Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə17/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

(нойабр 1989)

***


2004-cü ilin mayında quruluş verdiyi qurultay məzhəkəsindən sonra indiyəcən susan (daha doğrusu “mısan”, “pusan” və s.) və sözünü gah “AYB Katibliyi”, gah “AYB Mətbuat Xidməti” şərti imzaları altında deyən, müxbirlərin inadla “AYB sədrliyinə namizədliyinizi verəcəksinizmi?” tipli suallarına ciddi görkəmli bir inadkarlıqla “Hələ qəti qərara gəlməmişəm”, “Qərarımı qurultayda bildirəcəyəm” kimi qeyri-səmimi, ikibaşlı, sürüşkən cavablar verən (əslində isə dediyimiz kimi, flüger sayağı yuxarıların havasını izləyən), hamının, hətta AYB-çi Qulu Ağsəsin də “...Anar müəllimin özünün istefa vermək fikri olduğunu” (“Şərq”, 3 dekabr 2002) - dediyi halda, bir möcüzə sayəsində Anar postda qaldığını görüb qurultaydan sonra dirçəldi, tam dəyişdi və hətta əks-hücuma da keçdi. Hara? Təbii ki, onun hücumlarının əsas obyekti həmişə həsəd apardığı istedadlı adamlar, perspektivli gənclər, ondan daha yaxşı yazan yaşlılar, potensial rəqib ola biləcək və qurultay ərəfəsində onun nüfuzuna sarsıdıcı zərbələr endirmiş şəxslər olur... Hətta tam bir il idi ki Mətbuat Şurasının üzvü olaraq susan Anar yalnız AYB-nin XI qurultayından sonra (yəni AYB-də sədr postunu əlində saxlaya bildiyini gördükdən sonra), 14 iyul 2004 tarixdə bu “əlavə ictimai yükdən” - əslində məsuliyyətdən! - yaxa qurtarmaq qərarına gəldi. Mətbuat Şurasının sədri Ə.Amaşova öz qaba üslubunda bir məktub yazaraq: “...Mən heç kəsdən xahiş etməmişdim ki, məni Mətbuat Şurasının üzvü seçsinlər... MŞ üzvü olmağımı vaxt itirmək sayıram.” – dedi. (“Ədəbiyyat qəzeti”, 16 iyul 2004)

Amma indi deyəcəyimiz fikri eşitmək onun üçün nə qədər ağır olsa da, deməyə məcburuq ki, bu fakt bir daha Anarın ictimai həyatımız üçün əhəmiyyətsiz fiqur olduğunu, xalqın, cəmiyyətin inkişafını yox, yalnız öz karyerasını güdən konyukturçu olduğunu ortaya qoydu. O yenə də cəmiyyətə xidmət etmək üçün reket jurnalistlərlə, şər-böhtan yazan qəzetlərlə aparılması vacib olan mübarizədən qaçdı.

AYB qurultayından sonra ilk üz tutduğu qəzet isə xəlvəti sıcaq münasibətlər saxladığı “Yeni Müsavat” oldu. Qəzet dörd gün dalbadal onunla səhifə-səhifə söhbətlər dərc etdi. Bu söhbətlərində o uzun müddət ürəyini deşən, ancaq yenidən sədr seçilməyincə deməyə cəsarət etmədiyi fikirləri nəhayət, vəzifə kürsüsündə yerini bərkidəndən sonra deməyə başladı. Söhbətlər silsiləsindən hiss olunurdu ki, material redaksiya ilə Anarın arasında “sıx işbirliyi” nəticəsində hazırlanmışdı və hətta bəlkə suallar da AYB-də sədrə sərf edən, gərək olan tərzdə tərtib edilmişdi (eyni qəzetdə eyni tərzdə hazırlanmış eyni silsilə söhbətləri o 2006-cı ildə, bu dəfə parlament seçkilərindən sonra dərc etdirəcəkdi).

2004-də “Yeni Müsavat”dakı uzun-uzadı kinli müsahibənin digər məqamlarına toxunmadan yalnız Akif Əli ilə bağlı hissəsinə nəzər salaq. Müxbirin (müxbirinmi?!) köntöy-köntöy: “Qurultaydan əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli qurumda maliyyə maxinasiyaları olduğunu iddia etmişdi. Buna münasibətiniz necədir?” – deyə verdiyi suala Anar nə dövlət adamına, nə millət vəkilinə, nə də ziyalıya yaraşan bir primitivliklə, ancaq təbii ki öz xislətinə xas xəbislik və leksikonuna xas qabalıqla cavab verib, Akif Əliyə qarşı heç bir əsası olmayan ittihamlar irəli sürdü. Anarın cavabı: “Bu iddia, daha doğrusu, iftira qurultay ərəfəsində Yazıçılar Birliyinə qarşı təşkil olunmuş təxribat planının tərkib hissəsi idi. Bu çirkin yalan Yazıçılar Birliyi tərəfindən mətbuat səhifələrində konkret faktlar və real rəqəmlərlə təkzib olundu. Yalanı bir dəfə cıxararlar, dö­nə-dönə ifşa etməyə lüzum yoxdur. Yazıçılar Birliyinin rəhbərliyini devirmək, yerinə kimisə gətirmək üçün hər vasitəyə əl atdılar. “Yuxarılar”a elçi salmağa cəhd etdilər, ədəbi marginalların əliylə qəzet səhifələrini haqqımızda ən iyrənc təhqirlərlə doldurdular, tanış-bilişləri, qohum-qardaşlarını səfərbər edərək kürül-kürül böhtanlar yağdırdılar. Bir hökumət məmurunun uydurub müxalifət mətbuatına ötürdüyü iftira da bu qəbildəndir. Bircə ona sevinmək olar ki, heç olmasa bu məsələdə - yəni Yazıçılar Birliyini şərləmək işində - hökumət məmuruyla bəzi rnüxalifət qəzetləri əlbir olub, eyni mövqedən çıxış etdilər.”

Əstafürullah!

Belədə deyirlər: necəsən qanmayım, dədən yansın?!

Adamın həqiqətən ciddi problemi varmış: xasiyyətin ada bu qədər uyğun gəlməməsini ilk dəfəydi görürdük. Bu da bir növ göylərin hökmünə əks olan anomal hadisədir.

2500 il öncə qədim Şərqdə Lu əyalətinin Çanlin bölgəsinin Tszou kəndində doğulmuş Çin filosofu Kun Tszı (Avropa təbirincə - Konfusi) özünün Müdriklik dərslərini keçən zaman şagirdlərinə belə demişdi:

Göylərin hökmünü bilmədən alicənab adam ola bilməzsən.

Ayinləri bilmədən özünü təsdiq edə bilməzsən.

Deyiləni anlamadan insanları tanıyıb anlaya bilməzsən.”

“YM”-da Anarın müsahibəsini oxuyanda fikirləşirsən: Fransada hər dahinin kölgəsində əzab çəkən bir qadın yatdığı kimi, bizdə də sanki hər istedadın kölgəsini qılınclayan bir paxıl marığa yatır! Ədəbiyyatda da, kinoda da, teatrda da, tele-radioda da, mətbuatda da, elmdə də, təhsildə də... belədir. Hər halda əlli ildir belə gördük.

Nə zalım adamlarmış paxıllar!
***

Təbii ki, Anarın “YM”-dakı hədyanları cavabsız qala bilməzdi.

Və adının mənası kimi akif adam olan (yəni “guşənişinliyinə baxmayaraq, çox çalışqan, işə can yandıran olan”) Akif Əli mənalı bir başlıq altında həmin cavab məqaləsini yazdı (“Şərq”, “Ədalət” qəzetləri, 30 iyul 2004): “Anlatmaq problemi...”
“Allah sənə rəhmət eləsin, M.Ə.Sabir!

Azərbaycan Yazıçılar Birliyinin sədri ilə “Yeni Müsavat” qəzetinin müxbiri arasındakı silsilə söhbətdə (bax: “YM”, 24 iyul 2004) mənimlə əlaqədar deyilmiş fikirlərə münasibətimi bildirmək istəyirəm. Çünki hər iki tərəf olayı təhrif etmişdir. Müxbirin səhv tərtib etdiyi suala müsahib də mahiyyətə varmadan əsassız cavablar vermişdir və nəticədə, guya mənim nəyisə səhv dediyim haqqında səhv təsəvvür yaradılmışdır. Dəqiqləşdirməni həm də ona görə zəruri sayıram ki: a) Sözə və oxucuya hörmətim var; b) Mətbuatda çalışdığım iyirmi beş il ərzində hələ təkzib olunan səhv, əsassız bir söz dediyim, yazdığım, yaydığım yadıma gəlmir.


“YM” müxbirinin sualı belədir: Qurultaydan əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli qurumda maliyyə maxinasiyaları olduğunu iddia etmişdi. Buna münasibətiniz necədir?”

Müşahidə etmişəm ki, gənc müxbir Sevinc Telmanqızı nədənsə nəzərində tutduğu məlumatları mənim dediyim kimi yox, özünün sərbəst interpretasiyasında verməyi xoşlayır. Hələ AYB qurultayı öncəsi də o, AYB-nin başqa bir səlahiyyətli əməkdaşı ilə söhbətinin sonunda mənim fikrimi eynən indiki kimi yanlış yozumda dərc etmişdi (bax: “YM”, 11 may 2004). O vaxtkı danışığımızdan və mənim mətbuatda etirazımdan sonra yenə səhv yozumunu təkrarlayırsa, demək bu kiməsə çox lazımdır.

Məsələ ondadır ki, Akif ƏLİ on beş ildir AYB-nin üzvü olsa da, heç vaxt onun daxili işlərinə qarışmayıb, daxildəkilərin nəinki maxinasiya, ya anti-maxinasiya fəaliyyəti ilə, heç yazdıqları əsərləri ilə də maraqlanmayıb, hətta qurumun binasına ekskursiyaya da getməyib. Odur ki müxbirin heç bir fakta əsaslanmadan öz sualını - Akif Əli qurumda maliyyə maxinasiyaları olduğunu iddia etmişdi”- şəklində formullaşdırması reallıqdan uzaqdır və səhvdir.

Hələ mayın 11-dəki yanlışlığı təkzib edərkən bildirdiyim kimi, indi iyulun 28-də də təkrarlamaq məcburiyyətindəyəm ki, AYB büdcəsi barədə ilk dəfə aprelin 29-da “Şərq” qəzetinə dediklərim tamamilə rəsmi sənədlərə əsaslanan dəqiq faktların konstatasiyası idi (yəni müdaxiləsiz göstərilməsi). Və həmin informasiyada nəinki “iddia”, heç adi şərh də yox idi.

Bütün azad, demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da dövlət büdcəsi şəffafdır və büdcə haqqında sənəd ictimaiyyət üçün açıqdır. Onun kütləviləşməsinə yasaq qoyulmur, əksinə dərci zəruridir.

Lakin bu adi məlumat AYB-nin sıravi üzvlərini təəccübləndirdiyi qədər də rəhbərliyini həyəcanlandırmışdı. İlk öncə AYB katibliyi müxtəliv KİV-lərdə guya bu məlumatın “yanlış olduğunu” iddia etməyə başladı. Onlar əzmlə qatığın qara olduğunu sübuta çalışırdılar. Gah bu məlumatı müxbirin “özündən” yazdığını, gah tamam “yalan” olduğunu, gah onu deyənin “naşılığını” bəyan etməklə ədəbi ictimaiyyəti çaşdırmaq istədilər. Lakin müxtəlif “profilaktik” cəhdlərin səmərəsizliyini görən AYB katibliyi sonradan taktikanı dəyişib büdcədən maliyyələşdiklərini etiraf etdi. Bu artıq onların neçənci dəfə məğlubiyyətinin etirafı idi. Ancaq paradoksaldır ki, bu dəfə məhz mənim açıqladığım rəqəmləri göstərərək yenə də - “Akif Əli səhv deyib” fikrini əlavə edirdilər. (Maraqlıdır, deyilmi?)

Bax elə həmin vaxtdan AYB-nin cəhdləri ilə “YM” müxbirinin yozumlarının parallel “inkişaf etdiyini” müşahidə etmişəm.

Mən “Şərq”ə nə demişdim? Demişdim ki, həqiqətən “Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2003-cü il tarixli Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsündə hər il olduğu kimi bu il də Azərbaycan yazıçıları üçün müəyyən büdcə vəsaiti nəzərdə tutulmuşdur. Mövcud iqtisadi-sosial problemlərə baxmayaraq, hökumət ziyalı əməyinin qiymətləndirilməsini, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Milli ədəbiyyatımızın inkişafına şərait yaratmaq, yüksək zövqlü müasir ədəbi nümunələrin meydana çıxmasına kömək etmək və yaradıcı əməyin stimullaşdırılması məqsədilə cari ildə Azərbaycan yazıçılarının istifadəsi üçün ümumilikdə 1 166 600 000 (bir milyard yüz altmış altı milyon altı yüz min) manat vəsait ayrılmışdır (təqribən 236 min ABŞ dolları). Büdcə sənədində “Xərclərin istiqaməti” bölməsində ayrıca qeyd olunan Yazıçılar Birliyinin saxlanmasına 338 milyon 600 min manat nəzərdə tutulur. Bunun 240 milyon manatı Mərkəzi aparatın, 98 milyon 600 min manatı isə yerli şöbələrin xərcləri üçün ayrılmışdır. Göstərilən ümumi məbləğ daxilində qəzet və jurnalların hər birinə də ayrı-ayrılıqda vəsait müəyyən edilmişdir. Həmin bölgüyə görə: “Azərbaycan” jurnalına – 250 milyon manat; “Qobustan” jurnalına – 55 milyon manat; “Ulduz” jurnalına - 111 milyon manat; “Literaturnıy Azerbaydjan” jurnalına – 122 milyon manat; “Ədəbiyyat” qəzetinə – 290 milyon manat ayrılmışdır. (Bax: “Azərbaycan Respublikası Qanunvericilik Toplusu”, №12, 31 dekabr 2003-cü il, II kitab, maddə 720, səh. 2413 )

Vəssalam.

Elementar tutuşdurma göstərər ki, “Yeni Müsavat”ın 11 may tarixli nömrəsində AYB-nin verdiyi “təkzib”də mənə aid olan yalnız büdcə vəsaiti ilə bağlı rəqəmlər (çünki orada başqa məsələlərə də toxunulurdu) “Şərq”in 29 aprel sayında dediklərimin təkrarıdır. Mən yalnız AYB-nin dövlət büdcəsindən maliyyələşdiyini demişdim və bunu yenə deyirəm. Cəmiyyəti hökumətin fəaliyyətinə dair doğru-düzgün informasiya ilə təmin etmək mənim vəzifə borcumdur və mən gün ərzində müxtəlif KİV-lərdən axın-axın gələn suallara, xahişlərə, müraciətlərə səlahiyyətim daxilində müvafiq cavabları, izahları, yaxud kütləviləşməsi məqbul sayılan informasiyaları verirəm. Lakin hələ AYB-dən başqa NK MX-dən çıxan rəsmi informasiyalara (qeyri-rəsmi söhbətlər, danışıqlar isə bizim üçün ümumiyyətlə yayılmalı informasiya statusunda deyil) etiraz edən, narazılıq bildirən, təəccüblənən, ya təəssüflənən olmayıb.

O ki qaldı AYB-nin büdcə vəsaitini necə, nə cür, hara xərcləməsi, yaxud katiblikdə hansısa “maliyyə maxinasiyaları” olması, ya olmaması barədə mən heç vaxt, heç yerdə, heç bir söz deməmişəm. Əgər həmin büdcə rəqəmləri ətrafında sonradan kimlərsə müzakirələr aparıb, hansısa maxinasiya faktları aşkarlayıbsa, yaxud özünün bildiyi hansısa əlavə gəlir mənbələrindən danışıbsa, başqa daha nələr deyibsə - bunlar mənlik deyil. Mən bu mövzuda diskussiyalara qatılmamışam və rəsmi sənədə şərh verməmişəm. Mətbuatı diqqətlə izləyən hər bir ciddi oxucu bunu bilir. Arxivlər də durur.

Bəs AYB təmsilçisi yenə nədən qeyzlənib - “Bir hökumət məmurunun uydurub müxalifət mətbuatına ötürdüyü iftira” deyə qaydasız döyüşə atılır? Ümumiyyətlə, ən yüksək səviyyədə təsdiqlənmiş və mənbəyi bəlli rəsmi dövlət sənədinə iftira”, çirkin yalan”, hansısa təxribat planının tərkib hissəsi” demək sağlam vətəndaş mövqeyidirmi? Bu daha çox öz personasının əhəmiyyətlilik görüntüsünü şişirtməyə bənzəmirmi?!

Axı, Akif ƏLİ harda, haçan, hansı KİV-də deyib, yazıb ki, “qurumda maliyyə maxinasiyaları var”? Ki bunu şəxsən öz gözləri ilə görüb oxuyandan sonra AYB yetkilisi də “adekvat” şərhini verir. Adam sanki cavablandırmaq istədiyi sualın məğzini normal tərzdə dəqiqləşdirmək əvəzinə, sualın məhz bu cür qoyuluşunu arzulamış və irəli atılmış…

Ancaq hər halda mən hesab edirəm ilk növbədə sualını belə çaşdırıcı (ya qızışdırıcı) nüvə üzərində qurduğu üçün “YM” müxbiri təkzib verməlidir.
İkinci tərəfin (yəni AYB sədrinin) reaksiyasına münasibət bildirməzdən öncə isə hörmətli oxucuların diqqətini bir maraqlı məqama yönəltmək istərdim: görən AYB büdcəsinin mətbuata çıxarılması hansı qəbahəti aşkarlayıb ki, kimlərsə bundan belə rəncidə olub? Mənim açıqladığım rəqəmlər nə dövlət sirridir, nə hərbi sirrdir, nə kəşfiyyat, nə də əks-kəşfiyyat. Hətta rəsmi dövlət idarələrinin büdcəsi belə ictimaiyyətdən gizlin deyilsə, yaradıcı qurum olan AYB-nin büdcəsi nədən köhnə təfəkkürlə sirrli, sehirli, gizli, mübhəm pərdələrə bürünməlidir?

Bayırda artıq dörd ildir XXI əsr gedir, cənablar…

Əlbəttə, bunun sadə bir məntiqi izahı olduğu təxmin edilir: rəsmi sənədlərdə öz əksini tapmış, “gizlin” qrifi olmayan bir informasiyanın oyatdığı ajiotaj yalnız onunla bağlı ola bilərdi ki, görünür AYB rəhbərliyi indiyədək dövlətin yazıçılara qayğısını inkar edərək büdcə vəsaitini öz üzvlərindən, ümumən ədəbi ictimaiyyətdən gizlədirmiş. Yaxud geniş dairədə müzakirəsini “məsləhət bilmirmiş”. Müraciət edən sıravi üzvlərə isə özlərini kimsəsiz, fağır, kasıb təşkilat kimi göstərirmiş. Ancaq həmin açıqlamadan sonra naqolay vəziyyət yaranıb... Bunun başqa izahı yoxdur.

Neçə illərdir yazıçılar qurumunun dağılmayıb saxlanmasının daxili imkanlarla və sədrin şücaəti ilə deyil, birbaşa dövlətin iradəsi və qayğısı ilə olduğunu görən sadə yazıçı həmkarlarımızın AYB rəhbərliyinin guya “xilaskar” imicinin bir əfsanə olduğunu söyləməsi isə artıq çox təbii idi...

Və Akif Əli məhz bu motivlərə görə AYB “elitasının” qəzəbinə tuş gələ bilərdi, daha verdiyi məlumatın guya “yanlış olduğuna” görə yox!

Həqiqət budur.

Hər halda üç-dörd ay əvvələ qədər qapalı olan məsələdən söz düşəndə indi əgər AYB rəhbərliyi dövlət büdcəsindən maliyyələşdiyini inkar etmirsə, bunu etiraf edirsə, demək mənim açıqlamamda heç bir “kriminal” olmayıb. Mən heç nə “uydurmamışam”.

Bəs hücumlar nəyə görə idi?..

Əlbəttə, bütün bu həqiqətlərin daha geniş təhlilini mən AYB-nin ötən qurultayında verə bilərdim. Ancaq nə yazıq ki, bəlkə də elə bu ehtimala görə məni qurultaya mandatlı nümayəndə “seçmədilər”. Mən yalnız “dahilərə” qonaq getdim...
Nəhayət, gənc bir müxbirin yedəyində onun açdığı cığırla gedərək qoyulan sualın mahiyyətinə varmadan (yaxud varmaq istəmədən, ya vara bilmədən və s.) AYB sədrinin verdiyi təəssüfdoğuracaq qədər qaba cavabları isə yalnız unikal bir təfəkkürün subyektiv frazeoloji təzahürləri kimi səciyyələndirmək olar. Sovet rejimindən fərqli, indiki demokratik mühit tələb edir ki, müəyyən titul və vəzifə sahibləri həmin reqaliyaların yüksək məsuliyyətini də dərk etsin və bu məsuliyyəti şəxsən özü daşısın. Bir zamanlar olduğu kimi, partapparat sənin əvəzinə işləyəndə, poz verə-verə uca kürsülərdə oturmağa nə vardı ki?! Məşhurlaşdıqdan sonra ətrafdakılara həqarətlə baxmaq, hamıdan şübhələnmək, hər şeydən xoflanmaq, hər macalda kin saxlamaq, hər dinəndə kobudluq saçmaq, hikkə nümayiş etdirmək, əksərin antipatiyasını yalnız bəzilərinin paxıllığı, istedadına qısqanclığı kimi qələmə vermək, istedadlı gəncləri isə qısqanmaq, hər vəchlə közü öz qabağına çəkib yalnız özünü və özününküləri düşünmək – bu, Ziyalı obrazı deyil, bu başqa obrazdır!

Hələ mən o incə nüansa toxunmuram ki, “Yeni Müsavatın” tribunasına qalxıb dövlətçilik təfəkküründən uzaq primitivliklə dövlət məmuruna həqarət etmək, dövlət sənədinə şübhə ilə yanaşmaq, hökumət məmurunun rəsmi sənədə əsaslanan informasiyasını məsuliyyətsizcəsinə “iftira və uydurma” adlandırmaq, üstəlik heç bir əsas olmadan tanımadığın adamları təxribatda, devrilişdə və s. günahlandırmaq – yumşaq desək yolverilməzdir.

Bir sözlə, silsilə müsahibədə yalnız mənimlə əlaqədar səhv sual ətrafında söylədiyi əsassız ifadələrə görə ümid edirəm “YM” müxbiri ilə birgə AYB yetkilisi də heç olmasa üzr istəyəcəkdir.
Ümumiyyətlə isə “YM” müsahibinin qəzəbli fikirlərlə zəngin leksikonu mənim üçün gözlənilməz deyildir. Prinsip etibarilə suallara müsahibin nə cürə cavab verə biləcəyini öncədən intuitiv təxmin etmək olar. Çünki adamı yaxından tanımasan da onun yazısına, danışığına, davranışına əsasən təfəkkür tərzinə və fərdi konstitusion mahiyyətinə də bələd olmaq mümkündür. Lakin bu gün “Yeni Müsavat”da daha gen götürmək imkanı əldə edərək aylardan bəri dolmuş içini boşaldan birisinin -hökumət məmuruyla müxalifət qəzetlərinin əlbir olub eyni mövqedən çıxış eməsinə sevinməsi” lap gülünc ifadədir. Axı o nəyə sevinir? Bəlkə, əlinin altında yatan telefonu götürüb rəqib saydığı məmurla nəyisə aydınlaşdırmaqdansa, müxalifət qəzetinə dəruni mətləblər barədə “şok-açıqlamalar” verməyi gələcək üçün daha qarantili bilən bu kimsə ona sevinir ki, virtual rəqibə zərbə endirmək üçün “müfaviq orqanlara” üstüörtülü donosvari bir eyham fürsəti bulubdur: hökumət məmuruyla müxalifət qəzetlərinin əlbir olub eyni mövqedən çıxış etməsi”... (Əcəb gülməlidir!)

Yenə “həmin dalğa, həmin koordinat”...



Ancaq nə etməli ki daha zaman o zaman deyil! İndi nə Lenin var, nə NKVD, nə KQB!
P.S. Təbii ki, heç bir parametrlər üzrə o mənim səviyyəmin adamı deyil. O, mənim rəqibim də deyil. O sadəcə mənim ölkəmin 1000+ yazarından biridir. Hələ Sovet dövründən mifləşib. Haqqında iki yazı da mən yazmışdım, ikisi də müsbət. Ancaq bir halda ki, özü bunu istədi, mif haqqında üçüncü yazını da tezliklə yazaram, inşallah!”
***
Anara “Anlatmaq problemi” adında belə kəskin cavab yazandan sonra təbii ki Akif Əlini daha onun sədrlik etdiyi qurumda saxlamayacaqdılar! Bu aydın idi. Amma bu Akif Əlini heç ilgiləndirmirdi. Bilirdi ki, AYB rəhbərliyi bundan belə sadəcə marığa yatıb onun AYB üzvlüyündən çıxarılması üçün bəhanə axtaracaq, “dayaq nöqtəsi” tapmağa çalışacaqdı. AYB katibliyi öz dahi sədrinin cılız mahiyyətini bu dərəcədə çılpaqlıqla açan, onun yetkinlikdən uzaq mənəviyyatını mikroskopik analizlə faş edən, düşüncə tərzinin primitivliyini məntiqi təfəkkürün vasitəsilə əsaslı şəkildə ictimaiyyətə göstərən və ən başlıcası - adamın uzun illər ərzində mifikləşdirilmiş saxta ziyalı obrazının tam bir mexanizmini dəqiqliklə cızan yazıya az-az rast gəlinərdi. Düzdür Anarı və onun rəhbərlik etdiyi qurumu tənqid eləyən çox olub, var və hələ olacaqdı... Hərçənd “Anar AYB-dən getsə yazıçı kimi yox olacaq” fikrinə alternativ olaraq, Anarbarı düşünənlərdən biri günlərin bir günü vəcdə gəlib belə demişdi: “Hesab edirəm ki, bu gün Anarın Yazıçılar Birliyinə yox, Yazıçılar Birliyinin Anara ehtiyacı var. Mən bu sözləri... son dəfə 1987-ci ildə çap olunan bir yazıçı kimi deyirəm”. Amma son dəfə 1987-ci ildə (!) çap olunan adamın on səkkiz il ədəbi qəflətdə yatandan sonra qəflətən ayılıb özünə “yazıçı” deməsi nə qədər incə yumor hissindən xəbər verirdisə, onun “AYB və Anar” əlaqələrinin konseptual bağlılığına dair dediyi sərrast fikirləri ciddiyə almaq üçün də bir o qədər güclü abstrakt təfəkkürə malik olmaq lazım idi. Hər adamda belə şeylər olamaz!.. “Zato” on səkkiz il işıq üzü görməyən (çap mənasında) “yazıçının” sözləri başqa bir anologiyanı yada salır: “Lenin deyəndə partiya düşünürük biz, Partiyanı düşünsək Lenin deyir dilimiz”... Bəli, mübaliğənin belə utrirləşdirilmiş hipertrofiyası şura hökuməti zamanlarından qalma norma idi. Amma bu gün yeniləşmiş ölkəmizin heç bir yerində daha bu sayaq ideoloji anomaliyalar qalmayıb – Azərbaycan Yazıçılar Birliyinin binasından başqa. Bu isə sədrin iradəsidir ki, dar bir dairədəkilər AYB deyiləndə Anarı düşünür, Anardan danışanda AYB yada düşür... Bu təşkilatda çalışanlar daim axtarışdadırlar, onlar harda Anarı tərifləyən adam görsələr dərhal tutub AYB-yə gətirir, üzvlük “knijkası” ilə mükafatlandırırlar. Eynilə Anarı tənqid edənlərin də cəzası çox ağırdır – onlar təxirə salmadan AYB-nin üzvlüyündən çıxarılırlar. AYB-çilərin təsəvvüründə sədri tənqid edən “düşmənə” bundan ağır cəza ola bilməz. Tənqidin təftişi, arzqumentlərin araşdırılması, tənqiddən nəticə çıxarılması, tənqidə obyektiv yanaşma, doğrunun düzgün qavranılması... və s. bu sayaq rasional variantlar heç ağıla gəlmir. Çünki bu binada həqiqətən bir anlamaq problemi yaşanır.
***
AYB-yə üzvlük məsələsi AYB daxilində baş verən neqativ halların ən absurdudur. Deyilənə görə orada istənilən adam AYB-nin üzvlük biletini müəyyən məbləğ ödəməklə ala bilər. AYB rəhbərliyinin bütün addımları kimi, üzvlük məsələsinin də əvvəlki planlı təsərrüfat dövrlərindən fərqli olaraq bu günün azad bazar iqtisadiyyatı şəraitində heç bir sağlam prinsipə əsaslanmadan sırf subyektiv mülahizələr əsasında aparıldığı göz qabağındadır. Ötən il “Exo” qəzetində (“Exo”, İnternet-forum, 8 may 2004) Ukraynalı Sergey adlı bir nəfərin AYB-nin üzvlük biletini “alması” münasibətilə restoranda qonaqlıq verən bir qohumunun “yaradıcılıq əzabları” barədə xatirələri dərc olunmuşdu: “...Bu yaxınlarda Bakıya bir qohumumgilə getmişdim. Restoranda yığışıb onun AYB-yə üzv qəbul olunmasını “yuduq”. Təsəvvür edirsinizmi, o mənim bir zamanlar çox hörmət bəslədiyim bu quruma daxil olmaq üçün... pul vermişdi. Bəli, sadəcə AYB-də çalışan bir məsul işçinin vasitəsilə arzuladığı üzvlük biletini satın almışdı. YB-də bu gün belə “bespredelin” olması normaldırmı?” Güman edirik AYB-də araçılıq edən “məsul işçinin” kimliyi də hamıya məlumdur. Əvvəllər məsələn desəydin ki, “Budağın xatirələri” əsərində əla təbiət təsvirləri verdiyi üçün yazıçı Əli Vəliyevi Rəssamlar Ittifaqına üzv qəbul etmək lazımdır, yəqin ki adamı ən azı “Suren Osipyana” aparardılar. Yaxud “Aygün” poemasında uğurlu bəstəkar obrazı yaratdığına görə xalq şairi Səməd Vurğunun Bəstəkarlar İttifaqına üzv qəbul edilməsi hörmətli şairə həqarət kimi qəbul edilərdi! Amma və lakin... ...İndiki AYB rəhbərliyi üçün fəaliyyət tərzinin bu növü adi iş normasıdır. Çünki indiki AYB rəhbərliyi üçün artıq əndazə anlayışı mövcud deyil. “Ədəbiyyat qəzeti”nnin 21 aprel 2000-ci il tarixli sayında dərc olunmuş belə bir məlumata fikir verin: “Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti yığıncağı olmuşdur. Birliyə yeni üzvlərin qəbulu məsələsi də müzakirə edilmişdir. Qəbul komissiyasının təklifiylə 40 nəfər Birliyin üzvü olmuşdur. Xalq rəssamı Mikayıl Abdullayevin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunması da təklif edilmişdir. Çıxış edənlər görkəmli rəssamın... klassik söz ustadlarımızın portretlərinin yaradılması, ədəbi əsərlərə illüstrasiyalar, “Kitabi-Dədə Qorqud” dastanı motivlərində rəngkarlıq əsərlərinin çəkilməsi işində xüsusi xidmətlərini qeyd etmişlər. Xalq rəssamı Mikayıl Abdullayev Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.” Bəli, belədir! AYB-nin üzvlük biletinin bazarlıq predmeti olması barədə söz-söhbətlər çox dolaşır. Ən son məlumatlardan biri də budur ki, Anarın 2005-ci il deputat seçkisi zamanı “təşviqat qrupunun” tərkibində Göyçaya səfər edib Anarın propaqandasını yapan Türkiyəli memar Çingiz Bektaşa da minnətdarlıq əlaməti olaraq AYB sədri şəxsən özü bir ədəd üzvlük bileti təqdim etmişdir. Vaxtilə çox prestijli, çox hörmətli, çox da nüfuzlu sayılan bu biletin dəyərini indi Nazim Hikmət sevərlər Gülhanə parkındakı ceviz ağacının meyvəsinə tay ediblər. Odur ki, bu qurumun üzvü oldun nədir, olmadın nə?!

***


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin