Gözqamaşdırıcı zü



Yüklə 23,81 Kb.
tarix23.12.2019
ölçüsü23,81 Kb.
#29991
Artur Kostler Gozqamasdirici zulmet

"Gözqamaşdırıcı zülmət" romanı bənzərsiz romandır, çünki hardasa heç bir Böyük Britaniya yazıçı totalitarizmi bu cür içəridən görə bilməmişdir"

Corc Oruell

Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl nəşr olunub. Sonra yazıçı Fransa paytaxtından, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcüedir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. Maraqlıdır ki, 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir".

"Gözqamaşdırı zülmət" romanı özünün təsirli, qorxunc mənzərələri ilə uydurulmuş personaj Nikolay Rubaşovun həyatı və ölümündən bəhs edir. O, inqilab rəhbərlərindən biridir, əllidən çox yaşı var, onu həbs edib türməyə salıblar. Rubaşov türmədə iki müstəntiq tərəfindən əzablı işgəncələrə məruz qalır. Onlardan biri keçmiş dostu və tərəfdaşı İvanovdur, digəri amansız və qəddar, sadist Qletkindir. Öz manipulyasiya üsullarından istifadə edərək onlar Rubaşovu məcbur edirlər ki, heç vaxt işləmədiyi cinayətləri boynuna alsın.

Beləliklə, romanda hadisələr iki xətt üzrə inkişaf edir. Birinci xətt - Rubaşovun sorğulanması, işgəncə edilməsi, ikinci xətt- Rubaşovun öz düşüncələri və xatirələridir.

Stalin diktaturasının, "Böyük Təmizlik", bəzən də "Böyük Terror" adlandırılan 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kampaniyasından bəhs edən hekayələr, povestlər, romanlar, faciəli xatirələr, analitik məqalələr içərisində Artur Köstlerin "Gözqamaşdırıcı zülmət" əsəri özünəməxsus yer tutur. 1941-ci ildə roman Böyük Britaniyada nəşr olunduqdan sonra ədəbiyyat aləmində səs saldı. Corc Oruell Köstler yaradıcılığı haqqında ayrıca esse yazdı və bildirdi ki, Köstler yaradıcılğının demək olar, böyük hissəsi məhz "Moskva prosesləri" adlandırılmış hadisələrə həsr edilib. Oruell baş qəhrəmanın prototipi kimi Trotski, Buxarin, Rakovski, yaxud Satlin yolunu dəstəkləməyən başqa köhnə bolşeviklərdən birini gördüyünü qeyd etdi. Corc Oruell romanın dəyərini yüksək qiymətləndirdi və bildirdi ki, həmin dövr üçün Böyük Britaniya yazıçıları içərisində Sovet İttiqafıqının məyusluğunu ifadə edən Köstler kimi ikinci yazıçı yoxdur.

Bəs Köstlerin romanı Stalin repressiyalarından, "Böyük Terrora" həsr edilmiş digər siyasi əsərlərdən nə ilə fərqlənir?

Əgər başqa siyasi romanlarda Stalin baltasının qorxunc zərbələrinin nəticələri dəqiq dəlillərlə, geniş qatlarda təsvir olunubsa, "Gözqamaşdırıcı zülmət" romanı sanki cəza (vəzifə borcu) haqqında ibrətli hekayədir, Köstler romanında tarixi proses konsepsiyasını bədii vasitələrlə həll edir. Yazıçı dövründə baş verən qarışıq hadisələrdən, yüz minlərlə insanın müxtəlif cinayətlərdə ittiham olunması və güllələnməsindən daha çox "öz zamanını və özünü dərk etməkdə" iddia edir. Bu mənada romana ekspressionist roman da demək olar. Burada klassik, obyektiv, realist ruhda ifadə olunmuş məişət yazıçılığı, reallığın təsviri yoxdur, müəllif oxucularla öz hisləri və dünyaya baxışı barədə danışır. Və romanın mətnində alman ədəbi ekspressionizm ənənələrinə xas olan açar sözlərin (simvol-anlayışlar) təkrarlarına rastlayırıq. Bu sözlər sanki şüurumuzun bağlı qapılarına inadla taqqıldatmağa davam edir ki, diqqət yetirək.

Məsələn, romanın əsas simvol-anlayışına baxaq. Qaranlıq, yaxud zülmət. Bu söz bizi başlanğıcdan özünə cəlb edir. Romanın ingilis dili variantında başlıq "Gün ortasında qaranlıq" adlanır. İstedadlı şair və yazıçı Səbuhi Şahmursoyun tərcüməsində ana dilimizdə olduğu variantda ruslardakı kimi "Gözqamaşdırıcı zülmət" ("Слепящая тьма") adlanır.

Nədir "Gözqamaşdırıcı zülmət?" Belə bir şey ola bilərmi, mümkündürmü?

"Gözqamaşdırıcı zülmət" - qaranlığın sıxlığı və intensivliyidir, onun radioaktiv enerjisi, dağıdıcı gücü gün işığını udaraq insanların gözlərini kor etmişdir. Xeyirin yoxluğunda şərin öz-özünə mövcudluğu kimi, işığın yoxluğunda da qaranlıq öz-özünə aktivdir. Köstlerə görə qaranlıq da şər kimi aktivdir, aqressivdir, hücumçudur. Elə bu səbəbdən də ona qarşı çıxmaq mümkündür və vacibdir. Qaranlığa qarşı bu cür qarşıdurma, misal üçün, ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik "Üzüklərin hökmdarı" romanında təsvir edilib. Yalnız, Tolkienin romanı nə qədər optimist ruhdadırsa, Köstlerin romanı bir o qədər pessimistdir. Çünki tarixdən də bilirik ki, stalinizmə qarşı heç kim tab gətirə bilmədi. Oxucu romanda bunu baş qəhrəmanın istintaq zamanı Qletkinin sorğulamasına qarşı keçirdiyi hislər, yaşadığı sarsıntılar, gedib-gələn ruh hallarından da yaxşı görür; "Rubaşov tələsik siqaret sümürməyə başladı ki, uşaqyana sevinci onu fəth etməsin. Qletkin üzərindəki ilk qələbəsiydi. Şübhəsiz ki, bu, uduzulmuş döyüşdə heç nə həll etməyən və kədərli qələbə idi, amma hər halda qələbə idi! Xeyli vaxtdır bu cür sevinmirdi... ".

Romanda zülmət, qaranlıq anlayışları əsər boyu tədricən inkişaf edir. Hələ türməyə gətirildiyi ilk gün Rubaşov düşünür ki, onu güllələyəcəklər:

"Bədəninə heç vaxt xatırlamadığı isti minnətdarlıq hissi duyanda Rubaşov xoşhallandı, amma qaçılmaz ölüm onu özünəvurğun qüssəyə qərq edirdi. “Köhnə qvardiyaçıda qorxu olmamalıdır” – astadan, amma bir az da pafosla oxudu, – “Zülmət onların üzərində zireh yaradıb... "

Başqa bir epizod. Arlovanın şərlənməsi zamanı Rubaşov onu dəstəkləmir, müdafiə etmir. Arlova ölümə məhkum edilir. Həmin səhnə qəhrəmanın düşüncələrində öz əksini belə tapır: "Korpusda bir çıqqıltı da eşidilmir, qara sükut zamanı udmuşdu. Rubaşov yorğun halda gözlərini yumanda, yanında Arlova uzanmışdı, zülmət onun dik döşləri üzərində gəzişirdi. Bu dik döşlərin zəif işıqlandırılmış həbsxana dəhlizinin daş döşəməsində ölümcül süründüyünü unutdu".

Əlbəttə, o qaranlıqdan işığa qaçır, işıqdan da şəxsi vicdanına doğru, amma yanlış dərk edilmiş vəzifə borcu qabağını kəsirdi. Axı o da sorğulama zamanı ya susurdu, ya da başqaları kimi danışırdı: "Ən yaxşılar ölümün astanasına Partiyanın sonuncu tapşırığını yerinə yetirmək üçün susur, daha doğrusu, ölümə könüllü qurban gedirdilər, bütün bunlara baxmayaraq, hər birinin vicdanında bir Arlova vardı".

Bununla yazıçı göstərməyə çalışırdı ki, qaranlıq qüvvələrlə müttəfiqlik, insanın yaxınlarına xəyanət etməsi, bütün bunlar Partiyanın sonuncu tapşırığını yerinə yetirmək üçün lazımdı, hətta bu yolda özünün xalq düşməni olduğunu etiraf etmək, partiya naminə ölümü qəbul etməyə də hazır idi. Və Rubaşov kimi ölümə könüllü qurban gedənlərin hər biri vicdanında bir Arlova daşıyırdı, buna sanki məcbur idilər.

Romanın sonunda Rubaşov ölüm anında, adətən bütün insanların gördüyü kimi, qaranlıqlar arasından uzaqdakı işığı deyil, "yalnız səhranın zülmətini görmüşdü".

Beləliklə, Rubaşov qaranlığa getsə də, "Zülmət bir anlıq səssizliyə çevrilsə" də, yazıçı Köstler bütövlükdə bu romanı ilə Sovet kommunizminin dəhşətləri haqda Qərb dünyasının vicdanını oyatmağa nail ola bilib.

Ceylan Mumoğlu
Yüklə 23,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin