ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Nigar HÜSEYNOVA. 

 

“Xalq qəzeti”.-2012.-8 noyabr.-N 249.-S.6.

 

Azərbaycan beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri 

daim ön plana çəkir 

 

Respublikamız öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli dövlət quruculuğu 

sahəsində  mühüm nailiyyətlər  əldə  etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını 

möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə  və  hərbi,  iqtisadi potensialına görə  Cənubi Qafqaz 

regionunun şəksiz lider dövlətinə çevrilmişdir. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təminatçısı 

kimi çıxış edərək, regionda növbəti və qarşısı alınması çox çətin olan dəhşətli bir müharibənin yenidən 

başlanmaması üçün xoşməramlı sülh missiyasını davam etdirir. Ölkəmiz həm də beynəlxalq 

təşkilatlardakı müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsini önə  çəkməklə  öz milli maraqlarını 

təmin edir. Rəsmi Bakı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli 

məqsədilə real təkliflərlə çıxış edərək Cənubi Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər göstərir.  

Azərbaycan özünün hücum diplomatiyasını  həyata keçirməklə Ermənistanın dünya birliyi tərəfindən 

təcavüzkar dövlət kimi tanınmasını  təmin etmişdir. Respublikamız BMT kimi mötəbər beynəlxalq qurumun 

kürsüsündən xalqımızın haqq səsinin dünyaya çatdırılması  və obyektiv ictimai rəyin formalaşdırılması üçün 

məharətlə istifadə edir. Nəticədə, qurumun Təhlükəsizlik  Şurası  sədrinin 6 bəyanatında, eləcə  də BMT 

Təhlükəsizlik  Şurasının 822, 853, 874 və  884 saylı qətnamələrində Azərbaycanın  ərazi bütövlüyü, suverenliyi 

və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanmışdır. 

BMT-nin 2000-ci ilin sentyabr ayında keçirilən Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev 

dünyada sülhün və  təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, 

regional münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan 

qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. 2003-cü ilin sentyabrında BMT Baş 

Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham  Əliyev öz çıxışında 

beynəlxalq aləmdə  mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə  üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların 

meydana çıxmasına görə, BMT TŞ-nin  şəraitə  uyğun, çevik və  adekvat münasibət göstərməli olduğunu 

vurğulayaraq, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini və  bununla bağlı  təşkilat 

daxilində  islahatların vacib məsələyə  çevrildiyini bildirmişdir. Azərbaycan BMT-nin rolunun artırılması  və 

mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə  nail olmaq üçün əlavə  addımların atılması 

zərurətini BMT Baş  Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə 

gətirdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə 

bağlı BMT Təhlükəsizlik  Şurasının qəbul etdiyi 4 qətnamənin hələ  də yerinə yetirilmədiyini bəyan  etmiş  və 

onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.  

Heydər  Əliyevin qətiyyətli və  gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə 

Azərbaycan arasında atəşkəs haqqında razılıq  əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc 

vasitələrlə  nizama salınması istiqamətində  ATƏT-in Minsk qrupu çərçivəsində  müntəzəm olaraq danışıqlar 

aparılmağa başlanmışdı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident 

Heydər  Əliyevin çevik diplomatiyasının təsiri ilə  "Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏT-in 

fəaliyyətinin intensivləşdirilməsi" barədə  qərar qəbul olundu. 1996-cı il dekabrın 2-3-də  ATƏT-in Lissabon 

Zirvə  toplantısında qəbul edilən və  münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş 

olan sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə  əlavə 

edildi.  

2010-cu il dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada 56 üzv, 12 tərəfdaş dövlət və hökumət başçılarının, 

habelə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə  keçirilmiş ATƏT-in VII sammitinin yekun bəyanatı 

da Ermənistana böyük zərbə hesab oluna bilər. Sənəddə  bildirilir ki, münaqişənin nizamlanmasında Helsinki 

Yekun Aktına, eləcə  də 2009-cu il iyulun 10-da Akvildə  və 2010-cu il iyunun 26-da Muskokda verilmiş 

bəyanatlara istinad olunmalıdır. Xatırladaq ki, ABŞ, Fransa, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri 

tərəfindən Muskokda imzalanmış  bəyanatda Dağlıq Qarabağ  ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal 

edilmiş ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. Bu gün də 

Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Akvil, Muskok və Los-Kabos 

bəyanatlarında status-kvonun qəbuledilməz olduğunu dəfələrlə vurğulamışlar. Bu, Azərbaycanın xarici siyasətinin 

əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat işğal altındakı torpaqların 

azad olunması tələbi kimi başa düşülür ki, bu da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistanın 

təcavüzkar dövlət olduğunu beynəlxalq ictimaiyyət qarşısında bir daha təsdiq etməsi deməkdir.  

Azərbaycanın işğal olunmuş  ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o 

cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə  əlaqədar 

Azərbaycanın müraciəti  əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ bölgəsi  ətrafında 

olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək 

həyata keçirdiyi Sahə Qiymətləndirmə  Missiyasının (SQM) açıqladığı yekun rəyi də  rəsmi  İrəvanı ifşa etdi. 

SQM bir daha Azərbaycanın işğal olunmuş  ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam 



etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. 

Missiyanın müşahidələri Ermənistanın, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu, işğalla bağlı "status-

kvo"nu möhkəmlətmək cəhdlərini bir daha təsdiqləmişdir. Bu da Ermənistanın 1993-cü ildə qoşulduğu 1949-cu 

il 12 avqust tarixli Mülki Əhalinin Müharibə  Zamanı Müdafiəsinə  aid Dördüncü Cenevrə Konvensiyasına və 

ona əlavə Protokollara ziddir.  

Azərbaycanın uğurlu xarici siyasəti Avropa Şurasında da Ermənistanı dalana dirəmişdir. 2001-ci il yanvarın 

17-də ölkəmizin Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması 

-  respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə  obyektiv çatdırılması üçün yeni və 

çox mötəbər tribuna vermiş oldu. Həmin dövrdə  Avropa  Şurası Parlament Assambleyasındakı Azərbaycan 

nümayəndə heyətinə Milli Məclisin deputatı İlham Əliyevin rəhbərlik etməsi və  daha sonra onun AŞPA-dakı 

fəaliyyəti ulu öndərimiz Heydər  Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Məhz cənab  İlham 

Əliyevin prinsipial və  ardıcıl fəaliyyəti nəticəsində  AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız 

sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq 

Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bütün bunların məntiqi davamı kimi 2003-cü il yanvarın 27-

də Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA-nın vitse-prezidenti və qurumun büro üzvü 

seçilməsi ilə  müstəqil Azərbaycan tarixinə yeni səhifə  yazılmış oldu. Hazırda Azərbaycan - Avropa  Şurası 

əməkdaşlığı daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında 

keçirilən tədbirlərdə  iştirak edərək Ermənistanın təcavüzkar siyasətini ifşa edir, Dağlıq Qarabağ münaqişəsi 

məsələsində ölkəmizin haqlı mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır.  

Dünyanın  ən qüdrətli hərbi-siyasi təşkilatı olan Şimali Atlantika Alyansı  - NATO da Ermənistan - 

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Onu da deyək ki, 

NATO Dağlıq Qarabağ probleminin həllində  birbaşa rol oynamasa da, təşkilata üzv olan dövlətlər münaqişə 

ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə  konkret mövqe ortaya qoyurlar. Bugünədək  Şimali 

Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat problemin həllində ölkələrin 

ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində daim qətiyyət nümayiş etdirmişdir. 2008-ci ildə 

NATO-nun Buxarestdə  keçirilən sammitinin Yekun Bəyannaməsində  Dağlıq Qarabağ münaqişəsinin  ərazi 

bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdır. Ermənistanın ciddi etirazlarına baxmayaraq, 

2010-cu il noyabrın 20-də  Lissabonda keçirilən zirvə  toplantısında qəbul edilən bəyanat rəsmi  İrəvanı təşvişə 

salmışdı. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini 

tanıdığını bir daha təsdiq etmişdi.  

Bu il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammitində  Əfqanıstan məsələsinin 

müzakirəsi ilə  yanaşı, Azərbaycan üçün digər mühüm bir hadisəylə - Dağlıq Qarabağ münaqişəsinin həlli 

məsələsində  Şimali Atlantika Alyansının  ədalətli mövqeyinin növbəti dəfə  bəyan edilməsi ilə  də  yadda qaldı. 

Sammitin yekununda qəbul olunan bəyannamədə Azərbaycanın  ərazi bütövlüyü və suverenliyi bir daha bu 

beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunur ki, 

NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: 

"Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və  Moldovanın  ərazi bütövlüyünün, müstəqilliyinin və 

suverenliyinin dəstəklənməsinə  sadiq qalırıq və BMT-nin Nizamnaməsi və yekun Helsinki sənədinə, bu 

prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına 

yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik".  

Azərbaycanın hücum diplomatiyasının uğurlu nəticələrindən biri də odur ki, bu gün dünyanın 120 ölkəsinin 

üzv olduğu Qoşulmama Hərəkatı da ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Belə ki, hərəkata üzv ölkələrin 

dövlət başçılarının bu il avqustun 31-də  başa çatan Tehran sammitinin yekun sənədinə Azərbaycan 

Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilmişdir. Sənədin 104-cü səhifəsində əks olunan 

391-ci maddədə yazılır: "Dövlət və hökumət başçıları Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

həll olunmamış qalmasından, onun beynəlxalq və  regional sülh və  təhlükəsizliyi təhdid etməyə davam 

etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində  təsbit olunmuş gücdən istifadə 

etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi 

bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə  tanınmış  sərhədləri daxilində  danışıqlar yolu ilə  həlli üçün 

səylərini davam etdirməyə çağırır". 

Xatırladaq ki, bundan əvvəl, bu il may ayının 5-də də Qoşulmama Hərəkatı erməniləri növbəti dəfə məyus 

edən sənəd qəbul etmişdi. Misir Ərəb Respublikasının  Şarm  Əl-Şeyx  şəhərində  qurumun  Əlaqələndirmə 

Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında qəbul olunan yekun sənədin 382-ci bəndində Ermənistan - 

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  region üçün təhlükə  törətməyə  davam etdiyi xüsusi vurğulanmış, 

hərəkata üzv olan dövlətlər münaqişənin beynəlxalq hüququn normaları  və prinsipləri çərçivəsində  həll 

edilməsinin vacibliyini nəzərə çarpdırmışlar.  

Sənəddə deyilir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında 

münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə  təhdid törətməkdə davam 

etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində  əksini tapmış güc tətbiq etməmək prinsipinin 

vacibliyini bir daha təsdiq etmiş və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş 



norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış 

sərhədlərin toxunulmazlığı əsasında həllini tapmasını tələb etmişlər.  

Göründüyü kimi, Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın  ərazi bütövlüyü dünya birliyi 

tərəfindən növbəti dəfə  tanınmış  və  ölkəmizin  ədalətli mövqeyinin beynəlxalq arenada dəstəkləndiyi 

vurğulanmışdır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam 

edir. Bu sənədin yekdilliklə qəbul olunması və orada Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə 

bağlı ölkəmizin ədalətli mövqeyinin əks olunması isə birmənalı şəkildə ölkəmizin növbəti diplomatik uğurudur.  

İslam  Əməkdaşlıq Təşkilatının çoxsaylı  qərar və  qətnamələrində, qurumun baş katibinin məsələ ilə  bağlı 

bəyanatlarında da ölkəmizin ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzkar əməlləri qətiyyətlə pislənilir. 

Son olaraq, keçən ay İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən 

illik koordinasiya toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun kommünike qəbul edilmişdir. Sənəddə 

Azərbaycan  ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd 

olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq 

səviyyədə  tanınmış  sərhədlərinin toxunulmazlığına hörmət  əsasında tezliklə  həll olunmalıdır. Sənəddə  Dağlıq 

Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər  ərazilərində demoqrafik vəziyyətin zorla 

dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulması  və  mədəni irsin kifayət qədər qorunmamasından ciddi 

narahatlıq bildirilmişdir.  İƏT ölkələri Azərbaycanın işğal altındakı  ərazilərdə beynəlxalq humanitar hüququn 

normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər. Onu da xatırladaq ki, bu il 

avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam Zirvə toplantısının dördüncü 

fövqəladə  sessiyasında dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə  olunmuş, sessiyada 

Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Zirvə toplantısının 

sonunda müzakirə olunmuş məsələlərlə bağlı İƏT-in üzvü olan ölkələrin mövqeyini əks etdirən yekun bəyannamə 

qəbul olunmuşdur. Bəyannamədə İƏT-in üzvü olan ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş 

və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar. 

Son vaxtlar Ermənistanın təxribat xarakterli addımlarına beynəlxalq ictimaiyyətin kəskin reaksiya verməsi 

belə deməyə əsas verir ki, sürətli inkişafı ilə diqqətləri üzərinə cəlb edən Azərbaycanın həyata keçirdiyi hücum 

diplomatiyası kontekstində  bu gün dünya Qafqaz həqiqətlərini daha yaxşı anlayır.  İstər nüfuzlu beynəlxalq 

qurumların, istərsə  də  ayrı-ayrı aparıcı dövlətlərin bu il iyulun 19-da Dağlıq Qarabağın  ərazisində  keçirilən 

"prezident seçkiləri" ni pisləyən bəyanatlarla çıxış etməsi və Azərbaycanın mövqeyinin qəti  şəkildə 

dəstəklənməsi bir daha dediklərimizi sübut edir. Təbii ki, bu məsələdə münaqişənin həlli ilə birbaşa məşğul olan 

ATƏT-in Minsk qrupunun reaksiyası böyük əhəmiyyət kəsb edir. Qondarma seçkilərə  öz etirazını bildirən 

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) 

tərəfindən verilən bəyanatda qeyd olunan məqamlar erməniləri pərt vəziyyətinə  saldı  - desək, yanılmarıq. 

Bəyanatda deyilir ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və  müstəqil dövlət 

kimi tanımır. Bu il iyulun 19-da həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və 

münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini əks etdirmir. Regionun qüdrətli dövlətlərindən 

biri, həmsədr ölkələrdən Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin 

bəyanatı da erməniləri məyus etdi. O bildirdi ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rusiya bu 

münaqişənin nizamlanmasında vasitəçilik səyləri göstərir və münaqişənin BMT-nin Nizamnaməsi və Helsinki 

Yekun Aktı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. 

Ölkəmiz bütün diplomatik imkanlarını səfərbər edərək Ermənistanı daim beynəlxalq ictimaiyyət qarşısında 

ifşa edəcəkdir. Bu proses işğalçı dövlətin torpaqlarımızın 20 faizini azad etməsinədək davam edəcəkdir. 

Ermənistan beynəlxalq hüquq normaları  çərçivəsində  hazırlanmış böyük sülh razılaşmasına imza atanadək 

Azərbaycan diplomatiyası, necə deyərlər, həmişə  onun başının üzərində  domokl qılıncı kimi dayanacaqdır. 

Azərbaycan Prezidenti İlham  Əliyev dəfələrlə  bəyan etmişdir ki, son nəticədə  ölkəmiz BMT Təhlükəsizlik 

Şurası  tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinə  nail olacaqdır. Həmin qətnamələr isə 

Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. 

Qeyd etdiyimiz kimi, Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları,  İslam 

Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi 

tələb edir - Azərbaycanın  ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Prezidenti beynəlxalq hüquq 

normalarını daim üstün tutan ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ olduğunu bir daha 

xatırladaraq demişdir: "Bu, bizim suveren hüququmuzdur, dövlətimizin  ərazi bütövlüyünün siyasi vasitələrlə 

deyil, açıq deyək, hərbi vasitələrlə  bərpa edilməsi də  bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə 

uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq bundan istifadə etmək istəmirik. Ümid edirik ki, 

sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət, qəti başa düşəcəkdir ki, münaqişə  tənzimlənməsə 

onların bu regionda olması getdikcə  mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin - Minsk qrupunun, 

həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə  həll edilməsinə  və 

vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik". 



Rauf KƏNGƏRLİ 

“Xalq qəzeti”.-2012.-17 noyabr.-N 257.-S.6. 

İspaniya Senatında Azərbaycana həsr edilmiş konfrans keçirilmişdir 

 

Noyabrın 22-də  İspaniya Senatında Azərbaycan ilə  İspaniya arasında tərəfdaşlığın 

genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş 

"Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə  İspaniya arasında etimadın tənzimlənməsi" 

mövzusunda konfrans keçirilmişdir.  

 

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı 

Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin 

müavini, Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri üzrə  Dövlət Komitəsinin sədri  Əli Həsənovun başçılıq 

etdiyi nümayəndə heyəti iştirak etmişdir.  

Azərbaycan tərəfdən konfransda Azərbaycanın  İspaniyadakı  səfiri Altay Əfəndiyev, Azərbaycan 

Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və 

beynəlxalq təşkilatlarla iş  şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc 

Həsənova, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin 

deputatı Elxan Süleymanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, Milli Məclisin deputatı Ayaz 

Orucov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc və Ceyhun Osmanlı iştirak 

etmişlər. 

İspaniya tərəfdən konfransda 80 senator və deputat, 70-ə  yaxın akademik, professor, media təmsilçiləri, 

qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir. 

Tədbiri İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas açmışdır. O demişdir ki, Azərbaycan İspaniya 

üçün  əhəmiyyətli ölkədir.  İspaniya Azərbaycanın uğurlarını diqqətlə izləyir və ikitərəfli münasibətlərin 

inkişafında maraqlıdır. 

Vitse-prezident konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 

qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan çox böyük iqtisadi potensiala malikdir və  İspaniya  şirkətləri 

Azərbaycana marağı artırmalıdırlar.  

Vitse-prezident qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. 

Bu münaqişə  nəticəsində  ölkənin  əraziləri işğal edilmiş, bir milyona yaxın insan qaçqın və  məcburi köçkün 

vəziyyətinə  düşmüş, on minlərlə  adam kütləvi  şəkildə  məhv edilmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, 

ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəli olacaq və  münaqişənin tezliklə  tənzimlənməsinə xidmət 

edəcəkdir.  

Xarici  Əlaqələr və  Əməkdaşlıq üzrə  Komissiyanın sədri Alexandro Munoz-Alonso Aledo demişdir ki, 

konfransın  əsas məqsədi ikitərəfli münasibətləri dərinləşdirməkdir. Azərbaycan coğrafi ölçülərinə  görə  kiçik 

ölkə  olduğuna baxmayaraq, onun çox böyük potensialı vardır. Zəngin neft-qaz ehtiyatlarına malik olan 

Azərbaycan dövləti neft gəlirlərindən səmərəli istifadəni təmin edir. Komissiyanın sədri çıxışının sonunda 

vurğulamışdır ki, ikitərəfli münasibətləri möhkəmlətmək zəruridir. İspaniya Azərbaycana dost ölkə kimi həmişə 

onun yanındadır.  

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı 

Elxan Süleymanov konfransın təşkilatçılarına və iştirakçılarına nümayəndə heyəti adından təşəkkür edərək ispan 

və Azərbaycan xalqlarının  ənənələri və  mədəniyyəti arasında oxşar cəhətlər olduğunu qeyd etmişdir. O, əmin 

olduğunu bildirmişdir ki, bu səfər İspaniya-Azərbaycan ikitərəfli münasibətlərində yeni mərhələnin başlanğıcı 

olacaqdır. 

E.Süleymanov Azərbaycanın tolerant ölkə  olmasını, burada hər kəsin hər hansı  məhdudiyyət olmadan öz 

dininə etiqad edə bilməsini vurğulayaraq bildirmişdir ki, ölkəmizdə bütün Cənubi Qafqazda ən qədim xristian 

kilsəsi, habelə katolik kilsəsi və sinaqoqlar fəaliyyət göstərir. 

Azərbaycanlı deputat ölkəmizin tarixinə  nəzər salaraq demişdir ki, dünyəvi, demokratik, hüquqi dövlət 

quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələləri Azərbaycanın daxili və xarici siyasətində prioritet 

istiqamətlərdir. Qeyd edilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol 

oynayır.  

Elxan Süleymanov iki xalqın tarixinin oxşar cəhətlərindən söhbət açaraq qeyd etmişdir ki, həm Azərbaycan, 

həm də  İspaniya təcavüzkar separatçı rejimdən  əziyyət çəkir. Lakin bu iki ölkənin  əməkdaşlığının indiki 

səviyyəsi onların imkanlarına və  potensialına müvafiq deyildir. İspaniya demokratiyanın genişlənməsi və 

möhkəmlənməsi, müvafiq təsisatların yaradılması sahəsində öz təcrübəsini bölüşə bilər. 

Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə  toxunaraq demişdir ki, 

Azərbaycanın  ən böyük problemi onun ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu 

münaqişənin beynəlxalq hüquq normaları  çərçivəsində  tənzimlənməsi Azərbaycanın xarici siyasətinin  əsas 

istiqamətidir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard dollar həcmində zərər dəymişdir.  


Sonra 2011-ci ildə "Euronews" telekanalı tərəfindən hazırlanmış "Dağlıq Qarabağ: qaçqınların yanında" adlı 

videoreportaj nümayiş etdirilmişdir. 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov konfransın təşkilatçılarına Azərbaycan 

hökuməti adından təşəkkür edərək Azərbaycanın tarixi barədə məlumat vermişdir.  

Əli Həsənov demişdir ki, Azərbaycan tolerant ölkədir. Ərazilərimizin 20 faizinin işğal edilməsinə, bir milyon 

qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Bakıda erməni kilsəsi indiyə qədər qorunub saxlanmışdır, 

halbuki Ermənistan tərəfindən işğal edilmiş  ərazilər heç kəsin yaşaya bilməyəcəyi xarabalıqlara çevrilmişdir. 

İnfrastruktur dağıdılmış, qəbiristanlıqlar, məscidlər yerlə-yeksan edilmiş, toponimlər dəyişdirilmişdir.  Əli 

Həsənov onu da qeyd etmişdir ki, onun valideynlərinin məzarları da işğal edilmiş ərazilərdədir. 

Əli Həsənov xatırlatmışdır ki, 2002-ci ildə  ulu öndər Heydər  Əliyev Roma Papası II İohann Paveli qəbul 

etmiş, elə  həmin vaxtda Azərbaycan Prezidenti Bakıdakı Roma Katolik kilsəsinə yeni məbəd tikintisi üçün 

torpaq sahəsi ayrılması barədə sərəncam vermişdir. 

Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir, bizdə bunun üçün 

şəffaf şərait yaradılmışdır.  

Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev 2020-ci ilə qədər olan dövr üçün Azərbaycanın inkişaf 

strategiyasının işlənib hazırlanması barədə Sərəncam vermişdir. Bu strategiyaya əsasən Azərbaycanda imkansız 

adam qalmayacaq, qeyri-neft sektoru dinamik inkişaf edəcək, Azərbaycan həyat səviyyəsinin yüksək olduğu, 

inkişaf etmiş ölkələr sırasına keçəcəkdir.  

Əli Həsənov Azərbaycanın Avropaya inteqrasiyası məsələsinə toxunaraq konfrans iştirakçılarının diqqətinə 

çatdırmışdır ki, ölkəmiz hələ XIX əsrin axırlarında Avropaya inteqrasiya etməkdə idi. O vaxt Nobel qardaşları 

Bakıda neft hasilatı ilə məşğul olur, ölkədə mədəni inteqrasiya prosesləri gedirdi. Azərbaycanda sənətkarlıq və 

üzümçülüklə məşğul olan almanlar yaşayırdı. XX əsrin əvvəlindən Azərbaycan artıq Avropa ölkəsi idi. Lakin 

inteqrasiya birtərəfli ola bilməz, o, qarşılıqlı olmalıdır. Azərbaycandan Avropaya enerji resursları  nəql edilir, 

SOCAR neft şirkəti respublikanın hüdudlarından kənarda sərmayələr yatırır. Bir sözlə, Azərbaycanın Avropaya 

inteqrasiyası prosesi 100 illik tarixə malikdir və bu proses indi də davam edir.  

Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq diqqətə  çatdırmışdır ki, 200 illik 

tarixi olan bu münaqişə  car Rusiyası dövründə  fəallaşmışdır.  Əli Həsənov demişdir ki, son 200 ildə  Cənubi 

Qafqaz regionunda cərəyan edən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar dəfələrlə  öz doğma 

yurdundan zorla qovulmuş, etnik təmizlənməyə və deportasiyaya məruz qalmışlar. Öz planlarını mərhələlər üzrə 

həyata keçirən ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşlər. 

XX  əsrin  əvvəlində  Dağlıq Qarabağ iki dəfə (1905-1907-ci və 1918-1920-ci illərdə) qanlı erməni-

azərbaycanlı savaşlarının arenasına çevrilmişdir. Qədim tarixi və  mədəni qaynaqları olan bu münaqişə 

"yenidənqurma" illərində (1987-1988) yenidən kəskinləşmişdir. 

Əli Həsənov XX əsrin dəhşətli cinayətlərindən biri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 

Azərbaycanın Xocalı  şəhərində  törədilmiş soyqırımı barədə  söhbət açmış, qeyd etmişdir ki, həmin gecə 613 

nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 

Bildirilmişdir ki, beynəlxalq qiymətləndirmə  təşkilatının ilkin hesablarına görə  bu münaqişə  nəticəsində 

Azərbaycan iqtisadiyyatına təqribən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. Bir milyon qaçqın 

və  məcburi köçkün daim Azərbaycan dövlətinin tam himayəsindədir. Ölkədə  həyata keçirilən uğurlu iqtisadi 

islahatlar, neft strategiyası, bu istiqamətdə  ayrılan vəsaitlərin həcmini vaxtaşırı artırmağa imkan verir. Baş 

nazirin müavini bildirmişdir ki, bütövlükdə  ötən müddətdə  26 min qaçqın və  məcburi köçkün ailəsi üçün 76 

qəsəbə salınmışdır. 

Hazırda ölkəmizdə 49 beynəlxalq və 43 yerli humanitar təşkilat xətti ilə bu sahədə müxtəlif layihələr həyata 

keçirilir. Belə  təşkilatlardan biri də  İspaniyanın 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Aclığa qarşı 

hərəkat" beynəlxalq humanitar təşkilatıdır.  Əli Həsənov bu təşkilatın xeyriyyəçilik fəaliyyətinə  görə onun 

rəhbərliyinə təşəkkürünü bildirmişdir. 

Baş nazirin müavini vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün deyil, bütün 

region üçün, beynəlxalq birlik üçün təhlükə  mənbəyidir.  İşğal edilmiş  ərazilərdə narkotiklər yetişdirilir. 

Beynəlxalq birlik bu fakta göz yummamalıdır, çünki həmin narkotiklər, ilk növbədə Avropaya daşınır.  

Təəssüf ki, ATƏT, Avropa Şurası, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament 

Assambleyası kimi nüfuzlu təşkilatların qəbul etdiyi qətnamələr Ermənistan tərəfindən bu günə  qədər yerinə 

yetirilməmiş, onun barəsində isə hətta veto da tətbiq edilməmişdir. Beləliklə, ədalətsizlik davam edir.  

Baş nazirin müavini çıxışının sonunda ispaniyalı mütəxəssislərin Azərbaycanda həyata keçirilən nəqliyyat və 

tikinti layihələrində, habelə alternativ enerji mənbələrinin yaradılması üzrə layihələrdə  iştirakının 

mümkünlüyünü diqqətə  çatdırmışdır. O bildirmişdir ki, Azərbaycan bütün sahələrdə  İspaniya ilə  əlaqələrin 

inkişaf etdirilməsində maraqlıdır. 



Sonra çıxış üçün söz Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar  İnstitutunun 

direktoru Xesus Salvadora verilmişdir. O, Azərbaycanın tarixi barədə  ətraflı  məlumat vermişdir. 1988-ci ildə 

başlanmış münaqişə  nəticəsində  çoxlu insan tələfatı olduğunu vurğulayan X.Salvador faciəli 20 Yanvar 

hadisələrinin və Xocalı soyqırımının qurbanlarından da danışmışdır. 

X.Salvador vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda strateji rol oynayır. Müstəqillik  əldə 

etdikdən sonra demokratiya yolunu seçmiş Azərbaycanın xarici siyasətinin  əsas prioritetləri Azərbaycanın 

müstəqilliyinə  qarşı yönəlmiş bütün təhlükələri aradan qaldırmaq, milli təhlükəsizliyi təmin etməkdir. 

X.Salvador konfrans iştirakçılarının diqqətinə  çatdırmışdır ki, Azərbaycan enerji təchizatı sahəsində  etibarlı 

tərəfdaşdır və  Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə  öz töhfəsini verməyə  hazırdır. O 

vurğulamışdır ki, Azərbaycan ilə diplomatik əlaqələrin genişləndirilməsi zəruridir. 

Meksika Parlamentində  Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr aparılmasının tərəfdarlarından biri, 

Meksika Parlamentinin deputatı Xesus Ramirez Rangel öz çıxışında onun ölkəsindəki Azərbaycan səfirliyinin 

fəaliyyətindən razı qaldığını bildirmişdir. Xesus Ramirez Rangel siyasi sahədə əlaqələri genişləndirməyin vacib 

olduğunu bildirmişdir. O, bir məqamı da diqqətə  çatdırmışdır ki, Meksika yalnız faktlara əsaslansa da, 

Ermənistan tərəfindən təzyiq halları mövcuddur. Münaqişənin dinc yolla tənzimlənməsinə  üstünlük verən 

Meksikanın fikrincə,  ədalət beynəlxalq təşkilatlar tərəfindən bu problemin həllinə dair sənədlər, qətnamələr 

qəbul olunmasını  tələb edir. Meksikalı deputat Azərbaycanın öz sərhədlərini beynəlxalq hüquq normaları 

çərçivəsində  bərpa olunmasını  tələb etdiyini vurğulayaraq qeyd etmişdir ki, BMT Təhlükəsizlik  Şurası 

tərəfindən qəbul edilmiş, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə Ermənistan 

tərəfindən hələ  də  həyata keçirilməmişdir və  Meksika hökuməti həmin qətnamələrin müddəalarının yerinə 

yetirilməsini tələb edir. Bu təcavüzə son qoyulmalıdır. Ermənistan müharibədən imtina etməli və regionda sülh 

yaradılmasını  dəstəkləməlidir. Xesus Ramirez Rangel demişdir ki, Meksika Parlamentində  Dağlıq Qarabağ 

münaqişəsinə dair qətnamə qəbul edilməsi ölkənin yeni xarici siyasətinin əyani nümunəsi, fundamental və tarixi 

əhəmiyyətli hadisədir. 

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın iqtisadi vəziyyəti barədə  məlumat 

vermişdir. O, qeyd etmişdir ki, XXI əsrin  əvvəlində Azərbaycan regionda iqtisadi baxımdan dinamik inkişaf 

edən ölkəyə çevrilmişdir. Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının həcmi üç dəfə, ölkənin dövlət büdcəsi 

13 dəfə artmış, yoxsulluq səviyyəsi 46 faizdən 7,6 faizə düşmüşdür. S.Həsənova vurğulamışdır ki, Azərbaycan 

Dövlət Neft Fondu neft gəlirlərinin səmərəli toplanması məqsədilə yaradılmışdır. Azərbaycanda həyata keçirilən 

islahatlar beynəlxalq təşkilatlar tərəfindən də bəyənilmişdir. 

Nazir müavini Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq demişdir ki, 1,7 milyon hektar ərazi işğal 

altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min yaşayış evi və  mənzil 

dağıdılmışdır. S.Həsənova vurğulamışdır ki, Azərbaycanın işğal edilmiş  ərazilərində  fəaliyyət göstərən xarici 

şirkətlər barəsində müvafiq sanksiyalar tətbiq ediləcəkdir. 

S.Həsənova İspaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq xatırlatmışdır ki, 

hazırda Azərbaycanda İspaniyanın beş məşhur şirkəti fəaliyyət göstərir. 

Çıxışlardan sonra müzakirələr olmuşdur. Baş nazirin müavini Əli Həsənov çıxışlara münasibət bildirmişdir. 

Əli Həsənov Valensiya Katolik Universitetinin direktoruna Azərbaycanın tarixini və  inkişafını  təhlil etdiyinə 

görə  təşəkkürünü bildirərək diqqətə  çatdırmışdır ki, mümkün olan vasitələrdən istifadə etməklə regionda 

demoqrafik vəziyyəti dəyişmiş ermənilər Dağlıq Qarabağ əhalisinin 65 faizini təşkil edirdi. Azərbaycan Qərbin 

yolu ilə getmək niyyətində  deyildir.  Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham  Əliyev beynəlxalq 

tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, Azərbaycan öz yolu ilə gedir.  

Baş nazirin müavini Meksika parlamentinin deputatının çıxışını  şərh edərək vurğulamışdır ki, Meksika 

senatının Dağlıq Qarabağ münaqişəsinə dair qərarı beynəlxalq hüquq normaları əsasında qəbul edilmişdir. Əli 

Həsənov diqqətə  çatdırmışdır ki, Meksikada Azərbaycan-Meksika dostluq parkının, həmin parkda ulu öndər 

Heydər Əliyevin büstünün, habelə Xocalı qurbanlarının xatirə memorialının açılışı olmuş, bu memorial üzərində 

"soyqırımı" sözü yazılmışdır. Bundan dərhal sonra Ermənistanın xarici işlər naziri E.Nalbandyan Meksikaya 

səfər etmiş və onlara təzyiq göstərməyə çalışmışdır. Bu faktı Azərbaycan diplomatiyasının uğuru adlandıran Əli 

Həsənov Meksika Senatına təşəkkürünü bildirmişdir.  

Sonra Əli Həsənov suallara cavab vermişdir.  

Tədbirdə  çıxış edən Arkadio Diaz-Tejera Dağlıq Qarabağ probleminə  toxunaraq vurğulamışdır ki, əgər 

BMT-nin qəbul etdiyi, ədalətin bərpa olunmsı  məqsədi güdən qətnamələri yerinə yetirilmirsə, onları  qəbul 

etmək nəyə lazımdır. O bildirmişdir ki, dondurulmuş münaqişələrin həllində mühüm rol oynamalı olan İspaniya 

Senatı münaqişəyə dair müvafiq qətnamə qəbul etməlidir.  

Senatın nümayəndəsi Çikullio konfransa yekun vuraraq qeyd etmişdir ki, BMT-nin qətnamələri yerinə 

yetirilmir, Madrid prinsipləri həyata keçirilməli, qaçqınlar və  məcburi köçkünlər öz doğma yerlərinə 

qayıtmalıdırlar. O bildirmişdir ki, İspaniya Senatı hüquqi qərar qəbul edəcəkdir. Ermənistan öz qoşunlarını 


Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmalıdır. Axı, söhbət bir milyon insanın hüquqlarının pozulmasından, 

onların yaşayış şəraitindən gedir.  

Baş nazirini müavini Əli Həsənov İspaniya Senatında aparılmış dinləmələrin faydalı olmasını qeyd edərək 

demişdir ki, Azərbaycan nümayəndə heyəti bu bir neçə saat ərzində Azərbaycan reallıqları barədə  söhbət 

açmağa, ölkəmizin  ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə 

məlumat verməyə  çalışmışdır. Təəssüf ki, cəzasızlıq  şəraiti münaqişələrin genişlənməsinə, qaçqınların sayının 

artmasına, günahsız insanların ölümünə gətirib çıxarır. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları 

və ərazi bütövlüyü çərçivəsində dinc yolla tənzimlənməsinin tərəfdarıdır. 

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin