ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1,72 Mb.
səhifə18/21
tarix05.03.2017
ölçüsü1,72 Mb.
#10074
1   ...   13   14   15   16   17   18   19   20   21

AYDINKƏND - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 129].

AYDINKƏNDİ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 108]. "Kəndin başqa adı Arıqvəli" (yenə orada). (Bax: Arıqvəli)

AYDIN DƏRVİŞ - XVIII əsrin ortalarında İrəvan əyalətində kənd adı [150, 339]. "Aydın adlı dərvişə mənsub" mənasındadır.

AYDINLI - Eçmiadzin r-nunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Lenuqs adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış Yeryük tayfa birləşməsinin Aydınlı tayfasının (bax: 34) məskunlaşması nəticəsində yaranmışdır.

AYDOĞMUŞ -   İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 135]. Gözlübulaq da adlanır (yenə orada). Başqa adı -Qaraörən (yenə orada).  Aydoğmuş şəxs adındandır.

AYIDƏRƏSİ - İrəvan quberniyasının Novobayazid qəzasında (indiki Krasnoselo r-nu) Toxluca kəndinə məxsus qışlaqlardan birinin adı [136, 33].

AYIBASAN -   Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 268].

AYIQIŞLAĞI  - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 39]. Mənbədə kəndin həm də Təkzor adlandığı qeyd olunmuşdur [23, 83]. "Ərkük kəndinə məxsus qışlaq" adıdır (yenə orada).

AYIYATAĞI - Talin r-nunda xaraba kənd adı. 1914-cü ildə ermənilər dağıtmışlar  (6, 152).

AYGÖRMƏZ  -  Vedi r-nunda Dəvəli və Şahablı kəndləri arasındakı dərənin adı. Digər adı  - Aydoğmaz.

AYNALI - Talin r-nunda kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və 1915-1928-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir [20, 111]. Anadolunun Qars əyalətində Aynalı [36] kəndinin adı ilə mənşəcə eynidir. Ehtimal ki, tayfa adıdır.

AYNAXLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Mənası məlum deyil.

AYRABCA - İrəvan quberniyasının Novobayazid qəzasında Toxluca kəndinə məxsus qışlaqlardan birinin adı [136, 34].

AYRANLI - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ayranlı dağının adındandır.

AYRANLI - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında dağ adı [133]. Dağ oradakı "Ayraklı" bulağının adı ilə adlandırılmışdır.

AYRIM - Noyemberyan r-nunda kənd adı. 1960-cı ildə kənd ermənicə Pxtovan adlandırılmış və 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Orta əsrlərdə İrəvan əyalətində yaşamış türk mənşəli Ayrım (Ayrum) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ayrımların mənşəyi haqqında dəqiq tarixi məlumat yoxdur. A.Bakıxanova görə Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir.  Ehtimal ki, bu ellər sonra Ayrum (El-Rum adının təhrifi) adlanmışdır. İ.Şopenə görə Türkiyədə İkonum sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyəyə keçərək Ayrumlu (631 ailə), Seyid Axsalı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) adları ilə yaşamışlar (159). Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Aqsaq Ayrum, Quşçu Ayrum, Baqanis-Ayrım (türk dillərində bakanes -"çayın aşağı axarının quru məcrası" mənasındadır), Dadanis Ayrum (Dadanis kənd adıdır), Polad Ayrum və b. qollara bölünmüşlər.

AYRIM - Tumanyan r-nunda kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

AYRICA - Şərur-Dərələyəz mahalı ilə Göycə mahalı arasında, Kiçik Qafqazın cənub ətəklərindəki  yaylağın adı [159]. 1590-cı ilə aid türkcə mənbədə "Əyricə yaylağı ki, Şərur camaatı yaylayır" kimidir [169, 66]. Böyük Ayrıca və Kiçik Ayrıca vardır. Oradan ixan kiçak çay da Ayrıca adlanırdı. Türk dillərində oyriçə "çay axan çöl", "çay axan yayla" sözündəndir.

AYSASI (AYSƏSİ) - İrəvan xanlığının Dərələyəz mahalınında (Yeğeqnadzor r-nunda) kənd adı [159]. Mənbədə "Ayısəsi" kimidir [23, 288]. Mənbədə kənddə 2 erməni ailəsinin yaşadığı qeyd olunmuşdur [yenə orada]. 1946-cı ildə kənd Qızılgül adlandırılmışdı. 1991-ci ildən adı Aretadır.  1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XIX əsrdə Şimali Qafqazda, Dağıstan əyalətinin Kaytaq Tabasaran dairəsindəki Aysatəpə (dağ adı), Ter əyalətinin Teymurxanşura dairəsindəki Aysiqoretepe (dağ adı) toponimləri (133, 9) ilə mənaca eynidir. Evenkcə aksa "qaya", "hündür sahil",  mancurca yaksa "girintili-çıxıntılı sahil", eksa  "qaya" [126, 197]  mənalarındadır.

AYSASI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı [33]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.

AYSORGÖL - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. Göl Aysor və Türk gölü də adlanmışdır [20, 219]. Əvvəlcə əhalisi Azərbaycan türklərindən ibarət olan kəndə XIX əsrin I yarısında aysorlar da gəlmişlər. 1918-ci ildə daşnaklar tərəfindən kəndin azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.

AYTAQ - İrəvan quberniyasının Eçmiadzin qəzasında (Talin r-nunda) kənd adı (133, 1).

AYTAXT - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Mənbədə Haytaq formasındadır [23, 92]. "Əhalisi Albatanlı əşirəbindəndir" (yenə orada). Əsli Aq-taxtdır. Rəng bildirən ağ (torpağın süxurunun ağımtıllığını bildirir) və ərəbcə təxt "yüksəklik" [145, 211] sözlərindən ibarətdir. Cənubi Qafqazda bir sıra toponimlərdə "taxt" (məsələn, Naxçıvanda Şahtaxtı toponimində) sözü ilə türk mənşəli taxta "dağ döşündə hamar yer" (məsələn, XIX əsrdə Qazax rayonundakı Aqtaxtatəpə dağ adı - 133, 6) sözləri bəzi hallarda danışıqda qarışdırılmışdır.

AYTƏVİ -   İrəvan əyalətinin Şirakel nahiyəsində Ovala kəndinə məxsus məzrə [23, 132] adı.

AKAS - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması Axıs. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır . Ehtimal ki, mənşəcə yunan dilindəki aqios "müqəddəs (yer) " mənasındadır. (Bax: Axasku və Haxıs)

AXİKƏND - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. Digər adı Muradtəpə. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Naxçıvan xanlığında Şərur mahalındakı Akikənd kənd adı [159] ilə mənaca eynidir. Əsli Əxikənddir. "Əxiyə mənsub kənd" mənasındadır. (Bax: Ağabaş)

AKO - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı [133, 6]. XIX əsrdə Batum əyalətindəki Axo kənd adı, Qars əyalətinin Oltin dairəsindəki Axo kənd və dağ adları [133, 24] toponimləri ilə mənaca eynidir. Orta əsrlərdə Türkiyə ərazisində yaşamış Akyo tayfasının [90, 19] adını əks etdirir. Albaniyada Artsak əyalətində IV əsr hadisələri ilə əlaqədə adı çəkilən Aku (ermənicə yazılışda Haku) kənd adı  (Alban tarixi, I kitab, 10-cu fəsil) ilə əlaqəsi aydın deyil.

AKUNK -  Göycə mahalında  kənd adı [150, 360].

AKSAK - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı (Bax: Ayrım).  XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur [1728-ci ilə aid mənbədə Aksaklu - 170, 7). Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak) (bax), Sarsaxlı (Sarı-Saklı) (bax), Seyid-Axsaqlı (bax), Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak (bax) toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak - "içməli su" [93, 480] sözlərindən ibarətdir. (Bax: Axsaq Tavus və Axsaq Toyuq)

AKURİ (AXURA) - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı [159]. Böyük Ararat dağının yamacında yerləşən bu kənd 1840-cı ildə zəlzələdən dağılmışdır. (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M.F.Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir. Qədim Akuri kəndi ilk dəfə "Kitabi-Dədə Qorqud"da Arquri ("Arquri yatan Alataq") kimidir (27, 37). XVII əsrin əvvəllərində kəndin adı "Arquri" yazılmışdır[160, 53]. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasındakı Akori, həmin quberniyanın Oltin qəzasındakı Akurtis, Telavi qəzasındakı Akuri, Akuris-mta [133, 10], Naxçıvandakı mənbəyini Keçəltəpə dağından alan Axurçay, Qusar r-nundakı Axurçay və s. toponimlərlə mənşəcə eynidir. Gürcüstanın Kaxeti bölgəsində Akuri adlı kənd 1407-ci ildən məlumdur. (Qruzinskie dokumentı IX-XV vv. M. 1982, s.116.). Qədim türk dillərində argu  -"dağlar arası vadi",  ya da arqu  -"dərələrlə şaxələnmiş dağ" [126, 58] sözündəndir.

AL  -  Qafan r-nunda dağ adı.

ALAVAR - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Quqark rayonunda) kənd və çay adı. Türk dillərindəki  alay -"hərbi hissə" (147, I, 132) və "var" sözlərindən ibarətdir. Toponimlərdə var rözü İrai dillərnndə həm "qala", həm də "tərəf", XIX əsrdə Azərbaycan dilində isə "düşərgə yeri" mənasındadır. XVII əsrdə İrəvan mahalının Kotak (sonra Dərəçiçək) mahalında ermənicə yazılışda Alaber kənd adı [150, 362] ilə mənaca eynidir.

ALAKAK -   İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170, 12]. Türk dillərində rəng bildirən ala və ükək -"qüllə", "qala" [93, 623] sözlərindən ibarətdir. Türk dillərində kak həm də "bərk süxur" mənasındadır (70, 9).

ALAKİLSƏ - Amasiya rayonunda kənd adı. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir [159]. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. 1935-cY ildə kɩnd ermənicə Baytar adlandırılmışdır. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Alakilsə kənd adı ilə mənaca eynidir. Rəng bildirən ala (müxtəlif rəngli daşlardan tikildiyinə görə) və kilsə sözlərindən ibarətdir.

ALAKİLSƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Abovyan r-nunda) kənd adı [133, 11]. 1948-ci ildə əhalisi Azərbaycana köçürüldük-dən sonra kənd dağılmışdır.

ALAGÖZ - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı "Araqadz" kimidir (Favst Buzand, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi,  I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində "l" səsi olmadığına görə yazılışıdır, urartuluların etnik adı olan xaldi, haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların "Alagöz" adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax r-nun Sarıbaş kəndi yaxınlığındakı Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə "ala" və "kəz (gəz)" hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində "geniş" ("böyük") mənasındadır [147, I. 755] və bu söz məsələn, Alazan (əsli Alaözən) "Geniş çay" çayının adında da vardır. Oronimin ikinci hissəsi olan "göz" sözü (əslində "gəz") Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdır: XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın rayonunda (Mıxtökən silsiləsinin şərq hissəsində) Çilgəz, Naxçıvanda Maqqız (dağın adındakı "qız" sözü), Quba və Şamaxı r-larının sərhəddində Kəlgəz və b. dağ adlarında bu söz vardır. Azərbaycan dilində gəz "dağ başında batıq yer" deməkdir [17]. Bu söz bəzi türk dillərində giz -"dərə" [143, II, 2, 1389] kimidir. Alagöz dağı da vulkan mənşəlidir və zirvəsində böyük batıq vardır. Alagöz Azərbaycan türklərinin yaylaq yeri olmuşdur. Z.Korkotyanın bu dağın ayrı-ayrı hissələrinin adları haqqında məlumatı bunu təsdiq edir: Çınqıl, Kühül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızılziyarət, Qızıldağ, Şiştəpə, Boğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Təkərli gölü, Takış gölü, Maralik çayı və s. [108]. Beləliklə, Alagöz (əsli Alagəz) "(Başında, zirvəsində) geniş batıqlı" mənasındadır.

ALAGÖZ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133,10]. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1930-cu ildə kənd ermənicə Araqats adlandırılmışdır. Toponimin Alagəz (Ələyəz) dağ adından ibarət olması ağlabatan deyil. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alaqaz, Naxçıvan qəzasında Alaqaz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alaqaz çayı, Qars əyalətinin Ərdahan dairəsində Alagöz, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı [133, 10] adları ilə mənaca eynidir. Ehtimal ki, Alagöz tayfa adındadır. Türkmənistanda Alagöz toponimi və tayfa adı məlumdur.  (Ataniyazov. S. Türkmənistanın qeoqrafik atlarının düşündirişli sözlüqi s.34).

ALAGÖZ - Talin r-nunda kənd adı. 1950-ci ildə Araqats adlandırılmışdır. Mənbədə İrəvan əyalətinin Dərələyəz (əsli Dərə-Alagəz) nahiyəsində bir kənd Alagöz adlanır [170, 14].

ALAGÖZ - Yexeqnadzor r-nunda kənd adı. [170, 14]. Bu mənbədə Alagəz kimidir. Digər adı Məzrə - Kərimxan. XIX əsrin II yarısında Dərələyəz mahalının mərkəzi idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd xaraba qalmışdır.

ALAGÖLLƏR - Ələyəz dağının zirvəsində göl adı [6,172]. 1934-cü ildə ermənicə Lçakneriovit adlandırılmışdır.

ALAGÖLLƏR - İrəvan quberniyası,  Novobayazid qəzasında (Vardenis r-nunda) dağ adı (133, 13).

ALAGÖLLƏR - İrəvan quberniyasının Zəngəzur qəzasında göl adı [133, 10].

ALANDZA - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133, 11]. XIX əsrdə əhalisi əsasən ermənilərdən ibarət idi. Şərqi Anadoluda indiki Göynük çayının sol sahilində erkən orta əsrlərdə mövcud olmuş Yelandzberd [142, 110] şəhərinin adındandır. Bir fikrə görə "Xallı maral qalası" mənasındadır [142, 168, şərh.11]. Ermənilərin özləri ilə İrəvan əyalətinə gətirdikləri addır.

ALAPAPAX - Pəmbək dağ silsiləsində dağ adı [159].

ALAPARAQ - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhali ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır [159]. Əsli Alıparaqdır. Alı şəxs adından və paraq -"gecələr mal-qaranı salmaq üçün hasarlanmış yer" sözlərindən ibarətdir. Azərbaycandakı Gözparaq (Zaqatala rayonu), Mumparaq (yenə orada) və b. kənd adları ilə mənaca eynidir.

ALAPARS - İrəvan xanlığının  Dərəçiçək mahalında (Razdan r-nunda) kənd adı [159]. Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsindəki Alabars kəndinin adı çəkilir [170, 28]. 1828-1832-ci illərdə əhalisi Azərbaycan türklərindən ibarət kənddə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mənbədəki məlumkta görəekənddə rmənilər vardı [136, 33]. XIX əsrin ortalarında kəndin azərbaycanlı hissəsinin yaylaq yeri "Şah yolu" adlanırdı [136, 32]. 1918-ci ildə kənddən azərbaycanlıların qovulması məlumdur. Azərbaycan dilindəki  ala və farsca barz  -"hündür yer" sözlərindən ibarətdir.

ALAGÜNEY  - Meğri r-nunda mədən yeri.

ALATALA  -  Berd (Şəmşəddin) r-nunda qışlaq adı.  1960-cı ildə ləğv elidmişdir.

ALAHACILI -   İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70].

ALAHACILI -   İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

ALAÇIQ (ALAÇIQQAYA)  - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı. 1988-ci ildə kəndin əhalbsi Azəriaycana qovulmuşdur. 1989-cu ildə ləğv edilmişdir. Alaciki dağ adının (bax) təhrifidir.

ALACİGİ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Qazax r-nunda) dağ adı [133, 10]. Əsli Ala-Çikidir.  Türk dillərindəki ala (ehtimal ki ya rəng bildirir, ya da türk dillərində "geniş" mənasındadır) və çiki "dar dərə" [126,  615] sözlərindən ibarətdir. Dağ oradakı "Alaçiki" dərəsinin adı ilə adlanmışdır. (Bax: Çikdamlı)

ALQIRIX  -  Martuni r-nunda kənd adı.  1935-ci ildən Astxadzordur.

ALAŞIQ - İrəvan əyalətini Dərəçiçək nahiyəsində kənd adı [23, 117]. "Palçıqlı da adlanır" (yenə orada). "Övliya (seyid olduğuna görə) şıx (şeyx)" adından təhrifdir. (Bax: Ulyaşı:)

ALQURD   -  Qafan r-nunda mədən yeri.

ALDƏRƏ - Meqri r-nunda kənd adı. Əsli Əlidərə, yaxud Alıdərədir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əli (Alı) şəxs adından və dərə sözündən ibarətdir.

ALƏM -   Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 195]. Türk dillərində olom - "keçid" [126, 412] sözündəndir.

ALIAĞA - Gümrü r-nunda qədim yurd yerinin adı. Gümrünün Alı ağa adlı mülkədarının yurd yeri [6, 153].

ALINCALI - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. Əsli Əlincəlidir. 1948-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.

ALIXAN - İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Qukasyan r-nunda) kənd adı [133, 13]. 1829-cu illərdə gəlmə ermənilər də məskunlaşmışdı. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi qarışıq idi. 1920-ci ildə azərbaycanlı qarapapaqlar Türkiyəyə köçmüşlər 1935-ci ildə kənd ermənicə Qetk adlandırılmışdır. 1940-cı ildə kənd ləğv edilmişdir. Ehtimal ki, şəxs (mülkədar) adıdır.

ALIXAN PƏYƏSİ  (ALXANPƏYƏSİ)  - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (indiki Yeğeqnadzor r-nunda) kənd adı [133, 13]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Alıxan şəxs adından və pəyə sözündən ibarətdir.

ALKAVANİS -   İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [170, 12]. Türk dillərindəki alik - "yüksəklik" [143, 1, 1, 372] və avan - "kənd" sözlərindən ibarət adın ermənicə tələffüz formasıdır.

ALLAHVERDİ - Ermənistanda 1939-cu ilədək rayon və onun mərkəzinin adı. 1969-cu ildən adı Tumanyandır. Ləlvər dağının yamacında mis mədəni əsasında yaranmışdır. Əhalisi qarışıq (azərbaycanlı, erməni, yunan) olmuşdur. 1988-ci ildə azərbaycanlılar Azərbaycana qovulmuşdur. Azərbaycan dilindəki Ləlvər (əsli Ləlpar) adının ermənicə təhrif formasıdır. (Bax: Ləlvər)

ALLAHVERDİ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 13]. Digər adı Çoban güneyidir [20, 203]. Keçmişdə Qrampa da adlanmışdır [133, 13]. 1918-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. (Bax: Qrampa)

ALLAHVERDİBƏY - İrəvan xanlığının Göycə mahalında kiçik kənd adı [159]. XIX əsrin 30-cu illərində kənd dağılmışdır. Allahverdibəy adlı bir mülkədara məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır.

ALLAHVERDİ KƏNDİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 13]. Digər adı - Qorçulu. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

ALLAHVERDİ KƏNDİ - İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 121].

ALLAHQULU QIŞLAĞI MƏZRƏSİ - İrəvan əyalətini Şirakel nahiyəsində Qızıl Çaqçaq kəndinə məxsus məzrənin adı [23, 128].

ALLAHYERİ - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba qala adı [133, 13]. (Bax: Allah-Əkbər)

ALLAHYERİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı [133, 13].

ALLAH-ƏKBƏR - İrəvan quberniyasının İrəvan qəzasında dağ adı [133, 13]. Azərbaycanlıların qədim ziyarətgahlarındandır. XIX əsrdə Qars əyalətindəki Allah Əkbər dağının [133, 13] adı ilə mənaca eynidir. Toponimlərdə "allah" sözü həm ərəbcə allah (ilahi), həm də türk dillərində ələk (ələh) "müalicə əhəmiyyətli mineral bulaq" mənasındadır. Abşeron arxipelağındakı Pirallahı adasının adında bu sözün məhz bulaq mənası əksini tapmışdır. XIX əsrə aid ədəbiyyatda bu ada Pir-Alaqi kimi qeyd olunmuşdur [133, 227]. Buna misal olaraq Yardımlı r-nundakı  Ələhi və Ordubad r-nundakı Ələhi müalicə əhəmiyyətli mineral bulaq və XIX əsrdə Dağıstandakı Allah-Katı (133, 13), Qars əyalətindəki Alla dağ Alla gədik adlarını göstərmək olar.

ALMALI  -  Qafan r-nunda kənd və dağ adı. 1930-cu ildə ləğv edilmişdir.

ALMALI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133, 13]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Almalı kənd adları Azərbaycanda və İranda da çoxdur. Bu toponimlərin bəziləri alma meyvəsinin adı ilə, bəziləri isə qızılbaşların Armalu tayfasının adı ilə bağlıdır.

ALMALI - İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında (sonra Əzizbəyov r-nunda) kənd adı [133, 13]. 1828-1832-ci illərdə kənddə ermənilər də məskunlaşmışdılar. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.

ALMALI - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [23, 49] [169, 209]. "Əhalisi Qəmərli camaatındandır" (yenə orada).

ALMALIQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (in-di Ermənistanın Sisyan r-da) kənd adı [133, 13]. XX əsrin əvvəllərində kənd dağılmışdır. XIX əsrdə Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqla-rından birinin adıdır (103, 164).

ALPAQ MƏZRƏSİ -  Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 206].

ALPEVİ  (ARPAVAR) - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [170, 76]. 1945-ci ildən Lusakert, 1967-ci ildən Nşvan (Artaşat) r-nudur.   Qədim türk dillərində ev sözü həm də "dayanacaq", "düşərgə" mənasındadır [93, 162]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [11, 164]."Alp evləri (kəndi)" mənasındadır. (Bax: Aydınev)

ALTIQIŞLAQ -  İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. Digər adı Quzugüdənlidir.

ALPOUT - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 135]. "Kəndin başqa adı Hafizdərədir" (yenə orada). Qədim türk mənşəli Alpout tayfasının adındandır. Rus mənbələrində ilk dəfə Kulikovo döyüşü (1380-ci il) ilə əlaqədar çəkilən bu elin adı həm də XIV-XV əsrlərdə qaraqoyunluların bir tayfasının adı idi. (bax: 78). Azərbaycanda Qazax, Bərdə, Ucar və b. r-nlardakı Alpout kənd, Dağlıq Şirvandakı Alpoutdağı adları ilə mənşəcə eynidir.

ALTUNQUTNİ -  Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı. Digər adı Məlikkənd [169, 330]. XIII əsrdə gəlmiş monqolların Oltin tayfasının adından və monqolca xut "düşərgə" sözündəndir.

ALTUNTAQ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra [159] kənd dağılmışdır. Oradakı Altundaq təpəsinin adındandır. Təpənin adı isə monqolların tərkibində XIII əsrdə gəlmiş Oltin tayfasının adından və türk dillərindəki taq "dağ" sözündən ibarətdir. XIII əsrdə Qars əyalətinin Oltin mahalının (133) adı ilə mənşəcə eynidir.

ALTUNTAXT - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. Arxiv sənədlərində İrəvan əyalətinin Göycə nahiyəsində Altuntaxt kəndinin adı qeyd olunmuşdur [170, 12], [habelə bax: 150, 361). 1828-1832-ci illərdə azərbaycanlılardan ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir [159]. Altuntaxt dağının adındandır. (Bax: Altuntaxt dağ adı)

ALTUNTAXT - İrəvan xanlığının Dərəçiçək mahalında dağ və yayla adı [159]. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (27, 50) adı çəkilir. (Eposda deyilir ki, burada Qazan xanın "orda"sı yerləşir). Türk dillərindəki altun - "qızıl" (vulkan mənşəli qaya adlarında "qırmızı" mənasında) və ərəbcə təxt - "yüksəklik" [145, 211] sözlərindən ibarətdir. XIX əsrdə Zəngəzur qəzasındakı (Laçın r-nu) Altuntaxt dağının və Şuşa qəzasındakı Altuntaxt aşırımının [133, 13] adları ilə mənaca eynidir. (Bax: Aytaxt)

ALÇADƏRƏLİ MƏZMƏZƏK - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 14]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

ALÇAKİLSƏ - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 78].

ALÇALI - Azərbaycanın Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-da) kənd adı [133, 14]. 1918-ci ildə azərbaycanlılardan ibarət əhalisi daşnaklar tərəfindən qovulduqdan sonra kənd dağılmışdır.

ALÇALI - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı [159]. XIX əsrin II yarısından sonra adı çəkilmir. "Alça olan yer" mənasında-dır.

ALÇALI  (AŞAĞI ALÇALI) - Martuni r-da kənd adı. 1968-ci ildə kənd ermənicə Artsvanist adlandırılmışdır. "Alça olan yer" mənasındadır.

ALÇALIQ  -  Qafan r-nunda dağ adı.

ALÇALI TƏPƏ  -  Martuni r-nunda çay və təpə adı.

ALÇALU DƏRƏSİ - İrəvan quberniyası Novobayazid qəzasında (Versdağ dağında) Kiçik Məzrə kəndinin maldarlarına məxsus yaylaqda yurdun adı [136, 34].

AMAQU - İrəvan əyalətinin Dərələyəz nahiyəsində (indi Yexeqnadzor r-nunda) kənd adı. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Kənd yerləşdiyi "Amaqu dərəsi"nin (bu dərə "Zəngəzur" də adlanır) adı ilə adlanmışdır. 1727-ci ilə aid mənbədə qeyd olunur ki, Amaqu kəndində heç kim yaşamır [32, 303]. V əsr müəllifi Favst Buzand Ararat vadisində ermənicə yazılışda Amok adlı kəndi qeyd etmişdir (Favst Buzand, VI kitab, 6-cı fəsil).  XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsindəki Amaqu-Kor çay adı, Dağıstan əyalətinin Qazi-Qumuq dairəsindəki Amoki kənd adı [133, 15] və Gürcüstandakı Amuqo dağ adı (133, 15) ilə eynidir. Mənası məlum deyil.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin