ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1.72 Mb.
səhifə2/21
tarix05.03.2017
ölçüsü1.72 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Əsərin elmi və eləcə də əməli əhəmiyyəti böyükdür. Lüğətdən aydınlaşır ki, qədim Oğuz yurdunda, indi Ermənistan adlanan ərazidə son iki min ildə türk dilli tayfalar aparıcı rola malik olmuşlar. Bu nəticənin xalqımızın mənşəyi və etnik tarixi baxımından dəyəri hədsiz dərəcədə böyükdür. Q.Ə.Qeybullayevin Azərbaycan türklərinin mənşəyi haqqında irəli sürdüyü yeni konsepsiyada deyilir ki, Azərbaycan və Ermənistan ərazilərində, habelə onlara bitişik bölgələrdə türk dilli tayfalar hələ eradan əvvəlki minilliklərdə yaşamışlar. Bununla əcdadlarımızın guya əvvəlcə hurri dilli (ya da elam dilli), sonra İran dilli və qafqaz dilli, daha sonra orta əsrlərdə türkləşmiş olmaları baxışı haqlı olaraq tam inkar olunur.

Əsər müəlliflərin gərgin yaradıcı əməyinin məhsuludur. Mən belə hesab edirəm ki, müəlliflər bu lüğəti hazırlamaqla,  Vətən torpağının bu ağır məqamında yüksək vətənpərvərlik nümunəsi göstərmiş və xalqımızın qarşısında alimlik borclarını ləyaqətlə yerinə yetirmişlər.

Lüğət Azərbaycan xalqının etnik tarixi sahəsində çalışan tədqiqatçılar, coğrafiyaçılar, toponimçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

* * *


Azərbaycanın hər iki hissəsində  və onun ərazisindən kənarda yaşayan azərbaycanlıların coğrafi adları xalqımızın etnik tarixinin, xüsusilə etnogenez probleminin araşdırılması üçün zəngin mənbədir. Tarixi mənbə rolunu oynayan toponimlər etnonimlərdən (tayfa və xalq adlarından) və xalqın dilinə mənsub leksik vahidlərdən ibarətdir. Leksik vahidlər şəxs adlarında da iştirak edir. Eramızın birinci minilliyi çərçivəsində - alban etnosunun mövcud olduğu bir dövrdə Albaniyadakı toponimlərin və şəxs adlarının təhlili əsasında Alban etnosunun türk mənşəli olduğu sübut edilmişdir. Alban toponimlərinin və şəxs adlarının türk dilləri əsasında araşdırılması yeni elmi nəticələrə gəlməyə imkan vermişdir.

Azərbaycan xalqının və onun dilinin formalaşmasına yardımçı olmuş etnik prosesin əhatə etdiyi arealın üfüqünə indiki Ermənistan ərazisi və ona qonşu regionlar da daxildir. Azərbaycanın və indi Ermənistan adlanan Oğuz yurdunun toponimiyasının tədqiq olunmasının elmi əhəmiyyəti, ən əvvəl, tarix boyu burada mövcud olmuş etnik birləşmələrin xalqımızın etnogenezindəki rolunun müəyyən edilməsindədir.  Müxtəlif tayfa və xalq adlarını əks etdirən coğrafi adlar (etnotoponimlər) tarix elmi baxımından xüsusi əhəmiyyət kəsb edir. Etnotoponimlər tayfa və xalq adlarından yarandığından bu və ya digər tarixi mərhələdə mövcud olmuş etnik tərkib həmin etnotoponimlərdə yaşayır. Xalqın yaranması və onun formalaşmasında iştirak etmiş etnik komponentlərin müəyyən olunmasında "xalqın ictimai həyatı, orada məskunlaşmış xalqın dili ilə sıx surətdə bağlı olan" (Е.М.Мурзаев. Происхождение географических названий. М., 1960, с.405)  toponimlərin rolu mühümdür. A.Bakıxanov yazmışdır: "Əgər ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır" (A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1951, s.29). Azərbaycan maarifçisi və alimi H.B.Zərdabi Azərbaycan tarixinin tədqiqi məsələsi üçün qədim toponimiyanın öyrənilməsinin əhəmiyyətini qeyd edərək yazırdı: "Təəssüf ki, bizim ölkənin tarixi, xüsusilə onun topoqrafiyası (topoqrafiya dedikdə müəllif,  şübhəsiz ki, toponimikanı nəzərdə tutur-B.B.)  bizə məlum olmayan zülmət içərisində batıb qalmışdır..." (H.B.Zərdabi. Zaqafqaziya səhralarında meşə salınması. "Kaspi" qəzeti, №172, 13.VIII.1899).

Azərbaycan tarixşünaslığında indiki Ermənistan ərazisində türk                                                               mənşəli əhalinin mənşəyi bu günədək xüsusi tədqiqat predmeti olmamışdır. Tarixçilərimiz Cənubi Qafqazda, o cümlədən Ermənistanda Azərbaycan türklərinin ulu əcdadlarının etnik tarixini tam açıqlaya bilməmişlər. Ermənistan azərbaycanlılarının maddi və mənəvi mədəniyyətinin tədqiqi sahəsində heç bir əməli işin görülməməsi də acınacaqlı haldır. Erməni millətçilərinin müsəlmanların, o cümlədən də türk dilli xalqların arxeoloji və mədəni abidələrini vəhşicəsinə dağıtması xalqımızın tarixi taleyinin, qədim keçmişinin tədqiqini müəyyən dərəcədə çətinləşdirmişdir. Bununla da xalqımızın bu tərkib hissəsinin minilliklərlə ölçülən maddi və mədəni irsi həmişəlik itirilmişdir.

Ümumiyyətlə, rus, erməni və fars tarixçilərinin əsərlərində türk xalqlarının, o cümlədən azərbaycanlıların etnik tarixinə dair qərəzli fikirlər,  nədənsə,  Azərbaycan tarixşünaslığında özünə möhkəm yer tutmuşdur.

Son tədqiqatlardan görünür ki, indiki Ermənistan ərazisində ermənilər tədricən türk dilli tayfaların yaşadıqları əraziləri işğal etmişlər. Urartu (er.əv.IX-VII əsrlər) və qədim erməni mənbələrində indiki Ermənistan ərazisinə aid toponimlərin çoxunun qədim türk dillərində olması və er.əv. VIII əsrdən başlayaraq bugünkü Ermənistan ərazisində qədim türk mənşəli tayfaların (kəmərlərin, sakların, quqarların, şirakların, bulqarların, kəngərlərin, peçeneqlərin, qıpçaqların, oğuzların və b.) yaşaması barədə tarixi məlumatlar azərbaycanlıların orada eradan əvvəl I minillikdə və erkən orta əsrlərdə yaşadığını göstərir (bax: Q.Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı, 1992).

ABŞ tarixçiləri Jastin Makkarti və Karolin Makkarti "Турки и Aрмяне» kitabında (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1996) yazırlar ki, Ermənistan respublikasının tutduğu indiki ərazi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Bu səbəbdən də Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur. XVI-XIX əsrlərdə İrəvan əyalətinin, İrəvan xanlığının və İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar, hamısının türk mənşəli olması da bununla bağlıdır.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı, o cümlədən İrəvan xanlığını işğal etməsi, Rusiyanın köməyi və təhriki ilə İrandan və Türkiyədən ermənilərin köçüb gəlməsi ilə azərbaycanlıların doğma yurdlarından qovulması və onların yaşadıqları kəndlərdə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi prosesi başlandı. Hələ 1828-1832-ci illərdə 310  kəndin azərbaycanlı əhalisi qovulmuşdu [163, 172-173].

XIX əsrin 50-ci, 70-ci və 90-cı illərində, sonra 1905-1906, 1918-1920 və 1948-1953-cü illərdə davam etdirilən bu siyasət 1988-ci ildə başa çatdırıldı: Ermənistandakı Azərbaycan türklərinin hamısı deportasiya olundu [ətraflı məlumat üçün bax: 20]. Bununla əlaqədar olaraq,  1935-ci ildən fərmanla Ermənistandakı türk mənşəli yaşayış məntəqələrinin  adlarının dəyişdirilməsi - toponimik genosid baş verdi və bu proses 1990-cı ildə sona yetirildi. 1935-1973-cü illərdə 465, 1992-ci ildə 97 azərbaycanlı kənd adları ləğv edildi. Aydındır ki, başqa makrotoponimlər (iri relyef adları və su mənbələrinin adları) və mikrotoponimlər (məhəlli yer adları) da məhv olmuşdur. Ermənistandan azərbaycanlıların deportasiyası ilə onun dil kökünə mənsub olan bütün yer adları da passiv fonda keçmişdir. Erməni millətçilərinin vaxtaşırı azərbaycanlıları doğma yurdlarından deportasiya etmələri həm də onların coğrafi adlarının yaşamasına son qoymuşdur. Lakin müxtəlif elmi mənbələrdə, o cümlədən topoqrafik xəritələrdə əksini tapmış coğrafi adları məhv etməklə erməni millətçiləri arzuladıqları nəticəni ala bilməyəcəklər. Fərmanlarla tarixi həqiqəti ört-basdır etmək mümkün deyil. Təqdim elilən  əsər ermənilərin toponimik soyqırımı ilə məşğul olanlarının istədikləri məqsədə nail olmadıqlarını aydın göstərir.

Ermənistanda yaşamış azərbaycanlıların etnik tarixinin yazılması və Ermənistan ərazisində mövcud olmuş Azərbaycan mənşəli coğrafi adların izahlı lüğətinin tərtibi zərurəti qarşıda dururdu. Təkidimlə  Q.Ə.Qeybullayev "Qədim türklər və Ermənistan" adlı əsərini nəşr etdirmiş və bu boşluğu müəyyən qədər doldurmuşdu. Ermənistan ərazisində olan Azərbaycan toponimləri izahlı lüğətinin yazılmasını təxirə salmaq olmadı. Lakin belə bir əsərin yazılıb çap etdirilməsi üçün şübhəsiz ki, bir nəfərin xeyirxahlığı lazım idi. Bizim təklifimizlə Ali İctimai Siyasi  Kollecin rektoru Rasim Nəbiyev lüğətin yazılması prosesində onun maliyyələşdirilməsini öhdəsinə götürdü.

Deməli, bu əsər akademik B.Ə.Budaqovun təşəbbüsü və müəllifliyi, habelə onun ilkin variantda yazılması üçün lazım olan maliyyə xərclərini öhdəsinə götürmüş Ali İctimai Siyasi Kollecin rektoru Rasim Nəbiyevin qayğısı sayəsində ortaya çıxmışdır. R.Nəbiyevin yüksək vətəndaşlıq qeyrətini gələcək nəsillər şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar.

Akademik B.Ə.BUDAQOV

BİRİNCİ HİSSƏ

I.TƏBİİ-COĞRAFİ ŞƏRAİT

İndi Ermənistan adlanan ölkənin ərazisi dağlıqdır. Hələ eradan əvvəl I minillikdə türk mənşəli tayfalar bu ölkənin yerli sakinləri olduqlarına görə oradakı dağların, dərələrin, düzlərin və yaşayış məntəqələrinin əksər hissəsinin adları həmin tayfaların adlarından və türk dillərinə mənsub sözlərdən ibarət idi. Türk mənşəli maldar tayfalar üçün yaylaq və qışlaq yerləri olmuş dağların və vadilərin bəzilərinin adları eramızın əvvəllərindən məlumdur. Tədqiqatlar göstərir ki, Ermənistan ərazisində erməni dili əsasında yaranmış qədim dağ və çay adları yoxdur. Dağ adlarının bəziləri qədim türk etnonimlərindən, bəziləri isə türk dillərində relyef formalarını bildirən sözlərdən ibarətdir.

Ermənistanın Şərqi Anadolu ilə həmsərhəd bölgəsində Qarğabazar və Xalxal dağları vardır.

Qarğabazar oronimi Altay dillərindəki (eveng, mancur və türk dillərində) karqa "cərgə", "sıra", "silsilə", "dil formalı şiş uclu qaya", "üst-üstə düşmüş buzlaq daşları" [126, 210] və bazar "bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığım yeri" [126, 63] sözlərindən ibarətdir. Qədim türklərdə Bazar və Karqa adlı tayfalar da vardı (Bax: 76, 77 və 78). Azərbaycanda, Ermənistanda, Orta Asiyada, Altayda və Qazaxıstanda qarqa və bazar sözlərinin hər iki mənasını ifadə edən çoxlu toponimlər vardır. Azərbaycanda Bazar-Yurdu və Bazar-Düzü dağ adları da şübhəsiz, məhz Qarğabazar oronimində olduğu kimi, bazar coğrafi terminindən yaranmışdır. Qarğabazar dağının adı sonra yaşayış məntəqəsinin adına çevrilmiş və əhalinin yer dəyişməsilə əlaqədar olaraq əvvəlcə Naxçıvana (keçən əsrə aid ədəbiyyatda Naxçıvan qəzasında Qarğabazar toponimi qeyd olunmuşdur), oradan da Azərbaycana (Füzuli rayonunda Qarğabazar kəndi vardır) gətirilmişdir.

Xalxal dağ adı çox qədim tarixə malikdir. Ona görə ki, bu toponim hələ er.əv. I minillikdə Cənubi Azərbaycan ərazisində, eranın əvvəllərində Albaniyada (indiki Qazax rayonunda Əskipara kəndi ərazisində Xalxal şəhəri) vardı. Azərbaycanda və Ermənistanda XIX əsrdə Xalxal adlı çoxlu yaşayış məntəqəsi mövcud idi. Xalxal toponiminin mənası tamamilə aydınlaşdırılmamışdır. Bəzi tədqiqatçılara görə Albaniyanın Xalxal şəhərinin adı Azərbaycan dilinin dialektlərindəki xalxal  "hasarlanmış yer" sözündən ibarətdir (bax: 84, 23). Ona görə də ehtimal edilə bilər ki, Xalxal dağının adı türk tayfalarının yaylaq yeri olması ilə əlaqədar yaranmışdır.

Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Ağbaba dağları yerləşir. Ağbaba qədim, bəlkə də islamdan əvvəlki ziyarətgahın adıdır. Ümumiyyətlə, Ağbaba dağ silsiləsində "Qızıl Ocaq", "Aşdibaba" (əsli "Xaşdıbaba", yəni "Xaçlıbaba"dır, demək pir xristian dini mənşəlidir) və "Kaloğlan" pirləri vardır. Ona görə də XIX əsrin əvvəllərində Ağbaba dağı "Ağbaba ziyarətgahı dağı" da adlanırdı (bax: 159). Ağbaba daş hasarlı pirdir. Ziyarətgahın yanında "Ziyarət bulağı" adlı bulaq da vardır. Qızıl Ocaq piri isə Ağbaba pirindən bir qədər aşağıda yerləşir. Bu pir keçmişdə Azərbaycan türkləri tərəfindən ziyarət edilmiş bir neçə qəbirdən ibarətdir. Ağbaba bölgəsində Çaxmaq kəndinin üst tərəfində,  Şiş ocağı (Şiş piri) dağında Qoyunbulaq piri yerləşir. Ağbaba dağ silsiləsində Qayıqulu, Kəngər, Sakat və Baytar adlı etnonimik oronimlər vardır.

Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində XIX əsrdə bir dağ Göydağ (hünd. 2871 m) adlanır. "Kitabi-Dədə Qorqud" eposunda bu dağın adı "Gögcədağ" kimidir (27, 69).

Ermənistanda türk mənşəli ən qədim dağ adı Alagözdür. Azərbaycanlılar içərisində "Ələyəz" kimi tələffüz olunan bu dağın hündürlüyü 4090 m-dir. Ermənicə tələffüz formasında Araqadz kimi bu dağın adı V əsr erməni mənbələrindən məlumdur. Bir sıra xarici və erməni tədqiqatçılarının bu oronimin mənasının qədim erməni dili və məlum qədim Şərq dilləri əsasında aydınlaşdırılması təşəbbüsləri boşa çıxmışdır. Belə də olmalı idi, çünki dağın adı qədim türkcədir. Alagöz türkcə al "geniş", "böyük sahə" (147, 1, 755) (Alazan çayının adında olduğu kimi, bax: 13, 182) və gəz "dağ belində batıq yer" sözlərindən ibarətdir. Deməli, bu oronim əslində Alagəz, daha dəqiqi Alaqəz olmuşdur. Oronimin ikinci komponentinin "qəz" olduğunu qədim ermənicə "ğadz" kimi yazılışı da göstərir. Lakin danışdıqda adın "q" səsi fonetik dəyişikliyə uğrayaraq "y" səsinə keçmişdir. (Şiraqel etnotoponiminin Şörəyəl formasını kəsb etməsi kimi). Oronimdə "gəz" sözünün iştirak etməsi zirvəsində vulkan mənşəli iri batıq yerin olması ilə əlaqədardır. Bu adın "ala" sözü də məhz həmin gəzə - yəni vulkan mənşəli batıq yerə aiddir. Qeyd etmək lazımdır ki, Ermənistanda Şahdağın zirvələrindən biri də Gəzdək adlanırdı.

Alagözün zirvələrinin adları da türk mənşəlidir: Çınqıl, Güyül, Ziyarət, Qızıl, Ləqəm, Qaradağ, Qaraköynək, Qızıl Ziyarət, Qızıldağ. Şiştəpə, Buğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Şəkərli gölü, Marallıq və s. (bax: Z.Korkotən. Araqaü (qara Alaqez), Erevan, 1936). XIX əsrdə Şərur-Dərə-Ələyəz və Eçmiadzin qəzalarında Alagöz adlı çay və şəhər xarabalığı vardı (133, 16).

İndi ermənicə Birakn kimi yazılan dağın (hünd. 3650 m.) adı XIX əsrin I yarısına aid ədəbiyyatda Binqel (yəni Mingöl) kimidir. Ermənilər adın birinci "n" səsini "r" səsinə çevirmiş, "göl" sözünü isə ermənicə "bulaq", "göl" mənasında "akn" sözü ilə əvəz etmişlər. Alagöz dağının yamacında yerləşən bu dağın adı sonra Byurakan şəklinə salınmış və beləliklə ermənicə akn "göl" sözü "akan" formasına çevrilmişdir.

Sarakn dağının (hünd. 3542 m) adı Sarıbulaq oroniminin erməniləşdirilmiş formasıdır, yəni adın "bulaq" sözü ermənicə akn "bulaq" sözü ilə əvəz edilmişdir. Ermənistanda Tondrak dağının (hünd. 3542) adı orta əsrlərdə mövcud olan Tondrak mahalının adındandır. Mahal və dağ qədim türk mənşəli Dondar tayfasının adını əks etdirir (bax: 79, 135-137 və 352).

Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Qarqar dağları yerləşir. "Kitabi-Dədə Qorqud"da "qarşu yatan qara qarlı dağlar"(27, 54) ifadəsindəki "qara-qarlı" sözü eposun üzünü köçürmüş katiblərin səhvidir və ona görə "Qarqarlı" kimi bərpa edilməlidir. Şərqi Türkiyədə, Yuxarı Basində bir dağ indi də "Karqar dağları" adı ilə məlumdur. Dağın adı qədim türk mənşəli Qarqar tayfasının adından ibarətdir. "Alban tarixi"ndə Albaniya ərazisində qarqarların adı eranın əvvəllərinə aid hadisələrdə çəkilir. Dağlıq Qarabağda da bir dağ Qarqardağ (hünd. 2320 m) adlanır. Digər Qarqardağ Samur çayının mənsəbindədir. Mənbədə deyilir ki, Ənuşirəvan (531-579) Müşkur torpağında (Şimal-Şərqi Azərbaycanda) Karkar şəhərini tikmişdir (Мухаммед Аваби Акташи. Дербенднаме. Махачкала, 1992, с.43). Ибн Xordadbeh (IX əsr) bu şəhərin adını Kərkərə kimi qeyd etmişdir.  Azərbaycanın bəzi tədqiqatçıları (İqrar Əliyev, Fəridə Məmmədova və b.) rus və erməni tarixçilərinin ardınca bu tayfanı Dağıstan dilli və ya Nax (yəni Çeçen-İnquş) mənşəli sayırlar. Bu, uydurma fikirdir. Oxucu haqlı olaraq soruşa bilər ki, Ermənistan-Türkiyə sərhəd bölgəsində Qarqar dağlarında hansı dağıstanlılar, yaxud çeçen-inquşlar yaşaya bilərdi? Azərbaycanda və Ermənistanda bu tayfanın adı təhrif olunmuş şəkildə Gərgər və Herher kimi bir neçə yaşayış məntəqəsinin adında qalmışdır. Əslində qarqarlar, bizcə,  er.əv. VIII əsrdə sakların tərkibində Cənubi Qafqaza gəlmiş türk mənşəli tayfadır  (Qarqarlar barədə bax: 79, 78-81).

Ermənistan ərazisində bir dağ silsiləsi Ağ-Manqan allanır. Lüğətdə bu dağın adının türkcə mənası verilmişdir. Silsilənin Qızıl Ziyarət, Naltəpə, Şahbulağı, Südlübulaq və Arxaşan adlı zirvələri vardır. Bu dağlar Ermənistan azərbaycanlılarının yaylaq yerləri olmuş, ona görə də bəzi kənd adlarında onların adları  öz əksini tapmışdır.

Ermənistanın Gürcüstanla sərhəddində Pəmbək dağ silsiləsi yerləşir. Keçmişdə yaylaq yerləri olmuş bu ərazi qədimlərdən türk tayfalarının məskənidir. Oronimin Azərbaycan türkləri içərisində tələffüz forması Bəmbək, orta əsr erməni mənbələrində Pambak kimidir. Əsli Bambakdır. Dağın adı Altay (türk, tunqus, mancur) dillərində geniş yayılmış bom, boom "çay vadisinin dar hissəsində hündür, sıldırım qaya", "çay sahilində hündür qaya-burun" (126, 91) və bak, bək "təpə" sözlərindən ibarətdir. İlk baxışda oronimin bam komponenti ilə bom (boom) sözünün eyniliyi şübhə doğura bilər. Lakin V.V.Radlov hələ keçən əsrdə yazmışdı ki, qırğızlarda bom sözü buam  (yakutlarda buom) kimi tələffüz olunur (V.V.Radlov. Краткий отчет о поездке в Семиречнюю область и на Иссык-Куль летом 1859 г. "Известия Русского географического обшества", 1870, № 6).  Buradan belə nəticəyə gəlmək olar ki, bu sözün həm bom, həm də buam (danışıqda "u" və "a" səslərinin yanaşı durması ilə əlaqədar olaraq - "bam") forması möv-cud olmuşdur. Maraqlıdır ki, XIX əsrdə Şimali-Qafqazda - Maykop əyalətində də bir dağ Pəmbək adlanırdı (133, 31). "Kitabi-Dədə Qorqud" eposunda adı çəkilən Bambam (27, 65) toponimi ehtimal ki, (katiblərin səhvi üzündən) "Bambak" adının yazılışıdır. Ağrıdaq (Ararat) silsiləsində bir dağın Bambul adlanması da diqqəti cəlb edir. Bu ad bamb ("b" səsi danışıqda əlavə olunmadır) və türk dillərində ul  "yüksəklik", "dağ" (147, 1, 594) sözlərindən ibarətdir. Cənubi Sibirdə Meçin-Ul, Terqen-Ul dağ adları var (126, 575). Pəmbək oroniminin "bək" hissəsi isə Azərbaycanda və Ermənistanda bir sıra toponimlərdə olduğu kimi, qədim türk dillərində "təpə", "yüksəklik" (bax: 86) mənasındadır və bu söz Ermənistanda bir neçə yaşayış məntəqəsisinin adında əksini tapmışdır. Dağın adı ilə bağlı olaraq Ermənistanda Pəmbəkçay və Pəmbəkkənd adları da olmuşdur. Bu adlar barədə lüğətdə məlumat verilmişdir.

Pəmbək dağ silsiləsinin bir zirvəsi Maymaq adlanır (yüks. 3082m). Maymaq əslində oradakı qədim ziyarətgahın adıdır; deməli, dağ pirin adı ilə adlanmışdır. Ehtimal ki, pir qədim türklərin Umay (May ana) ilahəsinin adından ibarətdir. Qədim türklərdə bu ilahə körpələrə himayəlik edən kölgəsiz quş kimi təsəvvür olunurdu. XIX əsrin əvvəllərində Pəmbək dağ silsiləsinin aşağıdakı zirvə adları qeyd olunmuşdur: Böyük Buğutlu, Kiçik Buğutlu, Cəngi, Sudaqan, Qarnıyarıq, Misxana, Ulyaşik, Şəkərbaşı, Eşşəkmeydan, Eşşəkquduran, Alapapax və b. (159, 356). Buralar həm də Azərbaycan türklərinin yaylaq yerləri idi.

İndi Ermənistana aid Göycə mahalı tarixən Alban ərazisidir. VII əsr Alban tarixçisi Musa Kalankatlı er.əv. II əsrə aid hadisələrdən danışarkən yazır ki, Artaşes paytaxtında "Alban ordularını yanına dəvət edir, onlarla Göycə gölünün sahilinə gəlir və onların köməyilə Yervandı qovub Ərməniyəni işğal edir" ("Alban tarixi", I kitab, 9-cu fəsil). Bu məlumatdan aydın olur ki, o vaxtkı Göycə mahalı Ərməniyəyə məxsus deyildi. Ümumiyyətlə, mahalın əhalisi tarix boyu, hələ er.əv. VIII-VII əsrlərdən bəri türk dillilər olmuşlar. Bu barədə aşağıda "Etnik tarix məsələləri" fəslində deyiləcəkdir.

Bu mahalda XIX əsrin əvvəllərinə aid rus dilli ədəbiyyatda çəkilən dağ adlarının hamısı (Güneydağ, Cantəpə, Şahdağ, Adatəpə, Qara-Erkəc, Oğrunca, Şişqaya, Konqurdağ və b.) (159, 366) təmiz azərbaycancadır.

Borçalı mahalı hələ eradan əvvəl türk mənşəli tayfaların yaşadığı bölgədir. Mahalın Lori nahiyəsini ermənilər 1918-ci ildə işğal etmiş və orada 1930-cu ildə Alaverdi rayonunu, 1969-cu ildə Tumanyan rayonunu təşkil etmişlər. Bu rayonun ərazisindəki Danabaşı, Keçəltəpə, Dikdaş, Babaqar, Dəlidağ, Gəzdək dağları Azərbaycan türklərinin yaylaq yerləri olmuşdur. Qeyd edilməlidir ki, bu dağların hətta XIX əsrdə gürcücə və ermənicə adları yox idi.

Ermənistanın Martuni rayonunun ərazisində Armağan, Asoy Mirzə və Sakoyvar dağlarının adları da türkcədir. Bunlardan Sakoyvar dağının adı diqqəti cəlb edir. Əslində bu oronim Sakavardır. Sakoyvar forması onun ermənicə yazılış formasıdır. Sakavar eradan əvvəl VII əsrdən indiki Ermənistan və Azərbaycan ərazisində hakim etnos olmuş qədim türk mənşəli Sak(a) tayfasının (bax: 13) adını əks etdirir. Ermənistanda Saka (Şaka) etnonimi ilə bağlı toponimlər çoxdur.

Ağrıdağ (ermənicə Ararat) silsiləsindəki dağların adları - Kəbirdağ, Koroğludağ (Kəbirdağdan 30 km cənub-şərqdə yerləşən bu dağın zirvəsində "Koroğlu qalası" adlı qala vardır), Təkaltu (Koroğludağdan 20 km aralıda yerləşir, əsli Təkəaltı, "dağ keçisi, yəni təkə yaşayan dağ"), Ağdağ, Zordağ, Siçanlıdağ, Qara Çomaq, Parçenis, Pambul (yaxud Xaç Gədik) (bax: 159) və s. oralarda qədimdən əhalinin türk dilli olduğunu göstərir.

Ermənistanın Gürcüstan və Azərbaycanla sərhəd bölgəsində Kəngər dağları yerləşir. V əsrə aid erməni mənbələrindən məlum olan bu dağın adı şübhəsiz ki, eranın əvvəllərindən orada yaşayan qədim türk mənşəli kəngərlərlə bağlıdır (bax: 79, 101-103).

Ermənistanda Quqar və Kayıqulu dağları isə qədim türk mənşəli Quqar (bax: 79, 193-197) və Səlcuq oğuzlarının Kayı (Kayıqulu oronimi Kayıoğlu adının təhrifidir) tayfalarının adlarını əks etdirir.

Qədim Alban əyaləti olan Sisakan (sonrakı Zəngəzur) müəyyən tarixi hadisələrlə əlaqədar olaraq orta əsrlərdə İrəvan əyalətinə daxil idi. Sonra bu bölgə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları arasında parçalanmışdı. XIX əsrdə tarixi ədalət yerini tutmuş və Zəngəzur mahalı Yelizavetpol (Gəncə) quberniyasına mənsub edilmişdi. Azərbaycan və Ermənistan arasında razılaşma əsasında XX əsrin 20-ci illərinin əvvəllərində Zəngəzurun çox hissəsi (indiki Sisyan, Qafan və Gorus rayonları) Ermənistana verilmişdir. Lakin bu bölgənin bütün toponimləri, o sıradan dağ adları türkcədir. Lüğətdə bu dağ adları haqqında məlumat verilmişdir.

Ermənistan ərazisində Arxaşan (2300 m), Tej (yüks. 3090 m), Maymaq (yüks. 3082 m), Ağlağan (yüks. 2992 m), Dəlidağ (yüks. 3196 m), Gəlinqaya (yüks. 2488 m), Tayaqaya (yüks. 3250 m), Köksügözəl Qayaköynək (yüks. 2630 m) və b. dağ silsilələrinin adları da türkcədir. Köksügözəl Qaraköynək dağının adı ehtimal ki, "Kitabi-Dədə Qorqud" eposundakı Köksügözəl Qabataq adının (27, 37) bəlkə də eynidir.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində qədim türk mənşəli Bayat,  Qarqar, Kəngər, Quqar, Kayı və Şirak etnonimləri ilə bağlı dağ adları oralarda həmin tayfaların qədimdən yaşadığını göstərən faktlardır. Diqqəti bu cəlb edir ki, həmin dağların ermənicə adları məlum deyil. İndi Azərbaycan türklərinin Ermənistanda yaşamadığı bir şəraitdə ermənilərin bu dağları necə adlandıracaqları bilinmir.

Ermənistanda dağların adları barədə A. Bayramovun əsərində ətraflı məlumat verildiyinə görə  (6, 90-102) deyilənlərlə kifayətlənirik.

İrəvan xanlığında və İrəvan quberniyasında Urartu mənbələrində adı çəkilən, lakin ermənicə olmayan Axuryan (Urartuca er.əv. VIII əsrdə Akuriani) istisna edilməklə bütün çay adları da türkcə idi. İndiki Ermənistan ərazisində ermənicə çay adı da yoxdur.

Araz çayının adını ilk dəfə er.əv. VI əsr müəllifi Hekatey çəkir. Urartu mənbələrində onun adı Muna kimidir ki, bu da Altay dillərində mu "su" [126, 378] sözündəndir. Araz çayının adı haqqında çox yazılmış, lakin indiyədək mənası aydınlaşdırılmamış qalmışdı. Son tədqiqatlar bu adın qədim türkcə ərəz, uras, oraz "sakit", "dinc", "xeyirxah", "xeyir gətirən" (147, I, 666-667) sözündən ibarət olduğunu göstərmişdir. Çaya belə ad verilməsi onun xalqın təsərrüfat həyatındakı, xüsusilə suvarma əkinçiliyindəki rolu ilə əlaqədar olmuşdur. (Bu barədə bax: Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994). Aşağıda Araz adının mənşəyi məsələsinə qayıdacağıq.

Şərqi Türkiyədən və Ermənistandan axan Arpaçay çay adını götürək.

Yunan müəllifi Ksenefont (er.əv. 430-354) er.əv. 403-cü ildə İrana getmiş, Kiçik Kirin öz qardaşı II Artakserksə qarşı hərbi səfərində iştirak etmiş, lakin Kir döyüşdə öldürüldükdən sonra 10 min nəfər muzdlu yunan əsgərinin başında Kiçik Asiyanın şərqindən keçib Qara dənizin şimal sahillərinə qayıtmasını təşkil etmişdir. Keçdiyi yol boyu müşahidə etdiklərini "Anabasis" adlı əsərində təsvir etmiş Ksenefont "skiflərin yaşadığı ərazidə" "Arpazos" çayının adını çəkir. (Ksenefont, "Anabazis", IV, 7, 18).

Araşdırmamız göstərir ki, "Arpazos" Arpaçay (Qərbi Arpaçay) adının qədim yunan dilində yazılış forması olmaq etibarilə "Arpaz" və qədim yunan dilində müəllifin əlavə etdiyi "os" adlıq hal şəkilçisindən ibarətdir. Ksenefont yerli əhalidən eşitdiyi  "Arpaçay" adını "Arpaz" (əsli Arpaç) (qədim yunan dilində "ç" səsi olmadığına görə müəllif onu "z" səsi ilə verməli olmuşdur) kimi qeyd etmiş, deməli, Arpaçay adının “a”, “y” səslərini  nəzərdən qaçırmış, sonuna qədim yunan mənşəli "os" adlıq hal şəkilçisi əlavə etməklə onu Arpazos (Arpaços) kimi yazmışdır. Buradan aydın olur ki, Arpaçay hidronimi er.əv. V əsrdə mövcud idi. Arpaçay adının sonunu təşkil edən "çay" komponenti göstərir ki, bu hidronim türk dilli əhalinin yaşadığı bir mühitdə yaranmışdır. Əgər sorğu vaxtı əhali bu adı "Arpaçay" kimi tələffüz  etməsəydi, Kcenefont "Arpa" komponentindən sonra "ç" səsini əvəz edən "z" səsini əlavə etməzdi.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə