Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

*** 

İqor Belyayev "Literaturnaya qazeta"da Sovet İttifaqının 

şərq respublikalarında yeni doğulan uşaqlara İslam kimi adların 

qoyulmasında  İslam fundamentalizmi qorxusunu gördüyünü 

yazmışdı, onun fikrincə, özbək rəqs ansamblının adının "Yalla" 

olması təsadüfi deyil, Allah sözünə yaxındır. Görün, nə qədər 

incə müşahidədir. Bəs onda nəyə görə  İ.Belyayev Mərkəzi 

Televiziyanın qarşısında Alla Puqaçova və Müslüm 

Maqomayevin çıxışlarının qadağan edilməsi barədə  məsələ 

qaldırmır - axı, Alla adı Allah sözünə  Yalladan da daha 

yaxındır, Müslüm isə elə müsəlman deməkdir. Belə olduqda, 

İslam fundamentalizmi təhlükəsi də öz-özünə aradan çıxar. 



 551 

*** 

"İsa deyirdi: "Xeyir iş görəndə, sağ əlin etdiyindən sol əlin 

xəbəri olmasın, gördüyün xeyirxah iş sirr kimi qalsın". 

Buddizmin sirli xeyirxahlığının mahiyyəti elə bundadır. Ancaq 

İsa deyir: "Sənin atan gördüyün işlərə kənardan nəzər yetirərək 

səni mükafatlandırar". Burada biz xristianlıqla buddizm 

arasındakı mühüm fərqi görürük. Allahın, yaxud şeytanın sizin 

əməlləriniz haqqında hər  şeyi bilməsi fikri mövcud olduqca 

zenbuddizm fəlsəfəsinə görə siz hələ "bizlərdən biri" hesab 

olunmursunuz. Bu fikirlə müşayiət olunan hərəkətlər 

təmənnasız deyillər. Kamil paltarda nə çöldən, nə  də içəridən 

baxanda tikiş yerləri görünmür: bu, bütöv bir əsərdir və heç kəs 

onun harda başlayıb harda bitdiyini dəqiq şəkildə deyə bilməz. 

Ona görə  də, zen fəlsəfəsində kamil, xeyirxah hərəkətin  əvəz 

veriləcəyi haqqında fikrə yer yoxdur".  

*** 

Çin filosofu ruhun bu vəziyyətini təsvir edərək aşağıdakı 

müqayisədən istifadə edir: mən, öz Daoma hər nə haqqında 

istəsə, maneəsiz olaraq düşünmək ixtiyarı verdim, dilimə isə nə 

gəlir danışmaq icazəsi. Mən, sadəcə, küləyə qoşularaq yarpaq 

kimi  şərqə  və  qərbə üz tutdum, kəsdirmədim ki, mən küləyi 

minib çapırdım, yoxsa külək məni. Külək, şübhəsiz ki, nəyəsə 

bağlı olmamaq təsəvvürünü ideal şəkildə verən  ən gözəl 

obrazdır. "Əhdi-cədidUdə oxuyuruq: "Külək, istədiyi yerə əsir" 

(Zen-buddist fəlsəfəsinin tədqiqatçısı T.Sudzukinin "Zen-

buddizmin 

əsasları" kitabından). Xeyirxah əməlin 

təmənnasızlığı barədə bizim də məsəl var, deyərlər ki, "Balığı 

at dəryaya, balıq bilməsə də, xalıq bilər". Mən uzun müddət bu 

fəlsəfənin tərəfdarı olmuşam, ancaq Sudzukinin kitabında zen 

etikası ilə tanış olduqdan sonra, (ondan da əvvəl 

Zavodskayanın zen əxlaqına aid kitablarını oxuyanda) 

anlamışdım ki, zenin təmənnasızlığı, hətta Allahdan belə 

mükafat gözləməmək – mənəvi kamilləşmənin  ən ali 

səviyyəsidir. 



 552 

*** 

Həqiqət haradadır? Bunu yalnız Allah bilir, insana isə  hər 

hansı birinin üzərində israrla dayana bilmədiyi çoxlu həqiqətlər 

məlumdur. Bu ona bənzəyir ki, insanın beynində zaman və 

məkanın sonsuzluğunu hiss etmək qabiliyyəti qoyulmayıb, 

həqiqət də beləcə sonsuza qədər uzanan "lehinə və əleyhinələr" 

içərisində itib-batır. Ancaq elə insanlar da var ki, sonsuzluq və 

əbədiyyət haqqında bir an belə düşünmədən güman edir ki, 

dünya üfüqlərdə bitir. 

*** 

Düşmənlərə hörmət bəsləmək lazımdır. Heç olmasa, onlar 

sizi satmır. Satqınlıq - dostlara məxsus imtiyazdır. 

*** 

Onun ağlı artıqlıq edirdi. Bilmirdi, bu artıq ağlı neyləsin, bu 

nə ona, nə mühitə, nə də zamana lazım idi. 

*** 

İnsanlar arasındakı münasibətlərdə, insanların davranış-

larında interyer və eksteryer vardır.  İnsanların  ətrafdakılara 

necə görünməyi ilə onların  əsl həqiqətdə necə olmaları  və  nə 

ilə  nəfəs almaları arasında böyük fərq vardır. Görünənlə 

mahiyyət arasında, təsəvvürolunanla  əsl həqiqət arasında. Bu, 

bir Azərbaycan atalar sözündə ifadə olunmuşdur: "Çölüm 

özgəni yandırır, içim özümü". Cəlaləddin Rumi isə deyirdi: 

"Ya göründüyün kimi ol, ya olduğun kimi görün". 

*** 

O, öz-özünü uydurub yaradan bir insan idi. 



*** 

Liberalizm dövrüydü. Kimlərsə liberala çevrildilər, çünki 

liberalizm modda idi, başqaları isə bu yolu səslərinin xaricdə 

eşidilməsi naminə tutmuşdular. Üçüncülər ona görə liberal 

olmuşdular ki, yazıçı kimi yetişə bilməmişdilər, liberalizmin 

onları  təsdiqləyəcəyinə, heç olmazsa, onların iqtidarsızlığına 

bəraət qazandıracağına inam bəsləyirdilər. Başqa qrup insanlar 

isə, ancaq azadfikirlilikləriylə qadınların diqqətini cəlb etməyə 



 553 

görə bu yolu tutmuşdular. 

Liberalizm ötüb keçdi. Zaman gəldi, bu adamlar bir-bir 

dünən səcdə etdikləri liberal əqidədən və dostlarından imtina 

etməyə başladılar, özlərini inandırmağa çalışdılar ki, bu işi 

hansısa böyük, bir çox insanların dərk edə bilmədiyi ali 

prinsiplərə görə edirlər. Onlar dərk etmək istəmirdilər ki, 

monolit tiraniyayla mübarizə aparmaq üçün birliyə  və 

həmfikirliyə malik olmaq lazımdır. Ancaq görünür, burada da 

etik prinsip özünü göstərir – totalitarizmə qarşı total və 

birləşmiş müxalifət – totalitarizmin daha bir təzahür formasıdır. 

*** 

Alibi yoxdur. Hansısa bir xeyirxah iş görərək, bütün yerdə 

qalan ömrünə mənəvi təminat qazanmaq mümkün deyil, çünki 

hər gün sənin böyür-başında sonsuz cinayətlər baş verir və sən 

öz sükutunla bu cinayətlərin bir növ iştirakçısına çevrilirsən. 

"Dünən mən bir xeyirxah iş gördüm, dünən üçün bəraətim var, 

bu gün yorulmuşam, istəyirəm hər şeydən uzaqlaşım, vicdanım 

təmizdir". Yox, sən hər gün, hər saat seçim qarşısında 

durursan. Həyat sənə vicdanlı, cəsur,  ədalətli olmaq üçün hər 

gün, hər saat testlər verir. Bəli, yer üzündə mövcudluğunun 

sonuna qədər. Bununla bağlı gənc Həsən bəy Zərdabinin artıq 

yaşlaşmış Mirzə  Fətəli Axundova məktubunu xatırladım. O, 

Axundovu belə bir şeydə günahlandırırdı ki, bütün ömrü boyu 

cəhalət, fanatizm və haqsızlıqla mübarizə apararaq yorulmuş və 

indi kənara çəkilmişdir. Bu işdə  nəfəsdərmə, macal və aram 

yoxdur – Zərdabinin təlqin etdiyi fikir bundan ibarət idi. 

Üstündən illər keçəndən sonra qoca Zərdabi müəllimlərin 

qurultayında gəncləri ehtiyatlı olmağa, bu qədər radikal 

olmamağa çağırır, daha təcrübəli  şəxslərin sözünə qulaq 

asmağı məsləhət görür. Cavan Nəriman Nərimanov ona kobud 

cavab verir: "Ağıl yaşda olmaz, başda olar". Üstündən bir neçə 

il də keçəcəkdi, Azərbaycanda Sovet hakimiyyəti qurulacaqdı, 

cavan kommunistlər – əsas etibarilə tör-töküntülər (onların 

arasında təəssüf ki, Ruhulla Axundov kimi işıqlı və savadlı bir 



 554 

insan da var idi) Nərimanovu millətçilikdə, konservatizmdə 

günahlandıracaqdılar. Onların birgə  səyi nəticəsində,  şübhəsiz 

ki, Stalinin razılığı ilə  Nərimanov  əvvəlcə Azərbaycandan 

təcrid olunacaqdı, formal olaraq Moskvaya daha yüksək 

vəzifəyə çağırılacaqdı. Onu müdafiə eləyən Lenin öldükdən 

sonra isə  Nərimanovun özünün də axırına çıxacaqdılar. 

Üstündən 12 il keçəndən, həmin o gənc kommunistlər bir az 

meydan sulayandan sonra bir neçə qramlıq qurğuşunla məhv 

ediləcəkdilər. Deyilənə görə, Azərbaycan MK-nın keçmiş 

katibi Ruhulla Axundovu birinci katib Mir Cəfər Bağırovun 

özü istintaqa çəkmiş  və Bağırovun "Sən özün doktoru (yəni 

Nərimanovu – A.) millətçilikdə günahlandırırdın, necə oldu ki, 

özün millətçi oldun?" sualına işgəncələrdən sonra qan qusan 

Ruhulla belə cavab vermişdi: "Doktor sağ olsaydı, mən onun 

qarşısında diz çökər, ondan dönə-dönə üzr diləyərdim". 

Nəhayət, Bağırov öz məhkəməsində  ləyaqətlə duruş 

gətirərək və bağışlanmaq haqqında xahişi rədd edərək demişdi: 

"Məni şaqqalasanız da azdır, mən, dizəcən günahsız insanların 

qanına batmışam". 

Tarix insanların gözünü çox gec açırmış. 

*** 

200 ildir ki, Rusiya imperiyasında yaşadığımıza adət 

etmişik.  İndi ermənipərəst imperiyada yaşamaqla heç cürə 

barışmaq mümkün deyildir. 



*** 

Ulduzlar bizi nədən cəzb edir? Dənizdə  gəminin uzaq 

işıqları, yaxud tənha yelkən və ya körpüdə yanan od – 

balıqçıların yandırdığı ocağın uzaqdan görünən parıltısı nədən 

bizi özünə  çəkir? Bəlkə oralarda həyatın olması illüziyası ilə. 

Elə bir illüziya ki, biz dərk eləməsək də, öz problemləri, 

sevinci, sözü-sovu, qayğıları, dərdi, çıxılmaz vəziyyəti, 

qılığıyla mövcuddur. Amerikadan – okean üzərindən uçurdum. 

Gecə, yolun yarısında Atlantik okeanının üzərində olarkən 

təyyarə möhkəm ləngər vurmağa başladı, bizə  kəmərləri 



 555 

bağlamağı məsləhət bildilər, qorxu yarandı və yalnız o zaman 

ki, Avropanın, İrland adasının sahil işıqları neçə mil məsafədən  

göründü, sakitləşdim. Orada işıq vardı, insanlar vardı, həyat 

qaynaşırdı. Anladım ki, qorxu bəzən sırf atavist səbəblərdən, 

qaranlıq vahiməsindən yaranır, buna əsaslanıb ibtidai insanın 

oda, işığa və istiliyə səcdə etməsini anlamaq da mümkündür. 

*** 

Ədəbiyyat var ki, həyatdan, həyati problemlərdən, əbədi həll 

olunmaz bilməcələrdən və bunu sözlər, obrazlar vasitəsilə nəsr 

və poeziya ilə ifadə etmək arzusundan yaranır. Ancaq başqa bir 

ədəbiyyat da vardır ki, onu həyata  ədəbiyyat,  ədəbiyyatın 

inkişafı, indiyə qədər olanları təkrarlamamaq, bir az da irəliyə 

getmək arzusu gətirir. Mən ortada dayanmışam. Mən həyatı o 

qədər sevirəm ki, təmiz ədəbiyyata qurşanıb ondan təcrid oluna 

bilmərəm, ədəbiyyatı da o qədər sevirəm ki, onu həyata qurban 

verə bilmərəm. 



*** 

Azərbaycan nağılları bizim uşaqlığımızdır - danışan kəllə, 

yalnız qaşlardan ibarət insan sifəti, üçayaqlı at, yeddibaşlı 

əjdaha, güləndə  ağzından güllər tökülən GÜL-QƏH-QƏH 

XANIM, qurşağa qədər daşa dönən insan, əl dəyəndə daşı 

insana çevirən sehrli çubuq, sehrbazlar, dərvişlər, pərilər, 

cinlər, divlər, göyərçinə dönən qızlar, küpəgirən qarılar, qırx 

bağlı qapı, qırxıncı qapıdan o yana açılan tam başqa bir dünya, 

qəbrin içindən gələn işıq, yaşıl, sarı, qırmızı işıqlar, sirli, sakral 

mənalı sözlər, rəqəmlər, kodlar, xalçalardakı insanların bir-

birinə  məlumat ötürdüyü sirli butalar və s. və i.a. – bütün 

bunlar sürrealizm stixiyasıdır, dünyaya sürrealist baxışın 

bəlirləridir. Əgər bütün bunlar ən konkret sənət növündə – söz 

sənətində  təcəssüm olunubsa və bizə bütün bu şərtilikləri, 

obrazları  qəbul etdiribsə, nəyə görə  rəngkarlıqda – deyək ki, 

Cavad Mircavadovun işlərində sürrealist sənət bizə yad 

olmalıdır? Sürrealizm rəngkarlıqda  əksini tapan, ola bilsin ki, 

bir neçə  əsr gecikmiş elə  həmin nağıldır. Ağlımıza da gəlmir 



 556 

ki, indi məsafədən təsir (teleqraf, televizor, radio, telefon, 

releylə  məsafədən idarə olunan partlayıcılar) bizimçün adi 

şeylərdir, çünki təfəkkürümüzü bu şeylərə  hər  şeydən  əvvəl 

nağıllar hazırlayıb: divin ürəyi onun özündən müəyyən 

məsafədə, hansısa  şüşə qutunun içində yerləşir ki, onu 

öldürmək istəyən əvvəlcə şüşəni sındırmalıdır.  

Qeyri-məntiqi olana, möcüzəli, sirli şeylərə, yuxuya meyl… 

– bizim bu tələbatımızı  uşaqlıqda nağıllar ödəyib – əgər belə 

ruhi tələbatımızı ödəyən sürrealist rəngkarlıqdan imtina etsək, 

vizual ehtiyacımız ödənilməmiş qalacaqdır. Cavadın sənəti – 

bizim yuxularımızın  əyaniləşməsi, uşaq təxəyyülümüzün 

canlanaraq göz önünə gətirilməsidir. 

*** 

Onun arzusu bütün işçilərin işə vaxtlı-vaxtında gəlib-

getmələri, həmişə öz yerlərində olaraq onu qarşılayıb yola 

salmaları, o içəri girəndə ayağa qalxmaları, nəhayət, ilk 

çağırışla hər  şeyə hazır olmalarıdır – bir sözlə, işdə kazarma 

intizamına çatmasa da, ideal dəftərxana intizamı yaratmaqdır. 

Qısası, o, dəftərxana Napoleonu olmaq arzusundadır. 

*** 

Susmaq qorxaqlıq olanda – mən danışırdım, 

Danışmaq qorxaqlıq olanda – mən susmuşam. 

*** 

Heç vaxt qorxaq olmasam da, özümü qəhrəman da hesab 

eləməmişəm. Mən heç qorxaqlıq ucundan danışan, yaxud 

susanları da qorxaq adlandırmazdım, ancaq qorxaqların illər 

keçəndən sonra özlərini qəhrəman, başqalarını isə qorxaq 

adlandırmalarına dözə bilmirəm. Deyəsən, Brext deyib: o xalq 

bədbəxtdir ki, qəhrəmanlara ehtiyacı var. 

*** 

Azərbaycan klassik ədəbiyyatında iki özünəməxsus personaj 

vardır – Axundovun pyesindəki Müsyö Jordan və  Cəlil 

Məmmədquluzadənin "Dəli yığıncağı"  əsərindəki doktor 

Lalbyuz. Ekzotik müsəlman mühitinə düşən iki avropalı axıra 


 557 

qədər heç nə anlamır. Müsyö Jordanın ağlına girmir ki, Parisi 

inqilabçılar, qiyam edən fransız xalqı yox, Qarabağ 

qadınlarının çağırdığı  Dərviş  Məstəli  Şah dağıdıb, doktor 

Lalbyuz isə ona tanış olmayan adamların arasında var-gəl 

edərək "kim dali?" sualını elə hey təkrar edir. Rus 

ədəbiyyatının kardinal sualı olan "kimdir müqəssir?" – günü bu 

gün də öz aktuallığını itirməmişdir. Azərbaycan ədəbiyyatının 

kardinal sualı olan "kim dali?" – günü bu gün də yaşarıdır. 

*** 

İ.Bunin 18-19-cu illərdə baş verən hadisələrə  həsr etdiyi 

"Lənətə  gəlmiş günlər" gündəliyində yazırdı ki: "Klyuçevski 

rus tarixindəki qeyri-adi təkrarlanma halını qeydə almışdı". 

Sözün əsl mənasında, bu gündəlikləri oxuyarkən əyani surətdə 

görürsən ki, Klyuçevskinin sözləri və onların Bunin tərəfindən 

təsdiq edilməsi təkcə uzaq əsrlərə yox, bu günün reallığına da 

aiddir. Bizim günlərdə  də  hər  şey – dözümsüzlük, sosial 

ədalətsizlikdən doğan problemlər, zorakalıq kultu, kütlənin 

qanmazlığı, rusların yəhudilər tərəfindən və əksinə alçaldılması 

bu gün də davam edir. Bunin yazırdı: "Yadıma 14-cü ildə 

Moskva ziyalılarının hüquq cəmiyyətində keçirilən yığıncağı 

düşür. Həyəcandan  əsən Qorki çıxış edirdi: TMən rusların 

qələbəsindən ona görə qorxuram ki, vəhşi Rusiya yüz 

milyonlarla ac qarnı ilə Avropanın canına daraşacaq.  İndi bu, 

bolşeviklərin qarnıdır və o, artıq qorxmur". Yenə  də orada: 

"İnqilab, qanlı oyundan başqa bir şey deyildir, xalq hansısa 

zaman çərəyində hay-küy salıb hökm versə  də,  əvvəl-axır 

həmişə yağışdan çıxıb yağmura düşür".  

*** 

Ədəbiyyat beyinlərin tozunu çırpıb onları təmizləyir. 



*** 

İndi bizdə təkcə ictimai, siyasi əmlak ədalətsizliyi yox, həm də 

estetik  ədalətsizlik hökm sürür, qrafomanların  şerləri, miskin 

teatrın səhnəsinə qoyulan miskin dramaturji əsərlər, düşük nəsr 

nümunələri səslənəndə yalançı estetik dəyərlərə yox, həqiqətən 


 558 

böyük dəyərə malik sənət əsərləri və onların müəllifləri susurlar. 

Ümumən götürdükdə, müstəqil, azad və demokratik 

Azərbaycanda yalnız leninçi estetik prinsiplər, partiyalı ədəbiyyat 

prinsipləri mövcuddur. Fərq yalnız ondadır ki, təkpartiyalı 

ədəbiyyatın yerinə çoxpartiyalı  ədəbiyyat gəlmişdir. Bu sonsuz 

sayda partiyaların hər biri ədəbiyyatı yalnız bu və ya digər  şairi, 

nasiri, sənətçini, məhz onun partiyasına yaxın olub-olmamasından 

asılı olaraq qavrayır. Bütün "bizimkilər" – dahilərdir, canlı 

klassiklərdir, "bizim dəstəmizdən olmayanlarınU isə adını 

çəkməyə belə  dəyməz. Bizim çoxpartiyalı  fəlsəfəmizə, təkcə 

keçmişin kommunist ictimai-siyasi əxlaqı yox, həm də onun 

uydurduğu – TtəftişçilikU irsi qalmışdır. Keçmiş başdan-başa 

təftiş edilir, orada bu və ya digər partiyanın  əqidəsinə uyğun 

gəlməyən nə varsa, yaxud həmin partiyanın liderlərinin yerliçilik 

münasibətlərinə uyğun gəlmirsə, inkar edilir. Gənc jurnalistlərin 

çoxu isə – əsilsiz-nəsəbsiz qanmazlardır. Kökünü xatırlamayan, 

dünən dünyaya gələn nacinslər keçmişin qanunlarına görə gələcək 

qururlar. Bu, dəhşətli dərəcədə qorxuludur. Onların mənəvi baqajı 

Azərbaycanfilm kinostudiyasının bir-iki tarixi filmlərindən başqa 

bir şey deyildir. Bizim, o cümlədən mənim filmlərimdən. 

*** 

Estetik  ədalətsizlik bütün digər sahələrdə  də  ədalətsizlik 

toxumunu cücərdir. Estetik savadsızlıq özlüyündə estetik 

iddialara, yox yerdən özünə  məftunluğa, inama və  mənəm-

mənəmliyə meydan açır. 

*** 

Qəribədir, rus patriotik mətbuatının yaxın günlərin tarixinə 

müraciət edəndə Kosmosun Qaqarin tərəfindən fəth edilməsi 

bəşəriyyətin yaratdığı  təkamül prosesində xalis rus hadisəsi kimi 

şərh edilir, ancaq Əfqanıstanda olduğu kimi müstəmləkəçilik 

məqsədilə aparılan müharibələr SSRİ-nin ayağına yazılır. Yeri 

gəlmişkən, mənim fikrimcə, XX əsrdə Rusiya və onun varisi olan 

SSRİ, o cümlədən SSRİ-nin hüquqi varisi olan demokratik Rusiya 

müharibələrin heç birini udmayıb. Əsrin əvvəllərində o, rus-yapon 


 559 

müharibəsini uduzdu, sonra Birinci Dünya müharibəsində məğlub, 

daha sonra finlərlə, əfqanlarla və çeçenlərlə aparılan müharibələrdə 

isə biabır oldu, 1956-cı ildə Macarıstanda, 1968-ci ildə 

Çexoslovakiyada da uduzdu – şübhəsiz, qələbə məfhumuna hadisə 

kimi yox, proses kimi baxsaq. Bu nöqteyi-nəzərdən o, İkinci 

Dünya müharibəsini də uduzmuşdu. Çünki müharibənin 

nəticələrini zaman içində baş verən hadisələr baxımından 

qiymətləndirməli olsaq, 1945-ci ilin mayında Reyxstaq üzərində 

Sovet bayrağı sancılmışdı, Yaponiya isə "Missuri" kreyserinin 

göyərtəsində kapitulyasiya aktını imzalamışdı. Qələbə məfhumunu 

hadisə kimi yox, proses kimi götürsək, onda üstündən bir neçə 

onillik keçdikdən sonra dirçələn, özündə yenilməz iqtisadi güc 

toplayan Almaniya və Yaponiyanın müharibədən qalib çıxdığının 

şahidi olarıq, bu mənada birləşmiş, bütövləşmiş Almaniya isə 

mütləq qalibə çevrilir, yenilən Rusiyanı isə iqtisadiyyatı günü-

gündən çiçəklənən həmin ölkələrə  əl açan dilənçi kökündə 

görürük. İkinci Dünya müharibəsində kim qələbə çaldı? Hər halda, 

Rusiya yox. 

Rus xalqı,  şübhəsiz ki, böyük xalqdır, rus xalqının içindən 

dahi insanlar – şairlər, yazıçılar, filosoflar və  bəstəkarlar 

çıxmışdır. Bəs onda nəyə görə belə böyük bir xalq bütün yerdə 

qalan xalqlardan – Tmurdar basurmanlardanU, yadellilərdən, 

yəhudilərdən, masonlardan, qərəzli çeçenlərdən, tatarlardan da 

betər olan çağırılmamış qonaqlardan, tatarların özlərindən

islam fundamentalistlərindən, pantürkistlərdən, çuçmeklərdən, 

xoxollardan, avropalılardan, amerikanlardan və sair 

kimsələrdən etdikləri  şikayətlərdə belə köməksizdir, yazıqdır. 

Nəyə görə o istəmir ki, onu sevsinlər, ona hörmətlə yanaşsınlar. 

Ancaq istəyir ki, ondan qorxsunlar. Yeri gəlmişkən, rus milli 

şüurunda dominant rolunu oynayan anlamlardan biri də budur: 

"Rusiyanı  ağılla başa düşmək olmazU. Rusiyanın XX əsrdəki 

parlaq zəkaları  İlyin, Berdyayev, Soljenitsin, hətta Qumilyov 

messianizm xəstəliyinə mübtəla olublar, tarix boyu Rusiyanın 

missiyasını bütün xalqlara dərs deməkdə görüblər. Mən 


 560 

Komsomolskaya pravda qəzetində dərc olunmuş məqalələrimin 

birində belə bir fikri yeritmək istəyirdim ki, "Kimsə  səni 

məcburi  şəkildə xoşbəxt etmək istəyirsə, bundan pis bir şey 

yoxdur. Bu həm ayrı-ayrı insanlara, həm də bütöv xalqlara 

aiddir". Sonra "KomsomolkaUnın müxbiri E.Abasquliyeva 

mənə dedi ki, bu fikir yalnız son redaktə zamanı (yazı bütün 

instansiyalardan keçibmiş) kiminsə gözünə sataşıb və 

üzərindən xətt çəkilib. 

*** 

Aparılan mübahisələrdə  ən son arqument kimi tanklar irəli 

sürüləcəksə, mübahisə eləməyin yeri qalmır. Çexoslovakiya 

hadisələri zamanı belə bir lətifə dolaşırdı: "Danışıqlar zamanı 

Çexoslovakiya tərəfindən tt1. Dubçek, Smorkovski, Sisarj, 

Sovet tərəfindən isə tt44 (tanklar nəzərdə tutulur) iştirak 

edirdi". 

*** 

Karen Brutensin "Rusların amerikanlarla əməkdaşlığa 

başlaması tez  deyilmi?" məqaləsində ("Nezavisimaya qazeta", 

13 may, 1994) belə bir passaj var idi: "Kim olmağından asılı 

olmayaraq, Bzejinski haqlıdır… Onun formulə etdiyi 

aksiomanın altından imza atmaq olardı: "Rusiya ya imperiya, 

ya da demokratik ölkə ola bilər, o, eyni zamanda, hər ikisindən 

ola bilməz". 

Bzejinski bu fikri "Forin Afferz" jurnalının 1994-cü ildə son  

nömrəsində çap edilən "Erkən  əməkdaşlıq" məqaləsində 

işlətmişdi. Eyni fikri mən 1991-ci ildə "Literaturnaya qazeta"da 

çap etdirdiyim – "Cənab Jirinovski Boris Nikolayeviçin 

sağlığına badə qaldıracaqmı?" məqaləmdə söyləmişdim. 

*** 

Vladimir Lukinin "Manilovdan Nozdrevə 

qədər" 

("Nezavisimaya qazeta", 14 may, 1994) məqaləsində Rusiyanın 



Orta Asiya və Qafqazlara iddiası bir növ əsaslandırılır. Müəllif 

özünün imperiya iştahasını eyhamlarla ifadə edərək yazırdı: 

"Eyni vəziyyət islam dünyasının tam şəkildə Rusiya 


 561 

sərhədlərinə yaxınlaşdığı Qafqazlarda da baş verə bilər". Bu 

fikrə islam dünyasının özünün baxış bucağından nəzər 

yetirməli olsaq necə? Axı, islam dünyası üçün ən böyük 

təhlükə, məhz Rusiyanın onun sərhədlərinə yaxınlaşmasıyla 

əlaqədardır. Son iki əsrin hadisələrini necə unutmaq olar: 

Rusiya-İran, Rusiya-Türkiyə, Qafqaz müharibələri, biz hələ 

Əfqanıstanda və Çeçenistanda aparılan müharibələri demirik. 



*** 

İspaniyada  şəhəri xristian ordularına verməli olan ərəb 

sərkərdəsi ən uca bir yerdə durub əlindən çıxan şəhərə baxaraq 

ağlayırmış. Anası ona deyib: "Kişi kimi əlində saxlaya 

bilmədiyin şeyə görə arvad kimi ağlama". 

*** 

İnqilab qələbə çalanda, inqilabçılar  ən pis hökmdarlara 

çevrilirlər – onlar dözümsüz və amansız olurlar. Alçaltmalar, 

təqiblər, əzab və  məşəqqətlər, saysız-hesabsız məhrumiyyətlər 

onların təbiətində ifrat aqressivlik və qisasçılıq duyğuları 

oyadır, onların ürəyində haqq-ədalətə bir damcı da yer qalmır. 

Onlara işgəncə verən rəqiblərinə  bəslədikləri nifrəti bütün 

dünyanın üstünə yağdırırlar. 

İncəsənət sahəsində heç bir uğura yiyələnməyən 

qrafomanlar siyasət sahəsində  ən qərəzli insanlara çevrilirlər, 

onlar özlərinin doydurulmayan şöhrətpərəstlik azarlarının 

əvəzini hər  şeydən öncə incəsənət xadimlərindən, ümumən 

ziyalılardan çıxmağa cəhd göstərirlər. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin