Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010


Zehni biliklərdən elmə, əməli biliklərdən texnologiyaya tarixi keçid



Yüklə 1,48 Mb.
səhifə5/5
tarix25.12.2019
ölçüsü1,48 Mb.
#30007
1   2   3   4   5
235 jsgttxwwfu (1)


Zehni biliklərdən elmə, əməli biliklərdən texnologiyaya tarixi keçid
Yaxşı ağıl hələ azdır, əsas

məsələ onu yaxşı tətbiq etməkdədir.

Rene Dekart


Bilik məqsəd deyil, vasitədir.

Lev Tolstoy


Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövrlərdə də iki müxtəlif bilik növü: koq­nitiv və əməli biliklər mövcud olmuşdur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsasında maddi fəaliyyət - praktika dayanmışdır.

Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin birinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, “niyə”, “hansı səbəbdən” suallarına cavab ver­mək təşəbbüsündən irəli gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticə­lə­rini də idrak süzgəcindən keçirməklə daha intensiv xa­rakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı insanın fəal mü­daxiləsinə olan əks təsirlər də informasiya mənbəyinə çevrilir.

İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, “necə”, “hansı yolla” suallarına cavab verən biliklərə tələbat yaradır. Mücərrəd tə­fəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə pas­siv, seyrçi münasibətindən törəyən, təməlində inikas pro­sesi dayanan koqnitiv biliklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə məntiqi təfəkkür hələ formalaşma­dığından, seyr heç də biliklərə yox, yalnız təsəvvürlərə gə­tirib çıxarmışdır. L. Levi-Bryulun yazdığı kimi, məntiqə­qədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə an­layış və biliklər əvəzinə yalnız “kollektiv təsəvvürlər” olmuşdur.

Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər cür mistikadan uzaq ol­muş­dur. Maddi istehsal prosesi sayəsində insanın özünü tə­biətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qar­şı qoyduğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nis­bi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın fərqlənsə də, onların arasında müəyyən qarşı­lıqlı əla­­­qə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növ­lə­rini fərqləndirmək və tarixi baxımdan müqayisə etmək çə­tindir.

Bununla belə, tarixən məhz əməli bilklərin ilkin ol­ması, koqnitiv biliklərin isə mifoloji təsəvvürlərlə, “mən­ti­qəqədərki təfəkkürlə” əməli biliklərin birləşmə­sindən, yəni nisbətən sonra yaranması fikri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli bi­liklər elmi in­kişafın yeganə mənbəyidir. Əsasən mifo­loji və mistik xa­rakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.

Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız induktiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı olan və çox vaxt ondan ay­rılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, ideal möv­cud­luq statusu kəsb etməyən əməli biliklər nəinki elmi bi­lik­­lərin yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi­liklər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyi­ni in­diyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsa­sın­da dayanır. Ona görə, müasir dövrdə elm ilə texno­logiya arasındakı münasibətin mənşəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarak­teri dəyişdikcə, onun şüur tərzi və malik olduğu biliklə­rin xa­rak­teri də dəyişmiş olur. C. Bernal ovçuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do­ğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliy­yət və onun nəticəsi arasında vasitələndirici mərhə­lələr, xüsusi keçid prosesi hələ yox idi. Lakin burada C. Bernal belə bir cəhəti qeyd etməyi unudur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ov­çu­lu­ğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı in­kişafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasi­tə­lən­diyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ “mədəniyyətin yaratdığı istehsal alətlərinə” əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymət­ləndirilməsidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək sahələrinin fərqləndirilməsindən ibarət olmayıb daha prinsipial xarakter daşıyır və fiziki və zehni əmək böl­gü­sünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məh­su­lun alınması üçün bir sıra aralıq fəaliyyət formala­rının ic­rasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkin­çiliklə de­yil, maldarlıqla müqayisəsi daha əyanidir. Hey­vanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən ye­mək; çünki oddan istifadə aralıq mərhələlər zəncirində daha bir hal­qadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu bəs­lə­yib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək ola­caqları üçün heyvanları əhliləşdirir və bəsləyib bö­yü­dürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata ke­çirilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffə­qiyyətlə ic­ra edilməsi üçün maddi fəaliyyətdən ayrılmamış əməli bi­liklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edil­məli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zə­ruri şərtdir. Bu biliklər, yuxarıda artıq gös­tərdiyimiz ki­mi, seyrlə başlayır. C.Bernal yazırdı: ”...Bu vaxt artıq hey­van və bitki həyatının bütün tarixi müşahidə pred­me­tinə çevrilmişdir. Yalnız heyvanı necə tutmağı, ya­xud bit­kini necə yığmağı deyil, həm də onların necə çoxal­dığını və böyüdüyünü də bilmək zəruri idi”.1

Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əla­qə­ləndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vər­dişləri ilk texniki nümunələr idi və onların tarixi sivili­za­siyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: ”Mə­dəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış tə­biətə in­sani münasibətdir“.2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayırma­sından və ya tə­biətə vasitəli münasibətindən başlanır. Bilavasitə əl­də, əlin hərəkətlərində maddiləşən şüur za­man keçdikcə, fəaliyyət çoxpilləli quruluş kəsb etdikcə, vasitələndirici mər­­hələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.

Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mən­şə­yi­ni əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nə­zəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də tex­nikanın onların həyatında oynadığı mühüm də­yişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız tex­ni­kaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan “Enki və kainat”3 adlı şumer poemasında “allah Enki əsas etibarilə toxanı, kərpic üçün formanı – qəlibi ix­tira edən, evləri, pəyəni, arxacı tikən və cütçü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqlən­dirən “tex­niki” nailiyyətlərin yaradıcısı kimi göstəril­mişdir».1 Lakin şübhəsiz ki, qədim adamların özləri haq­dakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhə­miyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Keç­mişin məlumatları müasir məntiqin imkanları mövqe­yin­dən təhlil edilməlidir.

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasi­bəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; mə­sə­lən, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də bi­liklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qə­dər təkmilləşmədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövrlərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi üçün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.

Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi pro­blemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.

Bundan başqa, elmi-texniki tərəqqinin daxili struktu­runu aydın şəkildə təsəvvür edə bilmək üçün, elmi-texniki inqilabın mahiyyətini müəyyənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müstəqil tarixi inkişaf yolunu öy­rənmək tələb olunur. Bu cür tələbat təkcə baxılan sahə üçün yox, ümumiyyətlə istənilən ictimai hadisə üçün zəru­ridir. Doğrudan da, ayrılıqda elm və texnikanın ilkin for­ma­laşma dövründən başlayaraq keçdikləri tarixi mərhə­lə­lər məlum olmadan “elm-texnika” sisteminin müasir dövr­dəki strukturunu müəyyən etmək çətindir.

Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəqqinin qanunauyğun nəticəsi kimi meydana çıxır və bun­dan sonra elmi və texniki tərəqqi ilə yanaşı elmi-tex­niki tərəqqidən də danışmaq lazım gəlir.

Müasir sistem-struktur təhlil metodunun və “bütöv­lük” haqdakı təlimin əsas məziyyətlərindən biri budur ki, “nisbi müstəqil” anlayışının qeyri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Məsələ burasındadır ki, “nisbi müstəqillik” anlayışı istənilən iki əlaqədar tərəf arasındakı münasibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstəqilliyi hələ onun daxili tam­lığına də­lalət etmir. “Daxili tamlıq” şəraiti isə sis­temli yanaş­ma­nın mümkünlüyü üçün əsas şərtdir.

Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil olmasalar da, ayrıca sistemlər kimi mövcud ol­muşlar. Onlar müasir dövrdə də öz nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bundan başqa, elm və texnika ara­sında qarşılıqlı əlaqə əvvəllər də mövcud olmuşdur və “nisbilik” şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. Bu baxımdan yanaşdıqda yeni “elm-tex­nika” sisteminin formalaşması haqqında heç bir ciddi elmi qənaətə gəlmək mümkün deyil. Yeni nisbi müstə­qil sistemin – “elm-texnika” sisteminin əmələ gəlməsi yal­nız əlaqə ünsürləri çoxluğunun tədricən müəyyən daxili tam­lıq əldə etməsi ilə izah oluna bilər.

Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələlərin, həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi onların sosial mahiyyətini də müəyyənləş­dir­mə­yə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ic­timai hadisə kimi tədqiq oluna bilməsi üçün əsas şərtdir.

Elm və texnikanın bir sistem kimi formalaşması pro­sesi hələ lap başlanğıcdan insanın və cəmiyyətin ya­ran­ması prosesi ilə bütöv bir tam təşkil edir. Elm icti­mai tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi, mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika ic­timai tərəqqinin mənəvi məhsulu olmaqla bəra­bər, həm də maddi məhsuludur.

Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaş­maları zamanından, birinin düzəltdiyi əmək vasitələrindən digərlərinin də istifadə etdiyi vaxtdan meydana gəlmiş­dir. Belə vasitələrin düzəldilməsi də müəyyən zəruri icti­mai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaran­ması halında mümkün olmuşdur. S. Lilli yazır: “Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənət­karlardan müasir əmək alətləri alırdılar”.1 İnsanlarda şüurluluq və ic­­timailəşmənin zəif inkişaf etdiyi dövr­lərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məqsəd gün­dəlik yem tədarükü görməkdən, öz başına çarə qılmaqdan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiya­cını ki­fayət qədər ödəmiş olan adamlar başqa işlə məşğul ol­maq üçün sərbəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni texniki vasitələrin hazır­lan­ması ilə məşğul olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif əra­zilərdəki insan qrup­ları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötü­rülə bilmirdi və s. Bütövlükdə cəmiyyət miqyasına uyğun gə­lən, daxili tamlığa malik olan vahid tex­nika sistemi hələ for­malaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sa­yəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.

Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötü­rül­məsi vasitələrinin inkişaf səviyyəsi elmi nai­liyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoy­duğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə yaran­mışdır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb et­miş, bir sosial sistem kimi formalaşmışdır.

Elə xassələr vardır ki, onlar baxılan tərəfə heç də hə­mişə xas olmayıb, onun inkişafının yalnız müəyyən mər­­hələsində təzahür edir. Elmi inkişafın təcilli xarak­teri də yalnız elm qlobal, ümumictimai sistem kimi forma­laşmağa başlayarkən təzahür etmişdir. Ümumiyyətlə, müasir dövr­də elm və elmi inkişaf hadisəsi üçün səciyyəvi olan xas­sə­lərin əksəriyyəti elmin daxili tamlıq və qloballıq kəsb et­məsi sayəsində əmələ gəlmişdir.

Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseoloji sistem kimi isə yalnız XVIII əsrdən formalaş­mış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibət­lər sferası ilə qırılmaz surətdə bağlı olmuş və qnoseoloji funk­siya daşımışdır. Belə ki, hər hansı elmi fəaliyyətin müm­kün­lüyü əvvəlcə elmi işçinin maddi cəhət­dən təmin olun­masını tələb edirdi ki, bu da həmin dövrdə elmi yara­dı­cılı­ğın mövcud iqtisadi münasibətlərdən asılı olduğunu gös­tərir. Məsələn, məlum olduğu kimi yalnız kö­ləlik əkin­çi­liklə sənaye arasında böyük miqyasda əmək böl­güsünü mümkün etdi, beləliklə də qədim dünya mədə­niy­yətinin – yunan mədəniyyətinin tərəqqisi üçün şərait ya­rat­dı.

Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sis­tem kimi formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xarakter alması da məhz elmin sosial sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.

Elm və onun inkişaf yolu
Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağ­layır, qarşısına çıxan çətinliklərdən, təhlükələrdən xilas yo­­lunu elmdə axtarır? Məgər bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm yaratmamışdırmı? Nəyə görə bu aydın həqiqətləri görə-görə insan yenə də bu təhlükələrin «səbəbkarına» pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər bir çə­tinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətin­liyi doğuran səbəbin özündə axtarmaq lazımdır?

Hər halda bir şey aydındır ki, insan yaradıcılığının ən ecazkar məhsulu olan elm getdikcə insandan uzaqlaşır və öz yaradıcılığından asılı olmayan müstəqil qüvvəyə çev­rilir. İndi elmin kimin əlində olmasından çox şey asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri döndərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq müm­kün deyil. Ona görə də qarşıda duran böyük vəzifə heç ol­mazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyə­lənməsi və inkişaf səviyyəsinə görə «fəsad əhlini» qa­baq­lamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoş­bəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.

Elmin ön xəttinə çıxmaq üçün isə ilk növbədə onu mənimsəmək tələb olunur. Həm də təkcə konseptual məz­mun baxımından deyil, sosial və təşkilatı struktur baxı­mın­dan. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə et­mək mümkün deyil. Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur.

Elm nə vaxtdan başlanır?

«Elm» anlayışının başa düşülməsindən asılı olaraq bu suala üç cür cavab vermək olar.

1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsan­la­rın dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə gö­rə belədir» sualını qoyması biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu ha­disə müəyyən mənada elmin başlanğıcı kimi qəbul oluna bilər.

Adi şüur adət olunmuş, standart vəziyyətlərdə necə hərəkət etmək lazım olduğunu göstərirsə də, bu vəziyyəti şərtləndirən səbəbləri aşkar etmək üçün kifayət deyil. Bu­nun üçün adi şüur hüdudundan kənara çıxmaq tələb olu­nur.

Belə nəql edirlər ki, guya bir dəfə İ.Nyutonun başına alma düşür. Alim bu hadisədən heyrətlənir və ümumdünya ca­zibə qanunu ideyasına gəlib çıxır. Bəlkə də bu, hə­qi­qətən belə olmuşdur. Mətləb bunda deyil. Mətləb heka­yə­tin bir şərhi ilə əlaqədar adi şüurla elmi şüurla fərq­lən­dir­məkdədir.

1972-ci ildə respublikamızda «Gənc fiziklər» məktə­bi­nin açılış mərasimindəki çıxışında Xudu Məmmədov bu hekayətə müraciət edərək dedi ki, əgər ümumdünya cazibə qanunu almanın düşməsinə görə kəşf olunsa idi, ən çox ehtimala görə Qubada kəşf olunardı… Ancaq əsas məsələ almanın düşməsində deyil, kimin başına düşməsindədir. Əsas məsələ bundadır ki, alma düşəndə adam sadəcə ba­şını yanamı çəkir, yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəbdən düşür? Bu sual ilk baxışdan nə qədər sadə gö­rün­sə də, onun qoyulması adi şüur hüdudundan kənara çıx­­mağı tələb edir. Bu sualın qoyulması məsələyə elmi mü­nasibətin başlanğıcıdır.

2. Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün me­yara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uyğun gəl­mək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni faktiki material gözləmədən yeni bilik almaq imkanı yaranır, başqa sözlə, mövcud biliklər sistemi özü-özünü inkişaf etdirmək keyfiyyəti əldə edir.

Elm həm də sosial sahədə vahid və bütöv sistem ki­mi formalaşır. Elmi biliklər sistemi daha artıq elm ha­disə­si­ni tam səciyyələndirmək üçün kifayət etmir. Elm dedik­də, bir neçə en kəsiyini ehtiva edən mürəkkəb qeyri-bir­cins sistem nəzərdə tutulur.

İstər «elm» sistemi, istərsə də, elmi inkişaf prosesi yal­­nız son illərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun ciddi surətdə art­ması ilə əlaqədardır. Təbii ki, tədqiqat elə ilk mərhə­lə­dən sis­temli xarakter daşıya bilməzdi və buna ehtiyac da ol­ma­mışdır. Bu sahənin tədqiqinə hər dəfə elmin və el­mi in­ki­şa­fın ən müxtəlif cəhətlərini öyrənmək zərurəti ya­ra­nar­­kən, qarşıya çıxan tələblərin konkret xüsusiyyətlərinə, spe­si­fikasına uyğun olaraq müraciət edilmişdir. Buna görə də müx­təlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabi­təsiz xarakter daşıyır. Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sahədəki elmi işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaşdırmaq olar. Elmin ta­rixi, metodoloji, qnoseoloji, sosioloji, iqtisadi, psixoloji aspekt­lər­dəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqno­zu probleminin öyrənilməsi – hər biri ayrılıqda nis­bi müs­təqil tədqiqat sahəsi kimi götürülə bilər. Bu sa­hə­lərin öz aralarındakı əlaqəsi çox zəifdir. Halbuki elm bü­töv sistem təşkil etdiyindən onun müxtəlif aspektlərdəki təd­qiqi də vahid terminoloji əsasa malik olmalı, sistemli xarakter da­şı­malıdır. Ayrı-ayrı tədqiqat qollarının ortaq məx­­rəcə gə­tirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxt­aşırı da olsa bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı ödə­mək üçün son vaxtlarda elmin müxtəlif isti­qa­mətlərdə öyrənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – elmşünaslıqda birləşdirmək təşəbbüsü göstə­ri­lir.

Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanuna­uy­ğunluğunu müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə özünü göstərsə də problem öz qəti həllini hələ tap­ma­mış­dır. Lakin bu sahədə bir sıra konkret nailiyyətlər əldə edilmiş, elmin başlıca xüsusiyyətləri, inkişaf meylləri və s. müəyyənləşdirilmişdir.

Sərlövhəsinə görə elmin metodoloji təhlilinə həsr olun­muş əsərlərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri, konkret elmi tədqiqat metod­la­rı, xüsusi elmi problemlərin fəlsəfi məsələləri öyrənilir. Bununla yanaşı metodoloji aspektdəki tədqiqat elmşünas­lı­ğın strukturunda mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin əlaqəsi hələ çox zəifdir.

Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısı nəzərə alınmalıdır. Hər bir təd­qiqat aspektində elmin müəyyən cəhətləri öyrənilir ki, bun­ları bilmədən onun bütöv mənzərəsini yaratmaq müm­kün deyil.

Sistemli yanaşma elmin element və strukturunun müəy­yənləşdirilməsini tələb edir. Həm də bu zaman bir yox, iki cür sistem öyrənilməlidir: əvvəla, «elm» siste­mi-nin özü – onun elementlərindən təşkil olunmuş sistem ikin­­cisi, elmin bir element kimi daxil olduğu sistem və burada elmin yeri.

Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrənilir, elmin bü­töv hadisə kimi tədqiqi, onun makroxassələri və yekun funk­siyaları kölgədə qalır. Məsələn, «elmin tarixi tədqiqi» adı altında adətən elmin tarixi əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki elmi bilik elm sisteminin tərkib ele­mentlərindən yalnız biridir. Belə hallarda nəzərə alın­ma­lıdır ki, sistemin və onun tərkib elementlərinin keçirdiyi keyfiyyət və kəmiyyət dəyişilmələri zamanca uzlaşmaya da bilər. Məsələn, elmi biliklərin inkişafında inqilabi çev­ri­lişlər, dünyanın elmi mənzərələrinin əvəzlənməsi və s. hələ bütövlükdə «elm» sisteminin keyfiyyət dəyişikliyi ke­çirdiyinə dəlalət etmir.

Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin ümumi inkişaf qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi id­rak metodlarının, elmi biliyin toplanma və saxlanma vasi­tə­­lərinin informasiya mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziy­yət­lərinə görə müəyyənləşdirilə bilər.

«Elm» sisteminin başlıca elementlərindən birini də el­mi yaradıcılıq prosesi təşkil edir. Tədqiqatçıların bir qis­mi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və onu yalnız bir en kəsiyində qnoseoloji müstəvidə tədqiq edir­lər. Belə tədqiqatlarda elmi bilik istehsalı prosesinin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir. Sistemli ya­naş­ma zamanı bu məqamlardan hər birinin elmin ümumi mənzərəsində tutduğu dəqiq yerini müəyyənləşdirmək, la­zım gəlir.

Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əvvəlcə onu bütöv dinamik bir sistem kimi tə­səvvür etmək və elmi səciyyələndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik obyektini müəy­­yənləşdirmək lazımdır.

Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öy-rənilməsində məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca bir fərdin deyil, ictimai fəaliyyətin məh­sulu olduğundan cəmiyyətə xas olan müəyyən xüsusiy­yət­lər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və hər hansı bir ölkədə elmi fəaliyyətin özünəməxsus cə­hət­ləri, elmin qarşısında qoyulan məqsəd və vəzifələr, elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqa­mətləri, bu və ya digər elmi axtarışa ictimai maraq və bundan asılı ola­raq elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi hə­min dövrdə və həmin ölkədəki ictimai quruluşun xarak­te­rindən, ümumi mədəni inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi təhlillə elmin inkişaf qa­nu­nauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna gö­rə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixinin vəhdətindən çıxış etmək, digər tərəfdən də el­mi mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun həm qno­seoloji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mü­hüm şərtdir.

Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və ya digər aspekt mütləqləşdirilir, yalnız bir mövqeni rəhbər tutaraq elmin mahiyyətini müəyyənləşdirmək cəhdləri gös­tərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə elm yal­nız məntiqi-qnoseoloji aspektdə öyrənildiyi halda, başqa qrup əsərlərdə yalnız sosial aspektdə öyrənilir. Bu, elmin di­ferensial surətdə tədqiq olunması baxımından, şübhəsiz hadisədir. Lakin həm birinci, həm də ikinci qrup təd­qi­qat­çıların təkcə öz mövqelərindən çıxış edərək ümumiyyətlə elm sistemini, onun strukturunu və mahiyyətini etmək cəhd­ləri, bizcə birtərəfli təşəbbüsdür və uğurla nəticələnə bilməz. Elmin mahiyyəti yalnız müxtəlif tədqiqat aspekt­lə­rinin müqayisəli və sintetik surətdə nəzərdən keçirilməsi, ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər.

Dialektik məntiq və idrak nəzəriyyəsi vəhdətdə ol­du­ğundan elmin məntiqi tədqiqi bütövlükdə elmi idrakın təd­qiqi ilə üst-üstə düşür ki, fəlsəfi ədəbiyyatda bu isti­qamət çox vaxt elmin ümumi metodologiyası adlanır. Elm­şünaslıqda elm onun konkret məzmunundan asılı ol­ma­yaraq öyrənildiyi halda, elmin metodologiyası onun məz­munu ilə sıx surətdə bağlıdır. Görünür, həm buna gö­rə, həm də ənənəvi olaraq elmşünaslıq problemləri və el­min metodologiyası bir-birindən asılı olmayan müstəqil təd­qiqat sahələri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiy­ya­tında elmin metodologiyasına geniş yer verilsə də, həmin sahənin elmşünaslıq aspekti və ya tərsinə, elmşünaslığın məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır.

Qərb fəlsəfəsi, xüsusən pozitivizm, elmi formal mən­­tiqi sxemlər əsasında təhlil etdiyi halda, marksizm fəl­səfəsi onu daha çox konseptual planda tədqiq edir, elmin yalnız dilini deyil, məzmununu da nəzərə alır. Digər tə­rəf­dən də müasir sosiologiya elmə bütöv sosial sistem ki­mi baxır və onun sosioloji problemləri hərtərəfli surətdə təd­qiq olunur. Lakin arada elə bir sahə vardır ki, hələ çox az öyrənilmişdir: bu, bütöv elm sisteminin, ümumictimai elmi fəaliyyət prosesinin məntiqi strukturunun açılmasıdır.

Keçmiş sovet fəlsəfəsinin ən nüfuzlu nümayən­də­lə­rindən biri akademik B.M.Kedrov elmin inkişaf konsep­si­ya­sından danışarkən 11 aspekt göstərirdi: iqtisadi, sosial, mədəni-mənəvi, əxlaqi-etik, səhiyyə və ekoloji psixoloji təbiətşünaslıq və texniki, elmşünaslıq, elmlərin qarşılıqlı təsiri, dünyagörüşü, dialektik-məntiqi. Bu aspektlərdən heç biri elmin məntiqi-qnoseoloji tədqiqini əhatə etmir. So­nuncu, «dialektik-məntiqi aspekt, müəllifin öz yaz­dı­ğına görə, – dialektikanın əsas qanun və kateqoriyalarının dialektik metodun özünün işlənib hazırlanması və zən­gin­ləş­dirilməsi məqsədilə tədqiq olunur». Göründüyü kimi bu­rada dialektik məntiqin elm sisteminin öyrənilməsinə tətbiqindən deyil, onun özünün elmin bir sahəsi kimi tədqiqindən söhbət gedir. Elmşünaslıq aspekti isə elmin so­­sial sistem kimi nəzərdən keçirilməsi ilə məhdud­laş­dı­rı­lır. Yalnız «təbiətşünaslıq və texniki aspektdə» elmi inqi­lab­ların da əhatə olunduğu nəzərdə tutulur. Bu, elmin mən­tiqi-qnoseoloji aspektinə aid olsa da, onun çox məhdud bir sahəsidir. B.M.Kedrovun təsnifatında elmin mən­tiqi-qnoseoloji aspektinə xüsusi yer ayrılmaması müəyyən mənada eksternalizmə uymaq meyli kimi qiy­mət­ləndirilə bilər.

Qərb fəlsəfəsində elmin məntiqi-qnoseoloji aspekti əsasən epistemologiya adı altında öyrənilir və buraya ən çox demarkasiya problemi elmiliyin meyarı və ya başqa sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəlsəfədən fərqləndirilməsi məsələsi, nəzəri və empirik biliklərin əlaqəsi, nəzəriyyənin həqiqiliyinin yoxlanması həqiqət prob­lemi və s. daxil edilir. Qərb elmşünaslarının bu sa­hə­dəki pozitiv xidməti daha çox dərəcədə elm tarixinin mən­tiqi təhlili, elmi inqilabların strukturunun öyrənməsi ilə bağlıdır.1 Həm də bu pozitiv xidmət məhz pozitivizm mövqeyindən uzaqlaşmaq, elmin qeyri-kumulyativist mo­del­lərini qurmaq sayəsində mümkün olmuşdur.

Müasir fəlsəfi ədəbiyyatda baxdığımız aspekt ən çox elmin metodologiyası, elmi idrakın məntiqi tədqiqi adı altında öyrənilir və buraya ən çox elmi idrakın pillələri: nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elmlərin in­teq­rasiyası və diferensiasiyası, elmi idrakın metod və for­maları, nəzəriyyə və eksperiment, nəzəriyyənin forma və strukturu kimi məsələlər daxil edilir. Bu qəbildən ədə­biy­yatda «elm» anlayışı altında bir qayda olaraq biliklər sis­te­mi nəzərdə tutulur və elmin əhatə etdiyi iki bilik səviy­yə­sinin: empirik və nəzəri biliklərin qarşılıqlı əlaqəsi ob­yek­tiv gerçəkliyin inikası hadisəsinin müvafiq mər­hə­lələri arasında əlaqə kimi götürülür. Empirik bilik obyektiv ger­çəkliklə bilavasitə qarşılıqlı təsirin nəticəsi olduğu hal­da, nə­zəri bilik ən çox mücərrəd təfəkkür sayəsində elmi id­ra­kın məlum metodlarından istifadə edərək aldığımız bi­lik­­lə­ri əhatə edir ki, onun da ən mühüm forması nə­zəriyyədir. Buna uyğun olaraq, biliyin həqiqiliyi problemi də iki mər­hələdə nəzərdən keçirilir. Birinci, empirik biliklərin ob­yek­tiv gerçəkliyə uyğunluğu, ikinci nəzəri biliklərin, nə­zəriyyənin ilkin empirik materiala və nəticə etibarilə, yenə də obyektiv gerçəkliyə uyğunluğu. Qərb fəlsəfəsində, xü­su­sən pozitivizmin müxtəlif qollarında yalnız ikinci mər­hələnin birinci hissəsi problem kimi qoyulur; belə ki, ob­yektiv gerçəkliyə uyğunluq məsələsi, ümumiyyətlə obyek­tiv gerçəkliyin qəbul olunması məsələsi metafizik (fəlsəfi) problem olduğundan pozitivistlər onu qeyri-elmi məsələ hesab edirlər. Digər tərəfdən də marksist-leninçi elm fəlsə­fə­sində də birinci mərhələ bir problem kimi qoyulma­mış­dır və ya ontoloji aspektdə qoyulduğundan elmşünaslıq mə­sələlərindən uzaqdır.

Beləliklə, elm fəlsəfəsində, həm də ümumiyyətlə, Qərb burjua fəlsəfəsində elmin məntiqi tədqiqinin çox cid­di aspektlərindən biri nəzəriyyənin həqiqiliyinin yox­lan­ması problemidir. Neopozitivizm verifikasiya prinsipini, se­mantik fəlsəfə elmi dilin məntiqi təhlilini, postpo­ziti­vizm falsifikasiya prinsipini və s. həqiqətin əsas meyarı hesab etsə də, bu məsələ özünün yeganə düzgün həllini praktika nəzəriyyəsində tapmışdır.

Elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizmdə, həm də fəlsəfədə geniş yer verilsə də, biliklərin struktur səviyyələrinə görə bölgüsü çox az tədqiq olunmuşdur. Lakin bununla belə, məhz elmi biliyin digər biliklərdən fərqi demarkasiya problemi müasir Qərb fəlsəfəsinin, xüsusən postpozitivizmin başlıca problemlə­rindən biridir. K.Popper və onun davamçılarının bir çox əsər­ləri bilavasitə bu məsələyə həsr olunmuşdur. Qərb alə­mində bu problemin aktuallığını artıran və ön plana çəkən cəhət isə elmi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir pozitivistlər demarkasiya problemini heç də elmi tədqiq etmək naminə deyil, klassik pozitivizmin fəlsəfəyə inkarçı münasibətini «yeni vasitələrlə əsaslandırmaq» üçün davam etdirirlər.

Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsəfəsində bir qayda olaraq yalnız biliklə əlaqədar olaraq işlədilir, yəni biliklərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki «elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və s. bu kimi çox müxtəlif obyekt və hadisələr üçün də elmilik me­ya­rından danışmaq olar və bütün bu hadisələr «elm» anla­yı­şında əhatə olunduğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müxtəlif aspektlərdə tədqiqinə eh­tiyac da buradan irəli gəlir.

Yuxarıda biz elmin B.M.Kedrov tərəfindən gös­tə­rilən tədqiqat aspektlərini saydıq. Bu siyahını daha da genişləndirmək, zənginləşdirmək mümkündür. Lakin söh­bət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli məsələlər de­yil, bilavasitə elmin təbiətindən irəli gələn ən ümumi isti­qamətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en kə­sikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsasən iki­dir: məntiqi-qnoseoloji və sosial. Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətlən­di­rilə bilər.

Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o birisinin ön plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açmağa imkan vermir. Xü­susən pozitivizmin bütün formaları elmi yalnız epistemo­loji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu mövqe idealist fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai ha­di­sələrlə bağlılığından irəli gəlir və onların qəbul olunması həmin məsələdə materialist mövqeyə uyğundur.

Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təh­lili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin so­sial aspekti isə ya işlənmir, ya da çox vaxt ayrıca, tam müs­təqil bir məsələ kimi öyrənilir: elmin məntiqi-qno­seoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlərin əldə olunması kimi başa dü­şüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir.

Real vəziyyət göstərir ki, əksər filosofların əsər­lərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cüm­lədən, kumulyativ epistemologiyanın, xüsusən Kant epis­te­mologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən ke­çirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edil­miş­dir. Belə ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda ən çox rast gələn möv­qe­dir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, dərin kök salmışdır. Kumulyativist epistemo-logi­ya­nın müd­dəalarına, əsaslanan bu mövqe elmin sosial as­pektini nəzərə almağa imkan vermir və internalizmə uy­ğun gəlir.

Əslində elm və bilik sistemləri yalnız müəyyən ümu­mi sahədə kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi sahə – elmi bilikdir. El-mi bilik «elm» sisteminə daxildir. «Bilik» anlayışı elmi bi­likdən başqa, əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə daxil deyildir. Yaxud da «elm» anla­yı­şı­nın əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, la­boratoriyalar, «elmi texnikası» və s.) və yaradıcılıq ax-tarışları «bilik» sisteminə daxil deyil.

Biliklər sistemi özündə fəaliyyət momentini əks et­dir­mir. Elm isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət zamanı cəmiyyətin tərkib his­sə­si kimi, ictimai hadisə kimi qarşıya çıxır.

Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi biliyin digər biliklərə nəzəən özünəməxsus cəhətini, elmi­lik meyarını axtarmaq «elm» sisteminin öyrənilməsi üçün kifayət deyil. Nəinki elmin bütöv bir sistem kimi öyrənil­mə­si, həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də bu çərçivəyə sığmır, müəyyən şərtləri ödəyən biliklər sis­temi ilə yanaşı, ümumictimai və fərdi elmi fəaliyyət pro­seslərinin də nəzərə alınmasını tələb edir.

XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsep­siyalar J.Sarton, Q.Başlyar, A.Koyre tərəfindən irəli sürül­müşdür.

J.Sarton elm hadisəsinə elmi biliklərlə yanaşı insan amilini də daxil etmiş, elmi fəaliyyətin subyekti olan in­sanların – elmi işçilərin dünyagörüşünü, mədəniyyətini, ic­timai vəziyyətini də nəzərə almağa çalışmışdır. Sartona görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kon­tekst­də öyrənilməlidir. Təsadüfi deyil ki, Sarton konsepsi­ya­sı elm tarixşünaslığında mədəni-tarixi istiqamət kimi ta­nı­nır. Mədəni-tarixi istiqamət elmin sosial təd­qi­qinin mü­hüm aspektlərindən biridir.

Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ic­timai mahiyyətinin qiymətləndirilməsinə ən çox bila­va­sitə elmin sosioloji və iqtisadi problemlərinə həsr olunmuş əsərlər xidmət edir. Elmdə müəyyən sosial strukturun hələ əvvəllər də mövcud olmasına baxmayaraq, onun tədqiqinə ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət sahəsi kimi yalnız son vaxtlarda ön plana keçmişdir.

Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə daha çox hissəsinin sərf olunması elmin iqtisadi baxımdan öyrənilməsinə tələbatı artırır. Lakin bu sahədə də hələ çox az iş görülmüşdür; halbuki konkret elmi tədqiqatların fay­dalılıq dərəcəsinin artırılması və elmin düzgün plan­laşdı­rılması üçün iqtisadi təhlilin rolu böyükdür.

Elmə xüsusi fəaliyyət sahəsi kimi baxan Q.N.Vol­kov hər bir zaman mərhələsində cəmiyyətin ona qədər əldə etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «El­min mahiyyəti artıq dərk edilmiş olan həqiqətlərdən yox, onların axtarılmasından, təbiət və cəmiyyət qanunlarının öyrənilməsi və istifadə olunmasına yönəlmiş eksperimen­tal tədqiqat işlərindən ibarətdir. Elm özlüyündə heç də bilik olmayıb, cəmiyyətin bilik istehsalı üzrə fəaliyyətidir, başqa sözlə, elmi istehsaldır»1. Göründüyü kimi, Q.N.Vol­kov elmə xüsusi fəaliyyət sahəsi və deməli proses kimi bax­maqla onun əhatə dairəsini həddindən artıq kiçildir ki, bu da məntiqi cəhətdən qüsurlu olan nəticəyə gətirir: elm – ... elmi istehsaldır. Halbuki elmi istehsal «elm» anlayışının əhatə etdiyi tərkib hissələrindən yalnız biridir. Buna bax­mayaraq, «elmi istehsal» anlayışının daxil edilməsi el-min mahiyyətinin və başlıca xüsusiyyətlərinin öyrə­nilməsi üçün böyük əhəmiyyətə malikdir. Q.N.Volkov öz möv­qe­yini elmi şəkildə əsaslandırmağa və bu işdə daha çox öy­rə­nil­miş olan istehsal prosesi ilə analogiya yaratmağa ça­lışmışdır ki, bu cür təşəbbüs yalnız təqdirəlayiqdir. Müəllif daha sonra yazır: «...Texnika maddi istehsalda hansı rolu oy­nayırsa, elmi bilik də mənəvi istehsalda həmin rolu oynayır. Bu mənada texnika insanın əməli fəaliyyətinin süni orqanı olduğu kimi, elm də insan beyninin süni or­qanı­dır. Lakin təəssüf ki, maddi və mənəvi istehsal pro­ses­lərinin analogiyasından istifadə təşəbbüsü ardıcıl surətdə davam etdirilməmişdir.

Elmin müxtəlif aspektlərdəki tədqiqinin bir-biri ilə əlaqəli şəkildə aparılması və bir-birini tamamlaya bilməsi üçün onun bir sistem kimi müəyyənləşdirilməsi ən vacib şərtdir. Amerika alimi H.Liman məhz bu cəhəti nəzərə alaraq yazır: «Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial as­pekt­lərini fərqləndirməzdən və müzakirə etməzdən əvvəl, hansı yolla isə elmi müəyyən bir tam kimi təsəvvür edə bil­məliyik».1

Elmi bütöv bir hadisə kimi təsəvvür etməyin, onun mahiyyətini, ümumi inkişaf meyllərini öyrənməyin bu gün cə­miyyət qarşısında duran praktik vəzifələri həyata ke­çir­mək sahəsində nə kimi bir əhəmiyyəti vardır?

Müasir dövrdə insanın maddi rifah halı, məhsuldar qüvvələrin inkişaf perspektivləri ilk növbədə elmin nə də­rəcədə qabaqcıl mövqe tutmasından asılıdır. Elmi ob­yektiv inkişaf meyllərini bilmədən onu optimal surətdə təşkil et­mək mümkün deyil. Elm cəbhəsinin ön xəttinə çıx­maq, onun nailiyyətlərindən səmərəli surətdə istifadə edə bil­mək üçün ən mühüm şərt onun təşkilati struk-tu-ru­nun düz­gün müəyyənləşdirilməsi, elmin özünün elmi əsaslarla tənzim olunmasıdır.

Bu gün ölkəmizdə ən aktual vəzifələrdən biri kimi qarşıya qoyulan müasir Qərb sivilizasiyasına qovuşmaq və­zifəsi yalnız elmin nisbi müstəqilliyini təmin etmək və onun səmərəli tətbiqi üçün xüsusi təşkilati tədbirlər gör­mək sayəsində həyat keçirilə bilər. Elm də insan kimi azad­lıq və müstəqillik sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcəkdir ki, istehsal onu özünə tabe etmək, onu öz əlavəsinə çevirmək iddiasına düşməsin. Burada istər-is­təməz sehrli qızıl balıq əhvalatı yada düşür. Balıqçı qızıl balığı azad etdiyinə (dənizə buraxdığına) görə o, balıqçını hər cür nemətlə təmin edir. Lakin elə ki, balıqçı arvadının təkidi ilə balığın azadlığını əlindən almaq, onu qulluqçu etmək istəyir, onda bütün nemətlər də yox olur. Biz bu məlum hekayəti ona görə bir daha yada salırıq ki, bu gün bəzi «nəzəriyyəçilər» və əməli iş adamları elmi istehsala daha da yaxınlaşdırmaq məqsədilə onları mexaniki surətdə birləşdirmək, elmi fəaliyyəti istehsalatın ehtiyaclarına tabe etmək, onu cilovlamaq təşəbbüsləri göstərirlər. Bu təşəb­büs­lər elmin mahiyyəti və təbii meylləri ilə bir araya sığ­mır. Əksinə, elmin iqtisadi səmərəsi yalnız o vaxt artar ki, o maddi və mənəvi cəhətdən korluq çəkməsin, kiminsə, nəyinsə yedəyinə bağlanmasın.


Texnika və texniki tərəqqi
Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənil­mə­si, elmin tədqiqinə nəzarət xeyli əvvəl başlanmış və bu sahədə bir sıra vacib məsələlər marksizm-leninizm klas­sikləri tərəfindən artıq həll olunmuşdur. Lakin «texnika» anlayışını dəqiq şəkildə təyin etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi yalnız indiki dövrdə – elmi-texniki tərəqqinin yeni keyfiyyətli mərhələyə keçməsi ilə əlaqədar olaraq meydana çıxmışdır.

Məsələ burasındadır ki, müasir texnika məzmun və strukturu, habelə ictimai həyatda oynadığı rola görə XIX əsr və ondan əvvəlki dövrlərin texnikasından ciddi surətdə fərqlənir. Bu baxımdan, texnikanın keçdiyi tarixi inkişaf yolunu izləmək, bu inkişafın meyllərini, qanunauyğun­lu-ğu­nu ortaya çıxarmaq onun müasir mərhələdəki spesifika­sını müəyyənləşdirmək üçün də mühüm əhəmiyyətə ma­likdir. Texniki tərəqqinin nə kimi yeni keyfiyyət və xüsu­siy­yət kəsb etdiyini, onun elmlə qarşılıqlı təsirinin xa­rakterində baş verən dəyişiklikləri öyrənmədən müasir dövrdə elmi-texniki tərəqqinin səciyyəsini vermək də mümkün deyil.

Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və on-dan kənarda təsəvvür oluna bilməz. Elmin inkişafı texniki tərəqqi üçün kafi şərt olmasa da, zəruri şərtdir. Əgər əv­vəllər texnika elmə nəzərən qabaqlayıcı rol oynayırdısa, elm texnikanı qabaqlayır və ona istiqamət verir.

Elmin tədqiqinə müvafiq olaraq, texnikanın tədqiqi də sistemli şəkildə, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. “Texnika” anlayışı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi və mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, bu da texnika haqqında vahid elmi nəzəriyyənin işlənib-hazırlanmasına mane olmuşdur.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində va­­sitələndirici sistem kimi öyrənilmədiyindən onun ma­hiy­­yətinin dəqiq müəyyənləşdirilməsi hələ indiyədək mümkün olmamışdır. Bu isə elm ilə texnikanın əlaqəsinin optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir.

Texnikanın tədqiqindəki vəziyyət göstərir ki, bu sahədə öyrəniliməli olan əsas məsələlər aşağıdakılardan ibarətdir:



  1. Texnika ictimai istehsalın tərkib his­sə­sidirmi, yoxsa o daha geniş əhatə dairə­si­nə­mi malikdir? Başqa sözlə, insan qeyri-is­teh­sal sahələrindəki fəaliyyəti zamanı texniki vasi­tələrdən istifadə etmirmi?

  2. Əgər «istehsal texnikası» ilə para­lel surətdə digər texnika növlərini də qəbul edi­riksə və «texnika» anlayışı altında bu müxtəlif növlərin kompleksini nəzərdə tuturuqsa (və ya «texnika» anlayışı bu müxtəlif növlər üçün ümumi olan cəhətləri ifadə edirsə), onda bu növ­lərin öz aralarındakı qarşılıqlı münasibəti və onların tarixi ardıcıllığı haqda nə demək olar?

  3. Elm ilə texnikanın qarşılıqlı əlaqə-sin­dən danışarkən ümumiyyətlə texnikamı, yox­sa yalnız istehsal texnikasımı nəzərdə tutu­lur? Bəs elm texnikası? Bəs elmin digər fəaliy­yət sahələrinə tətbiqi? Televizor istehsal vasi­tə­si deyil, texnikaya da aid deyilmi?

  4. Texnika həmişəmi elmlə qarşılıqlı əlaqədə olmuşdur, yoxsa onun inkişafında tam müs­təqil mərhələlər də olmuşdurmu?

  5. Tarixi ardıcıllıq baxımından elmi, yoxsa texnikamı haqqında fikirlər necə başa düşülməlidir?

  6. Texnikanın tarixi inkişaf mərhələ­ləri hansılardır?

  7. «Texnika» və «elm» hadisələri öz daxili strukturlarına görə simmetrikdirlərmi? Tex­nikaya sistem kimi baxmaq olarmı?

  8. Süni olaraq dəyişdirilmiş təbiət his­səsi (ikinci təbiət) texnikanı bütövlükdə əhatə edirmi, yoxsa iki nisbi müstəqil tərəfin kəsişməsindənmi danışmaq lazımdır?

  9. Texniki tərəqqinin meyarı nədən iba­­rətdir?

  10. Texniki tərəqqinin hərəkətverici qüvvələri texnika daxilindəmi, yoxsa kənar hadisələrdəmi axtarılmalıdır?

  11. Texniki tərəqqidə elmin rolu nə­dən ibarətdir? «Elm – texnika» sistemindən hansı mənada danışmaq mümkündür?

  12. Elmi və praktik (əməli) biliyin dialektikası məsələsi elm-texnika münasibətləri ilə nə dərəcədə əlaqədardır?

Biz bu məsələlərdən yalnız bəzilərini – sonrakı tədqiqatımız üçün lazım olanları təhlil edəcəyik.

İlk formalaşma dövründə texnika heç də istehsal texnikası kimi meydana çıxmamışdır. Başqa sözlə, tex­nikanı yalnız «istehsal texnikası» çərçivəsində öyrənən təlimlər texnikanın genezisini aşkara çıxarmağa imkan vermir.

K.Tessman yazır: «Əksəriyyət tərəfindən qəbul olun­muş mənaya görə texnika dedikdə istehsal texnikası nəzərdə tutulur... Bütövlükdə texnika və cəmiyyətin qarşılıqlı təsir və münasibətlərini texnikanın məhz bu hissəsi təyin edir».1 Texnikanın təyinindəki «fikir ayrılıqları da iki əsas sual ətrafında cəmləşdirilə bilər: texnikanın xüsusi bir «istehsal texnikası» anlayışına gətirmək və istehsal texnikasını ümumiyyətlə texnika ilə eyniləşdirmək mümkün­dürmü? «İstehsal texnikası» anlayışını nə dərəcədə ge­niş götürmək mümkündür?».2

Mövcud ədəbiyyatda əksər hallarda «texnika» anlayışı, doğrudan da, məhz «istehsal texnikası» əvəzində işlədilir. Bu da doğrudur ki, texnikanın müxtəlif növləri arasında ən çox istehsal texnikası əhəmiyyətə malikdir. Lakin bu, heç də digər texnika növlərini nəzərdən qaçırmağa əsas vermir və hətta K.Tessmanın asanlıqla razılaşmasına baxmayaraq, «cəmiyyətlə olan qarşılıqlı təsirlər» də təkcə istehsal texnikasına şamil edilə bilməz. O ki, qaldı bu anlayışları «eyniləşdirmək» məsələsinə, bu barədə mübahisə etməyə ehqiyac yoxdur; hər şey texnikanın həqiqi mahiyyətinin düzgün metodoloji prinsiplər əsasında müəyyənləşdirilməsindən asılıdır. Bu problem həll olunduqdan sonra başqa asılı məsələlər ətrafındakı əvvəlki mübahisələr sadəcə olaraq öz əhəmiyyətini iti­rə­cəkdir.

İctimai həyatın müasir inkişaf mərhələsində elmi-texniki tərəqqi haqqında düzgün təsəvvür əldə edə bilmək üçün texnikanın müxtəlif növlərinin dəqiq təsnifatı olduqca vacibdir. Xüsusən, elmin rolunun artması ilə əlaqədar olaraq elm texnikası getdikcə daha böyük əhəmiyyət kəsb edir. İstər elm və texnikanın qarşılıqlı münasibətinin dəqiq müəyyənləşdirilməsi, istər bu sahədə təsəvvürümüzün tam­lığı, istərsə də «elm» anlayışının öz əhatə dairəsinin öyrənilməsi üçün əvvəlcə «elm texnikası» anlayışının da­xil edilməsi tələb olunur.

Bizcə, «elm texnikası» anlayışına elmi fəaliyyət zamanı zəruri olan yaradıcı təfəkkürə nəzərən obyektiv surətdə mövcud olan və elmi işçi tərəfindən tədqiqata cəlb edilən, daxil edilən maddi vasitələr (eksperimental cihazlar, təcrübə vasitələri, duyğu üzvlərinin imkanlarını artıran aparatlar, hesablama maşınları, o cümlədən kompüter və s.), bu maddi vasitələrdən habelə, riyazi əməliyyat və metodlardan istifadə vərdişləri daxildir. Burada maddi istensalla analogiyanı axıradək davam etdirsək görərik ki, elmi idrak metodları elmin texnologiyasına uyğun gəldiyi halda, onlardan praktik istifadə vərdişləri elm texnikasına aid olur.

Texnika çox vaxt yalnız istehsal texnikası kimi qəbul olunsa da, heç kim raketin, televizorun, avtomobilin, sinxrotronun, elektron hesablama maşınının «texnika» anlayışına daxil olmasına etiraz etmir. Halbuki göstərilən qurğulardan heç biri maddi istehsal vasitəsi deyildir.

İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.

Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına ma­şınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxildir. Bu anlayışa hələ Aristotelin əsər­lərində də müraciət edilmişdir və heç də istehsal texnikası mənasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahədəki qabiliyyət, mənimsənilmiş vər­dişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduqca mühüm bir obyektiv ifadəsidir. Təsadüfi deyil ki, texnika dilində sənətkarlıq, qabiliyyət, bacarıq mənasını verir.

Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək, ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik biliklərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və məq­sədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün isti­qamətə yönəldilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin for­malaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.

Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkündür. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli vər­diş­lərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vərdişləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.

Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – ye­ni keyfiyyətli əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında mü­va­fiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Ye­ni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləşmiş və ictimai tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çevrilmişdir.

Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qaydaları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən keçilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə birlikdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı.

Əgər biz insanın məqsədəuyğun fəaliyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, obyektivləşən (ondan istifadə edənlərin şəxsiyyətindən asılı olmayan) vasitələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil etməliyik. İstifadə qaydası məlum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. Lakin alətdən isti­fadə qaydası hələ texnikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərəncamından çıxıb, əlin sərəncamına kecdikdə, qabiliy­yətə çevrildikdə vərdiş anlayışında əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müxtəlif termin­lərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamamlanmış təsəvvür əldə oluna bilməz.

Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ iş­çi maşınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi ma­şınların əsas funksiyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K.Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mü­hərrik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər biz yaxud əsl iş maşınına yaxından nəzər salsaq ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bü­tün­lükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni apparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud mexaniki alətlərdir».1 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəhlənin özünü və onun peşə alətini əvəz edir.

Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə onların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vər­dişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdudlaşması demək deyildir, zira indi də ye­ni vərdişlər – maşınları idarə etmək vərdişləri forma­laş­mağa başlayır.

Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlə­rində əvvəlcə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qismini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb olmuşdur. Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı ke-çidlər mövcuddursa, deməli, onları əks etdirməli olan an­layışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının mahiyyəti düzgün aydınlaşdı-rıl­mamışdır. Vərdiş – şüur hadisəsindən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik biliklərin, konstruktor təxəyyülünün insandan kə­nardakı şeylərdən özgələşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləş­dik­də «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəz­gah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki,* o da maddi olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər. Doğrudan da texnikanın hər bir sonrakı inkişaf mər­hələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. Kompleks maşının strukturuna insanın bu və ya digər funk­siyasını əvəz edən müxtəlif komponentlər daxil edil­dikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı av­tomat olmaq xüsusiyyətindən getdikcə daha azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yi­yələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən «əl­ləri, qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qı­zıl» olması köməyə gəlmir, məhz əllər «qızıl» olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir. Digər tərəfdən də, hər bir konkret situasiya özünəməxsus cəhətlərlə fərqləndiyindən yalnız standart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndirmək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müd­dətdə təıtil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş ol-du­ğu müxtəlif səpgili əməli vərdişlər toplusu sistemi vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vər­dişin işə düşməsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəy­yən proqram əsasında fəaiiyyətə cəlb olunmasını nə­zərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avto­matlara – robotlara ehtiyac yaranır. Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır.

Texnikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəndi nə qədər də qusurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə is­teh­sal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alət­lərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtiraların olan sadə əmək alətləri heyvan qüvvəsindən isti­fa­də edilməsi və sürtmə yolu ilə od alınması, heç şüb­həsiz, in­sanın praktik bilikləri ilə bağlı idi.

Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün olmuşdur. Texnikanın elmlə əlaqə xüsusiyyət­lə-ri­nin daha dəqiq araşdırıla bilməsi üçün elm, texnika, elm texnikası anlayışlarından başqa, texniki elm, texniki bilik, elmi-texniki bilik, elmi-texniki fənn və s. bu kimi anlayışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır.

Elm texnikası həm elm, həm də texnikanın mühüm ünsürlərindən biridir. Bəs texniki elmlər hansı sistemə daxil olur? İkinci təbiətin, texniki qurğuların özünəməxsus qanunauyğunluqlarını əks etdirmək baxımından texniki elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız həmin fənnin predmeti kimi çıxış edir.

Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elmlər «süni təbiəti», nə vaxtsa insan yaradıcı­lı­ğının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir, nə vaxtsa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.

Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəsmiş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiətşünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» tədricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarışır, ilkin zid­diy­yətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun struktu­runda insan komponenti, mənəvi yaradıcılığın özgələş­miş, maddiləşmiş formaları və s. iştirak edir.

Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliy­yətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və maddi fəaliyyətlə müəyyən aralıq vasitə sayəsində əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Texnika öz funksiyasına görə insanın təbiəti dəyişdir-mə­sinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da, texnika koqnitiv bi­lik­lərin də əməli nəticə verməsinə səbəb olur.

Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların icra­sına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlardan istifadə vərdişləri əhatə olunur. Bu vərdişlər məhz müvafiq əməli biliklərin «avtomatlaşmış», qeyri-şüuri hala keçmiş formasıdır.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla təbiət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yuxarıda qeyd etdiyimiz kimi, texnika maddi komponentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan isti-fadə qaydasının texnologyanın vərdişə çevrilmiş, «maşın­laş­mış», «texnikalaşmış» tərəfini də əhatə edir. Lakin bu istifadə qaydaları koqnitiv yox, əməli biliklərdir, bu bilik­lə­rin «texnikalaşmış» variantı isə bizim əvvəllər tədqiq etdiyimiz formaya, fəaliyyətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli biliklərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən primitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşəkar fəaliyyətin son həddi, final momentidir.

Burada biz əməli biliklərin bu cür mühüm həyati əhəmiyyəti üzərində geniş dayanmadan, texnikanın məhz maddi komponentin «təbii təbiətdən» fərqli və bu «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsə­lə­si­nə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Texnika mükəmməlləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu maşınla «süni təbiət» prosesləri va­sitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi maşınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddi­ləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qismən maşınlar tərə­findən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.

Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdi­yindən elmi biliklər də texnikada öz əksini yalnız maddi­ləş­miş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisə­lə­rin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın mənafeyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır.

Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla praktika sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürək­kəbliyindən ikili funksiyasında irəli gəlir.

Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, di­gər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əlamətdar haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin ya­zır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərəcəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil. Elm, ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir.

Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bil-mək üçün insan – təbiət münasibətində insanın vasitəçi sis­temlə münasibətinin müxtəlif spesifik formalarını nə­zərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi da­xil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir me­xanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə biruzə verir və insan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur və bunların həlli müxtəlif ictimai-iqtisadi sistemlərdə müxtəlif olur.

Elə kənar hal da təsəvvür etmək olar ki, insanın tə­biətə təsiri «insan əli dəyməmiş» «saf» təbiətin özü tə­rə­findən həyata keçirilsin. Daha doğrusu, insan təbiətin «ob­yektiv məntiqini» dərk etməklə, onun müxtəlif hissə­lərini elə əlaqələndirə bilər ki, və ya onlar arasındakı obyektiv əlaqəni elə yönəldə bilər ki, «təbii» (ciddi yanaşdıqda, tam təbii prosesləri heç bir dəyişikliksiz nəzərdə tutulan is­tiqamətə yönəltmək mümkün deyil) proses insanın məq­sədinə uyğun nəticə versin. Tam idealizasiya halında insanla təbiət arasındakı vasitələndirici sistemə insan kompo­nenti daxil olmur, insan ünsürü texnikadan çıxır.

Təbiət özü həm də vasitə rolunu oynayır, insan isə istehsalçı, əməkçi deyil, yalnız istehlakçı olur. Bu halda yenə də özünəməxsus mənəvi problemlər ortaya çıxır.




Elmi-texniki tərəqqinin hüdudu varmı?
Elmin hüdudları üfüqü xatırladır:

nə qədər çox yaxınlaşırsansa, o qədər

uzağa çəkilir.

P.Buast
Elm və texnika min illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsfi etdiyi, möcüzə saydığı hadisələri elm artın həqiqətə çevirmişdir. Bəs bu gün insan elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu? Və ya o heç olmazsa nəfəsini dərmək üçün da­yan­mırmı? Dayanıb keçdiyi yolu tənqidi təhlil süz­gəcin-dən keçirmirsə, özünü dərk etməyə təşəbüs göstərmirsə onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?

Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş naliyyətlər zirvə­sin­dən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz məna­feyinə (sosializmdə – ictimai mənafeyə) uyğun olaraq plan­­lı su­rət­də idarə etməyə çalışır.

Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensialın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımın­dan daha aktual və daha sə­mərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın daha çox dərəcədə məhz həmin sahələrdə cəm­lənməsini tələb edir.

Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əldə etmişdir, istehsalatın real tələbləri bu gün də elmin inkişa­fına ciddi təsir göstərir və bu təsirin plana uyğun surətdə tənzim edil­mə­si elmi idarəetmə qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzi­fənin uğurlu həlli üçün həm iqtisadiyyatın, həm də elmin inkişaf perspektivlərini qabaqcadan düzgün müəyyənləşdirmək tələb olunur. Ən yaxın gələcəkdə və nisbətən sonrakı dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük əhəmiyyət kəsb edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə almaq heç də asan məsələ deyil.

Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-he­sab­lama maşınları və mikroprosessor texnikasının inkişafına üstün­lük verilir. Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamen­tal elmlərin müvafiq aspektlərini intensiv inkişafını nəzərdə tutur. Üstün isti­qa­mətlərin seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata nəzərən qabaqlayıcı rol oynadığından, iqti­sadi və texniki tərəqqi proqnoz­laşdırı­lar­kən elmin perspektiv im­kan­ları əvvəlcədən nəzərə alınma­lı­dır. Elm isə yaradıcı sahə olduğun­dan burada tam dəqiq proqnoz və konkret planlaşdırma mümkün deyil. Lakin el­min yaxın gələcəkdə nə kimi praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü real vəziy­yəti və inkişaf meyl­ləri əsasında müəyyənləşdirilə bilər. Belə ki, fundamental elmi yenilik­lərdən praktik tətbiqə qə­dər olan bütün mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.

Fundamental elmlər tətbiqi elmlərin proqnozu üçün açar olsa da, onun özünün proqnozlaşdırılması xeyli dərə­cədə çətindir. Buna görə də, fundamental elmlərin proq­no­zu dedikdə, mümkün olan ayrı-ayrı konkret elmi nailiy­yət­lərin qabaqcadan xəbər verilməsi deyil, onun inkişa fında hansı istiqamətlərin daha perspektivli olacağının müəy­yənləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, istər fundamental, istərsə də tətbiqi elm­lərin inkişa­fında üstün tədqiqat istiqamətləri, bir tərəfdən, sosial-iqtisadi tələba­tın nəzərə alınması, digər tərəfdən də, elmin özünün proqnoz­laşdı­rıl­ması əsasında seçilir. Üstün istiqamətlər düzgün müəyyənləş­diril­dik­dən sonra elmi potensial operativ surətdə həmin sahələrə yönəldilir. İstər elmi-tədqiqat ləvazimatı, istərsə də elmi işçi kadrları daha çox dərəcədə məhz bu sahələrdə cəmləşdirilir.

Keçmişdə də elmi və əməli fəaliyyətin müəyyən üs­tün istiqamət­ləri var idi. Lakin zaman getdikcə bu is­ti­qa­mətlər dəyişir. Əvvəllər alim və sənətkarların, ixtiraçıların diqqət mərkəzində duran məsələləri bu gün arxa plana keçir.

Əməli fəaliyyət elmdən asılı olmadan, müstəqil su­rətdə inkişaf etdiyi vaxtlarda onun bir sıra sahələri elə yetkinlik dərəcəsinə çatmışdı və burada insanlar elə xüsusi biliklərə, vərdişlərə yiyələnmişdi ki, on­lar bu gün də əhə­miy­yətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdişlərin yüksək dərəcədə inkişafı koqnitiv biliklərin məh­dud­luğuna baxmayaraq, mükəmməl qurğular yaratmağa imkan verirdi.

Qədim Misir ehramlarından tapılmış və b.e.ə. IV-III minilliyə aid olan bir fiqur, mütəxəssislərin fikrincə, bütün incəlikləri ilə müasir təyyarənin modelini xatırladır. Burada bütün fiziki xassələr və həndəsi nisbətlər olduqca dəqiq nəzərə alınmışdır.

Ələddinin sehrli çırağı ilə assosiasiya yaradan başqa bir qədim tapıntı qalvanik elementin, yaxud kondensatorun qədim Babil sənət­karlarına bəlli olduğunu göstərir. Hətta belə ehtimal olunur ki, lam­panı yaxşı-yaxşı sürtdük-dən sonra hasil olan cin, o vaxtın adam­larını dəhşətə gəti­rən və lampa sahibinin qüdrətinə dəlalət edən elektrik bo­şalması imiş.

Bu gün kukla teatrında çox vaxt əlin köməyindən istifadə edil­diyi halda, yunanlar hələ eramızdan əvvəl avtomat teatr düzəldə bil­mişdilər. İskəndəriyyəli Heronun təs­­virinə görə, kimsənin kənar mü­da­xiləsi olmadan mexaniki qurğu qədim yunan qəhrəmanlarının dö­yüş səhnə­lə­rini və hərəkətlərini ifa edir, barabanları səsləndirirdi. O dövrün ixtiraçıları tərəfindən düzəldilən və Heronun təsvir etdiyi qurğulardan biri – buxarın təsiri ilə fırlanan kürəvi cisim müasir bu­xar turbinini xatırladır. Məşəl yandırı­lar­kən məbədin qapılarının açıl­ması, ilk su avtomatları və Pla­tonun dostu Tarentli Arxitasın ağacdan düzəltdiyi uçan göyərçin isə qədim dövrdə avtomatikanın yüksək inkişaf səviyyəsindən xəbər verir.

XVI-XVII əsrlərdə yaylı və kəfkirli saatların ixtira olunması son­ralar android adlandırılan mexaniki adam-avtomatların düzəldil­məsinə böyük təkan verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət edən Ta­riano qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgərlərin döyüş səhnəsini nümayiş etdirirdi. Deyi­lənə görə, XVII əsrdə yeni dövrün böyük filosofu R.Dekart Fransina adlı mexaniki qadın düzəltmişdi. XVIII əsr­də fransız ixtiraçısı Jak de Vakanson avtomat-eşşəyin ida­rə et­diyi toxucu dəzgahı qurmuşdu. Onun düzəltdiyi android-çoban isə fleytada on iki hava çala bilirmiş.

Belə misalları çox çəkmək olar. Lakin belə bir sual ortaya çıxır ki, müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bu­nun ehtimalı çox azdır. Bugünkü robotlar, əlbəttə, bilavasitə isteh­sal sahəsində faydalı əmək­lə məşğul olmaqla demonstrativ xarakterli əy­ləncə-androidlərdən üstündür. Lakin bizcə, mühəndis təxəyyü­lünün təkrarlanmazlığı və incə strukturu baxımından sə-ləflərin istedadı daha çox təqdirəlayiqdir.

Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində texniki yara­dıcılıq üçün yeni-yeni imkanlar açıldığından və yeni keyfiyyətli təbii-elmi prinsiplər əsasında işləyən texniki qurğular yaradıldığından keç­miş texniki nailiy­yət­lərin sirləri tədricən unudulmuşdur. (Unudul­muş texno-logiyalar içərisində təbii dərmanların hazırlanması üsul­larını və xalq təbabətinin sirlərini xüsusi qeyd etmək lazımdır).

Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən texniki tərəqqi elmdən asılı vəziyyətə düşür. Hər bir yeni elmi nai­liyyətin geniş miqyaslı tətbiqi ilə əlaqədar olaraq texnika yeni key­fiyyət halına keçir və əv­vəlki texnologiya, praktik biliklər və əməli vərdişlər əhə­miyyətini itirir. Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret xarakter alır. O daha vahid və bütöv bir proses kimi davam edə bilmir. Varislik itdiyin­dən yeni nəsil əvvəlki nəslin ixtiraçılıq məharətinə yi­yə­lənə bilmir. Halbuki bilik və sənət­karlığın yeni nəslə ötü­rülməsi mədəni tərəqqisinin ən mühüm şərt­lərin­dən biridir.

Əgər keçmişdə məhdud zehni biliklər əsasında bə­zən o dövrün ümumi inkişaf səviyyəsi baxımından ağ­la­sığ­maz görünən unikal ixtiralar edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elm­lə müqayisədə geri qalır. Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlər­dən başlayaraq vahid sosial və qnoseoloji sistem kimi forma­laşdığı və daxili tamlığa malik bütöv, müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, nə də elmi-texniki fəaliyyət hələ sosial institut kimi for­malaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin pers­pektivi ən çox bu sahədəki təşkilati işin səmərəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat arasındakı əlaqə də nizamlı və müntəzəm xarakter daşı­mayacaqdır.

* * *
Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır.

M.Delbryuk


Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun kumulyativ xarak­terinin nəticəsidir. Kumulyativlik – elmi bi­lik­lərin yenisi ilə əvəz olun­mayaraq üst-üstə toplanması de­mək­dir. Müasir elmşünaslıq elmi inki­şaf qanunauyğunluğunun daha mürəkkəb xarakterə malik oldu­ğunu aşkar etsə də, hər halda bu xassə elmin mühüm səciyyə­lərindən biri olaraq qalmaqdadır.

Elmin spesifikasından söhbətlər gedərkən o, bir qay­da olaraq, fəlsəfə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman kumulya­tiv­lik xassəsi elmi bütün bu ha­disə­lərdən fərqləndirən başlıca xüsusiyyət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyu­tona nisbətən daha çox məlumata malikdir. Sıravi elmi işi, aspirant A.Eynşteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mər­təbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.

İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstə­ka­rının L.Bet­hovendən və ya Ü.Hacıbəyovdan daha mükəm­məl musiqi bəstələməsi nəinki qanunauyğunluq deyil, hət­ta ağlasığmaz bir haldır. Müasir rəssamlar İntibah dövrü rəssamlarından daha da yaxşı çəkə bilsə idilər Rafaelin, Leonardo da-Vinçinin, Mikelancelonun əsərlə­rinin qiymə­ti günü-gündən daha da artardırmı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən bir addım qabağa getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə kər­pic də əlavə etsə, poeziya binası hara ucalardı? Ümu­miyyətlə, vahid poeziya bina­sın­dan, vahid musiqi abidə­sindən danışmaq mümkündürmü? Xeyr. Sə­nət məm­lə­kə­tin­də hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzə­rinə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sənət maşınının vintinə çevrilsə, öz bütövlüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.

Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir yeni nəslin nü­mayəndəsi əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbi­yəlimi olur? Nəzəriyyədən də, təcrübədən də məlumdur ki, belə bir qəti hökm səhvdir. Bəs onda əx­laqda, incəsənətdə və s. tərəqqi yoxdurmu? Tərəqqi var, o kumulyativ yolla və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra gələn əvvəlkini yaratdığının üzərində deyil, onunla yanaşı başqa əsərlər yaradır, özünəməxsus mənəvi aləmə, əxlaqi key­fiyyətlərə malik olur. Bu keyfiyyətlər yalnız həmin dövrün ümumi ahəngindən deyil, həm də real həyat tərzindən, konkret ictimai-iqti­sadi mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.

Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəq­qi­sində nisbi tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, elm binası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtə­bələr əlavə olunur. Ümumi bir yüksəliş var və hər bir ölkənin məqsədi bu yürüşdən geri qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.

Əlbəttə, biz bununla elmin inkişaf yolunun mürək­kəbliyini, burada da böhranların və inqilabların labüd­lüyünü inkar etmək istəmirik. Əsas məqsəd, təfərrüatlara varmadan, yekun inkişafın va­hid istiqamətini və müntə­zəm xarakterini göstərməkdir.

Lakin doğrudanmı elmi tərəqqinin həddi-hüdudu yox­­dur? Bəs bu prosesin məhdudlaşdırılmasına yönəl­dil-miş amillər necə?

Belə amillər var və o dərəcədə ciddi amillərdir ki, bir sıra tədqi­qatçılar elmin son həddindən, onun inkişafında «doyma» halın­dan, elmi potensialın tükənməsindən söhbət açırlar. Doğrudan da əgər elmi informasiya həd­dindən artıq çoxalırsa, insanın intellektual im­kanı əsasən yerində saydığı halda, elm gündən-günə mürəkkəb­ləşirsə belə söhbətlər tamamilə təbiidir.

Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə or­taya çıxmamışdır. Bu haqda əvvəllər də danışılmışdır. Məsələn, XIX əsrdə mexnikanın sürətli inkişafından sonra durğunluq yarandığı və mexanisizmin elmi düşüncə tərzinə hakim kəsildiyi bir şəraitdə bundan sonra elmin yenə inkişaf etməsi imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu isə göstərdi ki, burada hər bir böhran həddin­dən sonra dünyanın yeni elmi mənzərəsinə, yeni təfəkkür tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və s. Lakin müasir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial amillərin təhlili nəticəsində ya-ranır. Məsələn, elmin müasir inkişafı elmi işçilərin sayı­nın sürətlə artması ilə müşaiyət olunur. Bu sürət yer kürəsində adam­ların sayının artma sürətindən qat-qat böyükdür. Deməli, bu hal müntəzəm davam edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə məşğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına təmin ediləcəkdir?

Bu cür dəlillərə istinad edən tədqiqatçılar unudurlar ki, elmi işçilərin sayının artması elmin inkişafını təmin edən yeganə amil deyil. Bu gün elmin tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xəttindən intensiv inkişaf xəttinə keçildiyi kimi, elmin öz inkişafında da intensiv xəttə keçid təmin edilərsə, elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnformasiya tutumunun məhdudluğuna gə­lincə, burada elektron-hesablama maşınlarının yaddaşı insanın köməyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol açır.

Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sür­ətli inkişa­fına mane ola biləcək heç bir şübhəli qaraltı gö­rünmür. Hətta texniki tərəqqi sahəsində, təbii enerji eh­ti­yatları sahəsində qarşıya çıxan bir sıra prinsipial çə­tin­liklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır.

Lakin elmin inkişaf imkanları şübhə doğurmadığı hal­da, bu inkişafın həmişə məhz müsbət nəticələrə gətirə­cəyini hökm etmək mümkün deyil. Təsadüfi deyil ki, yeni elmi nailiyyətlərin tətbiqi, ikinci təbiətin yaradılması sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və bunun bəşəriyyət üçün böyük təhlükəsi yalnız müasir dövrdə aşkar edilmişdir. İnsan təbiəti dəyiş­di­rərkən milyon illər ərzində formalaşmış olan təbii ahəngi, qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət, bunun müqabilində, qisas aldığı vaxt ayrılmış və səhv­lə­rini düzəltməyə başlamışdır. Lakin bu gün qlobal miqyas kəsb edən və olduqca təhlükəli xarakter alan ekoloji problemi uğurla həll etmək insana müyəssər olacaqmı?

Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz nailiyyətləri sayəsində həll edəcəyinə böyük inam bəsləyir. Elm doğrudan da, bu problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.


Elmi-texniki tərəqqi hara aparır?
Qalib gələcəkmi cahanda kamal?

S.Vurğun


İnsan gələcək haqqında düşünərkən elmi-texniki tə-rəq­qiyə bö­yük ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara aparır?

Elementar məntiqi təhlil göstərir ki, əgər elmi-tex­niki tərəqqi insanı aparırsa, son nəticədə qaranlığa aparacaq. Çünki yüz dəfə işığa doğru getmək hələ bir dəfə qaranlığa getmək ehtimalını aradan qal­dırmır. Yüz gün meşədə gəzmək hələ o demək deyil ki, bir gün qurda rast gəlməyəcəksən. Lakin rast gəldikdə daha gec olur. Qaran­lıq dünyaya gedən yol da əbədidir, oradan geriyə yol yoxdur.

Bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsi haqqında nə düşündüyünü soruşurlar. O isə üçüncü dünya müharibəsi haqqında heç nə deməyərək, dördüncü dünya müharibəsinin ox və kamanla olacağını söyləyir. Lakin A.Eynşteynin bu ehtimalı hərbi texnikanın 40 il bundan əvvəlki səviyyəsi üçün doğru sayıla bilər. Müasir dövrdə dağıdıcı və kimyəvi qırğın silahlarının gücü elə bir həddə çatmışdır ki, müharibədən sonra harada isə Afrika cən­gəlliklərində adamlar qala­ca­ğına və bəşəriyyətin keç­diyi bütün tarixi yolun təzədən təkrar olu­na­ca­ğına da ümid yoxdur. Qarşıda Yer üzərində həyatın ümumiyyətlə qalıb-qalmaması məsələsi durur.

Nüvə müharibəsi təhlükəsi bir yana dursun, ətraf mü­­hitin tədricən, lakin müntəzəm surətdə zəhərlənməsi top­lanıb gözlənilmədən elə bir həddə çata bilər ki, elə yeni keyfiyyət halı yaranar ki, insan "ha" eləyib çıxış yolu dü­şü­nənə qədər, öz nəhəng elm maşınının səmtini dəyişənə qə­dər artıq gec olar.

Şər deməsən xeyir gəlməz, – deyiblər. Biz də şər eh­ti­malını nəzərə almaqdan çəkinmirik. Lakin şər o vaxt la­büddür ki, insan elmi-texniki tərəqqini deyil, elmi-texniki tərəqqi insanı aparır.

Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna nikbin yanaşırıq. Lakin bir şərtlə ki, el­mi-texniki tərəqqi son məqsədə çevrilməsin və insan öz ixtiyarını elmin, texnikanın əlinə verməsin. Əksinə, elmi də, texnikanı da çilovlayaraq onlardan yüksək bəşəri ideallara çatmaq üçün bir vasitə kimi istifadə etsin.

Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür əsasında, zəka işığında yol açmalıdır. Sual oluna bilər ki, məgər zəka elmdən kənar bir şeydirmi? Xeyr, zəka, heç şübhəsiz, elmlə də bağlıdır. Lakin təkcə elmlə yox, həm də əxlaq və incəsənətlə, insanın min illərdən bəri formalaşmış olan mənəvi idealları ilə, humanist fəlsəfi fikirlə və nəhayət, onun ən ali metodu olan dialektika ilə bağlıdır. Zəka - bütün bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi in­ki­şaf is­tiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür ad­lan­dırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük məna­sında kamal deməkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə elmi-texniki tərəq­qinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir.

Antik dövrdə praktik biliklər elmdən, elm isə fəl­sə­fədən hələ ta­mamilə ayrılmamışdı. Ona görə də, bütün bi­liklərin mərkəzində, istər aşkar, istərsə də qeyri-aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin meyarı idi.

Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəl­səfə və ilahiyyat ilə daha çox bağlandı və nəticədə el­min ayağı yerdən üzülmüş oldu. Bu dövrdə elmin hu­ma­nitarlaşması onun təbii zəmindən ayrılması ilə nəticələndi.

İntibah dövründə praktik biliklər də qanad açıb uç­ma­ğa başladı və "səmada" orta əsr Şərq elminə qovuşdu. Bu vüsal elmin vəznini artırdı və o, tədricən yerə enməyə başladı.

Yeni dövrdə (kapitalizm çəmiyyətində) F.Bekonun dediyi kimi, "elmin qanadlarına qurğuşun bağlandı" və o, tamamilə Yerə enərək prak­tik fəaliyyətin vasitəsinə çevrildi. Elmi tədqiqatların istiqaməti tex­niki tələblərə uyğunlaşdırıldı və tədricən vahid elmi-texniki proses for­ma­­laşmağa başladı. Elmin texnika ilə daha çox əlaqələnməsi və riyazi­ləşməsi onu ilkin sinkretik başlanğıcdan daha da uzaqlaşdırdı. Elmin insana yadlığı özünü getdikcə daha çox büruzə verməyə başladı. Rasionalizm və texnisizm meyllərinin təzyiqi ilə elmdə huma­nitar çalarlar solğun­laş­dı və elmdən insana qarşı, onun emosional və əxlaqi-mə­nə­vi ideallarına qarşı istifadə edilməsi ehtimalı artdı. El­min insan mənəvi ahəngindən kənara çıxaraq onunla zid­diyyətə girməsi Qərb sivilizasiyasının süqutunun təməlini qoydu.

Bu gün ABŞ-ın ulduz müharibələrinə hazırlıq sahə­sin­dəki tex­niki tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin nəza­rətinə əsaslanır ki, bu da insanın özünü elmi-texniki tərəqqinin ixti­yarına verməsi deməkdir. Elmi-texniki tərəqqinin insanın hara apara biləcəyini isə biz artıq yuxarıda izah etmişik. Yaranmış vəziyyətin real təh­lü­kəsini bütün tərəqqipərvər qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas et­mək bu gün dün­ya so­sializm siste­minin tarixi vəzifələ­rin­dən birinə çevrilmişdir.

Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mü­hüm səbəb­lərdən biri məhz elmi-texniki tərəqqidə insan amilinin ön plana çəkil­məsinə, onun humanistləşdirilmə­sinə, elmin hərbi sənayeyə və ümu­miyyətlə, istehsala tət­biqinin mənəvi meyar süzgəcindən keçirilmə­sinə olan eh­tiyacdır. Ona görə də, ölkəmizdə yenidəqurmanın hə­yata ke­çi­rilməsi bir tərəfdən elmi-texniki tərəqqinin sür­ət­lən­dirilməsini və onun praktik tətbiqinin intensivləşdi­rilmə­sini tələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun istiqamətinin insanın yüksək mənəvi ideallarına tabe edil­mə­si­ni nəzərdə tutur.

Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, yoxsa mənfi nəticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasibət, xüsusən iki kənar möv-qedən münasibət ictimai fikir tari­xində dərin köklərə ma­likdir. Hələ XVIII əsrdə Volterlə Russo ara­sındakı mü­bahisələr həmin məsələyə əks münasibətlərin klassik nü­munəsi sayıla bilər. Sonralar burjua fəlsəfəsində dərin kök salmış fəlsəfi cərəyanlardan pozitivizm və ekzistensializm arasındakı başlıca fərq­lərdən biri də məhz onların elmə münasibətdə bir-birinə əks olan kənar mövqelər tutmalarıdır.

"Elmi tərənnüm edən" pozitivizm insanın mənəvi fəaliyyətin digər sahələrinə etinasızlıq göstərdiyi kimi, "incəsənəti tərənnüm edən" ekzis­tensializm də elmə yalnız onun törətdiyi mənfi nəticələr prizmasından baxır. Elmə bu cür təzadlı münasibət müasir dövrdə ssientizm və antis­sientizm kimi bir-birinə əks cərəyanların mövqeyində daha aşkar surətdə üzə çıxır.

Elmin, elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca müasir döv­rün burjua futuroloqları da daha çox dərəcədə bir-birinə əks olan iki cəbhəyə ayrılırlar. Əgər ssientist futu­roloqlar üçün elmi fetişləşdirmək, onun nailiyyətlərini həddindən artıq şişirdərək bütün ictimai bəlaları elmlə müalicə etmək ideyası səciyyəvidirsə, antissientist futuroloqlar müasir burjua cəmiyyətinin bütün uğursuzluqlarını elmlə bağlamağa, elmin bəşə­riyyət üçün böyük fəlakətlər mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini göstərməyə çalışırlar.

Texnikaya və onun sosial nəticələrinə münasibət baxımından da burjua fəlsəfi konsepsiyaları bir-birinə əks olan mövqelərə bölünərək texnisizm və antitexnisizm mövqelərindən çıxış edirlər. Lakin ilk ba­xışda bir-birinə zidd olan bu cür kənar mövqelər əslində eyni məqsədə xidmət edir, müasir kapitalizm cəmiyyətinin sosial zid­diy­yətlərini pərdə­ləmək niyyətini güdür. Belə ki, antissientizm və antitexnisizm mövqeləri kapitalizm cəmiyyətinin bü­tün uğursuzluqlarının təqsirini elm və tex­nikanın üzə­rinə atmaqla daxili sosial ziddiyyətləri gizlətməyə çalışır.

Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texnoloji deter­minizm, postindustrializm və s.) isə elm və texnikanın inkişafına kapitalist ölkələrini böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə çıxır ki, elm və texnikanın yüksək inkişaf səviyyəsi hətta daxili sosial ziddiyətləri də aradan qaldırmaq imkanına malik­dir. Bununla da, elmi-texniki tərəqqi ictimai inkişafın vasitəsi yox, məqsədi kimi, bütün sosial ziddiyyətləri həll edən sehrli çubuq kimi qələmə verilir.

Əslində isə elmə xilaskar kimi baxmaq, ondan səadət ummaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Hər şey onun qabaqcadan insan tərəfindən necə proqramlaş­dırılmasından asılıdır.

Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inkişafı və tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın əsrlər boyu arzusunda olduğu süni vasitələr indi real həyat həqi­qətlərinə çevrilir. Göygöz Kosanın sehrli çubuğunu da, Həkim babanın qadir kəmərini və ecazkar suyunu da bu gün elm yaradır. Lakin elmin qüdrəti onun kimin əlində olmasından asılıdır. Hə­kim babanın əlində o, daşı əridir və çiçəkləndirir, Göygöz Kosanın əlində isə adamı daşa çevirir.

Elm çırağını yandıran kimi, ağ qoçla yanaşı qara qoç da nazil olur. Zümrüd quşunun dediyi kimi, gərək çalışıb ağ qoça minəsən. Çünki ağ qoç işıqlı dünyaya aparır - atom elektrik stansiyası neçə-neçə evə işıq gətirdiyi kimi; qara qoç isə qaranlıq dünyaya aparır - atom bombası Xirosima əhalisini əbədi zülmətə qərq etdiyi kimi. Lakin Zümrüd quşu unutmuşdu desin ki, ağ qoça minmək hələ azdır. Çalış büdrəmə, azca büdrəsən ağ qoç səni yenə də qara qoçun üstünə atacaq – «Çelencer»-dəki və Çernobıldakı məsuliyyətsizliklərin nəticəsi kimi.

Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt işıqlı sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil paradiqması dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan hansı məq­səd­lər üçün istifadə ediləcəyi bu gün təhsilin məzmununda texniki və humanitar aspektlərin tarazlaşdırıla bilməsindən asılıdır.


***
İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək - onun mənəvi imkanlarını artırmaqdır.

Elmin məqsədi isə insanın intellektual dünyasını zən­ginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun imkan­la­rını artırmaqdır.



Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır.


Mündəricat



1 Bax: Д.Прайс. Малая наука, большая наука, – «Наука о науке». М., 1966, с. 281-384; А.П.Огурцов. Образы науки... // Философия в со­временном мире. Философия и наука. М., Наука, 1972, с. 342-343.

*Prof.Dr.Abdüsselam. İdeallar və gerçəklər. Yeni Asya Yayın­ları, İstanbul, 1991. (Türkcəyə tərcümə edən: Senai Demirçi, Mesut Topla­yıcı. Türkcədən çevirən: Nahid Həsənov).


Xudu Məmmədovun həyat və yaradıcılığı haqqında məlumat onun yetişdirməsi prof. Məmməd Çıraqovun “Zirvə” kitabından götü­rül­müşdür.

1 Ziyəddin Göyüşov. Zirvəyə çağıran səslər ­– Xudu Məmmədovun “Qoşa qanad” kitabına ön söz, səh.11.

1 Nurəddin Rza. Xudu açarı. B. Azərnəşr, 1995, səh.87.

Xudu Məmmədov. Qoşa qanad, Bakı, Gənclik, 1974.

Oktay Sinanoğlu. Bir Nev-York Rüyası “Bye-bye” Türkce. Otopsi, İstanbul. 1997. Türkcədən çevirən: Dr.Bəhram Həsənov).

S.Xəlilov. Elm və dil.- «Elm və həyat» jurnalı, 1991, № 9-10

* Səlahəddin Xəlilov. Elmi-texniki tərəqqi: bu gün və sabah. Bakı: Azərnəşr, 1988.


1Вернадский В.И. Избранные труды по истории науки. М., 1981, с. 84-85.

1 Леонардо да Винчи. Избранные произведения. Т.1. М.-Л., 1935, с.53.

2 Бекон Ф. Сочинение: в двух томах, т.2, М., 1972, с.76.

1 Декарт Р. Рассуждение о методе. Л., 1953, с.54.

1 Бах: Роузенталь Ф. Торжество знания. Концепция знания в средневековом исламе. М., 1978, с. 243.

2 Йеня орада.

1 Роузенталь Ф. Торжество знания. c. 243.

1 Эйнштейн А. Мотивы научного исследования. – Собрание научных трудов, т.4, М., 1967, с. 39-40.

1 Бернал Дж. Наука в истории общества. М., 1956, с. 61-62.

2 Межуев В.М. Культура и история. М., 1977, с.107.

3 Бах: Крамер С.Н. История начинается в Шумере. М., 1965. с. 116-дан сонра.

1 Вейнберг И.П. Человек в культуре древнего Ближнего Востока. М., 1986, с.23-24.

1 Лили С. Люди, машины и история. М., 1970, с.21.

1 Bax: məs.: Кун Т. Структура научных революций. М., 1977; Структура и развитие науки. Из Бостонских исследований по философии науки. М., 1978; Поппер К. Логика и рост научного знания. М., 1983

1 Волков Г.Н. Социалогия науки. М., 1968, с. 121

1 Jonh Liman. What is science – «Philosophical problems of science and technology», Boston, 1974, p. 13

1 Тессман К. Проблемы научно-технической революции. М., 1963, с. 106

2 Йеня орада, с. 108

1 К.Маркс. Капитал. 1-cи ciлд, Азярняшр, 1969, с. 375

* Яслиндя бу cцр гейри-шцури фяалиййятдя йалныз ял дейил, диgяр органлар мясялян, gюз, гулаг, айаг вя с. иштирак едя биляр.


1 Анчишкин А.И. Наука – Техника – Экономика. М., 1986, с. 165


- -


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin