PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

IV  F Ə S Ġ L 
MĠLLĠ AZADLIQ HƏRƏKATININ YÜKSƏLĠġ 
ĠLLƏRĠNDƏ MƏTBUAT 
(1940-1944) 
 
Rza  şahın  hakimiyyəti  illərində  (1925-1941)  Güney  Azərbaycan  həyatının 
bütün  sahələri  tənəzzül  etmiş,  həmin  illər  tarixdə  ən  qaranlıq  irtica  illəri  kimi 
yadda  qalmışdır.  Ölkədə  milli  regionlarla  mərkəz  arasındakı  ziddiyyət  yeni  
düyünlər yaratmış, xalqın bütün təbəqələri hakim rejimin zorakılıq siyasətindən 
cana  gəlmişdilər.  Ölkə  azad  fikirlilər  və  vətənpərvərlər  üçün  zindana 
çevrilmişdi. 
Rza  şahın  hərbi-polis  rejiminin  süqutundan  sonra  ölkədə  siyasi  ab-hava 
dəyişməyə və demokratik hərəkat canlanmağa başladı. 1941-ci ilin sentyabrında 
İranda  siyasi  məhbuslara  amnistiya  veilrdi.  Zindan  və  sürgünlərdən 
qayıtmışların  arasında  ziyalılar  və  azadfikirlilər  çox  idi.  Tədricən  yeni 
təşkilatlar,  o  cümlədən  cəmiyyətlər,  klublar,  dərnəklər  yaradılır,  onların  mətbu 
orqanları  nəşr  olunmağa  başlayırdı.  Azərbaycanlı  vətənpərvərlər  müxtəlif 
partiya və cəmiyyətlərdə birləşirdilər.  
Azərbaycanda  ictimai-siyasi  həyat  canlanmağa  başladı.  Həmin  dövrdə 
ruhlu  mütərəqqi  təşkilatlar  «Azərbaycanın  antifaşist    cəmiyyəti»,  «Azərbaycan 
fəhlələrinin  həmkarlar  ittifaqı»,  «Azərbaycan  zəhmətkeşlər  təşkilatı», 
«Demokratiya  tərəfdarları  mərkəzi»  kimi  müxtəlif  cəmiyyətlər  yaradıldı.  Tək 
Təbrizdə  deyil,  Ərdəbil,  Urmiya,  Marağa,  Sərab,  Əhər,  Mərənd  və  Xoyda  da 
demokratik  cəmiyyətlər,  birliklər  klublar  təşkil  edildi.  Bu  birliklərdə 
demokratiya,  konstitusiya,  Azərbaycan  məsələsi  və  s.  haqqında  söhbətlər, 
diskussiyalar  aparılırdı.  «Azərbaycan  cəmiyyəti»  milli  qüvvələrin  səfərbər 
edilməsində  xüsusi seçilirdi.  Bu  dövrdə  mətbuat  yenidən  dirçəliş  tapır,  bir  sıra 
yeni  qəzet  və  jurnallar  nəşrə  başlayırdı.  Təbrizdə  ana  dilində  «Azərbaycan», 
«Sədayi  Azərbaycan»,  «Vətən  yolunda»  qəzetləri  çap  olunurdu.  Bunlarla 
yanaşı,  «Şahin»,  «Sərbaze-sorx»,  «Yumruq»,  «Ajir»,  «Xavər-noy»,  «Cövdət» 

 
100 
və digər mətbu orqanları da fəaliyyət göstərirdi. 
Diktator  rejimində  siyasi  satirik  vərəqə  və  gizli  şəbnamələr  vasitəsilə 
yayılan  demokratik  fikirlər  indi  fars  və  Azərbaycan  dillərində  çıxan  kitab, 
qəzet, jurnal, teatr tamaşaları, mitinq və nümayişlər yolu ilə təbliğ edilirdi.  
İlk  sayı  1930-cu  ildə  işıq  üzü  görən  «Şahin»  qəzeti  40-cı  illərdə  də  öz 
nəşrini  davam  etdirirdi.  Qəzetin  redaktoru  Təbrizdə  demokratik  hərəkatın 
tanınmış nümayəndəsi, azərbaycanlı Həbibulla Ağazadə idi. Farsca  nəşr olunan 
qəzetin  səhifələrində  azərbaycanca  vətənpərvərlik    mövzusunda  şeirlər  çap 
olunurdu. Qəzet azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana 
getməyə məcbur olub, paytaxtda ali məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz 
qalan  azərbaycanlıları  bu  qayğıdan  xilas  etmək  üçün  Azərbaycanda  ali  məktəb 
açılması  uğrunda  çıxış  edirdi.  Qəzet  Rezaye  (Urmiya),  Şahpur  (Salmas) 
şəhərlərinin  əvvəlki  adlarını  bərpa  etməyi  tələb  edir,  Təbriz  pedaqoji 
məktəbinin müəllim və tələbə heyətinin Tehranda komplektləşdirmə kimi fasid 
təcrübəyə  qarşı  çıxırdı.  Azərbaycanın  iki  müstəqil  vilayətə  bölünməsini 
pisləyən  qəzet  bildirirdi  ki,  bu  süni  vəziyyət  Qərbi  və  Şərqi  Azərbaycanın 
birliyini  məhv  edə  bilməz.  Qəzet  həmçinin  Azərbaycanın  böyük  oğullarının 
xatirəsini  əziz  tutmağa,  onların  adını  Təbrizin  küçə  və  meydanlarında 
əbədiləşdirməyə,  onlara  heykəl  qoymağa  çağırırdı  (104,  1941,  1942).  Bununla 
belə  «Şahin»  qəzeti  «Azərbaycan»  qəzeti  kimi  milli  maarifçiliklə  məşğul 
olmurdu. 
 «Molla  Nəsrəddin»  jurnalının  Güneydə  davamçısı  olan  «Azərbaycan 
ulduzu»  1944-cü  ildə  Təbrizdə  «Sitareyi  Azərbaycan»  adı  altında  nəşrə 
başlamışdı. Həmin il dərgi Cəlil Məmmədquluzadənin 75 illiyi münasibətilə bir 
sayını bütünlüklə böyük sənətkara həsr etmişdir. Altıncı sayın baş məqaləsində 
yazılırdı: «Bu şümarəmiz «Sitareyi-Azərbaycan» adı ilə adlandığı halda yazıları 
«Molla Nəsrəddin» məcmuəsində cəm olunmuş parçalardır…». 
40-cı  illərin  əvvəllərində  Azərbaycandakı  sosial-siyasi  və  iqtisadi 
ziddiyyətlər  başqa  regionlardan  fərqli  idi,  xalqa  qarşı  zorakılıq  siyasəti  
buradakı  hadisələrin  gedişini  sürətləndirmişdi.  Bu  bölgədə  yaşayanların  yaxın 

 
101 
keçmişdəki  inqilabi  təcrübəsi  də  öz  növbəsində  az  rol  oynamadı,  hadisələrin 
gedişi  vətənpərvər  qüvvələrin  vahid  bir  milli  siyasi  mərkəzdə  birləşməsini  və 
Azərbaycanın  müqəddəratının  həll  olunmasını  tələb  edirdi.  ADF-nın 
(Azərbaycan  Demokratik  Firqəsi)  yaranması  da  bu  tarixi  ehtiyacdan  irəli 
gəlirdi. 
40-cı  illərin  əvvəlində  başlamış  demokratik  hərəkatın  1941-1945-ci  illəri 
əhatə  edən  birinci  mərhələsində  Güney  Azərbaycanda    yeni  ictimai-siyasi 
fəallıq  şəraiti  yaranmışdı.  Bu  mərhələdə  hərəkatın  əsas  xüsusiyyəti 
dərketmənin,  milli  şüurun,  misilsiz  dərəcədə    inkişafı  oldu.  Diktatura 
rejimindən  xilas  olub  istiqlal  uğrunda  mücadilə  yoluna  keçən  xalq  onun  əsas 
təzahürlərindən  biri  kimi  ana  dilində  danışmağa,    yazıb-oxumağa    başladı. 
1941-44-cü illərdə ana dilində bir çox nüfuzlu qəzetlər nəşr olunurdu. 
 
 «VƏTƏN  YOLUNDA» QƏZETİ 
(1941-1946) 
 
II  Dünya  müharibəsindən  sonra  almanlar  İranda  fəallaşmışdı.  Hakim 
rejimdən  dəstək  alan  almanlar  ölkənin  ərazisindən  SSRİ-yə  qarşı  təxribat  və 
casusluq üçün istifadə edirdilər. SSRİ belə halların qarşısını almaq üçün (1921 -
ci  ildə  bağlanmış,  Sovet-İran  müqaviləsini  əsas  tutaraq)  bir  neçə  dəfə  nota 
göndərdi. Lakin qarşı tərəfdən cavab almadı.  
İrandakı  da  öz  növbəsində    sovet    kəşfiyyatı  oradakı  vəziyyət  haqqında 
xüsusi  məlumat  toplayıb  göndərirdi.  Stalin  Güneydə    tapladanan  hüquqları 
uğrunda  mübarizəyə  qalxmağa  hazır  olan  sosial-siyasi  qüvvələrin 
mövcudluğunu bilirdi.  
Digər  bir  tərəfdən  isə  sovet  qoşunlarının  həmin  əraziyə  daxil  olması  üçün 
şərait  yetişmiş  oldu.  Qırmızı  ordu  1941-ci  il  avqustun  25-də  sərhədi  keçib, 
Güney  Azərbaycana  daxil  oldu.  Az  sonra  Britaniya  və  ABŞ-da  İrana  qoşun 
yeritdilər.  Rza  şah  ölkənin  şimal  və  cənubunda  yerləşən  qoşunlara  müqavimət 
göstərə  bilmədi,  ölkəni  tərk  etmək  məcburiyyətində  qaldı.  Bu  barədə 

 
102 
M.C.Pişəvəri  yazırdı:  «1320-ci  ilin  şəhrivər  ayında  baş  vermiş  hadisə  bizi 
qafilgir  etdi.  Xalq  bu  hadisədən  köklü,  istədiyi  kimi,  layiqincə  istifadə  edə 
bilmədi.  Şəhrivərdən  sonra  diktator  qaçdı.  Diktatorun  istifadə  etdiyi  dövlət 
maşını olduğu kimi yerində qaldı» (43, 269). Beləliklə, hakimiyyətə şahın oğlu 
Məmmədrza  Pəhləvi  gəldi.  Lakin  o  da  İranın  Cənubi  Azərbaycana  qarşı 
siyasətində heç bir dəyişiklik etmədi. 
Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl olması Stalinin cənub haqqında 
düşünülmüş  gizli  planlarına  tam  cavab  verirdi.  Qırmızı  ordu  ilə    birlikdə  bir 
qrup  Azərbaycan  ziyalıları  da  Təbrizə  gəldilər.  Başda  Bağırov  olmaqla  onun 
rəhbər  partiya  və  dövlət  işçiləri,  ziyalıları,  hərbi  qulluqçuları  və  s.  üzərinə 
fövqəladə və səlahiyyətli bir vəzifə Güney Azərbaycanda milli-mədəni və siyasi 
dirçəlişə yardım vəzifəsi qoyulmuşdu. 
«Vətən  yolunda»  qəzeti  sovet  ordusu  tərkibində  Güney  Azərbaycana 
gəlmiş  yaradıcı  ziyalıların  iştirakı  ilə  hazırlanırdı.  Qəzetinin  ilk  sayı  1941-ci 
ilin  oktyabr  ayının  11-də  çapdan  çıxmışdır.  Qəzet  Azərbaycan  dilində  günaşırı 
nəşr  olunurdu.  Qeyd  etmək  lazımdır  ki,  «Vətən  yolunda»  qəzeti  1920-ci  ildə 
Xiyabani hərəkatı  yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən 
olmuşdur  (İki  dildə  çıxan  qəzetlər  mövcud  olsa  da,  Azərbaycan  dilində 
materiallara  çox  az  yer  ayrılırdı  –  P.M.).  Qəzetin  nəşr  olunduğu  müəyyən 
dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və 
Rza  Quliyev  olmuşlar.  Qəzetin  redaksiyasında  şairlərdən  Süleyman  Rüstəm, 
Osman  Sarıvəlli,  Məmməd  Rahim,  yazıçılardan  Süleyman  Rəhimov,  Əvəz 
Sadıq,  Qılman  Musayev  (İlkin),  Seyfəddin  Dağlı,  Cabbar  Məcnunbəyov, 
jurnalist,  elm  və  incəsənət  xadimlərindən  İsrafil  Nəzərov  (məsul  katib),  Əsgər 
Ağayev,  Qulam  Məmmədli,  Ələkbər  Abbasov,  Nüsrət  Bağırov,  Həmid 
Yolçiyev,  Cavanşir  Şirinov,  Cəfər  Xəndan  (baş  redaktor  müavini),  Mehdixan 
Vəkilov,  Mirzağa  Quluzadə,  Rəhim  və  Məmmədağa  Sultanov  qardaşları, 
rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox 
başqaları  işləmişlər  (54,  79).  Şimaldan  gələn  bu  yaradıcı  ziyalılar  tərəfindən 
qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirmişlər. 

 
103 
Qeyd  etmək  lazımdır  ki,  M.C.Bağırovun  təşəbbüsü  ilə  yerli  əhali  arasında 
siyasi, ideoloji,  mənəvi,  mədəni iş aparmaq və həm də onlara qayğı göstərmək 
məqsədi  ilə  Azərbaycan  K(b)P  MK-nın  katibi  Əziz  Əliyevin  rəhbərliyi  altında 
xüsusi  qrup  yaradılmışdı.  Bu  qrupda  təbliğat  məsələləri  Süleyman  Rəhimova, 
inzibati-təsərrüfat 
işləri  Meybalı  Əmiraslanova,  xüsusi  əməliyyatların 
aparılması  Ağasəlim  Atakişiyevə,  tibb-sanitar  xidməti  Mustafa  Quliyevə, 
Azərbaycan  dilində  çıxacaq  ordu  qəzetinin  redaktorluğu  Mirzə  İbrahimova 
tapşırılmışdı  (23,  44).    Sentyabrın  21-dən  Cənubi  Azərbaycanda  fəaliyyətə 
başlamış  missiya  tez  bir  zamanda  əhalinin  rəğbətini  qazana  bilmişdi.  (Qrupun 
tədbirləri  nəticəsində  Cənubi  Azərbaycanda  yeyinti  və  sənaye  malları  qıtlığı 
aradan  götürülmüş,  əhaliyə  pulsuz  tibbi  yardımlar  göstərilmişdi).  Ən  başlıcası 
isə bütün bu xidmətləri göstərənlər yerli əhali ilə doğma dildə danışırdı. 
Nəzərə  almaq  lazımdır  ki,  Sovet  Azərbaycanından  getmiş  qrupun  maddi, 
mənəvi  qayğısı  nəticəsində  Cənubi  Azərbaycan  əhalisində  sovetlərə  qarşı 
hörmət  hissi  yaranırdı.  Əgər  belə  bir  qrup  orada  fəaliyyət  göstərməsəydi  və 
yerli  əhali  ilə  səmimi  münasibətdə  olmasaydı,  yalnız  sovet  hərbi  hissələrinin 
ölkə ərazisinə daxil olması Azərbaycan xalqı tərəfindən bir o qədər də maraqla 
qarşılanmazdı (2, 14). 
«Vətən yolunda» ilə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun 
redaktorluğu  ilə  Azərbaycan  dilində  «Qızıl  əsgər»  (redaksiya  heyətində  Nüsrət 
Bağırov,  A.İsayev,  Şəmsi  Bədəlbəyli  də  çalışırdılar),  Rəştdə  isə  Xasay 
Vəzirovun  redaktorluğu  ilə  fars  dilində  «Sərbaze  sorx»  (Qızıl  əsgər)  qəzetləri 
çıxırdı. 
Qəzetin  fəaliyyətini  şərti  olaraq  iki  yerə  ayırmaq  olar.  1941-1942-ci  illəri 
əhatə  edən  ilk  dövrdə  bu  mətbu  orqanının  89  sayı  nəşr  olunub.  1944-cü  ilin 
aprel  ayından  qəzet  özünün  ikinci  dövr  fəaliyyətinə  başlayıb.  1946-cı  ilin  may 
ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.  
Görkəmli  tədqiqatçı  Cəfər  Xəndan  bu  qəzetdə  çalışmaqla  bərabər,  onun 
fəaliyyətini  geniş  şəkildə  işıqlandırmışdır.  O  yazırdı  ki,  qəzetin  Cənubi 
Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki 

 
104 
azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300 -
dən 3000-ə qədər oxucusu olduğu halda, «Vətən yolunda»nın  oxucuları 15000-
dən  artıq  idi.  Oxucular  günaşırı  çıxan  bu  qəzetin  hər  nömrəsini  səbirsizliklə 
gözləyir və yığıb saxlayırdılar. «Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet 
mühərrir  və  yazıçılarının  qüvvəsilə  çıxmış  və  siyasi-ictimai  materiallar 
vermişsə,  ikinci  dövrdə  çoxlu  yerli  şair  və  mühərrir  toplaya  bilmişdir»  (46, 
153). Yerli şair və mühərrirlərə gəldikdə onların sırasına: Mirmehdi Etimad, Əli 
Fitrət  Balaş  Azəroğlu,  Çavuşi,  Əli  Tudə,  Mədinə  Gülgün,  Mirrəhim  Vilayi, 
Məhəmmədlu Əbbasi, Hilal Nasiri, Məhəmməd Buriya daxil idi. 
Qəzetin  xalq  arasındakı  nüfuzunu  göstərmək  üçün  yerli  müəllif 
M.Biriyanin  qəzetin  ilk  çapından  təxminən  1  ay  sonra  yazdığı  məqaləyə  nəzər 
salmaq kifayətdir. «Təbriz məktubları» rubrikası altında çap olunmuş məqalədə 
yazılırdı: Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində 
Tərbiyət  xiyabanı  qarşısından  keçərkən  əhalinin  bir  nəfər  kiçik  oğlanın 
dövrəsinə  yığışaraq  qəzet  almalarını  gördüm.  Saqqalı  ağarmış  bir  qoca  kişi 
əlində  pul  tutaraq  camaatı  itələyə-itələyə  ruznamə  almaq  istəyirdi.  Müsaidə 
edərək  ruznamənin  birini  alıb  ona  verdim.  O  sevincək  ruznaməni  alaraq  dedi: 
Ağa,  əgər  mümkün  olarsa  bir  az  oxu  görək  nə  yazırlar.  Onun  xahişini  yerə 
salmadım,  oxudum.  qoca  dərindən  bir  ah  çəkdi.  Mən  heyrətlə  səbəbini  sual 
etdim.  O  üzünü  mənə  tutub:  -  Çox  şükür  ki,  belə  sadə  dildə  yazırsınız  dedi  və 
ruznaməni  əlimdən  alıb  mənimlə  xudahafizləşdi.  Və  ömrünün  son  illərində 
Azərbaycan  dilində  yazılmış  ruznaməni  əlləri  titrəyə-titrəyə  başqalarına 
göstərmək üçün sürətlə getdi» (110, 1941, №6). 
Yaradıcı qrupa daxil olan yazıçı Qılman İlkin o günləri xatırlayıb  yazırdı: 
«Biz orada azərbaycanlı əsgərlər üçün qəzet nəşr etməli idik. Qəzetin yerli əhali 
tərəfindən  oxuna  bilməsi  üçün  onun  ərəb  əlifbası  ilə  çap  edilməsi  qərara 
alınmışdı.  Çünki  İran  qəzetləri  müharibə  əməliyyatları  və  cəbhələrdəki 
hadisələr barədə səhv məlumat verir, hadisələr almanların xeyrinə olaraq, təhrif 
olunurdu.  Sovet  qoşunlarının  cəbhədəki  vuruşmalarını  biz  olduğu  kimi  yerli 
əhaliyə  çatdırmalı idik» (89, 1999, №3, 40). 

 
105 
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney 
Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu 
da  qeyd  etmək  lazımdır  ki,  Təbrizdə  fəaliyyət  göstərən  işçi  qrupu  ilə  Sovet 
Hərbi    diplomatik  nümayəndələri  arasında  münasibətlər  ziddiyyətli  idi.  O 
dövrdə  baş  verən  hadisələri  araşdırmaya  cəlb  edən  C.Həsənli  yazır:  «Güney 
Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər 
də  təmin  etmirdi...  Hətta  A.Smirnov  ilk  olaraq  türk  dilində  çıxan  və  Güney 
Azərbaycanda  əl-əl  gəzən  «Vətən  yolunda»  qəzetinin  bağlanması  haqqında 
SSRİ  Xarici  İşlər  Komissarlığına  müraciət  də  etmiş,  lakin  M.C.Bağırov  da  öz 
növbəsində «Vətən yolunda» qəzetinin bağlanmasına etirazını bildirmişdi» (23, 
s.64-65). 
Bundan  əlavə  1941-ci  ilin  noyabrında  sovetlərin  qərbdə  olduğu  kimi, 
cənubda  da  öz  sərhədlərini  genişləndirmək»  prosesinin  başa  çatması 
gözlənilirdi.  Lakin  sovet-alman  cəbhəsində  vəziyyətin  gərgin  xarakter  alması 
SSRİ-ni öz planlarından yayındırırdı. 1942-ci il yanvar ayının 29-da İranın ərazi 
bütövlüyü  haqqında  üçtərəfli  bəyannamənin  imzalanması  Azərbaycan 
məsələsini  xeyli  çətinləşdirdi.  Sovetlər  Birliyi  bir  də  bu    məsələyə  böyük 
müharibədə əsaslı döyüş  başa çatdıqdan sonra qayıtdı (24, 4). 
1944-cü  ildə  Güney  Azərbaycana  yenidən  işçi  qrupu  göndərilmişdi. 
Bununla  da  2  ildən  sonra  1944-cü  ilin  aprelindən  Təbrizdə  «Vətən  yolunda» 
qəzetinin  nəşri  bərpa  edilmişdi.  Qəzetin  II  fəaliyyət  dövründə  redaktoru 
H.Şahgəldiyev  idi.  Qəzet  tək  Təbrizdə  deyil,  bütün  Güney  Azərbaycanın 
şəhərləri, hətta Tehranda belə yayılıb, böyük maraqla oxunurdu. Qəzetin işi ilə 
bağlı Cəfər Xəndan və Qulam Məmmədli digər şəhərlərə ezam olunurdular. 
Ənvər  Məmmədxanlı  xatirələrində  yazırdı:  «Təbriz  ziyalılarınınn 
redaksiyamız  ətrafında  toplaşması  qarşılıqlı  olaraq,  hər  iki  tərəfə  çox  xeyir 
verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar 
da «Vətən yolunda» qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri 
sırasında  müasir  Azərbaycan  dilinin  inkişafı  səviyyəsini  mənimsəyir,  dilin  yad 
tərkibdən  təmizlənməsi  proseslərinin  nə  qədər  uğurlu  və  vacib  olduğunu 

 
106 
görürdülər.  «Vətən  yolunda»  qəzeti  yerli  ədəbi  qüvvələrin  yetişməsində  böyük 
rol oynadı. Qəzet  tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi (78, 11 
may 1990). Beləliklə, «Vətən yolunda» qəzeti Güney Azərbaycanda ana dilində 
ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı. 
Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi 
proseslər,  ölkədə  yaranan  demokratik  əhval-ruhiyyə,  yeni  qurulmuş  Milli 
Hökumət ətrafında birləşirdi.  
Qəzetdə  çap  olunan  mövzulara  gəldikdə  isə  onlar  iki  istiqamətdə  idi.  I. 
sovet  sosialist  ideologiyasının  təbliği,  II.  yerli  əhalinin  maarifləndirilməsi. 
Birinci  sıraya  daxil  olan  yazılarda  sovet  döyüşçülərinin  cəbhədəki 
qəhrəmanlıqları,  antifaşist  təbliğatı,  sovet  cəmiyyətinin  və  sovet  həyat  tərzinin 
gözəl  boyalarla  təsviri,  sosializmin  kapitalizmdən  üstün  olduğunu  «ciddi 
cəhdlə»  göstərməklə  sovet  cəmiyyətinin  gələcəkdəki  xoşbəxt  proqnozu 
verilirdi.  «Böyük  Vətən  müharibəsi  cəbhələrində»,  «Böyük  Vətən  müharibəsi 
qəhrəmanları», «Xarici ölkələrdə», «Beynəlxalq mövzuda», «Sovet İttifaqında» 
və s. rübrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən 
materialların  bir  növ  eyni    idi.  Ona  görə  də  bu  sıraya  daxil  olan  materialların 
təhlilinə  toxunmayıb  ondan  yan  keçəcəyik.  İkinci  sıraya  isə  Azərbaycan 
mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və 
ədəbiyyat  tarixi,  dünya  ədəbiyyatı  nümunələrini,  məktəb  və  maarif  sahələrini 
özündə əks etdirən yazılar daxil  idi.  
Bundan  başqa  Cənubi  Azərbaycandakı  ictimai-siyasi  proseslər,  ölkədə 
yaranan  demokratik  əhval-ruhiyyə,  xalqın  milli  azadlıq  hərəkatının  əhalinin 
bütün  təbəqələrini  əhatə  etməsi  və  yüksələn  xətt  üzrə  inkişaf  edərək  Milli 
Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin 
bəhrələndiyi əsas mənbələrdən idi (2, 115). 
Tədqiqatçı  G.Ağayeva  haqlı  olaraq  yazır  ki,  qəzetdə  çap  olunmuş  bədii 
əsərlərə  diqqət  yetirdikdə  təkcə  cənub  şairlərinin  deyil,  şimaldan  getmiş 
müəlliflərin  də  yaradıcılığında  maraqlı  bir  mərhələnin  yarandığının  şahidi 
oluruq.  Belə  ki,  bir  tərəfdən  1937-ci  ilin  repressiya  tufanından,  digər  tərəfdən 

 
107 
isə  partiya,  Lenin,  Oktyabr  inqilabına  mədhiyyə  xarakterli  əsərlər  yazmaqdan 
yorulmuş  şair  və  yazısılar  yeni  bir  mühitə  düşmüşdülər.  Deməli,  Cənubi 
Azərbaycandakı  siyasi  proseslər,  gündən-günə  genişlənən  demokratik  əhval-
ruhiyyə  onlar  üçün  də  ürəkdən  olan  bir  mövzu  idi.  Odur  ki,  «Vətən  yolunda» 
qəzetində  çap  olunan  əsərlərin  müəyyən  bir  hissəsi  məzmun  cəhətdən  cənublu 
qələm  sahibləri  ilə  yanaşı  Sovet  Azərbaycanından  getmiş  şair  və  yazıçıların 
yaradıcılığında da bir yenilik idi (2, 116). 
Qəzet  özünə  geniş  oxucu  auditoriyası    toplaya  bilmişdi.  O  illərdə  «Vətən 
yolunda»  qəzetinin  həm  də  fəal  əməkdaşı  olan  Qılman  İlkin  yazırdı  ki,  «yerli 
azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir 
və  onda  iştirak  edirdilər».  Getdikcə  yerli    ziyalılardan    çoxları  redaksiyamıza 
ayaq açdılar. Qəzetlə bağlı Ən xoş  arzu və minnətdarlıqlarını bizə bildirirdilər. 
Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin 
növbəti sayında çap olunmuş  Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu 
ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki, 
o  bizim  dayimi  müəllifimizə  çevrildi.  Ondan  sonra  şəhərin  bir  çox  yaşlı  və 
cavan  şairləri  də  qəzetin  ətrafına  toplaşmağa  başladı.  Bunlardan  Əli  Fitrət, 
Mehdi  Çavuşi,  Mehdi  Etimad,  Səfvəd  Yəhya  Şeyda,  Ərdəbildən  Balaş 
Azəroğlu,  Əli  Tudə,  daha  sonralar  şairə  qızlardan  Mədinə  Gülgün,  Hökumə 
Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar (89, 
1999, №1, 41). 
«Vətən  yolunda»  qəzetinin  Güney  Azərbaycan  ədəbiyyatında,  publisisti-
kasında yeni qələm ordusunun meydana sıxmasında böyük rolu danılmazdır. 
«Vətən  yolunda»  qəzetinin  nəzdində  «Şairlər  məclisi»  təşkil  olunmuşdu. 
«Bütün  Cənubi  Azərbaycan  və  İranda  şöhrət  tapan  «Vətən  yolunda»  az  zaman 
içərisində  Cənubi  Azərbaycan  şairlərinin  ədəbi  mərkəzinə  çevrildi.  Bura  gələn 
və  elmi,  ədəbi  məsləhətlər  alan  şairləri  bir  ədəbi  təşkilat  altına  almaq  zərurəti 
doğurdu.  Məclis  təşkil  olunmamış  cümədən-cüməyə  redaksiyaya  toplaşan 
şairlər  ədəbi  mübahisələr  aparır,  tərcümələr  edir,  öz  şeirlərini  oxuyurdular. 
Bunları  təşkilat  altına  almaq  və  müəyyən  plan  üzrə  iş  aparmaq  üçün  qəzetin 

 
108 
redaktorluğu «Şairlər məclisi»ni təşkil etməyi qərara aldı» (46, 164).  
Tarixi  və  ədəbi  ənənələrə  söykənən  bu  ədəbi  təşkilat  Azərbaycan 
ədəbiyyatı  tarixinin  görkəmli  simalarını  tanıtdırmaq  və  müasir  şairlərin 
yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu. 
Ədəbi  məclis  bədii  söz  sənətinin  hörmət  və  qiymətini  özünə  qaytarmaqla 
bərabər,  həm  də  gələcək  fəaliyyəti  üçün  ətraflı  düşünülmüş  planlar  tərtib  edib 
həyata keçirməyə başladı. 
Məclis  «Şairlər  məclisi»  adı  altında  aydıq  ədəbi  məcmuə  də  hazırlayırdı. 
Məcmuənin  1,  2,  3  və  4-cü  saylarında  yalnız  məclis  üzvləri  deyil,  Cənubi 
Azərbaycan,  həmçinin  İranda  yaşayan  və  ana  dilində  yazan  başqa  şairlər  də 
iştirak  edirdilər.  Məcmuənin  3  və  4-cü  sayları  1945-ci  ilin  noyabr  ayında  bir 
kitab  şəklində  çap  olundu,  424  səhifədən  ibarət  olan  bu  kitabda  80-dən  çox 
şairin 300-dən artıq şeir və poeması toplanmışdı. 
«Şairlər  məclisi»  üzvlərinin  və  onları  əsərlərinin  geniş  xalq  kütlələrinə 
tanıtmaq  işində    «Vətən  yolunda»  qəzetinin  böyük  rolu  olmuşdur.  Qəzetin 
səhifələrində  Ə.Fitrət,  M.Etimad  (Milli  hökumətinin  dövlət  himninin  sözlərini 
yazmışdı),  Çavuşi,  B.Azəroğlu,  İ.Zakir,  M.Gülgün  və  digər  məclis  üzvlərinin 
yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi. 
Getdikcə  sıralarına  daha  çox  üzv  cəlb  edilən  «Şairlər  məclisi»nin  təsiri 
altında  başqa  şəhərlərdə  də  ədəbi  hərəkat  canlanmağa  başlamışdı.  Klassik  və 
çağdaş  Azərbaycan  şeir  ənənələrini  dərindən  öyrənən  məclis  üzvlərinin 
yaradıcılığında böyük yeniliklər nəzərə çarpırdı. 
Təbrizdə  və  Zəncanda  «Şairlər  məclisi»,  Ərdəbildə,  Urmiyada  «Yazıçılar 
məclisi»,  Əhər,  Mərənd,  Sarab,  Marağa  şəhərlərində  bunların  şöbələri  təşkil 
olunurdu.  Bu  məclislərdə  ədəbi  irsin  öyrənilməsi  yeni  inkişaf  mərhələsində 
ədəbiyyatın müxtəlif problemləri müzakirə edilir, yeni əsərlər oxunurdu. 
Ənvər  Məmmədxanlı  «Vətən  yolunda»  qəzetinin  hər  iki  taylı  ziyalıların 
təsirini  qiymətləndirərək  yazırdı:  «Təbriz  ziyalılarının  redaksiyamız  ətrafında 
toplanması  qarşılıqlı  olaraq  hər  iki  tərəfə  çox  xeyir  verdi.  Biz  Cənubi 
Azərbaycanı  onların  vasitəsilə  daha  dərindən  öyrəndik.  Onlardan  «Vətən 

 
109 
yolunda»  qəzetinin  Azərbaycanda  yerinə  yetirdiyi  bir  çox  xidmətləri  sırasında 
müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən 
təmizlənməsi  proseslərinin  nə  qədər  uğurlu  və  vacib  olduğunu  görürdülər  (78, 
11 may 1990). 
«Vətən  yolunda»  qəzetində  dərc  olunan  materiallar  da  ikiyə  parçalanmış 
xalqın  mənəviyyatı,  mədəniyyəti,  tarixi,  ədəbiyyat  küll    halında  verilirdi. 
Qətiyyətlə  deyə  bilərik  ki,  1941-1946-cı  illərdə  Güney  Azərbaycanda  milli 
ruhun  oyanması,  milli  özünüdərkin  bədii  inikası  «Vətən  yolunda»  qəzeti  ilə 
bağlı olmuşdur. 
1905-1911-ci  illərdə  Məşrutə  hərəkatı,  1917-1920-ci  illərdə  Şeyx 
Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-
bədii  publisistik  yazılar  az  deyildi.  Lakin  çap  olunan  nəzm  və  nəsr 
nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi 
qabarıq  və  güclü  deyildi.  O  illərdə  «Vətən  yolunda»  qəzetinin  səhifələrində 
ikiyə  bölünmüş  xalqın  faciəsini,  dərdini,  hiss  və  duyğularını  əks  etdirən 
«parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusu yaranırdı. 
Uzun  illər  (xüsusilə  1920-ci  illərdən  sonra)  hər  iki  tayda-  sovetlər 
birliyində  bolşevik,  İranda  şah  rejimi  tərəfindən  «ikiyə  bölünmüş  Azərbaycan 
məsələsi» mövzusu yasaq olunmuşdu.  
Qəzetin  səhifələrində  ilk  illərdə  Süleyman  Rüstəmin  çap  olunmuş 
«Təbrizim»,  «Qalacaq»,  «Yandı»,  «Araz  qırağında»,  «Qardaşımın  dərdi», 
«Dilimə  dəymə»,  «Vətənim»  şerləri,  Hilal  Nasirinin  «Köşki  balaban»  şerləri 
ikiyə  parçalanmış  millətin  faciəsini  yada  salıb,  uzun  illər  bir-birindən  ayrı 
düşən  qardaşların  həsrəti,  hicran,  ayrılıq  dolu  hisslərindən  ürək  ağrısı  ilə 
danışırdı. Elə o illərdə hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər 
gəlib davam  edən  bir  ədəbi  hərəkatın  əsası  qoyulurdu,  həsrət  və  ayrılıq.  Bizim 
firkimizcə  bu  hərəkata  təkan  verən  və  həmişə  onun  ön  sırasında  olub  digər 
ziyalıların da bu mövzuda yazmağa ruhlandıran şair Süleyman Rüstəm idi... 
«Vətən  yolunda»  qəzetinin  redaksiyasına  gələn  bəzi  məktubların 
müəllifləri  qəzetdə  şerləri  çıxan  Süleyman  Hikmətin  kim  olduğunu  bilmək 

 
110 
istəyirdi.  Yazırdılar  ki,  bizim  dərdimizi,  arzularımızı  özümüz  qədər  bilən  bu 
adam kimdir? Bizi onunla görüşdürün. 
Söhbət  şair  Süleyman  Rüstəmdən  gedirdi.  O,  çox  sonralar  qələmə  aldığı 
«Arazın o tayında» başlıqlı xatirələrində yazırdı: «Bir ay müddətində yaşadığım 
bir neçə şeri mətbuata verməkdən çəkindim. Təbrizdəki şairlərlə tanış olmadan, 
onların satirik qüdrətlərini bilmədən, bunu etməkdən çəkindim.. 
Təbrizdə şairlər vardı. Mən M.M.Etimad, Ə.Fitrət və Hilal Nasiri ilə tanış 
oldum.  Bu  şair  dostlarımla  görüşdən  sonra  Süleyman  Hikmət  imzasıyla  şerlər 
dərc etməyə başladım. İlk şerim «Vətən yandı» idi (49, 276). 
Adı  çəkilən  şer  «Vətən  yolunda»  qəzetinin  dekabrın  19-da  çıxan  (№33, 
1941) sayında çap olunmuşdur. həmin sayda onun digər bir «Qalacaq» adlı şeri 
də dərc olunmuşdu. Dekabrın 21-də onun qəzetdə növbəti «Dərdli qadın» əsəri 
işıq üzü görmüşdü. 
«Vətən  yolunda»,  «Azərbaycan»  qəzetlərinin  oxucuları  S.rüstəmin 
şeirlərini  həm  maraqla  izləyib  oxumaqla  yanaşı,  həm  də  fikirlərini, 
təəssüratlarını  bölüşürdülər.  S.Rüstəm  yazırdı  ki,  Təbriz  qəzetlərində  çap 
etdirdiyim  şeirlər  haqda  Tehranda  təhsil  alan  azəri  tələbələri  məktublar 
göndərirdilər.  «Vətən  yolunda»  qəzetimizə  təzə  şeirlərim  haqda  fikirlərini 
yazırdılar (49, 31). 
Təbrizdə  Azərbaycanlıların  məktəblərdə  öz  ana  dilində  deyil,  fars  dilində 
təhsil alması, üstəlik də məktəb daxilində öz doğma ana dilində danışmağa cürət 
edən  cocuqların  məktəbdən  xaric  olunması  onu  çox  kədərləndiribmiş.  Bundan 
mütəəssir olan şair «Bir məktəbin qapısında şeri»ni yazır:  
Öyrəndim ki, körpənin günahı yalnız budur, 
O, Təbriz məktəbində, vətənində elində, 
Yoldaşıyla danışıb doğma anan dilində 
 
Təbrizdə  cəmi  bir  il  yaşayan  şairin  sonrakı  illərdə  orada  gördükləri  və 
keçirdiyi ağrılı-şirinli hissləri, duyğuları uzun illər unuda bilməmişdi.  
Görün nə qəribə bir qismətim var, 

 
111 
O taylı, bu taylı Süleymanam mən. 
deyən  şair yaradıcılığında «Cənub həsrəti» geniş bir silsilə təşkil etmişdi.  
Hələ  1945-ci  ildə  qələmə  aldığı  «Birdir»  adlı  şerində  Azərbaycan  Milli 
Hökumətin qurulmasından qürur duyaraq  
Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin, 
Əziz doğma vətən birdir, o sahildə, bu sahildə 
fikrini  söyləyən  şair  uzun  illər  gizlədilən  bir  sirri-bölünmüş  vahid  Vətən 
Azərbaycan həqiqətini bütün dünyaya çatdırmaq istəyirdi. S.Rüstəm yazırdı ki, 
«Vətən  yolunda»  qəzetinə  mənim  adıma  tək-tük  qəribə  imzasız  məktublar 
gəlirdi.  Bir  məktub  müəllifi  yazırdı  ki,  azəri  dilində  şeİr  yazmaq  olmaz  Şeir 
yalnız fars dilində yaranar (49, 314).Sonra  S.Rüstəm qeyd edir ki, görünür bu 
nadan dünya mədəniyyətindən, ədəbiyyatından xəbərsizdi. Cahildi...Təhqiramiz 
məktuba şair «Dəymə» şeri ilə cavab verir. 
Mən sənin dilinə dəymirəm, sən də 
Gəl mənim bu ana dilimə dəymə, 
Sənin də bağın var, gülün var, çəkin 
Bağımda əkdiyin gülümə dəymə! 
Bu şer bütün Güney Azərbaycan gənclərinin, məktəblilərinin dilində əzbər 
olmuşdu. 
Milli  Hökumət  süquta  yetirilən  günlərdə  şahidlərin  dediyinə  görə  «Dilimə 
dəymə» şerini oxuyan gənclərə əzab verə-verə öldürürdülər.   
1941-ci  ildən  etibarən  sonralar  hər  iki  tayda  ikiyə  bölünmüş  xalqın  ayrılıq 
həsrətini:  «araz,  ayrılıq,  həsrət»  motivlərinin  ədəbiyyata  gətirilməsinin 
bünövrəsi  ilk  dəfə  «Vətən  yolunda»  qəzetinin  səhifəlrində  qoyulmuşdur.  Bu 
ədəbi  proses  Süleyman  Rüstəmin  qəzetin  səhifələrində  çap  olunmuş 
«Təbrizim»,  «Arazın  dərdi»,  «Qardaşımın  dərdi»,  «Araz  qırığında»,  «Yandı», 
«Vətənim»  şeirləri  ilə  başlamışdır.  Bunun  davamı  olaraq  Rəsul  Rzanın  «Vətən 
nəğməsi»,  Məmmd  Rahimin  «Vətən  həsrəti»,  paralel  olaraq  güneyli  şairlərdən 
Mirmehdi  Etimadın  «Yaşamaz»,Əli  Fitrətin  «Azərbaycan»,  M.B.Niknamın 
«Şanlı  vətənə»,  Hilal  Nasirinin  «Köşkü-balaban»  şeirlərində  ikiyə  bölünmüş 

 
112 
millətin faciəsindən danışılırdı. 
 

 
113 
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin