Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə13/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

Akif ƏLİ. Бюйцк бяла


«...áó ýöí Àçÿрáàéæàíûí ÿí áþéöê, ÿí àüûр ïрîáëåìëÿрèíäÿí áèрè ãà÷ãûíëàрëà áàüëû ïрîáëåìäèр. Éÿíè "Éóõàрû Ãàрàáàü" ïрîáëåìèíäÿí ñîíрà ìöñòÿãèë рåñïóáëèêàìûçûí ùÿëë

åòìÿëè îëàæàüû íþâáÿòè áþéöê áÿëàäûр. ßñëèíäÿ ãà÷ãûíëûã äàëüàñû åëÿ Ãàрàáàü ìöíàãèøÿñèíäÿí äîüäóüó ö÷öí áó èêè ìÿñÿëÿ áèр-áèрè èëÿ ñûõ áàüëûäûр. "Åрìÿíèñòàí"äàêû ñîéäàøëàрыìûç

ìÿùç Гàрàáàüûí ìöäàôèÿñèíÿ ãàëõäûãëàрû ö÷öí åрìÿíè ãóëäóрëàрû îíëàрû

éóрä-éóâàëàрûíäàí äèäÿрýèí ñàëìûøëàр...

Ñîíрà Þçáÿêèñòàíäàí äèäÿрýèí ñàëûíàí Àõûñêà òöрêëÿрèíèí, Éóõàрû Ãàрàáàüäàí, ñÿрùÿä áþëýÿëÿрèíäÿí ÷ûõàíëàрûí äà òàëåéèíÿ àüûр ãà÷ãûíëûã ìÿùрóìèééÿòëÿрè éàçûëäû. Áåëÿæÿ äþрä èëäèр êè, рåñïóáëèêàìûçäà éàрûì ìèëéîíàäÿê èíñàí îæàã èñòèñèíÿ, äîüìà åâ-åøèê ùÿíèрèíÿ, áàü-áàüàò áÿрÿêÿòèíÿ, ÷þë-÷ÿìÿí ýþçÿëëèéèíÿ ùÿñрÿò-ùÿñрÿò þìöр ñöрìÿêäÿ,

õîø ýöíëÿр öìèäè èëÿ ýöçÿрàí êå÷èрìÿêäÿäèр.



(декабр 1992)

***


2004-də ədəbi yaradıcılığını davam etdirən Akif Əlinin iki kitabı çapdan çıxdı: “Ədəbiyyat haqqında düşüncələr” və “Böyük ömrün anları”. Bundan başqa o, mətbuatda bir neçə məqalə dərc etdirdi, müsahibələri çıxdı. Ancaq... ədəbi prosesin mərkəzində olan və son illər kifayət qədər məhsuldar işləyən Akif Əli bu məhsuldarlığının müqabilində AYB tərəfindən “çox ciddi cəzaya” məhkum edildi.

Yazıçı-publisist, filologiya elmləri namizədi Akif Əli: “Bu da bir ömürdü yaşayırıq...!” (“Ədalət” qəzeti, 24-25 fevral 2005):



Əbülfət Mədətoğlu: - Akif müəllim, bu gün sizi yaşıdlarımıza və bizdən böyüklərə o qədər də təqdim etməyə ehtiyac yoxdur. Amma zaman baxımından yeni nəsil də var. Bax, elə bu yeni zamanın yeni adamlarına tərcümeyi-halınızın sizə doğma olan anlarından bir neçə kəlmə deməyinizi istərdim.

Akif Əli: - Açığı bu o qədər də vacib olmasa da, amma tək mənim üçün yox, hər kəs üçün tərcümeyi-halı çox doğmadır. Mənim yaddaşımda doğulduğum Şuşa şəhəri, atamın işi ilə əlaqədar olduğum Zaqatala, Zəngilan, Lənkəran və digər rayonlar, birinci sinifə getdiyim Zaqatala şəhər orta məktəbi, ilk müəlliməm, bir sözlə, bütün ömür yolum yaddaşımda möhkəm saxlanıb. Bu yolda sevincli anlar da olub, kədərli məqamlar da. İstər yaradıcılıqla bağlı, istər şəxsi həyatla bağlı. Atamın qəflətən rəhmətə getməsi isə ömrümdə çox dərin izlər qoyub. Məhz bundan sonra çalışmışam ki, ona layiq olum. Elə bu minvalla da nə qədər ömrüm var yaşayacağam.

-Sizin də, mənim də və bütövlükdə yaşlılarımızın da bəxtinə keçid dövrü düşdü. Bu mənada arzularımızla həyatımızın arasında, istəklərimizlə imkanlarımızın, reallığın arasında xeyli təzadlar yarandı, fərqlər ortaya çıxdı, mənəvi sarsıntılar özünü göstərdi. Bir böyük Vətən anlayışından, doğma Vətən sevgisinə qayıtdıq. Yəni hər gün imtahanlar və sınaqlar... Bax, bunları siz necə yaşadınız?

-Biz tez-tez sovet dövrünün nostalgiyası ilə üz-üzə gəlirik. Bu cür düşünən, yaşayan insanlar aramızda az deyil. Bu da müxtəlif kateqoriyalı adamlarda müxtəlif səbəblərdən irəli gəlir. Yəni bu həm məişətlə, həyatla bağlı ola bilər və yaxud da yaracılıqda əgər nostalji varsa, bunlar hamısı başadüşüləndir. Konkret mənə gəldikdə isə, istər bir şəxs olaraq məişətimdə hər hansı bir çətinlik, çatışmazlıq olsa da, yaradıcı adam kimi mənim üçün imperiyadan xilas olmaq çox böyük önəm daşıyır. Bütöv bir tarixi konteksdə götürəndə Azərbaycanın 90-cı illərdə imperiyadan qurtulub müstəqil dövlət kimi dünyada tanınması son dərəcə böyük tarixi bir hadisədir. Çünki Azərbaycanın dövləti və dövlətçiliyi eradan əvvəl də olub, sonrakı əsrlərdə də. Ancaq bu gün məişətdə müəyyən problemlər var ki, bunlar Azərbaycanın müstəqilliyinin günahı deyil. Bu, dövlətdə həmin vəzifələrin məsuliyyətini daşıyan adamların günahıdır. Özümüzün günahımızdır.



-Sovet dönəmində sandıq ədəbiyyatlarından söhbət gedirdi, hansısa müxtəlif əsərləri böyük çətinliklərlə oxucuya çatdırmaqdan söhbət gedirdi. Ancaq bu gün söz azadlığıdır. Amma nədənsə bu gün həmin o dövrdə yazılan əsərlərdən irəli gedən yeni heç nə yoxdur. Bu nə ilə bağlıdır?

-Sadəcə olaraq indi ictimai-siyasi məqamla bağlı ədəbiyyatın yönü dəyişib. Tutaq ki, sovet imperiyası dövründə hər şey bir ideologiya ilə cilalanırdısa, adamları azadlıq, müstəqillik hissləri ilə kökləyən, onlara bunu aşılayan müəyyən əsərlər də yaranırdı. Lap elə "Gülüstan" poeması kimi. Və bəzən də həmin o azadlıq, müstəqillik duyğularını bir cümlənin, bir fikrin içərisində oxucuya çatdırmaq üçün söz adamları böyük yaradıcılıq ustalığı göstərməli olurdular. Ancaq indi həmin o müstəqillik, azadlıq bizimlə birlikdə olduğundan daha onun sovet dönəmində edilən təbliği və onun uğrunda mübarizəyə çağırış motivləri bir qədər arxa plana keçib. Ona görə də indi ədəbiyyat öz mövzusunu tapmalıdır. Bax, məsələ bundan ibarətdir. Situasiya dəyişdiyindən, görünür, ədəbiyyat da öz predmetinimi, istiqamətinimi dəyişməlidir.



-Akif müəllim, məncə ədəbiyyat ilk öncə qələmdən kağıza qədər yol keçir və sonra oxucuya üz tutur. Və deməli, olsa-olsa arada iki bölgü ola bilər, qələmdən kağıza, kağızdan oxucuya. Kağız deyəndə mən artıq nəşr olunmuş nümunələri nəzərdə tuturam. Əgər belədirsə, onda ədəbiyyatda digər bölgülər- nəsil bölgüsü, zaman bölgüsü nəyə lazımdır, bu, bizi hara aparır?

-Siz çox mürəkkəb və mühüm bir məqama gəlib çıxdınız. Bəli, ədəbi prosesdə gedən çəkişmələr həqiqətən də zaman bölgüsünün, nəsil bölgüsünün arasında gedir. Bu çəkişmələri analiz edəndə belə bir mənzərə yaranır ki, burada ədəbiyyat uğrunda yox, nüfuz uğrunda mübarizə gedir. Mübarizənin predmeti ədəbiyyat deyil. İndiki çağdaş ədəbi mübarizənin predmeti ya olan nüfuzu qoruyub saxlamaq, ya da yeni, daha yüksək nüfuza qalxmaqdır. Belə bir mübarizə gedir. Bir az da açıqlasam, bir qrup adam hesab edir ki, onlar müasir ədbiyyatın zirvəsini fəth edən nəsildir, artıq o zirvəyə və yaxud ondan da yuxarı qalxan heç kim yoxdur. Başqa bir nəsil hesab edir ki, yeni, daha güclü qüvvələr var və ədəbiyyat əvvəlki zirvələrdən də yuxarı qalxa bilər, sadəcə ona imkan verilmir. Təxminən fikrimi sizə çatdıra bildim də...



-Yaxşı, onda bəs niyə belədir?

-Xruşşovun dövründə yazıb-yaradan ədəbiyyatçıların bəxti onda gətirdi ki, sovet dövlətinin ideologiyasında yeniləşmə meylləri görünməyə başladı. Və buna görə də bütün təbliğat vasitələri dövlət daxilində gedən ideoloji yeniləşməni, həmin dövrdə ortaya çıxan ədəbi nümunələri də oxuculara yüksək səviyyədə çatdırırdılar. Etiraf edək ki, həmin dövrdə çox istedadlı təbliğatçılar, ilk növbədə isə qəzet, radio, televiziya jurnalistləri olubdur. Və yaranan ədəbi əsərləri dövlətin tələb etdiyi səviyyədə ictimaiyyətə təqdim edə biliblər. Amma bu o demək deyil ki, hansısa bir yararsız əsəri dövlət təbliğ edirdi. Xeyr. Sadəcə bu ədəbiyyat özündən əvvəlki, 30-cu, 40-cı illər ədəbiyyatından xeyli fərqlənirdi. Amma həyat bir yerdə dayanmır. İnkarı inkar qanunu tələb edir ki, inkişaf olsun, tərəqqi olsun, ədəbiyyat yeni mərhələyə qalxsın. Bax, bunun fonunda yeni ədəbiyyat, ancaq bunun qarşısı alınanda isə, problem yaranır.



-Akif müəllim, bəs qarşısı niyə alınır ki?

-Bax, elə əvvəldə dediyim kimi, tutulmuş mövqeləri əldən verməmək üçün, nüfuz dairəsini qoruyub saxlamaq üçün. Bir nəsil özündən sonra gələni nə yaxın buraxır, nə də qəbul edir. Bəzən bunu da görməməzlik və yaxud da onlar haqqında pis rəy yaratmaqla cəmiyyətə təqdim edir. Ancaq alternativ qüvvə qəbul olunmalıdır. Bu da nəsillərin toqquşması kimi yox, ədəbiyyatın toqquşması kimi baş versəydi, daha uğurlu olardı. Tutaq ki, 60-cılarla 80-cilərin, eləcə də 2000-cilərin, AYO-çuların və digərlərinin əsərləri ortaya qoyulub qarşılıqlı müakirə edilsə, bu, ədəbiyyatın xeyrinə olar. Təəssüf ki, bizdə bu gün belə deyil. Nəsillər mübarizə aparır. Sənət söhbəti əvəzinə, sənətin mahiyyəti yox, sənətətrafı çəkişmələr aparılır.



-İcazə verin, sizin fikirlərinizin müəyyən bir məqamı ilə razı olmadığımı deyim. Bir kobud atalar sözü var: "Ot kökü üstə bitər". Ona görə kobud deyirəm ki, müzakirə etdiyimiz mövzu ilə uyğun gəlmir, ancaq belə götürəndə Füzulini, Nizamini, Nəsimini, Səməd Vurğunu, Rəsul Rzanı və digərlərini danmaqla, qəbul etməməklə yalnız xarici ədəbi nümunələr üzərində yeni Azərbaycan ədəbiyyatı yaratmaq məncə, inandırıcı bir şey deyil. Axı, keçmişimizi inkar etməklə biz hara gedirik?

-Yaxşı, gəlin mübahisə edək. Yəni Füzulini inkar etməyə faciə kimi baxmayaq. Kimsə Rəsul Rzanı, Səməd Vurğunu bəyənmirsə, bu qəbahət deyil. Buna normal baxmaq lazımdır. Füzulini bəyənməmək olar, bu, normal haldır. Belə bir fikir var ki, Füzulini Mirzə Fətəli Axundov da qəbul etməyib. Onda Axundovun bütün əsərlərini yandırmalıyıq? Bu gün də Füzulini qəbul etməyən adamı məhv etmək olmaz axı. Fikir plüralizmi var, hər kəs fikrində sərbəstdi, sadəcə olaraq hər kəs bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır. Elmi şəkildə mübahisələr aparılmalıdır...



-Üzr istəyirəm Akif müəllim, nəyəsə söykənib, istinad edib bəyənməmək, qəbul etməmək mümkündür. Araşdırıb göstərəsən ki, bəli, Füzuli, Rəsul Rza, Səməd Vurğun və digərləri filan əsərində, filan fikrində yanlışdır. Əgər belə bir söykənəcək yer yoxdursa və keçmişi oxumamış, öyrənməmiş inkar etməyin özü də axı anormallıqdır. Eləcə də özüm də ortaya yeni heç nə qoya bilməmişəmsə, bu nə dərəcədə başadüşələndir?

- Gəl yenə mübahisə edək. Təkcə şairdən, yazıçıdan, publisistdən ibarət deyil ədəbiyyat. Ədəbiyyat həm də tənqidçilərdən, ədəbiyyatşünaslardan, əxlaq və mədəniyyət dəyərlərini təbliğ edən adamlardan, kulturoloqlardan və digərlərindən ibarətdir. Ola bilər ki, bir ədəbiyyatşünas, bir ədəbi tənqidçi özü heç bir bədii əsər yazmır, amma araşdırmaları əsasında dəyərli bir fikir deyir, onu faktlarla, öz araşdırmaları əsasında sübut edir. Belə olduğu halda ondan tələb etsək ki, sən niyə şer yazmırsan, bu doğru olmaz axı. Çünki o ədəbiyyatşünasdır, nəzəriyyəçidir, o yazıçı deyil. Sadəcə olaraq sənin dediyin bir məqamla razıyam ki, bəli, hər kəs öz fikrini əsaslandırmalıdır. Fikir konkret bir fakta söykənməlidir. O ki qaldı kiminsə Füzuliyə etiraz etməyinə, burada da o etirazının səbəbini əsaslandırmalıdır. Həm səni, məni inandırmaq üçün, həm də özünün Füzuliyə niyə etiraz etdiyini göstərmək üçün. Burda şərt heç də o deyil ki, o, Füzulidən güclü yazır, yoxsa zəif. Sadəcə yenə deyirəm, o etirazının motivini ortaya qoymalıdır. Məsələn, mənim zənnimcə Füzulini müəyyən məqamlarda bəyənməmək olar. Onun yaradıcılığında zaman baxımını götürək. Axı indi oxucuda o qədər böyük səbr yoxdur ki, Füzulinin poemalarını oxusun və yaxud onun təsvirinə vaxt ayırsın. Çünki inkişaf buna imkan vermir. İndi konkretlik, yığcamlıq oxucunu daha çox cəlb edir. Mənim dediyim bax bu məqam başqasını qane etməyə bilər, o da haqlıdır, mən də. Bütövlükdə kimin haqlı olduğunu isə sırf ədəbiyyatşünaslar, füzulişünaslar, nəzəriyyəçilər ortaya qoymalıdır. Və mən burada heç bir problem görmürəm və əvvəlki fikrimdə qalıram ki, kimisə Füzulini bəyənmədiyinə görə ittiham etmək absurddu.



- Gəlin yenə sizinlə razılaşmadığım bir məqama diqqət yetirək. Axı Füzuli bizdən neçə əsr əvvəl yaşayıb yaradıb və onun qələminin bəhrəsi olan o böyük Sözlər bu əsrləri keçib gəlib. Bu öz yerində, amma bizim XX əsrdə Sovet ədəbiyyatını yaradanlar da kimlərinsə qınaq yerinə çevrilib. Onda belə çıxır ki, biz 70 illik ədəbiyyatın üstündən xətt çəkək?

- Çox maraqlı, yenə deyirəm, mürəkkəb notlara toxunursunuz. Və söhbət bilirsiniz hara gəlib çıxır, bunu mən bir dəfə demişəm, yenə təkrar etmək məcburiyyətində qalıram. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə xeyli köklü islahatlar aparıldı, istər iqtisadiyyatda, istər siyasətdə, istər qanunçuluqda. Amma bütün bu islahatlar, böyük dünyaya inteqrasiya etmək yolundakı dəyərli addımlar (bunun yaxşı-pis tərəfləri öz yerində) təəssüf ki, bizim mədəni, mənəvi aspektimizdə, ədəbiyyatımızda, əxlaqımızda o qədər də hiss olunmadı. Amma bu da lazımdır. Məhz sizin o dediyiniz qlobal sualın cavabını tapa bilmək üçün lazımdır. Biz bilməliyik ki, bu günün kontekstində müasir Azərbaycana kimlər daha çox lazımdır. İstər eradan əvvəl, istər bütün əsrlərdə. Bax orta məktəb dərsliklərində, Sovet dövründə olduğu kimi, indi də son dərəcə lüzumsuz, şagirdə heç nə verməyən yazılar, ədəbiyyat nümunələri var ki, şəxsən mən bir fərd olaraq onları övladlarımın oxumasına imkan vermirəm. Amma bu bir adamın işi deyil. Bunu çox yüksək bir proqram çərçivəsində işləyib hazırlamaq, özü də Azərbaycanın yeni, müstəqil dövrü üçün hazırlamaq lazımdır. Hər kəs bilməlidir ki, milli dəyərlərə, dilə və dinə söykənən kimlər bu xalqın ədəbiyyatının özülü olmalıdır və xalq kimləri mütaliə etməlidir. Bu konsepsiya mütləq hazırlanmalıdır. Bax onda bəlli olacaq ki, sovet dövründən kimlər bu xalq üçün qalacaq. Yoxsa elə yenə də ucdantutma hamısı təbliğ olunur.



- Onda yenə mübahisə yaranır. Sizin deməyinizdən belə çıxır ki, ailədə olan beş övladdan biri əgər valideynlərin arzu və istəyinə uyğun hərəkət etmirsə, ümumiyyətlə, ailədə yamaq kimi görünürsə onu məhv etmək lazımdır? Və bu fikri ədəbiyyata köçürsək, axı hər bir qələm sahibinin heç olmasa bir misra, bir cümlə ədəbi xidməti var, sözə, millətə xidməti var. Bunlar necə olsun?

-Sizin bu dediklərinizi artıq elmi sahəyə, ədəbiyyatşünaslıqla məşğul olan institutlara yönəltmək lazımdır. Bunlar akademiyanın, ədəbiyyat institutunun predmeti olmalıdır. Həmin sahəni onlar araşdırmalıdır və kimlərisə sonradan həmin o böyük ədəbi konsepsiyaya daxil edə bilərlər. Yəni elmi müstəvidə gedən mübahisələr kimin kimliyini, yaradıcılığını ortaya qoymalıdır.



-Yaxşı, onda belə bir şey də soruşum. Bu gün Azərbaycanda ədəbiyyat və ədəbiyyat adamı özünü necə hiss edir?

- Ədəbiyyat adamı, söz adamı bu gün özünü o qədər də yaxşı hiss edə bilməz. Əvvəla, ona görə ki, həmin o söz adamı kitabı çap olunmaq üçün nə qədər zülmlər çəkir, onun çap olunmuş sözünə reaksiya yoxdur. Digər tərəfdən onun öz məişət problemləri, digər yaradıcılıq qayğıları və sairələr ədəbiyyat adamını sıxır. Amma ədəbiyyat adamı da gərək zamana görə dəyişməyi, yeniləşməyi bacarsın. Çünki indiki zaman bunu tələb edir. Onda ədəbiyyatın dinamikası da artar. Həm də ədəbiyyat adamı fikirləşməlidir ki, indi, bir göz qırpımında, əgər dünyanın istənilən bir nöqtəsindən internet vasitəsilə xəbər tutmağı bacarırıqsa, ekranda istədiyimiz bir əyləncəni, bir karnavalı, bir siyasi mübahisəni və s. izləyə biliriksə, onda yaradıcılıqda da bu dinamika özünü göstərməlidir. Artıq kərpic-kərpic romanlar, uzun-uzadı poemalar, təbiət təsvirləri oxucuya o qədər də ehtiyac deyil. Çünki bu həytın diqtəsidir, konkretlik, yığcamlıq, yeni və oynaq fikir daha tez diqqəti cəlb edir. Bir sözlə, ədəbiyyat yeni intellektual səviyyəyə qalxmalıdır. Düzdür, deyirlər ki, ədəbiyyat söz sənətidi, amma mən bununla razılaşmıram, zənnimcə, ədəbiyyat ən əvvəl ideya, fikir sənətidir, sonra söz. Çünki ideya, fikir olmayandan sonra boş, mənasız sözlər heç cür ədəbiyyat ola bilməz.



- Akif müəllim, son illərdə, aylarda Azərbaycan ədəbiyyatından təzə nə isə oxumusunuz?

- Bəli, oxumuşam, özü də daha çox gənclərin yaratdığı ədəbiyyatı oxumuşam. Gənc qüvvələrdən ona görə çox oxuyuram ki, onlarda təzə fikir daha çoxdur və konkretdir. Yəni onlar öz fikirlərini birbaşa deyirlər. Yaşlı nəsil bir fikri "səhifə-səhifə" bişirir, müxtəlif priyomlardan istifadə etməklə mənə təqdim edir və bu da şəxsən məni yorur, ancaq gənclər deyəcəkləri sözü birbaşa ünvanlayırlar. Yəni şıppıltı ilə öz fikrini, mətləbini qoyur ortaya. Məsələn, Rasim Qaracanın, Yaşarın, Nərmin Kamalın, Murad Köhnəqalanın, bir sözlə, AYO-çuların demək olar ki, mətbuatda dərc olunan əksər yazılarını oxumuşam. Yasəfin, Seymur Baycanın, Elnur Astanbəylinin çox maraqlı yazıları ilə qarşılaşmışam. Bilmirəm, qeyd edəcəksiniz, yoxsa yox, səmimi deyirəm, sizin də kitabınızı, yazılarınızı oxumuşam, məni razı salıbdır. Bir sözlə, bu gün mətbuat bolluğudu və bu da imkan verir ki, tez-tez yeni imzalarla, təzə sözlərlə qarşılaşaq. Ancaq qəzetlər demişkən, bir məqama da toxunum: indi qəribə dəb yaranıb, hansısa bir qəzet bir müəllifin beş-altı nömrə ardıcıl hansısa bir əsərini çap edir, sonra həmin qəzet bir mükafat təsis edir və həmin təsis etdiyi mükafatı da özünün çap etdiyi əsərə verir və bir müddət də belə reklam gedir… Çox gülünc şeydir.

- Akif müəllim, sizin adlarını çəkdiyiniz yeni qüvvələr bu gün müxtəlif istiqmətlərdən hücumlara məruz qalsa da necə deyərlər, gündəmdə olan gənclərdi. Sizin belə səmimi bir şəkildə onları hardasa diqqətə çatdırmağınız məndə belə bir fikir yaratdı ki, yəqin siz də həmin yeni ədəbiyyat yaradanların sırasındasınız?

- Yəqin xatırlayırsınız, mən elə "Ədalət" qəzetində onları müdafiə edən yazı ilə çıxış etmişəm və burada qeyri-adi heç nə görmürəm, söhbət yeni fikirdən gedir və mən deyim ki, onların bir çox cəsarətli fikirlərini alqışlayıram. Mən hesab edirəm ki, yeni qüvvələri tapdalamaq yox, müdafiə etmək gərəkdi, eləcə də köhnələri də süpürüb tarixdən atmaq olmaz, çünki bunların hər ikisi Azərbaycan torpağının, Azərbaycan xalqının yetirmələridir. Sadəcə hər kəs öz layiq olduğu qiyməti almalıdır. Kobud ifadə etsəm, xam nefti birbaşa maşının bakına doldurmurlar, əvvəl onu emal edirlər, sonra benzin formasında istifadə edirlər. Bu mənada yeniliyi tapdamaq yox, onun formalaşmasına, cilalanmasına şərait yaratmaq lazımdır. Bir də inkişaf gərəkdi axı, birdəfəlik bilməliyik ki, hər şeyi bir nəslin çiyininə qoymaq olmaz. Reallığa üz tutaq, Azərbaycan ədəbiyyatında Məmməd Cəfər, Əziz Mirəhmədov, Əziz Şərif, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov və digərləri var idi deyə Nizami Cəfərovun, Nizaməddin Şəmsizadənin, Məhərrəm Qasımlının, Arif Əmrahoğlunun, Tahirə Məmmədlinin, Şamil Körpülünün, Asif Rüstəmlinin yolunu bağlamaqmı lazım idi? Nədi-nədi Əziz Şərif var, bəs edər?! Onda bəs inkişaf necə olsun? Özü də nədənsə indiki yaşlı nəsil son dərəcə qısqanc olubdur. Mən özüm 15 ildi AYB-nin üzvüyəm, bir dəfə də olsun yadlarına düşməmişəm. Elə ki, bir tənqidi yazı ilə çıxış etdim, dərhal məni "yada saldılar". Özü də cavan ədəbi nəsli müdafiə etdiyimə və Nazim Hikməti tənqid etdiyimə görə. Yazdıqları cavab isə çox məzmunsuz və heç bir əsası olmayan fikirlərdən ibarət idi. Amma hər kəs bilməlidir ki, qiyməti oxucu verir.



- Sizcə yeni nəslin AYB-ya qarşı çıxışlarını üsyan adlandırmaq olar?

- Bilirsiniz problem orda nədən ibarətdir? Ondan ibarətdir ki, gənclər emosional halda, hətta təhqirə qədər getməklə öz fikirlərini söyləməyə çalışırlar, ikinci tərəf isə, yəni yaşlılar isə yenə çılğıncasına, yenə təhqiramiz formada onları inkar edirlər. Bu da həmin o dediyiniz etiraz formasında ortaya çıxır. Amma hər iki tərəf bir-birinə qarşı diqqətli olsa, oturub öz fikirlərini, öz əsərlərini ortaya qoyub müzakirələr etsələr, onda həm ədəbiyyat qazanar, həm sənət qazanar, həm də tərəflərin hər ikisi. Sadəcə olaraq qısqanclığı bir kənara atmaq lazımdır. Qoy fərqli düşünənlər düşünsün, indi sovet dövrü deyil ki, hamı bir marşla, nizami şəkildə meydandan keçsin. Düzdür, YB deyir ki, Birlik heç kimə yazı yazmağı öyrətmir, hər kəs gedib öz yazısını yazsın. Amma bu heç də doğru fikir deyil, əslində YB bilməlidir, kim nə yazır və necə yazır, bir ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən buna qiymət verilməlidir, məsləhətləşmələr olmalıdır. Bir ədəbi tənqid ortaya çıxmalıdır. O cümlədən də mənim 15 illik üzvlük dövrümdə mən belə şeyin şahidi olmamışam. Amma heç kim heç kimə deyə bilməz ki, sən yazma, bizə yaxın gəlmə, səni qəbul etmirik. Bunun üçün əsas olmalıdır, niyə yazmayım, niyə yaxın gəlməyim, bax bu suallar açılmalıdır. Onda etiraz da olmaz, sizin o dediyiniz üsyan da. Mən hər halda Yazıçılar Birliyini belə görmək istərdim.



- Akif müəllim, qarşıdan YB-nın qurultayı gəlir. Sizin dediklərinizdən mən müəyyən qənaətə gəldim, amma yenə bu qurultaydan nə gözləyirsiniz?

- Çox çətin sualdı. İndidən proqnoz vermək çətindi. Mətbuatda bir fikir var ki, bir qrup Anarı müdafiə edir, başqa bir qrup Zəlimxan Yaqubu müdafiə edir, müxtəlif adlar çəkilir, Çingiz Abdullayevin, Aqil Abbasın və başqalarının. Ona görə də proqnoz vermək bir az çətindi. Kim yazıçıların böyük əksəriyyətinin səsini qazanacaqsa, yəqin o da seçiləcək. Mən daha çox YB-nın vəzifələrinin müəyyənləşdirilməsi barədə düşünürəm. Düzdür, bəzən deyirlər ki, YB məişət problemlərini həll etmir, amma gəlin açıq deyək də, ümumiyyətlə YB lazımdırmı, bu orqan nəyə xidmət edir. Bəlkə elə cəmiyyətdə mövcud olan müxtəlif qrupları təmsil edən birlikləri YB-nın tərkibində birləşdirək. Qoy elə hamısı YB-nın tərkibində ayrı-ayrı qrup formasında fəliyyət göstərsin. Hər halda yəqin belə təkliflər də olacaq. Və bu birləşmənin də səbəbi açıqlanmalıdır.



- Akif müəllim, bizim hər ikimiz üçün önəmli olan bir məqamdan da danışaq, bu da Qarabağdır. Sizin son kitablarınızdan birinin adı "Öncə Vətəndir". Gəlin görək böyük silah sayılan Söz bu gün Qarabağ üçün, Vətən üçün hansı işləri görüb və ümumiyyətlə, görürmü?

- Doğru mülahizələrdi, həqiqətən də Qarabağı bizdən alanlar Söz adamları olub. İlk dəfə olaraq müharibəni ermənilərin söz adamları başladı. Balayan, Kaputkiyan və başqaları. Bizim söz adamlarımız neylədi? Heç nə. Faciələrimiz də bax ordan başladı. O zamankı Yazıçılar İttifaqı bir təşkilat kimi ayağa qalxmalı, söz deməli idi, bunu etmədi. Ayrı-ayrı adamlar, müəlliflər yox. Konkret olaraq böyük bir ordu olan Yazıçılar İttifaqı. Bu gün də Yazıçılar Birliyi Qarabağı, torpaqları geri qaytarmağın ən real təbliğatçısına çevrilməlidir. Bu mövzu demək olar ki, hər kəsin qələminin bəhrəsinə çevrilməlidir. Çünki Söz silahdan kəsərlidi…”

***
Beləliklə, artıq AYB-nin tam ictimai əhəmiyyətsiz, ballast bir təşkilat olması barədə fikrini qətiləşdirən Akif Əli özünün bu qurumdakı üzvlüyünün formal xarakter daşıdığının fərqində idi və yazıçılar təşkilatının sovet totalitar sistemindən miras qalmış köhnə strukturunun, mahiyyətinin yeniləşdirilməsini, müasir demokratik birlik formasına salınmasını zəruri sayırdı. Təbii ki, struktur dəyişikliyi avtomatik olaraq yeni müasir tipli rəhbərliyin də gəlməsini tələb edəcəkdi. AYB yetkililərini ən çox narahat edən, bəzi hallarda isə hətta təşvişə salan da elə bu məqam idi. Akif Əlinin müsahibinə dediyi “mövqelərin qorunması uğrunda” gənclərlə qocaların mübarizəsi də bu məqama işarə idi. Gənclər yeniləşmə istəyir, köhnələr isə hər hansı yeniləşmənin onları rəhbərlikdən kənarlaşdıracağı qorxusu ilə konservləşməni üstün tuturdular.

Bu çəkişmələr fonunda AYB sədri özünümüdafiənin bütün instinktiv və intuitiv metodlarından istifadə edir, özünü reklam etdirir, vaxtilə yararlandığı “yenilikçi” imajını qoruyub saxlamağa səy göstərir, komandasının mətbuata ötürdüyü materiallarda qarşıdan gələn növbəti qurultayda da AYB sədri postunda qalmaq istəyini büruzə verirdi.

“Kaspi” qəzetinin 11 mart 2005-ci il tarixli sayında “Ədəbiyyatın yönünü dəyişən yazıçı” pompez başlığı altında “Xalq yazıçısı Anarın doğum gününə” həsr olunmuş məqalədə bu fikir açıq-aydın görünürdü: “Yazıçı, dramaturq, publisist, ssenarist, esseçi, millət, dövlət və dövlətçiliyi hər şeydən üstün tutan ziyalı... ANAR elə bir vaxtda ədəbiyyata gəlib ki, o zaman Azərbaycan ədəbiyyatı kolxozdan, sovxozdan, Böyük Vətən Müharibəsindəki qələbədən yazırdı. Lakin o, 1960-cı ildə Azərbaycan ədəbiyyatında yeni bir cığır açdı ki, indi buna ANAR yolu desək yanılmarıq.”

Bu təmtəraqlı yazıda Anarın kino sahəsindəki xidmətləri də qeyd edilir.

Daha sonra qələmini poeziyada da sınadığı və bir çox uğurlu şerlər (?) yazdığı oxucuya bildirilir və Bəxtiyar Vahabzadənin şöhrətinin həsrəti ilə deyilir ki, guya Anar da “ömrünü millətin dərdlərini dilə gətirməyə, uzun illər içində yaşadığımız totalitar rejimin kökünü baltalamağa həsr etmişdir” və onu incitməyə ehtiyac yoxdur (yəni ona rəhm edin!).

Məqalənin sonunda “Haqqında ən çox böhtan yazılanlardan biri də məhz Xalq yazıçısı Anardır”- deyən pərəstişkar bu qənaətdədir ki, “Anar müəllimə böhtan atmaqla kimsə öz başını və ya ailəsini dolandırırsa, elə bu da Anar müəllimin böyüklüyüdür.” Təbii, bu qənaət heç də orijinal və obyektiv düşüncənin məhsulu deyil və açıq-aydın “Anarbarı” düşüncənin ifadəsidir. Çünki məhz Anar özü onun haqqında yazılan bütün tənqidi fikirləri birmənalı olaraq şər, böhtan adlandırır və Anarı tənqid etməklə guya kimsə çörək pulu qazanır fikrini deyir. Ancaq bu fikir o dərəcədə cəfəng fikirdir ki, inanmırıq məsələn, zaman-zaman Anarı tənqid etmiş Əkrəm Əylisli, Sabir Əhmədli, Kamil Vəli Nərimanoğlu, Nəbi Xəzri, Şamo Arif, Ələviyyə Babayeva, Vidadi Babanlı, Akif Səməd və başqa ziyalılarımız çörəksiz qaldıqları üçün ona “şər, böhtan” atmağa başlayıblar və dərhal çörəyə çatıblar!

Axı Azərbaycan ədəbiyyatında Ədəbiyyatı sevən və onun təəssübünü çəkən təmənnasız insanların olduğuna nə üçün şübhə edilməlidir ki? Nəyə görə Anarı qəbul etməyən yüz ziyalı, yüz yazıçı, yüz şair birdən-birə əl-qolunu çırmayıb böhtanla məşğul olmalıdır? Yəni belə çıxır ki, bu məmləkətdə hamı yalançıdır, şərçidir, böhtançıdır, - tək bircə Anar pakdır, təmizdir, idealdır?! Məgər belə olurmu? Və belə ola bilərmi? Biz bu yazıda Anar haqqında tənqidi fikirlər söyləmiş digər yazıçılara da ona görə söz verir, deyimlərindən sitatlar gətiririk ki, qoy oxucu özü hər kəsin niyyətini müəyyənləşdirsin: kim kimdir və kim nəyə qulluq edir? “Anarbarı” düşünən heyranlara daha bir xatırlatma: qəzet səhifələrində daim kobud danışan, qabalıq göstərən, başqasına qara yaxan AYB sədrinin ötən il guya “mətbuat səhifələrində şəratma, qarayaxma cəhdlərinə” etiraz edərək Mətbuat Şurasından istefa verməsi faktı çox səciyyəvi nümunədir. Çünki məhz prinsipial mövqe ortaya qoymaq, cəmiyyət həyatı üçün ciddi işlər görmək lazım olanda bir bəhanə ilə məsuliyyətdən yaxasını kənara çəkmək, xalqın mənafeyi naminə çalışa bilməmək, cəmiyyətin gərgin anlarında aradan çıxmaq... bütün bunlar fərdin ictimai əhəmiyyətsizliyinin əlamətidir ki, onu Mətbuat Şurasından da qaçırdır. *** Mühafizəkar AYB-çilərin postmodernist AYO-çularla yanaşı ən çox tənqid etdikləri gənclərdən biri də Şərif Ağayar idi. Çünki o da AYB-də yeniləşməni tələb edən istedadlı söz adamlarındandır. Belə bir məqamda Akif Əlinin gözlənilmədən “Ekspress” qəzetində dərc etdirdiyi məqalə (19 mart 2004) təkcə Şərifin özü üçün Novruz sürprizi deyildi, Şərifi “sidq-məhəbbətlə sevən dostları” üçün də xoş idi: “Poeziya mövzusunda dramatik mülahizələr”

“…Dünya belədir: “birisi” yazır, o biri pozur. Yəni birisi yazıçıdır, o biri pozucu. Birisinin əlində ağ kağız-qələm var, o birində qara mürəkkəbqabı. Birisinin istedadı var, o birinin istedadsızlığı. Birisinin əxlaqı var, o birinin əxlaqsızlığı…

Beləcə yaşayır dünya. Birisi deyir: “Desəm öldürərlər, deməsəm ölləm”. O biri deyir: “Necəsən qanmayam, dədən yansın?!” Hərə özünə oxşayır...

Şərif Ağayarsa baltanı kökündən vurur: “Bu dünya himindən çürükdü, qardaş”…


* * *
İnsanlar gəldi-gedərdi, həyatsa daimi. Və həm də daim dəyişəndi, yeniləşəndi həyat. Beləcə bəşəriyyət mütəmadi mədəniləşmə prosesinin içindən keçir. Amma bu proses sanki bizim sınırları ləng aşır. Ömürsə o qədər uzun deyil ki, planet boyunca gedən böyük inkişafın müqabilində oturub illərlə gözləyəsən ki, nə vaxtsa bizdə də mədəni inkişaf prosesləri sürətlənəcək. Odur ki bəzən özü gətirməyə cəhd edir yeniliyi çılğın yeni nəsil…

Nə olur-olsun, bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də (və onun nəhəng bir qolu olan ədəbiyyatda da) yeniləşmə labüddür. Və artıq bu yeni nəfəs gəlir. Təbiət kimi, Novruz kimi.

Yenilik havası ilə yaşayan istedadlı adamı müdafiə edəndə hərdən təəccüblənən olur:

- Sən ki onu heç tanmırsan, üzünü də görməmisən...

-Məgər mən Mirzə Ələkbər Sabirin satira sənətkarlığından dissertasiya müdafiə edəndə onunla tanış idik?! – deyirəm.

İstedadı qiymətləndirmək lazımdır, tanımaq yox. Bu özü də bir istedaddır. Və hər istedadlı adam - Azərbaycan torpağının yetirdiyi bir sərvətdir! Sərvəti qoruyarlar, qırmazlar. “İpə-sapa” yatmasın, amma təki Vətəni sevsin, ona bizdən daha yaxşı xidmət etmək iddiasında olsun, özünü yox, ölkəni düşünsün… Burda qısqanmalı nə var! Vətən hamımızındır...Hamımız bu Vətəninik...


* * *
Tanışlıqdan sonra da tanımadıqların haqqında yanılmadığını görəndə, ilkin fikirlərlə ilk görüş təəssüratının üst-üstə düşməsini biləndə, təbii, məmnun olursan.

Həmişə yazısına, düşüncəsinə görə qiymətləndirdiyim Şərif Ağayarla da təzə görüşüb tanış olduq. “Vektor” BEM-in xeyirxahlığı ilə kitabı çıxıb: “Səhra məsnəvisi”.

Bu dəfə də ilk təəssüratdan məmnun qaldım: adamın istedadı aurasından duyulurdu. Həqiqətən fitri bir istedadın istisi vururdu adamı uzaqdan. Hiss edirdin ki, bu onun dopdolu ruhunun, zəngin və həssas qəlbinin istisidir, maraqlı könül dünyasının işığıdır. Təmiz, pak, xıltdan-xiltədən, kindən-küdurətdən, paxıllıqdan, cılızlıqdan uzaq olan ruhani qəlbinin… Hər şeydən öncə Vətən üçün döyünən, ölkə üçün, xalqı üçün, eli, obası, kəndi üçün döyünən və içində heç bir pisliyi gəzdirməyən (güman ki heç zaman da gəzdirməyəcək) açıq qəlbinin.
* * *
Durğunluq yaradan doqmalara, tabulara çılğın etiraza qalxan modernçilərin yazdıqları həm də oxunur. İçində həyata yeni baxış var, fikir-düşüncə var, mövqe var deyə. Dünənin qoynunda uyumaq yox, bugünü oyatmaq və “pəncərələri sabaha açmaq” (R.Rza) niyyəti ilə çalışır. Yeni təfəkkür tərzi, dünya olaylarına özəl münasibəti təqdirə layiqdir. Onları oxuyanda olur ki nəyləsə razılaşırsan və nəyləsə razılaşmırsan, amma hər halda tam biganə qalmırsan.

Ancaq canlı-cansız klassiklər var ki, artıq çoxdandır onları heç kim oxumur. Sadəcə otururlar dəyirmanda. Çap olunurlar, dövriyyədən çıxmırlar, hər yanda qalırlar... Amma oxunmurlar. Lap dəqiqini kitabxanaçılar, satıcılar, anbardarlar bilir...


* * *
Şərif Ağayar 1976-da Laçının Ağbulaq kəndində doğulub. 1992-də doğma torpaqları məcburən tərk edib. Ağcabədinin Qış yataqlarında sığınacaq tapıb. Ali təhsilini də orda alıb. Pedaqoji Universitetin Şuşa filialını bitirib. Tarixçi-filoloqdur. Ailəlidir. İki övladı var.

Vəssalam. Cəmi üç-dörd sətirdən ibarət ömür yolu. Amma söhbət edəndə mənə elə gəlmişdi ki, adam çox zəngin bioqrafiyaya, həyat təcrübəsinə malik, oturuşmuş bir kişidir. Onunsa sən demə cəmi 28 yaşı varmış…

Yalnız “Səhra məsnəvisi” ilə tanışlıqdan sonra bu gəncin nədən belə tez böyüyüb, yetkinləşdiyi (bəlkə də yorulduğu) aydın oldu. Onu güman ki həyat yorub, yetişdirib! Və yaşadığı o üzüntülü adi vətəndaş həyatının izləri sifətində olduğu kimi, kitabının səhifələrində də var.

Şərifin özü ilə, Şərifin ömür yolu ilə və Şərifin yazdığı şerlərlə tanışlıq zamanı düçünürdüm: həqiqətən köhnə çürük palıdların bütün ağırlığı ilə cavan pöhrələrin üstünə yıxılaraq onu əzmək, məhv etmək eşqi ilə güc vurub gücənməsi… nə qədər ayıb işdir!

Şərif Ağayarın kitabını əvvəldən-axıra oxudum. Və oxuduqca düşündüm: kimsə söz meydanından o Şərif Ağayarı didərgin salmaq istəyir ki, o artıq bir dəfə oxşar taleni yaşayıb. 92-də... Və onun artıq bu fani dünyada gördüklərini, duyduqlarını, yaşadıqlarını həmən basqınçı ömrü boyu görməyib, duymayıb, bilməyib. Bilməsi də gecdi daha…
“Laçın rayonunun Ağbulaq kəndi

dağıldı


talandı

yağmalandı

doxsan ikinin mayında.
İmranla Nabatı əsir götürdülər

uşaqları burda – Arandadı

Hətəm müəllimi güllələdilər

yolun kənarındakı qoz ağacının dibində

şair Möhbalıdan xəbər-ətər yoxdu hələ də…
maşından atılıb qaçmaq istəyəndə

ayağını sındırdı Zəriş xala

Gülgəz arvadı Kəlbəcər üzdə itirdilər

soyuq və yağmurlu bir gecədə

Qəmzə arvad özünü qayadan atdı…
Əmir müəllimi

Laçının girəcəyində yaraladılar

sonrasını bilən yoxdu…
kəndçilərim

qohumlarım

əzizlərim

sizə nə gəldi birdən-birə…”


Ürək ağrısı ilə oxunur Şərif Ağayarın kitabı. Təkcə erməni vəhşiliyinə tuş gələn Ağbulaq camaatının əzab-əziyyətinə görə yox, həm də o zaman cəmi 15-16 yaşı olan yeniyetmə bir oğlanın bu qədər insan faciəsini erkən yaşlarında görməsinə, yer üzündəki şərə belə tez şahid olmasına acıyırsan. Görürsən ki, bu misralar əzəl başdan yazılanda ürək ağrıları ilə yoğrulduğundan indi oxunanda da belə təsirləndirir. Və düşünürsən: yəni adamların sındırılmış məşəqqətli taleyi bir özəl, fərqli baxışa dəymədi?! Vətən yolunda çəkilən bu qədər əzab-əziyyətin əvəzi soyuq istehzadır məgər? İstedadlı bir adamla danışmaq üçün isti oda sahibləri soyuq rişxəndlərdən qeyri laf bilmirmi? Axı heç olmasa bu adam bu Vətənin lap çəpərində düşmən qarşısına çıxanlardan olduğu üçün lal bir sevgiyəsə layiqdir!..
“Allah böyükdür

Vətən bölünməzdir

şəhadət verirəm ki Vətən şəriksizdir

şəhadət verirəm ki Vətən anadır

şəhadət verirəm ki Vətən üçün ölənlər

bu yurdun ən layiqli övladlarıdır

Qarabağa tələsin

nicat tapmağa tələsin

Qurtuluşa tələsin

cihad başlandı

Vətən bölünməzdir

Vətəndən başqa Vətən yoxdur.”


Namaz üstündə müqəddəs dua mətni kimi tənhalıqda ağ kağıza pıçıldanan bu kəlam tutumlu kəlmələr Şərif Ağayarın bütün varlığını və əqidəsini bəlli edib ortaya qoyur. Onun namusu, vicdanı, qeyrəti, zəkası haqqında məlumat yükü daşıyır.

Bir vicdan sahibinin qoparağını götürüb qovmağa nə var? Vicdansızı qov görüm!..

“…-cəld olun!

cəld olun!

biz gələndə atırdılar

yol bağlana bilər…

-çıxın maşının “bortuna”

-çadırı neyniyirsən?

-cəld olun!

yol bağlana bilər

-Allah sən özün kömək ol!

-ata!ata!

pişiyimizə bax

özü tullandı maşına

- cəld olun!

söhbət vaxtı deyil

biz gələndə atırdılar

-bu nədi?

-torpaq

-ay hay


-cəld olun…”
Bu böyük qaçha-qaç, köçha-köç təhlükəsini yaşayan şairin cəmisi 16 yaşı varmış…

Göz önünə 92-nin dəhşətləri gəlir. Yuxarı Qarabağda, Şuşada, Laçında yaşanan faciələr yaddaşımızdan lent kimi keçib-gedir. Şəhid ahları, qaçqın, köçkün dalğası, qız-gəlinlərin harayı, qan-qada, ölüm-itim, insan faciələri…

Bütün bu cəbhə olaylarını o vaxt Vətənin yanında olanlar böyük həyəcanla yaşayır, hər gün Vətənin dərdli səsindən danışır, deyir, yazır, paytaxtda kürsü davasına çıxan, mövqe döyüşləri aparan manqurtları Vətənin başı üstünü alan təhlükələr barədə xəbərdar edirdik…

Şərif kimi balaca-balaca cəsur oğlanlar isə orda, cəbhə xətinin lap yaxınlığında, dəhşətlər qoynunda yatır-durur, məktəbə gedir, ata-analarına kömək edir, camaatın od-alovdan salamat çıxmasına yardım edirdilər. Və indi o balaca oğlanlardan biri yekə kişi olub gördüyü həqiqətlərdən yazır, faciələrimiz haqqında bildiklərini bədii sözün qüdrəti ilə tarixin yaddaşına köçürür. Zaman-zaman bu vəhşiliyi görüb susan, yazmayan, saxlamayanların işini görür.

Heç zaman Vətənin yanında olmayanlar isə indi ona istehza edirlər… Bu da onların həqiqətidir? Amma Vətən qeyrəti ilə yaşayanlar belə “həqiqətləri” udmurlar, tüpürürlər.
“…hücum etməli o kəndə

qızlarını zorlamalı

saçından yapışıb sürüməli

hamilə gəlinlərin

şişman qarınlarını

nallı çəkmələrlə təpikləməli

süngüylə yırtıb çıxarmalı

canına yenicə qan hopmuş rüşeymləri


darmadağın etməli o kəndi !

bir nəfər belə sağ buraxmamalı…” -


– bu ermənisayaq “humanizmin” sədalarını da Şərif Ağayar o dağlarda eşidib, aranda qələmə alıb. Quduz xislətli düşmən komandirinin öz əsgərlərinə verdiyi həmin döyüş tapşırığını – bu tapşırığın yerinə yetirilməsi məqamında öz üzərində hiss edərək, ölümü yaxından görərək, qanıyla, göz yaşlarıyla, əsəb və qəzəb gərginliyi ilə yazıb Şərif.

Və daha bir çox həqiqətlərdən yazıb günümüz, güzəranımızla bağlı Şərif Ağayar… Çox şeylər yazıb.

Qəribədir ki, o məhz dövrün həqiqətlərini yazarkən bəzi haqsızlıqla, normal şüurda yetişə bilməyəcək alt qatdan gələn sinizmlə qarşılaşıb. Amma siniklərin ümumi cərgədən gülə-gülə çıxardığı hər sıra sayı bir insan taleyidir! Bəlkə də yazar olaraq Allah adamınin taleyidir. Heç bir ictimai təhlükə mənbəyi olmayan, heç zaman yırtıcı residiv əməllərə qurşanmayacaq və təkcə elə bu bəlli perspektivi ilə Vətənə gərəkli, sevgiyə layiq olan vətəndaş - şair, yazıçı, ədəbiyyat adamıdır… Dövlət təfəkkürünün tələbi - onlara həssas yanaşmadır, çıxdaş eləmək yox. Xalqı əvvəl-axır yazıçı təmsil edir, pozucu yox…

Belə incəliklərin fərqinə varmadan kobud saldafon ədaları ilə danışanların yeri… hər halda aydınlar ocağı deyil!


* * *

Adamlar adətən öz potensialının tükəndiyini görəndə qorxar, çəkinər. Nəhəng şəxsiyyətlər nə yeniliyin gəlişindən qorxar, nə tənqiddən çəkinər, nə özünütənqiddən. İçindəki yenilməz qüdrətə güvənən Kişiləri həmişə meydanda mərd-mərdanə gərdiş edən, xoflanmayan, hallanmıyan səbrli və samballı gördük... Üz-üzə gələn… Arxadan zərbə vuran yox!

Özünə inanmayan və güvənməyənlərsə həm də xoflu olar. Həqiqinin qarşısında duruş gətirə bilməyəcəyindən çəkinər. Haqlı saydığı haqsız mövqeyini qorumaq, saxlamaq üçün, üstünə gələn yeniliyi durdurmaq üçün hər əmələ əl atar. Ətrafına köhnə-külüş taxtalardan hasar çəkər. Köhnə palan içi sökər… Beləsi Vətəni də sevməz, sevə bilməz. Çünki Vətəni sevən özünü düşünməz. Vətən naminə olan hər irəli addımı təqdir edər.

Amma onsuz da yaz gələcək… Dünya dəyişəcək… Həyat qışdan çıxacaq…

* * *

Bəlkə də Şərif Ağayar aranda gördüyü imansızlıqlara ona görə dözə bilir ki, neçə il öncə dağlarda daha ağır dəhşətlərə sinə gərib, daha qatı düşməni görüb də gəlib…



Paradoks ondadır ki, “günahı” o zaman da Vətənini səmimi məhəbbətlə sevməsi, sevdiyi Vətənin təəssübünü çəkməsi, onun sabahı naminə çalışmaq istəməsi olub, indi də.

Vətəndən Vətənə didərgin düşən bu həssas qəlbli şair vətənsiz, məsləksiz, dinsiz-imansız kosmopolitləri görəndə acı istehza ilə:


“Gəlin erməniyə verək torpaqları

müzakirəsiz filansız

cıdır düzündə məzə partlatsın

baldırıaçıq haxçilər

əsir düşmüş gəlinlərimizlə

rahatca əylənsin qoyungöz dığalar

babalarımızın qəbrini şumlayıb

yerində andronik bağı salsınlar

məscidlərimizi meyxanəyə döndərsinlər...”
–deyib. Yandığından, qovrulduğundan, tüstüsü çıxdığından belə deyib. Və sonra da qayıdıb qəzəblə:
“…əzmək istəyib həmişə

zamanın


insan cildinə girib

addımbaşı

həqiqətin sifətinə çırpılan

oğraşını…”


* * *
Şərif Ağayarın kitabında sevgi şerləri də var, təbiət şerləri də. Dostluqdan da yazıb, sədaqətdən də… Amma mən onun yaradıcılığında ən əhəmiyyətli bildiyim mövzulardan - Vətən təəssübü, yurd yanğısı, torpaq ağrısı ilə, Qarabağ itkisi ilə bağlı şerlərini seçib sonaladım. Çünki həmin məqamlarda Şərif Ağayar ona tənə edən kimsələrdən qat-qat uca görünürdü.

…Yeni kitablar və daha uca zirvələr arzusu ilə, gənc dost! Yaşa, yaz, yarat. Doğru olan yolunda dönməz ol. Nə etməli ki:


“Mərdlər ay Ağayar mərd işindədi

namərdlər namərdlik vərdişindədi

xəyanət tarixin gərdişindədir

bu dünya himindən çürükdü qardaş…”


***
Bu məqaləni yazmaqda filoloq Akif Əlinin məqsədi təkcə gənc şairi tanıtmaq, ruhlandırmaq, istedadını qiymətləndirmək deyildi, həm də AYB üçün bir görk idi ki, belə potensiala malik sənətkarı ədəbi prosesdən çıxdaş etmək olmaz, ona soyuq yanaşılmadan, əksinə, bir qədər hərarət nümayiş etdirilsə, bu milli ədəbiyyatımızın xeyrinə olar. Və millətin belə gəncləri bir deyil, iki deyil… Əgər onların hamısını AYB (təbii ki Elnurun açmasında) qapıdan qovacaqsa, onda necə iddia etmək olar ki, o binada hər şey qaydasındadır və hər kəs öz yerindədir, binadan kənarda isə yalnız “etalon” adama paxıllıq edənlər dolaşır. Bu necə də yanlış mövqedir!

AYB-də isə belə yazılara başqa məna verirdilər, deyirdilər əgər o bizim düşmənimizi müdafiə edirsə, demək o həm də bizə düşməndir. Yazıqlar olsun!


***
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin