Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1.14 Mb.
Pdf просмотр
səhifə1/13
tarix10.06.2017
ölçüsü1.14 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU 
       
Məmmədəli Hənnan oğlu Ağayev 
 
 
 
 
Pedaqoji fikir tarixində tərbiyə və təhsil 
(Dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
B A K I  -  2011 
               

 
2
Məmmədəli Hənnan oğlu Ağayev 
 
 
 
 
 
 
 
 
 
Pedaqoji fikir tarixində tərbiyə və təhsil 
(Dərs vəsaiti) 
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq 
olunmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.12.2010-cu il tarixli, 
1594№-li əmri) 
 
 
 
 
 
 
 
 
 
 
 
B A K I  -  2011 

 
3
Övladlarım – Şövqi, Ülvi və Zülfünün şərəfinə  
 
Elmi redaktor:            Rüfət Lətif oğlu Hüseynzadə, pedaqoji 
                               elmlər doktoru, professor, əməkdar müəllim 
         
         Rəyçilər:            Akif Nurağa oğlu Abasov, pedaqoji      
                       
elmlər doktoru, professor 
                               Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov,
     
                     
pedaqoji elmlər doktoru, professor 
                                    Əsmər Sadıq qızı Bədəlova, pedaqoji  
                                 elmlər namizədi, dosent 
                            Səidə Atəş qızı Abdullayeva, pedaqoji 
                         
elmlər namizədi, baş müəllim 
 
 
 
 
Kitab hazırda ölkəmizdə  həyata keçirilən Təhsil  İslahatına dair direktiv 
sənədlərin tələblərinə müvafiq olaraq məktəbəqədər və kiçik yaşlı uşaqların pedaqoji 
fikir tarixində inkişafı, tərbiyəsi və təhsili probleminə həsr edilmişdir.  
Burada  məktəbəqədər və kiçik yaşlı  uşaqların inkişafı, tərbiyəsi və  təhsilinin 
mahiyyəti, məqsədi, məzmunu, eyni zamanda uşaqların inkişafı, tərbiyəsi və  təhsili 
ilə bağlı dünya mütəfəkkirlərinin nəzəriyyələri, müddəaları tarixi baxımdan sərf-
nəzər edilmişdir. 
Vəsait  əsasən ali pedaqoji məktəblərin magistr pilləsində  təhsil alan tələbələr 
üçün nəzərdə tutulmuşdur. 
Həmin vəsaitdən tərbiyəçilər, valideynlər, müəllimlər, aspirantlar və hər bir kəs 
faydalana bilər. 
 
 
 

 
4
                               M Ü N D Ə R İ C A T 
Səh. 
Giriş………….………….…………………………………….......….....5-6 
 
I fəsil.   Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin   
          elmi-nəzəri və pedaqoji əsasları 
1.1.
 
Məktəbəqədər   yaşlı   uşaqların   inkişafı,   tərbiyəsi,   təhsilinin 
        mahiyyəti, məqsədi və məzmunu....................................................7-13 
1.2.
 
Məktəbəqədər  yaşlı  uşaqların  inkişafı  və  tərbiyəsinə  müsbət 
müsbət əxlaqi keyfiyyətlərin təsiri...............................................13-18 
 
II fəsil.    Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi  
             bir nəzər 
2.1.    Tərbiyənin meydana gəlməsi, qədim dövr Azərbaycan və Şərq 
       dastanlarında tərbiyə və təhsil problemləri....................................19-49 
2.2.    Klassik   Şərq   mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi və 
       təhsili haqqında..............................................................................49-95  
2.3.    Azərbaycanda  məktəbəqədər  tərbiyə,  təhsil və müəssisələrin  
       inkişafı tarixindən........................................................................95-137 
2.4.    Avropa pedaqoji fikir tarixində uşaqların inkişafı, tərbiyəsi və  
       təhsili haqqında nəzəriyyələr.....................................................137-173  
 
Nəticə........................................................................................................174  
      
İstifadə olunmuş və tövsiyə edilən ədəbiyyat...................................175-178 

 
5
G İ R İ Ş 
ХХ  əsrdə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi  əldə etməsi, onun 
qorunması  və çiçəklənməsi, inkişaf etdirilməsi üçün bütün xalqın  əzmlə mübarizə 
aparmasını  tələb edir. Müstəqil dövləti qurmaq, yaratmaq və inkişaf etdirmək üçün 
yetişməkdə olan nəslin üzərinə mühüm vəzifələr düşür. 
         Müstəqil respublikamız çətinlikləri arxada qoyaraq addım-addım irəli gedir. 
Hər işdə bir yenilik duyulur. Məktəbəqədər təlim-tərbiyə  işində, təhsilimizdə, 
iqtisadiyyatımızda köklü dəyişikliklər var, müstəqil siyasət yürüdürük. Idarəçilik 
metodları da dəyişilir.  
 
Əldə etdiyimiz tarixi uğurlarımızı bir daha inkişaf etdirmək üçün bu gün 
erməni cəlladları ilə üzbəüz mübarizə şəraitində olduğumuzu hər an unutmamalıyıq.  
Belə ki, məktəbəqədər yaşlı  uşaqların və bütün gəncliyin mənəvi-estetik,  əmək, 
vətənpərvərlik,  əxlaq, fiziki, yoldaşlıq, dostluq, qayğıkeşlik, insanpərvərlik, ekoloji, 
dünyagörüşü və s. tərbiyəsi işi gündəmdə mötəbər yer tutmalı  və günbəgün 
canlandırılmalıdır.  
Bu gün tarixçilər, pedaqoqlar, bütövlükdə maarif işçiləri qarşısında mühüm 
bir vəzifə qoyulmuşdur: Azərbaycanı sevərək, onun keşiyində duraraq, ona xidmət 
edərək, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək. Buna görə ilk növbədə uzun 
illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı 
salınmış tərbiyə sistemimizi formalaşdırıb, meydana çıxarmaq lazımdır. Həm də bu 
zaman tərbiyənin kökünü vahid Azərbaycan xalq tərbiyəsinin məzmununda, bu 
günədək bizə  məlum olan şifahi xalq ədəbiyyatı nümunələrində, Qurani-Kərimin 
səhifələrində, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün 
yaxın və  məqsədyönlü olan Şərq  ənənələrində  və  həm də    ümumbəşəri dəyərlərdə 
axtarmalıyıq.  
Gənc nəslin, o cümlədən məktəbəqədər yaşlı uşaqların tərbiyəsinin qarşısında 
duran başlıca məqsədlərə  və  hərtərəfli biliyə, mütərəqqi dünyagörüşə, milli və 
ümumbəşəri  əxlaqa, mənəviyyata və  mədəni dəyərlərə yiyələnən  şəxsiyyət 
formaalaşdırmaq və  cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan 
hazırda məktəbəqədər müəssisələrdə uşaqların tərbiyəsini müasir tələblər səviyyəsinə 
qaldırmaq vacibdir. 

 
6
Bağça yaşlı uşaqlarda tərbiyə-təlimin formalaşdırılması bu gün xüsusi aktuallıq 
kəsb edən vəzifələrdən biridir.  
Bu mənada məktəbəqədər dövr gələcək  şəxsiyyətə bir çox qiymətli 
keyfiyyətlərin aşılanmasından ötrü zəruri və çox mühüm mərhələyə çevrilir. Ona görə 
də məktəbəqədər müəssisələr ilk növbədə həmin mərhələnin imkanlarından səmərəli 
istifadə etmək qayğısına qalmalıdırlar.  
Bağçada tərbiyə-təlim işi müxtəlif vasitələrlə, rəngarəng və maraqlı tədbirlərin 
köməyi ilə  həyata keçirilir. Bu sahədə Azərbaycan musiqisi, təsviri sənəti, bədii 
ədəbiyyat, rəsm  əsərləri, xalq yaradıcılığı, təbiətə ekskursiyalar və s. xüsusi 
əhəmiyyətə malikdir. Bu mənada, istər xalq yaradıcılığının bəhrəsi olan musiqi, istər 
bəstəkarlar tərəfindən yaradılmış musiqi əsərləri, rəssamlarımızın bədii təsvirlərə həsr 
edilmiş qiymətli yaradıcılıq nümunələri Azərbaycan xalqının mənəvi sərvətinin 
təkrarolunmaz, vacib tərkib hissəsidir. 
Uşaqların inkişafı  və  tərbiyəsi-təlimi baxımından Azərbaycanın təbiəti, bədii 
incəsənət  əsərləri, milli, bəstəkar musiqisi öz milli zəmini üzərində     yüksəlmiş,    
qabaqcıl dünya mədəniyyətinin  ən gözəl  ənənələrindən bu və ya digər dərəcədə 
bəhrələnmiş, daha da inkişaf edərək müasir şəklini almışdır.  
Kiçik yaşlı uşaqlar gerçəkliyin bu və ya digər dərəcədə hadisələrin bədii sənət 
və musiqi əsərlərində necə  əks olunduğunu gördükdə onların gözəllik haqqında 
təsəvvürləri təkmilləşir, onlarda bədii, estetik zövq formalaşır. Bütün bunlar gənc 
nəsildə əxlaqi keyfiyyətlərin təşəkkül tapmasına və daha da təkmilləşməsinə nə üçün 
belə əhəmiyyət verdiyimizin səbəbini aydın göstərir. 
Çiçəklənməkdə olan vətənimizin hazırki durumu, dünyaya yeni göz açan 
fidanlarımızın tərbiyəsi və  təlimi, milli özünüdərk, özünə qayıdış, islam əxlaqının, 
türk dünyasının mənəvi dəyərlərindən bugünkü tərbiyə prosesində istifadənin 
zəruriliyi uşaqların mənəvi tərbiyəsini yeni, müasir tələblər əsasında tədqiqini və bu 
prosesin daha optimal üsul və vasitələrlə aparılmasını tələb edir. 
O cümlədən hesab edirik ki, kiçik yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili 
haqqında dünya mütəfəkkirlərinin nəzəriyyələrini öyrənmək, tədqiq etmək, eyni 
zamanda müasir iş prosesində bundan istifadə etmək faydalı olar.  
 

 
7
                                               I fəsil 
Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin 
elmi-nəzəri və pedaqoji əsasları 
 
1.1.
 
Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsilinin  
mahiyyəti, məqsədi və məzmunu 
Plan: 
1.
 
  Məktəbəqədər yaşlı  uşaqların inkişafı, tərbiyəsi və  təhsili probleminin 
mahiyyəti və məqsədi 
2.
 
  Uşaqların inkişaf prosesi nədir? 
3.
 
  Uşaqların əxlaqi, milli mənəvi şüurunun formalaşmasına dair
 
 
1.
 
Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili sahəsindəki vəzifələr, 
ümumiyyətlə həmin problemin müstəqil dövlətçiliyimiz baxımından əsas konsepsual 
prinsip və müddəaları Azərbaycan Respublikasının ümummilli lideri Heydər 
Əliyevin müxtəlif çıxış, məruzə  və nitqlərində milli-ideoloji,  elmi-nəzəri cəhətdən 
bütün incəlikləri ilə  işıqlandırılmışdır. Milli  tərbiyənin mühüm komponenti olan 
tərbiyədən danışarkən Heydər Əliyev demişdir: “Tərbiyə geniş məna daşıyır. Tərbiyə 
təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. Insan gərək həyatının hər 
dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, 
onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də  mədəniyyətinin qayğısı ilə 
yaşasın. Bunlar hamısı  tərbiyədən doğan  şeydir. Insan öz mədəniyyətinin də, 
iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir”
1
(3, 
“Azərbaycan müəllimi” qəzeti, 7 may 1998). 
Müstəqil Azərbaycan Respublikasının islahat proqramında maarif işçiləri 
qarşısında bir sıra məsələlər qoyulmuşdur ki, bura yüksək keyfiyyətli, dərin və 
hərtərəfli biliyə, mədəniyyətə, mütərəqqi dünyagörüşə malik, Azərbaycan xalqının 
azadlıq və demokratik ənənələrinə bağlı olan, Vətəni, millətini və dilini sevən, insan 
hüquqları və azadlığına hörmət edən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaq və 
mənəvi keyfiyyətləri özündə cəmləşdirən, sivilizasiyalı cəmiyyət qurmağa qadir olan, 

 
8
idrak səviyyəsi yüksək, sağlam və humanist keyfiyyətli, dostuna dost, düşməninə 
düşmən kimi yanaşan, hərtərəfli vətəndaş yetişdirməkdir. Çünki, hər hansı bir 
dövlətin, xalqın gələcəyi həmin dövlətin maarifindən çox asılıdır. Odur ki, gənc, azad 
və  müstəqil  respublikamızın  müvəffəqiyyətli  və  uzunömürlü  olması  indiki  nəslin  
daha savadlı, intellektual səviyyəsinin daha yüksək olmasından çox asılıdır. 
Müasir dövrdə dövlət quruculuğuna dair müvafiq sənədlərdə uşaqların əxlaq 
və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsinə ciddi diqqət vermək tərbiyə və təhsil 
müəssisələrinin başlıca vəzifələrindən biri kimi qeyd edilir. Çünki, yer üzərində 
mürtəce qüvvələr mövcud olduqca, vətənimizə, cəmiyyətimizə qarşı duran 
təxribatçılıq işi gözlənilir. Nə  qədər ki, Ermənistan kimi mürtəce dövlətlərin təbiəti 
dəyişilməmişdir, irtica və  təcavüzkar qüvvələr silahı yerə qoymamışlar, belə bir 
vəziyyət ümumxalq münasibətlərdən əmələ gələn dəyişikliklərə mane olacaqdır.  
Kiçik yaşlı  uşaqlar ailə  səadəti, xeyir, şər haqqında, yoldaşlıq, dostluq, 
qayğıkeşlik,  ədalət,  ədalətsizlik, sülh, əmin-amanlıq, müharibə, dağıntı, ekoloji 
çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, qənaət, sadəlik, təvazökarlıq, düzlük və 
doğruçuluq və s. haqqında, təsəvvür və anlayışlara məhz həmin məktəbəqədər 
müəssisələrdə və məktəblərdə yiyələnirlər. 
Inkişaf etməkdə olan cəmiyyətimizdə  şəxsiyyətin inkişafı  və onun mənəvi 
keyfiyyətlərinə dair vəzifələr yetişməkdə olan nəslin qarşısında məsuliyyət hissini 
müntəzəm surətdə artırır. Gənc nəslin formalaşması şəraiti isə nəinki yaxşılaşır, həm 
də xeyli mürəkkəbləşir. Bu mürəkkəbləşmənin  əsas səbəblərindən biri elm və 
texnikanın surətlə inkişaf etdiyi atom, elektron və kosmos əsrində uşaqların  mənəvi  
düşüncələrini  zənginləşdirən amillərin sayının getdikcə artmasıdır.  
Bütün bunlar o deməkdir ki, gənc nəsildə lazımi mənəvi və fiziki keyfiyyətlər 
yetişdirmək üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti kimi tərbiyənin rolu da 
ildən-ilə artır.  
2.
 
Cəmiyyətin hazırki mərhələsində  gənc nəslin inkişafı üçün ölkəmizin 
tarixində  ən  əlverişli obyektiv şərait yaradılmışdır. Belə ki, indi ölkəmizdə iqtisadi, 
sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə  həyata keçirilir, xalqın mədəni 
səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir göstərən ailənin 
imkan və şəraiti genişlənir. 

 
9
Məlumdur ki, bu yüksəkliklə yanaşı, cəmiyyətdə  şəxsiyyət, onun mənəvi 
keyfiyyətləri, təhsili, mədəniyyəti qarşısında duran tələblər müntəzəm surətdə artır. 
Bu prosesdə gənc nəslin formalaşması şəraiti isə nəinki təkcə yaxşılaşır, həm də xeyli 
mürəkkəbləşir. 
Deməli, inkişaf prosesinin özü də müəyyən ziddiyyət yaradır. Bu ziddiyyətin 
başlıca səbəbi tərbiyə prosesinin obyektiv əsası kimi adamların sosial həyatının, 
özünün mürəkkəbləşməsidir. 
 
Məktəbəqədər yaşlı  uşaqların yoldaşlıq, dostluq və qayğıkeşlik kimi əxlaqi 
keyfiyyətlərinin formalaşmasına təsir göstərən mühüm şərtlərdən biri uşağı  əhatə 
edən müvafiq mənəvi mikromühitin yaradılmasıdır. Bunun əsasını isə  uşağın 
şəxsiyyətinə hörmət və qayğı, ağıllı  tələbkarlıq təsir edir. Əlbəttə, uşaq 
mikromühitində baş verən hadisələrin heç də hamısı sosial həyat tərzinin normalarına 
uyğun gəlmir. Uşaq  şəxsiyyətinin formalaşdığı bu mikromühitin obyekti təsiri ilə 
inkişaf etməkdə olan cəmiyyətimizin təlqin etdiyi əxlaq normalarının toqquşması heç 
də  həmişə  cəmiyyətin xeyrinə olan nəticəyə  gətirib çıxarmır. Bütün bunlar uşaq və 
gənclərin tərbiyəsində yalnış davranışın təşəkkül etməsinə  gətirib çıxarır, nəticədə 
uşaqlarda ikiüzlülük, riyakarlıq, tənbəllik və s. formalaşır. 
Deyilənlərdən aydın olur ki, uşaqlarda dövrün tələbinə uyğun  əxlaqi 
keyfiyyətlərin inkişafı üçün cəmiyyətin  şüurlu, məqsədyönlü fəaliyyəti getdikcə 
güclənir.  
Müsbət əxlaqi keyfiyyətlərin mahiyyəti, məqsədi, məzmunu və əhəmiyyətini 
düzgün dərk etmək üçün əxlaqın necə yarandığını bilmək zəruridir. Fəlsəfi, pedaqoji 
ədəbiyyatda  əxlaqın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər 
iddia edirlər ki, insan ictimai varlıqdır, onun fəaliyyəti də ictimai mühitlə, ictimai 
qaydalarla təyin edilir. Ictimai varlıq olan insanın  əxlaqı öz başlanğıcını  həyatdan 
alır. Buna görə də əxlaq ictimaidir. Digər qrup alimlərə görə insan hər şeydən əvvəl 
canlı varlıqdır, canlı orqanizmdir, onun yaşayış  tərzi canlı  təbiət qanunları  əsasında 
baş verir. Insan da başqa canlılar kimi doğulur, mübarizə aparır və ölür. Ictimai mühit 
yalnız insan nəslinin yaşaması, artıb-törəməsi üçün şərait olmaqla kifayətlənmir, 
bioloji prosesin baş verməsinə heç cürə mane olmur, əksinə, özü insanın bioloji 
prosesində fəaliyyət göstərməsini təsdiq edir. Ona görə də əxlaqın mənşəyini yalnız 

 
10
insanlarda deyil, bəşər cəmiyyətindən daha qədim olan həyatın özündə axtarmaq 
lazımdır.  
Əxlaqda, mənəviyyatda insanların bir-birinə münasibəti və davranış normaları 
öz ifadəsini tapır. Mənəviyyatın tərkib hissəsinə davranış qaydaları, prinsiplər, 
kateqoriyalar və ideallar daxildir. 
Davranış qaydaları insanın ailədə, cəmiyyətdə, kollektivdə bir-birinə   
münasibətini müəyyənləşdirir. Davranış qaydaları  tənzim etdiyi münasibətlərin 
xarakterindən asılı olaraq müəyyən qruplara bölünür. 
Prinsiplər: prinsip hər bir norma qrupunun özünəməxsus olan ilk vəziyyətini 
və  əsas köklərini  əks etdirir. Siniflər mənafeyini  əks etdirən  əlamətlər prinsiplərdə 
daha çox güclü olur və onun ən çox nəzəriyyələr sistemini əks etdirir.  
Əxlaq kateqoriyaları: ümumi şəkildə insanlar arasında, insanla cəmiyyət 
arasında mənəvi  əlaqələr  əks etdirilir. Yaxşılıq,  ədalət, borc, şərəf, ləyaqət, vicdan, 
xoşbəxtlik və s. əxlaq kateqoriyaları olub, müəyyən xalqların əxlaqına xas olmuşdur, 
həmin kateqoriyalar bütün cəmiyyətlərdə mövcud olmuş və mövcuddur. Lakin onlar 
müxtəlif əxlaq sistemlərinə mənsub olduğundan müxtəlif tələbləri ifadə etmiş, zaman 
keçdikcə, öz mahiyyət və məzmununu dəyişmişdir. 
Əxlaqi ideallar isə insanların daha çox əhəmiyyət verdiyi, gözəl saydığı 
davranış nümunələrini əks etdirir. Mənəvi ideallarda insanların arzuları ifadə olunur. 
Beləliklə, insanlar müəyyən normalar, prinsiplər və ideallar əsasında hərəkət 
edir, bir-birləri ilə münasibətlərdə olurlar. Deməli, cəmiyyətdə yaşayan, fəaliyyət 
göstərən insanlar bir-birinin davranış normalarına necə əməl etdiklərinə nəzarət edir, 
bir-birinin hərəkətlərini tənzimləyir və qiymətləndirirlər. Məhz, qiymət vermək, 
nəzarət etmək əxlaqa real məna verir və onun fəaliyyətini təmin edir. Qiymət əxlaqlı 
insanın davranışına, hərəkətinə, ictimai nəzarətin mühüm vasitəsinə çevirir. Hüquq 
normaları pozulduqda adamlara cəza verilirsə, əxlaq normaları  pozulanda  adamlar   
məzəmmət edilir, onların hərəkətləri pislənilir. Burada ictimai rəy mühüm rol 
oynayır. 
Milli ləyaqət, kollektivçilik, humanizm və digər  əxlaqi kateqoriyalar 
şəxsiyyətin mənəvi təfəkkürünün aksiomları kimi fəaliyyət göstərir. Müasir dövrdə 
əxlaqi sərvətlər insanların davranışının qəbul edilib-edilməməsi ilə deyil, onların nə 

 
11
dərəcədə davranışda özünə möhkəm yer tutması, nə  qədər real, həqiqi olması  və 
şəxsiyyətlərarası münasibətlərdə davamlılığı ilə ölçülür. 
 Cəmiyyətin müasir mərhələsində elmi-texniki inqilab ictimai həyatın bütün 
sahələrinə - ailə  həyatına, istehsal əlaqələrinə, milli münasibətlərinə, nəsillər 
arasındakı varisliyə,  əxlaqa, insan mənəviyyatına ciddi təsir edir. Elmi kəşflər heç 
vaxt bədxahlıq niyyəti ilə edilmir. Elmi kəşflər, ixtiralar həmişə ehtiyacdan doğmuş 
və insanların həyatının yüngülləşdirilməsinə xidmət etmişdir.  
3.
 
Əxlaqi, mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri milli mənlik 
şüurunun formalaşdırılmasıdır. XX əsrin son illərində  aşkarlıq və demokratiyanın 
təsiri ilə ayrı-ayrı xalqlar kimi Azərbaycan xalqı da öz kökünə, tarixinin açılmamış 
səhifələrinə müraciət edərək, xalqın tarixi kökləri, tariximizin bəzəyi olan görkəmli 
şəxsiyyətlərin həyat və  fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiq, 
milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli rəmzlərə, 
adətlərə,  ənənələrə yeni həyat verilir, dini etiqadlar, müqəddəs bayramlar xalqın  
özünə qaytarılır. Bu qayıdışda yeni bir ruh, yeni təfəkkür, yeni mədəniyyət öz əksini 
tapır.  
Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu köklərdən rişələr 
alır, yeni nəsilləri azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru 
belə bir zəmin üzərində  təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, 
mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı,   xalqın böyüklüyündən və kiçikliyindən 
deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən asılıdır.    
Kiçik yaşlı uşaqların müsbət əxlaqi keyfiyyətlərinin, mənəviyyatının inkişafı 
milli mənlik şüurunun formalaşması ilə bilavasitə bağlıdır. 
Milli mənlik  şüurunun formalaşması  Vətənə, doğma torpağa, doğma yurda 
məhəbbət yaradır. Torpaq insanın yaşayış  və  əbədiyyət məskənidir. Uşaqların 
öyrəndiyi yeniliklər, iştirak etdikləri kütləvi tədbirlər, bədən tərbiyəsi və idman, 
müxtəlif oyunlar onlarda belə bir əqidəni inkişaf etdirir ki, torpaq, vətən 
müqəddəsdir. Məktəbəqədər yaşlı  uşaqlar düzgün dərk edirlər ki, dünyada 
Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı 
mübarizə aparır. Onların vətənpərvərliklə bağlı oyunları  və  səyləri xalqımızın 
qüdrətli, yenilməz hərəkatı ilə birləşib, tariximizin əzəmətli, unudulmaz misilsiz 

 
12
qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Milli mənlik 
şüurunun qabarıq təzahürü olan doğma yurda, torpağa balaca fidanları gözəgörünməz 
müqəddəs tellərlə bir-birinə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması 
naminə  səfərbərliyə alır. Onlar belə bir həqiqəti dərk edirlər ki, milli borc, torpağa 
bağlılıq, milli qürur və iftixar, vətəndaşlıq hüququ qazanır. Milli mənlik şüuru, milli 
özünüdərk vətənlə, torpaqla, mədəniyyət və incəsənətlə bağlı gerçəkliyin təzahürü 
olub, sosial-iqtisadi, mədəni və  mənəvi mühitin qavranılması, dərk edilməsi və 
təsdiqidir. Fəal, ictimai varlıq olan balacalar vətəni, milləti, torpağı hiss və duyğuları, 
təfəkkürü vasitəsilə özününküləşdirir. Milli mənlik  şüuru formalaşmış  və  tərbiə 
olunmuş  uşaqlarda  əqidə bütövlüyü, sözlə  işin tam vəhdəti özünü parlaq şəkildə 
təzahür etdirir. Millətin adından təmtəraqlı sözlər demək hələ  əqidə bütövlüyü 
deyildir. Vaxtilə  Məhəmməd peyğəmbər deyirdi ki, millətimin içində  xəyanət 
olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Milli mənlik şüuru və əqidəli olmayan 
hər bir kəs ötəri hisslərlə yaşayıb hansı  məsləkə, əqidəyə xidmət etdiyini bilməz. 
Milli mənliyi, qeyrəti olan şəxs isə  əqidəsi naminə  hər cür işgəncəyə tab 
gətirər. Məsələn, Babək də, Nəsimi də, Bruno da, Mehdi Hüseynzadə  də  əqidəsi 
naminə ölümdən qorxmayıblar. 
Bu baxımdan məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi məsələsi hələ 
çox qədimlərdən dünya mütəfəkkirlərinin diqqətini cəlb etmişdir. Onlar 
məktəbəqədər uşaq dünyasını düzgün kəşf etməklə, bu barədə öz müdrik baxışlarını 
və nəzəri müddəalarını irəli sürmüşlər.  
Tanınmış pedaqoqlar və müqəddəslərin tarixən gəldikləri qənaətlər, 
yaratdıqları  nəzəriyyələr bəzən üst-üstə düşsə  də  və ya fərqli, bir-birinə  əks fikirlər 
söyləsələr də, müasir dövrümüzdə  uşaq tərbiyəsi və inkişafı üçün təcrübə  əldə 
etməyin, nəzəri fikirlər söyləməyin  əsasını qoymuşlar. Belə ki, bu gün onların 
mövzumuzla bağlı fikirlərindən istifadə etməklə  məktəbəqədər yaşlı  uşaqların 
tərbiyəsinin mahiyyətini, məzmununu müəyyənləşdirir və dərk edirik. 
 


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə