2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

İSKƏNDƏRİN İSFAHANDA  

DARANIN QIZI RÖVŞƏNƏYİ  

ALMASI 

O cənnət suyundan, ey saqi, tez dur, 

Atəşlə yoğrulmuş qədəhi doldur! 

Əlimi çıxarma o sudan, oddan, 

O su və atəşlə mənəm islanan. 

Boranlı qışlarda odur bəxtiyar. 

Qarşıda manqalı, quşu, meyi var, 

Elə bir nar məmə keçirə ələ, 

Bağçada narlara salır vəlvələ. 

Bahara çatınca nar fidanından 

Nar suyu axtarar, nar alar ondan. 


                                                                                                            

183


Bir zaman dərindən nəzər salınca, 

Görər hər budaqda gülür yüz qonça. 

Cənnətdən bir guşə kəsilmiş cahan, 

Nəşələr, sevinclər saçmada hər yan. 

Əlində gözəlin saçları yenə

Sallana-sallana çıxar çəmənə. 

Şəkər çeşməsini çiçəklə bəzər, 

Dünyada bir zaman şadlıqla gəzər. 

Şahlar dəftərini yazan ustalar 

Tarix beşiyini belə yırğalar: 

Isfahan şəhrində sakin oldu şah, 

Başından göylərə ucaldı külah. 

Iki gün nəşəyə daldı İskəndər, 

Dara mişkusundan tutunca xəbər

171



Kəyan ayiniylə xələtlər saçdı, 



Düz yeddi xəzinə ağzını açdı. 

Rumun, Misrin, Çinin qumaşlarından 

Dəyərli zinətlər yığdı hökmüran. 

Şahlara yaraşan dəyərli paltar 

Vücudu təzələr, ürəyi oxşar. 

Zər ilə işlənmiş qumaşlar, xəzlər 

Geyənə istilik, məhəbbət verər. 

Çox boyun bağları - xalis gövhərdən, 

Bundan başqa hədsiz zərdən, zivərdən, 

Möhrü açılmamış müşk ilə ənbər, 

Ən incə dəridən nəfis geyimlər, - 

Şahın mişkusuna göndərdi dərhal, 

Matəm paltarları dönüb oldu al. 

Firuzəni mərcani rənginə saldı, 

Matəm lacivərdi qızıl rəng aldı. 

Vurdu qara daşa qızıldan zivər, 

Məhəkdə qızılı sınamaq istər. 

Dara şəbistanı matəmi atdı. 

Bənövşə yerinə al gül yaratdı. 

O bağa nəşəli yaraşıq verdi, 

Sevimli çöhrəyə bir işıq verdi. 


                                                                                                            

184


Üç, dörd gün səbr ilə oldu çox dəmsaz, 

O bahar qönçəsi açılsın bir az. 

Gəlinlər bəzəyə alışıb dursun. 

Başına ən incə bəzəklər vursun. 

Sevgini ürəkdən alsın dimağa. 

Üzünü çevirsin işıq - çırağa. 

Bildi ki, matəmdən qalmamışdır iz, 

Yengini matəmdən elədi təmiz. 

Ağıllı vəzirə dedi: "Durma, get, 

Addımı, dilini, bacar, geniş et! 

Mişkuya gedərək məndən ver xəbər, 

Gəlmiş bir iş üçün bura İskəndər. 

O Dara nəsəbli, ayüzlünü mən 

Görməklə şadlanım, qəlbim olsun şən. 

Şux şəbistanına çəkərəm hasar. 

Əmrimlə ucalar kənizlər, qızlar. 

Qızıldan şahanə bir təxti-rəvan, 

Bəzəyi firuzə, inci və mərcan, 

Götür o nazənin müşkin dilbərə. 

Göy xuraman olub ensin yerlərə. 

Yel qanadlı atlar, zərnişan yəhər 

Apar, minsin onu qəlbən sevənlər". 

Bilici vəzirə şaH verdi tədbir, 

O əmri yerinə yetirdi vəzir. 

Daranın xüsusi evinə getdi, 

Evdə olanlarla xoş rəftar etdi. 

Dara sarayına getdiyi zaman 

Sanki bulaq axır cənnət bağından. 

Huriylə dopdolu bir cənnət gördü, 

Aldandı, aldadan yüz afət gördü. 

Alma üzlü qızla oynayar, gülər. 

Sanki alma ilə oynar bir nəfər. 

Padşahdan öncə bir salam söylədi. 

Yaşınan kəslərə pəyam söylədi: 

"Şahanə müşkuya şahdan nur axsın. 

Ortadan ikilik büsbütün qalxsın. 

Bir xəta işlədi azğın zamana, 


                                                                                                            

185


Uzatdı əlini bu xanimana. 

Ortada böyük bir itki var, bəlli, 

Bu işdə olmamış padşahın əli. 

Nəhayət, məndə bir belə arzu var 

Ki, ümidsiz ondan olsun ümidvar. 

Bu evdə xoşbəxtlik quracaqdır şah, 

Öz böyüklüyündə duracaqdır şah. 

Daranın fərmanı öz zəkasilə, 

Gəlibdir qohumluq təmənnasilə. 

Şövkətli padşahın istəyi budur: 

Ismət pərdəsində parlayan o nur 

Olsun şəhriyarın işıq ülkəri, 

Tacının Rövşənək olsun gövhəri. 

Gözləri nurlansın bu işıq üzdən, 

Köşkünü bu güldən etsin bir gülşən. 

Bu işə Darayla bağlamış peyman, 

Ay üçün göndərmiş bir təxti-rəvan. 

Yalnız bu məqsədlə uca tacidar 

At çapmış, bu yerdə tutmuşdur qərar. 

Bir qıfıl vurmuş hər söyləyən dilə, 

Şah özü gəlmişdir bu məqsəd ilə. 

Mindirin taxta o pəri peykəri, 

Işi tez bitirin, durmayın geri!" 

Elçiyə tərcüman belə söylədi: 

"Şahın kölgəsində yaşa əbədi! 

Bu evə uca şah nəslindən yarar, 

Yel ilə gələni yel də sovurar. 

Qızıldan yazılsın gərək bu sözlər: 

"Çarvadar əkəni dəvəçi biçər."

172 


Taxtının guşəsi bir tacdır bizə, 

Taxtının ayağı meracdır bizə. 

Kəniztək alsa da, alsın, biz nəyik, 

Qadın edəcəksə, etsin, bəndəyik. 

Əmrindən boynunu qaçıran kimdir? 

Hər əmri bir qızıl açar kimidir. 

Bu işi edərsə uca tacidar, 

Rövşənək başını göyə ucaldar. 



                                                                                                            

186


Padşaha varmağa qəlbimizdir şən, 

Dünyaya gəlmişik şahlar nəslindən. 

Hər zaman istəsə böyük şəhriyar, 

Birləşmək istəyi tutunca qərar, 

Ayini yerinə yetirib daha, 

Şadlıqla gələrik uca dərgaha." 

Saraya döndü bu xəbərlə vəzir, 

Qərarı padşaha anlatdı bir-bir. 

Şahın sevincindən parladı üzü, 

Insanı ovlarmış insanın sözü. 

Hər cavab qulaqda qoparsa qubar, 

Dinləyən ürəkdə kədər doğurar. 

Taleyi ona yar olan zamanda, 

Baxışlar vüsala dolan zamanda 

Atalar rəsmiylə uca tacidar 

Eylədi özünə Rövşənəyi yar. 

Kəyan rəsminə də riayət etdi, 

Ürəkdən çox hörmət, məhəbbət etdi, 

Şənlənsin deyə bu ömrünün bağı

Kəbinə yazıldı Iran torpağı. 

Əmr etdi: çirmənsin iş bacaranlar. 

Bəzənsin, düzənsin hər küçə, bazar 

Rum ilə Xarəzmin ipəkləriylə, 

Ölkələr bəzənsin bəzəkləriylə. 

Padşahın istəyi kimi Isfahan 

Ipəklə, gövhərlə bəzəndi əlvan. 

Qapılar, bacalar, damlar, küçələr 

Gözəl xalçalardan aldılar zivər. 

Bayraqlar dikəldi uca göylərə, 

Bu dünya aldı bir başqa mənzərə. 

Hər küçə başında çadır quruldu, 

Işlərin gedişi başqa tövr oldu. 

Hər çarsu başında mütrüblər oynar, 

Oturmuş xanəndə, çalğı çalanlar. 

Çalğıdan hərarət gəlincə uca, 

Düşməni ud kimi salırdı oda. 

Zindərud nəhrindən Xuzanə qədər 

Çalğının səsindən canlandı yerlər. 



                                                                                                            

187


Şərab bir çay kimi axıb gedirdi, 

Mamişan dodağı onu dişlərdi. 

Isfahan gülləri ətir saçırdı, 

Tərazın müşki də ağız açırdı. 

Toya al çiçəklər səpirdi şəfəq, 

Şəkərdən ay, günəş doldurmuş təbəq. 

Sanki bir saraydır tikmiş şəkərdən, 

Bir günbəd ucaltmış al çiçəklərdən. 

Dəbdəbə, şövkətdən coşmuşdu hər yan, 

Ətrafa can verir çalan, oxuyan. 

Qaraltı incə bir qumaş geyincə 

Müşk ilə, ay ilə bəzəndi gecə. 

Göydə ay parlaq bir sədəfə bənzər, 

Kərx əttarı ona səpərdi ənbər. 

O müşkin saçlı ay şaha ərmağan 

Qənd, badam düzəltdi gözdən, dodaqdan. 

Onları göndərdi şah mişkusuna, 

Layiqdir müşk ilə mah mişkusuna. 

Al günəş o səhər şəfəq sökərkən 

Çıxdı bir gəlintək incə ipəkdən. 

Çırpındı şah qəlbi gəlin eşqiylə, 

Sanki rus zəngidir salmış vəlvələ. 

Çalğıdan, şərabdan qurdu bir işrət, 

Utandı, qibtədən tər tökdü cənnət. 

Dostlarla içərkən artır fərəhi, 

Şərabdan dönürdü başı, qədəhi. 

O qədər xəzinə bəxş etdi o gün, 

Yer onu çəkməkdən olurdu düşgün. 

Gecə al günəşdən düyümü dəldi, 

Şəfəqin əlinə bir əqiq gəldi. 

Onu da uddu Busəhaq firuzə, 

Busəhaqlara bax, ilişdi sözə

173



Vüsala yetişmək üçün İskəndər 



O müşkin mişkuya göndərdi xəbər, 

Rövşənək olsun bir işıqlı çıraq, 

Gəlsin, qədəmindən zinət alsın bağ. 

Dedi Rövşənəyə sevimli ana: 

"Gedirsən İskəndər şahın yanına. 


                                                                                                            

188


Qiymətli yaqutsan İskəndər üçün, 

Bir inci gövhərlə birləşsin bu gün. 

Bu dövlət əqdinə bir arxa verək, 

Yenə də ölkədə padşahlıq sürək. 

Əmrindən yaramaz boyun qaçırmaq, 

Sənə bu Rum şahı layiqdir ancaq. 

Saçından xidmətə bağlarsan kəmər, 

Taleyi sənə də səadət verər. 

Ondan başqa hər kəs adını çəkər. 

Saçıntək başları kəmərə dəyər

174



Qulağında qızıl halqa daşısan, 



Qapı halqasıdır onsuz bu halqan. 

Rəftar et ki, odur bu gündə Dara, 

Daratək bizimlə edər müdara". 

Ananı dinlərkən o sevimli qız 

Həyadan tər tökdü, baş əydi yalnız. 

Saraya hərəkət əzmiylə durdu, 

Ay kimi qızıldan taxta oturdu. 

Aldılar padşaha məxsus gərdəyə, 

Hər tərəf sarıldı ipək pərdəyə. 

İskəndər səxavət əlini açdı, 

Məclisin gözünə bir heyrət saçdı. 

Şahdan hədyə aldı xidmətçi, dayə, 

Qızıldan gövhərdən verdi hədiyyə. 

Yabançı kəslərdən boşaldı saray, 

Bir yerə toplandı günəş ilə ay. 

Mehriban anası gəldi irəli, 

Dənizə tapşırdı incə gövhəri: 

"O uca padşahlar nəslindən nişan 

Yalnız bu boy atmış sərvdir qalan. 

Mən ona demirəm qiymətli gövhər, 

Ya da ki, ərinə adlı-sanlı ər. 

Atasız qalmışdır, dərdə salınmış, 

Yetimdir, əlindən mülkü alınmış. 

Əmanət tapşırdım sənə bir çiçək, 

Bir sən bil, bir əqlin, bir də gələcək". 

Şah qəbul edərək yanaşdı ona, 

Yoldaşlıq tacını qoydu başına. 


                                                                                                            

189


Şümşada tay oldu bəzəkli süsən, 

Sevimli bir sərvə yurd oldu çəmən. 

O gövhər ləlindən uca İskəndər 

Başladı almağa dəyərli gövhər. 

Gördü bir pəridir sevimli dilbər, 

Pərəstiş etmədə ona pərilər. 

Canlı bir sərv idi, xurmadır barı, 

Şəkərə dadımlıq verir göftarı. 

Füsunkar gözləri kəskin, can alan, 

Hər dərdə şəfadır, xəstəyə dərman. 

Dirsəyi qısadır, saç, gərdən uzun, 

Dodağı şəkərdir, xalı da uyğun. 

Çənəsi sadədir, sallanmış buxaq, 

Qaynar gözlərində gülabdan bulaq. 

Bəslənmiş qırmızı qanla ciyərtək, 

Sanki göz içində parlayır bəbək. 

Duz səpsə sağalar xəstə ürəklər, 

Dodağı dünyaya saçar çiçəklər. 

Hər gülən dodağı şəkər saçardı, 

Gülüşü gülüşə bir yol açardı. 

Gözündən gül üzə gülablar axmış, 

Beli incə idi, sinəsi qalxmış. 

Qıvırcıq saçları müşkə çalırdı, 

Günəş çeşməsinə kölgə salırdı. 

Çeşməni, kölgəni görüb şəhriyar 

Mənzilə yetişdi, oldu bəxtiyar. 

Vəfalı gözləri xoş gəldi ona, 

Ürəyi çırpındı, basdı bağrına. 

Sıxıb qollarını boynuna saldı, 

Kam aldı, kamından kami-dil aldı. 

Rövşənək işıqlı çıraqtək yandı, 

Eyvanı cənnəttək nura boyandı. 

"Cahanbanu" deyə, yeni ad taxdı, 

Bütün ixtiyarı ona buraxdı. 

Olduqca ayıqdı, dinc və həyalı, 

Söylənməz sözlərdən ağzı qapalı. 

Şahlığın açarın ona tapşırdı, 

Başının tacını göyə qaldırdı. 



                                                                                                            

190


Onu görməsəydi dözməzdi bir an, 

Ayrılmazdı onun bir an yanından. 

O behişt ölkədə şad bir ürəklə

Yaşadı cənnətdən gələn mələklə. 

Səhər çöhrəsindən pərdə atarkən 

Həbəşə bac üçün dağ çəkdi Xütən

175



Getdikcə köpürür xoruzlu bardaq, 



"Nuş olsun, iç" deyir xoruz coşaraq. 

O tovuz dodaqlı kuzə ağzından, 

Küplərdən camlara tökərdi al qan. 

O məclis, o şərab, o çalğı, o çəng 

Dünyanın üzünə verdi başqa rəng.. 

Yeddi ölkə şahı Kəyan rəsmiylə

Yeddi çeşmə kəmər bağlamış belə. 

Günəştək taxtına oturdu səhər, 

Fələk xidmətinə bağladı kəmər. 

Yenidən bir içki məclisi qurdu, 

Görənin başından ağlı uçurdu. 

Məclisə düzüldü yararlı kəslər, 

Hər gələn yer tutdu hünəri qədər. 

Mütrüblər, çalğılar saçardı fərəh, 

Saqi ruh verirdi əlində qədəh. 

Coşduqca kamança və sazın səsi, 

Çay kimi silirdi başqa həvəsi. 

İskəndər yenidən açdı xəzinə, 

Öz səxavətinə başladı yenə. 

Çox hədiyyə aldı Iran əsgəri, 

Başını parlatdı öz ətəkləri. 

Hər kəsə payladı şahanə xələt, 

Verdi bu dünyaya başqa bir zinət. 

Uca bir günəştək verərkən ziya 

Nurundan çox fayda alırdı dünya. 

Günəş xəzinəsi daima axar, 

Şimşək nuru isə bir kərə çaxar. 

Səxavətli olsun gərək cahandır, 

Şahlığın xisləti, bax, belə yaşar! 


                                                                                                            

191


İSKƏNDƏRİN İSTƏXRDƏ

TAXTA OTURMASI 

Muğlar çırağını, saqi durmadan 

Mənə ver, qəlbimdən qoparma fəğan! 

Gözlərə aydınlıq verər bu çıraq, 

Qəlbimin çırağı ondan alır yağ. 

Söylə, ey söz, nədir sənin kimiyan? 

Kimdir bu sikkənə kimiya vuran? 

Səndən ki alınır bu qədər bəzək, 

Hələ əskilməmiş bir hərfin gerçək. 

Evimdən çıxdınsa, üz qoydun hara? 

Qapımdan uzaşdın hansı diyara? 

Bizdən baş verərkən bizdən uzaqsan. 

Naxışlar vururkən gözdən uzaqsan. 

Qəlbimin iş evi fərmanındadır. 

Dil xidmətçi kimi divanındadır, 

Bilmirəm nə quşsan, gözəlsən, şənsən, 

Bizdən ən dəyərli yadigar sənsən. 

Söz ki var, ucadır hər bir ucadan. 

Mətahın qıtlığa düşməsin bir an. 

Dəyərli bir mətah olurmu kəsad? 

Olursa, həsəddən doğar bu fəsad. 

Ey sözün ustası, durma, söz gətir, 

Şerin büsatını yerinə yetir. 

Ad-sanla kim yatıb - onlardan söz aç, 

Heyrət edənlərə söylə, əfsun saç. 

Keçmişi nəql edən ravilər belə 

Incə bir düşüncə, doğru rəy ilə 

Nəql edir: Elə ki, uca şəhriyar 

Isfahan şəhrində oldu bəxtiyar, 

Firuzə fələyin səadətindən 

Isfahan şəhrində etmədi məskən. 

Tac qoymaq üçün o, Istəxrə köçdü, 

Kəyumərs, Keyqubad yerinə keçdi. 

Onunla böyüdü, bəzəndi Iran, 



                                                                                                            

192


Igidlər arxası bərkidi ondan. 

Başçılar dedi: "Eşq olsun, tacidar!" 

O böyük baş ilə ucaldı başlar. 

Töhfələr verdilər taxtına layiq, 

Padşahın oyanan baxtına layiq. 

Nilin mənbəindən ta Kəngə qədər, 

Çin dənizlərindən ta Zəngə qədər 

Elçilər axışdı xərac verməyə, 

Taxtına, tacına alqışlar deyə. 

Taxtına basınca ayaq şəhriyar 

Söz xəzinəsindən açdı tunc hasar: 

"Eşq olsun, eşq olsun, ulu yaradan 

Xalqını yaratmış haqqa inanan. 

Torpaqdan başını bir mən kiminin 

Ucaltdı, ulduzla etdi həmnişin. 

Irana gətirdi Rumdan çəkərək, 

Əmriylə daşları yumşaltdı mumtək. 

Başımı o qədər ucaltdı zaman, 

Yüklü gəcavəmi daşıyır dövran. 

Öyrəndim o adil, ulu tanrıdan, 

Ədalət yolundan dönmərəm bir an. 

Yoxsula, məzluma olaram kömək, 

Qaranlıq gecəyə parlayan şimşək. 

Ağlımla düşüncəm olmuş mənə yar, 

Bu dünya himayəm altında yaşar. 

Doğru bir yol ilə bu gün getməli, 

Sabahkı günümsə bəllidir, bəlli. 

Qorxaram bəhanə tapmaq günündən, 

Pəhrizə çalışdım varlığımla mən. 

Nə aciz qarınca, nə də güclü fil 

Əlimdən bir zərər görməz, onu bil. 

Ovcumun içində olsa da, yenə

Dikmərəm gözümü özgə mülkünə. 

Xalq mənə versə də əziyyət, kədər, 

Qıymaram incisin məndən bir nəfər. 

Kənd ocaqlarından alıram xərac, 

Şəhərdən nə vergi istərəm, nə bac. 


                                                                                                            

193


Əlimə keçsə bir xəzinə, sərvət, 

Hər kəsə verərəm, layiq bir qismət. 

Məndən sənət alar hər bir sənətkar. 

Əlinə dövlətdən verərəm açar. 

Qaldırram hər kimin varsa hünəri, 

Zəncirə çəkərəm divanələri. 

Düşkünlər, dilsizlər tapacaq aman, 

Qurtulmaz əlimdən boş yeyib yatan. 

Vücudu sağlamlar bunu bilməli, 

Sənətdən gərək boş qalmasın əli. 

Görsəm ki, bir nəfər çəkir çox zəhmət, 

Qazancı xərcini ödəmir əlbət, 

Elə möhtaclara, söz verirəm mən, 

Köməklik edərəm öz xəzinəmdən. 

Din ilə, ağılla tutaram işi, 

Yoluna qoyaram alış-verişi. 

Bir işdə kimsədən qorxum yox mənim, 

Qorxanlar önündə titrər bədənim. 

Dəyirman yemidir fayda verməyən, 

Əfvə layiqləri bağışlaram mən. 

Dünyaya bəxşişlə vurmuşam bəzək, 

Əlaçıq kimsəyə edərəm kömək. 

İskəndər kimsəyə verməz əziyyət, 

Zalımı qəhr edər, məzluma hörmət. 

Hər bir yaxşılığa bu şah yüz verər, 

Bir yamanlıq edən bir cəza görər. 

Kim günah işləsə cəzaya çatar, 

Peşiman olursa, ədlim bağışlar. 

Əlimdə məhv olur başı dik düşmən, 

Peşiman olursa, bağışlaram mən. 

Mənəm yaxşılığı öncə başlayan, 

Yamanlıq başlayan düşmandır, düşman. 

Mən ələk kimiyəm, ələrəm torpaq, 

Dəyərsiz qalığı ataram ancaq. 

Bir dolam, quyudan suyu çəkərəm, 

Bu başdan alıb o başa tökərəm. 

Qılıncla hər nə ki, keçirsəm ələ, 


                                                                                                            

194


Paylaram yenə də qamçı ucuyla. 

Bu taxtın başına keçmək, haq bilir, 

Düşkünə əl tutmaq məqsədilədir. 

Vücudum olmuş həm bulud, həm günəş, 

Bir əlimdə su var, birində atəş. 

Önümə daş çıxsa dönər bir muma, 

Əkini suvarram çıxsa qarşıma. 

Irana mən özüm gəlmədim Rumdan, 

Bu mülkə göndərmiş böyük yaradan, 

Haqqı və batili ayırd edim mən, 

Alır bağlı qıfıl açarı məndən, 

Din daşıyan başlar qalxsın əflakə, 

Dinsiz başları da tullayam xakə. 

Ehtiyac adını qaldırdım artıq, 

El ilə çırağa verim barışıq. 

Hər evdə firiştə doğurum divdən, 

Bir bina ucaldım hər uçuq evdən. 

Harda ədalətim olsa hökmüran, 

Qırqovul zərrəcə qorxmaz tərlandan. 

Sürüdə qoyuna qurd olar çoban, 

Marala, ceyrana toxunmaz aslan. 

Yamanı edərəm yaxşılıqla ram, 

Yaxşılar yamanlıq etsə qoymaram. 

Hər başı göylərə qaldırsam, bir də 

O başı bir daha görməzlər yerdə. 

Mənə tay olandan qopardım ciyər, 

Qoymadım dağıtsın başqa vəhşilər. 

Kimsəni yaxmadım gizlin zəhərlə, 

Aşkara bağrını dəldim xəncərlə. 

Nə dünya üstündə alovtək axdım, 

Nə də ki, səbəbsiz bir xırman yaxdım. 

Kimsənin qəlbini haqsız qırmaram, 

Qırsam da, varımdır əldə mumiyam. 

Birinin gözünü ağrıtsam əgər, 

Əz əlimdən darı tökmək də gələr. 

Bu işdə mənə yar olsun yaradan, 

Bu yaman gözlərdən qorusun hər an." 


                                                                                                            

195


Bunları söylərkən bir-bir İskəndər, 

Göylərə ucaldı dinləyən əllər. 

Məclisdə var idi adam hər yandan, 

Birisi elədi şahı imtahan, 

Natiqlik düşkünü, hədsiz söyləyən, 

Divanə xislətli hikmət öyrədən, 

Bir casus vardı, tez öpdü dərgahı, 

Sınamaq istədi İskəndər şahı: 

"Şahım, bir dinara ehtiyacım var, 

Versəniz, dünyaya dəyər bu dinar." 

Gülərək söylədi ona İskəndər: 

"Şahdan bəxşiş istə rütbəsi qədər." 

O casus söylədi: "Səxavətli şah. 

Bir dinar verməkdən utansan hərgah, 

Dünyanı bağışla mənə bir kərə, 

Qaldır bu başımı uca göylərə." 

Şah dedi: "Ey şaşqın, bu dəfə yenə

Istəyin müvafiq deyil ölçünə. 

Çox yersiz iki şey istədin məndən, 

Biri məndən kiçik, digərindən sən, 

Hər sözün xüsusi bir ölçüsü var, 

Ölçüsüz söylənən söz qulaq yırtar. 

Bir söz ki, daşlara düyün vuracaq, 

Gözəl söz olsa da söyləmə, burax." 

Padşahdan soruşdu bir igid oğlan: 

"Xalq neçin alçaqda, sən ucadasan? 

Deyirsən hamı bir yoldaşlıq, ancaq 

Nədir bu aşağı, yuxarı? Burax." 

Dedi: "Mən başçıyam, xalq isə ümmət, 

Baş yerə enərsə pozular şövkət. 

Otlara yaraşar başını əymək, 

Insanın başıysa ucada gərək. 

Padşahın mövqeyi olmalı uca, 

Görənlər nur alsın ondan doyunca." 

Başqa bir dilavər dedi: "Şəhriyar, 

Ağıllı kimsəyə bəzək nə yarar? 

Qəlbində var sənin tanrı sifəti, 


                                                                                                            

196


O palçıq vücuda vurma zinəti." 

Şah dedi: "Şahanə dəbdəbə, şövkət 

Gözlərə bəxş edər yenilik, əlbət. 

Onunçun edirəm özümü gülşən, 

Gözümüz nurlansın, ürək olsun şən. 

Görmürsən, atlaz don geyincə bahar, 

Nə qədər zövq alır ondan ruzigar?" 

Inandı ağıllı kəslər bu sözə, 

Qulaqdan asdılar yaqut, firuzə. 

Oldular yenidən şaha sənaxan, 

Hamısı ürəkdən bağladı peyman. 

Xalq onu səbirli görüb oldu şən, 

Əmrinə baş əydi hamı yer-yerdən. 

Cəmşidin rəsmiylə böyük İskəndər 

Taxtının başına keçdi bir səhər. 

Daima göründü xalqa mehriban. 

Böyüklər rəsmini tutdu hər zaman. 

Məktublar göndərdi hər bir diyara, 

Hər hüdud bəyinə, hər bir sərdara. 

Ədliylə o bütün qəlbə girmişdi, 

Basqından hər kəsə aman vermişdi. 

Dünyanı özünə etmişdi o, ram, 

Ram etmək yolunda tutmadı aram. 

İSKƏNDƏRİN DARANIN QIZI  

RÖVŞƏNƏYİ RUMA GÖNDƏRMƏSİ 

O yaqut qədəhi, saqi, birbaşa 

Mənə ver, ayağım toxunmuş daşa. 

Bir çarə arayım, daşlıqdır hər yan, 

Yaquttək özümü qoruyum daşdan. 

Fələk dəvəsini sür ətlə sürür, 

Ondandır ki, gündə bir oyun doğur

176


Peşəsi sülhdür, döyüşdür hər an, 

Keçirir gündə bir rəng xəyalından. 


                                                                                                            

197


Keçmişi bir kərə alsan nəzərə, 

Görərsən bənzəmir bu günkülərə. 

Tanrının verdiyi pərvərişlərlə 

Hər gözəl girmişdir başqa bir şəklə. 

Sanma biz yatarsaq yatar ruzigar, 

Bu ev heç bir zaman olmaz tarümar. 

Çoxları köçmüşdür köhnə dünyadan, 

Bu dünya yenə də hamandır, haman. 

Dəyərli kişilər keçib getdilər, 

Dostlar da onları təqib etdilər. 

Yoluna azuqə hazır et bir az, 

Dost olan dostundan geridə qalmaz. 

Nə qədər yolu pis getsə də, bişəkk, 

Axura düz gedir hər çolaq eşşək. 

Nəql edir köhnədən tarix yazanlar: 

Olmamış şahların taxtı zülmkar. 

İskəndər dünyanı tutduğu zaman 

Şəxsi istəyinə uymadı bir an. 

Çalışdı dünyanı islah etməyə, 

Onunçun yetmişdi bu böyüklüyə. 

Şahlıqda bir örnək al İskəndəri, 

Sən də gör İskəndər görən işləri. 

Bu dünya mülküylə oldu bəxtiyar, 

Onun istəyinə uydu ruzigar. 

Həbəş və Xorasan, Qurdan da Çinə, 

Qol gücü görmədən keçdi əmrinə. 

Elçilər, qasidlər getdi hər yana

Sikkələr vuruldu onun adına. 

Bir aslan ürəyi çarparkən onda, 

Dünyanı tutmuşdu qılınc altında. 

Irana inana bilmədi sərdar, 

Rumlu öz yurdunda salamat yaşar. 

Bir gecə uyaraq göylər baxtına, 

Doğru bir məsləhət verdi taxtına. 

Vəziri çağırdı, ona söz açdı, 

Bu gizli fikrini ortaya saçdı: 

"Madam ki, əlimə keçmişdir Iran, 


                                                                                                            

198


Bu yerdə bağlanıb qalmaqdır ziyan. 

Daima dolanır bu yeddi fələk, 

Dünya seyrinə var məndə də istək. 

Görüm bu dünyada yeni nələr var, 

Varmıdır məndən də güclü tacidar? 

Işıqlı fikrimcə budur məsləhət: 

Dünyanı gəzməyə çıxarkən, əlbət, 

Xəzinə, dövləti Ruma göndərmək, 

Oraya etimad bağlamaq gərək. 

Hər işdə lazımdır ayıqlıq, diqqət, 

Hər kuzə çeşmədən çıxmaz səlamət. 

Taxtımın başını tutar bir düşmən, 

Taxtımdan, tacımdan ayrılmaram mən. 

Dünyanın çəkilməz bəlaları var, 

Bu yolun qorxusu, cəfaları var. 

Ruma dön, orada məskən elə, qal, 

Mənim də fikrimə uyğundur bu hal. 

Fitnədən o mülkü qoruyursan sən, 

Çünki ay nayibdir işıq günəşdən. 

Rövşənək xatunu götür bərabər, 

Onunla ölkənin işi düzələr. 

Bir fikir doğunca günəş ağıla, 

Hər yaxşı-yamana bir ölçü saxla. 

Nayibsən, işi gör, dinlə ədl ilə, 

Məni yaxşılıqla gətir sən dilə. 

Onunçun bəyəndim səni hər kəsdən. 

Böyüklük gözüylə sənə baxdım mən". 

Sözə başlayaraq hünərli vəzir, 

O buyruq verənə göstərdi tədbir: 

"Padşaha layiqdir hər buyruq, fərman, 

Əmriylə iş görür hər iş bacaran. 

Getdikcə şövkətin kəmalə dolsun, 

Qərəzlə istəyin qol-boyun olsun, 

O uca rəyiniz göstərdi tədbir, 

Qarşını görməkdən ziyanmı gəlirə

Şahın göstərdiyi uğurlu işə 

Mən boyun qoyaram, düşmə təşvişə. 


                                                                                                            

199


Işində, gücündə, ancaq, hər zaman 

Ayıq olmalıdır uca hökmüran. 

Bu mübarək səfər çatınca sona, 

Dönüncə yenə öz doğma yurduna, 

Ağır iş deyildir böyük sərvərə

Dünyanı tapşırmaq iş bilənlərə. 

Dövləti saxlamaz yalnız bir nəfər, 

Dünyanı özünə bağlamaz bir ər. 

Dünyada var saysız ölkə və dövlət. 

Bu dövran hər kəsə ayırmış qismət. 

Ram etsən özünə tanrı verəni, 

Qismətin ondadır, o tutar səni. 

Hər padşah əmrinə boyun əyincə, 

Hər ölkə, hər tərəf sənindir məncə. 

Olsa düşman evi sənin torpağın. 

Cilovu başına buraxma, saqın. 

Başqalar mülkündə durmaq nə yarar, 

Vurma ayağına onunla cidar. 

Yad mülkü nə əldə saxlamaq olur. 

Nə də varına bel bağlamaq olur. 

Sanma bu dünyada çarpışma yoxdur, 

Hər kəs bir ağadır, göz dikən çoxdur 

Riyasət fikriylə burda, ey salar, 

Rumlardan kimsəni etməzsən sərdar. 

Kəyan ovlağıdır əcəm torpağı, 

Orda bir vəhşidir yadlar ayağı. 

Nə qədər xatadan uzaqdır həyat, 

Dünyada padşahlıq adını ucalt. 

Ölkənə dönərkən uzaq səfərdən, 

Qısaltmış olarsan uzun işi sən. 

Sən güldür üzünü şahzadələrin, 

Silinsin qəlbindən qəmin, kədərin. 

Hər şahı layiq bir ölkəyə göndər. 

Nə yeri istərsə o yerə göndər. 

Hər biri bir səmtə tərəfdar olsun, 

Hər tərəf bir şaha giriftar olsun. 

Qorxuram əcəmlər qalxsın yenidən, 


                                                                                                            

200


Daranın qanını almaq istərkən, 

Yunana və Ruma çıxarsın ordu. 

Dağıtsın ölkəni, nəyə gərək bu? 

Hər biri padşahlıq edərsə tək-tək. 

Ortada düşmənlik artacaq, bişəkk. 

Hər kəsi mülkünün qayğısı alır, 

Ölkəmiz düşməndən səlamət qalır. 

Düşmənlər talana başlarsa ancaq, 

Yolunu bununla olur bağlamaq. 

Bir də ölkələrdə kin toxmu saçma, 

Yurduna düşmənin yolunu açma. 

Qoyma qanla yusun şahlar dünyanı, 

Qoy alovlanmasın düşmənin qanı. 

Sanma dik başların tökdüyü qandan 

Səyavuş qanıtək qalmaz bir nişan. 

Yersiz qan tökməkdən daim dur geri, 

Qanlıdır səninlə çarxın xəncəri. 

Ərənlər söyləmiş nə gözəl məsəl: 

"Dəyməz dəyməyənə ziyanlı bir əl." 

Yetməsin kimsəyə səndən qəm, kədər, 

Az ziyan verənlər az ziyan çəkər. 

Xor baxma, alçalmaq sığmaz hər başa, 

Kimsəni öldürmə, əbədi yaşa." 

Vəzir yol göstərdi, tökdü çox tədbir, 

Sözləri padşaha eylədi təsir. 

Dövran gümüş teştin ağzını açdı. 

Qara qarğa qızıl yumurta saçdı

178


Qoca möbidlərsə tarix boyunca 

Yumurta və teştdən demiş doyunca

179


İskəndər ağlıyla tökdü bir tədbir, 

Əmr etdi: tez gəlsin, atlansın vəzir. 

Orda kitabxana varsa nə qədər, 

Işarə elədi, tez gətirsinlər. 

Hər çeşid elmdən dəyərli sözlər, 

Hər incə hikmətdən açdı bir dəftər. 

Yunana göndərdi tərcüman ilə

Çevirsin bir dildən başqa bir dilə. 


                                                                                                            

201


Padşahın əmriylə gəldi Ərəstu, 

Durmadan at çapsın Yunana doğru. 

Rövşənək xanımı alsın bərabər, 

Götürsün xəzinə, kitab və dəftər. 

Iranı tərk etdi şahın əmriylə

Yunanın yolunu keçirdi ələ. 

Rövşənək padşahdan hamilə olmuş, 

Sədəfin qoynuna inci qoyulmuş. 

Yunana yetişdi dəbdəbə, əskər, 

Yükdən inləyirdi o nazlı gövhər. 

Doqquz ay olunca, gövhər mədəni 

Dünyaya bəxş etdi öz gövhərini. 

Beşiyi öpərək oldular dilşad, 

Uşağa qoydular İskəndərüs ad. 

Ərəstu vəkildi şahdan, həm vəzir 

Padşahlıq işində tökürdü tədbir. 

Yeməkdə, içməkdə o şahzadayə

Verirdi can kimi gözəl tərbiyə. 

Cismini bəslərdi nazla, nemətlə, 

Körpə qəlbini də şüur, hikmətlə. 

Yüzlərcə gəlmişdir belə gözəllər, 

Onu torpaq yemiş, qalmamış əsər. 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin