Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   25   26   27   28   29   30   31   32   33

ON  DÖRDÜNCÜ ŞƏKİL 
 
D a n ı ş a n, M a h m u d, S o f i, Ç o b a n. 
Axşam. Çöl. 
Mahmud, Sofi və bir Çoban ocaq kənarında əyləşiblər. Uzaqdan qurd ulayır, azca yağış yağır, haralardasa ildırım 
çaxır, Sofi və Çoban çörək yeyirlər. 
 

 
319
D a n ı ş a n. Yenə bütün günü at belində yol getdilər, itin qurddan seçilməyən vaxtı bir şıdırğı 
yağışa rast oldular, elə islandılar, elə bil at çapıb çaya adlamışdılar. Nə yağış dayanırdı, nə də atdan 
düşüb daldalanmağa bir yer tapırdılar və Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük... 
Birdən bu yağış şırhaşırında Sofinin qulağına it səsi gəldi, Sofi baxıb gördü ki, bura qoyun-quzunun 
yaylaq yeridir, bir də, bir çoban var burda, lap törpü dəyməmiş çobandı. Çoban yoldan ötən 
yolçulara ocaq kənarında yer verdi, ocağın odununu artırdı. Mahmud həmin yağışlı, çiskinli gecədə, 
ona da, Sofiyə  də, sığınacaq vermiş Çobana Şeyx Nizaminin «Leyli və  Məcnun»unu danışırdı  və 
törpü dəyməmiş çoban da, beləcə ağzını açıb matdım-matdım qulaq asırdı.  
Çoban. Lələ yolçu, mən belə fikirləşirəm: dediyin o eşq ki, var, harınlıqdandır, yeməyin, 
içməyin bolluğundandır, Məcnun gəlib, mənim kimi eldən, obadan ayrı düşüb dağlarda, daşlarda 
qoyun otarsaydı, yay bilməsəydi, qış bilməsəydi, qələt eləyərdi Leyliyə eləcə  aşiq olardı! Mən 
getdim qoyunları sağmağa! (Durub gedir). 
M a h m u d (onun ardınca). Yox, çoban qardaş, səhvin var, səhv edirsən, çoban qardaş... Yox, 
yox... yox, bədbəxt çoban, yox, məsələ bunda deyil, məsələ bundadır ki, sənin gördüklərini Məcnun 
görməyib... Sənin bildiklərindən Məcnun xəbərsiz olub... Məcnun Leylidən başqa heç kimi, heç nəyi 
görməyib, amma... düzdü... hicrandan başqa da, bu dünyanın dərdi, ələmi çox imiş... 
S o f i. Mahmud, bala, gəl, qayıdaq, gəl, bu daşı tök ətəyindən... Dərviş kimi, düşmüşük 
çöllərə. Nə yediyimizi bilirik, nə içdiyimizi. Oturub-durduğumuz da çobandı, naxırçıdı, qoturdu, 
dilənçidi, qurddu-quşdu. Xanlar xanı Ziyad xan indi yəqin Yaquba dönüb... Hələ Banunu demirəm... 
Axı, onlar sənin ən yaxın adamlarındı... 
M a h m u d. Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? Bir tərəfdən məgər Həsəni  Əsma 
zəhərləmədimi?.. O biri tərəfdən, məgər Zübeydə, bütün dünyanın ac-yalavaclarına çörək 
vermədimi?.. Sofi, yaxınlıq da, uzaqlıq da, insanın öz içindədir. 
S o f i. Bir halda ki, yaxınlıq və uzaqlıq yoxdur, onda niyə  bəs ata, ana öz balasını 
başqalarından çox istəyir... 
M a h m u d. Ata da, ana da öz övladını istəyir, Sofi. Övlad məhəbbəti başqa  şeydir, insan 
məhəbbəti başqa şeydir. Hamının çəkindiyi rəzil bir insanı da, anası, atası istəyir. Bu dünyada ki, bu 
qədər rəzalət var, bu torpağı idarə edənlər, hakim deyillər, böyük şahlardan tutmuş naiblərə qədər 
Malikdirlər, bəlkə özləri də, bunu bilmirlər, amma əslində Malikdirlər, Malik... Niyə Mikayıl bu 
qədər ac camaata ruzi vermir? Niyə Mikayıl Allahın gözü ilə bunları görmür?.. 
S o f i. Xoşbəxtlik, bədbəxtlik Allahın işidir, Allahın işinə qarışmaq olmaz. 
M a h m u d. Onda bəs nə üçun peyğəmbərlər, həmişə dərdli-ələmli olub. Nə üçün Cəbrayıl, 
xoşbəxtliyin yolunu onlara göstərməyib? Çaryar Məhəmmədin dediyini elədi, niyyətini həyata 
keçirdi, amma özləri nə oldu? Xülafayi-Rəşidin özləri üçün xoşbəxtlik tapdımı? Osmanı öz evində 
öldürdülər, Əlini Allahın evində! Nə üçün, Sofi? 
 
 Haradansa quşların səsi gəlir. 
 
Sofi, mən tənasüx məshəbindən olsaydım, o durnalarla danışardım, o durnalardan Məryəmi 
xəbər alardım. Bəlkə o durnalar da min il əvvəlin Məryəmi olub, ya iki min il bundan əvvəlin 
Mahmudu? Ya üç min il bundan əvvəlin Sofisi?.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON  BEŞİNCİ ŞƏKİL 
 
M a h m u d, S o f i, Y o l ç u. 
Günorta. Çöl. 
Mahmud ilə Sofi yol gedir. Bir yolçu kişi arxadan gəlib onlara yanaşır.  

 
320
 
Yolçu. Oğlum, görüm səfərin haradır belə? 
M a h m u d. Əmi, səfərim kanan məkandı. 
Yolçu. Oğlum, kan kandır, bəs, məkan nədir? 
M a h m u d. Kan bu dünyadır, əmi, məkan o dünyadır... 
Yolçu. Ölümü özünə güclə gəzirsən? 
M a h m u d. Ölüm haqdı. Taleyin əsirindən çıxmaq olmaz. 
Yolçu (belindən salladığı boğçadan balaca bir bardaq çıxarır). Al, iç bu camı... 
M a h m u d. O camdakını peyğəmbərimiz bizə haram buyurub...  
 
Yolçu özü bardağı içir və gedir. 
 
S o f i (bütün bu söhbətdən heç nə anlamayaraq). Mahmud, bu nə söhbətdi belə? 
M a h m u d. «Məndə  sığar iki cahan, mən bu cahana sığmazam...» Sən bu misraları 
oxumusan, Sofi? 
 
Sofi maddım-maddım Mahmuda baxır. Işıq yavaş-yavaş sönür və o yarıqaranlıq içində Sofi nəsə yazır. Sonra 
yalnız Danışan görünür. 
 
D a n ı  ş a n. Ziyad xan Sofinin növbəti məktubunu oxuyandan sonra saray kitabxanasına 
getdi, ağırlığı  qədər qızıl qiymətinə Hindistandan aldırıb gətirtdiyi qara cildli Böyük Fal Kitabını 
rəfdən götürdü, açdı  və ilkin oxuduğu sözlər bunlar oldu: «Eşq bəlasına yalnız eşqlə  əlac etmək 
olar...» Və bundan sonra Ziyad xanın adamları iki gün, iki gecə Gəncə xanlığını dolaşırdı, axtarıb-
seçib, nəhayət sorağı Ceyrandan gətirdilər... Ceyran gözəllərin gözəli idi, ağıllıların ağıllısı, biclərin 
bici idi, qədim sənətinin bütün incəliklərinə bələd idi. Ziyad xan Ceyrana yeddi kisə qızıl verdi, on 
kisə də, boyun oldu. Ziyad xanın adamları Ceyranı Mahmudun izinə salacaqdılar və Ceyran yolda 
Mahmuda ürcah olacaqdı, Mahmudu özünə  məftun edəcəkdi, Mahmudu geri qaytaracaqdı, bir 
müddət sarayda Mahmudla qalıb, sonra Gəncədən çıxıb gedəcəkdi və Ziyad Təbrizdə Ceyrana bir 
mülk alacaqdı. Ziyad xan özü Ceyranı görəndən sonra, Ceyranla danışandan sonra, heç bir şəkk-
şübhəsi qalmadı ki, dünyanın hər üzünü görmüş bu gözəllər gözəli hər şeyi qaydasına qoyacaq. Və 
elə  həmin gecə Ceyran kəcavənin pərdəsini salıb kəniz qaravaşları, nökərləriylə birlikdə yola 
düzəldi, Qısır Qarını da özüylə götürdü və Qısır Qarı da, pərdəsi salınmış kəcavənin dalına düşdü. 
Ceyran tələsirdi. Cavan xanzadə ilə məhəbbət oyunu Ceyran üçün su içmək kimi asan bir iş idi və 
əslində, Ceyran o cavan aşiqə sarı yox, Təbrizdə nəhayət ki, dinc-rahat yaşayacağı mülkünə doğru 
tələsirdi. Gələcək Ceyranın idi. Makuya az qalırdı. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON  ALTINCI  ŞƏKİL 
 
M a h m u d, S o f i, D a n ı ş a n, d ö y ü ş ç ü l ə r. 
Çaldıran düzü. 
Səhnədəki ala-qaranlıq içində insanlar bir-biri ilə ölüm-dirim savaşındadı. Yer-göy uğuldayır, qılınc, qalxan səsi, 
qışqırıqlar, nalələr, at kişnərtiləri ətrafı bürüyür, hər tərəfdən tüstü-duman qalxır. 
Bir müddət beləcə davam edir. 
Sonra yavaş-yavaş sükut çökür. 
Arabir kimsə zarıyır, kimsə inildəyir. Sonra qarğa-quzğunların səsi aləmi başına götürür və səhnə işıqlaşdıqca 
qan içərisində orda-burda düşüb qalmış döyüşçülər görünür.  
 
M a h m u d (dəhşətlə). Nə baş verib burda? Sofi! Sofi! 

 
321
S o f i (dəhşətlə).  Bu nə müsibətdi, Ilahi? (Mahmuda)  Sən baxma! Yum gözünü! Sənə belə 
şeylərə baxmaq olmaz! 
Işıq Danışanın üzərinə düşür. 
 
D a n ı ş a n. Beş gün əvvəl bu Çaldıran düzündə qırğın olmuşdu və bu qırğın üç gün davam 
etmişdi. Osmanlı hökmdarı Birinci Sultan Səlim Səfəviləri müsəlman dininin düşməni elan etmişdi 
və Islam müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə Azərbaycana girmişdi, 1514-cü ilin avqust 
ayında Səfəvilər dövlətinin  –  Məmləkəti-Azərbaycanın yaradıcısı  və hökmdarı  Şah Ismayıl türk 
ordusundan bir neçə  dəfə az qoşunla Sultan Səlimlə Maku yaxınlığındakı bu Çaldıran düzündə 
qarşılaşmışdı, döyüşə girmişdi və məğlub olmuşdu.  
S o f i. Sən baxma! Sən görmə bu müsibəti! 
M a h m u d (çılğın). Sofi! Sofi! Beş qarış torpaq üstə!? Bir kisə qızıl üstə uşaq olmayıbmı 
bunlar!? Göyü, ayı, ulduzları görməyibmi bunlar!? Şümr olub bir-birinin başını kəsirlər, Allah buna 
niyə dözür, Sofi?.. Mehdi Sahibi-Əzzaman nəyi gözləyir, niyə zühur etmir, niyə bu zülmə dözür, 
bundan artıq bir müsibət olarmı, niyə  gəlib dünyanı düzəltmir? Bəlkə yoxdur, olmayacaq Sahibi-
Əzzaman, Sofi, ona görə? Bəlkə düzəltmək olmaz bu dünyanı, Sofi, ona görə gəlmir?  
S o f i. Əstəğfürullah! Əstəğfürullah! Gedək, gedək burdan, gedək!..  
 
Haradansa, uzaqlardan bir fəryad eşidilir: 
– Ey müsəlman, dərdi-məra dərman nist əlqiyas!.. (Ey müsəlman, bizim dərdimizin dərmanı yoxdur!..) 
 
M a h m u d. Eşidirsən, o fəryadı, Sofi?
 
– ... dərman nist əlqiyas!.. 
S o f i. Yox, heç nə eşitmirəm!.. 
– ... dərman nist əlqiyas! 
M a h m u d (qışqırır). ... dərman nist əlqiyas! 
S o f i (vahimə içində). Gedək! Gedək burdan! 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
 
 

 
322
İKİNCİ HİSSƏ  
 
  
ON YEDDİNCİ  ŞƏKİL 
 
K e ş i ş, M ə r y ə m. 
Gecə. Meşə. 
Keşiş və Məryəm bir qoca ağacın altında şala bürünüb oturublar. 
 
M ə r y ə m (pıçıltı ilə öz-özünə). Atam yata bilmir... Ey müsəlman Allahı! Ey Məhəmməd 
peyğəmbər...  əgər varsınızsa...  əgər siz haqsınızsa, mənə kömək edin!.. Mən xaçpərəstəm, amma 
mən də axı, insanam və mən hər hansı bir xaçpərəst kimi, hər hansı bir müsəlmanın da burnunun 
qanamasını istəmirəm.  Əgər Sən istəmirdin ki, Mahmudla biz bir yerdə olaq, onda niyə  bəs 
Mahmudun ürəyində mənim üçün yer ayırdın?.. Ey Isa! Ey Müqəddəs Ana! Ey Allah! Axı, siz hər 
şeyi bilirsiniz, siz hər  şeyi görürsünüz, axı, siz qadirsiniz! Bəs nə üçün siz mənim ürəyimi 
Mahmudun məhəbbəti ilə alışdırmısınız? Nə üçün mənim bütün fikrim-zikrim Mahmudun 
yanındadı? Nə üçün mən yatanda da, duranda da Mahmudu istəyirəm, Mahmudu arzulayıram? Nə 
üçün mənim bütün bədənim, bütün vücudum, bütün varlığım Mahmudun həsrətindədi?  Əgər siz 
bilirdinizsə, Mahmud mənim olmayacaq, bu istək, bu məhəbbət bu qədər təhqirlərə dözəcək, bu 
qədər işgəncə görəcək, mənim atama bu qədər iztirablar gətirəcək, onda nə üçün bəndənizin ürəyini 
bu məhəbbətə düçar edirdiniz? 
K e ş i ş (pıçıltı ilə öz-özünə). Hərgah Məryəmin ürəyində Allahın, Isanın, Müqəddəs Ananın 
varlığına və qüdrətinə belə bir şübhə yaranıbsa, bəlkə elə bu, Məryəmin, dünyanın pis üzündən 
xəbərsiz qızcığazın özünün günahlarının nəticəsidi? Bəlkə bu müsəlman hümmətinə  məhəbbət 
yetirməyin sayəsindədi? Bəlkə bu bir tilsimdir, bir bəd sehirdi? 
M  ə r y ə m (pıçıltı ilə öz-özünə).  Mahmuddu sehrbaz? Mahmuddu məni yoldan çıxaran? 
Mahmuddu mənim ürəyimdə şəkk yaradan? Yox, yox... Siz bilmirsiz... Axı, siz bilmirsiz, Mahmud 
müqəddəslərin müqəddəsidir... Mahmud təmizlərin təmizidir... 
K e ş i ş. Qızcığaz yata bilmir... Gözümün qabağında saralıb solur... Sabah daha da solacaq, 
əriyib gedəcək  şam kimi... Yəni beləcə gözgörəti  əlimdən gedəcək uşaq? Qurtarmayacaq bütün 
bunlar? Mənim nəslim-nəcabətim, mənim atalarım, babalarım az çəkiblər bu dinsiz müsəlmanların 
əlindən? Bu cansız qızın, mənim bu təmiz, pak balamın  əzab-əziyyətləri sona yetəcək?.. Yox, Az 
qalıb!... Müqəddəs Evə az qalıb... Müqəddəs Evin qapıları mənim üzümə açılacaq! Müqəddəs qoca 
kömək əlini mənə uzadacaq! (Dərindən köks ötürür.) Məryəm... Məryəm... 
M  ə r y ə m (pıçıltı ilə öz-özünə).  Dağlar dağımdı  mənim, ata, qəm oylağımdı  mənim, 
dindirmə, ata, ağlaram, qan ağlaram, yaman çağımdı mənim... 
K e ş i ş  (pıçıltı ilə öz-özünə).  Dözmək lazımdır, bütün bunlara Məryəmə görə dözmək 
lazımdır... Çünki Məryəm təkcə  mənim deyil, onun təmizliyi bütün Allah adamlarının, müqəddəs 
xaçı sevənlərindir. Məryəm bir xaçpərəst bəndəni xoşbəxt etməlidir... Məryəm xaçpərəst anası 
olmalıdır, vəhşi müsəlman anası yox! Yox! Məryəm dünyanın  ən təmiz xaçpərəst balalarını 
doğmalıdır... 
Q a d ı n  s ə s i. Düz eləyirsən, həyatım, düz eləyirsən... Tərəddüd keçirmə, qov ürəyindən 
bütün tərəddüdləri, məgər mən görmürəm Məryəm necə  əzablar çəkir?.. Mən görmürəm bizim 
balamız necə bir iztirab içindədir?.. Dinsiz hiyləsi Məryəmin ürəyini oğurlayıb, dinsiz fitnə-fəsadı 
bizim balamızı tilsimə salıb... Bu tilsimdə Zöhhak hərisliyi var... Sən o ürəyi yenidən Məryəmə 
qaytarmalısan. Belə bir təmizliyi dinsiz nəfsi ilə murdarlamaq olmaz! Yaxşı olacaq, hər şey yaxşı 
olacaq! Sən məndən sonra neçə ildi öz bədəninə zünnar bağlayırsan! Murdar bir nəfs sahibi Məryəm 
kimi təmizliyi sənin  əlindən ala bilməz! Nəfs haqqa qalib gələ bilməz! Hər  şey yaxşı olacaq, 
həyatım... Müqəddəs Ev, sənin köməyinə çatacaq... Sən Isanın qarşısında təmiz olmusan, Allah 
səndən köməyini əsirgəməyəcək... Allah, hər şeyi görür və Allah adildir... 

 
323
M ə r y ə m (atasına tərəf baxaraq yavaşdan). Ata, görəsən ağ keçi indi neyləyir? Adamlardan 
hürkürdü ağ keçi... Görəsən, öyrəşdi başqalarına... 
K e ş i ş. Insanlar da, heyvanlar da, yer üzünün cəmi məxluqatı  hər şeyə öyrənir, adət edir. 
Dünyada əbədi heç nə yoxdur, qızım. Əbədi yalnız Allahdır və onun təlimidir. Yat, qızım, yat... 
  
Pauza. 
 
Yatdı... Bayandur xan Ziyad xanı öldürüb, Gəncə taxtına sahib olub... Bayandur xan, təkcə 
Ziyad xanın qanı ilə doymayacaq, mən bu dinsiz cəlladları yaxşı tanıyıram, Bayandur xanın 
adamları Mahmudu tapıb, onu da qətlə yetirə bilər... O zaman... O zaman hər şey qaydasına düşər... 
(Elə bil, dediyindən qorxur.) Mən Məryəmin ürəyini ağrıdacaq bir ölüm arzu edirəm... Allahı uca 
tutan, dinə xidmət edən insan, belə qəddar ola bilər?.. Axı, nə üçün, bir insan, başqa bir insana ölüm 
arzulayır?.. Başqasına, lap dinsiz müsəlman olsun, ona ölüm arzulayan ürək, saf ola bilər? Mən 
kiməsə ölüm arzulayıram, Müqəddəs Evin qapıları mənim üzümə açılar?.. 
Q a d ı n  s ə s i. Yat, həyatım, yat... Özünü üzmə, həyatım... Yat... Yat... Yat... 
K e ş i ş  (qəfil həyəcanla).  Yox, yox, yatmaq yox, qaçmaq lazımdır! Qaçmaq lazımdır! 
Qaçmaq! Dur, qızım! Qaçmaq, qaçmaq lazımdır! Məryəm! Məryəm! 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
ON SƏKKİZİNCİ ŞƏKİL 
 
D a n ı ş a n, Q ı s ı r Q a r ı, C e y r a n, C ə f ə r,  
M a h m u d, S o f i. 
Aylı bir gecə. Çöllük.  
 Bir tərəfdə Ceyranın çadırı, o biri tərəfdə Mahmudla Sofi ocaq kənarında oturub.  
 
D a n ı ş a n. Ziyad xan öldürülmüşdü, amma indi bunun Ceyran üçün heç bir əhəmiyyəti yox 
idi. Çünki onsuz da, Ceyran, Ziyad xanın tapşırığını yerinə yetirə bilməmişdi və yerinə yetirə 
bilməyəcəkdi, bu aydın məsələ idi. Ziyad xan öldürülmüşdü, deməli, Ceyran tamam azad idi. 
Düzdü, Təbrizdə  vəd olunmuş mülk də  əldən çıxırdı, amma nə olsun, dünyanın axırı deyildi ki... 
Ceyran hələ cavan idi, gözəl idi, ağıllı idi və hər şey gələcəkdə idi... 
 
 Pauza. 
 
Hansı gələcəkdə? 
 
Pauza. 
Yox, hər şey məhv olub gedirdi... Ceyran heç ağlına belə gətirə bilməzdi ki, bu qədər zəifdir 
və dünyada hər şey onun üçün bu dərəcədə uğursuzluqla, bu dərəcədə şərəfsizliklə sona yetəcək... 
Pauza. 
 
Ziyad xanın qətli xəbəri gəlib çatanda, Qısır  
qarının ağzındakı tək dişi ağardı. 
 
Qısır qarı. Şükür Allaha, qayıdaq Gəncəyə – öz xarabamıza, day nə ölümümüz var bu çöllərdə. 
Bir kişi xeylağı ki, adını cavan oğlan qoya, amma sən kimi nazəninin ləzzətini qanmaya, onda kül 
onun başına... 
Ceyran (hirsli). Bəsdir axmaq qarı, kiri!..  
 

 
324
Qısır qarı(heyrətlə). Az, doğrudan doğruya aşiq olmusan sən? 
Ceyran. Axmaq qarı! Sən görmürsən ki, onun atəşi necə yandırıb-yaxır məni?! 
 
Qısır qarı.Ay Allah!.. Ömrümdə  mənim bu səfeh ağlıma gəlməzdi ki, sən də  aşiq ola 
bilərmişsən! 
Ceyran. Ondan danış... 
Qısır qarı.Daha nə danışım? Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, elə bil Yusifdi, 
Kənandan gəlib... Bayaq çayın yanından keçirdim, gördüm ki, çimir. (Ağzını onun qulağına dirəyib 
ləzzətlə nəsə deyir.) Hə!.. Hə!.. (Gülə-gülə) Həzrət Abbasın qılıncına gəlim ki, lap zor kişidi!.. 
Ceyran. Get, onu yenə çağır bura... Elə elə ki, gəlsin, eşidirsən, qarı, elə elə, gəlsin! Tovla, vəd 
ver, şirnikdir, nə edirsən et, amma gəlin bura!.. 
 
Qısır qarı gedir. Ceyran pərdənin arxasına keçir və soyunub yuyunmağa başlayır. Mehtər Cəfər çadıra daxil olur 
və yuyunan Ceyranın kölgəsini görüb dayanır. 
 
Cəfər (pıçıltıyla). Hər dəfə onu görəndə bütün bədənim titrəyir... Dözə bilmirəm daha, onun o 
bədəni, onun o sifəti, o gözləri gecə-gündüz məni öldürür... Bir dəfə, bircə  dəfə  əlimi onun 
bədənində gəzdirməkdən ötrü, bütün qalan həyatımı verərəm... Məhv oluram... Ölürəm mən... 
M a h m u d. Gedək burdan, Sofi. O qadın məni təqib edir, o qadında bir sehr var, Sofi, mən 
qorxuram... Mənim cismim məni o qadına tərəf çəkir, Sofi, qaçaq burdan! Rüsvay olaram mən, Sofi, 
qaçaq! 
S o f i. Hara qaçaq, ay bədbəxt? Ay dünyadan bixəbər, hara qaçaq?! 
 
Qısır qarı onlara yaxınlaşır. Mahmud, elə bil, özünü itirir. 
 
Qısır qarı. Boy, başıma xeyir!.. Məni görəndə, elə bil küpəgirən qarı görür! Mən səni bəxtəvər 
eləmək istəyirəm, ay ağzının dadını bilməyən cavan! Gedək mənimlə, bax, o çadıra. Gözləyir səni, 
təkcədi. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, bir bədən var onda, elə bil, balıqdı, əlini 
qoysan, sürüşəcək... Bir döşlər var onda, vallah, mən dünyanın heç bir hamamında o cürə şamamalar 
görməmişəm. Bir baldırlar var onda, bir bel var onda! Deyir, gəl, götür məni də, səndən başqa bir 
umacağı ki, yoxdur! Sonra da hara istəyirsən, çıx get də! Özü də çimir indi... Hə, gəl bəri, aparım 
səni çadıra, özün qurula onu məhrabayla, gəl, gəl bəri!.. 
M a h m u d (çılğın). Gedək, gedək burdan, Sofi, gedək!.. (Qaçıb səhnədən çıxır.) 
Qısır qarı.Get, köpək oğlu, get! Bir qara daş da dalınca!.. (Sofiyə) Sən niyə  ağzının suyunu 
axıdırsan?.. Sənin üçün çimir o? 
 
Səhnə qaralır və işıq yalnız Ceyranın üzərinə düşür.  
 
Ceyran.  
 
Ta nəyaba morad xiş beçuş,  
Ta nəsazət zamana ba to, beso... 
 

 
325
D a n ı ş a n. Bu iki misra şair Məsudinin idi: Nə qədər ki, öz muradına çatmamısan, çalış ki, 
zəmanə  sənə saz olmasa da, sən zəmanəyə saz ol... Ceyran nə üçün bu iki misranı xatırladı... Bu 
sualın cavabını  bəlkə heç o özü də bilmirdi... Birdən-birə Ceyranı neçə-neçə illərin yorğunluğu 
bürüdü, neçə-neçə illərin əzab-əziyyəti, var-dövlət hərisliyi, eyş-işrət həvəsi, neçə-neçə illərin dəli 
sevdası, elə bil, cındır bir əsgi kimi, onun ayaqlarının altına atıldı... Hər şey mənasız idi, indiyədək 
yaşanmış həyat da, bundan sonra yaşanacaq həyat da... Elə həmin gecə Ceyran Qısır qarını da, bütün 
karvanı, nökərləri də çölün ortasında qoyub Mehtər Cəfərə qoşuldu və bir atın belində Mehtər 
Cəfərin on iki il bundan əvvəl qoyub getdiyi kəndə tərəf çapdılar... Qoy, Ceyranın bundan sonrakı 
mənasız həyatı mənasız Mehtər Cəfərin mülkiyyətinə çevrilsin... Ceyran belə Ceyran idi... Mahmud 
isə... Payıza daha bir şey qalmamışdı... 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
 
ON DOQQUZUNCU  ŞƏKİL 
 
D a n ı ş a n, M a h m u d, S o f i, Q o c a. 
Günorta. Yol. 
 
D a n ı ş a n. Payıza daha bir şey qalmamışdı, gecələrin ayazı adamı üşüdürdü. Sofi nə qədər 
etsə  də, beynini deşən fikirləri başından qova bilmirdi: bütün bu işlərin axırı  nə olacaqdı?.. 
Mahmudun gözləri güllərə baxırdı, soruşurdu: Məryəmi gördünüzmü? Çöllərə baxırdı, soruşurdu: 
Məryəmi gördünüzmü? Mahmudun gözləri, Mahmudun baxışları, Mahmudun hərəkətləri qürbət 
ellərdə ah-zar edə-edə bir keşiş  qızını arzulayırdı  və  hərdən bütün bunlar Sofiyə  təsir edirdi... 
Allahın yağışı yağanda da, Sofiyə elə  gəlirdi ki, elə bil yağış yağmır, Mahmudun dərdinə göylər 
ağlayır. Deyəsən Sofi də dəli olurdu... 
S o f i. Mahmud, o irəlilərdə elə lotular var ki, bizi kişmişin yerinə ciblərinə doldurub yeyərlər, 
biz orada baş çıxara bilmərik... 
M a h m u d. Mən yolçuyam, Sofi, yollar keçib gedirəm... 
  
Səhnəni dolaşa-dolaşa yol gedirlər. 
S o f i n i n  s ə s i. Yaxşı, sən yolçusan, yolçu ol, yollara düşmüsən, düş, öz aləmin var, öz 
məqsədin var, bəs mənim nə təqsirim var?.. Bəs mənim günahım nədir?.. Mənim günahım nədir ki
46 yaşına çatmışam, amma ömrümdə bir xoş gün yaşamamışam... həmişə əl buyruqçusu olmuşam, 
başqalarına xidmət etmişəm, bütün həyatımı başqalarına qurban vermişəm... Bəsdi, axmaq Sofi, 
bəsdi, nə tez başqaları oldu, yad oldu bu adamlar? Ziyad xanın bədəni torpağın altında hələ 
soyumayıb, düzdü Qəmərbanu, deyirlər, itkin düşüb, amma dünyanın işlərini bilmək olmaz, Sofi!.. 
S o f i (Mahmuda). Yorulmadın, övladım? Bəlkə dincələk bir az?  
M a h m u d (elə bil onu eşitmir). Bu təzadlar nədi belə dünyada, Sofi? Bir tərəfdə səfalət, o 
biri tərəfdə var-dövlət... Bir tərəfdə Firdovsinin zəkası, o biri tərəfdə onu aldadan Sultan Mahmudun 
nadanlığı... 
S o f i. Bəyəm, indi belədi, bəyəm min il bundan qabaq belə olmayıb? Bəyəm belə olmayacaq 
min il bundan sonra? Bəyəm Allah özü gündüz ilə  bərabər gecə yaratmayıb, Mahmud?.. Bəyəm 
yaşadan da, öldürən də, o deyil?.. Dərədə, təpədə indi bunların dərdini çəkmək bizə qalıb? 
 
Qoca əlində bağlama yol keçir. 
 
M a h m u d (qocanın əlindəki bağlamaya işarə edir). Bu nədi belə? 
S o f i (təəccüblə o tərəf-bu tərəfə baxır). Sən kimlə danışırsan? 

 
326
M a h m u d (Sofini eşitməyərək, Qocaya). Nədir bu? 
 
Sofi heyrətlə ətrafa baxır və heç nə görmür. Qoca yalnız Mahmudun gözlərinə görünür. 
 
Q o c a. Dörd kitabdı...  
M a h m u d. Sən kimsən? 
Q o c a. Musayam, Davudam, Isayam, Məhəmmədəm... 
M a h m u d. Allahsan? 
Q o c a. Yox, adamam, sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm... 
M a h m u d. Bəs, dərd... dərd əlindən necə çatlamır sinən? 
Q o c a. Sən dərdi görürsən, dərd axtarırsan, hər şeydə, amma mən o dağları da görürəm, bu 
otları da, çiçəkləri də, görürəm, bu çayı da görürəm, səndə nə yaxşı var, onu da, görürəm... 
  
Qoca gedir. 
 
S o f i. Sən indi gərək yorğan-döşəkdə yatasan, bala... Bəsdi, qoymayacağam buradan 
tərpənəsən. Elə buradaca əylənək bir az, sonra görək başımıza nə gəlir... 
Uzaqdan Xanəndənin səsi gəlir. 
 
S o f i. Dünyanın nə çox şəhəri, gedib birində  məskən salarıq, ev-eşik düzəldərik... Səni 
evləndirərəm, Mahmud, oğul-uşaq sahibi olarsan, ondan sonra hər şey düzələr... 
M a h m u d (əli ilə uzağı göstərir). Eşidirsən Sofi?  
S o f i. Nəyi? 
M a h m u d. Xanəndənin səsini... 
 
Sofi təəccüblə Mahmudun göstərdiyi səmtə  
tərəf baxır və heç nə eşitmir. 
 
S o f i n i n  s ə s i. Lap yaxşı oldu, sənə  bu  da  azdı! Sən iztirab çəkirsən ki, bu yazıq 
soyuqlayıb, sayıqlıyır, amma o səni  ələ salır, sənə bu da azdı! Nə istəyirsən ondan, səfərdən 
döndərib hara aparacaqsan onu, bəlkə  Gəncəyə aparacaqsan ki, Bayandur bəy, kəs bunun başını? 
Üstəlik mənim də başım peşkəşdir, hə?.. Hansı başqa  şəhərə aparacaqsan onu, avam kişi? Sən 
görmürsən ki, bu bədbəxt elə bir əlacsızlıq içindədir ki, heç bir işıq ucu yoxdu?.. Tutalım ki, getdik 
o məlun keşişi tapdıq, sonra nə olsun? Keşiş Mahmuda qız verəndi? Kimi var indi Mahmudun ki, 
qızı keşişdən alıb buna verə? Lap elə bil, tutalım ki, mən əlimi qurşağıma saldım, daş-qaş gücünə 
keşişi razı saldım, keşiş qızını Mahmuda verdi, sonra nə olacaq?.. Bu divanədi... Divanədi? Bəlkə o 
Hatifin səsini eşidir, amma sən o səsi eşidə bilmirsən, hə? Olsun! Elə olsun! O, helədi, mən 
beləyəm! Indi mən bu qədər daş-qaşı götürüb Mahmudla keşişə verməliyəm ki, alın, xərcləyin, mən 
də ölənə  qədər sizin qulunuz olacağam!? Nə üçün? Niyə axı? Niyə? Mən həmişə qaşiyəkeş 
olmuşam, qoy, indi mənim də yəhərimin örtüyünü gəzdirsinlər!.. 
 
Sofi əli ilə belindəki qurşağı yoxlayır və yavaş-yavaş geri qalmağa başlayır. Mahmud yoluna davam edərək 
səhnədən çıxır.  
 
S o f i. Allah qafirüzzənbdir!.. Allah günahları bağışlayandır!.. 
Sofi geri çönüb sürətlə səhnədən çıxır. 
 
 İ ş ı q  s ö n ü r. 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin