Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə114/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   110   111   112   113   114   115   116   117   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1449



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

а прямой халифский контроль больше никогда не был восстановлен в Северо-Западном 

Иране. Автор отмечает, что падение династии Саджидов оставило после себя «вакуум 

власти». 

Итак, несмотря на существующие недочеты в освещении тех или иных историчес-

ких событий, произведения К.Э.Босворта ценны полезными сведениями, позволяющи-

ми  нам  изучить  этническое  происхождение,  политическую  историю  государства 

Саджидов. 

 

 

ƏRƏB ƏNDƏLUS ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ 



 

Səadət İBRAHİMOVA 

AMEA, akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 

isaadat@rambler.ru 

AZƏRBAYCAN 

 

VIII  əsrin  əvvələrində  İspaniyada məskən salan ərəblər tərəfindən tarixdə ilk dəfə 



olaraq, qərb ölkəsində ərəb ədəbiyyatı və mədəniyyəti formalaşdırılmışdır. Ərəblərin İspani-

yaya ilk gəlişi sərkərdə Tariq bin Ziyadın (711-ci ildə) adı ilə bağlıdır. Abbasilər sülaləsi 

tərəfindən 750-ci ildə  Əməvilərin hakimiyyətinə son qoyulduqdan sonra Əməvi  şahzadəsi 

Əbdürrəhman İspaniyaya qaçaraq burada Əməvilərin hakimiyyətini bərpa etmişdi. Qeyd edək 

ki, ərəblər müsəlmanlar tərəfindən idarə edilən İspaniyanı Əndəlus adlandırırdılar.  

Ərəblərin hakimiyyəti dövründə  Əndəlusda çoxlu saraylar, yüzlərlə  məscid, hamam, 

iyirmiyə yaxın universitet və yüzə yaxın xalq kitabxanası inşa edilmişdir. Belə ki, xəlifə əl-

Hakim məmurlarını İsgəndəriyyə, Bağdad, Dəməşq kimi elm mərkəzlərinə göndərərək yeni-

yeni kitablar aldırır və ya oradakı kitabxanalarda olan qiymətli kitabların üzünü köçürtdürür-

dü. Beləcə  Əndəlusda  ən zəngin kitabxanalar yaradılmışdır. Qeyd edək ki, orta əsrlər döv-

ründə Əndəlusda yazıb-yaradan alimlər Çin və Hindistanda edilən kəşflərdən və qədim yunan 

elmlərindən xəbərdar idilər. Buna görə də həmin dövrdə Əndəlus müsəlmanları mədəniyyət, 

elm, ədəbiyyat və yaşayış səviyyəsi baxımından avropalılardan üstün idi. Əndəlusda oxuyan 

və yaza bilənlərin sayı da Avropa ölkələrində oxuyub-yaza bilənlərdən qat-qat artıq idi.  

Əndəlusda ərəblərin əldə etdiyi nailiyyətlərdən biri də şərq və qərb ədəbiyyatının xüsu-

siyyətlərini özündə  əks etdirən  Əndəlus  ədəbiyyatını yaratmaq idi. Belə ki, buradakı  ərəb 

əsilli şairlər klassik ərəb şeirinin iki böyük qanunu olan əruz və qafiyə sisteminə zərbə vura-

raq formal buxovlardan azad muvaşşah və  zəcəl  şeirini yaratmışdılar. Muvaşşah  şeiri  ərəb-

ispan poeziyasının  ərəb  ədəbiyyatına bəxş etdiyi yeniliklərdən biridir. “Muvaşşah” sözünün 

iki mənası vardır: “qadınlar tərəfindən istifadə edilən inci və daş-qaşlarla bəzədilmiş dəri kə-

mər” və “çiyinə salınan çələng”.Muvaşşahın ilk dəfə kimin tərəfindən yazılması barədə təd-

qiqatçılar arasında təzadlı mülahizələr var. Lakin bir çox tədqiqatçının fikrincə muvaşşahı 

yaradan Əmir Abdullah ibn Məhəmmədin saray şairlərindən olan Muqaddam ibn Muafa əl-

Qabri (812-840) idi. Qeyd edək ki, Əndəlusda kişi  şairlərlə yanaşı  bəzi qadın  şairələr də 

muvaşşah  şeir nümunələri yazmışdılar. Onlar içində  ən məşhuru Ummu-l Kərəm bint-ul 

Muta-sim idi. Lakin onun yazdığı muvaşşahlar günümüzə  qədər gəlib çatmayıb. Zəcəl isə 

xalq  şeirinə daha yaxın bir ədəbi növdür. İspaniyada  ərəblər tərəfindən yaradılan zəcəl  şeir 

növündə ən çox yazıb-yaradanlar isə İbn Əbdürrəbbih, Ramədi və İbn Kuzman idi.  

Qərb dünyasının alimləri və ədiblərinin Əndəlusda yetişmiş İbn Rüşd, İbn Tufeyl, İbn 

Ərəbi kimi bir çox böyük filosoflarından təsirlənmələri də Əndəlus mədəniyyətinin əhəmiy-

yətinin bariz göstəricisidir. Avropalılar şərq fəlsəfəsini və digər elmləri Əndəlusda yaradılmış 

elmi və mədəni mərkəzlərdəki dəyərli əsərlər vasitəsilə öyrənə bilmişdilər. Nobel mükafatçısı, 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1450



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

tanınmış fransız fiziki Pierre Curie qeyd etdiyi kimi: “Əndəlusdan bizə qalan 30 kitab sayə-



sində atomu parçalaya bildik, əgər yandırılan bir milyon kitabın yarısı  əlimizə keçsəydi 

bugün artıq kosmosda planetlər arasında səyahət edirdik”. 

Qeyd edək ki,Əndəlus  ədəbiyyatı  və  mədəniyyəti həm Avropa, həm də müasir ərəb 

ədəbiyyatına təsir etmişdir. Belə ki, müsəlmanların Əndəlusda yaratdıqları mədəniyyət barədə 

XVI-XVII əsrlərdə yaşamış xristian əsilli ispan yazıçısı Migel de Servantesin məşhur "Ağıllı 

zadəgan Don Kixot" əsərinin müxtəlif yerlərində məğriblilərin yəni Əndəlus müsəlmanlarının 

elm və  mədəni səviyyələrinin üstünlüyü qeyd edilməkdədir. Həmçinin bildirək ki, İbn 

Tufeylin bütün dünyada tanınan “Hayy ibn Yəqzan” əsəri “Robinzon Kruzo” əsərinin müəllifi 

Daniel Defonun və bir çox digər qərb yazarlarının yaradıcılığına təsir etmişdir. Xüsusilə XIX 

əsrin sonu XX əsrin əvvəllərində Suriya və Livandan Cənubi Amerikaya mühacirət etmiş ərəb 

ədibləri  ərəblərin  İspaniyada yaratdıqları  ədəbiyyatın  şərəfinə 1933-cü Braziliyada təsis 

etdikləri ədəbi cəmiyyəti “əl-Usbətu-l Əndəlusiyyə” adlandırmışdılar.  

Beləliklə, hələ Avropadakı renessansdan 4 əsr əvvəl Əndəlus artıq elmi dirçəliş dövrünü 

yaşamış  və  ətalət içində yaşayan Qərb dövlətlərində renessans hərəkatının inkişaf etməsinə 

xüsusi təsir göstərmişdir. Zəngin ədəbiyyata və mədəniyyətə sahib olan ərəblər Qərbdə-İspa-

niyada böyük bir müsəlman mədəniyyətinin qurucuları olmaqla yanaşı xristian torpaqlarında 

şərq mədəniyyətini və elmini uğurla inkişaf etdirmişdilər.  



 

 

FƏZLULLAH RƏŞİDƏDDIN HƏMƏDANININ VƏZİRLİYI 

 

Arzu XASIYEVA  

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

“Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsi 

AZƏRBAYCAN 

 

Rəşidəddin Təbib və yaxud Rəşidəddin Fəzlullah Həmədani (1247-1318) XIII-XIV 



əsrlər Elxanilər sarayının məşhur həkim, yazıçı, tarixçisi olaraq böyük İslam tarixi “Cami ət-

təvarix”in müəllifi kimi tanınır.  Əbülxeyr bin Qalinin oğlu olan Rəşidəddin Fəzlullahın 

(1247-1318)ən həqiqətə uyğun bioqrafiyası fransız  şərqşünası E.Kartmer (“Memorie sur la 

vie et les ouvrages de Raschid-Eldin”) tərəfindən verilmişdir. Rəşidin adı və nəsli haqqında 

məlumat verən Paris Milli Kitabxanasında saxlanan Rəşidə aid əlyazmadan məlum olur ki, 

onun ata və babası ya təbib, ya da təbib sənətini bilən idilər. Məhz bu cəhətə fikir verərək 

ingilis  şərqşünası A.Boyle Rəşidin müasirləri tərəfindən “təbib Rəşid” adlandırıldığını qeyd 

etmişdir. O, Həmədanda yəhudi  əsilli nüfuzlu və varlı  təbib ailəsində dünyaya gəlmişdir. 

Babək Rəşnuzadəyə görə “Tarix-i qozidə”, “Tarix-i Vəssaf”, “Zeyl-i cami ət-təvarix”, “Həbib 

əs-siyar”, “Dəstur  əl-vuzəra”, “Məcmə  əl-ənsab”, “Durrət  əl-əxbar va ləmət  əl-ənvar”, 

“Nəsəim  əl-əshar min lataim əl-əxbar”, “Mətlə sa-sadeyn” əsərlərin heç birində  Rəşidin 

həyatına və neçə il ömür sürməsinə dair bir məlumat qeyd olunmamışdır. Lucien Lerclerc 

Rəşidin fars, ərəb, monqol, türk, ibri və bəlkə də çin dillərini bildiyini qeyd etmişdir (Historie 

de la Medicine Arabe). 

Rəşid təbiblik sənətini atasından öyrənmiş və qısa zamanda bu sahədə şöhrət qazanaraq 

Abaqa xanın (1265-1282) xüsusi təbibi kimi yüksək nüfuz əldə etmişdir. Ancaq Rəşidin mək-

tublarını  tədqiq etmiş A.İ.Falinaya görə onun dəqiq hansı peşə ilə xana xidmət göstərdiyini 

demək mübahisəlidir. Maraqlıdır ki, A.İ.Falinanın fikrinin əksinə olaraq ingilis şərqşünası 

A.Boyle belə qənaətdədir ki, İslam dinini qəbul edən Rəşid Abaqa xana həkim kimi xidmət 

göstərmişdir və Keyxatunun hakimiyyətində isə xana münasib və faydalı qidalar hazırlamaqla 

məşğul idi. Haşim Rəcəbzadəyə görə isə Rəşid vəzirlikdən əvvəl həkim və yaxın həmsöhbət 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1451



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

kimi fəaliyyət göstərmişdir. Arqun xanın dövründə sadə bir məsləhətçi olan Rəşid səfir kimi 

Hindistana gedərək yerli əhalini va hakim dairələri Elxanilərin əzəmətindən xəbərdar edərək 

xərac almağa müvəffəq olmuş  və özü bunu sonra məktublarında qeyd etmişdir. Keyxatu 

hakimiyyətə gəldikdə Rəşid vəzirlik etmək dəvətini qəbul etməmişdir. Ancaq Elxanilər sara-

yında yaranan problemlər, xəzinənin boşalması nəticəsində Rəşid öz şəxsi xəzinəsini bu işdə 

xərcləyərək xana xidmət göstərmişdir. Qazan xanın (1295-1304) zamanında Rəşidin nüfuzu 

artır və birlikdə eyni vəzifədə çalışan vəzir Sədr əd-Din Əhməd Xalidi Zəncani divan malın-

dan sui-istifadə edib özündən yarlıq, fərman verməsinə görə edam olunduqdan sonra 1298-ci 

ildə vəzir məqamı Səd əd-Din Məhəmməd Mustovfi Savəci və Rəşidəddin Fəzlullah Həmə-

daninin öhdəsində olur. Qazan xandan sonra Ulcaytu xanın dövründə vəzir məqamında qalan 

bu iki vəzir arasında ixtilaflar meydana gəlir. Dini və elmi məsələrə önəm verən Ulcaytunun 

zamanında (1304-1316) da vəzirlik məqamı onların öhdəsində olur,xan gənc və istedadlı 

Tacəddin Əli şah Təbrizini onlarla birlikdə vəzir məqamına yüksəldir. İki vəzir arasında əda-

vətin güclənməsi məhz bu zamandan başlamışdır. Rəşid şafii məzhəb, Sədəddin isə şiə məz-

həb idi və  Rəşidin təsiri ilə Ulcaytunun sünni məzhəbə keçməsi onların arasındakı  ədavəti 

artırır. Haşim Rəcəbzadəyə görə  Vəssafın qeydlərinə fikir verdikdə  məlum olur ki, Ulcaytu 

Rəşidi baş vəzir vəzifəsinə yüksəldərək onun rütbəsini artırdı. Rəşid Ulcaytu xana Səd əd-Din 

Məhəmməd Savəcinin divan malından sui-istifadə etməsini xəbər verir, eyni zamanda Səd əd-

Dinin dostları isə bu hərəkəti Rəşidin adına çıxarmağa cəhd edirdilər. Ulcaytu bu mövzunu 

dəqiq tədqiq etdikdən sonra günahkar hesab olunan Sədr əd-Dini bir neçə köməkçisi ilə öldüt-

dürür. Həmdullah Mustovfi isə “Xacə  Səd  əd-Din Mustovfinin vəzir və möhür (al-e tamğa) 

sahibi, Xacə Rəşidəddinin isə sahib divan və səltənətin nümayəndəsi” olduğunu qeyd etmişdir.  

Abdullah Kaşaninin “Ulcaytu tarixi”ndən məlum olur ki, Səd  əd-Din Rəşidin yəhudi 

əslini bəhanə edərək tez-tez ona acı sözlərlə hücum edirdi və buna görə o, əvvəlcə vəzifəsin-

dən azad olunur, 1312-ci il 19 fevralda isə edam olunur. Həmin il yəhudi əlifbası ilə yazılmış 

və Rəşidin sultanı öldürmək planının yazıldığı bir məktub aşkarlanır. Ancaq Rəşid məktubun 

saxta olduğunu sübut etməyə müvəffəq olur. Yeni vəzir Tacəddin  Əlişah Təbrizi həmçinin 

Səd əd-Dini gözdən salmağa çalışaraq onun xəzinə mülkündən oğurluq etdiyini şaha çatdıra-

raq iki vəzirin arasındakı ixtilaflardan bəhrələnmək fikrində idi. Sədəddinin azalan nüfuzu 

onun özünü də qorxudurdu, Rəşidin onun tərəfini saxlamaması Sultanın fikrini qətiləşdirmiş 

və nəticədə o, edam olunmuşdur. Səd əd-Dindən sonra Tacəddin Əlişah və Rəşidəddin vəzir 

məqamını bölüşürlər. Onların arasındakı narazılıq nəticəsində Ulcaytu fərman verərək hər iki 

vəzirin məsul olacaqları  əraziləri müəyyənləşdirir. Bu məlumatı Abdullah Kaşani “Ulcaytu 

tarixi”ndə və Hafiz Əbru “Zeyl-i Came ət-təvarix”də belə göstərmişdir: 

“Abmuyədən,  İraq-i  Əcəmin Zəre körpüsünün qırağından, Fars, Kirman, Şəbankarə, 

Böyük Lor və Kiçik Lordan Xorasan sərhəddinə qədər uzanan bir ərazini Rəşidəddinə əmanət 

etdi və Diyar-i Bəkr, Diyar-i Rəbiə (6), Muğan, Ərran, Bağdad, Bəsrə, Vasit, Hillə və Kufə 

şəhərlərini isə Xacə Tacəddin Əlişaha tapşırdı.” 

Yeni vəzir digərlərindən fərqli olaraq daima Rəşidə qarşı intriqalar hazırlayaraq onun 

sultanın yanındakı ehtiramını məhv etmək istəyirdi. Ulcaytu xanın hakimiyyətinin son illərin-

də Rəşidin bir vaxtlar himayət etdiyi Əlişah xana çox yaxın olmuşdur, bir sıra mühüm işləri 

artıq Rəşidlə  məşvərət etmədən yerinə yetirirdi. Xorasan qoşununun xərcini ödəmək üçün 

xəzinədəki mülk və sərvətin hesabını istəyən xana Rəşid sərvətin azalmasının səbəbkarı kimi 

möhür sahibi Əlişahı göstərir. Xüsusi ilə onun divan mülkündən çoxlu xəzinə  əldə etməsi, 

rüşvət almasını  Əlişah daimə xana çatdırırdı. Bütün bu Rəşid haqqında xoş olmayan sözlər 

xanın yanında Rəşidin nüfuzuna təbii ki, təsir edərək acı sonluğu üçün zəmin hazırlayırdı. 

Əvvəlcə vəzifəsindən azad olunan Rəşid Sultaniyyədən Təbrizə gedir. Əmir Çoban onu yeni-

dən vəzirliyə  dəvət etmək üçün Təbrizə  gələrək, onun yenidən vəzirlik məqamına qayıtma-

sında təkid edir. Bu hal Əlişahı narahat etdiyindən o, sui-qəsd planı hazırlayır. Təxminən 6 il 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1452



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sonra 1317-ci ildə Əbu Səidin dövründə baş vəzir Tacəddin Əli şah və Əmir Çobanın yaxın-

dan müdaxilə etdiyi araşdırmalar nəticəsində 70 yaşlı  Rəşidi Ulcaytunu zəhərləməkdə 

günahlandırırlar. Məmlük mənbələrinin məlumatına görə, Rəşid Ulcaytu xanın təbiblərinin 

məsləhətinin əleyhinə hərəkət etdiyini etiraf etmişdir və xanın xəstəliyi üçün hazırlanmasını 

əmr etdiyi məlhəmdə metal zəhərlənməsinin  əlamətləri aşkarlanmışdır. 1318-ci ildə  əvvəlcə 

Ulcaytunun şərbətdarı (şərbət paylayanı) olan 16 yaşlı oğlu İbrahim gözü önündə edam edilir, 

sonra Rəşid Əbhər yaxınlığında qəddarcasına edam olunur. Həmçinin onun qohumlarını, mal 

və mülkünü qarət edirlər, “Rəb’e Rəşidi”də onun əsərlərindən ibarət olan kitabxananı qarət 

edərək yandırırlar. 1327-ci ildə  Əmir Çobanın edam olunmasından sonra Rəşidin mülkləri, 

xüsusən “Rəbe Rəşidi” oğullarına qaytarılır. Yalnız 10 ildən sonra Rəşid bəraət qazanır, ailəsi 

isə əvvəlki qüdrətini tədricən bərpa edir. Rəşidin oğlu Qiyasəddin vəzir məqamına yüksələrək 

atasının yolunu davam etdirir. 

 

 



MƏDƏNİ İRSİN MƏHVİ 

 

İsrafil CƏFƏROV 

Mədəniyyət və turizm Nazirliyi 



ormanss@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbay-



can Respublikasına məxsus yeddi rayonda Ermənistanın işğalı nəticəsində ümumilikdə 699 

tarix-mədəniyyət abidəsi işğal edilmiş, 4366 mədəni sosial obyekt dağıdılmışdır. Bu 

abidələrin böyük bir qisminin tamamilə məhv edilməsi və yaxud yararsız vəziyyətə salınması 

ilə bağlı  əlimizdə maddi sübutlar vardır. Talan edilmiş muzeylərimizdən 40 000-dən artıq 

qiymətli əşyalar və nadir eksponatlar oğurlanmış, bir hissəsi isə qaçaqmalçılıq yolu ilə digər 

xarici ölkələrə satılmışdır.  

 Bundan əlavə uzun tarixi dövr ərzində hazırkı müstəqil Azərbaycan dövləti ərazisində 

mövcud olmuş Qafqaz Albaniyası dövrünə aid olan kilsə və məbədlər qriqoryanlaşdırılmış, 

məhz Albaniyaya məxsus olan memarlıq üslubu məhv edilərək saxtalaşdırılır.  

 Son  illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi 

statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən  Şuşa  şəhəri  ətrafında 500-dən çox 

abidə “erməni abidəsi” kimi qeydiyyata alınıb.  

 Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun 

topladığı faktlara əsasən işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələr 

xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar 

olduğundan onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək müm-

kün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına 

görə 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 20 il ərzində işğal altındakı ərazilərdə 

dağıdılan tarix-mədəniyyət abidələrinin sayı  hərbi münaqişə zamanı dağıdılmış abidələrin 

sayından çoxdur. 

Hətta bütün bunlar azmış kimi, dünyada qəbul edilmiş bütün etik və dini dözümlülük 

normalarına zidd olaraq müsəlmanların müqəddəs inanc yerləri olan məscid binasında hey-

vanların saxlanılması barədə fotoşəkilli sübutlara da sahibik. Bu cür tədbirlər dünyada din-

lərin, mədəniyyətlərin və sivilizasiyaların bir-birlərinə etimadının azalmasına, fundamenta-

lizm və radikalizm meyllərinin artmasına şərait yaradan həssas məqamlardır. Təbiidir ki, bu 

cür hallar Ermənistanın hazırkı hökumətinin siyasətinin bariz təcəssümüdür. Bu cür siyasət 

ən ali insan hüquqlarına açıq aşkar hörmətsizlik və etimadsızlığın göstəricisidir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1453



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və sax-

talaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən 

əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, 

ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxt-

larda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti 

araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu 

ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni 

abidələri adı altında pasportlaşdırılır.  

İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və 

saxtalaşdırılması 1954-cü ildə  qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər 

zamanı  mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi 

münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni 

dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan 

və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi 

qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdı-

rılması YUNESKO-nun “Ümumdünya mədəni və  təbii irsin qorunması haqqında” konven-

siyasının pozulmasıdır. Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilər-

dəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də 

qismən araşdırılıb. Bununla belə, Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə tarixi 

abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib.  

İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiy-

yətli abidə qeydə almışdı. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə 

tarixi abidə isə  rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz 

adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər. 

Ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla 

kifayətlənməyib bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadır. Məqsəd ermənilərin 

Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi fakt-

ları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta 

tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar  əsasən 2000-ci illərin  əvvəllərindən 

başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir 

qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqa-

mətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik “Böyük 

Ermənistan” dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub və hazırda 

qazıntı işlərini hələ də davam etdirməkdədir. 

 

 



AZƏRBAYCANIN QAYAÜSTÜ RƏSMLƏRİNDƏ TƏSƏRRÜFAT 

HƏYATININ ƏSAS SAHƏLƏRİNİN TƏSVİRİ 

 

Anar ƏLIMƏMMƏDOV 

Azərbaycan Milli Elmlər Akademiyası 

Arxeologiya və Etnoqrafiya İnstitutu 

anarelimemmedov@yahoo.com 

AZƏRBAYCAN 

 

Qayaüstü rəsmlər qədim insanların məşğuliyyəti, təsərrüfat həyatı, mənəvi baxışları və 



dünyagörüşlərinin öyrənilməsində  əhəmiyyətli mənbə hesab olunur. Bu tip tarixi abidələrə 

dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda rast gəlinir. Müasir Azərbaycan res-

publikasının  ərazisində qayaüstü rəsmlər Qobustan, Gəmiqaya (Ordubad), Kəlbəcər və 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1454



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Abşeron  ərazilərində qeydə alınmışdır. Bu ərazilərdə ümumilikdə qeydə alınmış on mindən 

artıq təsvir  əcdadlarımızın 15 min illik tarixinin öyrənilməsinə imkan verir. Azərbaycanın 

qayaüstü rəsmləri mövzu və süjet baxımından olduqca zəngindir. Bu cəhətdən insanların 

təsərrüfat həyatı ilə - ovçuluq, maldarlıq və əkinçiliklə bağlı rəsmlər xüsusi yer tutur.  

Ovçuluq qədim insanların ilk məşğuliyyət sahələrindən və qida mənbələrindən biridir. 

Qayaüstü rəsmlərdə bu qədim məşğuliyyət növünün bir sıra məqamları  əks olunmuşdur. 

İnsanların tək və kollektiv şəkildə təsvir olunduqları səhnələrdən ov heyvanları, ov silahları, 

ovçuluqla bağlı olan ovsun və ayinlər barədə məlumat almaq mümkündür.  

Təsvirlərin böyük bir hissəsini ox və kamanla keçi və maralların ovlanması  səhnələri 

təşkil edir. Məsələn, Gəmiqayada 239 №li daşdakı ov səhnəsində ox-kamanla silahlanmış 

ovçunun dağ keçisini nişan alması təsvir olunmuşdur. Ovçunun sağ çiyninin üstündə ox qabı 

aydın görünür. Abşeronda Bəndüstü yaşayış yerindən aşkar edilmiş daşın üzərində isə ox-

yayla silahlanmış ovçunun maralı nişan alması səhnəsi diqqət çəkir. Belə səhnələr Qobustan 

və Kəlbəcər qayalarında da mövcuddur. Bundan başqa Gəmiqayadakı 36 №li daşda kəmənd 

atan insan təsviri, Qobustanda atlının maralı qovması və ona nizə atması (Yazılıtəpə, daş № 9, 

100 və s.), şahinlə ov (Böyükdaş, aşağı səki sahəsi, daş № 258), heyvanların tələyə salınması 

(Böyükdaş, yuxarı səki sahəsi, daş № 45) və s. səhnələr də əcdadlarımızın müxtəlif ov üsulları 

ilə tanış olduğunu sübut edir.  

Qayaüstü təsvirlərdə real ov səhnələri ilə yanaşı, ovçuluqla bağlı ovsun və ayin səhnə-

ləri də  əks olunmuşdur. Uğurlu ovun təmin edilməsi səhnələrinə  Gəmiqaya və Qobustanda 

rast gəlinir. Gəmiqayadakı belə səhnələrdən birində ox-yay və kəmənd tutan insan və bir dəstə 

keçi təsvir edilmişdir. Ovçunun bir əli keçinin başına, oxu isə ayağına uzadılmış vəziyyətdədir 

(3, s. 120). Qobustanda möhkəm  əşya ilə vurulmuş  zərbələrin izi qalmış öküz təsvirləri, 

Kiçikdaş dağı 58 №li daşda oxçuların öküz sürülərini qovması  və onları  tələyə salması 

səhnəsi də uğurlu ov üçün icra olunan ayinlərdəndir.  

Azərbaycanın qayaüstü təsvirlərində maldarlıq təsərrüfatı ilə bağlı  səhnələr də kifayət 

qədərdir. Gəmiqaya və Kəlbəcərdə təsərrüfatın bu sahəsinə aid təsvirlərdə davar, xüsusilə də 

keçi rəsmləri üstünlük təşkil edir. Bu, həmin  ərazilərin təbii-coğrafi  şəraitinin yaylaq mal-

darlığı üçün əlverişli olmasından irəli gəlir. Yaylaq maldarlığının əsasını təşkil edən davarlar 

qədim insanları ət, süd, yun, dəri kimi zəruri məhsullarla təmin etmişdir.  

Gəmiqayadakı 443 №li daşda keçilərlə yanaşı daxilində nöqtələr olan düzbucaqlı for-

maya malik işarə nəzərə çarpır. Tədqiqatçıların fikrincə bu işarə davarların saxlandığı dəyəni, 

onun daxilindəki nöqtələr isə keçiləri ifadə edir. 278 №li daşda keçinin kəməndlə tutularaq 

dəyəyə (kvadrata) salınması səhnəsi təsvir olunur.  

Azərbaycanın  əkinçi-maldar tayfalarının təsərrüfat həyatında öküz xüsusi əhəmiyyətə 

malik olmuşdur. Bu tayfaların yaylağa və əksinə köçü zamanı öküzlər başlıca qoşqu qüvvəsi 

idi. Bunu Kəlbəcər və Gəmiqayadakı öküzə qoşulmuş araba təsvirləri də sübut edir. Həmin 

arabalar iki və dörd təkərli formada təsvir edilmişdilər. Qobustanda Yazılıtəpədəki 55 №li 

daşın üzərində də ikitəkərli araba təsvirinə rast gəlmək mümkündür.  

Kiçik Qafqazdan fərqli olaraq, Qobustanda maldarlıq  əsasən, oturaq xarakter daşımış-

dır. Böyükdaş dağı yuxarı səki sahəsindəki 45 №li daşda Neolit dövrünə aid edilən maraqlı 

öküz təsviri bunu deməyə  əsas verir. Təsvirdəki öküzün boynunda kəndirin göstərilməsi bu 

ərazidə yaşayan insanların neolit dövründə öküzləri əhliləşdirdiklərinə dəlalət edir. İ. Cəfər-

zadə bu təsvirə əsaslanaraq qeyd edir ki, Qobustanda əvvəl qaramal, sonra davar əhliləşdiril-

mişdir. Qobustanın İlk tunc dövrü abidələrindən tapılmış sümüklərin çoxunun qaramala məx-

sus olması da Qobustanda maldarlığın oturaq olduğunu deməyə imkan verir. 

Tunc dövründə Azərbaycanda insanların  əsas təsərrüfat sahələrindən biri də  əkinçilik 

olmuşdur. Bunu arxeoloji qazıntılar zamanı  əldə edilmiş  əkinçilik alətləri və  məhsulları ilə 

yanaşı, qayaüstü təsvirlərdə bu təsərrüfat sahəsini  əks etdirən səhnələr də sübut edir. Belə 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin