AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə12/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Гусейнов Р. Сирийские источники XII-XIII вв. об Азербайджане. Баку, 1960.

  2. История Мар Ябалахи III и Раббан Саумы. М., 1958.

  3. Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. М.-Л., 1941.

Orta əsr ərəbdilli mənbələr


İslam tarixi məktəbi 500 ilə yaxın bir dövr ərzində yaradılmış klassik filologiya və tarix elmi nailiyyətlərini əhatə edir. Bu mə­k­tə­bin fəaliyyətinin əsas xüsusiyyətini tarixin obyekt və konsep­siya­sının müsəlman dini nöqteyi-nəzərindən şərh olunması təşkil edir. “Tarix” ərəb dilində “zaman”, “era” kimi tərcümə olunsa da, er­kən müsəlman tarixi ədəbiyyatında bu terminin müxtəlif izahları möv­cud olmuşdur. Məs., İbn Xəldun tarixin “xüsusi dövr və ya tay­fanın xüsusiyyətlərini açıqlayan hadisələr”, Əl-Məqrizi “dün­ya­da nə vaxtsa baş vermiş hadisələr haqqında məlumat verən elm» olduğunu qeyd edirdilər (1).


Müsəlman tarixşünaslığının əsasını qoymuş ərəb dün­ya­sının islamdan əvvəlki tarixi baxışları və tarixi təfəkkürü haqqında fikir yürütmək mənbə çatışmamazlığı üzündən olduqca çətindir. Qədim yunan və roma tarixi nümunələrində olduğu kimi islama qədərki ərəb tarixi ədəbiyyatında da ayrı-ayrı şəxslərin və tarixi hadisə­lə­rin, xüsusilə də hərbi döyüş­lərin təsvirinə xüsusi diqqət verilirdi. Erkən ərəb tarixi ədə­biy­yatı nümunələrinin tədqiqatçısı V.Qaskelin fikrincə təsviri xarakterli ərəb tarixi mənbələri eramızın üçüncü əsrindən tez olmayaraq, yaranmışdır. Bu abidələr ərəb tarixi ədəbiyya­tının inkişafında o qədər də dərin iz buraxmasalar da, on­la­rın yaradılma texnikası və forması müsəlman tarixşü­nas­lığının formalaşmasına müəyyən təsir göstər­mişdir.
Müsəlman tarixşünaslığının yaranması sözsüz ki, ilk növbədə islamın banisi Məhəmməd peyğəmbərin adı ilə bağlıdır. Xristian və yəhudi tarixi görüşünə görə insan bu dünyada heç nədən yaran­mır və öz-özünə mövcud olmurdu. İnsan müəyyən tarixi konteksdə yaşayır, onun tarixi isə on­dan çox-çox əvvəl yaranmış dünya ilə başlanır. Məhəmməd peyğəmbərin dünyagörüşünün formalaşması onun xristian və yəhudi dini fəlsəfəsi ilə tanışlığı əsasında baş ver­miş­dir. İslama qədərki dinlərin formalaşdırdığı tarixi konstruk­siya­ya dəyişiklik gətirən Məhəmməd peyğəmbər ilk növbədə dün­ya­nın gələcəyini Məşhər günü ilə müəyyənləşdirmiş, əslində bu qüd­rətli günün gələcək tarixin müəyyən edilmiş və məlum hadisəsi olmasını vurğulamışdı.
Əlverişli tarixi şəraitdən istifadə edən ərəblər hərbi şüca­yət­ləri və islamın köməyi ilə çox qısa bir müddətdə dün­yanın intel­lek­tual sərvətini özündə birləşdirən əraziləri nəzarət altına alaraq, bu sər­vəti mənimsəməyə başladılar. Yunan, Suriya, Hindistan və di­gər qədim sivilizasiyaların elmi və dini ədəbiyyatının ərəb təfək­kü­rü süzgəcindən keçirilərək, ərəb dilinə tərcüməsi ərəb xilafatında yeni elmi ideolo­giya­nın, dövlət idarəçliyinin, iqtisadi sistemin for­ma­laşadırılma­sına yardımçı oldu. Bütün bu səylər nəticəsində artıq IX əsrdə müstəqil islam sivilizasiyasının formalaşması başa çatdı.
Ümumiyyətlə, ərəb alimləri çox zaman tarixi sərbəst bir elm sahəsi kimi qəbul etməyərək, ona praktik elm kimi yanaşmışdılar. Bu praktik elm ərəb elmi dünyasında oxuma və yazma, qram­ma­ti­ka, iqtisadi hesablama, əlkimya, bioq­rafiya, tarix və s. əhatə edirdi. X əsrin ortalarında yaşamış və Abu Zəyd əl-Bəlhinin şagirdi hesab edi­lən İbn Fəriqun tərəfindən tərtib edilmiş “Cavami əl-Ulum” əsə­rində tarix müdrüklük kimi xarakterizə edilərək, onun nadir, uni­kal hadisələr məs., daş­qın­lar, zəlzələlər, epidemiyalar, aclıqlar, əsasında yazıldığı vur­ğulanırdı.
Sonrakı əsr tarix elminin inkişafı onu teologiyanın xidmətin­də saxlamağa cəhd göstərən din xadimləri ilə mü­barizədə keçmiş­dir. Məhz bu dövrlərdə müsəlman tarixi məktəbi tarixi informa­si­ya, tarixi məlumat haqqında fikir­lərini formalaşdırmağa başlayır. Mü­səl­man tarixi məktəbi artıq tarixi məlumatı və tarixi tədqiqatı ehtimallar kimi deyil, faktik informasiya (xəbər) kimi qiymət­lən­di­rir, tarixin yara­dıcısı isə məlumatları toplayan (cami) adlandırılırdı. Bütün bunlara baxmayaraq, tarix müsəlman ali təhsilinin bir hissəsi kimi qəbul olunmurdu. Məhz buna görə tarix nə yunan elminin təd­qiq edildiyi mühitdə, nə də müsəlman dini təhsi­linin formal siste­min­də akademik elm sayılmamışdır. Sübu­tun kifayət qədər tam olma­ması, yəni tarixi informa­siyanın obyektivliyinə inamsızlıq, İs­la­mın mövcud olduğu hər bir mühitdə tarixin tədris planına salın­ma­ması üçün kifayət etmişdir. Məhəmməd pyğəmbərin bioq­ra­fi­ya­sı bu sahədə öyrənilsə də, tarixi ədəbiyyat və mənbələrə istinad de­mək olar ki, nadir hal sayılırdı.
Müsəlman dini məktəbinin tarix elmini diqqətdən kənarda qoy­masına baxmayaraq, əslində tarix müsəlman təh­sili­nin özəyin­də duran elmlərdən biri idi. Ərəb xilafatının sülalə kitab­xanası min­lər­lə tarixi kitabla zəngin idi. Tarixi mənbə­lərin verdiyi məlumata gö­rə Misir Fatimilər sülaləsinin iki milyon cilddən ibarət kitab­xa­na­­sında təkcə Ət-Təbərinin “Tarix”inin 1220 əlyazması mövcud idi (2).
Ərəb xilafatı xəlifələrinin və şahzadələrinin tarixə olan mara­ğı və hörməti dövlət idarəetmə aparatı işçilərinin, rəsmi nümayən­də­lərin, tələbələrin də bu sahəyə olan mara­ğının artmasına səbəb ol­muşdu. Dövlət məmurlarının keç­mişi bilməsinin eyni zamanda prak­tiki əhəmiyyəti var idi. Belə ki, bu biliklər dövlət idarə­çili­yin­də və işğal olunmuş ərazilərin idarə olunmasında istifadə olunurdu. Dövlət məmurları ən azı üç tarixi – Bizans, Fars və müsəlman tari­xini bilməli idilər.
Tarixin yazılmasında müsəlman tarixi məktəbinin nümayən­də­ləri əsasən sələflərinə və müasiri olduqları hadisə­lərin şərhinə əsaslanırdılar. Erkən müsəlman tarixi məktəbi heç zaman tarixə təb­li­ğat aləti kimi baxmamışdı. Din xadimləri və teologiya mütə­xəs­sisləri tarixi yazanları istifadə etdikləri mənbələrin məlumat­la­rı­na tənqidi yanaşmağa və məlumat­ların obyektivliyini yoxlamağa ça­ğırırdılar. Lakin xaç yürüş­ləri zamanı tarixçilər öz şahlarının xid­mə­tində duraraq, onların siyasi maraqlarına xidmət etməyə baş­la­yır­lar. Məhz bu dövrdən müsəlman tarixşünaslığında hadisələrin si­yasi mühakiməsinə cəhdlər edilir.
Müsəlman tarixi abidələrinin ən erkən nümunələri döyüşləri təsvir edən hekayələrdən o qədər də fərqlənmirdi. Bunlar əsasən bir neçə səhifədən ibarət konkret hadisələrə həsr olunmuş təsvirlər idi. Bu nümunələr “xəbər”(əxbar) adla­nırdı. Bir qədər geniş həcm­li tarixi nümunələrdə isə “xəbər” başlıq mənasında işlənirdi. Bun­dan başqa tarixi əsərləri “əmr”, “hədis” də adlandırırdılar. Məs., XV əsr müəllifi Əs-Sahəvinin “İlan” əsərində “tarix” termininin linq­vistik və tex­ni­ki araşdırılması verilir. Müəllifin fikrincə linq­vi­stik cəhətdən “tarix” “zamanla əlaqəsi olan informasiya” mə­nasını ve­rir. Texniki termin kimi isə “tarix” müəyyən hadisələrin həyata keçirilməsi üçün zəruri olan şəraitin yaradılmasına xidmət edən zamanın müəyənləşdirilməsi deməkdir (3).
Müsəlman tarixi məktəbində ilk annal nümunəsi yaradan bö­yük tarixçi ət-Təbəri ol­muşdur. Onun “Tarix”i ilk dəfə olaraq, X əsrin birinci on illiyində yaradılaraq, 914-15-ci illəri əhatə emişdi. Lakin ət-Təbərinin kitabının həcmi belə bir mülahizə yürütməyə imkan verir ki, ondan öncə də müsəlman tarixi məktəbində annal tipli əsərlər mövcud olmuşdur. Ət-Təbəridən bir neçə on il əvvəl yaşamış Əbu İsa bin əl-Münəccim yəhudi-xristian stilində yazılan xronoloji tarixi əsərləri analiz edərək, özünün “Dünyanın tarixi” adlı əsərini yaratmışdır. Lakin çox güman ki, bu əsər müsəlman tarixşünaslığına aid deyil. Ondan başqa daha bir neçə tarixi əsərlər mövcud olmuşdur ki, onlarda xronoloji üsluba riayət edilib-edil­mə­mə­sini söyləmək olduqca çətindir. Klassik yunan tarixi ədəbiyya­tı­nın heç bir nümunəsinin ərəb dilinə tərcümə olunmamasını nəzərə alaraq, qeyd edə bilərik ki, bu sahədə müsəlman tarixşünaslığı ilk növbədə suryani mənbələrə istinad etmişdir. Suryani mənbələr içə­ri­sində annal tipli bir neçə fundamental tarixi abidə mövcuddur. Bunların içərisində VI əsrdə yaradılmış Edessa xronikasını, VII əsr abidəsi olan Edessali Yakovun tarixi əsərini misal gətirmək olar. Bu tipli əsər­lərin hamısında zəlzələlərə, yolxucu xəstəliklərə, aclı­ğa, təbii fəlakətlərə xüsusi diqqət verilirdi. Məhz buna görə ehti­mal etmək olar ki, müsəlman tarixi məktəbinə annal tipli abidələr yunan-suryani tarixi ədəbiyyat vasitəsilə gəlmişdir. Müsəl­man ta­ri­xi məktəbinin dahiləri sayılan ət-Təbəri, əl-Yəqubi və Abu l- Fida xristian ərəb müəllifi Harun bin-Əzzurun əsərindən çox güman ki, istifadə etmişdilər. Sonrakı nəsl müsəlman tarixi məktəb nümayən­də­lərinin əsərlərində isə Yevsevinin və ondan sonra yaşamış And­ro­nikusun “Bizansın qısa tarixi”, Nisibisli Yeliazarın “Xroni­ka” adlı əsərlərinə istinadlara daha tez-tez rast gəlinir. Ümumiyyətlə, keçmiş tarixi yazan alimlər istər- istəməz keçmiş və xarici alim­lə­rin yazılarına istinad etməli olurdular. Məhz bu baxımdan müs­əl­man tarixşünaslığı da büdpərəst yunan və erkən xristian roma tarixi məktəbi nümunələrini araşdırmış, onlarla yaxından tanış olaraq, onların məlumatlarını istifadə etmişdir. Bununla belə qeyd etmək lazımdır ki, müsəlman tarixinə sözsüz ki, heç bir təsir gös­tər­məmiş və antik tarixin tamamlanmış tərcüməsini təşkil edən yeganə əsər kimi Orosiusun “Adversus paganos” adlı əsəri qeyd olunmalıdır. Bu əsərin surəti təxminən 948-949-cu illərdə Roma imperatoru (çox güman ki, Konstantin) tərəfindən İspaniyaya Abd ər Rəhman ən-Nəsirə göndərilmişdir. Bu əsə­rin­də Orosius özündən əvvəl yaz­mış tarixçilərin, xüsusilə də İbn Xəldun və əl-Məğrizinin əsərlə­rin­dən istifadə etmişdir.
Müsəlman tarixi ədəbiyyatının inkişafı müxtəlif tarixi yazı tip­lə­rinin sintezi nəticəsində baş vermişdir. Bu tiplərin biri ge­neo­lo­giyadır. Geneo­lo­giyaya olan maraq tarixi yazının yaran­ma­sın­dan əvvəl forma­laş­mış­dır. Ərəb dünyasının ictimai maraqları, Qu­rey­şilərin Əlinin ailə­si ilə bağlı sektant maraqları, və nəhayət, hər bir ərəb tayfasının öz nəsli ilə fəxr etməsi bu tipli yazıların çox erkən zamanlardan in­ki­şaf etməsinə şərait yaratmışdır. Məhz buna görə müsəlman yazılı tarixi abidələrinə geneologiyanın xüsusi təsiri olmuşdur. əl-Bəla­zu­ri­nin “Kübarların geneologiyası kitabı”, İbn əl-Asirin “əl Kamil fit tarix” (Mükəmməl tarix) əsərləri ge­neo­lo­giyanın ciddi təsiri altında yazılmışdır. Bu cür tarixi yazılarda təsvir olunan xəlifənin və ya sülalənin üzvlərindən başqa onların etnik mənşəyi (məs., Buid, Monqol, barbar sülalələri və s.) haqqında geniş məlu­mat verilirdi.
Müsəlman tarixi ədəbiyyatı nümunələrinin bir növü də bioq­ra­fiyalar idi. Bioqrafiyalar tarixi təsvirin ən qədim və geniş ya­yıl­mış növlərindən biridir. Bioqrafiyalar müsəlman tarixi məktəbinin formalaşdığı ilk dövrlərdə mühüm əhəmiy­yət kəsb etmiş və müasir dövrə qədər də öz əhəmiyyətini itirməmişlər.
Müsəlman tarixşünaslığında bioqrafik xarakterli mən­bələrdən başqa coğrafi informasiyanın üstünlük təşkil etdiyi əsərlər də mühüm əhəmiyyət kəsb edirdi. Müsəlman tarixçiləri coğrafi xarak­ter­li məlumatların toplanması üçün müxtəlif ölkələrə səyahət edir, bu ölkələrin sakinləri vasitəsi ilə infor­masiya toplayırdılar. Məs., tarixçi-coğrafişünas əl-Yəqubi öz əsərinin elmi məlumatla­rını məhz bu yolla toplamışdır. O, ölkələri gəzərək, müsəlmanlar tərə­fin­dən işğal olunmuş əra­zilərin tarixi, coğrafiyası, iqtisadi və in­zi­ba­ti həyatı haqqında bilikləri qeyd etmiş, sonradan isə onları öz əsə­rinə daxil et­mişdir. Şübhəsiz ki, onun müasirləri olan alimlərin böyük əksəriyyəti istədikləri məlumatları qədim mənbələrdə tapma­dıqda bu üsuldan istifadə edirdilər.
Coğrafiyanın tarixlə sıx əlaqəsinin müsəlman tarixşü­naslığı nöq­teyi-nəzərindən bir sıra səbələri var idi. Əvvəla, Məhəmməd peyğəmbərin bioqrafiyasına həsr olunmuş əsərlərdə verilən coğrafi məlumatlar o qədər də aydın deyildi və onların iza­hına ehtiyac duyulurdu. İkincisi, ərəb işğalları coğrafi bilik­lərin genişlən­di­ril­mə­si və inkişafını tələb edirdi. Ərəb xilafatı işğal etdiyi ərazilərin coğrafi koordinatlarını dəqiqləşdirməli, onlarda olan əhalinin sa­yı­nı, bu ərazilərin iqtisadi imkan­larını müəyyənləşdirməli idi. Ərəb in­zibati idarə aparatının effektli fəaliyyəti, vergi sisteminin, xila­fa­tın ayrı-ayrı hissələri arasında əlaqələrin yaradılması və s. üçün də coğrafi bilik­lərin inkişafı labüd idi. Nəhayət, müsəlman tarixi mək­tə­binin əsaslandığı dini konsepsiyalar və işğal olunmuş ərazilərdə dini mərasimlərin tam qayda ilə icra olunması zəruriliyi (na­ma­zın qılınması üçün Məkkənin istiqamətinin dünyanın istə­nilən nöqtə­sin­də müəyyən eidlməsi, Həcc ziyarəti) bu biliklərin inkişafına güc­lü təkan verirdi. Müsəlman tarixi ədəbiyyatında dünyanın baş­lanğıcı ilə əlaqədar yazıların artması da tarix ilə coğrafiyanın bir­ləş­məsi və kosmoqrafik ədəbiyyatın yaranmasına şərait yarat­mış­dır. Kosmoqrafik ədəbiyyatın yaranması təxminən IX - X əsrin əv­vəl­l­ərinə təsadüf edir.
Müsəlman tarixi məktəbində tarixi və elmi coğrafiyanı birləş­di­rən ilk müəllif əl-Məsudi olmuşdur. Bu üslubda yazan dahi alim əl-Yəqubinin əsərində belə tarixi və coğrafi məlumatlar ayrı-ayrı­lıq­da təqdim olunmuşdur. əl-Məsudi isə tarixi rəvayətə keçmə­miş­dən öncə yer üzünün formasının, şəhərlərin, diqqəti cəlb edən coğ­ra­fi fenomenlərin, okean­ların, dağların, çayların, adaların, göl­lə­rin, fiziki keçidlərin və s. təsvirini verir. Əsərin «Tənbih» his­sə­sin­də müəllif ona məlum olan xristian alimlərinin tarixi kitabla­rın­dan mə­lu­mat verərək, müasiri olduğu dövr üçün tarix və coğra­fi­ya­nın yük­sək səviyyədə kombinasiyasından ibarət bir əsər yarat­mış­dır. Əsə­rin girişində, «Murüc» hissəsində, dünyanın baş­lan­ğıcı, kos­moq­ra­fi­ya və coğrafiya haqında məlumat verən əl-Məsudi bun­ları islamın dini qaydasından uzaq olaraq, elmi predmet adlan­dır­mış­dır.
Fəlsəfə yəqin ki, bəşər cəmiyyətinin tarix qarşısına qoyduğu suallırın bir çoxunun həllinə effektli yardımçı olan bir sahədir. La­kin bu elm heç bir zaman müsəlman tarixi məktəbi tərəfindən lazı­mi səviyyədə istifadə olun­mamışdır. Tarixi informasiya və mate­rial­ların tarixi həqiqəti nə dərə­cədə düzgün və obyektiv əks etdir­mə­si sualı din xadimləri və filosofları düşündürsə də, müsəlman tarixi abidələrində bu sual öz ətraflı şərhini tapmamışdır. Hələ İbn Xəldun qeyd edirdi ki, əgər tarixçi səhvdən və tarixin saxtalaşdırıl­masından uzaq olmaq istəyirsə, onun iki şeyə- tarixi informa­siyanı rəngarəngləşdirməyə və onu yaxşı tənqid etməyə, ehtiyacı var. Mü­səl­man tarixi məktəb nümayəndələrinin istifadə etdikləri tarixi informasiya və faktlara münasibəti isə ilk dövrlərdə tənqidi təhlili ilə seçilməmişdir. Bununla əla­qədar C.Bodin öz “Metod” kitabında yazırdı:”Türklər deyilənə gö­rə keçmişə ona görə heç bir əhəmiy­yət vermirdilər ki, onun (keçmişin) hər hansı bir insan tərəfindən şaiyələrə əsasən həqiqi yazıla­cağına inanmırdılar. Lakin onlar eyni zamanda hadisələrin müasiri olmuş insanların da yazdıqlarına eti­bar etmir və bu yazıların qorxu, rüşvət və ya şahzadələrə nifrətdən doğ­du­ğunu iddia edirdilər» (4).
Tarixi ədəbiyyata fəlsəfi müdriklik müsəlman tarixi məktəbi­nə çox güman ki, fars tarixşünaslığından keçmişdir. Bioqrafik ma­te­riallara müraciət edən fars alimləri hər zaman həyatlarını təsvir etdikləri şəxslərin müdriklüyünə fəlsəfi nöqteyi-nəzərdən yanaşır­dı­lar. Məhz buna görə həyatın qısa­lığı, şöhrətin ömrünün azlığı haqqında fəlsəfi mühakimələr müsəlman tarixşünaslığında geniş şərh olunurdu. IX əsr tarix dünyasına Yunan və Hindistan tarixi fik­rinin daxil olması müsəlman tarixi ədəbiyyatında fəlsəfi ide­ya­la­r­a geniş istinad edilməsi ilə nəticələndi. Eyni zamanda məhz bu dövr­də müsəlman ədəbiyyatında tarixi tənqid məsələlərində fəlsə­fə­yə xüsusi yer ayrılması cəhdləri hiss olunmağa başlayır. Məs., Si­nan bin Təbibin “Tarix” adlı əsəri bioqrafik abidə nümunəsi olub, etik və siyasi məsələlər üzrə Əflatunla diskussiya şəklində təq­dim olunmuşdur. Tarixlə fəlsəfənin sıx əlaqələri əl-Mutahhar bin Tahir əl- Məqdisinin “Bad va-t-tarih” (Tarixin başlanğıcı, 966-cı il) adlı əsərində daha qabarıq göstərilmişdir.
Sosial elmlər isə müsəlman ədəbiyyatına yunan iqtisa­diyyatı vasitəsilə daxil olmuşdur. Yunan mənşəli ensiklo­pediya adlandı­rı­lan bu əsərlərin bir qismi tarixi şərh və materiallara malik idi, lakin onlarda tarixlə sosial elmlərin təhlili həyata keçirilməmişdir. Bu əsərlərdə vergi sistemi və maliyyə problemləri xüsusi əhəmiyyət kəsb edirdi. Müsəlman tarixi məktəbi nümayəndələri statistik ma­te­rial­lardan, iqtisadi məlumatlardan geniş istifadə edir və onları əsərlərinə daxil edirdilər. Bu əsərlərdə tarixi və sosial ideyalar vasitəsilə müsəlman iqtisadi nəzəriyyəsinin inkişaf istiqamətlərini qeyd etmək olar. Bu əsərlər içərisində xüsusi əhəmiyyət kəsb edən Qudama ibn Cəfərin “Xərac və katiblik sənəti kitabı” adlı əsəridir. Cud­ca Əbu Yusif, Yəhya ibn Adəmin və Əbdu Ubayd bin Sallə­min əsərlərindən istifadə edən Qudama ibn Cəfər onlardan fərqli ola­raq, kitabının ən böyük his­sə­si­ni müsəlman işğallarına həsr etmişdir. Bütün işğallar leqal bazaya malik müsəlman vergi sistemi ilə əsaslandırılmış və imkan daxi­lin­də işğalların qanuniliyinin sübutu kimi vergi sistemi problemlərinə həsr olunmuş yazılar misal gətirilmişdir. Qu­da­manın misalında vergi prob­lem­lə­rinin müzaki­rə­si tarixi mate­rial­la­r­ın coğrafi və tarixi məlumatlar əsasında geniş­lən­dirilməsi cəhdi idi. Qudama öz əsərinə nəinki işğallar haqqında materiallar, hətta Ərəstun, İsgəndər, Ənuşirvan və s. haqqında infor­masiyanı birləşdirən tarixi məlumatları da daxil etmişdir. Əsə­rinə sosial və siyasi elmlərin sistematik təsvirini daxil edən Qu­da­ma eyni zamanda insan varlığının geyimə, qidaya, cinsi əlaqələrə olan ehtiyac səbəbləri, xüsusi sosial idarə orqanlarına ma­lik şə­hərlərin, pulun, əşyaların, xüsusi keyfiyyətlərə malik və xü­susi si­ya­sət yeridən hökmdarların, siyasi məsləhət verən spesifik qrup­ların mövcüdluğu səbəbləri haqqında geniş mülahizələr yürüt­müş­dür. Qudama ibn Cəfərdən sonra bu ənənəni davam etdi­rən ən qüd­rətli alim XIV əsrin son rübündə yaşamış İbn Xəldun olmuşdur. O, tarix elmini siyasi, sosial, fəlsəfi və iqtisadi elmlər ilə əlaqə­lən­dir­məyə cəhd etmiş ilk alim idi. Bilik mənbəyinin elmlər, hüquq və tarixşünaslığın fundamental prinsipləri olduğunu qeyd edən İbn Xəldunun ən böyük xidməti siyasi və sosial ideyaların tarixlə birləşdirilməsi cəhdləri olmuşdur.
Müsəlman tarixi məktəbində mənbələrin istifadəsinin bir ne­çə yolları mövcud idi. Əvvəla, orta əsr müsəlman tarixi məktəbi yazılı abidələrdən başqa şifahi tarixi qalıqlara, tikililər və onların üzərində qeyd olunmuş yazılara, qədim sikkələrə, möhürlərə və s. böyük əhəmiyyət verirdi. Yazılı abidələr içərisində ərəblər təkcə ərəb dilində deyil, onlara tanış olan bütün dillərdə, və əsasən də fars dilində olan mənbələri, tədqiq edirdilər.
Bütövlükdə müsəlman tarixi nümunələrini: 1) qarışıq tarixi əsər­lər, 2) incəsənət tipli əsərlər və 3) tarixi novellalar olmaqla üç qrupa bölmək olar. Öz növbəsində hər bir qrupa daxil olan yazılı ədəbiyyat nümunələri bir neçə hissəyə ayrılır. Qarışıq tipli tarixi abidələr içərisində dünya tarixinə, yerli tarixə və müasir tarixə həsr olunmuş əsərləri ayırmaq olar.
X əsrdən başlayaraq, müsəlman tarixşünaslığında üç tip dün­ya tarixinə rast gəlmək olar. Bunlar Bibiliya, Fars və islamaqədərki dövr tarixinin sinxronlaşıdırılmış tarixidir. Universal tarixin üç tipi­ni özündə birləşdirən ilk əsər əl-Yəqubinin “Tarix” əsəridir. Əsə­rin girişini dünyanın yaran­ması və Bibiliya tarixi ilə başlayan müəl­lif, xronoloji qayda ilə peyğəmbərlərin, şahların həyatını təsvir edir. İncilin təsvirindən sonra əl-Yəqubi siyasi tarixdən mədəni tarixə keçir. Bu hissədə yunan, Hindistan və islama qədərki ərəblər haqqında məlumat verən müəllif qədim dövrün məşhur alimləri Ərəstun, Hipokrat, şərq şairləri, şahmatın yaranması və s. bu növ mə­lumatları xatırladır. Mümkün olduğu qədər qədim mənbələrə müraciət edən əl-Yəqubi dini ədəbiyyatdan geniş istifadə edir və xronoloji ardıcıllığa riayət edərək, müsəlman mədəniyyəti və tari­xi­nin təsvirini verir. Müsəlman tarixində əl-Yəqubi vacib bilik sa­hə­si, müdriklik nümunəsi olan Əli bin Əbu Talibə xüsusi diqqət ye­ti­rir. Müəllifin istifadə etdiyi küllü miqdarda ədəbiyyat və mən­bə­lər əsərin biblioqrafiya hissəsində qeyd edilmişdir. Peyğəm­bərin həyatı və fəaliyyəti müsəlman tarix­şü­naslığına xas olan qayda ilə şərh edilmişdir.
Müsəlman tarixşünaslığının dünya tarixinə həsr olun­muş ikin­­ci qüdrətli əsəri ət-Təbərinin qələminə məxsus­dur. ət-Təbə­ri­nin əsəri teologiya, siyasət və hüquq elminin məlumatlarına əsas­lanmışdır. Onun əsəri nəinki müasirləri, hətta gələcək nəsil tarix­çi­lə­ri üçün də tarixin yazılması nümunəsi olmuşdur. Onun yaratdığı islama qədərki tarix Bibliya, ərəb və fars tarixinin sinxronlaş­dırıl­mış təqdimi idi. Məhəmməd peyğəmbərin həyatı bu əsərdə sirah üslubunda təqdim olunmuş, xəlifələrin hökmranlığı isə ayrı-ayrı xəbər­lərdə təqdim edilmişdir. Hər hansı bir il üçün mühüm əhə­miyyət kəsb edən hadisələr aid olduqları illərin təsviri hissəsinin girişində verilimişdir. ət-Təbəri əsasən xəlifələrin hökmranlığının son illərinə xüsusi diqqət yetirirdi. Təsvir etdiyi tarixi hadisələr haqqında mühakimə yürütməyən ət-Təbəri dövrünə yaxınlaşdıqca öz nöqteyi-nəzərini şərh etməyə başlayır. Əsərə daxil edilmiş “Zayl al muzayyal” adlı xüsusi hissədə ilk müsəlmanların həyatı haq­q­ında məlumat verilir.
Müsəlman traixşünaslığının dünya tarixinə aid üçüncü funda­men­tal əsəri əl-Məsudiyə malikdir. Müəllifin kiçik şərhinin yer­ləş­dirildiyi “Kitab ən tənbih” hissəsində tarixi mənbələrə əsasla­na­raq, verdiyi təhlil ona dünya tarixini bütövlükdə əhatə etmək im­ka­nı vermişdir. əl-Yəqubidən fərqli olaraq, əl-Məsudi tarixin uni­ver­sal mədəni interpreta­siyasını yaratmağa müyəssər olmuşdur. “Mu­rüc” əsərində müəllif dünyanın yaranmasını yer üzünün təsviri ilə başlayır. İslama qədərki ərəb dünyasının mədəni nailiyyətlərindən söz açan müəllif bu hissədə X əsr ərəb dünyasına tanış olan bütün xalqlar haqqında informasiya verir. əl-Məsudinin əsərində pey­ğəm­bərin həyat və fəaliyyətinə o qədər də geniş yer verilmə­miş­dir. Peyğəmbərin həyatı və fəaliyyəti ciddi xronoloji qayda ilə Hic­ri­dən əvvəl və sonra olmaq şərti ilə qısa təsvir edilmişdir. Xəli­fə­lə­rin tarixi onların hökmranlıq etdikləri illər üzrə şərh edilmişdir. Po­e­tik, ədəbi və bu istiqamətdə yazılmış əsərlər müəllifin xüsusi diq­q­ət mərkə­zində olmuşdur. Əsərə bir sıra siyasi-fəlsəfi məlumatlar da daxil edilmişdir.
Əl-Yəqubi, ət-Təbəri və əl-Məsudinin əsərləri X əsr dünya tarixinə həsr olunmuş müsəlman tarixi məktəbi üçün tipik tarixi abidələr idi. Bu əsərlərdə tarixi problemlər fəlsəfi nöqteyi-nəzər­dən şərh olunurdu. Fəlsəfi, teoloji və elmi mübahisələr çox zaman bu əsərlərin tarixi xüsusiyyətinə kölgə salır, onlarda islam tarixinə azacıq bir hissənin həsr edilməsinə gətirib çıxarırdı.
X əsr intellektual inkişafın nəticəsi olaraq, ismaililik fikrinin və şiəlik konsepsiyasının formalaşması bir sıra qüd­rətli tarixi əsər­lə­rin yaranmasına təkan verdi. Bu əsərlərin içərisində dini təfək­kü­rün inkişaf istiqamətlərini özündə daha parlaq əks etdirən fars milli filosofu Miskəveyhin qələminə məxsus “Tacarib əl- umam” ( Xalq­ların təcrübəsi) əsərini göstərmək olar. Bu əsər­də tarixi mən­bə­lərdə küllü miqdarda istifadə olunmamış zəruri informasiya və məlumatların olduğunu qeyd edən müəllif xalqların təcrübəsini oxuculara misal kimi göstər­məyə hazırlaşdığını qeyd edirdi. Siyasi tarixi fars şahlarının tarixi ilə başlayan ibn Miskəveyh əsəri fars imperiyasının məğlubiyyəti ilə davam etdirir. Dünya tarixinin ayrı-ayrı dövrlərinə və müxtəlif ölkə və xalqların tarixinə toxunan alim hər zaman tarixi hadisələri fars tarixi ilə bağlamağa cəhd göstərir.
Ümümiyyətlə, X əsr müsəlman tarixi məktəbinin inki­şafı və püxtələşməsi bilavasitə islam dininin siyasi səhnədə hakim mövqe tutması və Abbasilər xilafatınını çiçəklənməsi ilə bağlı idi.
XIII əsrdən başlayaraq, ərəb və fars ədəbiyyatının dünya tarixinə həsr olunmuş abidələrində stabillik dövrü başlanır. Bu dövrdə islama qədərki dövrün tarixi və teoloji məlumatlar dünyanın yaranması və Bibliya tarixi ilə əlaqədar xatırlanır. Tədricən dünya tarixinə həsr olunmuş əsərlər müəyyən illər­də anadan olmuş ayrı-ayrı şəxslərin bioqrafiyasına çevrilir. Çox zaman bu əsərlər sadəcə olaraq İslamın tarixinə həsr olunurdu. Beləliklə, XII əsrin sonu XIII əsrə doğru müsəl­man tarixşünaslığının dünya tarixinə həsr olun­muş əsər­lərində tarixi material öz yerini tədricən dini və bioq­ra­­fik xarakterli məlumatlara vermiş olur. Universal tarixşü­nas­lıq dünya tarixinin hərtərəfli təsvirini vermək gücünü itirmiş olur. Bu dövrdə yazılmış əsərlərdə yalnız müsəlman dünyası tarixi üstünlük təşkil edir, dünyanın qalan hissəsi isə getdikcə daha səthi və zəif işıqlandırılmağa başlanır.
Müsəlman tarixi məktəbində yerli tarixə diqqətin yaranması və inkişafı bilavasitə islamın teoloji-hüquqi təfək­kü­ründən irəli gəlmişdir. Başqa xalq və ölkələrin tarixinə xüsusi əhəmiyyət vermək və eyni zamanda öz ölkəsinin tarixinə laqeyd münasibət orta əsr müsəlman tarixi ənənə­sində tənqid olunurdu. Müsəlman dün­yasının qərb hissəsində lokal dünyəvi xarakterli abidələr Məğ­rib və müsəlman İspaniyasının təsvirinə həsr olunmuşdur. İs­la­mın bu hissəsinin tarixi digər hissəsinin tarixindən köklü şəkildə fərq­lə­nir və ümumdünya tarixinin annal və sülalə tipli analogiyasını təşkil edirdi.
İranın şərqində isə bu dövrdə fars vətənpərvərliyindən irəli gə­lən yerli dünyəvi tarixi ədəbiyyatın çiçəklənməsi prosesi başlan­mışdır. Bəlx və Xorasanın tarixi İranın ziya­lıları tərəfindən mədh edilirdi. Lakin ilk dövrlərdə bu əsərlər tarixdən çox coğrafiya və mədəniyyətə aid idilər. Həmzə əl-İsfahani tərəfindən yazılan “İs­fa­hanın tarixi” keçmiş və müasir dövrün ən mühüm tarixi hadi­sə­lə­ri­nin qeyd olunması və şərhi baxımından böyük əhəmiyyət kəsb edirdi. ən-Narşahinin “Buxaranın tarixi” əsərində isə giriş hissə­sin­dən sonra Buxaranın tarixi, topoqrafiyası və iqtisadi həyatı əks olunmuşdur. Bu sırada Həsən bin Muhəmməd əl-Quminin qələ­mi­nə məxsus “Qumun tarixi” adlı əsər qeyd oluna bilər. Fars tarix­çi­lərinin əsərləri içərisində İbn İsfəndiyarın “Təbə­ristanın tarixi” adlı əsəri xüsusi maraq doğurur. Əsər tarixşü­nas­lıqla başlayır və ayrı-ayrı siyasi şəxslərin həyatı və siyasi tarix haqqında məlu­mat­larla zəngindir. Dini xarakterli yerli abidələrin şərhinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, yerli dünyəvi tarixi ədəbiyyatın bir xüsusiyyəti də onların həsr olunduğu bölgə və şəhərlərin valiləri, idarə heyəti, bir sözlə rəsmi nümayəndələrinin tarixinin bu əsərlə­rə daxil edil­məsindən ibarətdir. Məs., əs-Səlaminin “Xorasanın valisinin tarixi”, “Kufənin valisinin tarixi” və ya “əl-Kufi və əl-Bəsrə­nin qazisinin (sudya) tarixi” adlı əsərlər bu səpgidə yazılmış abidələrdəndir. XV əsr tarixçisi əs-Səhavinin “Tarixçilərin əks tən­qidinin açıq mühakiməsi” (əl-İlan bi-tavbih li-man damma ahl ət-tavrih) adlı əsərində yerli tarixə aid əsər yazmış şəxslər içə­ri­sin­də bizi maraqlandıran iki müəllifin – Azərbaycandan İbn Abi l-Hay­ca əz-Zəvvad və Arrandan Əl-Bərdənin adı çəkilir. Qeyd et­mək yerinə düşər ki, V.Minorskiyə görə 1937-ci ildə Londonda nəşr olunmuş “Nüdud əl-alam” əsərinin müəllifi Əbu l-Haycadır (5). İkinci müəllif və onun əsəri haqqında isə dövrümüzə təəssüf ki, heç bir məlumat gəlməmişdir.
Müsəlman tarixi nümunələrinin digər növünə müasir tarix və memuarları (və ya qısa bioqrafiyalar) aid etmək olar. Bu tarixi abidələr dünya və yerli tarixə həsr olunmuş tarixi yazılardan o qədər də fərqlənmirdi. Müasir dövr haqqında əsər yazan tarixçilər mütləq keçmiş tarixə müraciət edir və bu haqda qısa da olsa məlumat verirdilər. Bu məlumatlar müasir tarixi hadisələri anla­maq və dərk etmək üçün açar rolunu oynayırdı. Beləliklə, müasir tarixi əsərlərdə bir tərəfdən keçmiş tarixi məlumatlar əks olunur, digər tərəfdən isə müəllifin müasir dövr haqqında müla­hizələri şərh edilirdi. Adətən bu əsərlərin yazılması hər hansı hökmranın və ya sülalənin müasir tarix üçün mühüm əhə­miyyət kəsb edən fəal­iyyətinin onun bioqrafiyası baxı­mın­dan şərhinə əsaslanırdı. Məs., Mahmud Qəznəvi, Səlahəddin, Sultan Süleyman haqqında yazılmış əsərlər bu səpgidədirlər. Bu əsərlərin mənbə bazasını onları yazan şəxslərin xatirələri, qeydləri və ya gündəliyi təşkil edirdi. Sözsüz ki, bu növ materiallarda əks olunan məlumatların ob­yektivliyi və dəqiqliyi müəyyyən suallar doğurur, lakin onlar­da orta əsrlər haqqında olduqca qiymətli məlumatlar əks olunub.
Ərəb tarixi ədəbiyyatı müsəlman xalqlarının yazılı ədə­biyyatı içərisində xüsusi yerə malikdir. Bu ədəbiyyat müsəl­man intellek­tual dünyasına olduqca güclü təsir göstərərək, müsəlman siviliza­si­ya­sının formalaşmasında mühüm rol oy­na­mışdır. Yarandığı VIII əsrdə Bizans, Yunan, Suriya, Hindistan, İran və Çin intellektual dünyasının və mədə­niyyətinin güclü təsiri altında olmuş ərəb elmi dairəsi özünün qızıl, Abbasilər dövründə ən yüksək inkişaf nöqtə­si­nə çat­mışdır. Xaç yürüşləri və İspan müsəlman ədəbiyya­tının for­ma­laşdığı bir dövrdə tarix müasir dövrün hadisə və fakt­larının əks olunması ilə zənginləşdi. XIV-XV əsrlərdə, sosio­logiyada tənqidi təhlilin və hüquqi metodologiyanın inkişaf etdiyi bir dövrdə, nəinki ərəb dilli, eyni zamanda qeyri-ərəb dilli xalqların, türk, fars və di­gər­lərinin intellektual həyatında tarixi ədəbiyyat elmi fəaliyyətin inkişafına təkan verdi. Müsəlman tarixşünaslığı müsəlman xalqları­na keçmişi, ötən dövrlərin tarixini yadda saxlamaq, milli qüruru qorumaq imkanı verdi.
Müsəlman tarixşünaslığı qərb sivilizasiyasına da güclü təsir gös­tərmişdi. İlk növbədə unudulmuş yunan, Suriya elmi ədəbiyy­a­tının tərcüməsi, astronomiya, coğrafiya və tibb sahəsində əldə edi­lən nailiyyətlər qərb sivilizasiyasını zəngin­ləşdirmişdi. Qərb ta­rix­şünaslığından fərqli olaraq, müsəl­man tarixşünaslığı daha zəngin, da­ha dolğun, daha parlaq və çox şaxəli idi. Bu da qərb tarixşü­nas­lı­ğı­nın müsəlman tarixşünaslığı ilə bəhrələnməsinə şərait yarat­mış­dı.
Dünya uzun müd­dət öz tarixini müsəlman tarixi məktəbinə məxsus yazılı abidələr vasitəsilə bərpa etmişdir. Bu cəhətdən Qaf­qaz və o cümlədən Azərbaycan tarixi də istisna deyil. Belə ki, ərəb­dilli mənbələr Qafqazın və eləcə də Azərbaycanın bir neçə əsr tarixinin (təx.VII-XV əsrlər) bərpasında misilsiz əhəmiyyətə ma­lik­dirlər. Qafqaz tarixinin müxtəlif mərhələ və problemlərini əha­tə edən müsəlman tarixi mənbələri məzmun və xarakterinə görə sırf tarix­i, tarixi-coğrafi, tarixi-iqtisadi olmaq şərtilə üç qrupa bölü­nür­lər.
Ərəblərin Qafqazla ilk tanışlığı bu ərazilərin coğrafi təsviri, əhalisnin adət-ənənələrinin və məişət həyatının öyrə­nilməsilə baş­lan­mışdı. Ərəb alimləri və dövlət qulluqçuları tərəfindən toplanılan bu məlumatların ərəb xilafatının idarə olunması üçün praktik əhə­miy­yət daşımasına baxmayaraq, onlar özlərində xalqımızın tari­xi­nin mühüm və əhəmiyyətli məqam­larını əks etdirirlər.
Qafqaz tarixinin müxtəlif mərhələlərinin əks olunduğu ilk tarixi əsərlər IX əsrdə yaradılmışdır. Tarixi əsərlərdə siya­si, vətən­daş tarixinin müxtəlif problemləri (ərəblərin Qafqazı işğalı, yerli əhali ilə münasibətlərin nizamlanması, köçürmə siyasəti, ərəblərin idarəçilik sistemi, milli-azadlıq hərəkatı, siyasi və iqtisadi həyat, şəhərlərin inkişafı, islamın yayılması və s.) öz əksini tapmışdır. Mü­səlman tarixi məktəbinin bu istiqamətdə ən uğurlu nümunələri ət-Təbəri (IX-X) Cəfər əl-Yəqubi (VIII-IX), əl-Məsudi (VIII-IX), Əbu Duləf (X), Əhməd ibn əl-Kufi (X) və s. qələminə məxsusdur. Ət-Təbərinin məşhur «Tarix ər-rusul və-l-muluk» (Peyğəmbərlərin və hökmdarların tarixi) adlı əsəri ərəb yürüşlərində bilavasitə iştirak etmiş şəxslərin (əl-Vahidi, əl-Mədaini, Abu Minhaf, Əbu Maşar və s.) məlumatları əsa­sında yazılmışdır. Bu baxımdan ət-Təbəri qələmə aldığı hadisələr haqqında kifayət qədər dolğun və hərtərəfli məlumat verir. Məhz buna görə ət-Təbərinin əsəri ərəb hərbi komandanlığı ilə yerli əhali arasında bağlanılan ilk müqa­vilələrin mətnləri saxlanılan nadir mənbələrdən sayılır. Bu əsərdə Utba ibn Fərhadın 639-cu ildə «Azərbaycanın, onun düzləri və dağlarının əhalisi»ilə bağladığı mühafizə fərmanı, Bukayrın Muğan əhalisi ilə bağladığı fərman, Surakın Ərməniyyə və əl-Arranın əhalisi ilə bağladığı fərmanların mətni verilmişdir. IX əsrin digər müəllifi Cəfər əl-Yəqubinin «Tarix» adlı əsəri də Qafqaz və Azər­bay­canın tarixi üzrə orijinal məlumatlarla zəngindir. əl-Məsudinin «Muruc az-zahab va maadin al cavahir» (Qızıl yuyulan yer və cavahirat mədənləri) adlı əsərində isə Azərbaycanın qədim şəhər­lə­rinin tarixi, Şimali Qafqaz əhalisinin etnik tərkibi. Xəzər xaqan­lı­ğı, Qafqaz xalqları arasında mövcud olan siyasi münasibətlər, islam və onun yayılması və s. məsələlər əks olunmuşdur. Əbu Duləfın «Qeydlər» adlı əsəri isə ərəblərə qarşı yönəlmiş xürrəmilər hərə­ka­tı haqqında maraqlı məlumatlarla zəngindir. Əhməd ibn əl-Ku­fi­nin «İşğal tarixi» adlı əsərində isə Əbu Bəkrin hakimiyyət illə­rin­dən əl-Mustainin dövrünə qədərki tarixi hərtərəfli təsvir olun­muş­dur. Bu əsərdə Azərbaycan və Qaf­qazın digər şəhərlərinin tarixi, iqti­sadi və siyasi həyatı, mə­dəni vəziyyəti haqqında maraqlı məlu­mat­lar var. Əl-Kufinin əsərində xilafatın şimal bölgələrinin məs­kun­laşdırılması pro­sesi, bu ərazilərdə gedən feodallaşma, torpaq mülkiyyət formaları və s. haqqında informasiya vardır. Dərbənd şə­hə­rinin etnik tərkibi məsələsinə toxunan alim ərəb işğalları döv­ründə şəhərin yerli əhalisinin ərəblərlə dəyişdi­rilməsi, şəhərin hərbi-siyasi mərkəzdən, iqtisadi, ticarət və mədəni mərkəzə çevrilməsi haqqında məlumat verir.
Ərəb elmi dairələrinin yaratdığı zəngin coğrafi ədə­biyyat Qafqaz və Azərbaycanın tarixi üçün mühüm əhəmiy­yət kəsb edən problemlər üzrə məlumatları əks etdirir. Gör­kəmli coğrafişünas alim­lərdən İbn Xordadbeh (IX-X), əl-Bəlazuri (VIII-IX), əl-Hə­mə­dani (X), əl-İstəhri (IX-X), İbn-Havqəl (X) və b. əsərlərində coğ­rafi məlumatlardan başqa tarixi, etnoqrafik, mədəni informasiya da qeydə alınmışdır. Xronoloji cəhətdən ən erkən yaradılmış coğrafi əsərlərin biri­nin müəllifi olan əl-Bəlazuri «Ölkələrin fəthi kitabı» adlı əsərində ərəblərin işğalları, işğal olunmuş ərazilərdə yaşayan əhalinin iqtisadi və siyasi həyatı, mədəni inkişaf səviyyəsi haqqın­da maraqlı məlumatlar verir. Əsərdə ərəb hərbi ko­mandanlarının yerli əhalinin nümayəndələri ilə apardığı danışıqlar, bağlanan mü­qa­vilələr və ərəblərin köçürmə siya­səti haqqında informasiya da vardır. Məs., əl-Bəlazuri (eləcə də İbn Asama əl-Kufi) yazırdı ki, sülh müqavilələri ərəb hərb­çiləri tərəfindən onlara uzunmüd­dətli və şiddətli mü­qa­vimət göstərən şəhərlərin əhalisi ilə bağlanılırdı. əl-Bəlazurinin yazdığına görə ərəblərin ilk yürüşlərində Şimali və Cənubi Qafqaza Kufi hərbi dəstələri göndərilirdi. Məsləmənin dövründə Dərbənd əhalisi əsasən Suriya və Fələstindən gəlmiş ərəblərdən ibarət düşərgə-şəhərə çevril­mişdi. Artıq bu dövrdə an­ti­ə­məvi əhval-ruhiyyəli Kufi dəstələrinin işğal olunmuş ərazilərə göndərilməsi dayandırıl­mışdı. Əsərin digər hissəsində Xəzər yü­rüş­lərindən narahat olmuş I Xosrov Ənuşirvan ilə xaqanın danı­şığı haqqında məlumat verilir, bu görüşdən sonra iki dövlətin hökmdarı arasında yeni sərhədlərin müəyyənləşdirildiyi haqqında məlumat verilir. İbn Xordadbehin «Kitab əl-masalik va-a-mamalik» (Yollar və məmləkətlər haqqında kitab) əsəri onda olan unikal məlumatları ilə qiymətlidir. Əsərdə Cənubi Qafqazın ərəblərə qədər mövcud olmuş inzibati-ərazi bölgüsü, tarixi və coğrafi sərhədləri, təbii sərvətləri haqqında məlumatlar var. «Kitab əl-buldan» (Ölkələrin kitabı) əsərinin müəllifi əl-Həmə­dani Azərbaycanın qədim tarixi, «Azərbaycan» sözünün mənşəyi və bu ərazilərdə ərəblərin yerit­dik­ləri vergi siyasəti haqqında məlumatlar verir. Əl-İstəhrinin əsəri kompilyativ xarakter daşısa da (onun əsərinin əsas mənbəsi X əsr müəllifi əl-Bəlxinin «İqlimlərin təsviri» əsəri olmuşdur və əl-İstəxri bu əsəri atlasları və xəritələri ilə birgə öz əsərinə daxil etmişdir) Qafqazın hər iki tərəfi haqqında maraqlı məlumatlarla doludur. Əsərdə Azərbaycan, Arran və Ərməniyə bir iqlimdə təsvir edilir. Bu ölkələrin ən böyük şəhərlərinin təsviri və xarakteristikası verilir. Müəllif Arranın ən böyük şəhərləri içərisində Bərdə, Əl-Bab və Tiflisin adını çəkir. Dəbil və onun ətrafında yaşayan əha­linin erməni, Bərdə və onun ətrafında yaşayan əhalinin isə arran di­lində danışdığını qeyd edən müəllif göstərir ki, Ərməniyyə, Ar­ran və Azərbaycanda əsasən fars və ərəb dili işlənir. Mənşəcə iranlı olan İbn Havqəlin yazdığı «Yollar və məmləkətlər haqqında kitab» adlı əsərində X əsrin mühüm siyasi hadisələri haqqında məlumat vardır. Qafqaz və onun böyük şəhər­lərinin xəritələrini təqdim edən müəllif bolqar və xəzərlərin ruslarla toqquşması haqqında yazır. İbn Havqəl də öz dövrünün digər yazarları kimi Azərbaycan, Arran və Ərməniyyəni vahid inzibati qurum kimi təs­vir edir. Əsərdə Cənubi Qafqazın məşhur alimləri və təbibləri haq­qın­da da maraqlı məlumatlar vardır. X əsr müəllifi əl-Müqəd­də­si­nin «İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü» adlı əsəri tarixi-coğrafiyaya həsr olunmuş fundamental əsərlərdəndir. Əsərdə Qafqaz və Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş bölgə­lə­ri­nin tarixi, etnoqrafik, coğrafi, siyasi, iqtisadi və mədəni problem­lə­ri olduqca dəqiq və ardıcıl təsvir edilir. XI əsr müəllifi, mənşəcə türk olan, lakin əsərini ərəbcə yazmış Münəccimbaşının «Cami ət-düvəl» adlı əsəri də bölgənin tarixini və coğrafiyasını öyrənmək baxımından xüsusi maraq doğurur.
Ərəb alimlərinin bilavasitə iqtisadi pproblemlərə həsr olun­muş əsərləri o qədər də çox deyil. Ümumiyyətlə, ərəbdilli mən­bə­lə­rin hamısında ərəblərin vergi siyasəti, torpaq mül­kiyyət formaları və s. haqqında məlumatlar vardır. Ərəb müəiflərinin yazdığı kimi ərəblərin işğal olunmuş ərazilərə münasibəti işğalın xarakteri ilə müəyyənləşdirilirdi. Bu prin­sipə görə Ərəb xilafatına qatılmış torpaqlar üç kateqoriyaya bölünürdülər: 1) silah gücünə işğal olun­muş ərazilər, bu torpaqlar bilavasitə dövlətin mülkiyyəti hesab olu­n­ur, hərbçilər arasınla bölüşdürülür və ya xəlifin arzusuna uy­ğun paylaşdırılırdı; 2) «kafirlər» tərəfindən tərk edilmiş torpaqlar əsa­sən müsəlmanların mülkiyyəti hesab edilirdi. Bu kate­qoriyaya daxil olan torpaqlar ya dövlətin mülkiyyətinə çevrilir, ya da vəqf tor­paq­ları statusu alırdılar; 3) məğlubiy­yət və ya müqavilə nəticəsində əl­də edilmiş torpaqlar xərac və cizyənin ödənilməsi şərti ilə əvvəlki sahiblərinin ixtiyarında qalırdı.
VIII əsr müəllifi, Bağdadın qazisi Əbu Yusif əl-Kufinin müsəlman qanunvericiliyinə, ərəb xilafə­tinin iqtisadi qanunlarına və vergi siyasətinə həsr olunmuş­ «Xərac» adlı əsərində Qafqaz və o cümlədən Azərbaycanda ərəblərin yeritdiyi vergi və idarəçilik siyasəti şərh olunur. Eyni mövzuya həsr olunmuş digər əsər X əsrin müəllifi Kudama ibn Cəfər tə­rə­fin­dən yazılmışdır. Müəllif Azərbaycanın Ərdəbil, Mə­rənd, Varsan və s. şəhərləri haqqında mə­lu­mat verir, Azər­bay­canın illik vergisinin 4.500.000 dirhəm məb­ləğində olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, Müqəd­də­sinin yuxarıda adı çəkilən əsərində də iqtisadi problemlərə geniş yer verilmişdir.
Qafqaz və o cümlədən Azərbaycanın erkən orta əsr tarixinin bərpasında mühüm əhəmiyyət kəsb edən ərəbdilli tarixi abidələrin bir nümunəsi də hədislərdir. Erkən ərəb tarixi təfəkkürünün forma­laş­ması dövrünə təsadüf edən hədis ədəbiyyatı şifahi yaradıcılığa söykənmişdir. Türklərə həsr olunmuş xüsusi hədislərin yaradılma­sı­nın bir neçə səbəbi olmuşdur. Onların iərisində ən mühümü kimi IX əsrdən başlayaraq, türk muzdlu qoşun dəstələrinin xilavat ordu­sun­da nüfuzunun artması göstərilə bilər. Mənbələrin verdiyi məlu­ma­ta görə sonrakı dövrlərdə türk hərbi dəstələri bütövlükdə xila­fa­tın ictimai-siyasi həyatını nizamlayan qüvvəyə çevrilirlər. Hədis­lər­də türkdilli xalqlar haqqında maraqlı məlumatlar toplanmış, on­ların şücaət və qəhrəmanlığı təsvir edilmişdir. Hərbi qabiliyyətləri yüksək qiymətləndirən türklərə ilk dövrlərdə münasibət birmənalı olmamışdır. Bu hədislərdə türklərə aid və guya ki, Məhəmməd peyğəmbərə məxsus bir çox mülahizələr qeydə alınmışdır. Məs., hədislərin birində göstərilir: «Peyğəmbər demişdir: nə qədər ki, türklər sizə toxunmayıb, onlara toxunmayın». Xəlifə Ömərin adın­dan yazılır ki, «türklər elə bir xalqdır ki, onlarla mübarizə uzun vaxt aparır, onlardan gələn gəlir isə xeyrisiz olur» (6).
Təxminən IX əsrdən başlayaraq, ərəblər türklərə aid xüsusi traktatlar tərtib etməyə başlayırlar. Bu abidələrdə türklərin mənşə­yi, adət-ənənələri, mədəniyyəti, dini görüşləri, ərəb xilafatı tari­xin­də yeri və s. haqqında məlumatlara rast gəlinir. Bunların içə­ri­sin­də Əbu Usman Əmr ibn Bəhr əl-Cahizinin «Türklərin və xəli­fə­nin digər ordusunun dəyəri haqqında» (IX əsrin birinci yarı­sı), İbn əl-Fakih əl-Həmədaninin «Ölkələr haqqında xəbərlər» (X əsr), İbn Xassulun «Türklərin digər döyüşçülər üzərində üstünlükləri və sultanın ali işinin dəyəri haqqında kitab» (XI əsr) və başqa əsər­lə­ri­ni göstərmək olar. Ərəb xilafatında şubi ədəbiyyatı və hərə­katının (Şubiyyə adı ilə tanınmış bu hərəkat ərəb xilafatında qeyri-ərəb xalq­lar tərəfindən aparılırdı, hərəkatın əsas mahiyyətini müsəlman xalq­ları arasında heç olmazsa, nəzəri bərabərliyin bərqərar olması tələbi təşkil edirdi) çiçəkləndiyi bir dövrdə türklərə aid bu cür trak­tat­ların yaradılması görkəmli şərqşünas P.K.Juzenin dediyi kimi, «türk xalqlarında Səlcuqların Bağdadı işğalından sonra daha da güclənən sağlam milli hisslərin oyanışı kimi qiymətlən­di­ril­m­ə­li­dir» (7).
Bütövlükdə ərəbdilli mənbələr Qafqazın, o cümlədən Azər­bay­canın siyasi, vətəndaş və hərbi tarixi haqqında zəngin məlu­mat­larl­a doludur. Bu mənbələr ərəb işğallarının tarixi və xarakteri, ərəb­lərin işğal olunmuş ərazilərdə yaratdıqları inzibati-idarə sis­te­mi, islam dininin yayılması, ərəblərin vergi siyasəti, iqtisadi qa­nun­ları və s. məsələlərə aydınlıq gətirirlər.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin