Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 
ON ALTINCI ŞƏKİL 
 
Bağça. Günorta. Q o n ş u, P a r t i y a  l i d e r i, X a n ı m. 
Partiya lideri bir əli ilə qarnını tutub, o biri əlilə Xanımın qoluna girib. 
 
P a r t i y a  l i d e r i.  Mən zərbəni müxalif qüvvələrdən gözləyirdim, ancaq öz 
orqanizmimdən aldım! Gərək elə eləyək ki, müxbirlər bundan xəbər tutmasın!  (Birdən  əli ilə sağ 
böyrünü tutub gedən Qonşunu görür.) Ode, gedir! 
X a n ı m. Kim? 
P a r t i y a  l i d e r i. O yaramaz! (Bərkdən) Dayanın! 
Q o n ş u (dayanaraq yavaşdan). Bircə elə bunlar əskik idi!.. 
P a r t i y a  l i d e r i (ona yaxınlaşaraq). Bəs nə oldu? 
Q o n ş u. Nə nə oldu? 
X a n ı m. Siz bizim partiyaya on milyon pul keçirtməliydiz! 
Q o n ş u. Ay bacı, Falçı  Ağabacı  məndə pul qoyub? Gündə dörd dəfə onun yanına seansa 
gedirəm! 
 
İ ş ı q  s ö n ü r. 
 
 

 
296
 
ON YEDDİNCİ ŞƏKİL 
 
Bağça. Günorta. D o s t, P r o f e s s o r. 
Dost böyrəklərini tutub güclə addımlayır. Professor, həmişəki kimi, əlində portfel, səhnənin o biri başında harasa 
gedir. 
 
D o s t (onu görərək). Professor! Professor!  
 
Professor ayaq saxlayır. 
 
(Güc-bəla ilə ona yaxınlaşır.) Neçə gündü sizi axtarıram... Iyi günlər, Professor. 
P r o f e s s o r. Əs-səlami-əleyküm!.. (Diqqətlə ona baxır.) Necəsiz, əzizim? 
D o s t. Eh, professor, kəndimi çox fəna hiss edirəm... 
P r o f e s s o r. Allah şəfa versin!.. (Getmək istəyir.) 
D o s t. Bir dəqiqə, Professor!.. Bir dəqiqə!..  (Onun qolundan tutur.) Sizdən bir ricam var, 
Professor... Gərək imtina etməyəsiniz... Türkün ən böyük dostu türkdür!.. Belə  ağır məqamda siz 
mənə gərək kömək edəsiniz!.. 
P r o f e s s o r. Nə etmək lazımdı? 
D o s t. Mən istəyirəm ki... siz... siz mənim elçiliyimə gedəsiniz! 
P r o f e s s o r. Elçiliyə? 
D o s t. Bəli! 
P r o f e s s o r. Kimə? 
D o s t. Falçı Ağabacıya... 
 
Pauza. 
 
P r o f e s s o r (mütəəssir).  Eh,  əzizim!... Mən artıq srağa gün Falçı  Ağabacının elçiliyinə 
getmişdim! 
D o s t. Getmişdiz? 
P r o f e s s o r. Əl-əlbət! 
D o s t. Kimin üçün? 
P r o f e s s o r. Özüm üçün! 
 
Pauza. 
 
D o s t. Kəndiniz üçün? 
P r o f e s s o r. Əl-əlbət! 
D o s t. Bəs nə oldu? 
P r o f e s s o r. Sən demə, əri var... 
D o s t. Əri var? 
P r o f e s s o r. Əl-əlbət! 
D o s t. Axı, mən öyrənmişdim ki, təkdir? 
P r o f e s s o r. Tək olmağına, təkdir. 
D o s t. Bəs əri hardadı? 
P r o f e s s o r. Dəlixanada! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON SƏKKİZİNCİ ŞƏKİL 

 
297
 
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z, P r o f e s s o r,  
f ə h l ə l ə r. 
Kişi mizin arxasında oturub, qarşısında bir qalaq kağız-kuğuz var və cani-dildən yaza-yaza sənət əsəri yaratmaqla 
məşğuldu. 
Otaqda təzə və gözəl bir televizor peyda olub və Arvad əlində əsgi, böyük bir fəxarət və həvəslə o televizoru silib  
parıldatmaqla məşğuldu. 
Iki nəfər fəhlə qutu daşıya-daşıya səhnənin bir küncündə üst-üstə yığırlar və hər dəfə də Arvad nigaran-nigaran 
onların ayaqlarına baxır. 
 
A r v a d. Çəkmələrinizi yaxşı silin! 
Üçüncü fəhlə. Vallah, üç gündü sizin qapıda çəkməmi o qədər silmişəm ki, az qalır padoşu 
qopsun! 
A r v a d. Yenə banandı? 
Dördüncü fəhlə. Bəli. 
 
Maşın səsi gəlir, sonra oğlan əlində setka səhnəyə daxil olur. 
 
O ğ u l (qürurla). Salam, anacan! Çörək almışam! 
A r v a d. Mən bilirdim ki, sən bizim nəslin başının tacısan! 
O ğ u l. Hələ görərsiz! Mən Baş nazirin müavini olanda, görərsiz ki, hələ sizə nələr edəcəyəm! 
Atanı... (Kişiyə tərəf baxır.) Atanı... Vyetnama müalicəyə göndərəcəyəm! 
A r v a d. Vyetnama? 
O ğ u l. Hə! 
A r v a d. Ora niyə? 
O ğ u l. Çünki biz orda yenə qalib gələcəyik! 
A r v a d. Nə yaxşı!.. (Kişiyə) Gözün aydın olsun! Bir yerdə Vyetnama gedəcəyik! 
K i ş i (qarşısındakı kağızlardan birini qaldırıb oxuyur). Işvəsi canlar alan gözəl canan!.. 
A r v a d (əzilərək). A-a-a!.. Bəsdi! Uşaq var burda! 
K i ş i (fərqinə varmadan).
 
Gözəllər içində gözləri mərcan!.. 
 
Fəhlələr sonuncu qutunu da qutuların üstünə qoyub Arvada baxırlar. 
 
Üçüncü fəhlə. Bugünkü də qurtardı! 
A r v a d. Çox sağ olun! 
 
Fəhlələr eləcə dayanıblar. 
 
A r v a d. Sağ olun də!.. 
 
Fəhlələr eləcə dayanıblar. Arvad qutulara yaxınlaşıb birini açır və içindən üç-dörd dənə banan çıxardıb fəhlələrə 
verir. Üçüncü fəhlə könülsüz-könülsüz bananı götürür, Dördüncü fəhlə götürmür.  
 
Dördüncü fəhlə.Banan yeməkdən qarnım xarab olub!..  
 
Ikisi də deyinə-deyinə səhnədən çıxır. 
 
A r v a d (banan qutularını sayır).  Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz... Sağ 
olsunlar, vallah!.. Mən də bir işıqlı gün görərmişəm! Bizə  də pay gətirərmişlər! Bizim də evimiz 
beləcə göz oxşayarmış! Hər dəfə o maşınımızın səsini eşidəndə, elə bil, mənim üçün bülbüllər cəh-
cəh vurur!.. Televizora bax e, vallah, televizor deyil, evlər yaraşığıdı!.. Elə bilirəm ki, bu da bizim 
bir ailə üzvümüzdür! Gecələr onu yuxuda görürəm!.. Adam kimi danışır mənimlə!.. 

 
298
K i ş i (kağızdan oxuyur).  
 
Işvəsi canlar alan gözəl canan, 
Gözəllər içində gözləri mərcan, 
 
Vəfada... 
A r v a d (əzilərək). Bəsdi... 
K i ş i.  
 
Vəfada, ilqarda məşhuri cahan,   
Mənim məhəbbətim... 
 
(Ayağa qalxır və Arvad elə bilir ki, Kişi ona tərəf gəlir, amma Kişi banan qutularının 
qabağına gedir.) 
 
 Sevgilim banan!.. 
 
A r v a d (pərt). A-a-a... 
O ğ u l. Ata can... 
K i ş i (onu danışmağa qoymayaraq birnəfəsə).  
 
Səni sevir Ağabacı, 
Bizim professor Hacı, 
Sənsə sevəcəksən, 
Mən – eşq möhtacı! 
Can banan, 
Canan banan! 
 
Bu, yeni «Banannamə» poemamın birinci hissəsidir! (Keçib yerində oturaraq, alovlu qələmini 
yenidən işə salır.) 
 
Q  ı z (banan yeyə-yeyə  səhnəyə daxil olur). Privet!.. Suzik deyir ki, banan vitamindi! Biz 
Suziklə bulvarda oturub bir yerdə banan yeyirik! 
 
Pauza. 
 
Suzikin arvadı yoxdu! 
A r v a d. Nə bilim, vallah?.. Deyirsən yəni  (Banan qutularını göstərir.) hörmətli Ağabacı 
boyda adam yalan deyir? 
Q ı z. Hə, yalan deyir! 
A r v a d (ürkmüş). Yavaş! Yavaş! (Yavaşdan) Eşidən olar... Niyə yalan deyir? 
Q ı z. Çünki mənə paxıllıq edir! 
A r v a d. Paxıllıq edir? 
Q ı z. Əlbəttə! 
A r v a d. Niyə? 
Q ı z. Suzikə görə! 
A r v a d. Suzikə görə? 
Q ı z. Bəli! 
A r v a d. Axı, o heç Suziki görməyib! 
O ğ u l (kənara). Suziki kim görüb ki? Heç bilən var ki, adamdı, itdi, pişikdi?.. 
Q ı z. Nə olsun görməyib? Ekstrasensdi də! Fikrən təsəvvür edir! 
A r v a d. Nə bilim, vallah... 

 
299
O ğ u l. Bu materializmə ziddi! 
Q ı z. Bəs, səni Baş nazirin müavini qoyanda materializmə zidd olmur? 
O ğ u l. Xeyr! O siyasi proqnozdu! 
Q  ı z (qışqırır).  Yox!.. Suzikin arvadı yoxdu!.. Ağabacı belə böhtan atdı, amma bananlar 
Suzikin xoşuna gəldi, Ağabacının haqqında qəzetlərə intervü verdi! Özü də müxalifət qəzetlərinə! 
(Əlindəki bananı hirslə yerə çırpır.) Görərsiz! Mən bir də banan yeməyəcəyəm! (Banan qutularını 
göstərir.) Qoy qalıb burda hamısı xarab olsun! Indi gedib Suzikə də zəng eləyib deyəcəyəm! (Hirslə 
səhnədən çıxır.) 
 
Pauza. 
 
K i ş i (kağızı qaldırıb oxuyur). 
 
Sevgilim banan,  
Bu dünyada 
Ancaq sənsən 
Mənə qalan! 
Mənə qalan 
Əziz banan!.. 
 
Qapının zəngi çalınır. Arvad qapıya getmək istəyir

 
O ğ u l. Mən gedərəm, anacan!.. (Səhnədən çıxır.) 
P r o f e s s o r (səhnə arxasından).  Əs-salami-əleyküm!.. Ya Allah!.. (Əlində  həmişəki 
portfeli, Oğulla birlikdə  səhnəyə daxil olur.) Ya Allah!.. Necədi mənim keçmiş  tələbəm? Allah 
qoysa, sağaldımı? 
A r v a d. Yaxşıdı... Poema yazır! 
P r o f e s s o r. Çox şükür! Çox şükür! Hamısı möhtərəm Ağabacının müsbət  şüalarının 
təsirindəndi! 
K i ş i (pafos ilə). «Banannamə»! 
P r o f e s s o r. Nə? 
K i ş i. «Banannamə»! 
A r v a d (gülür). Hə... Bananlardan yazır... 
P r o f e s s o r (banan qutularına baxaraq). Bunların hamısı banandı? 
A r v a d. Bəli! 
P r o f e s s o r (udquna-udquna). Hamısı? 
A r v a d. Hə!.. 
P r o f e s s o r (udquna-udquna).  Bunların hamısını da Falçı  Ağabacının sifarişiylə bura 
gətiriblər? 
A r v a d. Bəli!.. 
 
Pauza. 
 
P r o f e s s o r (televizora baxır). Bu da deyəsən təzədi? 
A r v a d. Bəli! Bunu hörmətli Ağabacının xahişi ilə Dubayın şahzadəsi bizə humanitar yardım 
göndərib! 
P r o f e s s o r. Ağabacının xahişi ilə? 
A r v a d. Bəli! 
P r o f e s s o r (bir az kənara addımlayaraq, yavaşdan).  Bu köpək qızı  Ağabacı hamıya 
kömək eləyir, mənnən başqa! Mənə çatanda, qoroskop belə gəldi, qoroskop elə getdi!.. Dəli şeytan 
deyir, təzədən qayıt ol ateist! 

 
300
A r v a d. Bizim o Suzik hörmətli Ağabacının xeyriyyəçiliyi haqqında qəzetlərə intervü verib! 
Özü də müxalifət qəzetlərinə! Indi bütün Bakı hörmətli Ağabacıdan danışır! 
 
Pauza. 
 
K i ş i (kağızı qaldırıb oxuyur): 
Ey banan! 
Qanmayan, 
Qandırmayan 
Insanlara  
Yardım et!.. 
 
P r o f e s s o r (banan qutularına baxıb udquna-udquna Oğula yaxınlaşır).  Baş nazirin 
müavini olanda bizi yaddan çıxarma ha!.. 
O ğ u l. Yox... Mən bütün məzlum insanların dayağı olacağam! 
P r o f e s s o r. Dörd ildi mənim kitabım mətbəədə yatıb qulır. Onun nəşrinə kömək edərsiz! 
O ğ u l. Dinin əleyhinədi? 
P r o f e s s o r. Xeyr, canım! Əstəğfürullah!.. 
O ğ u l. Onda kömək etməyəcəyəm! 
 
Pauza. 
 
P r o f e s s o r (onun qoluna girib kənara çəkir). Əvvəlkilər dinin əleyhinədi! O vaxt baxarıq... 
Bəlkə onları çap eləmək lazım oldu?.. 
Q ı z (böyük bir sevinclə səhnəyə daxil olur). Suzikin arvadı yoxdu! Bunu sübut etmək üçün 
sabah axşam bizə elçi göndərir!  
 
Pauza. 
 
Bəli! Artıq biz rəsmi nişanlanırıq! Oy, mama!.. (Anasını qucaqlayır.) 
A r v a d. Vallah, bütün bu işlərə adamın heç inanmağı gəlmir! Qorxuram ki, bizə göz dəyə! 
Q ı z (qardaşına). Suzik deyir ki, sonra da bir qız tapıb səni nişanlayarıq! 
O ğ u l. Mən gərək Siyasi Büro ilə məsləhətləşim! 
P r o f e s s o r (tələsik qutuların qabağına qaçıb, birini açır və portfelinə banan doldurur). 
Onda bu da mənim şirinliyim! Bu da mənim şirinliyim!... 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON DOQQUZUNCU ŞƏKİL 
 
Kişinin evi. Gecənin yarısı. K i ş i, A r v a d, O ğ u l, Q ı z. 
Səhnə yenə tamam qaranlıqdır. 
Kimsə əl fənərinin zəif işığında ehtiyatla var-gəl edir, nəyisə götürür, nəyisə harasa qoyur və nəhayət, həmişəki 
kimi, arxası tamaşaçılara tərəf kresloda əyləşib əl fənərinin elə o zəif işığındaca qəzet oxumağa başlayır. 
Gözlənilmədən səhnədə işıq yanır. 
A r v a d (gecə köynəyində, əli hələ də işıqyandırandadı, təəccüblə). Bu nə hənirtidi belə? 
 
Pauza. 
 
Kimdi?  
 
Ürkək addımlarla kresloya yaxınlaşır və yalnız bu zaman biz o «kimsə»nin Kişi olduğunu görürük.  

 
301
 
Sənsən? 
K i ş i (ayağa qalxaraq şaşırmış). Hə... 
A r v a d (heyrət içində). Qəzet oxuyursan? 
K i ş i. Hə... 
 
Pauza. 
 
A r v a d. Aman Allah!.. Sən dəli deyilsən? 
K i ş i. Yox... 
A r v a d. Sən yalandan özünü dəliliyə vurmuşdun? 
K i ş i (sevincək). Hə... 
A r v a d. Vay!.. 
K i ş i. Sən narahat olma! Daha bitdi! Qurtardı! Bu da bir oyun idi... Əvvəlcə zarafatla 
başladım, sonra da belə oldu... Eybi yox!.. Sabah yenə  ağıllı olacağam! Sabah hamıya elan 
edəcəyəm ki, daha ağlım gəlib başıma! 
A r v a d. Sabah? 
K i ş i. Hə, sabah! Bağışla məni! Sən Allah, bağışla məni! Bu da bir iş idi... Keç günahımdan!.. 
A r v a d. Sabah? 
K i ş i. Hə! Sabah! 
 
Pauza. 
 
A r v a d. Hamıya deyəcəksən ki, daha dəli deyilsən? 
K i ş i. Hə! Ancaq sən məni bağışla! Sən Allah, bağışla məni! Uşaqlıq eləmişəm! Bundan 
sonra əlimdən nə gəlir, edəcəyəm ki, bir də heç vaxt bu cür əzablar çəkməyəsən! Bu günlərdə sənə 
çox  əzablar verdim! Bağışla məni! Mən görürdüm ki, sən necə sarsılmısan! Görürdüm ki, mənim 
dəliliyim sənə necə pis təsir edir! Gecələr oturub səninlə cavanlıq çağlarımızı xatırlayırdım... 
Günahkaram, çox günahkaram!.. Eybi yox, biz hər  şeyi təzədən başlayarıq! Düzdü, həyat çətindi, 
dünya dəyişib, insanlar əzab-əziyyət içindədi... Ancaq eybi yox! Bundan sonra mən həmişə  sənin 
qulluğunda duracağam! Sabah hər şey yenə əvvəlkilər kimi olacaq! 
A r v a d. Sabah?.. 
K i ş i. Bəli! 
A r v a d. Əvvəlkilər kimi?.. 
K i ş i. Bəli! 
Pauza. 
 
A r v a d (sarsılmış). Yox! Yalvarıram sənə! Heç kimə heç nə demə! 
K i ş i. Heç nə deməyim? 
A r v a d. Yox! Demə! Qoy hamı elə bilsin ki, dəlisən! Sən elə yaxşı... elə yaxşı  dəlisən! 
Mənim əzizim! Elə bil ki, mən təzədən sənə vurulmuşam!  
K i ş i. Təzədən mənə vurulmusan? 
A r v a d. Hə! Mənim əzizim! Mənim sevgilim! Mənim dəli ərim! 
 
Pauza. 
 
K i ş i. Axı, mən yorulmuşam! Mən daha dəli ola bilmirəm! 
A r v a d. Ol! Mənim əzizim!.. 
K i ş i (əlini sinəsinə vura-vura yavaşdan öz-özünü sakitləşdirir). Sakit ol!.. Əsəbiləşmə!.. 
A r v a d. Biz gecələr hamı yatandan sonra, səninlə oturub söhbət edərik, dərdləşərik!.. 

 
302
K i ş i (öz-özünə). Sakit ol... Sakit ol... 
A r v a d. Mənim sevgilim! 
K i ş i (eləcə yavaşdan). Sakit ol!.. Əsəbiləşmə!.. 
A r v a d. Demə! Heç kimə demə! Mənim dəlim! 
 
Pauza. 
 
Yalvarıram sənə... 
K i ş i (qışqırır). Yox! Mən daha dəli olmaq istəmirəm! Mən normal adam olmaq istəyirəm! 
 
Oğul trusik-maykada hövlnak səhnəyə daxil olur. 
O ğ u l. Nə olub? Bu nə səs-küydü? 
 
Pauza. 
 
A r v a d. Heç... Ata... Ata elə bilir ki... elə bilir ki, qoyun olub! 
 
Oğul diqqətlə Kişiyə baxır. Arvad da yazıq-yazıq Kişiyə baxır.  
 
Pauza. 
 
K i ş i (qoyun kimi mələyir). Mə-ə-ə!.. Mə-ə-ə!.. Mə-ə-ə!.. 
Q ı z (əynində pijama, gözlərini ovuşdura-ovuşdura səhnəyə daxil olur). Nə olub? 
O ğ u l. Papa elə bilir ki, qoyundu... 
Q ı z. Yəqin ürəyi qoyun əti istəyir. 
K i ş i. Mə-ə-ə!.. Mə-ə-ə!.. 
O ğ u l. Narahat olma, anacan, səhər tezdən gedib alaram! 
A r v a d. Çox sağ ol, bala! Çox sağ ol!  
Q ı z. Bir az çox al, mama Suzikin elçiləriyçün də xörək bişirsin! Təkcə banan olmasın! 
K i ş i (daha da bərkdən). Mə-ə-ə!.. Mə-ə-ə!.. Mə-ə-ə!.. 
 
 
İ ş ı q  s ö n ü r. 
 
31 mart 1998. 
 
 

 
303
MAHMUD VƏ  
MƏRYƏM 
 
(Proloq, epiloq və 23 şəkildən  ibarət iki hissəli  
 məhəbbət dastanı)
 
 

 
304
IŞTIRAK EDƏNLƏR 
 
Danışan        – /müəllifin dilindən /. 
Mahmud. 
Məryəm. 
Ziyad xan. 
Qəmərbanu 
Bayandur bəy. 
Keşiş. 
Sofi. 
Ceyran. 
Qısır qarı. 
Xanəndə. 
Mirzə Salman. 
Anasının əmcəyini kəsən Ibrahim.  
Uzun. 
Xəfiyyə. 
Çoban. 
Keçəl kişi. 
Səs   
     – /qadın/. 
Mehtər Cəfər. 
Birinci keşikçi. 
Ikinci keşikçi. 
Yolçu 
Birinci kişi. 
Ikinci kişi. 
Üçüncü kişi. 
Fərəcullah. 
Şövkət Işbilən. 
Havalı Ibrahim. 
Qırmızıtuman kişi. 
Bığlı kişi. 
Muxtar Bədheybət. 
Heybə qadın. 
Mələk Pırpızaq. 
Palan Ömər. 
Qoca. 
Yaqub. 
Dəməngir Israil. 
Bayandur Ixtiyar. 
Əbülfəz. 
Azər. 
Aysulu. 
Səs    
     – /kişi/. 
Ayağıyalın kişi. 
Axsaq qarı. 
Muxtar 
Qadın. 
Kimsə. 
Qul Məhəmməd. 
Sarışın oğlan  – Süleyman paşa. 
Müqəddəs qoca. 
 
 
Məkan. –Azərbaycan. 
Zaman. – -1500-cü illərin əvvəlləri. 
 
 

 
305
 
 
 BİRİNCİ HİSSƏ 
 
 
 PROLOQ 
 
D a n ı ş a n və başqa iştirakçılar. 
Gəncə. 
Səhnə alaqaranlıqdır. Nizələr yerə batırılıb, qalxanlar, qılınclar, musiqi alətləri yerə atılıb, bir tərəfdə cəllad 
kötüyü dayanıb, arxa planda ot tayası, taxt-tac görünür və iki ocaq közərir, bir neçə yerdən tüstü qalxır.  
Haradansa səhnəyə zəif işıq seli axır. Uzaqdan azan səsi gəlir.  
Danışan arxa plandan səhnəyə çıxır və ətrafına baxa-baxa, səhnədəki vəziyyəti qiymətləndirə-qiymətləndirə, 
gördüklərinə münasibətini bildirərək yavaş-yavaş gəlib, avansəhnəyə çatır, düz ortada dayanır.  
 
 Pauza. 
 
Danışan sözlərini deməyə başlayır və o danışdıqca bayaqdan səhnədə üzüüstə yerə uzanmış aktyorlar – obrazlar 
(Ziyad xandan, Mirzə Salmandan, Qəmərbanudan başqa) yavaş-yavaş yerdən qalxırlar və qalxdıqca da onların 
üstlərindən toz-torpaq tökülür, hərə özünəməxsus əşyanı götürür və Danışanın sözləri altında sinxron edam 
səhnəsi oynayırlar. 
 
D a n ı ş a n. Hicri, camadiül-əvvəl ayının 4-ü, milad ilə 1504-cü il iyun ayının 28-i idi. Gəncə 
yatmışdı. Bu gün günorta şəhərdə elə bir istilik vardı ki, nəfəs almaq mümkün deyildi və qocaların 
dediyinə görə, belə bir isti bir də düz 64 il bundan əvvəl, el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün 
olmuşdu... Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşirə əyan-əşrəf yanında söz qaytarmışdı, 
üzünə ağ olmuşdu. Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı, demişdi ki, sənin sarayın qan 
çanağıdır və mənim sazımın simləri, istəsəm də, orada çalmayacaq və Qara Bəşir də, el aşığının bu 
hörmətsizliyindən, o qədər hirslənmişdi ki, uzun qara bığlarının uclarını çeynəyib qara saqqıza 
döndərmişdi. Sazlı Abdullanı  şəhərin bazar başında edam etmişdilər. Və 64 il keçəndən sonra da 
Gəncənin qocaları heyrətlərini gizlədə bilməyib toyda, yasda danışırdılar ki, elə ki, Cəllad 
Toppuzqulunun ülgücdən iti dəhrəsi bir göz qırpımında Sazlı Abdullanın başını bədənindən ayırdı 
və elə ki, el aşığının qanı fəvvarə vurub edam kötüyünün ətrafındakı keçən günlərin edamlarından 
qalıb qurumuş qanı təzələdi, elə ki, bazar başını dövrəyə almış camaatın ürəyindən qara yanğısı 64 
ildən sonra da, keçməyən bir vay keçdi, o zaman edam kötüyünün üstünə  sərilmiş başsız cəsədin 
yanında düşüb qalmış saz öz-özünə dilə gəldi... 
 
 Saz çalınır. 
 
... və dünyanın  ən dərdli-ələmli nəğməsini çaldı, heyrətdən-qorxudan camaatın tükü qabarıb 
paltarını deşdi, saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-birə  çəkildi, lopa-lopa qara 
buludlar camaatın başının üstünü aldı, göy kişnədi, bir leysan başladı ki, hamı güclə qaçıb evə girdi 
və bir müddət beləcə yağdı. Bir müddət bu leysan altında, el aşığı Sazlı Abdullanın sazı da, özü-
özünə beləcə çaldı, sonra yağış kəsdi, sazın da səsi kəsildi... 
 
 Saz susur. 
 
... camaat təzədən bazar başına axışdı və gördü ki, nə saz var, nə cəsəd var, nə də baş var... 
Düz 64 il bundan əvvəlki o edam günü, o leysan Sazlı Abdullanın qanını yuyub aparmışdı, amma 
deyirdilər ki, o vaxtdan bəri, haçan həddən artıq isti olur, onda bazar başındakı edam kötüyünün 
ətrafında, Sazlı Abdullanın qanı, gün altında parıldayır. Və bu gün də, bir neçə  dəfə, o cür parıltı 
görmüşdülər... 

 
306
 
 İ ş ı q  s ö n ü r. 
 
 
BİRİNCİ ŞƏKİL 
 
D a n ı ş a n, Z i y a d  x a n, x a n ə n d ə, ç a l ğ ı ç ı l a r,  
q u l a m l a r.  
Gəncə. Gecədir. ı yataq otağı. 
Ziyad xan taxtda oturub, qulamlar ayaq üstündə dayanıb. Yerdə – xalçada oturmuş çalğıçılar çalır, 17–18 
yaşlarında xanəndə isə oxuyur. Danışan səhnənin sol küncündə dayanıb. 
 
D a n ı ş a n. Gəncə yatmışdı. Şəhərin və ətraf kəndlərin toxucuları, dəmirçiləri, misgərləri, 
duluzçuları, dabbaqları, boyaqçıları,  şəhərin sənətkarlıq emalatxanalarında günəmuzd işləyən 
gəlmələr o qədər işləyib  əldən düşmüşdülər ki, gecənin bürküsünə baxmayaraq, indi yeddinci 
yuxularını alırdılar. Təkcə Ziyad xan yatmamışdı, hər halda, Ziyad xana elə  gəlirdi ki, bu boyda 
Gəncədə, Qarabağ Bəylərbəyliyinin bu boyda mərkəzində, təkcə onun yuxusu ərşə çəkilib. Qarabağ 
Bəylərbəyliyi  əslində  Səfəvilər dövlətinin  ən etibarlı  şimal istehkamı idi və Ziyad xan bütün bu 
yerlərin hakimi-mütləqi idi, amma... Neçə müddət idi ki, gecələr belə əzablı keçirdi. Neçə müddət 
idi ki, Ziyad xan gecələri beləcə yuxusuz keçirirdi və ən qəribəsi bu idi ki, Ziyad xan özü də həmin 
əzab-əziyyətlərinin səbəbini bilmirdi. Ziyad xan xanəndə oxudurdu və xanəndə  də deyilənə görə, 
cəmi 19-20 yaşı olan və Bağdadda mədrəsədə təhsil almış Məhəmməd adlı, Füzuli təxəllüslü, təzə-
təzə məşhurlaşmağa başlayan bir şairin qəzəlini oxuyurdu və yenə də deyilənə görə, o cavan şairin 
atası Süleyman Azərbaycandan, Girdiman sahillərindən köçüb Bağdad ellərinə köçmüşdü. 
 
Xanəndə (oxuyur): 
Məni candan usandırdı, cəfadan yar usanmazmı,  
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? 
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, 
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? 
 
D a n ı ş a n. Cəmi 5-6 ay bundan əvvəl yazılmış bu qəzəli, indi, bütün bu tərəflərdə əzbər 
bilməyən adam tapılmazdı. Məhəmməd Füzuli Azərbaycan, fars, ərəb dillərində qəzəllər yazırdı və 
Azərbaycan dilində yazılmış bu qəzəli, deyilənə görə, xanəndə Hafiz Lələ özü Şah Ismayılın 
məclisində ifa edirdi. 
 
Xanəndə(oxuyur): 
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,  
Desəm, ol bivəfa, bilmən, inanarmı, inanmazmı? 
Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım, 
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?  
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, 
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?.. 
 
Ziyad xan əlinin işarəsi ilə musiqini yarımçıq kəsir. 
 
Z i y a d  x a n (xanəndəyə). Qalx! 
 
Xanəndə ayağa qalxır.  
 
Pauza. 
 
Z i y a d  x a n. Kimin qalıb sənin o dağlarda? 

 
307
 
 Pauza. 
 
Xanəndə. Anam... 
Z i y a d  x a n. Təkcə elə anan? 
Xanəndə. Bir də... bir də... bacım... 
Z i y a d  x a n. Təkcə elə ananla bacın? 
Xanəndə. Bəli... 
Z i y a d  x a n (əsəbi).  Düz demirsən, küçük! Sənin o dağlarda ürəyin qalıb! Gözlərindən 
oxuyuram...  
  
Pauza. 
 
Get! 
 
Özünü tamam itirmiş Xanəndə eləcə ayaq üstə dayanıb. 
 
Eşitmədin? Get, dedim! 
Xanəndə (təzim edir). Gecəniz xeyirə qalsın. 
Z i y a d  x a n. Hara gedirsən? 
Xanəndə. Yatmağa... 
Z i y a d  x a n. Yox, yatmağa yox, birbaşa öz dağlarınıza get. Bu gecədən azadsan. 
(Qulamlara) Bu oğlanı öz evinə yola salın. 
D a n ı ş a n. Bu o deyən söz idi ki, gözəl səsinə görə Qarabağ dağlarından qoparılıb saraya 
gətirilmiş bu cavan oğlana, yaxşı bir at verəcəkdilər, üç il bundan əvvəl Gəncədə kəsilmiş qızıl təngə 
ilə doldurulmuş bir kisə verəcəkdilər, anası üçün, bacısı üçün bir-iki top ipək, qumaş verəcəkdilər. 
Və  həmin at, gecə-gündüz çapıb, Bərdədən keçib, belində yox, göyün yeddinci qatında uçan yeni 
sahibini Qarabağ dağlarına qaldıracaqdı. 
 
Xanəndə bir-neçə qulamla səhnədən çıxır. Musiqiçilər çalmağa başlayır. 
Sazəndələr indicə şahidi olduqları bu yaxşılıqdan, haqq işindən cuşa gəlib, həmin bürkülü yay gecəsi, Ziyad 
xanın yataq otağında dünyanın ən həzin, ən təsirli musiqisini çalmağa başladılar və sonralar musiqiçilərin 
dediyinə görə, onlar heç vaxt, nə bu gecəyə qədər, nə də sonralar, bu cür ürəkdən çalmamışdılar. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin