1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
  1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi



Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin  

2011-ci il 21 yanvar tarixli, 

9 nömrəli qərarı ilə  

təsdiq edilmişdir  

1 nömrəli əlavə 

Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi 

1. Ümumi müddəalar 

1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi «Təhsil haqqında» Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət 

növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən 

bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 

1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, 

«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası 

Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, 

kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. 

1.3. Bu Nümunəvi Nizamnamə hər bir ali təhsil müəssisəsi üçün fərdi nizamnamənin 

hazırlanmasında əsas hesab olunur. 

1.4. Ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, 

hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. Ali təhsil müəssisələrinin hüquqi ünvanı 

onların hər birinin nizamnaməsində göstərilir. 

1.5. Ali təhsil müəssisələri üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa 

çatır. 

1.6. Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının 

yaradılmasına və fəaliyyətinə yol verilmir. 

1.7. Ali təhsil müəssisələri işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, 

əməyin stimullaşdırılmasında, ali təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların 

təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, 

məzunların işlə təmin edilməsində, ali təhsilin növbəti səviyyəsində təhsillərini davam 

etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və 

qadınlar üçün bərabər imkanlar yaradırlar. 

1.8. Ali təhsil müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin 

öz nizamnaməsi ilə müəyyən olunur. 

1.9. Ali təhsil müəssisəsinin təşkilati-hüquqi forması, mülkiyyət növü və statusu müvafiq 

qanunvericiliyə və bu Nümunəvi Nizamnaməyə uyğun müəyyən edilir. 

Təhsil qanunvericiliyinə əsasən ali təhsil müəssisələrinin aşağıdakı növləri müəyyən 

edilir: 



 

universitetlər; 

 

akademiyalar; 



 

konservatoriyalar; 

 

institutlar və s. 



Universitet — ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, 

əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan 

çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. 

Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, 

fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. 

İnstitut (ali məktəb) — müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret 

ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata 

keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. 

Konservatoriya — musiqi sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil 

müəssisəsidir. 

1.10. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali 

təhsil müəssisələri fəaliyyət göstərir. 

1.11. Dövlət ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi 

«Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, 

genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın təsdiq edilməsi 

haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli, 67 

nömrəli qərarına uyğun olaraq həyata keçirilir. 

Bələdiyyə və özəl ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi 

qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata 

keçirilir. 

1.12. Ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin elmi şurası tərəfindən 

qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 

nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl təhsil 

müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi 

əsasında təsisçilər tərəfindən təsdiq edilir. 

1.13. Dövlət ali təhsil müəssisəsinə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər 

çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik 

təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi 

tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyət növlərini həyata keçirməkdə 

sərbəstdir. 

1.14. Ali təhsil müəssisəsinin adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilir 

və onun yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. Ali təhsil müəssisəsinin statusu 

(növü) dəyişərsə, onun adında da müvafiq dəyişikliklər aparılmalıdır. Ali təhsil 

müəssisəsinin adının dəyişdirilməsi «Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və 

təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi 

Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2003-cü il 14 may tarixli, 67 nömrəli qərarına uyğun olaraq, tabeliyində ali təhsil 

müəssisələri olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (Azərbaycan 




Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. 

1.15. Ali təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılığın verilməsi 

(lisenziyalaşdırılması) və akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

1.16. Azərbaycan Respublikasında hər bir ali təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək 

üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil 

Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət ali təhsil müəssisələrinə xüsusi 

razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 

tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə xüsusi razılıq 

(lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici 

hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 

üç il müddətinə verilir. 

1.17. Ali təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki 

bazasının, təhsil proqramlarının, elmi fəaliyyətinin, kadr potensialının, maliyyə 

resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər 

normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır 

və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 

müddətə («Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 

müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır. 

Ali təhsil müəssisəsinin akkreditasiyası «Təhsil müəssisələrinin akkreditasiyası 

Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin prosedurdan keçmiş ali təhsil 

müəssisəsi akkreditasiya haqqında sertifikat alır. 

1.18. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə 

məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması 

dövlətlərarası müqavilələrlə müəyyən edilir. 

1.19. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, 

fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ali təhsil 

müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. 

1.20. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisəsinin bazasında özündə müxtəlif 

tipli təhsil müəssisələrini birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. Onların 

yaradılması, yenidən təşkili və ləğvi təsisçilərin vəsatəti əsasında «Dövlət büdcəsindən 

maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, 

yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli, 67 nömrəli qərarına uyğun 

olaraq həyata keçirilir. 

1.21. Ali təhsil müəssisələri ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə öz 

aralarında sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin iştirak 

etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsal birlikləri 

(assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq 

hüququna malikdirlər. 




1.22. Ali təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, tədris şöbələri, 

kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura, rezidentura və əlavə 

təhsil üçün müvafiq bölmələr, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman 

bazaları, tədris teatr və studiyaları, konsert zalları, sərgi salonları, iaşə müəssisələri və 

digər struktur bölmələri fəaliyyət göstərə bilər. Ali təhsil müəssisəsinin strukturunda 

onun profilinə uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq, müəssisə və təşkilatları 

yaradıla bilər. 

Ali təhsil müəssisəsinin strukturu onun elmi şurası tərəfindən müəyyənləşdirilir (filiallar 

istisna olmaqla) və təhsil müəssisəsinin rəhbəri (rektoru) tərəfindən təsdiq edilir. Ali 

təhsil müəssisəsinin struktur bölmələrinin fəaliyyət dairəsi və funksiyaları ali təhsil 

müəssisəsinin nizamnaməsində öz əksini tapır. 

Ali təhsil müəssisəsinin struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin 

təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin elmi 

şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirirlər. 

Struktur bölmələrinin rəhbərləri (filiallar istisna olmaqla) ali təhsil müəssisəsinin rektoru 

tərəfindən təyin olunurlar. 

1.23. Ali təhsil müəssisələrinin bəzi struktur bölmələri hüquqi şəxs statusuna malik ola 

bilərlər. 

1.24. Dövlət təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, 

ölkənin və xarici dövlətlərin ərazisində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

razılığı əsasında) filiallar açmaq hüququna malikdir. 

Ali təhsil müəssisəsinin filialları öz funksiyalarını müstəqil olaraq həyata keçirirlər. 

Filialın fəaliyyətinin idarə edilməsi ali təhsil müəssisəsinin və filialın nizamnamələrinə 

uyğun həyata keçirilir. 

Filialın yaradılması, ləğv edilməsi, adının dəyişdirilməsi və onun yerləşdiyi ünvan barədə 

rekvizitlər ali təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapır. 

Filialın rəhbəri (direktoru) ali təhsil müəssisəsinin vəsatəti əsasında təsisçi tərəfindən 

təyin edilir. 

1.25. Ali təhsil müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata 

keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) 

təhsil müəssisələrində təhsil dövlət hesabına həyata keçirilir. 

1.26. Ali təhsil müəssisəsi təhsil, tərbiyə və elm mərkəzi kimi, nizamnaməsinə uyğun 

aşağıdakı vəzifələri yerinə yetirir: 

 

hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsilalma tələblərinin 



ödənilməsi; 

 

təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi; 



 

elmi araşdırmaların aparılması; 

 

yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması; 



 

ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi; 




 

qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat, 

müalicə-diaqnostika, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə 

kommersiya fəaliyyəti ilə məşğul olunması; 

 

beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi. 



Həmin vəzifələri yerinə yetirmək üçün ali təhsil müəssisəsi: 

 

dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil 



proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər 

sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır; 

 

tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir; 



 

təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə 

edir; 

 

elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata 



keçirir; 

 

profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər 



hazırlayır; 

 

elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, 



sərgilər və s. təşkil edir və həyata keçirir; 

 

elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və 



müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq 

layihələrdə iştirak edir; 

 

təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında 



beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir 

informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-

portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını 

yaradır; 

 

elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır 



və nəşr edir; 

 

tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət 



xidmətləri təşkil edir və göstərir; 

 

təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir; 



 

maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi 

istiqamətində işlər görür; 

 

müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün 



beynəlxalq əlaqələr yaradır. 

1.27. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-

pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: 

 

bakalavriat (tibb təhsili istisna olmaqla); 



 

magistratura (tibb təhsili istisna olmaqla); 

 

doktorantura. 



Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: 

 

əyani; 



 

qiyabi; 


 

distant (məsafədən); 

 

sərbəst (eksternat). 




1.28. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-

ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır. 

Bakalavriat təhsili başa çatmış ali təhsildir. 

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi 

forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil 

proqramları ilə müəyyənləşdirilir. 

Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. 

Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji 

fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu 

təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə 

bilərlər. 

Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin 

məzmunu və təşkili Qaydaları»na uyğun olaraq müəyyən edilir. 

1.29. Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı 

ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini 

nəzərdə tutur. 

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir. Qiyabi 

forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil 

proqramları ilə müəyyənləşdirilir. 

Magistratura səviyyəsini bitirən şəxslərə «magistr» ali elmi-ixtisas dərəcəsi verilir. 

Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə 

məşğul olmaq hüququ verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini 

doktoranturada davam etdirə bilərlər. 

Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcəsinin verilməsi Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq 

edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi 

Qaydaları»na əsasən müəyyən edilir. 

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, 

incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri 

hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 

1.30. Tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır. 

Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və 

həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. 

Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir. 

Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə 

müəyyənləşdirilir. Rezidentura təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası 




Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş 

«Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na əsasən müəyyən edilir. 

1.31. Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək 

səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi 

dərəcələrin yüksəldilməsini təmin edir. 

Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan 

doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturada) həyata keçirilir və müvafiq 

elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi 

təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə 

uyğun olaraq verilir. 

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər 

doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir. 

Doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş 

«Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»na əsasən həyata 

keçirilir. 

1.32. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara 

elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin 

müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və 

elmi dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti 

tərəfindən müəyyən edilir. 

Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri 

nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında 

aşağıdakı elmi adlar müəyyən edilir: 

 

dosent; 


 

professor. 

Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan 

Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilir. 

Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor) adı vermək 

hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil 

müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. 

1.33. Ali təhsil müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq ali 

təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə 

təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq 

imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı 

səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən 

əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və 

mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə 

təhsil aşağıdakı istiqamətləri əhatə edir: 

 

ixtisasartırma; 



 

kadrların yenidən hazırlanması; 




 

stajkeçmə və kadrların təkmilləşdirilməsi; 

 

təkrar ali təhsil; 



 

dərəcələrin yüksəldilməsi; 

 

yaşlıların təhsili. 



Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 

şəxslərə müvafiq sənədin verilməsi «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər 

hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»nın təsdiq 

edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr 

tarixli, 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla 

həyata keçirilir. 

1.34. Ali təhsil müəssisələrində tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin 

məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) 

üzrə həyata keçirilir. 


Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin