AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda ƏFZƏLƏDDİn dağBƏYİ oğlu ƏSGƏrov



Yüklə 1,38 Mb.
səhifə10/15
tarix31.01.2017
ölçüsü1,38 Mb.
#7103
1   ...   7   8   9   10   11   12   13   14   15

4.2.3. Ozmaq və Oğuznamə. Oğuznamə mətninin təbiəti onu yazıya köçürən katiblərdən bu yana oğuznaməşünasları prob­­lem qarşısında qoymuşdur. “Kitabi-Dədə Qorqud”un Drez­den nüsxəsinin katibinin bəzi parçalardan öncə soylama sözü işlətməsi (irəliyə bax) Vatikan nüsxəsi katibinin şeir ayrın­tısı apar­mağa çalışması mətnin poetik formasını anlama cəhdi kimi yozulur. Türkiyə və Azərbaycan qorqudşü­nas­larının nəşr zama­nı şeir-nəsr ayrıntısı aparması da belə bir cəhdin nəti­cəsidir. Belə klassifikasiyanın “bir çox hallarda subyektiv səciy­yə daşı­masını” hələ V.M.Jirmunski qeyd etmiş­dir (196, 616). Doğru­dan da, bunu görmək üçün iki çap variantının ötəri mü­qayisəsi kifayətdir. V.M.Jirmunski “çoxlu nəsr parçalarında qafiyənin var­lığını və ciddi izosillobizmin – heca bərabərli­yi­nin yoxlu­ğu­nu” nəzərə alaraq “Dədə Qorqud” boylarının şeirlə deyilən das­tanlarla, şeirlə nəsrin növbələşməsindən ibarət olan dastanların arasında qalması fikrini, eləcə də əlyaz­maya sadiq qalaraq şeir-nəsr ayrıntısı aparmayan V.V.Bartol­dun tərəfini tutaraq bu prin­sipin “oğuz bılinalarının janr xüsusiyyətlərinə daha çox uyğun gəldiyini” söyləsə də, gəldiyi son nəticəni “oxu­maq və nağıl et­mək” şək­lində ümumiləşdirir (196, 616-617). V.M.Jir­munski­nin ardınca X.Koroğlu da dastan mətnini “subyektin ekspressiv intonasi­yası”, “emosiya”, “nitqin ritmik quruluşu” kimi şeirə məx­sus prinsiplərə əsaslanaraq şeir və nəsr hissələ­rinə parça­layır (222, 190). Müəllif dastanlarda qəh­rə­manların qopuzla soylamalarını nəzərdə tutaraq “şeir parti­ya­larının qopuz çalğısı ilə ifa” olduğunu söyləyir (222, 191). Başqa sözlə, o, epik qəh­rəman­ların “ifası” ilə ozan ifasını eyniləşdirir. Belə çıxır ki, das­tanda soylama olmayan hissələr qopuzsuz ifa olunmuşdur. K.Hü­seynoğlu, X.Koroğlu­nun das­tan­ların şeir hissəsi üçün müəy­yən etdiyi ölçüləri dastanın nəsr hissəsində aşkarlayır. An­caq müəllif həmin ölçülərin nəsrə nisbətən şeirdə daha güclü olduğunu söyləyir (39, 21-22, 35). O.Şaik “ahəngə görə dü­zül­müş misraların mənsur parçalar içə­ri­sində də olduğunu” söy­ləməsinə baxma­yaraq, dastanların “nəzm və nəsr qarışığı ol­ması” fikrindədir (82, CCLXI, CCCXV). Başqa sözlə, o da das­tan mətnində nəsr parçalarının varlığını təsdiq edənlər sırasına qoşulur. Qeyd edək ki, dasta­nın tamamilə nəsr olması haqqında fikir də var. C.Öztelli Dədə Qorqud boylarının nəsrdən ibarət ol­duğunu söyləyərək məsə­ləyə münasibətdə orta əsr müəllif­lərin­dən daha mühafi­zəkar görünür (82, CCLXI). Bununla yanaşı, dastanın tamamilə şeir olması fikri də mövcuddur (36, 3). Biz də bir yazımızda bu fikri ozmaq müstəvisində müdafiə etmişik (30, 44). Ancaq nə­zə­rə almaq lazımdır ki, oğuzna­mə­lə­rin poetik for­ması haqqında söylənən fikirlər konkret araşdır­ma­ya deyil, ümu­mi müşahi­də­lərə söykənir. Bu üzdən proble­min konkret şə­kildə öyrənilməsi qorqudşünaslığın qarşısında dayanan vəzifə­lər­­dən­dir. Bununla yanaşı, biz də, həmkarla­rı­mız kimi, müşa­hi­dələ­rimizə söykənib Dədə Qorqud oğuzna­mə­lərinin poetik for­ması ilə bağlı bəzi qeydlər etmək istərdik.

Deyildiyi kimi, oğuznamələrin şeir deyilən hissəsi forma­sına görə sintaktik paralelizm əsasında qurulmuşdur. Ancaq burada sintaktik paralelizmin komponentlərini müəy­yən­ləşdi­rib onları ard-arda düzmək heç də asan iş deyil və müəyyən səbəblərlə bağlıdır. Birinci, məlum olduğu kimi, sintaktik para­le­lizm və onun oğuznamələrdəki xüsusiyyətləri barədə bir çox araşdırmalar mövcuddur. Bu araşdırmalardan alınan nəti­cə­lərdən yararlanaraq oğuznamələrin təhkiyəsini başdan-ayağa nəzərdən keçirmək lazımdır və bu problem, deyildiyi kimi, ayrıca araşdırma tələb edir. İkinci, bizim oğuznamələrin ifası haqqında təsəvvürlərimiz orta əsr qaynaq­la­rının verdiyi bəzi biliklərə əsaslanır. Bu biliklər oğuzna­mə­lərin səslənməsində çal­ğının və avazın rolu, eləcə də yeri barədə aydın bir təsəvvür əldə etməyə imkan vermir. Gəlin unutmayaq, şifahi mətnin əsl siması ifa zamanı ortaya çıxır. Bu baxımdan V.Y.Vladi­mirt­so­vun monqol dastanlarını nəzərdə tutaraq söylədiyi “epik mətn ifa zamanı şeir olur” (253, 130) fikri qarşıda dayanan proble­min mahiyyətini anlamaqda yar­dımçı ola bilər. Üçüncü, Dədə Qorqud oğuznamələri birbaşa şifahi ifadan yazıya alın­mışdır. Bu halda ozanın ağzından çıxan sözləri yazıya almaq üçün katib tələsməli idi. Tələsik yazı zamanı sözlərin, ifadələ­rin, cüm­lələrin buraxıl­ması təbiidir və “Dədə Qorqud” mətnin­də kənardan görünən belə hallarla tez-tez qarşılaşmaq olar. Ancaq bütün hallarda buraxılmış yerləri aşkarlamaq heç də asan deyil. Sözümüzün canı odur ki, katibin diqqətindən yayı­nan söz, ifadə və cümlələr mətnin poetik formasını zədələ­miş­dir. İrəlidə bu məsələdən ətraflı şəkildə söz açılacaq. Burada ümumi qeyd­lərlə kifayətlənməli olduq. Dördüncü, V.M.Jir­munski­nin gös­tər­diyi katib işləmələrini də buraya əlavə etmək istərdik (196, 552). Katib işləmələri də mətnin poetik formasını əhəmiyyətli dərəcədə zədələyə bilərdi. Beləliklə, gözümüzə nəsr kimi görünən parçaların bir hissəsi, ehtimal ki, belə hal­larla bağlıdır. Bütün bunlar birləşərək nəşr zamanı sintaktik paralelizmin kom­ponentlərini müəyyənləşdirib, onları şeir par­ti­yaları şək­lin­də ard-arda düzmək işini çətinləşdirir. Ona görə də mətni nəşrə hazırlayan tərtibçi – mətnşünaslar bu çətin­lik­lərdən yaxa qur­tar­maq üçün sintaktik paralelizmin kom­po­nent­lərinin asan müəy­yənləşən hissəsini seçib şeir partiyaları şək­lində verir və bu işdə, əsas etibarilə, “soylamış, görə­lim nə soy­lamış” for­mulu onların dadına çatır. Məlum oldu­ğu kimi, oğuznamələrdə qəhrəmanların öz hiss və duyğu­larını ifadə etdik­ləri müra­ciət­lər bu formuldan sonra verilir. Oğuznamə­lə­rin soy adı verdiyi bu müraciətləri şeir partiyaları şəklində verən tərtibçi – mətn­şünas bu cəsarəti müasir dastan­la­rımızda işlənən “aldı, görək nə dedi” formu­lun­dan sonra qəhrə­manların oxuduğu hecalı şeirlərdən alır. Bununla belə, məlum olduğu kimi, müasir das­tanları­mızdan fərqli olaraq oğuz­namələrin “şeir hissəsi” soy­lamalarla məhdudlaşmır. Ritmli sintaktik pa­ra­lelizm əsasında qurulan parçalar, araşdı­rıcıların da söylədiyi kimi, epik təh­kiyənin hər tərəfində müşa­hidə olunur və geniş yer tutur.

Ancaq “Kitabi-Dədə Qorqud”da nəsr elementlərinin var­lığı inkarolunmazdır. XV əsrdə yazılmış “Zübdətül-ədvar” adlı musiqi haqqında əsərdə ozan adında musiqi aləti ilə türkcə mənzum mənsur hekayələr deyildiyi göstərilir (97, 139). Əgər Oğuznamənin müasiri olan qaynaq, müasir araşdırıcılar kimi, orada mənzum hissə ilə yanaşı, mənsur hissə də görürsə, mətndəki nəsr elementlərinin varlığını inkar etmək əbəsdir. Bu­nunla bərabər, Oğuznamənin nəsr hissəsinin hansı şəkildə ifa olunması məsələsi qaranlıq qalır.



4.2.4. Ozmaq və yazıya alınmış Oğuznamə mətnləri. Yazı­ya alınaraq günümüzə çatmış mətnlərin dəyərləndiril­mə­sin­də ozmaq poetik forması haqqında biliklərin əhəmiyyəti bö­yük­dür. Əlimizdə olan mətnlər formasına görə nəsr və oz­maq şək­lindədir. Atalar sözü məzmunlu Oğuznamə mətnləri isə həm oz­maq, həm də ərəb əlifbasının sırası ilə tərtib halında verilir. Oz­mağın təsbiti bir şifahi yaradıcılıq hadisəsi olaraq Oğuznamənin şifahi ənənədəki halını görməyə imkan verir. Belə ki, biz Oğuz­namənin poetik forması haqqında biliklərə söy­kənib onun hansı üsulla mətnləşdirilməsini dəyərləndirmək imkanı qazanırıq. İrə­lidə Oğuznamə mətnləri ətraflı şəkildə təh­­lil olunacaq. Burada Oğuznamənin şifahi ənənədəki forma­sına münasibətdə yazılı mətnlərin vəziyyətindən qısa şəkildə danışmaq istəyirik.

“Oğuz xan və Qara xan” haqqında dastanın ozan adlı ha­va ilə oxunmasını qaynaqların verdiyi məlumata əsasən bili­rik. Ancaq bu dastanın Rəşidəddin və Əbülqazi tərəfindən verilmiş məzmunu günümüzə çatmışdır. Dastanın Rəşidəddin və Əbülqazi təsviri araşdırıcıları çaş-baş salmış və onu oğuz tarixi bilərək, bu şəkildə də qəbul etmişlər. Burada Oğuznamənin “Cami ət-təvarix” kitabında olması və onun tarixi məzmunu az rol oynamamışdır. İş ondadır ki, Oğuznamə elə tarixi məzmu­nuna görə “Cami ət-təvarix”ə salınmışdır. Ancaq sözügedən mətnə dastan deyərkən tarixi motivlər, tarix deyərkən dastan motivləri qarşıda dayanır. A.J.Quryeviçin island saqaları haq­qında söylədiyi bir fikir məsələnin nə yerdə olduğunu anlama­ğa yardım edir: “Saqa elə bir mühitdə yaranmışdı ki, orada tari­xi və bədii təhkiyə müxtəlif janrlar kimi bir-birindən ayrıl­mamışdı. Saqa həm odur, həm bu. Ona görə də o nə tarix­dir, nə roman” (187, 70). Oğuznamə də bu məsələdə saqa ilə qohum­dur. Bu səbəbdən Oğuznaməyə nə emprik tarix, nə də xəyal məhsulu dastan kimi yanaşmaq olmaz. Oğuznamə zamanında emprik tarix təfəkkürünün məhsulu olan çoxsaylı əsərlərin varlığı bizi çaşdırmamalıdır. Söhbət yazılı mədəniy­yətdən və bu mədəniyyəti yaradan ziyalı düşüncəsindən yox, onun qon­şu­luğunda yaşayan şifahi xalq təfəkküründən gedir. Məsələnin bu tərəfini orta əsr qələm sahibləri nəzərdən qaçır­mışdılar. Bu vəziyyət bir çox hallarda bu gün də davam edir.

Oğuznamə folklor hadisəsidir. Bu, o deməkdir ki, şifahi yara­dıcılıq haqqında nəzəri biliklərə arxalanmadan onu anla­maq və izah etmək mümkün deyil. Rəşidəddin və Əbülqazi Oğuz haqqında dastan və Oğuz elinin tarixi haqqında oğuz­na­mələr silsiləsinin qısa məzmununu versələr də, orada poetik for­ma haqqında “müəyyən işarələrə” təsadüf olunur. Məsələn, Rəşidəddin mətnində Suvarın Qara Arslan xanın tabutu üzərin­də ağlaması təsvir edilərkən deyilir: “Onun şeirlərlə söylədiyi zarıncısı hamını ağlatdı” (303, 87). Söhbət şəksiz-şübhəsiz soylamadan gedir. Ardınca soylamanın mətni verilir ...

Rəşidəddindən fərqli olaraq Əbülqazi, qeyd etdiyimiz kimi, açıq-aydın şəkildə Oğuznamənin poetik formasını səc adlandırır. Bundan başqa, Əbülqazi mətnində ozmaq parçaları da mövcuddur. Qazan xan və Oqürcük alp haqqında ozmaq belə parçalardandır.

Rəşidəddin Oğuz haqqında dastan və Oğuz elinin tarixi haqqında Oğuznamələr silsiləsini daha ətraflı şəkildə şərh et­miş­dir. Ancaq sözügedən dastanlar şifahi ənənədə Rəşidəd­di­nin təsvirindən qat-qat böyük olmuşdur. Belə düşünərkən biz Rəşidəddinin dastanda bədii dəyər daşıyan epizod və ya bədii təsvir vasitələrini bir yana atıb, öz maraq dairəsinə uyğun şə­kil­də tarixi məzmuna malik hadisələri təsvir etməsini nəzərdə tutmuruq. Söhbət Oğuznamənin poetik formasına münasibətdə Rəşidəddin mətninin həcmindən gedir. Təsəvvür edək, bəzən 60-70 və daha çox komponentdən ibarət olan sintaktik para­lelizm öz əhəmiyyətini itirir və yalnız məzmun (süjet) izlənir. Bu halda Oğuznamənin həcminin Rəşidəddində bir neçə dəfə kiçildiyini qəti şəkildə söyləmək mümkündür. Aydın olur ki, Rəşidəddin mətni, əslində, Oğuznamənin darmadağın olmuş halıdır. Oğuznamənin bədii görkəmi burada tar-mar edilmiş, pərişan hala salınmışdır. J.M.Lotman Oğuznamənin bu halını nəzərdə tuturmuş kimi yazır: “Məlum informasiya (məzmun) mə­lum strukturdan kənarda mövcud ola bilməz, çatdırıla bil­məz. Şeiri adi dillə söyləyərkən biz strukturu dağıdırıq və qavra­yana heç də onda olan informasiya tutumunu təqdim et­mirik” (235, 16-17). Bu vəziyyət təkcə Rəşidəddin mətninə deyil, irəlidə təhlilə cəlb edəcəyimiz bir çox mətnlərə aiddir. An­caq biz “Məhəmmədəli Oğuznaməsi”adı verdiyimiz mətn­də maraqlı bir halla qarşılaşırıq. Bu mətndə atalar sözü məz­munlu ozmaqların komponentləri parçalanmış və ərəb əlifba­sının sırasına uyğun olaraq verilmişdir. Bu şəkildə ozmaqlar param-parça edilərək mətnin müxtəlif yerlərinə səpələnmişdir. Növbəti fəsildə bu məsələdən ətraflı şəkildə söz açılacaq.
V FƏSİL
OĞUZNAMƏNİN YAZIYA ALINMASI VƏ MƏTN

XÜSUSİYYƏTLƏRİ
Biz Oğuznamə ilə orta əsrlərdə yazıya alınmış mətnlər vasitəsi ilə tanış olur, Oğuznamə haqqında fikirlərimizi onların əsasında yürüdürük. Ona görə də Oğuz­na­mə haqqında elmi fikirlər bir çox hallarda həmin mətnlərin xarakteri, xüsusiy­yətləri haqqında biliklərdən asılıdır. İrəlidə görəcəyimiz kimi, oğuznaməşünaslıqda özünü göstərən yanlış fikirlərin bir hissəsi yazıya alınmış oğuznamələrin mətn xüsusiyyətləri haqqında biliklərin məhdudluğundan qaynaqlanır.

Oğuznamə şifahi bədii yaradıcılıq hadisəsidir. Ona görə də orta əsrlərdə yazı­ya alınmış mətnlər şifahi ənənəyə münasi­bətdə klassifikasiya olunmalıdır. Oğuzna­mənin şifahi ifası, poetik forması, eləcə də şifahi söz yaradıcılığının təbiəti haq­qın­da biliklərə söykənib, günümüzə çatmış mətnlərin hansı üsulla ərsəyə gəldiyini müəyyənləşdirmək mümkündür. Elə bu prinsiplə də Oğuznamə mətnləri təsnif və təhlil olunur. Bu baxımdan orta əsrlərdə yazıya alınmış Oğuznamə mətnlərini aşa­ğı­dakı şəkildə təsnif etmək olar:

I. Təsvir üsulu ilə yaranmış müəllif mətnləri

II. Şifahi ifadan yazıya alınmış mətnlər

III. Tərtib üsulu ilə yaranmış mətnlər

5.1. Təsvir üsulu ilə yaranmış müəllif mətnləri. Belə mətnlər oğuznamə­lə­rin təsviri və ya məzmununun verilməsi üsulu ilə ortaya çıxmışdır. Onlar aşağı­dakı­lar­dan ibarətdir:

1. Oğuz tarixi haqqında Rəşidəddin və Əbülqazi mətni. 2. Basatın Dəpəgözü öldürməsi haqqında Dəvadəri mətni. 3. Qa­zan xanın “kafər” ləzgilər – Dağıstan tatarları üzərinə yürü­şü haq­qında A.Oleari mətni. 4. Bökdiz Əmənlə Yetim Qozan ara­sında qan düşmənçiliyi haqqında Hafiz Dərviş Əli Cəngi mət­ni. 5. Oğuznamə əsasında yazılmış Bayburtlu Osman mətni.



5.1.1. Oğuz tarixi haqqında Rəşidəddin və Əbülqazi mətni. Oğuz və onun cahangirlik yürüşləri haqqında mətn orta əsrə aid bir çox qaynaqlarda təsvir olu­nub. Ancaq bu mətn Oğuz elinin tarixi haqqında mətnlə birgə F.Rəşidəddinin “Ca­mi ət-təvarix” və Əbülqazi Bahadur xanın “Şəcəreyi-tərakimə” əsərində özünə yer tapır.

Birinci mətn Elxani dövlətinin vəziri F.Rəşidəddinin adı ilə bağlıdır. Müəlli­fin Qazan xanın (hakimiyyət illəri 1295-1304) sifarişi ilə 1300/1301 – 1310/1311-ci illər arasında yaz­dığı “Cami ət-təvarix” əsərində oğuz tarixi haqqında bir mətn var. Bu mətn “Cami ət-təvarix”də iki variantda verilir. Əsərin içərisində verilən mətn həcmcə kiçikdir. Burada sözü­ge­dən tarix müxtəsər şəkildə təsvir olunur. An­caq “Cami ət-təvarix”ə əlavə kimi verilən mətn həcmcə ondan qat-qat böyük­dür. Ara­­dan 350 il keçdikdən sonra həmin mətn bir çox fərqli xüsusiy­yətləri ilə Əbül­qazi Bahadur xanın “Şəcəreyi-tərakimə” əsərin­də əks olunur. Son illər “Bəyani-Oğuznamə” adlı yeni bir əlyaz­ma da tapılmışdır. Bu əlyazmanı F.Türkmən Kazan Uni­ver­sitetinin Əlyazmalar Kitabxanasında aşkarlamış və barə­sində məlumat ver­miş­dir (122). Ancaq bu əlyazma, hələlik, çap olunmamışdır. Ona görə də bu araş­dır­mada ancaq Rəşidəd­din və Əbülqazi mətninin üzərində dayanmalı olduq.

Yuxarıda “Cami ət-təvarix”də özü­nə yer tapan oğuz tarixi haqqında mət­nin oğuz tarixi haqqında oğuznamələr əsa­sında yazılmasından bəhs olundu. Rəşidəddin qələmə aldığı oğuz tarixinin qaynaq­larından söz açaraq yazır: “Bütün bu xalq öz soyunu Bulca adlan­dırdıqları Yafəs­dən başlayır. O, türk tayfalarının ümumi əcdadı olub. Ancaq o dövr arxada qaldı və uzun zaman keçdi. O dövrdən çoxlu vaxt keçməsi baş verən hadisələrin unudul­ma­sına səbəb oldu. Türklərin kitabları və yazılı qaynaqları yox idi. Ona görə də onlar dörd-beş min ilin salnaməsini yaza bilməmişdilər. Onlar müasir dövrə yaxın olan bir neçə dastan­dan başqa müəyyən və etibarlı salnaməyə malik deyillər. [Bu das­tanlar] onlara şifahi üsulla gəlib çatmışdır və onları uşaqla­rına öyrədirlər” (302, 153). Göründüyü kimi, müəllif oğuz tarixinin şifahi qaynaqlar və ya özünün dediyi kimi, “şifahi üsul­la gəlib çatmış” “bir neçə dastan” əsasında yazıldığını eti­raf edir. Müəllifin bəhs etdiyi bu “bir neçə dastanın” Oğuz haq­qın­da dastanın Oğuznamə versiyası və Oğuz elinin tarixin­dən bəhs edən oğuznamələr silsiləsi olması şübhə doğurmur. Rəşidəddin dastanların söyləyiciləri haqqında da məlumat verir. O, “Cami ət-təvarixin” içərisində verdiyi mətnin başlı­ğını Oğuznamənin məzmununa uyğun şəkildə “Oğuz və onun övladlarından törəyən yuxarıda xatırlatdığımız 24 tayfa və ona qoşu­lan bəzi qardaşları və əmisi oğlanlarından törəyən uyğur­lar, qıp­çaq­lar, kanqlılar, karluklar, kalaclar haqqında tarix və xalq hekayələri” adlandırır və mətnin adı çəkilən “qövmlərin müd­rik adamlarının söylədiklərinə və onların hamısının razı­laş­dıqları məqamlara əsasən ifadə olunduğunu” söyləyir (302, 80). Maraqlıdır ki, müəllif mətnin başqa yerlərində də söylə­yicilər haqqında cəm şək­lin­də danışır. Məsələn, o, “Cami ət-təva­rix”in içərisində verdiyi xülasədə təsviri aşağıdakı şəkildə başlayır: “Bütün incəlikləri ilə onlar bu vəziyyəti aşağıdakı şəkildə nağıl edirlər” (302, 80). Oxşar halla “Cami ət-təvarix”ə əlavə olaraq veri­lən mətnin girişində də qarşılaşırıq: “Türk tarixçiləri və hazırcavab nağılçılar söyləyirlər” (303, 25).

Rəşidəddin Oğuznamə söyləyicilərindən danışarkən ozan sözünü işlətmir. Müəl­lif heyətin Oğuznamədə adı çəkilən tay­faların müdrik adamlarından təşkil olun­duğunu söyləyir. “Ca­mi ət-təvarix”ə əlavənin girişində isə, yuxarıda verilən iqti­bas­dan da göründüyü kimi, onları “türk tarixçiləri və hazır­cavab nağıl­çı­lar” şək­lində tanıdır. Məlum olduğu kimi, Oğuz­naməni ozan­lar yaratmışdılar. Ancaq o, soy kimliyi haqqında dastan və mü­ba­rək tarix olduğu üçün onu xalq da yaxşı bilir­di. Ona görə də söy­ləyicilərin içərisində hər iki qəbildən olan nümayəndə ola bilər­di.

Söyləyicilərin çoxluğu Oğuz tarixi haqqında mətnin for­malaşmasında müəy­yən rol oynamışdır. Yuxarıda qeyd olun­­du­ğu kimi, Rəşidəddin, mətnin “onların hamısının razılaş­dığı məqamlara əsasən ifadə olunduğunu” etiraf edir. Şübhəsiz ki, “razılaşma” ehtiyacı “şifahi üsulla gəlib çatmış” dastanların variant fərqlilik­lərin­dən yaranmışdır. Bununla yanaşı, irəlidə görəcəyimiz kimi, müəllif bəzi hallarda variant fərqliliklərini aradan qaldıra bilməmişdir.

Rəşidəddin oğuznamə sözünü də işlətmir. Bunun əvə­zində Oğuznaməyə əsas­lanan mətni yazdığı “tarixə” uyğun ola­raq “tarixi oğuzan və türkan” adlandırır. Bununla müəllif oğuznamələri “oğuz və türk tarixi” kimi anladığını ortaya qoy­muş olur. O, oğuznamələrin tarixlə bərabər “dastan” və “xalq hekayələri” olduğunu anlasa da, onun bədii tərəfini bir kənara qoyub, diqqətini onların tarixi məzmununa yönəldir. İrəlidə görəcəyimiz kimi, müəllifin oğuznamələrə belə münasibəti mətnin formalaşmasında mühüm rol oynamışdır.

Əbülqazi də, Rəşidəddin kimi, söykəndiyi qaynaqlar haq­qında məlumat ver­miş­dir. Xivə xanı “Şəcəreyi-türk” əsərində F.Rəşidəddin, Şərafətdin Əli Yəzdi kimi tarixçilərə müraciət eləyir və Çingiz soyunun İranda və Turanda hakimiyyət tari­xinə aid on səkkiz əsərə malik olduğunu söyləyir (221, 21). A.N.Kononov isə Əbül­qazinin “Şəcəreyi-tərakimə”ni yazarkən bu əsərlərdən istifadə etdiyini ehti­mal edir (221, 21-22). Əbülqazi özü də “Şəcəreyi-tərakimə”də tarix bilicisi kimi tanındığını etiraf edir (221, 36).

Əbülqazinin tarixə dair bilikləri mətnin formalaşmasında xüsusi rol oyna­mış­dır. Burada biz müəllifin təkcə qaynaqlar­dan istifadə etməsini və ya təsirlənməsini deyil, həm də şifahi informasiyaya bəzi hallarda emprik tarix düşüncəsi ilə yanaş­masını nəzərdə tuturuq. Qeyd edək ki, Əbülqazi mətninin for­ma­laşmasında Rəşi­dəd­din mətninin də müəyyən rolu olmuş­dur. Oğuz elinin tarixi haqqında oğuz­na­mələr silsiləsinin epik strukturundan kənarda qalan Sərəng haqqında oğuz­namənin Rəşidəddin etdiyi kimi, mətnə daxil edilmə­sindən görünür ki, Əbülqazi Rəşidəddin mətninə müəyyən mənada sadiq qalmağa çalışmışdır. Bu baxımdan Z.V.Toqanın “Cami ət-təvarix”ə əlavə edilən mətndən Əbülqazinin xəbərsiz olması fikri ilə razılaşmaq olmaz (120, 125).

Nəzərə almaq lazımdır ki, Əbülqazi öz əsərini, əsas etibarilə, türkmən audito­ri­yası üçün yazmışdır. Ona görə də bu əsərdə Oğuznamənin türkmənlər içərisində yaşayan variantları nəzərə alınmalı idi. Oğuznamənin Əbülqazi mətnində özünü göstə­rən bəzi variant xüsusiyyətləri, fikrimizcə, onun türkmən­lər içərisində möv­cud olan variantları ilə bağlıdır. “Şəcəreyi-tərakimə”də sözügedən Oğuznamə əl­yaz­­malarından müəllifin yararlanması barədə bir söz demək mümkün deyil. Ancaq müəl­lif içki – salarların mənşəyi haqqında rəvayəti verərkən təh­kiyəni “baş­qa bir əsərdə də belə deyilir” cümləsi ilə başla­yır (221, 73). Bununla yanaşı, müəl­li­fin əsərdə Oğuznamə bilici­lərinin verdiyi məlumatlardan yararlanması bəllidir. Əsə­­rin bir neçə yerində təhkiyə Oğuznamə bilicilərinin dilindən verilir (221, 52, 70, 78).

Ən nəhayət, Əbülqazi Oğuznaməni sərbəst şəkildə ifadə etmək, eləcə də yazmaq imkanı qazanmaq üçün onun poetik formasından imtina etmişdir. Ancaq o, bunun səbəbini başqa şəkildə izah edir: “Hamı bilsin ki, bizdən öncə tarix söylə­yənlər özlərinin hünər və sənətkarlıqlarını xalqa göstər­mək üçün ərəb sözləri qatırlar və fars sözləri əlavə edirlər. Türk dili­ni isə səcə çevirirlər. Biz bunların heç birisini etmədik. Onun üçün ki, bu kitabı oxuyan və dinləyən türk olacaq. Türklərə də türkcə müraciət etmək lazımdır ki, onların hamısı başa düşsünlər. Əgər bizim dediyimiz sözləri başa düşməsələr, onun nə xeyri var” (221, 36).



Rəşidəddin Oğuznaməsi adı ilə tanınan mətn günü­müzə fars dilində gəlib çatıb. Bizim Rəşi­dəd­din mətni haqqında araşdırmamız bu mətnin Z.V.Toqanın Türkiyə türkcəsinə və R.Şükürovanın rus dilinə edilmiş tər­cü­məsinə əsaslanır. İstər-istəməz sual olunur: Fars dilindən türk və rus dilinə edil­miş tərcüməyə əsaslanıb Rəşidəddin mətninin xüsusiyyətlərindən necə bəhs etmək olar? Bu sualın cavabı sa­də­dir. Qarşıya qoyduğumuz vəzifə tərcümənin səciy­yəsi deyil, şifa­hi epik mətnin müəllif təhkiyəsi ilə necə təsvir olunma­sından ibarətdir. Rəşidəddin mətni günümüzə türkcə gəlib çatsaydı belə, yenə də oxşar problemlər qarşısında qalacaqdıq.

İstənilən şifahi mətn yazıya köçürülərkən canlı ifa üçün səciyyəvi olan musi­qi, avaz, jest və s. kimi atributlardan azad olur. Yəni yazıda şifahi mətnə xas olan belə atributları olduğu kimi əks etdirmək hətta bu gün üçün də problemdir. Rəşidəd­dinə gəldikdə isə, demək lazımdır ki, sözügedən atributlar, ümu­miyyətlə, onun maraq dairəsinə daxil deyildi. Onun qarşı­sında duran vəzifə oğuz tarixi haq­qın­da məlumat verməkdən iba­rətdir. Bu üzdən Rəşidəddin dastan mətnində əks olu­nan tarixlə bağlı motivlərə daha həssaslıqla yanaşmalı idi və o, elə belə də etmişdir. Bu yolu tutduğu üçün dastan Rəşidəddin mət­nin­də epik yaradı­cılığa xas olan bir çox xüsusiyyətlərini itir­mişdir. Başqa sözlə, dastan Rəşidəddin mətnində Dədə Qorqud oğuznamə­lərində gördüyümüz bədii təsvir və ifadə vasitələrin­dən azad olmuşdur.

Müəllif, təhkiyəsini onun qaynağı haqqında məlumatla (müvərrixani-ətrak və raviyani-çalak) başlayır. Bundan sonra Nuh peyğəmbərin dünyanı oğlanları ara­sında bölüşdürərək “böyük oğlu Yafəsə Şərq ölkələrini, Türküstanı və o bölgələri” ver­diyini deyir. Elə buradaca Yafəsin türk təbiri ilə Olcay xan ləqəbi aldığı vurğu­lanır. Onun yaşadığı ölkə (Türküstan), yay­laq (Urtaq, Kurtaq) və qışlağı (Barsuq), şəhərlərindən (Talas və Karı Sayram) bəhs olunur. Ardınca Olcay xanın Dib Yav­kuy xan adlı oğlunun dünyaya gəlməsi və Dib Yavkuy xanın dörd oğlu (Qara xan, Or xan, Kür xan, Küz xan) xatırlanır. Böyük oğlu Qara xanın atasının taxtında otur­ması və onun oğlunun, yəni Oğuzun dünyaya gəlməsindən söz açılır (120, 17; 303, 25). Sonuncu epizodda dastanın qəhrəmanları təqdim olunur və epik süjet hə­rə­kətə gəlir.

Müəllif mətni epik təhkiyənin xarakterinə uyğun şəkildə yox, informasiyanın qaynağı haqqında məlumatla başlayır. Mə­lumdur ki, canlı ənənədə epik mətnin qaynağı haqqında mə­lumat, “Manas” dastanında olduğu kimi, “əvvəlki insanlar­dan qalan söz” (Murunkulardan kalqan söz) (242, 12) və ya Azər­bay­can dastan ifaçılığı ənənəsində olduğu kimi, “ustad deyir ki...” şəklində verilir. Dədə Qorqud oğuznamələrində isə mətn epik hadisələrin iştirakçısı olan Dədə Qorqudun adına bağlanır. Hər üç halda mətnin çox qədim zamanlardan bəri yaşaması ifadə olunur. Rəşidəddin isə mətnin nəsildən-nəslə gəldiyini bilsə də, belə bir təfərrüata ehtiyac hiss etmir. Çünki o, mətnin ifaçısı deyil. Sadəcə olaraq, o, şifahi şəkildə yaşayan mətn əsasında “tarixi-oğuzan və türkan” yazan tarixçidir və yazıya aldığı mətnin informatorları haqqında məlumat verir.

Mətnin informatorları haqqında məlumatdan sonra Nuh peyğəmbərin dünyanı oğlanları arasında bölüşdürdüyü zaman böyük oğlu Yafəsə şərq ölkələrini, Tür­küs­tanı və o tərəfləri verməsi qeyd olunur. Elə buradaca xatırladaq ki, bu günə qədər yazıya alınmış heç bir türk dastanında epik qəhrəmanın soyu Nuh və oğlu Yafəslə başlamır. Türk dastanları, adətən, epik hadi­sələrin baş verdiyi zaman və məkanın təsviri ilə başlayır (247, 231-233). “Manas” dastanında olduğu kimi, hadisələr epik qəhrəmanın soykötüyü haqqında məlumatla da başlaya bilər. Ancaq epik qəhrə­ma­nın soykötüyünün, semit ənənəsinə uyğun olaraq, Nuhdan başlaması təkcə yazıya alınmış oğuz­na­mə­lərdə müşahidə olunur. Bununla yanaşı, yazıya alınmış oğuz­namə­lər içərisində təkcə Rəşidəddin mətni məsələnin mahiy­yətini anlamağa imkan verir. Mətndə Yafəs xatırla­nan­dan sonra deyilir: “Yafəs türk təbiri ilə Olcay adı (ləqəbi) alıb” (120, 17; 303, 25). B.Ögəl “Cami-ət təvarix”in ən qədim əlyaz­ma­sında eponimin Bulca variantının işlənməsinə əsas­lanıb onun əslində Bulca şək­lin­də olduğunu göstərir. Olcay adını isə sonrakı nüsxələrdə müşahidə olunan monqol­laşdırma ilə əlaqələndirir (107, 80-81). Biz yuxarıda Rəşidəddin mət­nində, eləcə də başqa qaynaqlarda Oğuz soyunun Nuha bağlan­ma­sının şifahi ənənədən deyil, ədəbi ənənədən gəldiyini gös­tər­məyə çalışdıq. Deməli, Oğuz haqqında dastan birbaşa Bul­ca xanla başlanmışdır və Bulca xanın Nuh soyuna bağlanması haqqında qeydlər müəllifə və ya onun söyləyicilərinə aiddir.

Bulcadan sonra mətndə onun oğlu Dib Yavkuy xanın adı çəkilir. Rəşidəddin bu adı mənalandırandan sonra (dib – “taxt”, “məqam”, yavkuy “xalqın başçısı”) onun böyük və məş­hur hökmdar olduğunu bildirir. Yavkuy tarixən Oğuz konfe­dera­siyasının başında dayanan hökmdarlara verilən yabğu titulunun dialekt varian­tıdır. Deməli, birbaşa şifahi ənə­nə­dən gəlir. Dib sözü isə, ehtimal ki, “mərkəz”, “əsas” anlamı daşıyan tüp sözünün fonetik variantıdır. Onu da deyək ki, Oğuz­na­mədən başqa, heç bir tarixi qaynaqda yabğu titulu dib sözü ilə yanaşı işlənmir. Belə­liklə, mətnin girişi epik və ədəbi ənənədən gələn, eləcə də və müəllif mühakiməsi ilə bağlı ünsürləri özündə ehtiva edir.

Müəllif əksər hallarda, sadəcə olaraq, Oğuznamənin qısa məzmununu vermiş­dir. Bu cəhət müəyyən hallarda açıq-aydın görünür. Məsələn, əsərdə Oğuzun sonun­cu qurultayı zamanı qəbul edilən qərarların epik təsviri əvəzinə qısa məz­munu veri­lir. Rəşidəddin epik təsvirdən yayınmaq üçün “... və onlar belə qərara gəl­dilər” cümləsi ilə başlayıb, qəbul edilən qərarlar haq­qında məlumat verir (120, 48; 303, 62). Bu epizoddan sonra müəllif Oğuzun nitqinin yalnız son hissəsini ver­diyini vurğu­layaraq yazır: “Bu toyda hamının yanında öz nitqini belə tamam­ladı...” Bundan sonra Yuşi Xoca və Qara Sülük epizodu gəlir. Ardınca mətnin müəllifi ümumiləşdirməyə ehtiyac hiss edərək yazır: “Bütün bu hadisələr ulu toy ərzində baş verdi” (120, 48; 303, 62).

Rəşidəddin mətnində bəzi “gözlənilməz təqdimatlar” məhz ixtisarlarla bağ­lı­dır. Məsələn, sözügedən epizodda Qara Sülük haqqında deyilir: “Babasının öyrət­diyi tədbirlərin hamı­sını Oğuza dedi. Bundan başqa, anasından öyrəndiklərini də bil­dirdi” (120, 48; 303, 62). Personaj olaraq Qara Sülüyün anası müəllif təhkiyə­sinin yalnız bu yerində ortaya çıxır və təhkiyənin əvvəlki hissələrində onun haq­qında bir kəlmə də deyilmir...

Bəzən ixtisar mətndə ziddiyyət yaradır. Məsələn, Kıl-Ba­rak əhvalatından son­ra Oğuzun on yeddi il bu ölkədə qalıb isti­rahət etməsindən, ordusunu nizama salıb silahlarını təzələ­mə­sin­dən danışılır. Ardınca bu müddət ərzində Oğuzun uşaqla­rının yet­kinlik yaşına çatması vurğulanır və başqa bir xatundan dörd oğlunun ol­ma­sı və onların da yetkinlik yaşına çatması bildirilir (120, 26; 303, 35). Qeyd edək ki, uşaqların dünyaya gəlişi təsvir olunmadan birdən-birə onların böyüməsindən danış­maq epik təhkiyə üçün xarakterik deyil. Demək, ən azı uşaq­ların doğul­ma­sı motivi ixtisar olunub. Rəşidəddin mət­nində müşahidə olu­nan zədə bununla tamam­lan­mır. Tamamilə aydın deyil ki, yet­kinlik yaşına çatan uşaqlar, eləcə də başqa xa­tun və ondan do­ğulan dörd uşaq kimdir. Dastanın sonrakı hissələrində “Oğuz” dastanı üçün səciyyəvi olan altı oğuldan söhbət gedir. Yuxarıda verilən məlumatın altı oğul məsələsi ilə nə qədər uyuşması naməlum qalır. Bu ziddiyyətin ixtisarla və ya variant fərqlərinin toqquşması ilə bağlı olması mümkündür. Bir personajın iki adla təqdimi isə ancaq variant toqquşması kimi izah oluna bilər. Məsələn, mətndə İnal Yabkuy xanın Dədə Kerençuk adlı vəzirindən söhbət getdiyi halda, birdən-birə Dədə Kerençuk Dədə Qorqud adı ilə təqdim olunur. Dədə Kerençuk adının Əbül­qa­zidə də əks olunması onun mətndə təsadüfi olmamasını göstərir (221, 55). Görü­nür ki, müəllif hər iki variantı verərək söyləyicilər arasındakı mübahisəni bu yolla kəsmək istəmişdir.

Dastanın (və ya dastanlar silsiləsinin) Oğuz yürüşləri və Oğuz elinin tarixi baxı­mından əhəmiyyəti olmayan epizod­larının mətndən çıxarılması halları diqqət­dən kənarda qalma­malıdır. Məsələnin bu tərəfi həm mətnin informatoru­na/infor­matorlarına, həm də onun müəllifinə aiddir. Əgər söyləyi­cidən/söyləyicilərdən dastanı ifa etmək yox, Oğuz yürüşləri və Oğuz elinin tarixi haqqında məlumat tələb olunursa, onda o, dastan mətninə söykənib ondan tələb olunanı söyləməyə məc­bur­dur. Bu halda onun ancaq tarixlə bağlı hadisələrə diqqət yetirib “əhəmiyyətsiz epizodların” üzərindən sükutla keçməsi müm­kündür. İnformatordan fərqli olaraq tarixçi öz işini daha yaxşı bilir. Başqa sözlə, qarşıdakı məqsədin nədən ibarət oldu­ğunu yaxşı anlayır. Bu üzdən sözügedən “əhəmiyyətsiz epi­zod­ların” tarixçinin nəzərindən yayınması ehtimalı olduqca azdır. Beləliklə, “əhəmiyyətsiz epizod­ların” ixtisar olunması hesabına mətnin epikliyini itirməsi və “tarixilik” qazanması ehtimalı tamamilə mümkündür.

Mətnin tərtibində məqsəd dastan yox, tarixdir. Bu halda oğuznamələrin kompozisiyasının pozulması halları da gözə alınmalıdır. Söhbət müəyyən epik hadisənin Rəşidəddin mət­nin­də tamamilə başqa yerə keçirilməsindən gedir.

Rəşidəddin mətnində şifahi ənənədən gəlmə elementlər də özünü göstərir. Bu ifadə ilə biz epik süjeti nəzərdə tutmu­ruq. Birbaşa epik təhkiyədən “köçürülən” element­lər nəzərdə tutulur. Bu baxımdan mətndə sıx şəkildə əks olunan personaj­ların nitqlərinin və dialoqların şifahi ənənəni əks etdirməsi şüb­hə doğurmur. Yada salmaq istərdik ki, personajların nitqləri və dialoqlar “Kitabi-Dədə Qorqud” təhki­yəsi üçün də səciyyə­vidir. Mətndə əks olunan bir motiv bu nitqlərin bir hissəsinin, deyil­diyi kimi, soylama olmasını güman etməyə imkan verir. Kara Arslan xanın yalançı ölümü təsvir olunarkən onun xid­mət­çisi Suvarın matəm saxlaması aşağı­dakı şəkildə təsvir olu­nur: “O, böyük matəm məclisi düzəltdi. O, xanın xatun­la­rının yanına ge­dib ürəkdən ağlayıb sızladı. Onun şeirlə oxuduğu ağılar hər kəsi ağlatdı. O, bu şeirlərdə deyirdi...” (120, 69; 303, 87). Müəllif soylama şəklində olan ağıları şeir sözü ilə ifadə etmişdir.

Mətndə bəzi formullar da qorunub saxlanmışdır. Dasta­nın birinci hissəsinin (“Oğuz” dastanının) sonunda deyilir: “Oğuz yurda dönməsi münasibəti ilə böyük toy etdi, doxsan min qoç, doqquz yüz day kəsdirdi, qızıl (altun) ev qurdurdu” (120, 47; 303, 61). Burada istər-istəməz “Dədə Qorqud” oğuz­na­mələrində sıx şəkildə işlənən “atdan-ayğırdan, dəvədən buğ­ra, qoyundan qoç qırdırdı”, “ulu toy etdi” və ya “qızıl otağ”, “altun ban ev” kimi formullar yada düşür. Başqa bir motivə nəzər salaq. Dastanın ikinci hissəsində Dönkər oğlu Erkinin Kayı İnal xana verdiyi ehsan aşağıdakı şəkildə təsvir olunur: “O, iki göl (nohur) düzəldib birini yoğurt (ayran), birini qımız­la doldurdu, onun kəsdirdiyi at, inək, qoyun ətindən bir neçə təpə dü­zəl­­dildi” (120, 55; 303, 71). Buradakı təsvirin Dədə Qor­qud oğuz­namə­lə­rin­də­ “Də­pə kibi ət yığdı, göl kibi qımız sağdırdı” formulunun variantı olması şübhə­siz­dir. Dastan mət­nində görünən “üç gün, üç gecə”, “yeddi gün, yeddi gecə” (120, 58, 62; 303, 74, 79 və s.) formulları isə bu gün də epik folklorda işlənməkdədir.

Mətndə şifahi ənənədən gələn elementlərdən danışarkən onu da əlavə etmək istərdik ki, müəllif şərhlərindəki adları çıxmaq şərti ilə onomastik vahidlər birbaşa şifahi ənənədən gəlir. Onların içərisində epik səciyyə daşıyan və oğuznamə­lərin poetik formasını özündə ehtiva edən Tikən Bilə Ər Biç­kən Kayı İnal xan, Ala Atlı Keş Dərnəklü Kayı Yavkuy xan kimi eponimlər də var.

Araşdırıcıların da qeyd etdiyi kimi, Rəşidəddin mətnin içərisində epik təhki­yəyə bir çox əlavələr etmişdir (120, 120; 303, 25). Rəşidəddin mətnini tərcümə edib nəşrə hazırlayanlar xüsusi işarələrlə müəllif şərhlərini ayırmağa çalışmışlar. Ancaq onlar bir çox hallarda epik təhkiyəyə müəllif şərhlərini müəy­yən­ləşdirə bilməmişlər. Bu hal tərcüməçilərin mətnə epik yara­dı­cılıq müstəvisindən sistem halında yanaşa bilməmələri ilə bağlı olmuşdur. Bu sistemsizliyin ucbatından da mətnin bir yerin­də müəllif şərhi xüsusi işarə ilə verilsə də, başqa bir yerində açıq-aydın görünən müəllif şərhi xüsusi işarə ilə “əsas mətndən” fərqləndirilməmişdir. Burada şübhəsiz ki, mətndəki informasiyanın müəllif qələminə və ya epik təhki­yəyə məxsus olmasını aydınlaşdırma çətinliyi də müəyyən rol oynamışdır.

Müəllif şərhləri sözün geniş mənasında mətni onun audi­toriyasına anlatmaq ehti­yacından irəli gəlmişdir. Ona görə də bu şərhlər öz məzmununa görə müxtəlif­dir. Məsələn, müəl­lif Bul­canın paytaxtının (Qarı Sayram) müasir vəziyyəti ilə bağlı qeyd­lər edir (120, 17; 303, 25), Təkfur xandan söhbət gedərkən ona bu gün də tək­fur deyildiyini bildirir (120, 44; 303, 53), yapar­lı­lardan danışarkən indi türkmənlər içərisində yaparlıların olma­dığını, onların Xıtay ölkəsində yaşadıqlarını yada salır (120, 51; 303, 65), karluklar epizodundan sonra, indi özünü karluk adlan­dıranların o ailələrdən törədiyini deyir (120, 47; 303, 61) və ya türkcə toponimin (Akkaya) və antropo­nim­lərin (Oğuzun oğlan­larının adlarının) fars dilində mənasını verir (120, 23; 303, 32) və s. Belə şərhlərdən bəzilərini müəllif öz biliyinə söykənərək, bə­zilərini isə informatorlardan almışdır. Müəllif bəzən verdiyi şərhin söyləyicilərdən alın­dı­ğını açıq şəkildə etiraf edir. Məsə­lən, o, Oğuzun Qara xan tərəfdarlarını moval adlan­dırması mo­tivinə şərh verməsi üçün təhkiyəni dayan­dıraraq yazır: “Türk­mən­lərin inamına görə, monqollar Kür xan, Küz xan və Or xa­nın soyundan törəmişlər. Ancaq onların əsl mənşəyi bəlli deyil” (120, 20; 303, 29). Yaxud epik təhkiyədə ağac koğuşunda doğu­lan uşağa Oğuzun Qıpçaq adı verməsi motivindən sonra Rəşi­­dəddin yazır: “Başqa türklərin fikrinə görə, bütün qıpçaq qəbi­lələri bunun nəslin­dəndir” (120, 37; 303, 26). Əslində “başqa türklərin” qıpçaq qəbilələrinin mən­şəyi haqqında “fikri” məhz Oğuznaməyə əsaslanır. Rəşi­dəddin epik mətndən do­ğan infor­masiyanı yenə də həmin mət­nə söykənən informatorların şahid­liyi ilə təs­diq edir. Mətnin müəllifinin dastan yaradıcılığının spe­sifikasından baş çıxara bilməməsi Oğuzun iki əvvəlki arva­dının taleyinin naməlum qalması haqqındakı qeydindən də görünür (120, 20; 303, 29). Rəşidəddin burada xülasəsini verdiyi mətnin dastan olduğunu yaddan çıxarır.

Rəşidəddin epik mətndə adı çəkilən uyğur, kanqlı, Saba­lan, Azərbaycan, Bozoq, Üçoq, Yuşi Xoca, İrqıl Xoca, Dib Yavkuy xan, Tikən Bilə Er Biçkən Kayı Yavkuy xan, Ala Atlı Keş Derneklü Kayı İnal xan və s. kimi titul, etnonim, an­tro­ponim, toponim, mifonim və inzibati anlam daşıyan sözlərin türk dilində daşıdığı mənaları izah edir.

Müəllifin epik mətnə münasibətini təsəvvür etmək üçün kalac etnonimi haq­qında qeydlərinin səciyyəsi üzərində dayan­maq istərdik. Oğuz haqqında dastanın Oğuznamə versiyası kalac etnonimini “burada da qal” şəklində mənalandırır. Yəni arvadı hamilə olduğuna görə ordudan geridə qalan əsgəri Oğuz “burada da qalın” şəklində cəzalandırır. Rəşidəddin bu motivi aşağıdakı şəkildə mənalandırır: “O, (– oğuz) ona (– qadına) türk­cə dedi: kal ac”. Bu söz “ey qadın, ac da qal” deməkdir” (303, 59). Z.V.Toqan etnonimin epik yozumu ilə müəllif yozu­munu birləşdirərək onu “Ey qadın, ac və geri qal” şəklində tərcümə etmişdir (120, 45). “Cami ət-təva­rix”in içərisində qısa məzmunu verilmiş mətndə də qalac etnonimi “ac qal” şək­lində mənalandırılır (302, 65). Bu üzdən Rəşidəddinin kalac etnoni­mini “ac qal” şəklində mənalandırmasını güman etmək olar. Bu yozum epik təhkiyədə qadının hamiləlikdən azad olandan sonra ac qalması motivinə söykənir. Əbülqazi etnonimi yozma­ğa cürət etmir. O, öncə ac qalma, sonra isə cəza (“sən bu ordu­nun arxasınca gəlmə”) motivini qeyd edir, ardınca “və onu qal ac adlandırdı” deyir (221, 46). Etno­nimin epik yozumu “bir hal­da ki, siz bu səbəbdən yoldan və ordudan qalmı­sı­nız, onda burada da qalın” şəklindədir (303, 58). Göründüyü kimi, Rəşidəddin (və ya informator) etnonimi mənalandırarkən epik yozuma etibar etməmiş, onu “ac qalma” motivi kontekstində izah etmişdir. Beləliklə, mətnin xələclər epizodunun yuxarıda qeyd olunan cümləsinə qədərki hissəsi epik təhkiyədən doğur. Yerdə qalan hissəsi isə müəllif qələminə məxsusdur. Epik təhkiyədə qəhrəmanın ad verməsi, adətən, müəyyən bir motiv­lə müşayiət olunur. Tarixçinin etimologiyanın epik üsuluna şərh verməsi onun bu üsulla kifayətlənməməsindən (və ya razılaşma­ma­­sından) irəli gəlmişdir. Onu da deyək ki, tərcümə­çilər “o, ona türkcə dedi ...” cüm­ləsinin epik təhkiyəyə məxsus olduğunu düşünərək mötərizə içərisinə salma­yıb­lar (120, 45; 303, 59). Oğuznamədə “türkcə dedi” ifadəsinin heç bir anlam daşı­ma­ması şübhəsizdir. Bununla yanaşı, epik qəhrəmanlar yalnız “epik dildə” danı­şır­lar və onların hər hansı bir dildə danışmasının vurğulanması dastan poetikasına ziddir.

Rəşidəddin mətnində başqa tipli əlavələr də mövcuddur. Ancaq yuxarıda qeyd olunanlar mətnin vəziyyətini təsəvvür etmə­yə imkan verir. Bu qeydlər Rəşidəddin mətninin Oğuzna­məni ifadə edən hissəsini müəllif əlavələri ilə bağlı hissəsindən ayırmağa və mətnin epik simasının müəyyən qədər açılmasına yardım edir.

Əbülqazi, mətni peyğəmbərlər tari­xinə uyğun şəkil­də başlayır və Adəmdən Yafəsə qədər davam edir. Soykötüyü Yafəsin Türk, Xə­zər, Səkləb, Rus, Minq, Çin, Kəməri, Tarıx kimi övladları sadalanır və atasının vəsiy­yəti ilə Türkün onların hökmdarı olması qeyd olunur. Ardınca Türkün Tuteq, Cekel, Bersecar, Emlak adlı övladla­rının adı çəkilir və hakimiyyətin Tuteqə verilməsi bildirilir. Tuteqdən sonra hakimiyyət Amulca xana keçir.

Mətnin peyğəmbərlər tarixi ilə bağlı hissəsinin təmiz ədəbi xarakter daşıdığını vurğulamağa xüsusi ehtiyac yoxdur. Fikri­miz­cə, mətnin Amulca xana qədər olan hissəsi də ədəbi xarakter daşıyır. Belə soykötüklərinə, qeyd olunduğu kimi, orta əsr­lərə aid qaynaqlarda tez-tez rast gəlmək olar. Amulca xana gəldikdə isə bu ad Rəşidəddin mətnindən bizə tanışdır. Oğuz­na­mənin doğma qəhrəmanı Bulca adının başqa nüsxələrdə Olcay şəklində monqollaşdırılması və ya Abulca şəklində ərəb­ləş­dirilməsi mə­lumdur (107, 145-148). Amulca adı eponimin ərəbləşmiş Abulca şəkli­nin pozuq variantıdır. Ardınca Bakuy-Dib-xan, onun oğlu Gög xan, onun oğlan­ları Tatar və Moğol, Moğolun oğlanları Ka­ra xan, Qür xan, Kır xan, Ur xanın adları çəkilir və Kara xanın oğlu Oğuzun dünyaya gəlişi ilə süjet hərəkətə gəlir.

Soykötüyünün içərisində Oğuznamənin doğma qəhrə­man­­larının (Gök xan, Bakuy-Dib-xan, Kara xan və oğlanları) ad­ları çəkilsə də, soykötüyünün düzülüşü sünidir. Müəllifin Oğuz­­­naməni monqollaşdırmaq niyyəti artıq soykötüyündə özü­nü göstərir. Moğol və Tatar adı bu məqsədlə söykötüyünə salınır.

Cığatay mədəniyyəti çevrəsində yazıya alınmış əsərlərdə Oğuznamənin mon­qol­laşdırılmasından bəhs olunub. “Şəcəre­yi-tərakimə” də bu baxımdan istisna təş­kil etmir. Əbülqazi öncə Oğuzun Çingiz xan kimi, tatarlar üzərinə getməsindən və onla­ra qalib gəlməsindən, ardınca 72 illik mübarizədən sonra tatarlara və moğol­la­ra qalib gəlib onlara islamı qəbul etdirmə­sindən danışır (221, 43). Sonuncu epizod Əbülqaziyə tatarları və moğolları on tokuz oğuzla əvəz edib, onları “oğuz ordusu­na” çevirməsi üçün lazım olur: “Oğuz xan moğol və tatar ellə­rini toplayıb Talaş və Sayran üzərinə getdi”. Ardınca təhkiyə­nin Orta Asiyanın fəthindən bəhs edən hissəsi Çingiz yürüşlə­rini xatırladır. “Taşkənd, Səmərqənd və Buxara” hakim­ləri­nin qalalar arxasında gizlənməsi haqqında qeyd də buradan gəlir. “Oğuz xanın Tu­ran və Hindistan üzərinə yürüşü” onun “öz evi Moğolustana qayıtması” ilə nəticə­lənir (221, 45). Bu şəkildə Oğuz elinin epik (eləcə də etnik) coğrafiyası Türküs­tan­dan Moğolistana köçürülür və Türküstan fütuhat bölgəsinə çevrilir.

Əbülqazi əsərdə epik informasiyanı tarixləşdirmək yolu tutur. Epik hadisələ­rin “Şahnamə” və ya islam tarixi ilə mü­qayisə olunaraq tarixləşdirilməsi bu müna­si­bətdən doğur. Mə­sələn, müəllif Oğuzun İrana yürüşünü Kəyumərsin öldüyü və Huşəngin hələ hakimiyyətə gəlmədiyi (İranda vahid dövlətin olmadığı) dövrə düş­dü­yünü bildirir (221, 47). Oğuz elinin hakimlərinin dövrünü bu şəkildə tarixləş­dirmək halları ilə mət­nin başqa yerlərində də qarşılaşırıq. Oğuz elinin islam dövrü­nün vurğulanmasını çıxmaq şərti ilə epik hadisələrin tarix­ləş­dirilməsi Oğuznamə­nin (ümumiyyətlə, epik mətnin) poetika­sına ziddir. Oğuznaməyə söykənən şəcərə­lər­də də qarşılaş­dığımız bu hal müəllif qələmi ilə bağlıdır.

Çingiz xanın Orta Asiyaya yürüşü ilə bağlı hadisələrin təsvirində olduğu kimi, tarixi qaynaqlardan gələn detallarla mətnin başqa yerlərində də qarşılaşırıq. Məsə­lən, Boğra xanın Buxaranı, Səmərqəndi, Xarəzmi alması haqqında qeyd (221, 62), ehtimal ki, Qaraxanlılar haqqında tarixi qaynaqlardan gəlir. Mətnin Səlcuqlu hərə­katı ilə bağlı hissəsi də tarixi qaynaq­lara söykənir və müəllif açıq şəkildə belə qaynaqlardan xəbərdar olduğunu bildirir (221, 69-70).

Müəllif təhkiyəsində dastanla heç bir əlaqəsi olmayan tarixi haşiyələr də möv­cud­dur. Məsələn, Oğuzun Qıpçağı qi­yamçı urus, olak, macar və başkurtlar üzərinə gön­dərməsi ilə bağlı dastandan gələn motivdən sonra müəllif, Çingiz xanın Xarəzm­şah ölkəsini fəth etməsi, Cuci xanın qıpçaqları məğlub etməsi, qıpçaqların və onların yurdlarının taleyi ilə bağlı təfər­rüatlar vermişdir. Oğuznamədən gələn kalac motivindən sonra kalaçlardan olan Məhəmməd Bəxtiyarın Hindistanda qur­duğu dövlət haqqında qeydlər də bu qəbildəndir (221, 46-47). Əla­vələrdən söz düşmüşkən onu da xatırladaq ki, Əbülqazi mət­nin­də də, Rəşidəddin mətni kimi, şərh xarakterli əlavələr möv­cuddur. Buraya sözlərin izahından tutmuş mətni tarix­ləş­­dirmə elementlərinə qədər müxtəlif tipli əlavələr daxildir.

Əbülqazi, Rəşidəddindən fərqli olaraq, Oğuz haqqında dastanın və müəyyən hallarda Oğuz elinin tarixindən bəhs edən oğuznamələr silsiləsinin geniş təsvirini verməkdən imtina etmiş­dir. O, əsərdə Oğuzun dünyanı fəth etməsi ilə bağlı hadi­sə­lərin bir çoxunun hətta qısa məzmununu da verməmiş­dir. Müəllif Oğuzun Qərb yürüşündə fəth etdiyi ölkələrin adlarını belə tam şəkildə çəkmir. Fəth olunan ölkələrdən yalnız Xora­sanın, İraqi-Əcəmin, İraqi-Ərəbin, Azərbaycanın, Ərmənin, Şa­mın və Misi­rin adı xatırlanır (221, 48). Müəllif Rəşidəddin mətnində əks olu­nan qaranlıq dünya, Şirvan və Şamaxı, Arran və Muğan, Gür­cüstan, Diyarbəkir, Şam, Kürdüstan, Təkfur xan və franklar, Misir, Bağdad, Bəsrə, İsfahanın fəthi, habelə Qara Sülük və Yuşi Xoca və s. ilə bağlı hadisələrin təsvirindən yan keçmişdir.

Əbülqazi mətnində Rəşidəddin mətnindən fərqli və şifahi ənənə ilə bağlı olan bir çox variant fərqləri mövcuddur. Mətn­də özünü göstərən variant fərqləri və ya Rəşidəddin mətnində olmayan motiv və epizodlar şifahi ənənəni öyrənmək baxı­mın­­dan xüsusi əhəmiyyət daşıyır. Məsələn, Oğuz haqqında dasta­nın uyğur versiya­sın­da əks olunan başında qızıl və gümüş toyuq olan qırx qulac ağac motivinin “Oğuz” dastanının Oğuz­na­mə versiyasında da olduğunu biz Əbülqazi mətnindən öyrə­nirik. Oğuznaməni əks etdirən bu motiv aşağıdakı kimi təsvir olunur: “Sağ tərəfdə 6 ağ çadır (ürgə) və sol tərəfdə 6 ağ çadır qurdurdu. Və yenə sağ tərəfdə başına qızıl toyuq qoyulan qırx qulac ağac və sol tərəfdə başına gümüş toyuq qoyu­lan qırx qulac ağac dikəltdi. Və sonra xanın əmri ilə buzuklar nökərləri ilə qızıl toyuğa, uçuqlar nökərləri ilə gümüş toyuğa ox atdılar. Toyuqları vuranlara çoxlu xələtlər verildi” (221, 50). Təhki­yə­nin epik mənşəyi şübhə doğurmur.

Əbülqazi mətnində şifahi ənənədən gələn epik formullar və oğuznamənin poetik formasını əks etdirən parçalar da mövcuddur. Sonunculardan Korkut ataya aid edilən Salor Kazan alp haqqında öygü və Öqürcik dilindən deyilən tartım xüsusi maraq doğurur (221, 71-73).

“Şəcəreyi-tərakimə”, əsas etibarilə, türkmən auditoriyası üçün yazılmışdır. Elə ona görə də Əbülqazi Oğuznamədən bu auditoriyanın marağı çərçivəsində bəhs edir. Müəllifin Oğuz­na­məyə söykənib türkmən tayfalarının mənşəyindən bəhs etməsi də deyilən məsələ ilə bağlıdır. Bununla yanaşı, Əbül­qazi bir özbək xanı olaraq türkmənlərin hakimidir. Özbək dövlətçi­liyinin monqol kimliyi haqqında mübarək mətnə ─ “Erke­neqon”a söykəndiyini yada salsaq, Oğuznamənin “Şəcə­re­yi-tərakimə”də monqollaşdırılmasının səbəbini anla­maq olar.

Oğuznamə əsasında yazılmış bədii əsərlər ədəbiyyat sfera­sına aiddir. Belə əsərləri epik ədəbiyyat adlandırmaq daha doğru olar. Oğuznamənin təsvirindən iba­rət olan Rəşidəddin və Əbülqazi mət­nin­dən fərqli olaraq, müəllifli oğuznamələr yazılı ədəbiyyatın qanunlarına müvafiq şəkildə meydana gəlmişdir. Əslində, bu əsərlər bizim tədqiqat obyektimizdən kənar­da qalır. Ancaq onların şifahi ənənəyə münasibəti haqqında qısa şəkildə olsa da, danışmağa ehtiyac var. Oğuznaməyə həsr olunmuş belə əsərlərdən birinə “Mən­­zum Oğuznamə” adı verilmişdir (74, 169-216). “Mənzum Oğuz­­namə” Uzun Köprüdə Seyid Əli adlı bir şəxsin kitabxa­nasından əldə edildiyi üçün ona Oğuznamənin Uzun Köprü variantı da deyilir. Əsərin harada, nə zaman və kim tərə­findən yazılması haqqında məlumat yoxdur. Əsər öncə H.M.Orkun, ardınca K.Erars­lan tərəfindən nəşr olunmuşdur. K.Erarslan nəşri daha mükəmməl olduğu üçün K.V.Nərimanoğlu və İ.Os­manlı bu nəşrə əsaslanaraq əsəri Azərbaycanda çap etdirmişlər (45; 49). K.Erarslan əsərin dil xüsusiyyətlərinə əsaslanaraq onun “klas­sik cığatay yazı dili öncəsi XIII və ya XIV əsrə aid Doğu türkcəsi mətni” olduğunu güman edir (74, 172). K.V.Nərimanoğlu və F.Uğurlu K.Erarslanın əsərin “baş­dan, ortadan və sondan xeyli itməsi” fikrinə qarşı çıxaraq yazır­lar: “Oğuz haqqında mənzum dastanın, daha doğrusu, dasta­nın əldə olan parçasının başdan və ortadan nəsə bir gözə­dəyər itkiyə məruz qalması fikri bizə şübhəli görünür, çünki bu das­ta­nın Rəşidəddin Oğuznaməsi ilə tutuşdurduqda bəlli olur ki, “Mən­zum Oğuz­na­mə”nin naməlum müəllif tərəfindən nəz­mə çəkilən parçası Rəşidəddin Oğuz­na­mə­sinin vur-tut ilk iki fəslini əhatə edir. Zənnimcə, dastan əvvəldən itmişsə də, çox az itirmişdir. Dastanın ortadan da nə qədər itirdiyini demək çətindir. Sonrakı mətn isə göz qabağındadır” (49, 39). Müəllif­lər bu şəkildə dü­şünərkən haqlı olaraq əsəri Rəşidəddin mətni ilə tutuşdururlar. Həqiqətən də, sözügedən əsər Oğuz haqqında das­tan əsasında nəzmə çəkilmişdir və onu bu dastanın daha geniş təsviri verilən Rəşidəd­din mətni ilə müqayisə etdikdə görürük ki, Oğuz haq­qında dastan əsərdə kifayət qədər yığcam şəkildə verilmişdir: “Gərçi söz çoxdur, ancaq biz elə uzatma­dan dedik, çoxunu qoyub indi azını söylədik” deyən müəllif hansı yolu tutduğunu etiraf edir (49, 47). Müəllif Rəşidəddin mətnində geniş təsviri verilən oğuz yürüş­lərinin yalnız adını çəkir: “İraq və Xorasan, Rum və Firəng, Misir və Şam dövlət­lərini sava­şaraq aldı” və s. (49, 47). Belə görünür ki, müəllif Oğuz haq­qında dastanı təfərrüatı ilə nəzmə çəkmək fikrində olmayıb.

Ənvərinin 1464-cü ildə yazdığı “Dəsturnamə” əsərində də Oğuznamədən istifadə olunmuşdur. Əsərin yeganə nüsxəsi Paris Milli Kitabxanasında saxlanılır. Tarixçi Mükrimin Halil Yipanç iri həcmli giriş sözü ilə əsəri çap etdirmişdir (222, 61-65).

Müəllif əsərdə Osmanlı soykötüyünü qələmə almaq niy­yəti güdmüşdür. Əsər­də bəzi Oğuznamə motivlərindən istifadə olunsa da, əsas etibarilə, xəyal məhsulu bir soykötüyü yaradıl­mışdır. Onu deyə bilərik ki, belə soykötüklərində bəzi Oğuz­na­­mə motivlərinin istifadəsindən söhbət gedə bilər. Müəllif əsər­də onları öz niy­yətinə uyğun şəklə salmışdır. Bu baxımdan X.Ko­roğlunun bu yöndə söylədiyi bir çox fikirlərlə razılaşmaq lazım gəlir (222, 61-65).

Oğuznamə XVIII əsrin türkmən şairi Nurmuhammed Andalıp tərəfindən də nəzmə çəkilmişdir (316). Məsnəvi for­ma­sında nəzmə çəkilən əsər Cığatay mədə­niy­yəti çevrə­sində yazılmış oğuznamələrə məxsus xüsusiyyətlərə malikdir. Oğu­zun tatar və moğol xanı, Monqolustanın Oğuz yurdu kimi təqdimi belə cəhətlərdəndir. Çingiz xanın yürüşləri və xələc qəhrəmanı Muhammed Bəxtiyar haqqında məlu­mat­dan görü­nür ki, müəl­lif əsəri “Şəcəreyi-tərakimə” əsasında nəzmə çəkmişdir.



5.1.2. Basatın Dəpəgözü öldürməsi haqqında Dəvadəri mətni.Kitabi-Dədə Qorqud”da da yer alan bu oğuznamə haqqında ilk dəfə Dəvadəri məlumat verir. Müəllif məşhur əsərində “Oğuznamə” kitabından danışarkən “Basat Dəpə­gözü öldürdügi boyı”n haqqında da fraqmentar məlumat vermişdir. Müəllif mətnə bir müsəlman alimi kimi yanaşaraq, orada deyi­lənləri “şəriətin qəbul etmədiyi” “ağlasığmayan bir çox hadi­sələr” və ya “türklərin xürafatları” adlandırır. Basatla Dəpə­gözün döyüşü səhnəsinin təsvirindən yan keçməsi də, ehtimal ki, müəllifin bo­ya sözügedən münasibətindən doğmuşdur. Də­va­dərinin aşağıdakı cümləsindən görü­nür ki, o, “Oğuz­namə” kitabında oxuduğu variantdan başqa, şifahi ənənədə yaşa­­yan Oğuznamədən də xəbərdar olmuşdur: “Oğuzların Dəpə­göz haqqında çox məş­hur nağılları var. Bu nağıllar bu günə qədər deyilir. Bu nağılları oğuzlar içində ağıllı və bilikli adam­lar əzbərlər və qopuzlarını çalaraq söylərlər” (98, 250). Müəl­lif əlində olan kitabda Basat boyunun varlığını söyləsə də, boyun məzmununu yuxa­rı­dakı qeydindən sonra vermişdir. Bu halda Dəvadəri mətninin “kitaba” və ya birbaşa şifahi ənənəyə əsas­lanması şübhəli qalır. Bununla yanaşı, müəllifin boy haq­­qında cəm şəklində danışması da anlaşılmazlıq yaradır. Çox güman ki, müəllif bununla boyun variantlarını nəzərdə tutur. Əgər be­lə deyilsə, onda söhbət, ümumiyyətlə, oğuznamələrdən gedir. Ancaq bir həqiqət var ki, Dəvadərinin əsə­rində boyun maraqlı bir variantı təsvir olunmuşdur. Bu variantda Basatın atası Aruz qocanın külahı, “Kitabi-Dədə Qorqud”da olduğu kimi, altı ərkəc dərisindən deyil, F.Köprülü tərcüməsinə görə, on qoç (F.Sümərə görə, on keçi, O.Ş.Gökyaya görə, on üç qoyun) də­ri­sindəndir (98, 250; 222, 139, 115, 377). Bundan başqa, Ba­satın ox atmaqda misli olmayan bir oğuz qızına qalib gələndən sonra qızın və ata­sının təhriki ilə Dəpəgözlə döyüşə getməsi motivi mətnin variant xüsusiyyət­lərin­dəndir. M.Ergin sonuncu motivi Dəvadərinin bu boyu Beyrək və ya Qanturalı boyu ilə qarışıq salması şəklində dəyərləndirir (79, 37). Əslində biz Dəvadəri mətnində türk qəhrəmanlıq dastanları və bahadırlıq nağılları üçün səciyyəvi olan sınaq motivinin bir variantı ilə qarşılaşırıq. Bu motiv boyun “Kitabi-Dədə Qor­qud”dakı va­riantında “atbasma” motivi şəklində əks olunur.

Basat boyu haqqında Əbubəkir Tehraninin “Kitabi-Di­yar­bəkriyyə” əsərinin soykötüyü hissəsində də məlumat verilir. Burada Bisut xan Bayandur soyunun əcdadları sırasına daxil edilir. Onun 120 il padşahlıq etməsi qeyd olunur. Əsərdə boy haqqında soykötüyü üslubuna uyğun şəkildə məlumat verildiyi üçün boyun yalnız giriş hissəsi nağıl olunur. Mətndə Bisut xanın himayəyə alınması monqol qoşunlarının onun ata­sının evinə hücum etməsi ilə əlaqələndirilir. Nəticədə anası yol­da onu doğur və qoyub qaçır. Qoca qadın onu tapıb dörd ay inək südü ilə bəs­lə­yir. Hakimiyyətə qayıdan atası uşaqdan xəbər tutur. O, qoca qadını yanına aparır və uşağın adını Bisut qoyur (23, 44). “Kitabi-Dədə Qorqud”da oğuzun ürkməsinə səbəb olan Dəpə­göz bu mətndə “monqol qoşunları” ilə əvəz olunur. Şifahi ifa­dan ya­zıya alınmış oğuznamələrdə epik düş­mən ola­raq “monqol qoşunları”nın adı çəkil­mədiyi üçün sözügedən ifadənin şifahi ənənədən gəlməsi şübhəlidir. Bunun­la yanaşı, inək südü ilə bəs­lənmə motivi türk epik yaradıcılığı üçün sə­ciy­yəvi deyil. Dü­şünmək olar ki, həmin motiv müəllif qələ­minin məhsuludur.



5.1.3. Qazan xanın Dağıstan tatarları üzərinə yürüşü haqqında A.Oleari mətni. Bu boy 1638-ci ildə Azərbaycana gəlmiş alman imperator səfirliyinin üzvü A.Oleari tərəfindən fraqmentar şəkildə təsvir olunmuşdur. Sözügedən boydan irəli­də söhbət açılacaq. Burada onu demək istəyirik ki, müəllif qeyd­lərində Elxanlı dövlətinin məşhur hökmdarı Qazan xanla Oğuznamənin qəhrəmanı Qazan xanın qarış­dırılması barədə M.Erginin, V.M.Jirmunskinin və X.Koroğlunun müşahidəsi doğrudur (79, 46; 196, 564; 222, 73). Bununla yanaşı, sözüge­dən məsələ barədə X.Koroğlunun aşağıdakı qeydi də nəzərə alınmalıdır: “… xalq onu məhz A.Oleari­nin təsvir etdiyi şəkil­də qəbul edib. Hələ onu demirik ki, onun arvadı Burlenin qəbri çox da uzaqda yerləşdirilmir” (221, 73). Əlavə edək ki, Burle­nin “qırx funt uzunluğunda qəbrinin” Urmiya qalasında yerləş­məsi haqqında məlumat “göstə­rirlər”, “deyirlər” ifadələri ilə müşayiət olunur.

5.1.4. Bögdiz Əmənlə Yetim Qozan ailəsi arasında qan düşmənçiliyi haqqında Hafiz Dərviş Əli Cəngi mətni. Bu­xaralı Hafiz Dərviş Əli Cəngi (XVII əsr) “Töh­fə­tüs-sürur” əsə­rində yalnız bu qaynaqda olan oğuznamənin məşhur qəhrə­man­ları Bögdiz Əmən ailəsi ilə Qozan ailəsi arasında qan düşmənçiliyindən bəhs edən bir oğuznamə haqqında məlumat vermişdir. F.Kırzıoğlu Əbdürrauf Fitrətinin “Özbək musiqi tari­xi” (Daşkənd, 1927) əsərinə daxil edilən qaynağa istinad edə­rək Oğuz­na­məni təsvir edir: “Doxsan yeddi oğuz qəbilə­sin­də Ak xan, Qara xan və Bayandur xan adlı üç padşah və Bög­düz Əmən, Salur Kazan, Şah Bakı (Can/Xan Bakur ?) və Ye­tim Qozan adlı dörd alp var imiş. Böyük qardaşının inti­qamını alaraq Bökdiz Əməni oxla öldürən Qozan onun ozan (adlı) çalğısını yenə Bögdiz Əmənin oğluna qaytarmalı olur. Çünki oğul da Qozandan atasının intiqamını alıb onu öldürür” (94, 10). Yada salmaq istərdik ki, Topqapı Oğuzna­məsində də Ox­çu Kozanın Əmən bəydən qisas almasına işarə olunur: “Qara­dağın qurdu, Qara qaya qaplanı, Qara şahin yavrusu, Əmən bəydən öcün alan, Ənsi Qoca oğlu Oxçu Kozan” (35, 79). İstər bu, istərsə də yuxarıdakı mətn oğuznamələrin “Kita­bi-Dədə Qorqud”dakı sayından daha çox olmasına şübhə yeri qoymur.

5.1.5. Oğuznamələr əsasında yazılmış Bayburtlu Os­man mətni. Artıq deyil­diyi kimi, tarixi qaynaqlarda oğuzna­mə­lərdən gələn məlumatlar əks olunur. Bu qaynaqlarda Oğuz­na­mədən istifadə olunması Oğuznamənin tarixi məxəz kimi dərk olunmasından doğur. Bu meylin bu gün də yaşa­ma­sını nəzərə alsaq, sözüge­dən qaynaqlardakı məlumat­ların şifahi yaradıcılıq müstəvisindən təhlili öz aktual­lığını saxlayır. Belə qaynaqlardan biri Bayburtlu Osmanın (1574-1595) “Tarihi-cedidi-mirʹati-cihan” əsəridir. Bu əsərin “Bayandur xan” bölü­mün­də Oğuznamə­dən gələn məlumat, müəllifin dediyinə görə, “Bəhrül-ənsab” adlı kitabdan götürül­müşdür. Mətndə Gög alp xanın ölümündən sonra onun oğlanlarından Kaydur xanın və Turmuş xanın öz ölkələrində xan olmaları, üçüncü oğlu Bayan­dur xanın isə Xorasandan Aniyə, Qarsa gəlməsi barədə məlu­mat verilir (79, 40). Əgər mətndə sözügedən Kaydur adı Kayı sözünün variantıdırsa, deməli, burada şanlı Kayı soyu­na, onun Bayandur redaksiyasının imkan verdiyi səviyyədə yer verilir. Kaydurun da, Turmuş və Bayandur kimi, Bayandur soyunun atası olan Gög alp xanın oğlu kimi təqdim olunması başqa cür düşünməyə imkan vermir.

Kayı Bayandur qardaşlığı Ö.Çələbidə də xatırlanır. Ö.Çə­ləbi qeyd edir ki, Sultan Cəlairin hakimiyyəti illərində Mahan­dan gələn Ərtoğrulun babası Kayı alp, onun qardaşı Ba­yan­dur xan və Ərtoğrulun atası Süleyman bəy Çingiz ordusun­dan yayınaraq Əhlətə sığınıblar. Bundan əlavə, Ö.Çələbi Əhlətdə Ərtoğrulun atası Kayı alp bayı Həsən Bayandur xanla qəbir­lə­rinin yanaşı olmasından və ziyarətgaha çevril­məsindən danışır (306, 136). Kayı alp bayla oğlu Süleymanın və qardaşı Bayan­­dur xanın monqol ordusunun qarşısından çəkilərək Əhlə­tə sı­ğınması haqqın­da qeyd Ağqoyunlu eli ilə Kayı elinin Süley­mana və ardınca oğlu Ərtoğrula tabe olan hissəsinin Əhlə­tə sı­ğınması haqqında tarixi həqiqətin Oğuznamə “dili” ilə ifa­də­sindən başqa bir şey deyil. Belə məlumatlar V.V.Bar­told, V.M.Jir­munski, X.Kor­oğ­lu kimi alimləri Bayandur xanın ger­çək tarixi şəxsiyyət olmasına inandıra bilmişdir (221, 65). Hə­min alimlərin Bayandur xanı gerçək tarixi şəxsiyyət sayma­ları tarixi hadisələrin Oğuznamə təfəkkürünə uyğun şəkildə ifadə­sindən qaynaqla­nır. Biz artıq 24 oğuzun yalnız epik səviy­yədə oğuz törəmələrinə çevrildiyini bili­rik. Bayandur xanın Qarsa gəlməsi haqqında rəvayət Oğuz elinin süqutundan sonra oğuz tayfa­ları­nın taleyi haqqında günümüzə gəlib çatan onlarla ta­rixi rəva­yətlərdən biridir. Artıq deyildiyi kimi, türkman təfək­kürü tarixi Oğuznamə şəklində anlayır və yalnız bu şəkil­də ifadə edirdi. Elə ona görə də mətndə ağqoyunluların bölgə­yə gə­lişi ilə bağlı tarixi hadisə Bayandur xanın gəlişi şəklində ifa­də olunur. Mətndəki Kaydur adı Kayı sözünün variantıdırsa, on­da kayılılar haqqında məlumat bayandur redaksiyasına mə­ruz qalmış haldadır. Kay­durun Bayandur soyunun əcdadı olan Gök alpın oğlu kimi ve­rilməsi deyilən məsələ ilə bağlıdır. De­yildiyi kimi, bəzi Osmanlı soykötüklərində də oxşar halla qar­şılaşırıq.

Biz yuxarıda Bayburtlu Osmanın oğuzların “inanc tarixi” Bayandur xanın “Dəmirqapunu” və “Tokuz Tümən Gürcüs­tanı” fəth etməsi haqqında verdiyi məlu­matın bayandır­laşmış Oğuz­naməyə söykənməsindən bəhs etmişik. Mətndə verilən baş­qa məlumatlar da bu qəbildəndir. Bununla yanaşı, mətndə Avşar bəg, Dögər bəg kimi Taş Oğuz bəylərinin adı çəkilir. Belə mə­lum olur ki, “Bəhrül-ənsab” müəllifi bizə gəlib çatma­yan oğuz­namələrlə və ya məlum oğuznamələrin variantları ilə tanış imiş.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin