PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

V  F Ə S Ġ L 
MƏTBUAT MĠLLĠ HÖKUMƏTĠN H AKĠMĠYYƏTĠ ĠLLƏRĠNDƏ  
(1945-1946) 
 
1945-ci  ilin  ortalarında  Güney  Azərbaycanda  demokratik  hərəkatın  II 
mərhələsi  başladı.  Bu  mərhələdə  İranın  hakim  təbəqələri  demokratik  hərəkatın 
qarşısını  almaq  üçün  vəziyyəti  gərginləşdirməyə  çalışırdılar.  Azərbaycanın 
şəhər,  qəsəbə,  kəndlərində  təhlükəsizliyi  təmin  etmək,  mürtəce  qüvvələrin 
basqınlarını  dəf  etmək  məqsədilə  bir  sıra  yerlərdə  fədai  dəstələri  yaranmağa 
başladı.  1945-ci  ilin  sentyabrında  daha  öncələr  Xiyabaninin  təsis  etdiyi 
Demokrat  Fərqəsi  Azərbaycanın  tanınmış  demokratlardan  bir  qrupu  ADF-ni 
bərpa  etdilər.  Başda  Seyid  Cəfər  Pişəvəri  olmaqla  ADF-nin  yaradılması 
haqqında  bəyanat  verildi.  Bəyanatda  partiyanın  proqram  prinsipləri  izah  edilir 
və  demokratik  İran  tərkibində  Azərbaycana  inzibati-təsərrüfat,  mədəni 
muxtariyyət verilməsi tədbirləri irəli sürülürdü. 
ADF-nin  orqanı  olan  «Azərbaycan»  qəzeti  vasitəsilə  Azərbaycan  xalq 
qarşısında  duran  vəzifələr  və  21  Azər  hərəkatının  hazırlanması  taktikası 
Pişəvərinin  rəhbərliyi  altında  həyata  keçirilirdi.  1945-ci  il  dekabrın  12-də  21 
Azər  hərəkatının  qələbəsi  ilə  əlaqədar  fəaliyyətə  başlamış  Azərbaycan  Milli 
Məclisinin  qərarı  ilə  Pişəvəri  Azərbaycan  Milli  Hökumətinin  Baş  naziri  təyin 
edilmişdir.  Hökumət  10  nazirlik,  ali  məkhəmə  və  baş  prokurordan  ibarət  idi. 
Məhz  həmin  hökumət  İranın  daxilində  Azərbaycanın  milli  muxtariyyət 
hüququnu  bərpa  edərək  azərbaycanlıların  öz  ana  dilində  danışmaları,  yazıb-
oxumaları  üçün  şərait  yaratdı.  Məktəblərdə  ana  dilində  dərslərin  keçirilməsini 
təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün 
iş  qanunu,  qadınlar  üçün  kişilərlə  bərabər  hüquqlar,  bütün  ölkədə  əhəmiyyəti 
olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və 
abadlıq  işlərinə  başlandı.  Güney  Azərbaycanda  görülən  demokratik  tədbirləri, 
hətta  dünyanın  bir  sıra  mətbuatı  da  təsdiq  edirdi.  Vaşinqtonda  çıxan  «Middle 
East» jurnalı milli hökumətin islahatları haqda yazırdı: «Üsyançıların rəhbəri və 

 
114 
yeni  rejimin  baş  naziri  Pişəvəri  dəqiq  və  təsirli  təşəbbüslə  bir  sıra  çox  lazımi 
islahatlar  keçirdi.  Bunlar  torpaq  islahatından,  fəhlələrin  vəziyyətinin  yaxşılaş -
dırılması,  ictimai  işlərin  və  maarif  işlərinin  inkişafı  tədbirlərindən  ibarət  idi». 
Qərb  mətbuatı  isə  dəfələrlə  yazmışdır  ki,  Pişəvərinin  rəhbərlik  etdiyi  Milli 
hökumət  il  ərzində  sanki  Güney  Azərbaycanda  yarım  əsrlik  fəaliyyət 
göstərmişdir. 
Ölkədə  aparılan  islahatlarla  əlaqədar  milli  hökumət  müvafiq  strukturların 
yaradılmasına  başladı;  aqrar  qanun,  əmək  haqqında  qanun,  dil  haqqında 
qanunlar qəbul  etdi.  Bu  qanunda  Azərbaycan  dili  bütün  Azərbaycan  ərazisində 
rəsmi dövlət dili elan olunmuşdu. 
Qısa  bir  müddət  ərzində  (ana  dilində  dərsliklərin,  ədəbiyyatın,  mətbuat 
nümunələrinin  çap  olunmasına,  radio  verilişlərinin  səslənilməsinə  başladı. 
Qəzet  və  jurnallar,  sayı  50-ni  ötən  dərsliklər,  müxtəlif  ədəbiyyat  əsərləri  nəşr 
edildi,  kinoteatr  tikildi,  radiostansiya  və  radiokomitə  yaradıldı.  Milli 
qəhrəmanlara  –  Səttarxan  və  Bağırxana  heykəllər  ucaldıldı.  Behzad  adına 
İncəsənət Muzeyi yarandı. Ərdəbil, Astara və Marağa şəhərlərində teatr binaları 
tikildi.  Azərbaycan  Rəssamlar  və  Heykəltaraşlar  Cəmiyyəti  təşkil  olundu. 
Onlarla    kitabxana  və  qiraətxana  fəaliyyətə  başladı.  Şəhər  və  kəndlərdə  ibtidai 
və orta məktəblər yaradıldı. 1946-cı ildə Təbriz Universiteti təsis olundu. 
Milli  hökumət  Azərbaycanın  sosial-iqtisadi  tərəqqisinə  yol  açdı,  milli 
zülmün  nəticələrini  ləğv  etdi,  azərbaycanlıların  varlığını  bir  daha  təsbit  etdi. 
İqtisadiyyatın  bütün  sahələrini  nizama  salıb,  onu  inkişafa  yönəltmək, 
Azərbaycandan  gələn  gəlirin  və  toplanan  vergilərin  yarısından  çoxunu 
Azərbaycanın  öz  daxili  ehtiyaclarına  sərf  etmək,  aqrar-kəndli  məsələsini 
ədalətlə  nizama  salmaq,  köməksiz  uşaqlara  sahib  durmaq,  zəruri  məhsulların, 
valyutanın  və  qızılın  Azərbaycandan  çıxarılıb  Tehrana  daşınmasının  qarşısını 
almaq,  dövlət    torpaqlarının  və  Azərbaycandan  qaçmış  feodalların,  mənsəb 
sahiblərinin torpaqlarını torpaqsız və az torpaqlı kəndlilər arasında bölüşdürmək 
və  bu  kimi  günün  vacib  məsələləri  12  maddədən  ibarət  müraciətnamədə  öz 
əksini tapdı. 

 
115 
 
O  illərdə  ayrı-ayrı  ədəbi-mədəni  və  siyasi  cəmiyyətlərin  birliklərinin  öz 
mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan  milli  məclisinin orqanı olan 
«Azad  millət»,  Azərbaycan  həmkarlar  ittifaqının  «Qələbə»,  Azərbaycan 
Demokrat  təşkilatının  «Cavanlar»,  bunlardan  başqa  «Yeni  Şərq»,  «Fəryad », 
«Xavərno», «Təbriz», «Şahin», «Əxtəre-şimal», «Vətən yolunda», «Azərbaycan 
ulduzu»,  «Azərbaycan»,  «Şəfəq»,  «Demokrat»,  «Yumruq»,  «Ədəbiyyat 
səhifəsi»,  Ərdəbildə  «Cövdət»,  «Yumruq»,  Urmiyədə  «Qızıl  əsgər»,  Zəncanda 
«Azər», Miyanada «Vətən» adlı qəzet və jurnallar çap olunurdu. 
Azərbaycan  yazıçı  və  şairlər  cəmiyyətinin  «Günəş»,  Maarif  idarəsinin 
«Maarif» kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu nəşriyyatların təsisçi və 
redaktorları  dövrün  tanınmış  ziyalıları  idi.  «Qələbə»  qəzetinin  redaktoru 
sonralar  hər  iki  tayda  repressiyaya  məruz  qalmış  görkəmli  şair  Məhəmməd 
Biriya,  «Azərbaycan  ulduzu»  qəzetinin  redaktoru  isə  tanınmış  ictimai  xadim 
Hilal Nasiri idi. 
Təbrizdə  çıxan  «Azad  millət»  qəzeti  Milli  Hökumətin  rəsmi  orqanı  idi. 
Həftədə  2  dəfə  çıxan  bu  mətbu  orqanının  redaktoru  İsmayıl  Şəms  idi.  Qəzetdə 
Milli  Məclisin  qəbul  etdiyi  qanunlar,  qərarlar  çap  edilirdi.  Orada  Milli 
hökumətin  siyasi,  iqtisadi  fəaliyyətini  əks  etdirən  yazılar  dərc  olunur,  Milli 
Məclis  nümayəndələrinin  fəaliyyətini  işıqlandırılırdı.  Qəzetin  114  sayı 
çıxmışdı. 
 
Azərbaycan  Demokrat  Fərqəsinin  ayrı-ayrı  vilayətlərdə  bölməsi  fəaliyyət 
göstərirdi.  Onlar  da  öz  növbəsində  mətbu  orqanlarına  malik  idi.  Məsələn, 
Ərdəbildə  «Cövdət»,  Zəncanda  «Azər»,  Urmiyədə  «Urmiyə»  qəzetləri  nəşr 
olunurdu.  Bu  mətbu  orqanlarında  milli  hökumət  və  Milli  Məclisin  qanun  və 
qərarları,  ictimai-siyasi  məqalələr,  gündəlik  xəbərlər  və  orqanı  olduğu  yerli 
vilayətlə bağlı yazılar dərc olunurdu. 
1943-cü  ildə  Tehranda  Sovet  İttifaqı  ilə  mədəni  əlaqə  saxlayan  İran 
cəmiyyəti  yaradıldı.  Xüsusi  qrupun  fəaliyyəti  nəticəsində  Sovet  İttifaqı  ilə 

 
116 
mədəni  rabitə  saxlayan  İran  cəmiyyətinin  Təbriz  şöbəsi  və  Təbrizdə  Sovet 
mədəniyyəti  evi  açıldı  (105,  №5,  1945,  4).  Müharibənin  tədricən  rusların 
xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü 
ildə  yenidən  qayıtdı  və  Sovet  Azərbaycanından  Cənuba  yeni  işçi  qrupu 
göndərdi. Bu dəfə ümumi rəhbərlik Həsən Həsənova tapşırıldı. 
1945-ci 
ilin 
oktyabrında 
sonralar 
Azərbaycanda 
dövlətlərarası 
münasibətlərin  əsasını  qoyan  Azərbaycanın  İranla  Mədəni  Əlaqələr  Cəmiyyəti 
(sonralar  Azərbaycanın  Xarici  ölkələrlə  Dostluq  və  Mədəni  Əlaqə  Cəmiyyəti) 
yaradıldı.  Bu  quruma  görkəmli  şair  S.Vurğun  başçılıq  edirdi.  Fəaliyyətinin  ilk 
mərhələsində  cəmiyyətin  funksiyası  Azərbaycanın  elm  və  mədəniyyət 
sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaqdan ibarət idi. Daha sonra isə İran 
üçün  radio  verilişlərinin  və  başlıca  olaraq  Azərbaycan  ədəbiyyatına  həsr 
olunmuş  kitab  və  kitabçaların  hazırlanması  kimi  fəaliyyət  sahələri  də  oraya 
daxil oldu. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının radio komitəsi İrana 
radio  verilişlərini  hələ  1941-ci  ilin  avqustun  20-də  təşkil  etmişdi.  Verilişlərin 
proqramını  baş  redaktor  Mübariz  Əlizadə,  Adil  Əfəndiyev,  redaktorlar  Hüseyn 
Məcnunbəyov,  Mikayıl  Rzaquluzadə,  tərcüməçi  Fazil  Babayev,  diktorlar  Lətif 
Kərimov, Mina Paşazadə hazırlayıb aparırdılar (54, 60). 
Cəmiyyətin  çap  orqanı  1945-ci  ilin  avqustundan  Azərbaycan  dilində  ərəb 
əlifbası  ilə  şair  Rəsul  Rzanın  redaktorluğu  ilə  nəşr  olunan  aylıq  ictimai-ədəbi 
«Azərbaycan»  jurnalı  idi.  Dərgi  1-ci  sayında  yazırdı:  «Azərbaycan»  məcmuəsi 
xalqımızın  qədim  mədəniyyəti  və  ədəbiyyatı,  tarixi  və  azadlıq  mübarizəsilə 
oxucularımızı  müntəzəm  surətdə  tanış  edəcək,  istər  Sovet  Azərbaycanında  və 
istərsə  də  Cənubi  Azərbaycanda  yaşayan  yazıçı  və  alimlərimizin  elmi,  ədəbi 
məqalələrini öz səhifələrində dərc edəcəkdir. 
Bununla  da  məcmuəmiz  Azərbaycan  xalqının  gələcək  tərəqqi  və 
yüksəlişinə  kömək  etməyə  çalışacaqdır»  (73,  10,  №1,  s.7).  Bakıda  əski  əlifba 
ilə  Azərbaycan  dilində  nəşr  olunub  (cəmi  17  say)  Güney  Azərbaycanda 
yayımlanan ədəbi illüstrasiyalı bu jurnal həm forma, həm də məzmun cəhətdən 

 
117 
və yüksək səviyyəsi ilə seçilirdi. 
«Azərbaycan» jurnalını Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə 
ən  maraqlı  və  milli  mənafe  baxımından  ən  əhəmiyyətli  nəşr  orqanı  hesab  edən 
Cəmil  Həsənli  yazırdı  ki,  əvvəla,  bu  jurnalın  hər  sayında  Güney  və  Quzey 
Azərbaycanın  ictimai-siyasi,  mədəni,  ədəbi  həyatı,  tarixi  birlikdə  əhatə 
olunurdu.  İkincisi,  jurnal  Güney  Azərbaycan  üçün  buraxıldığından  Sovet 
Azərbaycanında  hökm  sürən  bolşevik  ideologiyasının  tələblərindən  bir  qədər 
yayınır,  Azərbaycan  xalqının  köklü  mənafeyi,  taleyi  və  tarixi  ilə  bağlı  əsas 
məsələlərə toxuna bilirdi.  Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək 
olar  ki,  «Azərbaycan»ın  hər  sayından  duyulurdu.  Azərbaycan  tarixinin, 
mədəniyyətinin,  ədəbiyyatının,  sənətinin  əsrlər  boyu  vəhdət  şəklində  inkişaf 
etməsini əyani şəkildə sübuta yetirirdi) (23, 196). 
«Şəfəq»  məcəlləsi  Sovet  İttifaqı  ilə  Mədəni  Rabitə  Cəmiyyətinin  Təbriz 
şöbəsi tərəfindən  nəşr olunurdu. Onun ilk sayı 1945-ci ilin oktyabr ayında işıq 
üzü görmüşdü. 
Jurnalda  müntəzəm  olaraq  Təbrizin  mədəni  həyatında  baş  verən 
dəyişikliklər öz əksini tapırdı, o cümlədən, teatr tamaşaları, aktyorların qastrol  
səfərləri və s. 
«Şəfəq»  məcmuəsi  redaksiya  heyətinin  üzvləri  M.Səfvət,  Şərifov, 
M.Milani və Ə.Dibaiyan idi. S.C.Pişəvəri «Şəfəq»in nəşr olunmasının bir illiyi 
münasibətilə  redaksiyaya  göndərdiyi  teleqramda  yazmışdı:  «Bu  məcəllə  bir 
tərəfdən  mədəni  rabitə  cəmiyyətinin  işlərinin  canlandırılmasına  kömək  etmiş, 
digər  tərəfdən  isə  İran  Azərbaycanının  uzun  illər  boyu  xalqa  lazımi  surətdə 
tanıtdırılmamış  Məhəmmədəli  Tərbiyət,  Şeyx  Məhəmməd  Xiyabani,  Mirzə  Əli 
Möcüz,  Şeyx  Mahmud  Şəbüstəri  və  bir  çox  bu  kimi  tarixi  simaları  oxuculara 
təqdim etmiş və  onların xüsusunda məqalələr çap etmişdir… «Şəfəq»in dəyərli 
xidmətləri tək bunlarla qurtarmır, bu məsələ eyni zamanda İran Azərbaycanının 
görkəmli  müasir  yazıçı,  şair  və  mətbuat  işçilərini  də  öz  ətrafında  toplamış, 
onların işlərinə kömək etmişdir» (№7, 1946). 
Təbrizdə  «Azərbaycan  şairləri  və  yazıçıları  cəmiyyəti»nin  orqanı  kimi 

 
118 
nəşrə  1946-cı  ildə  başlayan  «Günəş»  qarşıya  qoyduğu  məqsədlər  haqqında 
yazırdı:  «Azərbaycan  dilinin  qədimliyi  və  zənginliyi  haqqında  elmi  və  tarixi 
sənədlərin,  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  toplanaraq 
oxuculara  çatdırılması,  Azərbaycanın  keçmiş  və  müasir  alim,  şair  və 
ziyalılarının  xalqın  ədəbi  və  ictimai  fikir  tarixində  oynadıqları  rolun 
araşdırılaraq  ictimaiyyətə  çatdırılması,  dünyada  baş  verən  azadlıq  və  tarixi 
nehzətlər  (hərəkatlar  –  P.M.)    barəsində  məlumatların  dərc  olunması,  oxucuları 
dünya klassiklərinin əsərləri ilə tanış etmək kimi məsələlər də qarşıya qoyulmuş 
əsas vəzifələrdən olmuşdur (83, 12, №1, 1325). 
Təəssüf ki, 1946-cı ildə məcmuənin yalnız bir nömrəsi işıq üzü görmüşdür. 
Milli  Hökumət  dövründə  Miyanada  Mədəni  Rabitə  Cəmiyyətinin  yerli 
orqanı kimi  «Vətən»  məcmuəsi  çap  olunmuşdur.  Ayda  bir  dəfə  nəşr  olunan  bu 
dərgi elmi, ədəbi və bədii istiqamətlərdə fəaliyyət göstərmişdir (2, 111). 
Ümumiyyətlə,  1941-46-cı  illər  arasında  Güney  Azərbaycanda  çap  olunan 
qəzet və jurnalların sayı 40-dan artıq  idi. 
Güney  Azərbaycanın  ictimai  həyatın  bütün  sahələrdə  uğurları,  Tehranın 
hakim  dairələrində  böyük  təşviş  yaradır,  İran  hökuməti  hərəkatı  boğmağa 
hazırlaşırdı.  Mərkəzi  hökumət  İngiltərə,  ABŞ  və  SSRİ  arasındakı 
ziddiyyətlərdən  istifadə  edərək  «İran  məsələsi»nin  BMT-də  baxılmasına  nail 
oldu.  ABŞ  və  İngiltərənin  İrana  siyasi-hərbi  yardım  göstərmələri  razılığını  və 
sovet  hökumətinin  «bitərəfliyi»ni  əldə  edə  bildi.  İran  hökuməti  parlamentə 
seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 12-
də  İranın  Mərkəzi  hökuməti  Azərbaycanın  Milli  hökuməti  ilə  imzaladığı 
anlaşmalarda bu dövləti rəsmən tanısa da, Pəhləvi ordusu Azərbaycana təcavüz 
etdi, bununla da Milli Hökumət i süquta yetirdi. 
Milli hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyalı və sahibkarlar 
təqiblərə  məruz  qaldılar.  ADF  və  Milli  hökumətin  rəhbərləri  güllələndilər,  dar 
ağacından  asıldılar.  Minlərlə  vətənpərvər  mühacirət  etməyə  məcbur  oldu. 
Onların çox hissəsi Azərbaycan SSR-ə keçdi. 
1941-1946-cı  illər  milli-azadlıq  hərəkatının  məğlubiyyətinin  əsas  səbəbi  

 
119 
ABŞ,  İngiltərə  və  SSRİ-nin  İrandakı  siyasətlə  bağlı  idi.  Bu  dövlətlər  Güney 
Azərbaycanının  milli-demokratik  hökumətini  imperiya  mənafelərinə  qurban 
verdilər.  Hər  üç  dövlət  imperiyapərəst  maraqlarını  bütöv  bir  xalqın  taleyindən 
üstün tutdu. 
Güney  Azərbaycandakı  milli-azadlıq  hərəkatı  məcburiyyətə  uğrasa  da, 
ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi. 
 
«AZƏRBAYCAN» QƏZETİ 
(1941-1946) 
Azərbaycanda ictimai həyatın demokratikləşməsi burada şəraitin dəyişməsi 
ilə müşahidə olunurdu. Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli 
hisslərin  azad  təzahürü,  vətənpərvərlik,  milli  hisslərin  güclənməsi, 
azərbaycanlıların  milli  meylinin  kortəbii  yüksəlişinin  müəyyən  istiqamətə 
yönəldilməsi,  siyasi-ideoloji  cəhətdən  təşkil  olunmasını  tələb  edirdi.  Belə  bir 
şəraitdə  vətənpərvər  demokratik  və  milli  ziyalıların  nümayəndələri 
«Azərbaycan cəmiyyətin»ndə birləşməyi qərara aldılar (41, 109). 
Azərbaycanın  demokratik  nailiyyətlərinin  bərpa  olunması,  azərbaycanlı-
ların  milli  hüquqlarının  təmin  edilməsi,  dil  və  mədəniyyətin  dirçəlişi  məsə ləsi 
Azərbaycan  Cəmiyyətinin  öndə  duran  vəzifələrindən  idi.  Cəmiyyətin  mətbu 
orqanı «Azərbaycan» fars və Azərbaycan dillərində çıxan qəzet idi. 
Azərbaycan»  qəzeti  1941-ci  il  noyabrın  1-dən  Əli  Şəbüstəri  və  İsmayıl 
Şəmsinin redaktorluğu ilə nəşr olunmağa başlayıb. «Azərbaycan» cəmiyyətinin 
orqanı olan bu qəzet ilk sayındakı baş məqalədə tutacağı yol və fəaliyyəti haqda 
yazırdı:  «Azərbaycan»ın  seçdiyi  yol,  mövcud  vəziyyətinin,  əfkari  ümuminin, 
habelə  xalqın  gündəlik  ehtiyaclarının  aynasına  çevrilərək  ictimai  şüuru 
istiqamətləndirmək, onu işıqlandırmaqdır» (71, 1941, №1). 
Cəmiyyət  mətbu  orqanı  olan  «Azərbaycan»  qəzetinin  ayrı-ayrı  saylarında 
siyasi sahədə demokratik konstitusiya və məşrutə üsul-idarəsinin əməldə həyata 
keçirilməsini,  Vilayət  əncüməninin  təşkil  edilməsini,  Milli  Məclisdə 
nümayəndələrin  xalq  tərəfindən  seçilməsini,  hakim  sinif  və  təbəqələrin 

 
120 
mənafeyini  müdafiə edən qanunlara  yenidən baxılmasını, Azərbaycanın qanuni 
hüquqlarının  «müdafiə  edilməsini»  və  s.  tələb  edirdi.  «Cəmiyyət»in 
proqramının  iqtisadi  tələbləri  sırasında  Azərbaycanda  yeni  sənaye  obyektləri 
tikilməsi, işsizliyin aradan qaldırılması, Azərbaycanın sərvətinin həmin və digər 
məqsədlə  vilayətdə  sərf  olunması  kimi  tələblər  qeyd  olunur.  Azərbaycan 
azərbaycanlılar üçündür şüarı ilə çıxış edən «Cəmiyyət» mədəni sahədə «mütləq 
azadlığa»,  yəni  dil,  adət…  azadlığına  tamamilə  riayət  olunmasını,  ana  dilində 
bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi (41, 109). 
«Cəmiyyət»  azərbaycanlılarda  öz  dili  haqqında  obyektiv  təsəvvür 
yaratmağa  səy  göstərirdi.  «Azərbaycan»  qəzeti  azərbaycanlıların  özünəməxsus 
qədim  və  zəngin  dili  olduğunu  xüsusi  qeyd  edib  yazırdı:  «Azərbaycan  xalqı 
təkcə  bu  dildə  danışmamış,  həm  də  həmin  dildə  zəngin  mədəniyyət  abidələri, 
ədəbiyyat  yaratmış  və  yaratmaqdadır.  Bunu  nümayiş  etdirmək  üçün  qəzetdə 
Azərbaycan  ədəbiyyatı  haqqında  yazılar,  Azərbaycan  nağıllarından,  atalar 
sözlərindən  nümunələr,  kiçik  hekayələr  və    nəhayət  hər  nömrədə  bir  və  ya  iki 
müasir  şeir  parçası  və  s.  dərc  edilirdi.  Azərbaycan  tarixinin  bəzi  səhifələri 
haqqında verilən yazılar da tarixi milli şüuru möhkəmləndirməyə xidmət edirdi 
(41, 109). 
Qəzet  ətrafında  milli  əqidəli  yaradıcı  ziyalıları  toplayırdı.  Güney 
Azərbaycan ədəbiyyatının tədqiqatçısı Sabir Əmirov qəzetin səhifələrində çıxış 
edən  M.Biriya,  Ə.Fitrət,  Süleyman  Əmini,  Sədi  Yüzbəndi,  Ələkbər  Həddad, 
Məhəmmədhüseyn  Təvəkkülü  kimi  fəal  müəlliflərin  əvvəllər  Bacadanbaxan, 
Qələndər, Huşsuz, Quldur, Uzaqdanbaxan, Bülbül, Mirzə Qəmiş, Çuvalduz kimi 
gizli  imzalardan  istifadə  etdiyini,  sonralar  isə  özlərinin  açıq  imzaları  ilə 
yazmağa  başladıqlarını  qeyd  edib  yazır  ki,  müəlliflər  öz  sələfləri  olan  «Molla 
Nəsrəddin»  və  satirik  «Azərbaycan»  (1906-1907)  jurnalının  həmişəyaşar 
ənənələrindən ustalıqla  istifadə  edir,  Sabir  və  Möcüz  irsinə  sonsuz  məhəbbətlə 
yanaşır, zamanla səsləşən karikaturalara  geniş  yer verirdilər (16, 14). 
Qəzetin səhifələrində həmçinin xalq yaradıcılığına geniş yer ayrılırdı.  

 
121 
Qeyd etmək lazımdır ki, «Azərbaycan» qəzeti cəmi 6 ay fəaliyyət göstərdi. 
Xalqı  «xabi-qəflət»dən  oyadan  qəzetin  nüfuzu  hakim  dairələri  təşvişə  salırdı. 
Ona  görə  də  1942-ci  ilin  aprelində  «Azərbaycan»  cəmiyyətinin  fəaliyyəti 
dayandırıldı. Onun orqanı olan «Azərbaycan» qəzeti isə bağlandı. 
1945-ci  ildə  «Azərbaycan»  qəzeti  ikinci  fəaliyyət  dövrünə  başlayıb  öz 
nəşrini davam etdirdi. 
Güney  Azərbaycan  mətbuatının  tədqiqatçısı  Solmaz  Rüstəmova  (Tohidi) 
ümumiyyətlə,  «Azərbaycan»  qəzetinin  nəşri  tarixini  dörd  dövrə  ayırır:  birinci 
dövr 1941-1942, ikinci dövr 1945-1946, üçüncü dövr 1947-1974, dördüncü dövr 
1975-ci ildən bu günə qədər (4, 12). 
1945-ci  il  sentyabrın  5-də  «Azərbaycan»  qəzetinin  nəşri  bərpa  olundu. 
Qəzet  həmin  ildən  etibarən  materiallarını  Azərbaycan  tükcəsində  çap  edirdi 
(1941-42-ci  illərdəki  saylarının  əksəriyyəti  farsca  idi  –  P.M.).  Onun 
səhifələrində farsca materiallara isə çox cüzi hallarda rast gəlinirdi. Qəzetdə çap 
olunan  məqalələrdə  azərbaycançılıq  ideyası  əsas  yerlərdən  birini  tuturdu. 
Azərbaycan  Demokratik  Partiyasını  təmsil  edən  qəzet  öz  fəaliyyət  proqramını 
bəyan  edib  yazırdı:  «Biz  bütün  İranda  həqiqi  demokratik  ümumun  bərpasını, 
Azərbaycan  xalqına  daxili  azadlıq  və  muxtariyyət  verilməsini,  bütün  millətin 
adilanə  qanunlarını  gözləməklə  bərabər,  Azərbaycanın  öz  müqəddəratını  təyin 
etməsini istəyirik» (72, 1945, №7). 
1941-ci  ildən  nəşr  olunan  «Azərbaycan»  qəzeti  1945-ci  ildə  Milli 
hökumətin    rəsmi  orqanı  kimi  fəaliyyət  göstərirdi.  Həftədə  2  dəfə  nəşr  olunan 
qəzetin 371 sayı işıq üzü görüb. Qəzetə  müxtəlif dövrlərdə Hacı Əli Şəbüstəri 
(№1-dən  30-a qədər),  Əhməd  Musəvi  (№  88-dən 151-ə qədər)  Fəthi  Xoşginabi 
(№152-dən № 242-yədək və №289-dan № 370-ədək) İsmayıl Şəms (№213-dən 
№  288-ə  qədər)  redaktorluq  etmişdir.  Qəzet  30-cu  saydan  90-cı  saya  qədər  isə 
redaksiya  heyətinin  məsuliyyəti  altında  çap  olunurdu.  Qəzet  orqanı  olduğu 
Azərbaycan  Demokrat  partiyasının  məqsəd  və  məramını  sadə  Azərbaycan 
dilində  xalqa  çatdırırdı.  Ölkədə  baş  verən  gündəlik  hadisələri,  siyasi-ictimai 
məsələləri  işıqlandırırdı.  Milli  hökumətin  götürdüyü  xətti  dəstəkləyən  qəzet 

 
122 
yazırdı:  Biz  bütün  İranda  həqiqi  demokratik  üsulun  bərpasını,  Azərbaycan 
xalqına  daxili  azadlıq  və  muxtariyyət  verilməsini,  bütün  məmləkətin  adilanə 
qanunlarını gözləməklə bərabər Azərbaycanın müqəddəratını özü təyin etməsini 
istəyirik (72, 1945, №5). 
Qəzet  ilk  dövrdə  həftədə    2  dəfə  çıxırdısa,  1945-ci  ildən  gündəlik  nəşr 
olunurdu.  Onun  səhifələrində  Güney  Azərbaycanın  tanınmış  şairləri  Əli  Fitrət, 
Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin 
Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. 
Qəzetin    II  dövrünün  ilk  aylarından  M.Tahirin  Azərbaycan  ədəbiyyat  tarixində 
Möcüz,  M.Naçivaninin  Mirzə  Məhəmmədəli  Tərbiyət,  Novruzun  Şeyx 
Məhəmməd Xiyabani (silsilə) və s. yazılarında ədəbi və tarixi simalar hörmətlə 
anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi. 
O  illərdə  «Vətən  yolunda»  və  «Azərbaycan»  qəzetlərində  folklorun 
toplanıb  öyrənilməsi,  yayılması  işi  geniş  yayılmışdı.  Uzun  illər  ana  dilində 
təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də 
yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər. Doğma dildə 
yazıb-oxuya  bilməyən  Güneylilərin  el  nəğmələri,  atalar  sözləri,  bayatıları, 
nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. 
Mətbuat səhifələrində xalqın ruhuna yaxın olan folklor nümunələrinə geniş 
yer  ayrılırdı.  Qəzet  xalqa  müraciət  edərək  oxucuları  folklor  nümunələri 
toplamağa  cəlb  edir,  onları  araşdıraraq  öz  səhifələrində  dərc  edirdi.  Dil 
xüsusiyyətləri  saxlanılmaqla  çap  olunan  bu  toplular  xalq  arasında  maraqla 
qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi. 
«Azərbaycan» qəzetində Məhəmmədəli Fərzanənin (O, qəzetdə M.Ə.Qövsi 
təxəllüsü ilə çıxış edirdi – P.M.) «Azərbaycanın milli dastanları» silsilə yazıları 
dərc  olunurdu.  Qeyd  edək  ki,  bu  qəzetdə  bayatıların  ilk  nümunələri  və  «Dədə 
Qorqud»  dastanları  M.Fərzanənin  təşəbbüsü  və  iştirakı  ilə  toplanıb  nəşr 
olunurdu.  
«Azərbaycan»  qəzetində  müntəzəm  olaraq  xalqın  tarixi  qəhrəmanlıq 
səhifələrindən,  klassik  ədəbi  nümunələrdən  çağdaş  şairlərin  əsərlərindən 

 
123 
parçalar  verilirdi.  «Qəzet  səhifələrində  ilk  şeirləri  görünən  Əli  Fitrət,  Hilal 
Nasiri,  Mir  Mehdi  Etimad  və  başqalarının  təşəbbüsləri  nəticəsində  ana  dilində 
yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» (45, 173). 
«Azərbaycan» qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə 
bilmişdi.  Bunlardan  Firudin  İbrahimi,  M.Turabi,  H.Xoşginabi,  İsmayıl  Şəms, 
Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. 
Firqənin  sədri  S.C.Pişəvəri  «Azərbaycan»  qəzetinin  və  ana  dilində  nəşr 
olunan mətbuatın təşkilatçısı olmuşdur. «Azərbaycan» qəzetində ən möhkəm və 
məzmunlu,  dolğun  məqalələr  Pişəvərinin  qələmi  ilə  yazılmışdır.  O, 
«Azərbaycan» qəzetinə yaxından rəhbərlik etmişdi (55, 22). 
S.C.Pişəvəri  Azərbaycan  xalqının  milli-azadlıq  hərəkatının  ən  mühüm 
problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır, 
kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı. 
Mətbuatın  və  nəşriyyatın  ana  dilinə,  geniş  miqyasda  yayılması,  ilk  dəfə 
olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və 
gələcəyi  gündəlik  təsərrüfat  işləri  haqqında  məhz  ana  dilində  söz  açması  ço x 
mühüm hadisə idi. Bu cəhətdən «Azərbaycan» qəzetinin xidməti daha böyükdür 
(27, 151). 
 
SEYİD CƏFƏR PİŞƏVƏRİ 
 
Seyid  Cəfər  Cavadzadə  (Xalxali)  Pişəvəri  1892-ci  ildə  Xalxalın 
yaxınlığındakı  Zaviyə  kəndində  anadan  olmuşdur.  Atası  Xalxalda  məşhur  olan 
Təbatai  seyidlərindən  idi.  O  dövrdə  İranda,  xususilə  Azərbaycan  kəndlərində 
yaşayış səviyyəsi aşağı olduğundan, əhali qazanc məqsədilə Qafqaza, Bakıya üz 
tuturdu.  Ailəsi  Bakının  Bülbülə  qəsəbəsində  köçüb  yerləşəndə  Seyid  Cəfər  13 
yaşlarında idi. Təhsil aldığı yerli məktəbdə həm zəkası, həm də zəhmətsevərliyi 
ilə  hörmət  qazanan  Cəfərə  müəllimləri  hərdən  dərs  keçməyi  etibar  edirdi. 
Məktəbin  təsərrüfat  işlərində  çalışıb  evə  maddi  kömək  göstərirdi.  «İttihad» 
məktəbində  təhsilini  başa  çatdırandan  sonra  həmin  məktəbdə  müəllimlik  edir. 

 
124 
Dərin  mütaliəsi  sayəsində  ictimai  elmləri  öyrənmiş  və  siyasi  fəaliyyətə 
başlamışdı.  İran  Sosialist  Demokratik  Partiyasının  Qafqazdakı  təşkilatlarında 
siyasi fəaliyyət göstərən  zamandan mətbuat aləminə qədəm qoyur.  
Bakıda  nəşr  olunan  «Açıq  söz»  qəzetində  məqalələrlə  çıxış  edirdi.  İran 
xalqlarının  ağır  vəziyyəti  onu  da  düşündürür,  əzilən  xalqların  azadlıq  və 
istiqlaliyyət  əldə  etməsi  yollarını  axtarırdı.  1918-ci  ildən  «Azərbaycan 
Cüzilayənfəki-İran»  qəzetəsində  əməkdaşlıq  edir,  İran  xalqlarının  ağır 
vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr 
nəşr  etdirir.  Pişəvəri  özünə  daha  geniş  mübarizə  meydanı  axtırır.  Buna  görə 
1919-cu  ildə  İran  «Ədalət»  firqəsinin  Bakıda  açılmış  «İttihad»  mədrəsəsində 
müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə 
və başqaları ilə əlaqə yaradır. 
C.Pişəvərinin  ilk  publisistik  yazısı  «Hümmət»  qəzetində  dərc  edilmişdir. 
Həmin  illərdə  o  «Açıq  söz»  və  «Azərbaycan  cazve  layinfək»  qəzetlərində 
ictimai-siyasi  məqalələrlə  çıxış  edirdi.  1919-cu  ildən  başlayaraq  «Hüriyyət», 
«Azərbaycan  füqərası»,  «Azərbaycan  Müvəqqəti  Hərbi  İnqilab  Komitəsinin 
əxbarı», «Kəndli», «Kommunist», «Yeni yol», «Yeni fikir» qəzetlərində, habelə 
«Tikan»,  «Məşəl»,  «Qızıl  qələm»,  «Maarif»,  «Şərq  qadını»  jurnallarında  çıxış 
etmişdir. 
C.Pişəvəri  Gənc  İşçilər  İttifaqının  orqanı  olan  «Yoldaş»  qəzetinin 
redaktoru  olur.  Satirik  felyetonlarında,  ümumiyyətlə,  bir  sıra  mətbu 
orqanlarında «Müstəar», «Əcul», «Nadi», «Əhməd Pərviz», «M.C.Cavadzadə», 
«M.C.Cavadzadə Xalxali» imzaları ilə çıxış edir. 
İran  «Ədalət»  Firqəsi  Mərkəzi  Komitəsinin  orqanı  olan  «Hürriyyət» 
qəzetinin redaktoru olan dövrdə İran xalqlarını mübarizəyə səsləyir. Bu qəzetdə 
şahlıq üsul-idarəsinin satqınlığını açıb göstərir, imperialistlərin müstəmləkəçilik 
siyasətini  kəskin  tənqid  edir  və  1919-20-ci  illərdə  «Hürriyyət»  qəzetinin 
redaktoru  olmaqla  bərabər  İran  «Ədalət»  Firqəsi  Mərkəzi  Komitəsinin  xarici 
bölməsinin  katibi  seçilir.  İranda    inqilabi  hərəkatın  güclənməsi  ilə  əlaqədar 
1920-ci  ilin  may  ayında  Pişəvəri  İrana  gedir,  Gilan  əyalətində  baş  vermiş 

 
125 
Cənkəlilər  hərəkatının  başçısı  Kiçik  Xanla  görüşür.  İyun  ayında  Gilanda 
yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. 
1921-ci  ildə  Pişəvəri  İran  Həmkarlar  İttifaqının  orqanı  olan  «Həqiqət» 
qəzetinin  redaktoru  olur.  1923-cü  ilə  qədər  İranın  bir  çox  şəhərlərində  nəşr 
olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması 
ilə  əlaqədar  «Həqiqət»  qəzeti  bağlanır.  1923-cü  ilə  qədər  o,  İsfahan  şəhərində 
gizli fəaliyyət göstərir. Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, 
qəzet və jurnalların çap edilməsi çətinləşir. Bu fəaliyyət ağır şəraitdə 9 il davam 
edir.  1930-cu  ildə  Pişəvəri  həbs  olunur  və  11  il  həbsdə  qalır.  Qəsri-Qacar 
adlanan  zindanda  bütün  işgəncələrə  baxmayaraq  Pişəvəri  öz  mübarizəsini  və 
ədəbi-siyasi fəaliyyətini davam etdirir. Sonralar orada qələmə aldığı əsərlərinin 
bir  hissəsi  «Zindan  xatirələri»  adı  altında  nəşr  olunur.  II  dünya  müharibəsinin 
başlanması  Rza  şah  diktaturasının  yıxılması  ilə  nəticələnir.  Ölkədə  demokratik 
hərəkatın  yaradılmasına,  mütərəqqi  qüvvələrin  birləşməsinə  şərait  yaranır. 
Pişəvəri  1941-ci  il  sentyabr  ayında  həbsdən  buraxılıb  Tehrana  gəlir.  1941-ci 
ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir. 1943-cü il may ayının 
23-də  nəşr  etdiyi  «Acir»  qəzetinin  ilk  nömrəsini  İran  ictimaiyyətinə  təqdim 
edir.  Pişəvəri  redaktoru  olduğu  «Acir»  qəzeti  vasitəsilə  Rza  şahın,  onunla 
birlikdə  xalqı  soyan  və  İranın  müstəmləkəyə  çevrilməsinə  kömək  edən  irticanı 
ifşa edir. 
Pişəvəri İranda nəşr edilən 48 mütərəqqi qəzeti birləşdirib «Cəbheyi-azadi» 
(Azadlıq  cəbhəsi)  yaratmışdır.  Bu  qəzetlər  vasitəsilə  Pişəvəri  İran  xalqlarının 
irtica və imperializm  əleyhinə  mübarizəsinə, ölkənin qüvvələrini birləşdirməyə 
çalışmışdır.  Alman  faşizminin  məğlub  olması  ilə  əlaqədar  bütün  dünyada 
inqilabi  hərəkat  güclənmiş,    itstiqlal  və  azadlıq  uğrunda  xalqların  mübarizəsi 
artmışdı.  Belə  bir  şəraitdə  Azərbaycan  xalqının  mübarizəsinə  rəhbərlik  edə 
biləcək,  Azərbaycanda  bütün  təbəqələri  birləşdirə  biləcək  bir  təşkilat  – 
Azərbaycan  Demokrat  Firqəsi  1945-ci  il  sentyabr  ayının  3-də    yarandı. 
Azərbaycan  Demokrat  Firqəsinin  qarşısında  duran  xətti-hərəkət  12  Şəhrivər 
müraciətnaməsi adı ilə elan olundu. 

 
126 
Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü 
sayəsində  Azərbaycan  Demokrat  Firqəsi  qısa  müddət  ərzində  Azərbaycanın 
bütün milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatı yarada 
bilmişdir. 
Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın 
zəngin  sərvətlərinə  sahib  olan  İngiltərə  və  Amerika  imperializmini  qorxuya 
salmışdı.  Onlar    birləşərək  Azərbaycan  milli  hökumətini  qan  dəryasında 
boğdular  1946-cı  ilin  dekabr  ayından  müraciət  etmiş  Azərbaycan 
demokratlarının  bir hissəsi  Sovet  Azərbaycanına  gəldi.  Azərbaycanın  34  rayon 
və  şəhərində  onların  yerləşdirilməsinə  şəxsən  Pişəvəri  özü  rəhbərlik  etmişdi. 
Elə bu işlə əlaqədar 1947-ci ilin iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən 
Yevlax  yaxınlığında  Pişəvəri  müəmmalı  şəkildə  maşın  qəzasına  düşmüş  və 
həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır. 
S.C.Pişəvəri  yaradıcılığının  ilk  dövründə  soydaşlarının  düçar  olduğu 
bəlaları təsvir edərək, xalqının hüqüq və haqlarını müdafiəyə qalxırdı. «Alovlu 
və  cəsarətli  publisistin  bu  dövrdə  müxtəlif  qəzet  və  jurnallarda  çıxan 
məqalələrinin  böyük  bir  qismi  «o  yan-bu  yandan»  başlığı  altında  dərc 
olunmuşdur.  Həmin  məqalələrin  xarakterik  cəhəti  budur  ki,  müəllif  səciyyəvi 
informasiyaları  eyni  başlıq  altında  oxucusuna  çatdırır.  Bu  məqalələrdəki 
informasiyaların olsa-olsa motivi müxtəlifdir, başlıca ideya isə birdir. Bu motiv 
adətən  iranlıların  dərdi,  sosial-iqtisadi,ictimai  bəlaları  ilə  bağlıdır  (17,  144). 
Pişəvəri  yazılarında  qatı  millətçiliyi,  faşizmi  ideyaların,  sosial-iqtisadi 
ədalətsizliyi,  ictimai  eybləri,  dövlət  quruluşlarındakı  nöqsanları  ciddi  tənqid 
edirdi. 
C.S.Pişəvərinin  publisistikasını  araşdıran  tədqiqatçı  B.Əhməd  onun 
felyoton və məqalələrini mövzularına görə III qrupa bölür: 
1.
 
Beynəlxalq  və  milli  ictimai-inqilabi  hərəkat,  onun  mahiyyəti,  hərə-
kətverici  qüvvələri,  sosial-ictimai-iqtisadi  vəziyyət,  demokratik  hərəkata  zidd 
olan cəbhə və qüvvələr mövzusunda satirik və publisistik yazılar. 
2.
 
Xalqın  tarixi,  dili,  maddi  və  mədəni  dəyərləri  haqqında  məqalələr. 

 
127 
Bu  qismdən  olan  yazılar  müəllifin  ictimai  elm  və  mədəniyyət  üzrə  bilik  və 
məlumatlarını əks etdirən yazılı sənəd kimi böyük maraq doğurur. 
3.
 
M.C.Pişəvərinin məqalələrinin bir qismi mətbuat senzurası, mətbuat 
orqanları, onların ideya-siyasi məramı ilə bağlıdır. Həmin qələm məhsullarında 
müəllif İranda nəşr olunan qəzetlərin hadisə və faktlara münasibətlərini mövzu 
kimi    almışdır.  Bu  yönümdən  həmin  məqalələri  mətbu  tənqidi  kimi 
səciyyələndirmək  olar.  Onların  bəzisində  müxtəlif  satirik  jurnalistikada  xüsusi 
yer tutan karikatura rəssamlığı məsələlərini şərh edir (17, 159). 
M.C.Pişəvəri  ədəbi-bədii  yaradıcılıqla  məşğul  olmuş,  hekayələr  yazmış, 
ədəbi  tənqid,  tərcüməçilik  işi  ilə  məşğul  olmuş  siyasi  publisistikanın  gözəl 
nümunələrini yaratmışdır. 
S.C.Pişəvərinin yazdığı əsər, məqalə və xatirələr söylədiyi tarixi məruzə və 
nitqlər  Azərbaycanda  inqilabi  hərəkat  tarixinin  salnaməsi  üçün  bu  gün  mənbə, 
qaynaq rolu oynayır. 
Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd 
olmaq,  onu  ictimai  dövlət xadimi  kimi  tanımaq  üçün  1945-46-cı  illərdə  Təbriz 
şəhərində  nəşr  olunan  «Azərbaycan»,  «Azad  millət»,  «Yeni  Şərq»  qəzetlərini, 
1944-cü  ildə  Tehranda  nəşr  olunan  «Acir»  qəzetini,  1946-cı  ildə  Təbrizdə  nəşr 
olunan  «Qızıl  səhifələr»,  «12  Şəhrivər»,  60-cı  illərdə  mühacirətdə  nəşr  olunan 
«21  Azər»  və  «Seçilmiş  əsərləri»ni  oxuyub  öyrənmək  lazımdır.  S.C.Pişəvəri 
Azərbaycan  xalqının  XX  əsrdə  yetişdirdiyi  böyük  ictimai,  dövlət  xadimi, 
yüksək səviyyəli publisist və jurnalist olmuşdur. 
 
 
 

 
128 
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin