A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

RƏNG 

 

Yanağov dünyaya gələndə yanaqları alma kimi qıpqırmızı 



idi. Anası: 

—Ay allah, gör nə göyçək, gül kimi uşaqdır, — dedi. — 

Gül baladır, gül. Gəlsənə, ay kişi, adını elə Gülbala qoyaq. 

Kişi: 


—Malades arvad, — dedi. — Gül eləmisən. Kimin belə 

oğlu var? Gül oğlandır, gül. Gəlsənə, ay arvad, elə adını 

Güloğlan qoyaq. 

Mərəkə qalxdı. Arvad dedi: Gülbala. Kişi dedi: Güloğlan.  

Axır dilbir olub uşağın adını qoydular: Gül. 

Gül Yanaqov beş yaşına çatanda atasıyla küçədə gedirdi, bir 

əmiyə rast gəldi. 

Əmi:  


—Maşallah belə uşağa, — dedi. — Yanağından qan damır, 

—sonra əlavə etdi, — pişt, hə pişt. — İki dəfə çırtıq çaldı və 

uşağa bir qırmızı alma bağışladı. 

Yeddi yaşına çatanda Gül Yanaqov məktəbə getdi. Sinfə 

girəndə  qıpqırmızı  qızardı  və müəllim onu birinci partada 

əyləşdirdi. 

Müəllim Gül Yanaqovun valideynlərini görəndə: 

—Əhsən sizə, — deyirdi. — Yaxşı bala tərbiyə eləmisiz. 

Doqrudan da gül kimi uşaqdır. Adıyla böyüsün. Sinifdə, 

bayırda ağzını açıb bir kəlmə söz danışmaz, dərsi soruşuram 

qıpqırmızı qızarır. Çox utancaq baladır. Maşallah. Varam belə 

tərbiyə verən ata-anaya. Pedsovet adından bu təşəkkürnaməni 

sizə təqdim edirəm. 

Valideynlər təşəkkürnaməni Gülün çarpayısının başından 

asdılar. 

Günlərin bir günündə Gül orta məktəbi bitirib kağız-

kuğazını ali məktəbə verdi. Çağırdılar imtahana. Komissiyada 


 472 

iki müəllim oturmuşdu. 

Birinci müəllim soruşdu: 

—Bala, adın nədir? 

Gül qıpqırmızı qızardı. Heç nə demədi. 

İkinci müəllim həlim səslə: 

—Bala, — dedi, — niyə  çəkinirsən bizdən? Biz adam ha 

yemirik. Adını desənə. 

Gül Yanaqov daha da pörtdü. Birinci müəllim  əyilib 

ikincinin qulağına pıçıldadı: 

—Vallah, bizim zamanədə cavanlar elə  sırtıqlaşıblar, 

üzlərinin suyu elə tökülüb ki, belə utancaq gəncə rast gələndə 

adamın ürəyi dağa dönür. 

İkinci müəllim: 

—Canımçün, lap ürəyimdən tikan çıxartdın, — dedi. — 

Gəlsənə bu uşağı çox incitməyək. Sən canın, əlasın yaz, getsin. 

–O da mənim lap gözüm üstə. Yazıq utandığından az qalır 

yerə girsin. 

Birinci müəllim bərkdən Gülə: 

–Get, oğul bala, — dedi. — Ayın birində dərsə gələrsən. 

Beş il Gül Yanaqov institutda oxudu. Nə bir imtahanda 

cavab verdi, nə bir seminarda danışdı. Ancaq qızardı, utandı, 

başını aşağı saldı, pörtdü. 

Şəklini çəkdirib əlaçılar lövhəsindən asdılar. 

Gül Yanaqovla bir kursda Dünya Gözəlova adlı göyçək bir 

qız oxuyurdu. Bütün oğlanlar Dünyanın başına pərvanə kimi 

dolanır, ona şirin-şirin təriflər deyirdilər. Bircə Gül Yanaqov 

Dünya Gözəlovayla kəlmə  də  kəsməmişdi. Utandığından heç 

ona salam da verməzdi. Bir gün Gül Yanaqov küçədə təsadüfən 

Dünya Gözəlovayla rastlaşdı. Həyatında ilk dəfə ona: 

—Salam, — dedi. 

Dünya təəccüblə: 

—Əleykəssalam, — dedi, ayaq saxladı. Gül Yanaqovu 

diqqətlə başdan ayağa süzdü və xəbər aldı: —Necəsən? 

Gül Yanaqov qıpqırmızı qızardı.  


 473 

Dünya: 


—Ah, — dedi. — Bilirəm. Nə yaxşı ki, sən adama şit-şılıq 

komplimentlər deyən, qarabaqara adamın dalıyca düşən, zəng 

vuran, təqib edən, yüz yağlı dil tökən oğlanlardan deyilsən. 

Ancaq qəlbindəkiləri gözlərindən oxuyuram. — Bu yerdə 

Dünya da qızardı, baxışlarını yerə dikdi və  xəfif bir səslə: — 

Mən də səni sevirəm. — dedi. 

Doqquz gündən sonra evləndilər və doqquz aydan sonra bir 

gecə Gül Dünyanı doğum evinə apardı.     Səhərisi həkim gülə-

gülə Gülə: 

—Gözünüz aydın, — dedi, — oğlandır. 

Gül Yanaqov qıpqırmızı  qızardı. Həkim: "Ah! Nə  həyalı-

abırlı kişidir", deyə düşündü və əlavə etdi: 

–Özü də iki oğlandır. Əkiz. 

Günlərin bir günündə yaxşı bir vəzifə azad oldu. Adam 

axtarmağa başladılar. Yığışıb müzakirə etdilər. Biri dedi ki, əsil 

filənkəsin yeridir. Başqası dedi ki, yox, filankəs çox BOZ 

adamdır. Gəlin filanı təyin edək, Üçüncüsü filana etiraz elədi, 

dedi ki, filan AĞ ciyərdir. Peşmənkəs yaxşıdır. Buna da etiraz 

olundu ki, peşmənkəsin qəlbi QARADIR. 

—Bəs kim? 

Kimsə dedi: 

—Gül Yanaqov. Əlbəttə, Gül Yanaqov. Çox məsum 

uşaqdır. Böyük-kiçik yeri biləndir. Söz deyirsən qıpqırmızı 

qızarır. 

Birisi sual verdi ki, axı nə olsun qızarır. Onda bəhmənkəsi 

qoyaq, o, hələ  həmişə  qırmızıdır. Cavab bu oldu ki, yox, 

bəhmənkəs qırmızı adamdır. Həmişə QIRMIZIDIR. Amma 

Gül Yanaqov yeri gələndə  qızarır, utandığından qızarır, bir 

sözlə, bu qızarmaq o qızarmaqdan deyil. 

Əlqərəz Gül Yanaqovu qoydular bu qulluğa. 

Ay keçdi, il dolandı. Yaxşı bir iclas çağrıldı. Dedilər gərək 

bu iclasda biri durub yaxşı bir məruzə eləsin. Biri dedi: 

—Filankəs.  


 474 

Başqası dedi:  

—Yox, o yaman QARAQABAQDIR. 

Dedilər: 

—Filan. 

—Yox, sonra üzümüzə AĞ olar. 

—Peşməkan. 

—Yox, onu bilmək olmaz, rəngdən-rəngə düşəndir. 

—Bəs kim? 

—Gül Yanaqov. Çox təvazökar yoldaşdır. Özü də fağır elə 

utancaqdır, çıxacaq kürsüyə, utandığından bir kəlmə artıq-əskik 

danışa bilməyəcək. 

Bəli, məruzəçi təyin olundu. Gül Yanaqov kürsüyə qalxdı. 

Qıpqırmızı qızardı. Alqış səsləri salonu sarsıtdı. 

Bir gün dedilər, gərək xaricə adam getsin, özü də adam içinə 

çıxarmalı adam olsun. Yığışdılar məşvərətə. 

Biri dedi: 

—Filankəs. 

Dedilər: 

—Heyf ki, mümkün deyil, o, SARILIQ xəstəliyinə tutulub. 

—Filan. 

—Adam üzünə çıxası deyil. Üzü ALA-BULADIR. 

—Peşməkan. 

—Uşaqlıqda GÖY öskürək keçirtməyib, orda tutar biabır 

olarıq. 

—Bəhmənkəs. 

—Yox, o da bu yaxında kurortdan gəlib, gündə yaman 

QARALIB. 

–Bəs kim? 

–Gül Yanaqov yaxşıdır. 

Gül Yanaqov getdi. Nə dindi, nə danışdı. Bolluca tər tökdü. 

Bolluca qızardı. 

Bir gün dedilər gərək bir adam tapıb mükafat verək. Kimə 

verək? 


Biri dedi: 

 475 

—Filankəsə. 

O biri özündən çıxdı: 

—Sən elə  nə olsa filankəsi təklif edirsən, çünki sənin öz 

QARABAĞLINDIR. Ayıb deyilmi, filan dura-dura... 

—Aldatdım deməzsən, — deyə o birinin sözünü kəsdilər, — 

filan sənin AĞSULUNDUR, onunçün o şirin düşüb.  İndi ki, 

belə oldu, verək Peşməkana. 

–Xeyr, bağışlayacaqsan, peşməkan sənin 

GÖYÇAYLINDIR. Bəhmənkəsə nə gəlib. 

–O da sənin AĞDAMLINDIR. 

–Bu da sənin AĞDAŞLINDIR. 

–O da sizin tərəfdəndir — QARADAĞDAN. 

–Bu da sizin tərəfdəndir — GÖYTƏPƏDƏN. 

–QARAMƏRYAMLIDIR. 

–SARIVƏLLİDİR.  

–QIZIL AĞACDAN gəlib. 

–BOZ DAĞIN ƏTƏYİNDƏNDİR. 

–GÖYCƏ... 

–GÖYGÖL... 

Bir böyük yoldaş durub dedi ki: 

–Ayıbdır, bəsdir, bir utanın. Mübahisə  nəyə lazım. Gül 

Yanaqovu qoyub dağa-daşa niyə düşmüsüz? Mükafatı ona 

verməliyik. Çox insan adamdır, namuslu, vicdanlı, qeyrətli, 

adətli, zəkalı, vəfalı, abırlı, həyalı. Mükafatı verəcəyik qıp-

qırmızı qızaracaq. Dedilər: 

–Yox, bu lap ağ oldu, Gül Yanaqov sənin yerlindir, onunçün 

hər yerə onu çəkirsən. Heç AĞINA-BOZUNA baxmırsan. 

Böyük yoldaş: 

–Bu lap ağ yalandır, — dedi, — Doğrudur, Gül Yanaqovla 

mən bir küçədə anadan olmuşuq, amma mən belə  şeylərə 

məhəl qoyan adam deyiləm. Gül Yanaqov çox utancaqdır, mən 

ona görə onu xoşlayıram, dünən saatı soruşdum, qıpqırmızı 

qızardı. Başqasına söz deyirsən, baxır dik gözünün içinə, sənə 

cavab qaytarır, səninlə razılaşmır, böyük-giçik tanımır. Amma 


 476 

Gül Yanaqova söz deyirsən, görürsən bir qırmızı turp çıxdı bu 

yanağından, bir qırmızı turp o yanağından, bir turp ordan, bir 

turp burdan, bir turp, bir turp, bir turp, bir turp... 

Böyük yoldaş elə cuşə gəlmişdi ki, özünü saxlaya bilmirdi, 

xeyli müddət: "bir turp, bir turp" — deyə o yanağına, bu 

yanağına lopuq vururdu. Üzünə su səpib birtəhər 

sakitləşdirdilər və mükafatı Gül Yanaqova verdilər. 

Bir gün böyük yoldaşın yaşı ötdü, yığışıb göndərdilər onu 

pensiyaya. Başladılar yerinə adam axtarmağa. 

–Filankəs. Filan. Peşməkan. Bəhmənkəs. 

–Yox, Filankəs yaramaz, çevirər boz üzünü, bozaranda 

adama elə bozarır ki, adamı ağ yuyub, qara sərir. 

–Filan da olmaz. Qorxaqdır. Bir şey oldu sapsarı saralacaq. 

–Peşməkan  əsəbidir, gömgöy göyərəcək, ya da hirsindən 

qapqara qaralaçaq. 

–Bəhmənkəs zəifdir. Üstünə  qışqıracaqlar, dili dodağı 

əsəcək, ağappaq ağaracaq. 

–Bəs kim? 

–Əşi necə olub əvvəldən ağlımıza gəlməyib.  Əlbəttə, Gül 

Yanaqov. 

Gül Yanaqov nə bozarırdı, nə saralırdı, nə göyərirdi, nə 

ağarırdı, nə qaralırdı. O, yalnız qızarırdı: "Bir turp o 

yanağından, bir turp bu yanağından". 

Bəli, Gül Yanaqov keçdi iş başına. 

...Xoş bir bahar günündə Gül Yanaqov oturmuşdu öz böyük 

iş kabinetində, üstü qırmızı mahudlu masanın arxasında, 

yanında da dayanmışdı  ağ, sarı, bənövşəyi,  şabalıdı, innabı, 

firuzəyi, mavi, qırmızı telefonlar. 

Gül Yanaqov eşq-məhəbbətə dair açıq-saçıq bir roman 

oxuyurdu və bala-bala qızarırdı. Onun çəhrayı sifətinin  şöləsi 

stolun üstündəki şüşədə əks olunub bərq vururdu. 

Birdən qırmızı telefon zəng çaldı. Gül Yanaqov diksindi. 

Çünki bu telefon həmişə susardı. Dəstəyi qaldırdı, səs eşitdi: 

–Gül Yanaqovdur? 


 477 

Gül qıpqırmızı qızardı. 

–İşdən çıxardılırsınız. 

Gül Yanaqov həyatında ilk dəfə sapsarı saraldı. 

 

Qara Dinməzov 

Qara Qışqırıqov


 478 

 

 



BAŞIMIZIN AĞASI 

(Əməkdar dəllək Davudun anadan olmasının 76 

 yaradıcılıq fəaliyyətinin 69 illiyi münasibətilə) 

 

Mən bu təntənəli yubiley məqaləmi müdrik bir mükaliməylə 



başlamaq istəyirəm. Deyir: ağsaqqalınız kimdir? Cavab 

verirlər: Kosa. 

Bu gün anadan olmasının 76, yaradıcılıq fəaliyyətinin 69 

illiyini qeyd etdiyimiz əməkdar dəllək Davudu təbiət kosa və 

keçəl yaratmışdır, amma o, öz namuslu əməyi, fədakar 

zəhmətilə  ağbirçək, ağsaqqal adını qazana bilmişdir. Dəllək 

Davud (hamı  məhəbbətlə onu belə adlandırır) yaxşı deyir ki, 

adam gərək özü öz əliylə hörmət qazansın, çünki hər kəs öz 

keçəlini qaşıyır, hərə bir tük versə idi, kosa da saqqallı olardı. 

Ancaq Davud (hamı onu məhəbbətlə belə adlandırır) onu da 

yaxşı deyir ki, öz-özlüyündə saqqal hələ heç nədir. Saqqalda 

feyz olsaydı keçi şıxlıq alardı. Saçın altında gərək başın olsun, 

saqqalıi altında da dişin. Yoxsa başıvı yeyərlər. Məhz buna 

görə  də Davudcan (hamı  məhəbbətlə onu belə adlandırır) 

həmişə şən, gümrahdır. 

Doğrudan da, kim deyərdi ki, 69 ildən bəri başlarımızı 

ixtiyarına verdiyimiz əməkdar dəllək Davudun yaradıcılıq 

fəaliyyətinin 69 ili, anadan olmasının 76 illiyi tamam olur. 

Bəli, bu belədir. 69 ildir ki, başlarımızı Davud dayıya (hamı 

onu məhəbbətlə belə adlandırır) həvalə etmişik, 69 ildir 

başlarımızı onun ixtiyarına vermişik. 69 ildir başımızın ağası 

odur. Davud dayı  əslinə qalsa, elə  dəlləkliyi də bizim 

başımızda öyrənib. Başımızı qaşımağa macalımız olmayanda 

belə Davudun yanına gəlib başımızı düzəltdirmişik. Davud əmi 

də (hamı onu məhəbbətlə belə adlandırır) nə qədər başı qarışıq 

olsa da bizim başımızı qaydaya salmağa həmişə vaxt-tapıb, 

başlarımızla çox əlləşib, axırı başımızı bir yana çıxarıb. Həmişə 


 479 

də gülüşlə-zarafatla,  şirin sözlə, xoş  rəftarla. Bəli; bizim 

Davud-qağa, (hamı onu məhəbbətlə belə adlandırır) belə 

Davud qağadır. 

Davud qağanın öz başı da çox bəlalar çəkib. Bir vaxt 

dəlləkxananın müdiri Keçəl Həsən idi. Davud lələylə (hamı 

onu məhəbbətlə belə adlandırır) yaman düşnüşmüşdü. Bir 

dəlləkxanada iki keçəl olmaz, — deyə Davudu sıxışdırırdı, — 

ya gərək mənim başıma saç gətirəsən, ya da burdan çıxıb 

gedəsən. Davud lələ — ay rəhmətliyin oğlu, keçəl dərman bilsə 

öz başına elər — deyə nə qədər onu ipə-sapa yatırtmaq istədisə 

də olmadı.  Əlacsız qalıb  ərizə verdi işdən çıxdı. Dövran 

dəyişdi, günlərin bir günündə Keçəl Həsəni çıxarıb Həsən 

Keçəli dəlləkxanaya müdir qoydular. Davud dayı: —Eh dünya! 

Dünya! — deyə yenidən köhnə yerinə qayıtdı. 

Dəllək Davud indi dəlləklərin başbilənidir, cavan dəlləklər 

ondan söz düşəndə  məhəbbətlə: — O, dəllək Davud, o... — 

deyirlər. Bu sözlər nə  qədər səmimi, mənalı, hikmətli və 

haqlıdır. Doğrudan da Davud kişi (hamı  məhəbbətlə onu belə 

adlandırır) öz zəngin təcrübəsini cavanlara da öyrədir. Davud 

kişi başını birtəhər dolandıran, bir sayaq başını girrəyən başa 

bəla dəlləklərdən deyil. O baş açmadığı, başa düşmədiyi 

şeylərdən belə baş  çıxarmağı bacarır. Burada mənim yadıma 

bildirki "Bığ-saqqal"  əhvalatı düşdü. Bığ-saqqal məsələlərinə 

həsr olunmuş müşavirədə  qızğın müzakirələr zamanı Davud 

baba (hamı  məhəbbətlə onu belə adlandırır) aydın, prinsipial 

mövqe tutdu. Bəziləri iddia edirdilər ki, bığ köhnəlik 

əlamətidir, raket və atom əsrində bığ qoymaq gülüncdür, sabah 

biz Aya, Marsa, Günəşə  bığla necə uca bilərik? Başqaları isə 

etiraz edib deyirdilər ki, bığ qoymaq bizim ata-baba 

qaydamızdır. Biz milli ənənələrimizə arxa çevirə bilmərik. 

Məlumdur ki, hələ Koroğlu bığını yeddi dəfə qulağının ardına 

burarmış, məlumdur ki, Qaçaq Nəbi də düşməndən intiqam 

almaq istəyəndə onun bığını qırxarmış. Deməli, bu gün də bığı 

qırxdırmaq üfunətli yabançı təsirlərin altına düşmək deməkdir. 


 480 

Əlbəttə, həyat inkişaf edir, dəyişir, məsələn, bu gün saqqal 

saxlamaq, doğrudan da köhnəpərəstlik olardı. Ancaq bığa söz 

ola bilməz, heç üz vurmayın. Mübahisə çox qızışmışdı və bəlkə 

dəllək Davud işə qarışmasaydı  məsələ  həll olunmayacaqdı. 

Mirzə Davud (hamı onu məhəbbətlə belə adlandırır) mübahisə 

edənlərə müdrik xalq misalını xatırlatdı: yuxarı tüpürürəm 

bığdır, aşağı tüpürürəm saqqal. Sonra o saqqal qoymağın 

əhəmiyyətini tutarlı subutlarla əsaslandırdı  və dedi ki, saqqal 

qoymaq çox vacibdir, çünki saqqalı olmayanın sözü keçməz. 

Dodik (hamı onu məhəbbətlə belə adlandırır) belə Dodikdir. 

Gəlin bu əziz yubiley günündə hörmətli Davud müəllimə 

uzun ömür, cansağlığı, başağrısız həyat arzulayaq. Mən 

məqaləmi yubilyarın  şərəfinə  şəxsən özüm yazdığım qısa bir 

şerlə bitirmək istəyirəm: 

 

Yaşa, yaşa, yüz yaşa  



Başçılıq elə yenə 

Saqqala, bığa, başa. 

Dəlləklik peşəsində 

Ömrünü xoş vur başa.  

 

S.Yüzbaşov 

 


 481 

 

 



ƏL ƏLİ YUYAR VƏ YAXUD 

BOZBAŞ DƏSGAHI 

 

Günəş öz iş gününü qurtarıb neçə deyərlər qızıl saçaqlı 



örpəyini  şəhərin üstündən çəkən dəmlər idi ki, təzə başlayan 

romançılardan yoldaş nasir Dərə Düzov telefonun dəstəyini 

götürüb gənc tənqid həvəskarı yoldaş alim Qarın Quliyeva 

zəng elədi. 

Xoş beş, on beş, filan-peşməkan. 

Uzun sözün qısası  Dərə Düzov yoldaş Qarın Quliyev 

yoldaşı lütfən və səmimi qəlbdən öz xanə-xarabına dəvət elədi, 

bozbaş qonaqlığına. 

Qarın Quliyev bir gənc alim və ştatdankənar münəqqid kimi 

bir balaca nəm-nüm elədi, amma telefon dəstəyindən boz-başın 

iyi burnunu elə çaldı ki, qorxdu getməsə yaxşı düşməz. 

Əgər ki, sizi əvvəlcə  Dərə Düzovla (dostlar zarafata salıb 

ona Dələdüzov deyirdilər), sonra isə yoldaş Qarın Quliyevlə 

tanış etməli olsaq deməliyik ki, Dərə Düzov canlara dəyən 

oğlan idi. Əmiri nərd atardı, harda aşdı orda tamadaydı  və 

ümumiyyətlə stili-üslubu da yaxşı, təzə, müasir idi: belə  qısa, 

kəsik-qırıq cümlələr, amma ki, dərin mənalı, sözlər hamısı iki 

başlı, abzaslar yerli-yataqlı, fəsillər ködək, roman uzun. Dərə 

Düzov həyatı beş barmağı kimi bilirdi desək düz olmaz, neçin 

ki, bu ifadədə bir natamamlıq var. Niyə beş barmağı olsun ki, 

halbuki kişinin on barmağı vardı (hələ on dənə ayaq barmağı 

bir yana dursun). 

Amma ki, Dərə Düzov həyata on barmağı kimi bələd olsa da 

belə, əsərlərinin mövzusunu barmaqlarından sorub çıxartmırdı. 

Baxmayaraq ki, təzə romanını  "Əl  əli yuyar, əl də üzü" 

adlandırmışdı. 

Bir sözlə, Dərə Düzov az aşın duzu deyildi. 

O ki, qaldı yoldaş gənc alim Qarın Quliyev müəllimə, o da 



 482 

romantik xəyallı bir gənc və aspirant idi. 

Qarın Quliyevin yaxşı yasin oxuması, üç otağı, zil qara 

bığları, sarı "Volqa"sı, qızıl dişləri və  çəhrayı qalstuku vardı, 

özü də, müxtəsəri yeyib içən oğlanlardan idi. 

Bəli, mətləbdən kənar düşməyək.        

Qarın Quliyev qabardin paltosunu geyib gəldi birbaş  Dərə 

Düzov müəllimgilə və Dərə Düzov onu görüb dedi ki, Ay səni 

xoş gəlmisən, —və əlavə etdi ki, — Əşi, həmişə sən gələsən. 

Dərə Düzovun həyat yoldaşı, rəfiqəsi və türkün sözü kəbinli 

arvadı  Nənəm Nəhrə xanım mətbəxdən çıxıb gələn qonağı, 

yəni ki, gənc tərifçi Qarın Quliyev qardaşı kamal-ədəblə 

salamlayıb dedi: 

–Xoş gəlmisiz. 

   Dərə Düzov Qarın Quliyevi duz-buz kimi yalayıb hal–

əhval tutandan sonra, türkün sözü arvadına xitab edib: 

–Ey yoldaş həyat yoldaşım, — dedi. — Tez bizə bir nahar 

təşkil elə, yoxsa ki, acından qarnımız quruldayır. 

Bu sözləri deyən kimi Dərə dodağını dişlədi: 

–Aa, — dedi və  əlavə etdi: — Əziz dostum Qarın, qarnım 

quruldayır deyəndə ürəyinə sonra ayrı  şey gəlib eləməsin ha, 

elə söz gəlişi dedim. Eyham işarə-zad vurub eləmirəm.  Əşi, 

atan–anan rəhmətliklər də sənə ad tapıb qoyublar da... 

Qarın: — hə, — dedi, — heç demə. 

Elə bu dəm bozbaşın iyisi-qoxusu mətbəxdən hücum çəkib 

bütün otağı basdı  və Qarın Quliyev müəllim bir ehmallıca 

udqundu. 

Dərə Düzov da elə bu dəm dedi ki, buyur keç süfrənin 

başına. 

Qarın Quliyev də cavab verdi ki, bir əlimi yusaydım heç də 

pis olmazdı. 

Dərə Düzov da dedi ki, suyumuz kəsilib, amma mən sənin 

əlinə su tökərəm, yuyarsan. 

Mətbəxə keçdilər, Dərə Düzov su tökdü, Qarın Quliyev əlini 

yudu və elə bu zaman Dərə Düzov xəbər aldı ki, gənc tərifçi 


 483 

onun "Əl  əli yuyar, əl də üzü" romanı haqda nə fikirdədir. 

Qarın Quliyev əllərini yuyub qurtardı və dəsmalla əllərini silə–

silə cavab verdi ki, çox təəssüf hələ  "Əl  əli yuyar, əl də üzü" 

romanını oxuyub feyziyab olmayıb. 

Dərə Düzov bir belə yüngülcə boğazını arıtladı  və  hər iki 

həmkar qələm sahibi otağa keçib süfrənin başında əyləşdilər. 

Elə bu vaxt süfrəyə bozbaş  gəldi, yamyaşıl göy-göyərti, 

qıpqırmızı turp gəldi, bir də o xoruz quyruğu zəhirmar. Dərə 

Düzov və Qarın Quliyev çirmələnib bozbaşa döşəndilər, nə 

döşəndilər. Bir balaca toxtayan kimi Dərə Düzov necə deyərlər 

söhbət köhləninin yügənini gətirib bağladı  həmin o incə 

mətləbə: 

–Romanımı oxumamısan, — dedi, — canın sağ olsun. 

Amma bir iş var, iki əməl. Qoca dindar kişilər inqilabdan əvvəl 

demişkən allahdan gizli deyil, səndən nə gizlin. Bu gün axşam 

mənim və bütün bizim vilayətin düşmənləri, necə deyərlər, 

bizim arxamızı yerə vurmaq istəyir. 

Elə bu dəm Nənəm Nehrə xanım otağa girib soruşdu ki: 

–Qarın qardaş, necədi bozbaş, çiy deyil ki, odu zəif gəlirdi, 

qorxuram yaxşı bişməmiş olsun, çiy-zad deyil ki? 

Qarın Quliyev: 

–Yox, yox — dedi, — çiy deyil. 

Nənəm Nehrə xanım yenidən mətbəxə qayıtdı  və  Dərə 

Düzov sözünə davam etdi: 

–Bəli, onu deyirdim axı, bu axşama mənim romanımın 

müzakirəsi təyin olub. Ali məktəb müəllimləri və  tələbələri, 

elmi institutun əməkdaşları, ümumən bütün ədəbi ictimaiyyət 

və maraqlananlar dəvət edilir. 

Elə bu zaman Nənəm Nehrə xanım otağa girib soruşdu ki: 

–Qarın qardaş, bağışlayın, duzu necə, az deyil ki, qorxuram 

şit ola. 

Qarın Quliyev yoldaş: 

–Yox, yox, — dedi. — Duzu lap yaxşıdır, şit deyil. Nənəm 

Nehrə xanım mətbəxə qayıtdı  və Dərə Düzov yenidən sözünə 


 484 

davam etdi: 

–Mən bu tayfaya yaxşı  bələdəm. Birini vurmaq istəyəndə 

əvvəldən çıxışçıları fitləyib buraxırlar, mən bu tayfaya yaxşı 

bələdəm. 

Elə bu vaxt Nənəm Nehrə xanım mətbəxdən gəlib xəbər aldı 

ki: 

–Qarın qardaş, bağışlayın, suyu çox olmayıb ki, qorxuram 



suyu çox olsun. 

Qarın Quliyev: 

–Yox, yox, — dedi. — hər şey öz qaydasındadır.  

Nənəm Nehrə xanım mətbəxə qayıtdı və Dərə Düzov sözünə 

davam etdi: 

–İndi görürsən də, yaman təkləyiblər məni, bibim oğlu Mərd 

Məzarov kurorta gedib, uşaqlıq dostum Heydərqulu-xəstə yatır, 

eloğlum Cızma Qarayev kəndə toya gedib, məhlə qonşumuz 

Hətərən Pətərənov da ki, məndən bir balaca inciyib. 

Elə bu dəm Nənəm Nehrə xanım mətbəxdən gəlib Qarın 

Quliyevdən xəbər aldı ki, bibər necədi, şirindir? 

Qarın Quliyev.  

–Bəli, yaxşıdır, dedi, — şirindir.  

Nənəm Nehrə xanım: 

–Qarın qardaş,  ətindən yeyin, — dedi, — bir yaxşı 

çeynəyin, görün necə yumşaqdır. Əntiqə həzm olunur. 

Qarın Quliyev: 

–Bəli, —dedi, —əntiqə həzm olunur. 

Nənəm Nehrə xanım yenidən mətbəxə qayıtdı  və  Dərə 

Düzov sözünə davam etdi: 

–Deməli, içirəm sənin sağlığına, Qarın, sən mənə qar-

daşdan yaxınsan, sağ ol, var ol, yüz yaşa, biz də kölgəndə 

dolanaq. 

–Sağ ol. 

İçdilər. 

–Pff! Zəhrimar — deyə Dərə Düzov üz-gözünü turşutdu. —

Gərək günahımdan keçəsən. Konyak cəhətdən yanında bir az 


 485 

xəcalətəm. Ucuzudur — Üç ulduz. Gələn həftə bax bu Üç 

ulduzun yerinə Beş ulduz qoymaq mənim boynuma. 

...Axşam müzakirəyə  gələn kimi Qarın Quliyev siyahıya 

yazıldı. Ondan qabaq iki-üç nəfər danışdı. 

Hamısı da ağzını yaman pis açdı.  Əsərdə daş daş üstə 

qoymadılar. Dedilər ki, "Əl  əli yuyar, əl də üzü" romanında 

yazıçı əli gəzməyib və romanın üzü astarından betərdir. 

Dərə Düzov Qarın Quliyevin qulağına əyilib pıçıldadı ki: 

–Ölmüşəm, gərək meyitimi yerdən götürəsən. Tutarlı danış. 

Obrazlı dillə. 

Qarın Quliyevin yalnız indi yadına düşdü ki, əsəri oxumayıb 

öz yerində, tələm-tələsikdə baş  qəhrəmanının adını soruşmağı 

da unudub. Oğlan ya qız olduğunu bilmir. 

Amma necə deyərlər kürsüyə  çıxmaq bir ayıb, kürsüdən 

düşmək iki ayıb. 

Qarın Quliyevin içi od tutub yanırdı, dili–boğazı 

qurumuşdu, qrafindən su töküb başına çəkdi və nitqinə başladı: 

–Hörmətli qələm dostlarım və yoldaş  ədəbiyyat 

həvəskarları. Məndən qabaq çıxış edənlərin fikrinə  şərik çıxa 

bilməyəcəyəm. Niyə görə? Ona görə ki, halbuki əsər yaxşı 

əsərdir, niyə onu tənqid edib qaralayaq. 

Yoldaş gənc müəllif Dərə Düzovun "Əl əli yuyar, əl də üzü" 

romanının  əsas və başlıca məziyyəti ondan ibarətdir ki, bu 

əsər... çiy əsər deyil. Bişmiş  əsərdir. Bəli, bəli, çiy deyil, 

bişmişdir. Bu əsərdə biz güclü od görürük. Gənc nasir 

müəllimin, müəllif qəlbinin atəşin odunu, bəli, bəli, odunu. 

Burda biz şit  şeylərə rast gəlmirik.  Əsər çox duzludur, bəli, 

bəli,  şit deyil, duzludur. Dili şirindir, bəli, bəli  şirindir. Bəzi-

bəzi başqa yoldaşların bəzi-bəzi başqa əsərlərində olduğu kimi 

burada su çox deyil, yox, yox əksinə, əsərin suyu azdır. Təbiət 

təsvirləri yumşaqdır. Obrazlar ətli-qanlıdır, bəli, bəli ətli-qanlı. 

Dərə Düzov çeynənmiş vasitələrə, bəli, bəli çeynənmiş 

vasitələrə  əl atmır. Ümumiyyətlə  əsər təravətli,  ətirli-qoxulu, 

dadlı, ləzzətlidir, yaxşı həzm olunur. Deyəcəksiniz heç nöqsanı 


 486 

yoxdur bəs? Var, əlbəttə, var. Doğrudur, bu mənim  şəxsi 

mülahizəmdir, müəllif mənim fikrimlə razılaşa da bilər, 

razılaşmaya da. Amma mənə elə gəlir ki, müəllif yoldaş gənc 

nasir Dərə Düzov fəsillərin arasında üç ulduz yox, beş ulduz 

qoysa daha məqsədəuyğun və qat-qat daha münasib olar. 

...Müzakirədən Dərə Düzov və Qarın Quliyev bir 

qayıdırdılar.  Şəhərə gecə düşmüşdü. Günəşin vəzifəsini 

müvəqqəti ifa edən Ay tənbəl-tənbəl yerə  işıq səpirdi. Dərə 

Düzov qəsdən zümzümə edirdi. Birdən Qarın Quliyev əlini 

alnına çırpıb ayaq saxladı: — Vay səni, — dedi, — tamam 

yadımdan çıxdı. Demədim. Bir az yağlı idi. 

—Nə? 

 

Aciz Avara  



Fənd Fərəc 

 487 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin