A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
1968 

 440 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

MOLLA NƏSRƏDDİN  — 66 

(Zarafat) 

 

 



 

Mirzə Cəlilə min rəhmət! 

 

 441 

 

 

ZARAFATSIZ 

 

Zarafatsız,  əziz oxucum, sənə bir para ciddi söz demək 



istəyirəm və bir para mətləblərdən agah eləmək istəyirəm səni. 

Zarafat bir yana qalsın, indi işdi-şayət,  şər deməsən, xeyir 

gəlməz, günlərin bir günündə, məsələn, mənim bu yazım keçdi 

sənin  əlinə. Təsadüfən elə oldu ki, o gün, ayıb olmasın  əhli-

əyalın uşaqları  yığışdırdı apardı bacısıgilə. Və  sən özün də 

iraq-iraq, bir balaca timo olduğun səbəbə görə onlara qoşula 

bilmədin və qaldın evdə. Televizorun da ki, bir balaca əngəl 

çıxarıb və radion da xarab olub. Axşamlar nərd oynadığın 

qonşun üç gündür köçüb bağa və axşamlar mırt vurduğun 

dostun iclasdadır. Və belə olan surətdə, niyyət olmasın, qismət 

olsun, sən bir balaca darıxırsan və özünə bir məşğuliyyət 

axtarırsan ki, başını birtəhər qarışdırasan və birdən gözün 

sataşır, ayıb olmasın, bizim bu cızma-qaraya və bekarçılıqdan 

götürüb başlayırsan bunun ora-burasını ditdələməyə. Fələyin 

işini bilmək olmaz, birdən, məsələn, tutalım, sən bu səfsəfəni 

oxumağa başladın və hətta, dilim-ağzım qurusun, oxuyub başa 

çatdın və bu zaman da bəzi-bəzi məsələlər səninçün aydın oldu 

və  bəzi-bəzi məsələlər sənin üçün aydın olmadı. O vədə  sən 

istəyəcəksən ki, haman bu qaranlıq qalan zatları bir allah 

bəndəsindən soraqlaşıb biləsən və aydınlaşdırasan. O vədə səni 

artıq zəhmətə salmamaq üçün mən elə bu başdan bir iki kəlmə 

sözümü demək istəyirəm. Şərti şumda kəsək ki, xırmanda spor 

eləməyək. 

Bəli, nuri-didəm,  əgər ki, bu yazımı ayaqdan başa, yəni 

geridən qabağa yox, elə öz qaydasınca, yəni ki, başdan ayağa, 

əvvəldən axıra oxusan o vədə birinci səhifəni açıb görəcəksən 

ki, bəli yuxarıda yazılıb: ANAR və ondan bir az aşağıda 

yazılıb: MOLLA NƏSRƏDDİN-66 və onun altında mötərizə 

içində xırdaca-xırdaca yazılıb ki, "zarafat". 


 442 

Bu yerində barmağını dişləyəcəksən ki, aya, görəsən bunlar 

nə deyən  şeydir? Yəni ki, Anar nədir? Molla Nəsrəddin niyə 

olsun 66, tramvay-zad deyil ki və zarafat ləfzi niyə görə 

mötərizə içinə alınıb. 

Əzizim, heç ürəyini sıxma, kefini pozma, bir hövsələni bas, 

bir səbr elə, toxda, darıxma, tələsmə, bu saatca hamısını  sənə 

dürlü-durlü, bircə-bircə deyəcəyəm. Anar — mənim ismi-

şərifimdir, yəni ki, adımdır. 66, yəni bu yazını mən yazmışam 

miladın 1966-cı ilində  və hicrinin... vallah, heç özüm də 

bilmirəm ki, hicrinin neçənci ili olur. 

Zarafat ləfzinin mötərizəyə alınması o mətləbə  işarədir ki, 

yəni hər yazının özünün bir məxsusu növü var, buna da frəng 

hükəmaları "janr" deyirlər. Məsələn, necə ki, roman, dram, 

komediya, hekayə  və bunun sayaq. Bu janr ki var, onu adətə 

görə mötərizə içində  və  xırda yazırlar.  İndi biz də, yalandan 

belə eləmişik ki, ayıb olmasın, özümüzü böyük-böyük 

yazıçılara oxşadaq. Yəni ki, bu cızma-qaramızın növü, ya 

bəistilahi-frənk janrı — zarafat janrıdır. Maşallah de, gözə 

gətirərsən. 

Hə, o ki qaldı Molla Nəsrəddinə, burda məsələ bir az tuldur. 

Cümlə-cahan məxluquna məlumdur ki, bir Molla Nəsrəddin 

olub 600 il bundan əqdəm, biri də 60 il bundan qabaq (vallah, 

lap adamın yadına təzə pul-köhnə pul əhvalatı düşür). 

Orasını deyə bilərik ki, bu birinci Molla Nəsrəddin  əntiqə 

kişi olub, allah ona rəhmət eləsin, çünki diriyə də rəhmət var. 

Miladın 1906-cı ilində  şəhri Tiflisdə bir başqa Molla 

Nəsrəddin peyda olub və bu birincisindən də yaxşı kişi olub. 

Yığıb başına Mozalanı, Lağlağını, Qızdırmalını, Hərdəm-

xəyalı bir mizah, gülgi məcmuəsi çıxardıb küllü-aləmdə 

məşhur olub. 

Ay sənin canını yeyim, mənim gözəl oxucum, görürəm ki, 

arifsən, bu yeri oxuyanda birdən qaşqabağını salladın, bir 

papiros çıxarıb tələsik damağına aldın, durub əsəbanə var-gəl 

elədin və ürəyində də dörd-beş dəfə dedin ki, "yox, bu lap ağ 


 443 

oldu". 


Sonra da mənim barəmdə bu tövr fikir elədin ki, "hərifin 

iştahasına bax. 

 

Sən bir təkəbbürə bax.  

Sən bir təfəkkürə bax. 

Sən bir təşəxxüsə bax. 

Sən bir təşəbbüsə bax. 

 

Gör aşnam özünü kimlərnən yan-yana qoyur. Bu lap urus 

demişkən oldu "podtekst". Yəni, dediyi odur ki, bir Molla 

Nəsrəddin olub, ikinci Molla Nəsrəddin olub, üçüncüsü də elə 

mən özüməm. 66-cı ilin Molla Nəsrəddini. Anası ölmüşdü. 

Asta ye, boğazında qalar". 

Yox, yox, atam balası, vallah yox, billah yox, əşədibillah yox. 

Zarafat qalsın bir yana, mən nəkarayam ki, belə xam 

xəyallara düşəm. Mən hara, onlar hara? Gözlərimin işığı, mən 

qələt eləyib deyərəm ki, üçüncü ya otuz üçüncü Molla 

Nəsrəddinəm. Mənim dediyim odur ki, Molla nəsrəddinlərin 

vaxtında üstünə gülməli çox şey vardı, indi də azdan-mazdan 

tapılar... 

Aşna, bu yerini oxuyanda bir udqundun, nəfəsini dərdin, 

durdun armudu istəkana bir xoruz quyruğu çay süzdün, üç para 

qənd saldın, iki dilim limon, başladın hirsnən qarışdırmağa, 

dedin öz-özüvə — ay zalım, heç dinmə, tutmuşam, canımçün 

elə yerdən yapışmışam ki, nə  qədər çabalasan da xirtdəyini 

əlimdən qurtara bilməyəcəksən. Səhvin belə zorbasını 

görməmişdim,  ədə, a mən deyən, necə  yəni o vaxt, necə  yəni 

bu vaxt... əyə, bəyəm bilmirsən bu söhbətdən nə iyi gəlir? 

Qadan alım iynəmə, qurban olum iynəmə, başıva dönüm 

iynəmə.  İynəmə, oturaq rubəru, adam balası adam kimi 

danışaq. Hirsivi də qoy cibivə lazım olar. Məni qorxutma, 

maralım, onsuz da qorxaçağam. Ürkərəm, ürəyim partlar, 

qanım qalar üstündə, balalarım var. Vallah, billah burda bir 

siyasi səhv-zad yoxdur. Axı sən qoymadın sözümü deyib axıra 


 444 

çıxım, vurdun ağzımdan. Mənim dediyim nədir? Dediyim odur 

ki, gözəlim, adamlar həmişə gülüblər. Lap elə pis vaxtlarda da, 

işləri fırıq olanda da gülüblər, indi işlər düzələndə, ömrlər 

firavan keçəndə  də gülürlər. Amma niyə gülüblər və  nəyə 

gülüblər? Bax, qadası, məsələ  də elə bundadır. Altmış il 

bundan qabaq Molla Nəsrəddin nəyə gülürdü? Gəlsənə bir 

sadalayaq; Molla Xəsrəddinə, mərsiyəxana, dərvişə,  şeyxə, 

bəyə, xana, mülkədara, milyonçuya, qaradavoya, sansora... 

Mən ölüm elədir, elə deyil? Ay sağ ol, atan rəhmətlik. Deməli 

o vaxt Molla Xəsrəddin vardı, bəy, xan, mülkədar, milyonçu 

vardı, şeyx, dərviş, qaradavoy, sansor, zir-zibil vardı... 

İndi hanı onlar? Yoxdu. Min şükür ki, yoxdur. Demək 

onlara güldük qurtardıq. Bəs indi nə var ki, o vaxt yox idi? İndi 

bax, bizim bu yaşadığımız  şəhərdə neçə-neçə ali məktəb var, 

fabrik-zavod var, kitabxana var, teatr var. Neçə-neçə gözəl-

göyçək bina var və bu binalarda da elə haman bu binaları 

tikənlərin özləri, ya tay-tuşları, yar-yoldaşları — gözəl-göyçək 

adamlar yaşayır. Hardaydı o vaxtın fəhləsində, bənnasında, 

malakeşində o baxt ki, özü öz əliylə tikdiyi uca imarətdə özü və 

kül-külfəti yaşayaydı. 

O vaxtlar fəhlə-kəndçi, kasıb-kusub, fəqir-füqəra 

azarlayanda pulsuz xəstəxana uzü görərdi? Övrət çadrasız 

küçəyə  çıxa bilərdi?  İntelgent qoçunun qorxusundan çıqqırını 

çıxardardı? 

Getdi o dövranlar, çox şükür ki, getdi. Bir dəfəlik getdi. 

Gurumbultuyla cəhənnəmə bezbilet vasil oldu. Bal da yesə 

dirilməz. 

Bəs belə olan surətdə bu qara günlərin qurtarıb getdiyini 

görəndə, ağ günlərin həmişəlik gəldiyini görəndə, adam sevinib 

gülməsin,  əl çalıb oynamasın, neyləsin? Deməli, indi Molla 

dayı gülsə sevindiyindən, xoşlandığından güləcək. 

Qaranoy, görürəm bu yerdə yenə gözün kirpik çaldı, əvvəlcə 

fikrə, sonra eyvana getdin, gözəl yaşıl  şəhərimizin, qaşəng 

mavi dənizimizin, pambıq kimi ağ buludlarımızın seyrinə 


 445 

daldın, handan-hana özünə  gəlib dedin: "Belə de. Məsələ bu 

tövr imiş, deməli satira deyil, yumor, neynək, onda hər  şey 

aydındır, necə deyərlər, tüstüsü düz çıxar". 

Ağrın-azarın mənə gəlsin, gəl sən bu misalı çəkmə, xoşum 

gəlmir bu sözdən, bilmirəm kim dəb salıb bunu: tüstüsü düz 

çıxsın. Yaxşı söz deyil bu. Səksəkəli ürəklərin sözüdür. Özünə, 

dediyinə inanmayanların, inamından,  əqidəsindən nigarançılıq 

çəkənlərin sözüdür. Gəl inamımızı, sədaqətimizi  əyri-düz 

tüstüyə bağlamayaq. Tüstü ki var, xatalı  şeydir —gülək belə 

əssə, belə  çıxacaq, elə  əssə elə.  Əzizimən, gəl ürəyimizi, 

fikrimizi bayrağımızla düz eləyək. Al bayrağımızı ürəyimizdə 

dalğalandıraq, başına dönüm və bu bayrağın həqiqətinə sadiq 

qalaq, sözün doğrusuna inanaq, sözün doğrusunu deyək və 

sözün doğrusunu deməkdən qorxmayaq. 

Sözün doğrusu isə budur ki, ceyranım, hələ zir-zibili tamam 

silib, süpürüb qurtara bilməmişik. Odur ki, sevincdən, fərəhdən 

gülməklə  bərabər hərdən-birdən acığnan da gülək, rişxəndlə, 

kinayəylə, hirslə gülək, yana-yana gülək, gülə-gülə yandıraq. 

Mən ölüm necə deyirəm? Sən bir kəlama diqqət elə! 

Axmaq işlərə, əbləh söhbətlərə, mənasız hərəkətlərə gülək. 

Altmış il bundan qabaq xanların, bəylərin, dərviş-

rövzəxanın, əyan-əşrəfin kökü kəsilib, amma, a başına dönüm, 

qorxaqlığın kökü hələ kəsilməyib ha. Təkdən-birdən, ayda-ildə 

bir dəfə, görürsən işdi düşür, qorxaq adama da rast gəlirsən. 

Gündüz çıraqla axtaranda, yəni sözün düzü, elə gecə 

çıraqsız axtarmayanda da bir də görürsan ki, qarşıva çıxdı kim? 

Ay sağ ol. Qorxaq. 

Bəli, bəli. QORXAQ. AXMAQ. ALÇAQ. YALTAQ. 

Bu "ağlar". Bir də var "xorlar" — RÜŞVƏTXORLAR, 

MÜFTƏXORLAR.  

Bir də var "bazlar" — DƏSTƏBAZLAR, DOSTBAZLAR, 

SÖZBAZLAR, QOHUMBAZLAR, YERLİBAZLAR. 

Bir də var "pərəstlər" — ŞÖHRƏTPƏRƏSTLƏR,  

MƏNSƏBPƏRƏSTLƏR və yenə YERLİPƏRƏSTLƏR. 


 446 

Bir də var "karlar", yox, yox, şikəst karlar yox, 

RİYAKARLAR, SAXTAKARLAR. 

Bir də var "çılar": BÖHTANÇILAR, YALANÇILAR, 

MİYANÇILAR. 

Bir də var paxıllar, var, vallah var, billah var. 

Bir də var — AVAMLAR, CAHİLLƏR, NADANLAR, 

QANMAZLAR, desən yoxdur, çanımçün, inciyərəm səndən. 

Bir də var LAQEYDLƏR, BİGANƏLƏR, DƏYMƏ 

MƏNƏ, DƏYMƏRƏM SƏNƏLƏR,  ƏŞİ  MƏNİM NƏ 

İŞİMƏLƏR, dad onların əlindən, dad-bidad. 

Bir də var... Əl qərəz, hamısını saysam, deyəcəklər, ifrata 

varırsan, boyaların tünddür, bə hanı yaxşı "çılar" — əlaçılar, 

zərbəçilər... 

Hanı yaxşı — "pərəstlər – həqiqətpərəstlər, vətənpərəstlər. 

Hanı yaxşı "karlar" — sənətkarlar, fədakarlar. 

Hanı  mərdlər, qocaqlar, doğruçular, ağıllılar, gözəllər. 

Deyirsən, yəni yoxdur? Necə yoxdur, əzizim,  əksinə çoxdur. 

Lap çoxdur. Pislərdən qat-qat çoxdur. Və elə ona görə  də 

yaxşılardan yazan da qat-qat çoxdur, yaxşılardan qat-qat çox 

yazırlar və yaxşılardan qat-qat yaxşı yazırlar. 

İndi ki, belə oldu, dostum, daha məndən umu-küsü eləmə, 

mən də bu cızma-qaramda qoy pisləri pisləyim, pislərə  və 

pisliyə gülüm, orda-burda gözümə  dəyən  əyər-əysiyi, xırda-

xuruşu, kəm-kəsiri çıxarım gün işığına, camaat tamaşa eləsin, 

gülən gülsün, gülümsünən gülümsünsün. Sənin də, quzu kəsim, 

işdi-şayət dodağın qaçar — mənim başımın ucalığıdır, deyərəm 

çox sağ ol, yox qaçmaz, neynək, yenə çox sağ ol, yenə var ol, 

yüz yaşa. 

Amma bir xahişim var, bu ilan-qurbağanı oxuyanda, gözünü 

qıyıb oxumayasan ha. Neçin ki, sağ gözünü qıyıb sol gözünlə 

oxusan, hər  şey sənə sağ görünəcək, sol gözünü qıyıb sağ 

gözünlə oxusan hər şey sənə sol görünəcək. 

Gözlərin zəifdirsə, anam balası, neynək, tax eynək. Amma 

bax ha, məbadə qara eynək taxasan, zərərdir. Cəhrayı eynək də 


 447 

taxma, zərəri daha çoxdur. Elə adicə şüşə tax. 

Qorxuram dəcəl uşaqlar eynəyini sındıra, başlayasan 

zərrəbinlə baxmağa. Zərrəbinlə oxuma, qardaşım, özün-özünü 

ürküdərsən, gözüvə cin-şeyatin görünər. 

Zarafat bir yana qalsın, bütün bu dediklərim ciddi sözüm idi 

ha. 

Ciddi. Lap ciddi. 



Zarafatsız. 

Hə, indi bu yerdə ciddi söhbət qurtardı. 

Keçək zarafata. 

 

Zarafatcıl 



 448 

 

 



MƏLUMAT 

Xüsusi müxbirimiz Xəbərçi Xədicədən 

Danabaş, 30 fevral. 

 

Yaşıl ayın başında burada qabaqcıl içkibazların simpoziumu 



açılmışdır. Səhər saat beşin yarısında müşavirə  iştirakçıları 

toplaşmağa başladılar... Xoş xaş iyi ətrafı bürümüşdür. 

Qədəhlərin cingiltisi, stəkanların çıqqıltısı,  şüşələrin açıltısı 

gözəl bir ahəng yaradır. Hər tərəfdə  şən  əhvali-ruhiyyə 

hakimdir.  İştirakçıların kefi ala buluddadır. Hamı, necə 

deyərlər, lül vurub, mil durub. Çoxdan bəri görüşməmiş köhnə 

tanışlar bir–birilə mehriban zarafatlaşırlar: Aşna, içmisən çaxır, 

gözlərin axır... və yaxud, xeyri yoxdur çaxırın, içmə açar 

paxırın. Foyedə noxud, pudralı limon, vobla balığı satılır. 

Divardakı lövhələrdə Ömər Xəyyamın, Bəhlul Danəndənin, 

Kefli  İsgəndərin portretləri nəzəri cəlb edir. Prezidium 

masasının üstünə boş araq, çaxır, konyak, şampan, pivə şüşələri 

düzülmüşdür. 

Tamada — qocaman içkibaz Lül Qəmbər məclisi giriş 

tostuyla açdı. Lül Qəmbər yoldaş içkibazlar məclisini mədəni 

həyatımızda əlamətdar bir hadisə olduğunu qeyd etdi. Sonra o, 

əsas tost üçün və  əlavələr üçün reqlament təyin olunmasını 

təklif etdi, əsas tost üçün yarım litr, əlavələr üçün yüz qram 

reqlament təyin olundu. 

Lül Qəmbər yoldaş dedi ki, iştirakçılar dörd seksiyaya 

ayrılıblar: araq, konyak, şərab və pivə seksiyalarına. Sonra 

L.Qəmbər yoldaş müşavirəyə başqa  şəhərlərdən gəlmiş 

qonaqları salamladı və onlara bir-bir söz verdi. 

Qonaqlardan Soobrazim Natroixov iki məsləkdaşın cütləşib 

üçüncüsünü axtarması metodunun səmərəli nəticələrindən 

danışdı. Sonra qonaqlardan Vipivenko, Kindzmarauli, 

Çaxiryan,  Şaltay Baltayev və Aldıyatdı Batdıqaldıyev tost 

dedilər, allahverdisi iştirakçılara. 



 449 

Əsas tost üçün söz Hayıl Mayılova verilir. H.Mayılov 

yoldaş içkibazlığın müvəffəqiyyətlərindən danışdı. Son iki il 

ərzində içki mağazalarının sayı on dəfə, vıtrezvitellərin sayı 

iyirmi dəfə artmış, on yeddi min içkibaz milissiyaya düşmüş, 

onların on beş mini on beş sutkalıq həbs çəzasına məhkum 

olunmuş, yerdə qalanları müxtəlif satirik jurnallarda, satirik 

vitrinlərdə şəkillərini çap elətdirmiş, habelə işlədiyi idarələrdən 

töhmətlər almışlar. Məhkəmə  qərarları, karikaturalar və 

töhmətlər fəxri sərgimizdə nümayiş etdirilir. H.Mayılov 

nöqsanlara da göz yummadı. Müxtəlif içkilərə aludə olan 

içkibazlar arasındakı ixtilaflardan da danışdı. O müxtəlif 

seksiyalara mənsub olan içkibazları geniş konsalidasiyaya 

çağırdı. Dedi ki, nə içirik içək, araq ya çaxır, amma bir-

birimizin üstünə çaxır atmayaq. Birləşib ümumi düşmənə — 

huşyarlara, ayıqlara qarşı mübarizədə ayıq, bağışlayın, sərxoş 

olaq. 

H.Mayılov dedi ki, içkibazlar cəmiyyətinə üzv olmaq üçün 



çoxlu  ərizə verənlər var. Lakin vıtrezviteldən zəmanət 

gətirmədiklərinə görə onların ərizələrinə baxılmayacaq. 

H.Mayılov içkibazlığın zəngin ənənələrindən danışdı. Təsadüfi 

deyildir ki, xalqımız hələ çox qədimlərdən bəri: çaxırı çaqqalın 

boğazına töksən, canavarı basar, — deyə içkibazlığı yüksək 

qiymətləndirmişdir. Biz Araq Şəmistanın  ənənələrini deyil, Kefli 

İsgəndərin ənənələrini yaşatmalıyıq. H.Mayılov tostunda qınından 

çıxıb qınını bəyənməyən bəzi cavan içkibazları kəskin tənqid etdi. 

Dedi ki, bu cavanlar çürük qərb modalarına aludə olur, milli 

zəminimizdən ayrılırlar. Belə üzdəniraq "içkibazlar", "orijinallıq" 

naminə ceçə arağı, tut arağı, "Atəşli" konyakı, Kəmşirin, Sadıllı, 

Alabaşlı çaxırları kimi milli içkilərimizə xor baxıb rom, cin, viski, 

kalvados,  şerri-brendi kimi ikrahedici xarici markalar qarşısında 

diz çökürlər. Biz bu biabırçılığa birdəfəlik son qoymalıyıq. 

Simpozium iştirakçıları H.Mayılovun bu sözlərini sürəkli 

alqışlarla qarşıladılar, qədəhləri bir qırağa qoyub milli şüşələri 

boğazından içməyə başladılar, cuşa gəlib bir ağızdan. 

 


 450 

Mişkə piyandır, ola bilməz, 

Şəpkəsi yandır, ola bilməz... 

mahnısını oxudular.  

Məclis öz işini davam edir. 

 


 451 

 

GÜLMƏŞƏKƏR KƏNDİNİN SABAHI 



(Oçerk) 

 

Maşınımız qəlbi dağlar boyunca məsafəni qət etdikcə sanki 



nazlı bir gəlin kimi kəlağayı buludların arxasında yaşmaqlanan 

zərif ayın cazibədar çöhrəsindən süzülən ziya yolumuzu 

izləyirmiş kimi asfalt şosenin üzərinə pul–pul gümüşü 

mirvarilər düzürdü. Qızmar günəşin zərrin  şüaları yolumuzu 

əbədi məşəl kimi işıqlandırırdı. Dərələrdən yel kimi, təpələrdən 

sel kimi axıb gələn ilanvarı yol uzandıqça uzanır, enəldikcə 

enəlir, çoxaldıqca çoxalır, bizi sanki, əfsanəvi bir diyarın 

cazibədar üfüqlərinə doğru, lacivərd göylərin ənginliyində bərq 

vurub sayrışan ulduzların füsunkar aləminə  çəkib aparırdı. 

Möhtəşəm günəş maşınımızın  şüşələrində  əks olunur, açıq 

səma başımızın üzərində  əlçatmaz, intəhasız bir ümman kimi 

açılır, narın yağış qara yağımsız buludlardan əlini üzüb torpağa 

pənah gətirir, damcılar, gilələr, işini görüb qurtarmış, yorulub 

dincəlmək istəyən  əfsanəvi bahadırlar kimi ana torpağın 

mehriban qoynunda əbədi sığınacaq tapır.  Əbədi sığınacaq!.. 

Əbədi məskən! Məzar! Mənzil! Mərkəz! 

Mə, mə, mə... — deyə qoyunlar mələşdikçə örüşdən qayıdan 

sürü bizi pəjmürdə  xəyallardan ayırır, bu yerlərdə yaşayan, 

xarüqələr yaradan əmək cəngavərlərinin bütün xəyal və 

əfsanələrdən daha maraqlı, daha gözəl, daha cazibədar olan real 

həyatlarına qaytarırdı. 

Çoban tütəyinin həzin iniltisi nikbin gümrah bir marş 

ritmində, gələcəyə, qələbəyə, irəliyə, qabağa, istiqbala, üfüqə, 

vuruşa, döyüşə, mübarizəyə, hücuma çağıran bir zəfər himni 

kimi, hünər simfoniyası kimi səslənirdi. Yol yoldaşım dərindən 

köksünü ötürüb "heyf, səd heyf, min heyf" — dedi. 

Mən onun bu yanıqlı ahını əlüstü dağlara ötürdükdən sonra, 

qəmlənməsinin və təəssüf etməsinin səbəblərini soruşdum. 

O, yenə  də  mənim sualıma cavab vermədi: heyf bu 


 452 

dağlardan, heyf bu torpaqdan, heyf bu gözəl, namuslu, 

əməksevər, zəhmətkeş, mehriban, gözüaçıq, gülərüz, mədəni, 

oxumuş, hazırlıqlı, fədakar insanlardan. Heyf, Gülməşəkər 

kəndinin bərəkətli torpaqlarından, heyf "Qırmızı pambıq" 

kolxozunun işgüzar kollektivindən... 

–Dostum, belə təəssüf etməyinin səbəbi nədir?  

Dostum: 


–Heç, —deyib bir daha ah çəkdi, ahını dağlara ötürdü, 

papiros çıxardı, damağına qoydu, kibrit çəkdi, alovu papirosun 

ucuna tutdu, papirosu yandırdı, bir qüllab aldı, tüstünün bir 

qismini çiyərlərinə sümürdü, bir qismini burnunun sağ 

pərəsindən, bir qismini sol qulağından buraxıb ağır–ağır, 

tələsmədən, təmkinlə, aramla, səbrlə danışmağa başladı. 

–Bilirsən, — dedi. — Bir vaxtlar "Qırmızı pambıq" kolxozu 

hər yerdə  məşhur idi. Bu kolxozun tarlalarında becərilən 

pambıq o qədər yüksək keyfiyyətə malik idi ki, bu pambıqla 

rahatca baş  kəsmək olardı. Bəs indi? Kolxoz sədri Yalan 

Planov, onun müavini Bəli Bəliyev və bir para tək-tük 

yaramazlar kolxozu yaman günə qoyublar. Nə uzadım, özün 

gedib görəcəksən... 

Şər qarışanda Gülməşəkər kəndinə yetişdik. Axşamın 

xeyrindən səhərin  şəri yaxşıdır, — deyə birbaş  sədrin evinə 

yollandıq. Sən demə yaman yerdə axşamlamışıq. Süfrəyə toğlu, 

kabab, qutab, şərab, gülab gəldi. 

İçkidən imtina etdik. 

Sədr: 

–İnciyərəm, — dedi. — Elimizin adət-ənənəsi var. Köhnə 



bazara təzə  nırx qoymaq olmaz. Qonaq ev yiyəsinin... hm... 

ceyranıdır, harda bağlasa orda durar. Geç gələn qonaq 

kisəsindən yeyər. Dar dağa rast gəlməz, adam adama rast gələr. 

Qonaq dediyin axşam gəlsin, sabah getsin. Qonaq qonmaq 

sözündəndir. Bu gün siz bizə qonmusuz, sabah biz sizə 

qonarıq. Borclu borclunun sağlığını istər.  Əl  əli yuyar, əl də 

üzü. Örtülü bazar, dostluğu pozar. Sayanın quluyam, 


 453 

saymayanın ağası. Qonşu qonşunun... 

–Yaxşı, yaxşı, razıyıq — deyə yol yoldaşım sədri birtəhər 

sakit etdi. Bəli Bəliyev arağı stəkanlara tökdü. Sədr: 

–Arağın biri qaydadır, — dedi.  

Birini içdik.   

Bəli Bəliyev: 

–İkisi cana faydadır, —dedi. 

İkincisini də ötürdük. 

Yalan Planov: — Üçü heç. 

Bəli Bəliyev: —Dördü keç, —dedilər. 

Üçüncü və dördüncü stəkanı da vurduq bədənə. 

Mən masabəyindən söz alıb: 

–Keçdin beşə, vur on beşə, — dedim. 

Yol yoldaşım: 

–Araq nədir, say nədi, arağa tay nədi? — deyəndə sədr Bəli 

Bəliyevi anbara araq dalısınca göndərdi. 

Sonrası yaxşı yadıma gəlmir. Onu bilirəm ki, sədr gözəl bir 

nitq irad elədi. Kişi sən demə, çoxdanın natiqi imiş. Ağzından 

elə bil dürr-cəvahir tökülürdü. Yol yoldaşım: 

–Görürsən nə namuslu, əməksevər, zəhmətkeş, mehriban, 

fədakar, gülərüz, müasir, oxumuş, hazırlıqlı, gözüaçıq 

yoldaşdır. Kəlamına diqqət elə. 

Yalan Planov bir çox görkəmli  şəxslərin hikmətli sözlərini 

yada saldı. Tez-tez Dəli  Şeytandan tutarlı sitatlar gətirdi. 

Sözünü Qurtarıb:  

–Dəli  Şeytan deyir: dur qadasın al bunun, — deyə  mənim 

üstümə cumub marçamarç o üzümdən, bu üzümdən öpdü. 

Bayaqdan bəri bir qıraqda kirimişcə oturan Dedi Qoduyev 

arabir: 


–Yox, mən partlayacağam... Yox, mən gərək partlayam... 

Yox, heç elə zarafat yoxdur, partlamalıyam, — deyə adda-

budda sözlər atırdı. Ancaq onun bu pərakəndə danışıqlarına 

məhəl qoyan yox idi. Odur ki, o da axırda fənd işlətdi. Dəli 

Şeytana müraciət elədi: 


 454 

–Dəli Şeytan deyir: aç sandığı, tök pambığı. 

Bu yerdə  mən daha dözə bilmədim. Masabəyindən söz 

istəyib dedim: 

–Çox sağ olun. Kəndiniz, kolxozunuz, sahələriniz, 

tarlalarınız, təsərrüfatınız, texnikanız, mədəni–məişət, 

ələlxüsus, yeyinti-içinti işləriniz çox xoşumuza gəldi. Amma 

necə deyərlər, dostluq olan yerdə  gərək düzlük olsun. Ciddi 

nöqsanlarınız da yox deyildir. Nöqsanlarınıza göz yuma 

bilmərik. Məsələn, bax, siz yoldaş Dedi Qoduyev, ayıb deyilmi 

sizinçin ki, "Qırmızı pambıq" kolxozu pambıq planı sarıdan 

axsadığı bir vaxtda siz, kolxozun baş hesabdarı, pambığı 

sandıqda gizlədirsiniz. El malını sandıqda gizlədənə ar olsun, 

ar! 


Dedi Qoduyev etiraz etmək istədi ki, guya bura dağ 

yeriymiş, guya burda pambıq bitməzmiş, flan, plan. 

Onun sözünü ağzında qoyub: 

–Haqlı  tənqiddən incimək lazım deyil, — dedim. Tənqidin 

xeyri var. Tənqid gələcək inkişafımızın rəhnidir. Xeyirxahlıqla 

edilən tənqidə qulaq asmaq, səmərəli nəticələr çıxarmaq 

lazımdır.  

Mənim bu sözlərimə hamı  çəpik çaldı. Dedi Qoduyev 

utandığından başını aşağı dikmişdi. 

Sübh ala-qaranlıqda maşınımız bizi qonaqsevər, mənzərəli, 

cazibədar, bərəkətli, füsunkar Gülməşəkər kəndinin mehriban, 

müasir, mədəni, namuslu, sadə,  əməksevər, zəhmətkeş, 

gülərüz, oxumuş, hazırlıqlı, fədakar adamlarından ayırıb, 

dağlar boyu ilan kimi qıvrılan yollara düzəldi. Günəşin zərrin 

şüaları yolumuzu işıqlandırır, Gülməşəkər kəndinin işıqlı 

gələçəyinin rəmzi kimi şölələnirdi. 

 

Boşboğazov 

 


 455 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin