8. Dövlətin büdcə-vergi siyasəti



Yüklə 17,5 Kb.
tarix02.01.2022
ölçüsü17,5 Kb.
#44479
referat 5496


Hazırladı: Yunus Kazımov (AƏSMA)

8. Dövlətin büdcə-vergi siyasəti
Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.

Dövlətin büdcə siyasəti ilə əlaqədar bir-neçə konsepsiya vardır.Birinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il tarazlaşdırılmalıdır.Son zamanlaradək milli iqtisadiyyatın sabit inkişaf etdirilməsini təmin edən büdcə, maliyyə siyasətinin məqsədini ifadə edən və hər il tarazlaşdırılan büdcə hesab edilirdi.Lakin bu problemi bir qədər dərindən və hərtərəfli nəzərdən keçirsək aydın olacaq ki, belə büdcə dövlətin fiksal siyasətinin səmərəliyini ya tamamilə aradan qaldırır, yaxud da onu azaldır.Bunu yaxşı başa düşmək üçün bu vəziyyəti nəzərdən keçirək. Tutaq ki, iqtisadiyyatda uzunmüddətli işsizlik hökm sürür və əhalinin gəlirləri gündən-günə azalır.Aydın məsələdir ki, bu zaman vergilər hesabına büdcəyə daxilolmalar azalacaqdır.Hökumət, büdcəni tarazlaşdırmaq üçün ya vergi dərəcələrini qaldırmalı, ya dövlət xərclərini ixtisar etməli, yaxud da onları bir-biri ilə əlaqələndirməlidir.Lakin bunlar ümumi tələbin daha da azalmasına səbəb ola bilər.

Büdcənin hər il tarazlaşdırılmasına cəhd göstərilməsinin inflyasiyanın stimullaşdırılmasına gətirib çıxardıgı ikinci misalı nəzərdən keçirək.İnflyasiya şəraitində pul gəlirlərinin artması vergilər hesabına daxilolmalrın çoxalmasına səbəb olur.Odur ki, dövlət müxtəlif tədbirlər görməlidir (birinci misalda göstərildiyi kimi).

Büdcə siyasəti ilə əlaqədar ikinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il yox, iqtisadi tsiklin gedişində tarazlaşdırılmalıdır.Bu konsepsiyanın məntiqi cəhətdən əsaslandırılması olduqca sadədir.Belə ki, istehsalın azalmasının qarşısını almaq üçün hökumət o vergiləri azaldır və dövlət xərclərini artırır, yəni şüurlu surətdə müvəqqəti olaraq büdcə kəsirinin artmasına şərait yaradır.İstehsalda yüksəlişə nail olunduqda vergilər artırılır, dövlət xərcləri isə ixtisar olunur.Büdcədə əmələ gələn müsbət qalıqdan, istehsal azaldığı dövrdə meydana çıxan kəsirin “örtülməsi” üçün istifadə edilir.Beləliklə, dövlət bu cür siyasət yeritməklə iqtisadi tsiklin müxtəlif mərhələlərində büdcəni tarazlaşdırır.

Bu konsepsiyanı reallaşdırdıqda meydana çıxan başlıca problem ondan ibarətdir ki, iqtisadi tsikldə azalma və yüksəliş, müddətlərinə görə eyni olmurlar.Məsələn; istehsalın uzun müddətli azalma meyli qısa müddətli yükləliş dövrü ilə əvəz oluna bilər.İstehsal azaldığı dövrdə əmələ gələn büdcə kəsiri və dövlət borcu yüksəliş dövründə əldə edilən çox da böyük olmayan müsbət qalıqla örtülmür.Bu isə o deməkdir ki, büdcədə vaxtaşırı kəsir əmələ gəlir.

Vergi Məcəlləsində də öz əksini tapdığı kimi vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir .

Dövlətin vergi siyasəti dedikdə isə, dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi başa düşülür.

Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə, vergilər öz təyinat və funksiyasını vahid büdcə prosesində həyata keçirir. Hər bir maliyyə ili üçün büdcə qəbul edilərkən vergi siyasətinin əsası qoyulmuş olur. Onun həyata keçirilməsi isə uyğun qanunvericilik və normativ aktların qəbul edilməsi yolu ilə aparılır. İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasəti vəsaitlərin vergi sistemi va sitəsi ilə toplanmasının optimallaşdırılması məqsədini güdür. Vergi siyasəti dövlət orqanlarının elmi cəhətdən əsaslandırılmış hüquqi fəaliyyəti kimi, geniş təkrar istehsalın tələbatını təmin etməlidir. Onun əsas məqsədi vergi ödəyicilərindən vergilərin tutulmasının hüquqi qaydalarını təmin etməklə bərabər, vergitutmanın təsiri altında formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir.

Dövlətin vergi siyasəti mümkün qədər çox vəsait toplamağa deyil, sahibkarlığın inkişafına kömək göstərməyə xidmət etməlidir. Təsərrüfatçılıq nəzəriyyəsi və pratikası vergi siyasətinə bir sıra tələblər irəli sürür.

Səmərəli vergi siyasətinə tələblər əsasən aşağıdakılardan ibarətdir:



  • səmərəli vergi siyasəti üçün baza təşkil edən elmi yanaşmalara əməl edilməsi;

  • cəmiyyətin inkişafının konkret tarixi mərhələlərinin, dövlətin real iqtisadi və maliyyə imkanlarının nəzərə alınması;

  • dünya təcrübəsinin və əvvəlki təsərrüfat və maliyyə quruculuğundakı təcrübənin ətraflı təhlili;

  • vergi siyasəti konsepsiyası işlənib hazırlanarkən nəticələrin proqnozlaşdırılması;

  • təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması;

  • iqtisadiyyatın vəziyyəti, ölkənin obyektiv imkanları, maliyyə potensialı barədə dəqiq informasiyadan istifadə edilməsi.

Şərti olaraq dünyada vergi siyasətinin üç tipi qeyd olunur:

  • Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti); bu zaman dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır. Təbiidir ki, belə vergi siyasəti ayrıca götürülmüş konkret vergi ödəyicisi və ümumiyyətlə cəmiyyət üçün iqtisadi inkişafa heç bir ümid yeri qoymur. Buna görə də belə siyasət, bir qayda olaraq, fövqəladə hallarda, məsələn, iqtisadi böhranlar, müharibələr zamanı həyata keçirilir. Belə siyasətin uzun müddət həyata keçirilməsi bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Bu zaman müxtəlif səviyyəli büdcələrdə vergi daxilolmalarının səviyyəsi azalır;

  • Aşağı vergi yükü (optimal vergi siyasəti); bu zaman dövlət maksimim dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır. Belə siyasət tez bir zamanda iqtisadiyyatın, əsasən, real sektorunun inkişafına şərait yaradır, belə ki, daha əlverişli vergi və investisiya mühitini təmin edir (digər ölkələrə nisbətən vergitutma səviyyəsi aşağı olur, xarici investisiya axını daha da sürətlənir və beləliklə, milli iqtisadiyyatın rəqabət qabiliyyətlilik səviyyəsi artır). Sahibkarlıq subyektlərinə vergi yükü yumşaldılır, dövlətin sosial proqramları məhdudlaşdırılır, belə ki, büdcə gəlirləri azalır;

  • Sosialyönümlü yüksək dərəcəli vergilər siyasəti; bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır. Bu zaman büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir.

Yüklə 17,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin