İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 33,7 Kb.
səhifə3/10
tarix28.12.2016
ölçüsü33,7 Kb.
#3731
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
1. Ümumi qaydaları

 

1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.[1]



Bu Qaydalar Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müvafiq xarici dövlətlərin fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

Bu Qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumlara, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir.



Bu Qaydalar aşağıdakı şəxslərə şamil edilmir:

hərbi qulluqçulara (müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular istisna edilməklə);

məhkəmə hakimlərinə;

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;

xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;

podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.[2]

1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:

əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;

müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;

keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə;

işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;

istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;

işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;[3]

işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;

əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;

əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı.[4]

1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.[5]

İstehsalda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.

1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:

təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;[6]

texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr.[7]

1.5. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır.[8]

İşəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər.[9]

1.6. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur.

1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdəqəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3).[10]

Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibbi idarələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidirlər.

1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir.

Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır.

 


Yüklə 33,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin