Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində


qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər



Yüklə 158,41 Kb.
səhifə5/10
tarix20.04.2023
ölçüsü158,41 Kb.
#100926
1   2   3   4   5   6   7   8   9   10
Psixologiya mühazirələr 2020

qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolominski) və s. hesab
etmişlər. Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət, hər şeydən əvvəl, obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur. Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir. Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; 3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi. Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcuddur (R.S.Nemov). Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarakter daşıya və fərqlənə bilir. Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti
haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər (R.S.Nemov). İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü göstərir. İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. Ünsiyyətin növləri. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi);
kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi). Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə bəhs olunacaqdır). Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Karpenko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:1 1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir. 2. İnformasiya funksiyası. Bu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarətdir. 3. Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir. 4. Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 5. Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir. 6. Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»). 7. Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir. 8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s.
dəyişdirməkdən ibarətdir. Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir1. B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affektiv- kommunikativ. Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın, informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funksiyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər. Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir. Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir. Bu funksiya insanların emosional sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı, şərti kimi özünü göstərir. Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək, insanların bir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək və s. funksiyalarını aid etmək olar. Nitqin funksiyaları, xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda müxtəlif əlamətlərdən istifadə olunur. Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas növlərdən birinə aid olur. Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növüdür
. Bu nitqin köməyi ilə danışanlar arasında bilavasitə əlaqə yaranır. Şifahi nitq zamanı ünsiyyətdə olan adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi münasibətinin anlaşılmasına yardım göstərir. Ünsiyyət şəraitindən, onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dialoji, ya da monoloji formada cərəyan edə bilər. Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər. Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir. Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir lər. Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və ya obyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir. Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun olaraq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur.
Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük. Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir. İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola bilir. Hər iki termin şərti xarakter daşımaqla danışanın və ya dinləyənin fəaliyyətini səciyyələndirir. Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv formada cərəyan edir. Belə ki, biz başqasını dinləyən zaman bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir. Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uşaqlarda nitqin aktiv və passiv formaları eyni vaxtda baş vermir. Belə ki, uşaqlar birinci növbədə passiv nitqə yiyələnirlər. Onlar böyüklərin danışığını başa düşür, onların dedikləri sözlərə reaksiya verirlər. Tədricən uşaqlarda aktiv nitq formalaşır və onlar da sözlərdən bilavasitə fəal şəkildə istifadə etməklə ünsiyyətə girirlər. Xarici dillərin öyrənilməsi zamanı bu hal daha aydın təzahür edir. Xarici dilin öyrənilməsinin ilkin mərhələsində passiv nitq üstünlük təşkil edir. Xarici dili öyrənən adam həmin mərhələdə xeyli sözü aydın başa düşdüyü halda onlardan öz fəal nitqində istifadə etməkdə çətinlik çəkir. Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir. Yazılı nitq. Şifahi nitq kimi yazılı nitq də xarici nitqin bir növü kimi verbal ünsiyyətə aiddir. Yazılı nitq vasitəsilə
ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə vasitəsilə qavranılır. Mütəxəssislər yazılı nitqi şifahi monoloji nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik. Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, yazılı nitqin köməyi ilə biz öz fikrimizi, istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən ötürməyə imkan verməklə yanaşı mühafizə edib saxlamağa, gələcək nəslə çatdırmağa da imkan verir. Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə olunmasına görə deyil, eyni zamanda onun özünəməxsus qrammatik, orfoqrafik, stilistik xüsusiyyətlərinə görə də fərqlənir. Məhz buna görə də həmin xüsusiyyətlərə mükəmməl yiyələnmək yazılı nitqdən düzgün istifadə edə bilmək üçün zəruri şərtdir. Daxili nitq. İnteriorizasiya əlamətinə görə nitqin xarici nitqdən fərqli olan bir növünü – daxili nitqi qeyd edirlər. Bu real kommunikasiyadan kənarda baş verən nitqdir. Daxili nitq insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nitqin köməyilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım gəlirsə, daxili nitqdə onu ani olaraq, sürətlə təsəvvürümüzdən keçiririk. Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ əqli əməliyyatların fikrən icrasına yönəldilmiş törəmə forması kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, başqa adamların nitqini diqqətlə dinləmə, mətni öz – özünə (tələffüz etmədən) oxumaq, fikrən planlaşdırma, yaddasaxlama və yadasalma zamanı özünü daha aydın
şəkildə göstərir. Daxili nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi, onların müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün bunlar daxili nitqi insanın əqli fəaliyyəti və şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. Daha dar, psixolinqvistik mənada daxili nitq ifadələrinin yaranmasının başlanğıcı, onun şifahi və yazılı nitqdə reallaşdırılmasının «daxili proqramlaşdırılmasından» ibarətdir. Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nitqin strukturunu özündə saxlayan, lakin fonesiya, səslərin tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin həlli üçün tipik olan daxilən, öz – özünə danışmaq («özünə yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi özünü göstərir, spesifik vahidlərdən istifadə olunur və onun strukturu xarici nitqin strukturundan fərqli olur; 3) daxili proqramlaşdırma, başqa sözlə nitq ifadəsinin, bütün mətnin və onun məzmun hissələrinin spesifik məna vahidlərinin formalaşması və möhkəmlənməsi. Daxili nitqin mənşəyi hələ kifayət qədər öyrənilməmişdir. L.S. Vıqotskinin fikrincə (1934) daxili nitq uşağın oyun və başqa məşğələlər zamanı öz – özünə hündürdən danışmasından ibarət olan eqosentrik nitqin təsiri ilə yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə eyni vaxtda uşağın böyüklər tərəfindən ona müraciət olunan sözləri səssiz olaraq təkrar etməsi nəticəsində meydana gəlir. Bunu isə artıq birinci yaşın sonunda müşahidə etmək olur. Fikrin məzmunundan və onu doğuran şəraitdən asılı olaraq daxili nitqin inkişaf etmiş forması tamamilə fərqli ola bilər. Adətən, daxili nitqdə fikir olduqca ümumiləşmiş şəkildə ifadə olunur. Lakin əqli çətinlik meydana gələn anlarda daxili nitq olduqca müfəssəl, açılmış xarakter daşımağa başlayır, daxili monoloqa yaxınlaşır və pıçıltı ilə və hətta hündürdən ifadə olunan nitqə çevrilə bilir. Bu isə
fikir obyektlərinin daha dəqiq təhlilinə və özünün fikri fəaliyyətinə nəzarət etməyə imkan yaradır. Nitqin yuxarıda qeyd olunan növləri ilə yanaşı daktil, eqosentrik növləri də diqqəti cəlb edir. Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir. Daha doğrusu, bu zaman barmaqların müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olunur. Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi nitq vasitəsi kimi, eləcə də karlar arasında şəxsiyyətlərarası kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunur. Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xarici (kommunikativ) nitqdən nəşət edir və onun qismən interiorizasiya olunmuş məhsulu kimi özünü göstərir. Eqosentrik nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü göstərir. Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri – verbal kommunikasiya vasitələrinə müxtəlif simvolları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri – verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. barədə məlumat əldə edirlər. Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan), jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilirlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür. Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!» onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar. İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri – verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını
dayandırması, öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur.

Yüklə 158,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin