ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
  1   2   3   4   5   6   7   8

Digər beynəlxalq təşkilatlar 

 

ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı  

(26 oktyabr 1993-cü il) 

 

Hörmətli qonaqlar!   



Məni xəbərdar etdilər ki, rus dilində  danışmaq lazımdır, baxmayaraq ki, bizdə  dövlət dili Azərbaycan 

dilidir. Lakin xanım Uqlas və nümayəndə heyətinin üzvləri üçün rus dilindən tərcümə etməyin asan olduğunu 

nəzərə alaraq, mən rus dilində danışacağam. Bir də ki, bu dili hamı başa düşür.  

Mən ATƏM-in sədri,  İsveçin xarici işlər naziri xanım Marqareta af Uqlası  və  nümayəndə heyətinin 

üzvlərini salamlayır, Azərbaycanda olduqları müddətdə onlara səmərəli fəaliyyət və bizdən ötrü mühüm və çox 

zəruri olan bu missiyaya uğurlu nəticələr arzulayıram. 

Respublikamız elə vəziyyətdədir ki, beynəlxalq təşkilatların, o cümlədən də ATƏM kimi nüfuzlu və geniş 

beynəlxalq təşkilatın köməyinə  və  dəstəkləməsinə  xüsusilə  ehtiyacı var. Biz son vaxtlar ATƏM-lə intensiv 

əlaqə saxlayırıq, burada müxtəlif tərkibli nümayəndə heyətləri ilə, o cümlədən Minsk konfransının sədri Mario 

Raffaelli başda olmaqla Minsk qrupunun nümayəndə heyəti ilə görüşmək imkanımız olmuşdur. Biz Azərbaycan 

Respublikasının taleyi ilə bağlı çox mürəkkəb problemlərin həllindəATƏM-in fəaliyyətinə həmişə böyük ümid 

bəsləmişik. Bu gün isə ATƏM-in nümayəndə heyətini  ən nüfuzlu tərkibdə, xüsusən də ATƏM-in sədri xanım 

Uqlas başda olmaqla qəbul edirik. 

Biz son günlər sizin bəzi ölkələrə səfərinizi diqqətlə izləyir və nəzərdə tutduğumuz cədvələ uyğun olaraq 

buraya gəlişinizi səbirsizliklə  gözləyirdik. Təəssüf edirəm ki, siz Azərbaycana səfəriniz üçün belə az vaxt 

ayırırsınız. Zənnimcə, Azərbaycanın düşdüyü mürəkkəb vəziyyəti nəzərə alaraq, başqa ölkələrlə müqayisədə bir 

qədər çox vaxt ayırmaq lazım idi. Lakin biz təvazökarlıq edib bununla da kifayətlənirik.  

Sizə  yaxşı  məlumdur ki, Azərbaycan üçün indi başlıca problem dövlətimizin  ərazisində  döyüş 

əməliyyatlarının dayandırılması, Azərbaycanın müharibə vəziyyətindən çıxması və Azərbaycan Respublikasinin 

suveren hüquqlarının təmin edilməsidir. Bununla əlaqədar biz ATƏM-in fəaliyyətinə  çox böyük ümid 

bəsləmişik və indi də bəsləyirik.  

Azərbaycan xalqının, Azərbaycan Respublikasının həyatı ilə bağlı problemlərin həlli sahəsində ATƏM -in 

bu vaxta qədərki fəaliyyətindən danışsaq, əlbəttə, burada müsbət məqamların olduğunu da deyə bilərik. Lakin 

bununla belə, bu gün bizim əsasımız var deyək ki, qəti nəticələr baxımından belə deyildir. İndi respublikamızda 

böhranlı  vəziyyət yaranmışdır. Mən bilmirəm, bu, sadəcə  təsadüfdür, yoxsa sizin gəlişinizlə  əlaqədar xüsusi 

olaraq yaradılmış  şəraitdir, lakin hər bir halda, bizdən ötrü nə  qədər böhranlı  və faciəli olursa-olsun, indiki 

vəziyyət  real faktdır. Sizin Azərbaycan üçün məhz belə  ağır dövrdə buraya səfərinizi respublikamızın bütün 

vətəndaşları diqqətlə izləyirlər. Buna görə  də  biz çox istəyirik ki, sizin buraya səfəriniz ATƏM-lə  bağlı 

olduğumuz problemlərin həllində konkret əməli nəticələrlə başa çatsın...  

Xanım Uqlas, erməni silahlı birləşmələrinin təcavüzkar hərbi əməliyyatını pisləyən bəyanat verdiyinizə görə 

ilk növbədə sizə  təşəkkür etmək istəyirəm. Həmin təcavüz nəticəsində  son günlər Azərbaycanda vəziyyət 

olduqca mürəkkəbləşmiş  və on minlərlə adam daimi yaşayış yerlərini tərk etmişdir və  indi ağır müsibət 

içərisindədir. Zənnimcə, ATƏM-in sədri kimi, sizin bəyanatınızın çox mühüm siyasi əhəmiyyəti var və ümid 

edirəm ki, həmin bəyanat vəziyyətin dəyişməsinə təsir göstərəcək. Buna görə, sizə təşəkkür edirəm.  

Əlbəttə, biz çox istəyirik ki, dövlət müstəqilliyi  əldə  etmiş Azərbaycan Respublikasının qarşısında duran 

bütün problemlərin həllində  ATƏM-in imkanlarından istifadə edək. Lakin hazırda bizdən ötrü ən kəskin, 

mühüm problem Azərbaycanın  ərazi bütövlüyünü, dövlət suverenliyini, sərhədlərinin toxunulmazlığını, 

respublikamızın hərbi təcavüzə  məruz qalan, həlak olan, daimi yaşayış yerlərini itirən vətəndaşlarının, 

sakinlərinin həyatının qorunmasını təmin etmək problemdir. Bütün bu vəziyyət böyük faciəyə gətirib çıxarır.  

Biz bazar iqtisadiyyatı, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi və  demokratik inkişaf yolu 

tutmuş  gənc müstəqil dövlət kimi Azərbaycanın qarşısında duran bütün başqa məsələlərlə  bağlı problemlərin 

həllində  ATƏM-in imkanlarından istifadə etmək barədə sizin təkliflərinizi məmnuniyyətlə  qəbul edirik. Lakin 

bir daha qeyd edirəm ki, bizdən ötrü son dərəcə  mühüm problem hərbi  əməliyyatların dayandırılması  və 

Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmiş qoşunların respublika ərazisindən çıxarılmasıdır.  

Son aylar ərzində Azərbaycan Respublikası  rəhbərliyinin və  şəxsən mənim bu problemin sülh yolu ilə 

həllinə  qəti  şəkildə  tərəfdar olduğumuzu sübut etməyə  ehtiyac yoxdur. Çünki atəşin dayandırılması haqqında 

dəfələrlə  imzalanmış sazişlər də, sonuncu belə  saziş də  məhz Azərbaycan tərəfinin təşəbbüsü və  cəsarət edib 

deyim ki, şəxsən mənim təşəbbüsümlə mümkün olmuşdur.  



Biz bilirik ki, ATƏM siyasi təşkilatdır, onun müvafiq silahlı birləşmələri yoxdur. Eyni zamanda belə hesab 

edirik ki, ATƏM kifayət qədər nüfuzlu beynəlxalq təşkilatdır və  bir halda ki, biz müharibə  vəziyyətindən 

çıxmaqla bağlı problemlərimizin bu məsələnin məhz siyasi yolla həll ediləcəyinə  ümid bəsləyirik, deməli, 

əlbəttə ki, ATƏM-in fəaliyyətindən çox şey gözləyirik.  

Gizlətmirəm, respublikanın vətəndaşları da, müxtəlif siyasi xadimlər, o cümlədən müxalifətdə olan xadimlər 

də, xarici müxbirlər də  mənə tez-tez sual verirlər: BMT Təhlükəsizlik  Şurasının, istər ATƏM-in Minsk 

qrupunun, istərsə də, ümumiyyətlə, ATƏM-in dəfələrlə qəbul etdiyi qərarların həyata keçirilməyərək qaldığını 

bilə-bilə, siz doğrudanmı inanırsınız ki, bu məsələni ATƏM-in qüvvəsi ilə, ATƏM-in, Birləşmiş Millətlər 

Təşkilatının, onun Təhlükəsizlik Şurasının imkanları ilə həll etmək olar?  

Həqiqətən də bu bir faktdır ki, vaxt gedir. BMT-nin Təhlükəsizlik Şurası üç dəfə çox mühüm qətnamə qəbul 

etmişdir, ATƏM-in Minsk qrupu işğal qoşunlarının Azərbaycan ərazisindən çıxarılması haqqında bir neçə dəfə 

cədvəl tərtib etmişdir, gah Romada, gah Vyanada, gah da Cenevrədə  və daha haradasa dəfələrlə iclaslar 

keçirmişdir. Özü də  dünyanın  ən böyük, nüfuzlu beynəlxalq təşkilatlarından  - BMT və  ATƏM-dən, Qarabağ 

münaqişəsi deyilən məsələnin həlli üçün ATƏM çərçivəsində xüsusi olaraq yaradılmış Minsk qrupundan söhbət 

gedir.  Lakin onların bütün qərarları yalnız bir tərəfin - Dağlıq Qarabağın ortaya atdığı maneələrlə  qarşılaşır. 

Buna görə də adamlarda istər-istəməz bədbinlik yaranır.  

Siz qeyd etdiniz ki, ATƏM-in cənab Mozberq, cənab Sika və cənab Kazimirov kimi nüfuzlu xadimləri də 

respublikamızın problemləri və atəşin dayandırılması, işğal qoşunlarının ərazimizdən çıxarılması məsələləri ilə 

ATƏM tərkibində  fəal   və  geniş  iş aparırlar. Mən onlara şəxsən hörmət bəsləyirəm, dəfələrlə onlarla 

görüşmüşəm və  fəaliyyətlərinə  böyük ehtiramla yanaşıram,  şadam ki, onlar bu gün burada bizimlə 

birlikdədirlər. Lakin bütün bunlar nəticə vermir. Təkrar edirəm, BMT Təhlükəsizlik  Şurasının qətnamələri 

nəticəsiz qaldıqda, həmin bədbinlik istər-istəməz mənə də sirayət edir. Lakin bununla belə əminəm ki, ATƏM-

in imkanlarından və əlbəttə, ATƏM vasitəsi ilə Təhlükəsizlik Şurasının imkanlarından indiyədək kifayət qədər 

istifadə edilməmişdir. Çox istəyirəm ki, bizim sizinlə  görüşümüz bu son dərəcə  mürəkkəb problemin həllində 

ATƏM-in daha müvəffəqiyyətli fəaliyyəti üçün başlanğıc nöqtəsi olsun...  

Başa düşürəm, ATƏM-in baş katibi vəzifəsi nə deməkdir, onun çox böyük əhəmiyyəti var. Mən baş katibi 

tanıyıram, onunla Naxçıvanda  əvvəlki işimdən tanışam. Lakin indiki halda ATƏM-in sədri ilə ilk dəfə 

görüşdüyümdən istifadə edərək sizə, sizin bütün nümayəndə heyətinizə, o cümlədən də baş katibə üz tuturam. 

Siz baş katibə  söz verməzdən  əvvəl icazənizlə  daha bir neçə  kəlmə deyəcəyəm, sonra isə  baş katibi 

məmnuniyyətlə dinləyərik. Söylədiyiniz fikirlərlə əlaqədar bir neçə qeydimi bildirmək istəyirəm.  

Siz dediniz ki, beynəlxalq təşkilatların imkanları da var, nöqsanları da. Lakin bu zaman siz müvafiq tərəflər 

arasında bilavasitə əlaqənin zəruri olduğunu da xatırlatdınız. Siz haqlısınız ki, əvvəlki Azərbaycan rəhbərliyində 

bu cəhət çatışmırdı. Mən bunu yüksək qiymətləndirirəm ki, siz bu məsələyə Azərbaycan rəhbərliyinin 

münasibətində  dəyişiklikləri, o cümlədən mənim  şəxsi münasibətimi qeyd etdiniz. Amma siz razılaşmaya 

bilməzsiniz ki, Azərbaycan tərəfindən münasibətin dəyişməsi bu məsələnin həlli üçün daha əlverişli  şərait 

yaratmalı idi. Bir necə ay bundan əvvəl Azərbaycan rəhbərliyi Dağlıq Qarabağla heç bir əlaqəni qəbul etmir və 

yaxın qoymurdu. Odur ki, mən bu əlaqələrlə  bağlı addımlar atmağa başladıqda Azərbaycanın  müxalifəti və 

Azərbaycanda bəzi dairələr tərəfindən çox böyük tənqidə  məruz qaldım. Mən bunu məhz sizin dediyiniz 

prinsipləri əsas tutaraq edirdim. Lakin indi mən həmçinin bununla əlaqədar tənqidə məruz qalıram ki, atdığım 

addımlar müsbət nəticələr verməkdənsə,  əksinə, vəziyyətimizi daha çox pisləşdirmişdir. Bir diqqət yetirin, 

iyunda Mario Raffaelli başda olmaqla nümayəndə heyəti buraya gəldikdə  biz onunla görüşdük, o, Bakıda, 

Ağdam rayonunda, Qarabağda, Yerevanda oldu. Biz əvvəllər ermənilər tərəfindən işğal olunmuş  Kəlbəcər 

rayonundan qoşunların çıxarılması  cədvəli ilə tamamilə  razı idik, lakin Mario Raffaelli Azərbaycandan 

getdikdən bir neçə gün sonra Ermənistan silahlı birləşmələri Ağdam rayonunu işğal etdilər. Buna baxmayaraq, 

biz bundan sonra da Ermənistanla  əlaqələr saxladıq,  şəxsən mənim Levon Ter-Petrosyanla əlaqələrim oldu, 

sonra bizim rəhbərlərin Dağlıq Qarabağ  rəhbərləri ilə, o cümlədən parlament sədrinin müavini Afiyəddin 

Cəlilovun,  baş nazirin müavini Abbas Abbasovun, ordumuzun baş qərargahının rəisi Səfər Əbiyevin əlaqələri 

oldu. Bu şəraitdə də respublikamıza qarşı təcavüz davam etdi, həm Ağdam, həm Füzuli, həm Cəbrayıl, həm də 

Qubadlı rayonları  işğal olundu. Biz barışıq haqqında saziş bağladıq. O da pozuldu. Sağ olun ki, sazişin 

Ermənistan tərəfindən pozulduğu barədə  bəyanat verdiniz. Son günlər hərbi  əməliyyatlar nəticəsində on 

minlərlə adam acınacaqlı vəziyyətə düşmüşdür. Dünən onların bir qismi İmişli rayonunun ərazisinə qayıtmışdır. 

ATƏM-in nümayəndələri də  oraya getmişlər. Onlar qaçqınların nə  vəziyyətdə  olduqlarını öz gözləri ilə 

görəcəklər. Budur mənim əlaqələrimin nəticəsi.  

Gərək ki, dünən sizə Azərbaycanın xəritəsini göstərdilər.  İndi vəziyyətin necə  olduğu göz qabağındadır. 

Zəhmət olmasa, bir baxın. Budur, daha aydın xəritə. Dağlıq Qarabağa tamamilə ermənilər nəzarət edirlər. 

Sonralar Laçın rayonu işğal olunmuşdur. Bir baxın, il yarım bundan əvvəl bu, necə bir ərazi idi. Bu ilin aprel 



ayının əvvəllərində Kəlbəcər rayonu, sonra 150 min nəfərdən çox əhalisi olan Ağdam rayonu, Füzuli, Cəbrayıl, 

Qubadlı rayonları işğal olundu.  

Zəngilan rayonu mühasirədədir. Dünən çox cətinliklə nail olduq ki, bu rayon işğal edilməsin. Bu məsələ ilə 

gecədən keçənədək məşğul olduq. Ermənistan işğalçı qoşunları artıq  İranla sərhədə  çıxmış, Azərbaycan-İran 

sərhədinin  əksər hissəsinə  nəzarət edirlər.  Əslində  münaqişə beynəlmiləlləşdirilmişdir. Bayaq dedim ki, on 

minlərlə adamımız İran ərazisindədir.  

Bəs nə üçün belə olur? Axı biz danışmışdıq ki, atəş dayandırılsın, Dağlıq Qarabağla bağlı məsələyə baxılsın. 

Amma yeni-yeni rayonlar işğal olunur, Ermənistan tərəfi güc mövqeyindən hərəkət edir və öz şərtlərini qəbul 

etdirir.  

Bütün bu günlər ərzində biz məhz Dağlıq Qarabağla, təbii ki, həmçinin Ermənistan rəhbərliyi ilə intensiv 

əlaqələr saxlamışıq. Lakin bu əlaqələr bir nəticə  vermir. Bax, siz insan hüquqlarının müdafiəsində  ATƏM-in 

mühüm vəzifəsindən danışdınız. Bəs respublikanın bütün ərazisində ağır vəziyyətdə olan bir milyon nəfərdən 

çox qaçqının hüquqları tapdanmırmı, pozulmurmu? Zəngilanda təxminən altmış min adam mühasirədədir. 

Bayaq dedim ki, on minlərlə adam İran ərazisindədir. Onların bir qismi Arazdan keçərək İmişliyə qayıtmışdır. 

Dünən bütün gecə biz bu məsələ ilə  məşğul olmuşuq. Dövlət katibi Lalə  xanım Hacıyeva sizə bu barədə 

danışmışdır. Biz bütün şərtlərlə  razılaşmışıq.  Əgər bu da kömək etməsə, beynəlxalq təşkilatlar-istər BMT, 

istərsə də ATƏM bir şey edə bilməsələr, onda yalnız Allaha müraciət etməli və ya elliklə səfərbərliyə başlamalı, 

ya şəhid olmaq, ya da hadisələrin inkişafını dayandırmaq üçün döyüşə atılmalı olacağıq. Yeri gəlmişkən, son 

günlərin həyəcanlı hadisələri ona gətirib çıxarmışdır ki, xalq məndən bunu tələb edir. Mən bir tərəfdən, bu 

əlaqələrə  razılıq verdiyimə  görə  tənqidə  məruz qalıram, digər tərəfdən isə, tələblər irəli sürürlər ki, biz belə 

vəziyyətdə  olmaqdansa ölməyə,  şərəflə,  şöhrətlə  ölməyə  hazırıq. Buna görə  də  vəziyyət nəinki sadəcə faciəli, 

hətta ondan da betərdir. Belə hesab edirəm ki, beynəlxalq təşkilatlar bu problemin həllində  kömək 

göstərməlidirlər. Düşünürəm ki, sizin baş katib buna daha konkret cavab verəcəkdir...   

Mən sizinlə tamamilə razıyam, bu məsələdə aramızda ziddiyyət yoxdur. Mən artıq bildirdim ki, biz Minsk 

qrupuna və  bütünlükdə  ATƏM təşkilatına böyük hörmətlə  yanaşır, ona böyük ümid bəsləyirik. Biz bundan 

sonra da əməkdaşlıq edəcəyik və ATƏM-in Minsk qrupunun səmərəli fəaliyyətinə çox ümid edirik. Lakin mən 

söhbətimizin  əvvəlində  dedim ki, xanım Uqlasın bu gün verdiyi bəyanat erməni silahlı birləşmələrinin 

təcavüzkar hərəkətlərini pisləyən siyasi bəyanatdır. Bunun özünün çox böyük əhəmiyyəti var. Yaxud götürək 

dünən bu məsələ barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində verilmiş bəyanatı. Həmin bəyanatda 

erməni silahlı birləşmələrinin son günlər işğal etdikləri  ərazidən dərhal çıxarılması tələb olunmuşdur. Bundan 

əlavə, bizimlə çox fəal əməkdaşlıq edən və bu məsələ ilə geniş məşğul olan cənab Kazimirov dünəndən, Bakıya 

gəldiyi andan etibarən bu prosesə  ciddi  şəkildə  qoşulmuş, hərbi birləşmələrin son günlər tutduğu  ərazidən 

çıxarılmasına nail olmaq üçün Qarabağla, Yerevanla və bizimlə əlaqə saxlamışdır. Biz gələcəkdə də belə siyasi 

fəaliyyətə  bel bağlayacağıq. Lakin siz bilirsiniz ki, vəziyyət bizdən daha konkret, daha qəti tədbirlər görməyi 

tələb edir. Adamlar sərhədi keçib İrana getmiş  və gecə, demək  olar, çılpaq halda, çox çətin vəziyyətdə 

Azərbaycan  ərazisinə  qayıtmışdır. Biz onlardan ötrü sığınacaq yeri, əyin-baş tapa bilmirik. Mən hələ  onların 

bütün var-dövlətini, yaxın adamlarını itirmələrini demirəm. Belə şəraitdə biz bütün təcavüzkar hərəkətlərə son 

qoymalıyıq.  

Mən sizin imkanlarınızı realistcəsinə qiymətləndirirəm. Lakin siz də  yaranmış  vəziyyəti beləcə 

qiymətləndirməli və  görülə biləcək tədbirlərə, ola bilsin, ən qəti tədbirlərə, realistcəsinə  yanaşmalısınız. Axı, 

səbrin də sonu var. Buna görə də mən bir daha bu məsələnin siyasi yolla həllinə tərəfdar olduğumu bildirirəm. 

Məsələnin siyasi yolla həlli isə yalnız sizin iştirakınızla, sizin geniş fəaliyyətiniz nəticəsində mümkündür...  

Bu fikirdə qalmaq istəyirəm: biz inanırıq, ümid edirik və belə hesab edirik ki, ATƏM-in ehtiyatlarından və 

imkanlarından daha dolğun istifadə olunmalıdır! 

Sağ olun.  


İstanbulda "Sülh və Səbr" beynəlxalq dini konfrans nümayəndələri qarşısında 

Heydər Əliyevin çıxışı 

(10 fevral 1994-cü il) 

 

Bu gün sizinlə  görüşməyimdən çox məmnunam. Hamınıza səmimi salamlarımı yetirir, hörmət və 



ehtiramımı bildirirəm.  

Bildiyiniz kimi, Türkiyə Prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə mən burada rəsmi səfərdəyəm. 

İki gün ərzində  Ankarada bizim çox səmərəli,  əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Türkiyə ilə 

Azərbaycan arasında ikitərəfli  əməkdaşlığı təmin etmək üçün müqavilələr, o cümlədən dostluq və  əməkdaşlıq 

haqqında müqavilə  imzalandı. Dünən axşam  İstanbula gəldim və burada sizinlə  görüşmək imkanı olduğunu 

mənə bildirdilər. Belə  bir görüşün mümkünlüyündən çox məmnun oldum və bir daha bildirirəm ki, sizinlə 

görüşə böyük məmnuniyyətlə gəlmişəm.  

Hələ Bakıda ikən sizin konfrans haqqında mənə məlumatlar gəldi. Bu konfransın işinə çox böyük əhəmiyyət 

verərək və  indiki dövrdə  onun bütün insanlar üçün faydalı olduğunu nəzərə  alaraq sizin konfransa xüsusi 

məktub göndərdim. Məmnunam ki, məktubum sizə  çatmış  və  onunla tanış olmusunuz. Fikrimcə, konfransın 

başlıca  əhəmiyyəti ondan ibarətdir ki, siz vicdana çağırış, sülh və  barışıq məsələlərini diqqət mərkəzinə 

çəkmisiniz.  İndi bu, dünya üçün, bütün xalqlar üçün çox vacib, mühüm məsələdir. Təəssüf ki, son illərdə, 

iyirminci  əsrin son mərhələsində  dünyanın müxtəlif regionlarında sülh pozulmuş, insanlar arasında, dövlətlər 

arasında, ayrı-ayrı qruplar arasında toqquşmalar, vuruşmalar, müharibə gedir və bunların hamısı insanların rahat 

yaşamasına mane olur. Əsrimizin sonunda dünyada gedən ictimai-siyasi prosesləri təbii hesab edərək, heç 

vəchlə razılaşmaq olmaz ki, bu proseslər müharibə yolu ilə, toqquşmalar yolu ilə, qan tökmək yolu ilə getsin.  

Yer üzərində  yaşayan insanlara Allahın  ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə  xoş 

məramda, sülh şəraitində, bir-birinə  qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində  yaşasınlar. Ona görə də din 

xadimlərinin vicdana çağırış, səbr, sülhün təmin olunması ilə  bağlı  təşəbbüsləri həm Allahın göstərdiyi yolla 

getmək deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Müharibənin, 

ayrı-ayrı dövlətlərin bir-biri ilə  vuruşmasının, müxtəlif siyasi-ictimai qrupların bir-biri ilə  savaşmasının  əsas 

səbəbləri,  şübhəsiz ki, siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını zorla əlindən almaq 

məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, dini xarakter daşıya bilməz.  

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dinin mənsubiyyətindən asılı 

olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Biz indi də bunun şahidiyik. Sizin bu 

konfransınız, müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat 

edən məsələni - vicdana çağırış, sülh, səbr məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Mən sizin bu 

təşəbbüsünüzü və belə fədakar fəaliyyətinizi alqışlayıram, ürəkdən bəyənirəm. Sizə göndərdiyim məktubda da 

bununla bağlı öz fikirlərimi bildirmişəm və çox məmnunam ki, indi üzbəüz, şəxsən görürüşüb bu sözləri sizə 

çatdırmaq mənə nəsib olmuşdur. Sizin bir yerə toplaşmağınız, həmrəyliyiniz, bir-birinizlə mehriban əlaqələriniz 

onu göstərir ki, insanlar dini, irqi mənsubiyyətdən asılı olmayaraq birlikdə yaşaya bilərlər, bir-biri ilə mehriban, 

dost ola bilərlər və öz həyatlarını qura bilərlər.  

Bizim Azərbaycan Respublikası üçün sizin fəaliyyətiniz xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan çoxmillətli 

dövlətdir. Respublikamızda bir çox millətlər əsrlər boyu birlikdə yaşayırlar. Bildiyiniz kimi Azərbaycanda islam 

dini ilə  yanaşı, xristianlıq və iudaizm dinləri də var və onlar bir-biri ilə  çox mehriban şəraitdə  fəaliyyət 

göstərirlər. Biz bunu bəyan etmişik. Azərbaycanın Prezidenti kimi, mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin 

vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və 

onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur.  Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim 

sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və  siyasi baxışlarından asılı olaraq 

bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik.  

Böyük təəssüf hissilə qeyd edə bilərəm ki, bizim regionda, yəni Zaqafqaziyada - Azərbaycanda, 

Ermənistanda və Gürcüstanda etnik səbəblərə görə, etnik zəmin əsasında çox böyük gərginlik, toqquşmalar var, 

hətta müharibə  gedir, qan tökülür. Bütün bunlar bizi həddindən artıq narahat edir. Əmin ola bilərsiniz ki, 

Azərbaycan dövləti və  Prezident kimi şəxsən mən çalışırıq və  bundan sonra da çalışacağıq ki, regionumuzda 

etnik prinsiplər əsasında olan münaqişələrə son qoyulsun.  

Bizi - Azərbaycan Respublikasını çox ağır vəziyyətə salan, şübhəsiz ki, erməni silahlı qüvvələrinin 

Azərbaycan Respublikasına qarşı hərbi təcavüzüdür. Siz bilməlisiniz ki, Azərbaycan və Ermənistan arasında altı 

il bundan öncə, "Qarabağ problemi" əsasında meydana gəlmiş münaqişə  indi artıq böyük müharibəyə 

çevrilmişdir. Güman edirəm, bizim xalqlarımız  - həm Azərbaycan xalqı, həm də erməni xalqı belə bir 

münaqişəni istəmir. Təəssüf ki, ayrı-ayrı ekstremist, millətçi, avantürist qruplar, şəxsi məqsədlərinə nail olmağa 



çalışan qruplar xalqlarımızı bu münaqişəyə cəlb etmişlər və dediyim kimi, həmin münaqişə böyük bir müharibə 

şəklini almışdır.  

Müharibənin də  nəticəsi bu gün ondan ibarətdir ki, erməni silahlı qüvvələri Azərbaycana qarşı  təcavüz 

edərək  ərazimizin 20 faizini işğal etmişdir. Azərbaycanın işğal olunmuş  ərazisindən bir milyondan artıq 

vətəndaşımız el-obalarını itirərək qaçqın düşmüşdür və  onlar indi çox ağır  şəraitdə  yaşayırlar. Biz müharibə 

istəmirik, ona son qoymağa çalışırıq. Ermənistanla Azərbaycan arasında sülh yaratmaq istəyirik. Çünki erməni 

xalqı ilə Azərbaycan xalqı  əsrlər boyu qonşu olmuşdur və  gələcəkdə  də yan-yana yaşayacaqlar. Başqa yol 

yoxdur. Ona görə də bu müharibənin gələcəyi yoxdur, onun nəticəsi ancaq sülh olmalıdır. Sülh isə bir şərtlə ola 

bilər: iki dövlətin, iki respublikanın  ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı  təmin edilsin, yəni 

Azərbaycanın  ərazi bütövlüyü təmin edilsin, erməni işğalçıları Azərbaycan  ərazisindən çıxsınlar və 

azərbaycanlılar öz torpaqlarında yaşaya bilsinlər. Ermənistanın  ərazi bütövlüyünə  də  heç kim qəsd etmək 

istəmir, onun da sərhədlərinin toxunulmazlığı  təmin olunsun. Bu sadə formula, sadə prinsipdir. Ancaq bunu 

həyata keçirmək üçün böyük maneələr var və bunlardan biri də  odur ki, bayaq dediyim kimi, altı ilə  yaxındır 

müharibə gedir.  

Biz Ermənistanla torpaq iddiası etmirik. Ancaq öz torpaqlarımızı da, şübhəsiz ki, Ermənistana verə 

bilmərik.  

Bizim sülh təşəbbüslərimiz təəssüf ki, bir nəticə verməmişdir. Beynəlxalq təşkilatların - Birləşmiş Millətlər 

Təşkilatlatının, ATƏM-in bu məsələ  üzrə  yaradılmış xüsusi Minsk qrupunun fəaliyyəti də bir nəticə 

verməmişdir. Hətta din xadimləri də - şeyxülislam Hacı Allahşükür Paşazadə və erməni kilsəsinin rəhbəri də bir 

neçə dəfə görüşmüşlər.  

Təəssüf ki, bu görüşlərin də nəticəsi olmamışdır. Ancaq biz yenə də sülhsevər siyasimizi davam etdiririk, bu 

məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq. Eyni zamanda bildirmək istəyirik ki, Azərbaycan gücsüz də 

deyildir. Əgər bizim sülhsevər təşəbbüslərimiz nəticə verməsə, biz məcburuq öz torpaqlarımızı güclə azad edək, 

erməni işğalçılarını torpaqlarımızdan çıxaraq.  Şübhəsiz ki, biz sülh yoluna üstünlük veririk və bu yolla 

gedəcəyik. Ancaq kimsə  müharibəni davam etdirmək istəyirsə, biz bunu da edəcəyik. Başqa yolumuz yoxdur. 

Sizin diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Bu münaqişə yalnız ərazi xarakteri daşıyır, yəni erməni 

silahlı qüvvələri Azərbaycan  ərazisinin bir hissəsini tutmuşdur, biz onları oradan çıxarmaq istəyirik. 

Ermənistanın güclü təbliğatı  nəticəsində  dünyanın bəzi dairələrində belə  bir fikir yaranmışdır ki, guya 

Azərbaycan dövləti, Azərbaycan  höküməti  Dağlıq Qarabağda yaşayan erməniləri qırmaq, o ərazidən qovmaq 

istəyir. Bunların hamısı yalandır. Belə  iddiaların heç bir əsası yoxdur. Mən bir həqiqəti sizin qarşınızda 

məsuliyyətlə  bəyan edirəm: Azərbaycan hökümətinin, Azərbaycan xalqının respublikada yaşayan ermənilərə 

qarşı heç bir zorakılıq niyyəti, yaxud onları zorla buradan çıxarmaq məqsədi yoxdur. Onlar öz yerlərində rahat 

yaşaya bilərlər və Azərbaycan dövləti,  şəxsən bir Prezident kimi mən onların tamamilə  təhlükəsiz, sərbəst 

yaşamasına, öz milli ənənələrindən, mədəniyyətindən, dinindən, dilindən azad surətdə istifadə etməkdə 

həyatlarını qurmasına təminat veririk.  

Əvvəllər də belə olmuşdur. Dağlıq Qarabağda münaqişə başlayanadək əhalinin 70 faizi ermənilər, 30 faizi 

azərbaycanlılar idi. Ancaq bu münaqişə nəticəsində, sonra isə başlanmış bu böyük müharibə nəticəsində orada 

yaşayan 50 min nəfər azərbaycanlı öz ölkəsində, öz dövlətlərində  qaçqın düşmüşdür və  Dağlıq Qarabağa 

qayıtmaq imkanları yoxdur. Ona görə də əgər biz insan hüquqlarının qorunmasından danışırıqsa, şübhəsiz ki, 

ermənilərin də, azərbaycanlıların da hüquqları qorunmalıdır. Çünki o ərazidə  həm ermənilər, həm də 

azərbaycanlılar yaşamışlar. Orada ermənilərin və azərbaycanlıların yan-yana, dostcasına, mehriban yaşamaları 

üçün şərait yaratmağa imkanımız var. Belə şərait illər boyu olmuşdur və bundan sonra da olacaqdır.  

Son vaxtlar Ermənistan - Azərbaycan münaqişəsi, müharibəsi ilə  əlaqədar ayrı-ayrı  mətbuat orqanlarında 

təhlükəli şayiələr də yayılmışdır. Bu da ondan ibarətdir ki, bəzi adamlar qəsdən belə fikir yaymağa çalışırlar ki, 

guya bu müharibə xristian-müsəlman müharibəsinə  çevrilə bilər. Bunlar əsassızdır,  əvvəlcədən düşünülmüş, 

fitnəkar xarakter daşıyan təbliğatdır. Mən belə fikirlərə etirazımı bildirir və onları rədd edirəm. Sizi əmin etmək 

istəyirəm ki, bizim fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən tanınmış 

və  qəbul olunmuş  ərazi bütövlüyünü təmin etməyə, sərhədlərimizin toxunulmazlığını  təmin etməyə 

yönəldilmişdir.  

Azərbaycanda tarixən çox millətlər yaşamışdır. Burada azərbaycanlılarla yanaşı ruslar, ermənilər, yəhudilər, 

gürcülər, ukraynalılar və  başqaları da yaşamış  və  gələcəkdə  də  yaşayacaqlar. Azərbaycan Respublikasının 

çoxmillətli dövlət olmasını ölkəmiz üçün böyük üstünlük hesab edirik.  

Bu fikirlərimi sizə  çatdırarkən istədim ki, Azərbaycanın bugünkü vəziyyəti haqqında daha geniş 

məlumatınız olsun. Eyni zamanda  sizin müştərək fəaliyyətinizə  müəyyən qədər kömək etmək istəyirəm. Bir 

daha qeyd edirəm ki, siz çox xeyirxah, dəyərli iş görürsünüz. Bu fəaliyyətinizdə sizə böyük uğurlar arzulayıram. 

Sizin hamınızı Azərbaycana dəvət edirəm. Çox şad olaram ki, hamınızla Azərbaycanda görüşüm. Əgər birlikdə 

gələ bilməsəniz, hər birinizi ayrılıqda qəbul etməyə hazıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə 


əməkdaşlığımız davam edəcəkdir. İnsanlar üçün, bəşəriyyət üçün, dünya üçün bu xeyirxah fəaliyyətinizdə sizə 

müvəffəqiyyətlər diləyirəm.  

Türkiyə Cümhuriyyətinin sizdən ötrü belə bir şərait yaratmasından görünür ki, bizim üçün dost və qardaş 

olan ölkə, doğrudan da, bütün millətlərin sülh yolu ilə birlikdə getməsinə  çalışır. Güman edirəm ki, Türkiyə 

Cümhuriyyətinin dini işlər naziri də bu təşəbbüsünə görə böyük hörmətə layiqdir.  

Mən sizinlə görüşməyimdən məmnun olduğumu bir daha bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.  

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin