Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində


Fəaliyyətin ümumi xarakteristikası



Yüklə 158,41 Kb.
səhifə3/10
tarix20.04.2023
ölçüsü158,41 Kb.
#100926
1   2   3   4   5   6   7   8   9   10
Psixologiya mühazirələr 2020

Fəaliyyətin ümumi xarakteristikası

İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir. Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər. Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik dərəcəsini inkişaf etdirir. Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir. Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir. Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanı dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus psixi halətdir. Fəaliyyətin motivləri. İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur. Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə adlanır. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir. Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir. Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər. Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri. Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər. Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkanı aid etmək mümkündür. Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər. Fəaliyyətin quruluşu haqqında anlayış. İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri. Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir.motivasiya təlim prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallıgına təkan verən bir prosesdir Hər cür fəaliyyət zamanı müvafiq tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və bu yolla öz tələbatımızı ödəməyə yönəldir. Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur. Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə birbirlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər. Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir. Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra və qiymətləndirilmə. Fəaliyyətin icra mərhələsində insan müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir. Onlara qısa nəzər salaq. İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş və ya əməl adlanır. Məsələn, cümlədə mübtədanı tapmaq, 11 metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11 metrlik nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş verir. Belə ki, idmançı topu başqa yerə deyil cərimə olunmuş komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz. Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə yerinə yetirilməsindən ibarətdir. O, işin məqsədindən, həmin işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan hərəkətlərdən fərqlənəcəkdir. Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunma və nəzarət tələb edir. Fəaliyyət prosesində hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım gəldikdə təshih olunur. Təcrübə göstərir ki, iş və hərəkətlərin icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmurlar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə bacarmır, sətrləri bir-birinə qarışdırırlar.Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən qiymətləndirilir və təshih olunur. Başqa sözlə, məhz işin məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir. İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafiki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə yol verirsə deməli o, bu işi mənimsəməmişdir. Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq vərdişlər və bacarıqlar yaranır və onun həmin fəaliyyəti məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir. Vərdişlər və onların mahiyyəti. Əvvəl qeyd etdiklərimizdən aydın olduğu kimi, fəaliyyət insanın şüurlu məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, insan fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir. İnsan hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu tənzim etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində getgedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə başlayır, başqa sözlə həmin işin icrası
bir növ avtomatlaşır. Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır, yalnız onların icra tərzləri avtomatlaşmış olur. Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaranması nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha çox genişlənməsinə səbəb ola bilir. Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı olaraq, işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar: 1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrıayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir musiqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin musiqi parçasını rəvan və sürətlə ifa edir. 2. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana dilinin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıqdan sonra bu kimi artıq hərəkətlərə yol verilmir. 3. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə nəzarəti hərəki nəzarətlə əvəz olunur. Məsələn, kompyüterdə işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə yin üzərinə aparacağını, nəyə toxunacağını izləyir. Lakin bu sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir. Musiqi vərdişlərinə, müəyyən cihazlarda, maşınlarda işləmək
vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarətinin hərəki nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir. 4. Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları dəyişilir. Nəticədə insanın diqqəti iş üsullarını qavramaqdan azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. Bu zaman o, yalnız təyyarəni hansı üsulla yerə endirməyi planlaşdırır. İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır. Vərdişlər və mümarisələr. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, fəaliyyətin mənimsənilməsi bacarıq və vərdişlərlə nəticələnir. Bunun üçün biz fəaliyyət zamanı icra etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) təkrar etməli oluruq. Lakin hər cür təkrar fəaliyyətin mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz. Bunun üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. Mümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına, başqa sözlə iş və fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranmasının səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir. Onlardan bəzilərini nəzərdən keçirək. Bunun üçün təlim fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət yetirək. Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.
Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci növbədə həmin mümarisələrin icrası zamanı şagirdlərin qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisələrin məqsədi onlara aydın olmalıdır. Mümarisənin məqsədi aydın olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra edəcəklərini anladıqda, daha dogrusu, icra ediləcək işlə əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda daha çox fəal olur, icra edəcəkləri işin mahiyyətini anlayır, müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır. Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır. Məktəb təcrübəsi göstərir ki, ayrı-ayrı dərslərdə (istər dil, istərsə də riyaziyyat dərslərində) çox vaxt müəllimlər şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri icra etməyi tapşırırlar. Bu cür çalışma və mümarisələr onların tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur. Tətbiq olunan mümarisələrin miqdarı da bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır. Adətən, tətbiq olunan mümarisələrin miqdarı öyrənilən materialın xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir. Aparılmış psixoloji tədqiqatlardan aydın olmuşdur ki, vərdişin yaranmasının mühüm şərtlərindən biri yerinə yetirilən işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu tələbi birbaşa tətbiq olunan mümarisələrə də aid etmək olar. Təcrübə göstərir ki, şagird icra etdiyi mümarisənin nəticəsi ilə tanış olmadıqda, bu zaman nə kimi səhvə yol verdiyini anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir, düzgün bacarıq və vərdişlərin yaranmasını təmin etmir. Öz işinin nəticəsi ilə tanış olmayan, səhv edib-etmədiyini, əgər səhv etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird (eləcə də digər fəaliyyət sahəsinə yiyələnən adam) bəzən dəfələrlə eyni səhvi təkrar edir, nəticədə səhv vərdişlərə yiyələnir.
Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdişlərlə yanaşı bacarıqlar da formalaşır. Bacarıqlar qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların işlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aşkara
çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir. İnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd edirlər. Birinci yolda öyrənən, fəaliyyyəti mənimsəyən adam zəruri biliklərə malik olur. Onun qarşısında həmin bilikləri lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. İnsan fəaliyyətinin müvafiq istiqamətlərini, məlumatları işləmək yollarını və priyomlarını səhv və sınaq yolu ilə aşkara çıxarmaqla bu vəzifənin həllinə çalışır. Mütəxəssislər az səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniş yayılmış yol oldugunu göstərirlər. İkinci yol, şagirdlərin bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini müəllimin idarə etməsindən ibarət olan yoldur. Bu zaman müəllim şagirdləri lazım olan əlamətləri və əməliyyatları seçmək istiqamətləri ilə tanış edir, qarşıya qoyulmuş məsələni həll etmək üçün şagirdlərin aldıqları məlumatları işləmək və onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təşkil edir. Bu yol hazırda pedaqoji psixologiyada səmərəli şəkildə işlənən yoldur. Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən ümumi şərtlərə a) şagirdin ümumiləşmiş qaydanı anlaması və b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir. Vərdişlərdən fərqli olaraq bacarıqlar həmişə fəal əqli fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil edir. Zəruri əqli nəzarət bacarıqları vərdişlərdən fərqləndirən başlıca cəhətdir. Adətlərə gəldikdə, o da vərdişlər kimi işin, hərəkətlərin icrasının avtomatlaşmasıdır. Lakin vərdişlərdən fərqli olaraq adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın tələbatına çevrilir. İnsan daima özünün həmin tələbatını ödəməyə can atır. Məsələn, insanda oxu vərdişi yarandıqda o, çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya bilir, lakin bu işi yalnız lazım olduqda həyata keçirir. Adətdə isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq kitab oxumağa adət etmiş
adam bu işi görmədən yata bilmir. Yaxud, həmişə bayırdan gəldikdə və ya yeməkdən qabaq əllərini yumağa adət etmiş adam buna əməl etməyə bilmir. Vərdişlər şüurlu təkrarlar – mümarisələr sayəsində yaranır. Adətlər isə bəzən bu cür şüurlu təkrarlar olmadan da yarana bilir. Məsələn, şagird dərsdə yerindən danışmağı qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən danışır və nəticədə danışqanlığa adət edir. Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi düzgün vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, başqasının sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, böyüyə qarşı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq və s. ziyanlı, mənfi adətdir. İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun

Yüklə 158,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin