Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   6   7   8   9   10   11   12   13   14

 
 
 
HƏQİQƏT 
 
Günəş böyük həqiqətdir,  
Ondan incimək olmayır.  
Təriflənmək ləyaqətdir,  
Bəyənməmək qəbahətdir, 
özgə söz demək olmayır.  
Qışda çox yatır demirik,  
Yayda çox yanır demirik.  
Biz istədik, istəmədik,  
Pəncərəni tezdən döyür, 
hamımıza oyan deyir. - 
İncimirik. 
Günəş böyük həqiqətdir.  
Böyük olmaq böyük dərddir, -  
O, hər yanda olsun gərək,  
O, hər yana çatsın gərək; 
quyuların dibinə də, 
bir damla nur atsın gərək.  
Kəndli ilə yer şumlayır, 
taxıl əkir.  
Fəhlə ilə kanal çəkir, 
bina tikir.  
Çiçəklərlə çiçək açır,  
Kəpənəklə qoşa uçur.  
Batanda da bu yer üzü 
qara geyir,  
Yoxluğunu hamı görür, 
hamı deyir.  
Günəş böyük həqiqətdir,  
 

  
 
 
 
292
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Ondan incimək olmayır.  
Beləsinin verdiyi ziyan 
böyük dərddir, 
heç kəsə demək olmayır. 
 

                                                                                  
 
 
293
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
TORPAĞIM MƏNİM 
 
Hələ gözlərini açmayıb səhər,  
Torpağın alnında puçur-puçur tər.  
Dumana bürünüb yatıbdır çöllər.  
Elə bil oğuldu, döyüşdən gəlib,  
Mehriban əllərlə tumarlanıb o.  
Ən çətin, ən ağır bir işdən gəlib,  
Yatıb mışıl-mışıl, xumarlanıb o.  
Zəfər qazanıbdır, böyük bir zəfər,  
Nə qədər zəhmətkeş oğlan-qızları 
Bəxtəvər eyləyib bu il, bəxtəvər,  
Yatır bu ellərin yuxusuzları. 
 
Qoynunda çalışan əllər də yatır,  
Qabarlı, qabarsız mehriban əllər...  
Hər kəs zəhmətiylə şöhrətə çatır,  
Odur ki, torpağa "ana" deyirlər.  
Əl-ələ verəndə torpaqla insan,  
Vətən də ucalar, balaları da.  
Ölkənin şöhrəti ucalan zaman  
Vüqarlı dayanar qalaları da.  
Biz sənin üstündə yük deyilik, yük,  
Sənə sevgimiz var, göylərdən dərin. 
Başını həmişə uca görmüşuk,  
Torpağa hörmətlə baş əyənlərin.  
Dincəl, yorğunluğun çıxsın yadından,  
Yenə gələn bahar çalışmalıyıq, 
Sənin şöhrətindən, sənin adından  
Biz hələ dastanlar danışmalıyıq.  
 

  
 
 
 
294
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Beşiyim, səngərim, çörəyim, suyum,  
Tarlam, neft gölüm, nar bağım mənim,  
Tarixim, şöhrətim, düyünüm, toyum,  
anam Azərbaycan, torpağım mənim! 
 

                                                                                  
 
 
295
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ÖMRÜN FƏSİLLƏRİ 
 
Nə yaxşı ki, ömrümüzün fəsilləri var...  
Körpəlikdə dizin-dizin sürünürük biz.  
O yerişlə qurtarmazdı dünyada yollar,  
O yerişlə tükənərdi tamam səbrimiz. 
 
Uşaqlıq da lap təpədən dırnağa kimi  
Ürəyinin hökmü ilə yatır, oyanır.  
Ağlı yox, istəyi bol bir ağac kimi  
Mənzillərdə, həyətlərdə od olub yanır. 
 
Cavanlıqda sevgi dəmi, hicran qəmi var,  
Eyni anda həm ağlayır, həm də ki, gülür.  
Cavanlıq da bir fəsildir - yaz iqlimi var,  
Öz içinə özü sığmır, daşır, tökülür. 
 
Qocalıqda hər fəsildən dadsan da bir az,  
İşində ol, özün qazan, öz yükünü çək.  
İməkləsən, ağlın itsə, dözənin olmaz,  
Qocalıq da bir fəsildir, keçib gedəcək. 
 
Bizi basır öz bağrına bu ana torpaq,  
Zaman yoldan əyləməyir gəlib gedəni.  
Səndən qabaq gedənlərin taleyinə bax, -  
Hazırlaş ki, həmin tale gözləyir səni... 
 

  
 
 
 
296
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ÖMRÜMDƏN DÜŞÜR 
 
Mən ömrümün üzünə  
Hələ indi gülürəm.  
Bu həyatın dadını  
İndi-indi bilirəm.  
İndi duyuram hələ  
Pis nədir, yaxşı nədir.  
Ömrün yazı nədir,  
Ömrün qışı nədir. 
 
Bu yandan da ağrıdan  
Ürəyimə dən düşür, - 
Günlər ömürdən düşür. 
 
Çaylara vurulmuşam,  
Sellərə vurulmuşam;  
Çöllərə, çəmənlərə,  
Ellərə vurulmuşam.  
Biri-birindən gözəl  
İllərə vurulmuşam.  
Hələ indi bilmişəm  
Nə deyir qara gözlər;  
Qara gözlər zülmətdə  
Neçə xatirə gizlər...  
Bu yandan da gözümə  
Duman düşür, çən düşür, -  
Günlər ömürdən düşür. 
Könlüm gəzmək istəyir,  
Könlüm görmək istəyir.  
Yazıq könlüm neyləsin,  
Könül vermək istəyir;  

                                                                                  
 
 
297
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Qız saymayıb keçəndə,  
Elə bilirəm məndən  
El, aləm dönüb gedir.  
Gözəllər arxasınca  
Naləm sürünüb gedir.  
Baxıram gül üzlərə,  
Oda düşüb yanıram,  
Ağarmış saçlarımı  
Düşünüb utanıram.  
Oğrun-oğrun baxana  
Yorğun-yorğun baxıram.  
Eh... qocalıq adamın  
Başına birdən düşür.  
Günlər ömürdən düşür. 
 

  
 
 
 
298
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
BAHAR 
 
Çöldə gülün ətri, balın ətri var,  
Yaz gəlib, hər yanda sevgi ətri var.  
Sular quşlar kimi verib səs-səsə.  
Bütün ömür boyu daş olub qalar  
Bu vaxtı eşqini kim əsirgəsə. 
 
Tikanın çiyninə kəpənək qonur,  
Zirvənin çiynindən su qalxıb aşır.  
Əynindən dumanı dağlar soyunur,  
Cığırlar dirilib göyə dırmaşır. 
 
Mavi rəng getdikcə çəkilir göyə,  
Qara rəng quyunun dibinə batır.  
Quşların məhəbbət çağıdır deyə,  
Sərçənin səsi də ürəyə yatır. 
 
Ayı olduğu da çıxıb yadından,  
Ayılar gərnəşir yarıyuxulu.  
Üşüyüb lal olmuş daşlar adından,  
Bulaqlar gəlibdir ürəyi dolu. 
 
Günəş də səmaya eşq ilə qalxır,  
Hər yan yaşıllığa batır baharda.  
Göydən sübhə kimi məhəbbət yağır,  
Torpaq da törüyür artır baharda. 
 

                                                                                  
 
 
299
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
BAHARDAN BİR DAMLA 
 
İstəyirsən baharı 
əlimdən alasan sən.  
Çiçəkləri, yolları 
əlimdən alasan sən. 
 
Götür baharı apar, 
qoy ruhum qalsın mənə. 
Apar baharı, dəymə 
qəlbimin sevincinə. 
Mənə ölüncə bəsdir  
xəyalımdakı yollar, 
götür baharı apar. 
 
Bu bərəkətli torpaq 
qalacaqdır, bəsimdir. 
Başımın üstə günəş 
olacaqdır, bəsimdir. 
Hamilə qadın kimi  
dolu-dolu buludlar  
nə qədər səmada var, 
yenə olacaq bahar. 
Məni də yaradıbdır 
Torpaq, günəş, hava, su. 
Yaradıb həyat eşqi, 
bir də bahar arzusu. 
Mən də yüz-yüz güllərin 
rəngiyəm, nəfəsiyəm. 
Yağışların səsiyəm, 
baharın nəğməsiyəm.  

  
 
 
 
300
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Gəzirəm diyar-diyar,  
mən bu böyük baharın  
balaca zərrəsiyəm, - 
götür məni də apar. 
 

                                                                                  
 
 
301
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İNANA-İNANA 
 
İ.Məlikzadəyə 
 
Bir dostum dedi: 
yanıram qardaş, yanıram!  
Bilirəm deyilənlər yalandı,  
yenə inanıram. 
Yaşadım 
allana-allana,  
inana-inana, - 
Görünür,bəzən  
ehtiyac da olur, yalana. 
Yalan şirin olur,  
nərgiz qoxusu kimi, 
ölüm yuxusu kimi. 
Yalan gözəl olur  
gözəllərin çoxusu kimi. 
Kişisən, di gəl inanma,  
inananda sevinmə,  
yalan olduğunu biləndə  
od tutub yanma. 
Ya da düpbədüz yaşa,  
kədərsiz, 
sevincsiz yaşa. 
Nə kiçik olarsan,  
nə də böyük, - 
ömrün olar ağır bir yük. 
 
                                                 1978 

  
 
 
 
302
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İŞ-GÜC 
 
Kişinin yaraşığı –  
dərdidir. 
Kişinin adına layiq  
dərdi olar. 
Qadının da qadına layiq  
dərdi olar. 
Adam ona görə 
evdən yola çıxır,  
işə gedir,  
işdən gəlir. 
Adamlar elə 
dərdi olduğundan  
danışır, gülür. 
Dərdimiz olduğundan 
yerin təkinə baxırıq,  
göyün yeddinci qatına  
qalxırıq. 
Yer şumlayırıq, 
yer əkirik. 
Zavod tikirik, 
yol çəkirik. 
İşdən-gücdən 
heç açılmır baş, 
Çünki dərdimiz-sərimiz  
var, qardaşım. 
Dərdi balaca olanlar 
girib evdə oturar, 
lovğalanar ki, dərdim var. 
 
 

                                                                                  
 
 
303
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BU YAY 
 
Günəşi qızıl inək kimi  
Üzüm gilələrinə sağacağam.  
Qırmızı almalara yığacağam.  
Gilaslar sırğa-sırğa 
gün işığı,  
Nar dənələri 
çıttaq-çıttaq  
günəş odu.  
Bu yay yerə yağacaq 
günəşin yaraşığı,  
Bəlkə bu yay insanlarda 
İstiqanlılıq bol oldu.  
Bu yay isinəcək 
ədalı qızların baxışı,  
Yaxşılar yaxşı idi, 
pislər də olacaq yaxşı.  
Ürəyimiz bir-birinə 
qızınacaq.  
Qışda gecələr uzanacaq.  
Üzüm, alma, nar 
bayram tonqalı kimi  
süfrəmizdə yanar.  
Süfrəmizin başında 
atılıb-düşəcək  
uşaqlar. 

  
 
 
 
304
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
LAQEYDLİK 
 
Biganə yaşamaqdan 
daha yaxşıdır ölmək. 
Bəlkə xeyir elədi 
cəhənnəmi də görmək. 
Bəlkə yüz il yana o,  
gözündə buz əriyə, 
kirpik kirpiyə dəyə. 
Bəlkə min il yana, 
ürək qızına bir az, 
Bəlkə istilik hopa 
dilinə-ağzına bir az. 
Onu bütün şeytanlar  
yığılıb qıdıqlasın, - 
bəlkə dodağı qaçdı. 
Min il əzab versinlər, 
bəlkə bir yol hirsləndi, 
bəlkə bir yol dalaşdı. 
Mən ondan qorxuram ki,  
özü kimi birini 
gətirəcək həyata... 
Biz də atayıq, ata... 
Laqeydlik yenə də 
dünyada qalacaqdır, 
Bizim balaların da 
qanı qaralacaqdır. 
 

                                                                                  
 
 
305
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
  
                     DİPLOMLU DON KİXOT 
 
Şeirlərimdə 
gözəllərin gözləridir 
ulduzlar. 
Ay camallıdır qızlar.  
Guya "yox" desələr ölərəm,  
"Hə" desələr ömrüm boyu 
gülərəm.  
Sevdiyimi görmək üçün 
gəlir bahar, 
Günəş onu görməsə, 
boğular, qaralar.  
Quşlar qanad saxlayar, 
qulaq asar səsinə, sözünə.  
Yarın ayağına dəysə 
bir kəsək, bir daş  
İş bitdi, qardaş!  
Çevirərəm yer kürəsinin 
astarını üzünə... 
Özünə bax, 
danışdığı sözünə bax.  
Məni oxutmaqda 
lap gül dərdilər! –  
İyirminci əsrin 
ikinci yarısında  
Bir Don Kixota da 
diplom verib 
üstünüzə göndərdilər.  
Bir mərtəbə qalxsa, 
tövşüyəcək, 
Qaçın, 
kainatla döyüşəcək. 

  
 
 
 
306
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QUYUDAN BAXANDA 
 
Quyudan baxanda  
göy bir əlcədir;  
kainat - beş-on ulduz,  
hava qaranlıq, 
həyat bumbuz.  
Quyudan baxanda 
dörd yanın nəm divar.  
Ürəyində nəm var,  
gözlərində nəm var,  
belə həyatda nə var?  
Ağzıgöyçək 
böcək, 
çıx quyunun dibindən.  
Çıx köhnə dəbindən, 
Ürəyini, gözlərini 
quyudan çıxart. 
Gözəldir həyat!  
Bax güllərin rənginə,  
dağların boyuna,  
çayların ahənginə,  
quşların səhər toyuna...  
Göy - üzüm salxımları kimi 
ulduzlarla asım-asım.  
İnsanam!  
Gərək kainatı 
bağrıma basım! 
 

                                                                                  
 
 
307
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
KİŞİLƏR 
 
Kişilər ağlamaz kişi öləndə,  
Kişi ağı demir, qara geyinmir.  
Ağırlıq böləndə, dərdi böləndə,  
Az düşdü, çox düşdü adam deyinmir. 
 
Bir cavan əl çəkər cavanlığından,  
Gedən bir kişinin əvəzi olar.  
Dul arvada bənzər kişisiz zaman,  
Çörəyi olarsa - sözbazı olar. 
 
Kişilər həmişə olub, olacaq,  
Oğlum, bir vaxt kişi deyərlər sənə.  
Ölən kişiləri qoyuruq ancaq  
Gələcək günlərin bünövrəsinə... 
 

  
 
 
 
308
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
YERLƏ GÖY ARASINDA 
 
Başım minarə qülləsi kimı  
göyə çəkir fıkrimi,  
sinmişəm  
xəyalın yəhərinə, -  
başım baş aparır yenə. 
Xəyalım deyir:  
hava vermə,  
işıq vermə, 
məni göyə çək. 
Belə getsə, bu bahar  
çiynimdən 
qanadlar göyərəcək. 
Başım elə bilir 
onda bir gün görəcək. 
Yenə burda 
tərləyəndə su var,  
suya batıram;  
yorulanda 
gözlərimin yuxusu var,  
yatıram. 
Orda gün altında 
gilə-gilə əriyəcəyəm. 
Qanad çalmasam, 
kəlləsi üstə yerə dəyəcəyəm 
Biz yer oğluyuq, 
torpaqdan tənbəlliyimiz var,  
sudan sərinliyimiz. 
Göydən gəlməmişik ki, 
göyə çəkilə bilək biz. 
 

                                                                                  
 
 
309
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Baş aparma, başım, 
uçmaq nədir; 
Mən də bir ovuc torpağam, 
torpaqdan qaçmaq nədir? 
 

  
 
 
 
310
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KƏNDİMİZ OYANIR 
 
Səhər-səhər 
reyhanları üzüsulu, 
qızılgülləri gözüyuxulu 
kəndimiz oyanır. 
Şırıl-şırıl 
sağılır qızıl inək. 
Evlərin pəncərəsi - qızıl eynək, 
Eyvanda gərnəşir qızlar 
əynində qızıl köynək, 
kəndimiz oyanır. 
Toyuqlar qapıya baxıb, 
dən gözləyir, 
inək balasını yalayıb 
əzizləyir. 
Camış gövşək vura-vura  
əmizdirir, 
Havada təzə süd ətri var,  
Arxdan elə bil  
buğlana-buğlana süd axır.  
Adam nəfəs almır,  
sinəsinə hava yığır.  
Günəş dəcəl uşaq kimi  
dırmaşıb qayanın başına qalxır,  
Kəndimiz oyanır.  
Səhər-səhər  
gündoğan vaxtı, 
kəndimiz - tüstülənən bir ocaqdı. 
Od alıb yanacaqdı  
qara gözlər, -  
olacaq 

                                                                                  
 
 
311
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
külü pülənmiş gözlər.  
İş yeri,  
döyüş yeri  
olacaq. 
od ələnmiş çöllər, düzlər.  
Hər sinədə  
bir yanar ocaq,  
salamları da, 
təndirdən çıxmış çörək kimi 
əli yandıracaq. 
İndi 
Günəş uçub qovağın başına qonur, 
banlayır. 
Səsi buludlara düşüb yanır,  
kəndimiz oyanır... 
 

  
 
 
 
312
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QAŞ QARALANDA 
 
Hər gün qaş qaralanda 
bir az qəlbim kövrəlir. 
Kövrək xatirələrim 
qayıdıb yenə gəlir. 
İlk məhəbbət çağları... 
İlk görüş, ilk ayrılıq. 
Gecə...gözlər yuxusuz, 
hava ətir... 
ay ilıq... 
Pəncərənin işığı 
pıçıldayır, danışır. 
Pəncərənin işığı 
məndən küsür, barışır. 
Gecəni sübhə kimi 
kükrəyirəm, daşıram,  
yanıram, alışıram. 
Ona nəğmə qoşuram, 
heç kəs bilməyir ancaq. 
Gecələr yata bilmir 
bənövşə məhəbbəti  
özündən də utancaq  
bir uşaq... 
Hər gün qaş qaralana 
bir az qəlbim kövrəlir. 
Həmin utancaq uşaq 
qayıdıb yenə gəlir. 
 

                                                                                  
 
 
313
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ÖZÜMƏ TƏSƏLLİ 
 
Sən də bir insan idin, 
mənə yaxından-yaxın. 
Ümid dolu axşamların başlardı,  
haylı-küylü sabahın. 
Gombul qarağaca oxşayırdın,  
gövdən eşim-eşim,  
düyün-düyün. 
Əyninə yapışardı geyindiyin 
Arzuların 
bahar seli kimi  
qarmaqarışıq. 
Gözlərində həmişə ümid,  
həmişə işıq. 
Səhvini düzəltməyə də  
Qayıtmazdın, 
Elə bilərdin gecdi, keçdi. 
Elə bilərdin 
bu da bir zər imiş  
atdın, düşdü! 
Dünya sənin üçün 
ya hər şey idi,  
ya da heçdi. 
Qapıları tanıyırdın 
nəsilə görə,  
ocağa görə. 
Adamları vəzifəyə görə yox,  
qanacağa görə, 
Dilinə od bassalar 
qırpmayacaqdın gözünü, 
deyəcəkdin sözün düzünü. 

  
 
 
 
314
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Sevincin də böyük olurdu, -  
o da sənə yük olurdu. 
Yaz seli kimi 
coşurdun, çağlayırdın. 
Qəmlənə də bilmirdin,  
yaz buludu kimi  
hönkürürdün, ağlayırdın. 
Bizim yerlərdə 
xasiyyətnamən  
idi adın. 
Sakit ölməyi də bacarmırdın,  
qəzaya uğradın. 
Bir də... 
Sən də bir insan idin, - 
insan ölür də... 
 

                                                                                  
 
 
315
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BAXTIM 
 
Dünən baxtımı gördüm - 
qırx üç il yol yoldaşım. 
Mənim ağarır başım, 
sənin də ötür yaşın. 
Neyləyərəm mən sənsiz  
döz, hələ bir az da döz, 
baxtım - əkiz qardaşım. 
 
Biz qoşa iməkləyib  
yerimək öyrənmişik.  
bu dalğalı yollarda 
ucalmışıq, enmişik. 
Əynimizə rəngbərəng 
illəri geyinmişik. 
Bərkdə, çətində, darda,  
nə zaman deyinmişik - 
haçan axıb göz yaşın? 
Gedək, bir az da gedək, 
baxtım - əkiz qardaşım. 
 
Səninlə yerin, göyün 
yükünü çəkərəm mən. 
Səninlə bəd günlərin 
gözünü tökərəm mən. 
Sənsiz bircə gün olsam 
üstümə dağ qalanar, 
yollar ilana dönər, 
ayağıma dolanar.  
Sənsiz daş suya dönər, 
su oda dönər yanar.  

  
 
 
 
316
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Ağ çiçək açıb başım,  
Hələ nədir ki, yaşın.  
Gedək, qolboyun gedək!  
Baxtım - əkiz qardaşım. 
 

                                                                                  
 
 
317
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ÇİNAR 
 
Ağdaşımın ağbirçəyi, uca çinar, 
sən, yaşlıdan yaş soruşma,  
ayıb işdir. 
Qoca desəm, qorxuram ki, qəlbin sınar. 
Bu görkəmdə görüb səni, 
Yamaqlı görüb sinəni 
lap ürəyim kövrəlmişdi. 
Yüz illərdi oturmusan  
yol yanında, 
çay başında; 
Yüz illərin söhbəti var qırışında,  
duruşunda, 
baxışında. 
Yüz illərdi bu şəhərə 
gəlib-gedən  
qolunun altından keçir,  
sənin həyatından keçir. 
Çox görmüsən saf ürəklə  
gələnləri,  
min fərəhlə gedənləri... 
Top-tüfənglə gələnlər də 
gəlib, amma od-alovu  
sönüb gedib. 
Gəlib burda suya düşmüş 
kəsiyinə dönüb gedib. 
Burdan yola sən salmısan 
neçə oğul, ana çinar. 
Dönüb sənə xar baxana 
sən qənim ol, ana çinar. 
 

  
 
 
 
318
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DƏNİZ 
 
Üstünə çəkib 
ulduzlu gecəni,  
unudub könlündən keçəni.  
Başını qoyub qumlu sahilə 
büzüşüb olub bir gilə,  
yatır dəniz.  
Yuxusunda gəmilər üzür,  
yuxusunu 
balıqçılar tordan süzür.  
Balığın havası, 
yeməyi dəniz,  
balıqçının yolu, 
köməyi dəniz... 
Dəniz –  
yatanda fələk gəlsə, 
yuxusuna haram qatmaz,  
hirslənəndə 
kainat layla çalsa, yatmaz.  
Salıb toruna 
balıqçılan, balıqları,  
heç biri yaşaya bilmir  
ondan ayrı... 
 

                                                                                  
 
 
319
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BALIQLAR 
 
Gəmilər çıxır dənizə,  
yazıq balıqlar, balıqlar.  
Düzüləcək süfrənizə  
yazıq balıqlar, balıqlar. 
 
Suda balıq ələnəcək,  
Hamısı tora bələnəcək,  
bir udum su dilənəcək  
yazıq balıqlar, balıqlar. 
 
Onlar quş tək qanad açar,  
dənizlər dibində uçar.  
Tora gələr bir gün düçar  
yazıq balıqlar, balıqlar. 
 
Can atdılar böyüməyə,  
bir-birini yeyə-yeyə  
tutuldular yeyilməyə 
yazıq balıqlar-balıqlar. 
 
Bir tordur dəniz özü də,  
Kimsə atıb dənizi də,  
bu tora salıb sizi də...  
yazıq balıqlar, balıqlar. 
 

  
 
 
 
320
Ôèêðÿò Ãîúà
 
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin