İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında


İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması



Yüklə 33,7 Kb.
səhifə4/10
tarix28.12.2016
ölçüsü33,7 Kb.
#3731
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
2. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması

 

2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.[11]



İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.

2.1.1. Təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində baş vermiş qəza və bədbəxt hadisə faktı üzrə texniki təhqiqatın aparılması üçün xüsusi komissiya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılır.[12]

2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.[13]

Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.

İki-dörd işçinin ölümü və ya əlahiddə ağır nəticəli bədbəxt hadisələrin (qəzanın) təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən (rəhbər işçilərindən), üzvlər — sahə həmkarlar ittifaqı birliyinin (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının), müəssisənin və ya onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.

Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər.[14]

Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir.

Bu Qaydaların 2.1 bəndində göstərilən bədbəxt hadisələr Naxçıvan MR ərazisində yerləşən müəssisələrdə baş verdikdə, Təhqiqat Komissiyası Naxçıvan MR müvafiq orqanları tərəfindən yaradılır, komissiyanın tərkibi isə bu Qaydaların 2.2 bəndinə müvafiq rəsmiləşdirilir.

Xarici dövlətlərin ərazisində fəaliyyət göstərən müəssisələrdə və yaxud dünya okeanında Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə işçilərlə baş vermiş bədbəxt hadisələrin təhqiqatı, həmin müəssisənin (gəminin) rəhbərlərinin əmri ilə tərkibi müəssisə işçilərindən ibarət yaradılmış komissiya tərəfindən təhqiq edilir. Təhqiqatın nəticəsi olaraq tərtib olunmuş akta bu Qaydaların 3.5 bəndində göstərilən sənədlər əlavə edilərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (əgər işçilər həmkarlar ittifaqı təşkilatının üzvüdürlərsə) göndərilir.[15]

Bədbəxt hadisə baş vermiş sahədə əməyin təhlükəsizliyinə bilavasitə cavabdeh şəxs təhqiqat komissiyasına üzv ola bilməz.

Azərbaycan Respublikasının əmək və əməyin mühafizəsi sahəsində tərəfdar çıxdığı Beynəlxalq Sazişə (müqaviləyə) əsasən Azərbaycan Respublikası ərazisində əmək vəzifələrini yerinə yetirərkən xarici ölkə vətəndaşları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı bu Sazişdə (müqavilədə) nəzərdə tutulmuş qaydada aparılır.

Təhqiqat komissiyası sığorta ödənişi verilməli olan şəxsin və sığortaçının xəsarətlə və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında iştirak etmək hüququnun təmin edilməsinə şərait yaradır.[16]

2.3. İşəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir.

2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır.

2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir.

2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.

Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir.

İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2).

Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir.

Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır.

Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır.

2.7. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat göndərir (əlavə 3).

2.8. İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

2.9. Müəssisə ilə hərbi birləşmə arasındakı saziş, yaxud müqavilə üzrə obyektlərində işlərə cəlb edilmiş və həmin işləri müəssisənin məsul işçilərinin rəhbərliyi ilə yerinə yetirən hərbi hissənin şəxsi heyəti ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı, iş gördürən müəssisənin və həmin hissənin komandanlığının nümayəndələrinin iştirakı ilə aparılır. Bədbəxt hadisə müəssisə tərəfindən uçota alınır.

2.10. Müəssisədə müqavilə əsasında əməyə cəlb edilmiş və işi onun məsul işçilərinin rəhbərliyi ilə yerinə yetirən, islah əmək müəssisəsində (İƏM), islah-müalicə müəssisəsində (İMM) və tərbiyə-əmək müəssisəsində (TƏM) saxlanılan şəxlərlə baş vermiş hadisələr müvafiq olaraq İƏM, İMM və TƏM nümayəndələrinin iştirakı ilə təhqiq edilir. Bədbəxt hadisə müəssisə tərəfindən uçota alınır.

İslah əmək müəssisəsinin, islah-müalicə müəssisəsinin və tərbiyə-əmək müəssisəsinin istehsalat sahələrində və yaxud təsərrüfat işlərində baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikasının aidiyyəti Nazirliyinin müəyyən etdiyi qaydada təhqiq edilir və uçota alınır.

2.11. Avtomobil nəqliyyatı müəssisəsi və başqa müəssisə tərəfindən müxtəlif təşkilatlardan cəlb etməklə təşkil edilmiş avtomobil qatarının tərkibində işlərə göndərilən avtomobil sürücüləri ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, sürücünün daimi iş yerinin nümayəndəsinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

2.12. Müəssisənin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı təhsil müəssisə nümayəndəsinin iştirakı ilə aparılır və ərazisində hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

Rəsmi razılıq əsasında müəssisədə təhsil müəssisələrinin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı müəssisənin və təhsil müəssisəsi nümayəndələrinin iştirakı ilə aparılır və təhsil müəssisəsi tərəfindən uçota alınır.[17]

2.13. Təsdiq edilmiş İZ formalı aktın bir nüsxəsi bu Qaydaların 2.8; 2.9; 2.10; 2.11; 2.12 bəndlərində göstərilən hallarda zərərçəkənin əsas iş, xidməti və təhsil yerinə və s. göndərilir.

 


Yüklə 33,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin