ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Müstəqilliyimiz əbədidir 

İkinci kitab 

Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin  

dövlət başçılarının zirvə görüşündə  

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi 

(25 oktyabr 1996-cı il) 

 

Hörmətli cənab sədr!  



Hörmətli dövlət və hökumət başçıları!  

Xanımlar və cənablar!  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ənənəvi görüşümüzdə iştirak edən hörmətli dövlət və 

hökumət başçılarını, nümayəndə heyətlərinin üzvlərini, beynəlxalq təşkilatların nümayəndələrini böyük 

məmnuniyyətlə salamlayıram.  

Zirvə  görüşümüzün sədri seçilməsi münasibətilə  Rusiya Federasiyasının baş naziri hörmətli Viktor 

Stepanoviç Çernomırdini ürəkdən təbrik edirəm, diqqətə, mehribanlığa və qonaqpərvərliyə, Rusiyanın paytaxtı 

gözəl Moskva şəhərində  işləməyimiz üçün əla  şərait yaratdıqlarına görə  Rusiya hökumətinə  və  bütün 

rusiyalılara minnətdarlığımı bildirirəm.  

Rusiyanın prezidenti Boris Nikolayeviç Yeltsinin bizim Zirvə  görüşümüzə  göndərdiyi təbrik məktubunu 

böyük rəğbətlə dinlədim, ona öz dərin hörmət və  ehtiramımı bildirirəm, tezliklə  sağalmasını, Rusiyada 

demokratiya və tərəqqi naminə səmərəli işləməsini arzulayıram.  

Biz Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının işində  iştirak etməyimizə  böyük  əhəmiyyət veririk. Bu 

təşkilat yaşamağa qabil olduğunu, zəruri və perspektivli olduğunu getdikcə daha artıq dərəcədə nümayiş etdirir.  

Razılıq hissi ilə demək olar ki, 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının 

birinci Zirvə  görüşündən sonra keçən dövr ərzində  xeyli iş görülmüş, xüsusən energetika, nəqliyyat, rabitə, 

ticarət sahəsində əməkdaşlığımız genişlənmiş və dərinləşmişdir.  

Qara dəniz regionunda çox mühüm nəqliyyat arteriyaları sistemi vardır və  hər hansı birgə layihənin 

müvəffəqiyyətlə  həyata keçirilməsi kommunikasiyaları inkişaf etdirmək sahəsində  əməkdaşlıqdan asılıdır. Bu 

baxımdan  Şərq-Qərb və  Şimal-Cənub dəhlizlərini yaratmaq yolu ilə  müasir tranzit Avrasiya nəqliyyat 

şəbəkəsinin formalaşdırılması  fəaliyyətimizin perspektivli istiqamətlərindən biridir. Həmin dəhlizlər nəticə 

etibarilə Qara dəniz regionunun bütün ölkələrinin nəqliyyat infrastrukturunu birləşdirməli və milli 

infrastrukturların Transavropa nəqliyyat sisteminin müvafiq qovşaqlarına inteqrasiya edilməsi perspektivini 

açmalıdır.  

Qara dəniz hövzəsini Qafqazla, Xəzər hövzəsi ilə bağlayan amillər çoxdur. Buna görə də, zənnimcə, başqa 

Xəzəryanı ölkələrin də Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının işinə  cəlb edilməsi təşkilatımızın 

potensialını və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.  

Azərbaycan Respublikası öz coğrafi mövqeyinə  görə Avropa ilə  Asiya arasında nəqliyyat və 

telekommunikasiya  əlaqəsini təşkil etmək imkanlarına malikdir və biz bu istiqamətdə bütün əlaqədar ölkələrlə 

sıx əməkdaşlıq etmək niyyətindəyik.  

Biz Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı ölkələrinin elektroenergetika sistemlərini birləşdirmək 

layihəsinə  böyük  əhəmiyyət veririk. Sevindirici haldır ki, Sofiyadakı Qara Dəniz Energetika Mərkəzi Avropa 

İttifaqı, beynəlxalq banklar və maliyyə strukturları bu layihənin həyata keçirilməsinə qoşulmuşlar.  

Mən Qara Dəniz Ticarət və  İnkişaf Bankının yaradılması haqqında sazişin təşkilatımızın iştirakçıları olan 

dövlətlər tərəfindən ratifikasiya edilməsini alqışlayıram və ümidvaram ki, gələn ilin əvvəllərindən həmin bank 

işləməyə başlayacaq, iri regional layihələrin investisiyalaşdırılmasını təmin edəcəkdir.  

Ötən illər ərzindəki fəaliyyətimizin uğurlarını lazımınca qiymətləndirməklə yanaşı, qeyd etmək istəyirəm ki, 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, zənnimcə, hələ də kifayət qədər çevik təşkilata çevrilməmişdir. Birgə 

layihələrin müvəffəqiyyətlə  həyata keçirilməsi üçün əməkdaşlığın hüquqi bazasını daha dəqiq 

müəyyənləşdirmək, elə  güclü təşkilat mexanizmi yaratmaq lazımdır ki, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq 

Təşkilatının bütün strukturlarının işini əlaqələndirə bilsin.  

Biz birgə  səylərlə Qara Dəniz  İqtisadi  Əməkdaşlıq regionunda özəl sahibkarlıq üçün əlverişli  şərait 

yaratmalıyıq və bundan ötrü təşkilatın işgüzar şurasının işini gücləndirməliyik.  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının açıqlığı, Avropa İttifaqı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı 

ilə, digər belə regional birliklər və  təşkilatlarla səmərəli  əməkdaşlığı onun ən mühüm vəzifəsi və 

müvəffəqiyyətinin rəhnidir. Bu cür əlaqələr həm iqtisadiyyat sahəsində birgə layihələrin müvəffəqiyyətlə həyata 

keçirilməsinə, həm də təşkilatımızın beynəlxalq nüfuzunun artmasına kömək edərdi.  

Hörmətli xanımlar və cənablar!  

XXI  əsrin, yeni minilliyin başlanğıcını  bəşəriyyət böyük ümidlə  gözləyir, sülhün, sabitliyin və  əmin-

amanlığın bərqərar olacağına ümid bəsləyir. Bizim borcumuz bu tarixi məqsədin həyata keçməsinə öz töhfəmizi 



verməkdən ibarətdir. Bu isə bizdən sülhün əleyhinə, müharibələrin, hərbi münaqişələrin qızışdırılmasına 

yönəldilən hər hansı niyyətin qarşısını qətiyyətlə almağı tələb edir.  

Bir çox müharibələrin ağır nəticələrini öz üzərində hiss etmiş Qara dəniz hövzəsi regionunun buna xüsusi 

ehtiyacı vardır. Son vaxtlar genişlənmiş separatçılıq, davakar millətçilik, beynəlxalq terrorizm təzahürlərini biz 

əzm və  qətiyyətlə  dəf etməliyik. Biz beynəlxalq hüquqi prinsipləri, yəni hər bir ölkənin  ərazi bütövlüyü

suverenliyi prinsiplərini qətiyyətlə müdafiə etməliyik.  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının proqramlarının həyata keçirilməsi üçün Qafqazın necə böyük 

əhəmiyyətə  malik olduğu məlumdur. Bununla yanaşı Qafqaz hərbi münaqişələrdən çox əzab-əziyyət çəkir, 

Qafqazın bütün ölkələri, bütün xalqları  əzab-əziyyət çəkirlər. Ona görə  də Qafqazda hərbi münaqişələrə son 

qoyulması Qara dəniz hövzəsində uğurlu iqtisadi əməkdaşlıq üçün ən mühüm şərtdir.  

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu ələ  keçirmək məqsədi ilə Ermənistan 

Respublikasının törətdiyi təcavüz ölkəmizə çox böyük ziyan vurmuşdur. Respublikamızın ərazisinin iyirmi faizi 

işğal edilmiş, bir milyondan çox soydaşımız öz yaşayış yerlərindən qovulmuş, qaçqına çevrilmişdir və  çadır 

şəhərciklərində çox ağır şəraitdə yaşayır.  

1994-cü ilin may ayında atəşkəs haqqında saziş  əldə edilmişdir. Ona indiyədək  əməl olunur. Lakin tam 

mənada sülh yoxdur. Biz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə  aradan qaldırılmasına ardıcıl 

surətdə  çalışırıq. Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz yaşayış yerlərinə 

qaytarılması, Azərbaycan dövlətinin tərkibində  Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi münaqişənin 

həll edilməsi üçün əsas prinsiplərdir. Məncə, belə  universal prinsip Qafqazda bütün hərbi münaqişələrə  sülh 

yolu ilə son qoyulmasının əsasını təşkil edə bilərdi.  

Zati-aliləri!  

Şübhə etmirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında bizim birgə işimiz regionumuzda sülhün və 

sabitliyin möhkəmlənməsinə, xalqlarımızın rifahının və tərəqqisinin yüksəlişinə kömək edəcəkdir.  

Buna görə də mən bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası həmin nəcib məqsədlərə nail olmaq 

naminə təşkilatımız çərçivəsində ən sıx əməkdaşlığa hazırdır.  

Diqqətinizə görə təşəkkür edirəm.  

 

Müstəqilliyimiz əbədidir 

Yeddinci kitab 


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauellin  

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri,  

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə  

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bəyanatı  

(Ki Uest şəhəri, 3 aprel 2001-ci il) 

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi hörmətli cənab Pauell!  



Hörmətli Minsk konfransının həmsədrləri!  

Hörmətli görüş iştirakçıları!  

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!  

Xanımlar və cənablar!  

Hər şeydən əvvəl, məni Amerika Birləşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab dövlət katibi, sizə 

minnətdarlığımı bildirmək istəyirəm. Qonaqpərvərliyə  və  işimiz üçün çox gözəl  şərait yaradıldığına görə 

Amerika Birləşmiş  Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyyət orqanlarına və  bu görüşün  bütün 

təşkilatçılarına təşəkkür edirəm.  

Bu görüşün xüsusi xarakteri ondan ibarətdir ki, ilk dəfə  olaraq ATƏT-in Minsk qrupu elə bir formatda 

toplaşmışdır ki, ATƏT-in Minsk konfransının həmsədrləri Ermənistan və Azərbaycan prezidentləri, digər görüş 

iştirakçıları ilə birlikdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  nizamlanması 

məsələsini bu formatda müzakirə edirlər.  

Təəssüf ki, əvvəllər belə  formatda görüşlər keçirilməmişdir.  İndiyədək uğur qazana bilməməyimizin 

səbəblərindən biri də bəlkə elə budur. Ümidvaram ki, bu görüş 12 ildən artıq davam edən münaqişənin həllində 

müsbət rol oynayacaqdır.  

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi Dünya Birliyinə kifayət qədər yaxşı 

məlumdur. Mübaliğəsiz deyərdim ki, bu münaqişə  dünyada uzun müddət  ərzində  öz həllini tapmayan 

münaqişələrdən biridir.  

Buna görə  də fürsətdən istifadə edərək, münaqişənin tənzimlənməsinə mane olan əsas səbəblər barəsində 

qısaca danışmaq və bəzi mülahizələrimi bildirmək istəyirəm.  

Məlumdur ki, bu münaqişə  əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə 

çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları ilə əlaqədar yaranmışdır. 1988-ci ildə bu münaqişə başlananda 

Ermənistan və Azərbaycan müttəfiq respublikalar kimi Sovet İttifaqının tərkibinə daxil idilər. Lakin Sovet 

İttifaqı  rəhbərliyinin Azərbaycana qarşı  ədalətsiz mövqeyi, bəlkə  də  münaqişənin qarşısını almaq istəməməsi 

nəticəsində münaqişə inkişaf edərək müharibəyə çevrildi.  

Qeyd etmək istəyirəm ki, Azərbaycan Dağlıq Qarabağ regionuna 1923-cü ildə Azərbaycan hökuməti 

tərəfindən muxtar vilayət statusu verilmişdi və vilayət özünün muxtariyyət hüquqlarından bütünlüklə istifadə 

edirdi. Buna görə də münaqişənin yaranması üçün heç bir obyektiv səbəb yox idi. Münaqişə başlananda Dağlıq 

Qarabağda 185 min əhali yaşayırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini isə azərbaycanlılar təşkil edirdi.  

Ermənistan qonşu ölkəyə  qarşı  ərazi iddialarını  həyata keçirməyə  cəhd göstərərək,  əvvəlcə  Dağlıq 

Qarabağdakı separatçı, terrorçu qüvvələri silahlı qarşıdurmaya təhrik etdi, sonra isə özü Azərbaycana qarşı hərbi 

təcavüzə başladı.  

Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. Onlar 

buradan bütün azərbaycanlıları  - təxminən 50 min adamı qovaraq, etnik təmizləmə  həyata keçirdilər. Bütün 

bunlar qətllər və  zorakılıq ilə  müşayiət olunurdu. Xocalı  şəhərinin sakinləri - azərbaycanlılar isə  soyqırımına 

məruz qaldılar.  

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı  işğal edərək, Dağlıq Qarabağ  Vilayətinin hüdudlarından 

kənarda hərbi əməliyyatlar apardılar və Azərbaycanın daha yeddi iri inzibati rayonunu da ələ keçirdilər.  

Beləliklə, 1993-cü ilədək Azərbaycan  ərazisinin 20 faizi zəbt olundu və  həmin  ərazilər indiyədək 

Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazidə hər şey dağıdılıb, talan edilib, yerlə-yeksan olubdur, 

900-dən çox irili-xırdalı yaşayış  məntəqəsi, 600-dək məktəb, 250 tibb müəssisəsi, bütün muzeylər, tarix və 

mədəniyyət abidələri məhv edilibdir.  

Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı həlak olubdur, 200 mindən çox adam yaralanıb və əlil 

olub, minlərlə adam əsir düşüb, girov götürülüb, itkin düşübdür. Bir milyona yaxın azərbaycanlı, yəni ölkənin 

hər səkkiz vətəndaşından biri öz torpağından məhrum olubdur və artıq doqquzuncu ildir ki, çadırlarda dözülməz 

dərəcədə ağır şəraitdə yaşayır. Bu çadırlarda tam bir yeni nəsil doğulub boya-başa çatmışdır.  

Bu gün dünyada bir dövlətin başqa bir dövlətin  ərazisini işğal etməsi, orada kütləvi etnik təmizləmə 

aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyildir. Təəssüf ki, Dünya Birliyi bu faciəni sükutla seyr 

edir. Azərbaycanın təcavüzkarı cilovlamaq barədə qanuni tələbləri isə dəstəklənmir.  


Doqquz il bundan əvvəl, 1992-ci il martın 24-də  ATƏM-in Nazirlər  Şurası özünün Helsinkidə  çağırılmış 

fövqəladə  iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail 

olmaq üçün Minsk konfransının keçirilməsi barədə  qərar qəbul etmişdir. Bununla da münaqişənin 

tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdır. Konfransın mandatını  və  danışıqlar prosesinin 

strukturunu müəyyənləşdirən bu qərar çox böyük əhəmiyyət daşıyır.  

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 

işğalı məsələsini bir neçə dəfə müzakirə etmişdir. Dörd qətnamə - 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli 

853 nömrəli, 14 oktyabr tarixli 884 nömrəli və 11 noyabr tarixli 874 nömrəli qətnamələr qəbul edilmişdir.  

Bu qətnamələrdə BMT-nin Təhlükəsizlik  Şurası Azərbaycanın işğal olunmuş  ərazilərindən Ermənistan 

silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxmasını, habelə qaçqınların və məcburi köçkünlərin daimi yaşayış 

yerlərinə, öz doğma torpaqlarına qayıtması üçün şərait yaradılmasını qətiyyətlə tələb etmişdir. BMT Azərbaycan 

Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, Dağlıq Qarabağ regionunun 

Azərbaycana mənsubiyyətini təsdiq etmişdir. Təhlükəsizlik  Şurası  həmçinin ATƏM-in Minsk qrupunun 

vasitəçilik fəaliyyətini də dəstəkləmişdir.  

Lakin bütün bu qətnamələr yerinə yetirilməmişdir və BMT-nin Təhlükəsizlik  Şurası indiyədək öz 

qərarlarının yerinə yetirilməsinin qayğısına qalmamışdır.  

1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə  keçirilən zirvə  görüşündə Ermənistan-Azərbaycan Dağlıq 

Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə  qərar qəbul olunmuşdur. 

ATƏM-in üzvü olan dövlətlərin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən etmiş  və  ATƏM-in 

Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdılar. 

Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk 

konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə  zonasında sülhün təmin edilməsi üçün ATƏM-in 

çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də qərar qəbul olunmuşdu.  

1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulu 

müəyyən edilmişdi. ATƏT-in üzvü olan bütün ölkələr, Ermənistan Respublikasından başqa, nizamlanmanın üç 

əsas prinsipini dəstəkləmişdilər. Bu prinsiplər Azərbaycan Respublikasının  ərazi bütövlüyünün təmin 

edilməsini, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə  təminat verilməklə Azərbaycanın tərkibində 

Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarə statusu verilməsini nəzərdə tuturdu.  

Beləliklə, beynəlxalq birlik nizamlamanın hüquqi bazasını müəyyən etmiş, danışıqlar təsisatını yaratmış və 

vasitəçilərin vəzifələrini müəyyən etmişdi. 

ATƏT-in Lissabon zirvə  görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti - 

Rusiya, ABŞ, Fransadır. Biz bu ölkələrə  böyük ümidlər bəsləyirdik və  güman edirdik ki, onların səyləri ilə 

münaqişə  tənzimlənəcək, Azərbaycanın  ərazi bütövlüyü bərpa olunacaq və  qaçqınlar özlərinin daimi yaşayış 

yerlərinə qayıdacaqlar. Lakin, təəssüf ki, hələlik bütün bunlar həyata keçməmişdir. BMT-nin və ATƏT-in qəbul 

etdikləri qərarların heç birini Ermənistan yerinə yetirmir. 

Minsk qrupunun həmsədrləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə 

dair üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 

1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə  münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin 

noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini vermişlər. 

Azərbaycan həmsədrlərin birinci və ikinci təkliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul 

etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddəaları beynəlxalq  hüququn norma və prinsiplərinə zidd idi. 

Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə də Ermənistan bu təklifləri 

qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqe tutdu. 

Həmsədrlərin "ümumi dövlət" təklifini biz qəbul etmədik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan 

"ümumi dövlət" məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və  ərazi qurumu kimi nəzərdə tutur, ona 

Azərbaycan ilə bərabər hüquqlu "ümumi dövlət" subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və 

normalarına tamamilə ziddir. Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir. 

Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, 

danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi 

bütövlüyünün bərpa olunmasına, qaçqınların daimi yaşayış yerlərinə  qaytarılmasına səy göstərməli idilər. 

Azərbaycanın ayırmaz  tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində  ən yüksək dərəcəli 

özünüidarə statusu verilə bilər. 

Təəssüf ki, həmsədrlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq 

normalarına müvafiq surətdə  lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in 

Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticələri vermir. 



1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan 

prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində  biz prezident Koçaryan ilə Cenevrədə, 

Moskvada,  İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə  respublikamızın sərhədində  çoxsaylı 

görüşlər keçirmişik. 

Ermənistan prezidenti ilə  dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi 

və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul 

kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis 

əldə edilməsinə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi. 

Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə sərt qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də 

bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən 

istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir 

hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır. 

Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə 

mövqeyi tutmuşlar və  onlar öz fəaliyyətini "prezidentlər nə barədə  razılığa gəlsələr,  bu, ATƏT üçün məqbul 

olacaqdır" prinsipi ilə məhdudlaşdırmışlar. 

Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir. 

Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə  tamamlayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin 

irəliləyişini təmin etməlidir. 

Beynəlxalq hüququn prinsip və  normalarına, BMT-nin nizamnaməsinə  uyğun olaraq, BMT-yə daxil olan 

hər bir müstəqil dövlət  ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı  tərəfdən və  xüsusən bu 

münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun 

Minsk qrupu bu prinsipə  möhkəm  əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə  hər cür kömək 

göstərməlidirlər. 

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. 

Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların 

möhkəmləndirilməsini təmin etmək  əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn  ərazi 

bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri  şübhə  altına 

alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə 

beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün 

tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz. 

Mən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində  yaranmış  vəziyyətin tarixini şərh edərək 

bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında  əldə  olunmuş atəşkəs rejiminə  əməl edilməsinə 

sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə  nail olmaq üçün səylər 

göstərəcəyik. 

Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çətin vəziyyətdə olduğumuzu təsəvvür etməyə 

sizə  imkan verir. Buna görə  də  mən ATƏT-in Minsk qrupunun həmsədrlərinə - Rusiyaya, ABŞ-a, Fransaya 

müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini 

fəallaşdırmağa çağırıram. 

Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə  vətəndaşının 

çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh əldə edilməsində  hamıdan çox 

maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm 

sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır. 

Biz bu görüşə  böyük ümidlərlə  gəlmişik və  ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın, 

Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe tutacağını gözləyirik. 

Diqqətinizə görə təşəkkür edirəm. 

 

3 aprel 2001 



Moldova Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər və  

Avropa İnteqrasiyası Naziri Andrey Stratan ATƏT-in  

İllik Təhlükəsizliyin İcmalına dair konfransında 

GUAM adından bəyanatla çıxış etmişdir 

 

2005-ci ilin iyun ayının 21-də  Moldova Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər və Avropa 



İnteqrasiyası Naziri Andrey Stratan ATƏT-in İllik Təhlükəsizliyin İcmalına dair konfransında GUAM adından 

Vyana şəhərində bəyanatla çıxış etmişdir.  

Çıxışında Helsinki Yekun Aktının 30-cu ildönümü və  Paris Xartiyasının 15-ci ildönümü ərəfələrində 

ATƏT-in  İllik Təhlükəsizliyin  İcmalına dair Konfransında iştirak etməkdən xüsusi məmnunluq hiss etdiyini 

söyləyən A.Stratan, bu tədbirin nailiyyətlərin və təşkilatın üzləşdiyi problemlərin nəzərdən keçirilməsi üçün çox 

gözəl imkan olduğunu vurğulamışdır.  

A.Stratan GUAM-ın adından danışmaqdan məmnun olduğunu ifadə  etmiş  və  ölkələr arasında 

təhlükəsizlik sahəsində, xüsusən də ATƏT çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini bildirmişdir.  

O, həmçinin, GUAM ölkələrin bəzilərinin üzləşdiyi təhlükəsizlik problemlərini ardıcıl olaraq ATƏT-in 

diqqətinə çatdırıldığını və Moldovanın şərq, Gürcüstanın Abxaziya və Tsinxivali, Azərbaycanın Dağlıq Qarabağ 

regionlarındakı mövcud konfliktlər Avro-Atlantik məkanda təhlükəsizlik və sabitliyə  təhlükə  törətməklə  adı 

çəkilən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və  müstəqilliyini sarsıdır, demokratik islahatlar və iqtisadi 

inkişafın tam həcmdə həyata keçirilməsini çətinləşdirir, Avropaya inteqrasiya prosesinə mənfi təsir göstərdiyini 

söyləmişdir. GUAM ilk növbədə  ərazi bütövlüyü və beynəlxalq sərhədlərin  toxunulmazlığını ehtiva edən 

beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT və  ATƏT çərçivəsində  qəbul edilmiş müvafiq 

qətnamə  və  qərarlara uyğun olaraq ATƏT də  daxil olmaqla münaqişələrin həlli istiqamətində beynəlxalq 

səylərin sürətlənməsinə çağırır.  

GUAM Dnestryanı münaqişə kontekstində Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində  mövcud 

problemlərin həllində  ATƏT-in iştirakını  dəstəkləyir və  hesab edir ki, bu münaqişənin ümumi həlli 

istiqamətindəki səylərə real və praktiki töhfə verir.  

GUAM Gürcüstanda Cənubi Osetiya münaqişəsinin həllində Birgə Sülhməramlı Qüvvələrin və ATƏT-in 

Gürcüstandakı Missiyasının aktiv nəzarəti altında keçirilməsi nəzərdə  tutulan münaqişə  ərazisinin mərhələli 

demilitarizasiyasına dair razılaşmanın həyata keçirilməsi istiqamətində ATƏT-i öz səylərini intensivləşdirməyə 

təkid edir və Birgə Nəzarət Komissiyasının iclasında Cənubi Osetiyanın Gürcüstan tərkibində siyasi statusunu 

müəyyənləşdirilməsi də  daxil olmaqla Gürcüstanda münaqişənin sülh yolu ilə  davamlı  həll edilməsinə yeni 

təkan verməyə dair qərarına uyğun olaraq, ATƏT-i münaqişə  tərəflərinin yüksək səviyyəli nümayəndələrinin 

görüşün keçirilməsinə çağırır.  

Gürcüstan dövləti tərkibində  Abxaziya münaqişəsinin sülh yolu ilə  həll edilməsinə nail olmaq 

istiqamətində  ATƏT də daxil olmaqla beynəlxalq birliyin davam edən səyləri ilə  yanaşı, GUAM ATƏT-in 

bütün regionda BMT/ATƏT-in birgə Suxumi Ofisinin vasitəsilə  bütövlüklə  regionda insan hüquqlarına dair 

vəziyyətin effektiv monitorinqinin aparılmasına dair səylərin aktivləşdirilməsinə  və Qali rayonunda onun 

şöbəsinin açılmasına çağırır.  



GUAM, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın  ərazi bütövlüyünə  hörmət prinsipi əsasında 

həllinə tam və birmənalı  dəstəyini bir daha qeyd edərək, Azərbaycan Respublikasının çərçivəsində  Dağlıq 

Qarabağ regionunda erməni və Azərbaycan icmaları arasında sülh və  əməkdaşlığın yaradılması məqsədilə 

Praqa görüşlərinin nəticələr  əsasında tərəflər arasında danışıqların sürətlənməsi alqışlayır və  ATƏT-i, 

xüsusilə də Minsk Qrupunu bu məqsədlə öz səylərini artırmağa çağırır.  

Avropada Adi Silahlara dair Müqavilə Avropa təhlükəsizliyinin təməl daşıdır. Adaptasiya olunmuş 

“Avropada Adi Silahlara dair Müqaviləni” vaxtında qüvvəyə minməsini dəstəkləyərək, GUAM İstanbul 

Öhdəliklərinin həyata keçirilməsini ratifikasiya prosedurasına başlanılması üçün vacib şərt olduğu barədə  öz 

mövqeyini bir daha vurğulayır. Rusiya Federasiyasının öz beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün bütün 

mümkün addımları atacağına, və  bununla da regionda etibarın və sabitliyin artırılmasına öz töhfə verəcəyinə 

ümidvar olduğunu bildirmişdir.  

GUAM Dövlətləri Gürcüstan və  Rusiya Federasiyası Xarici İşlər Nazirlərinin 30 may 2005-ci il tarixli 

Birgə  Bəyanatında göstərildiyi kimi Gürcüstan ilə  Rusiya Federasiyası arasında Gürcüstan  ərazisində qalan 

Rusiya hərbi bazalarının 2008-ci ilə  qədər Gürcüstan ərazisindən çıxarılmasına dair əldə  edilmiş razılaşmanı 

alqışlayır və  ümidvar olduğunu bildirirlər ki, Bəyanatda  əksini tapmış bütün öhdəliklər nəzərdə  tutulmuş 

müddət ərzində tamamilə yerinə yetiriləcəkdir.  

Konfrans zamanı müzakirə ediləcək əsas məsələlər – hərtərəfli təhlükəsizlik, digər regional təşkilatlarla 

əməkdaşlıq və terrorçuluğa qarşı mübarizə həmçinin GUAM-n gündəliyinin başında durur. GUAM terrorçuluq, 



mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərə  qarşı mübarizə sahəsində  özünəməxsus təcrübəyə 

malikdir. Beləliklə, GUAM-a üzv olan Dövlətlər arasında  Əməkdaşlığa dair Razılaşma imzalanaraq yuxarıda 

qeyd olunan hallara qarşı mübarizə məqsədilə GUAM Virtual Mərkəzinin və Dövlətlərarası İnformasiya Analizi 

Sisteminin yaradılması layihələrinin həyata keçirilməsinə  artıq başlanmışdır. C-b Stratanın dediyinə  görə, 

Kişinyov Sammitində  qəbul edilmiş  sənədlərdə  GUAM Dövlətlərinin Prezidentləri təhlükəsizliyin müxtəlif 

aspektlərinə, o cümlədən Konfransın müzakirə mövzularına xüsusi diqqət yetirmişlər.  

 

 21 iyun  2005-ci il 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin