Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010



Yüklə 1,48 Mb.
səhifə3/5
tarix25.12.2019
ölçüsü1,48 Mb.
#30007
1   2   3   4   5
235 jsgttxwwfu (1)


Fikir çalarlı duyğu
Zira ki, elmsiz şeir əsası yox divar olur

Və əsassız divar qayətdə bietibar olur.

Füzuli
Dünyagörüşünün, biliyin sənətkar üçün rolu çox bö­yükdür. Bu böyüklüyü inkar edənlər varmı? – deyə so­ru­şula bilər. Qəribə də olsa var.

Sənəti elmlə qarşı-qarşıya qoymaq, biliyin sənəti qurulaşdıracağını zənn etmək, təbiət elmlərinə məktəb yaş­larından marağın olmamasını sənətkar üçün ilkin əla­mət­lərdən biri hesab etmək və s. kimi qəribə mülahizələr dün­yagörüşün, biliyin sənətkar üçün böyük rolunun inkarı deyilmi?

İnsan fəaliyyətinin elə bir sahəsi tapılmaz ki, sənətin ona müsbət təsiri olmasın. İnsanın fikir fəaliyyəti sənətin ən çox təsir etdiyi sahələrdən biridir. İki min il bundan əv­vəl yaşamış yunan coğrafiyaşünası Strabona görə “Po­e­zi­ya­nın yaratdığı heyrət və heyranlıq onu məmnuniyyətlə qav­ramağa məcbur edir. Buna görə də poeziya biliyə sevgi yaradan şirin bir dərmana çevrilir”. Ola bilsin ki, bu fikir Strabondan da qabaq deyilmişdir. Ancaq mən sənəti elm ba­xımından qiymətləndirdiyinə görə Strabona istinad etdim.

Zəmanəmizdə sənətin bu xüsusiyyətinə həmişə oldu­ğun­dan daha çox ehtiyac vardır: bilik günü-gündən həyat üçün daha böyük əhəmiyyət kəsb etməklə yanaşı mü­rək­kəb­ləşərək, dərinləşərək kütləvi cazibəliyini, şirinliyini iti­rir. Bir tərəfdən bu, bir tərəfdən də sənətimizdə bilik məsə­lə­sinə münasibətlə az-çox tanışlığım məni belə bir söhbətə cürətləndirdi.

Söhbətdə məqsəd istedadlı gənclərimizin diqqətini indidən bu məsələyə cəlb etməkdir – biliksiz istedad sə­nət­karlıq zirvəsinə yüksələ bilməz. Dünyagörüşün təməli in­sa­nın dünya ilə ilk tanışlığından başladığı halda onun zəif­li­yi yetkinlik yaşlarında, istedad fəaliyyətə başladıqda üzə çıxır.

Dünyagörüşün, biliyin sənət və sənətkar üçün böyük rolunu göstərmək üçün sənətkarlardan danışmaq, onların bu barədə fikirlərini təkrar etmək də olardı. Ancaq bu yol­da oxucu suallarla az qarşılaşardı. Gerçəkliyə yaxınlaşmaq üçün ən yaxşı yol onun hansı suallarla meydana gəldiyini və hansı sualları doğurduğunu izləmək, araşdırmaqdır.

Haqıında danışmağa hazırlaşdığımız qədim həqiqət sadə səslənsə də çox mürəkkəb mahiyyətlidir.

Bu bir sıra təsvir çətinliklərinə səbəb olur. Hər şey­dən əvvəl mahiyyətini başa düşmək istədiyimiz anlayışları elə həmin anlayışlarla araşdırmaq – təhlil etmək məcbu­riy­yə­tindən tamam uzaqlaşmaq mümkün deyil. Belə bir və­ziy­yət almazı almazla cilalamağa oxşayır.

Başqa bir psixoloji çətinlik belə məsələlərdən söhbət açarkən min il qabaq deyilmiş fikirləri bir az da pis təkrar etmək qorxusudur. Sənət – bilik əlaqəsini öyrənmək üçün bir-birinin müasiri olan sənətkarların yaradıcılığının mü­qa­yisəli təhlili də bəsdir. Buna görə də hər yerdə, hər dövr­də bu barədə kim isə, nə isə demişdir. Necə deyərlər, göy hər yerdə mavidir. Yeri gəlmişkən belə söhbətlərdə prinsi­pial mənası olan bir çətinlik üzərində də dayanmaq is­tər­dim. Nəyinsə dəqiq təsviri tələb olunduqda siz onu fikri­niz­də az-çox müstəqil hissələrə ayırıb, bu hissələrin ayrı­lıqda təsviri ilə yanaşı, onların arasındakı əlaqələri də gös­tər­məyə çalışırsınız.

Mücərrəd sistemlər, həyat, fikir fəaliyyəti, sənət ki­mi mürəkkəb mahiyyətli sahələr üzərində belə bir iş apar­maq çox böyük çətinliklərlə bağlıdır. Bu məsələlərdə baş­qa çətinliklər bir yana, hissələr arasındakı əlaqələr o qədər zən­gin, o qədər sıxdır ki, bu hissələri müstəqil nəzərdən ke­çirdikdə özünü o qədər də haqlı bilmirsən.

Sənət əsərləri xarici aləmi özünəməxsus bir tərzdə əks edən, fərdi quruluşa malik beynin yaradıcılıq məh­su­ludur. Bu iki iş bir beyninkidir, proses bir beyində gedir, həm də onun ayrı-ayrı yerlərində yox, hər yerində gedir. Bir də beyin təkcə bu işlərlə məşğul olmur, beyin bütün psi­xoloji damarların oynandığı yeganə səhnədir. Bu da­mar­­ların hamısı mürəkkəb şəkildə bir-biri ilə bağlıdır. Be­lə bir halda, nəyi isə ayırıb qalanlarla az bağlı hesab etmək qabaqcadan yanılmağa ilk addım atmağa bərabərdir.

Ancaq nə etmək olar?! Bütün bu çətinliklərdəndir ki, belə söhbətlərdə müəlliflər obrazlılığa əl atmalı olurlar. Bu heç də həmişə yazıya oxunaqlıq vermək arzusunun nə­ticəsi deyil, ənənəvi elm dilinin elmi üslubun belə hallarda imkansız olduğundan irəli gəlir. Öz-özlüyündə bu müsbət hadisədir; bir tərəfdən məsələyə cazibəlilik verir, digər tə­rəf­dən müxtəlif ifadə üslubları arasında körpü yaradır.

Sənətkar kimdir, o, sənətkar olmayanlardan nə ilə se­çilir?

Tamaşa, konsert, sərgi salonlarında və adi yerlərdə biz sənətkarlarla dəfələrlə rastlaşırıq. Ancaq xarici əlamət­lə­rinə görə başqalarından seçilmədikləri üçün biz onları ta­nıya bilmirik. Sənətkar sənəti ilə seçilir, özündən qabaq ya­şamış sənətkarların qeyri-adiliklərini təqlid etməklə se­çil­mir. Onun sənəti kimi qeyri-adiliyi də özünə məxsusdur və tez gözə çarpan deyil. Onlar da tamaşaçı, dinləyici, oxu­cudurlar. Sənət əsəri sənətkarı hamıdan çox dü­şün­dü­rür, sevindirir, qüssələndirir. Axı, o, sənət əsərlərini daha çox cəhətlərdən görə bilir!

Adətən sənətkarla ilk tanışlıqdan sonra ona verilən sual çox sevilən əsərin necə yazıldığı olur. Belə hallarda sənətkar ya sualın özü üçün də maraqlı olduğunu etiraf etməklə kifayətlənəcək, ya da əsərin yaranma tarixindən danışacaq.

Sənətkarın öz yaradıcılığını izləməsi yaratmaq qədər çətindir. Yaratdığın anda da necə yaratdığın haqqında dü­şünmək və onu izləmək mümkün deyil. Belə anlarda yara­dıcının varlığı bir məqsədə – yaratmaq işinə yönəlir. Bü­tün sənətkarların necə yaratdıqları haqqında fikirlərini bir yerə toplasanız, çox olsa, orta həcmli bir kitab alarsınız.

Necə yaratdığını bilmədən, fikirləşmədən yarada bil­mək üçün üç cəhətin ahəngdar birliyi lazımdır:

İstedad – sənətkarlığa məxsus cilalanmış, həssas tə­bii xüsusiyyət.

Dünyagörüşü – xarici aləmin beyində ümumiləşmiş əksi, xarici aləm və özün haqqında mühüm hissəsi ob­yek­tiv olan bilik.

Sənət texnikası – yazı, rəngkarlıq, bəstələmək, ifa­çı­lıq texnikası, uyğun peşələr üçün zəruri olan xüsusiyyət.

Əlbəttə, sənətkarlarda elə bir xüsusiyyət yoxdur ki, az da olsa başqalarında müşahidə edilməsin, ancaq sənət­kar­lığı fərqləndirən bu xüsusiyyətlərin spesifikliyi, onların anadangəlmə itiliyi və bir-biri ilə müəyyən münasibətdə olmasıdır.

İstedad haqqında nə demək olar?

Bu sual çox yazıların obyekti olmuş və olmaqdadır. İndi, istedad axtarışının cəmiyyətin çox vacib bir işinə çev­rildiyi vaxtda bu məsələnin böyük əhəmiyyəti var.

İstedad bir sıra xüsusiyyətlərin ahəngdar birliyidir:

Yüksək emosionallıq, fantaziya – yaradıcılıq təxəy­yü­lü – Mikelancelo kimi mərmər parçasında Davidi gör­mək, ahəng hiss etmək, gözəlliyi duya bilmək, şeylərə qey­ri-adi tərəfdən yanaşmaq, düşüncə orijinallığı, fikir azad­lığı, ayrı-ayrı hissələrdəki ümumiliyi görmək, dönməz meyl, özünüifadə istəyi, tutduğu yolun doğruluğuna sarsıl­maz inam, istedadın təbiətinə uyğun itiləşmiş hissələr: səs həssaslığı, forma həssaslığı, rəng həssaslığı və s. ayrı-ay­rılıqda belə, bu xüsusiyyətlərə tez-tez rast gəlinmir. Ən azı bu saydıqlarımızın bir fərddə olması çox nadirdir. Bu sə­bəbdən istedad da arzu etdiyimiz qədər deyil. Bu de­yi­lən­lərdən də istedadın mürəkkəb mahiyyətini, həm də konkret xüsusiyyətlərindən bir qismini hiss etmək olar. Məşhur rəssam Van Qoqun “Mənim ticarət və uzunmüddətli təhsil üçün yaranmadığım hələ rəssamlığa qabiliyyətsiz olduğu­mu göstərmir. Əksinə, mənim ruhaniliyə, ticarətə qabiliy­yətim olsaydı, yəqin ki, rəssamlığa yaramazdım” – sözlə­rini bu baxımdan dediyini zənn etmək lazımdır. Ruhanilik, tacirlik istedadı varsa, onun mahiyyəti başqadır və bu, ək­sər hallarda sənətkar istedadı ilə vəhdətdə olmur.

Bədii istedad sahibləri də hamı kimi həyatla müxtəlif şəkildə qarşılaşırlar. Onları müxtəlif fiziki sağlamlıq, mad­di imkan, fərdi və ictimai – psixoloji mühit, yazılmış və ya­zılmamış davranış sədləri gözləyir. Bu şəraitlərin hamısı istedadın sənətkara qədər yüksəlməsi üçün eyni dərəcədə əlverişli deyil.

İnsan dünyaya “ağlaya-ağlaya” gəldiyi halda özü bir müddət onu gülən görür: ananın bütün varlığının körpə üçün qayğıya çevrilməsi, körpə üçün ailənin, insanların və bütün dünyanın qayğısı... Bütün dünya bir körpə, sanki bir məqsəd ətrafında birləşir. Körpə bu birliyin başlanğıcı, mərkəzidir. Bir sözlə körpə bəxtiyarlığı! O, bu birliyin azacıq pozulduğunu duyan kimi elə bir haray salır ki, sizdə onun birlik hüququna heç bir şübhə qalmır. Ana quca­ğın­dan düşüb, həyatla bilavasitə üz-üzə gəldikdən sonra bu qə­ribə birliyin pozulduğu hallar çoxalır, həmin vəziyyət etirazdan çox təəccübə, təəssüfə səbəb olur. Dünya gözlərə yeni tərəflərdən açılmağa başlayır. Həmişə şirin olmayan qəribəliklərlə dolu olan bu anlar baharın ilk günlərini xa­tır­ladır: hər gün yeniliklərlə dolu dünya təzələnir, gördük­lə­rini bir şəkildə cəmləşdirmək istəyirsən, fəqət şəkillər çox tez-tez dəyişir. Həyatla ilk müstəqil tanışlıq başlanır. İste­dadın ilk əlamətləri görünür. Fəhmlə duyulan birlik, kör­pənin gözündə hamıdan tez pozulur. Axı onun ahəngə – birliyə həssaslığı yüksəkdir. O yeni ahəng görməyə baş­layır. Bəlkə də uşaq yaradıcılığı itirilmiş ahəngin qüssəsi ilə yeni görünməyə başlayan ahəngin sevinci arasında çır­pın­tılardır. Bəlkə də bu aləmlərdən biri yaranıb qurtar­ma­mış, yenisi başlanır. Yetkinliyə qədər istedadların bu fikir sər­güzəştləri uşaqların kəpənək ovuna oxşayır: onlar hey dünya haqqında bir şəkli görmək istədikcə, “ələ keçmək” istədikcə biçimlər dəyişir, uçaraq başqa bir çiçəyə qonur.

Orqanizmin fiziki birliyini saxlamaq üçün arası kə­sil­məyən bir yenidənqurulma işi lazım gəldiyi kimi, psixo­loji birliyin də saxlanması üçün xarici aləmin beyindəki şək­linin arasıkəsilməz bərpası – yenidənqurulması lazım­dır.

Biz səhnəyə tamaşa edib, söz, oyun, musiqi, dekor bir­liyindən, ahəngindən zövq alırıq. Belə bir səhnəyə səh­nə arxasından tamaşa edin. Əvvəlki birlikdən ya iz qalma­ya­caq, ya da siz onu çətin görəcəksiniz. Ancaq bilirik ki, səhnədəki ahəngi yaratmaq üçün tamaşaya qədər görülən işlər, tamaşa getdiyi vaxt səhnə arxasında aparılan işlər bir-biri ilə ahəngdar bağlı olmalıdır. Bu ahəngi görmək üçün daha böyük hazırlıq, daha böyük təcrübə lazımdır.

Dünyada ahəng heç vaxt pozulmur, sadəcə olaraq, ona müxtəlif münasibətlərdə müxtəlif ahəngləri, əlaqələri gö­rürük. Vaqifin səhnə arxasında Qacarla şirin söhbətini və onların səhnədəki söz atışmalarını bir vəhdət kimi qav­ra­maq üçün təkcə səhnəyə və səhnə arxasına deyil, teatr və aktyorların həyatına da bir səhnə kimi baxmaq lazımdır. Be­ləliklə, dərk etməli olduğumuz hadisələri hər dəfə yeni çərçivəyə alıb, yeni bağlılıqlar görməli oluruq. Bu yolla dün­yanı müxtəlif bucaqlar altında, müxtəlif rakurslarda gö­rür, şəklini beynimizdə mükəmməlləşdiririk. Bu mü­kəm­­məlləşmə fərdin psixoloji aləmini, xüsusilə onun dün­ya haqqındakı təsəvvürünü bütün insanlar üçün ümumi olan cəhətlərlə zənginləşdirir. Başqa sözlə dünyagörüşü ob­yektivləşir.

Davranışında tarazlıq (daxili məntiq) olan hər bir fər­­din dünyagörüşündə tamlıq vardır. Lakin bu tamlıq bü­tünlükdə dünyanın obyektiv şəkli hesabına deyil, xarici alə­min beyindəki əksinin bir hissəsi beynin öz “yaradıcılıq məh­sulu” və ya həmin qaydada başqa beyinlərin “yaradı­cı­lıq məhsulu” olan hissə və əlaqələrdən ibarətdir. Dün­ya­görüşün mükəmməlləşməsi beyində yaranan obyektiv his­sələrin bir mərkəz ətrafında birləşib böyümə prosesidir.

İnsanın dünyagörüşünün inkişafı sanki insanların dün­yagörüşünün inkişaf yolunu təkrar edir. Şəklin mərkəzi əvvəl fərdin “məni” olduğu halda, sonralar öz yerini dünya vəhdətinə, təbiətə qədər dəyişə bilir. Dünyagörüşün bir ömür­də belə yüksək səviyyəyə qalxmasında beyindən əla­və, bütün orqanizmin və konkret fərdi əhatə edən mühitin çox böyük rolu vardır. İstər istedadın inkişafı, istərsə də dün­yagörüşün formalaşması fərdi mühitin təsiri altında ge­də­cəkdir. Biz fərdi mühit dedikdə fərdi bilavasitə əhatə edən mühiti nəzərdə tuturuq. Fərdi mühit ilk görüş dairə­sidir. Hazırda bizdə mövcud olan mühitlər istedadların in­ki­şafı, normal dünyagörüşün inkişafı üçün uyğun amillər­dir.

Sabir dövründə fərdi mühit çox-çox müqavimətli idi. Belə bir mühit şair istedadı olanlardan mədh və mərsiyyə xarakterli yaradıcılıq tələb edirdi. Lakin güclü Sabir is­te­dadı fərdi mühit həddini aşa bildi, bu mühitin tələbinə uyğun olmayan dünyagörüşü ilə istedadına üsyankar isti­qa­mət verə bildi. Fərdi mühit Sabiri baqqal görmək istə­diyi kimi, Nyutonu da fermer görmək istəyirdi. Lakin Nyu­ton istedadının qüdrəti fərdi mühitin tələbləri ortalığa çıxana qədər Nyutonu təbiətin tələbləri ilə rastlaşdırıb onu bu tələblərin əbədi qulluğuna vermişdi.

Əlbəttə, fərdi mühit istedadın inkişafı üçün sədd ol­masa da yaradıcılıq məhsuluna, aşağı səviyyəli tələbi ilə dün­yagörüşün normal, yəni istedada uyğun inkişafına ma­ne ola bilər. Belə halda istedadın dünyagörüşü fərdi mü­hitin imkanlarından asılıdır. Müasir sənətkar dünya­görü­şü­nə malik olmaq üçün rəsmi təhsil zəruridirmi? Çox vaxt sənətkar üçün təhsilin vacib olmadığını iddia edənlər klas­sikləri misal gətirib, onların hansı universitet qurtar­dıq­la­rı­nı soruşurlar. Təhsili beş-altı il universitetə gedib-gəlmək kimi başa düşmək gülüncdür. Hər bir təhsil səviyyəsinə uyğun bilik həcmi var. Bu bilik həcminə malik olmaq hə­min təhsil səviyyəsinə qalxmaq deməkdir. Onun hansı yol­la əldə edilməsi başqa söhbətdir. Klassiklər öz dövrlərində mümkün olan ən yüksək səviyyəli təhsilə malik idilər.

Təhsilin bitməsi ilə dünyagörüşün inkişafı tamam­lan­mır, əksinə onun fərdi yaradıcılıq hesabına inkişaf et­diyi yeni dövr başlanır. Rəsmi təhsil bizə insanlığın indi­yə­dək nəyi əldə etdiyini öyrədir. Beləliklə, biz mütərəqqi insanlığın dünyagörüşünə yiyələnərək sərbəst fikir uçuşu­na hazırlaşırıq.

Şərqin böyük alimlərindən biri olan Əbu Reyhan Biruninin dediyi kimi, bilik biliyə ehtiyac yaradır. Bilik da­xili azadlıqdır. O insanın bütün daxili imkanlarını xarici aləmlə qarşı-qarşıya qoyur. Bilik – daxili azadlıq – dün­ya­gö­rüşün ictimai və fikir azdlığını ortalığa çıxaran səbəb­dir.

İnsanlığın dövrümüzdə mövcud olan şəkli, yəni onun daxilindəki münasibətlər, müxtəlif məhdudiyyətlərin nəticəsi kimi formalaşmalıdır. Sanki insan, xüsusiyyət­lə­ri­ni bilmədiyi bir aləmə düşmüşdür və o bir səhvlə həyatını təhlükəyə sala bilərdi. Deməli, davranışa, fikrə müəyyən məh­dudiyyət qoyulmadan xarici aləm təhlükəsiz öyrənilə bilməzdi, dinamik cəmiyyət şəkli üçün azadlıq, qaydalı dav­ranış azadlığı inkişaf etdirilə bilməzdi. Digər tərəfdən, köhnəlmiş qaydaları qoruyan bu məhdudiyyətlər yeni qay­daların, yeni yolların öyrənilməsinə böyük müqavimət göstərməkdədir. Şübhəsiz, bu halda da insan xarici aləmi öyrənə bilməzdi və yaratdığı məhdudiyyətlər içərisində do­laşıb qalardı. Bunun nə demək olduğunu insanlar çox-çox qədimdən başa düşmüşlər. Qədim dövrün naməlum yazıçılarından biri deyir: “Biz müasir adamlar uşaq yaş­la­rı­mızdan mükəmməl qulluqçuluq ruhunda tərbiyə olun­mu­şuq. Bizim cocuq düşüncələrimiz quldarlıq qanun-qay­da­ları ilə qidalanmışdır. Mənim dərin inamıma görə, biz bu səbəbdən natiqliyin həyatverici qüvvəsi olan azadlıq dadı­nı bilmədən ancaq və ancaq gözəl yaltaqlar ola bilərik və ya hər cür qulluq insan ruhunun salındığı bir zindandır. Bu­rada ruh alçalır və eybəcərləşir”.

Belə məhdudiyyətlər çərçivəsindən çıxmaq istərkən dünyagörüşü həm daxili azadlıq, həm də ağıllı çıxış yolu tapmaq üçün lazımdır. Sənətkar dünyagörüşünün böyüklü­yünə görə böyük və daxili azadlığa malikdir. Buna görə də o xarici azadlığın azlığını daha tez hiss edir və bu məsələni cəmiyyətin inkişaf yolunda əngəl olan bir məsələ kimi or­talığa atır. Buna görə də Platon öz ideal dövlətindən şair­lərin qovulacağını əsas şərtlərdən biri kimi qoyurdu. Bu dövlətdə vətəndaşlar ancaq dini himnlər oxuya bilər, dini himnlərə qulaq asa bilərdilər. Başqa sözlə, belə bir dövlət qa­rışqa cəmiyyətini xatırladırdı: cəmiyyətdə dəyişməz şəkil və fərdiyyətin yoxluğu. Belə cəmiyyətdə mükəmməl qa­nun və göstərişlər kitabından başqa heç bir yazıya eh­ti­yac qalmazdı.

Gördüyünüz kimi, tarix boyu, sənətkarı bəşəri mey­dana çıxaran dünyagörüşü və onun verdiyi daxili azad­lıq­dır. Belə bir üstünlük şəxsi səadət əvəzinə tanıdığınız ne­çə-neçə sənətkarı dar ağacına, cəllad baltası altına gətirib çıxarmışdır.

Bəs nə üçün istedad belə bir yolu seçir?

Bunun səbəbi hər şeydə ahəng görməyə can atan bö­yük daxili ehtiyacdır. Onu belə bir yol seçməyə vadar edən dünyanı yalnız olduğu kimi görmək bacarığı deyil, eyni zamanda, istədiyi kimi görmək arzusudur. Bu arzular sə­nətkarın şəxsi səadət anlayışına başqa çalar – məzmun ve­rir. Daxili aləmini qaydaya salmaqla başlanmış bir mü­ba­rizə bu qaydanın xarici aləmdə axtarılması işinə çevrilir. Sənətkar özünü xalqla, insanlarla, bəşəriyyətlə eyniləşdirə-eyniləşdirə vahid ahəng axtaran bir vəziyyətə çatır. Belə­liklə, sənətkar insanlığın qəribə bir modelinə çevrilir.

Yuxarıda dediyimiz bu mübarizədə, elə bil ki, sənət­kar öz ideal arzusuna nail ola biləcəyinə inamla inamsızlıq arasında dayanır. Həm mütləq inam, həm də mütləq inam­sızlıq fəaliyyətsizliyə gətirib çıxara bilərdi.

Ümumiyyətlə, belə vəziyyətdə insan yeniliyə daha həs­sas olur. Çünki, hər yenilik onun tamamlanmaqda olan aləmi ilə uzlaşmır, tamlığın mümkünlüyünə yarımçıq inam isə yeninin yanından sürətlə ötüb keçməyə imkan vermir. Bu mübarizədəki yolüstü müvəffəqiyyətlər sənətkara səadət gətirir və ya onun adi mənada şəxsiyyətini tam­laş­dırır. Lakin səadət böyük olduqca, onun gercək olduğuna fərdi inam azalır. Bu xoşbəxtliyi başqalarının gözündə an­lamaq tələbi əmələ gəlir. Sənətkar səadəti şəxsi səadətdən çox-çox geniş mahiyyətli olduğu üçün başqalarında tez əks-səda tapa bilir, hər kəs onu öz tapıntısının doğurduğu xoşbəxtlik kimi hiss edir. Qədim bir yazıçının dediyi kimi “İnsan qəlbi öz təbiətinə görə gözəl sözə çox həssasdır. Onun təsiri altında insan qəlbi ehtişamla dolur. Elə bil bu sözü özü yaratmışdır. Sənətkar əks-sədaların sayı qədər də öz xoşbəxtliyinə inanır və o qədər də yenidən xoşbəxt olur.

Şəxsi səadətin özündə də bu xüsusiyyət var: həyə­can­landırır, düşündürür, ehtişamını başqaları ilə bölüşmək eh­tiyacı doğurur. Bu səadətin kiçik səbəbləri belə gülməli görünsə də gözlərimizi yaşardacaq qədər bizə təsir edir. Səadət sahibinin bu səadətə haqqı olması və bu hissin ifa­dəsinin səmimiliyi bizim həyəcanlanmağımıza bəs edir. Təəssüf ki, yaşımızın ötən vaxtlarında başa düşülməmək qorxusu, əks-sədasız qalmaq və səadətimizin bir xəyal ol­duğunu görmək vahiməsi bizi ya onu gizlətməyə, ya onu oxşar “yuxular” görənlərlə bölüşməyə, ya da qeyri-səmimi şəkildə başqalarının mühakiməsinə verməyə məcbur edir. Biz bu qayda ilə nə qədər sevinc itiririk!

Dünyagörüşü geniş olduqca sənətkar həyata daha yüksək zirvədən baxır, onun hiss etdiyi ahəng daha ümu­mi, daha bəşəri, tapıntısının gətirdiyi səadət daha böyük olur. İstedada müvafiq dünyagörüşü bu səadətin bilavasitə əks-sədasını eşitmək ehtiyacından sənətkarı azad edir. Dün­yagörüşünün verdiyi inam sənətkarı başqa fikirlərin əsir­liyindən xeyli qurtarır. İstər Füzuli, istər Şekspir, is­tərsə də başqa böyük sənətkarlar bizdə və bizdən son­ra­kılarda əks-səda tapacağını bizimlə bir zamanda yaşayır­mış kimi görürdülər. Bu baxımdan dünyagörüşün elmdə rolu ilə sənətdə rolunun fərqi yoxdur. Hər ikisində istedad uçuş qüvvəsi olduğu halda, dünyagörüş uçuşa istiqamət verən, yolun doğruluğuna əminlik yaradan, gedilmiş yolu bir də getməyə qoymayan, bir nöqtə ətrafında fırlanmaq­dan xilas edən səbəbdi. Hər yerin, hər zamanın insanlarına mü­raciət edib əks-sədasız qalmayacağına sənətkarda inam ya­radan dünyagörüşüdür. Bir sözlə dünyagörüşü tapıntının qiymətləndirilməsi üçün zəruri bir vasitədir. Digər tərəf­dən, tapıntıya fərdin şəxsi baxımından deyil, daha yüksək olan ictimai baxımdan qiymət verilir.

Kanta görə, gözəl olan şeylər arasında əzəmətlini seç­mək üçün estetik mühakimə qabiliyyətindən başqa bir də idrak qabiliyyətinə malik olmaq lazımdır. Dünya­görü­şün əhəmiyyəti istedadın tapıntısını qiymətləndirməklə bit­mir, istedadı daha da itiləşdirir, yuxarıda deyildiyi kimi gö­rüş sahəsini böyüdür. Şedevrlər istedad yetkinliyi ilə dünyagörüşü yetkinliyi bir vaxta düşdükdə yaranır. Bəzən belə hesab edirlər ki, Rasinin sonralar zəif dram – faciələr yazmasına səbəb onun sənətkarlıq məsələləri üzərində çox işləməsi olmuşdur. Əlbəttə, bunun səbəbi Rasinin sənət­kar­lıq məsələləri ilə məşğul olması deyil, istedadının iti­li­yini itirməsi idi.

Dünyagörüşün formalaşmasında dəqiq elmlərin əldə etdiyi nəticələr həlledici rol oynayır. Sənətkarın müasir in­tel­lektual səviyyədə dünyagörüşünə malik olması, oxu­cu­sunu, dinləyicisini duya bilməsi, insanlar arasındakı, xalq­lar arasındakı fərdlə cəmiyyət arasındakı münasibətlərin müasir xüsusiyyətlərini görə bilməsi deməkdir.

İndiyə kimi insanların əldə etdiyi bilik müəyyən həc­mə malikdir. İnsan özü və xarici aləmi haqqında nə öyrənə bilmişsə, bu xəzinədə toplanmışdır. Burada bir çox cə­hət­dən bərabərsizlik hökm sürür: təbiətin cəhətləri öz əksini bərabər şəkildə tapa bilməmişdir, bu xəzinədə bütün dövr­lərin, bütün xalqların payı eyni deyildir. Bir sıra xalqların müasir bilik həcmi insanlığın bilik həcmi səviyyəsindədir. Belə ki, “inkişaf etməkdə olan ölkələr” dedikdə, təkcə sə­na­ye və kənd təsərrüfatının inkişafı nəzərdə tutulmur. Xalq­ların bərabərliyindən söhbət gedəndə onların intel­lek­tual imkanlarının bərabərliyini də nəzərdə tuturuq. Ancaq bu imkanın istifadəsi baxımından bərabərlikdən danışmaq hələ tezdir. Şübhəsiz, zaman keçdikcə bu fərq azalmağa doğ­ru gedir. Hələ xalqın bilik həcmi də onun müasir­li­yi­nin, tərəqqisinin tam göstəricisi deyil. Müasirliyi müəyyən edən şərtlərdən biri də bilik həcminin hansı hissəsinin hə­yat üçün məqsədəuyğun istifadə edilməsidir. Əlbəttə, bü­tün sahələrdən mütəxəssislər hazırlayıb bilik həcmini in­san­lığın bilik həcminə çatdırmaq olar. Çünki bir fərdin nis­bilik nəzəriyyəsini mükəmməl bilməsi, onun mənsub olduğu xalqın bu nəzəriyyəni bilməsi üçün zəmanət de­məkdir.

Vətəndaş sənətkar olmaq üçün xalqların taleyində biliyin rolunu bilmək lazımdır və onu intuisiya – fəhm ix­tiyarına atmaq olmaz, onun çox ciddi və əsaslandırılmış bilik kimi öyrənilməsi lazımdır. Elmi özünə fəaliyyət sa­həsi seçən gənclərin yaşadığı mühit üçün ənənəvi ol­ma­yan, lakin bilik həcmi baxımından çox vacib sahələrdə ix­tisaslaşmaqdan ötrü müvafiq emosional şəraitə böyük eh­tiyac var. Vətəndaş sənətkarlar Mirzə Cəlilin, Sabirin ça­ğı­rışlarını yada salın. Dünyanın, zamanın intellektuallıq ya­rı­şında öz yerini bilmək, xalqların taleyində biliyin rolunu aydın hiss etmək sənətkar yaradıcılığına xüsusi çalar verir, ona yol açır.

Elmin inkişafı texniki tərəqqi vasitəsilə insanı həyat tərzini yeniləşdirməyə, adət etdiyi anlayışların bəzisindən əl çəkməyə, bəzilərini dəyişdirməyə məcbur edir. Öz əlləri ilə yaratdığı yeniliklər onu ilk baxışdan həlledilməz gö­rü­nən suallar qarşısında görür. Beləliklə, sənət, səbəbi tex­ni­ki tərəqqi olan yeni problemlərlə qarşılaşır. Mənə elə gəlir ki, elmin, texniki tərəqqinin bu baxımdan sənətə təsiri öy­rə­nilməmişdir.

Elmin sənətə güclü təsir göstərdiyi yollardan biri də sə­nətdə istifadə olunan texniki vasitələrdir: sənətin bir mə­lumat kimi yayılma vasitələri, yeni rənglər, yeni ma­te­riallar, yeni tembrli səslər və s.

Bu vasitələrin sənət üçün yaratdığı imkan sənətə ye­ni çalar verir, yeni janrların meydana gəlməsinə səbəb olur. Texniki tərəqqi sənəti xalqa daha da yaxınlaşdırır, sə­nət gündən-günə kütləviləşir, kitab sözünə, sənət səsinə eh­tiyacı olanların sayı artan sürətlə çoxalır. Bütün bunlar sənətə, sənətkara necə təsir etməyə bilər?

Dediyimiz kimi bilik, bioloji, sosioloji mühitlərin mükəmməlləşdirilməsi üçün əsas amildir. Bu amilin inki­şa­fındakı hər bir yüksəlişi sənətkar həm cəmiyyət üzvü, həm də sənətkar kimi hiss etməlidir.

“Yaşamaq” anlayışının mənası müasir adam üçün baş­qalaşmışdır. Sənətkara nəyisə təlqin etmək məqsədi ilə yox, onu başa düşmək məqsədi ilə bu məsələ üzərində bir az dayanaq.

Biz olum və ölüm arasında yaşayırıq. Dünyaya gəl­di­yimiz və onu tərk etdiyimiz günlər fərdi-fiziki, fərdi-bio­loji varlığımızın sərhədləridir. Eyni vaxtda dünyaya gələn, eyni vaxtda da onu tərk edənlərdən birinin “yaşı” o bi­ri­ninkindən dəfələrlə fərqlənə bilər. İnsan bilik hesabına öz yaşını dünyaya gəldiyi vaxtdan çox-çox qabağa da çəkə bilər. İnsan bilik hesabına dünyanı fiziki olaraq tərk etdik­dən sonra da yaşaya bilər. Biz gördüyümz hadisələrin çox az bir hissəsini yadda saxlayırıq. Ancaq görmədiyimiz, mə­lumat kimi qəbul etdiyimiz nə qədər hadisələrin şa­hi­diyik. Onların bəzən iki min illik tarixi olur. Yaşadığımız məhəllədə baş verən hadisələrin çoxundan xəbərsizik, ancaq buna fiziki imkanımız var. Buna baxmayaraq, fiziki cəhətdən getməyimizə imkan olmayan aləmlərdə baş ve­rən hadisələrdən belə xəbər tuta bilərik. Beləliklə, insan öm­rünün uzunluğu ala bildiyi məlumatın həcmi ilə öl­çü­lür. Bu məlumatın hansı vasitə ilə alınmasının əhəmiyyəti yoxdur. Bu gün, dünən olmuş hadisə ilə min il bundan qabaq baş vermiş iki hadisənin bu baxımdan fərqi onların xatirə canlılığındadır, ancaq hər ikisi keçmişdir, eyni dərə­cədə əlçatmazdır. Zəmanəmizdə baş vermiş bir hadisənin bizdən necə uzaq olduğu bizi xüsusi hallarda maraqlandıra bilər. Yaşamaq – aləmlə məlumat əlaqəsində olmaq baxı­mın­dan hadisənin hansı məsafədə olmasının heç bir əhə­miyyəti yoxdur. Dediyimiz mənada fiziki yoxluqdan da son­ra yaşaya bilmək gələcəyi görməklə şərtlənir. Bu, intel­lektlə daha çox əlaqəsi olan bir xüsusiyyətdir. İntellekt in­san ömrünü yalnız özü üçün deyil, başqaları üçün də uza­dan əsas xüsusiyyətlərdən biridir. Biz “ölməz sənətkar” ifadəsini işlətdikdə onlara həmişə ehtiyacı olacağını de­mək istəyirik. İntellektin gücü hesabına “yaşamaq” anla­yı­şını belə başa düşənlər bütün zamanlarda olmuşlar. Lakin “yaşamaq” anlayışına belə yanaşmağın kütləviliyi bizim zə­­ma­nəmiz üçün səciyyəvidir. İnsanın fiziki ömür sər­hə­dindən çıxmaq imkanı heç vaxt indiki qədər hüdudsuz ol­ma­mışdır. O özünü təbii imkanların məhdudiyyətindən xi­las edərək zamanda, məkanda sərhədsiz yaşamaq ba­ca­rığı qazanmışdır. Bu imkan hesabınadır ki, müasir insan müx­təlif dövrlərə müxtəlif tərəflərdən birdən-birə baxa bilir, onları müqayisə edə bilir. Hər şeydən əvvəl müasir sə­nətkar, zəmanəmizin bu xüsusiyyətini, müasirlərinin belə bir baxışını nəzərə almasa necə düşündürə bilər, necə inan­dıra bilər?

Sənətkarın aləmi görə bilməməsində təbiət elmlə­ri­nin rolunu klassik sənətkarların misalında göstərmək olar. Onların çoxunun ilk təhsili təbiətşünaslığın müxtəlif sa­hə­lərindən idi və bəziləri üçün təbiətşünaslıq ikinci bir iş sa­həsi olmuşdur. Qədim sənətkarlara gəldikdə isə çox zaman onların alim və ya şair olduğunu müəyyən etməkdə çə­tinlik çəkirik. Əlbəttə, əksər hallarda həm alim – mü­tə­fək­kir, həm də şair idilər. Nizami, Xaqani, Füzuli, Ömər Xəy­yam, Nəsimi sənətkarlıqlarından başqa, həm də öz dövr­lə­rinin elminə dərindən bələd olan alimlər idilər. Biz o dövr­lərin elmlərini çox vaxt sənətkarların əsərləri vasitəsi ilə bər­pa edə bilirik. Başqa sözlə, o dövrün intellektual hə-yatını onların gözləri ilə görə bilirik. Onları zəmanəmizə qədər yaşadan və ölməz edən sənətkarlıqla bərabər, eyni za­manda, fikir yüksəkliyidir.

Dünyagörüşünün bütövlüyü, xüsusilə, qiymətlidir. Şil­ler bunu çox gözəl ifadə etmişdir. “Tamın qırıntısına əbədi bağlanmış adam özü də qırıntıya çevrilir. Hərəkətə gətirdiyi təkərin yekrəng səsini daima eşidərək insan öz varlığının ahəngini inkişaf etdirə bilməz... öz təbiətindəki insanlığın ifadəçisinə çevrilə bilər”.

Sənətkarlar, dünyanı obrazlarla görən gözlərimizdir. Onların fərdi dünyalarında gəzib, dünyanın müxtəlif cə­hət­lərini, qatlarını görüb öz fərdi dünyamızı təkmil­ləş­di­ri­rik. Onlar bizi fikir aləmində gəzdirərkən dünya bizə daha qaydalı, daha mürəkkəb, daha yaşamalı görünür. Bunun üçün sənətkar yaxşı görə bilməklə bərabər yaxşı da göstərə bil­məlidir. Sənətkar bizə dünyanın obrazlı təsviri ilə ya­naşı, bəlkə də ondan daha artıq dünyanı necə görmək la­zım olduğunu öyrədir.

Başqa sözlə, o bizə passiv müşahidəçi kimi deyil, ey­­ni imkanlı bir sənətkar kimi müraciət edir, dünyanı görə bilməkdə özünə qədər yüksəltməyə çalışır. Həm də bizi həll olunmuş misallar, şablon şəkillər əsirliyinə salmadan, yaxşı bir müəllim kimi dünyanı müstəqil görmək, bu sə­yahətə sərbəst çıxmaq cürəti verir.

Sənət bu yolda öz vəzifəsini ən çox semantik mə­lu­mat vasitəsilə yerinə yetirir. Elə bu vəzifəni yerinə ye­ti­rərkən sənətkar yenidən dünyagörüşün imkanı ilə hə­rə­kət edir.

Sənət haqqında elə söhbət varmı ki, orada “təqlid” sözünə rast gəlinməsin. İnsan bütün yaradıcılıq işində tə­biəti təqlid edir desək yanılmarıq. “İnsan təbiəti dərk et­mək, onu təqlid etmək üçün yaranmışdır” – deyən Siseron təqlidi yaradıcılığın məqsədinə qədər yüksəltmişdir. “Təq­lid” sözü ətrafında gedən mübahisələrin bir səbəbi də onun çox ümumi anlayış olmasıdır. Bülbül səsini andıran bir tə­ranə də, muğam da, təbiətdə hazır şəkildə tapılan bir mad­də­nin də, təbiətdə olmayan bir maddənin də laboratoriyada alınması təbiətin təqlididir. Lakin bu təqlidlər arasında bö­yük fərq var.

Gətirdiyimiz misalların bir qismində təqlid olunan tə­biətin yaradıcılıq məhsuludur. Bir qismində isə təbiətin ya­radıcılıq yolu təqlid olunur. Sənətkar təbiətin özü kimi iş­ləməyə, yaratmağa çalışır. Birinci mənada, təqlid heç bir dövrdə sənətin məqsədi olmamışdır. Az və ya çox də­rə­cə­də təbiətin yaradıcılıq məhsulları sənətkar üçün vasitə ro­lu­nu oynamışdır. Elmi dildə desək, sənət əsəri rəmz, göz, dil rolunu oynamışdır.

Bu münasibətlə Götenin bir fikrini yadınıza salmaq istərdim. O deyir: “...ancaq ideyanın rəssamı sənətkardır”. Dahi alman şairi özü ideyanın rəssamı idi. Faust, Me­fis­tofel, Marqarita, Voqner və s. kimi obrazlar ma­hiy­yə­tin ifa­dəsi üçün bir vasitəçi rolunu oynamışlar. Böyük sə­nət­kar öz ideyalarının rəsmini bu boyalarla çəkmişdir. Təbiəti yük­sək səviyyədə təqlid etmək üçün, “ideyanın rəs­samı” ol­maq üçün dünyagörüşünün genişliyi lazımdır. Göte hə­yatı, yaradıcılığı və dünyagörüşü ilə buna ən yaxşı mi­sal­lar­dan biridir. Bir qayda olaraq istedadlar sənətkarlıq sirlə­ri­nə yiyələnməyə təbiəti və böyük sənətkarları öyrən­mək­dən başlayırlar. Bəs təbiət və sənətkarlar necə öyrənil­mə­lidirlər? Bu sualın geniş cavabı məqsədimizdən xeyli kə­nardır. Ancaq belə bir qısa cavabla kifayətlənək: birinci növ­­bədə, keçmiş və müasir sənətkarların yaradıcılıq yo­lu­nun ümumi cəhətlərini aşkar etməliyik. Rafael və ya Fü­zulini dərindən öyrənib təqlid etməklə onlardan böyük sə­nət əsəri yaradan bir nəfər də göstərilə bilməz. Eləcə də tə­biəti olduğu kimi təkrar edib onun özündən yüksəyə qalx­­maq mümkün deyil.

Hər hansı bir dövrə məxsus böyük sənətkar dedikdə gözümüzün qabağına fikrində, şəxsiyyətində təzadlar toq­quşan bir istedad gəlir. Bizi, birinci növbədə, sənətkarın bu təzadlara hansı yüksəklikdən baxa bilməsi, onlara mü­nasibəti, orada görə bildiyi qayda və onun səmimi ifadəsi ma­raqlandırır. Ola bilər ki, bu təzadlar öz-özlüyündə bi­zim üçün kəskinliyini itirmiş olsun. Əsas məsələ bunda de­yil. Sənətkar öz könül çırpıntılarının səmimi ifadəsini ta­parsa, o əks-sədasız qala bilməz. Belə bir səmimiyyətin ol­­mamasından və yalnız müşahidələrlə qondarılması üzün­dən çox kitabın qatı açılmır, çox şəklin qarşısında dayanan olmur, çox musiqi radionu bağlamağa vadar edir.

Sənət texnikasına bələd başabəla sənətkar isə dün­ya­ya sanki öz fərdi gözləri ilə yox, müasir hesab etdiyi ta­maşaçı gözü ilə baxır. Sənətin bəlası olan təqlid buradan meydana çıxır. Belə bir təqlidin məhsulu olan əsərlərin klas­sik Avropa sənətində ancaq çeşni kimi əhəmiyyəti var­dır. Müasir sənətə gəlincə, məsələ tamamilə başqadır. For­ma öz mahiyyətindən çıxmadığı üçün mahiyyətə enə bil­mir və formal xarakter daşıyır. Belə bir təqlid bilmədiyin əcnəbi dillərdən birini yamsılamağa bənzəyir. Bu cür yam­sılama isə ancaq gülüş doğurur.

Hacı Qara silahlanmaqla quldurları təqlid etdiyi üçün gülüş doğurur. O, igidləri mahiyyətcə təqlid etsəydi, yə­ni Heydər bəylə çiyin-çiyinə “şücaət göstərməyə” daxi­lən hazır olsaydı, bu heç bir gülüşə səbəb olmazdı. Əksinə, onun zəmanə ilə ayaqlaşa bilməyən faciəli təbiətinə acı­yar­dınız.

Məktəb yaşlı uşaqların əksəriyyəti kimi mən də “əsər”lər yazar, “tablo”lar yaradardım. Əlbəttə, hələ o za­man bir çox sənətkarın əsər yaratmaq üçün öz mühitinə müraciət etdiyini bilirdim. Lakin mənim belə “əsərlərim” nə­dənsə həm çətin yazılır, həm də çətin başa düşülürdü. Mən tezliklə “əsərlərimin” mövzusunu Aralıq dənizi sa­hil­lə­rindən, “rəsmlərimin” mövzusunu isə Bibliya əhvalat­la­rın­­dan götürdüm. Tanışlarımın ümumi fikrinə görə məndə böyük qabiliyyət var idi. Ancaq nədənsə yaradıcılığım nə on­ları, nə də özümü həyəcanlandırırdı. Mənim “dramla­rım­da” odlu sözlər söylənilir, qəhrəmanın başına ağır mü­si­bətlər gəlirdi və mənə elə gəlirdi ki, yazılarımın ayrı-ayrı yerləri hətta Nizaminin və Cəfər Cabbarlının əsərlərindən yaxşıdır. Hələ İsa peyğəmbərin başına gələn əhvalatları əks etdirən şəkillər! Onlar kəndimizdə divara vurmaq üçün işlənmiş tikmələrdəki şəkillərdən çox “mükəmməl” idi. Əl­bəttə, mənim “yaratdıqlarım” başqalarının xoşuna gəl­mə­­yəndə bunu başa düşülməzlik kimi qəbul edirdim. İsa pey­ğəmbəri əks etdirən şəkilləri qonşu kənddən olan er­mə­ni dostuma bağışladım. Lakin orada da bir kəsin hey­ranlığına səbəb olduğunu görmədim. Bir sözlə, aydınlaşdı ki, məndə yaradıcılıq istedadı yoxdur. Adi şeylərdə qeyri-adilik görə bilmirdim. Ona görə də qeyri-adi mövzulara əl atırdım. İndi əsərə müasirlik libası geyindirmək, onu “müasir­­lərə” cazibədar donda göstərmək üçün in­tel­lek­tuallıqla bağlı sözlər işləndiyini, səs, söz, rəng, forma dissonanası yaradaraq gözə kül üfürüldüyünü gördükdə öz “yaradıcılığım” yadıma düşür.

Sənətkar öz bədii fikrinin ifadəsi üçün vasitə seç­mək­də azad olmalıdır. Bu vasitənin bədii fik­rə münasibliyi başqa məsələdir. Lakin sənətkar belə bir vasitə kimi real təbiət obyektlərindən isti­fa­də etdikdə onun mahiyyətcə fərq­li olmayan, lakin özünə az tanış olan obyektlərə üs­tünlük ver­məsi qə­ribə deyilmi? Fərz edək ki, rəssam yara­dıcılığını müəyyən müddət Odlu torpaq adalarına həsr et­miş­dir. “Bədii məqsəd belə tələb etmişdir” – deyilə bilər. An­caq bu hansı bədii məqsəddir ki, rəs­sam öz mühitində ona münasib ifadə vasitəsi tapa bilməmiş və bu qədər uzaq­lara müraciət etməli olmuşdur?

Məsələ rənglərin, səslərin ahəngindədirsə, necə ola bi­lər ki, sənətkar göz açdığı mühitdə ahəng üçün ifadə va­sitəsi tapa bilmir, onu bir-iki aylıq ezamiyyətdə olduğu bir diyardan gətirir. Sənətin məqsədi ekskursiya deyildir. Bi­zim başqa ölkələr haqqında təsəvvürümüzü zəngin­ləş­dir­mək üçün daha yaxşı imkanlar var. Əgər məqsəd sənət­ka­rın dünyada nəyi gördüyünü göstərməkdirsə səyahət ədə­biy­yatı, səyahət filmləri, fotoalbomlar daha çox şey gös­tə­rə bilməzmi?

Gürcüstanın xalq rəqs ansamblının və Aleksandrov adına Sovet Ordusu xorunun İngiltərədə böyük müvəf­fə­qiy­yətlə çıxışlarının şahidi olmuşam. Gürcüstanın xalq rəqs ansamblının konsertinə mən bir neçə tanışımı da dəvət etmişdim. Bu kollektiv haqqında çoxdan eşitmiş­dim­sə də ilk dəfə idi ki, onun çıxışına tamaşa edirdim. On­lar birinci nömrələrindən sonuncuya qədər tamaşaçıların tə­səvvür etmədiyim heyranlığına səbəb oldular. Çox qə­ribə idi: musiqi müşayiəti qara zurna və qarmon, başqa sözlə, gürcü şənlik məclislərində işlənən adi çalğı alətləri idi. Əlbəttə, gürcü qardaşları istəsələr müasir çalğı alət­lə­rinin hamısından istifadə edən orkestrlə, repertuar zəngin­liyi ilə ingilisləri heyrətləndirə bilərdilər. Heyran etmək isə bu yolla mümkün deyil. Böyük miqyas, mürəkkəbliklə bağ­lı zənginliklə, bir-biri ilə az əlaqəli oyunları ifa et­məklə, tamaşaçı qəlbinə yatmaq cəhdi ilə ancaq hey­rət­lən­dirmək olar.

Aleksandrov adına xorun repertuarı isə rus xalq mah­nılarından ibarət idi. Bu gözəl mahnıları ingilis də, hindli də, türk də öz mahnısı kimi heyranlıqla dinləyirdi. On­ların heç birində ingilis və ya başqa Avropa tərzinə uy­ğun­laşma cəhdi duyulmurdu. Xor ingilis mahnısı da oxu­du. O da alqışlarla qarşılandı. Lakin bu alqışlar tama­milə baş­qa mənalı idi. Bu ifa ingilis xalq mahnılarına, ingilis musiqisinə hörmət idi. Hər iki kollektivin müvəffəqiy­yə­ti­nin səbəbi çox aydındır. Onlar özlərini olduqları kimi gös­tər­məyə, yabançı görkəmə düşməməyə çalışırdılar. Sənət­də səmimiyyəti rəng və musiqiyə bənzətmək olar. Onu tər­cü­məsiz hamı başa düşür. Başqa xalqların sənətinə bizim də münasibətimiz belədir.

Sənətdə özündən uzaqlaşma, yabançılaşma psevdo­müasirliyə, əldəqayırma universallığa gətirib çıxarır. Bu qay­da ilə bəziləri milli sərhədi aşmaq istəyir, lakin heç öz çərçivəsindən də çıxa bilmir. “Dil” sözünü, “pərdə” (lad) sö­zünü ümumi mənada işlətsək hər sənət formasının öz dili, öz ladı var. Biz bu əlamətə görə bir qaynağa mənsub əsər­ləri seçə bilirik. Müxtəlif dillərin, ladların qarışdırıl­ma­sı, eklektika sənət əsəri üçün vacib ahəng birliyini po­zur. İki və ya üç dilin sözlərindən, qrammatikasından süni su­rətdə yeni bir dil yaratsaq bu özünü doğruldarmı? Əl­bəttə, dil inkişaf etməlidir. Lakin bu inkişafı öz kökündən ayrılmaq kimi başa düşmək olmaz. Hər dilin özünəməxsus inkişaf yolu, inkişaf qanunları var. Bu qanunlar bizə qədər olan inkişafı izləməklə müəyyən olunur. Sənət dilinə sa­diqlik bu yolla əldə edilə bilər.

Bu münasibətlə öz vətəninin və yüzillərin sərhədini aşa bilmiş sənətkarlardan birinin sözlərini yadınıza salmaq istərdim. “Böyük Homer latınca yazmırdı, ona görə ki, yu­nan idi. Vergili də yunanca yazmırdı, çünki romalı idi. Sö­zün qısası, bütün qədim şairlər analarının südü ilə yoğ­rul­muş dildə yazırdılar və öz yüksək fikirlərini ifadə etmək üçün əcnəbi dilə müraciət etmirdilər. Buna görə də bu adəti bütün xalqlara yaymaq lazımdır ki, qoy alman şairi, elə də kastiliya, bask şairləri öz dillərində yazmağı öz­lə­rinə alçaqlıq bilməsinlər”. Ölməz Servantesin bu sözləri bü­tün mənalarda bütün sənət dillərinə aiddir.

Əlbəttə, yayılmış sənət dilində əsər yaradaraq baş­qa­la­rına tanış olmayan bədii vasitələrlə başa düşülmək bö­yük ustalıq istəyir. Əsil sənətin başqa yolu yoxdur. Alman xalq musiqisinə istinadən alman musiqi mədəniyyətinə ümumdünya şöhrəti qazandıran Bethoven filosof idi.

Bəzilərinə elə gəlir ki, müasirlik üçün ya elmdən, ya da elm adamlarının həyatından danışmaq lazımdır. Əsərdə alimlərlə nadanların vuruşması, ya da alimlərin təbiətlə mübarizəsi təsvir olunur. Belə əsərlərdə alim və elm haq­qın­da bütün səthi müşahidələrdən, ucuz məzhəkələrdən, elmdə hər yerdən az olan pafosdan bol-bol istifadə olunur.

Elmlə sənətin belə calanması heç biri üçün gərək de­yil. Bir-birinə sərhədsiz keçən duyğulardan yaranmış bədii şəkil fikirlə yox, fikir təsiri altında yarandıqda məqsədə da­ha yaxşı xidmət edir.

Bədii əsərin elm aləmindən, alimlərdən bəhs etməsi elmin kütləviləşməsinə kömək edə bilər, lakin bu, bədii dəyəri heç də artıra bilməz.

Müxtəlif dövrlərdə, müxtəlif şəkillərdə “sənətkar dövrün övladıdır” fikrinə rast gəlirik. Adi mənada bu bir tri­vial həqiqətdir – hamı dövrünün övladıdır. Əslində bu fikir belə başa düşülməməlidir.

Hər dövrün özü üçün səciyyəvi ictimai problemləri var. Fərdi məsələlər dövrə məxsus rəng alır. Ancaq bir dövrdə müxtəlif dövrlərin problemləri ilə yaşayan adamla­ra rast gəlmək mümkündür. Buna görə də biz tez-tez “o daş dövrünün adamıdır”, “gərək yüz il sonra dünyaya gə­lər­di”, “gərək yüz il bundan əvvəl anadan olardı” və s. ki­mi ifadələr eşidirik.

Dövrünün övladı adına layiq görülmüş şəxsiyyətlər üçün ümumi cəhət budur ki, onlar öz ömürlərinin əsas mə­na­sını ya dövrləri üçün zəruri olan, lakin özlərindən qabaq qoyulmuş bir məsələnin həllində, ya da dövrün ziddiy­yət­lərini təhlil edib onu həll oluna biləcək şəklə salmaqda görmüşlər.

İllər, əsrlər keçir, zəmanəni böyük sənətkarına görə ta­nıyırlar (Nizami dövrü, Şekspir dövrü, Puşkin dövrü...)

Bir nəşriyyatdan aldığı sifarişə görə Eynşteynin yaz­dığı tərcümeyi-hal çox maraqlıdır. İlk baxışdan burada Eyn­şteynin bilavasitə özünə aid olan az şey vardır. O, baş­dan-başa yeni fizikanın bioqrafiyasıdır.

Əslində bu, tamamilə təbii haldır. Axı, Eynşteynin ömür yolunu yeni fizikanın tərcümeyi-halından necə ayır­maq olar?

Vətənin dərdləri sualları ilə yaşayan, ömrünü onların həllinə qurban verən bir vətəndaşın tərcümeyi-halı vətənin tərcümeyi-halının bir parçasıdır.

Zamanın problemləri ilə yaşayan insanın tərcümeyi-halı zamanın tərcümeyi-halıdır.

Dünyagörüşü geniş sənətkarların arzusu arzulara çev­rilir. Yalnız belə sənətkarların oxucusu, tamaşaçısı dün­­­ya­ya sənətkar arzusuyla baxa bilir və bu baxımın onun şəxsiyyətinin formalaşmasına təsiri olur. Qabaqda de­di­yi­miz kimi, bu arzu ictimai fəaliyyətlərin səbəbi olan dün­yanı istənilən kimi görmək arzusudur. Şirin bir arzunun möv­cudluğu hələ əməl üçün azdır. Bu arzuya haqqın ol­duğuna inam da yaradılmalıdır. Dünyagörüşün böyük payı olan bu inam yaradıcının özündə olmasa o həmin inamı oxucusuna, tamaşaçısına necə təlqin edə bilər?

Müasir dünyagörüşü, biliyə söykənmiş sənət fəaliy­yə­ti fərdi mənafe çərçivəsindən çıxaran qüvvədir. Bu işi di­daktik tövsiyyə də görə bilər. Lakin birincinin üstünlüyü mü­qayisəolunmaz dərəcədə yüksək emosiya yarada bil­mə­sindədir, emosiya vasitəsi ilə inandıra bilməsindədir. Sə­nət, bizə arzularımız içərisindən həyata layiq arzunu seç­mə­yə kömək edir.

Fikirli duyğulara əsaslanan sənətin vəzifəsi arzu do­ğurmaq, bu arzuya haqqımız olduğuna inam yaratmaqdır. Sənət, eyni zamanda, bu arzunu həyata keçirmək üçün la­zımi qədər qüvvətli olduğumuza bizi əmin edir. İnsan sə­nət aynasında öz böyüklüyünü görür. O, böyüklüyünə inan­madan böyük işlər arxasınca gedə bilməz. İnsanın tə­biəti belədir. Yalnız böyük işlər arxasınca gedərkən insan in­sana yüksək mənalı ehtiyac hiss edir, özünü insanlığın bir hissəsi kimi görə bilir. İnsan öz fəaliyyəti ilə zamanın ic­timai şəklinin elementi olur, öz yerini tapır, necə deyər­lər, özünü tapır. Amerika pedaqoqları belə bir təcrübə aparmışlar: eyni qabiliyyətə malik iki qrupa göndərilən müəl­limlər aldadılmışdır. Onlara bir qrupun o birindən üs­tün olduğu xəbər verilmişdir və eyni məsələnin həllində bu qrupların müvəffəqiyyəti yoxlanılmışdır. Nəticədə “qa­biliy­yətli” qrupda müvəffəqiyyət böyük olmuşdur. Sadəcə olaraq, bu qrupda uşaqlar müəllimlərin onlar haqqında yax­şı fikirdə olduqlarını hiss etmişdilər. Xalqa inanmadan onun sənətkarı olmaq olmaz. Sən özün ona inanmırsansa onda özünə necə inam yarada bilərsən? Buna görə də, sə­nətkarın gözləri xalqın müvəffəqiyyətsizliyində belə mü­vəffəqiyyətə aparan bir iz görməyə qadirdir.

Bu iz onu qaldırmaq üçün istinad nöqtəsi olacaqdır. Bu məsələ böyük sənət nümunəsi olan xalq yaradıcılığında necə də gözəl həll edilmişdir. Burada qəhrəmanlıq əl çat­maq deyil. Adi adam da qəhrəman ola bilər. Xalq özünü ge­ri qaldığı üçün lağa qoymur. Bu, ümidsizlikdən başqa nə verər. Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə gül­dür­­məklə insanı düzəltmək olmaz. Bütün insan çir­kin­lik­lə­ri toplanmış bir obraz xəyalınıza gətirin. Bu, çirkin bir şe­yin şəklini divardan asmaq kimidir. Belə bir bədii portret xo­şa gələrmi? Əlbəttə, yox! İndi də təsəvvür edin ki, ob­razın çirkinlikləri onun öz dilindən etiraf kimi verilib. Siz burada xoşagələn bir şey hiss edəcəksiniz. Bu, insanın so­nuncu böyüklüyü olan etirafdır. Bütün təsvir edilən çir­kinliklərə baxmayaraq etiraf sizdə ümid doğurur, siz “yenə də insan!” – deməyə məcbur olursunuz. Xeyir – şər, sevgi – nifrət, yaxşı – pis bütün sənət əsərlərinin əsas mövzusu olmuşdur.

Sərhədsiz münasibətlər içərisində sevgi bizi işıq ki­mi cəlb edir. Biz onun tərəfdarı olur, ona haqq qazan­dı­rı­rıq. Yaxşı da belədir. O da fon deyilsə işıq kimi nəzəri cəlb edir. Onlar fona nisbətən çox-çox kiçik də olsalar in­san­­lığı arxalarınca aparan işıqlardır və onlarda güclənmək xassəsi var. Onlar öz azlığı ilə üstün gəlirlər.

Səbəbi çox sadədir. Pislərin birliyi bir nöqtədə oldu­ğu halda, yaxşıların birliyi bütün nöqtələrdədir. Pis, yax­şı­ya əks olduğu qədər də pisə əksdir. Beləliklə, istər fərdi aləmdə, istərsə də cəmiyyətdə qorxulu yaxşının, məhəb­bə­tin azlığı deyil, onların yoxluğudur.

Qaydasızlığın hamısı kimi pisliyin sifəti yoxdur, əqi­dəsi yoxdur, o yaşamaq üçün yaxşı əqidə ilə maska­lanmalıdır. Bütün bu hissləri bizdə doğuran fikirli sənətdir.

Yuxarıda gətirdiyimiz misallarla mən sənətin müx­tə­lif cəhətlərdən dünyagörüşü ilə təmasını göstərməyə çalış­dım. Bu təmasların hər biri ayrılıqda müzakirə olunacaq qə­dər böyük və ciddi məsələlərdir. Lakin bunlar sənətə qiy­mət vermək və onun təhlili ilə məşğul olmaq fikrinə dü­­şən istedadlı gənclərdə sənət məsələlərində dünya­gö­rü­şün böyük roluna inam üçün kifayətdir.

Geniş dünyagörüşü olan rəssamın tablosuna tamaşa edin. O, sizin üçün dünyaya açılmış bir pəncərə olacaq. Siz orada bir dərinlik görəcəksiniz. Dünyagörüşü geniş olan hər bir sənətkarın əsəri belədir. Siz orada müəmmalı heç bir şey görməyəcəksiniz. Hər şey sadə və yığcamdır. Lakin bu sadəlik sizi bir dərinliyə aparacaq, zəngin bir alə­mə müşayiət edəcək. Dünyagörüşü məhdud olanların tab­lo­sundan o tərəfə keçmək mümkün deyil, siz ancaq onun dediyi və çəkdiyini görə bilərsiniz. O, işarələr, o sözlər ar­xa­sında özü də heç bir işıq, genişlik görmədiyi üçün, daha doğ­rusu, onların arxasında dünyagörüşü durmadığı üçün siz də ürəyəyatan bir şey görməyəcəksiniz.

Bilik həcmi gündən-günə genişlənən dünyamızda be­lə bir dünyagörüşü necə əldə etmək olar?

Bütün bioloji əlamətlər kimi yaradıcılıq üçün zəruri xü­susiyyətlərin hamısı irsi deyildir. Bilik həcmi biliklər, söz­lər vasitəsilə qazanılır. Söz ancaq, fərdlərin bir-birini ba­şa düşməsi üçün deyil, həm də nəsillərin nəsilləri başa düşməsi üçün lazımdır.

Biz yetkinlik yaşına çatana qədər birhüceyrəlidən bu vaxta qədər keçilmiş təkamül prosesini təkrar edirik. 6-7 ­­yaşlarından yetkinliyə qədər isə insanın bilik təkamülünün təkrarı gedir. On il, on beş il böyüklərlə yanaşı “qaçdıq­dan” sonra bilik estafetini onlardan qəbul edib irəli apa­rı­rıq. Lakin bu 10-15 il bizi elmin əsrlər boyu əldə etdiyi ən əsas nailiyyətlərlə ümumi şəkildə tanış edir. Təhsil bu müd­dətlə qurtarmır. Təhsil insanın ömrünün sonuna qədər davam edir və davam etməlidir.

Keçmişə doğru getdikcə elm və sənət arasında sər­həd itir və çox vaxt eyni şəxsiyyətdə hər iki sahənin bir­ləş­diyini, bir əsərdə elmin sənətlə qəribə birliyini görürük. Bu, keçmiş haqqında biliyimi­zin azlığının nəticəsi deyil. Ali­min sənətkardan ayrılması həm sənətin, həm də elmin bu­daqlanması zəmanəmizə doğru inkişaf edən bir meyl ol­muşdur. Bu insanın aləm haqqında biliyinin artması, ge­niş­lənməsi, yeni görmə və ifadəetmə üsullarının meydana gəlməsinin zəruri nəticəsidir.

Qalileyə qədər əldə edilən biliklərin əksəriyyəti pas­siv müşahidələr və məntiqi mühakimələrin nəticəsi idi. O vaxtdan indiyə kimi əldə edilən biliklər, demək olar ki, fəal müşahidələr, təcrübə şəklində təbiətə verilən suallar, in­­sanın təbii hissetmə adi teleskopdan başlamış müxtəlif sürətlən­diri­cilər, radioteleskoplar və müasir elm cəbbə­xa­na­sını dolduran yüzlərcə cihazla əvəz olunması hesabına əl­də edilmişdir. İnsan təbii imkanları ilə təbiətin çox-çox məh­dud hissələrini görə bilirdi. İndi o bilavasitə ən uzaq qalaktikalardan elementar zərrəciklər arasındakı aləmə ta­ma­şa edə bilər.

İndi Aristotel, İbn Sina, Tusi, Leonardo do Vinçi, Lomonosov olmaq mümkündürmü?

Şübhəsiz yox! Təəssüf ki, yox! Kimya sahəsində çı­xan jurnalların hamısı ilə heç kimyaçı da tanış ola bilmir. O ancaq kimyanın müəyyən sahəsini, bilavasitə işlədiyi məsələlərə aid yenilikləri izləməyə qadirdir.

Başqa sahələr də belədir. Məsələ təkcə məlumatın həc­mində deyil. Əsas çətinliklərdən biri də spesifik və şər­ti dil çətinliyidir. Siz fizika və ya kimyaya aid bir məsələni oxu­yub anlaya bilməyəcəksinizsə, bu hələ sizin həmin sa­hə­də qabiliyyətsiz olduğunuzu göstərmir. Məqalə azərbay­canca yazılmış olsa da, oradakı sözlər adi mənada işlən­mə­­mişdir. Onların tamamilə müəyyən və məhdud mənası var. Elm dəqiqləşdikcə bu məhdudiyyət daha da artır.

Fizikada qüvvə cismə hərəkət təcili verən səbəbə de­yilir. Nə artıq, nə də əskik. Ümumi dildə qüvvə sözünün mə­nası genişdir. Eləcə də başqa sözlər. Başqa ciddi bir çə­tinlik tamlıq məsələsidir. Siz istədiyiniz bədii əsəri başqa­la­rından asılı olmayaraq oxuya bilərsiniz. Lakin elmi mə­qa­lələr belə deyil. Sizin təsadüfən seçdiyiniz məqalə əgər, doğ­rudan da, elmi məqalədirsə, bu çox böyük söhbətin – çoxdan başlanmış söhbətin bir hissəsidir. Söhbətin əvvə­lin­dən xəbərsiz kiçik bir hissəni anlamaq asan ola bilməz.

Dünyagörüşün genişləndirilmə yollarından bəzilərini – aşağıdakıları göstərmək olar.



  1. Bizim təhsil sistemindən doğru istifadə etmək.

Hələ aşağı siniflərdən şagirdlər arasında ixtisaslaşma başlanır: texniki fənlərə gedənlər, ictimai fənlərə gedənlər. Əslində burada bir pis şey yoxdur. Lakin bu məqsədlə eh­ti­yatsız atılan addımlar çox zərərlidir. İctimai səhəyə ge­dən­lər bütün texniki fənlərdən əl çəkib, ona bir yük kimi baxırlar. Əslində isə burada, orta məktəbdəki imkandan – texniki elmlər üçün ayrılmış imkandan səmərəli istifadə edil­məlidir. Çünki ali məktəbdə belə ardıcıl imkanı tap­maq çətindir. Bu cəhətdən texniki fənlərə gedənlərin vəziyyəti yaxşıdır. Onlarda ədəbiyyata maraq öz-özlü­yün­də yaşamaqla ictimai bilik ali məktəbdə davam etdirilir.

  1. Kütləvi kitablar, kütləvi elmi jurnallar dünya­gö­rüşün, biliyin artırılmasının digər vasitələrindəndir.

Elmi kitabları qalınlaşdıran, mürəkkəbləşdirən əs­lində elmi həqiqətin alınma yollarının təsviri, onun hə­qi­qiliyinin, sübutunun müzakirəsidir. Bu həqiqətləri aydın tə­səvvür etmək lazımdır. Belə bir biliyi elmi-kütləvi kitab və jurnalları oxumaqla, elmi söhbətlərə qulaq asmaqla əldə etmək olar. Elə bu cür ədəbiyyat da eyni məqsədi güdür.

Son söz
Elmlə sənətin əlaqəsi haqqındakı söhbətimiz sona ça­tır. Mən istəməzdim ki, oxucu buradakı mühakimə və mü­lahizələri təhlilə, tənqidə ehtiyacı olmayan hökmlər kimi qəbul etsin. Yazıya belə bir oxucu münasibəti söh­bətimizin ruhuna zidd olardı. Ancaq çox istərdim ki, oxu­cu müəllifin xeyirxah bir məqsəd güddüyünə inansın.

Elə bir müasir adam tapılmaz ki, onun sənətlə elmin əlaqəsinə öz münasibəti olmasın. Bu söhbət belə müna­si­bətlərdən biridir və daha ciddi, elmi araşdırma üçün bir stimul olacağına ümidimin doğrulmasını ən böyük müvəf­fə­qiyyətim sayırdım.

Elmin sənətə təsirini işıqlandırmaq arzusu ilə gətir­di­yim misallardan çıxarıla biləcək nəticələri aşağıdakı şə­kildə qruplaşdırmaq istərdim. Əslində onlar nəticədən çox açıl­masına ehtiyac duyulan suallardır.

Hər şeydən əvvəl, elm-bilik sənətkarda müasir dün­ya­görüşünun formalaşması üçün zəruridir. Elmin nailiy­yət­ləri ilə ümumi tanışlıq sənətkar düşüncəsini insan – tə­biət, insan – insanlıq, insan – insan, isan – həyat və s. kimi münasibətlərin müasir problemləri təsiri altında saxlayır. Çox halda belə problemləri hamıdan qabaq sənətkar du­yur.

Müasir estetika, sənətşünaslıq, bədii tənqid ictimai elmlərin inkişaf etməkdə olan vacib qollarıdır. Elm sənətə, sənətkara bu qollar vasitəsi ilə təsir edir. Elmin bu sa­hə­lə­rinin rolunu yalnız şərhçilikdə, müşahidəçilikdə və təh­lildə görmək səhv olardı. Əlbəttə, sənətkarın bu sahələrdə ta­nış­lığının onun yaradıcılığına təsirini açmaq bütün hallarda asan deyil. Əksinə, belə bir tanışlığın olmamasının təsirini gör­mək daha asandır. Bir qayda olaraq, görkəmli sənət­kar­lar həm də elm sahələrini inkişaf etdirmiş olurlar və hər bir sə­nət əsəri yeni sənət meyarı ilə birlikdə yaranır.

Elm, bilik sənətin xidmət göstərdiyi insanları dəyiş­dirir. Emosional mühitə ehtiyac həm kəmiyyət, həm də key­fiyyətcə dəyişir. Elmin sənətə təsir yollarının biri də budur. “Atom əsrində sənət necə olmalıdır?” kimi sualları mey­dana atan səbəb bu təsirdir.

Elm, bilik sənətin texniki vasitələrini dəyişdirir, da­ha doğrusu, zənginləşdirir. Elm, texnika, sənət əsərlərinin bir məlumat kimi yayılma vasitələrini keyfiyyətcə yeni­ləş­dirir, oxucu, dinləyici, tamaşaçı sənət əsəri ilə tamamilə ye­ni şəraitdə, yeni tərzdə tanış olur: radio, televiziya, kino, maqnitafon, və s. Bu texniki yeniliklər yeni sənət janr­la­rının meydana gəlməsinə səbəb olur. Başqa tərəfdən belə vasitələr sənətin kütləviləşməsinə kömək edir. Sənət, tex­niki tərəqqidəki inqilabların təsirindən azad deyil. Buna, sə­nəti kiçildəcək bir təsiri kimi yox, onun inkişafına yeni tələb qoyan təbii bir hal kimi baxmaq lazımdır.

Elm, bilik sənətkara ağılın gözləri ilə görünən alə­min üfüqlərini açır. Aləmin bilavasitə gözlə görünən his­səsinin zənginliyi onun ümumi zənginliyinin çox kiçik bir his­səsidir. Aləmin genişlən­məsi isə sənətə təsirsiz qala bil­məz. Müasir elmi fantastikanın xeyli hissəsi, kosmik möv­zular, riyazi asılılıqlardan təsviri sənət mövzuları kimi is­tifadə və s. bu təsirin hələ ilk əlamətləridir.

Elmlə tanışlıq biliyə inam yaradır. Bu inam insana, onun gələcəyinə inamdır. Sənətkarın hissinə əsaslandığı ina­mın üstünə belə bir inam da gələrsə onun yaratdığı əsər heyran etməklə bərabər, daxili məntiqi, dərinliyi, ciddiliyi ilə heyrətləndirə də bilər.

Elmin sənətə təsirinin mahiyyəti sənətin elmə təsi­rin­dən çox-çox mürəkkəb olduğunu nəzərə alaraq, belə bir tək­rarı lazım bildim. Ali məktəb illərindən bu günə kimi elm adamlarının sənətə münasibəti ilə onların elmdə mü­vəf­fəqiyyətləri arasındakı uyğunluğun səbəbi mənim üçün ma­raqlı bir sual kimi qalmışdır. Bir qayda olaraq, istər təhsildə, istərsə də elmi işdə orijinal müvəffəqiyyət qaza­nan­ların sənət həvəskarları olduğunu müşahidə etmişəm. Bu adamların çoxunda sənətə ehtiyac o qədər böyük olub, o qədər sənəti duya biliblər ki, tanıyanlar onları “sənət üçün itirilmiş adamlar” hesab edirlər. Belə itki ağrı gə­tirmir. Qoy həmişə elmin itirdiyi adamları sənət, sənətin itirdiklərini elm tapsın. Bəlkə də belə hallarda kimin ha­ra­da olmasının əlverişliliyini dəqiq təyin edə bilmə­məyi­mi­zin mübhəm bir əhəmiyyəti var. Bir neçə il bundan qabaq iki şəxsiyyətin yuxarıda göstərdiyim qanunauyğunluqdan kənara çıxması məni darıxdırırdı. Bunlardan biri müasir fizikanın yaradıcılarından olan alman alimi Heyzenberq idi. Lakin fizikanın ümumi məsələlərinə həsr etdiyi bir ki­tabını və bir neçə məqaləsini oxuyandan sonra onun tə­biət­cə şair olduğuna şübhəm qalmadı.

İkinci böyük şəxsiyyət alimimiz Yusif Məmmə­dəli­yev idi. Bəlkə də onun sözə qənaətcilliyi sənətə müna­si­bə­tini kənar adamlardan gizli saxlayırdı. Belə böyük alim, gö­zəl insan (mən bu sözləri öz müşahidələrimin nəticəsi ki­mi deyirəm!) sənətə necə laqeyd ola bilər! Sonra onun həmyaşlarından öyrəndim ki, Yusif Məmmədəliyev də bö­yük sənət pərəstişkarı imiş! Beləliklə, elm üçün istedadlı kadrlar seçilməsində, sənətə münasibət bəlkə də bir meyar kimi istifadə oluna bilər.

Mənim iştirak etdiyim aspirant, kiçik elmi işçi attes­ta­siyalarında, bir qayda kimi, öz elmi işinə marağı olma­yanların sənətə ancaq utilitar münasibət bəslədiklərinin şa­hidi olmuşam.

Fikrimizə incəlik verən, onu dağ çayları kimi coş­qun, iti, gözlənilməz döngəli, şəlaləli edən sənətin təsiri el­mi­mizin inkişafı üçün son dərəcə lazımdır. Sənətin in­kişa­fı, çiçəklənməsi dünya elminin tərəqqisi və onun insan­lı­ğın xeyrinə yönəldilməsi üçün lazımdır. Sənət insanı həm “ağıl artıqlığı”, həm də ağıl azlığı bəlasından qoruyan va­si­tədir. Sənət bizi peşə, məşğələ əsirliyindən qurtarır, gö­zü­müzdə dünyanın sxematikləşməsinə imkan vermir, daxi­li – psixoloji bütövlüyümüzü, xarici aləmlə sağlam vəh­də­ti­mizi saxlamağa kömək edir.

Müasir elmin sənəti zəifləşdirdiyini, “intellekt sahib­ləri” üçün sənətin az əhəmiyyətli olduğunu eşitdikdə, necə deyərlər, matım-qutum quruyur. Elə bil, sənətin vaxtı ilə mey­dana gəlməsinin səbəbi elmin zəifliyi olmuşdur. Sənə­tin və ya elminmi insan üçün daha vacib olması sualı da gülüncdür. Bu suyun və ya havanınmı insan üçün daha va­cib olması sualına oxşayır.

Elm və sənət insan mədəniyyətini yüksəklərə qal­dı­ran qoşa qanaddır. Quş tək qanadla uça bilməz. Uçuş, yük­səliş hər iki qanad eyni qüvvədə olduğu zaman əldə edilə bilər.


ELM və DİL





  • «Beyin köçü»:gedib qalanlar və qayıtmaq üçün gedənlər

  • Türkiyənin hədəfləri baxımından təhsil

  • Dünya hara gedir, Türkiyə hara?

  • Necə bir təhsil?

  • Elm, elm siyasəti və universitetlər

  • Elm və dil



Prof. Dr. Oqtay Sinanoğlu (1935)

Yeel Universitetinin (ABŞ) kafedra müdiri

Oqtay Sinanoğlu: həyat və yaradıcılığından səhifələr


Böyük türk alimi və mütəfəkkiri, kvant kimyasının və riyazi kimyanın təməlini qoyan, habelə molekulyar bio­logiyanın yaradıcılarından biri olan Oqtay Sinanoğlu
1935-ci il 25 fev­ralda anadan olmuşdur.
1956-cı ildə Kaliforniya Universitetinin (Berkli, ABŞ)

Kimya Mühəndisliyi fakültəsini birincilik

diplomu ilə bitirmişdir.
1957-ci ildə Massaçuset Texnologiya İnstitutunda magistr

pilləsini 8 ayda birinciliklə bitirmişdir.


1959-ci ildə Kaliforniya Universiteti Berklidə iki il

müddətində nəzəri kimya ixtisası üzrə fəlsəfə

doktoru (Ph.D) olmuşdur.
1959-1960-ci illərdə ABŞ-da Atom Enerjisi Mərkəzində

tədqiqat aparmışdır.


1960-ci ildə Yeel Universitetində dosent vəzifəsində

işləməyə başlamışdır.


1961-1962-ci illərdə “Atom və molekulların çoxelektronlu

nəzəriyyəsi” ilə professorluğa addım atmışdır.

Əsas fizika qanunlarından başlayaraq müxtəlif

maddələrin kimyəvi və fiziki xüsusiyyətlərini

tapmaq üçün vacib olan bu əsas tədqiqat işi ilə

50 ildir həll edilə bilməyən bir riyazi nəzəriy-

yə­ni elm aləminə qazandırdı və profes­sorluq

vəzifəsinə yüksəldi.


1962-ci ildə Yeel Universitetindəki professorluğu ilə yana-

şı Harvard Universitetində özünün kəşf etdiyi

“yeni kvant kimyası və fizikası” haqqında xü-

susi mühazirələr oxumuşdur. 26 yaşında, son

300 ildə Qərbdə ən gənc professor kimi Yeel

universiteti tərəfindən dünyaya tanıdılmışdır.


1963-ci ildə 28 yaşında Yeel universitetində rəsmən full

professor olmuşdur.


1964-ci ildə Yeel universitetində dünyada yenicə əsası

qoyulmağa başlanan “Molekulyar biologiya”

sahəsi üzrə kafedra müdiri olmuşdur. İrsiyyə-

ti təmin edən DNA molekulunun strukturu ilə

bağlı yeni izahlar verərək molekulyar biolo-

giyanın əsasını qoyanlardan biri olmuşdur.

Elə həmin ildə tamamilə fərqli bir sahə olan

yüksək enerji fizikası ilə bağlı tədqiqatları

nəticəsində “Yeni səkkiz mezon və onların

xüsusiyyətləri nəzəriyyəsi”ni kəşf etmişdir.


1967-ci ildə İtaliyada, Fraskati şəhərində NATO-nun

Beynəlxalq Tədqiqatlar İnstitutunun təşkil et-

diyi atom və molekulların təsirləri mövzusun-

da mütəxəssislərə xüsusi mühazirələr vermiş-

dir.

1969-ci ildə SSRİ Elmlər Akademiyasının xüsusi dəvəti



ilə burada konfrans vermiş və öz nəzəriyyə-

ləri haqqında SSRİ-nin hər tərəfindən toplan-

mış xüsusi mütəxəssislərə məlumat vermişdir.
1970-ci ildə atom fizikası ilə bağlı tədqiqatlarını intensiv-

ləşdirərək atomların əsas strukturu haqqında

təfərrüatlı bir nəzəriyyə qurmuşdur. Onun

“Atom fizikasında atomların strukturu və

elektron xüsusiyyətləri nəzəriyyəsi”nin göy

fizikası sahəsində tətbiq edilməsi sayəsində

günəş və ulduzlardakı kimyəvi elementləri

hesablamaq mümkün olmuş və ABŞ Milli

Standartlar Qurumunun kataloqundakı yanlış

biliklər yenidən düzəldilmişdir.


1970-1973-ci illərdə ABŞ Milli Argon Atom Enerjisi La-

boratoriyasının rəhbər olmuşdur.


1971-ci ildə ABŞ, Vaşinqton, Müdafiə Strategiyaları

Komitəsinə üzv seçilmişdir.


1973-ci ildə Almaniyanın ən yüksək elm mükafatı olan

“Aleksandr von Humbolt Elm Mükafatı”nı

alan dünyada ilk elm adamı olmuşdur.
1975-ci ildə Yaponiya hökumətinin “Beynəlxalq Elit Elm

Adamı” mükafatını almışdır.


1970-ci illərdən başlayan tədqiqatları nəticəsində “Kimyanın əsaslarını yeni riyaziyyata uyğunlaşdırma” nəzəriyyəsini kəşf etmişdir. Yeni kvant kimyası qanununu inkişaf etdirərək kimyanı yeni riyazi fizika əsaslarına bağlamışdır.
Yeel universitetində təşkil etdiyi kimyanın riyazi əsasları haqqında uzun müddət verdiyi seminarlara dün­yanın müxtəlif ölkələrindən elm adamlarını dəvət etməklə və beləliklə yeni bir sahə olan “riyazi kimya” sahəsinin yaranmasına öndərlik etmişdir.

«Beyin köçü»:

gedib qalanlar və qayıtmaq üçün gedənlər
Qərbin alim və ziyalıları Şərq ölkələrinə bir qayda olaraq, məq­səd­­­yön­lü surətdə – öyrənmək, tədqiq etmək və əgər Şərqdə hələ də diq­­­qətəlayiq nə isə varsa, onları mə­nim­səmək və istifadə etmək, Qərb mə­­dəniyyətinə qat­maq məqsədilə səfər edirlər. Missionerliklə məşğul olanlar da var ki, on­la­rın məqsədləri bir qə­dər fərqlidir: yəni öz dün­yagörüşünü, əqidəsini, dü­şün­cə tərzini, mə­də­niy­yə­tini ya­y­maq, özünə davamçılar yetişdirmək və be­lə­liklə hər­bi isti­la­dan fərq­li olaraq, intellektual istilaya, əqidənin eks­pan­si­yasına nail ol­maq. Həm də ayrı-ay­rı fərdlərin mis­si­oner­liyindən daha geniş miqyaslı fə­a­­liyyət formaları da var idi ki, bu da humanitar dəstək motivi ilə mək­­təb­lə­rin, mədə­niy­yət müəs­si­sələrinin açılmasından, insanların fi­kir­­­lərini və hətta duy­ğusunu, sim­pa­ti­ya­sını hələ lap uşaqlıqdan yön­­lən­dir­mək, onları özü­nün­küləşdirməkdən iba­rətdir.

Ziyalıların, böyük elm adamlarının Şərqdən Qərbə get­məsini şərtləndirən amillər isə ta­ma­milə baş­qa xarak­ter­lidir. Bu sırada ilk növbədə azad düşüncə və ya­radıcılıq fə­a­liy­yəti üçün əlverişli məkan axtarışını qeyd etmək olar. Alim üçün elmi mühit və eksperimental baza, ya­­zar üçün, bir tə­rəf­dən, çap olun­maq imkanı, digər tərəfdən də oxu­cu pub­­likası və ədəbi tə­n­qi­din mü­na­si­bəti lazımdır ki, bu da ge­­ri qalmış Şərq ölkələrində ça­tış­­ma­­yan əsas cəhətlərdir.

Gedib hər hansı bir Qərb öl­kə­­sində özünə yer etmək, ya­ban­çı mü­­hi­­tin üzvünə çevrilmək, yad­­­laş­­maq, bunun mü­qabilində şəxsi hə­­­­­yatını tə­­min etmək və hətta mü­əy­yən po­pul­yar­lıq qazanmaq da müm­­­­­kün­dür. La­kin be­ləliklə öz və­tə­ni və xal­qı üçün ta­mamilə itib get­mək olar. Bu, bir cür aqi­bət­dir, öz simasını və amalını də­yiş­­mədən, itir­­­­mədən ya­radıcılıq mü­hi­ti əldə et­mək isə tamamilə başqa cür aqi­bət­dir. Buna nail olmaq üçün mühacir alimlər və yazarlar bö­­yük Amerika mühiti kon­tekstində öz nisbi müstəqil mə­dəni-mə­nəvi mü­­hitlərini yaratmağa çalışırdılar. Bu, çox əla­mət­dar bir hal­dır.

XX əsrdə Şərq ölkələrindən Ameri­ka­ya mühacirətdə iki fərq­­li motiv və hadisə fərqləndirilməlidir. Əvvəla, pla­netin bütün gu­şə­lə­rin­dən Amerikaya iş tapmaq, pul qazan­maq niyyəti ilə ka­sıb ailələrdən ge­dən­lər var idi. Və tə­bii ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də Ame­ri­ka­da öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıq­la­rını ifadə et­mə­yə vaxt tapa bilirdilər. Daha doğrusu, bu, onların nə məqsədlərinə, nə də ha­zırlıq səviyyələrinə uy­ğun idi. Lakin tədricən fərqli missiyaya malik bir köç də for­malaşmağa başladı. Pul qazanmaq naminə səfər edən ata­ların öv­lad­ları artıq müəyyən mad­di təminata, ilkin sa­vad və bi­lik səviyyəsinə malik ol­duqların­dan, in­di başqa mis­siya ilə səfər edir­di­lər. Bu ikincilərin səfəri, bir tə­rəf­dən Qərb elmini və mədəniyyətini mə­nim­səmək, digər tə­rəfdən də öz mü­hitlərində inkişaf etdirə bil­mə­dik­lə­ri yara­dıcı qabiliyyətlərini reallaşdır­maq, elmi və mədəni-mənəvi mühit əldə etmək məqsədini güdürdü.

Atalar və oğullar. Mədəni intibaha xidmət edən mad­di dirçəliş. Mad­di təminat üçün səfər edənlərin için­dəki işığın öz simalarında ol­ma­sa da, övladlarının sima­sında aydınlanması, zahirə çıxması...

İkinci nəfəs... ikinci nəsil... Ömür vəfa etməyəndə ideyaların öv­lad­lar vasitəsilə və onların simasında işıq üzü görməsi, davam et­di­ril­məsi.

Bu problem bu gün də aktualdır.

XX əsrdə Türkiyənin yoxsul ailələrindən Avropaya və Ame­ri­ka­ya iş da­lınca mühacirət edən yüzlərlə, min­lərlə insanın taleyinə nəzər salsaq gö­rə­rik ki, burada da səbəb bir çox hallarda mad­diyyatla bağlıdır və türk kim­li­yi­nin, türk mədəni-mənəvi sima­sı­nın ifa­də olunmasına xidmət et­mir. Ək­­sinə, onların timsalında Qərb­də türk­lər haqqında ol­­duqca yanlış tə­səv­vürlər for­malaşmışdır. İkinci nə­sil türklər Qərbdə hələ yeni-yeni ayaq tutub yeriyir, möh­kəm­lənir və əsl türk obrazı da məhz indi ya­ran­maq­dadır. Məhz ataların ağır fiziki əməyi sayəsində yaratdıqları maddi tə­minat övladların öz genetik intellektual po­tensialını və mil­li-etnik, mədəni-mə­nə­vi sifətlərini ifadə etmələri üçün va­si­tə, baza rolunu oynayır.


Lakin nə yaxşı ki, istisnalar da vardır. Hələ körpə vaxtlarından Avropa mühitində böyüyən, ailədə də Şərq və Qərb mədəniyyətlərinin sintezi ruhunda tərbiyə alan Oqtay Sinanoğlunun Amerika səfəri elə lap əvvəlindən böyük bir missiyaya xidmət edirdi. Oqtay Sinanoğlu xaricdə çalış­maq yolunu da Vətən naminə tutmuşdu. O, qayıtmaq üçün ge­dənlərdən idi. Hətta Amerikanın ən nüfuzlu univer­si­tet­lə­rindən birində ona ömürlük kafedra müdiri kimi şərəfli bir mövqe verilmiş olsa da, o, Vətən yolunu seçdi.

Biz «gedib qayıdan» və ya «qayıtmaq üçün gedən» de­yərkən Qərbə öz şəx­si məqsədləri ilə, hətta sadəcə ümum­bəşəri dəyərlər naminə deyil, öz millətinə xidmət et­mək, görüb-götürmək, həm mü­əyyən bir ixtisas sahəsində biliklər əldə edərək, həm də elmi quruculuq sa­hə­sində təc­rübə toplayaraq, elmin təşkilatlanması modellərini mənim­sə­yə­rək, elmlə həyat, elmlə dil, elmlə milli ruh arasındakı mü­nasibətləri saf-çürük edərək «qazandıqlarını» vətəninə da­şıyanları nəzərdə tuturuq.

Oqtay Sinanoğlu – 25 yaşında dünyanın ən məşhur uni­versitetlərindən biri olan Yeel Universitetinin profes­so­ru adını qazanmaqla «türkün silahı qə­ləm deyil, qılıncdır» fikrinin artıq köhnəldiyini və bir türk gəncinin elm sa­hə­sin­də də böyük xariqələr yaratmaq iqtidarında olduğunu sübuta yetirdi. Əl­bəttə, yeni bir elm sahəsinin təməlini qoy­maq, Qərb elmi ictimaiyyəti tərəfindən qeyd-şərtsiz ta­nınmaq və qəbul olmaq bir gəncin başını duman­lan­dıra da bilərdi, və­təni və milli kimliyi unutdura da bilərdi. Və əgər belə ol­saydı, o artıq çox­dan Nobel mükafatı da almış olar­dı. Lakin Oqtay Si­nan­oğ­lu kökündən ay­rılmadı, şəxsi şöh­rət dalınca qaçmadı, türk elminə və bü­töv­lükdə Tür­ki­yə­yə xidmət etmək missiyasını unutmadı. Ola bilsin ki, məhz bu­­na görə də Qərb onu bağrına basmaqdan imtina etdi, çox­dan haqq etdiyi Nobel mükafatını da ona qıymadı. Ola bil­sin ki, o, Türkiyədə böyük elm yaratmaq məqsədinə də hələ gəlib çata bilməmişdir. Lakin o öz şəxsi tim­sa­lın­da yan­dırdığı məşəllə sonrakı nəsillərə işıqlı yol açdı, nümu­nə göstərdi.

Oqtay Sinanoğlu türk dilinin tədrisinin təkmilləşdi­ril­­məsi, dilin “tə­miz­lənməsi” sahəsində də xeyli işlər gö­r­müş və gələcək “şüurlu nəslin” (“conscious generation”) ya­ranması yollarını araşdırmışdı. O, türk dilinin fə­al təbli­ğat­çısıdır. Onun bir fikri çox ibrətamizdir: “Milli dil olma­dan mil­lə­tə təhsil vermək sui-qəsdə bərabərdir”.

Dünyada yeni qurulmağa başlayan molekulyar biolo­gi­ya sahəsinin əsa­sını qoyanlardan biri olmuşdur. Ame­rika Milli Elmlər Akade­miyasına üzv seçilmiş ilk və ma­lə­səf tək türkdür. İki dəfə Nobel mükafatına namizəd ve­ril­miş, dəfələrlə Nobel Akademiyasının istəyi ilə bu mükafat üçün nami­zədlər irəli sürmüşdür.

O.Sinanoğlunu səciyyələndirən və milli elmi kadrlar üçün örnək ola biləcək ən mühüm cəhət onun Amerikada rahat həyat şəraiti və gözəl elmi yaradıcılıq mühiti olma­sına baxmayaraq, öz vətəni üçün, Türkiyədə elmin inki­şafı üçün göstərdiyi səylərdir.

Oqtay Sinanoğlu. “BYE-BYE” TÜRKCE
Bye-bye” türk dili
Yəqin ki, bizim qədər sürətli və tez-tez dil dəyiş­di­rən başqa bir millət olmayıb. Az qala, bir nəsildə Osmanlı dilindən öztürkcəyə, oradan da “Anglomanca” adlandıra biləcəyimiz yeni qəribə bir dilə keçdik. Bu sonuncusu da­ha inanılmaz bir sürətlə baş verdi. Əslində çox da təəc­cüb doğuracaq bir sürətlə baş vermədi. Bu öz-özünə baş ve­rən bir proses deyildi. Əksinə, çox gözəl, planlı şəkildə hə­yata keçirilmiş bir işin nəticəsi idi. Lakin, hələ bu plan ta­mamlanmayıb və davamı var.

Hər bir dildə elmin və texnikanın inkişafından ya­ra­nan ehtiyacları qarşılamaq üçün yeni terminlər yaratmaq la­zım olur. Bu yaratma işini, çox vaxt dilçilər yox, həmin elmi və ya texniki məsələni kəşf edən elm adamları həyata ke­çirir. Nəyə görə? Əlbəttə, icadını ilk dəfə yazarkən və ya­xud izah edərkən yeni məfhumların adını özü qoymalı ol­­duğu üçün. Əgər bu mövzu başqa bir dildə icad edilibsə, onu ilk dəfə öz ölkəsində təqdim edərək, tətbiq edən və onu daha da inkişaf etdirən elm adamı gətirdiyi bu məf­hum­ları öz dilində adlandırmaqda məsuliyyət daşıyır. Ona görə də, elmin ön cərgələrində vuruşan, dünya elm meyda­nın­da qurşaq tutmalı olan elm adamı lazımi əcnəbi dil və ya dillər qədər öz dilinin strukturunu, söz və termin yarat­ma qaydalarını çox yaxşı bilməlidir. Bu, bütün inkişaf et­miş ölkələrdə belədir. Amma, əgər o elm adamı öz dilini bilməsə, ölkəsinin dilini sevməsə və hətta bəzi keçmiş və ya yeni tipli müstəmləkələrdə müşahidə olunan istismar edil­miş, naqislik kompleksinə qapılmış düşüncə ilə, öz di­linə, mədəniyyətinə xor baxırsa, bax onda bu elm + könül adamında olmalı olan məsuliyyəti hiss etməz, hətta bir növ yad bir münasibət göstərərək əcnəbi sözləri istifadə et­mək­lə öyünür, lovğalanır, xalqının dilini məhv edərkən vicdanı belə sızlamır. ...



Yaponlar o qarmaqarışıq yazıları ilə nələr etdilər
Yapon Meici İslahatı bizdəki islahatdan 30 il sonra, 1868-ci ildə başlamışdır. Bizim gəlib çıxdığımız yerlə, on­ların gəlib çıxdıqları yer göz qabağındadır. Yaponlar hələ lap əvvəldən, “Qərb texnologiyası, Yapon ruhu”, sözünü öz­lərinə şüar etdilər (düzdür, bizdə də Ziya Göyalp, sonra isə Atatürk “türk mədəniyyəti içində müasirləşmək” şüarı­nı irəli sürdülər. Lakin onlardan nə əvvəl, nə də sonra buna əməl olunmadı.) 1868-ci ildən etibarən bütün təhsilin Ya­pon dilində verilməsinə böyük həssaslıq göstərildi. Elm və texnika terminləri daim Yapon dilində yaradıldı. Bu gün Ya­poniyada “atom”, “molekul”, “elektrik” kimi terminlər be­lə Yapon dilindədir.

Yapon dilinin Ural-Altay Dili olduğu, dolayısı ilə türk dili ilə qohum dil olması təfərrüatlı şəkildə 1975-ci il­də isbat edilmişdir. 800-cü ildən sonra Çindən Uyğur tər­zin­də Buddizmin Yaponiyaya keçməsindən sonra Yapon dilinə çox sayda Çin sözü daxil olmuş, lakin yapon dilinin türk dilinə bənzəyən strukturu hakim olmuşdur. Yapon di­li­nin dünya üzərindəki əhəmiyyəti artmağa davam edir. Bu gün Qərb ölkələrində bir çox beynəlxalq toplantılarda in­gi­lis, fransız, alman, ispan və italyan dili ilə yanaşı yapon di­linə də tez-tez rast gəlmək mümkündür.



Bəs biz?
Bəs biz nə etdik? Osmanlı dövründə ziyalıların necə elm və texnologiya terminləri yaratdıqlarından yuxarıda danışmışdıq. Türkçülük cərəyanlarından sonra yaranan Cümhuriyyətdə dildəki artıq ərəb, fars sözləri təmizləndi. Qərb­dən yeni gələn məfhumlara lazım olan qarşılığın türk di­lində yaradılması təbii idi. Onsuz da, yazının dəyişməsi, ərəb və fars dillərinin tədris olunmaması, İslam dünya­sın­dan sıyrılıb Atatürkdən sonra müasirləşmənin avropalıya bən­zəmə səyinə çevrilməsi ilə, əski türk dilini (Osmanlıca) bilənlər də çox az qalmışdı. Atatürk elm dilinin və təh­si­li­nin türk dilində olması üçün böyük diqqət ayırmış, o də­rə­cəyə qədər ki, hətta 1934-cü ildə bir “Geometriya” kitabı yaz­mışdır. Bu gün istifadə etdiyimiz “üçgen” (üçbucaq) kimi terminləri özü yaratmışdı. Əcnəbi dilli missioner mək­təblərinə həvəs yaranmasın deyə, Türk təhsil dərnəyini və onun özəl məktəbi TED Yenişehir Liseyi qurmuşdu. Şəx­sən mən bu məktəbdə yetişmişəm. Orada əcnəbi dil dərs­lərinə önəm verilir, lakin bu, bütün ağıllı ölkələrdə ol­du­ğu kimi intensiv əcnəbi dil dərslərində həyata keçi­ri­lir­di. Bütün fənlər, o cümlədən, ədəbiyyat, fəlsəfə dərsləri tam türkcə idi. Bax, belə bir məqsədlə qurulmuş belə uğur qazanan bir məktəbə 1953-cü ildə ingilis-amerikan qar-mağı atıldı və dərslər ingilis dilinə çevrildi. Məktəbin adı də­yişdirilərək “Ankara kolleci” edildi. O vaxta qədər öl­kə­də belə missioner tipli bir türk məktəbi yox idi. “Kollec” missioner məktəbi deməkdir. Açılan bu ingilis dəliyindən sonralar sel axmağa başladı. “Anadolu liseyləri” geniş ya­yıl­mağa başladı və bu, əcnəbi dil öyrənməyin yeganə yolu kimi qələmə verildi. Gələcəyimizin təminatı olan Türk dili qalasında bu dəliyi açmağa müvəffəq olan Oxfordlu Mr. Browningi isə 20 il sonra İngiltərə kraliçası medalla təltif etdi. Mərasimdə iştirak edənlər, heç soruşmadılar ki, kiçik bir məktəbdə ingilis dili dərsi deyən sıravi bir müəllimə İngiltərə kraliçası niyə medal verir? Bunun arxasından OTDÜ (Orta doğu teknik universiteti) gəldi... Tamamən Amerikanca. O vaxtlar hələ bəhanə lazım idi. Dedilər ki, buraya Yaxın Şərqdən tələbələr gələcək və biz bir neçə tələbə üçün öz dilimizi qurban verə bilmərik. Halbuki, bü­tün ölkələrdə əcnəbi tələbələrə təhsilvermə fədakarlığı gös­tərilirsə, o tələbələrin təhsil aldığı ölkənin dilini öyrən­mələri şərt kimi irəli sürülür və ölkənin mədəniyyətini se­vən tərəfdarlar yetişdirilir. Şübhəsiz ki, onların irəli sür­dükləri bu arqument mərhələli fəth etmədə istifadə olunan müvəqqəti bir bəhanə idi. Belə ki, sonra arxa-arxaya gələn Boğaziçi, Bilkent, sonra da Koç universiteti üçün artıq bəhanəyə ehtiyac hiss edilmir. Bunun sonu, çox yox, bir-iki nəsil sonra türk dili “bye-bye” demək olacaq. Bu, türk dilinə, türk tarixinə, türk hegemoniyasına, türk dünyasına, müsəlman ölkələr öndərliyinə, türkün dünya üzərindəki heysiyyətinə “bye-bye” deməkdir. Bəylər! Havaydan ibrət alaq. Türk dilini, dolayısı ilə türkün gələcəyini satanlar nə­vələrinin miras sahibi olaraq rifah içində yaşaya­caq­ları­nı zənn edib sevinməsinlər. Havay millətini Amerikan mis­­­sionerlərinə satan yerli əsilzadə, hətta onun prins­lə­rinin nəvələri, bu gün Havayda hamballıq edirlər. Gedin bun­ları görün!

Yenidən Qurtuluş savaşı: nədən başlayaq?
Dilimizə olan son hücumların altında yatan şey əc­nə­bi dil ilə təhsildir. Buna qarşı alınacaq çox tədbirlər var. Təcili tədbirlər aşağıdakılardır:

  1. Əcnəbi dilin ancaq əcnəbi dildə təhsil ilə mümkün ol­du­ğu haqqında səhv ictimai rəy yaradılmışdır. Məsələnin ciddiliyini dərk edənlər ətrafındakı hər kəsə, valideynlərə, pedaqoqlara və xalqa həqiqəti başa salsınlar. Hazırlıq sinfi anlayışının başqa ölkələrdə olmadığını, bunun böyük bir israfçılıq olduğunu hər kəsə bildirməlidirlər.

  2. Hər hansı bir əcnəbi dilin, hansı ixtisaslarda faydalı olduğu, hansı formada öyrənilməli olduğu müəyyən­ləşdi­rilsin. Məsələn, turizmə rəhbərlik edənlərin və otel idarə­çi­lərinin ingilis dilindəki fizika və riyaziyyat terminlərini bil­mələri zəruri deyil. Eyni zamanda, elm adamının da mə­i­şət səviyyəsindəki ingilis dilini çox yüksək səviyyədə bilməsi lazım deyil və öz ixtisasının hüdudları çərçivə­sin­də əcnəbi dil bilməsi kafidir. Əsas bilməli olduğu şey isə riyaziyyatdır.

  3. İnsanlar, yeni seçilən nazirlər və s. təkcə əcnəbi dil bildikləri üçün mədh edilməməli, riyaziyyat, kompüter proq­ramları, iqtisadiyyat, fəlsəfə, türk ləhcələri, mühən­dis­lik və s. bilik və qabiliyyətlərinə görə alqışlanmalıdır.

  4. Hüquqşünaslarımız əcnəbi dillə təhsilin konsti­tu­si­yaya zidd olması baxımından lazımi instansiyalara xəbər­darlıq etməli, hətta toplu şəkildə cinayət işləri açmalı­dır­lar.

  5. Bütün orta və ali təhsil müəssisələrində əcnəbi dildə təhsil dövlət tərəfindən qadağan edilməlidir. Hətta xarici missioner məktəblərində belə, təhsilin dili tamamilə türkcə olmalı, əcnəbilər bu məktəblərdə ayrıca xarici dil dərsində intensiv, yeni və sürətli əcnəbi dil öyrənmə metodları ilə fayda verməlidirlər. Əgər bu dəyişikliyə razı olmasalar, əsl məqsədləri aydın olacaq. Bütün özəl və ya dövlət təhsil müəssisələrində əcnəbi dillər ayrıca, yeni metodlarla tədris olunmalı, yay kursları açılmalı, ictimai rəy formalaşdırıl­ma­lı, hazırlıq sinfi anlayışı tamamilə ləğv edilməlidir. Əgər dövlətin bir-iki il artıq təhsil vermək imkanı varsa və mütləq başqa ölkələrdən daha çox təhsil verilmək istə­nilirsə, hazırlıq dövründə hər tələbə, ixtisasından asılı ol­mayaraq, riyaziyyat, kompüter və proqramlaşdırmanı öy­rənməlidir. Bax, onda başqa ölkələrdən geridə yox, öndə olarıq. Çünki, hazırda öyrədilən ingilis dili “rock and roll” dilidir. Əsl elm dili isə riyaziyyatdır.

  6. Partiyasından və siyasi görüşündən asılı olmayaraq, iqtidarda olan hökumətlər Türkiyə, Türk dünyası və türk xalqının əbədiliyini və maraqlarını birinci planda dəyər­lən­dirməli və bu mənada milliliyə önəm verməlidirlər. Tür­kiyə və Türk dünyasının ən əsas problemi olan təhsil və təhsilin dili məsələsidir və bu məsələlərə diqqətlə ya­naş­mayan, qəti tədbirlər görmək istəməyən bir iqtidar, təm­silçilərinin nitqlərindən və xarici görünüşlərindən asılı olmayaraq milli ola bilməz.


XXI əsrdə Türkiyənin hədəfləri baxımından təhsil
XXI əsrdə dünya hansı istiqamətə gedir? Yeni dünya gücləri kimlər olacaq, dünyada güc balansı necə forma­la­şacaq, yeni texniki elmlər cəmiyyətlərə, onların mədə­niy­yətlərinə necə təsir göstərəcək? Milli mədəniyyətlərin, dil­lərin yerini vahid bir dünya mədəniyyəti, vahid bir dünya dilimi tutacaq? İnsanların insan təsəvvürü, bir-birilərinə qarşı münasibət və davranışları, əxlaqları necə olacaq? Aşağıda bütün bunlara, görünən üfüqə nəzər salacağıq. Son­ra isə belə bir suala cavab axtaracağıq: bu görünən üfü­qə doğru kor-koranə gedəcəyik, yoxsa özümüzə məx­sus bir istiqamət seçə bilərik? Bütün istədiklərimizin real­laşma imkanı olsa necə bir Türkiyə, necə bir türk dünyası, necə bir dünya olmasını istərdik? Gəlin bunun haqqında düşünək. Parıldayan o uzaq ulduzlara doğru addımlayaq. Oralara gedib çatmaq üçün biz ancaq müəyyən fundament yarada bilərik. Və yaxud nə vaxtdandır yaradılan xəyanət fundamentini dağıdaraq yerinə yenisini yaradarıq. Binanın formalaşmasını, damının vurulmasını ancaq növbəti 5-10 ildə yetişəcək nəsillər və onların xələfləri görə biləcəklər.

Yaradılacaq fundament, görünən mavi səmaya doğru nəsillərin yüksəlişi ancaq daxili və xarici bədxahların xəyanətkar əlləriylə təhrif edilən təhsil sistemimizin yeni­dən qurulması ilə mümkün olacaqdır. Ona görə də, kön­lü­mü­zün istədiyi və daimiliyimiz üçün zəruri olan bir Tür­ki­yəyə doğru addımlamağı mümkün edən bir təhsil sistemi və onun əsas prinsipləri üzərində dayanacağıq. Allah kö­nüllərimizi bu yolda birləşdirsin və könül əhlinə güc-qüv­vət versin.



Dünya hara gedir, Türkiyə hara?
İkinci dünya müharibəsindən sonra Avropa və Asiya güc imkanlarını itirmiş, meydanda təkcə Amerika (Qərb İttifaqı) və Rusiya (Şərq İttifaqı) qalmışdı. Bu iki güc əv­vəlcə dünyanı öz aralarında bölüşdürdülər sonra isə öz ara­larında silahlanma yarışına girdilər. Bu müddət ərzində bi­ri­nin hədə-qorxu gəldiyi bir ölkəni o birisi himayəsi altına alaraq öz əlinə keçirdi. Kimisi rəsmi şəkildə bu ölkələri iş­ğal etdi, kimisi də üzdə dost görünərək ölkənin içinə nüfuz etdi və bu ölkənin mədəniyyəti, təhsili və ictimai strukturu üzərində oynadı, özünə əlaltılar yetişdirib müəyyən möv­qe­lərdə yerləşdirdi, beləliklə də o bədbəxt, sadəlövh ölkəni içəridən istila etdi.

Lakin 40 il müddətində iki nəhəng güc bir-birini iq­ti­sadi baxımdan zəiflətdilər. İkisinin də maddi imkanları tükəndi. Öz ölkələrində lazım olan xərcləri ayıra bilmə­di­lər və cəmiyyətləri sürətlə tənəzzülə üz tutdu. Nə vəzifə əx­laqı, nə ailə həyatı, nə də küçələrdə təhlükəsizlik qaldı. La­kin iki nəhəng gücün hegemonluq altına aldıqları ölkə­lər üzərindəki hakimiyyətləri davam etdi. Çünkü, o ölkə­lərdə bütün təbəqələrin içinə nüfuz etmiş, özlərinə sadiq kadr­lar yetişdirmişdilər. O ölkələrin öz imkanlarını özləri­ni­nin əli ilə istismar etdirərək, hegemon gücün gələcək məqsəd və maraqlarına istiqamətləndirməyi bacarmışdılar. Bu, hegemon ölkəyə artıq heç bir əlavə yük gətirmirdi.

Bu müddət ərzində Avropanın və Uzaq Şərqin iqti­sa­diyyatı və sənayesi güclənməyə başladı və getdikcə iki hegemon gücə az da olsa sözünü keçirə biləcək vəziyyətə gəldi. İki hegemon güc ancaq silah istehsal etməklə və bu silahlara daimi bazar tapmaq və bu məqsədlə də dünyanın hər tərəfində qonşu ölkələr arasında və ölkələrin öz da­xi­lin­də münaqişələr yaratmaqla məşğul oldular.

Lakin bütün bunlara baxmayaraq, hər iki hegemon güc də daxili tənəzzüllə qarşılaşdılar. Sovet İttifaqı görü­nüş­də dağıldı. Xaricdən bariz şəkildə hiss edilməsə də Ame­rika və İngiltərə də içəridən ciddi şəkildə çökməyə baş­ladı.

Bu proseslər davam edə-edə Avropa İttifaqı və Uzaq Şərq (Yaponiya, Koreya, Tayvan, Sinqapur, Malayziya) ye­ni iqtisadi güc kimi ortaya çıxdılar. İki keçmiş hegemon güc bir-birini gücdən salmağa davam edərkən, Çin səssiz-küysüz nəhəng iqtisadi, sənaye və texniki gücə çevrildi. Ən gücsüz qalan ölkələr isə İslam ölkələri, Afrika və Cə­nubi Afrika ölkələri oldu.

İkinci dünya müharibəsindən sonra elm, texnolo­gi­ya, təhsil və mətbuat-nəşriyyat (təbliğat) üstünlüyü iki he­gemon ölkədə qalmış, sosialist blokunda rus dili, ka­pi­talist blokunda isə ingilis dili hakim dil olmuşdu. Ruslar Orta Asi­yada tədris dili rusca olan təhsil müəssisələri açdılar. Düz­dür, özbək dilində, türkmən dilində və s. türk dillə­rin­də təhsil verən təhsil müəssisələri də vardır. Lakin əsas im­kanlar rus dilli təhsil müəssisələrinə verilir və rus dilli təhsil müəssisələrindən məzun olanlara iş üçün daha bö­yük imkanlar açılırdı. Nəticə etibarilə yerli dildə təhsil ve­rən məktəblər ikinci dərəcəli təhsil müəssisələrinə çev­ri­lir­dilər. Valideynlər, şagird və tələbələrin özləri daha imti­yaz­lı olan rus dilli təhsil müəssisələrinə maraq göstərməyə başladılar. Eyni strategiyanı əvvəlcə ingilislər, sonra isə on­ların tarixi rolunu təhvil alan amerikalılar tətbiq etdilər. Elə bir təəssürat yaradıldı ki, sanki artıq dünyanın dili in­gi­lis dili olacaq, başqa dillərə ehtiyac qalmayacaq. Bu stra­tegiya dünyada ən çox nədənsə Türkiyədə uğur qazandı. Belə görünür ki, elə əsas “diqqət” də Türkiyəyə verilmişdi. Çünki, türklər bir çox imperiyalar qurublar, on min illik kö­kə, sanki riyazi bir struktura və əvəzsiz bir şəkildə özü­nü yeniləmə gücünə sahib olan bir dilə, dərin bir tarixə, mədəniyyətə və ənənəyə varis olublar. Min il islam dün­ya­sının mərkəzi gücü, idarəçisi və himayəçisi olmuş, Məm­lu­kilər dövründə gətirdikləri dərin Asiya mədəniyyəti ilə İs­lam sənəti, ədəbiyyatı, elmləri, fəlsəfəsi və texno­logi­ya­sına ən böyük töhfələri vermişlər. Türk və İslam düşməni olan, hələ də xaçlı səfəri mentalitetini davam etdirən təəs­süb­keş qərblilər türklərin bu böyük töhfələrini əvvəlcə İs­lam dünyasında, sonra Qərbdə və nəhayət Türkiyə içində unutdurmaq və inkar etdirməklə işə başladılar. Sonra növ­bə (düz 40 il əvvəl) tarixin, mədəniyyətin, milli hiss və bü­töv­lüyün və adət-ənənənin yaşaması üçün əsas fundament olan Türk dilinin yox edilməsinə gəlib çatdı. Kağız üzə­rin­də rəsmi dili Türk dili olan Türkiyənin təhsil dili tamamilə in­giliscə olmağa başladı.

Bu proseslər əsnasında Türkiyə ciddi bir mənlik böh­ranı ilə üzləşdi, əhalisi parçalandı. Eyni millətin övlad­la­rı müsəlmandır, avropalıdır yoxsa amerikalı? Millət çaş-baş qaldı. Hətta eyni ailənin üzvləri arasında dərin mədəni fərqliliklər ortaya çıxdı.

Türkiyə daxildən əriməyə davam edərkən son beş il­də dünya səhnəsində böyük dəyişikliklər baş verdi. Tür­ki-yə bu dəyişikliklərlə ayaqlaşmaq əvəzinə daxildəki qarşı­dur­malarla, korrupsiya ilə, iqtisadi böhranlarla məşğul edildi. Lakin təhsil, mədəniyyət, dil üzərində oynanan oyun­lar səssiz küysüz davam etdi. Halbuki bu illərdə digər ölkələr özünün milli təhsilinə, mədəniyyətinin və dilinin qo­runmasına və inkişafına təzədən böyük diqqət ayır­mış­dı. Artıq rus və ingilis dilinin hakimiyyəti zəifləmiş, al­man, fransız, ispan, italyan, yapon, ərəb, çin və s. dillər ye­nidən əhəmiyyət qazanmağa başlamışdı. Polşa polyak di­linə, Macarlar macar dilinə, koreyalılar da koreya dilinə çox böyük əhəmiyyət verdilər. Hətta canlı daşıyıcısı qal­ma­yan, ölü və yaxud yox olmaq üzrə olan dillər dirildildi. Məsələn, İsrail ibrani dilini yenidən diriltdi, onu təhsil, hət­ta kompüter dili etdi. Əvvəllər mədəniyyətləri və dilləri ingi­lislər tərəfindən məhv edilən irlandiyalılar özlərinin qə­dim Qal dilini diriltməyə çalışırlar. Amerikanın yerli­ləri bir çox təzyiqlərlə üzləşsələr də yeni bir özünəqayıdış və dillərini xilas etmək üçün ciddi səylər göstərirlər. Bütün bunları görəndə, adam türklərin sanki kütləvi bir şəkildə mənlik intiharı yarışına girmələrinə heyrət edir və dəhşətə qapılır.

Yuxarıda Koreya, Polşa və s. ölkələr və onların nü­mu­nəvi hərəkətlərindən danışdıq. Halbuki bu ölkələr son ya­rım əsrdə bir növ yadellilərin işğalı altında idilər. Ta­rix­də heç vaxt yayılmayan yapon dilinə günümüzdə ameri­ka­lı­lar və avropalılar canfəşanlıqla öyrənirlər. Yaponiya xa­ri­ci tələbələrə təqaüdlər ayırır və şərt kimi də yapon dilinin öyrənilməsini irəli sürür. Türkiyə isə Orta Asiyanın türk öl­kələrində təcili olaraq müştərək bir türk dili yaratma fəaliy­yətinə başlamaq yerinə, orada sanki ingilis-amerikan missioneri kimi, təəssüf ki, bir çoxu etdikləri pisliklərin fərqində belə olmadan, ingilis dilli təhsil ocaqları açırlar. Son üç dörd ildir ən əsas vəzifələri o ölkələrdəki türklük şüurunu, mədəniyyətini (türk dili olmadan bunların olması da mümkün deyil) yaşatmaq olan türk təşkilatları əvvəllər türkcə baş verənlərin hamısını ingilis dilində yazıb oradakı türk­lərə paylayırlar. 1994-cü ilin yanvar ayında Vaşinq­ton­da keçirilən Amerikadakı türk alimləri təşkilatının top­lan­tısı zamanı Orta Doğu Texniki Universiteti (OTDU) və Boğaziçi Universiteti mənsubları başda olmaqla Türkiyə­dən gələn bütün çıxış edənlər – hörmətli Murad Qara­yal­çından başqa hamı çıxışnı ingilis dilində etdi. Halbuki din­lə­yicilərin hamısı türk idi. İçəridəki tək-tük bir iki Amerikalı Türkiyə mütəxəssisi də türk dilini çox yaxşı bilirdilər. Şəx­sən mən utandım, sıxıldım, Hindistanda (hətta onlar da keçmiş hökmdarlarına indi lənət oxuyurlar və necə de­yər­lər, bu ingilis bəlasından xilas olmağa çalışırlar) və ya Fi­lippində olduğum hissə qapıldım. Mənə ən pis təsir edən isə, bir OTDU nümayəndəsinin türklərin qarşısında ingilis dilində danışarkən açıq bir şəkildə necə qürur duyduğunu gör­mək oldu.

Yenidən qayıdaq öz mənliyini qoruyan ölkələrə. Son illərdə ən sürətli inkişaf edən və dünyanın mənzərəsini də­yişdirəcək keyfiyyətdə olan elm və texnologiya sahələri molekulyar biologiya (Türkiyədə demək olar ki, bu sahədə tədqiqat yoxdu), kompüter və qlobal informasiya texno­lo­gi­ya­larıdır. Kompüterlə dünyanın hər tərəfi ilə birbaşa əlaqə saxlamaq və informasiya mübadiləsi aparmaq müm­kündür. Bu, ingilis dilinin beynəlxalq bir dilə çevrilməsi cəhdlərinə baxmayaraq bir çox başqa dillərin yayılması üçün də vasitə rolunu oynayır. İnternetdə çox sayda alman, fransız, ispan, italyan, macar və s. dillərdə bülletenlər gör­mək mümkündür.


Necə bir Türkiyə mümkündür?
İnsanın və cəmiyyətin səadəti təkcə maddi rifaha əsas­lanmır. Qərb dünyası maddi rifahı ilə yüksək səviy­yə­də olsa da, bir-birindən qopmuş, könülləri qurumuş çox say­da bədbəxt insanlarla doludur. Bizə aşılanmaq istənən də budur. İnsanların səadəti maddi və mənəvi zənginliyin ey­ni anda mövcud olması ilə mümkündür. Bu, Möv­la­na­nın “Məsnəvi”sindəki bir hekayə ilə çox gözəl ifadə edil­mişdir. Babalarımız mənəvi elmlərdə bugünkü Qərbdən çox qabaqda olublar. Bizdə bir alimin həqiqi bir alim ola bilməsi üçün həm maddi, dünyəvi, həm də mənəvi, yəni da­xili aləmin elmlərinə vaqif olması vacib hesab edilirdi. Maddi elmlər fizika, kimya formulları bir şeyin necə for­malaşdığını göstərir, lakin nə edilməli olduğu haqqında heç nə demir.

Nəyi seçmək insanın və millətlərin mədəniyyət­lərin­dən, mənəvi aləmlərindən asılıdır. Mənəvi və insanlıq yö­nü zəif olanların məşğul olduqları elm və texnoloji inki­şaf çox vaxt bəşəriyyətin əleyhinə istifadə edilir. Məsələn te-le­vi­zoru götürək. Bu gözəl texniki vasitə ilə insanların təh­sil səviyyəsinin, mədəni və mənəvi zənginliklərinin yük­sək səviyyədə inkişaf etdirilməsi mümkün olduğu halda, bu gün bir çox kanallar, məsələn Amerika televiziya ka­nal­ları insanlara vəhşilik, dələduzluq, əxlaqsızlıq öyrədir, in­sanları öz düşüncəsi olmayan bir qoyun sürüsünə çevirir.

Biz həm Asiyayıq, həm Avropa, həm də Yaxın Şərq. Söhbət coğrafi mövqeyimizin bizə bəxş etdiyi mədəniyyət və mənəviyyat zənginliyindən gedir. Şərqin mənəvi zən­gin­liyi və insan anlayışı ilə Qərbin maddiyatı arasında kör­pü qura biləcək bizdən daha münasib bir millət yoxdur. Dəhşətli bir naqislik kompleksi ilə xaçlı səfəri mentali­te­tin­dən xilas ola bilməyən Avropaya yalvara-yalvara qal­maq­dansa Asiyalı olmağımızdan qürur duyaraq tarixi mə­nəvi zənginliklərimizlə maddiyatı ən yeni qabiliyyətlərlə insanı əzmə və istismar etmək üçün yox, insanın yük­səl­mə­sinə, səadətinə, qardaşlıq duyğusuna və rahatlığa qovuşması üçün istifadə edən bir millət olmalıyıq. Necə ki, əsrlərcə olmuşuq.

Son vaxtlar Qərbin keçirdiyi mənəvi böhran onun başqaları ilə olan davranışlarında da özünü göstərir və bə­sit mədəniyyət maskası altında Qərbin nə dərəcədə qəddar, eqoist və barbar olduğunu nümayiş etdirir. De­mokratiya, BMT, insan haqları Qərbin sadəcə öz çirkin əməlləri üçün istifadə etdiyi örtük və maskadan ibarətdir.

Türkiyə həm Qərb üçün, həm də Şərq üçün insanlıq nümunəsi olan bir ölkə ola bilər. Bir millət zülmə məruz qalırsa türkü öz yanında, sülh yaradılmasına çalışan, vasi­tə­çilik edən, bütün beynəlxalq təşkilatlarda öz səsini eşit­di­rən, insanlığa dəvət edən ən fəal bir sülhpərvər kimi gör­məlidir.

Gələcəyin Türkiyəsi yeni bir Yapon möcüzəsi ola­caq, elmdə, texnikada ən ön cərgədəki yenilikləri ilə həm özü­nə, həm də bəşəriyyətə faydalı bir şəkildə çalışacaqdır. Türk gənci həm öz tarixini, dilini, ədəbiyyatını, həm də xarici aləmi, texnologiyanı biləcəkdir. Türk nə başqaları tə­rəfindən xor görüləcək, nə də öz mənliyindən vaz ke­çəcəkdir.

Türk, Asiya ölkələri və İslam dünyası ilə öz arasında yaradılan soyuqluğu, hətta düşmənçilik hisslərini yox et­məli və müxtəlif ölkələrlə mədəniyyət, təhsil, elm və həm­rəylik münasibətlərini inkişaf etdirməlidir. Yeni Şərqi Av­ropa ölkələri ilə, Yaxın Şərq və Asiya ölkələri ilə, hətta Afrika və Cənubi Amerika ilə tamamilə yeni əlaqələr qu­racağıq. Köhnə dostlar, düşmənlər hamısı bizim insan­lı­ğı­mızın və qabiliyyətlərimizin həsrətində olacaqlar və biz­dən nümunə götürəcəklər.

Orta Asiya Türk dövlətləri ilə sıx mədəniyyət, təhsil, texnologiya, ticarət münasibətləri qurulacaq və siyasi bir məqsəd güdmədən aramızdakı qopmuş qardaşlıq əlaqələri möhkəmləndiriləcək, gömrük, pasport, viza maneələri ləğv ediləcək və əsl bir türk dünyası yaradılacaqdır.

Türk gənci, həm köhnə, həm də yeni Türkiyəni çox yaxşı tanıyacaq, hər peşədə, hər sahədə gözəl və daim in­kişaf edən Türk dilini istifadə edərkən hər kəlmənin bir bal damlası kimi dadını ağzında hiss edəcək. Türk dilini dün­yanın qardaşlıq və insan sevgisi dilinə çevirəcəkdir.

Səlcuqlu babalarımızın dövründə olduğu kimi, təhsil müəssisələrimizə dünyanın hər tərəfindən xarici müəllim­lər gələcək, Türk dilində təkcə ən yeni elm və texnolo­gi­ya­nı yox, insanlığı da öyrənib öz ölkələrinə dönəcəklər.

Türkiyəyə gələn xarici turistlər təkcə Roma, Bizans və ilk dövr Xristian xarabalıqlarını yox, Səlcuq, Osmanlı əsər­lə­rini də görəcək, karvansaralarda türk qonaqpərvər­li­yi­ni dadacaq, yenidən canlanan gözəl ənənə və həyat tər­zimizin həsrətində olacaqlar.

Qısa bir vaxtda belə bir Türkiyə formalaşdıra bilərik.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin