Antropologiyada yaş və cins problemi


FIZIKI ANTROPOLOGIYADA YAŞA VƏ CINSƏ GÖRƏ ƏLAMƏTLƏRIN DƏYIŞMƏSI



Yüklə 0,55 Mb.
səhifə2/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   2   3   4   5   6   7   8   9   ...   20
yas-cins antropologiyasi muhaz

FIZIKI ANTROPOLOGIYADA YAŞA VƏ CINSƏ GÖRƏ ƏLAMƏTLƏRIN DƏYIŞMƏSI
1.1 İnsanlarda osteoloji quruluşun yaşa və cinsə görə dəyişməsi
İnsanlarda osteoloji quruluş istər yaşa istərsə də, cinsə görə dəyişir. Buna gövdə sümüklərində, əzələlərdə, kəllə qutusunda, ətraflarda baş verən fərqlilikləri göstərə bilərik.
Gövdə sümüklərinin mayası mezodermanın dorzol-seqmentləşən hissəsinin somitlərindən - sklerotomlardan inkişaf edir. Fəqərələr arxa tel və beyin borusunu əhatə edən mezenximelementlərindən (mezodermadan) diferensiasiya edirlər. İnkişafda ilk əvvəl qığırdaq, sonra isə sümük fəqərə ayırd olunur. Mezenxim elementləri eyni zamanda miotomlardan arasında arakəsmələr əmələ gətirir. Rüşeymin bir həftəliyində skeletogen toxumadan arxa telin ön səthində, beyin borusunun yan və arxa tərəflərində qığırdaq kütləsi yaranır. Ön qığırdaq kütləsindən fəqərə cismi, yan və arxa qığırdaq kütləsindən isə fəqərə qövsü, fəqərənin köndələn və oynaq çıxıntıları formalaşır.Fəqərə qövsləri hamiləliyin 4-cü ayında bir-biri ilə və fəqərə cismi ilə birləşir, ilk qığırdaq fəqərələr əmələ gəlir. Bunların arasında fəqərə dəliyi var. İlk qığırdaq fəqərələr iki hissəyə bölünür və iki qonşu fəqərənin bir-birinə baxan hissəsindən son fəqərə formalaşır. Fəqərələrin sümükləşmə prosesi hamiləliyin 3-cü ayının əvvəlində başlayır, kranial ucdan distal uca doğru davam edir. İnsanda arxa tel rüşeymin ikinci ayının axırına davam edir. Sonra reduksiya edərək fəqərəarası qığırdaqların mərkəzində yerləşən jelatinəbənzərnüvə adlanır. Oma və büzdüm fəqərlərinin qığırdaq mayasının inkişafı eyni qaydada gedir. Lakin omada fəqərələrin cisimləri yanlardan bir-birilə birləşirlər. Büzdümdə isə yalnız fəqərə cisimləri əmələ gəlir. Atlasın cisminin qığırdaq mayası ox fəqərənin cismi ilə birləşərək diş çıxıntının inkişafına səbəb olur [23;61].
İnsan rüşeymində fəqərələrin mayası 38,qabırğaların mayası isə 13 olur. Bunlardan 7-i boyun, 3-ü döş, 5-i bel, 7-8 büzdüm fəqərələrinin mayasıdır.Embrionun inkişafında 13-ü qabırğa reduksiya olunur. Axırıncı döş fəqərəsi birinci bel fəqərəsilə birləşərək birinci bel fəqərəsinə çevrilir. Büzdüm fəqərələrində də reduksiya prosesi gedir və yenidoğulmuşda fəqərələrin sayı 33-34 ədəd olur.Fəqərələrin sümükləşməsi hamiləliyin üçüncü ayının əvvəlində xondral üsulla başlayır.Fəqərələrin hər birində üç sümükləşmə nöqtəsi olur.Bunlardan biri fəqərə cisminin mərkəzində, ikisi isə fəqərə qövsü səfhərində meydana çıxır. Bir yaşında fəqərə qövsü səfhələri bir-biri ilə birləşir və üç yaşına kimi bu proses növbə ilə əvvəlcə döş, aşağı boyun, bel və axırda yuxarı boyun fəqərələrində davam edir. Fəqərə qövslərinin fəqərə cismi ilə birləşməsi 3-8 yaşlarında başa çatır. 14-15 yaşlarında fəqərələrin cisminin yuxarı və aşağı səthlərinin yan tərəfində birər sümükləşmə nöqtələri meydana çıxır [23;62]. Bunlar arxa və köndələn çıxıntıların mayasıdır.18 yaşında çıxıntıların ucalarında əlavə sümükləşmə nöqtəsi əmələ gəlir və bu çıxıntılar 23-26 yaşa kimi fəqərələrin cismi ilə birləşirlər. Atlasda 3-4, ox fəqərədə isə 2 əlavə sümükləşmə nöqtəsi olur.Oma fəqərələrində də 3 sümükləşmə nöqtəsi meydana çıxır. Oma fəqərələrinin birləşmə prosesi 17 yaşından 25 yaşadək davam edir. Büzdüm fəqərələrində 1-20 yaş arasında iki sümükləşmə nöqtəsindən inkişaf edirlər. Qabırğaların mayasının somitlərin sklerotomlarından ayrılan və onların ventral çıxıntılarından əmələ gəlmiş mioseptalar təşkil edir. Zolaq şəklində olan qabırğa mayaları önə doğru uzanır. I, IX qabırğaların ön ucları bir-birilə birləşərək zolaq əmələ gətirir. Buna döşzolağıdeyilir. Rüşeymin II ayının axırında sağ və sol döş zolaqlarının əvvəl yuxarı, sonra aşağı və orta hissələri birləşərək döş sümüyünün qığırda mayası əmələ gətirirlər [2;125].
Rüşeym dövrünün ikinci aylığında qığırdaq qabırğalar sümükləşməyə başlayır. İlk sümükləşmə nöqtəsi qabırğa bucağı nayihəsində meydana çıxır, sümükləşmə prosesi önə və arxaya doğru gedir və onların yalnız ön ucu qığırdaq halında qalır. Qabırğaların başında və qabarcığında 15-20 yaşında daha iki əlavə sümükləşmə nöqtəsi meydana çıxır və bunlar tam sümükləşərək qabırğa sümüyü formalaşdırırlar. Qabırğaların inkişafı postnatal dövrdə də davam edir və 18-25 yaşda başa çatır. Döş sümüyünün qığırdaq mayasının inkişafı isə hamiləliyin 6-cı ayından başlayır. Döş sümüyündə orta hesabla 8-12 sümükləşmə nöqtəsi olur. Bunlardan biri döş sümüyün dəstəsində, 6-8-i isə xəncərəbənzər çıxıntıda meydana çıxır və 21-25 yaşda qurtarır [26;75].
Ətrafların ilk mayası hamiləliyin üçüncü həfətəsində-gövdənin yan tərəflərində mezodermanın ventral və dorsal hissələrin arasında cüt üzgəc şəkilli çıxıntı və ya hündürlük formasında meydana çıxır.Sonra onların mayaları yastılaşır, səhfə şəklini alır, nəticədə əl və ayağın mayası əmələ gəlir. Əl və ayağın mayaları üzərində beş çıxıntı şəklində barmaqların mayaları meydana çıxır və bir-biri ilə dəri büküşləri vasitəsi ilə birləşmiş olurlar. Büküşlər sonrakı inkişafda reduksiya olunur və barmaqlar bir-birindən ayrılır. Embrional həyatın 6-7-ci həftəsində əlin və ayağın mayaları gövdədən uzaqlaşmağa başlayır. Nəticədə ətrafların mayası qurşaq və azad hissələrə diferensiasiya edir. Azad hissə gövdədən uzaqlaşdıqca bazu, səid, əl, müvafiq olaraq bud, baldır və ayaq inkişaf edir. Bu zaman ətrafların bükücü səthləri içəriyə, açıcı səthləri bayıra, baş barmaqlar başa, çeçələ barmaqlar isə büzdümə baxır. Sonralar ətraflar içəri hərlənir. Əl və ayaq pronasiya vəziyyəti alır və baş barmağı bayır tərəfdə yerləşir. Ətrafların mayası ilk dəfə mezenximdəntəşkil olunur və üzəri ektoderma ilə örtülür. Sonralar mezenxim elementləri sıxlaşır və qığırdaq toxumasına çevrilir. Müəyyən vaxtdan sonra qığırdaq toxuması sümük toxumasıilə əvəz olunur və ətrafların sümük skleti əmələ gəlir [27;5].
Ətrafların qığırdaq skeletinin mayalarının arasında mezenxim elementlərinin sorulması nəticəsində oynaqlar formalaşır. Yuxarı ətraf skletinin inkişafında hamiləliyin 6 həftəliyində ilk sümükləşmə nöqtəsi körpücük sümüyündə meydana çıxır. Körpücüyün cismi endesmal inkişaf prosesini keçirir. Sonra döş ucunda ikinci sümükləşmə nöqtəsi əmələ gəlir və 20-25 yaşında onun cismi ilə birləşir. 8-9 aylıq döldə kürək sümüyünün cismində bir sümükləşmə nöqtəsi meydana çıxır. Bir yaşında dimdiyəbənzər çıxıntıda bir sümükləşmə nöqtəsi, sonrakı inkişafda isə 10-a yaxın sümükləşmə nöqtələri əmələ gəlir və 21-25 yaşında bitişirlər. Bazu sümüyünün səkkiz sümükləşmə nöqtəsi olur: başında, cismində, böyük və kiçik qabarcıqlarda, başcığında içəri və bayır epikondiluslarda və blokunda. 20-22 yaşa kimi inkişaf edib birləşirlər. Mil və dirsək sümüklərinin hər birində üç sümükləşmə nöqtəsi: cismində, proksimal və distal uclarında meydana çıxır və 17-20 yaşlarında bitişirlər. Bilək sümüklərinin hər biri doğuşdan sonra bir sümükləşmə nöqtəsinə, daraq sümükləri və falanqalar hər biri iki sümükləşmə nöqtəsinə malik olurlar [33;101]. Sümükləşmə prosesi 18-20 yaşda başa çatır. Çanaq sümüklərinin üç sümükləşmə nöqtəsi: qalça oturaq və qasıq sümüklərində meydana çıxır və anadan olandan sonra sirkə kasası ətrafında qığırdaq vasitəsilə birləşmiş olurlar. Sonrakı inkişafda qalça sümüyün qanadında, oturaq və qasıq sümüklərinin şaxələrində, müvəqqəti sinxondrozların üzərində bir neçə əlavə sümükləşmə nöqtələri meydana çıxır. Tam sümükləşmə prosesi 20-25 yaşında qurtarır. Bud sümüyündə-beş, diz qapağında-bir, qamişvə incik sümüklərinin hər birində üç sümükləşmə nöqtəsi meydana çıxır və 19-24 yaşlarında bitişirlər [38;120]. Daraqarxasısümüklərinin hər birində bir, ayaq daraq sümüklərində və falanqalarda əldə olunduğu kimi iki sümükləşmə nöqtəsi olur və 12-15 yaşında bitişir. Ətrafların skeletinin inkişafı ilə yanaşı əzələləridə inkişaf edir.Ətraf əzələləri mezenxim elementlərinin ətrafların mayası daxilinə soxulmuş hissəsindən-miotom çıxıntılarından diferensiasiya edir.
Kəllə qutusuna görə yaşın və cinsin müəyyən edilməsi antropologiya elminin kraniologiya sahəsində çox mühüm yer tutur. Arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqlarının yaş və cinsini müəyyən edilməsində çox çətinlik çəkirdilər. Kəllə qutusunun cinsini və yaşını müəyyən edərkən onun əlamətlərini, ölçülərini, quruluşunu nəzərə almaq lazımdır. Rus millətindən olan şəxslərin Leninqrad və ona yaxın ərazilərdən 682 kəllə sümüyü tədqiq edilmişdir. Bunun əsasında da cədvəl tədbiq olunmuşdur.Lakin kəllə quruluşu və ölçüsü dəyişə bilər. Buna isə bir sıra amillər təsir edə bilər (irq,deformasiya,xarici mühitin təsiri və s.). Şimali və Orta Asiya xalqları arasında kəllə xeyli enli (qırğız,yakut,qazax və s.), ruslarda isə əksinədir. Burunun qabarıq formada olmasıda xalqlarda müxtəlifdir.Cinsi yetişkənliyə qədər cinsi xüsusiyyətlər və yaş fərqlilikləri zəif görünür. Ancaq yaşlı qadın və kişi kəllələrinin cismini və yaşını müəyyən etmək daha asandır. Kəllənin zədələnməsi tez-tez olur və ya arxeoloji qazıntılar zamanı zədələnir, yarımçıq şəkildə tapılır. Məsələn, hindularda uzun kəlləyə malik olan tayfalar var idi. Bu onların döyüşkənlikləri ilə əlaqədar idi. Rus səyyahı N.Mikluxo Maklay Yeni Qniveyada ağırlıq daşımaq üçün kəndirlə başını bağlayan qadınlar görmüşdür. Bu isə kəllədə iz buraxan şrımlara səbəb olur. Fransanın Tuluza şəhərində isə ənsə hissəsinin uzunması “moda” idi. Bu deformasiyaların kökü isə Peru və Kerç ərazilərindən gəlir. Bu səbəbdən hər bir ərazidə arxeoloji qazıntıdan tapılan kəllələrin etnoqrafik görüşlərini, adət-ənənələrini bilmək zəruridir. Ona görə də tapılmış kəllənin əvvəlcə təsvirinin hazırlıq işləri başlanır. Dağılmış və ya itirilmiş hissələr bərpa edilir. Sağ ikən və ya vəfatından sonra əgər deformasiya olubsa, onun bərpası işləri aparılır. Bərpa olunduqdan sonra onun yaşı, cinsi, beyin və üz hissələri təsvir olunur [39;53]. Kəllənin təsviri antropoloq M.Gerasimovun prinsipi ilə aparılır. O, cinsi fərqliliyi müəyyən etmişdir. Dişlərə görə həm yaşı, həm də cinsi müəyyən etmək mümkündür. Cinsi yetişkənlik dövründə olan şəxslərin yaşı müəyyən edildikdə əsasən dişlərin aşınma dərəcəsi nəzərdə tutulur [39;72].
Kəllə qutusuna görə cinsin müəyyən edilməsi daha çox tibbi məhkəmə ekspertizasında, habelə qadın və kişi orqanizmlərinin ümumi problemlərinin öyrənilməsində istifadə edilir. Sümük quruluşunun xüsusiyyətlərinə görə skelet qalıqlarının cinsi mənsubiyyətini müəyyənləşdirmək mümkündür. Əslində demək olar ki, hər bir sümük skeletinin cinsi fərqləri var. Lakin kəllə sümüyü və çanaq sümüyü ən informativ vasitədir. Çanaq halqası qadınlarda geniş və alçaqdır. Adətən cinsin müəyyən edilməsində mühüm çanaq sümüyü sayılsa da, onlar tez çürüyür. Digər tərəfdən uzun sümüklərin daşınması da çətin başa gəlir. Buna görə də, təkcə morfoloji baxımdan deyil, həm də yaş və cinsin müəyyən edilməsində kəllə qutusunun əhəmiyyəti böyükdür. Lakin kəllə qutusuna görə cinsin müəyyən edilməsi nisbi xarakter daşıyır. Çoxsaylı tədqiqatçılar müəyyən edib ki, qadın və kişilərdə kəllə fərqli forma və quruluşundan ibarətdir [47;89].
Kişi kəllə qutusu üçün səciyyəvidir:
1. Kişi kəlləsi qadın kəlləsindən (sm) böyükdür;
2. Kişilərin kəllə qutularının relyefi qadınlarınınkına nisbətən daha qabarıqdır;
3.Xüsusilə də, boyunun bitişdiyi sümük, almacıq sümüklər, qaş qövsləri qadınlara nisbətə qabarıqdır;
4. Kişilərin alt çənəsi daha böyük ölçüyə malik olub açıq bucaq formasında olur, proqnatizm müşahidə olunur. Kişi alt çəkisi orta hesabla 80-85qramdır;
5. Kişilərin kəllə sümüklərində daha çox mayillik hiss olunur;
6. Kişi kəllə qutularında alın, burun bucağı qadınlara nisbətən dah aydın şəkildə görünür;
7. Kişilərin dişləri daha iridir, daimi dişlərinin kökləri qadınlara nisbətən daha çoxdur;
8. Kişilərin göz çuxuru düzbucaqlı formadadır;
9. Kişilərdə ön kəllə daha çox inkişaf edib, nəinki beyin hissəsi;
10. Kişilərdə sifət ölçülərindəki fərqliliklər kəllə qutusu ölçülərindən fərqlilik daha çox müşahidə olunur.
Qadın kəllə qutusu üçün səciyyəvidir:
1. Qadın kəllə qutusu kiçikdir və uşaq kəllə sümüyünün bəzi xüsusiyyətlərini daşıyır;
2. Qadın kəllə qutularının göz çuxurları daha uzun və dairəvi, yuxarı hissəsi nazik və itidir;
3. Qadın kəllə qutularında alın və ənsə sümüklərində daha çox çıxıntı var, alın şaquli formadadır;
4. Qadın kəllə qutusunun əmgək hissəsi daha çox inkişaf edib;
5. Qadın kəllə qutusunda alın ensizdir, alın təpələri böyük və kəsikdir;
6. Qadın kəllə sümüyündə burunun üst hissəsi az dərəcədə çökükdür, burun boşluğu da kiçikdir;
7. Qadın kəllə sümüyündə qaşüstü çıxıntı az inkişaf edib, almacıq sümüyü nazikdir;
8. Qadın kəllə sümüyündə alt çənə az həcmlidir, çənə girdə formasındadır, çənə 60-63 qram təşkil edir;
9. Dişlərin kökü dərin deyil, kəsici üst və alt köpək dişlərinin uzunluğu bərabərdir, alt çənə dişləri kiçikdir [39;46].
Bir qayda olaraq, yaş dəyişiklikləri insan sümüklərində gedən qanunauyğunluqdur. Xarici mühitin, şəraitin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq onun ikişafına təsir göstərir. Kəllə tikişlərində müşahidə olunan dəyişikliklər, onların özünü obliterasiyada (bitişmə) göstərir. Tikiş bitişmələri prosesi daxildən baş verir, xaricdən isə müəyyən ardıcıllıqla həyata keçirilir.
Gələcəkdə (50-55 il sonra) tədricən tikişlərin bitişmə prosesi başqa sahələrinə yayılır. Tikişin tam bitişməsi adətən, qocalıqda baş verir. Bu zaman nəzərə almaq lazımdır ki, kişilərdə bu hissələrin bitişməsində qadınlardan fərqli olaraq, əvvəl oxları və tac tikişləri yaranır. Birinci tikişlər 20 ildən sonra, ikinci isə 25-dən sonra yaranır [49]. Xüsusilə, bəzi müəlliflərin məlumatına görə tikişlərin birləşməsi prosesi kişilərdə 40-50 yaşları arasında, qadınlarda isə 30-40 yaşları arasında sürətlənir. Tikişlərin tam bitişmə prosesi qoca ahıl yaşında baş verir. Qeyd etmək lazımdır ki, tikişlərin artması insan həyatı boyu baş verə bilər və bu daim inkişaf edər. Lakin buna baxmayaraq, hətta tikişlərin tam bitişməsi də ahıl yaşında müşahidə oluna bilər.
Yeni doğulan uşaqlarda kəllədə təpələr, zoğlar inkişaf etməyib, dişləri yoxdur, çənələri zəif inkişaf edib. Bu, üçüncü xüsusiyyəti təşkil edir. Bunun nəticəsində üz bir az irəli çıxır kəllə beyinin 1/8 (1/4 yaşlı insanlarda) hissəsini təşkil edir. Tikişlər kəllədə həyatın 3-5-ci ilində formalaşır. Kəllə artımı 25 yaşından 30 yaşına qədər bitir. İnkişaf, artım və kəllə formasının sıxlığından asılı olaraq baş beyin inkişaf edir.Yaşın müəyyənləşdirlməsində dişlərin vəziyyəti daha dəqiq məlumat verir. Bunun üçün xüsusi məhkəmə-tibb ekspertizası, rentgenoloji və riyazi-statistik metodlar tədbiq olunur [28;12].
Doğumdan sonrra kəllə artımı qeyri-bərabər baş verir. Belə ki, həyatın birinci ili ərzində kəllə az və ya çox dərəcədə bərabər artır. Xüsusilə, onun arxa hissəsi bir ildən üç ilə qədər fəal artır.Süd dişlərinin çıxmasının başa çatması ilə əlaqədar çeynəmə əzələlərinin funksiyasının gücləndirilməsi üçün həyatının ikinci-üçüncü illərdə kəllənin üz artımı, xüsusən, onun əsası xeyli güclənir. Yetkin adamda olduğu kimi yeddi il kəllənin əsası təxminən eyni uzunluqda olur. Cinsi yetişkənliyə çatdıqdan sonra beyin kəllə toplusu artır, kəllə boşluğunun həcmi 1300-1200-sm3-ə çatır.13 yaşından sonra kəllə-beyin və üz alın hissəsi fəal artır. Cinsi fərqlər özünü göstərir: Oğlanların üz kəllə uzunluğu qızlara nisbətən daha artır, sifəti uzanır və s. Bununla da artıq cinsi fərqliliklər özünü göstərir.
Kəllə ilə yanaşı, kəllədə gedən dəyişiklikləri müəyyən edilərkən yaş sümük strukturları tərəfindən müşahidə olunan dəyişiklikləri nəzərə almaq lazımdır.Bir qayda olaraq, 40-45 yaşınadək yaş dəyişikliklər kəllə sümüyündə rast gəlinmir. 40-45 yaşdan sonra sümüyün strukturu tədricən dəyişməyə başlayır.Bu seyrəlmədə sümük strukturları, yığcam və məsaməli maddələr, atrofiya osteoporoz inkişafında özünü göstərir. Bu zaman sümük val və bütövlükdə məsaməlik baş verir, onların mexaniki müqaviməti azalır və sümükləşir. Kəllə isə ümumilikdə yüngüldür. Son proseslər zamanı osteoporoz və atrofiya kəllə sümükləri yüksək kövrəkliyi olur, bəzi yerlərdə nəzərə çarpılır. Üz skeletinin sümükləri xüsusilə incə və kövrək olur. Qoca kəllələrdən atrofiya alveolyar çıxıntıları hər iki çənələrdən ibarət olması səciyyəvi əlamətdir. Alt çənəsi yastı olur, yavaş-yavaş çevrilərək nazik val çalaları olmadan üst çənə dişləri əhatə edir, atrofiya alveolyar çıxıntıları çənəsini irəli çıxır, yuxarı qalxır və budaqlarından bir qədər küt olur. Kiçik yaşlarındakı kimi uzununa ölçüsü şəxslər nisbətən azalır və o biri uzunsov dəyirmi olur. Əgər mərhum sağlığında protez diş istifadə edirsə, həmin dəyişikliklər ola bilər.
Uşaq yaşlı kəllələri müəyyən edildikdə uşağın bədən quruluşunun ayrı-ayrı anatomorfoloji inkişaf mərhələrinə diqqət yetirmək lazımdır. Yeni doğulan beyin kəllə sümükləri tikişi birləşdirici toxumalar ilə birləşir. Kəllə sümüklərinin əmgək hissədə, bucaqlarının toplusu yerində birləşdirici toxuma əmələ gətirir: Alın (böyük) , ənsə (kiçik) və iki yan (qoşa)-pazşəkilli (ön) və məməyəoxşar (arxa). Kəskin qabarıqlığı ilə ifadə olunan alın və əmgək sümükləri yeni doğulmuş kəlləyə dördbucaqlı forma verir [30;190].
Alın sümüyü, çənəsi, hər biri iki hssədən ibarətdir. Alın qoltuğu və qaşüstü qövsü yaxşı inkişaf etməyib. Məməyəoxşar çıxıntılar, əzələ təpələri və kəllə xətti yoxdur. Ənsə və gicgah sümükləri ayrı-ayrı hissədən ibarətdir. Alveolyar çıxıntılar çənələrdə yoxdur. Orqanizmin inkişafı artdıqca, onların xarakteristikası verilmişdir, bir sıra ardıcıl dəyişikliklər baş verir. Kəllənin ölçüləri müəyyən edilərkən uşaq yaşlı kəllələrə üzrə görülür. Baş ölçülərinin artırılması 15-16 yaşa qədər sürətlə baş verir. Bundan sonra baş artımı sürəti azalır, 20-25 yaşda praktiki olaraq dayandırılır.
Kəllə sümüyünün inkişafı bədən və ətraf sümüklərinin inkişafı kimi mərhələli şəkildə gedir. Kəllənin əsasını təşkil edən sümük hissələri qığırdaq və son sümük inkişaf mərhələsindən keçir. Üz hissəsinin sümükləri və təpə sümüyü qığırdaq mərhələsindən keçmir. İlk sinostik fraqmentlərin qovuşması 22-27 yaşa qədər davam edir. Kəllə tikişlərinin bitişməsi 16 yaşından başlayır və 50-55-dək davam edir, adətən isə bu proses bir qədər gec baş verir.
İnsanda kəllənin beyin hissəsi baş somitlərindən, üz hissəsi isə visseral qövslərdən diferensiasiya edir.İnsanda beyin qovuqlarının və duyğu orqanlarının sürətli inkişafı ilə əlaqədar olaraq yenidoğulmuşlarda beyin kəlləsi, ölçüləri və həcminə görə üz kəlləsindən böyük olur [49]. Kəllə tam şəkildə sümüyə bənzər sərt bir quruluşda olsaydı və arada boşluqlar olmasaydı, doğuş zamanı körpənin əzilmə ehtimalı artardı. Lakin körpələrdəki kəllə sümükləri onları təşkil edən qığırdaqşəkilli yumşaq quruluşa görə elastik olur, əyilmə və bükülmə xüsusiyyəti daşıyırlar. Təbii ki, yalnız elastiklik kifayət etmir. Kəllənin elastik olması üçün bir də ayrıca sahəyə ehtiyac var. Bu sahə də doğuş zamanı hələ tam qapanmamış beyin boşluğu, yəni əmgəkdir. Kəllə sümükləri zaman keçdikcə sıxlaşaraq həmin boşluğu doldurur, bunun üçün hətta bir-birinin üstünə çıxır və kəllənin həcmi kiçilir. Beleliklə, körpə baş həcminin yarısı qədər olan doğuş kanalından sağlam şəkildə keçərək dünyaya gəlir.
Yeni doğulmuş körpənin kəllə sümüyünü əsas xüsusiyyətləri: Kəllənin beyin və üz şöbəsinin nisbəti 8:1 kimidi, yetkin yaşda isə bu göstərici 4:1. Yeni doğulmuşlarda şaquli vəziyyətdə kəllə beşbucaqlı formasındadı. Buna əsas, səbəb alın və ənsə sümüyünün sürətli inkişaf etməsidir. Alın sümüyü və aşağı çənə iki hissədən təşkil olunmuşdur. Aşağı çənə zəif inkişaf etmişdir [33;94]. Kəllənin əsas sahəsində yaxşı inkişaf etmiş qığırdaq tikişləri görünür. Sonrakı dövrdə kəllə sümüyü qeyri-bərabər böyüyür. Kəllənin böyüməsinin üç mərhələyə ayırd etmək olar:
1-ci mərhələ: 7 yaşa qədər kəllə fəal surətdə inkişaf edir. 5 yaşa qedər kəllə eninə böyüyür, 5-7 yaş arası isə uzununa istiqamətdə böyüməsi baş verir.
2-ci mərhələ: 7 yaşdan başlayan və yetkinlik yaş dövürünə qədər 12-13 davam edir [49].
Alın sümüyü bətndaxili inkişafın 8-9-cu həftəsində birləşdirici toxuma əsasında formalaşır və alın qabarı nahiyəsində iki sümükləşmə nöqtəsinə malik olur. Yenidoğolmuşlarda alın sümüyü iki hissədən ibarətdir. Bu hissələr arasında olan tikiş 2 yaşına qədər davam edir və sonra sümükləşərək 5 yaşında itir. Alın sümüyündə burun tini, blok çuxuru və almacıq çıxıntısı nayihəsində əlavə sümükləşmə nöqtəsinə rast gəlinir. Alın cibi bir yaşında meydana çıxır və 12 yaşında yaşlılardakı həcmə və formaya malik olur.
Əsas sümük hamiləliyin 9-cu həftəsindən inkişaf etməyə başlayır. Onun qanadabənzər çıxıntısının içəri səfhəsi endesmal qalan hissələri isə xondral üsulla diferensiasiya edir və 7 cüt sümükləşmə nöqtəsinə malikdir. Bunlardan bir cüt sümükləşmə nöqtəsi hamiləliyin 3 ayında-böyük qanadlarda, bir cütü-türkyəhərində, bir cütü-əsas sümüyün cisminin yan tərəfində, bir cütü-qanadabənzərçıxıntıların içəri səfhəsində meydana çıxır. Bundan əlavə mənşə etibarı ilə əsas sümüyün ön hissəsində bir cüt sümükləşmə nöqtəsi-əsas sümüyün cismində (görmə kanalı ətrafında), bir cütü-kiçik qanadlarda və bir cüt sümükləşmə nöqtəsi isə əsas sümüyün balıqqulaqlarında inkişaf etməyə başlayır. Hamiləliyin 8-ci ayında böyük qanadlar əsas sümüyün cisminin arxa hissəsi, əsas balıqqulaqları isə onun ön hissəsi ilə birləşirlər. 9 aylıq döldə əsas sümüyün ön və arxa hissələri olur. Südəmərlərdə bu hissələr bir-biri ilə birləşir və süngəri maddədən təşkil olunmuş əsas sümüyün cismi tam formalaşır. Üç yaşında süngəri maddə sorulmağa başlayır və əsas cibi inkişaf edir. Əsas və ənsə sümükləri arasındakı qığırdaq toxuması 20 yaşında tam sümükləşir.
Ənsə sümüyün bazılar və yan hissələri, pulun aşağı hissəsi, qığırdaq əsasında, pulunun yuxarı hissəsi isə birləşdirici toxuma əsasında inkişaf edir. Ənsə sümüyündə beşi qığırdaq hissədə, altısı isə pulu hissədə yerləşən on bir sümükləşmə nöqtəsi vardır. Hamiləliyin 3-cü ayının axırında pullu hissədə yerləşən sümükləşmə nöqtələri bir-birilə birləşərək pullu hissəni əmələ gətirir. Yenidoğulmuşlarda isə pullu hissə ənsə əsası və yan hissələrlə qığırdaq vasitəsilə birləşmiş olur. 1-2 yaşlarında pullu hissə yan hissələrlə, 3-5 yaşında isə əsas hissə ilə sümük toxuması birləşir [38;150].
Xəlbir sümüyü burun kapsulundan xondral üsulla inkişaf edir və hamiləliyin 5 aylığında 5 sümükləşmə nöqtəsinə malikdir. Bunlardan bir cütü gözyuvası səfhələrində, bir xoruz pipiyində, bir cütü isə perpendikulyar səfhədə əmələ gəlir. Sonrakı inkişafda həmin hissələr 6 yaşında bir-birilə birləşmiş olur.
Təpə sümüyü endesmal üsulla inkişaf edir. Hamiləliyin 8-ci həftəsində gələcək təpə qabarları nahiyəsində 2 sümükləşmə nöqtəsinə malik olur və sonra bir-birilə birləşir. Gicgah sümüyünün pulu və təbil hissəsi endesmal üsulla inkişaf edir və hamiləliyin 2-3 aylarında hər biri birər sümükləşmə nöqtələrinə malik olurlar. Daşlıq hissə və məməyəbənzər çıxıntı xondral üsulla üç sümükləşmə nöqtəsinə malik olur. Gicgah sümüyün biz çıxıntısı ikinci visseral qövsdən qığırdaq əsasında 2 sümükləşmə nöqtəsindən (doğuşdan qabaq və 2 yaşında) inkişaf edir. Gicgah sümüyün hissələri postnatal dövrdə bir-biri ilə birləşir və bu proses 13 yaşına kimi davam edir.
Əng sümüyü burun kapsulundan birləşdirici toxuma əsasında inkişaf edir. Bətndaxili inkişafın 2-ci ayında 4-5 sümükləşmə nöqtəsinə malik. Sümükləşmə nöqtələrindən üçü əng sümüyün cisminin almacıq, burun və damaq çıxıntılarını, ikisi isə əng sümüyün bir hissəsi olan kəsici sümüyü əmələ gətirir.Əngin alveol çıxıntısını 2-3 yaşlarından inkişaf edir. Əng cibi bətndaxili inkişafın 5-ci ayında formalaşmağa başlayır. Həcminin böyüməsi 6-7 yaşa (daimi dişlərin çıxma dövrünə) kimi davam edir. Tam kəllədə əng, alın, xəlbir sümüklərinin cibləri burun boşluğu ilə birləşdiklərinə görə burun ətrafı ciblər adlanırlar [2;230].
Burunətrafı ciblərdən: 5 aylığından əng cibiboşluğu, 9 aylığından 2 yaşına kimi xəlbir cibi, 1 yaşından alın cibi, 3 yaşından isə əsas cibi inkişaf etməyə başlayır. Burun ətrafı ciblərin formalaşma prosesi 3-12 yaşa qədər davam edir. Sonrakı yaş dövrlərində (22-24 yaşa kimi) burun ətrafı ciblərin ölçüləri və həcmi dəyişərək böyüyür. Burun ətrafı ciblərdə səs rezonsa gəlir, onların hesabına kəllə yüngül olur və nitq fərdi xüsusiyyət əsasında formalaşır. Damaq sümüyü hamiləliyin 2-3 ayında damaq sümüyü səfhələrinin birləşən hüdudunda əmələ gələn bir sümükləşmə nöqtəsindən inkişaf edir.
Aşağı burun balıqqulağı sümüyü-burun kapsulu qığırdağı üzərində bir sümükləşmə nöqtəsindən, almacıq sümüyü-birləşdirici toxuma əsasında 2, bəzən 3 sümükləşmə nöqtələrindən, xış sümüyü isə 2 sümükləşmə nöqtəsindən inkişaf edir. Çənə sümük hamiləliyin 2-ci ayında endesmal əsasında bir cüt sümükləşmə nöqtəsindən inkişaf edir. Çənə sümüyü yenidoğulmuşlarda sağ və sol hissədən ibarət olur. Bu hissələr bir-biri ilə birləşdirici toxuma vasitəsilə birləşirlər. 1-2 yaşında iki əlavə sümükləşmə nöqtəsi də meydana çıxır. Həmin sümükləşmə nöqtələri vasitəsilə çənə sümüyünün sağ və sol hissələri bir-biri ilə birləşir və nəticədə çənəaltı hündürlük inkşaf edir.
Çənənin alveol çıxıntısı əng sümüyündəki kimi gec diferensiasiya edir. 5-7 yaşında daimi dişlərin çıxması ilə əlaqədar tam inkişaf mərhələsinə çatır. Çənə sümyünün kondilus çıxıntısı isə qalan hissələrdən fərqli olaraq xondral inkişaf mərhələsini keçirir. Dilaltı sümüyün cisminin bir hissəsi və böyük buynuzları üçüncü visseral qövsdən, kiçik buynuzları və cisminin qalan hissəsi isə ikinci seral qövsdən qığırdaq əsasında inkişaf edir. Cismində və böyük buynuzlarda sümükləşmə prosesi 8-10 aylığında, kiçik buynuzlarda isə 2-3 yaşında baş verir. Dilaltı sümüyün hissələri 25-40 yaşında br-biri ilə birləşir [23;250].
Yeni doğulmuşların kəlləsi xüsusi əlamətlərlə yaşlıların kəlləsindən fərqlənir:

  • Kəllənin beyin hissəsi üz hissəsinə nisbəyən yaxşı inkişaf etmiş olur (8 dəfə);

  • Kəllə əsası kəllə qapağına nisbətən zəif inkişaf edir;

  • Kəllə sümükləri arasında birləşdirici toxuma və qığırdaq toxuması elementləri çox olur;

  • Alın və kəllə qabarları çıxıqdır;

  • Gicgah sümüyünün məməyəbənzər çıxıntısı tam inkişaf etməmişdir;

  • Sümüklər arasında tikişlər yastıdır;

  • Göz yuvaları enlidir;

  • Alın və çənə sümükləri iki hissədən ibarətdir;

  • Əng və çənə sümükləri zəif inkişaf etdiyindən üz kəlləsinin hündürlüyü azdır;

  • Havalı sümüklərin boşluqları formalaşmayıb;

  • Kəllənin beyin hissəsi sümükləri arasında əmgəklər vardır.

Yenidoğulmuşlarda 6 əmgək vardır.Bunlardan alın və ənsə əmgəkləri tək, əsas və məməyəbənzər əmgəklər isə cütdür [26;133].
Alın (ön) əmgəyi romb şəklindədir. Orta xəttdə alın və təpə sümüklərinin arasında əmələ gəlir və əmgəklərin ən böyüyüdür. 2 yaşında sümükləşir.(sadlinski)
Ənsə (arxa) əmgəyi üçbucaq şəklində olub ənsə sümüyü ilə təpə sümüklərinin arasında yerləşir. Uşağın 2-6 aylığındadan sümükləşir. Əsas əmgək, əsas sümüyün böyük qanadları ilə alın, təpə və gicgah sümüyünün pulunun birləºməsindən əmələ gəlir. Uşağın 2-3 aylığında sümükləşir. Məməyəbənzər əmgək, gicgah, təpə və ənsə sümüklərinin arasında əmələ gəlir. Postnantal dövrün 2-3 aylığında sümükləşir.
Yenidoğulmuşlarda alveol çıxıntıları və dişlər inkişaf etmədiyinə görə ağız boşluğu da kiçik olur. Kəllə qapağı sümüklərində süngəri maddə formalaşmamışdır. Ümumiyyətlə, kəllənin postnantaldövründə inkişafı əsas üç dövrə ayrılır.
Birinci dövr - ənsə nahiyəsinin sürətlə inkişafı hesabına kəllənin ölçüləri artır və bu proses 7 yaşına kimi davam edir. Yenidoğulmuşlardakəllə sümüklərinin arasında tikişlər olmadığından doğuş zamanı kəllə qapağı sümüklərinin kənarları bir-birinin üzərində sürüşür və kəllənin ölçülərini azaltmaqda dölün doğuş yolundan keçməsini təmin edir. Südəmərlərdə kəllə sümüklərinin qalınlığı 3 dəfə artır. Kəllə qapağı sümüklərində diploeəmələ gəlir. Gicgah sümüyünün məməyəbənzər çıxıntısı və məməyəbənzər hücrələr inkişaf edir. Xarici qulaq keçəcəyinin sümük hissəsi inkişaf edrərək 5 yaşında xarici qulaq keçəcəyinin qığırdaq hissəsi ilə birləşir. 5 aylığında 3 yaşına kimi burunətrafı ciblərin formalaşma prosesi başa çatır. Alın sümüyünün hissəlləri birləşir. Əmgəklər 2 yaşına kimi sümükləşir. Kəllə sümüklərinin böyüməsi ilə yanaşı bu dövrdə çeynəmə aparatının sürətli inkişafı hesabına, kəllənin üz hissəsinin beyin hissəyə nisbəti dəyişərək yaşlılardadakına yaxınlaşır [23;144].
İkinci dövr - 7 yaşından 13 yaşa (həddi-büluğ dövrünə) kimi kəllə sürətli inkişafa malik və kəllənin böyüməsinin yavaşıması ilə müşahidə olunur. Kəllə qapağı 6-8 və 12-14 yaşlarında sürətlə böyüyür.
Üçüncü dövr-13 yaşdan 25 yaşa kimi davam edir. Bu dövrdə ikincili cinsi əlamətlərin meydana çıxması ilə əlaqədar olaraq kəllə, xüsusilə, onun üz hissəsi daha çox böyüyür. Kəllə əsasının uzununa böyüməsi başa çatır. 35 yaşından sonra kəllə qapaağı sümüklərinin arasındakə tikişlər sümükləşməyə başlayır və bu proses 80 yaşına kimi davam edir. Ayrı-ayrı dövrlərdə kəllənin böyüməsinə müəyyən amillər təsir göstərir. Bunlara kəllədaxili təzyiq, beynin və duyğu orqanlarının böyüməsinin kəlləyə olan təsiri, kəllə ilə əlaqədar olan əzələlərin dartma qüvvəsi, əmizdirmə zamanı uşağın düzgün tutulmaması, xarici mühit faktorları, müəyyən patoloji proseslər və s. aiddir.
Kəllənin cinsi xüsusiyyətlərinə qadın kəlləsinin ölçülərinin və tutumunun az olması, üz hissəsinin beyin hissəyə nisbətən zəif böyüməsi, qabar, hündürlük, qabarcıq, xətt və daraqların incə və kiçik olmasını göstərmək olar. Kişilərdə isə bütün bunlar daha qabarıq olur [39;192]. Kəllənin beyin hissəsi sümüklərinin mayası təşkil edən baş somitləri arxa telin kranial yanlarında yerləşir sayı 3-4 cütdür. Həmin somitlərin sklerotomları baş beynin və duyğu orqanlarının mayalarının ətrafında zar əmələ gətirirlər. Buna zar kəllə deyilir. Sonrakı inkişafda kəllə qapağı nayihəsində zar kəllə sümükləşərək sümük toxumasına çevrilir. Kəllə əsasında isə hamiləliyin 5-8 həftəsində zar qığırdaq toxuması ilə əvəz olunur. Bu proses embrionun 10-11 həftəsində başa çatır və primordial kəllə adlanır. Xondral inkişaf arxa telin kranial ucunun ətrafında yanlara, önə və dala doğru gedir. Arxa telin yanlarında meydana çıxan qığırdaq zolaqları, önündə yerləşən qığırdaq zolaqlarıisə adlanır. Qeyd olunan qığırdaq zolaqları birləşərək qığırdaq səfhə əmələ gətirirlər. Həmin səfhənin üzərində hipofizə məxsus dəlik, ətrafında dəhliz-ilbiz orqanın mayasını əhatə edəneşitmə kapsulu, kapsulu önündə isə qoxu (burun)formalaşır. Eşitmə və qoxu kapsulları arasında, kəllənin yan tərəflərində çuxurlar əmələ gəlir. Bu çuxurlardan göz yuvalarıvə görmə orqanının mayalarıinkişaf edir. Beləliklə, hamiləliyin üçüncü ayında primordial kəllə qoxu orqanı, görmə orqanı, eştmə orqanı və ənsə nayihələrinə bölünür. Sonrakı inkişafda kəllə əsası sümüklərində gedən sümükləşmə prosesi nəticəsində (bəzi nahiyələrdən başqa) sümük kəllə formalaşır. Beləliklə, kəllə qapağı sümükləri inkişafda iki:zar və sümük (endesmal osteogenez), kəllə əsası sümükləri isə üç: zar, qığırdaq və sümük (xondral osteogenez) dövrlərini keçirirlər. Kəllənin üz hissəsi (visseral kəllə) sümükləri ilə bağırsaq borusunun kranial əhatə edən gəlsəmə ciblərinin arasında yerləşən qəlsəmə qövsləri mezenximindən inkişaf edirlər. Bunların miqdarı 6 cütdür. Visseral kəllə əsasən birinci və ikinci vissseral qövslərdən diferensiasiya etmiş mayalardan formalaşır.
I visseral qövsün (çənə qövsü) dorsal hissəsindən əng sümüyü, ventral hissəsindən çənə sümüyü, eyni zamanda qulaq sümükcüklərindən çəkicvə zindan, üçlü (V) sinirin çənə şaxəsi ilə innervasiya olunan əzələlər, yeni çeynəmə əzələləri, yumşaq damağı və təbil pərdəsini gərginləşdirən əzələlər, çənə-dilaltı əzələ və ikiqarınclı əzələnin ön qarıncığı, II viseral (dilaltı) qövsün yuxarı hissəsindən üzəngi sümükcüyü və əzələsi, gicgah sümüyünün biz çıxıntısı,aşağı hissəsindən isə dilaltı sümüyün cisminin bir hissəsi və kiçik buynuzları, biz-dilaltı bağ,biz dilaltı əzələ və ikiqarınclı əzələnin dal qarıncığı, damaq pərdəsini daldıran əzələ, dilçək əzələsi, mimiki əzlələr və həmin əzələləri innervasiya edən (VII) üz siniri; III visseral (birinci qəlsəmə) qövsdən dilaltı sümüyün cisminin qalan hissələri və onun böyük buynuzları və dilaltı sinir; IV-V visseral qövslərdən qırtlağın qığırdaqları və əzələləri, azan siniri inkişaf edir; VI-visseral qövs reduksiya olunur.
Primordial kəllə hamiləliyin ikinci ayından sümükləşməyə başlayır [47;59]. Kəllə sümüklərindən alın, təpə sümükləri, ənsə pulunun bir hissəsi, gicgah pulu və onun təbil hissəsi, əsas sümüyün qanadabənzər çıxıntısının içəri səfhəsi, əng, çənə, almacıq, damaq, burun və xış sümükləri endesmal osteogenezə malik olur və birincil sümüklər, kəllənin digər sümükləri və onların hissələrində isə xondral osteogenez prosesi gedir və ikincili sümüklər adlanırlar. Endesmal osteogenez prosesi xondrol osteogenezdən əvvəl meydana çıxır. Qığırdaq kəllə üzərində meydana çıxan sümükləşmə nöqtələri böyüdükcə, tədricən qığırdaq toxumasını əvəz edirlər. Bəzi sümüklərin (kəllə əsası) arasında lifli sinxondrozlar qalır ki, onlar da müəyyən yaşda (əsasdaşlıq sinxondrozu, burun qanadını və burun arakəsmənin ön hissəsini təşkil edən qığırdaqlardan başqa) sümükləşirlər. Kəllə qapağı sümüklərinin sümükləşmə nöqtələri arasında birləşdirici toxuma zolaqları əmələ gəlir.Bəzi sümüklərin bucaqlarının birləşən yerində zarla örtülmüş əmgəklər qalır. Əmgəklər yenidoğulmuşlarda yaxşı hiss olunur və müxtəlif dövrlərdə sümükləşərək bağlanırlar.
Yenidoğulmuşalarda əzlələrin bədən çəkisinə nisbəti 20-22%-ə bərabərdir. 6-7 yaşında əzələlərin nisbi çəkisi 21,5% kişilərdə 35-40%, qadınlarda 30-32%-ə çatır. Əzələlərin inkişafı onların funksional fəallığından (fiziki əmək,idman və s.) aslıdır [23;231]. Uşaqlarda 2-3 yaşına kimi ətraf əzlələrinin, 4 yaşında arxa və sağrı əzələlərinin, 7-14 yaşlarında isə bütün əzələlərin intensiv inkişafı baş verir.
Yenidoğulmuşlarda mimiki əzələlər zəif inkişaf etmişdir. Kəlləüstü əzələnin alın və ənsə qarıncıqları nisbətən yaxşı, kəllə aponevrozu isə zəif inkişaf edir. Əmmə aktı ilə əlaqədar olaraq ağızətrafı əzələlər, xüsusilə ağzın dairəvi əzələsi və yanaq əzələləri südəmər dövrdə yaxşı inkişafa malik olurlar. Çeynəmə əzlələrinin posnatal dövrdə intensiv inkişafı süd dişlərinin çıxması ilə əlaqədardır və bir yaşına təsadüf edir. Bu zaman gicgah fassiyasının səfhələri arasında piy toxuması topalandığından uşağın başı dairəvi formalı olur. Başın əzələ və fassiyaları 5-8 yaşlı uşaqlarda yaxşı inkişaf edir.
Boyun əzələləri yenidoğulmuşlarda zəif inkişaf etmişdir. 6 aylığından uşaqlarda boyun əzələlərinin, xüsusilə də döş-körpücük-məməyəbənzər əzələnin və dilaltı sümükdən yuxarıda yerləşən əzələlərin inkişafı hiss olunur. 5-7 yaşlı uşaqlarda isə boyun əzələləri yaxşı inkişaf etmiş olur və bu əzələlərin inkişafı 20-25 yaşına kimi davam edir. Döş əzələləri ilk yaşlarda zəif inkişaf etmişdir. Döş qəfəsinin yerləşmə vəziyyətinin dəyişməsi, ağciyərlərin ventilyasiyası ilə əlaqədar tənəffüs hərəkələrinin artması və güclənməsin aslı olaraq döş əzələləri 6-12 yaşlarda yaxşı inkişaf edirlər. Döş əzələlərinin 18-22 yaşa kimi davam edir. Yenidoğulmuşlarda diafraqma yaxşı inkşaf etmişdir.
Qarın əzələləri yenidoğulmuşlarda və südəmərlərdə zəif inkişaf etdikləri üçün qarnın ön divarının relyefi bilinmir.Qarnın xarici çap əzələvi hissəsi qısa, aponevrozu isə enlidir.Daxili çap əzələnin aşağı hissəsi düz əzələ yatağının arxa divarı (ön divara nisbətən) zəif inkişaf etmişdir. Qasıq kanalı qısa (uzunluğu 1,5-2,0 sm) diametri böyükdür. Qasıq kanalının dərin halqası qıfabənzər çuxur şəklindədir.Səthi halqanın içəri ayaqcığı nisbətən yaxşı inkişaf etmişdir.2 yaşında qasıq kanalı tam formalaşmış olur.Göbək halqasının yuxarı hissəsi zəif inkişaf etdiyindən həmin nayihədə çox vaxt göbək yırtığı əmələ gəlir.Qarın əzələlərinin kütləsinin artması, aponevrozların qalınlaşaraq möhkəmlənməsi, düz əzələ yatağının, xüsusilə onun divarının tam formalaşması 1-3 yaşda baş verir.Qarın əzələlərinin və onların törəmələrinin inkişafı 18-22 yaşa kimi davam edir.
Ətrafların əzələləri yenidoğulmuş və südəmərlərdə zəif inkişaf etmişdir və əzələlərin qarıncığı vətərlərə nisbətən uzundur. Döl qan dövranının xüsusiyyətlərindən aslı olaraq yuxarı ətrafın əzələ və fassiyası aşağı ətrafın əzələ və fassiyalarına nisbətən yaxşı inkişaf etmişdir. Uşaqlarda yuxarı ətrafın əzələləri ümumi əzələ çəkisinin 27%-ni və 54%-dir. Yenidoğulmuşlarda əlin və ayağın sümük-lifli və sinovial vətər kanalları formalaşmamışdır. Bud kanalının xarici və daxili həlqəsi genişdir. Əzələlərin zəif inkişafı ilə əlaqədar ayaq tağları görünmür. Ətraf əzələlərinin intensiv inkişafı 5-6 yaşa kimi və yeniyetmə dövrünə təsadüf edir [30;206].

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin