İqtisadiyyat və innovativ idarəetmə” kafedrası



Yüklə 134,9 Kb.
səhifə3/4
tarix16.01.2020
ölçüsü134,9 Kb.
#30198
1   2   3   4
İqtisadiyyata giriş - final imtahan sualları

Müasir iqrisad elmində iqtisadi sistemlərin bir-birindən fərqləndirilməsi üçün aşağıdakı meyarlardan istifadə olunur: təsərrüfatın hakim forması, mülkiyyətin əsas formaları, iqtisadi fəaliyyətin və subyektlərin koordinasiyası, gəlirlərin bölüşdürülməsi üsulu, dövlətin iqtisadiyyata müdaxilə etməsi üsulu, iqtisadiyyatın dünya təsərrüfatı əlaqələrinə daxil olması üsulu və s.


İqtisadi sistemlərin qiymətləndirilməsinə yanaşma üsulları eyni deyildir. Müasir ədəbiyyatda aşağıdakı yanaşma üsulları mövcuddur.

Formasiyalı yanaşma – bu yanaşma K.Marksa aiddir. Bu təlimə görə, cəmiyyətöz tarixi inkişafında beş mərhələdən keçir və bu mərhələlərin hər biri digərindən köklü fərqli olan istehsal üsullarıdır, iqtisadi sistemlərdir. K.Marks tarixin inkişaf mərhələlərini: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, kommunizm (sosializm) kimi adlandırır və onların hər birini ayrıca ictimai-iqtisadi formasiya hesab edir. K.Marksa görə insan cəmiyyəti ardıcıl olaraq bu mərhələlərdən kecərək, kommunizm adlandırılan cəmiyyətə çatacaq.

Sivalizasiyalı yanasma - bu yanaşmada, cəmiyyətin tarixi inkişafı sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyələndirilir və ictimai inkişafda üç sivilizasiya dövrü göstərilir:

  1. Aqrar dövr (preindustrial).

  2. Sənaye dövrü (industrial).

  3. Sənayeləşmədən sonrakı dövr (postindustrial).

Preindustrial mərhələ üçün kənd təsərrüfatı, industrial mərhələ üçün başlıca olaraq sənaye, postindustrial mərhələ üçün isə iqtisadiyyatın innovasiya sektoru xarakterikdir. Müasir dövr informasiya əsri (postindustrial dövr) də adlanır. Müasir postindustrial iqtisadiyyatda yaradılan əlavə dəyərin başlıca mənbəyi bilik sayılır və o, rəqabət gücünü də təmin edən əsas amildir. Artıq dünyada ucuz xammala, ucuz əmək ehtiyatlarına əsaslanan iqtisadiyyatlar, biliyə, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatlar qarşısında rəqabət etməkdə çətinlik çəkirlər. Postindustrial cəmiyyətdə informasiya və bilik müasir cəmiyyətin əsas inkişaf faktoruna çevrilir.

Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı bir nəzəriyyəsi var. Hantinqtonun fikirlərinə görə, müasir dünyanın səkkiz əsas sivilizasiyası var: Qərb, konfutsiçilik, yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası və Afrika sivilizasiyası. Onun fikrincə, yaşadığımız XXI əsrdə sivilizasiyaların toqquşması dünya siyasətinin aparıcı amili (dünyanının gündəmini dəyişdirəcək qüvvə) olacaq. S.Hantinqtonun fikirlərinə əsasən, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, mədəni ənənələri, xüsusən də dini mənsubluğu ilə fərqlənən "sivilizasiyaların toqquşması"ndan ibarət olacaqdır və bəşəriyyətin taleyini sivilizasiyalardan hansının qalib olacağı müəyyənləşdirəcək. Amerika aliminin fikirlərinə görə, ölkələrarası qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər təşkil edəcəkdir. Özü də "gələcəkdə ən qanlı münaqişələr sivilizasiyaları bir-birindən ayıran sərhədlər boyunca baş verəcəkdir".

Nəhayət, yetkinlik həddinə görə iqtisadi sistemlərin üç fərqli tipi təzahür edir: inkişaf etmiş, inkişaf edən, tənəzzül edən (üçüncü dünya ölkələri).


  1. İqtisadi sistemlərin əsas problemləri

İqtisadi sistemin əsas problemləri aşağıdakılardır:

1. Tələbatların sonsuzluğu (fiziki, mənəvi, sosial tələbatlar).

2. Resursların məhdudluğu (əmək, torpaq, kapital, maliyyə).

3. Resursların səmərəli bölüşdürülməsi və istifadəsi.



4. Seçim problemi.

İlk üç problem sonuncu dördüncü problemin səbəbidir. Müasir iqtisadi sistemlər üçün ən fundamental seçim problemləri “nə istehsal etmək?”, “necə istehsal etmək?”, “kimin üçün istehsal etmək?” sualları ilə bağlıdır. İstehsal prosesində istifadə olunan təsərrüfat imkanlarının və resurslarının məhdud və tükənən olması, onlardan istifadənin alternativ üsullarının axtarışı, istehsal amillərinin daha yaxşı uzlaşan formalarının əldə edilməsi kimi ciddi problemlər yaradır. Bu problemlər, təkcə bütövlükdə götürülmüş cəmiyyətin deyil, həm də ayrılıqda firmanın, ailənin, ayrıca götürülmüş insanın problemləridir.

Nə istehsal etmək?” (ing. what to produce) sualı, ilk növbədə resursların məhdud olması, seçim etmək imkanlarının və alternativ xərclərin mövcud olması ilə bağlı meydana gəlir. Hər bir cəmiyyət üçün “nə istehsal etmək” sualı ən vacib məsələ kimi ortaya çıxır. Bu sual, eyni zamanda istehsal olunacaq məhsulun kəmiyyətini də nəzərdə tutur.

Necə istehsal etmək?” (ing. hov to produce) sualının cavabını, bir qayda olaraq, istehsalçı verir. Bu zaman resursların seçilməsi və onlardan istifadə üsulları qiymətin və rəqabətin köməkliyi ilə həyata keçirilir. Beləliklə, o məhsulun istehsal olunması məqbul sayılır ki, onun satışı gözlənilən gəliri təmin edir. Başqa sözlə desək resurslardan o sahədə istifadə olunur ki, orada sahibkarın maksimum gəliri təmin olunur. Belə bir şəraitdə, resurslar, istehlakçılar və gəlirlər uğrunda mübarizə istehsalçı-satıcıları məcbur edir ki, onlar daha çox və daha aşağı qiymətə mal sata bilsinlər.

Kimin üçün istehsal etmək?” (ing. for whom to produce) sualı, bir qayda olaraq, daha yüksək gəliri və alıcılıq qabiliyyəti olan istehlakçı-alıcıların xeyirinə həll olunur. Bu sual yuxarıda bəhs edilən suallardan ən mürəkkəbidir. Çünki o, özündə cəmiyyətin ədalətə və sosial-iqtisadi bərabərliyə münasibət məqamlarını əks etdirir.





  1. İqtisadi sistemlərin təsnifatı: azad bazar və planlı bazar sistemi

Qərbin çağdaş iqtisadi ədəbiyyatlarında, bir qayda olaraq, iqtisadi sistemlərin aşağıdakı əsas tipləri qeyd edilir: 1. Ənənəvi iqtisadi sistem. 2. Azad bazar iqtisadiyyatı. 3. İnzibati-amirlik (planlı bazar) sistemi. 4. Keçid dövrü iqtisadi sistemi. 5. Qarışıq iqtisadi sistem.


Azad bazar sistemi. Göstərməliyik ki, iqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sistemi son ikiyüzillikdə meydana gəlmişdir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir. Bu elementlərin birinin mövcud olmaması deməli, bazar fəaliyyətini dayandırır və öz yerini istər-istəməz digər sistemlərə verir.

Bazar sisteminin ən mühüm və həlledici rolu, onun iqtisadi seçimin sürətlə əlaqələndirilməsi üçün adamların qərar qəbul edilməsində stimullaşdırıcı motivin yaradılmasındadır. Özü də bu motivlər orada iştirak edənlərin hər birinin şəxsi və eqoist mənafeyinə uyğun olaraq yaranır. Məhz iqtisadi fəaliyyətlə adamların davranış qaydaları onların fərdi və sərbəst qəbul etdikləri qərarlar əsasında formalaşır.

İqtisad elminin atası hesab olunan Adam Smit hesab edirdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən mühüm xüsusiyyəti, onun təşkilolunmuş plan əsasında deyil, “görünməz əllərlə” fəaliyyət göstərən küllümiqdar adamların şəxsi mənafelərinə uyğun gəlməsidir. O, 1776-cı ildə yazmış olduğu “Xalqların sərvəti...” əsərində göstərirdi ki, “Biz öz naharımızı almağı gözləyırik, ona görə yox ki, qəssab, pivə bişirən və bulka satan bizə qarşı xeyirxahdır, ona görə ki, onlar öz şəxsi qazancları üçün çalışırlar”. Hələ 18-ci əsrdə klassik siyasi iqtisadın əsas nümayəndəsi Adam Smit tərəfindən formalaşdırılmış prinsipə görə "cəmiyyətin rifahı və inkişafı alıcı və satıcının azad və rəqabətli mübadilədə tamahkar, eqoist maraqlarının üst-üstə düşməsinin nəticəsində baş verə bilər... Hər bir fərd öz mənfəətinin ardınca qaçarkən, cəmiyyətə düşünə biləcəyindən daha çox xidmət edir". Smitə görə bazarda “gözəgörünməz əl” tənzimləyicisi fəaliyyət göstərir. A.Smit onun haqqında yazırdı: “Sahibkar yalnız öz maraqlarını nəzərdə tutur, yalnız öz xeyrini güdür, özü də bu zaman gözəgörünməz əllə heç nəzərdə belə tutmadığı məqsədə yönəldilir, öz maraqlarını güdəndə o, cəmiyyətin maraqlarına daha fəal xidmət edir, nəinki şüurlu surətdə bu xidməti həyata keçirməyə çalışanda” Bəşəriyyət təkamül yolu keçərək insan tələbatlarının ödənilməsinin ən yaxşı üsulunu (azad mübadilə) və ən yaxşı şəraitini (rəqabət) müəyyən etmişdir. Daha doğrusu bəşəriyyət hələ bundan yaxşısını tapa bilməmişdir. Məhz bu, azad və rəqabətli mübadilə bazar iqtisadiyyatının əsasını təşkil edir.

Ümumiyyətlə, bazarın özü tarixən çox keçmiş zamanlarda yaranmasına baxmayaraq bir sistem kimi XVIII əsrdə formalaşmışdır. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına uyğun olaraq ikimərhələsini qeyd etməkolar. Biri, kapitalizmin meydanagəlməsi ilə onun sərbəst və ya azad tipi (xalis kapitalizm), ikincisi, sahibkarlar təbəqəsinin meydana gəlməsi ilə bağlı olan tənzimlənən tipi.

Bazar sisteminin ən mühüm üstünlüyü, onun daima istehsalın səmərəliliyinin stimullaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, şəxsi və ictimai mənafeyin birləşməsi ilə bağlıdır.

Mənfi cəhətlərə gəldikdə isə, əvvəla, azad bazar gəlirlərin bölgüsündə qeyri-bərabərlik törətdiyindən orada ədalətli iqtisadi prosesləri qurmaq mümkün olmur. Azad bazar əhalinin həyat səviyyəsinin təbəqələşməsinə gətirir ki, bu da bir o qədər də pis deyil, çünki əməyə ciddi motivləri təmin edir. Pis odur ki, o kasıblara qarşı sərt və etinasızdır, əhalinin sosial müdafiəsini təmin etmir. Azad bazarın sosial nəticələri işsizlik, müflisləşmə, əhalinin ayrı-ayrı qruplarının kasıblığıdır.

Bazar münasibətləri mövqeyindən, azad rəqabət zəminində əldə olunan istənilən gəlir ədalətlidir. Bu gəliri əldə etməyə qabil olmayanlar isə (sağlamlığına, qocalığına və s. görə) dilənçi vəziyyətinə düşməlidirlər.

Bazar cəmiyyətin bütün üzvlərinin əmək hüququnu təmin etmək iqtidarında deyil. Yalnız iş qüvvəsinə tələbatı olanlar işə düzələ bilirlər. Beləliklə də, azad bazar əhalinin tam məşğulluğuna və qiymətlərin sabit səviyyədə qalmasına təminat vermir.

Azad bazarda rəqabətçilərin fəaliyyəti çox vaxt arzuolunmaz nəticələrə gətirir, məsələn, ətraf mühitin çirkləndirilməsi, ərzaq məhsullarının pestisidlərlə və başqa zərərli maddələrlə zəhərlənməsi, narkomanlığın, alkoqolizmin yayılması və s. Beləliklə, azad bazar çox vaxt qəbul olunan qərarların mümkün olan mənfi nəticələrinə göz yumur, həmçinin bərpaolun- maz resursların qorunmasına rəvac vermir.

Həmçinin, bazar daxilən dəyanətli deyildir. Ona tsiklik təkrar istehsal xasdır. Çünki bəzən yüksək tərəqqidən sonra tənəzzül (işsizlik, inflyasiya və s.) baş verir.

Bundan əlavə azad bazar kollektiv istifadə üçün əmtəə və xidmətlərin istehsalına həvəs yaratmır, cəmiyyəti hər bir adamın ehtiyac duyduğu və heç kimin mənfəət əldə etmədiyi (müdafiə, dövlətin idarə edilməsi, təbiətin mühafizəsi və s.) xidmətlərlə təmin etmək iqtidarında deyil. Bu sıraya ictimai nemətlər adlanan əmtəələr daxildir. Məsələn, milli müdafiə sistemi, ictimai asayişin qorunması, hava proqnozu, milli təhlükəsizlik, küçələrin işıqlandırılması, fundamental (biznes xarakterli olmayan, dərhal pul gətirməyən əsaslı elmi araşdırmalar) elmi-tədqiqat işlərinin nəticələri, ətraf mühitin çirkləndirilməsi, qlobal ekoloji tədbirlər və s.

Deməli, bir çox iqtisadi və sosial problemlərin həlli üçün bazara dövlətin müdaxiləsi zəruridir. Bu səbəbdən də müasir bazar sistemi dövlət tərəfindən tənzimlənən bazar iqtisadiyyatı adlanır.

İnzibati-amirlik sistemi (planlı bazar təsərrüfatı). İnsanlara gələcəkdə yüksək rifah halının təmin olunmasını elan edən, lakin praktiki olaraq onun həyata keçirilməsı olduqca çətin və mürəkkəb proses olan inzibatı-amirlik sisteminin meydana gəlməsı öz başlanğıcını marksizm nəzəriyyəsindən göturür. Bu nəzəriyyə əsasında cəmiyyətin iqtisadi tərəqqisi məhsuldar quvvələrin istehsal münasibətləri arasındakı ziddiyyətlərin aradan götürülməsi nəticəsində baş verəcəyi və bir formasiyanın digərı ilə əvəz olunmasına gətirib çıxaracağı dururdu. Lakin marksist nəzəriyyədə kapitalizmin inkişaf mərhələləri onun ilkin pillələrindən nəzərdən keçirildiyindən və daxili ziddiyyətlərinin həll olunmasındakı tədrici və keçici proses nəzərə alınmadığından, onun inqilabi yolla dəyişəcəyi labüdlüyü ideyası irəli sürülmüşdür. Bu sistem keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində, hal-hazırda Kubada və bir sıra Asiya dövlətlərində fəaliyyət göstərir. Düzdür, marкsistlər cəmiyyətdə ədalətli iqtisadi proseslərin gedişatının tərəfdarları idilər. Hamının cəmiyyətdəki resurslardan istifadədə bərabər və ədalətli mövqedə durmalarını israr edirdilər. Lakin resursların bölgüsündəki sərt izibatçılıq ədalətsizliyə gətirib çıxarmış və cəmiyyətdə baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olmuşdur. Eyni zamanda iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı əlaqəni, mülkiyyət hüququnu tamamilə pozmuşdur.

Beləliklə, planlı bazar sistemində bütünlükdə iqtisadiyyata aid edilən məsələlər mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilir. Belə ki, istehsalın həcmi, onun resurs təminatı, hazır məhsulların reallaşdırılmasını plan orqanları həyata keçirir.

İnzibati-amirlik (sosializm) sisteminin xarakterik xüsusiyyəti, birincisi, ibarətdir ki, ictimai mülkiyyət adı altında bütünlüklə o, dövlət mülkiyyətindədir. Faktiki olaraq iqtisadi resursların hamısı sırf dövlətin nəzarətinə və inhisarına keçir. Bu sistemdə fəaliyyətini müxtəlif mülkiyyət formaları əsaında quran çoxsaylı bazar subyektləri yoxdur. İkincisi, təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi planlaşdırmanın ön mövqedə durmasıdır. Bu səbəbdən iqtisadi agentlərin müstəqilliyi təmin edilmir. Üçüncüsü, bütün yaradılmış nemətlər, regional xüsusiyyət nəzərə alınmadan bərabər bölgü adı altında bərabərləşdirici şəkildə bölünür. Dördüncüsü, iqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşmasına şərait yaradılmır. ümumi marağa xidmət edərək şəxsi maraqları yaddan çıxarır. Yəni şəxsi mənafelər əsassız olaraq ümumi mənafelərə tabe edilir. Beşincisi, bütövlükdə iqtisadi resurslar hərbi sənaye коmpleksinin tələbatı istiqamətində istifadə olunur.





  1. Qarışıq və ənənəvi iqtisadi sistemlər

Ənənəvi sistem. Bir qayda olaraq, ənənəvi sistem dedikdə, milli adət və ənənələrə, eləcə də etikqaydalara və dini etiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi başa düşülür. Bu sistemdə xalqın, millətin lap keçmişdən miras qalmış adətləri ilə bəşəri sivilizasiyadan irəli gələn bəzi müasir texnoloji üsullarının tətbiqi və fərdi göstərişlərin vəhdəti üstünlüktəşkil edir. Bu sistem yarı inkişaf etmiş şəkildə olur, iqtisadiyyat vərəsəlik prin-sipinə tabe edilir, resursların və gəlirlərin bölgüsü adət və ənənələrin tələb etdiyi prinsiplərə tabe edildiyindən iqtisadiyyat stabil inkişaf etmir. Düzdür, bu sistemə əsaslanan iqtisadiyyat sərvət və nemətlər yaratmaq baxımından heç də süstlüyə və ətalətə qapan-mır. Lakin bütün iqtisadi fəaliyyət dini və milli mədəni ənənələrə tabe edilir (Afrikanın bəzi ölkələrini misal göstərmək olar). İqti-sadiyyatın başlıca problemi, ölkənin tayfa və qəbilə başçılarının göstərişi və məsləhətləri əsasında həyata keçirilir.

Müxtəlif dini, mədəni və tarixi keçmişə malik olan ölkələr ənənəvi


sistem şəraitində eyni iqtisadi məkana malik olmurlar. Eyni
zamanda müxtəlif iqtisadi resurslara, xüsusən təbii resurslara
malik olmasından asılı olaraq bu ölkələr müxtəlif nisbi inkişaf səviyyəsinə malik olurlar. Təbii zənginliyin bəzi ölkələrin dini əqidələrinə uyğun olaraq geniş imkanlar yaratmasına baxmayaraq (xüsusən islam əqidəli ölkələr) orada texnoloji istehsal üsulu üstün inkişafa malik deyil. Əhalinin bəşəri elmlərin, mədəniyyətin mənimsənilməsinə olan münasibəti olduqca aşağıdır. Bu da hər şəraitdə cəmiyyətdə müəyyən kübar və varlı tayfa qrupunun əmələ gəlməsinə səbəb olur.

İqtisadi sistemin müxtəlif formalarında iqtisadiyyatın başlıca probleminin həlli, müxtəlif şəkildə həll edilsə də ümumi olan bir cəhət var ki, о da hüdudsuz tələbatların ödənilməsi üçün məhdud resurslardan daima səmərəli istifadə edilməsidir. Lakin tətbiq olunan ayrı-ayrı siyasi, dini, mədəni, hüquqi, əxlaqi və s. institutsional amillər bu problemin həllində müxtəlifliktörədir.

Qarışıq sistem. Artıq qeyd etdiyimız kimi iqtisadi resurslardan istifadə olunması və seçilməsində, eyni zamanda insanların təsərrüfat fəaliyyətinin əlaqələndirılməsində bazar və inzibati sistemlər çıxış edir. Lakin göstərməliyikki, bu sıstemlər sırf xalis formada özlərıni əksetdirmirlər. Belə ki, əgər azad iqtisadiyyatda şəxsiyyət öz şəxsi mənafelərini rəhbər tutaraq çıxış edirsə, lakin mərkəzləşdirilmiş iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti məhdud çərçivədədir. О cümlədən, resursların və gəlirlərin bölgüsü müxtəlif səviyyəli sərbəstlik və məhdudiyyətlərlə həyata keçirilir. Ona görə də yaranan çətinliklərin aradan götürülməsi və iqtisadi problemlərin həyata keçirilməsi üçün qarışıq sistemdən istifadə edilir. Qarışıq sistemdə iqtisadi fəaliyyətlərin əlaqələndirilməsində dövlət əsas, müəyyənedici rol oynayır. Bazar sistemli ölkələrdə dovlətlə ayrı-ayrı sərbəst təsərrüfat subyektləri arasındaki əlaqə səmərəli şəkildə özünü əks etdirirsə, inzibati sistemdə isə bu tamamilə əksinədir. Çünki iqtisadi mühit, müxtəlif iqtisadi məsələlər əsasında formalaşır.

Hər halda belə bir ümumi cəhəti qeyd etməliyik ki, iqtisadi sistemlər əsasən sərbəst bazar tipi ilə inzibati sistemin arasında fəaliyyət göstərir. Ona görə də qarışıq sistem, iqtisadiyyatın başlıca probleminin həlli, dövlətlə xüsusi bölmənin qarşılıqlı təsiri vasitəsilə həyata keçirilir.

Dövlət xüsusi sektorun sabit artımının təmin olunmasında aktiv rol oynamaqla, istehsalın və xidmətin müəyyən hissəsi vergılər, güzəştlərin verilməsi yolu ilə idarə edilir. Eyni zamanda dövlət fərdlərin öz şəxsi mənafeləriniəsas tutmaq dərəcəsini müəyyən edir. Aydındır ki, şəxsi mənafe heç də ölkənin hərbi potensialını, hüquq-mühafizə orqanlarının işini və s. müyyənlənləşdirə bilməz. Digər tərəfdən milli mənafeyə xidmət edən stratejisahələrin inşafına yalnız dövlət səviyyəsində təminat yaratmaq olar.

Bütün bu deyilənlərlə əlaqədar olaraq deməк lazımdır ki, dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyata malikdır. Onların bir qismi sərbəst bazar ıqtisadiyyatına, dıgər qısmı isə inzibati sistemə daha çox yaxındır. Bəzi ölkələrin iqtisadiyyatı qarışıq iqtisadiyyat çərçivəsində, kapitalist iqtisadiyyatı isə daha çox sahibkarlıq iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemlə sahibkarlıq iqtisadiyyatına üstün təminat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə ədalətin təmin olunmasına imkan yaradır. Azərbaycan iqtisadiyyatının belə inkişaf yoluna qədəm qoyması sosial yönümlü bazara keçidlə sahibkarlıq iqtisadiyyatının inkişafına səbəb ola bilər.

Qarışıq iqtisadi sistemdə resursların bölgüsü müxtəlif şəkildə heyata keçirilir. İnzibati sistemdə resursların bölgüsündə mərkəzi plan orqanları, bazar sisteminin sərbəst tipində resurslarınbölgüsündə xüsusi sahibkarlar iştirakedir. Qarışıq iqtisadi sistemdə xüsusi sahibkarlər, qismən də dövlət iştirak edir. Belə şəraitdə dövlətin rolu, bazar mühitinin sabit şəkildə fəaliyyət göstərməsinə xidmət edir. Qarışıq iqtisadi sistem iqtisadiyyata dövlət müdaxiləsi səviyyəsinə görə fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemin spesifikxüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat nə özü-özünə tənzimlənir ki, mərkəzləşdirilmiş formada həyata keçirilir. Lakin əsas məqsəd iqtisadi fəaliyyətin təşkili və əlaqələndirilməsi üçün stabilliyin yaradılması və gəlirlərin yenidən bölgüsünün həyata keçirilməsidir.


  1. İqtisadiyyatda institutların rolu

İqtisadi institutlar” (ing. economic institutions) anlayışı elmi dövriyyəyə iqtisadi nəzəriyyənin institutsional-sosioloji istiqaməti tərəfindən daxil edilmişdir. Institutsionalizmin banisi ABŞ iqtisadçısı və sosioloqu Torsteyn Bunde Veblen (1857-1929) hesab olunur. İnstitutlar (lat. institutum – qurum, adət, təsisat) insanlar tərəfindən yaradılmış formal və qeyri-formal qaydaların məcmusudur ki, iqtisadi agentlər üçün məhdudiyyət, eləcə də onların yerinə yetirilməsi və qorunmasının müvafiq nəzarət mexanizmi kimi çıxış edir.

İnstitutlar həm formal qanunlardan (konstitusiya, qanunvericilik, mülkiyyət hüququ), həm də qeyri-formal qaydalardan (ənənələr, adətlər, əxlaq qaydaları) ibarətdir. İnstitutlar insanlar tərəfindən qaydalara riayət edilməsi və mübadilədə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə yaradılırdı. İnstitutlar formal və qeyri-formal olurlar. Formal institutlar insanlar tərəfindən düşünülmüş qaydalardır, qeyri-formal institutlar isə hamı tərəfindən qəbul edilmiş davranış (adətlər, ənənələr və s.) şərtiliyi və kodeksləridir. Onlar şüurlu insan düşüncəsinin məhsulu (məsələn, konstitusiya) ola və ya sadəcə olaraq tarixi inkişaf prosesində yarana bilərlər.

Formal və qeyri-formal institutlar həm eyni istiqamətli, həm də müxtəlif istiqamətli stimullar yarada bilər. Əgər kimsə ictimai yerlərdə spirtli içkiləri içirsə onda gətirilmiş misalda həm ixtisaslaşdırılmış, həm də ixtisaslaşdırılmamış zaminlər sanksiyalar qoyur. Bu halda qeyri-formal qayda formal qaydaya dəstək olur. Lakin qaydalar bir-birilə ziddiyyətdə də ola bilərlər. Məsələn, yoxlama yazı işi zamanı köçürmək qadağan edilmişdir. Qaydanın zaminləri müəllimlər və tədris müəssisəsinin administrasiyasıdır. Adətən həm köçürəni, həm də köçürməyə verəni cəzalandırırlar. Bu zaman əgər siz yoldaşlarınıza bu çətin vaxtda köməkdən imtina etsəniz onlar sizlə ünsiyyət saxlamaqdan əl çəkə bilərlər. Beləliklə, eyni kursda oxuyanlar yoldaşa kömək etməyi tapşıran qeyri-formal institutun zaminləri olurlar.

Bəzən institusional çərçivələr iqtisadi aktivliyi sürətləndirmir, əksinə ləngidir. Hərdən institutsional mühit iqtisadi aktivliyi sürətləndirmək əvəzinə, ləngidir. Bu halda institusional mühit mülkiyyətin effektli olmayan hüquqlarını formalaşdırır, rəqabət mühiti deyil, inhisarçılıq yaradırlar, məhsuldarlığı artırmağa qadir olan təhsilə, elmə və texniki yeniliklərə ayrılan investisiyaları stimullaşdırmağa diqqət ayırmırlar. Səmərəsiz institutların mövcudluğu onunla izah olunur ki, hökumət fiskal (vergi yığmaq) məqsədlər güdərək iqtisadi fəaliyyətin imkanlarını aşağı salır.

Cəmiyyətin iqtisadi həya-tında institutların rolu möhtəşəmdir. İnstitutlarla istehsalın effektivliyi arasında əlaqəni başa düşmək üçün “transaksiya xərcləri konsepsiyasının” müddəalarından istifadə olunur. “Transaksiya xərcləri” (ing. Transaction costs) anlayışını elmi dövriyyəyə XX əsrin 30-cu illərində ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı (1991) Ronald Kouz daxil etmişdi. O, “Firmanın təbiəti” adlı məqaləsində “transaksiya xərcləri” xərclərinə, bilavasitə istehsalın özü ilə deyil, onları müşayiət edən məsrəflərlə: qiymətlər, təsərrüfat müqavilələri tərəfdaşları haqqında informasiya axtarışları, təsərrüfat müqavilələrinin bağlanması ilə əlaqədar məsrəflər, onların həyata keçirilməsi üzərində nəzarət və s. xərcləri aid etmişdir.

Bazar mexanizmlərinin istifadəsi də daxil olmaqla, iqtisadi xarakterli müqavilələrin bağlanması zamanı yaranan xərcləmələr transaksiya xərcləri adlanır. İqtisadi agentlərin qarşılıqlı münasibətləri ilə müşayət olunan transaksiya xərclərinin aşağıdakı əsas formaları mövcuddur:



  • informasiyanın toplanması və hazırlanması üzrə xərclər;

  • danışıqlar aparılması və qərarlar qəbul edilməsi üzrə xərclər;

  • mülkiyyət hüququnun müdafiəsi xərcləri;

  • oportunist hərəkətlərə nəzarət xərcləri;

  • bazardan istifadə etməklə müqavilənin yerinə yetirilməsinin hüquqi müdafiəsi üzrə xərclər.

Transaksiya xərcləri əgər iqtisadi institutlar kifayət qədər inkişaf etmiş olmursa, son dərəcə yüksək olur, çünki iqtisadi institutların zəifliyi fırıldaqçılıq, informasiyanın təhrif olunması, bağlanmış sazişlərin pozulması üçün əlverişli şərait yaradır. Transaksiya xərcləri o yerdə xüsusən böyük olur ki, orada mülkiyyət hüquqları dəqiq müəyyənləşdirilmiş olmur.


  1. Yüklə 134,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin