İqtisadiyyat və innovativ idarəetmə” kafedrası



Yüklə 134,9 Kb.
səhifə1/4
tarix16.01.2020
ölçüsü134,9 Kb.
#30198
  1   2   3   4
İqtisadiyyata giriş - final imtahan sualları

İqtisadiyyat və innovativ idarəetmə” kafedrası

“İqtisadiyyata giriş” fənni üzrə imtahan suallarının cavabları




  1. İqtisadiyyat və iqtisad elmi

Bəşər mədəniyyətinin ən ilkin və vacib atributlarından biri təsərrüfat həyatı, iqtisadiyyat və iqtisadi münasibətlər sistemidir. Min illər ərzində bu dəyərlər cəmiyyət həyatının əsas məzmununu, aparıcı motivlərini təşkil etmiş və bu proses daha yeni üsullarla və intensiv templərlə bu gün də davam edir. İnsan həyatının fundamental əsasları iqtisadi maraqlardan ibarətdir.

İqtisadi fəaliyyət çox geniş ölçülü və mürəkkəb xarakterli sosial fəaliyyətin bir növüdür. İnsanların həyatında baş verən həyatın bütün hadisələri vahid və bir-birinə bağlıdır. Eyni zamanda iqtisadiyyat da sosial, siyasi, hüquqi, mədəni, psixoloji və başqa proseslərlə sıx əlaqəlidir. Cəmiyyətin həyat sferalarında olan bu qeyd edilən proseslər bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqdadır. Çünki bu sferalarda olan insanların fəaliyyətləri bir-biri ilə qovuşmuş və sıx rabitədədir. İnsan fəaliyyətinin bu cür formalarda və qarşılıqlı əlaqədə olması insanın və dünya həyatının təbiətindən doğur.

İnsan ictimai varlıq olaraq həyatı qarşılıqlı münasibətlərdən asılıdır. Təsərrüfat fəaliyyəti kimi iqtisadiyyat münasibətlər sistemidir və insanların birgə yaşayışını təmin edən şərtlərdən biridir. İqtisadiyyat termini iki müxtəlif anlayışı ifadə etmək üçün istifadə olunur. Birincisi, iqtisadiyyat – insanın həyatı və inkişafı üçün, yəni rifah üçün vacib olan obyektlərin yarandığı, bölüşdürüldüyü və istifadə olunduğu ictimai həyat sferasıdır. İkincisi isə, iqtisadiyyat – rifahın yaranması, bölgüsü və istifadəsini öyrənən elmdir.

İqtisad elmi, eyni zamanda təsərrüfatın idarə olunması və məhsul istehsalı zamanı insanlar arasında, həmçinin insanlarla ətraf mühit arasında meydana gələn münasibətlərdən bəhs edir. İqtisadiyyatın müasir tərifini bir cümlə ilə vermək istəsək, belə deyə bilərik; iqtisadiyyat məhdud resurslardan (imkanlardan) istifadə etməklə zəruri həyati nemətlər yaradılması və onlardan istifadə yolu ilə insanların və cəmiyyətin qeyri-məhdud (sonsuz) tələbatlarının ödənilməsini təmin edən təsərrüfat sistemidir. Beləliklə, iqtisadiyyat ictimai həyatın ayrılmaz tərkib hissəsidir, iqtisad elmi isə iqtisadi həyatı öyrənən bir elmdir.

Hazırda savadlıların iqtisadi nəzəriyyəyə (siyasi iqtisadiyyata) diqqəti get-gedə artmaqdadır. Bu bütün dünyada, o cümlədən ölkəmizdə baş verən qlobal dəyişikliklərlə izah olunur. Görkəmli Amerika alimi P.Samuelson iqtisadi nəzəriyyəni elmlərin şahı adlandırmışdı. Nobel mükafatı laureatı M.Fridmen yazır ki, iqtisadiyyat heyranedici elmdir, onun sehri fundamental prinsiplərinin sadəliyindədir, onları bir vərəqdə yazmaq mümkündür, bununla belə onları çox az adam başa düşür. İqtisadi fikir tarixi üzrə dünya şöhrətli mütəxəssis A.Heylbronerin sözləri ilə desək, mürəkkəb təsərrüfatçılıq aləmini əks etdirən bu elmin dərinliyi onu öyrənəndən «dəvə dözümü və müqəddəs səbr» tələb edir.




  1. İqtisadi nəzəriyyənin təşəkkülünə qədərki iqtisadi ideyalar və təlimlər

İqtisadi tələbat fərdə və cəmiyyətə qədimdən məxsusdur. İqtisadiyyatın həyatımızdakı zərurətinin kökləri ən qədim dini konsepsiyalara gedib çıxır. Məsələn, İbrahimi ideologiyaya görə insan, tanrı yaradıcılığının məhsulu kimi, ilkin olaraq “cənnət” adlanan ideal bir məkan üçün nəzərdə tutulmuş məfhumdur.

Beləliklə, Adəmin, Həvvanın və onun övladlarının simasında ilkin bəşəriyyətin təsərrüfat, istehsal, iqtisadiyyat kimi qayğıları və problemləri yox idi. Təsərrüfat və istehsal isə, ilk növbədə, varlığın bioloji tələbatını ödəmək və fiziki cəhətdən sağ qalmaq üçün lazım idi. Tanrı öz övladlarını cənnət yeməkləri “nektar” və “ambroziya” ilə qidalandırmağı nəzərdə tutduğu üçün, “insan əməyi”, “təsərrüfat həyatı”, “istehsal” kimi anlayışlar günün tələbi deyildi. Lakin insan ilk günahını etməklə, buğda dənəsinə (Tövratda alma) tamah salmaqla cənnəti əbədi olaraq itirdi, bununla da bütün sonrakı tarixini və taleyini “çörək uğrunda mübarizəyə” həsr etmiş oldu. Bu çörəyi isə Adəm övladları milyon illərdir ki, ən çətin şəraitdə, bütün potensial imkanlarını səfərbər etməklə qazanır.

Beləliklə, uzun bir tarixi olan “çörək uğrunda mübarizə”, bu gün elmi anlamda iqtisadiyyat və təsərrüfat həyatı kimi xarakterizə olunur. Yunan dilindən tərcümədə “ekonomika” termininin hərfi mənası “ev təsərrüfatının qurulması və idarə olunması” deməkdir. Burada “oykos” – ev, “nomos” isə qanun mənasının verir. İlk dəfə bu termini qədim yunan filosofu Aristotel (e.ə. 384-322) işlətmişdir. Qədim yunan tarixçisi və filosofu Ksenofont (e.ə. 430-354) isə “Evqurma” adlı traktatında ekonomika haqqında məlumat vermiş və onu “təbiət elmi” adlandırmışdı. Lakin tarixi inkişaf prosesində bu anlayış daha geniş məna kəsb etməyə başladı. O, təkcə ayrıca götürülmüş evin, ailənin təsərrüfatına deyil, həm də lokal və qlobal cəmiyyətin təsərrüfatına şamil edildi.

İqtisadi fikir (ing. economic thought) insanların təsərrüfat fəaliyyətinin başlanması ilə eyni vaxtda baş vermişdir. Bəşəriyyətin iqtisadi münasibətləri və təsərrüfat həyatı haqqında nəzəriyyənin təşəkkülü isə daha sonrakı tarixi dövrlərin hadisəsidir. İqtisadi nəzəriyyə bir elm kimi XVII əsrin II yarısından etibarən yaransa da, bu dövrə qədər olan iqtisadi fikirlər iqtisadi nəzəriyyənin yaranmasına qədərki iqtisadi fikir tarixi kimi xarakterizə olunur. Bu tarixin kökləri dörd min il bundan əvvələ gedib çıxır. Məhz o dövrdə Yer kürəsində ilk sivilizasiyalar təşəkkül tapır və onların əsas atributu olan ilk yazı növləri meydana gəlir. Məhz, qədim sivilizasiyaların yazılı mənbələrində o dövrün iqtisadi fikri haqqında məlumat almaq mümkündür.

Hələ ibtidai icma cəmiyyətində insanlar iqtisadi biliklərin ilk rüşeymləri ilə tanış idilər. İqtisadi fikrin köklərini Qədim dünya, birinci növbədə dünya sivilizasiyasının beşiyi Qədİm Şərq ölkələri mütəfəkkirlərinin təlimlərində axtarmaq lazımdır. Qədim hind “Manu qanunları” (e.ə. IV-III əsrlər) ictimai əməyin, hökmranlıq və asılılıq münasibətlərinin mövcudluğunu qeyd edirdilər. Qədim Çin mütəfəkkirlərinin (bunlar arasında Konfutsi (e.ə. 551-479) xüsusilə fərqlənirdi) əsərlərində zehni əməklə fiziki əmək fərqləndirilir Özü də birincisi “ali” təbəqənin, ikincisi isə əksəriyyəti qullardan ibarət olan “qara camaatın” qisməti elan edilirdi. Maraqlıdır ki, hələ o dövrdə, məsələn, Çin filosofu Syun Tszınm (e.ə.III əsr) əsərlərində bütün insanların yaranışdan bərabər olması, “toplanmış sərvət”dən hamının istifadə etməli olduğu, adi insanların da torpağa xüsusi mülkiyyət hüququnun olması fikri söylənilirdi. Buna görə də, hələ o dövrdə əkinçi-qulların və sənətkar - qulların azad edilməsinə çağırışlar səslənirdi.

İqtisadi fikrin sonrakı inkişafı Qədim Yunanıstanla bağlıdır. Qədim Yunan mütəfəkkirləri Ksenofontun (təq. e.ə. 430-355), Platonun (e.ə. 427-348), Aristotelin (e.ə. 384-322) baxışlarını müasir iqtisadi fikrin ilkin nəzəri müddəaları kimi səciyyələndirmək olar.

Qədim Roma mütəfəkkirləri Varron (e.ə. 116-27), Böyük Katon (e.ə. 234-149), Kolumella (b.e. İ əsri), Seneka (təqr, e.ə. 4 - 65), Tit Lukretsi Karanın (e.ə. 99-55) iqtisadi fikirləri bir növ Qədim Yunanıstanın iqtisadi fikrinin davamı idi. Burada hər şey köləliyin zəruriliyi ilə əsaslandırılır, lakin bu fikirlərdə artıq quldarlığın tənəzzülü və dağılması əks olunur. Belə ki, Mark Porsi Katon “Əkinçilik haqqında” traktatında və “Dərslər sistemi”ndə israr edir ki, qullar daim - yağışda da, bayramlarda da işləməlidirlər və qulların əməyinin normalaşdırılması, eləcə də fəsillər üzrə ərzaq norması barədə tövsiyələr verir. Lutsi Yuni Moderat Kolumella qul əməyi imkanlarının məhdudluğunu etiraf etməklə yanaşı yarıtmaz işçilərin işləməyə məcbur edilmə metodlarının hamısını yararlı sayır və beləliklə, müasir iqtisadiyyatda da böyük əhəmiyyət kəsb edən əməyin keyfiyyəti problemini qoyurdu. Seneka göstərirdi ki, insanların hamısı yaranışdan bərabərdirlər, buna görə də köləliyi pisləyirdi. O yazırdı: “Onlar kölədirlər. Lakin onlar insandır”.

Xristianlıq təsərrüfat fəaliyyətinə ümumi baxışda əsaslı dönüş yaratdı. O ən adi təsərrüfat əməyini zəruri və müqəddəs elan etdi. Apostol Pavel vəsiyyət etmişdi: “Kim ki işləmək istəmir, o yeməsin”.

VII əsrin əvvəllərində ərəb sivilizasiyasının simasında dünyanın böyük bir hissəsində yeni, daha mütərəqqi dini ideologiya – islam meydana gəldi. İslam sivilizasiyası dünya mədəniyyətinə yüksək təşəkküllü əxlaqi-mədəni dəyərlər bəxş etməklə yanaşı, əvvəllər heç bir sivilizasiyada müşahidə olunmayan təsərrüfat-iqtisadi, pul-kredit, torpaq mülkiyyəti və vergi sistemi münasibətləri gətirdi.


  1. İqtisad elminin təşəkkülü və inkişaf mərhələləri

Bir elm, yəni iqtisadi sistemin mahiyyəti, məqsəd və vəzifələri haqqında sistemləşdirilmiş biliklər kimi iqtisadi nəzəriyyə XVI-XVII əsrlərdə yaranmışdı. Bu, kapitalizmin təşəkkül tapması, manufakturaların yaranması, ictimai əmək bölgüsünün dərinləşməsi, xarici və daxili bazarların genişlənməsi, pul dövriyyəsinin intensivləşməsi dövrü idi. Bu dövrlərdə ilk iqtisadi məktəb olan merkantilizm məktəbi meydana gəldi.

Öncəliklə qeyd edək ki, iqtisadi məktəb iqtisad elmindən fərqli bir şeydir. İqtisadi məktəb iqtisad elmindən istifadə edib müəyyən nəzəriyyə əsasında iqtisadi həyatı nizamlayan (qurucu və tənzimləyici) bir siyasət hazırlayır (təklif edir). Amma iqtisad elmi heç bir siyasət ortaya qoymur. O yalnız cəmiyyətdə hələ də tətbiq olunmaqda olan siyasətin təsirlərini (nəticələrini) bir fizik necə istilik qanunları və.s. üzərində çalışırsa, məhz eləcə çalışaraq araşdırır. Bu səbəbdən də iqtisad elmi bir ədəddir, amma iqtisadi məktəblər çoxdur.

Merkantilist iqtisadi məktəbinin təlimlərinin mahiyyəti sərvətin mənbəyinin müəyyənləşdirilməsindən ibarət idi (onların əsas xidməti bundan ibarətdir, çünki bu məsələni birinci onlar qaldırıblar). Lakin məsələni düzgün şərh etmirdilər, çünki sərvətin mənbəyini mübadilədə görür, sərvətin özünü isə pulla eyniləşdirirdilər. Təlimin adı da buradandır, çünki merkantil tərcümədə pullu deməkdir. Merkantilistlər ticarətçilərin nümayəndələri idilər və onların maraqlarını ifadə edirdilər.

İdeya baxımından merkantilizm milli iqtisadiyyatı başqa dövlətlərin rəqabətindən gömrük sədləri ilə qoymaq, ölkəyə xarici əmtəə və kapitalların gəlməsini məhdudlaşdımıaq yolu ilə qorumağa yönəldilmiş iqtisadi himayəçilik siyasətinə yaxmdır.

Merkantilizmin ən görkəmli nümayəndələri Tomas Man (1571-1641), Antuan Monkretyen de Vattevil (1575-1621), Qaspar Skaruffi (1519-1584), Dedli Nore (1641-1691), Devid Yum (1711-1776) idilər.

Orta əsrlər Avropasında iqtisadi fikrin inkişafına fiziokratiya (yun. “fizios” – təbiət, “crates” – güc, hakimiyyət) iqtisadi təliminin həlledici təsiri olmuşdur. Məhz bu təlimin meydana gəlməsini, şərti olaraq iqtisad elminin yaranması kimi qəbul etmək olar. 1750-ci ildə fransız iqtisadçısı Fransua Kene (1694-1774) tərəfindən yaradılmış bu təlim merkantilistlərin mübadilənin sərvət yaratması fikrini inkar etdi; sərvətin mənbəyi kimi onlar əkinçilikdə sadəcə əməyi deyil, məhz kənd təsərrüfatında istehsal olunmuş məhsulun istehlak olunandan çox olmasını bəyan etdi; onların təliminin məhdudluğu sərvətin mənbəyi kimi yalnız əkinçilikdəki əməyi hesab etməsindədir.



XVIII əsrin sonlarında ingilis iqtisadçısı Adam Smit (1723-1790) tərəfindən “klassik siyasi iqtisad” təliminin əsası qoyuldu. İqtisad elminin atası sayılan Adam Smit iqtisadi fikir tarixinə klassik siyasi iqtisadın banisi kimi daxil olmuşdur. O, 44 yaşında nəhəng, bəzi bioqrafların fikrincə, hətta dəhşətli bir planı - dünyaya ictimai-iqtisadi quruluşun nəzəriyyəsini vermək işini həyata keçirtmək qərarına gəldi. 10 il tam tərkidünyalıqdan sonra o, «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1777) kitabını çap etdirdi. Həmin kitabda o dövr üçün toplanmış bütün iqtisadi bilikləri sistemləşdirən A.Smit tarixi bir missiyanı yerinə yetirdi. “Liberalizmin incili” adlanan həmin kitabda A.Smit təliminin əsas ideyası liberalizm, dövlətin iqtisadiyyata minimum müdaxiləsi, tələb və təklifdən asılı olaraq yaranan azad qiymətlər əsasında bazar özünü tənzimləməsi idi. Bu iqtisadi tənzimləyiciləri o, «görünməz əl a adlandırmışdı. Adam Smit “Xalqların sərvəti...” əsərində göstərirdi ki, “Biz öz naharımızı almağı gözləyırik, ona görə yox ki, qəssab, pivə bişirən və bulka satan bizə qarşı xeyirxahdır, ona görə ki, onlar öz şəxsi qazancları üçün çalışırlar”. Smtin formalaşdırdığı prinsipə əsasən "cəmiyyətin rifahı və inkişafı alıcı və satıcının azad və rəqabətli mübadilədə tamahkar, eqoist maraqlarının üst-üstə düşməsinin nəticəsində baş verə bilər... Hər bir fərd öz mənfəətinin ardınca qaçarkən, cəmiyyətə düşünə biləcəyindən daha çox xidmət edir". Smitə görə bazarda “gözəgörünməz əl” tənzimləyicisi fəaliyyət göstərir. A.Smit onun haqqında belə yazırdı: “Sahibkar yalnız öz maraqlarını nəzərdə tutur, yalnız öz xeyrini güdür, özü də bu zaman gözəgörünməz əllə heç nəzərdə belə tutmadığı məqsədə yönəldilir, öz maraqlarını güdəndə o, cəmiyyətin maraqlarına daha fəal xidmət edir, nəinki şüurlu surətdə bu xidməti həyata keçirməyə çalışanda” Bəşəriyyət təkamül yolu keçərək insan tələbatlarının ödənilməsinin ən yaxşı üsulunu (yəni azad mübadiləni) və ən yaxşı şəraitini (rəqabət) müəyyən etmişdir. Smitə görə bəşəriyyət hələ bundan yaxşısını tapa bilməmişdir. Məhz bu, azad və rəqabətli mübadilə bazar iqtisadiyyatının əsasını təşkil edir.

XIX əsrin ortalarında klassik siyasi iqtisad nəzəriyyəsinin təsiri altında XIX əsrin görkəmli mütəfəkkirləri Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) dövrün sosial-iqtisadi tələblərini əks etdirən nəzəri konsepsiya yaratdılar. Növbəti 100 il ərzində bəşəriyətin iqtisadi münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən bu konsepsiya qısa müddət ərzində “marksizm” kimi məşhurlaşdı. Marksizmin əsas müddəaları “Kapital”, “Müqəddəs ailə”, “Siyasi iqtisadın tənqidi” və s. əsərlərdə öz əksini tapmışdır. “Kapital” əsəri obrazlı halda “sosializmin incili” adlandırılır. Spesifik iqtisadi ideyaları tərənnüm edən bu əsərlərdə kapitalizm ictimai-iqtisadi münasibətləri tənqid olunur, yeni, ədalətli cəmiyyətin qurulması yolu kimi inqilab göstərilir, cəmiyyətdə mövcud olan bütün bədbəxtliklərin səbəbi kimi xüsusi mülkiyyət “ittiham olunur” və daha ədalətli iqtisadi münasibətlər sisteminin qurulmasında ictimai mülkiyyətin bərqərar edilməsi əsas şərt elan olunur.


  1. İqtisadi nəzəriyyənin predmeti: iqtisadi məktəblər və istiqamətlər

Elmin tədqiqat obyekti onun araşdırdığı obyektdir. Amma elmlərin hər biri öz tədqiqat obyektinə müxtəlif cəhətdən yanaşırlar və bunlar da o elmlərin predmetini təşkil edir. Hər bir elm digərindən predmetinə görə fərqlənsə də, tədqiqat obyekti eyni olan elmlər çoxdur. Məsələn, tibb və psixologiya elminin tədqiqat obyekti insandır. Amma tibb elmi insanın fiziki orqanizmini, psixologiya isə insanın psixinasını öyrənir.

Qlobal iqtisadi problemlərin müasir cəmiyyətin məzmununa çevrildiyi bir dövrdə qıt (defisit) resurslara münasibət, maddi nemətlərin bölüşdürülməsi, istehsal prosesində meydana gələn müasir xarakterli təsərrüfat-iqtisadi münasibətlər iqtisadi nəzəriyyənin məzmununa yeni baxışlar və yanaşmalar tələb edirdi. Kapitalist münasibətlərinin bərqərar olmasından bu günə qədər iqtisadi nəzəriyyənin əsas düsturu isə dəyişməz olaraq qalır – “daha az itkilərlə daha yüksək səmərə əldə etmək”.

Ümumi iqtisadi nəzəriyyənin öyrənilməsi, bir qayda olaraq üç bölmə üzrə aparılır: 1. İqtisadi nəzəriyyəyə giriş. 2. Mikroiqtisadiyyat. 3. Makroiqtisadiyyat. İqtisadi nəzəriyyəyə giriş bölməsi metodoloji, fundamental mahiyyət kəsb edir, həmçinin növbəti bölmələrin tədqiq edilməsi üçün əsas vasitə kimi təzahür edir. Mikroiqtisadiyyat firma, istehsalçı səviyyəsində baş verən prosesləri öyrənir. O məhdudluq, seçim, tələb və təklif, qiymət və onların təsərrüfat fəaliyyətinə təsirini və sair məsələləri aydınlaşdırır. Makroiqtisadiyyat dövlət miqyasında məsələlərə aiddir. O, ölkə üzrə məcmu tələb və təklifi, məcmu milli gəliri, iqtisadi artım, iqtisadi tənəzzül, inflyasiya və işsizliyi və sair məsələləri öyrənir.

İqtisadi nəzəriyyə müxtəlif istiqamətlərlə və məktəblərlə təmsil olunur. Onların içərisində klassik, marjinalizm, marksizm, neoliberalizm, keynsçilik, institusionalizm, istiqamətlər və məktəblər xüsusi əhəmiyyət kəsb edir.

Marjinalistlər siyasi iqtisadın predmetinin fərdlərin və sosial institutların (firma, qrup, insanlar və s.) davranışı, onların öz məqsədlərinə çatma yolları və vasitələrinin təhlili olduğunu bildirirdilər.

Keynsçilər məktəbinə görə iqtisadi nəzəriyyənin predmeti milli iqtisadiyyatın vahid bir tam kimi fəaliyyət göstərməsi sayılır. Beləliklə, bütün deyilənləri ümumiləşdirsək, iqtisadiyyatın müasir tərifini bir cümlə ilə vermək istəsək, belə deyə bilərik; iqtisadiyyat məhdud resurslardan (imkanlardan) istifadə etməklə insanların qeyri-məhdud (sonsuz) tələbatlarının necə ödənilməsini öyrənin elmdir.




  1. İqtisadi proseslərin tədqiqat metodları və metodologiyası

Hər hansı sahədə elmi biliklər əldə etmək üçün elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından (ing. research methods) istifadə olunması son dərəcə vacibdir. Metod (lat. methodus – meta – arasında, yaxud sonra, hodus – yol – tədqiqat yolu) tədqiqat üsulu sayılır.

Hər bir elm öz predmetini tədqiq etmək üçün metod adlanan müəyyən üsul və vasitələrdən istifadə edir. Hər bir elm sahəsinin özünə məxsus dili və düşüncə tərzi vardır. Riyaziyyatçılar aksiomlar, inteqrallar və vektor sahələri barəsində; psixoloqlar eqo, şəxsiyyət və xarakter barəsində; hüquqşünaslar isə məhkəmə yeri, mülki cinayət və verilmiş vəd əsasında etiraz hüququndan məhrum edilmə barəsində danışırlar.

İqtisadi nəzəriyyə də bu baxımdan digər elmlərdən heç də fərqli deyil. Təklif, tələb, elastiklik, nisbi üstünlük, alternativ xərclər, inflyasiya, işsizlik, rifah və bu kimi terminlər iqtisadi nəzəriyyənin ayrılmaz hissələridir. İqtisadçılar öz öyrəndikləri iqtisadiyyata alim obyektivliyi ilə yanaşmağa çalışırlar. İqtisadçıların iqtisadiyyatı öyrənmə tərzi fiziklərin maddəni və bioloqların həyatı öyrənmə tərzinə bənzərdir: Onlar fərziyyələr irəli sürür, məlumatlar toplayır və öz nəzəriyyələrini təsdiq və ya inkar etmək üçün məlumatları təhlil edirlər.

Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzəriyyə elminin predmetinin xüsusiyyəti elədir ki, onun problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. Çünki iqtisadiyyat ictimai elmdir və onun predmeti insan davranışlarıdır.

Ümumilikdə metodlar iki qrupa bölünür:


  1. Ümumi metodlar – bunlara metodologiya da deyilir. Metodologiya tədqiqat predmetinə ümumi və fəlsəfi yanaşmanı əks etdirir.

  2. Lokal metodlarbunlar da öz növbəsində universal (ümumfəlsəfi və ya bir çox elmlərdə istifadə edilən) və spesifik (yalnız bir metodoloji məktəbə məxsus) metodlara bölünür.

Əsas universal metodlara aiddir: formal məntiq qaydaları; elmi abstraksiya (əql ilə mücərrədləşdirmə); təhlil (analiz) və tərkib (sintez) (obyekti fikrən parçalayıb dərindən öyrənmə və yenidən vahid tam halında birləşdirmə); induksiya (yönəlmə); deduksiya (hasiletmə); analogiya (müqayisə); müşahidə (hiss üzvləri ilə görmək); təcrübə (eksperiment) (hiss üzvləri ilə görüb, əql ilə nəticə almaq).

İnduksiya və deduksıya metodu - İnduksiya metodunun tətbiq olunması zamanı tədqiqatçı xüsusi faktları toplayır və onların əsasında ümumiləşdiril-miş nəticələr çıxarır və nəzəri vəziyyətləri təyin edir. Deduksiya metodu zamanı isə tədqiqatçı ümumi vəziyyətdən xüsusi məqamlara, nəzəriyyədən konkret faktlara doğru təhlil prosedurunu həyata keçirir.

Analiz və sintez metodu tədqiqat üsulu kimi iki tərkib hissənin vəhdətdə götürülməsini nəzərdə tutur. Analiz zamanı tədqiqat obyekti nəzəri, yaxud praktiki olaraq tərkib hissələrinə bölünür və ayrılıqda öyrənilir. Sintez zamanı isə aralarındakı əlaqə nəzərə alınmaqla obyektin parçalanmış elementlərinin birləşdirilməsi baş verir.

İqtisadçılar öz öyrəndikləri iqtisadiyyata alim obyektivliyi ilə yanaşmağa çalışırlar. İqtisadçıların iqtisadiyyatı öyrənmə tərzi fiziklərin maddəni və bioloqların həyatı öyrənmə tərzinə bənzərdir: Onlar nəzəriyyələr irəli sürür, məlumatlar toplayır və öz nəzəriyyələrini təsdiq və ya inkar etmək üçün məlumatları təhlil edirlər.



Spesifik metodlara misal kimi isə iqtisadi-riyazi, statistik, qrafik, funksional və struktur təhlil, tarixi-məntiqi, modelləşdirmə və s. göstərilə bilər.  


  1. İqtisadi qanunlar və kateqoriyalar

Digər elmi təlimlərdə olduğu kimi iqtisad elminin də spesifik qanunları və kateqoriyaları (ing. laws and categories) vardır. İqtisadi qanunlar iqtisadi hadisələr və proseslər arasında davamlı, səbəb-nəticə baxımından əhəmiyyətli təkrar olunan qarşılıqlı əlaqələrdir. Başqa sözlə desək iqtisadi qanunlar sərvətlərin istehsalı, istehlakı, mübadiləsi və bölüşdürülməsi prosesində insanlar arasında yaranan davamlı münasibətlərin ifadəsidir.

İqtisadi qanunlar sırasına aşağıdakılar daxildir:

1. Tələb və təklif qanunu.

2. Ümumi makroiqtisadi tarazlıq qanunu.

3. Xüsusi makroiqtisadi tarazlıq qanunu.

4. Əməyin məhsuldar qüvvəsi qanunu.

5. Rəqabət qanunu.

6. Dəyər qanunu.

7. Pul dövriyyəsi qanunu.

8. İqtisadi artım qanunu.

9. Artan daxili xərclər qanunu.

10. Azalan gəlirlər qanunu.

11. İstehsalın səmərəliliyi qanunu.

12. Proporsionallıq qanunu.

13. Toplamaq qanunu.

14. İqtisadi tələbatların yüksəlişi qanunu.

15. Gəlir normasının düşməsi meyli qanunu.

İqtisadi qanunların hamısı, müəyyən mənada ictimai inkişafla əlaqədardır. İqtisadi qanunların göstəricisi məhz təsadüfilik deyil, tipiklik, daimilik, iqtisadi hadisələrin və proseslərin daxili mahiyyətini ifadə etməkdir. İqtisadi qanunları təbiət qanunları və təbiətşünaslıq qanunları ilə qarışdırmaq olmaz, çünki bunlar arasında bir sıra mühüm və ciddi fərqlər var.

■ təbii qanunlar təbiət qanunlarıdır, iqtisadi qanunlar isə ictimai həyatın inkişafı, insanların təsərrüfat fəaliyyətinin qanunlarıdır;

təbii qanunlar əbədidir, iqtisadi qanunlar tarixi xarakter daşıyır;

■ təbii qanunların kəşf edilməsi və tətbiqi nisbətən rahat baş verir, iqtisadi qanunların tətbiqi isə cəmiyyətin ölüb getməkdə olan qüvvələri tərəfindən ciddi müqavimətə rast gəlir. iqtisadi qanunlar özü-özlüyündə işləmirlər, iqtisadi tərəqqi avtomatik həyata keçirilmir. Bunun üçün insanların fəaliyyəti zəruridir ki, onlar da hərəkətə tələbat və maraqlarla gətirilirlər.

İqtisadi qanunların bütöv sistemi özündə üç tip qanunları birləşdirir: 1. Ümumi iqtisadi qanunlar – istehsalın bütün ictimai üsullarına məxsus olan qanunlardır (məsələn, əmək məhsuldarlığının artması qanunu, vaxt qənaəti qanunu və s.). 2. Xüsusi iqtisadi qanunlar – bir neçə ictimai-iqtisadi münasibətlər sistemində fəaliyyət göstərən qanunlar (məsələn, dəyər qanunu, tələb və təklif qnunu və s.). 3. Spesifik iqtisadi qanunlar – yalnız bir ictimai istehsal üsulu daxilində fəaliyyət göstərən qanunlar. Məsələn, quldarlıq, təhkimçilik dövrlərindəki bölgü qanunları və s.

Elmi idrak prosesində predmet və hadisələrin ideal obrazlarını ifadə edən anlayışlar meydana gəlir. Reallığın müxtəlif tərəflərinin mühüm xassə və əlaqələrini əks etdirən belə anlayışlar “kateqoriya” adlanır. Hər elmi təlimin özünəməxsus kateqoriyalar sistemi mövcuddur. İqtisadi kateqoriyalar sırasına aşağıdakı vacib anlayışlar daxildir: mal, istehlak xərcləri, mübadilə xərcləri, pul, qiymət, kapital, işçi qüvvəsi, gəlir, əmək haqqı, renta və s. Bu anlayışlar istehsal münasibətlərini tədqiq etmək istiqamətində mühüm vasitələrdir.


  1. İqtisadi nəzəriyyənin vəzifələri

İqtisadi nəzəriyyənin öyrənilməsində əsas məqsəd əvvələn, yaşadığımız cəmiyyətin və dünyanın iqtisadi inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk etməkdir. Məsələn, nə üçün bəzi ölkələrin əhalisi rifah içində yaşadığı halda bəziləri yoxsulluq içərisində yaşayır. İkincisi, insanları cəmiyyətdə baş verən dəyişikliklərin passiv seyrçisi deyil, fəal iştirakçısına çevirmək. Məsələn, iqtisadi nəzəriyyəni bilən insan siyasi və ictimai prosesləri daha dərindən analiz edə bildiyi üçün ictimai və siyasi seçimlər zamanı da daha düzgün qərar verir. Həmçinin, iqtisadi nəzəriyyəni bilən şəxs iqtisadi münasibətlərdə (şəxsi biznes və digər işgüzar fəaliyyətlərdə) daha çox uğur qazana bilir.

İqtisadi nəzəriyyə qeyd edilən həmin məqsədlərə çatmaq üçün bir elm kimi dərketmə, proqnozlaşdırma, təcrübi (praktiki), ideoloji, metodoloji vəzifələri (funksiyaları) yerinə yetirir.

İngilis klassik məktəbinin nümayəndələri iqtisadi nəzəriyyənin əsas vəzifəsi kimi maddi istehsalın bütün sahələrində – sənayedə, kənd təsərrüfatında tikintidə, meşə təsərrüfatında yaradılan milli sərvətin, həmçinin onun toplanmasının və bölüşdürülməsinin, eləcə də istehsal şəraitinin öyrənilməsini elan edirdilər. İngilis iqtisadçısı Alfred Marşall (1842-1924) iqtisadi nəzəriyyənin başlıca vəzifəsinin insan cəmiyyətinin normal həyat fəaliyyətinin öyrənilməsi olduğunu iddia edirdi. ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı (1970) Pol Entoni Samuelson (1915-2009) “Ekonomiks” kitabında iqtisadi nəzəriyyənin əsas vəzifəsi kimi “insanların gündəlik və işçi həyatının öyrənilməsini” elan edirdi.

Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin əsas vəzifəsi kimi qıt resurslardan istifadə edərək sonsuz ehtiyacları təmin etməyin yollarının öyrənilməsi göstərilir.

İqtisadi nəzəriyyə, ilk növbədə varlanmaq, şəxsi və ictimai rifahı, millətin və bəşəriyyətin sağlam gələcəyini təmin etmək üçün nəzərdə tutulmuş qaydalar dəsti kimi təzahür edir. O, mövcud problemlərin həllində ortaya çıxan suallara hazır cavablar vermir. Burada nəzəriyyə iqtisadi reallığı dərk etmək prosesində yalnız alət, yaxud üsuldur. Bu üsul və alətlərdən mütəşəkkil və səmərəli şəkildə istifadə edilməsi nəticəsində, çoxlu sayda həyati situasiyalarda düzgün nəticə çıxartmağa və optimal seçim etməyə nail olmaq olar.

Klassik iqtisadçılara görə iqtisadi nəzəriyyənin vəzifəsi milli sərvətin artırılması amillərinin əsaslandırılmasıdır (ictimai əmək bölgüsünün dərinləşməsi, istehsalın genişlənməsi, məşğulluğun və əmək məhsuldarlığının artması, cəmiyyətin milli gəlirində dövlət xərcləri payının minimuma endirilməsi və s.).

Marjinalistlərə görə isə iqtisadi elminin vəzifəsi iqtisadi subyektlərin konkret iqtisadi şəraitdə davranış motivlərini diqqətlə öyrənib izah etməkdir.

Keynsçilər isə elə hesab edirdi ki, iqtisadi elmi dövlətin iqtisadi siyasətinin hazırlanmasına yardım etməlidir.


  1. Yüklə 134,9 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin