Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

İKİNCİ ŞƏKİL 
 
Bağça. K i ş i, Q o n ş u. 
Kişi ayaq saxlayıb nəfəsini dərir. Qonşu özünü güclə ona çatdırır. 
 
Q o n ş u (təngnəfəs). Alə, sən lap kenquru kimi qaçırsan ki! Sənə çatmaq olmur. Bir dəqiqə!.. 
(Nəfəsini dərir.) Necəsən? Qaçmağından görürəm ki, formadasan! 
K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə... 

 
257
Q o n ş u. Nə? 
K i ş i (öz-özünə).  
 
Dünya gözəldir... 
Həyat gözəldir... 
 
Q o n ş u. Eşitmirəm e?.. 
K i ş i (Qonşuya baxa-baxa öz-özünə davam edir). 
 
Bircə qanmaz var... 
O da ki, sənsən... 
Q o n ş u. Hə? (Kişinin qoluna girir.) Bura bax, bilirəm, işin çoxdu, amma mən ölüm, qonşu, 
otkaz eləmə, al bu üç min dolları (Səksəkə ilə ora-bura baxa-baxa arxasında  şalvarının qayışının 
altında gizlətdiyi konverti çıxarıb Kişiyə tərəf uzadır.), bir dənə balaca bilərzik var dükanda, gedək, 
beş dəqiqəyə, götür onu mənimçün!.. 
K i ş i. Yenə Laçınova rüşvət verirsən? 
Q o n ş u. Yavaş! Yavaş, a kişi! Belə  şeylərlə zarafat eləmək olmaz! (Yavaşdan)  Yox, bu 
rüşvət deyil!.. 
K i ş i. Bəs nədi? 
Q o n ş u. Başqa məsələdi... 
K i ş i. Nədi axı? 
Q o n ş u (yenə ehtiyatla o tərəf-bu tərəfə baxır). Canan məsələsidi... 
K i ş i. Nə? 
Q o n ş u. Canan!.. 
 
Pauza. 
 
Adı bilirsən nədi? Dezdemona!.. 
K i ş i. Bəs sənin o boyda arvadın var... 
Q o n ş u. Nolsun? 
K i ş i. Necə yəni nolsun? 
Q o n ş u (məzəmmətlə).  Ay qonşu!.. Ay qonşu!..  (Eləcə ehtiyatla o tərəf-bu tərəfə baxır. 
Yavaşdan) Arvad arvad olur bir il, iki il, üç il, sonra dönür olur bacı!.. 
 
Pauza. 
 
K i ş i. Yox! Bu day lap ağ oldu! Sənin adamuşkava da bilərziyi mən almalıyam? 
Q o n ş u. Bəs necə? Sən kişi adamsan də, sənə etibarım var! Eşitməmisən, qonşu qardaşdan 
irəlidi? Mən öz mənəvi aləmimi sənə etibar edirəm! 
K i ş i. Bilərzik almaq mənəvidi? Maddidi bu, maddi! 
Q o n ş u. Əşşi!.. Özün də oxumuş adamsan, bilmirsən ki, maddi olmayan yerdə mənəvi nə 
qələt eləyir? 
K i ş i. Yox, bilmirəm, heç nə  də gedib almıram! Bir dəfə dedin ki, maşını öz adıma alım, 
iyirmi min dollara,–iyirmi min e!..–dedin rüşvət verirəm Laçınova... 
Q o n ş u. Yavaş... 
K i ş i. Aldım, o maşının heç üzünü də görmədim... Bir dəfə on min dollar verdin ki, 
Laçınovun arvadının ad günüdü, brilyant komplekt götürdüm səninçün!.. Bir dəfə səkkiz min dollar 
verdin ki, Laçınovun... 
Q o n ş u (tələsik onun sözünü kəsir). Yavaş, eşidər!.. 
K i ş i (yan-yörəsinə baxır). Kim eşidər?  

 
258
Q o n ş u. Laçınov! Bilirsən onun nə boyda qulaqları var? 
K i ş i. Uzunqulaqdı? 
Q o n ş u. Hə, çox uzunqulaqdı!.. (Özü öz sözlərinə heyrət edir.) Nə? Bu nə sözdü o boyda 
rəisə deyirsən? 
K i ş i. Özün dedin də! 
Q o n ş u. Yaxşı, qonşu, gedək! Mən mənəvi aləmsiz yaşaya bilmirəm! Gedək mənim mənəvi 
aləmimlə beşcə dəqiqə məşğul ol, vəssalam! 
K i ş i. Yox! Bu dəfə get özün al! 
Q o n ş u. Özüm necə alım? Soruşmazlar ki, ya, xalaoğlu, sosiska düzəldən babasan, özün də 
deyirsən ki, bir qəpik qazancım yoxdu, bəs hardandı səndə bu qədər pul? 
K i ş i. Kim soruşacaq? 
Q o n ş u. Ehtiyat igidin yaraşığıdı! Dünyanın işlərini bilmək olmaz! 
K i ş i. Indi bazar iqtisadiyyatıdı! Sovet hökuməti getdi! 
Q o n ş u. Bəs birdən qayıtdı? 
K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... 
Q o n ş u. Nə? 
K i ş i (hirsli). Yox! Mən almayacağam! (Sürətlə səhnədən çıxır.) 
Q o n ş u. Bu bədbəxt deyəsən o söz! (Baş barmağını aparıb gicgahında fırladır.) Başlayıb öz-
özünə danışmağa...  (Konverti yenə  də arxasında qayışının altına keçirə-keçirə Kişinin ardınca) 
Qonşu!.. Qonşu!.. (Səhnədən çıxır.) 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
ÜÇÜNCÜ ŞƏKİL 
 
Kişinin evi. Axşam. K i ş i, A r v a d, O ğ u l, Q ı z,  
P r o f e s s o r,  Partiya lideri, X a n ı m. 
Kişi oturub qəzetlərə baxır. Oğul, Marksın «Kapital»ını oxuyur. 
 
O ğ u l. «Kapital» bəşər dühasının ən böyük əsəridir! 
K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... Gözəl bir axşamdı... Sən də istirahət 
edirsən... 
 
Pauza. 
 
O ğ u l. Mən hər dəfə «Kapital»ı oxuyanda yeni kəşflər edirəm! 
K i ş i (özünü saxlaya bilmir). Necə  yəni, hər dəfə oxuyanda? (Daha da qızışır.)  Altı aydı! 
Yenə doqquzuncu səhifədə deyilsən? 
Oğul (pərtliyini gizlətmək istəyir). Xeyr! Xeyr! Bu Marksdı! Onun gərək hər cümləsini dərk 
edəsən! 
A r v a d (səhnəyə daxil olaraq əlindəki kağızı Kişiyə uzadır). Al... 
K i ş i. Bu nədi?  
A r v a d. Birdən yenə  səhər elə  çıxıb gedərsən ki, xəbərimiz olmaz. Spisokdu, sabah 
görəcəyin işlərin siyahısı! 
K i ş i (siyahını götürərək öz-özünü sakitləşdirir).  Sakit ol... Nə var ki?.. Hər  şey  əladı!.. 
Sakit... 
A r v a d. Nə deyirsən elə? 
K i ş i (eləcə öz-özünə). 

 
259
 
Dünya gözəldir... 
Həyat gözəldir... 
 
A r v a d. Nə olub e sənə axır vaxtlar? Elə bil... iraq olsun... öz-özünə danışırsan... Hə? 
K i ş i (eləcə öz-özünə). Sakit ol... sakit... 
A r v a d. Eh!.. Bir gözəl lüstürümüz asılaydı tavandan, biz də bu axşam oturaydıq onun 
işığında!.. (Oğula tərəf) Qorxuram belə işıqda oxumaqdan uşağın gözləri xarab ola... 
O ğ u l. Koneçno! 
 
Qapının zəngi çalınır. 
Kimdi axşam vaxtı?  
 
Oğul tələsik yerinə oturur və başını daha da aşağı dikib cidd-cəhdlə proletar sinfinin mənafeyini müdafiə edən və 
dünyanın başına turp əkmiş məşhur alman iqtisadçısının mütaliəsinə girişir. 
 
(Kişiyə) Qapını aç. 
 
Kişi tərs-tərs Oğula baxır və qalxıb səhnədən çıxır. 
 
O ğ u l (gözlərini kitabdan çəkmədən). Pəh!.. Dəryadı, dərya!.. 
K i ş i (səhnə arxasından).  O-o-o!.. Professor!.. Salam!.. Salam!.. (Əlində yekə  və köhnə 
portfel tutmuş Professorla birlikdə səhnəyə daxil olurlar.) Siz hara, bura hara?  
A r v a d. Xoş gəlmisiz! 
O ğ u l. Zdravstvuyte! 
K i ş i. Necəsiz? 
P r o f e s s o r. Bismillahir-rəhmanir-rəhim!.. Allah deyib, durmuşam! 
K i ş i (heyrətlə). Profes-s-sor!.. Bu doğrudan sizsiz? 
P r o f e s s o r. Allah qoysa, mənəm! 
 
Pauza. 
 
K i ş i. Sizsiz? 
P r o f e s s o r. Inşallah, mənəm!.. 
K i ş i. Siz ha?! 
O ğ u l (təngimiş halda). Ay papa! Day bu yoldaş deyir ki, mənəm də! Özüməm! 
K i ş i (elə bil Oğulu eşitmir və əvvəlki heyrətlə). Bəs... Bəs bu nə sözlərdi belə? 
P r o f e s s o r. Nə sözlər? 
K i ş i. Axı, siz... siz bizə elmi ateizmdən mühazirələr oxuyurdunuz... Siz qırx il universitetdə 
ateizmdən dərs demisiz... Vaxtilə Allahsızlar  Şurasının sədri olmusuz... Dinin əleyhinə o qədər 
məqalə, kitab yazmısız... 
A r v a d. Əstəğfürullah!.. Mən gedim çay gətirim... 
P r o f e s s o r. Eh... Ey mənim keçmiş  tələbəm! Sənin nə  işinə qalıb, sandığı açıb köhnə 
tuman-köynəyi eşələyirsən? Dünən dünən idi, bu gün, şükür rəbbimizə, bu gündü, sabah da, 
inşallah, Allah-taala qismət eləsə, sabah olacaq! Mən indi Allah bəndəsiyəm! Gündə üç dəfə namaz 
qılıram! 
K i ş i. Oruc da tutursuz? 
P r o f e s s o r. Əl-əlbət, tuturam! Əl-əlbət! (Əlini qarnına sürtə-sürtə, kənara) Onsuz da indi 
professorların hamısı orucdadı də!..  
K i ş i. Vallah, belə şeyləri görəndə az qalır adamın başı xarab olsun! 

 
260
P r o f e s s o r. Namaz qıl, dua elə, başın da xarab olmasın! Bax, mənim kimi! Yoxsa indi mən 
dəlixanada padşahlıq edirdim! 
K i ş i. Deyirsiz dua eləyim də? 
P r o f e s s o r. Əl-əlbət! Əl-əlbət! Dua elə və yaxşılıq elə! O yaxşılığın birini də mənə elə!  
K i ş i. Nə yaxşılıq, Professor?  
P r o f e s s o r. Allah qoysa, müqəddəs yerləri ziyarətə getmək istəyirəm. Ancaq, əzizim, ey 
mənim sevimli keçmiş tələbəm, tək mənim istəyim, əlbəttə, bir qoz!.. Kimdi indi professor istəyinə 
məhəl qoyan? Indi bazar iqtisadiyyatıdı!  (Baş barmağını barmağına sürtür, yəni ki, indi pul 
lazımdı.) Bizim də ki, cibişdanımızda siçan oynayır!.. 
K i ş i. Bəs mən nə etməliyəm? 
P r o f e s s o r. «Ülviyyət» Beynəlxalq Xeyriyyə Cəmiyyəti var, bilirsən? 
K i ş i. Bilirəm...  
P r o f e s s o r. Bilirəm, bilirsən... Elə ona görə  də  sənin yanına gəlmişəm. Imkanlı 
cəmiyyətdi, ancaq zalım uşağı, ya gərək rüşvət alıb bir iş düzəltsinlər, ya gərək adamın olsun, ya da 
gərək mətbuat yazıb onları reklam eləsin ki, bunlar ülvi hisslərlə millət naminə müqəddəs işlər 
görürlər. Düzdü, möhtərəm Ekstrasens Falçı Ağabacı söz verib ki, məni onlara tapşıracaq, amma hər 
dəfə qoroskopa baxır, deyir ki, hələ vaxtı çatmayıb...  
K i ş i. Kim qoroskopa baxır? 
P r o f e s s o r. Falçı Ağabacı! 
K i ş i. O kimdi elə? 
P r o f e s s o r. Falçı Ağabacı? 
K i ş i. Hə. 
 
Pauza. 
P r o f e s s o r. Tanımırsan? 
K i ş i. Yox. 
P r o f e s s o r. Ola bilməz! 
K i ş i. Vallah tanımıram... 
P r o f e s s o r. Ömründə ola bilməz! 
 
Pauza. 
 
O ğ u l. Vot tebe raz!.. 
K i ş i. Professor... 
P r o f e s s o r (ruh yüksəkliyi ilə). Möhtərəm Falçı Ağabacı çox böyük adamdı! Çox! Çox e, 
çox!.. «Ülviyyət»di, o birisidi, bu birisidi, onun əlində tum cırtdamaq kimi bir şeydi! Intəhası mənim 
bəxtim belədi... Qoroskop möhtərəm Falçı  Ağabacıya imkan vermir!.. Indi istəyirəm ki, sən 
«Ülviyyət»lə danışıb o gözəl qələmini salasan işə!.. Guya ki, xeyriyyəçidilər, millət yolunda cəfa 
çəkirlər-filan!.. Sonra da xahiş edəsən ki, mənə maddi yardım eləsinlər, Allah izn versə, gedib o 
müqəddəs yerləri ziyarət edim... Ancaq əsas məsələ odu ki, adama on kilo da qoyun əti verirlər... 
K i ş i. Qoyun əti? 
P r o f e s s o r. Bəli! (Udqunur.) Belə, yaxşı, yağlı qoyun əti! On kilo! (Sinə dolusu iyləyir.) 
Təptəzə ət!.. 
K i ş i. Yaxşı, onda qoy əvvəlcə bir neçə gün dua eləyim, sonra sizin xahişlə məşğul olaram! 
 
Arvad çay gətirir. 
 
P r o f e s s o r. Yox, xələfim, yox!.. Sən  əvvəlcə  mənim on kilo (udqunur)  qoyun  ətimin 
məsələsini həll elə, sonra, Allah qoysa, dua eləyərsən! 
A r v a d. Buyurun, əyləşin... 

 
261
P r o f e s s o r. Yox! Çox sağ olun! Tələsirəm! (Cibindən kağız çıxarıb baxır.) Bu gün hələ o 
qədər görəsi işim var ki!.. 
K i ş i (həyəcanla). Professor! 
P r o f e s s o r. Nədi, xələfim? 
K i ş i. Siz də spisokla çıxırsız evdən? 
P r o f e s s o r. Indi hansı kişi evdən spisoksuz çıxır?  
K i ş i. Ah!.. (Kövrəlib Professoru qucaqlayır.)  Doroqoy brat moy po nesçastyu! Sizin ətin 
məsələsiylə mütləq məşğul olacağam! 
P r o f e s s o r (udqunur). Çox sağ ol! Indi isə xudahafiz! Sizi Allaha tapşırıram! (Səhnədən 
çıxır.) 
O ğ u l (gözlərini kitabdan çəkmədən heyranlıqla). Dəryadı, dərya!.. 
A r v a d (ərinə).  Camaata  ət düzəldirsən, özümüz qalmışıq bu qaranlıq otaqda!.. Krantı  nə 
qədər bağlayırsan, bağlanmır!.. Saatın batareyası yatıb!.. Televizor elə göstərir ki, göstərməsə, 
ondan yaxşıdı!.. 
 
Qapının zəngi çalınır.  
 
Axşam vaxtı bu camaata nə olub belə? Nə yaxşı, hamının yadına düşmüşük!.. Qapını açın! 
 
Oğul qapını açmağa getməsin deyə, başını bir az da kitabın üstünə əyir. Kişi hirslə onun əlindəki kitaba tərəf 
boylanır. 
 
K i ş i. Hələ də doqquzuncu səhifədədi e!.. (Qapını açmağa gedir.) 
Partiya l i d e r i (səhnə arxasından). Salam, əziz dost! 
X a n ı m (səhnə arxasından). Xoş gördük sizi! 
K i ş i. Salam. Salam. Keçin içəri. 
 
Səhnəyə daxil olurlar. 
 
A r v a d. Xoş gəlmisiz! Əyləşin! 
X a n ı m. Vallah, bu siyasi mübarizədən bir dəqiqə də başımız açılmır! Güclə vaxt tapdıq ki, 
gəlib sizi yoluxaq... 
A r v a d. Yaxşı eləmisiz. (Kənara) Hələ bir minnət də qoyurlar e... (Bərkdən) Çox sağ olun! 
P a r t i y a  l i d e r i (Oğula işarə ilə). Bu yenə Marks əmisini oxuyur? 
O ğ u l (ayağa qalxıb, çılğın). Mən sizin siyasi prinsiplərinizə toxunmuram! 
P a r t i y a  l i d e r i. Bizim siyasi prinsiplərimiz xalqın sınağından çıxıb! Sizinki isə çıxmadı! 
O ğ u l. Xeyr! Gələcək kommunizmindir! Biz hələ sizə göstərəcəyik! 
K i ş i. Yaxşı, bəsdirin! Bura mitinqdi? 
Q  ı z (qapını açdığı açarı  əlində oynada-oynada səhnəyə daxil olur). Salam! Suzikdən də 
hamınıza salam var! 
X a n ı m (yavaşdan Partiya liderinə). Bir adamın ki, adı Suzik ola!.. Gör indi bu nə səfehdi 
də!.. 
A r v a d. Sağ olsun... 
O ğ u l. Toje mne... (Səhnədən çıxır.) 
Q ı z (Partiya liderli ilə Xanıma tərəf yaxınlaşaraq). Necəsiz? 
X a n ı m. Eh!.. Necə olacağıq? Siyasi mübarizələr içində!.. 
Q ı z. Bilirsiz... Suzik sizin partiyaya üzv olmaq barədə düşünür... 
X a n ı m (sevincək). Hə? ( Partiya liderinə.) Sənə demirdim? Mənim ürəyimə dammışdı ki, o 
çox ağıllı oğlandı! 
Q ı z. Ancaq... 

 
262
X a n ı m (nigaran). Nə ancaq? 
Q ı z (bir az bikef). Ancaq... deyir ki... orda sədr yeri də tutulub... Baş katib yeri də... 
X a n ı m. Nə olsun? Qoy gəlsin bizim partiyada ideoloji katib olsun! (Partiya liderinə baxır.) 
P a r t i y a  l i d e r i. Olar... 
Q ı z. Görək də... 
P a r t i y a  l i d e r i (Kişiyə). Gəlsənə sənlə həyətə düşüb bir az gəzişək? Bir söhbətim var... 
K i ş i (dərindən bir ah çəkir). Düşək də... 
Q ı z. Suzik deyir ki... 
  
İ ş ı q  s ö n ü r. 
 
 
DÖRDÜNCÜ ŞƏKİL 
 
Bağça. K i ş i, Partiya l i d e r i, D o s t. 
 
P a r t i y a  l i d e r i. Bilirsən, əziz dost, yenə sənə bir balaca işim düşüb... 
K i ş i. Yenə? 
P a r t i y a  l i d e r i. Hə... 
K i ş i. Bilirsən, mənim həyatımda ən böyük arzum nədi? 
P a r t i y a  l i d e r i. Nədi? 
K i ş i (gözəl xəyal aləminə qapıla-qapıla). Günlərin bir gözəl günündə görəydim ki, qapının 
zəngi çalındı, bir gözəl Allah bəndəsi girdi içəri, dedi ki, əziz dost, əziz qardaş,  əziz ata, sənə  nə 
lazımdı? Nə kömək eləyək sənə?.. 
 
Pauza. 
 
P a r t i y a  l i d e r i (əlini oynadır).  Ay-hay!.. Millət bu saat öz müstəqilliyi uğrunda 
mübarizə aparır, bu gör nə haydadı?.. Yox, əziz dost, belə olmaz! 
K i ş i (o gözəl xəyal aləmindən ayrılır). Olmaz də, deyirsən? 
P a r t i y a  l i d e r i. Əlbəttə, olmaz! 
K i ş i (ah çəkir). Yaxşı... Nə olub? 
P a r t i y a  l i d e r i. Bu siyasət aləmi, bilirsən də, bir müsibəti-Kərbəladı!.. 
K i ş i. Sənə deyən vardı ki, gəl başıvı sox bu müsibətin içinə? Gül kimi baytar idin, 
oturmuşdun özünçün qoyunun, keçinin arasında!.. Bundan gözəl həyat ola bilərdi? Hayıf deyil 
səhərdən axşamacan qoyunla, keçiylə, itlə, pişiklə oturub-durasan, bir nəfər də insan görməyəsən?! 
Gül kimi heyvanlardı! Nə bir şey xahiş edirlər səndən, nə səhərdən axşamacan deyinirlər, nə lüstür 
istəyirlər, nə Marksdan xəbərləri var, nə də Suzikdən xəbərləri var!.. 
P a r t i y a  l i d e r i. Bəs millət? Bəs respublikamızın taleyi? Mən xalqımın rifahı naminə 
siyasi mübarizəyə qalxmışam! Bizim müstəqil respublikamız... 
K i ş i (onun sözünü kəsir). Yaxşı!.. Mənə yox də!.. 
P a r t i y a  l i d e r i. Bu nə sözdü? Sən mənim milli hissimə toxunursan!.. Mənim vətəndaşlıq 
prinsiplərim buna dözə bilməz! 
K i ş i. Bəsdi, sən Allah! (Yamsılayır.) «Mənim milli hissimə toxunursan... Mənim vətəndaşlıq 
prinsiplərim...» Bəs sən deyildin sovet vaxtı təklif eləyən ki, Bakının adını dəyişdirib Brejnevabad 
qoyaq? 
P a r t i y a  l i d e r i. O zaman mən kommunizm ideallarına inanırdım! Leninə inanırdım!.. 
Brejnevə inanırdım!.. 
K i ş i. Yenə başladın? Hərdən xudmani məclislərdə bir az vuran kimi, sən deyildin 
Brejnevdən biədəb anekdotlar danışan? 

 
263
 
Pauza. 
 
P a r t i y a  l i d e r i. Mən axmaq da, düşməni gedib o biri siyasi partiyalarda axtarıram... 
(Kişiyə baxır və iki əli ilə də onu göstərir.) Bude-e-e!.. On il mənimlə bir məktəbdə oxuyan, on il 
mənimlə bir partada oturan bu adam, pojalusta!.. Bu da bu adamın mənim haqqımda dedikləri!.. Bir 
nəfər müxbir gəlib oturub bunun dediklərini yazsa, kimdi seçkilərdə  məni müdafiə edən?! Hə?! 
(Kövrəlmiş halda) Mən isə... mən isə... müstəqil respublikamızın gələcəyi naminə sənə... bu qədər 
ümidlər bəsləyirdim!.. 
K i ş i Olmadı də!.. Mən axı, sənin dabbaqda gönünə bələdəm, mənimlə bu dildə danışma də! 
Sən ad günü eləyib partiya yaratmadın? Qonaqlığa gələn qohumların indi də elə bilirlər ki, o vaxt 
zarafat eləyib onlara protokol imzalatdın ki, guya sənin ad günün yox, təşkilat komitəsinin təsis 
iclasıdı... 
P a r t i y a  l i d e r i. Sən... sən... sən demokratiyanın  əleyhinəsən! Bizim müstəqil 
respublikamız... 
K i ş i. (onun sözünü kəsir). Onda mən getdim! (Uzaqlaşmaq istəyir.)  
P a r t i y a  l i d e r i (tələsik). Yaxşı... Dayan... 
K i ş i.. Yox, daha bəsdi!.. 
P a r t i y a  l i d e r i. Bir dəqiqə də!.. 
K i ş i. Onda boynuva al! 
P a r t i y a  l i d e r i. Nəyi boynuma alım? 
K i ş i. Boynuva al ki, mən düz deyirəm! 
 
Dost səhnəyə daxil olur. 
 
D o s t. O-o-!.. Pəki!.. (Kişiyə) Nə gözəl oldu səni burada buldum! Gün aydın! 
K i ş i. Salam. (Partiya liderinə) Bu mənimlə bir məhəllədə böyüyüb. (Dosta) Bu da mənimlə 
bir məktəbdə oxuyub. 
D o s t. Pək əla! Pək əla!  
K i ş i. Sən qalx bizə, indi gəlirik. 
D o s t. Əvət!.. Əvət!.. 
 
Dost gedir. 
K i ş i. Hə, düz deyirəm, yoxsa yox? 
P a r t i y a  l i d e r i. Yaxşı, düz deyirsən... Neynəyim mən? Haçanacan baytar olacam? Mən 
də bir vəzifə istəyirəm! Mən də adam balasıyam, yoxsa yox? Keçəl, qotur, hamısı vəzifə daşıyır! Bə 
mənim nəyim əskikdi? 
K i ş i. Eh, öz xeyrini bilməyən nankor insan!.. Inəyin, öküzün, atın qədrini bilmədin! (Elə bil 
ki, öz-özünə) Eşşəyin qədrini bilməyən eşşək!.. 
P a r t i y a  l i d e r i. Nə? 
K i ş i. Nə nə? Heyvandı, dayanıb baxır üzünə! Ağzını açıb bir söz demir ki, qanın qaralsın! 
Sataşmır sənə! Paxıllıq eləmir! Dalınca danışmır! Ey qədri-bişünas! Öz gözəl günlərinin qədrini 
bilmədin!.. Indi nə istəyirsən? 
P a r t i y a  l i d e r i. Mətbuata bir informasiya sızdır... 
K i ş i. Nə informasiya? 
P a r t i y a  l i d e r i. Ona, yəni ki, mənə, Aqrar Siyasət naziri vəzifəsini təklif ediblər, amma 
mən razılıq verməmişəm... 
 
Pauza. 
 

 
264
K i ş i. Nə? 
P a r t i y a  l i d e r i. Hə də!.. Səhərdən demirsən ki, keçi belə gəldi, eşşək belə getdi? Bunlar 
aqrar siyasətdi də! Dövlətin Aqrar Siyasət naziri! Qoy qəzetlər başlasınlar adımı hallandırmağa!.. 
Heyvandar biznesmenlərdən tutmuş, balıqsatanlaracan, –  balıq da, kürü də aqrar sektordu də! – Hə, 
balıqsatanlaracan o saat partiyanın hesabına pul keçirəcəklər, fikirləşəcəklər ki, birdən sabah elə belə 
də olar!.. Sənə deyim ki, bunu dahiyanə fikirləşmişəm!.. Qoy o biri partiyalardakı  rəqiblərimin 
paxıllıqdan ürəyi partlasın!  
Pauza. 
 
K i ş i. Yox, mən bunu eləyə bilmərəm! 
P a r t i y a  l i d e r i (təəccüblə). Niyə? Bu sənin əlində su içmək kimi asan bir şeydi ki!.. 
K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə... Hər şey düzələcək... Darıxma... 
P a r t i y a  l i d e r i. Nə deyirsən? Eşitmirəm.  
K i ş i (birdən özünü saxlaya bilməyib bağırır). Yox!.. Yox!.. 
P a r t i y a  l i d e r i (bağırtıya bağırtı ilə cavab verir). Onda mən heç səni tanımıram! Haram 
olsun sənə, bir yerdə oxuduğumuz o müqəddəs məktəb dərslikləri! Getmirəm sizə! Get, denən, 
arvad düşsün aşağı! (Birdən-birə yumşalır.) Bura bax, bəlkə eləyəsən? Hə? Mənim xətrimə!.. 
K i ş i (qışqırır). Vallah mən dəli oluram!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
BEŞİNCİ ŞƏKİL 
 
Kişinin evi. A r v a d, X a n ı m, Q ı z, D o s t, K i ş i. 
 
A r v a d. Bax, lüstür bu gündə!.. Vallah, ev dağılır, heç bilmirəm bunun təmiri necə olacaq? 
Su gəlmir!.. Unitazın qapağı  sınıb!.. Qaz kalonkası istəyəndə yanır, istəməyəndə yanmır!.. Heç 
bilmirəm başıma haranın daşını salım? 
X a n ı m. Niyə bilmirsən? Bizim partiyanın! 
A r v a d. Nə? Sizin partiyanın daşını? 
X a n ı m. Yox e, deyirəm ki, gəl bizim partiyanın üzvü ol! 
A r v a d. Onda unitazın qapağı düzələcək? 
X a n ı m (kənara). Ah, belə dar düşüncəli insanlarla birlikdə necə siyasi mübarizə aparasan?.. 
Bu millətin axırı nə olacaq, Ilahi? 
Q ı z (səhnəyə daxil olur). Suziklə telefonla danışdım! 
X a n ı m. Hə? Nə oldu? 
Q ı z. Suzik soruşur ki... 
X a n ı m. Nə soruşur? 
Q ı z. Suzik soruşur ki... sizin partiyada ticarət üzrə katib yeri yoxdu? 
 
Pauza. 
 
Ya da gömrük üzrə? 
 
Pauza. 
 
D o s t (səhnəyə daxil olur). Qapını açıq qoymusuz... Dost belə olar!.. Dost qapısı həmişə dost 
üzünə açıq gərək! Mərhaba!.. Mərhaba!.. (Qəfildən Xanımı görərək yerində donur.)  
A r v a d (kənara). Yenə gəlib bəxtəvər eləyib bizi... (Dosta) Xoş gəlmisiz!.. Əyləşin... Mən də 
bu saat çay dəmləyib gətirirəm.  

 
265
Q ı z. Mən də Suzikə zəng eləyim. 
A r v a d. Indicə danışdın ki, onunla... 
Q ı z. Nə indicə? Gör nə qədər keçib? 
 
Arvad və Qız səhnədən çıxırlar. 
 
D o s t (həyəcanla). Sabahınız xeyir... 
X a n ı m (təəccüblə). Indi axşamdı ki... 
D o s t. Əvət!.. Qüsura baxmayın... Üzr diləyirəm... Bu kəndimdən asılı olmadı... Mən indi sizi 
görəndə, yenə də elə bil iyirmi il bundan qabaqkı kimi, günəş gördüm... 
X a n ı m (sövq-təbii bir qəmzə ilə). Yox... 
D o s t. Əvət! Əvət! Bu, kəndimi bürümüş həyəcandandı!.. Bu iyirmi il... 
X a n ı m (onun sözünü kəsir). Bu iyirmi ildə çox şey dəyişib... Siz də dəyişmisiz... Saçınız 
tökülüb... Saqqal qoymusuz... 
D o s t. Fəqət siz dəyişməmisiz! 
X a n ı m. Yox, canım... Mən də dəyişmişəm... Ailə həyatı qurmuşam... 
D o s t (tələsik). Yox, mən subayam! 
X a n ı m. Axı, siz bir bolqar qızı ilə komsomol toyu eləmişdiz. Bunu o vaxt bütün qəzetlər 
yazmışdı. Yadıma gəlir, toyda Brejnevə və Todor Jivkova təşəkkür məktubu qəbul etmişdiz! 
D o s t. Bütün bunlar şimdi  əbədi bir keçmişdə qalmışdır! Keçmiş  həyat yoldaşım mənim 
türkçülüyümə dözə bilməyib Bolqarıstana qayıtdı... 
X a n ı m. Siz indi türkçü olmusuz? 
D o s t. Əvət! Əvət! Mən şimdi itimin adını Todor Jivkov qoymuşam! 
X a n ı m. Itinizin adını? 
D o s t. Əvət! Biz müasir türk dünyasına Atilla günəşinin şüalarını saçmalıyız! 
X a n ı m. Axı... axı, yadıma gəlir, qabaqlar mən sizi bir dəfə televizorda gördüm... Siz... siz 
onda Atillanı mürtəce bir hökmdar adlandırırdız, deyirdiz ki, istismar edən sinfin cəlladı olub... 
D o s t. Xeyr! Xeyr! Siz nə danışırsız? 
X a n ı m. Bunu mən demirəm e, o zaman siz deyirdiz... 
D o s t. Xeyr! Belə olmaz! Atilla qəhrəmanlıq simvoludu! 
 
Kişi səhnəyə daxil olur və onların söhbətini eşidib dayanır.  
Xanım və Dost təbii ki, onu görmürlər. 
 
D o s t (xəyala dalaraq). Iyirmi il bundan qabaq... Universitet illəri...  
X a n ı m. Onda siz fakültənin komsomol katibi idiniz... 
D o s t. Xeyr!.. Siz nə üçün ancaq ictimai hadisələri xatırlayırsız?  (Romantik  əhvali-ruhiyyə 
ilə)  Sizi ilk dəfə gördüyüm o işıqlı gün... Sonra o işıq həmişə  mənim ürəyimdə olub... Sizinlə 
birlikdə sinemaya getdiyimiz o gün...  
X a n ı m. Yadımdadı... Biz onda «Çapayev» filminə baxdıq... 
D o s t. Siz o filmi yox, qaranlıq zalda yanaşı oturmağımızı yadınıza salın... Gəlin biz ictimai 
xatirələrdən tamam uzaqlaşaq!.. Onlar əbədi bir keçmişdə qalmış qara xatirələrdi... O qaranlıq zalın 
işıq saçan xatirələrinə qayıdaq! Gəlin, kəndimizə qayıdaq!..  (Daha artıq bir ruh yüksəkliyi ilə.) 
Gəlin... gəlin biz yeni bir həyat quraq!.. Biz öz məhəbbətimizin timsalında türk dünyasının ölməz 
ənənələrini yaşadaq! 
X a n ı m (təşvişlə). Siz nə danışırsız? Mən ömrümü həyat yoldaşıma və onun siyasi 
mübarizəsinə həsr etmişəm! Bir də belə sözlər danışmayın! Eşidən olar... Belə sözlər mənim həyat 
yoldaşımın siyasi karyerasına ziyan gətirər!.. Siz nə danışırsız? 

 
266
D o s t (get-gedə vəcdə gələrək). Xeyr! Mən bu sözləri özümə görə demirəm! Mən bütün türk 
dünyasını duyuram! Hiss edirəm!.. Siz mənim üçün elə bir enerji mənbəyi olardınız ki, mənim türk 
dünyasındakı fəaliyyətim xarüqələr yaradardı!.. 
X a n ı m. Xahiş edirəm bir daha belə sözlər danışmayasız!.. Mən razı ola bilmərəm ki, mənim 
həyat yoldaşımın siyasi karyerasına xələl toxunsun!.. Görürsüz, pis qadınlar Klintonu necə 
incidirlər? Mən buna razı ola bilmərəm! 
D o s t. Xeyr! Siz qorxa bilməzsiz! Siz boz qurd ürəkli türk xanımlarının nəvəsisiniz! Mən sizi 
kökünüzə, soyunuza qaytaracağam! Biz yeni bir həyat qurmalıyıq! 
X a n ı m. Yenə belə sözlər danışırsız?  (Birdən-birə coşğun bir ruh yüksəkliyi ilə.)  Gəlin... 
gəlin biz həqiqət aşiqi olaq!  
 
Pauza. 
 
D o s t. Nasıl? 
X a n ı m. Həqiqət aşiqi! 
D o s t. O nasıl olur? 
X a n ı m. Siz bizim partiyaya daxil olun! 
D o s t. Sizin partiyaya? 
X a n ı m. Bəli! 
D o s t. O nə partiyadı elə? 
X a n ı m. Azərbaycan Ali Həqiqət Partiyası!  (Yumruğunu yuxarı qaldıraraq ehtirasla) 
Ölkəmizin aparıcı partiyası! Biz xalqımızın rifahına nail olmaq üçün hakimiyyət uğrunda mübarizə 
aparırıq! Gəlin! Gəlin biz sizinlə  əqidə dostu olaq! Məslək yoldaşı olaq! Mənim həyat yoldaşım 
bizim partiyanın sədridir! Mən də Baş katibəm! Gəlin, siz də ideoloji katib olun! 
D o s t. Axı, mən pantürkist olmuşam! 
X a n ı m. Nə olsun? Bizim siyasi savadı çatışmayan camaatımızdı buna pis baxan! Türkiyədə
kim istəyir, bu partiyadan çıxıb o birinə girir! Siz də indi bizim partiyanın ideoloji katibi olun! 
K i ş i (boğazını arıtlayır.) Əhə-əhə!.. 
X a n ı m (onu görüb özünü itirərək yavaşdan). Ah, görəsən heç nə eşitmədi ki?.. 
D o s t. Gəldin? 
K i ş i. Gəldim və gedirəm!  
D o s t. Hara gedirsən? Mənim səndən xahişim var axı! 
K i ş i. (o biri otağa gedə-gedə). Yox! Mən qurtardım daha! Mənim başım çatdayır! Mən daha 
dözə bilmirəm! (Xanıma) Əriniz sizi həyətdə gözləyir! (Səhnədən çıxır.) 
D o s t. Buna nə olub belə? 
X a n ı m (eyni təşvişlə). Görəsən, bizim söhbətimizi eşitmədi ki? 
D o s t. Siz nə üçün belə həyəcanlanırsız? Axı, siz Tomrisin nəvəsisiz! 
X a n ı m. Xeyr! Mənim nənəmin adı Nisəbacı idi! 
D o s t (eyni şövqlə). Siz Nüşabənin nəvəsisiz! 
X a n ı m. Yox! Mənim o biri nənəmin adı Qızxanım idi! Mən getdim!.. (Səhnədən çıxmaq 
istəyir.) 
D o s t. Bir dəqiqə əcələ edin! (Onun ardınca gedir.) 
X a n ı m. Yox! 
A r v a d (əlində məcməyi səhnəyə daxil olur). Hara gedirsiz? Bəs çay? 
Q ı z (tələsik səhnəyə gəlir). Suzik deyirdi ki... 
 
İ ş ı q  s ö n ü r. 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin