PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

VI  F Ə S Ġ L 
 
 1978-1979-CU ĠLLƏR  ĠRAN ĠNQĠLABI VƏ MƏTBUATDA  
NĠSBĠ DĠRÇƏLĠġ 
 
70-ci  illərin  sonlarında  İranda  sosial-siyasi  və  iqtisadi  ziddiyətlər  son 
dərəcə  kəskinləşmişdi.  1978-79-cu  illər  inqilabında  Güney  Azərbaycan, 
xüsusilə  Təbriz  böyük  rol  oynadı,  İnqilabın  təməli  də  Azərbaycanda  qoyuldu. 
Təbrizdə  nəşr  olunan  Azərbaycan  şair  və  yazıçılar  cəmiyyətinin  orqanı  olan 
«Ülkər»  jurnalı  İrandakı  ümumi  inqilabi  əhval-ruhiyyəni  şərh  edərək  yazırdı: 
«Bir  tərəfdən  xalq  o  halətdə  yaşamaq  istəmirdi,  cameənin  (cəmiyyətin, 
quruluşun  –  P.M.)  çevrilməyini  tələb  edirdi.  O  biri  tərəfdən  hökumətin  ölkəni 
əvvəlki  kimi  idarə  etməyə  gücü  çatmırdı.  Xalqın  səbr  kasası  dolmaqda  idi. 
Millətin  nifrəti  barıt  çəlləyinə  bənzəyirdi.  Bir  qor  (qığılcım  –  P.M)  bir  kibrit, 
bir  şer,  bir  şüar,  elamiyyə  (çağırış  mənasında-P.M)  yetərdi  bu  barıt  anbarının 
alışmasına səbəb olsun».   
  1978-ci  ilin  əvvəlində  şahı  dəstəkləyən  «Ettelaat»  qəzetində  rejimin 
əleyhdarları  olan  ruhaniləri  təhqir  edən  bir  məqalə  dərc  olunmuşdu.  Məqalədə 
din xadimləri «qara irtica» adlandırılmış və beynəlxalq kommunizmin  agentləri 
olmaqda  suçlandırılmışdı.  Bu  məqsədlə  İranın  dini  mərkəzi  sayılan  Qum 
şəhərində  etiraz əlaməti olaraq dörd yüz min adam nümayişə çıxmışdı.  
Güclü  toqquşmalar  zamanı  hökumət  tərəfindən  70  nəfər  öldürülmüşdü. 
Xalq  arasında  böyük  nüfusla  hörmət  qazanmış  ayətullah  Kazım  Şəriətmədairi 
bu  hadisələrə  çox  sərt  mövqeyini  bildirilmişdi.  O  xarici  mətbuata  verdiyi 
müsahibələrdə  dövlətin  dindarlara  münasibəti  və  polis  nümayişçilərlə  rəftarını 
pisləmiş  və  belə  davam  edəcəyi  halda  özünündə  nümayişçilərə  qatılacağını 
bildirdi.  K.Şəriətmədarı  Qumdakı  hadisələrin  qırxıncı  günü  bir  müraciət 
hazırlayaraq camaatı iş yerlərini bağlayıb məscidlərə toplanmağa çağırmışdı. 
Qum  şəhidlərinin  qırxı  münasibətilə  1978-cü  il  fevral  ayının  18-də  (29 
Bəhmən)  Təbriz  cavanları  tərəfindən  nümayiş  təşkil  edildi.  Polisin  atəş  açaraq 

 
129 
bir tələbini öldürməsi şəhərdə böyük qarışıqlığa səbəb oldu. Təbriz cavanları ilk 
dəfə  olaraq  şahın  tank  və  pulemyotları  qarşısına  silahsız,  əli  yalın  və  cəsarətlə 
çıxaraq  yeni  mübarizə  üsulunun  əsasını  qoydular.  Bu  üsul  sonra  İranın  bütün 
kənd  və  şəhərlərində  həyata  keçirildi.(83,  1980  №13)  1973-79-cu  illər 
inqilabının  «qor»u,  «kibrit»i,  «şer»i,»şüar»ı,  «elamiyyə»si  13  fevral  günü 
Təbrizdən  verildi.  (76,  1981,  №12)  Azərbaycan  Demokratik  partiyasının 
Mərkəzi komitəsinin orqanı olan «Azərbaycan» qəzeti 29 Bəhmən üsyanı haqda 
yazırdı:  «İmperializm,  irtica  və  istibdad  əleyhinə  Təbrizdə  baş  verən  29-30 
Bəhmən  hərəkatı  (18-19  fevral  1978-ci  il)  öz  vüsətinə  görə,  xalqın  iştirakı 
nöqteyi-nəzərindən  çox  əzəmətli  bir  hərəkat  idi.  Məmləkətin  bütün  mütərəqqi 
hezb(partiya), təşkilatlar və tanınmış şəxsiyyətləri bu hərəkatı müdafiə etmiş və 
Təbrizdəki  sosial-iqtisadi  və  siyasi  problemlərlə  bağlı  öz  etirazlarını 
bildirmişlər. (Azərbaycan və 1980, №12) 
1978-1979-cu  illər  İran  inqilabından  sonra  çoxmillətli  bir  ölkə  olan  İranda 
yaşayan  xalqlar  bəzi  hüquqlar  əldə  etdilər.  İnqilab  prosesində  Güney 
Azərbaycanda Milli istəklərə dayanın güclü bir siyasi hərəkat başladı.  Bir çox 
partiya, təşkilat, dərnəklər quruldu və bunların orqanları olan qəzet və jurnallar 
açıq fəaliyyətə başladı.                 
Güney  Azərbaycanlıları  ictimai-siyasi  sahədə  milli  istək  və  arzularını 
reallaşdıra  bilməsələr  də,  1978-1979-cu  illər  İran  inqilabı  Güneydə  mədəni 
həyatın  gedişində  xüsusi  bir  canlanma,  dirçəliş  mərhələsi  yaratdı.  «Bu  inqilab 
bütün  İran  məzlumları  simasında  qeyri-fars  millətlər  üçün  də  dönüş  oldu. 
İnqilabın  qələbəsindən  sonra  milli  məsələ  ölkənin  siyasi  həyatının  əsas 
problemlərindən  birinə  çevrildi  və  bu  gün  də  öz  aktuallığını  saxlamaqdadır». 
(10, 154).  
Azərbaycan  ziyalıları  hadisələrin  sonunun  necə  nəticələnəcəyini, 
hakimiyyətdə  kimin  möhkəmlənəcəyini  gözləmədən  on  illər  boyu  həsrət 
qaldıqları ana dilində milli mədəniyyətlərini inkişaf etdirməyə başladılar.  
Azərbaycan  dilində  dövri  nəşrlər  tək  Güney  Azərbaycanda  deyil,  hətta 
ölkənin  paytaxtı  Tehranda  da  mövcud  idi.  Çünki  50-60  il  ərzində  Azərbaycan 

 
130 
bölgələrində  iqtisadi  vəziyyətlə  bağlı  Tehrana  çoxlu  miqrant  axını  başlamışdı. 
«Azərbaycanlıların  demək  olar  ki,  bütün  milli  istəkləri  50  illik  Pəhləvi 
sülaləsinin  hökmranlığı  dövründə  xalqın  həsrət  qaldığı  ana  dilində  oxuyub 
yazmaq hüququndan, bu vasitə ilə milli mədəniyyətə yiyələnmək və onu inkişaf 
etdirmək  tələbindən  başlanır.  İranda  inqilab  qələbə  çalan  kimi  başlıca  olaraq 
Tehran və Təbrizdə, qismən Sarab və başqa şəhərlərdə Azərbaycan dilində çap 
olunan  ilk  jurnal  və  qəzetlərin,  onlar  və  yüzlərlə  kitabların  çap  olunub 
yayılması ana dilinə mənəvi ehtiyacdan doğan ilk bəhrələr idi (10, 154).  
Ana  dilində  mətbuat  orqanları  tək  inqilabın qələbəsindən  sonra  deyil,  hələ 
inqilabın  gedişində  də  nəşr  olunurdu.  Ümumiyyətlə,  Güney  Azərbaycanda  ana 
dilində  mətbuatın  nəşri  hələ  İranda  yeni  konstitusiyanın  təsdiqindən  əvvəl 
başalmışdı.  1978-ci  ilin  oktyabr  ayının  14-də  mətbuata  qoyulmuş  senzura  ləğv 
edildi.  1979-cu  ilin  4  yanvarında  yeni  hökumət  təşkil  etməyi  üzərinə  götürən 
baş nazir Bəxtiyar get-gedə güclənən inqilabi hərəkat qarşısında xeyli güzəştlər 
vəd etməli olur. Bəxtiyarın ən böyük vədlərindən biri mətbuatla bağlı idi. O, bu 
münasibətlə  deyirdi:  «Ümid  edirəm  ki,  sabah  ya  o  biri  gün  mətbuat  tam  azad 
olacaq.  Bu  o  deməkdir  ki,  nə  hərbiçilər,  nə  də  qeyri-hərbiçilər  daha  mətbuata 
əmrlər verə bilməz [97, 28]. 
Bu bəyanatdan az sonra – yanvarın 16-da şah ölkəni tərk edir, həmin günün 
sabahı yanvarın 17-də azərbaycanca-farsca ilk qəzet «Ulduz» nəşrə başlayır [76, 
№7,  1981,  21].  Bu  qəzet  ana  dilində  ilk  olaraq  Pəhləvi  diktaturasının 
devrildiyini xalqa xəbər verdi. Bu fakt bir tərəfdən azərbaycanlıların ana dilində 
yazıb  oxumaq  ehtirasının  nə  qədər  güclü  olduğunu,  digər  tərəfdən  ziyalıların 
yaranmış  vəziyyətdən,  vədlərdən  məharətlə  istifadə  etmək  bacarığını,  digər 
tərəfdən  isə,  inqilabi  çıxışlar  zamanı  digər  çoxsaylı  şüurlarla  bərabər  milli 
tələblərin  (hər  şeydən  əvvəl  ana  dilinə  azadlığın)  də  çoxluq  təşkil  etdiyini 
sübuta yetirir. 
1979-cu  ilin  martında,  qələbədən  dərhal  sonra  inqilaba  qədərki  və 
inqilabdan  sonrakı  ədəbiyyatın  ən  qüdrətli  nümayəndələrindən  biri  olan  Həbib 
Sahirin rəhbərliyi ilə Tehranda «Azərbaycan mədəniyyət Cəmiyyəti» fəaliyyətə 

 
131 
başlayır  [  İnq.  yolunda,  №1,  1980].  Bəzən  Müstəqil  «Azərbaycan  Mədəniyyəti 
Ocağı» adlandırılan bu cəmiyyət əvvəlcə özünü partiya adlandırır: «Azərbaycan 
Azadixahlar hezbi»  -  yəni Azərbaycan Azadlıqsevərlər Partiyası.  Həbib Sahirin 
başçılıq  etdiyi  cəmiyyət  öz  fəaliyyətində  siyasi  və  milli  tələblər  uğrunda 
mübarizəyə xüsusi yer verirdi. «Lakin bununla yanaşı «Azərbaycan Mədəniyyət 
Cəmiyyəti»  -  dəfələrlə  özünün  heç  bir  siyasi  partiya  ilə  bağlı  olmadığını  elan 
etmişdir.  Eyni  tipli  elanları  Təbriz  Şair  və  Yazıçılar  Cəmiyyəti,  jurnallar  da 
dəfələrlə dərc etmişlər» [10, 153]. 
Cəmiyyətin  rəhbəri  Həbib  Sahir  inqilabın  bütün  İranda  yaşayan  xalqlara, 
eləcə də azərbaycanlılara «İqilab azadlıq» verdiyini ilk etiraf edənlərdən biri idi 
[87, №7, 1981, s. 15].  
Cəmiyyət  mədəniyyət  və  ədəbiyyatın  vəzifəsini  İran  inqilabı  yolunda 
xidmətdə,  o  cümlədən  ABŞ  başda  olmaqla  dünya  imperialistləri  ilə  amansız 
mübarizədə  «Azərbaycan  xalqının  insanpərvər  və  vətənpərvər  amal  və 
arzularını bəyan və təbliğ etməkdə görürdü [10, 152]. 
Cəmiyyətin  fəaliyyətini  işıqlandırmaq  məqsədilə  əvvəlcə  «Yoldaş»,  sonra 
«İnqilab  yolunda»,  bu  jurnallar  bağlandıqdan  sonra  isə  «Yenə  yol»  adlı  jurnal 
nəşr edilir. Jurnalların hər üçün yazıçı Hüseyn Düzgünün səyi və təşəbbüsü ilə 
nəşr olunmuşdur.  
Tehran  azərbaycanlıların,  xüsusən  ziyalıların  kompakt  şəkildə  yaşadıqları 
əsas  şəhərlərdən  biri  olduğu  üçün  burada  digər  mədəniyyət  ocaqları,  ədəbi 
birliklər  də  fəaliyyətə  başlayır.  1979-cu  ilin  aprelində  Tehranda  Azərbaycan 
yazıçılar və şairlər cəmiyyəti yaranır, 1981-ci ilin fevralından etibarən «Günəş» 
adlı  orqan  nəşrə  başlayır.  Bu  qurum  da  öz  məqsədlərini  təkcə  Cənubi 
Azərbaycan  konteksti  ilə  məhdudlaşdırmır.  «Cənubi  Azərbaycan  xalqının  illər 
boyu  tapdalanmış  arzu  və  istəkləri  uğrunda  mübarizə  ilə  yanaşı,  ümumiran 
səciyyəsi  daşıyan»  antiimperialist  və  xəlqi  mübarizələr  sıralarında,  öz  tarixi 
vəzifələrini yerinə yetirməyi» [83, №1, 1981, s. 3-4] məqsəd və vəzifəsi sayırdı. 
Təbrizdə  də  Şairlər  və  Yazıçılar  cəmiyyəti  yaranır  və  1981-ci  ilin 
əvvəllərindən  «Ülkər»  adlı  xüsusi  jurnal  nəşr  etməyə  başlayır.  «Bütün  bu 

 
132 
mədəniyyət  ocaqları,  əncümənlər  onlar  arasında  əlaqənin  zəifliyinə  və  ya 
yoxluğuna  baxmayaraq  azərbaycanlıların  milli  mədəniyyətlərinin  təsbit 
olunması  və  inkişafı,  bu  mədəniyyətin  azərbaycanlılaşdırılması  uğrunda 
mübarizədə  eyni  mövqedən  çıxış  edirdilər»  [12,  151].  Təbriz  Şair  və  Yazıçılar 
Birliyindən  sonra  1981-ci  ilin  əvvəllərində  Təbrizdə  gənc  şair  və  yazıçıların 
ətrafında  birləşdiyi  «Gənc  Şair  və  Yazıçılar  Cəmiyyəti»  yaradılır.  Bu 
cəmiyyətin «Gənclik» adlı orqanı da işıq üzü görür.  
Sonra  «Azərbaycanlıların  Milli-İnqilabi  Cəmiyyəti»,  «Azərbaycan 
Mədəniyyət  İşçiləri  Cəmiyyəti»,  «Azərbaycan  Mədəniyyəti»  kimi  təşkilat  və 
cəmiyyətlər də yaranır. Azərbaycan cəmiyyəti «Çənlibel» adlı məcmuə də nəşr 
edir. Tehranda yaşayan, əsasən dini mövzularda şerlər yazan şairlər «mərkəzdə 
yaşayan  Azərbaycanlı  Məzhəbi  (dini  –  R.M.)  şairlər  Əncüməni»  adlı  cəmiyyət 
yaradır [108, №59-60, 1984, 61].  
Qısa  zaman  ərzində  çoxsaylı  ədəbi-mədəni  cəmiyyətlərin,  onların 
özünəməxsus  mətbuat  orqanlarının  fəaliyyətə  başlamaları  inqilabın  Güney 
Azərbaycan  mədəniyyəti,  ədəbiyyatı  tarixində  yeni  səhifələr  açdığına,  xalqa 
nisbi də olsa azadlıq verdiyinə sübutdur. Bütün bunlar belə bir qənaətə gəlməyə 
əsas verir ki, «inqilabdan sonra azərbaycanlıların milli təşəkkülü, milli şüuru öz 
inkişafında  yeni  mərhələyə  daxil  olmuşdur.  Həmin  mərhələ  onun  başlanğıcı 
üçün  səciyyəvi  cəhət  azərbaycanlıların  öz  milli  həyatına  münasibətinin  onların 
siyasi,  mənəvi  fəaliyyətlərində  geniş  şəkildə  inikas  tapması  olmuşdur.  Yəni 
inqilab  azərbaycanlıların  milli  şüurunun  məzmununu  subyektiv  gerçəklikdən 
obyektiv  reallığa  çevrilməsinə  şərait  yaratmışdır.  Həmin  mərhələyə  xas  digər 
mühüm  cəhət  Azərbaycan  xalqı,  dili,  mədəniyyəti,  gələcəyi  barədə  fikirlərin 
daha yüksək nəzəri səviyyədə ilk dəfə Azərbaycan dilində ifadə edilməsidir [10, 
175]. 
Bu  dövrdə  mədəniyyətin  inkişafı  təkcə  adları  çəkilən  cəmiyyətlərin  və 
onların  mətbuat  orqanlarının  fəaliyyəti  ilə  məhdudlaşmır.  Heç  bir  partiyaya  və 
cəmiyyətə  aidiyyatı  olmayan  «Dədə  Qorqud»,  «Varlıq»,  «Odlar  yurdu», 
«Araz»,  «Mola  Nəsrəddin»,  «Vətən  uğrunda»,  «Azadlıq»,  «Foruğe-azadi» 

 
133 
(«Azadlıq  işığı»),  «Koroğlu»,  «Azərbaycanın  səsi»  kimi  qəzet  və  jurnalların 
nəşri  1978-1979-cu  il  İran  inqilabından  sonra  demokratik  ab-havanın  nəticəsi 
idi.  
 İnqilabın qələbəsindən sonra nəşr olunan azərbaycan qəzet və jurnallarının 
siyasi-ideoloji  istəqamətləri  müxtəlif  idi:  sol  ekstemist,  sol  demokratik,  liberal 
milliyyətçi  və  burjua-demokratik.  Bu,  onların  müxtəlif  partiya,  təşkilat  və 
qruplaşmaların  orqanları  olduğundan  irəli  gəlirdi,  bu  orqanlar  öz  partiyasının 
siyasi-ideoloji fikirlərini öz səhifələrində təbliğ edirdilər.  
Bu qəzet və jurnalların müəyyən bir partiya və ya təşkilat orqanı, müəyyən 
siyasi-ideoloji istiqamətə malik olduğuna baxmayaraq, eyni qəzet və ya jurnalın  
müxtəlif  saylarında  və  səhifələrində  zidd  fikirlərə  və  təbliğata  müxtəlif  siyasi 
ideoloji  istiqamətlərə  rast  gəlmək  olardı.  Bunun  səbəbi  1978-1979-cu  illərdə 
baş  vermiş  İran  inqilabının  nəticələrinin  qeyri-müəyyənliyində,  onun 
istiqamətinin qeyri-sabit olmasında idi.  
«Dədə  Qorqud», «Koroğlu», «Çənlibel», «Odlar  yurdu», «Ərk» kimi adlar 
Güney  azərbaycanlıların  on  illər  boyunca  dözdüyü  Milli  təzyiqlərə,  İran 
əhalisinin  yarıdan  çoxunu  təşkil  edən  bir  xalqı  «vahid  İran  milləti»nin,  daha 
sonra islam faktorunun içində assimilyasiya etmək siyasətinə verdiyi bir mənalı 
cavab  idi.  Bu  adlar  Güney  azərbaycanlıların  türk  soy  kökünə  mənsubluğunu, 
qəhrəman  tarixi  keçmişə  malik  olduqlarını  xatırlatmaqla  yanaşı  xalqın  milli 
mənlik şüurunun yüksəldilməsinə xidmət edirdilər. «Ülkər», «Ulduz» kimi adlar 
güneylilərin  inqilaba  bağlı  ümidlərini,  Milli  taleyə,  gələcəyə  inamlarını  ifadə 
edirdisə, «Varlıq», «Araz», «Vətən uğrunda», «Azadlıq», «Azərbaycan səsi» öz 
adları  ilə  milli  azadlıq  mübarizəsinə,  istiqlal  uğrunda  döyüşlərə  səsləyirdi. 
Lakin bu mətbuat orqanlarının proqramlarında özünəməxsus cəhətlər, müəyyən 
fərqlər  olsa  da  bu  qəzet  və  jurnallar  güneylilərin  azadlığa  təşnəliyinin,  xalqın 
milli  şüurunun  yüksəlişinin  yeni  mərhələyə  daxil  olmasına,  milli  özünüdərkin  
güclənməsinə  təsir  göstərirdi.  Bu  mətbuat  orqanlarının  səhifələrində 
Azərbaycan  tarixi,  mədəniyyəti  ilə  bağlı  mövzulara  böyük  önəm  verilirdi. 
«Yoldaş»,  «Dədə  Qoqud»,  «Varlıq»,  «Koroğlu»  jurnalları  və  «Odlar  yurdu»,  

 
134 
«Çənlibel» qəzetləri öz səhifələrində oxucuların istək və xahişini nəzərə alaraq 
Azərbaycan  tarixi,  Azərbaycan  ədəbiyyatı  tarixi,  Azərbaycan  dilinin  inkişaf 
mərhələləri  ilə  bağlı  yazılar  və  Azərbaycan  şair  və  yazıçılarının  əsərlərindən 
nümunələr verirdilər.  
Azərbaycan  dövrü  mətbuat  səhifələrində  inqilabdan  sonrakı  İran 
cəmiyyətinin, xüsusən Güney Azərbaycanın problemlərinə də çox yer ayrılırdı. 
Azərbaycan  xalqının  ehtiyacları  qəzet  və  jurnal  səhifələrində  öz  əksini  tapırdı. 
Kütlələr  müvəqqəti  inqilabı  hakimiyyətindən  xalqın  istək  və  tələblərinə  cavab 
verən  ədalətli  demokratik  respublikanın  yaranmasını,  imperializm  köləliyinə 
son  qoyulmasını,  şəhər  və  kənd  əhalisinin  yaşayış  şəraitinin  yaxşılaşmasını, 
torpaq, fabrik və zavodların milliləşdirilməsini, işsizliyin aradan qaldırılmasını, 
sığorta  və  vergilərin  vaxtlı-vaxtında  ödənilməsini,  maaşların  qalxmasını  və  s. 
tələb edirdilər.  
Azərbaycan mətbuatının səhifələrində açıq şəkildə deyilirdi ki, əgər İranda 
zəhmətkeşlərin  maraqlarını  ödəyə  biləcək  iqtisadi  azadlıq  əldə  olunmasa  və 
ictimai  həyatın  bütün  sahələrində  demokratikləşmə  gerçəkləşmə,  hakimiyyətdə 
olan  quruma  qarşı  narazıçılıq  get-gedə  artacaq.  Bu  problmelərlə  yanaşı 
azərbaycan  mətbuatının  səhifələrində  azərbaycan  xalqının  tarixi,  mədəniyyəti, 
dil  və  ədəbiyyatının  işıqlandırılması  və  kütləviləşməsinə  maraq  göstərilirdi. 
«Yoldaş», «Varlıq», «Koroğlu», «Dədə Qorqud» kimi jurnallar, «Odlar yurdu», 
«Çənlibel» kimi qəzetlər ilk saylarında bu sahədə hərtərəfli işə balamış və onu 
özlərinin  əsas  vəzifələrindən  biri  hesab  edirdilər.  Bu  qəzet  və  juranallar 
oxucuların  xahişi  ilə  öz  səhifələrində  «Azərbaycan  tarixindən»,  «Azərbaycan 
ədəbiyyatı tarixi», «Azərbaycan dilinin inkişaf mərhələsi» adları altında bir sıra 
materiallar,  hər  iki  tayın  şair  və  yazıçılarının  əsərlərindən  parçalar  dərc 
eləmişdilər.  
1979-cu  ilin  16  noyabrında  təsdiq  olunmuş  əsas  qanun  layihəsinin  15-ci 
maddəsində  bütün  millətlərə  öz  ana  dillərində  mətbuat  buraxmaq,  ana  dilində 
radio-televiziya  verilişləri  hazırlamaq,  mədrəsələrdə  fars  dili  ilə  yanaşı 
ədəbiyyat  dərslərinin  ana  dilində  keçirilməsi  kimi  hüquqların  verilməsinə 

 
135 
baxmayaraq,  az  keçmir  ki,  Azərbaycan  dilində  mətbuat  çap  edib  yaymağın 
qarşısı  alınır,  radio-televiziya  verilişlərinin  ana  dilində  aparılması  işi  
Azərbaycanda  çox  az  yer  tutur,  mədrəsələrdə  azərvaycan  dilinin  yeri  boş 
qalırdı.           
Yeni İran hakimiyyətinin – İran İslam Respublikasının rəhbərlərinin qeyri-
fars  xalqların  milli-demokratik  hərəkatlarına  mənfi  münasibəti  1980-81-ci 
illərdə bütün  dövrü nəşirlərin bağlanamsına səbəb oldu.  
«Koroğlu»  jurnalı  1979-cu  ilin  iyun  ayında  çıxan  2-ci  sayında  nəşr  işinin 
çətinliklərindən  və  azərbaycan  qəzet  və  jurnalların  bağlanma  səbəblərindən 
söhbət  açırdı.  Jurnal  yazırdı:  «…  Əgəri  bir  yerdə  türk  (azərbaycan  –  P.M.) 
dilində  bir  qəzet  və  ya  jurnal  çap  olunurdusa,  ona  kommunist  damğası  vurub 
bağlayırdılar». 
Bu  barədə  «Odlar  yurdu»  jurnalının  da  ikinci  sayında  yazılırdı:  «Mürtəce 
ünsürlərin  qruplaşmaları  poliqrafistləri,  kitabsatanları,  köşkçüləri  hədələyir  ki, 
onlar türk (azərbaycan – P.M.) dilində kitab satmasınlar».  
«Dədə Qorqud» jurnalının 1980-ci ildə çıxan 4-5-ci sayında yazılırdı: «Şah 
qurumunun  devrilməsindən  sonra  Azərbaycanca  çox  zəngin  qəzet  və  jurnallar 
nəşr edilirdi. Lakin, qara qüvvələrin əməlləri və maddi vəsaitin çatışmamazlığı 
nəticəsində  «Ulduz»,  «Odlar  Yurdu»,  «Çənlibel»,  «Araz»,  «Mola  Nəsrəddin», 
«Koroğlu»,  «Yoldaş»,  «Birlik»,  «Azərbaycan  səsi»  kimi  nəşrlər  fəaliyyətlərini 
dayandırdılar.  
Bir  sıra  qəzet  və  jurnalların  ideya-siyasi  istiqamətləri  dövlət  siyasətinin 
maraqlarına uyğun gəlmədiyinə,  demokratik və proqressiv olmaqlarına görə öz 
fəaliyyətlərini davam etdirə bilmirdi.  
Bütün  inqilab  epoxalarında  olduğu  kimi  1978-1979-cu  illər  İran 
inqilabından  sonra  Güney  Azərbaycan  ədəbi  mühitində  xüsusi  bir  canlanma 
başlandı.  Anadilli  mətbuat  orqanlarının  nəşri  Tehranda  və  Təbrizdə  müxtəlif 
ədəbi  birliklərin  fəaliyyətə  başlaması  ədəbi  prosesin  təşkilatlanmasına,  ədəbi 
qüvvələrin  istiqamətlənməsinə,  bədii  əsərlərin  oxuculara  çatdırılmasına  ciddi 
təsir göstərdi. İran İslam Respublikasının 1979-cu ilin dekabrında qəbul edilmiş 

 
136 
qanunun  15-ci  maddəsində  yerli  və  qövmi  dillərin  (etnik)  kütləvi  informasiya 
vasitələrində,  mətbuatda  işlənməsinə,  məktəbdə  isə  milli  ədəbiyyatın  tədrisinə 
icazə  verildi.  Əsas  qanunun  19-cu  maddəsində  isə  ölkədə  müxtəlif  millətlərin, 
xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.  
Qanunda  nəzərdə  tutulanlar  hamısı  dərhal  reallaşmasa  da,  Azərbaycancan 
dili  tədris  sahəsinə  heç  cür  yol  tapa  bilməsə  də  mədəni  həyatda  bir  sıra 
nailiyyətlər nəzərə çarpırdı.  
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla 
Mişkini  özü:  «Bu  nə  türkidir  ki,  radio-televiziyon  danışır,  yarsından  çoxu 
farsdır»  [Dədə  Qorqud,  №15,  1981,  13]  deyərək  Azərbaycan  dilinin 
saflaşdırılmasını  vacib  sayırdı.  Azərbaycan  türkcəsi  radioda  artıq  sərbəst 
işlədilməyə başlayır. 
Kitab çapı sahəsində xüsusi canlanma,  yüksəliş  müşahidə edilirdi. İnqilaba 
qədərki  30  il  ərzində  bəlkə  heç  30  kitab  ana  dilində  işıq  üzü  görməmişdirsə, 
təkcə 1979-1985-ci illər arasında İranda Azərbaycan dilində təxminən 200 adda 
kitab  nəşr  olunmuşdu.  Həmin  kitablar  əsasən  Tehranda,  Təbrizdə  və  qismən 
(tək-tək  kitablar)  Zəngan,  Marağa,  Maku,  Xoy,  Tikab,  Sərab,  Qum,  Savə  və  s. 
şəhərlərdə  çap  edilmişdi.  Həmin  məhsulların  yarıdan  çoxunu  vətənpərvərlik 
mövzusunda  yazılmış  bədii  əsərlər  təşkil  edirdi.  Azərbaycan  tarixi,  dili 
ədəbiyyatına  da  bir  çox  kitablar  həsr  edilmişdi»  [41,  138].  İnqilab  başlandığı 
zamandan  kitab  nəşri  sahəsində  özünü  göstərən  canlanma,  hər  ilin  anadilli 
nəşrlərini nəzərdən keçirməklə bir daha təsdiqlənir. Təkcə  1978-ci ilin anadilli 
nəşrlərini nəzərdən keçirdikdə ana dilli nəşrlərə çoxdan təşnə olan ziyalıların və 
oxucuların maraq dairəsi tamamilə aydın olur. Bu ilin nəşrləri bir neçə cəhətdən 
maraq doğurur. Əvvəla, ziyalıları inqilabi hərəkatın hələ nə ilə nəticələnəcəyini 
bilmədən,  yuxarıdan  razılıq  gözləmədən  anna  dilində  kitab  nəşrinə 
başalmışdılar.  İkincisi,  çap  olunan  kitablar  ancaq  milli  ruhlu,  Azərbaycan 
xalqının Milli varlığına sevgi ilə dolu, Azərbaycanın bu günü və gələcək taleyi 
üçün  narahatlıq  ifadə  edən  nümunələri  özündə  birləşdirir.  Üçüncüsü,  1978-ci 
ilin  nəşrləri  Güney  Azərbaycan  xalqının  onilliklər  boyunca  doğulmuş  milli 

 
137 
hisslərinin  ifadəsi  kimi  təsir  bağışlayır  –  nəfəs  çəkməyə  kiçik  imkan  yaranan 
kimi  bu  hisslər  meydana  çıxır.  Şairlər,  yazıçılar  öz  ürək  sözlərini  oxucu 
kütlələri  ilə  ana  dilində  bölüşdürməyə  çalışırlar.  Mədəni  həyatın  bütün 
sahələrində olduğu kimi kitab çapı sahəsində də 1982-ci ildən  sonra durğunluq 
müşahidə  edilir,  çap  nümunələrinin  sayı  azalmağa,  keyfiyyəti  dəyişməyə 
başlayır.  
Təəssüf  ki,  Güney  Azərbaycanda  anadilli  kitab  nəşrinin  və  mətbuatının 
dirçəliş dövrü çox az çəkdi.  
Ümumiyyətlə, 1978-1979-cu illər İran inqilabından sonra nəşr olunan əksər 
qəzet  və  jurnalların  ömrü  qısa  oldu.  Eləsi  oldu  ki,  bir  sayı  işıq  üzü  gördü. 
«Varlıq»  istisna olmaqla bu nəşrlərin yaşamının son nöqtəsi – 1982-ci il oldu. 
Onların  belə  tezliklə  qapanmasının  müxtəlif  səbəbləri  vardı.  Bu  mətbuat 
orqanlarının  bir  qismi  maddi  çətinlik,  farsca  təhsil  alan  azərbaycanlıların  ana 
dilində yazıb, oxuya bilməməsi, İran-İraq müharibəsinin başlanması və bununla 
əlaqədar  İranda  sol  partiya  və  təşkilatların  qadağan  edilməsi  ucbatından 
bağlanırdısa,  digər  qisminin  qapanması  sırf  siyasi  səbəblərlə  bağlı  idi.  Fars 
şovinist  siyasəti  yeni  formalarda  baş  qaldırırdı.  Milli  intibahın  qarşısını  almaq 
üçün yeni siyasətin əlamətləri üzə çıxmışdı. Dövlətçiliyin dini məzmunu Güney 
Azərbaycanda  milli  dilə,  milli  düşüncəyə  qarşı  yönəlirdi.  Çünki  bu  jurnallar 
İranda Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir etməklə milli təfəkkürün 
bütün  istiqamətlərini  hərəkətə  gətirirdi.  İnqilabi  əhval-ruhiyyəli  publisistika, 
milli  dirçəlişə  çağıran  poeziya,  öz  minililk  təravətini  qoruyub  saxlamış  folkor 
nümunələri xalqın milli yaddaşını özünə qaytarırdı. Müxtəlif qurumların doğma 
dil  uğrunda  apardığı  mübarizələr,  maarif  sisteminin  dəyişməsi  yolunda 
çalışmalar  tədricən  müqavimətə  rast  gəlir,  mətbuat  nəşri  və  yayımı 
dayandırılırdı.  Rejim  müxtəlif  vasitələrlə  Azərbaycan  dilli  mətbuatın  geniş 
vüsət almasına imkan vermirdi.  
Bu  mətbu  orqanların  müxtəlif  istiqamətli  olmasına  və  səhifələrində  bəzən 
keçmişlə iftixar, ifrat təəssübkeşlik, həyata sırf romantik baxış, məhdudluq və s. 
kimi  meyllər  nəzərə  çarpasa  da  onların  özlərinə  məxsus  müsbət  cəhətləri  daha 

 
138 
çox  idi.  Onların  əksəriyyəti  Azərbaycan  xalqının  varlığını,  mədəniyyətini, 
tarixini özündə əks etdirir və ən başlıcası azərbaycan dilini yenidən dirçəldirdi.   
Fevral inqilabından bir neçə il sonra yeni nəşrə başlayan qəzet və jurnallar 
bir-birinin  ardınca  qadağan  edildi.  Onların  naşirləri  və  müəllifləri  təqiblərə 
məruz qaldılar.  
Qeyd  etmək  lazımdır  ki,  sosial-siyasi  münasibətlərinə  görə  müxtəlif 
mövqelərdə  duran  bütün  bu  nəşrləri  başlıca  bir  məqsəd  birləşdirirdi  – 
azərbaycanlıların  qədim  tarixini,  mədəniyyətini,  ədəbiyyat  və  dilini  öyrənmək, 
onlarda öz qüvvəsinə inam və mili qürur oyatmaq və nəticədə öz milli hüquqları 
uğrunda  mübarizə  əzminə  yardım  etmək.  Bəziləri  cəmi  bir  neçə  nömrə  çap 
edilən, biri bağlansa da digəri çıxmağa başlayan bu qəzet və jurnallar İrandakı 
azərbaycanlılar  içərisində  böyük  təsir  gücünə  malik  oldu.  Onlarda  əsl  mənada 
milli  dirçəliş  yaratdı.  Bu  dirçəlişin  mühüm  bir  xüsusiyyətini,  ümumi 
azərbaycanşünaslıq  və  onun  müxtəlif  məsələlərini  əks  etdirmək,  Sovet 
Azərbaycanı  ilə,  buradakı  həmvətənlərlə  əlaqə  yaratmaq,  burada  mədəniyyət 
sahəsindəki  bütün  nailiyyətlərdən  bəhrələnmək  meylinin  güclü  olması  təşkil 
edirdi». (10, 154) 
Ayətulla  Xomeyninin  vəfatından  sonra  ölkədə  baş  verən  liberal 
dəyişikliklər  nəticəsində  Güney  Azərbaycanda  yenidən  ana  dilində  mətbuat 
nümunələri görünməyə başladı.  
1978-1979-cu  illər  İran  inqilabından  sonra  İranda  və  Güney  Azərbaycanda 
20  il  ərzində  nəşr  olunan  anadilli  mətbuat  nümunələrinin  sayı  60-dan  artıq 
olmuşdur.  
Güney  Azərbaycanda  hələ  inqilabın  gedişi  zamanı  bütün  İranda  bir  sıra 
istər sol, istərsə də sağ təmayüllü və inqilabın gedişində böyük xidmətləri olan 
partiyalar fəaliyyətə başladı.  
Xalq Müsəlman Partiyası inqilabın lideri Xomeyni qələbə ərəfəsində İrana 
gələnədək  ölkədə  onunla  yanaşı  ən  böyük  din  başçılarından,  sonralar  isə 
sıxışdırılma, ölkədəki Azərbaycanlılar arasında nüfuzlu dini başçı sayılan Qum 
şəhərində yaşayan Hacı Məhəmməd Kazım Şəriət Mədari idi.  

 
139 
Şəriətmədarinin  təsiri  altında  olan  Güney  Azərbaycan  inqilaba  demokratik 
və  Milli  tələblərlə  qoşulmuşdu.  MXP  (Müsəlman  Xalq  Partiyası)  məhz  bu 
tələbləri  gerçəkləşdirmək  məqsədilə  yaradılmışdı.  MXP  «şurayi-ostani»  kimi 
qurumların təşkil olunmasını tələb edirdi. Eyni zamanda partiya yenidən əyalət 
və vilayət əngümənlərinin yaradılmasını istəyirdi. Şəriətmədari Xomeynidən və 
onun  ətrafından  fərqli  düşüncüyə  malik  idi.  Şəriətmədari  üçün  Azərbaycan 
məsələsi  xüsusi  önəm  daşıyırdı.  O:  «Azərbaycana  muxtariyyət  tələb  etmək 
bizim  məqsədimizdir»  -  deyirdi.  Şəriətmədari  söyləyirdi:  «Şah  türk  millətimin 
dilini  və  bu  yolla  da  dinini,  adət-ənənəsini  oratadan  qaldırmaq  istədi  və 
qaldırdı.  İnqilabdan  sonra  türklər  üçün  durum  fərqli  olmalıdır.  Çünki  bəhmən 
ayının 29-da Təbrizin türk qəhramanları İran inqilabının təməlini qoymuşlar». 
Dekabrın  5-də  Təbrizdə  keçirilən  referendiumun  nəticələrinin  təhrif 
olunmasından narazı qalan təbrizliləri XMP etiraz mitinqi və nümayişə çağırdı, 
bir  gün  sonra  üsyana  başladılar.  Dövlət  idarələri,  radio  və  televiziya 
stansiyaları,  təyyarə  meydanı  iki  gün  üsyançıların  əlində  olmuş,  Azərbaycan 
İslam  Cümhuriyyəti  elan  edilmişdi.  Üsyançılar  demokratik  tələblərlə  yanaşı, 
milli  tələblər,  o  cümlədən  ölkədə  yaşayan  «bütün  xalqlara  öz  müqəddaratını 
təyin  etmə  hüququ»  tələbini  irəli  sürürdülər.  Üsyan  üçüncü  gün  İİR  daxili 
muzdlu silahlı qüvvələri –pasdarlar tərəfindən yatırılmış oldu (18, 311-312). 
Şəriətmədari  inqilabdan  sonra  Azərbaycan  türklərinin  problemlərini  həll 
etməyə təşəbbüs göstərmişdi. Bu dövrdə o, sərt və olduqca radikal bəyanatlarla 
çıxış etmişdir: «15 milyon farsın əsarəti altında 60 il qalmaqmı yaxşıdır, yoxsa 
17,5  milyonluq  türkün  ədaləti  altında  yaşamaq?!  Məsələlərimizi  bu  şəkildə 
ortaya qoymalıyıq!» Şəriətmədari Güney Azərbaycanın muxtariyyətini istəyərək 
demişdi:  «İslami  Konstitusiyamız  qəbul  edildikdən  sonra  hər  kəs  öz  yerini 
alacaqdır.  Bizim  yerimiz  isə  17,5  milyon  Azərbaycan  türkünü  doğub  böyüdən 
Təbriz olacaqdır».  
1979-cu  ilin  fevral  inqilabında  islamçılarla  yanaşı  solçular  və  «İran 
millətçiliyini  əsas  götürən»  milli-məzhəbilər  də  var  idi.  Solçuların  hakimiyyət 
iddiası olsa da, onların bu niyyətinin gerçəkləşməsi Qərbə sərf etmirdi. Bununla 

 
140 
Qərb  sovetlərin  Orta  Şərqdə  nüfuzunun  artmasının  qarşısını  alırdı.  İslamçılar 
əvvəlcə  bu  idida  ilə  çıxış  etməsə  də,  sonradan  hakimiyyətə  yiyələnirdilər.  Bu 
məsələdə  qərb  də  onları  dəstəklədi.  Belə  ki,  şahdan  miras  qalmış  siyasi 
ideologiya  və  kommunizm  ideologiyası  cəmiyyətin  maraqlarını  ödəmirdi.  Ona 
görə  islamçıların  hakimiyyətə  gətirilməsinə  yardım  etmək  Qərbin  marağında 
idi. 
Bütün bunlardan başqa, digər cərəyanlarla yanaşı, Milli haqlar məsələsi də 
inqilabın şüarlarında zəif də olsa səsələnirdi. Elə İran Anna Yasasında dil, Milli 
bərabərlik və bu kimi maddəəlrin mövcudluğu həmin tələblərin nəticəsi idi… 
İnqilabın əsas şüarları «Bərabərlik», «Ədalət», «Azadlıq» və «İstiqlal» idi. 
Amma  ötən  26  il  ərzində  bu  şüarlara  əməl  olunmadı.  Milli  məsələ  öz  həllini 
tapmadı, demokratik dəyərlər bərqərar olmadı.  
Aşağıda  Güney  Azərbaycanda  inqilab  ərəfəsində  və  ondan  sonra  çıxan 
qəzet və jurnallara yaxından nəzər salacağıq. 
Qeyd etdiyimiz kimi inqilabın gedişində Təbrizdə nəşrə başlayan ilk qəzet 
«Ulduz»  idi.  Onun  ilk  sayı  1979-cu  il  yanvar  ayının  17-də  capdan  çıxmışdı. 
Azərbaycan və fars dillərində nəşr əsasən baş məqalə şer,  xəbər və hecatatyası 
ibarət  olan  səhifələr  azərbaycan  və  fars  dillərində  hazırlanırdı.  Qəzet  ilk 
sayındakı yazılarda vəziyyəti açıq şərh edərək, yerlərdə baş verən çıxışları qeyd 
edir, irticaya  qarşı özünün açıq narazılığını və qəzəbini bildirir, şahın ölkədən 
getməsi  və  Xomeyninin  İrana  gəlməsi  haqqında  xəbər  verirdi.    «Ulduz»  qəzeti 
səkkiz  səhifədə  on  nömrəyə  qədər  buraxılmış,  sonra  isə  onun  nəşri 
dayandırılmışdır.  
Qəzet çap olunduğu ilk gündən xalqın və ziyalıların rəğbətini qazanmışdı. 
Azərbaycan  Azadixahlar  firqəsinin  (Azadlıqsevərlər  partiyası)  orqanı  olan 
«Yoldaş»  jurnalı  1979-cu  il  mart  ayının  3-də  Tehranda  Azərbaycan  dilində  
nəşrə başladı. Jurnal həftədə bir dəfə nəşr olunurdu. «Yoldaş» jurnalının birinci 
nömrəsində verilən «Baş söz» də onun məram və məqsədi şərh olunurdu. Jurnal 
yazırdı ki, o öz səhifələrində sadə Azərbaycan dilində kütləvi xəbər və mətnlər 
dərc  edəcək,  orqanı  olduğu  firqənin  müxtəlif  ictimai-siyasi  məsələlərlə  bağlı 

 
141 
nöqteyi  nəzərini  xalqa  çatdıracaq.  Az  savadlı  azərbaycanlıların  müxtəlif  siyasi 
ictimai  cərəyanlarla  tanış  olub,  mütəşəkkil  inqilabi  mübarizə  aparmalarında 
müsbət rol oynayacaqdır» (111, 1979, №1, 1). Jurnalın elə ilk nömrəsindən, ilk 
səhifələrindən  keçmiş  şah  rejiminin  Azərbaycanda  yeritdiyi  millətçilik 
siyasətindən,  iqtisadi  böhrandan,  Azərbaycan  xalqının  müəyyən  tarixi 
dövrlərindən söhbət açılır, mədəniyyətindən, bədii ədəbiyyatından, qəhrəmanlıq 
səhifələrindən  müəyyən  xatiratlar,  qeydlər  verilirdi.  Jurnal  imperializmə  və 
yerli mürtəcelərə qarşı bütün İran xalqlarını mübarizəyə çağırır və qeyd edir ki, 
«İmperializm  əleyhinə  birgə  mübarizə  aparmaq  zərurəti  İranda  hər  bir 
mütərəqqi qiyamın sərlövhəsi kimi nəzərə alınmalıdır». (Yoldaş, 1979, №1, 5). 
«Yoldaş»  jurnalı  azərbaycanlılarla  çiyin-çiyinə  rejimə  qarşı  vuruşan  bütün 
xalqların  mübarizəsini  alqışlayır  və  bütün  xalqlara  eləcə  də  azərbaycanlılar 
üçün  milli  və  demokratik  hüquqlar  verilməsi  uğrunda  ardıcıl  mübarizə  edirdi. 
Lakin bu jurnalın nəşri və yayılması antidemokratik və ziddiinqilabi qüvvələrin 
əl ilə dayandırıldı. «Yoldaş»  jurnalına göndərilən  məktubların birində yazılırdı 
ki,  «Yoldaş»  və  başqa  rüznamə  və  məcəllələr  Ərdəbildə,  Təbrizdə,  Urmiyada 
yayıla  bilmir.  Yayılanda  da  komitələr  tərəfindən  yığılırlar:  «Başqa  bir  xəbərdə 
deyilirdi  ki,  Azərbaycan  dilində  və  hətta  Azərbaycan  və  fars  dilində  çıxan 
ruznamələr təhdid müqabilində öz siyasi və ədəbi fəaliyyətlərini dayandırıblar» 
(111,  1989,  №13,  17).  Digər  tərəfdən  də  inqilaba  zidd  qüvvələr  jurnalın  qeyri-
sabit  mövqeyindən,  ziddiyyətli  görüşlər  daşımasından  onun  nəşrinin 
dayandırılması üçün bir bəhanə kimi istifadə edə bildilər. 
«Yoldaş» jurnalı 1979-cu il iyul ayının sonuna qədər nəşr edildi və onun 22 
sayı çapdan çıxdı. Jurnalın məsul katibi Hüseyn Sadiq (Düzgün) idi. 
Jurnalda solçuluğa meyl, marksizm ideyalarının təbliği onun bağlanmasına 
səbəb  oldu.  İnqilab  dövründə  jurnal  İranda  azərbaycan  dilli  mətbuat  orqanları 
arasında  əhəmiyyətə  malik  olmuş,  özündən  sonra  nəşrə  başlayan  azərbaycan 
dilli  mətbuatın  fəaliyyətində  onların  ideya-siyasi  yönümlərinin  müəyyən 
olunmasında çox mühüm rol oynamışdır. 

 
142 
Jurnal  az  keçmədən  «İnqilab  yolunda»  daha  sonra  «Yeni  yol»  adları  ilə 
nəşrini davam etdirdi. 
Hüseyn Məhəmmədzadə Sədiq Mirmahmud oğlu (Hüseyn Düzgün) 1945-ci 
ildə  Təbrizdə  doğulmuşdur.  O,  1963-cü  ildə  Təbriz  Pedaqoji  texnikumunu, 
1969-cu  ildə  isə  Təbriz  Universitetinin  ədəbiyyat  fakültəsinin  fars  dili  və 
ədəbiyyatı  bölümünü  bitirmişdir.  1974-cü  ildə  Tehran  Universiteti  pedaqoji 
elmlər  fakültəsinin  kitabxanaçılıq  bölümündə  «Tehran  kitabxanalarında 
azərbaycanşünaslıq qaynaqları»  mövzusunda namizədlik  dissertasiyası  müdafiə 
edib.  1965-ci  ildə  Səməd  Behrəngi  ilə  tanışlığı  H.Düzgünün  dünyagörüşündə, 
taleyində  xüsusi  rol  oynayır.  O,  Əhməd  Behrəngi,  Əlirza  Habdil  (Oxtay), 
Behruz  Dehqani  ilə  birlikdə  Təbrizdə  türkcə  mətbu  orqanı  nəşr  etmək  qərarına 
gəlir  və  ilk  dəfə  olaraq  «Adına»  qəzetini  həm  türk,  həm  də  fars  dilində  çap 
edirlər. Yazıçı C.Behrənginin faciəli ölümü gənc Hüseyni dərindən sarsıdır. 17 
sayı  işıq  üzü  görmüş  «Adına»  qəzeti  bundan  sonra  «Hünər  və  ictimai»  adı  ilə 
yenidən türk və fars dillərində nəşrini davam etdirir (1968). Lakin qəzetin 7 -ci 
sayı  SAVAK-ı  qıcıqlandırır,  evində  həbs  olunan  H.Düzgün  6  ay  zindan  həyatı 
yaşayır.  Ata  və  babasının  görkəmli  din  xadimi  olmasını  nəzərə  alıb  onun 
həbsini  Tehrana  sürgün  olunmaqla  əvəz  edirlər.  Tehranda  yaşadığı  müddətdə 
təhsilini  davam  etdirir  və  magistr  dərəcəsi  alır.  1972-ci  ildə  İran  TV-də 
ssenarist  işləməyə  başlayır.  Yenə  də  SAVAK  ona  burada  işləməyə  imkan 
verməyib,  sənədlərini  təsdiq  etmir  və  nəticədə  H.Düzgün  tutduğu  vəzifədən 
azad olunur.  
1983-cü  ildə  İstanbul  Universiteti  ədəbiyyat  fakültəsinin  əski  türk 
filologiyası  bölümündə  professor  Məhərrəm  Erkinin  rəhbərliyi  ilə  «Fars  və 
Azərbaycan  dilləri  qrammatikalarının  qarşılıqlı  araşdırılması»  və  şərqşünaslıq 
bölümündə  isə  «Ərəb-türk  dillərinin  qarşılıqlı  əlaqəsi»  mövzularını  müdafiə 
edir və doktorluq dərəcəsi alır. Tehran universitetində isə «Mirzəağa Təbrizinin 
həyatı,  düşüncələri  və  «Risaleyi-əxlaqiyyə»nin  mətni  və  əxlaq  elmi» 
mövzusunda elmi işini müdafiə edərək orada da professor-doktor adını alır. Bir 
sıra  universitetlərdə  tədrislə  məşğul  olmuş,  İİR-nin  türk  dilləri  üzrə  rəsmi 

 
143 
tərcüməçi  vəzifəsində  çalışmışdır.  1991-ci  ildə  tutduğu  vəzifələrdən 
uzaqlaşdırılmışdır.  Tehran  Universiteti  ədəbiyyat  fakültəsində  1979-cu  il 
inqilabdan  sonra  mətbuat  fəaliyyətini  davam  etdirən  professor  H.Düzgün 
«Yoldaş», «Azadlıq», «Qardaşlıq», «İnqalab yolunda» jurnal və qəzetlərini çap 
edir. Bu mətbu orqanlar bağlandıqdan sonra «Yeni yol» nəşr edib və 3 sayı işıq 
üzü görür. 
Səmərəli  elmi  fəaliyyət  göstərən  doktor  H.Düzgün  sovet  dövründə 
Azərbaycanda  çıxan  bir  çox  əsərləri  –  «Azərbaycanda  fars  kökənli  dillər»,  2 
cildlik  «Azərbaycanda  ağız  ədəbiyyatı»,  «Sayalar»,  «Vaqif»  monoqrafiyası, 
Füzulinin  «Rindu  Zahid,  «Məhəmmədəli  Tərbiyətin  həyat  və  yaradıcılığı, 
«Azərbaycan  ədəbiyyatı»  və  s.  nəşr  etdirir.  Doktorun  «Çağdaş  Azərbaycan 
ədəbiyyatı»  əsəri  2  cilddə  çap  olunduqdan  sonra  geniş  oxucu  kütləsinin 
rəğbətini qazanıb.  
Hüseyn  Düzgün  «Azadlıq»  və  «Qardaşlıq»  adında  daha  iki  qəzetin  də 
redaktoru  olmuşdur-  Azərbaycan  və  fars  dillərində  çıxan  «Azadlıq»  qəzeti  öz 
səhifələrində  Azərbaycan  Azadlıqsevərlər  partiyasının  ideya  və  fikirlərini  əks 
etdirirdi. İlk sayı 1979-cu ildə aprel ayının 4-də işıq üzü görülmüşdür. Cəmi  4 
sayı  çıxıb.  «Qardaşlıq»  qəzeti  də  «Azadlıq»ın  xətti  ilə  gedir,  lakin  onun 
səhifələrində ədəbi-bədii materiallara daha çox yer verilirdi. 
Azərbaycan  səsi  –  Bu  jurnal  fars  və  azərbaycan  dillərində  Tehranda  nəşr 
olunurdu.  Jurnalın  ilk  nömrəsi  1979-cu  ilin  dekabr  ayının  12-də  çapdan 
çıxmışdır.  Jurnal  mütərəqqi  fikirli  və  demokratik  ruhludur.  Onun  səhifələrində 
analitik materiallara geniş yer verilirdi. İranın daxili ilə xarici siyasəti, xüsusilə 
Azərbaycanın  durumu  ilə  bağlı  materialların  təhlilinə  vaxtaşırı  yer  ayırırdı. 
Jurnal    özünün  ilk  nömrəsində  Azərbaycan  dilinin  Azərbaycan  xalqı  üçün  və 
digər xalqların dillərinin əhəmiyyətindən bəhs edərək «Uşaqlarımız ana dilində 
təhsil  almalıdırlar»  adlı  məqaləsində  belə  yazırdı:  «Ana  dilində  təhsil 
almayanda  uşaqların  istedadı  məhv  olur  və  təbii  inkişafının  qarşısı  alınır, 
onların  az  savadlı  olmaları  və  yaxud  da  savadsız  qalmaları  ilə  nəticələnir. 
Xalqımızın  əksəriyyəti  kəndlərdə  yaşayır.  Uşaqların  çoxu  əkin  və  biçin  və 

 
144 
yaxud  məhsul  toplamaq  dövründə  ata    analarına  kömək  edirlər.  Digər  tərəfdən 
mədrəsələrin azlığı və yaşayış yerindən uzaq olmaları üzundən həmin uşaqların 
təhsil imkanı az və çətinlikləri çox olur. 
Uşaqların bir çoxu da ayrı bir dildə təhsil almaq bacarığına malik deyillər. 
Bütün  bunlara  görə,  fars  olmayan  xalqlar  arasında  savadsızların  sayı  çoxdur. 
Bir  təhər  oxuyanlar  az  məlumatlı  olurlar.  Bu  səbəbdən  də  danışgaha 
(universitet) bu cür adamların daxil olması çətinləşir və nəticədə işsizlərin sayı 
artır (74, 1981, № 2). 
1978-1979-cu    illər  İran  inqilabında  azərbaycanlılar  böyük  rol  oynadılar. 
Şahlıq rejiminə qarşı olan bu inqilabın məqsədi milli idealların gerçəkləşməsinə 
səbəb olmasa da, özündən sonra iz  qoya bildi. Xüsusilə inqilabın ilk oylarından 
30 adda buraxılan qəzet və jurnallar ana dili hərəkatını və milli haqlar uğrunda 
mübarizəni yenidən canlandırdı. 
Yeni  yaranan  yazııçlar  birlikləri,  janr-musiqinin  girçəldilməsi,  azərbaycan 
dilində  tədrislə  bağlı  atılan  addımlar.  Təbrizdə  akademiyanın  yaradılması, 
radioteleviziya    verilişlərinin  doğma  dildə  olan  şəbəkəsinin  genişləndirilməsi 
çox  qısa  müddətdə  fəaliyyət  göstərdi.  Doktor  C.Heyətin  «Varlıq»  jurnalından 
başqa bütün mətbuat orqanları qapandı. 
1990-cı ildə «Yol» adlı ədəbi-ictimai jurnal nəşrə başlayır. Gözəl rəsm əsərləri və 
fotolara  səhifələrində geniş yer verən bu jurnalın 30-dan artıq sayı işıq üzü gördü. 
Jurnalın redaktorları Abbas Səmimi və Həmid Məmmədzadə ii. Mütərəqqi alim və 
vətənpərvər yazıçı olan Həmid Məmmədzadə curnalistlik fəaliyyəti ilə hələ gənj 
yaşlarından  məşğul olmuşdur. Onun bir  qələm sahibi kimi publisistik və əəbi 
yaradıjılığı 1946-cı ildə Təbrizdə nəşr edilən «Azad millət» və «Cavanlar» qəzetində 
çıxan məqalələri ilə  başlamışdı. Uzun müdət «Varlıq» jurnalı ilə əməkdaşlıq 
etmişdir. Təəssüf ki, «Yol» qəzeti sonralar irtica mövqeyinə yuvarlanmağa başlaı, 
nəşri də uzun çəkmədi.   
Beləliklə,1979 –cu il İran İslam inqilabından sonra dövlətin 
rəsmi siyasəti  pəhləvilərdən miras qalmış fars milliyyətçiliyindən İslam 
ümmətçiliyinə keçid aldı. Fars olmayan xalqlara bəzi konstitusiya haqları verilsə də, 
Pəhləvilərdən qalmış fars millətçiliyi üzərində oturdulan dövlət bürokratiyası, millət, 
vətən, milli tarix və milli dil anlayışı xüsusilə mədəniyyət və təhsil sistemində nisbi 
dəyişmələr  olsa da onlar çox az  müddətdə fəaliyyətdə oldu ,sonralarsa qarşısı 
alınıb,yalnız sözdə qaldı.  Ümumiyyətlə isə İslam inqilabından sonra dövlətdə Fars 
olmayan xalqlara qarşı ayrı-seçkilikçilik yalnız təhsil və mədəniyyətlə məhdud 
qalmamış xüsusilə iqtisadiyyat sahəsinə də ciddi təsir  göstərmişdi.     
 

 
145 
  
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin