XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 
 
ÜÇÜNCÜ BÖLÜM 
 
MÜHACİRƏT ΙΙ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 
SONRAKI DÖVRLƏRDƏ 
 
3.1. Azərbaycan legionlarının formalaşdırılması, 
Alman rəsmi dairələri ilə aparılan danışıqlar 
 
     1941-ci  ildə  alman-sovet  müharibəsinin  başlaması,  Azər-
baycan  mühacirətinin  fəaliyyət  istiqamətlərini  dəyişmə  zəruriy-
yəti ilə üzləşdirdi. 
     Mühacirlərin  müharibə  dövründəki  fəaliyyətini  üç  qismə 
ayırmaq olar: 
     1.    Əsir  düşmüş  azərbaycanlıların  xilas  edilməsi,  ayrıca 
döyüş legionlarının təşkili. 
     2.  Almaniyanın  Azərbaycanın  müstəqilliyini  tanıması 
istiqamətində aparılan iş. 
     3.  Müharibə  bitdikdən  sonra  hərbi  əsirlərə  və  əsgi 
legionçulara yardım göstərmək.  
     Müharibənin elə ilk aylarından sovetlər tərəfindən alman-
lara  xeyli  adam  əsir  düşmüşdü.  Alman  tədqiqatçısı  P.  Mühlen 

 
 
154 
yazır: “1 noyabr 1941-ə qədər Alman kamplarında (əsir düşərgə-
lərində-X.  İ.)  iki  milyondan  artıq  sabiq  Qızıl  Ordu  mənsubu 
toplanmışdı. Hətta Rozenberq (İşğal altındakı Doğu məntəqələri 
Bakanlığı, “Şərq Nazirliyi”nin rəhbəri-X.  İ.) onlarının sayının 3,6 
milyon olduğunu göstərirdi [248, s.52]. 
     Həmin  əsirlərdən  və  ya  könüllü  almanlar  tərəfə  keçən-
lərdən nə qədərinin azərbaycanlı olması barədə isə F. Düdəninski 
(Azərbaycan legionlarının təşkilatçılarından və  rəhbərindən biri) 
aşağıdakı məlumatı verir: “Almaniya tərəfə keçən azəri türklərinin 
sayı  150  min,  bütün  türklərin  və  başqa  qafqazlıların  sayi  isə 
milyona çatırdı” [169, 13-30.05. 1992; 12-30.06. 1992]. 
     Avropanın  müxtəlif  ölkələrində  yerləşən  əsir  düşərgələ-
rinin bu sakinləri ya yoluxucu xəstəliklərdən kütləvi şəkildə qırılır, 
ya  da  ki,  irqçi  faşist  rejiminin  qurbanı  olurdular.  Təkcə 
“Çenstoxav kampındakı 30 000 əsirdən, bir tif salqınından sonra, 
sadəcə 2000 kişi həyatda qalmışdı” [284, s.57]. 
     İkinci  Dünya  müharibəsinin  təzadlarından  biri  də  SSRİ-
dəki türk xalqlarının irqçi faşist ideologiyasına görə “aşağı dəyərli 
asyalı” hesab edilməsi, onların həqarətlə “monqol” adlandırılması 
idi.  İrq  ideologiyasının  dəyər  sıralanmasında  SSRİ  türkləri 
slavyanlardan aşağıda göstərilirdi. 
     Hitler  1941-ci  ilin  noyabrında  bir  nəfər  bolqar  qonağına 
rusların Ι Dünya müharibəsində öz məmləkətlərinə hakim olduq-
ları halda, indi tanınmaz şəklə düşdüklərini söyləyərək fikrini belə 
davam  etdirirdi:  “Bolşevik  rejimi  şeytani  bir  metodla  bu  rusları 
yox etmiş və ya Sibiriyaya sürmüş və rus xalqını irqən yox edib 
asyalaşdırmaq üçün planlı olaraq monqolları Avropa Rusiyasına 
yerləşdirmişdi” [284, s.40]. Hələ 30-cu illərdə isə “Fürer”, SSRİ-
ni Slavyan-Tatar gövdəli və Yahudi başlı bir məxluq adlandırırdı. 
     Bu  cür  ideologiya  ilə  başları  dumanlanan  alman  hərbçi-
lərinin  SSRİ  türklərinə,  başlıcası  isə  “şişman  gözlü  monqol-
tatarlara”  (özbək,  qazax,  qırğız  və  b.  nəzərdə  tutulurdu)  müna-
sibəti  ağlasığmaz  dərəcədə  dözülməz  idi.  Digər  tərəfdən  əsir 
müsəlmanlar  təxminən  1942-ci  ilə  qədər  “sünnət”  məsələsi  ilə 

 
 
155 
bağlı  yəhudilərlə  qarışıq  salınıb  kütləvi  şəkildə  məhv  edilirdi. 
Nəhayət  “Şərq  Bakanlığı,  OKW  (Alman  Silahlı  Qüvvələri  Baş 
Komandanlığı) və SD (Mülki Kəşfiyyat Təşkilatı-X. İ.) təmsilçilə-
rinin qatıldığı bir toplantıda SD təmsilçiləri sünnət adəti haqqında 
tənqid  edilmişlər  və  anlaşıldığına  görə  Sovet  müsəlmanlarının 
1941-ci  ilin  avqustundan  sonra  kütlə  halında  qətl  edilməsi 
azalmışdır” [284, s. 42]. Belə bir şəraitdə “Türk və tatarların və-
ziyyətlərini  yaxşılaşdırmaq  üçün  əsir  düşərgələrini  dolaşan  iki 
nəfər tanınmış Türk generalı (çox güman ki, 1941-ci ildən başla-
yaraq tez-tez Almaniyaya gedən Nuru Paşa və onun həmkarların-
dan  kimsə  nəzərdə  tutulur-X.  İ.)  1941-ci  ilin  oktyabrında  milli 
legionlar yaratmaq fikrini ortaya atdı” [284, s.53]. 
     1941-ci ilin noyabrında isə F. Düdənginski Hitlerə məktub 
yazaraq, alman ordusunda Sovet İttifaqına və Böyük Britaniyaya 
qarşı döyüşmək fikrində olduğunu bildirmiş, eyni zamanda Alma-
niya  Xarici  İşlər  Nazirliyinə  Azərbaycan  legionlarının  forma-
laşdırılması  ilə bağlı müraciət  etmişdi. 1941-ci  ilin  qışına qədər 
müharibəni qurtarmaq  fikrində olan Hitler, hələ ki, heç bir legion 
yaratmağa hazırlaşmırdı. 
     Lakin, Xarici İşlər və Şərq nazirlikləri əsirlərin çoxluğunu
onların  xeyli  hissəsinin  doğrudan-doğruya  bolşevizmə  qarşı 
döyüşmək  fikrində  olduğunu  əsas  tutaraq  Hitleri  milli  legionlar 
formalaşdırılmasının  vacibliyinə  inandırmağa  çalışırdı.  Elə  bu 
səbəbdəndir ki, 1941-ci ilin avqustundan etibarən Sovet əsirlərini 
milliyyətlərinə  görə  ayrılıb  düşərgələrdə  yerləşdirmək  işinə 
başlanmışdı. Otuza qədər komissiya əsir düşərgələrini dolaşaraq, 
adamları milli mənsubiyyətinə görə qruplaşdırmaqda idi. Əslində 
bu addımla legionların əsası qoyulurdu. 
     Artıq  dekabrda  Rozenberqin  özü  də  milli  legionların  for-
malaşdırılması  haqqında  qəti  qərara  gəlmiş  və  Hitlerə  bununla 
bağlı  rəsmi  müraciət  və  bir  plan  təqdim  etmişdi.  “Plan  Hitlerin 
onayına (razılığına-X. İ.) nail olmuş və 22 Aralık (Dekabr-X. İ.) 
1941-ci  ildə  OKW  rəsmən  birər  Türküstanlı,  Erməni,  Gürcü  və 
Müsülman  Qafqasiyalı  legionun  təşkili  əmrini  vermişdi.  Bu 

 
 
156 
sonuncusu  sonra  Azərbaycanlı  və  Quzey  Qafqasiyalı  legionu 
olmaq  üzrə  ikiyə  ayrılmış  və  1942-ci  ilin  son  baharında  Volqa 
tatarlarının da legionu təşkil olunmuşdur” [284, s.54]. 
     Milli  legionların  yaradılması  kommunizmə  qarşı  savaşa 
beynəlmiləl  rəng  vermək  baxımından  da  az  əhəmiyyətli  görün-
mürdü. 
     Azərbaycan  mühacirlərindən  əski  legionçu  Süleyman  Tə-
kinər  yazırdı:  “Rus  məhkumu  millətlərin  Almanlar  səfindəki  bu 
mücadiləsinə millətlərarası bir mahiyyət verərək dünya əfkakı diq-
qət nəzərinin də bu işə təvəccühünü sağlamaq (cəlb etmək-X. İ.) 
zərurəti vardı” [37, N-9, 1952]. 
     İlk  legionlar  işğal  altında  olan  Polşada  yaradıldı.  Onlar 
qismən  alman  silahları,  qismən  də  döyüşlərdə  ələ  keçən  hərbi 
qənimətlərlə  təchiz  olunurdular.  Hər  bir  legiona  rəhbərlik  edən 
hərbi heyətin təxminən 20-25%-ni alman zabitləri təşkil edirdi. 
     Əski  legionçulardan  Məhəmməd  Kəngərli  və  Kərrar 
Ələsgərlinin bildirdiyinə görə “Boz qurd”, “Cavad xan”, “Aslan”, 
“Berqman”  (Dağlı)  və  b.  taburlarda  qruplaşdırılan  Azərbaycan 
legionçularının ümumi sayı 70 mindən çox idi. 
     Hər bir milli legion almanlar tərəfindən maliyyələşdirilən 
qəzet  çıxarırdı.  Azərbaycan  legionçuları  Məcid  Musazadənin 
(Qarsalani) redaktorluq etdiyi “Azərbaycan” və o qədər də geniş 
yayılmayan “Hücum” qəzetlərini və “Milli Birlik” dərgisini (Cəlil 
İskəndər)  yayımlayırdı.  1944-45-ci  illərə  qədər  dərc  olunan  bu 
mətbuat  orqanlarında  əsasən  legionçuları  “bolşeviklərə  qarşı 
mübarizəyə”  ruhlandıran  məqalələr,  Ə.  Cavad,  M.  Müşfiq,  A. 
İldırım kimi şairlərin şerləri və b. yazılar dərc edilirdi. 
     Alman rəsmi dairələri legionçuları heç bir siyasi məqsəd-
ləri hədəf tutmayan pullu əsgər-muzdlu hesab etsə də, legionçular 
özlərini  vətənin  azadlığı  uğrunda  döyüşən  mücahid-könüllü 
sayırdı. 
     Ə. F. Düdənginski general L. Biçeraxova açıq məktubunda 
yazırdı:  “Stalin  Hitlerlə  Polşanı  bölən,  Baltik  ölkələrinin 
müstəqilliyini  əlindən  alan,  Finlandiyanı  darmadağın  edən  vaxt 

 
 
157 
biz nəfəsimizi içimizə çəkib İngiltərə, Fransa, Skandinaviya və b. 
Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını 
gözləyirdik. Biz o vaxt həm Stalinə, həm də Hitlerə qarşı onlarla 
təbii müttəfiq ola bilərdik.  Lakin...  məsələ  başqa cür oldu.  Qərb 
ölkələrinin  vətənpərvərlik  borcu  onları  SSRİ  (işğal  edilmiş  Av-
ropa ölkələrinin azadlıq uğrunda mübarizəsinə işarə edilir-X. İ.) 
bizi isə Almaniya ilə bağladı. 
     Bizim xatirimizə Qərb dövlətləri Kremllə ittifaqdan imtina 
etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini 
tapdalayıb  xalqımızı  kölə  halına  salmış  Böyük  Rusiya  və  Sovet 
İttifaqı  uğrunda  vuruşa  bilməzdik”  [169,  13-30.05.1992;  12-
30.06.1992]. 
     Daha  sonra  müəllif,  bolşevizmin  kölə  etdiyi  xalqlarla 
yanaşı, azərbaycanlıların da sovet cəbhəsini tərk edib almanların 
tərəfinə  keçərək  onlarla  birlikdə  öz  vətənlərinin  azadlığı  və 
müstəqilliyi uğrunda mübarizəyə qoşulduğunu göstərirdi. 
     Qeyd edək ki, Almaniya tərəfindən SSRİ-yə qarşı vuruşan 
azərbaycanlıların əksəriyyətinə bu siyasi əhvali-ruhiyyə hakim idi. 
     Hələ müharibənin ilk aylarında Sovet Ordusunun dalbadal 
məğlubiyyətləri,  alman  təbliğat  maşınının  müharibənin  1941-ci 
ilin  qışına  qədər  qurtaracağı  istiqamətində  apardığı  təbliğat  da, 
qeyri-rus  əsgərlərin  almanların  tərəfinə  keçməsinə  və  onlarda 
Sovet İttifaqının sonunun çatması barədə təsəvvürlərin yaranma-
sına az təsir etməmişdi. 
     1942-ci  ilin  əvvəllərindən  formalaşmağa  başlayan  Azər-
baycan legionları döyüşlərdə bir sıra ciddi uğurlar qazanmış, alay-
lardan bəziləri Kubana, Şimali Qafqaza qədər gedib çıxa bilmişdi. 
K.  Ələsgərli  yazır:  “Gün  kimi  yadımdadır.  Şimali  Qafqazda 
ağsaqqal  çeçenlər  və  qaraçaylılar  bizi  ata-baba  qaydalarınca 
qarşılamağa  çıxmışdılar.  Mümkün  qədər  tezliklə  Azərbaycana 
çatmaq  və  ölkəmizi  bolşeviklərdən  azad  etməyə  can  atırdıq. 
Bizlərdən  çoxuna  bolşevizmi  məhv  etmək,  nifrət  doğuran  sovet 
sistemindən, repressiya illərində öldürülən qohum-qardaşlarımıza 

 
 
158 
görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi” [13,22.06. 
1996]. 
     Legionçuların  çoxu  bu  döyüşlərdə  göstərdikləri  rəşadətə 
görə  orden  və  medallarla,  əsasən  azərbaycanlılardan  ibarət  olan 
804-cü  alayın  komandiri  Qloger  isə  Qızıl  Alman  Xaçı  ilə  təltif 
edilmişdi. 
     Buna baxmayaraq almanların legionçulara münasibəti “ali 
irq” prinsipindən qaynaqlanırdı. 
     Sözsüz  ki,  nə  mühacirlərimiz,  nə  də  ki,  siyasi  cəhətdən 
yetkin  legionçular  göstərdikləri  xidmətin  müqabilində  əndazəni 
aşan yuxarıdan-aşağı belə baxışla, təhqiredici rəftarla barışa bil-
məzdi. F. Düdənsginski cəbhədə olarkən general Kestrinqə mək-
tub yazaraq göstərirdi ki, azəri türkləri fədakarlıqla döyüşür, bu-
nun müqabilində onların “805-806 saylı batalyonları alman per-
sonalı tərəfindən ümidsizlik dərəcəsinə çatdırılmış, döyülüb dəstə-
dəstə hərbi düşərgələrə göndərilmişdi. Min nəfərlik batalyonların 
hər  birində  300  nəfər  qalmışdı.  Deyilənlər  onu  təsdiq  edir  ki, 
məsələ heç də azəri türklərində deyil, almanların rəhbərliyindədir” 
[169,13-30. 1992; 12-30.05.1992]. 
     Başqa milli legionlara da belə münasibətin get-gedə artan 
narazılığa gətirib çıxardığını görən alman rəhbərliyi, 1942-ci ilin 
ortalarından legionçularla ehtiyatlı davranmaq haqqında fikirləş-
məyə başlayır. İndi, əksinə legionçuların döyüş əhvali-ruhiyyəsini 
qaldırmaq  yolu  tutulur,  bu  məqsədlə  legionçuların  dərc  etdiyi 
qəzetlərdə  təbliğata  xüsusi  önəm  verilirdi.  Lakin  almanlar 
legionçulardan “Müstəqillik” sözünü eşitməyə həvəsli deyildilər. 
M.  Kəngərlinin  yazdığı  kimi:  “Nasist  Almaniyası  millətlərdən 
bəhs edərkən... “freihat” (hürriyyət) istilahından uzağa getmirdi”. 
[37,  N9,  1952].  Təbii  ki,  belə  “azadlıq”  məfhumu  altında  milli 
azadlıqlardan  daha  çox  bəşəriyyətin  kommunizm  köləliyi  təhlü-
kəsindən  azad  olması  nəzərdə  tutulurdu.  Mövcud  yasaqlara, 
təhlükəyə,  məhrumiyyətlərə  baxmayaraq  legionçuların  həftəlik 
“Azərbaycan” qəzeti “Taburlarımızın başı üzərində üç rəngli milli 
bayrağımızın  dalğalanmasından”,  “23  illik  əsərlikdən  sonra 

 
 
159 
istiqlalçı azərbaycanlıların...arzularını əldə silah gerçəkləşdirmək 
üçün legionçuların qarşısında duran şərəfli vəzifədən” bəhs edir 
[219,  N-9,  1952],  mühacirlərimiz  isə  məhdud  şəraitdə  rəsmi 
Almaniyanın Azərbaycanın müstəqilliyini tanımasına çalışırdılar. 
     Milli müstəqilliklərin tanınması üçün alman rəsmi dairələri 
ilk növbədə 1918-1920-ci illərdə mühacirət etməyə məcbur olan 
milli  cümhuriyyət  liderlərinin  (əski  Rusiya  imperiyası 
ərazisindən) yaratdığı təmsilçi təşkilatlarla danışıqlar aparmalı idi. 
Lakin  1941-ci  ildə  formalaşan  Şərq  Bakanlığının  rəhbəri 
Rozenberq  belə  danışıqlardan  yayınır,  eyni  zamanda  Milli 
təmsilçilərlə  əlaqəyə  az-çox  meyli  olan  Xarici  İşlər  Nazirlyinin 
SSRİ-ilə  bağlı  məsələlərdə  səlahiyyətlərini  məhdudlaşdırmağa 
çalışırdı. Xarici İşlər Nazirliyi də öz növbəsində Şərq mütəxəssisi 
və  əski  Moskva  səfiri  Şulenburq  (sonralar  Hitlerə  sui-qəsd 
məsələsində  suçlandırılıb  güllələndi)  vasitəsilə  fəal  iş  aparırdı. 
SSRI daxili milli məsələlərə yaxından bələd olan Şulenburq sür-
gündə və mühacirətdəki siyasətçilərin köməyi ilə Şərq siyasətinə 
təsir etməyin mümkünlüyü qənaətinə idi. Bu məqsədlə o sonralar 
qurulacaq milli hökumətin özəyini təşkil edəcək mühacir komitə-
lərinin yaradılmasına və yaxud mövcud olan komitələrlə əlaqəyə 
girməyə çalışırdı. 
     1942-ci  ilin  aprelində  Şulenburq  Fransa,  İtaliya,  Türkiyə, 
İsveşrə  və  Balkanlarda  məskunlaşan  tanınmış  mühacirlərə 
Berlində görüşmək üçün dəvətnamə göndərdi. (“Azərbaycan” dər-
gisinin 9-cu sayında (Ankara, 1954) bu tarix texniki səhv üzündən 
1943-cü  il  kimi  getmişdir).  May  ayında  dəvət  edilənlərin 
əksəriyyəti gəlib Berlinin məşhur “Adlon” otelində yerləşdi. Elə 
bu  səbəbdən  mühacirlərlə  Şulenburqun  tarixi  Berlin  görüşü 
“Adloniada” adlandırıldı. 
     Gələn  mühacirlər  arasında  “bir  neçə  çox  məşhur  kişi  var 
idi: “Qafqaz”ın Quzey Qafqasiyalı iki naşiri Heydər Bammat və 
Əli xan Qandəmir, “Prometey”çilərdən azərbaycanlı Rəsulzadə və 
sabiq  bakanlardan  Quzey  Qafqasiyalı  Səid  Şamil  (avar); 
gürcülərdən  milli-demokratların  lideri  Spiridon  Kedia,  “Tetri 

 
 
160 
Georgi” (Ağ Georqi-X. İ.) hərəkatının qurucularından Leo Kere-
selidze,  aristokratlardan  Prins  Datxo  Vaçnadze,  Prins  İrakli 
Baqration (taxt-tac iddiaçsı), “Qafqaz” qrupunun üzvü Zurab Ava-
lişvili və b. [284, s.68]. 
     Mühacirlərin bu cür seçimi əsasən Şulenburqla şəxsi dost-
luğu olan Nuru Killikil Paşanın tövsiyəsi üzrə idi. Göründüyü kimi 
Nuru Paşa da öz növbəsində bir-biri ilə ziddiyyətdə olan “Qafqaz” 
və  “Prometey”  qruplarının  üzvlərinə  münasibətdə  ayrı-seçkiliyə 
yol  verməmişdi.  Onu  da  qeyd  edək  ki,  Azərbaycan 
təmsilçilərindən M. Ə. Rəsulzadədən başqa ona sərt müxalifətdə 
dayanan  “Qafqaz”çılardan  sabiq  Daxili  İşlər  Naziri  Xəlil  Xas-
məmmədov  və  Fuad  Əmircan  da  Nuru  Paşa  tərəfindən  “Adlon” 
görüşünə dəvət edilmişdi. 
     “Adloniada”  Xarici  İşlər  və  Şərq  Nazirliyi  arasında 
mövcud gizli çarpışmaları üzə çıxardı. 
     Şulenburqun  türküstanlı  Vəli  xan  Qəyyumu  daha  çox 
mühacir  toplamaq  üçün  Parisə  göndərməsindən  və  “Adlo-
niada”dan  bərk  qəzəblənən  Rozenberq  Xarici  İşlər  Nazirliyinin 
səlahiyyətlərini  aşması  ilə  bağlı  Hitlerə  şikayət  etdi.  “Fürer”  də 
“övkələnərək  Xariciyyə  Bakanlığının  işğal  altındakı  Sovetlər 
Birliyinin məsələləriylə hər türlü ilgilənməsini “ən sərt bir ton”la 
yasaqlayan bir təlimat verdi. 
     Hitlerin qərarı şübhəsiz Rozenberqin qələbəsi  demək idi” 
[284,s.68]. 
     Digər tərəfdən Xarici İşlər Nazirliyinin başqa bir əməkdaşı, 
Türkiyə ilə münasibətlərin həmişə istiləşməsinə və SSRİ-dən olan 
mühacirlərlə  əlaqələrin  yaxşılaşmasına  tərəfdar  olan  sabiq 
Türkiyə  səfiri  fon  Papen  də  Hitlerin  qəzəbinə  tuş  gəlmişdi.  O, 
pantürkizmi  təşviq  etməklə  Türkiyə  üzərindən  SSRİ-nin  içəri-
lərində  yeraltı  fəaliyyəti  gücləndirməyin,  eyni  zamanda  “Krım 
müxtariyyəti”nin (Hitler Krımın almanlaşdırılması ilə bağlı gizli 
plan hazırlamışdı. Stalinin Krım tatarlarını deportasiya etməsinin 
də əsas səbəblərindən biri bu olmuşdu) tərəfdarı idi. 

 
 
161 
     1942-ci  ilin  iyulunda  “Hitler Fon Papenin  də  fəaliyyətinə 
qızğın  bir  şəkildə  təpki  göstərdi  və  hərb  siyasətində  Türkiyənin 
xarici siyasətdə nəzəri-etibara almanın yanlış olduğunu bəyan etdi” 
[284,s.70). Bundan sonra Pantürkizm  tərəfdarı olan fon Papenin 
türk-tatar  boylarının  gələcəyi  ilə  bağlı  müzakirələrdə  iştirakı 
qadağan olundu. Mühacirlərlə və onların rəsmi Almaniya ilə mü-
nasibətlərinin normallaşmasına çalışan, Türkiyə ilə əlaqələri güc-
ləndirməyin  tərəfdarı  olan  iki  nəfər  səlahiyyətli  Xarici  İşlər  Na-
zirliyi  əməkdaşının  fəaliyyəti  üzərinə  qoyulan  bu  məhdudiyyət, 
paralel  vaxtda  “Adloniada”  iştirakçılarına  antipatiyası  olan 
Rozenberqə  üstün  səlahiyyətlər  verilməsi  danışıqlarda  müəyyən 
çətinliklər yaradırdı. 
     Rozenberq  milli  təmsilçilərlə  iş  aparmaq  səlahiyyətini 
Xarici  İşlər  Nazirliyindən  “qopardıqdan”  sonra  mühacirlərin 
Almaniyanın  milli  müstəqillikləri  tanıması  məsələsi  ilə  bağlı 
müraciətlərinə məhəl qoymur, danışıqları aylarla uzadaraq bezik-
dirici mühit yaradırdı. 
     Lakin  bu  əngəllərə  baxmayaraq  formalaşdırılması  əvvəl-
cədən planlaşdırılmayan legionların meydana gəlməsi kimi “Ad-
lon” görüşləri də sonrakı milli təmsilçiliklərin yolunu hazırlayırdı” 
[284, s.71]. 
     SSRİ  ilə  aparılan  müharibəyə  beynəlmiləl  rəng  vermək 
üçün  “Adloniada”  iştirakçılarının  incik  düşmələrinin  məqsədə 
müvafiq olmadığını yaxşı başa düşən Rozenberq ortaq bir variant 
təklif etdi: milli müstəqilliklərin tanınmasını tələb edən milli ko-
mitələrə  ehtiyac  yoxdur.  Sadəcə  olaraq  legionlarla  Alman  Ordu 
Qərargahı arasında əlaqəçi heyətlə kifayətlənmək mümkündür. 
     Şulenburqun və  Papenin,  eyni  zamanda Şərq  Nazirliyinin 
mühacirlərlə əlaqələri yaxşılaşdırmağın tərəfdarı kimi tanınan və 
bu  məqsədlə  Xarici  İşlər  Nazirliyinin  maraqlı  təmsilçiləri  ilə 
qeyri-rəsmi danışıqlar aparan Şərq nazirliyinin əməkdaşı profes-
sor fon Mendenin də (əski Ankara səfiri) milli komitələrin tanın-
ması  sahəsində  göstərdiyi  cəhdlərə  baxmayaraq,  Hitler  Rozen-
berqin təklifini bəyəndi. 

 
 
162 
     Bu dövrdə M. Ə. Rəsulzadənin rəhbərliyi altında fəaliyyət 
göstərən Milli Azərbaycan Komitəsi  “Nazi  Alman məqamlarına 
məram  anlatamadı.  Hitler  “heine  Komite  ”(heç  bir  komitə 
istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı 
arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərə kgrəvli 
“Rabitə  Heyətləri”  (Verhindunqstav)  qurulmasını  əmr  etmişdi  ” 
[32, N-9, 1954]. 
     Vəziyyət  bu  şəkil  aldıqda  “Adlona”  yığışan  milli  təm-
silçilər Berlində qalmağa və Alman rəsmi dairələri ilə danışıqların 
davam  etdirilməsinə  lüzum  görmədi.  Lakin  M.  Ə.  Rəsulzadə 
Almaniyada yaşayan və dövlət nümayəndələri ilə yaxşı əlaqələri 
olan Hilal Münşinin təkidi ilə hələ ki, Berlini tərk etmirdi. Eyni 
zamanda “Fon Mende də Rəsulzadəni güclüklə Berlində qalmağa 
ikna edə (razı sala-X. İ.) bilmişdi ” [284, s.109]. 
     7 oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar mühaciri 
Krımalla  birgə  Alman  Ordusu  rəhbərliyi,  Xarici  İşlər  Nazirliyi, 
Şərq  Nazirliyi  ilə  yenə  uzun-uzadı  danışıqlara  başladı.  Bu 
danışıqlarda  dəyişməyən  şərt  Almaniya  tərəfindən  Azərbaycan 
müstəqilliyinin  tanınması  idi.  Lakin  bir  müsbət  nəticə  hasil 
olmadığını görən M. Ə. Rəsulzadə 1942-ci ilin sonlarında Alma-
niyanı  tərk  etdi.  (P.  Mühlen  səhv  olaraq  M.  Ə.  Rəsulzadənin 
Türkiyəyə getdiyini göstərir. Lakin o Buxarestə qetmişdi). “İki il 
sonra  SD  Mərkəz  Dairəsi  onu  xatırladı  və  1942-də  ən  tanınmış 
Azərbaycanlının  getməsinə  müsaidə  edənləri  sərt  bir  şəkildə 
tənqid  etdi”  [284,  s.109].  Almanlar  onu  Drezdendəki  ilahiyyat 
məktəbinə dosent dəvət etdilərsə, məqsədlərinə çata bilmədilər. 
     Beləliklə, Rozenberqin istəyinə rəğmən milli legionlarla iş 
aparmaq  üçün  “İrtibat  Heyətləri”  formalaşıb  fəaliyyətə  başladı. 
Bəzi  “İrtibat  Heyətləri”  kimi  Azərbaycan  heyəti  də  öz  tərkibinə 
görə yeni idi, yəni əski mühacirlərin yaratdığı təşkilat deyildi. Üç 
nəfərdən təşkil olunan Azərbaycan  “İrtibat  Heyəti”nə-Leninqrad 
Hərbi Akademiyasının əski məzunu, mayor Ə. Fətəlibəyli-Düdən-
ginski,  (Naxçıvanın  Düdəngə  kəndində  doğulmuşdu),  “Pro-
metey”ə müxalif “Qafqaz” qrupunun fəallarından Fuad Əmircan 

 
 
163 
(Daryal)  və  1920-ci  ildə  Azərbaycan  Parlamenti  tərəfindən 
nisbətən  sonra  Paris  Sülh  Konfransına  göndərilən  (Məmməd 
Məhərrəmovun yerinə) Abbas bəy Ataməlibəyov daxil edilmişdi. 
Üçlükdə,  F.  Düdənqinski  Alman  Ordusundakı  legionçuların,  A. 
Atəməlibəyov  SD    birliklərindəki  legionçuların,  F.  Əmircan  isə 
Şərq Nazirliyindəki Azərbaycan idarələri: radio, təbliğat, nəşriy-
yatda  çalışan  azərbaycanlıların  irəli  sürdüyü  nümayəndə  kimi 
təmsil olunurdu. 
     Legion mətbuatının yaradıcılarından olan Fuad Əmircan da, 
A. Atəməlibəyov da hələ müharibədən əvvəl M. Ə. Rəsulzadəyə 
qarşı  müxalifət  mövqeyində  dayanırdılar.  Qeyd  edək  ki, 
almanların başqa “İrtibat Heyətlərinə” daxil etdikləri nümayəndə-
lər  də  əsas  milli  mühacirət  təşkilatlarına  müxalifət  mövqeyində 
dayananlar idi. Təbii ki, belə vəziyyət ilk növbədə milli müstəqil-
liklərin  tanınmamasından  sonra  əsas  mühacir  təşkilatlarının 
rəhbərliyinin Almaniyanı tərk etməsi ilə izah oluna bilər. 
     F.  Əmircan  və  A.  Ataməlibəyovdan  fərqli  olaraq  F.  Dü-
dənginskinin M. Ə. Rəsulzadəyə xüsusi rəğbəti var idi. O, 1942-
ci  ildə  cəbhədən  Fon  Mende  vasitəsilə  M.  Ə.  Rəsulzadəyə 
göndərdiyi  məktubunda  yazırdı:  “Əziz  yurdumuz  Azərbaycanın 
yorulmaz  hürriyyət  mücahidi  olan  Sizi  cəbhədəki  bütün  əsgər-
lərimiz adına salamlaram. 
     Biz  irəlidə  də  millətimizin  hürriyyəti...uğrunda  döyüşə-
cəyiz” [32, N-9, 1954]. Daha sonra müəllif 1942-ci ilin əvvəllə-
rində M. Ə. Rəsulzadənin rəhbərliyi ilə yaranan Milli Azərbaycan 
Komitəsinin  fəaliyyətini  alqışlayır,  bu  təşkilatda  Azərbaycan 
legionunun  qurucularından  biri  Beytulla  Babayevi  də  görmək 
istədiyini bildirirdi. 
     M. Ə. Rəsulzadə xatırlayırdı ki, B. Babayev legionçulardan 
onu ilk dəfə görməyə gələnlərdən biri idi. Sonralar o, ikinci dəfə 
F.  Düdənginski  ilə  gəldi.  M.  Ə.  Rəsulzadə  Almaniyadan 
getməmişdən əvvəl F. Düdənginskiyə uğurlar diləyərək, fəaliyyət 
səhnəsindən çəkildiyini bildirmiş və “milli əsaslara sadiq qaldığı 

 
 
164 
müddətdə  ona  mənəvi  dəstək  olacağını  vəd  etmişdi”  [32,  N-9, 
1954]. 
     F. Düdənginski isə öz növbəsində “İrtibat Heyəti”ndə hansı 
düşüncələrin  təsiri  altında  çalışdığını  belə  açıqlayırdı:  “Bizim 
müstəqilliyimizin  tanınıb-tanınmamasından  asılı  olmayaraq  bu 
ağır vaxtda həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə 
bizim  mənəvi  haqqımız  yoxdur.  Bu  vətən  qarşısında  cinayət 
demək olardı” [169,13-30.05.92; 12-30.06.92]. Doğrudan da milli 
legionlar  artıq  yaradılıb,  döyüşlərə  başlamışdı.  Onların  taleyi 
barədə  narahat  olmaq,  hüquqları  uğrunda  mübarizə  aparmaq 
dövrün başlıca tələblərindən idi. O da unudulmamalıdır ki, bütün 
milli  legionlarla  alman  rəsmi  dairələrinin  arasında  rabitə  heyəti 
yaradılmamışdı. 
     Örnək  cəhətlərdən  biri  də  odur  ki,  müharibənin  sonuna 
qədər F. Düdənginski get-gedə artan həvəs və enerji ilə yurddaş-
larımızın  hüquqlarının müdafiəsinə  çalışmış,  almanlarla  iş  birli-
yinin  elə  də  asan  olmadığı  şəraitdə  bir  an  da  olsun  müstəqillik 
ideyasından üz döndərmişdir. Bu ideyanın legionçuların şüurunda 
daha da möhkəmlənməsi üçün onun təşəbbüsü ilə Berlində ümumi 
Azərbaycan  qurultayı  çağırmaq  qərara  alınmışdı.  Qurultayın 
çağırılmasına Şərq Nazirliyi və Vermaxtın təbliğat idarəsi mane 
olmağa çalışırdı. Onlar tələb edirdilər ki, bu qurultayda İngiltərə, 
ABŞ  Azərbaycanın  düşmənləri  elan  edilsin.  Lakin  bütün 
maneələrə  baxmayaraq  300  nəfərin  iştirak  etdiyi  bu  qurultay 
1943-cü ilin 6-9 noyabrında Berlinin “Kaiserhof” otelində öz işinə 
başladı. Rozenberq və Qüds müftisi Əl-Hüseyn də onun açılışına 
gəlmişdilər. Geniş məruzə ilə çıxış edən F. Düdənginski, eləcə də 
başqa nümayəndələr hələ Azərbaycanın müstəqilliyini tanımayan 
Almaniyanın siyasətini tənqid etməkdən belə çəkinmirdilər. Baş 
alıb  gedən  tənqidlərə  ara  vermək  və  ortaya  düşən  soyuqluğu 
dağıtmaq üçün Rozenberqin müşaviri Alfred Meyer söz alıb yadda 
qalan,  həm  də  incikliyə  səbəb  olan  bir  çıxış  etdi.  Onun, 
“azərbaycanlıları ən gözəl qızların və rakının vətəni öz doğulduğu 
əyalətə-Vestfalenə  dəvət  etməsi”  [284,  s.114]  müsəlmanların 

 
 
165 
qarşısında  alkoqolu  tərifləmək  kimi  başa  düşülərək,  yaxşı 
təəssürat doğurmamışdı. 
     Lakin  bu  “ali  irq”  nümayəndəsinin  azərbaycanlılara  al-
mansayağı “sayğısı” və yaxud da “mükafat” kimi ifadə olunmuş 
fikri idi. 
     F. Düdənginskinin məruzəsini və onun ətrafındakı çıxışları 
dinlədikdən sonra qurultay aşağıdakı yekun sənədi qəbul etdi: 
     “1. 1918-ci il 28 maydan 1920-ci il 27 aprelə qədər davam 
etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən par-
laq səhifəsini təşkil edir. 
     2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 
23 il içərisində millətimizin istər vətən daxilində, istərsə də yad 
ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası 
üçün olmuşdur. 
     3.  Qurultay  bu  ağır  şərait  daxilində  aparılan  mübarizədə 
canlarını vətənin azadlığı uğrunda fəda edən şəhidlərin xatirəsini 
hörmət və ehtiramla yad edir. 
     4.  Dünyanı  sarsıdan  bu  İkinci  Cahan  müharibəsi  nəticə-
sində  milli  müqəddəratımızın  həllinə  və  istiqlalımızın  bərpasına 
sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi 
düşmənimizin  məhvindən  ibarətdir.  Bunun  üçün  də  milli  məna-
feyimiz bizi bu gün bolşevizmə qarşı döyüş aparan və tarix boyu 
Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdı. 
     5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan 
xalqı  ilə  Qafqaz  qonşuları  və  qardaş  Şimali  Qafqaz,  Türküstan, 
İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə 
edir və onlarla iş birliyini zəruri sayır” [32, N9, 1954]. 
     Göründüyü  kimi  bu  müddəalar  1920-ci  ildən  bəri  müha-
cirlərin  apardığı  milli  azadlıq  mübarizəsinin  əsas  prinsipləri  ilə 
səsləşir. 
     Müharibənin  xarakteri  dəyişdikcə  “İrtibat  Heyət”lərinin 
tərkibi  və  legionların  əhvali-ruhiyyəsi  də  dəyişirdi.  Stalinqrad 
məğlubiyyətindən sonra almanlar geri çəkilməyə başlamış, dəyi-
şən  bu  vəziyyətin  müqabilində  erməni  və  gürcü  legionçularının 

 
 
166 
əksəriyyəti də cəbhələrini dəyişərək Ukrayna partizanlarına qoşul-
muşdu. Erməni  və  gürcü legionlarının qalan taburları da tez-tez 
üsyan  etdiklərindən  “Hitler  sadəcə  olaraq  müsəlmanlara  güvənə 
biləcəyini  söyləmişdi”  [284,  s.61].  Almanların  müşahidələrinə 
görə fərarilikdə birinci və ikinci yerləri erməni, gürcü legionçuları, 
axırıncı yeri isə azərbaycanlılar tuturdu. 
     Avropa  ölkələrində  də  analoji  proses  gedirdi.  Qərb  cəb-
həsində  döyüşən  legionçular  dəstə-dəstə  Amerikan-İngilis  hərbi 
birləşmələrinin  tərəfinə  keçir,  İtaliyada, Yuqoslaviyada  get-gedə 
güclənən partizan hərəkatına qoşulurdular. 
     1944-cü ildə Türkiyə Almaniya ilə diplomatik münasibət-
ləri  kəsdikdən  sonra  Azərbaycan  legionçuları  arasında  da  əks 
cəbhəyə  keçmək  halları  müşahidə  olunmağa  başladı.  Lakin 
müharibənin  sonuna  qədər  bu  fərarilik  kütləviləşmədi.  Alman 
ordusundakı  legionçuların  get-gedə  artan  fərariliyinə  rəğmən 
Vermaxtın 1943-cü ilin payızında legionları dağıtmaq fikri ortaya 
çıxanda  SS  generalı  Berker  Himmlerdən  450-ci  türk  taburunu 
Vaffen SS-in tabeliyinə keçirməyə icazə istədi və buna nail oldu. 
Az sonra bu taburun bazası əsasında Ənvər Paşanın (1922-ci ildə 
Türküstanda  sovetlərə  qarşı  başlanan  milli  azadlıq  hərəkatının 
lideri idi və həmin il döyüşlərin birində şəhid oldu) əsgi silahdaşı, 
indi isə  SS Ştandartenfüreri  (mayorların SS rütbəsidir) Harun  əl 
Rəşid bəyin komandanlığı altında “Doğu Türk Silahlı Gücü” adlı 
bir hərbi birlik formalaşdırıldı. “Doğu Türk Silahlı Gücü” Sovetlər 
Birliyini  içdən  bölmək  qayəsiylə  bütün  türk  əsilli  antibolşevik 
güclərin siyasi və əsgəri baxımdan toplanması üçün Pantürkizmə 
dayanırdı” [284, s.153]. 
     Müəyyən  uğurlar  qazanan  bu  hərbi  birliyin  Qafqaz  xalq-
larının timsalında da analoji variantını yaratmaq fikrinə düşən SS, 
məqsədini  reallaşdırmaq  üçün  bir  layihə  hazırladı.  1944-cü  ilin 
dekabrında  isə  Himmler  artıq  Şimali  Qafqaz,  Azərbaycan,  Gür-
cüstan  və  Ermənistan  hərbi  qruplaşmalarının  “Qafqaz  Silahlı 
Gücü” adı altında yaradılan bir hərbi qurumda birləşmələri haq-
qında əmr verdi. 

 
 
167 
     Ermənilərlə  bir  yerdə  vuruşmaqdan  imtina  edən  azərbay-
canlılar  Harun  əl  Rəşidə  “Doğu  Türk  Silahlı  Gücü”nə  keçmək 
istədikləri barədə müraciətnamə göndərdilər. SS Mərkəzi Dairəsi 
yaranmış mübahisəli vəziyyəti həll etmək üçün orta yol seçməyə 
məcbur oldu: Azərbaycan legionçuları Doğu türküstanlılarla deyil, 
ayrıca Şimali qafqazlılara birləşdirildi. 1944-cü ilin dekabrı, 1945-
ci ilin yanvarında rus hərbi əsirləri və “Şərq işçiləri”ndən ibarət 
yeni bir hərbi qurum da yaradıldı. Bu, 1942-ci ildə almanlara əsir 
düşən general Vlasovun komandanlıq etdiyi Rus Qrtuluş Ordusu 
idi. 
     Hələ  1944-cü  ilin  noyabrında  Vlasov  SS-in  dəstəyi  ilə 
Praqada  “Rusiya  Xalqlarının  Qurtuluş  Komitəsi”  adlı  bir  siyasi 
qurumun  yaradıldığını  bəyan  etmişdi.  “Vlasov  RXQK-ni  sovet 
hökumətinin  alternativi,  özünü  isə  SSRİ-nin  rus  əsilli  olmayan 
millətlərinin də adından danışmaq iddiasında olan “Stalin timsallı” 
şəxsiyyət görürdü” [284, s.161]. 
     O, sadəcə olaraq kommunistlərsiz, lakin sərhədləri dəyiş-
məyən  yeni məzmunlu Sovetlər Birliyi istəyirdi, milli təşkilatlar 
üçünsə  dövlətin  ictimai  düzəni  ikinci  yerdə  dayanırdı.  Birinci 
yerdə təbii ki, dəyişməyən tələb, əsas məqsəd milli müstəqillik idi. 
     SS öz növbəsində SSRİ-dən olan bütün  milli  təşkilatların 
Vlasov  komitəsində  birləşdirilməsinə  çalışırdı.  Elə  bu  məqsədlə 
1944-cü  ilin  oktyabrında  Gürcüstandan  Mixail  Kedia,  Azərbay-
candan  A.  Atəməlibəyov,  Ermənistandan  Armen  Camalyan, 
Şimali  Qafqazdan  isə  Əli  xan  Qandəmirin  yaratdığı  “Qafqaz 
Şurası”na  müraciət  olunmuşdu.  Bu  müraciətin  müqabilində 
qafqazlılar SS Mərkəzi  Dairəsi  qarşısında siyasi tələblər qoydu: 
Almaniya  Qafqaz  ölkələrini  müttəfiq,  eyni  zamanda  müstəqil 
dövlətlər  olaraq  tanınmalı,  Qafqaz  hərbi  birliklərini  “Qurtuluş 
Ordusu” elan etməli, nəhayət Qafqaz Şurasına daxil olan hər bir 
təşkilatı ayrılıqda milli komitə adlandırmalıdır. Bu tələblər qəbul 
edilmədiyindən, danışıqlar baş tutmamışdı. 
     P.  Mühlen  göstərir  ki,    A.  Atəməlibəyovla  münasibətləri 
pozulan F. Düdənginski, gürcü M. Kedia ilə birlikdə Vlasovla iş 

 
 
168 
birliyinə razılıq vermişdi. F. Düdənginski isə  yazırdı: “Rus anti-
bolşevikləri  ilə  əməkdaşlıq  üçün  birinci  və  sonuncu  şərt  olaraq 
qeyri-rus xalqların tam müstəqilliyi bəyannaməsini qəbul etməyi 
qarşıya qoymuşam” [169, 13-30.05.1992;  12-30.06.1992]. Daha 
sonra müəllif azərbaycanlılardan Vlasova qoşulan yeganə adamın 
162-ci türk diviziyasından fərar edən İslam Məmmədov olduğunu 
göstərir. 
     Qeyd  edək  ki,  müharibənin  sonuna  doğru  yaradılan  hərbi 
təşkilatların  əksəriyyəti siyasi  məqsədləri hədəf  götürmüşdü.  Bu 
Almaniyanın  get-gedə  ağırlaşan  vəziyyətilə    az  bağlı  deyildi. 
Yaradılandan bir neçə ay sonra RXQK də, Rus Qurtuluş Ordusu 
da dağıldı. 
     1945-ci  il  fevralın  22-də  isə  Türkiyənin  Almaniyaya 
müharibə elan etməsi ilə, əsasında pantürkizm ideyaları dayanan 
“Doğu Türk Silahlı Gücü”, az sonra isə qafqazlıların hərbi birliyi 
dağıldı. Harun əl Rəşid türküstanlıların birliyindəki alman hərbi-
çilərini güllələyərək 500 nəfərlə meşələrə çəkildi. Azərbaycanlılar 
isə  müharibənin  qurtarması  ilə  Avropanın  müxtəlif  bölgələrinə 
səpələndi. 
     Müttəfiq qoşunları  Berlini hər tərəfdən mühasirəyə  aldığı 
bir vaxtda martın 17-də Almaniya bolşevik istilası ilə müstəqillik-
lərini  itirən  SSRİ  millətlərinin  müstəqilliklərini  tanıdığını  bəyan 
etdi. Bu gecikmiş aksiya olduğundan, demək olar ki, heç bir məna 
kəsb  etmirdi.  Hətta  SSRİ  dövlətlərinin  tanınmaq  mərasimi  hava 
bombardmanı ucbatından tez-tez yarımçıq kəsilərək komik şəkil 
almışdı. 
     1944-cü ilin sonlarında, “Şərq Nazirliyi tərəfindən qurulan 
və müharibə qurtaranadək almanların tanıdığı yeganə təmsilçilik 
olaraq  qalan  Azərbaycan  “İrtibat  Heyəti”nin  də  [38,  N8,  1952] 
rəhbər  üçlüyü  dağıldı.  “İrtibat  Heyəti”ndəki  fəaliyyətlə  yanaşı, 
eyni  zamanda  Türkiyənin  ən  nüfuzlu  qəzetlərindən  sayılan 
“Təsviri  Əfkar”ın  müdir  müavini  və  “Türk  Xəbərlər  Ajansı”nın 
nəşriyyat müdiri vəzifələrində çalışan Fuad Əmircan 1944-cü ildə 

 
 
169 
Berlini tərk edərək Parisə getdi (Türkiyə Almaniya ilə diplomatik 
münasibətləri kəsdikdən sonra o Almaniyada qala bilməmişdi). 
     F.  Düdənginski  isə  1943-cü  ildə  yaratdığı  “Milli  Birlik 
Məclisi”nin (P. Mühlen 1943-cü il Kayzerhov qurultayında yara-
nan bu təşkilatın, səhvən 1944-cü ildə meydana çıxan bir partiya 
olduğunu  göstərir)  fəaliyyətinə  daha  çox  önəm  verdiyindən  “İr-
tibat heyətində bir lider kimi müharibənin sonuna yaxın A. Ata-
məlibəyova  uduzurdu.  F.  Düdənginskinin  arxa  plana  keçməsi 
onun  təmsil  etdiyi  Almaniya  ordusundakı  Azərbaycan  legion-
çularının  dağıdılaraq  tədricən  A.  Ataməlibəyovun  təmsilçisi 
olduğu SD Mərkəzi Dairəsində cəmləşməsi ilə də bağlı idi. 
     Müharibənin  qurtarmasına  hələ  bir  ay  qalmış  bütün  milli 
təmsilçilərin sözçüsü kimi M. Kedia bir qrup gürcü ilə beynəlmiləl 
təşkilatlar və Qırmızı Xaç cəmiyyətinin araçılığı sayəsində hərbi 
əsirlərin  vətənə  dönmələri  məsələsiylə  bağlı  danışıqlar  aparmaq 
üçün  Cenevrəyə  getmişdi.  Lakin  bu  danışıqlar  heç  bir  nəticə 
vermədi. 
     Almanlar  məğlubiyyət  aktını  imzaladıqdan  sonra  milli 
legionların qalan taburları tərksilah edilərək ayrı-ayrı ölkələrdəki 
əsir  düşərgələrinə  yerləşdirildi.  Legionçular  Sovet  hökumətinə 
təslim  edilmək  üçün  milliyyətlərinə  görə  qruplaşdırılırdı.  Lakin 
onlar gələcək talelərindən narahatlıq keçirdiklərindən, vətənə dön-
mək  istəmirdilər.  Stalinin  Krım  tatarlarını,  Ahsıka  türklərini, 
çeçen-inquşları,  qaraçayları  kütləvi  deportasiya  etməsi  xəbərləri 
də ciddi təşviş yaratmışdı. 
     Elə bu səbəbdən də əsirlər imkan düşən kimi hərbi düşər-
gələrdən, bir sıra hallarda isə  vətənə  yola salınarkən qatarlardan 
atılıb qaçırdılar. 162 saylı Türk taburu Sovetlərə təhvil veriləndə 
təkcə bir qatardan 80 nəfər əsir düşüb qaçmış, iki nəfər molla isə 
özünü  yerə  atıb  öldürmüşdü.  Belə  bir  vaxtda  İnqilis-Amerikan 
qüvvələri heç nəyə məhəl qoymadan sürətlə Avropanı Sovet hərbi 
əsirlərindən  “təmizləməkdə”  idilər.  Fon  Mende  göstərir  ki, 
Almaniyadan  Qızıl  Orduya  təslim  edilən  qafqazlıların  sayı  yüz 
min  idi.  F.  Əmircan  isə  müharibədən  sonra  1000  nəfərə  yaxın 

 
 
170 
azərbaycanlı  əsir  mühacirin  Avropanın  müxtəlif  ölkələrində 
məskunlaşdığını bildirir. 
     Lakin  bu  rəqəmlər  çox  yuvarlaqlaşdırılmışdır.  Müha-
ribənin qurtardığı ərəfədə Münxendə gizli şəraitdə yaşayan M. Ə. 
Rəsulzadənin rəhbərliyi ilə yeni yaradılan Azərbaycan Demokrat 
Birliyi  əsirlərin  məskunlaşması  ilə  məşğul  olurdu.  Birliyin  fəal-
larından olan M. Kəngərli göstərir ki, təkcə bu “birlik 3 mindən 
çox azərbaycanlının  əsirlikdən xilas olub  Türkiyədə  yaşamasına 
kömək etdi. 500 nəfər isə Misir Kralının himayəsinə göndərildi” 
[11.9.05.1996]. 
     Müharibədən sonra lideri F. Düdənginski olan yeni müha-
cirət dalğası yarandı ki, bunların bir hissəsi siyasətlə maraqlanan-
lar idi. 
     Müharibədən sonra Fuad Əmircan M. Ə. Rəsulzadə başda 
olmaqla  müsavatçıların  ideoloji-siyasi  xəttini  müdafiə  etməyə 
başlayır. 1930-cu illərdə “Qafqaz” qrupunda H. Bammat, Əli xan 
Qandəmir, X. Xasməmmədov və b. ilə “Prometey”çilərə, o cüm-
lədən  Müsavata  qarşı  kəskin  müxalifət  cəbhəsində  dayanan  F. 
Əmircan  tutduğu  mövqeyini  belə  əsaslandırırdı:  “Avropa 
kitabxanalarını  dolaşıb  Azərbaycana  aid  hər  əsərin  mühacirətdə 
yalnız onlardan çıxdığını gözlərimlə  gördükdən,  başqalarınn  an-
caq fürsət zühur etdikcə və ya işlərinə gəldikcə milli fəaliyyətlə 
məşğul  olduqları halda,  onların  nizamlı,  davamlı və fəal  sürətdə 
kəndilərini tamamilə bu işə verdiklərini müşahidə etdikdən, milli 
yolda  sapasağlam  durduqlarını,  heç  kimi  partiyalarına  girməyə 
məcbur  etmədiklərini  gördükdən  sonra...milli  yoldakı  pozisyon-
ları uzun təcrübələrlə sınanan bu qrupla təşriki məsai edəcəyim (iş 
birliyi-X. İ.) aşikardır” [37, N-8, 1952]. 
     F. Əmircanın əksinə olaraq F. Düdənginski 1943-cü ilə qə-
dərki mövqeyini dəyişərək M. Ə. Rəsulzadə və Müsavata müxa-
lifət  cəbhəsinə  keçdi.  1940-cı  illərin  sonlarında  onun  ətrafında 
əskidən müsavatçılarla münasibətləri soyuq olan C. Hacıbəyli, Ə. 
Şeyxülislam  və  b.  görünməyə  başlayır.  50-ci  illərin  əvvəllərinə 
yaxın  nisbətən  böyüyüb  fəallaşan  bu  qrup  Visbaden  konfransı 

 
 
171 
ətrafında (Bax:  “Visbaden konfransı  məsələsi)  gedən mübahisə-
lərdə özünü AMM-ə və Müsavat partiyasına qarşı kəskin müxa-
lifət kimi göstərdi. 
     Xoşagəlməz  hallardan  biri  də  müharibədən  sonra  yeni 
yaranan mühacirət dalğasını cəlb etmək üçün onları süni sürətdə 
“əski”  və  “yeni”  mühacirlər  adı  ilə  bölmək  təşəbbüsləri  idi.  F. 
Əmircan  yazırdı:  “Azərbaycanlıların  “əskisi”,  “yenisi”  deyə  bir 
şey yoxdur. Azərbaycanlı azərbaycanlıdır və onları şərabmış kimi 
kateqoriyalara  ayırıb  şəxsi  ehtiraslara  oyuncaq  yapmaq 
təşəbbüsləri boş bir qeyrətdən  ibarətdir” [37, N-6, 1952]. 
     Əslində  “əski”  və  “yeni”  mühacirlər  termini  havadan  da 
yaranmamışdı.  Doğrudan  da  müharibənin  Avropaya  səpələdiyi 
yeni-sovet  Azərbaycanının  vətəndaşları  dünyagörüşləri,  düşüncə 
və  davranış  tərzləri  ilə  əski  mühacirlərdən  nəzərə  çarpacaq  də-
rəcədə  fərqlənirdi.  Bəzi  hallarda  onlar  1918-1920-ci  illərdəki 
fəaliyyətlərinə  görə  əski  mühacirləri  tənqid,  hətta  “vətəni  bol-
şeviklərə satmaqda” ittiham etməkdən belə çəkinmirdilər. 
     P.  Mühlen  yazır:  “Rəsulzadənin  hərb  əsiri  həmşəhərliləri 
ilə  yapdığı  görüşlərdə  iki  ayrı  dünya  qarşılaşırdı.  Legionerlər 
tərəfindən  etimadsızlıqla  qarşılanıb  Azərbaycanda  xanların  və 
böyük  torpaq  sahiblərinin  hakimiyyətini  yenidən  təsis  etmək 
istəməklə ittiham olunurdu” [284, s.110]. 
     F.  Düdənginski  də  1943-cü  ildən  sonra  N.  Nərimanovu 
ideallaşdıraraq  bildirirdi  ki,  Azərbaycanda  qurulacaq  yeni  milli 
rejim rusları məmləkətdən xaric etməklə kifayətlənəcək. Təbii ki, 
legionçular arasında yayılan belə fikirlər əski mühacirlərə o qədər 
də  xoşagəlməyən  münasibətin  formalaşmasına  təsir  etməyə 
bilməzdi.  Lakin  süni  şəkildə  gücləndirilən  belə  əhvali-ruhiyyə 
narahatlıq doğuracaq səviyyədə kütləviləşməmişdi. Hələ mühari-
bənin  ilk  illərində  M.  Ə.  Rəsulzadə  Azərbaycanın  sovetləşdiyi 
iyirmi il ərzində azərbaycanlılarda ana dilinə, vətənə sevgini, milli 
mədəniyyəti  qiymətləndirmək  bacarığını  müşahidə  edərək 
sonralar  yazdığı  “Çağdaş  Azərbaycan  tarixi”  əsərində  belə 
vəziyyətdən çox məmnun qaldığını bildirirdi. 

 
 
172 
     M.  Ə.  Rəsulzadə  dərin  təəssüf  hissi  ilə  müəyyən  sahələr-
dəki tənəzzüldən də bəhs edərək yazırdı: “Azərbaycanlı əsirlərin 
din  məsələləriylə  təmasında  tamamilə  biliksiz  olduqları  nəzərə 
çarpır.  Nə Ramazan, nə Qurban bayramları sovet gənclərinə mə-
lum  deyildir.  Bahar  xalq  Bayramı  “Novruz”  da  modadan 
düşmüşdür” [164, s.21]. 
     Hərbi əsirlər kəlmeyi-şəhadətlərini bilmir, dəfn mərasimi-
nin  İslam  qaydaları  üzrə  keçirilməsində  çox  çətinlik  çəkirdilər. 
Əksər  hallarda  ölüləri  dini  adətləri  gözləmədən  dəfn  edirdilər. 
Bəzən isə “dəfn mərasimi “Arşın malalan” operettasının nəğmə-
ləri altında icra olunurdu” [164,s.21]. 
     Bu baxımından doğrudan da mühacirətdə əskilik və yenilik 
olduğu özünü biruzə verirdi. Lakin bu fərqlərə, ara-sıra eşidilən 
ittihamlara  baxmayaraq  M.  Ə.  Rəsulzadənin  Azərbaycanın 
gələcəyinə baxışı çox nikbin idi. O, F. Düdənginskinin də qiymətli 
vətənpərvər  olduğundan  qürurlanaraq  yazırdı:  “O,  hərtərəfli  bir 
vətənsevər və atılqan bir mücahitti. Cəbhədə adı duyulmayan bir 
əsgər  ikən  açığa  vurduğu  hissiyyat  onun  səmimi  bir  vətənsevər 
olduğunu göstərirdi” [32, N-9, 1954]. 
     Müharibə  illərinin  ən ziddiyyətli  məsələlərindən biri olan 
hərbi əsirlərin, legionçuların taleyi, onların tutduqları yol tarixşü-
naslıqda  müxtəlif  səpkilərdə  araşdırılmış,  müxtəlif  cür  işıqlan-
dırılmışdır. 
     Sovet  ədəbiyyatında  əsasən  vətən  xainləri  kimi  təqdim 
olunan  legionçuların  birmənalı  şəkildə  ittiham  edilməsi  səhv  və 
əsassızdır.  1920-ci  il  bolşevik  istilası  ilə  öz  milli  müstəqilliyini 
itirdikdən sonra 20 il kütləvi terrora məruz qalan azərbaycanlıların, 
(eləcə  də  digər  millətlərin)  müharibədə  tutduğu  antibolşevik 
mövqe tarixi proseslərin məntiqi yekunu idi. 
     Əslində taleyi öz  əllərində olmadıqlarından ayrı-ayrı cəb-
hələrdə  (alman  və  sovet)  bir-birlərinə  güllə  atmaq  məcburiyyə-
tində qalan hər iki tərəfin vəziyyətini başa düşmək çətin də deyil. 
Millət  müstəqil  olmayanda,  öz  taleyinə  özü  sahiblik  edə  bil-
məyəndə təbii ki, o başqalarının əlində alət olur. 

 
 
173 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin