Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 
 
ALTINCI ŞƏKİL 

 
267
 
Kişinin evi. Bazar günü. Səhər. A r v a d, O ğ u l, Q ı z, K i ş i,  
D o s t. Arvad xalatda və əlində siyahı, Oğul trusik-maykada və əlində tutduğu «Kapital»ı diqqətlə oxuya-oxuya, 
Qız pijamada əsnəyə-əsnəyə tualetin qapısı ağzına düzülüblər. 
 
A r v a d (tualetin qapısını döyür). Çıx də, səhərdən ordasan!.. Siyahı da, dünən necə yazıb 
qoymuşam, eləcə qalıb stolun üstündə! Bunları indi çoxdan almalıydın, gün günortanı keçib! 
(Siyahını oxuyur.) Çörək almalıydın!.. Göyərti yoxdu evdə, bir dənə keşniş, bir dənə turp, bir dənə 
şüyüd... 
Q ı z. Suzik deyir ki, dünyada ən çox vitamin şüyüddədi! (Oğuldan əvvələ keçmək istəyir.) Sən 
məndən sonra gəlmisən... 
O ğ u l (onu qabağa buraxmır). Yox, sən məndən sonra gəlmisən!.. 
A r v a d (tualetin qapısını döyür). Nə edirsən e orda bu qədər? 
Q ı z. Suzikin tualetə girməyi ilə çıxmağı bir olur! 
O ğ u l (oxuduğundan vəcdə gələrək). Dəryadı, dərya! 
Q ı z (kitaba boylanır). Yenə doqquzuncu səhifə! 
O ğ u l. Sən mənim şəxsi həyatıma qarışma! 
Q ı z. Sən məndən sonra gəlmisən! 
A r v a d (tualetin qapısını döyərək artan bir nigarançılıqla). Niyə çıxmırsan? 
K i ş i (səhnə arxasından qışqırır). O-o-o!.. 
A r v a d. Nə? 
Q ı z. A-a-a!.. 
K i ş i (səhnə arxasından qışqırır). O-o-o!.. 
A r v a d. Nə deyir belə? 
Q ı z. Bilmirəm...  
K i ş i (səhnə arxasından qışqırır). O-o-o!.. 
A r v a d (həyəcanla tualetin qapısını döyəcləyir). Çıx ordan! 
Q ı z. Istəyirsən Suzikə zəng eləyim?  
 
Qapının zəngi çalınır. 
 
A r v a d. Bu kimdi belə, bazar günü, səhər-səhər? (Qapını açmağa gedir.) Kimdi orda? 
D o s t (səhnəyə daxil olaraq). Iyi günlər! 
A r v a d (onun ardınca gələrək). Bağışlayın, hələ geyinməmişik... 
D o s t. Eyb etməz, mən də sizin arkadaşınız... Yoldaşınızla vacib söhbətim var... Tezdən 
gəldim ki, onu evdə bulum. 
K i ş i (səhnə arxasından qışqırır). O-o-o!.. 
 
Dost təəccüblə Arvada baxır. 
 
A r v a d. Səhərdən bura girib, çıxmır... (Tualetin qapısını döyəcləyir.) Çıxırsan? 
O ğ u l (oxuduğundan vəcdə gələrək). Fikrin dərinliyinə bax e!.. Dəhşətdi, dəhşət!.. 
K i ş i (səhnə arxasından qışqırır). O-o-o!.. 
D o s t. Əfəndim? 
 
Tualetin qapısı açılır və saçları pəjmürdə  
Kişi səhnəyə daxil olur. 
 
K i ş i. Düz otuz yeddisini əzdim! 
A r v a d. Otuz yeddisini əzdin? 

 
268
K i ş i. Bəli! 
A r v a d. Nəyin otuz yeddisini əzdin? 
K i ş i. Əjdaha boyda milçəklərin! (Dosta baxır və əllərini geniş açıb göstərir.) Bax, bu boyda! 
D o s t (şaşırmış). Iyi sabahlar... 
K i ş i (ona yaxınlaşaraq, əllərini daha da geniş açır). Bax, bu boyda! 
D o s t. Bu nə danışır? (Ürkmüş halda səhnənin bir küncünə çəkilib dayanır.) 
A r v a d. Sənə nə olub, əzizim? 
K i ş i. Belə ev olar? Evdə  də bu boyda milçəklər olar? Bu qədər tarakan olar? Hər biri 
krakadil boyda! 
Q ı z. Vay, mama!.. 
K i ş i (Oğula yaxınlaşır).  Yeddisini...  («Kapital»ın səhifəsinə boylanır.)  Yox... Doqquzunu 
öldürdüm!  (Arvada yaxınlaşır.)  Ev deyil bura, heyvanxanadı!.. Hörümçəklərin hər biri begemot 
boyda! 
A r v a d. Içmisən? Bunnan çıxmayan iş, səhər-səhər piyan olub? Aç ağzını! Iyləyəcəyəm! Aç! 
K i ş i (ağzını açıb nəfəsini verir). Hu!.. Hu!.. 
A r v a d. Yox, balam, iy gəlmir... 
Qız(uzaqdan). Bəlkə saqqız çeynəyib ki, iyi getsin? Suzik deyir ki, indi elə eləyirlər!.. 
A r v a d. Çeynəmisən? 
K i ş i. Yox. 
A r v a d. Bəs neyləmisən? 
K i ş i. Otuz yeddisini birdən öldürmüşəm! Bax, bu boyda! (Qollarını geniş açıb göstərir.) 
Q ı z. Vay, mama!.. 
A r v a d (qışqırır). O boyda milçək olar? 
K i ş i. Hə! (Yavaşdan) Sonra da birinin belinə minib uçub getdim! 
A r v a d. Milçəyin belinə mindin? 
K i ş i. Hə! 
O ğ u l (başını bayaqdan bəri oxuduğu kitabın üzərindən qaldıraraq). Aha! Bu məntiqə uyğun 
gəlmir! Necə uçub getdin? Bəs deyirsən onları öldürdüm? 
K i ş i (hiddətlə). Bu, yalançı məntiqdi, ay... tovariş! Siz yalançı məntiqlə yaşayırsınız! Bəli! 
Əvvəlcə öldürdüm! Hər biri, bax, bu boyda! (Qollarını geniş açıb göstərir.) Sonra da birinin belinə 
minib uçub getdim! 
Q ı z. Vay, mama!.. 
A r v a d (dəhşət içində). Hara uçdun? 
 
Pauza. 
 
K i ş i. Qorbaçovun yanına! Perestroykaya baş vurdum! 
 
Pauza. 
 
(Səhnədə  gəzişməyə başlayır və birdən Dostun qarşısında dayanır.)  O-o-o!..  Əziz Lenin 
yoldaş! (Onu qucaqlayır.) Vladimir Iliç! Mən bilirdim ki, biz görüşəcəyik! 
 
Pauza. 
 
D o s t (özünü itirmiş halda). Xeyr!.. Mən... 
A r v a d (yalnız indi başa düşür ki, hansı  bədbəxtliyə düçar olublar). Vaxsey!.. Kişi dəli 
olub!.. 
Q ı z. Vay, mama!.. Bəs mən Suzikə nə deyəcəyəm? 

 
269
K i ş i (ruh yüksəkliyi ilə).  Sovet Sosialist Respublikaları Ittifaqına eşq olsun!.. Ura, 
yoldaşlar!... 
 
Pauza. 
 
Ura, yoldaşlar!.. Yaşasın SSRI!.. Ura!.. 
A r v a d (ağlamsınaraq). SSRI daha yoxdu... 
O ğ u l (tələsik). Müvəqqəti yoxdu! 
K i ş i (Arvada). Nə? Sən nə cəsarətlə belə söz deyirsən? 
A r v a d. Eh, ay əzizim, SSRI heç e, hayıf səndən!.. 
K i ş i (Qıza). Düz deyir? 
Q ı z. Hə... 
K i ş i. Bəs... Bəs o boyda SSRI-yə nə oldu? 
Q ı z. Dağıldı... 
O ğ u l (tələsik). Müvəqqəti dağıldı! 
K i ş i (Qıza). Necə? 
Q ı z. Hə, dağıldı... 
K i ş i (qışqırır). Kim dağıtdı? 
O ğ u l (cəld). Qorbaçov! 
K i ş i. Bizim o Mixail Sergeyeviç? 
O ğ u l. Bəli! 
 
Pauza. 
 
A r v a d. Ay başına dönüm... 
K i ş i (onun sözünü kəsir). Yaxşı!.. Mən gedər oldum!.. Sağ olun!.. (Dosta yaxınlaşır.) Sağ 
olun, Vladimir Iliç!.. 
D o s t. Yox... Mən... 
K i ş i (danışmağa macal verməyib, onu qucaqlayır). Sağ olun!.. 
A r v a d. Sən hara gedirsən ki? 
K i ş i. Qorbaçovu öldürməyə! 
A r v a d. Nə? 
O ğ u l. Yaxşı eləyir! 
Q ı z. Vay, bəs Suzik? Onda Suzik necə olacaq? 
K i ş i. Sağ olun! (Tualetin qapısını açıb səhnədən çıxır və qapını ardıyca bağlayır.) 
D o s t. Tualetə girdi... 
A r v a d. Həkim!.. Tez həkim çağırmaq lazımdı! (Ağlayır.) Ey gidi dünya!.. Gör necə gözəl 
insana qıydın!.. Gör necə adamı nə günə saldın!.. 
Q  ı z (qışqırır).  Papa, sən niyə  dəli oldun? (Ağlayır.)  Bəs Suzik buna nə deyəcək? Mənim 
taleyim necə olacaq? (Daha da bərkdən ağlayır.) Suzik biləndə ki, sən dəli olmusan, onda... onda... 
Vay!.. Suzik!.. Suzik!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
YEDDİNCİ ŞƏKİL 
 
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z, Q o n ş u. 
Kişi səhnədə təkdir. Ev paltarı geyib, başını sarıyıb, bir sözlə, ev xəstəsidir. Səhnənin ortasında kresloda oturub, 
gözlərini yumub və şəhadət barmaqlarını bir-birinə tuş gətirərək öz-özüylə oynayır. 

 
270
 
K i ş i. Tuş gəldi, gəlmədi? Gəldi, gəlmədi? 
A r v a d (səhnəyə daxil olaraq). Nə soyuqdu? Otopleniye fərli yanmır, qazı elə verirlər, 
verməsələr onnan yaxşıdı... A-a-a... (Pəncərəni göstərərək, kişiyə) Oranı niyə açmısan elə? Dur, dur, 
pəncərənin o gözlüyünü ört, çöldə soyuqdu! 
K i ş i (gözlərini açır). Onu bağlayım? 
A r v a d (üşüyə-üşüyə). Bəli, əzizim, bəli, dur, bağla. Çöldə soyuqdu. 
K i ş i (gah pəncərənin gözlüyünə, gah da Arvada baxır).  Yəni mən durub o pəncərənin 
gözlüyünü bağlasam, çöldə o saat isti olacaq? 
 
Pauza. 
 
A r v a d (ağlamsınır). Mənim günahımın adı nə idi, ay Allah? Niyə mən bu günə düşdüm? 
Niyə onun ağlını başından aldın? Həkimin biri deyir ki, reaktivni psixozdan beynində iltihab var, o 
biri deyir şizofreniya... Nə bilim... Axı, yaxşı adamıydı o!.. Bircə dənə toyuğun başını da kəsməyə 
ürəyi gəlmirdi!.. 
K i ş i (toyuq kimi qaqqıldayır). Qaq-qaq-qaq!.. Qaq-qaq-qaq!.. 
A r v a d (iki əlini də başına vurur). Ay aman!.. 
 
Oğul əlində «Kapital» səhnəyə daxil olur.  
 
Qalx, o pəncərəni bağla. 
O ğ u l. E-e-e!.. Görmürsən, oxuyuram? (Kişiyə) Nə oldu? 
K i ş i. Nə nə oldu? 
O ğ u l. Dünən axşam axı, yenə dedin ki, gedirəm Qorbaçovu öldürməyə.  
K i ş i. Hə, getdim!.. 
O ğ u l. Öldürdün? 
K i ş i. Yox. 
O ğ u l. Niyə? 
K i ş i. O boyda oçered var idi ki! 
O ğ u l. Oçered? Nə oçered? 
K i ş i. Oçered də! O qədər adam gəlmişdi ki, Qorbaçovu öldürməyə, böyük bir növbə 
qurulmuşdu. Mən nömrə aldım. 314-cü adamam! 
 
Pauza. 
 
O ğ u l (bir az fikirləşəndən sonra). Yox, məntiqi deyil! (Arvada baxır.) 
A r v a d. Əlbəttə!.. (Ah çəkir.) Eh, nə məntiq!.. 
K i ş i (Arvadı yamsılayır).  «Eh, nə  məntiq!..» Hə? Bir dəfə, 25 yaşım olardı, az qalmışdı 
dənizdə boğulum, onda sən mənim yanımdaydın? 
A r v a d. Maşallah! Yadında gör nə yaxşı qalıb! Əlbəttə, sənin yanındaydım! Getsin o gün, 
qayıtmasın! 
K i ş i. Mən birinci dəfə infarkt olanda, sən mənim yanımdaydın də? 
A r v a d. Bəs necə?! 
K i ş i. Bir dəfə vannada sürüşdüm, ayağım sındı e, gipsə qoymuşdular, sən mənim 
yanımdaydın? 
A r v a d. Əlbəttə, sənin yanındaydım! 
K i ş i. Mən ikinci dəfə infarkt olanda da sən mənim yanımdaydın də? 
A r v a d. Bəs necə, əzizim, əlbəttə! 

 
271
K i ş i. Deməli... deməli, sən mənim yanımda olanda boğuluram, infarkt oluram, ayağım sınır, 
qarnım ağrıyır, dırnağım düşür! Bax, məntiq budu! 
  
Arvad çaşıb qalıb. Qapının zəngi çalınır. 
 
A r v a d (hələ də özünə gəlməyərək, Oğula). Get aç qapını. 
O ğ u l (başını kitaba dikib). Mən oxuyuram. 
A r v a d (dərindən köks ötürür). Eh!.. (Qapını açmaq üçün səhnədən çıxır.) 
Q o n ş u (səhnə arxasından). Xoş gördük sizi! Kişi necədi? 
A r v a d (səhnə arxasından). Eh, necə olacaq?.. 
O ğ u l (başını kitabın üstündən qaldırıb hiddətlənir). Burjuy! (Səhnədən çıxır.) 
Q o n ş u (səhnəyə daxil olur). Bəs həkimlər nə deyir? 
A r v a d (onun ardınca səhnəyə daxil olaraq yavaşdan). Nə bilim, vallah... Mən özüm də elə 
başımı itirmişəm!.. Hərəsi bir söz deyir... Reaktiv psixoz... Şizofreniya... Beyin iltihabı... 
(Ağlamsınır.) Bir dərddi, düşmüşük, qonşu qardaş!.. 
Q o n ş u (əlini beyninə tərəf oynadır). Yəni lap qorxuludu? 
A r v a d. Yox, yox!.. Yaddaşı elə yaxşıdı!.. Amma... deyir getmişdim Qorbaçovun yanına... 
Q o n ş u. Bəlkə doğrudan da gedib? 
A r v a d. Nə danışırsız? Evdən bir addım da eşiyə çıxmayıb! Gəlin əyləşin! Bu saat gəlirəm. 
(Səhnədən çıxır.)  
Q o n ş u (Kişiyə yaxınlaşır). Salam! 
 
Kişi başını tərpədib onun salamını alır. 
 
Necəsən? Nə var, nə yox? Deyirlər səfərdə olmusan? 
K i ş i. Hə. Vaxtım yox idi, qayıtdım. 
Q o n ş u. Əlbəttə! 
K i ş i. Burada işlərim çoxdu! 
Q o n ş u. Bəs necə! 
K i ş i. Bayaq Cəbrayıl mələyə də deyirdim! 
Q o n ş u. Kimə? 
K i ş i. Cəbrayıl mələyə. 
Q o n ş u. O da bura gəlir? 
K i ş i. Hə. Bayaq burdaydı, oturub çay içirdik. 
Q o n ş u. Çay içirdiz də? (Gülür.) 
K i ş i. Bəli. 
Q o n ş u. Cəbrayıl mələklə? (Gülür.) 
K i ş i. Hə. 
Q o n ş u. Əla! Əla! (Gülür.) 
K i ş i. Ona da deyirdim... Laçınovla görüşməliyəm! 
Q o n ş u (gözləri bərəlmiş halda). Nə? 
K i ş i. Mən ona o boyda bilərzik almışam! On beş min dollara! 
Q o n ş u (ora-bura baxa-baxa həyəcanlı). Yavaş! Yavaş! 
K i ş i. Yox! Bəsdi daha! (Ayağa qalxır.)  Cəbrayıl mələyə söz vermişəm! Lap bərkdən 
deyəcəyəm! O boyda bilərzik almışam ona! Heç olmasa bir dəfə bayramda zəng eləyib məni təbrik 
də eləmir! Görər indi! Görər onun başına nə oyun açacağam! Hər şeyi var onun! Amma mənim heç 
nəyim yoxdu! Allahın bir maşını da yoxumdu! Bayaq Cəbrayıl mələyi dalıma alıb cənnətə apardım! 
Bir maşın nə olan şeydi, hə? Maşına qoyub aparardım də!.. 
Q o n ş u (tamam özünü itirmiş halda). Dayan bir!.. Qulaq as!.. 

 
272
K i ş i. Sən darıxma! Mən o Laçınovun anasını ağladım, sən də bax! Qaytarsın mənim on beş 
min dollarımı! Qəzetə yazacağam! 
Q o n ş u. Səs salma! Bir dəqiqə dayan! 
K i ş i. Mitinq eləyəcəyəm! Gedib evlərinin qabağında mitinq eləyəcəyəm! Televiziyaya 
gedəcəyəm! 
Q o n ş u. Yavaş!.. 
K i ş i. Mən ona o qədər rüşvətlik mal almışam! Amma mənim bir dənə maşınım da yoxdu! 
Q o n ş u. Qulaq as!.. 
K i ş i (qışqırır). Laçınov! Sənə ar olsun! 
Q o n ş u. Yavaş!.. Bilirsən sənə neyləyər?! 
K i ş i. Mənə? 
Q o n ş u. Bəli! (O tərəf-bu tərəfə baxaraq yavaşdan.) Sən onu tanımırsan!.. O-o-o!.. 
 
Pauza. 
 
K i ş i. Mənə heç nə edə bilməz! 
Q o n ş u. Niyə? 
K i ş i. Çünki mən dəliyəm! (Qışqırır.) Laçınov! 
Q o n ş u. Alə, sənə eləyə bilməz, mənə eləyər də!.. 
K i ş i (qışqırır). Laçınov! 
Q o n ş u. Onda məni... onda məni məhv eləmə!.. 
K i ş i (daha da qızışıb). Yox, məni dayandırmaq mümkün deyil! Mən həzrət Cəbrayıla söz 
vermişəm! (Qışqırır.) Laçınov!.. Rüşvətxor!.. Mənim heç maşınım da yoxdu!.. 
Q o n ş u. Var!.. Var!.. 
K i ş i. Nə var? 
Q o n ş u. Maşın var! Var maşın! Mən ölmüşəm bəyəm? Mən elə bu gün sənə maşın alacam! 
K i ş i. Axı... 
Q o n ş u. Dedim, qurtardı! Qonşu qonşuya hansı gündə gərəkdi? 
 
Arvad məcməyidə çay, Oğul əlində «Kapital» və Qız səhnəyə  
daxil olurlar. 
 
A r v a d. Bu nə səs-küydü? 
Q o n ş u. Heç... 
K i ş i (səhnə boyu fırlanaraq, guya ki, maşın sürür). Ba-bap!.. Trrr!..  Vı-ı-ı-ı!.. 
A r v a d. Yenə neyləyirsən? 
K i ş i (Arvada). Ba-bap!.. Çəkil yoldan!..  
A r v a d. Nə? 
Q ı z. Görmürsən, maşın sürür. 
K i ş i. Ba-bap!.. Çəkilin yoldan!.. 
A r v a d (ağlamsınır). Ay yazıq!.. Sənin heç maşının var? 
Q o n ş u. Var! Onun maşını var! Mən bu qərara gəldim ki, sizin bu çətin vaxtınızda, 
xeyriyyəçi kimi, sizə bir maşın hədiyyə edim! Bir az işlənmiş olar, ancaq eybi yox!.. 
 
Pauza. 
 
K i ş i. (səhnə boyu fırlanaraq guya ki, maşın sürür). Ba-bap!.. Vı-ı-ı-ı!.. 
O ğ u l. Necə? Bizim maşınımız olacaq? Mən maşın sürəcəyəm? 
Q ı z. Suzik də sürəcək! 
A r v a d. Çox sağ olun, ay qonşu! Siz qardaşdan da artıqsız! 

 
273
Q o n ş u. Bir şey deyil!.. 
K i ş i (səhnə boyu). Ba-bap!.. Vı-ı-ı!.. 
O  ğ u l (sevincindən bilmir ki, nə etsin və birdən yadına düşür).  Anacan, bu saat pəncərəni 
bağlayacam! 
 
 
İ ş ı q  s ö n ü r. 
 
 
SƏKKİZİNCİ ŞƏKİL 
 
Kişinin evi. Axşamüstü. K i ş i, A r v a d, O ğ u l, Q ı z, D o s t. 
Arvad oturub nəsə toxuyur. Kişi güzgünün qabağındadı. 
 
K i ş i (güzgüdə özünə baxa-baxa). Vay!.. Saqqal necə basıb məni?.. 
A r v a d (yavaş-yavaş artan bir həyəcanla). Ay, nə yaxşı!.. Deyəsən, özünə gəlirsən, hə? 
K i ş i. Üzqırxanımı, sabun köpüyünü gətirin! Fırçamı gətirin!.. 
A r v a d (çağırır). Ay qız, tez elə! Üzqırxanı-zadı gətir bura! 
Q ı z (səhnəyə daxil olur). Nə olub? 
A r v a d. Papa üzünü qırxmaq istəyir! Tez elə! Nə lazımdı, gətir! 
Q ı z (sevincək). Oy, papa, nə yaxşı! Suzikə deyəcəyəm! (Qaçıb səhnədən çıxır.) 
K i ş i (diqqətlə güzgüyə baxa-baxa əlini üzünə sürtür). Gör nə qədərdi e!.. 
A r v a d (yavaşdan).  Özünə fikir verməyə başlayıbsa, deməli, ayılır! Vallah, evə maşın 
gələndən sonra, elə bil, hər şey düzəlməyə başlayıb! 
K i ş i (qışqırır). Sabun! 
A r v a d (qışqırır). Nə oldu? 
Q ı z (səhnə arxasından). Bu saat! Qoy əvvəlcə Suzikə zəng eləyim!.. 
A r v a d. Nə Suzik? Tez üzqırxanı gətir! 
K i ş i (qışqırır). Fırça!.. 
Q  ı z (ləvazimatları  gətirərək, incik). Suzik deyəcək ki, niyə  əvvəlcə  mənə demədin? 
(Məcməyini atasına verir.) Al. (Arvada) Suzik bilirsən nə deyir? Deyir ki, mən, rıtsaram! Deyir ki, 
əyər sənin papanın başı... e... papan xəstələnibsə, mən gərək səni daha artıq qoruyam!.. 
A r v a d. Sənin üzünü görməmişəm, ay Suzik, amma xoşbəxt olasan! 
Q ı z. Mənnən bir yerdə! 
A r v a d. Allah eləsin!  
K i ş i (məcməyini güzgünün qabağına qoyur və  fırçanı götürüb sabun bulaya-bulaya yenə 
diqqətlə güzgüyə baxır).  Ay-yay-yay!..  (Fırçanı güzgüyə aparıb güzgüdəki  əksini sabunlamağa 
başlayır.) 
A r v a d. Sən nə edirsən? 
Q ı z. Papa!.. 
K i ş i. Necə  nə edirsən? Nə  qışqırırsız?  (Güzgünü göstərir.)  Görmürsən nə  qədər tük var? 
(Üzqırxanla güzgüdəki əksini qırxmağa başlayır.) 
A r v a d. Dayan! Dayan! Güzgünü də xarab eləmə! 
Q ı z. Yaxşı ki, Suzikə demədim! 
 
Arvad üzqırxanı Kişinin əlindən alır. Eşikdən maşın səsi gəlir,  
sonra Oğul səhnəyə daxil olur. 
O ğ u l (ruh yüksəkliyi ilə). Salam!.. 
 
Pauza. 
 

 
274
(Gəlib anasının boynunu qucaqlayaraq) Balaca Volodya anasını çox sevirdi!.. 
Q ı z. Balaca Volodyaya da maşın vermişdilər? 
A r v a d. Bəsdi! 
Q ı z. Görmürsən? Suzikə vermir maşını sürməyə!.. 
 
Kişi yenə güzgünü qırxmaq istəyir. 
 
A r v a d. Didişməyin!.. (Kişini göstərir.) Onsuz da dərdimiz az deyil!.. Görürsüz?! 
O ğ u l. Yenə nə olub, anacan? 
A r v a d. Üzünü qırxmaq əvəzinə, güzgünü qırxmaq istəyir... 
O  ğ u l. Bu saat! Bu saat mən özüm onun üzünü qırxacağam!  (Kişiyə yaxınlaşıb üzqırxanı 
onun  əlindən alır.) Krupskaya deyirdi ki, övlad gərək valideynlərinə kömək etsin! (Cidd-cəhd ilə 
Kişinin üzünü qırxmağa başlayır.) 
Q ı z. Nə olsun? Suzik də olsaydı, qırxardı! 
O ğ u l (atasının üzünü qırxa-qırxa, həvəslə). Maşından sonra, partiyada mənim mövqelərim 
çox möhkəmlənib! Indi mənimlə hesablaşırlar! 
K i ş i (qışqırır). Yaşasın kommunizm! 
O ğ u l. Bəli, ata! Bir vaxt gələcək, xalqımız yenə nümayişə çıxacaq! O zaman mən tribunada 
parad qəbul edəcəyəm! 
A r v a d. Inşallah! 
 
Qapının zəngi çalınır. 
 
Q ı z (qapını açmağa gedə-gedə). Nə olsun? Suzik də böyük adam olacaq! (Səhnədən çıxır.) 
K i ş i (güzgünü göstərərək üzqırxanı Oğulun əlindən almaq istəyir). Qoy bunu mən qırxım! 
O ğ u l. Dayan, atacan!.. 
D o s t (səhnə arxasından). Iyi axşamlar! 
Q ı z (səhnə arxasından). Salam... 
D o s t (səhnəyə daxil olur). Iyi axşamlar!.. Əcəba nasıldır bizim arkadaşımız? 
A r v a d (dərindən köks ötürür). Görək də... 
K i ş i. O-o-o!.. (Qolu ilə  Oğulu özündən kənarlaşdıraraq Dosta yaxınlaşır.)  Yoldaş Lenin! 
(Onu qucaqlayır.) Əziz Vladimir Iliç! Xoş gördük! Xoş gördük! (Qamarlayıb Dostu öpür.)  
D o s t (onu özündən kənarlaşdırmağa çalışır). Yavaş!.. Yavaş, üst-başımı sabunladın! 
K i ş i. Sabunun sənə xeyri var! 
D o s t. Burax! 
K i ş i. Ah, sənin saçın necə də tökülüb! Əziz Volodya! 
D o s t. Burax!.. 
K i ş i. Proletariatın dahi rəhbəri! Mənim əziz dostum! (Onu yenə qucaqlamaq istəyir.) 
D o s t. Yox!.. Yox!.. Sənə neçə dəfə demişəm ki, mən Lenin deyiləm! (Oğula) Kömək elə də! 
O ğ u l. Nə olub? Pis adama oxşatmır ki, sizi! Nasionalist! (Hirslə səhnədən çıxır.) 
K i ş i. Bəsdi, Vladimir Iliç! Bəsdi! Heç zarafatından qalmırsan a!.. (Arvada)  Uşaqlıqda da 
belə idi... Onda keçəl deyildi, əməlli-başlı saçı var idi!.. (Birdən kövrəlir.)  Eh, Volodya!.. Hanı... 
Hanı sənin o qıvrım saçların? Tökdün o saçları bizim gözəl həyatımız naminə! Əziz Ulyanov! Gəl!.. 
Gəl, səni bir də bağrıma basım!.. 
D o s t. Yox! Mən Lenin deyiləm! Şurasını birdəfəlik anla! 
A r v a d. Fikir verməyin... 
D o s t. Axı, bütün bədənimi sabunladı!.. 
K i ş i. Dedim ki, sabun sənin üçün vacibdi! Volodya! 
D o s t. Yox! 

 
275
K i ş i (ciddi).  Daha bu olmadı, Vladimr Iliç! Indi nədən ehtiyat edirsiz? Daha gizli 
fəaliyyətinizə, konsperasiyaya ehtiyac yoxdu! Biz indi sənin qurduğun ölkədə yaşayırıq! 
A r v a d. Eh, getdi o ölkə!.. Ətin kilosu bir manat doxsan qəpik idi! 
K i ş i. Xeyr! Sən bu sözlərə inanma, əziz Vladimir Iliç! Biz Stalini gorbagor elədik! 
Xruşşovla qarğıdalı yığdıq və Amerikanı ötüb keçdik! Brejnevə, bax, bura qədər (Əli ilə qurşaqdan 
aşağısını göstərir.) orden verdik! Sonra Qorbaçovla perestroyka elədik! Ah, Mişa!.. Mişa!.. O da 
sənin kimi keçəldi! 
D o s t (tamam bıkmış). Mən Lenin deyiləm! 
A r v a d. Fikir verməyin...  
K i ş i. Necə fikir verməyin? Necə mən Lenin deyiləm? Mən sənin Nadejda Konstantinovnaya 
məhəbbətin haqqında poema yazıram! Krupskaya da səni sevirdi! 
D o s t. Tamam, zavallı arkadaşım! Sən yorğunsan, get istirahət yap! 
K i ş i. Nə istirahət, canım? Sizin kimi sevgililər haqqında poema yazarkən, mən gedib 
istirahət edə bilərəm? Lenin bu otaqda, bax, burada dayanmışdı.  (Göstərir.),  Krupskaya da, bax, 
burada dayanmışdı. (Göstərir.) Indiki kimi, gözlərimin qabağındadı! 
A r v a d. Ay aman!.. 
K i ş i. Iyirmi ildən sonra yenidən görüşmüşdülər! Lenin deyirdi: «Gəlin biz yeni bir həyat 
quraq!.. Biz öz məhəbbətimizin timsalında türk dünyasının ölməz ənənələrini yaşadaq!..» Krupskaya 
da deyirdi: «Siz nə danışırsız? Mənim həyat yoldaşım var!..» 
A r v a d. Gör gözünə nələr görünür e!.. 
K i ş i. Mən redaksiyalara gedib bu ülvi məhəbbət haqqında poemamı bütün ictimaiyyətə 
bəyan edəcəyəm!  
D o s t (həyəcanlı). Yox, lazım deyil! 
K i ş i. Necə lazım deyil? Mən sizin məhəbbət dastanınızı yazmaya bilərəmmi? Bu əsərin adı 
«Volodya və Nadya dastanı» olacaq! Qoy hamı Lenin ilə Krupskayanın, bax, buradakı bu ülvi 
məhəbbətindən xəbər tutsun! 
D o s t (həyəcanlı). Özünə başqa bir əyləncə tap! 
K i ş i. Yox! Bu mümkün deyil! 
A r v a d. Əşşi, qoyun yazsın, başı qarışsın də... 
D o s t. Yox! Yox! 
K i ş i. Əziz Lenin! Vladimir Iliç! Başa düşün, mən o poemanı yazmaya bilmərəm! 
D o s t. Axı, nə üçün? 
K i ş i. Çünki mən o poemaya görə qonorar alacağam! Sonra da o qonorarı verib (Əli ilə tavanı 
göstərir.) evimizə lüstür alacam! 
 
Pauza. 
 
D o s t (tavana baxır). Sən... sən istirahət elə... O lüstürü mən alaram! 
K i ş i. Mən büllur lüstür alacam! 
D o s t. Əvət!.. Əvət!.. Mən məhəbbətə nankor ola bilmərəm! 
A r v a d. Nə? 
D o s t. Heç!.. Heç!..  
K i ş i. Importnı! 
D o s t. Əvət!.. Əvət!.. 
A r v a d. A-a-a!.. Siz nə əziyyət çəkirsiz? 
D o s t. Biz dostuq! Xahiş edirəm bu hədiyyəni məndən qəbul edəsiniz! 
A r v a d. Siz necə də dostunuzun qayğısına qalırsız! Onun istirahəti naminə belə bir hədiyyə 
edirsiz!.. Çox sağ olun!.. 
D o s t. Bir şey deyil! Mən getdim lüstür almağa! (Səhnədən çıxır.) 

 
276
 
Kişi yenə diqqətlə güzgüyə baxır. 
 
A r v a d. Bizim də evimizdə lüstür yanarmış!  (Kişiyə baxıb Oğulu çağırır.)  Papanın üzü 
sabunlu qaldı axı! 
O ğ u l (əlində üzqırxan səhnəyə daxil olur). Getdi o nasionalist? 
A r v a d. O nasionalist deyil, əsl dostdu! Gəl papanın üzünü qırx, qurtar! 
 
Oğul Kişinin üzünü qırxmağa başlayır. 
 
O getdi bizə billur lüstür alsın! 
O ğ u l. Nə? 
K i ş i (qışqırır). Kəsdin üzümü!.. Qan gəlir!.. 
A r v a d (qışqırır). Ay qız, tez yod gətir! 
K i ş i. Millətin də başını belə qırxırsız?! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin