Aydin talibzadə


“Mehdinin 50 illiy yubiley komissiyasına



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə19/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   ...   16   17   18   19   20   21   22   23   24

 
     “Mehdinin 50 illiy yubiley komissiyasına 
 
Mən nə ədəbiyyatçı, nə də diplomat dəyiləm. Odur ki, necə düşünürəm
o təhərdə də yazıram. 
Dünən televiziyada Mehdi Məmmədovun 50 illiyinə  həsr olunmuş 
verilişə qulaq asdım. 

______________Milli Kitabxana_______________ 
284 
Mehdinin vahid xüsusiyyətliyi məni çox düşündürdi. Artist, rejissor, 
professor, leksiya, yenə də artist? Bu adamı nə vadar edir (ki), rol ifa 
etsin, bu barədə mən fikirə getdim, maddi yoxsulluqmı? ya da filosofi 
Marksizm, Leninizm, Kommunizm propoqaqndası, təbliğatçısı  və 
təşviqatçısı yoxsulluğu. Bu ki professor vəzifəsində leksiya söyləyir! 
Mütəxəssis yetişdirir. Mehdi həyatda hansı sirriləri açmağa çalışır? 
Mehdinin rejissorluğunda Əli Qulu evlənir tamaşasındakı bir parçada 
müasir həyatdakı olan, artist Geraybəylinin yaraddığı  və  həqiqətdə 
bələ də var olan, vəzifə daşıyan tiplərin canlı sifətini xatırladım. 
    Mehdi rol seçir. 
    Gah sledovatel rolunu ifa edir. bu vəzifənin nə  qədər nəcib sənət 
olduğunu doğrulda bilir. Tolstoyun Canlı meyit əsərində isə Protasov 
rolunda bu nəcib vəzifəni sledovatelə sadaladığı zaman mənim xatirimə 
1937-nci ildəki  Əli Heydər Karayevin, Sultan Madjit Efendiyevin, 
Ruhulla Axundovun, Müşviqin, vəlx (və i.a.) , guya xəlq düşməni kibi 
cinayət işlərini aparan sledovatellər, imdi hal-hazırda bəzi vəzifə 
aparan  şəxslərin siması gözümün önündə canlandı.  İmdi bu qərara 
gəldim ki, Mehdinin tazadan teatra qayıtması onun Lenin ideyasına 
möhkəm düçarlığıdır. Oni, müasir zamanda, bəzi, yenidən əmələ gəlmiş 
vəzifə sahiblərinin Leninin göstərişlərindən uzaqlaşmaları vadar edib 
(teatra qayıtmağa - kursiv A.T.). Bu əsl kommunizm ideyası 
propoqandistini bir auditoriyada söylədiyi leksiya, yetişdirdiyi 
sənətkarlar qəlbini sakitləşdirə bilmir. Bu ali cənab sənətkar imdinin 
hal-hazırda cildə girmiş tipləri(ni) yaxşı görür və bir sənətkar kibi 
qamçılaya bilir. Məni bir məsələ burada darıxdırır? Tapılacaqmı?.. 
yazıçılar arasında (hanı) eylə bir qoççaqkı Mehdiyə öz yaradıcı əsərilə 
səs versin, onun oynamak, yaratmaq istədiyi qəhrəmanı  aşkara 
çıxarsın. Mən sözümün axırında  əllərimi yuxarı qaldırıb Mehdiyə 
cansağlığı, quru böhtandan, acı yalandan, bir də zavaldan midafiə arzu 
edirəm. 
             
                İmza: Adımı bilməsən də keçər. 
11.04.69”. 
  
     Dövrün təzadları, atmosferi, ideolojisi, demaqogiyası var bu 
məktubda. Bir uşaqlıq, bir sadəlövhlük, bir səmimilik də var bu 
məktubda. Mehdini anlamaq, onun məqsədini aydınlaşdırmaq, 
ictimai mövqeyini müəyyənləşdirmək cəhdi də var bu 
məktubda. Elə bu səbəbdən də anonimçi naməsini monoqrafiya 
səhifələrinə  çıxartdım. Mehdi və onun adi seyrçisi və ya adi 

______________Milli Kitabxana_______________ 
285 
seyrçi gözündə, düşüncəsində Mehdi. Azərbaycanlı bolşevikin, 
Allahına tapınan (Mehdi üçün əllərini yuxarı qaldırır) 
kommunistin sırf sosial müstəvidə Mehdiyə münasibəti. Mənə 
bu anonim məktub ləzzət elədi. Nədən ki, orada Mehdiylə  və 
eyni zamanda mənimlə birbaşa dövrün özü danışırdı.
       
     Teatr  da  Mehdinin  50  yaşını  təntənəli yubiley gecəsi ilə 
qutlayır.  Yubiley mərasimində birinci skripka rolunu Rza 
Təhmasib və Mustafa Mərdanov ifa edirlər. Sözlər... sözlər... 
sözlər... Tərifli və xoş sözlər... Bu yubileylərdən sağlığında çox 
az sənətçilərə qismət olur. Mehdi isə öz yubileyinin fərəhini 
yaşadı, dadını  çıxartdı. Azərbaycanın xalq artistinin şərəfinə 
dost-tanış arasında məclislər açıldı, badələr nuş edildi. 
Camaatda Mehdiyə sevgi və maraq böyük idi. Tədbir tədbirə 
calanmışdı. Yubilyar göyün yeddinci qatına yüksəlmişdi. 
Əvəzində Mehdiyə 70-ni, 75-ni yaşamaq nəsib olmadı və mən 
düşünürəm ki, onun 50 illiyi nə yaxşı belə  təmtəraqla 
keçirilibmiş... Hərçənd bu yubiley məktublərı, yubiley 
məqalələri, yubiley təbriknamələri sırasında nə  Ədil 
İskəndərovun, nə  də Tofiq Kazımovun adlarına rast gəldim... 
Ey, gidi dünya... Amma inciməyinə dəyməz: məlum məsələdir 
ki, hətta iki pinəçi də bir-birini bəyənmir... 
     “Fələyin gərdişi rəqqasə qadınlar kimidir” və onun rəqsanə 
şəkildə yazdığını bir kimsə poza bilməz, heyhat...
 
     12 mart 1970-ci il. Milli Teatrda premyera: “Xəyyam”. 
Azərbaycan ziyalılarının gözündə bu, bir partlayış, üsyan. 
Hüseyn Cavid gəlmiş  səhnəyə... Onun “Xəyyam”ı  gəlmiş 
səhnəyə... Əcəba, nə mutlu bir gün... 35 il keçər dramın qələmə 
alındığı tarixdən, amma bir gün də oynanılmaz. Millətin 
aydınları illərcə bəklər “Xəyyam”ı; bəklər və “Hüseyn Cavid” 
deyib sızlar. Yalnız Mehdi bir gün əlini uzadıb tarixin boşuna 
fırlanan çarxını saxlar, seyrçilərə Xəyyam libasında görünər... 
     Mənim hələ bunlardan xəbərim yoxdur. Cəmi on iki yaşım 
var: atamla anamın “Xəyyam”ın premyerasından coşqu ilə 
danışdıqları eynimə deyil. Amma tez-tez təkrarlanan “Şəfiqə və 

______________Milli Kitabxana_______________ 
286 
Mehdi necə də gözəl idilər, necə də gözəl oynayırdılar” ifadəsi 
yaddaşıma həmişəlik hopur. Nə üçün bu cümlə belə huşuma 
batdı, bilməm... Kim fikirləşərdi ki, bir gün mən vaxtilə 
fərqində olmadığım bir tamaşadan yazacağam... 
     İndisə mən monoqrafiyanın “Xəyyam” mərhələsinə vardım 
və respublika qəzetlərindən bir resenziya yağışı yağdı üstümə.  
Kimlər daha nələr yazmamış
211
... və yazdıqlarının hamısında 
Mehdiyə alqış... alqış... alqış... Hamı da tamaşaya “hadisə” 
deyib dayanmış... Və  qəribə bir paradoks... bu rəy söyləyən 
səslər içində  Cəfər Cəfərovun, teatrşünaslığın xormeysterinin, 
adı yoxdur. Yalnız 1974-cü ildə  nəşr olunmuş “Azərbaycan 
teatrı” kitabında C.Cəfərov bu tamaşanın təhlilinə düz beşcə 
səhifə  həsr edir. Və yenə  təəccüb, hətta heyrət... Vallah, mən 
şaşırdım. Əvvəlcə heç nə anlamadım və gözlərimə inanmadım. 
Nəfəsimi dərib bir də yoxladım. Mən səhv etməmişdim: 
C.Cəfərovun kitabında “Xəyyam” haqqında verilən analiz 
cümlə-cümlə, azacıq ixtisarla, və  bəzən xəbərin zaman 
şəkilçisini dəyişmək  şərtilə Yaşar Qarayevin “Əlvan 
tamaşa” adlı  məqaləsindən köçürülmüşdü; isnad yeri də 
göstərilməmişdi. Olurmu, yahu? Yuxumu bu? Amma mən 
yüzfaizli əminliklə deyirəm ki, bu, C.Cəfərovun işi deyil. Belə 
ki, Cəfərlə Yaşar, Allah hər ikisinə rəhmət eləsin, Azərbaycan 
humanitar elm tarixinin ən yüksək kateqoriyalı alimləri idilər 
və lazım gəldikdə bir-birilə polemika aparmaqdan 
çəkinmirdilər. Mən bunu bilirəm və  əminliklə söyləyirəm. 
Odur ki, teatrşünas Cəfərov heç vaxt... heç vaxt ədəbiyyatşünas 
Qarayevin resenziyasını, sitatsız-filansız, götürüb öz 
monoqrafiyasına salmazdı. Bəs bu, haradan gəlib ora düşüb? 
Bir versiyam var, onu indi Sizə açıqlayacağam. Məhz bu 
kitabın yazıldığı  və çapa hazırlandığı dövrdə  Cəfər Cəfərov 
dövlət strukturlarında məsul vəzifələrdən birində çalışırdı. 
Olsun ki, elə buna görə  də, o, teatrın müasir tarixinin bəzi 
məqamlarını “işıqlandırmağı” ya öz ətrafındakı tetarşünaslara, 
ya da tələbələrinə tapşırıb. Və onlardan kimsə... Cəfər 

______________Milli Kitabxana_______________ 
287 
Cəfərovu aldadıb, ona xəyanət eləyib, Yaşar Qarayevin 
“Xəyyam” tamaşası ilə bağlı fikirlərini Cəfər Cəfərovun adına 
yazıb... Cəfərin də buna nəzarət eləməyə imkanı çatmayıb; 
çatıbsa da diqqətindən yayınıb. Bir də o, Yaşarın məqaləsini 
əzbər bilmirdi ki, fırıldağın qarşısını vaxtında alaydı. Gör, neçə 
illərdir, bu fakt üstüörtülü qalır və indi aşkara çıxır. Tarixdə 
həqiqətin öz hücrəsini bulmasına yardımçı olan biz deyilik, 
ruhlardır. Ruhlar bizdən vasitəçi kimi yararlanıb öz haqlarını 
bərpa eləyirlər. Cəfərin də, Yaşarın da ruhları, xatirələri 
qarşısında, sanıram ki, mən öz borcumu yerinə yetirdim. 
Amma... “fələyin yazdığını mən poza bilsəydim həmən”... yol 
verməzdim ki, tarixdə ola böylə bir əməl təzədən... Cəfər 
Cəfərovla ilişikli bir məsələ  də var ki, onun bəyan edilməsi 
olduqca vacib... Cavidin “Xəyyam” dramını tamaşaya qoymaq 
təşəbbüsü (israrlı bir təşəbbüs) məhz Cəfərdən gəlib. Bunu da 
mənə Elçin Muxtar Elxan (Aslanov) danışdı. Əvvəlcə pyes və 
ideya Tofiq Kazımova təklif olunub, sonra Əliheydər 
Ələkbərova və  nəhayət, Şəmsi Bədəlbəyliyə... Tofiq Kazımov 
deyib ki, bu, librettodur, pyes deyil; opera üçün yazılıb, 
dramatik teatra yaramır və qeyd edim ki, tam haqlı fikir 
söyləyib. Açın mətni və Cavid remarkalarını oxuyun: orada 
tez-tez muğamın  şöbələrinin çalındığı,  şərqilər və  rəqslər ifa 
olunduğu bildirilir. Razılaşaq ki, “Xəyyam”, həqiqətən, 
musiqilə dolu bir əsər... Bəlkə  də bunu Üzeyir bəy vaxtilə 
Cavid  əfəndiyə sifariş vermiş... Dəqiq bilməm... Amma birgə 
işləmək həm Üzeyir bəyə, həm Cavidə bir şərəf... Təəssüf, və 
yenə də təəssüf ki, alınmayıb. Əliheydər Ələkbərov da, Şəmsi 
Bədəlbəyli də “Xəyyam”dan imtina ediblər... Onda Cəfər 
Mehdiylə danışıb bu proyekt barəsində... Və  hər  şey yoluna 
düşüb... Mehdi bu dramatik poemanı çoxdan gözləyirmiş kimi 
böyük şövqlə başlayıb təhlilə və rejissor eksplikasiyasına... 
     “Olum, ya ölüm?” Mehdi hara getsə, nə iş görsə, bu sualın 
magik mənalar çənbərindədir. 

______________Milli Kitabxana_______________ 
288 
     Hüseyn Cavidin “Xəyyam” dramının da “Hamlet” faciəsilə 
birbaşa kəsişən nöqtələri mövcud. Hamlet qəbiristanlıqda... 
Ofeliya soyuq torpağa gömülərkən... Xəyyam məzarçılar 
arasında... Sevdanın qəbrini ziyarət edərkən... Hamlet qafa 
tasını  əlində tutub fəlsəfi düşüncələrə dalarkən... Məzarçılar 
insan skeletinin qəbirlərdən çıxan qalıqlarını ora-bura 
tullayarkən... “Hamlet”dən “Xəyyam”a qədər olan bir addımlıq 
məsafə ölülər dünyasından, yəni olumla ölümün sərhəd 
zolağından keçir... 
     Şərqli rejissorun Hamleti, təbii ki, Xəyyam cildində zühura 
gəlməliydi. Təsadüfi deyildi ki, Milli Teatrın səhnəsində 
Xəyyam rolunu ifa edən sənətçilərin hər ikisi müxtəlif 
vaxtlarda Azərbaycan Hamleti olmuşdular: Mehdi Məmmədov 
1964-cü ilin radioefirində, Həsən Turabov isə 1968-ci ildə 
Tofiq Kazımovun quruluş verdiyi tamaşada. Mən indi faktları 
yanaşı qoyub fikirləşirəm ki, Mehdini “Xəyyam”a 
yaxınlaşdıran da, onun səhnə versiyasını hazırlamaq ideyasını 
şərtləndirən də məhz Uilyam Şekspirin “Hamlet”i olub... Və bu 
ideyanın təqribən (hər halda mən güman eləyəni) bir 10-12 illik 
tarixi var. İlham Rəhimliyə verilmiş müsahibədə Mehdinin özü 
də bunu təsdiqləyib. Onda bu ideyanın Cəfər Cəfərova 
mənsubluğu nə ilə izah olunsun? 
     Azərbaycanda dəyərli bir ədəbiyyat bilicisi kimi hörmət 
qazanmış  Məmməd Arif də “Xəyyam” tamaşasına  əlüstü  
reaksiya verərək yazırdı ki, “Cavidin bu gözəl əsərini səhnədə 
təcəssüm etdirmək onun (Mehdinin - A.T.) çoxdankı arzusu, 
daha doğrusu, ehtirası idi”.
212
 Aktyor Firdovsi Naibov da mənə 
danışdı ki, 60-cı illərin  əvvəllərində kursun sənət müəllimi 
Mehdi Məmmədov öz dərslərində onu həmişə Xəyyam adı ilə 
çağırarmış. Gənc Firdovsinin yüngülvari etirazlarına 
baxmayaraq vəziyyət dəyişmir, 
əksinə, gündən-günə 
təkrarlanır. Məhz bu məqama  əsaslanıb da aktyor belə bir 
qənaətə  gəlir ki, hələ 60-cı illərdə Mehdi Məmmədov 
“Xəyyam” barəsində aktiv düşünürmüş  və  hətta tələbələr 

______________Milli Kitabxana_______________ 
289 
arasında Xəyyam rolunu ifa edəcək potensial aktyoru 
axtarırmış. Elə bunun nəticəsidir ki, o, tez-tez Firdovsiyə, -  
Xəyyam, - deyə müraciət edirmiş. Bu dövrdə, Mehdi eyni 
zamanda, “Hamlet” pyesini Şekspirin 400 illiyilə əlaqədar milli 
radioefir üçün hazırlayırdı. Yəni Mehdi yaradıcılığında 
“Hamlet” və “Xəyyam” bir medalın iki üzü kimi bir şey olub... 
yəni o bundan olub, bu ondan... yəni Mehdinin düşüncə  və 
təcəssüm “laboratoriyası”nda  o buna qarışıb, bu ona... 
     Deməli, 1970-ci ildən hələ çox-çox əvvəl “Xəyyam” dramı 
Mehdini özünə  cəzb eləyib: elə  cəzb eləyib ki, bu rejissor 
ondan ayrıla bilməyib; bir an da olsun tərəddüd etməyib, 
fikrindən daşınmayıb və uzun bir zaman məsafəsində bu ideya 
ilə birgə yaşayıb, və yaşadıqca ondan bezməyib. Nadir bir 
hadisə:  əksərən rejissorlar müəyyən bir ideyadan tez alışırlar, 
tez də sönürlər və  həmin ideya onlar üçün artıq maraq kəsb 
eləmir. Mehdi isə bu ideyadan kəlbətin mismardan yapışan 
kimi yapışıb və  nəhayət ki, onu, teatrşünas Cəfərin təklif və 
təkidilə, reallaşdırıb, özü də sensasiya səviyyəsində 
reallaşdırıb. Cəfərin ideyası tarixinə müvafiq düşüb bə bəlkə də 
Mehdinin “Xəyyam”a dönüşünün katalizatoru olub. Mən 
məqalələri oxuyub, çoxsaylı fotoşəkillərə baxıb da anladım ki, 
Mehdi Məmmədov “Xəyyam” tamaşasını Milli Teatrda bir 
misteriya kimi gerçəkləşdirib,  zəmanədən  şikayət kimi 
gerçəkləşdirib, aşiqin öz sevgilisinin qəbri üstündə söylədiyi 
mərsiyə  kimi gerçəkləşdirib,  təziyə ruhunda, şəbih 
tamaşaları ruhunda gerçəkkləşdirib.  
     Qaranlıq... Səhnə önündə “qanadlı” rəhil...  İçində açıq 
kitab... Qələmdana yetmiş qələm... Qafa tası.... Şərab kuzəsi... 
Piyalə... Orta əsrlərə bir eyham... Kəllə isə uzaqdan uzağa 
şahzadə Hamleti gətirir xəyala!!! Elə bu an... qoca Xəyyam 
cüssəsilə yarar qaranlığı, səhnənin dərinliyindən gələr addım-
addım irəli, irəli... Gələr, rəhilin qənşərində dayanar... Əlində 
tutduğu çırağın işığı çöhrəsini nurlandırar... Susar, nəfəsini 
dərər və bir ixtiyar təmkinilə deyər: “Fələyin yazdığını  mən 

______________Milli Kitabxana_______________ 
290 
poza bilsəydim həmən...” və sözlər...  sözlər... sözlər... 
musiqinin diliylə əks-səda verib səslənər... 
     Bu, misteriya və ya ritual qayəli ağı, vizual mərsiyə deyilsə,  
onda bəs nədir?  
     Aman,  Allah!  Bu  tamaşa necə  də  mənimkidir... Mən 
“Xəyyam”ı  səhnədə görsəydim  əgər... Hayıf! Amma eyb 
eləməz: onsuz da mən bu tamaşanın ovqatlar, emosiyalar 
dünyasında özgəsi deyiləm. Ortaçağ islam mədəniyyəti... 
Müsəlman  Şərqinin poeziyası  və  fəlsəfəsi... Hamısı  mənə o 
qədər  əziz və doğmadır ki... Amma “Xəyyam” tamaşasında 
Mehdi təkcə bununla kifayətlənməmişdi: o, qədim yunan teatrı 
ilə də xor vasitəsilə bir bağlantı yaratmışdı, xalq meydan teatrı 
ənənələrinə  də müraciət eləmişdi,  şəbih tamaşalarının 
estetikasından da bəhrələnmişdi, müasir texnologiyalardan da 
yararlanmışdı. Hətta tamaşa zalından asılmış iri çilçırağa 
səsgücləndiricilər  yerləşdirmişdi. 
     ...Cahangir  Cahangirovun  “Şəbi-hicran” kantatası ruhunda 
bəstələdiyi musiqi seyrçi salonunun fəzasına yayılar... 
Xəyyamı görükdürən projektor söndürüldüyü andaca aktyor ağ 
saqqalını tezcənə üzündən qoparar, əbasının önünü arxaya 
atmaqla  əbanı yaraşıqlı libasa çevirər, olar cavan oğlan və 
gənclik dostları ilə ünsiyyət qurar...
 
 
     Bu  tamaşanın təsvirilə bağlı  dəyərli teatr tarixçisi İlham 
Rəhimlinin yazdıqlarında müəyyən yanlışlıqlar var.
213 
 
     Mehdi  Məmmədov “Xəyyam” tamaşasının “kündə”sini 
poeziyadan, rəqslərdən, xor oxumalarından, azan səsindən, 
Ortaçağ dünyasını  bəlirtən simvollardan və romantik 
duyğulardan “yoğurmuşdu”. Xəyyam Hüseyn Cavidə  və 
Mehdiyə görə müsəlman Şərqinin Hamleti idi. Lakin o, Hamlet 
kimi məqsədinə yetmirdi, məğlub olurdu: yox, əsla; topluma, 
zülmə, zorakılığa basılmırdı; Xəyyamı  fələk qocaldıb  əzirdi... 
Özü oynayırdı  Xəyyamı; bir də  Həsən Turabov... Amma elə 
indicə mən Azərbaycan teatr tarixinin başqa bir faktından xəbər 
verəcəyəm. Xəyyamı ifa edənlərin sayı iki yox, üç olub. Mehdi 

______________Milli Kitabxana_______________ 
291 
Məmmədov Həsəndən öncə bu rolu Məlik Dadaşova 
tapşırmışdı. Azərbaycan teatr rəssamlığında yeni bir mərhələ 
yaratmış Elçin Muxtar Elxanın dediyinə görə Məliyin Xəyyamı 
səhnədən daha effektli təsir bağışlayırdı  və onun Şəfiqə ilə 
tandemi maraqla baxılırdı. Mehdi bir rejissor, bir aktyor kimi 
yox, bir kişi kimi buna dözəmmir, onda qısqanclıq hissləri baş 
qaldırır və  Məliyi roldan uzaqlaşdırmaq üçün bəhanə  gəzir. 
Geyimlərin hazırlanması prosesi başlayanda artıq bu dəfə 
Məlik “partlayır”;  şikayətlənir ki, niyə  mənə ucuz, Mehdiyə 
bahalı parçalardan kostyum tikilir. Bu “etiraz”, narazılıq 
quruluşçu rejissora bəhanə olur ki, Mehdi Məlik Dadaşovu 
roldan uzaqlaşdırsın. Yenə Elçin Muxtar Elxanın dediyinə görə 
Məlik Xəyyamı oynayırdı, Mehdi isə  Xəyyam rolunda 
intonasiyalı  məruzə oxuyurdu. Hər halda bu da mənim üçün 
önəmli bir rəydir, fikirdir və gözlənilməz açıqlamadır. Çünki 
Mehdini Xəyyam obrazında tərifləyənlər çox olmuşdu. Biri elə 
Yaşar Qarayev. O, Mehdinin ifasını çox bəyənmişdi, burada 
hamletizmin təzahürünü görmüşdü, amma müəyyən monoton 
təkrarları  qəbul eləməmişdi: “Cavid şeirinin musiqisi, klassik 
əruz Mehdi Məmmədovun zəngin səs imkanları ilə  səlis bir 
şəkildə çatdırılır, qiraətlə ifa, oyunla bədii oxu aktyorun 
yaratdığı surətdə  vəhdət təşkil edir. Mehdi Məmmədovun 
obrazı tragik yüksəkliyə qaldırdığı  təsirli epizodlardan biri 
qəbristan səhnəsidir. Burada Şekspirə bənzərlik zahirən qəribə 
görünə bilər. Bunu “Hamlet”in təsiri hesab etmək doğru 
olmazdı. Əksinə, Hamletin məşhur monoloqu Cavidin istifadə 
etdiyi Xəyyam rübaisinə heyrətli bir dərəcədə  bənzəyir: 
Xəyyam şah vücudunun torpağından yapılan kuzədən, Şekspir 
İskəndərin palçığı ilə  ağzı  tıxanan pivə  çəlləyindən, Xəyyam 
məzarda  şahla gədanın,  Şekspir isə “kral bədəni ilə arıq 
dilənçinin” eyniliyindən söhbət açır. Bu oxşarlıq intibah 
qəhrəmanlarının və ideyalarının bədii səsləşməsindən başqa bir 
şey deyildir”.
214 
Razılaşaq ki, bu oxşarlığı qabardıb gündəmə 
gətirən Mehdi Məmmədov idi. Çünki bu insanın içində bir 

______________Milli Kitabxana_______________ 
292 
Hamlet uyuyurdu və  bəlkə  də o, bütün dünyaya bir Hamlet 
nəzərlərilə baxırdı. Mehdi Xəyyamda Hamleti, sadəcə, 
tanımışdı, kəşf eləmişdi və bu kəşf onu bir az da coşdurmuşdu 
və sənətçi Xəyyamı, Yaşar Qarayevin söylədiyi kimi, Hamletin 
və Faustun sələfi qismində  səhnəyə  çıxarmışdı. Bu, doğru və 
inandırıcı... 
     Amma...  Mehdi  Mehdi  olmazdı,  əgər Xəyyamın bir kişi 
kimi gözəlliyini, cazibəsini, yaraşığını vurğulamasaydı... 
Ortaçağ müsəlman  Şərqinin kübar saray əyanı  qədər nəfis 
geyinmiş Mehdinin Xəyyamı səhnədə teatralcasına qəşəng idi
ədalı idi, nurlu idi; Şərqin ideal şair, peyğəmbər tipinə 
bənzəyirdi: təzə ay kimi nazik saqqalı vardı üzündə... çöhrəsini 
haşiyələyirdi... qaşları yuxarı dartılmışdı... başına ağ əmmamə 
qoymuşdu... elə bil Təbriz miniatür məktəbinin rəsmlərindən 
düşmüşdü səhnəyə... aktrisa Şəfiqə  Məmmədovanın gülüzlü 
Sevdasının yanına...   
     Xəyyam  şəndir, nikbindir, əlində  şərab piyaləsi; zövq 
əhlidir, dostları ilə xoş  məqamlar yaşar, deyər, gülər, 
zarafatlaşar; Sevdanı sevər, məsud olar, həyatdan, gözəllikdən, 
zəriflikdən nəşələnər, ağlına qürrələnər, hər  şeyə meydan 
oxuyar, yeri gəldikdə isə niyyəti pis insanlara saçma cavablar 
da verər: 
          “Ülkər ismilə, deyir, göydə yaşarmış bir öküz, 
            Bu bir əfsanə, yer altında da varmış bir öküz, 
            Arif olsaq bu öküzlər arasında bişək 
            Görürük bir yığın ipsiz və yonulmaz eşşək” 
 
     Bu, Nişapurlu Ömər Xəyyamın Milli Teatrın səhnəsinə tarix 
müstəvisindən adlamış zühur obrazlarının birinci versiyasıdır. 
Hərçənd “xəyyam” sözünün hərfi mənası “keçə toxuyan” 
anlamına gəlir. Bu da onu bildirir ki, Xəyyam XI əsrdə 
Məlikşah sarayının  əziz qonağı  və dövrünün hörmətli alimi, 
riyaziyyatçısı, münəccimi
215
 kimi qəbul edilməsinə 
baxmayaraq öz fəlsəfəsində sufilərə, sufi təriqətinə bağlı bir 

______________Milli Kitabxana_______________ 
293 
kimsə olub. Nədən bunu belə deyirəm? Çünki həmin çağlarda 
məhz sufilər Həllac (“yun əyirən”),  Əttar (“ətriyyatçı”, 
“aptekçi”, “xırdavatçı”), Zərkub (“qızıl döyən”), Səyyaf (qılınc 
düzəldən) kimi təxəllüsləri bəyənirdilər, müəyyən peşələri 
guya ki öz fəlsəfələrinin simvolik açarı qismində götürürdülər. 
Odur ki, şərqli Hamletin fərqliliyi yəqin onun sufi xislətində 
təzahür edə bilər. Mənim bu fikrim haradasa Yaşar Qarayevin 
Azərbaycan səhnəsinin Xəyyamına (“biz Şərq mütəfəkkirini 
Hamletdən ayıran cizgiləri də görmək istərdik”) tutduğu iradla 
səsləşir. Xəyyam Mehdinin ifasında sufilikdən çox uzaq, yunan 
epikurçuluğuna isə çox yaxın idi. 
     Obrazın ikinci zühur versiyasında Xəyyam məğrur bir 
insandır,  şairdir, filosofdur, söz sərrafıdır, kitab adamıdır; hər 
yerdə haqqı güdər, zülmü görər, suçlular üçün ulu xaqanlardan 
əfv dilər. Amma faydası nə... Fələyin yazdığını poza bilmək nə 
demək?.. Gərçi “tale zəbun, düşmən qəvi” isə  ədalətli olmaq 
mümkünsüz. Güc və tülkü-siyasilərin hiyləsi  ədaləti sındırır.  
Onda bir şərab qalır Xəyyama, bir Sevda... bir də  zəmanənin 
dərd-səri... bir də ki şairin qoruya bilmədiyi ali dəyərlərin 
xiffəti. “Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?” 
     Obrazın üçüncü zühur versiyasında Xəyyam Nişapur 
bazarında əyləşmiş ağsaçlı bir ixtiyardır, müdrik bir filosofdur.. 
Sevdanı əcəl alıb, yer gizləyib: saray oyunlarının qurbanı oldu 
yavru: bilmədi, içdi zəhəri və getdi... Burada Mehdi 
Məmmədov sanki yaxasından dünya boyda Sevda sevgisini 
çıxarıb yerinə dünya boyda kədəri taxırdı  və  tənhalaşırdı. 
Amma dövrün cəfası ona daha heç nə etməz. Nədən ki, 
Xəyyam olumdan da, ölümdən də yüksəkdə qərarlaşıb. O, indi 
gerçəkliyə yox, xəyallarına mənsubdur və xatirələrində 
mövcud teyflərlə yaşayır. Bir gün Nişapur bazarından qalxacaq 
və onların yanına uçacaq... 
     Bu, 
pyes 
deyil, 
şeirin obrazlara və 
məkana 
tranformasiyasıdır.  İiştirakçıların dialoq və monoloqları isə 
sanki lirik nəğmələrdir (mənim qənaətlərim də libretto 

______________Milli Kitabxana_______________ 
294 
versiyasını  təsdiqləyir). Və Mehdi Məmmədov  əsl bir 
professional kimi bunu bilirdi də, duyurdu da. Odur ki, 
quruluşçu rejissor səhnədə bir poeziya dünyası,  şeir, musiqi, 
rəqs dünyası yaratmışdı, poetik teatrın prinsiplərinə önəm 
vermişdi. Rəssam Elçin (Elçin Muxtar Elxan) da öz tərtibatı ilə 
rejissoru yüzdə yüz dəstəkləmişdi, onun fantaziyalarının 
“püskürməsi” üçün səhnə  məkanını bacardığı  qədər 
“boşaltmışdı”, səhnə planşeti üzərində artıq bir çöp də 
saxlamamışdı. Abbas Zamanov yazırdı ki, “tərtibat həm Cavid 
faciəsinin, həm də orada əks olunmuş dövrün ruhuna 
uyğundur”.
216
  Bəli, bəli... tam ruha müvafiq... nə lazımdısa, o 
da səhnədə idi. Səhnə açıq meydanı xatırladırdı:  şərti teatrın 
meyarları, xalq tamaşalarının bədii-estetik prinsipləri  əsasında 
tərtiblənmişdi. “Tərtibat üçün “yüngül” xammaldan, bədii 
“sintetika”dan istifadə edərkən də rejissor monumental bir 
mövzuya quruluş verdiyini unutmur, romantik, ciddi və 
temperamentli bir sənətin cizgilərini müasir, çevik səhnə 
konstruksiyası ilə  məharətlə birləşdirir.  İkinci tərəfdən məhz 
romantik və poetik bir teatrın təbii etdiyi bir şərtilik, simvolik 
keyfiyyətlər, xəyal, nəğmə, rəqs ünsürləri tamaşanın bədii 
koloritini, poeziyasını artırır”.
217
 “Yüngül” xammal” deyəndə 
resenzentlərdən biri səhnədən asılmış  əlvan parçaları  nəzərdə 
tuturdu. Bu parçalar Şərqin taftasını, qumaşını, zər-xarasını 
eyhamlaşdırırdı  və müsəlman dünyasını bildirən nişanları, 
emblemləri,  ərəb kalliqrafiyasını  sərgiləyirdi. Bəlkə elə parça 
çoxluğu ucbatından Mehdi və Elçin teatrın pərdəsindən imtina 
etmişdilər. Odur ki, bəzi teatrşünaslar yazanda ki, “Xəyyam”da 
pərdə açılırdı” gopa basırlar. Mən bunu əvvəlcə 60-80-cı illər 
Azərbaycan  ədəbiyyatının  şəksiz avtoriteti  Yaşar Qarayevin 
resenziyasına  əsasən müəyyənləşdirdim, ardıyca isə Elçin 
Muxtar Elxandan soruşub dəqiqləşdirdim. Yəni doğruluğuna 
cavabdehəm. Elçin dekorlardan çox az faydalanmışdı: səhnə 
ortasında qurulmuş tağlı konstruksiya cüzi dəyişmələr üsulu ilə 
seyrçilərin gözü önündə  məkanı gah şah sarayına, gah 

______________Milli Kitabxana_______________ 
295 
qəbristanlığa, gah da Xəyyamın evinə çevirirdi. Səhnə 
fəzasında  ştangetlərdən bir-birinə paralel iri sırğa formasında 
iki bəzək asılmışdı. Haradasa çadır dirəklərini xatırladan  
konstruksiyalarla (piştaxta tipli qurmalar) çərçivələnmiş səhnə 
bazar meydanının ovqatını yaradırdı. Tərtibatla geyimlər  
harmonik şəkildə bir-birini tamamlayırdı. Elçin kostyumları əla 
işləmişdi: “Nəsimi” bədii filmini bir anlığa fikrinizə  gətirin: 
həməncə “Xəyyam” tamaşasındakı geyimlər təsəvvürünüzdə 
canlanacaq. Bu aspektdə “Xəyyam” tamaşası “Nəsimi” 
kinofilminin invariantı kimi qavranılır. Onun da, bunun da 
geyim rəssamı Elçin olub. Qəribədir, mən “Xəyyam” 
tamaşasının  şəkillərinə baxıram və görürəm ki, rəssamın 
geyimləri çox konkretdir: çaxçur, əba, əmmamə, baş örtükləri... 
Və mən həm də görürəm ki, bu geyimlər xırda-para detalların 
köməyi ilə mücərrədləşir, simvollaşır, obraza çevrilir və sanki 
nəbati naxışları kimi tükənmir, məkana yayılır, məkanla 
təmasda bulunur... Premyeradan sonra isti-isti yazılmış 1970-ci 
ilin resenziyasına dönək: “Pərdəsiz və  bər-bəzəkli səhnə 
bayram əhval-ruhiyyyəsini təlqin edir. Tərtibatda xarakterlərin 
və psixologiyaların obrazlı  həllinə  rəssam  ən çox geyim və 
paltarlarda nail olmuşdur. Bu paltarlar son dərəcə əlvan, mənalı 
və istifadə üçün əlverişlidir... Qara fraklı insan kütlələrinin 
göründükləri səhnələr ümumiləşmiş obraz, simvol səviyyəsinə 
qalxa bilir. Tamaşanın sonunda aktyorlar iş paltarında səhnə 
qarşısına çıxır ki, rəssam bunu aktyor zəhmətinə hörmətin və 
bunu tamaşaçı salonuna təqdim etməyin yeni bir vasitəsi kimi 
düşünmüşdür”.
218
 Bu priyomla Mehdi və Elçin bildirmək 
istəyirdilər ki, dövrün çağdaş teatr estetikası müasir 
Azərbaycan teatr təfəkkürünə də yad deyil və biz bu tamaşada 
adi sənətçilər olub Xəyyam həyatının bir fraqmentini 
oynayırıq. 
     Mehdi Məmmədov hər qatında bir məna çözülən çoxplanlı 
bir tamaşa qurmuşdu. Burada C.Cahangirovun musiqisi elə bil 
ki geyimlərin, səhnədən asılmış  əlvan, nazik, şuxrəngli 

______________Milli Kitabxana_______________ 
296 
parçaların (səliqə ilə büzmələnmiş bayraqların) arasından öz-
özünə peyda olurdu, Xəyyamın ruhunun, dövrün ruhunun 
melodiyalarını çalırdı,  şairin arzularını, zamana etirazını, 
qüssəsini dilləndirirdi. Söz və musiqi... Şərq teatrının cövhəri, 
mayası burda.  
     Xor  qədim yunan tetarı ilə  Şərq teatrı arasında üzvi bir 
bağlantı... Mehdi də öz tamaşasında xordan o ki var 
bəhrələnmişdi. Və  bəstəkar Cahangir Cahangirov əla xor 
partiyaları yazmışdı. “Xəyyam” tamaşasında qızların xoru 
vardı, müridlərin, dindarların, bazar əhlinin xoru vardı  və bu 
xor fraqmentləri epizodları, kompozisiyaları tamamlayırdı, 
tamaşanı bütövləşdirirdi. Xor vasitəsilə Mehdi sanki mizanları 
ornamentləşdirirdi, müəyyən bir fikrin, ideyanın, duyğunun 
refrenini yaradırdı. “Xəyyam” tamaşasını monumentallaşdırıb 
tragik vüsətə çatdıran, onu yunan faciəsinə bənzədən məhz xor 
idi. Burada xorun fəaliyyəti emosional dalğaları gücləndirən 
energetik səhnə epizodları kimi qiymətləndirilməlidir. 
     Uğurlu xor və  uğurlu fərdi ifalar tamaşası idi “Xəyyam”... 
Muxtar  Əfşarovun epikurçu Xərabatisi bu aktyorun səhnə 
yaradıcılığının zirvəsi kimi “oxunur” mən tərəfindən... 
A.Gəraybəyli (Alp Arslan), M.Şeyxzamanov (Müfti), 
A.Cavadov (birinci məzarçı), B.Əskərov (Məlikşah), 
H.Qafqazlı (çadırçı) və digər aktyorlar da rejissorun tamaşa 
üçün müəyyənləşdirdiyi estetik qanunlar çərçivəsində  əla 
baxılırdılar, ayrı-ayrı 
mənaların vizual konkretliyini 
göstərirdilər. Belə ki, M.Şeyxzamanovun Müftisi şəriət 
islamının, A.Cavadov xalq müdrikliyinin, A.Gəraybəyli 
hakimiyyət qurnazlığının məkani obrazını yaradırdılar. Və  bu       
ifa tərzi tamaşanın quruluşuna xas simvolizmlə tam uyuşurdu. 
Bu tamaşa Xəyyam ətrafında birləşdirilmiş qurama epizodların 
tamaşası idi, Xəyyam həyatının, onun xəyallarının və 
fikirlərinin diskret kadrlarından montaj edilmiş bir tamaşa idi, 
iştirakçılardan bol bir tamaşa idi. Ona görə  də çoxlu epizodik 
rollar vardı ki, cəmi bir dəfə görünürdülər səhnədə, cəmi bir 

______________Milli Kitabxana_______________ 
297 
dəfə  ağız açıb danışırdılar. Təbii ki, bu, realistik oyun tərzi 
üçün qədərincə  məqbul deyildi və aktyorları romantik ifa 
üsulundan, poeziya teatrının prinsiplərindən bəhrələnməyə 
doğru  istiqamətləndirirdi. Belə olduqda söz və ehtiras ön plana 
keçirdi.  
     Mehdi emosional təlqin gücünə malik bir tamaşa qurmuşdu 
və  Xəyyam - Sevda sevgisini bir nağıl kimi, bir xəyal kimi, 
qəmli bir macəra kimi ən ali bir məqama yüksəltmişdi. Lakin 
bu sevgi onun həyatında bir şimşəyin parladığı qədər parlar və 
sönər: “Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?” 
Hüseyn Cavidin Xəyyam üçün müəyyənləşdirdiyi sevginin 
ömrü: bir göz qırpımı, ani bir baxış... Aktrisa Şəfiqə 
Məmmədovanın Sevdası bu tamaşada pənbə buludlar kimiydi, 
miniatür rəsmlərində görünən ağ buludlar kimiydi və bu bulud 
topasının içindən bir cüt qara, məlahətli, sevgi dolu xumar göz 
baxırdı dünyaya... və Mehdinin Xəyyamına...  Şəfiqə  səhnədə 
davranmırdı, səhnə  fəzasından pənbə bulud kimi axırdı  və 
qürub edirdi... Saray oyunları, hakimiyyət iddiaları “altunlu 
qəfəslər”in dustaq yavrusu Sevdanı məzara gömdürürdü...  
               “Hey fələk, keçdi zaman dalğa kibi,  
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin