Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   25   26   27   28   29   30   31   32   33

 
ON BEŞİNCİ  ŞƏKİL 
 
S o n a, Z i b a  x a l a, S ə f u r ə  x a l a, F i r u z ə  x a l a,  
M ə ş ə d i x a n ı m, Q a v r i l, Ə l ə k b ə r. 
Məhəllə. Günorta. 
Arvadlar həyətdədirlər, kimi zivəyə paltar sərir, kimi krantda qab-qacaq yuyur, kimi yorğan sırıyır.  
 
S ə f u r ə  x a l a. Vay, yazıq Ziba, o mərtəbələri necə qalxacaq elə? 
F i r u z ə  x a l a. Ağəz, pilləkənlə qalxmırlar ki, maşın qaldırır adamları yuxarı də... Yazıq 
Ziba, o maşına necə minəcək hər gün, ağəz? Yazıq Ziba çox əziyyət çəkib, səhərdən axşamadək tum 
satmaqdan beli donqarıb. Qoy, getsin oğluynan, mağıl, heç olmasa, ömrünün axırında oğul-uşaq 
görsün. 
M  ə  ş  ə d i x a n ı m. Bu ki, belənçinə yaxçı  oğul idi, nöş indiyənəcən görünmürdü? Nöş 
demirdi ki, mənim də anam var, hə? Ağəz, vallah, mən ölü, siz diri, görərsüz, bunu arvadı göndərib 
bura. Deyib ki, get anovu götür gəl, uşaqlara baxsın. 
S o n a. Sizi bilmirəm, vallah, mən darıxacağam Ziba xalayçun. 
 
 Ziba ilə oğlu gəlir. Ələkbər onların qabağına qaçıb, maraqla Qavrilə baxır. 
 
Ə l ə k b ə r. Salam! 
Q a v r i l. Salam. Salam.  
Z i b a. Elə yaxçı  oğlansan sən,  Ələkbər!.. Allah səni həmişə salamat eləsin!..  (Arvadlara) 
Peyğəmbər haqqı, heç hara getməzdim. Sizi qoyub hara gedirdim? Kimdi məni adam yerinə qoyan, 
sizdən başqa? Amma nəvələrim var da o xarabada, görmək istəyirəm onları. Nə edim, bəs haçan 
görəcəyəm? Nəvələrim də, deyir, ingiliscə danışırlar, bəs mən onları necə başa düşəcəyəm? Ay 
arvadlar, mən sizi qoyub hara gedəcəyəm, başıma haranın daşını salacağam? Allah sizi həmişə 
salamat eləsin! O xarabada mən nə edəcəyəm? Məni yaddan çıxartmayın... Qayıdıb gələcəyəm 
mən... Qoy gedib bir o nəvələri görüm... 
Q a v r i l. Allahın köməyilə. 
Ə l ə k b ə r (yavaşdan Sonaya). Ana, azərbaycanca danışır e... 
Z i b a  x a l a. Hamınıza məktub yazacağam... Siz də, qurban olum, tək qoymayın məni orda, 
məktub yazın, Allah sizi həmişə salamat eləsin!  
 
Qavril doldurma qələmlə ünvan yazır. Ələkbər qələmə baxır. Ziba qələmi  Qavrildən alıb Ələkbərə verir. 

 
367
 
Z i b a  x a l a. Al, Ələkbər, qoy yadigar qalsın səndə!  
Q a v r i l. Bəs mənim... qələmim?.. 
Z i b a  x a l a. Ələkbər ağıllı oğlandı! Qoy, onda qalsın! 
Q a v r i l. Bəs... 
Z i b a  x a l a
 
(onun sözünü kəsir). Alun, bu da mənim adresim! Özüm də yazacayam sizə! 
Q a v r i l. Allah qoysa... Allah qoysa...  
 
Işıq Müəllifin üzərinə düşür.  
 
M ü ə l l i f. Ziba xalanın mənə bağışladığı o avtomat qələm mənim bütün içimə bir ruh 
yüksəkliyi, bir coşğunluq doldurmuşdu. O avtomat qələm bizim evə də bir sevinc gətirmişdi. Anam 
o avtomat qələmi fəxrlə bizə  gələn arvadlara göstərirdi. O qələm bizim evdə bir nikbinlik əmələ 
gətirmişdi. Mən də  gələcəkdə Qavril kimi sürətlə yazacaqdım və  mən o qələmi səfərdən qayıdan 
atama göstərəndə, atam qələmin o tərəfinə-bu tərəfinə baxıb dedi: «Böyüyəndə, bilirsən, nədən 
yazarsan bu qələmlə?» Mən: «Nədən?» – soruşdum. Atam: «Bax, bizim bu məhəllənin 
adamlarından!» – dedi... Az sonra atamı da cəbhəyə apardılar... 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON ALTINCI  ŞƏKİL 
 
M ü ə l l i f, Ə l ə k b ə r, S o n a, S ə f u r ə  x a l a, Ə d i l ə. 
Məhəllə. Günorta. Sonra axşam. 
 
Ədilə ilə Ələkbər üz-üzə gəlir. 
 
Ə d i l ə. Ələkbər, necəsən?.. 
 Işıq  Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Ədilə bu sualı elə verdi, elə bil, əslində, başqa şey deyirdi. Deyirdi ki, mənim 
halım çox pisdi, Ələkbər, mənim ürəyim gülmür, Ələkbər. Mən dünyanın  ən bədbəxt adamıyam, 
Ələkbər, mən yazığam, kimsəsizəm  Ələkbər!.. Sonra Ədilə birdən-birə  mənə dünyanın  ən təsirli 
sözlərini dedi. 
Ə d i l ə. O sirkin biletlərini yadigar saxlamışam, Ələkbər... 
M ü ə l l i f. Və Ədilənin də, mənim də gözlərim doldu. Bundan sonra mən Ədiləni, bir də heç 
vaxt görmədim.  
 
Pauza. 
 
Kübra xalanın vəfatından bir il keçəndən sonra birdən-birə məhəlləyə belə bir xəbər yayıldı ki, 
Muxtar özü üçün papaqçı Əbülfətgilə elçi gedib və Ədilənin hərisini alıb, Ədiləni Muxtara
 ərə 
verirlər... 
 Işıq Ələkbərgilin evinə düşür. Ələkbər nöyüt lampasının  
yanında oturub. Səfurə xala ilə Sona mizin arxasında əyləşiblər.  
 

 
368
S ə f u r ə  x a l a. Muxtar olanda nə olar, balam, kişi döyül bəyəm? Özü də işi elədi ki, fronta 
getməyəcək! Bir az yaşı çoxdu Fatmanın qızınnan, nolar balam, kişinin yaşı çox olar da, kişi kişidi 
də, başuva dönüm sənün, nolar qulaqları balaca olanda? Adam öləcək, vallah, insafən Kübraya çox 
yaxşı baxırdı... Evcanlı kişidi... Düzdü e, Ədilə çox xanım-xatındı, amma gedəcəkdi, misalçün, 
Xanımın oğluna, nolacaqdı? Qoca hələ gərək frontdan, Allah qoysa, salamat qayıtsın... Sonra yenə 
hələ oxusun gərək... Ikisi də cavan... Ağəz, evə pul gətirmək hər kişinin işidi bəgəm?.. Bir tərəfdən 
də Xanım kimi əzazil! 
S o n a. Əzazil niyə olur Xanım xala, ay Səfurə bacı? 
S  ə f u r ə  x a l a. Indi Xanımı  sən mənə tanıdacaqsan?.. Muxtar ayağını  bərk basıb yerə. 
Qoca, Allah eləsin ki, sağ-salamat qayıtsın frontdan, ağıllı uşaqdı, tərbiyəlidi, söz yox. Elə, adamın 
Allahı var, Xanımın oğlanlarının hamısı tərbiyəlidi, amma, ay başuva dönüm sənün, tək tərbiyə ilə 
arvad saxlamaq olmaz... Zəmanə pis zəmanədi. Ode, o yazıq Gülağanın axırı nə oldu? Toyuq başı 
kəsməyə ürəyi gəlmirdi, bir gülləyə qismət oldu cavan canı. Allah bir gün də Hitler köpəyoğluna 
qismət eləsin o gülləni! Suğra yazığın da ki, sənnən uzaq olsun, düşdüyü günü, Allah heç düşmənə 
də qismət eləməsin. Cavan yaşında o cürə havalanıb başı... 
S o n a. Axı, könülsevən göyçək olar də, ay Səfurə bacı. 
S ə f u r ə  x a l a. Bəsdir, ağəz, uşaq sözü danışma!.. Qızı qoyarsan öz xoşuna, ya halvaçıya 
gedər, ya zurnaçıya! 
S o n a. Axı, bunu da deyiblər ki, ay Səfurə bacı, qızı otaqlıya yox, papaqlıya verginən də... 
S ə f u r ə  x a l a.  Nə olub, ağəz Muxtarın papağına? Sənün Fatmadan çox ürəyün yanacaq o 
qıza? Vallah, gül kimi söz deyir Fatma öz qızına! Deyir ki, bizə bax, ağıllı ol, həmişə kasıb 
olmuşuq, deyir, bir qarnı ac, bir qarnı tox yaşamışıq, bax, bacılaruva deyir, Allah atovun papaq tikən 
əllərini salamat eləsin, deyir, yoxsa ki, hamısının uşağı acından ölər. Düz deyir də, Fatma özü, əgər 
papaqçı  Əbülfətə getməsəydi, Xanımın qardaşı o rəhmətlik Abuzərə getsəydi, indi nə olacaqdı? 
Yetim qalacaqdı bütün uşaqları də... 
S o n a. Allah bilən yaxşıdı, kimin alnına nə yazılıb, odu...  
S ə f u r ə  x a l a (ayağa qalxır). Yaxçı, mən getdim... 
S o n a. Sağ ol... 
 
Səfurə gedir.  
 
(Ələkbərə) Dur, biz də yataq... 
Ə l ə k b ə r. Amma işığı keçirmə... 
 
Sona qəzet parçası götürüb lampanı silmək istəyir.  
 
Sona(qəzetdəki şəkili göstərir). Bax, Fətulla Dadəminin şəkli... Dünyanın işləri niyə belənçinə 
insafsızdı, ay Allah? Bu dünyanın bütün dərd-səri nöşün elə bizə qalıb? Camaatın oğlu qayıtmır, əri 
itkin düşür, ancaq qəzetlər yenə  Fətulla Dadəmin  şəklini çap edir. Fətulla Dadəmi cəbhədəki 
əsgərlərə  məktub yazıb! Fətulla Dadəmi faşist köpəyüşağının  əleyhinə  çıxış edib! Elə hazır 
çıxışdansa, məktubdansa, xalqın əri kimi, oğlu kimi gedib özü vuruşsun də faşistlərlə, nöş getmir? 
Nöş mənim ərim gedib, heç bilmirəm, Allah eləməmiş, başına nə gələcək, mən də başıma haranın 
külünü tökəcəyəm, ancaq sən nöş burda oturub məktub yazırsan, ay oğraş? Tufu! (Qəzet parçasına 
tüpürür.)  
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON YEDDİNCİ ŞƏKİL 
 

 
369
B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a, F a t m a  x a l a,  
X a n ı m  a r v a d, başqa məhəllə adamları. 
 
Məhəllə. Günorta. 
 
Ibadulla  keflidir. Əlində balta var. Balakərim tütək çalır. Ələkbər, həmişəki kimi, onun yanında oturub. Xanım 
arvad həyətdən keçir.  
I b a d u l l a (onun ardınca). Hə, nə bilmisən sən nemesləri? O əclaf nemeslər mən ölüm, sən 
öləsən bilmirlər e... Bir-bir çaxacaqlar gülləni o yaxbala oğlanlarıvun başına! 
Ə l ə k b ə r (onun qabağına qaçaraq). Yalan deyirsən, köpəyoğlu! 
I b a d u l l a. Köpəyoğlu sənin o həmşəri atondu! Onun da başına bir dənə güllə çaxacaqlar! 
Ə l ə k b ə r. Yalan deyirsən! Yalan deyirsən!  
 
Ibadulla səhnədən çıxır. Səhnə arxasından balta səsi gəlir, Arvadlar bir-bir evdən çıxırlar.  
 
Ə l ə k b ə r. O neyniyir, Balakərim? 
B a l a k ə r i m. Tut ağacını kəsir...  
 
Ibadulla gəlir.  
 
Pauza. 
 
I b a d u l l a. Nə baxırsuz mənə, dəvə nalbəndə baxan kimi! Onu babam əkib, mən də kəsirəm, 
sizə nə var?  
 
 Pauza. 
 
Nə qalır ki, adama, bu tut ağacı da qalaydı. Ode, faşistlər oturublar Voronejdə, kef eliyirlər 
özləriyçün zarazalar! Çünki bu dünya zaraza dünyadı! Adama qalan kəfəndi, o da məlum döyül, 
qismət olacaq, ya yox?! 
Ə l ə k b ə r (qışqırır). Sənə qismət olacaq! 
 
Pauza. 
 
I b a d u l l a. Elə bilirsüz mən əclafam, hə? (Ələkbərə) Bilirəm, otuz ildən sonra böyük kişi 
olacaqsan. Onda da, yaduva düşəcək mənim bu ağacı  kəsməyim, goruma söyəcəksən mənim. Bir 
dənə zaraza vardı, deyəcəksən, Ibadullaydı o zarazanın adı, mələmizin tut ağacını  kəsdi. Söy! 
Sümüklərim çürümüş olacaq onda mənim!.. Ancaq bilməyəcəksüz ki, Ibadulla anası ölmüş, bu ağacı 
kəsdi ki, odun eliyib aparıb satsın, balalarını dolandırsın... Bilməyəcəksüz ki, zaraza Ibadulla 
döyüldü, dünyaydı zaraza... (Ağlayır.)  Niyə bu zaraza dünyada adamlar adam oldu? Niyə pişiklər 
adam olmadı?.. 
 
Səhnə qaranlıqlaşır. Ancaq Balakəriml ə  Ələkbər görünürlər. 
 
Ə l ə k b ə r. Balakərim, şairləri satmaq olar? 
B a l a k ə r i m. Olar!  
 
Birdən küt bir səs və qaranlıq içində qışqırıq eşidilir.  
 
F a t m a  x a l a n ı n  s ə s i. Vay, evim yıxıldı!.. 
 
Səhnə işıqlaşır. Camaat həyəcan içində səhnənin arxasına qaçır.  

 
370
Səs-küy qopur. 
 
– Ədilə özünü damdan atdı!.. 
– Ədilə özünü öldürdü!.. 
– Vaxsey!.. 
– Vay!.. 
F a t m a  x a l a (qışqıra-qışqıra səhnəyə daxil olur). Məni öldürəydin, cavan canına 
qıymayaydın!.. Məni öldürəydin! Məni!.. Məni!..  
 
Arvadlar ağlayır. Sona Ələkbəri qucaqlayır. 
 
S o n a. Qorxma... Qorxma, Ələkbər... Qorxma... 
S ə s l ə r: 
– Həkim!.. 
– Nəfəs alır!.. 
– Maşın!.. 
– Maşın!.. 
 
Işıq Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Anam mənim başımı döşünə sıxmışdı. Sonra özü ağlaya-ağlaya mənim üzümü 
yudu, mənə su içirtdi. Ədilə hələ sağ idi, amma tamam əzilmişdi və onu maşına qoyub xəstəxanaya 
apardılar. Dörd gündən sonra Ədilə öldü. Ədilə mənim üçün birinci doğma adam idi ki, ölürdü...  
 
Kiçik pauza. 
O dörd misra indiyə qədər mənim yaddaşımdadı:  
 
Məktub, səni ad eylərəm, 
Poçta əmanət eylərəm... 
Gedib Qocaya çatmasan, 
Bil ki, qiyamət eylərəm...  
 
Səhnə işıqlanır. Həyətdən Ədilənin cənazəsini qaldırırlar. Arvadlar ağlaşır. Molla Əsədulla Quran oxuyur. 
Balakərim bir kənarda dayanıb onlara baxır.  
 
F a t m a  x a l a (Xanım arvada). Çağıracaq sənün oğlunu öz yanına, çağıracaq! Sənün oğluvu 
da aparacaq qara torpağa! Aparacaq öz yanına!.. 
 
Işıq yalnız Balakərimlə Ələkbərin üzərinə düşür. 
 
B a l a k ə r i m (həyəcan içində). Bir həqiqəti deyən var idi...  
 
Pauza. 
 
Həqiqəti deyən... Həqiqəti deyən heç vaxt əyninə paltar geyməzdi... Saçını-saqqalını 
qırxdırmazdı... Dırnaqlarını tutmazdı... Həqiqəti deyənin fikrinə görə, insan gərək olduğu kimi 
görünəydi... Həqiqəti deyən də insan idi, Ələkbər? 
Ə l ə k b ə r (həyəcanlı). Bilmirəm... 
B a l a k ə r i m. Həqiqəti deyən Ağ Dəvənin belində oturmuşdu... Ancaq, Ələkbər, həqiqəti 
deyəni heç kim görməmişdi, amma hamı onu tanıyırdı! 
 

 
371
İ ş ı q  s ö n ü r. 
 
 
ON  SƏKKİZİNCİ  ŞƏKİL 
 
M ü ə l l i f, B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a,  
Ə m i n ə   x a l a, S u ğ r a, G ü l a ğ a. 
Məhəllə. Günorta. 
 
M ü ə l l i f. «Hər  şey keçib gedir...» O gecə  mən, o yazıq tut ağacı barədə fikirləşirdim. 
Çünki, Ibadullanın dediyi o 30 il sözü mənə, bəlkə  də, hər  şeydən artıq təsir etmişdi. Otuz ildən 
sonra mənim 39 yaşım olacaqdı və mən bunu heç cür ağlıma sığışdıra bilmirdim.  
 
Pauza. 
 
1943-cü il yanvarın axırları idi. Ibadulla gəlib məhəllənin ortasında dayandı, boğazının damarları şişə-şişə var 
gücü ilə qışqırdı. 
Səhnə işıqlaşır. 
 
I b a d u l l a. Ura-a-a!.. Ura-a-a!.. Ura-a-a!.. Faşistləri qovduq Voronejdən!.. Ura-a-a!.. Faşist 
oğraşları çıxartdıq Voronejdən!.. 
 
Arvadlar evdən çıxırlar.  
 
I b a d u l l a. Gördüz?! Gördüz necə qovduq oğraş faşistləri Voronejdən? Gördüz?  
Ə m i n ə  x a l a. Sağ ol! Sağ ol, oğlum!  (Arvadlara)  Mənim balamdı e, mənim balam! 
Ibadulla, Allah səni mənim başımın üstündən əskik eləməsin!.. 
M ü ə l l i f. Əminə xala həmin anda fəxarətlə, qürurla məhəllə arvadlarına baxırdı. Elə bil, 
Ibadulla təkbaşına, öz qolunun gücünə gedib Voroneji faşistlərdən azad etmişdi...  
 
Pauza. 
 
Suğranın, saatsaz Gülağanın arvadı Suğranın qəmli bir gözəlliyi var idi. Gülağanın qara xəbəri 
gələndən bir müddət sonra, Suğra Gülağanın şəklini albomdan götürdü, fotoqraf Əlinin yanına getdi. 
Şəkili Təkqol Fotoqraf Əliyə verdi. «Böyüt bu şəkli» – dedi. «Nə boyda böyüdüm?» – Təkqol 
Fotoqraf  Əli soruşdu. «Gülağa nə boydaydı, o boyda.» Şəklin arxasında göy mürəkkəblə 
yazılmışdı: «Mənim gülüm Suğra, baxanda xatırlama, xatırlayanda bax. Gülağa, Bakı, 13 may 1941-
ci il.» Təkqol Fotoqraf Əli heç nə demədi, fikirləşdi ki, bu yazıq gəlin doğrudan da dəli olub... Ağlı 
başında olan adam, adam boyda şəkli neyləyir? Ancaq Təkqol Fotoqraf Əlinin Gülağaya hörməti var 
idi. Gülağayla qabaqlar çox oturub-durmuşdu, yeyib-içmişdi və Gülağanın ölüm xəbəri Təkqol 
Fotoqraf  Əliyə  də çox təsir etmişdi. Və  Təkqol Fotoqraf Əli Suğranın sifarişini qəbul etdi, 
müharibənin o ağır vaxtında xeyli xərc çəkdi və iki gündən sonra böyütdüyü o şəkli özü gətirib 
Suğraya verdi, bir köpük də pul almadı.  
 
Işıq Suğragilin evinə düşür. 
 

 
372
S u ğ r a (şəkillə üzbəüz). Yadına gəlir, sən bu şəkili çəkdirəndə, biz hələ evlənməmişdik. Mən 
Şuşada, hə  də, bizim uşaq evində  məktəbi təzəcə bitirib Bakıya gəlmişdim... Tikiş fabrikində 
işləyirdim də, onda... Sonra... Sonra nə oldu? (Gülür.) Sən məni bu otağa gəlin gətirdin... Onda, bax, 
bu çarpayıda, o qış gecəsində, hə, bütün bədənimlə... bütün içimlə... səni qucaqlamışdım... Mən 
bilirdim ki, haçansa sənə rast gələcəyəm... Haçansa sən gəlib çıxacaqsan... Onda mən sənin heç 
adını da bilmirdim, səni sifətdən də tanımırdım... Amma bilirdim ki, rastlaşacağıq...  
G ü l a ğ a (elə bil şəkildən səhnəyə daxil olur). Hə... 
S u ğ r a. Hə, mən səni tanımırdım, amma istiyirsən, sənin də uşaqlığından danışım? 
G ü l a ğ a. Birdən sən cadugər-zad olarsan a-a-a?.. 
S u ğ r a. Hə! Bəs sən bilmirsən? 
G ü l a ğ a. Nəyi? 
S u ğ r a (gülür). Mən səni çox istəyirəm də... Ona görə də hər şeyi bilirəm...  
G ü l a ğ a (onu qucaqlayır). Ay şeytan... 
S u ğ r a (onu öpə-öpə). Yalançı bir məktub gəlmişdi mənə... 
G ü l a ğ a. Yalançı deyildi o məktub... 
S u ğ r a (qorxu ilə). Nə? 
G ü l a ğ a. Məni doğrudan da vurmuşdular də... 
S u ğ r a (dəhşətlə). Sən də belə deyirsən? 
Gülağa. Hə, mən ölmüşdüm...  
S u ğ r a (qışqırır). Yox!.. 
G ü l a ğ a (onu daha da bərk qucaqlayır). Məni sən təzədən diriltdin də...  
S u ğ r a. Hə... 
G ü l a ğ a (gülümsəyir). Sənin nəfəsin məni çəkib şəkildən çıxartdı... (Saatı götürüb divara 
vurmaq istəyir.) 
S u ğ r a. Neynirsən? 
G ü l a ğ a. Istəyirəm bu saatı divara vurum. 
S u ğ r a. O biri evimizdə vurarsan. Onsuz da burdan köçəcəyik... 
G ü l a ğ a. Niyə? 
S u ğ r a (gülür). A-a-a... Kim inanar ki, sən şəkildən gəlmisən? Hə? Düz demirəm? 
 
 Gülağa cavab vermir. 
 
Düz demirəm? De də!.. 
 
 Gülağa yox olur. 
 
Gülağa!.. Gülağa!.. Gülağa!..  (Evdən çıxıb həyətə qaçır.)  Yox!.. Yox!.. Yox!.. Yalandı bu!.. 
Yalandı!.. Yalandı!..  
 
Arvadlar evdən çıxırlar. 
 
(Qışqırır.) Qurmayın!.. Çadır qurmayın!.. O qara xəbər yalandı!..  
 
Ş ö v k ə t   Suğranı qucaqlayır. 
 
Ş ö v k ə t. Gedək bizə. Gedək. 
S u ğ r a. Yox, yas saxlamayın!.. O xəbər yalandı!.. Gülağa ölməyib!.. 
Ş ö v k ə t. Yaxçı! Sakit ol. Gedək bizə... 
S u ğ r a. Başa düşürsən, Gülağa ölə bilməz!.. Bu dünyada onun bir günahı vardı? Hə? 
S ə f u r ə  x a l a (ağlaya-ağlaya). Yox... 

 
373
S u ğ r a. Ona güllə  dəyə bilməz! Nə üçün durduğu yerdə ölməlidi? Yox!.. Axı, mən 
burdayam!.. Mən sağam!.. Gülağa orda necə ölə bilər? Yalandır! Güllə Gülağanı necə tuta bilər? 
Yalandır! Yalandır! Özü də düz demir! Güllə dəyməyib ona! Özü də düz demir, ölməyib o!.. 
Balakərim tütək çalır. Ələkbər anasına qısılıb baxır.  
 
S u ğ r a. Sağdı Gülağa! (Pıçıltıyla  Şövkətə)  Gecələr o mənim yanıma gəlir...  (Bərkdən)  
sağdır! Siz onu görmürsüz, amma o mənim yanıma gəlir!.. 
 
Pauza. 
 
Elə bilirsiz mən dəli olmuşam? Bax, qar yağır... Hər tərəf qardı... Bax, o, sarı hamamdı. Ora 
Meyranqulu kişinin evidir. O Sonagilin evidi... Ode, o da Ələkbərdi...  Əyər mən dəli olmuşamsa, 
bunları necə yadımda saxlaya bilərəm? 
Ş ö v k ə t. Gedək bizə!.. Gedək... 
 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON DOQQUZUNCU ŞƏKİL 
  
S o n a,  Ə l ə k b ə r,  X a n ı m  a r v a d,  M ü ə l l i f. 
Məhəllə. Günorta. 
Ələkbərgilin evi. Sona mizin arxasında oturmuş  Xanım arvadın  
qarşısına çay qoyur. 
 
X a n ı m  a r v a d. Mənə deyirlər ki... 
 
Kiçik pauza. 
 
Deyirlər ki... Beşmərtəbənin yanındakı məktəbdə süpürgəçi yeri var...  
S o n a. Neyniyəsən?.. Mən də gedib qospitalda qab yuyuram də... Ay Xanım xala, heç 
olmasa, bir az ağla, bir az ürəyini boşalt. Yoxsa ki, axır vaxtlar heç dinib danışmırsan, adamın ürəyi 
dözər buna? Hitlerin ölüb-ölənlərinin goru pis günə qalsın! Köpəyoğlunun taxtı tabut olsun, yəhəri 
qannan dolsun oğraşın!.. Oyun açdı başımıza... 
 
Işıq  Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Və bir gün mən Xanım xalanın gözlərində ikinci dəfə yaş gördüm... 
 
Işıq Xanım xala ilə Ələkbərin üzərinə düşür. 
 
X a n ı m  a r v a d. Ələkbər, sən heç nigaran qalma... Qayıdıb gələcək altısı da, Ələkbər. Mən 
axı tanıyıram onları... Gələcəklər altısı da. Heç nə olmayacaq onlara, Ələkbər... Sən nigaran qalma... 
Səni hələ maşınla gəzdirəcəklər onlar, Ələkbər... Cəfər də gəzdirəcək maşında səni, Ələkbər, Adil də 
gəzdirəcək,  Əbdüləli, Cəbrayıl da, Ələkbər! Ağarəhim də... Sən xəstələnmə,  Ələkbər, ancaq 
xəstələnsən, Qoca sağaldacaq səni, Ələkbər... sıxma ürəyivi! Heç birinə heç nə olmayacaq! Altısı da, 
qayıdıb gələcək!.. Mən tanıyıram axı, onları, Ələkbər... 
M ü ə l l i f. Xanım xala mənimlə danışırdı, amma əslində, bu sözləri özünə deyirdi...  
 
Pauza. 

 
374
 
Bir dəfə də dəhşətli bir hadisə oldu... Hamı Xanım xalanın səsinə çölə çıxdı. Xanım xala ikinci 
mərtəbədəki evlərinin qabağında dayanıb öz-özünə qışqırırdı. 
X a n ı m  a r v a d. Fatma! Fatma! Fatma! Ədiləyə denən, çıxıb üzümə tüpürsün! Tüpürsün!.. 
Tüpürsün!.. Haqqı var!.. Haqqı var!.. Haqqı var!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
İYİRMİNCİ ŞƏKİL 
  
M ü ə l l i f, Ə m i n ə  x a l a, I b a d u l l a, Ş ö v k ə t,  
B a l a k ə r i m, S o n a, Ə l ə k b ə r. 
Məhəllə. Günorta. 
 
M ü ə l l i f. Müharibə qurtarmaq bilmirdi. Ibadulla axır vaxtlar, demək olar ki, hər gün 
məhəlləyə gəlirdi. Hər gün də, Əminə xalanın çığırtısı həyət-bacaya yayılırdı. Dalanımızın arvadları, 
qızları daha əvvəlki kimi həyətdə yığışmırdılar, çünki, hərənin öz dərdi özünə bəs idi. Qara xəbərlər 
gələn evlərdə qopan vay-şivənin yanında, Əminə xalanın çığırtısı da daha təsir etmirdi.  
 
Pauza. 
 
Və günlərin bir günü mən həyətdə oturmuşdum. Atam neçə vaxt idi ki, müharibədə idi
anamın da öz-özüylə danışmağa başladığı günlər idi... 
Ə m i n ə  x a l a n ı n  s ə s i. Get, köpəyoğlu!.. Çıx get day!.. Canım qurtardı sənnən! Get, 
köpəyoğlu! Get, bir qara daş da dalunca!.. 
 
Səhnə işıqlanır. Ibadulla qoltuğunda sıxdığı bağlamayla səhnəyə daxil olur. Arvadlardan kimi pəncərədən 
boylanır, kimi həyətə çıxır. 
 
I b a d u l l a. Hə, gördüz?! Axırı verdi qızıllarımı, gördüz?! Inanmurduz mənə!.. Getdim mən 
day!.. Axtarun, taparsuz məni Voronejdə, ay tapduz a!.. 
Ə m i n ə  x a l a (səhnəyə daxil olaraq). Get, köpəyoğlu!.. Səni görüm qan qusasan!.. 
I b a d u l l a. Gördüz?! Aldım axır qızıllarımı bunnan! Mənnən gizlədirdi!.. Bilirdim axı! 
Bilirdim!.. Gördüz?!. Siz də inanmurduz!.. 
Ə m i n ə  x a l a. Səni görüm tramvay altında qalasan, köpəyoğlu! Saxladuğun o qəhbəynən 
bir yerdə!.. 
M ü ə l l i f. O zaman mənə elə  gəldi ki, bizim o qəmgin məhəlləmizə  nəsə çirkab bir su 
töküldü. Məndə heç vaxt belə bir hissiyyat olmamışdı. Mənə elə  gəldi ki, Əminə xalanın özü də 
başdan-başa o çirkabın içindədir. Ibadullanı isə o vaxtdan sonra mən bir də heç vaxt görmədim... 
 
Pauza. 
 
Balakərim gündüzlər məhəllənin kişisiz evlərinə kömək edirdi. Su daşıyırdı, odun yarırdı, 
mismar tapıb, daş tapıb sökülən, dağılan yerləri özü bildiyi kimi düzəldirdi. Hərdən də Ağ Dəvənin 
əhvalatlarından danışırdı...  Əvvəllər  –  yəni o gözəl günlərdə ki, hələ müharibə başlamamışdı. 
Balakərim o tut ağacının altında oturub nəsə danışanda,  Şövkət də bir az aralıda öz qapılarının 
ağzındakı skamyada oturub Ziba xaladan aldığı iri tumları  cırtlayanda, Balakərim hərdən oğrun-
oğrun ona baxırdı, bir-iki dəfə udqunurdu, hərdən elə bil, hər şeyi, məni də, Ağ Dəvəni də yaddan 
çıxarırdı və həmin anda Şövkət şaqqanaq çəkib gülürdü... 

 
375
 
Işıq Şövkətin və bir küncdə oturub ona baxan Balakərimin üstünə düşür. 
 
Ş ö v k ə t (Balakərimə baxır). Az aşın duzu döyülsən a, sən!.. 
M ü ə l l i f. Balakərim özünü tamam itirirdi, bilmirdi nə eləsin, sözləri çaş-baş salırdı və mən 
Balakərimin beləcə çaşmasının, beləcə udqunmasının,  Şövkətin beləcə şaqqanaq çəkib gülməsinin 
səbəbini bilməsəm də, hiss edirdim ki, Balakərimin ürəyi necə  şiddətlə vurur, az qalır yerindən 
çıxsın. Müharibə başlayandan sonra isə  Şövkət daha o cürə  şaqqanaq çəkib gülmürdü və bir dəfə 
eləcə udquna-udquna ona baxan Balakərimə dedi. 
Ş ö v k ə t. Neyləyəsən, ay yazıq? Sən də adamsan də... Sən də kişisən də... 
M ü ə l l i f. Mən birinci dəfə idi ki, Şövkətin səsində eləcə açıq-aşkar bir kədər hiss edirdim... 
 
Pauza. 
 
Günlərin bir günü isə... 
 
Səhnə tam işıqlanır. 
 
S o n a (qapıdan başını uzadıb çağırır). Ələkbər, ay Ələkbər, bu arvad nöş görünmür?  
Ə l ə k b ə r. Kim? 
S o n a. Xanım arvad də... Nöş görünmür? Get, Ələkbər, get, gör neyniyir arvad?  
 
Ələkbər pilləkənlə qalxıb  Xanım arvadgilin evinə girir.  
 
Ə l ə k b ə r i n  səsi. Xanım xala yatıb... 
S o n a. A-a-a!.. Bu qədər də yatmaq olar bəgəm? 
Ə l ə k b ə r (pilləkənləri düşə-düşə). Yatıb də... 
S o n a. Bunnan çıxmayan iş... (Evdən çıxıb pilləkənlərlə yuxarı qalxır və Xanım arvadın evinə 
girir.) 
 
 Kiçik pauza. 
 
(Qışqırığı eşidilir.) Vaxsey!.. Ölüb arvad!.. Xanım xala keçinib!.. 
B a l a k ə r i m. Onda təqsir yoxdur. Ağ Dəvə yatmışdı qapısında... Ağ Dəvə... 
M ü ə l l i f. Xanım xala öldü. Səhəri günü Molla Əsədulla qabağa düşdü və  məhləmizdə 
demək olar ki, kişi qalmadığı üçün, arvadlardan ibarət izdiham Xanım xalanı qəbiristanlığa apardı. 
Həmin dəqiqələrdə  mənə elə  gəlirdi ki, boş qalmış küçəmiz, dalanımız, məhəlləmiz, qapılar, 
divarlar, küçəyə döşənmiş qəmbərlər də lal sükut içində ağlayır. Fatma xala da qəbiristanlıqda idi. 
Mənə elə gəlirdi ki, Ədilə də hardansa baxır və lal bir sükut içində Xanım xalanın ölməyinə ağlayır.  
 
Pauza. 
 
1944-cü ilin dekabrında cəbhədən atamın ölüm xəbəri gəldi, dayım evimizi satdı, anamı da, 
məni də götürüb öz yanına  –  Bakının tamam başqa bir səmtinə apardı. Biz məhəlləmizdən köçdük. 
Sonralar, kimsə  təsadüfən anama xəbər vermişdi ki, Şövkət Balakərimə  ərə gedib, onu öz evinə 
gətirib və daha icazə vermir ki, Balakərim tütək çalsın... 
 
Pauza. 
 
O vaxtdan, mənim o uşaqlıq çağlarımdan çox illər keçib... 
 

 
376
Pauza.  
 
Onlar  –  Xanım xalanın oğlanları altı nəfər idi və onların altısı da müharibədən sağ-salamat 
qayıtmışdı. Indi altısı da, lal bir sükut içində o mərmər başdaşına baxırdılar. Qırx ildən sonra, mən 
birinci dəfə idi onları beləcə bir yerdə görürdüm... Qırx il bundan əvvəlki kimi... Çox uzaqlarda, 
əlçatmaz, ünyetməz,  əbədi bir uzaqlıqda qalmış Bakı  məhəllələrinin birində biz bir yerdə 
yaşayırdıq...  
 
Kiçik pauza. 
 
Həmin sentyabr günü gecə yağış yağırdı. Və mən heç cürə yata bilmirdim, yumşaq kürsüdə 
oturub... bilmirəm... mürgüləyirdim... ya məni qara basırdı... bilmirəm... Mən karvan gördüm... O 
karvan ağ  dəvələrdən ibarət idi. Karvanda altı  ağ  dəvə var idi. Hər dəvənin öz sarvanı var idi. O 
sarvanlar Cəfərə, Adilə,  Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə oxşayırdı... Onlar idi... Mən 
özümü  –  balaca Ələkbəri də gördüm... Mən hansısa sarvandan yox, bütün karvandan soruşdum: « – 
Hara?» Karvan cavab verdi: « – Gələcəyə gedirik...» O uşaq  –  balaca Ələkbər sevinirdi, çünki o 
uşaq karvanı yola salmırdı, yox, o uşaq həmin Gələcəkdə idi... Gələcəkdə dayanıb uzaqdan görünən 
karvanı qarşılayırdı... Yola salan isə qalın qaşların altından baxan iri, qara gözlər idi... Xanım 
arvadın dəvə gözlərinə oxşayan iri, qara gözləri... 
 
İ ş ı q  s ö n ü r. 
 
2002. 
 
 
 

 
377
MÜNDƏRİCAT 
 
KİÇİK PYESLƏR
 
 
Qızıl ………………………………………………………………………...
 

Ordenli yazıçı ilə görüş …………………………………………………….
 
19 
Mehmanxana nömrəsində görüş …………………………………………...
 
28 
Hövsan soğanı ……………………………………………………………...
 
36 
Xüsusi sifariş ……………………………………………………………….
 
43 
Teatr ………………………………………………………………………..
 
52 
«O da aşiq olub yaza dünyada...» …………………………………………..
 
61 
Qisas………………………………………………………………………...
 
69 
Su …………………………………………………………………………..
 
76 
 
 
PYESLƏR
 
 
Poçt şöbəsində xəyal………………………………………………………..
 
83 
Ah, Paris, Paris!..............................................................................................
124 
Mən sənin dayınam. ………………………………………………………..
 
167 
Dəlixanadan dəli qaçıb  və yaxud mənim sevimli dəlim…………………...
 
216 
Mənim ərim dəlidir…………………………………………………………
 
250 
Mahmud və Məryəm………………………………………………………..
 
303 
Ağ Dəvə…………………………………………………………………….
 
338 
 
  

 
378
ELÇİN 
(ƏFƏNDİYEV ELÇİN İLYAS oğlu) 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ
 
(10 cilddə) 
 
3-cü cild 
 
 
 
 
 
NƏŞRİYYAT REDAKTORU 
 
Akif Dənzizadə, 
RƏSSAMI   
Ilqar Tofiqoğlu, 
BƏDİİ REDAKTORU   
Ilham Niftəliyev, 
TEXNİKİ REDAKTORU      
 
 Denis Izuf, 
KORREKTORLAR           
 
Rəfiqə Qəmbərqızı, 
  Fəridə Ələsgərli, 
Gülarə Qədirova, 
OPERATORLAR 
 
Aygün Əmirli, 
 Elnurə Abuşeva, 
Ramilə Əliyeva, 
ÇAPA MƏSUL 
Sərraf Mürsəlov, 
 Anar Abdullayev, 
Azər Yunusov. 
   
 
 
 
 
Çapa imzalanmış 27.09.2005,  
formatı 60x90 1/16,  
 37 ç.v.  
ofset kağızı ¹1, tayms qarnituru,  
sifariş 01/03, 
sayı 1000.  
 
 
Kitab  
«ÇINAR-ÇAP»  
nəşriyyatında nəşrə hazırlanmış  
və  
ofset üsulu ilə çap olunmuşdur. 
Tel.: 4989555, 4937255, 4902757   
 
 
 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin