AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə4/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat



  1. Фарсобин В.В. Источниковедение и его методы. М., 1983

  2. Медушевская О.М. Теоретические проблемы источниковедения. М., 1977

  3. Пронштейн А.П., Задера А.Г. Методика работы над историческими источниками. М., 1977


MÜHAZİRƏ IV


AZƏRBAYCAN TARİXİNİN ƏN QƏDİM DÖVRÜNDƏN X ƏSRƏ QƏDƏR OLAN MƏNBƏLƏR

Yunan-Roma tarixi mənbələri


Müasir tarixi məktəb nümayəndələri belə hesab edirlər ki, tarixin yazılması e. ə. VI-V əsrlərdə yaşamış Polibiy, Fukidid və Herodotun əsərləri ilə deyil, e. ə. XIV əsrdə yaşa­mış Hittitin əsəri və yəhudi tarixi yazıları ilə başlanır. Tarixşünaslıqda praqmatik əks­etmənin banisi hesab edilən yunan tarixi mənbələri “allahların qorxusundan və inamdan uzaq” yaranmış və inkişaf etmişdi. Təəccüblü deyil ki, tarixin qoruyucusu sayılan Klio sözünün mənası da “şöhrətlən­dir­mək, baş əymək, sitayiş etmək” demək idi.


Praqmatik yunan tarixi məktəbinini əsas xüsusiyyəti tarixin təzahür və hadisələrinin, insan fəaliyyətinin səbəbinin tapılması idi. Bu tarixi abidələrdə insan və ayrı-ayrı fərdlərin fəaliyyəti ol­duq­ca mühüm əhəmiyyət kəsb edir, tarixin əsas faktoru kimi təq­dim olunurdu. Humanist xarakter daşıyan yunan tarixi mən­bə­ləri əslində ətraf mühitin, təbiətin tarixə, şəxsiyyətlərə və insanın ətraf mühitə təsirini öyrənməyə yönəlmişdir. Antik tarixi mənbələr keçmiş tarixi izah etmək üçün bir neçə faktorun vacibliyini qeyd edirdilər. Bunların arasında birincisi və ən əhəmiyyətlisi şəxsiy­yət­lə­rin psixoloji mo­tivləri və onların ətraf mühitə təsiretmə üsulları idi. Tarixi proseslərin daim dəyişildiyini qeyd edən antik tarixi mən­bələr bunun səbəblərini açıqlamamış və bu dəyişkənliyi dərk edə bilməmişlər. Qədim tarixi əsərlər əsasən təsvir, izah və inkişafdan ibarət idi. Təəssüf ki, yunan-roma tarixi məktəbi orta əsr tarixi məktəbi ilə müqayisədə yaradılan əsərlərin qorunması, surətinin çıxarılması və köçürülməsi sahəsinə lazımi diqqət göstər­mə­mişdir. Yunan-roma tarixi ədəbiyya­tında məkan və zaman fak­tor­larına ciddi diqqət verilməməsi tarix elminin sonrakı inkişafına öz mənfi təsirini göstər­mişdir. Bu əsərləri tarixdən çox kvazi-tarix adlandırsaq daha düzgün olardı. Çünki bu əsərlərdə biz tarixin cəmiyyət, bəşə­riyyət qarşısında qoyduğu suallarına cavab tapmırıq. Onlar tədqiqat işi deyil, ədəbi əsər təəssüratı bağışlayırlar. Bu əsərlər insan hərəkətinin təhlili deyil, bu hərəkətin qabaq­cadan duyulması cəhdi idi. Bu əsərlərdə allahlar və şahların fəaliyyəti tədqiqat obyektinə çevrilirdi. Məhz bu baxımdan qərb ədəbiy­ya­tında bu əsərlər teokratik əsərlər kimi xarak­terizə olunur. Bu əsərlərin böyük əksəriyyəti mifik xarakter daşıyırdı.
Mif və teokratik tarixin birləşdiyi klassik əsərlər yəhudi yazıları sayılır. Yəhudi əlyazmaları bu cəhətdən Misir və Me­so­patamiya yazılarından bir o qədər fərqlənməsə də, onlarda allah və teokratik elementlər universal xarakter daşıyırdı. Assur-Babil yazı­la­rı ilə müqayisədə yəhudi əlyazmaları insan mənşəyinin köklərini ümumi deyil, konkret halda, yəni ayrı-ayrı şəxslərin tarixi şəklində təqdim etməyə çalışırdı (1).
Təəssüf ki, bəşər tarixinin bir çox qaranlıq qalmış sahələrinə işıq sala biləcək yəhudi əlyazmalarının böyük əksəriyyəti müəy­yən tarixi səbəblər üzündən məhv olmuş və dövrümüzə onların yal­nız bir qismi, və əsasən də bizim eramızda yarananlar gəlib çıx­mış­dır. Tarixə «kumran tapıntıları» adı ilə daxil olmuş qədim yə­hu­di əlyazmaları qədim xalqların tarixi-dini görüşlərinin tədqiqi ba­xı­mından əvəzedilməz mənbələr sayılır (2).
Ən qədim yəhudi əlyazmaları perqament üzərində əks olun­muş­dur. Bu əlyazmalardan biri 1947-ci ildə bir bədəvi tərəfindən Ölü dənizin şimal nöqtəsində qədim bir mağarada aşkar edilmişdir. Yəhudi əlyazmalarının öyrənilməsi, araş­dırılması və yaranma tarixinin müəyyənləşdirilməsi müəyyən çətinliklərlə üzləşsə də, dini tarix və yəhudi sivilizasiyası ilə məşğul olan tədqiqatçılar bu mənbələrin əhəmiyyətini dərk edərək, onların hərtərəfli araş­dı­rıl­masına mühüm əhəmiyyət vermişlər. Çox təəssüf ki, orijinalların itirilməsi mənbələr haqqında ətraflı və tam təsəvvür yaratmaq im­ka­nı vermir. Bütövlükdə isə indiyə qədər aşkar edilmiş bütün yə­hu­di əlyazmalarının demək olar ki, böyük əksəriyyəti Əhdi-Ətiqin ən qədim surətləri və hissələri, digər dini materiallar və mətn­lər­dən ibarətdir. Bu mətnlər nəinki yəhudi dini və psixo­logiyasının, eyni zamanda xristianlığın kökləri və əsaslarının öyrənilməsi üçün dəyərli mənbələrdir.
Ən qədim dini əlyazmaları yunan mənbələri ilə müqayisə etsək, onların tarix elmində yeni bir mərhələ olduğunu qeyd etmək olar. Əvvəla, yunan alimləri artıq dərk edirdilər ki, tarix elmdir. Onlar dərk edirdilər ki, bu elm insan fəaliyyətini tədqiq edir. Bu tarix artıq əfsanə deyil, tədqiqatın bir növüdür. Bu baxımdan yunan tarixi abidələrini xarakterizə edən dörd faktoru qeyd etmək olar: 1) bu tarix elmi xarakter daşıyırdı; 2) bu tarix humanist tarix idi; 3) bu tarix rasional idi və 4) bu tarix tarixin mahiyyətini açıqlamağa çalışırdı (3).
Təxminən Herodotun dövründən yunan təfəkküründə anti-tarixi tendensiya formalaşmağa başlamışdır. Bu tenden­siyaya görə elm olan tarix insan fəaliyyətindən ibarət idi. Tarixin vəzifəsi isə insanların keçmişdə etdiklərini müasir­lərinin qarşısına qoymaqdır. Yunan təfəkkürünü narahat edən və anti-tarixi metafizikanın for­ma­laşmasına səbəb olan faktor dünyanın dəyişkənliyi idi. Əgər dün­yada hər bir şey dəyişirsə, və heç nə əbədi deyilsə, insan təfəkkürü nə üçün onu anlamağa çalışır? Yunanların fikrincə əsl elm dəyişməz və daimi olanları öyrənməli və tədqiq etməli idi. Məlum olan müəyyən olunmalıdır, müəyyən olunan tamamlanmış olmalıdır. Bu nöqteyi-nəzərdən çıxış edərək, yunan tarixi məktəbi tarixi incəsənət və mədəniyyətə yaxınlaşdırırdı.
Qədim yunan fəlsəfəsi iki növ təfəkkür və düşüncəyə malik idi: xüsusi biliklərə və mülahizəyə. Tədricən yunan alimləri ətraf mühitin dəyişilməzliyi konsepsiyası və xarici biliklər çərçivə­sin­dən çıxaraq, yeni bir mərhələyə qədəm qoydular. Artıq dünyada heç bir şeyin daimi və dəyişməz olmadığını anlayan yunan tarixi mək­təbi dünyada başa vermiş dəyişikliklər və onların xronoloji ar­dı­cıllığı üzərində düşünməyə başladılar. Bu tarixi təfəkkür ictimai həyatın bir nəsildən digərinə dinc şəraitdə ötürülməsi ideyasını deyil, müqavimət, faciəli dəyişikliklərin bir-birini əvəz etməsi, zəif­dən güclüyə, kiçikdən böyüyə doğru, qürurdan alçaqlığa, xoş­bəxt­likdən bədbəxtliyə doğru gedən yolun ideyasını araşdırmağa əsaslanırdı. Yunan tarixi məktəbi cəmiyyətlərin həyatını onların fa­ciəsi ilə izah etməyə çalışırdı. Yunan tarixi məktəbinin yaratdığı tarix həyatın obyektlərini talan və taran etməsinə sevinirdi. Yunan allahlarının gücü haqqında hər bir yunanın malik olduğu biliklər bu tarixi əsərlərdə əks olu­nurdu.
Lakin bütün bunlarla yanaşı tarix yunanlar üçün qiymətli idi. Bu tarixdə ümumi götürdükdə hər bir şeyin, hər bir hadisənin öz səbəbi var idi və hər bir hərəkət və səhvin əvəzini vermək lazım gəlirdi. Bu tarix qiymətli idi və onun öyrənilməsinin insan üçün mühüm əhəmiyyəti var idi. Yu­nan­ların yaratdığı konsepsiyaya gö­rə tarixdə baş verən hər bir şeydən qaçmaq olar. Əgər insan hər hansı çətin vəziyyətə düşürsə, demək o, bu çətinliyi görmək üçün kifayət qədər diqqətli olmayıb. Əgər o, bu çətinlikləri görsə idi və ya onları görmək istəsəydi, onlara qarşı müdafiə oluna bilərdi. Yunanların insan həyatı və taleyinin insanın öz əlində olması, insanın öz həyatına nəzarət etmək üçün kifayət qədər gücə malik olması ideyası yunan tarixi məktəbinin elmi əsasını təşkil edirdi. Bu imkan, bu güc insan bilikləri ilə məh­dudlaşırdı. Yunan nöqteyi-nəzərinə görə insanın öz əlində olan taleyi dağıdıcı gücə malikdir, çünki onu işlədəndə insan korlaşır. Onun necə işlədilməsini anla­ma­yan insan onun haqqında heç olmazsa müəyyən təsəvvürə malik ol­maq üçün hüquq əldə etməlidir. Yalnız bu fikirlərin köməyi ilə in­san gücü bu taledən qaçmaq üçün ona imkan yaradan mövqeni tuta bilər.
Yunan tarixi məktəbi tarixin başlıca subyektinin dərk edil­mə­si­nin qeyri-mümkünlüyü ilə əlaqədar onun dəyərinin azaldığını da qeyd edir. Məhz buna görə Aristotel hesab edirdi ki, ədəbiyyat tarixdən daha elmidir, çünki tarix empirik faktların toplanması, ədə­biyyat isə bu faktlar əsasında universal mühakimənin yürü­dül­mə­si deməkdir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən yunan alim­lə­ri tarixi hisslərin, duyğuların toplusu hesab edirdilər. Bəs onların fikrincə tarixi sübutun konsepsiyasına nə daxil idi? Yunan tarixi mək­­təbinin fikrincə tarixin sübutu tarixi hadisələrin şahidi olub on­ları nəql edən əsərlərin, hekayələrin faktlarıdır. Tarixin sübutu şahidin salnaməsi, hekayəsidir, tarixi metod isə oradakı faktları qeydə almaq imkanı verməlidir.
Əgər Herodotun iş üsulu tənqid olunarsa, onu şahidin yazı­la­rını qeyri-tənqidi qəbul etməkdə günahlandırmaq olmaz. Əslində Herodot öz mənbələrinə olduqca tənqidi yanaş­mışdır. Əsl yunan olan Herodot malik olduğu mənbələri hakim ciddiliyi ilə tənqid süzgəcindən keçirmişdi. Məhkəmə praktikasının inkişafı sayəsində yüksək tənqidi təfəkkürə malik olan yunanlar üçün bu o qədər də çətin deyildi. Yunan tarixçiləri üçün Herodotdan başlamış Fukididə kimi müasir şahidin mülahizələrinin mühakiməsi tarixçinin kiminlə şəxsi əlaqədə olmasından asılı idi. Tarixin bərpasının keyfiyyəti eyni zamanda tarixçinin tədqiqatçılıq qabiliyyəti ilə ölçülür­dü. Ta­rix­çi malik olduğu mənbələrə qarşı elə suallar qoymalı idi ki, onlar tarixçiyə keçmişi tam və hərtərəfli bərpa etmək imkanı versin.
Tarixi mənbələrdə əks olunmuş fakt və informasiyanın öy­rə­nil­məsi yunan tarixçilərində informant fikrin toplan­masına və keç­miş haqqında müəyyən biliklərin yaranmasına imkan verirdi. Bun­dan sonra yunan tarixçiləri topladıqları bilikləri özünəməxsus tərz­də təhlil edirdilər. Sözsüz ki, yunan tarix­çilərinin tədqiqat metodu müa­sir tarixçilərin tədqiqat metod­larından köklü surətdə fərq­lə­nir­di. Bu metodun üç məhdud cəhəti mövcud idi: birincisi, bu metod ta­rixin oxucularına tarixin qısa perspektivlərindən başqa bir şey təqdim etmək imkanına malik deyildi; müasir tarixçilər aydın bi­lir­lər ki, onların imkanları olsaydı, bəşəriyyətin bütün tarixini əks et­di­rərdilər. Lakin hadisələri bərpa etməyə çalışan yunan tarix­çi­lə­ri heç zaman bütövlükdə öz dövrlərini bərpa etməyə cürət et­məz­di­lər. Onların metodu yalnız yaddaşlarda həkk olunmuş tarixi əks et­dir­mək imkanı verirdi. Yalnız uzaq keçmişin tarixini effektli bərpa etmək imkanına malik olan yunan alimləri öz dövrlərinə yaxınlaş­dıqca tədqiqatlarının effektivliyinin azaldığını anlayırdılar.
İkincisi, yunan tarixçilərinin istifadə etdikləri metod onları tədqiqat obyekti seçmək imkanından məhrum edirdi. Bu metod tədqiqat obyekti seçimini məhdudlaşıdırırdı. Yunan alimləri yalnız o hadisələri bərpa edə bilirdilər ki, onların şəxsi kontaktda olduğu insanların yaddaşında bu hadisələr həkk olunmuşdur. Bu metoddan çıxış edərək, demək olardı ki, tarixçi öz nəslinin avtobioqrafı idi.
Üçüncüsü, yunan tarixi məktəbinin tədqiqat metodu yalnız konk­ret götürülmüş bir tarixi yazmaq imkanı verirdi. Bu metod ayrı-ayrı tarixlərin ümumi tarixi əsər halında birləşdirilməsi üçün yararlı deyildi. Yunan tarixi məktəbi üçün yalnız yunan tarixi mövcud idi, bu məktəb müxtəlif hadisə və tarixləri yaxınlaşdıra və birləşdirə bilmirdi.
Tarixin atası sayılan Herodotun əsərinin qiyməti ilk növbədə, onda yunan tarixi fikrinin ümumi tendensiyasının əks olunmasında idi. Herodotu yunan filosofu Sokratla yanaşı qoyan ingilis tarixçisi R.Kollinqvud belə hesab edirdi ki, “heç bir şeyi bilmədiyini etiraf edən və diskussiya etmək qabiliyyətinin əsasını qoyan Sokrat kimi Herodot da biliklərin təfəkkürdə ümumiləşdirilməsi nəticəsində özünü doğrultmayan xəyalların toplanmasından qorxmamışdır” (4).
Tarixin yaranıb formalaşmağa başladığı dövr təbiət elmləri­nin çiçəkləndiyi bir vaxta təsadüf edirdi. Yunan elmi təfəkkürünü isə belə bir fikir düşündürürdü: əgər tarix elm­dirsə, nə üçün o öz taleyini yalnız mədəniyyətlə bölüşdürür, nə üçün o təbiət elmləri ilə yanaşı durmur?
Bu sualın cavabını anti-tarixi tendensiyaya malik yu­nan təfək­kü­ründə axtarmaq lazım idi. Herodotun dahiliyi bu istiqamətdən yüksəkdə durması idi. Herodot tarixdə elmi təfəkkürün formalaş­dı­rıl­masına can atırdı. Əsl elmi tədqi­qatlar dünyada daim mövcud olan obyektləri əhatə etdiyindən Herodotdan sonra uzun müddət «el­mi təfəkkür» olmaq statusunu qazanmağa çalışan tarixi təfək­kü­rün fəa­liyyəti dəyişməz və daim mövcud olan obyektlərin axtarışı ilə məhdudlaşmışdır. Bu faktın möhkəmləndiyi ilk əsər Fukididə məx­susdur.
Herodotla Fukididin dünyaya elmi baxışları onların ədə­bi stili ilə fərqlənirdi. Herodotun stili sadə, spontan və inan­dırıcı idi. Fukididin üslubu kəskinliyi, süniliyi ilə seçilirdi. Və bu üslubun səbəbi Fukididin tarixi fakt və hadisələri sübuta yetirmək cəhdləri ilə izah olunurdu. Müasir tarixçilər belə hesab edirlər ki, Fukididin elmi təfəkkürü təkcə tibb elmi deyil, psixologiyanın da atası sayılan Hippokratın təsiri altında formalaşmışdır və buna görə də onun müharibə və hadisələrin təsviri zamanı ümumi hərbi gərginliyi əks etdirməsi bu faktla izah olunmalıdır. Herodot tarixin atası­dırsa, Fukidid psixoloji tarixin atası sayılmalıdır.
Bəs psixoloji tarix nə idi? Bu, sözsüz ki, geniş mənada tarix deyil, xüsusi növ təbiət elmi idi, o, salnamə faktları üçün deyil, psixoloji qanunların təsdiqi üçün formalaşmış elm sahəsi idi. Psix­o­lo­ji qanun isə “nə hadisə, nə də hadisələr kompleksi idi; o, ha­di­sə­lər arasında münasibətləri idarə etmək üçün dəyişilməz qayda idi”. Fukidid Herodotun tarixi təfəkküründən bəhrələnmiş, lakin onu anti-tarixi konsepsiya­ya qarşı duran şəxs kimi qiymətləndirmişdir.
Eramızdan əvvəl V əsrdən sonra yunan tarixi fikri za­man çər­ç­ivəsində genişlənməyə başladı. Makedoniyalı İsgən­dərin dövrün­dən bütün dünyaya yayılan və inkişaf edən yunan təfəkkürü bir nəs­lin nöqteyi-nəzərindən kənara çıxa­raq, bu inkişafa xüsusi isti­qa­mət verdi. Yunan alimlə­rinin nəzərində tarix yalnız xüsusi bir so­sial birliyin zaman daxilində götürülmüş xüsusi tarixi idi.
Ellinizm dövrü tarixi təfəkkürü tədqiq etdiyi sosial cəmiyyəti digər cəmiyyətlərdən təcrid olunmuş halda öyrə­nirdi. Digər cə­miy­yətlərin bu təfəkkürə daxil edilməsi onların “dost və ya düş­mən” statusu ilə bağlı idi. Eyni nöqteyi-nəzərdən çıxış edən Hero­dot öz əsərində farsları təsvir edirdi, «ona görə yox ki, Herodot farslarla maraqlanırdı, ona görə ki, farslar yunanların düşməni idi» (5). Yunan tarixi təfəkkürinə görə insan dünyası birliyi xüsusi so­sial biliklərin totallığı tarixi deyil, coğrafi birlik mənası verirdi. Bu birlik haqqında yaran­mış təfəkkür tarixi deyildi. Ellinizm dövrü tarixi təfəkkürü üçün aykumena tarixi, dünya tarixi qəbulolunmaz ideya idi. Məhz bu baxımdan ellinizm dövrü tarixi məktəbi yunan dövrü tarixi məktəbinin məhdudiyyətlərini aşa bildi. Əvvəla, bu məhdudiyyəti yaradan yunanlarla barbarlar arasında dil müxtəlifliyi aradan qaldırıldı. Barbarların tədricən yunan­laşması və yunan mə­də­niyyətinin bütün dünyanı əhatə etməsi barbarlarla yunanlar ara­sın­da əlaqələrin güclənməsi, fərq­lərin azalması və təfəkkürlərin yaxınlaşmasına gətirib çıxar­dı. Barbarlar yunan mədəniyyəti, dili və yunan tarixi təfək­kürünü qəbul edirdilər, onlar arasında olan düşmənçilik təd­ricən əriyirdi.
İkincisi, Makedoniyalı İsgəndərin işğallarından sonra dün­ya­nın böyük bir hissəsi yunan mədəniyyətinin təsiri altına düşərək, vahid siyasi birliyə çevrildi. Dünya coğrafi birlik məfhumundan daha dərin tellərə malik bir birlik mənası kəsb etməyə başladı. Makedoniyalı İsgəndərin qüd­rətli imperiyası indi yunan tarixini bölüşdürürdü. İndi yunan tarixi Adriatik dənizindən Hindistana, Dunaydan Saxaraya qədər geniş bir ərazini əhatə edirdi. Yunan tarixi əslində dünya tarixinə çevrilirdi. Dünya tarixinin vahid tarixə çevrilməsi isə artıq stoik ideya idi, stoisizm isə (stoisizm b.e.ə. IV əsrdə yaşamış Sitiumlu Zenonun yaratdığı fəlsəfə idi və bu fəls­əfəyə görə müdrik insan öz hiss və ehtiraslarını nümayiş etdir­məməli idi) elmi dövrün tipik məhsulu idi.
Üçüncüsü, dünya tarixi təkcə müasirlərin şahidliyi ilə yazıla bilməzdi. Tarixi tədqiqat metodunun təkmilləşdiril­məsinə məhz bu dövrdə ehtiyac duyuldu. Konkret dövrdə konkret ölkələrin konkret tarixini əks etdirən tarixçilərin əsərlərindən istifadə etmək, onlarda əks olunan faktları öyrənmək labüd və zəruri idi. Bu isə R.Kol­linqvudun “kəs və bitişdir” adlandırdığı metodun formalaş­ma­sına yol açırdı. Sözsüz ki, bu metod Sokrat dövründə mövcud olan metodla müqayisədə zəif idi. Bu metod bütövlükdə tənqidi metod deyildi. Çünki tarixi mühakimə ayrı-ayrı müəlliflərin yazdıq­larının düzgün olub-olmaması əsasında yürüdülürdü. Lakin ellinizm dövrü tarixçiləri istinad etdikləri əsərləri kifayət qədər tənqid etməmiş onların informasiyasından istifadə etmirdilər.
Beləliklə, ellinizm dövrü tarixi təfəkkürü məkan və zaman çərçivəsini genişləndirərək, dünya tarixini yaratmaq iddiası ilə özündən əvvəl yazılan əsər və salnamələrin ciddi tənqidi əsasında yeni tarix yaratmağa cəhd göstərirdi. Bu tarixin effektli yazılması tarixçilərin nə qədər çox mənbə və fakt toplamasından asılı idi.
Bu yeni tarixin yaradılması ideyası tam mənada ilk dəfə Poli­biyin əsərində reallaşmışdı. Bütün həqiqi tarixçilər kimi Polibiy də tarixdə müəyyənləşdirilmiş mövzuya malik idi və bu mövzu Ro­ma­nın dünyanı istilası idi.
Polibiyin yeni tarixinin xüsusiyyəti onun öz dövrünün hadi­sə­lə­rini deyil, tarixi 150 il öncə, yəni beş nəslin tarixini əhatə etmək cəhdi ilə müəyyənləşdirilir. Belə bir cəhdin edilməsi ilk növbədə Polibiyin Romada yaşaması, Roma tarixi fikri ilə yunan tarixi tə­fək­kürü arasında ciddi fərqlərin olması ilə izah olunur. Romalılar öz evlərində təkcə sələf­lərinin şəkillərini deyil, onların adət və ənənələrini də qoru­yur­dular. Polibiyin əsərlərində keçən dövrlə müasir həyatın kompleksli tədqiqi əldə olunan mənbələrin tənqidi təhlili və yalnız inandırıcı salnamə və yazıların tədqiqata cəlb et­mə­si ilə əldə olunur. Polibiy “tarix” sözünü onun əsl mənasında “təd­qiqat” kimi deyil, müasir anlamda tarixin mənası, yəni öz adı­na ehtiyac duyan xüsusi növ tədqiqat kimi istifadə edirdi. (6) O, tari­xə universal dəyər verən bir elm kimi baxırdı. Anti-tarix və ya sub­stansialist xüsusiyyət daşıyan yunan tarixi fikrinə görə tarix elm deyildi və onun dəyəri də nəzəri biliklərin əldə edilməsi ilə öl­çül­mə­məli idi. Tarixin təcrübə dəyəri mövcud idi və bu dəyər biliyə oxşar bir şeyi təcəssüm etdirirdi. Bu bilik nə isə dəyişilməz və daimi olan bilik deyil, dəyişkən və hiss edilən bilik idi. Bu kon­sep­siyanı V əsrdə qəbul edən şəxs həm də qəbul etməli idi ki, tarixin də­yəri onun fərdi mühakimələri inkişaf etdirməsindədir. Bu fikir IV əsrdə Sokrat tərəfindən müdafiə oluna bilərdi, lakin Polibiy üçün qəbul olunmaz idi. Çünki Polibiy inanmırdı ki, tarixi biliklər in­san­lara keçmişin səhvlərini təkrarlamamaq və çətinlikləri müvəf­fəqiyyətlə ad­lamaq imkanı verə bilər. Polibiyə görə faciənin qəh­rə­man­larından biz bu faciələri təkrarlamamağı deyil, onları mərd­liklə qarşılamağı öyrənməliyik. Bu faciələrdən yaxa qurtar­maq və qaçmaq mümkün deyil, onlar taleyin hökmüdür.
Tale ideyası tarixə determinizmin yeni elementi kimi daxil oldu. “Tarixçinin tarixi yaratdığı kətan böyüdükcə orada fərdlərin hərəkətinə ayrılan yer də azalırdı”. Bu tarixdə insan öz taleyinin sahibi deyil, tale onun sahibi idi. Onun şəxsi azadlığı ətraf mühit hadisələrinin deyil, onun daxili xarakterində üzləşdiyi hadisələri nəzərdə saxlaması ilə məhdudlaşırdı. Burada Polibiy tarixə stoik və Epikürün eti­kaya göstərdiyi münasibəti nümayiş etdirirdi. Bu məktəb­lərin fikrincə mənəviyyat problemi bizi əhatə edən mühitin hadisələrini nəzarət etməyimiz deyil, xarici hadisələri nəzarətdə saxlamaq qadağan olunan zaman təfəkkürün daxili bütövlük və balansını qorumağımızdır. Ellinizm dövrü təfəkkürünə görə özünü­dərk­etmə dünyanın fəthi demək idi; bu, insanı xarici düşmənçilik və üsyandan qoruyan qala idi. Polibiyin köməyi ilə ellinist təfək­kü­rü və tarixi düşüncəsi Roma tarixi məktəbinə keçirdi. Bu təfək­kü­rün yeganə inkşaf etdirildiyi əsər Tit Livinin qədim dövrləri əhatə edən Romanın bütöv tarixinə həsr olunmuş əsəri idi (7). Yaradı­cılığının əksər hissəsinin V əsrə təsadüf etdiyi Polibiy tarixi bərpa edərkən “kəs-yapışdır” metodundan istifadə etmişdir. Onun əsər­lə­ri­nin yalnız girişi ondan öncə yaşamış mütə­fəkkirlərin yazdıqlarına əsaslanırdı. Tit Livinin dayaq mər­kəzi isə artıq başqa idi. Onun əsərində giriş yox idi və Roma tarixinə dair yazılmış əsər tamamilə ondan əvvəl yaşamış alimlərin əsərlərinə söykənirdi.
Tit Livi Roma tarixçiləri içərisində ən fəlsəfi tarixçi idi. Əvvəla, ona görə ki, onun əsərində orijinal tədqiqat yarat­maq və orijinal metod kəşf etmək istəyi hiss olunmurdu. Tit Livinin əsərində elmi tələb kifayət qədər aşağı səviyyədə idi. İkincisi, öz təsvirində o, mənəvi faktorlara üstünlük verir, oxucunu uzaq keç­miş haqqında səyahətə dəvət edir, onun qarşısında Roma cə­miy­yə­tinin mənəvi dünyasını açmağa çalışırdı. Üçüncüsü, Tit Livi açıq yazırdı ki, tarix humanist elmdir. Tarix onu oxuyanın qürurunun və şöhrətinin yüksəldilməsi üçün deyil, bəşəriyyətin fəaliyyət və həyatını təsvir etmək üçün yazılır.
Roma elmi və tarixi düşüncəsi dünya elminə yeni bir şey gə­tir­məyərək, yunan tarixi məktəbi ənənələrini faktiki olaraq, davam etdirmişdir. Roma məktəbinə yenilik gətirən yeganə mütəfəkkir isə Tit Livi olmuşdur. Ondan sonra yaradan Tasit tarixin inkişafı üçün böyük xidmətləri olduğunu qeyd etdiyi alimlərin nə dərəcədə tarixçi olması haqqında düşünmürdü. Bunun isə əsas səbəbi Tasitin heç bir zaman tarixin fundamental problemlərinə maraq göstərmə­məsi idi. Onun əsas fikri tarixin fəlsəfi fundamenti haqqında idi.
Bu cəhətdən Tasitin əsərlərində ciddi mütəfəkkir fikirindən çox ritorik ruhun olduğunu qeyd etmək olar. (8) O, tarixin siste­ma­tik­liyini dağıdaraq, onu xarakterlərin toqquş­ması kimi təqdim edir­di. Tasitin xarakterləri təsvir etmək prinsipi əslində tarixi həqiqəti əks etdirmirdi. Xarakterlərin təqdimatında fərdlərin xarakterləri ilə onların sosial mühi­tinin uyğunluğu məsələsi Tasitin qavramında fərdlərin xarak­terindən irəli gələn fəaliyyət kimi qiymətlən­di­ri­lir­di. Əslində tarixin gedişatını mənəvi dünya, etik dəyərlər, fərdlərin xü­susiyyəti və onların sosial mühitilə bağlayan Tit Livi və Tasit tari­xə böyük xidmət göstərməyə hazır idilər. Lakin onların istifadə etdiyi sadə metod, keçən əsr müəllifləri əsərlərinin sadəcə nəqli, bu missiyanın həyata keçirilməsinə mane olurdu.
Yunan-roma tarixi məktəbinin çatışmayan cəhətlərinə bax­ma­yaraq, tarix elminin formalaşmasında onun xüsusi xidmətləri ol­muş­dur. Bu məktəb ilk növbədə humanistliyi ilə seçilirdi. Bu mək­təb insan tarixinin, insan fəaliyyətinin və müvəffəqiyyətinin, eh­ti­yac və məğlubiyyətinin hekayəsi idi. Lakin yunan-roma huma­niz­mi­nin özünəməxsus zəifliyi möv­cud idi və bu zəiflik ilk növbədə onun mənəvi və ya psixoloji cəhətdən qeyri-adekvat anlaşıl­masında idi. Bu isə insanın ağla, dərrakəyə məxsus heyvan olması ideyasından irəli gəlirdi.
Sözsüz ki, hər bir insan imkan daxilində öz həyatını qurmaq üçün müəyyən cəhdlər göstərir, fəaliyyətə qoşulur. Məhz bu ba­xım­dan o, tarixi yaratmağa başlayır. Ellinizm ideyasına görə məhz bu zaman insan siyasi həyatda gücə çevrilir, dərrakəli, düşüncə və ağılla yaşamaq qabiliyyəti əldə edir, öz rasionallığı arxasında gizlənir. Lakin bu prosesin ən azı iki tərəfini qeyd etmək olar. Bir tərəfdən, insan xüsu­siyyəti onun hərəkəti, fəaliyyəti və təcrübəsi əsasında forma­laşır, digər tərəfdən isə insanın özü öz fəaliyyətinin nəticəsi olaraq, dəyişikliklərə məruz qalır, yəni insanların böyük əksəriyyəti hər hansı bir hərəkəti etməyincə onun mahiyyətini anlamır, yalnız bu hərəkət həyata keçdikdən sonra onun mahiyyə­tini dərk edir. İnsan fəaliyyətinin böyük bir qismini onun nə ilə nəti­cə­lənəcəyini bildiyindən deyil, nə ilə nəticə­lənəcəyi ilə maraqlandığından icra edilir. Yəni insan cəmiyyətinin böyük bir hissəsinin, etdiyi hərəkətinin nə ilə nəticələnəcəyini bilmir və bunu anlamaq, görmək, dərk etmək istədiyindən onu icra edir. Yunan-roma dünyasının etik fikri tarixdə hərəkət və fəaliyyətin nə ilə nəticələnəcəyi və sonluğuna deyil, başlıca rol oynayan faktorun plan və siyasətinə diqqət verirdi. Əgər yunan-roma humanizmi bu tarixi məktəbin ən qiymətli dəyəri və qazancı idisə, substan­sion­a­lizm onun ən böyük çatışmaz cəhəti hesab edilməlidir. Yunan-roma tarixi mək­təbinin metafizika sistemi əsasında qurulması, onun əsas elementinin materiya, substansiya olmasına gətirib çıxar­mışdı. Yunan metafizikləri belə hesab edirdilər ki, heç bir substansiya materiya ola bilməz, məhz buna görə də tarixi fikirdə substansiya fiziki substansiya və ya sual kimi nəzərə alınmırdı.
Herodot tarixin real, həqiqi nöqteyi-nəzərini tapmağa cəhd gös­tərirdi. Onun fikrincə tarixi hadisələr onların özlüyündə və onlar haqqında biliklərdə böyük əhəmiyyət kəsb edirlər. Lakin Fukididə görə tarixi hadisələr onların baş verdikləri xarici və subs­tan­sional varlıqların keçdikləri işıqla mühüm əhəmiyyətə ma­lik­dir­lər. Beləliklə, Fukidid tarixin nöqteyi-nəzərini substansio­nalizm­lə qaranlıqlaşdır­mağa çalışırdı. Bu proses Tit Livinin əsərində tam başa çatdırılmışdır.
Çox zaman yunan fəlsəfəsi ilə qeyri-fəlsəfi roma təfəkkürünü qarşı-qarşıya qoyurlar. Lakin qeyd etmək lazımdır ki, Roma tarixi məktəbinin metafizik substansi­alizmə meyilliliyi yunan tarixi mək­təbindən deyil, Roma qanunlarının xüsusiyyətlərindən irəli gəlirdi. Roma qanunu substansional metafizik prinsip əsasında yaranmış struktura malik idi və bu, Roma tarixçiləri Tit Livi və Tasitin əsər­lərində parlaq əks olunmuşdur.
Qarşısına Roma tarixini yazmaq məqsədini qoyan Tit Livinin əsəri müasir interpretasiyada Roma institutlarının və tipik Roma xarakterinin inkişaf tarixinin yaradılması cəhdi ola bilər. Lakin Tit Livi Romaya dəyişməz və daim mövcud olan substansiya kimi yanaşmışdır. Məhz bu baxımdan Roma indiyə qədər “əbədi şəhər” statusu almışdır. Çünki Tit Livinin düşüncəsi və təfəkküründə o əbədi şəhər idi.
Substansializmin parlaq əks olunduğu və əsas elmi prinsipə çevrildiyi ikinci əsər Roma alimi Tasitə məxsusdur. İmperiyanın xüsusiyyətlərinin insanın xarakterindən asılı olaraq, Tiberinin sima­sın­da təsvirinə cəhd göstərən Tasit tarixi prosesi şəxsiyyətin struk­tur və formasında baş verən dəyişikliklər deyil, onda olan gizli xü­su­siyyətlərin aşkarlan­ması kimi qələmə verirdi. Tasitə görə Tibe­rinin xarakterində olan, uzun müddət gizli qalmış, lakin sonra aş­kar­lanan xüsusiyyətlər imperiayanın xarakterinə ciddi təsir göstər­mişdir. Tasit nə üçün faktları belə təhrif etməyə cəhd göstərmişdir? Tasitə görə inkişaf ideyası xarakterdir, Tasitə görə ideya metafizika nöqteyi-nəzərindən qəbul olunmazdır. Xarakter isə faktordur, fəa-liy­yət deyil. Tiberinin və ya Neronun xarakterindəki xüsusiyyətlər isə onlarda daim olub, onların üzə çıxması üçün isə yalnız müəy­yən zaman zəruri idi. Yaxşı insan həmişə yaxşıdır. Əgər insan ahıl yaşında ideal şəxsiyyətdirsə, demək o, gənc yaşlarında da ideal olub. Hakimiyyət insan xarakterini dəyişə bilməz, o yalnız insanın kim olduğunu göstərə bilər.
Yunan-roma tarixi təfəkkürü məhz bu baxımdan tarixin necə yarandığını açıqlaya bilmirdi. Bu təfəkkürə görə mövcud olan hər bir şey tarixdən əvvəl mövcud olub. Tarixin dünyagörüşü isə in­sanların və əşyaların nə etdiyini təsvir etməklə məhdudlaşır. İnsan və əşyaların mahiyyəti və mənşəyi tarixi görüşdən kənarlaş­dı­rı­lır­dı. Belə olduğu halda tarix nə üçün lazım idi? Platonizmə görə tarix praq­matik dəyərə malik idi, bu ideya Sokratdan başlayaraq, Tasitə qədər intensiv inkişaf etdirilmişdir. Və bu fikir inkişaf etdikcə ta­rix­də düzgünlük və həqiqət haqqında məğlubçuluq, tarixi təfək­kür­də isə dərkedilməməzlik konsepsiyası möhkəmlən­məyə başladı.
Olduqca zəngin bazaya malik yunan-roma tarixi mək­təbi Qaf­qaz və Azərbaycanın qədim tarixi və onun müxtəlif istiqamət­ləri haq­qında da maraqlı məlumatlar qoruyub. Yunan və Roma alim­lə­ri­nin Qafqaz tarixinə müraciəti sözsüz ki, bilavasitə onların öz maraqları ilə izah olunmalıdır. Yunan-roma mənbələrinin əks et­dir­diyi tarixdə Qafqaz və o cümlə­dən Azərbaycan ərazisi haqqında tamamlanmamış, bəzən ziddiyyətli və izaha ehtiyacı olan, bəzən isə qeyri-real görü­nən məlumatların toplanması da məhz bu rakursdan əsaslandırılmalıdır. Əsərlərinə Qafqaz və Azərbaycan haq­qın­da məlumatlar daxil etmiş yunan alimləri Miletli Hekatey (b.e.ə.VI-V əsrlər), Herodot (b.e.ə. V əsr) və Strabonun (b.e.ə.I-e. I əsrləri) yaradıcılığı xüsusi maraq doğurur. Bu mənbələr Qafqaz və Azərbaycanın mülki və siyasi tarixinin bərpasında mühüm əhə­miy­yət kəsb edən məsələlərin, tarixi sərhədlərin, əhalinin etnik strukturu və mənsubiyyətinin, məişət həyatının müxtəlif məqam­la­rı haqqında informasi­yaya malikdir. Qədim Azərbaycan ərazisində möv­cud olmuş Manna, Kiçik Midiya, Atropatena, Qafqaz Alba­ni­ya­sı dövlətlərinin antik dövr tarixi maddi-arxeoloji mənbələrlə ya­na­şı sinxron yunan-roma mənbələri hesabına bərpa edilmişdir. Məhz bu baxımdan yunan-roma tarixi məkbəti nümunələrinin tari­xi­mizin antik dövrünün araşdırılmasında mühüm əhəmiyyətə malik olduğunu söyləmək olar.
Yunan mənbələrindən fərqli olaraq, roma tarixi yazıları Qaf­qaz və Azərbaycan haqqında daha geniş və hərtərəfli məlumata ma­likdirlər. Bu, bir tərəfdən Roma dövlətinin siyasi aktivliyi ilə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin dirçəlişinin eyni tarixi zamana təsadüf etməsi, digər tərəfdən isə imperiyanın xarici siyasət istiqamətləri ilə izah olunmalıdır. Məşhur Roma alim­lə­rindən Petroniy Arbitr (I əsr), Hay Pliniy Sekund (I əsr), Patrokol (I əsr), İosif Flaviy (I əsr), Tit Livi (I-II əsrlər) , Korneli Tasit (I-II əsrlər), Klavdiy Ptolemey (I-II əsrlər), Plutarx (I-II əsrlər) və b. əsərlərində Qafqaz və Azərbaycanın antik dövrü üzrə olduqca ma­raqlı məlumatlar toplanmışdır. Bu mənbələr içərisində Hay Pli­niy Sekundun “Naturalis Historia” (Təbii tarix) adlı əsəri xüsusi maraq doğurur. 37 kitabdan ibarət olan bu əsərin I kitabında Xəzər dənizi ətrafında məskunlaşmış etnoslar haqqında ətraflı məlumatlar verilir, onların yaşadığı yer dəqiq lokallaşdırılır. Onun verdiyi mə­lu­mata görə «Kir çayından başlanan bütün düzənlik albanlar tə­rə­findən məskunlaşdırılmışdır, onlardan sonra isə albanlarla Qaf­qaz­dan Kir çayına tökülən Okazan çayı vasi­təsilə ayrılan iberlər yer­lə­ş­ir. Albanların baş şəhəri Kabalaka, iberlərinki isə Her­mast­dır. ....Albaniyanın sərhədlərindən başlanan ərazidə vəhşi silv, lu­pe­ni­ya, didur və sod tayfaları yaşayırlar. Sağdan dənizə (Xəzər) girişdə boğazın ən son nöqtəsində skif tayfaları olan udinlər yaşayır. Sonra albanların sərhədi boyunca, udin tayfalarından yuxarıda sarmat­la­rın, utidorsların... torpaqları yerləşir, onların arxa­sında isə ama­zon­lar və savramatidlər yaşayır» (9).
Digər maraq doğuran əsər Korneli Tasitə məxsusdur. Olduq­ca zəngir yaradıcılığa malik Tasit bir neçə elmi əsərin müəllifi olmuşdur. Onun «Natiqlərin dialoqu», «Tasitin kürəkəni Qney Yu­liy Aqrikolanın bioqrafiyası», «Tarix», «Annallar» kimi əsərləri dün­ya tarixinin inciləri sayılır. 16 kitabdan ibarət «Annallar» adlı əsə­­rində Romanın qədim tarixi Avqustun ölümünə qədərki dövrə qə­­dər təsvir olunur. Bizim dövrümüzə natamam gəlmiş bu əsərdə Tasit başqa alimlərin və tarixçilərin əhəmiyyət vermədiyi məqam­ları işıqlandırmış, sosial tarixi, ixtişaş və konfliktləri ön plana çək­miş­dir. Qafqazın qədim toponimikası haqqında maraqlı informasiya ve­r­ən alim siyasi tarixi imperiyanın maraqları baxıınından şərh edir.
Yunan-roma mənbələri içərisində əvəzedilməz sayılan digər əsərin müəllifi Klavdi Ptolemeydir. İmperator Mark Avrelinin müasiri olmuş alimin yazdığı «Coğrafi rəhbərlik» adlı əsər bir neçə əsr alimlərin stolüstü kitabına çevrilmişdir. Əsərə daxil edlimiş xəritə və atlaslar, coğrafi şərhlər nəinki erkən orta əsr, hətta ərəb müsəlman tarixi-coğrafi nümunələrinin yaradılmasında mühüm rol oynamışdır. Klavdi Ptolemeyin əsərinin 11-ci fəslinin 8-ci paraq­ra­fın­d­a Albaniyanın coğrafi sərhədləri təsvir edilir: «Albaniya şi­mal­dan...Sarmatiya, qərbdən İberiya..., cənubdan Böyük Ərməniyə...., şərqdən isə Girkan dənizinin bir hissəsi ilə həmsərhəddir» (10).
Antik dövr yunan-roma mənbələrindən fərqli olaraq, erkən orta əsrlər dövrünə təsadüf edən əsərlərdə diqqət tarixi sərhəd və etnik strukturdan çox siyasi və mülkü tarixi məsələlərə yönəldil­miş­dir. Sözsüz ki, bu, tarixin inkişaf istiqamətləri və dövrünün ən qüd­rətli dövləti olan Roma imperiyasının siyasi xəttindən irəli gə­lirdi. Bu dövrün gör­kəmli yazarları içərisində Ammian Mar­sel­lini və Qeysəriyəli Prokopinin adı qeyd olunmalıdır. IV əsrin müəllifi Ammian Marsellinin «Tarix»i imperiyanın 4 əsrlik (Nervdan Valentə qədər) tarixini əhatə edir. 31 kitabdan ibarət olmuş bu əsərin yalnız ilk 13 kitabı dövrümüzə qədər gəlib çatmışdır. IV əsrin ortalarında farslarla müharibədə iştirak etmiş Ammian Marsellin əsərini yazarkən Rufiy Fest, Klavdi Ptolemey və Plininin əsərlərinə istinad etmişdir. Əsərin dövrümüzə gəlib çatmış his­sə­lə­rin­də Qafqaz və Azərbaycan ərazisində məs­kun­laşmış tayfalar və döv­lətlər, onlar arasında mövcud olan münasibətlər haqqında ma­raq­lı məlumatalr var: «Fars şimal tərəfdən Kaspi darvazalarına qə­dər kadusilər və çoxsaylı skif tayfaları ilə həmsərhəddir....qərb tə­rəf­d­ən Ərməniyə və ...Asiyada yaşayan albanlar ilə sərhədə ma­lik­dir» (11). Qeysəriyyəli Prokopiyə gəlincə isə o artıq qüdrətli Roma imperiyasının iki hissəyə parçalanmasından və Qərbi Roma im­pe­ri­yasının süqutundan sonra yaşayıb yaratmışdır. Təx­minən VI əsrin əvvəllərində Bizans hərbi başçısı Velizarinin katibi təyin olun­muş Prokopiy bir neçə tarixi əsərin mü­əllifidir. Onun «Yustinian müha­ri­bələrinin tarixi» adlı əsəri 8 kitabdan ibarət olaraq, dövrünün siyasi və və­təndaş tarixini tamamilə əhatə edir. Qeysəriyyəli Pro­ko­pinin türk mənşəli sabir, hun tayfalarının tarixi haqqında ver­diyi məlumatlar xüsusi maraq doğurur: «Sabirlər hunn tay­falarıdır; onlar Qafqaz dağı yaxınlığında yaşayırlar. ...onlar görəndə ki, romalılar nə etdiklərini bilmirlər elə bir şey fikirləşdilər ki, bu, dünya ya­ra­nan­dan bəri nə romalıların, nə farsların, (baxmayaraq ki, hər iki­sində kifayət qədər mühəndis var idi) nə də heç kimin ağlına belə gəlməmişdir» (12).
Beləliklə, antik dövr tariximizin bərpası üçün yunan-roma mənbələri əvəzedilməz qiymətə malikdir. Öz metodu və iş üsulun­dan, maraq və məqsədlərindən irəli gələn ziddiyyət və çatış­ma­maz­lıqlarına baxmayaraq, bu məktəbin yaratdığı nümunələr və­tə­ni­mi­zin ərazisində mövcud olmuş qədim dövlətlərin tarixi coğ­ra­fi­ya­sı, əhalisinin etnik strukturu, siyasi və mülkü tarixinin araş­­dı­rıl­ma­sın­da, mübahisəli və qaranlıq qalmış problemlərin həllində mühüm əhəmiyyətə malikdir.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin