Xəbər bülleteni №20



Yüklə 0,49 Mb.
səhifə6/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
#16986
1   2   3   4   5   6   7

Başqa bir məqam. Kreditin təyinatı əmlakın alınması olub. Əmlakın dəyəri manatla ödənilsə də, kredit vətəndaşa nədənsə dollarda verilib. Əslində, vətəndaşın əlinə pul heç verilməyib, onu VTB birbaşa tikinti şirkətinə manatla köçürüb. Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il qərarına əsasən, hər hansı əmlakın dəyəri yalnız manatla ödənilməlidir. Vətəndaş kredit müqaviləsini Mülki Məcəllənin 339.2-ci maddəsi ilə aldatma, 347-ci maddəsi ilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlayıb. Belə müqavilə isə etibarsızdır. Eyni yanaşma digər əmlakların, məsələn, avtomobillərin alınması üçün verilmiş dollar kreditlərinə də aiddir.

VTB-nin bu cür kreditləri təmin edilmiş kimi göstərməsi böyük ehtimalla Mərkəzi Bankın azı 2 normativ sənədinin pozulması ilə nəticələnib. Əvvəla, “Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları”nın 9.4.5-ci bəndinə əsasən, təminatı olmayan istehlak kreditləri ən riskli kredit növü hesab edilir. Lakin böyük ehtimalla VTB maliyyə hesabatlarında belə “ipoteka kreditlərini” təminatlı kimi göstərərək sözügedən risk qrupuna aid etmir. Başqa sözlə, maliyyə göstəricilərini olduğundan xeyli yaxşı kimi qələmə verir. Əslində, ən azı onun kapital adekvatlığı göstəricisi bəyan etdiyindən az olmalıdır.

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları”nın 11-ci bəndinə uyğun olaraq belə kredit ümidsiz hesab edildikdə (ödəniş 120 gündən çox gecikdirildikdə), onun üçün 100% ehtiyat yaratmaq lazımdır. Çünki kredit təminatsızdır. Lakin böyük ehtimalla VTB krediti təminatlı kimi göstərərək tələb olunduğundan xeyli az ehtiyat yaradır və ya yaradacaq. Bu isə o deməkdir ki, bankın hesabatlarında bəyan edilən kapital göstəricisi də əslində xeyli aşağıdır. VTB-nin bəyan etdiyi 40 milyon kapitalı onsuz da Mərkəzi Bankın tələbindən 10 milyon azdır. Belə çıxır ki, əslində heç 40 milyon da yoxdur?

Bəs Mərkəzi Bank hara baxır?

1% ən varlı ailələrinin mülkiyyəti yerdə qalanların mülkiyyətinə bərabərdir

18.01.2016

1samir_aliyev_ 1İqtisadçı ekspert Samir Əliyev “Oxfam” Humanitar Təşkilatının açıqladığı yeni hesabata diqqət çəkib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, təşkilatın apardığı araşdırma dünyada bərabərsizliyin getdikcə dərinləşdiyini göstərir: “Hesabata görə, planetin 1% ən varlı ailələrinin mülkiyyəti yerdə qalan 99%-in mülkiyyətinə bərabər olub. 2009-cu ilin göstəricisinə görə, ən varlı 1% əhalinin varidatı 44%-in varidatına bəs edirdi. 2014-cü ildə rəqəm 48%-ə və ya adambaşına 2,7 milyon dollara yüksəlmişdi.

Dünya əhalisinin ən varlı 1%-i qrupuna düşmək üçün ən azı 760 min dollar, 10%-i üçün isə 69 min dollarlıq varidatın olmalıdır. Dünyanın 62 ən varlı adamının varidatı dünyanın ən kasıb əhalisinin yarısının varidatı qədərdir. Kasıb əhalinin yarısının varidatı 2014-cü ildə 85, 2010-cu ildə isə 388 ən varlı adamın sərvətinə bərabər olub.

“Oxfam” təşkilatının hesabatında təəssüflə vurğulanır ki, gələcək nəslin ümumi rifahı əvəzinə 1% əhali üçün iqtisadiyyat yaradılıb. Hesabat müəllifləri hökumətləri əmlak bərabərsizliyinə son qoymağa çağırır. Eyni zamanda dərman ləvazimatlarına tətbiq edilən vergiləri azaltmağa, varlılar üçünsə artırmağa çağırış edilir”.

İlham Əliyev müşavirə keçirdi

18.01.2016

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC-ın məlumatına görə, prezident bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə Azərbaycanın ən az itki ilə üzləşdiyini diqqətə çatdırıb.

Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanacağını deyən dövlət başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirib, pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu vurğulayıb.

İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirib, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini önə çəkib. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib.

Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən prezident İlham Əliyev bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib. Bundan əlavə, İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

İlham Əliyev bildirib ki, ölkənin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini deyib, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.

Hökumət üzvləri də müzakirələrdə çıxış ediblər.

Avronun ərazisi

18.01.2016

avro 1Avro nağdsız dövriyyəyə 1999-cu ildə buraxılıb, 2002-ci ildən isə real pul vahidi kimi işlədilir. Bəs avro zonasına hansı ölkələr daxildir? Transparency.az bildirir ki, zonaya daxil olan ölkələrin 19-u Avropa İttifaqının üzvüdür: Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.

Avropa İttifaqı üzvü olmayan daha 4 Avropa ölkəsi müqavilə ilə avro zonasına daxil edilib: Andorra, Monako, San Marino, Vatikan.

Monteneqro və Kosovo isə avro zonasına müqaviləsiz qoşulublar.

2015-ci ildə əhali nə qədər qazanıb? (Rəsmi hesabat)

18.01.2016

manat 012015-ci ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 5,7 faiz artaraq 41,7 milyard manata çatıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Hesabata əsasən, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5 faiz artıb.

İl ərzində gəlirlərin 72,1 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalıb.

Bir ilə 6266 hüquqi şəxs yaradılıb

18.01.2016



dsk 01Dövlət Statistika Komitəsi bildirir ki, 2015-ci ildə ölkədə 6266 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb. Yeni hüquqi şəxslərin 53,8 faizi Bakıda, 11,9 faizi Aran, 10,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

2015-ci ildə ölkənin vergi orqanlarında 70974 fiziki şəxs qeydiyyata alınıb.

Geniş özəlləşdirmə haradan başlana bilər?

18.01.2016

Prezident İlham Əliyev yanvarın 18-də keçirilən iqtisadi və sosial müşavirədə beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması ilə bağlı tapşırıqlar verib.

rovshan agayevTransparency.az-a bu mövzuda danışan iqtisadçı ekspert Rövşən Ağayev hökumətin özəlləşdirmə, investisiya yatırılması sahəsində tədbirlərdən öncə bir sıra vacib islahatlar aparmasını zəruri sayıb. Ekspert bildirib ki, öncə şəffaf idarəçilik, icra hakimiyyəti orqanlarının təkmilləşdirilməsi, müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi yönündə təşəbbüs göstərilməlidir: “Ölkənin investisiya üçün nə dərəcədə təminatlı olduğuna diqqət yetirilməlidir. Hökumətin özəlləşdirmə gündəliyi şəffaf deyil. Son illər bir neçə xarici investor ölkəmizdən baş götürüb gedib. İnvestorlar azad məhkəmə sisteminə, siyasi sabitliyə, mülkiyyət toxunulmazlığına söykənməyən iqtisadiyyatlara üz tutmaq istəmirlər. Ona görə geniş özəlləşdirmə proqramı hazırlanmazdan qabaq bunun xarici və yerli investorlar üçün nə dərəcədə cəlbedici olub-olmadığı araşdırılmalıdır. Şəffaf mexanizmlər mövcuddurmu ki, 20 il əvvəl keçirdiyimiz özəlləşdirmənin aqibətini yaşamayaq, müəssisələr su qiymətinə satılıb, ayrı-ayrı güclərin əlinə keçməsin – bu suala aydınlıq gətirilməlidir.

Özəlləşdirmənin şəffaf müsabiqələr yoluyla keçirilməsi mexanizmləri yaradılmalı, ictimai nəzarət olmalıdır. Müəssisənin dəyərləndirilməsi və satışı hamının gözü qabağında aparılmalıdır”.

“İndi Azərbaycanda hansı sahələrdə özəlləşdirmə başlana bilər” sualına cavab verərkən Rövşən Ağayev deyib ki, bu iş iki formada — özəlləşdirmə və dövlətsizləşdirmə formasında həyata keçirilə bilər: “Özəlləşdirmənin nə olduğu aydındır – dövlət hansısa müəssisəni satır, həmin müəssisə xüsusi mülkiyyətə çevrilir. Dövlətsizləşdirmə zamanı isə müəssisə satılmır, sadəcə olaraq uzun müddətə özəl sektora icarəyə verilir. Bu da effektli metoddur və bu metodların — özəlləşdirmə və dövlətsizləşdirmənin hər ikisindən istifadə olunmalıdır. Biz bəzi dövlət əmlaklarının uzun müddətə icarəyə verilməsinə şərait yaradan konsepsiya qəbul etməliyik. Öncə kommunal sahədə bunu tətbiq etmək olar. “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, “Azəristiliktəchizat” kimi şirkətləri uzun müddətə özəl sektorun, xüsusilə də xarici şirkətlərin idarəetməsinə vermək olar. Bu addımla dövlət həm də öz yükünü azaldardı, çünki bu şirkətlərə hər il dövlət büdcəsindən vəsait ayrılır. Özəlləşdirməyə gəlincə, tutalım, Dövlət Neft Şirkətinin nəzdində olan “Azərkimya” İstehsalat Birliyi satışa çıxarıla bilər”.

Ekspert hesab edir ki, hökumət təkcə dövlət şirkətlərinin özəlləşdirilməsində maraqlı olmamalı, eyni zamanda bir çox özəl şirkətin açıq səhmdar cəmiyyətlərinə çevrilməsinə çalışmalıdır: “Məsələn, xarici investorların “Gilan Holdinq”, “Azərsun” kimi şirkətlərin səhmlərinin ən azı 30-35 faizini almasına stimul verilməlidir. Bunun üstünlüyü ondadır ki, həmin şirkətlər korporativ qaydada idarə olunacaq. Yəni hökumət özəlləşdirmə ilə yanaşı, korporativləşmə proqramını elan etməlidir. Düzdür, adını çəkdiyim şirkətlərin səhmləri var, amma xarici investorlara çox da açıq deyil. Hökumət belə şirkətlərin xarici fond bazarlarına çıxmasına stimul versə, strateji investorlar buna maraq göstərəcəklər. Səhmlərin müəyyən faizini alandan sonra xarici investor görəcək ki, Azərbaycanda işləmək imkanı var. Bu bir növ bizim özəlləşdirmə proqramımızın, özəl sektorun reklamı olacaq. Eyni qaydada Dövlət Neft Şirkətini də səhmləşdirmək olar. Yeri gəlmişkən, beynəlxalq şirkətlər və təşkilatlar xeyli vaxtdır bunu tələb edir. Belə olarsa, Dövlət Neft Şirkəti həm qapalılıqdan çıxar, ölkəyə əlavə vəsait gələrdi. Qoy dövlət səhmlərin 80 faizini özündə saxlasın, amma qalanını xarici investora versin. Nəticədə həm beynəlxalq standartlara uyğun korporativləşmə həyata keçər, həm ölkəyə pul gələrdi.

Rabitə sahəsində də bu cür özəlləşdirməyə getmək mümkündür. Azərbaycanda mobil operatorlar özəldir və onlar bir rabitə şirkəti kimi daha yaxşı fəaliyyət göstərirlər. Özəl sektor rabitəni dövlətdən yaxşı idarə edirsə, niyə rabitə sektorunu dövlətin əlində saxlamalıyıq? Kənd təsərrüfatı sahəsində “Azərtoxum”, “Aqrolizinq” niyə dövlətin əlində qalmalıdır? Hökumət fermer təsərrüfatlarının korporativləşməsinə şərait yaratmalı, pulsuz texnika təminatı əsasında həmin aqrolizinqləri özəlləşdirmə yolu ilə korporativlərə keçirməlidir”.

Maaşlar artdı

18.01.2016

Yanvarın 18-də prezident İlham Əliyev əməkhaqlarının artırılması barədə sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, mədəniyyət, gənclər və idman, səhiyyə, sosial təminat, təhsil müəssisələrində çalışan işçilərin, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və nazirliyin dövlət qulluqçusu olmayan mülki işçilərinin əməkhaqları fevralın 1-dən orta hesabla 10 faiz artırılır.

Dövlət başçısından investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracı haqda göstərişlər

18.01.2016

ilham aliyev 1Yanvarın 18-də prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman, “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. İqtisadiyyat Nazirliyinə investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti isə investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib ölkə prezidentinə məlumat verməlidir.

Fərmanda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görmək tapşırığı da yer alıb.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması haqda sərəncama əsasən, Nazirlər Kabineti iki mexanizmi tənzimləyən normativ hüquqi aktların layihələrini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Həmin mexanizmlər bunlardır: kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmi; xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmi.

Sərəncamda İqtisadiyyat Nazirliyinə ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na dəyişikliklərin edilməsi təkliflərini bir ay müddətində, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı təkliflərini isə iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Sərəncama görə, İqtisadiyyat Nazirliyi ixrac məlumat bazasının (elektron portal) formalaşdırılmasını da təmin etməlidir.

Prezident: “Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb”

19.01.2016

prezident“Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır”. Yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələrin çətinliklərlə üzləşdiyini vurğulayıb: “Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşüb. Yəni bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalıb. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır.

Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilib”.

İlham Əliyev qeyd edib ki, indi əsas vəzifələrdən biri insanların sosial müdafiəsini diqqətdə saxlamaqdır: “İlk növbədə insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür.

Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu da sosial təşəbbüsdür. İlk növbədə biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar.

Mən Nazirlər Kabinetinin iclasında qeyd etmişdim ki, struktur islahatları dərinləşməlidir. Bu məsələlərlə bağlı artıq addımlar atılır. Əslində bu, daimi proses olmalıdır. Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilib. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcək”.

Manatın devalvasiyasına toxunan prezident deyib: “Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir.

İndiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində – 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olub. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq.

Əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra – keçən ilin yay aylarında valyuta bazarında müsbət meyllər müşahidə olunmağa başlamışdı. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaradıb.

Dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik”.

Dövlət başçısı indiki şəraitdə qeyri-neft sektorunun inkişafının daha da böyük önəm daşıdığını qeyd edib: “Əfsuslar olsun ki, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik. Bunun da səbəbi ondan ibarətdir ki, ilk növbədə biz idxalı azaltmalıyıq. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda heç nə istehsal olunmurdu. Bütün istehlak malları, o cümlədən gündəlik tələbat malları xaricdən gəlirdi. Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir — həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcək.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin