci ilə nisbətən 2006-cı ildə 340% təşkil etmişdirsə, bu, həmin dövrdə onun 3,4 dəfə və ya 240% artdığını göstərir.

Müqayisə olunan kəmiyyət baza kimi götürülən kəmiyyətdən kiçik olduqda onu faizlə, lap kiçik olduqda isə promillə ifadə etmək daha münasibdir. Məsələn, 1,3%-in 13‰ kimi ifadə olunması daha yaxşıdır.

Burada belə bir cəhətə xüsusi diqqət yetirmək lazımdır ki, müqayisə edilən mütləq kəmiyyət müqayisə üçün əsas götürülən mütləq kəmiyyətdən 2-3 dəfədən çox böyük olduqda onu faizlə ifadə etməkdənsə, dəfə ilə göstərmək daha yaxşıdır. Məsələn, əgər hesablanmış nisbi kəmiyyət 580%-ə bərabərdirsə onu 5,8 dəfə kimi yazmaq daha münasibdir. Həm də müxtəlif mütləq kəmiyyətlərin müqayisəsi nəticəsində əldə edilən nisbi kəmiyyət adlı ədəd olmalıdır. Bu müqayisə edilən və əsas götürülən göstəricilərin (məsələn, hər nəfərə düşən bu və ya digər məhsulun) əlaqələndirilməsi deməkdir.

Nisbi göstərici müqayisə olunan iki kəmiyyət arasındakı nisbəti rəqəmlə ifadə edən ümumiləşdirici göstəricidir. Nisbi kəmiyyətin düzgün hesablanmasının əsas şərti göstəricilərin müqayisə edilə bilməsinin təmin olunmasıdır. Müqayisə isə müxtəlif səbəblər üzündən mümkün olmaya bilər. Bu səbəblər statistik müşahidənin aparılması və materialların işlənməsi metodologiyalarındakı müxtəliflik, müqayisə edilən dövrlərin əhatə müddətlərindəki fərqlər və s. ola bilər. Bütün bu hallarda göstəriciləri müqayisə etməzdən və nisbi kəmiyyəti hesablamazdan əvvəl, onlar müqayisə oluna bilən vəziyyətə gətirilməlidir. Məsələn, məhsul istehsalı bir qiymətlə planlaşdırılmış, lakin həmin dövrdə qiymətlər dəyişmişdirsə, dəyər ifadəsində planın yerinə yetirilməsi göstəricisini müəyyən etmək üçün həm planda nəzərdə tutulan, həm də faktiki istehsal olunan məhsulları eyni qiymətlə hesablamaq, sonra isə müqayisə etmək lazımdır.

Təcrübədə istifadə olunan nisbi kəmiyyətin aşağıdakı növləri vardır:

1) plan üzrə nisbi kəmiyyət;

2) planın yerinə yetirilməsini ifadə edən nisbi kəmiyyət;

3) dinamika üzrə nisbi kəmiyyət; 4) quruluş üzrə nisbi kəmiyyət;

5) müqayisə üzrə nisbi kəmiyyət; 6) koordinasiya üzrə nisbi kəmiyyət;

7) intensivlik və iqtisadi inkişaf üzrə nisbi kəmiyyət.

Məlum olduğu kimi, kiçik müəssisələrdən tutmuş iri konsernlərə qədər bütün təsərrüfat-maliyyə subyektləri öz işlərini planlaşdırır və qarşılarına məqsəd qoyurlar. Odur ki, plan üzrə nisbi kəmiyyətdən (PNK) istifadə edilir. Plan üzrə nisbi kəmiyyət hesablanarkən kəsrin surətində planlaşdırma aparılan dövrün göstəricisi, məxrəcində isə müqayisə üçün əsas götürülən dövrün göstəricisi yazılır.

Deməli, plan üzrə nisbi kəmiyyəti hesablamaq üçün planlaşdırma aparılan dövr üzrə nəzərdə tutulan göstərici ilə baza kimi götürülən dövrün faktiki göstəricisi müqayisə edilir. Məsələn, tutaq ki, firmada 2008-ci ildə 15,0 mln. manatlıq məhsul istehsal edilmişdir. Firma istehsalın miqyasını genişləndirərək məhsul istehsalını 2009-cu ildə 16,5 mln. manata çatdırmağı qarşısına məqsəd qoymuşdur. Plan üzrə nisbi kəmiyyət belə müəyyən edilir: (16,5:15,0) · 100 = 110%. Deməli, müəssisədə məhsul istehsalının 2008-ci ilə nisbətən 2009-cu ildə 1,5 mln. manat (16,5-15,0) və ya 10% (110%-100%) artırılması nəzərdə tutulmuşdur.

Lakin elə göstəricilər də vardır ki, onların artırılması yox, əksinə, azaldılması planlaşdırılır. Buna istehsal xərclərinin azaldılması üzrə qarşıya qoyulan məqsədi misal göstərmək olar. Məsələn, tutaq ki, fermer təsərrüfatında buğdanın bir sentnerinin istehsal xərci 2008-ci ildə 35 manat olmuş, 2009-cu ildə isə onun 30 manat olacağı nəzərdə tutulmuşdur. Deməli, müqayisə aparılan dövrdə buğdanın bir sentnerinin istehsal xərclərinin 14,3% (30:35=0,857 və ya 85,7%) aşağı salınması vəzifəsi qarşıya qoyulmuşdur.




Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin