XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   11   12   13   14   15   16   17   18   19

 
Ədəbiyyat 
 
1.
 
İbrahimli  X.  Qafqaz  evi:  mif,  yoxsa  gerçəklik?  “  Kavkaz”, 
1997 , N --1 
2.
 
Rəsulzadə  M.  Ə.  Qafqaziya  birliyi  fikri  mühacirətdə. 
“Kafkasiya” (Münxen), 1952, N-11-12 
3.
 
“Kurtuluş” (Berlin), 1937, N-28 
4.
 
“Kurtuluş” (Berlin), 1935, N-5 
5.
 
Rəsulzadə  M.  Ə.  Qafqaziya  birliyi  fikri  mühacirətdə. 
“Kafkasiya” (Münxen), 1952, N-11-12 
6.
 
İbrahimli X. Zeynalov  R. Müsavat Partiyasının 1920-ci il 27 aprel 
istilasından  sonra  fəaliyyəti  tarixindən.  “Müsavat”,  Bakı  N-  1(5), 
2(6), 3(7), 4(8), 5(9), 7(11); 1993,1994, 1996, 1997. 
7.
 
Mehmet S. Kafkasiya məsələsi. “Azeri - Türk” 1929, N-24/2 
8.
 
“Kafkasiya” (Münxen ).1952, N-11-12 
9.
 
“Kurtuluş” (Berlin). 1935, N-39 
10.
 
Yenə orada 
11.
 
“Kafkasiya” (Münxen). 1952, N-11-12 
12.
 
Mühlen  Patrik.  Camalihac  ile  Kızılyıldız  arasında.Ankara  , 
1984,s.21 
13.
 
“Kafkaz almanaxı” (İstanbul).1936,s. 62 
14.
 
Americebi  S.  Kafkasiya  məsələsi.  “Kafkas  almanaxı” 
(İstanbul).1936, s.15-17 
15.
 
Erel Ş. Azərbaycan Politikaçılarının yanlışları. İstanbul ,1968 ,s.10 
16.
 
“Kafkas almanaxı” (İstanbul) 1936, s. 11 

 
 
301 
17.
 
Bammat  H.  Lehistan  və  Kafkasiya.  “Kafkas  almanaxı” 
(İstanbul) 1936,s. 26-32 
18.
 
“Kurtuluş” (Berlin).1936, s. 62 
19.
 
“Kafkaz almanaxı” (İstanbul).1936, s. 62 
20.
 
Yenə orada , s. 63-70 
21.
 
Karumidze  S.  Şimal  və  Cənub.  “Kafkaz  almanaxı” 
(İstanbul).1937, s. 35-41 
22.
 
“Kurtuluş” (Berlin). 1936, N- 20 
23.
 
İbrahimli X. Azərbaycan Siyasi mühacirəti. Bakı ,1996, s.170 
 
 
 
 
 
Vətən tarixinin öyrənilməsində “Qurtuluş”  
dərgisinin yeri 
 
  1920-ci  illər SSRİ-dən  olan mühacirlərin Türkiyədə  qaynar 
fəaliyyət  dövrü  sayılır.  Lakin  30-cu  illərdə  vəziyyət  kəskinliklə 
dəyişdi.  Qərb  dövlətlərinin  paralel  vaxtda  Türkiyə  və  SSRİ-yə 
təzyiqləri bir birlərinə ənənəvi düşmən olan bu iki dövləti məcburi 
müttəfiqliyə  sövq  etdi.  Osmanlının  dağıntıları  altından  güclə  
çıxan  Türkiyə  SSRİ  ilə  ilıq  münasibətlərdə  təhlükəsizliyini 
qismən  də  olsa  təmin  etməyə  çalışırdı.  Analoji  baxış  SSRİ-nin 
xarici  siyasətində  də  görünürdü.  Eyni  zamanda,  sovetlər  Tür-
kiyədə  də  kommunist  rejiminin  bərqərar  olacağına  ümidli  idi. 
Etiraf  olunmalıdır  ki,  Atatürk  özü  də  Kremldə  belə  təəssüratın, 
ümidlərin yaranmasına rəvac verirdi və zəif Türkiyəyə əlavə baş 
ağrıları  gətirməmək  üçün  heç  də  səhv  etmirdi.  Əslində  köklü 
yanlışlığın  müəllifi  Qərb  idi  ki,  Türkiyə  və  SSRİ-uə  eyni  mü-
nasibət bəsləyir, Osmanlının yerində dünyəvi dəyərlərə söykənən 
Türkiyə Cümhuriyyətinin qurulmasını heç cür həzm edə bilmirdi. 
SSRİ  ilə  Türkiyənin  “zorən  dostlugu”  milli  mühacirlərin  30-cu 
illərdə Avropaya sığınması ilə nəticələndi. Mühacirlərin Avropa 

 
 
302 
ölkələrində  çəkisi  artdıqca  yeni-yeni  təşkilatlar  və  mətbuat 
orqanları  yaranırdı.  Sözü  gedən  dövrdə  gürcülərin  Parisdə 
“Sakartvelo”, tatarların Rumıniyada “Əməl”, Şimali qafqazlıların 
Polşada  “Severnıy  Kavkaz”,  tatarların  Almaniyada  “Yaş  Tür-
küstan”  dərgisi  yayımlanırdı.  Milli  mətbuatla  yanaşı  SSRİ-dən 
olan  mühacirlərin  kollektiv  əməyi  ilə  bağımsız  milli  dövlətlərin 
yenidən  təsisini  hədəf  götürən  “Prometey”  təşkilatının  eyni  adlı 
dərgisi də nəşr olunurdu. 
  Mühacirətin  Avropadakı  fəaliyyətinin  keyfiyyətini  ifadə 
edən örnək hadisələrdən biri, 1934-cü ildə Berlində nəşrə başlayan 
“Qurtuluş”  dərgisidir.  M.  B.  Məmmədzadə  yazırdı:  “Sovet 
hökuməti  artıq  dəli  olmaq  dərəcəsinə  gəlirdi  .  O,  “Istiqlalın” 
çıxmasından (Avropada Azərbaycan mühacirlərinin dərc etdirdiyi 
qəzet - X. I. ) üç il sonra, onun Türkiyəyə girməsinin yasaq elan 
edilməsinə müvəffəq olmuşdu. Türkiyədə nəşrlərimizin oxunması 
naminə  ...Qurtuluş  məcmuəsini  çıxarmaq  məcburiyyəti  hasil 
olmuşdur" [1]. 
  Berlinin Carlottenburq - 2 ünvanında dərc edilən “Qurtuluş” 
dərgisinin  yaradıcısı  və  məsul  müdiri  Almaniyada  yaxşı  tanınan 
Hilal Münşi idi. 
  H.  Münşi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  1919-cu  ildə 
Avropaya təhsil almağa göndərdiyi 100-ə yaxın tələbədən biri idi. 
1920-ci il aprel devrimindən sonra o da bolşevik rejimi bərqərar 
olan  Azərbaycana  dönməkdən  imtina  edərək,  Almaniyada 
mübarizə aparmağa qərar verdi. 
  H.  Münşi  məşhur  Azərbaycan  diplomatı  və  yazıçısı  Y.  V. 
Çəmənzəminlinin bacısı oğlu idi. O, alman dilini çox gözəl bilirdi 
və Berlində rəsmi çevrələrdə yaxşı tanınırdı. 1942-ci ildə M. Ə. 
Rəsulzadənin  Almaniya  Xarici  İşlər  Nazirliyinin  rəhbərləri  ilə 
görüşünü  təşkil  edən  də  H.  Münşi  olmuşdu.  Alman  tarixçisi  P. 
Mühlen: “1930-cu illərdə “Prometey”ə yaxın “Qurtuluş” dərgisini 
yayımlayan azərbaycanlı Hilal Munşidən ayrıca bəhs etməyin” [2] 
məqsədə uyğunluğunu vurğulayır. 

 
 
303 
  H.  Münşidən  bəhs  etmək  üçün,  heç  şübhəsiz,  ilk  növbədə 
“Qurtuluş”  dşrgisini  öyrənmək,  bu  dərginin  mühacirlərimizin 
həyatında, eləcə də ən yeni tariximizdəki yerinə işıq salmaq tələb 
olunur. Azərbaycan mühacirləri mühacirətdə 30-dan artıq qəzet və 
jurnal dərc etdirib. “Qurtuluş” dərgisi dərc edilən bu çeşidli mətbuat 
nümunələri arasında həm dövriliyi (aylıq dərgi idi və fasiləsiz çap 
olunurdu), həm də mövzu polifonikliyi və faydalılığı ilə seçilir. 
  Adından da bəlli olduğu kimi dərgi Azərbaycanın sovetlərin 
basqısından qurtulmasını hədəf götürmüşdü və bütün mühacirləri 
bu yolda səfərbər etməyə çalışırdı. “Qurtuluş”un almanca əlavəsi 
də çıxırdı ki, bu da alman ictimaiyyətini Azərbaycan milli istiqlal 
mübarizəsi ilə tanış edirdi” [3]. 
  Yayımlandığı  beş  il  ərzində  “Qurtuluş”da  dərc  olunan 
məqalələri  hədəflərinə  və  xarakterinə  görə  bir  neçə  istiqamətdə 
ümumiləşdirmək olar.  
  Birinci  istiqamət  –  Azərbaycan  mühacirlərini  və  alman 
oxucularını  SSRİ-də  baş  verən  hadisələrlə  tanış  etmək. 
İnformasiya təminatını hədəf götürən belə yazılarda ən çox
 
sovet 
rejiminin  törətdiyi  cinayətlərə-terror,  edam,  kütləvi  həbs  və 
sürgünləri  ehtiva  edən  məsələlərə  yer  ayrılırdı.  “Qurtuluş”un 
səhifələrində  həbs  olunan,  yaxud  terrorun  qurbanı  olan  adamlar 
haqqında məlumatlara tez-tez təsadüf edilir. 
  Ikinci  istiqamət  -  Tariximizin,  mədəniyyətimizin  problem-
lərinə həsr olunan məsələlərdə öz əksini  tapır. Mühacirlər 1920-
ci ildə baş  verən aprel devrimini doğuran səbəbləri eninə-boyuna 
təhlil  edərək  mürəkkəb,  ziddiyyətli  məqamlara  cavab  tapmağa, 
qürbətdə baş alıb gedən qarşılıqlı ittihamlara aydınlıq gətirməyə 
çalışırdılar.  Bu  mövzuda  dərc  olunan  təhlillərin  çağdaş  tarixşü-
naslığımız üçün maraq doğuracağı şübhəsizdir. Məsələn, 1920-ci 
ilin  aprel  çevrilişi  ərəfəsində  Azərbaycan  Xalq  Cümhuriyyəti 
rəhbərlərinin vəziyyəti xilas etmək üçün müvəqqəti diktatura ya-
ratmaq  istəkləri  mübahisə  doğurur.  XI  ordunun  hücum  təhlükə-
sinin gerçəkləşdiyi ərəfədə belə bir fikrin ümumiyyətlə olmadığını 
iddia  edənlər  də  yox  deyil.  Kifayət  qədər  mürəkkəb  bir 

 
 
304 
situasiyanın doğurduğu bu məsələyə mühacirlərimizin münasibəti 
necədir?  “Qurtuluş”un  12-ci  (1935-ci  il)  sayında  “Müsavatçı” 
imzasıyla çıxış edən müəllifin məqaləsində deyilir: “Parlamentonu 
dağıdıb  müvəqqəti  diktatorluq  elanı,  əvət,  tətbiq  olunmadı,  nə 
üçün?” [4]. Müəllif M. Ə. Rəsulzadənin bu məsələdəki mövqeyinə 
aydınlıq gətirməyə və onun müvəqqəti diktatura qurulması fikrinin 
məqsədə  müvafiqliyinə  bəraət  qazandırmağa  çalışır.  Məqalə 
müəllifi iddia edir ki, M. H. Hacınskini istefaya məcbur edən məhz 
M. Ə. Rəsulzadə olmuşdu və bunu Rusiya xəttinin qırılması, eyni 
zamanda  parlamentin  müstəqilliyin  müdafiəsinə  üstünlük 
verməyə  yönəldilməsi  cəhdi  kimi  başa  düşmək  olar.  Mətləbdən 
uzaqlaşmamış  onu  da  qeyd  edək  ki,  sözügedən  mövzu 
tarixşünaslığımızın çeşidli yönlərdən açıqlanmasına ehtiyacı olan 
problemlərindəndir  və  ona  aydınlıq  gətirmək  üçün  mühacirət 
irsinin öyrənilməsi diqqətdən kənarda qalmamalıdır. 
  “Qurtuluş” dərgisində bütün çalarları ilə təhlil edilən məsə-
lələrin  biri  də  bolşeviklərin  ruslaşdırma  siyasətidir.  Sözügedən 
sahəni ehtiva edən yazılarda ən  yeni tarixin necə yaradılması və 
yazılması prosesinin aydın mənzərəsi təsvir olunur. Mühacirlərin 
diqqətindən ruslaşdırma dalğası nəticəsində şəhərlərin, kəndlərin 
öz tarixi adları ilə vidalaşması məsələsi də yayınmır. 
  Üçüncü istiqamət – sovetlərin iqtisadi və maliyyə cəhətdən 
böhranlar  girdabında  çapalamasını  əks  etdirən  yazılardı.  Bu 
yazılarda SSRİ-nin iqtisadi və maliyyə siyasəti təhlil olunur, illik 
dövlət büdcəsi barədə statistikanın göstərilməsi və əvvəlki illərlə 
müqayisəsi  üsulu  ilə  gerçək  nəticələrin  təsviri  verilir.  Neft 
istehsalı  ilə  bağlı  “Qurtuluş”un  səhifələrində,  sovet  tarixşünas-
lığındakı statistikaya uyğun gəlməyən rəqəmlər az deyil. 
  Bütün  bunlar bir daha təsdiq  edir ki,  XX  yüzil Azərbaycan 
tarixinin  dəqiq  və  obyektiv  öyrənilməsi  üçün  mühacirət  irsinin 
ətraflı araşdırılmasına ciddi ehtiyac var. 
  Dördüncü istiqamət – beynəlxalq aləmdə gedən proseslərin 
təhlilidir. 1930-cu illər dünyada böyük dövlətlər arasında gərgin-
liyin  artdığı, münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi dövrdür. 

 
 
305 
Almaniyada  nasional-sosialistlər  hakimiyyətə  gəlmiş  və  sovet-
lərin  kommunist  ideyalarının  Avropada  sürətlə  yaymaq  istəyi 
ciddi  əngəllərlə  üzləşmişdi.  Almaniya  ilə  SSRİ  arasında  müna-
sibətlərin  get-gedə  gərginləşdiyi  acıq-aydın  görünür  və  bu  amil 
milli  mühacirlərin  Almaniyada  cəmləşməsini  stimullaşdırırdı. 
Təsadüfü deyil ki, 30-cu illərin ən qatı antisovet mühacir qəzetləri 
və dərgiləri məhz Almaniyada dərc edilirdi. Maraqlı məqamlardan 
biri də odur ki, mühacir mətbuatında Almaniyada gedən proseslər 
əsasən təqdir olunurdu. Hətta nasist rejimə, SSRİ-ni dağıdacaq və 
məhbus  xalqları  azad  edəcək  xilaskar  güc  kimi  bir  baxışın 
olmadığını  iddia  etmək  də  çətindir.  Bu  baxış  müəyyən 
dəyişmələrlə 1943-cü ilə qədər davam etmişdi. 
  30-cu illərdə baş verən maraqlı hadisələrdən biri də SSRİ-nin 
Millətlər  Cəmiyyətinə  daxil  olmasıdır.  Bu  hadisə  mühacirlər 
arasında böyük narazılıq dalğası doğurdu. Rusiya məhkumu mil-
lətlər  adından  Millətlər  Cəmiyyətinə  göndərilən  etiraz  notasında 
oxuyuruq: “Millətlər Cəmiyyətinin 16-cı ictimai rəisi M. Eduard 
Bene  Cənablarına!  Rəis  Cənabları,  1934-cü  il  18  sentyabrda 
Sovetlər  İttifaqının  Millətlər  Cəmiyyətinə  üzvlüyə  qəbul  edil-
məsinə  etiraz  olaraq  Kafkasya,  Türküstan,  Ukrayna  xalqlarının 
təmsilçiləri protesto məktubu göndərir: 
  Məmləkətimizi  işğal  edən  və  əsgəri  işğal  altında  saxlayıb, 
terrorla  idarə  edən,  öz  vətəndaşlarını  kölə  halına  salan  Moskva 
hökumətinə heç bir şərt qoyulmadan Sovetlər İttifaqının Millətlər 
Cəmiyyətinə  qəbulundan  mütəəssir  və  narazıyıq"  [5].  Etiraz 
məktubunda  daha  sonra  SSRİ  -  nin  Millətlər  Cəmiyyətinə 
qəbulundan keçən bir il ərzində ölkə daxilində durumun daha da 
pisləşməsi  göstərilir,  konkret  faktlar,  dəlillər  sadalanırdı.  Bu 
qiymətli  tarixi  sənədi  Azərbaycan  adından  M.  Y.    Mehdiyev, 
Gürcüstan  adından  A.  Çxenkeli,  Şimali  Qafqaz  adından  T. 
Şakman,  Türküstan  adından  M.  Çokay,  Ukrayna  adından  A. 
Şulqin imzalamışlar. 
  Beşinci  istiqamət  -  Qafqaz  birliyi  məsələsidir.  1930-cu 
illərdə Qafqaz mühacirləri iki yerə bölünmüşdülər. Bir tərəfdə M. 

 
 
306 
Ə. Rəsulzadə, N. Jordaniya, T. Şakmanın rəhbərlik etdiyi müha-
cirlər, digər tərəfdə isə Şimali Qafqazın nüfuzlu liderlərindən olan 
H. Bammatın rəhbərlik etdiyi mühacirlər cəmləşmişdilər. 
  H.  Bammatın  ətrafında  Azərbaycandan  M.  Ə.  Rəsulzadəyə 
müxalif olan X. Xasməmmədov, F. Əmircan və b., Gürcüstandan 
isə N. Jordaniyaya müxalif olanlar daha aktiv görünürdülər. Qeyd 
edək  ki,  tərəflər  bir-birlərinə  müxalif  olsalar  da  Qafqaz  Birliyi 
məsələsində  təxminən  üst-üstə  düşən  mövqedən  çıxış  edir, 
Konfederasiya  fikrini  dəstəkləyirdilər.  Qarşılıqlı  ittihamlar  daha 
çox əski fəaliyyətin, keçilən yolların, buraxılan səhvlərin təhlilinə, 
tənqidinə  yönəlmişdi.  Qafqazlılar  bir-birlərini  Konfederasiya 
məsələsinə,  Qafqaz  Birliyi  fikrinə  səmimi  olmamaqda 
suçlayırdılar.  Bu  dövrdə  “Qurtuluş”  H.  Bammatın nəşr  etdirdryi 
“Kavkaz” dərgisinə qarşı cəbhə açmışdı.  Digər tərəfdən,  Qafqaz 
Birliyinə qoşulmayan, bir sıra hallarda isə ona qarşı dayanan er-
məni  mühacirlərinə  sərt  təpki  göstərilirdi.  İkinci  Dünya  mü-
haribəsi başlayana qədər erməni mühacirləri ağ rus mühacirlərinin 
lideri  Kerenskinin  ətrafında  cəmləşmişdilər  və  Qafqaz 
mühacirlərinin yaratdıqları birliklərə qoşulmurdular. 
  Günümüzdə də çox  aktual olan “Qafqaz Birliyi” fikrinin 30-
cu  illərdə  təkmilləşib  mükəmməl  bir  şəklə  düşməsi  prosesi 
“Qurtuluş”un  səhifələrində  aydın  hiss  olunur.  Qarşı  tərəfin 
ittihamlarına  baxmayaraq,  dərginin  bu  yöndəki  xidmətləri 
təqdirəlayiqdir. 
  “Qurtuluş”  təkcə  Qafqaz  mühacirlərinin  deyil,  SSRİ-dən 
olan  bütün  milli  mühacirlərin  birliyinə  çalışır,  bu  istiqamətdə 
“Prometey”lə sıx əməkdaşlıq edirdi.  
  Altıncı  istiqamət  -  Azərbaycan  mövzusudur.  Vətənin  istiq-
laliyyəti məsələsi “Qurtuluş”un baş mövzusu sayılır. Dərginin hər 
sayında  “Azərbaycanda  nələr  olur”  rubrikası  ilə  ölkə  içində  baş 
verən  hadisələrin  xronikası  verilir,  eyni  zamanda  milli  bayram 
günləri  xatırlanırdı.  Mühacirlər  Azərbaycan  -  Almaniya,  Azər-
baycan  -  Polşa  tarixi  əlaqələri  barədə  də  maraqlı  araşdırmalar 
aparmışdır.  Örnək  yazılar  sırasında  Avropa  mütəxəssislərinin 

 
 
307 
Azərbaycan  haqqında  fikir  və  mülahizələri  də  diqqət  çəkir.  Bu 
baxımdan alman professoru Q. Yeşkenin Azərbaycan tarixinə dair 
araşdırmaları  tarixşünaslığımız  üçün  qiymətli  qaynaqlar  sayıla 
bilər.  Onun  1918-20-ci  illər  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
tarixi  barədə  hazırladığı  “28  Mayısdan  27  Nisana  qədər  Milli 
Azərbaycan təqvimi” [6] xüsusi maraq doğurur. 
  “Qurtuluş”un saylarından biri də Ə. M. Topçubaşinin həyat 
və  yaradıcılığına  həsr  olunub.  Azərbaycan  mühacirlərinin 
ağsaqqalı  sayılan  Əli  Mərdan  Bəyin  ölümü  münasibəti  ilə 
hazırlanan  bu  xüsusi  sayda  onun  həyat  və  yaradıcılığı  geniş  və 
ətraflı şəkildə şərh edilir. Ə. M. Topçubaşi tədqiqatçıları üçün bu 
materiallar əvəzsiz mənbəşünaslıq bazasıdır [7]. 
 “Qurtuluş”da  təkcə  Azərbaycan  həqiqətlərinin,  tarixinin 
deyil,  bütövlükdə  milli  mədəniyyətin  təhrif  olunan,  saxtalaşdır-
malara məruz qalan dönəmlərinə, məsələlərinə aydınlıq gətirmək 
niyyəti ilə dərc edilən məqalələr çoxdur. Bütün bunlar Azərbaycan 
sovet  tarixşünaslığı  və  ədəbiyyatşünaslığı  ilə  paralellər, 
müqayisəli  təhlillər  aparmaq  üsulu  ilə  öyrənilməlidir.  Əks 
təqdirdə XX əsr tariximiz və mədəniyyətimizdəki natamamlıqlar 
aradan götürülməyəcək. 
  Mühacirət  irsi  patriotik  irsdir.  Bu  irsin  təlim-tərbiyə  pro-
sesində  effektli  istifadəsinin  fayda  verəcəyi  də  şübhə  doğurmur. 
Azərbaycan  insanında  vətənpərvərlik  duyğusu  yaratmaq  üçün 
mühacirət irsinin bəlkə də analogiyasını tapmaq çətindir. “Qurtu-
luş”u oxunaqlı edən   cəhətlərdən biri də Azərbaycan poeziyasına 
vaxtaşırı yer ayrılmasıdır. Burada Almaz Yıldırımın şerlərinə tez-
tez  təsadüf  olunur.  Heç  şübhəsiz,  Azərbaycan  ədəbiyyatının, 
konkret  olaraq  A.  Yıldırım  irsinin  araşdırıcıları  üçün  dərginin 
saylarında  qiymətli  materiallar  mövcuddur.  Vətənin  ən  patriot 
şairlərindən olan A. Yıldırımın ancaq “Qurtuluş”da dərc olunan, 
geniş oxucu kütləsinə çatmayan şerləri az deyil. 
  “Qurtuluş” dərgisi 1939-cu ildə Hitlerin göstərişi ilə qapandı 
[8]. Ümumiyyətlə, 1938-39-cu illərdə Almaniyada və onun işğal 
etdiyi ölkələrdə mühacirlərin dərc etdirdikləri qəzet və dərgilərə 

 
 
308 
yasaqlar  qoyuldu.  Hətta  mühacirlərin  digər  Avropa  ölkələrinə 
(hələ  işğal  edilməyən)  sıxışdırılması  prosesi  başlandı.  Bu 
hadisələrin  əsasında,  ilk  növbədə,  Stalin-Hitler  paktında 
sözügedən məsələləri ehtiva edən müddəalar dayanırdı.  
  Ən yeni tariximizin öyrənilməsində “Qurtuluş”un xüsusi yeri 
var.  Çox  yaxşı  olardı  ki,  Azərbaycan  mühacirət  mətbuatının  bu 
dəyərli  nümunəsi  toplu  şəklində  dərc  edilib,  araşdırmaçıların  və
 
geniş oxucu auditoriyasının istifadəsinə verilsin. 
 
  Azerbaycan dergisi (Ankara) Say: 339, 2001 
Ədəbiyyat 
 
1.     Patrik von zür Mühlen.Camalihac ile kızılyıldız arasinda. 
Ankara-1984, səh.21 
2.       Məmmədzadə  Mirzə  Bala.  Milli  Azərbaycan  Hərakatı. 
Baki-1992, səh.l95 
3.
 
Patrik von zür Mühlen.Camalihac ile kızılyıldız arasinda. 
Ankara-1984, səh.l03 
4.
 
Yaqublu Nəsiman. Musavat partiyasimn tarixi. Baki-1997, 
səh. 199 
5.
 
Kurtuluş (Berlin). 1935, N -12 
6.
 
Yenə orada, 1935, N -12 
7.
 
Yenə orada, 1936, N -19-21 
8.
 
İbrahimli Xaləddin. Azərbaycan Siyasi Mühacirəti. Bakı -
1996, səh. 120. 
 
 
 
 
 
 
 
 
 

 
 
309 
 
 
 
 
 
 
 
 
 
 
 
İki od arasında 
 
        İkinci  Cahan  müharibəsinin  ən  ziddiyyətli  məsələlərindən 
biri də milli legionlar məsələsidir. Sovet tarixşünaslığında legion-
çulara, bütövlükdə isə hərbi əsirlərə münasibət birmənalı şəkildə 
neqativ  olub.  Nəhəng  tarixi  hadisələrin  burulğanına  düşən  bu 
adamlar «satqın», «vətən xaini», «düşmən» adlandırılıb. 
         Son  illər  milli  legionlar  mövzusunun  çeşidli  yönlərdən 
araşdırılmasına  baxmayaraq,  tarixşünaslıqda  «qaynar  nöqtəyə» 
çevrilən bu problemin hələ də açıq, zəif yerləri qalmaqdadır. Bun-
ların  öyrənilməsi  təkcə    ən  yeni  Azərbaycan  tarixinin  deyil, 
bütövlükdə ikinci Cahan savaşı tarixinin öyrənilməsi baxımından 
diqqəti çəkir. 
        Milli  legionlar  niyə    və  hansı  tarixi  şəraitdə  yaradıldı?  On-
ların  formalaşdırılmasında  faşist  rejiminin  maraqları  nə  idi, 
legionçular özləri nə istəyirdilər? 
        Hələ  müharibənin  ilk  aylarında  Şərq  cəbhəsində  almanlar 
xeyli  əsir  götürmüşdülər.  Almaniyalı  tədqiqatçı  Patrik  von  zür 
Mühlen yazır: «1941-ci ilin 1 Noyabrına qədər əsir düşərgələrində 
iki milyondan artıq sabiq Qırmızı Ordu mənsubları toplanmışdı. 
Hətta  Rozenberq  (Şərq  məntəqələri  naziri)  onların  3,6  milyon 
olduğunu göstərirdi» [1]. Bu əsirlərin xeyli hissəsi götürüləndən 
az  sonra  güllələnmişdi.  Başqa  bir  almaniyalı  tədqiqatçı  Kristian 

 
 
310 
Ştraytın  verdiyi  məlumata  görə,  «güllələnənlərin  sayı  hərbi 
əsirlərin  ümumi  kəmiyyətinin  20%-ni  təşkil  edirdi»  [2].  Əsir 
düşərgələrində cəmləşdirilənlərin kütləvi surətdə işğal altında olan 
Avropa  ölkələrinə  piyada  yürüşlərlə  köçürülmələri  də  vəziyyəti 
xeyli  ağırlaşdırırdı.  Onlar  bəzən  üç-dörd  həftə  piyada  getməyə 
məcbur  edilirdi.  Ac-susuz  piyada  yürüyən  bu  insan  karvanları 
keçən  yollar  meyitlərlə  dolu  olurdu.  Digər  tərəfdən,  əsir 
düşərgələrində  vəziyyətin  həddən  artıq  dözülməzliyi  kütləvi 
epidemiyaların  tüğyan  etməsinə  yol  açırdı.  Təkcə  «Çentstoxav 
kampındakı 30.000 əsirdən, bir tif epidemiyasından sonra, 2000 
nəfəri sağ qalmışdı» [3]. 
 İkinci  Cahan  savaşının  təzadlarından  biri  də  Sovetlər 
Birliyindəki  türklərin  irqçi  faşist  ideologiyasına  görə  «aşağı 
dəyərli  asiyalı»  hesab  edilməsi,  onların  həqarətlə  «monqol» 
adlandırılması  idi.  İrqçilərin  sıralamasında  Sovetlər  Birliyindəki 
türklər slavyanlardan aşağıda göstərilirdi. 
 Hitler 1941-ci ilin noyabrında bir nəfər bolqar qonağına rus-
ların birinci Cahan savaşında öz məmləkətlərinə hakim olduqları 
halda,  indi  tanınmaz  şəklə  düşdüyünü  belə  ifadə  etmişdi: 
«Bolşevik rejimi şeytani bir metodla bu rusları  yox etmiş və ya 
Sibirə  sürmüş,  rus xalqını  irqən  məhv  edib  asiyalaşdırmaq  üçün 
planlı olaraq monqolları Avropa Rusiyasına yerləşdirmişdi» [4]. 
Hələ 1930-cu illərdə isə «Fürer» SSRİ-ni slavyan-tatar gövdəli və 
yəhudi başlı buqələmun adlandırırdı. 
 Bu cür ideologiya ilə başları dumanlanan alman hərbçilərinin 
SSRİ  türklərinə,  əsasən  də  «şişman  gözlü  monqol-tatarlara» 
(özbək,  qazax,  qırğız  və  b.  nəzərdə  tutulurdu)  münasibəti 
ağlasığmaz  dərəcədə  dözülməz  idi.  Əsir  müsəlmanlar  «sünnət» 
məsələsi ilə bağlı da yəhudilərlə qarışıq salınıb güllələnirdilər. İş 
o  yerə  çatmışdı  ki,  «sünnət»  adətinə  görə  müsəlmanların  güllə-
lənməsi Alman Silahlı Qüvvələrinin  Baş Komandanlığı (OKW),  
Mülki  Kəşfiyyat  (SD)  təmsilçilərinin  qatıldığı  bir  toplantıda 
müzakirə  edilmiş  və  SD  təmsilçiləri  kəskin  tənqid  olunmuşlar. 

 
 
311 
«Bu  toplantıdan  sonra,  yəni  1941-ci  ilin  avqustundan  müsəl-
manların kütləvi şəkildə qətlə yetirilməsi nisbətən azalmışdı» [5]. 
  Yüz  minlərlə  əsirin  taleyi  get-gedə  alman  rəsmilərini  ciddi 
narahat edirdi. Belə bir zamanda hərbi düşərgələri gəzən iki türk 
generalı  əsirlərin  milli  mənsubiyyətlərə  görə  qruplaşdırılması 
ideyasını ortaya atdı. İdeyanı maraqla qarşılayan alman rəsmiləri 
1941-ci  il  sentyabrın  30-da  hərbi  düşərgələrin  komendantlarına 
əsirlərin qeydiyyatdan keçirilməsi üçün kartoteka tərtib edilməsi 
barədə göstəriş verdi. Elə həmin ay general Reyneke sovet hərbi 
əsirləri ilə necə rəftar olunması barədə təlimat və əmr imzaladı. 
Otuza qədər komissiya əsir düşərgələrini dolaşaraq adamları milli 
mənsubiyyətlərinə  görə  qruplaşdırmağa  başlamışdı.  Əslində  bu 
addımla milli legionların əsası qoyulurdu. Əsirlərlə işin aparılması 
Şərq  məntəqələri  nazirliyinə  həvalə  olunmuşdu.  1941-ci  ilin 
iyulunda yaradılan bu nazirliyə, 1893-cü ildə Pribaltikanın Revel 
şəhərində doğulan və 1918-ci ildə Moskvada ali təhsil alan Alfred 
Rozenberq  başçılıq  edirdi.  Arxiv  materiallarındakı  məlumatlara 
görə o, «1913-cü ildə Bakıda babasının «qızıl toy» təntənələrində 
də  iştirak  etmişdi»  [6].  Bir  sözlə,  Şərq  Naziri  Rusiyaya  və 
Qafqazlara  pis  bələd  deyildi.  Hərbi  əsirlərlə  bağlı  bütün 
səlahiyyətləri əlində cəmləşdirmək istəyən Rozenberq Xarici İşlər 
Nazirliyi ilə münaqişədə idi. 
  Bəs  bu  iki  nazirlik  arasında  fikir  ayrılıqlarına,  bir  sıra 
hallarda isə gizli və açıq ixtilaflara səbəb olan nə idi? 
  Hələ müharibənin ilk aylarında, 1920-ci il aprel çevrilişindən 
sonra,  M.  Ə.  Rəsulzadə  başda  olmaqla  mühacirətə  gedən 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və rəhbərləri hərbi 
əsirlərin  taleyi  ilə  maraqlanmağa  başlayır.  1941-ci  ildə  M.  Ə. 
Rəsulzadə  (həmçinin  1917-1921-ci  illərdə  Rusiya  imperiyası 
ərazisində qurulan digər milli cümhuriyyət liderləri) Almaniyaya 
dəvət  edilir.  Yaranmış  məqamdan  istifadə  edən  Məmməd  Əmin 
silahdaşları Mustafa Vəkillini, Xosrov bəy Sultanovu, Miryaqub 
Mehdiyevi və başqalarını da Berlinə dəvət edir. Əski dostların bir 
araya  gəlməsi  ilə  yeni  bir  təşkilatın  –  «Azərbaycanın  bolşevik 

 
 
312 
istilasından  xilasını»  hədəf  götürən  «Milli  Komitə»nin  əsası 
qoyulur.  Komitə  hərbi  əsirlərin  vəziyyətlərinin  yaxşılaşdırılma-
sına  çalışır,  eyni  zamanda  Almaniyanın  Azərbaycanın  müstəqil-
liyini tanıması, Sovetlərin məğlub olacağı təqdirdə bu müstəqil-
liyə təminat verilməsi istiqamətində XİN-lə danışıqlar aparırdı. 
  Bu  dövrdə  əski  mühacirlərin  müxtəlif  Avropa  ölkələrində 
çoxsaylı  təşkilatları  fəaliyyət  göstərirdi.  Həmin  təşkilatların 
əksəriyyəti milli legionların yaradılması ideyasını dəstəkləyir və 
formalaşacaq  bu  silahlı  qüvvələrin  məhz  Şərq  cəbhəsində 
vuruşmasını istəyirdilər. 
   Almaniya  XİN  Sovetlər  Birliyində  türklərin  çoxluğunun, 
eyni  zamanda  1917-1921-ci  illərdə  müstəqil  cümhuriyyət  quran 
milli  təmsilçilərin  maraqlarının  nəzərə  alınmasının  tərəfdarı  idi. 
Xarici  siyasət  idarəsi  bolşevizmin  təkcə  hərbi  həmlələrlə  deyil, 
milli münasibətlər zəminində də sarsıyacağı qənaətində idi və bu 
mülahizələrə önəm verərək əski mühacirlərlə, onların qurduqları 
təşkilatlarla iş birliyinə can atırdı. Elə bu məqsədlə XİN səlahiy-
yətlisi  Şülenburq  Fransa,  İsveç,  Türkiyə,  İtaliya  və  Balkanlarda 
məskunlaşan  tanınmış  mühacirlərə  Berlinə  gəlmək  üçün 
dəvətnamə  göndərdi.  1942-ci  ilin  may  ayında  dəvət  olunanlar 
gəlib  Berlinin  Adlon  otelində  yerləşdilər.  Buna  görə  də  Şülen-
burqun  mühacirlərlə  tarixi  görüşləri  «Adloniada»  adlandırıldı. 
Gələn  mühacirlər  arasında  məşhur  adamlar  çox  idi.  Bunlardan 
Quzey Qafqaz liderləri Əli Xan Qandəmir, Heydər Bammat, Səid 
Şamil,  gürcü milli-demokratlarının lideri Spiridon Kedia,  «Tetri 
Georgi»  hərəkatının  qurucusu  Leo  Kereselidze,  prins  Datxo 
Vaçnadze, prins İrakli Baqration (taxt-tac iddiaçısı), Azərbaycan 
Xalq Cümhuriyyətinin qurucusu M. Ə. Rəsulzadə, Xəlil Xasməm-
mədov, Fuad Əmircan və b. - nı göstərmək olar.  
   «Adloniada»  XİN  və  Şərq  Nazirliyi  arasındakı  gizli  mü-
naqişələri  üzə  çıxardı.  Şülenburqun  türküstanlı  Vəli  Xan  Qəy-
yumu daha çox mühacir toplamaq üçün Parisə göndərməsindən və 
«Adloniada»dan  bərk  qəzəblənən  Rozenberq  «XİN-in  səla-
hiyyətlərini  aşması  ilə  bağlı  Hitlerə  şikayət  etdi.  Hitler  isə 

 
 
313 
əsəbiləşib XİN-in Sovetlər Birliyinin məsələləriylə ilgilənməsini 
ən  sərt  tonda  yasaqlayan  bir  təlimat  verdi»  [7].  Digər  tərəfdən 
XİN-in  başqa  bir  əməkdaşı,  Türkiyə  ilə  münasibətlərin  həmişə 
istiləşməsinin və SSRİ-dən olan mühacirlərlə əlaqələrin yaxşılaş-
masının tərəfdarı sayılan əski Ankara səfiri fon Papen də Hitlerin 
qəzəbinə  tuş  gəlmişdi.  Fon  Papen  pantürkizmi  təşviq  etməklə 
Türkiyə  üzərindən  SSRİ-nin  içərilərində  yeraltı  fəaliyyəti 
gücləndirməyin,  eyni  zamanda  Krıma  muxtariyyət  verilməsinin 
tərəfdarı idi. 
  1942-ci  ilin  iyulunda  «Hitler  fon  Papenin  də    fəaliyyətinə 
qızğın şəkildə təpki göstərdi və hərb siyasətində Türkiyənin xarici 
siyasətdə nəzəri etibara almanın yanlış olduğunu bəyan etdi» [8]. 
  Rozenberq milli təmsilçilərlə iş aparmaq səlahiyyətini XİN-
dən  «qopardıqdan»  sonra  mühacirlərin,  Almaniyanın  milli 
müstəqillikləri  tanıması  məsələsi ilə bağlı müraciətlərinə məhəl 
qoymur, danışıqları aylarla uzadaraq bezikdirici və gərgin mühit 
yaradırdı.  Vəziyyətin  bu  şəkil  aldığına  görə  «Adlon»  a  yığışan 
milli  təmsilçilər  danışıqların  davam  etdirilməsinə  lüzum  görmə-
dilər  və  onların  böyük  əksəriyyəti  Berlini  tərk  etdi.  Bu  dövrdə 
Almaniyada yüksək nüfuz sahibi olan Hilal Münşi (1919-cu ildə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  Avropaya  təhsil  almağa 
göndərdiyi  tələbələrdən  idi.  1934-1939-cu  illərdə  «Qurtuluş» 
dərgisini  yayınlamışdı)  M.  Ə.  Rəsulzadəni  bir  müddət  Berlində 
ləngitməyə  və  onun  alman  rəsmiləri  ilə  görüşünü  təşkil  etməyə 
nail olmuşdu. 7 Oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar 
mühaciri Krımalla birgə Alman Ordusu rəhbərliyi, XİN və Şərq 
Nazirliyi ilə yenə uzun-uzadı danışıqlara başladı. Bu danışıqlarda 
dəyişməyən şərt Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin 
tanınması idi. Lakin danışııqların bir nəticə vermədiyini görən M. 
Ə.  Rəsulzadə  1942-ci  ilin  sonlarına  yaxın  Berlini  tərk  edib 
Buxarestə getdi. Hitler «heine komite» (heç bir komitə istəmirəm) 
deyərək,  milli  cümhuriyyət  liderlərinin  yaratdıqları  mühacir 
təşkilatları    ilə  işbirliyini  məqbul  saymırdı.  Onun  fikrincə,  öz 
cümhuriyyətlərinin  müstəqilliyi  məsələsində  heç  bir  güzəştə 

 
 
314 
getməyən  bu  təmsilçilərdən  fərqli  olaraq,  hərbi  əsirlərin  içə-
risindən  seçilən  və  yaxud  da  almanlarla  işləməyə  razı  olanlarla 
əməkdaşlıq  etmək  daha  məqsədəuyğun  idi.  Elə  bu  mülahizələri 
üstün  tutan  Hitler  «milli  legionlarla  Ordu  Qərargahı  arasında 
rabitə vəzifəsini icra edən, məhdud və müəyyənləşdirilmiş işlərə 
görəvli  «Rabitə  Heyətləri»  (Verbindunqstav)  qurulmasını  əmr 
etmişdi» [9]. Formalaşan «Rabitə Heyətləri» - nin əksəriyyəti öz 
tərkibinə  görə  yeni  idi,  yəni  əski  mühacirlərin  yaratdıqları 
təşkilatlar deyildi. Üç nəfərdən təşkil olunan Azərbaycan «Rabitə 
Heyətinə»  Leninqrad  Hərbi  Akademiyasının  məzunu,  mayor  Ə. 
Fətəlibəyli-Düdənginski, Fuad Əmircan  (Daryal) və 1920-ci ildə 
Azərbaycan  Parlamenti    tərəfindən  Paris  Sülh  Konfransına  gön-
dərilən (nisbətən gec) Abbas bəy Ataməlibəyov daxil edilmişlər. 
Üçlükdə Ə. Fətəlibəyli - Düdənginski Alman Ordusundakı legion-
çuları,  A.  Ataməlibəyov  SD  birliklərindəki  legionçuları,  F. 
Əmircan  isə  Şərq  Nazirliyindəki  Azərbaycan  idarələrində 
çalışanları (radio, nəşriyyat, təbliğat və s.) təmsil edirdi.   
  Hitlerin milli legionların yaradılmasında əsas niyyətlərindən 
biri  də  kommunizmə  qarşı  savaşa  beynəlmiləl  rəng  vermək  idi. 
Azərbaycan  legionçularından  biri  Süleyman  Təkinər  bu  barədə 
yazırdı: «Rus məhkumu millətlərin Almanlar səfindəki bu müca-
diləsinə millətlərarası bir mahiyyət verərək dünyanın diqqətini bu 
işə cəlb etmək zərurəti vardı» [10]. Aparılan araşdırmalar da təs-
diq edir ki,  «azadlıq» deyildikdə faşist ideoloqları  «bəşəriyyətin 
kommunizm  bəlasından  azad  olunmasını»  ön  plana  çəkir, 
ələlxüsus  da  bu  sözü  legionçulardan  eşitməyə  həvəs  göstər-
mirdilər. 
  M. Ə. Rəsulzadə Berlini tərk etməmişdən öncə Ə. Fətəlibəyli 
-  Düdənginski  ilə  görüşüb,  onun  milli  legionların  formalaş-
dırılması  sahəsindəki    fəaliyyətini  bəyəndiyini  bildirmiş,  eyni 
zamanda  Azərbaycanın  müstəqilliyi  məsələsində    hər  hansı  bir 
güzəştin söhbət mövzusu ola bilməyəcəyini vurğulamışdı. 
  İlk legionlar işğal altında olan Polşada yaradıldı. Onlar qis-
mən alman silahları, qismən də hərbi əməliyyatlar zamanı qənimət 

 
 
315 
götürülən silahlarla təchiz edilirdi. Hər bir legiona rəhbərlik edən 
hərbi heyətin təxminən 20-25% - ini alman zabitləri təşkil edirdi. 
  Əski  legionçulardan  Məhəmməd  Kəngərli  və  Kərrar  Ələs-
gərlinin  verdiyi  bilgilərə  görə  «Boz  Qurd»,  «Cavad  xan», 
«Aslan»,  «Berqman»  və  s.  adları  daşıyan  taburlarda  cəmləşən 
Azərbaycan legionçularının ümumi sayı, təxminən 70 min nəfərə 
yaxın idi. 
  Ə.  Fətəlibəyli-Düdənginski  isə  «almanlara  əsir  düşən  və 
yaxud könüllü təslim olan azərbaycanlıların ümumi sayının 150 
min,  qafqazlıların  isə  bir  milyon  olduğunu»  [11]  göstərirdi. 
«Rabitə Heyətinin» rəhbərliyində çalışan Ənvər Qazıyev nisbətən 
fərqli  rəqəmlər  göstərir.  Onun  müharibədən  sonra  sovet  istintaq 
idarələrinə  verdiyi  ifadələrdən  məlum  olur  ki,  azərbaycanlı 
legionçuların ümumi sayı 30-40 min nəfər idi və on bir taqımda 
cəmləşmişdilər. Ümumiyyətlə, azərbaycanlı legionçuların sayları 
barədə  mənbəşünaslıqda  dəqiq,  mübahisəsiz  rəqəm  yoxdur. 
Lakin,  çoxluğun qənaətinə görə   bu rəqəm  təxminən 50-70 min 
civarındadır.  
  Azərbaycanlı  legionçuların  cəmləşdiyi  taqımlar  aşağıda-
kılardır: 
-  «Aslan»  (804-cü),  1942-ci  ilin  mayında  Yedlinoda  forma-
laşdırılıb.  Taqım  komandiri  alman  Kloger,  onun  müavini  Ə. 
Fətəlibəyli-Düdənginski  olmuşdu.  «Aslan»  1942-ci  ilin  avqus-
tunda Qafqaz cəbhəsinə göndərilir. Döyüşlərdə Kloger həlak olur 
və Ə. Fətəlibəyli-Düdənginski komandir təyin edilir. 
-  «İgid»  taqımı,  1942-ci  ilin  yayında  Yedlinoda  forma-
laşdırılıb.  Taqım  ilk  hərbi  əməliyyatlara  Feodosiyada  başlayıb. 
1943-cü  ildə  Feodosiyadan  Sevastopola,  sonra  isə  Rumıniyanın 
Konstans şəhərinə təxliyə edilib. Taqım 1945-ci ildə Fransadakı 
döyüşlərdən sonra, ingilis-amerikan hərbi qüvvələrinə əsir düşüb. 
 - «Dönməz» taqımı 1942-ci ilin payızında Ukraynanın Priluki 
şəhərində  formalaşdırılıb.  Taqım  Qafqaz  cəbhəsində  (Qızlara 
qədər gəlib), Ukraynada, Rumıniyada, Avstriyada döyüşüb, Polşa 
üsyanını yatırmaq üçün Varşavaya göndərilib. 

 
 
316 
 -  817,  818,  819-cu  taqımlar  da  1942-ci  ildə  Yedlinoda 
formalaşdırılıb və şərq cəbhəsində gərgin döyüşlərdə iştirak edib. 
  Azərbaycanlı hərbi əsirlər SS hərbi hissələrində də  cəmləş-
dirilmişdi. Hətta, 1943-cü ilin martında Zendberk şəhərində ayrıca 
SS taqımı da formalaşdırılır. Taqımın şəxsi heyətinə gürcülər və 
ermənilər  də  daxil  edilmişdi.  SS  taqımı  Taqanroqda  döyüşlər 
aparan  zaman  erməni  və  gürcülər  sovetlərin  tərəfinə  keçir, 
azərbaycanlılar və şimali qafqazlılar isə dağıdılır. 
  Ümumiyyətlə,  Qırmızı  Ordunun  hücumları  artdıqca  müha-
ribənin xarakteri dəyişir, paralel vaxtda milli legionlarda fərarilik 
artırdı.  Stalinqrad  məğlubiyyətindən  sonra  erməni  və  gürcülər 
kütləvi  şəkildə  legionlardan  qaçaraq,  Ukrayna  və  Belarusiya 
partizanlarına  qoşulurdu.  1943-cü  ildən  sonra  Hitler,  legionçu-
lardan  «sadəcə  olaraq  müsəlmanlara  güvənə  biləcəyini  söylə-
mişdi» [12]. 
  Avropa  ölkələrində  də  analoji  proseslər  gedirdi.  Qərb  cəb-
həsindəki  legionçular  da  dəstə-dəstə  Amerikan-İngilis  hərbi 
birləşmələrinin  tərəfinə  keçir,  İtaliyada,  Yuqoslaviyada  güclən-
məkdə olan partizan hərəkatına qoşulurdular. 
 1944-cü ildə Türkiyə Almaniya ilə diplomatik münasibətləri 
kəsdikdən sonra Azərbaycan legionçuları arasında da əks cəbhəyə 
keçmək  halları  müşahidə  olunmağa  başladı.  Lakin  müharibənin 
sonuna  qədər  bu  fərarilik  kütləviləşmədi.  Alman  ordusundakı 
legionçuların get-gedə artan fərariliyinə  rəğmən Vermaxtın 1943-
cü  ilin  payızında  legionları  dağıtmaq  fikri  ortaya  çıxanda  SS 
generalı  Berger    Himlerdən  450-ci  türk  taburunu  Vaffen  SS-in 
tabeliyinə keçirməyə icazə istədi və buna nail oldu. Az sonra bu 
taburun  bazası  əsasında  «Doğu  Türk  Silahlı  Gücü»  adlı  hərbi 
birlik formalaşdırıldı. 1945-ci il fevralın 22-sində isə Türkiyənin  
Almaniyaya müharibə elan etməsi ilə «Doğu Türk Silahlı Gücü», 
az sonra isə qafqazlıların hərbi birlikləri dağıldı. 
  Müttəfiq qoşunlar Berlini hər tərəfdən mühasirəyə aldığı bir 
vaxtda-martın  17-də  Almaniya  bolşevik  istilası  ilə  müstəqillik-
lərini itirən Rusiya millətlərinin müstəqilliklərini tanıdığını bəyan 

 
 
317 
etdi.  Bu  gecikmiş  aksiyanın  heç  bir  mənası,  təsir  gücü  yox  idi. 
Hətta  milli  müstəqilliklərin  tanınma  mərasimi  hava  bombard-
manları üzündən komik bir şəkil almışdı. 
  Almanlar  məğlubiyyət  aktını  imzaladıqdan  sonra  milli 
legionların qalan taburları tərksilah edilərək ayrı-ayrı ölkələrdəki 
əsir  düşərgələrinə  yerləşdirildi.  Legionçular  Sovet  hökumətinə 
təslim  edilmək  üçün  milliyyətlərinə  görə  qruplaşdırılırdı.  Lakin 
onlar vətənə dönmək istəmirdilər. Stalinin ölkə daxilində yaratdığı 
sərt  rejim,  Krım  tatarlarının,  Ahsıka  tərklərinin,  çeçenlərin, 
inquşların,  balkarların  dəhşətli  deportasiyaları,  kütləvi  insan 
qırğınları hərbi əsirlərdə təşviş və qorxu yaratmaya bilməzdi. Elə 
buna görə də əsirlər imkan düşən kimi hərbi düşərgələrdən, bir sıra 
hallarda  isə  vətənə  yola  salınarkən  qatarlardan  atılıb  qaçırdılar. 
162 saylı türk taburu  Sovetlərə təhvil veriləndə təkcə bir qatardan 
80  nəfər  əsir  düşüb  qaçmış,  iki  nəfər  molla  isə  özünü  yerə  atıb 
öldürmüşdü.  Fon  Mende  göstərir  ki,  Almaniyadan  Qırmızı 
Orduya təhvil verilən qafqazlıların sayı yüz mindən çox idi. 
  Müharibənin qurtardığı ərəfədə Münxendə gizli yaşayan M. 
Ə.  Rəsulzadənin  rəhbərliyi  ilə  yeni  təşkilat  –  «Azərbaycan 
Demokrat Birliyi» yaradıldı. M. Kəngərlinin məlumatına görə «bu 
birlik  3  mindən  artıq  azərbaycanlının  əsirlikdən  xilas  olub 
Türkiyədə  məskunlaşmasına  kömək  etdi.  500  nəfər  isə  Misir 
Kralının himayəsinə göndərildi» [13]. 
  Müharibənin  ən  ziddiyyətli  məsələlərindən  biri  də  hərbi 
əsirlərin taleyi, onların  sərt seçim qarşısında qalmalarıdır. 1920-
ci ilin aprelində bolşevik istilasına məruz qalan və II Cahan savaşı 
başlayana    qədər  total  repressiya  ilə  üzləşən  bir  məmləkətin 
vətəndaşlarının  istənilən  silahlı  qüvvə  ilə  əməkdaşlıq  edərək 
daxildəki  mənfur  rejimi  devirmək  istəkləri  başa  düşüləndir. 
Sovetlərin  müharibəyə  səfərbər  etdiyi  elə  bir      adam  yox  idi  ki, 
repressiyalarda öz yaxınını, ailə üzvlərindən (ən yaxşı halda) birini 
itirməmiş olsun. Digər tərəfdən legionçular gerçəkdən almanların 
tərkibində  vuruşmaqla  ölkələrinin  azad  ediləcəyinə  inanırdılar. 

 
 
318 
Çoxsaylı legion mətbuatında dərc edilən məqalələrin təhlili   belə 
qənaətə gəlməyə əsas verir. 
 1941-ci  ildə  Ə.  Fətəlibəyli  –  Düdənginski  yazırdı:  «Bizim 
xatirimizə  Qərb  dövlətləri  Kremllə  ittifaqdan  imtina  etmədikləri 
kimi,  biz  də  onların  xatirinə  atalarımızın  ənənələrini  tapdalayıb 
xalqımızı  kölə  halına  salmış  «Böyük  Rusiya»  və  Sovet  İttifaqı 
uğrunda vuruşa bilməzdik» [14]. 
  Əski  legionçulardan  biri    Kərrar  Ələsgərli  isə  xatirələrində 
Qafqaza  yürüşlərini  belə  xatırlayır:  «Gün  kimi  yadımdadır  - 
Şimali Qafqazda ağsaqqal çeçenlər və qaraçaylılar bizi ata-baba 
qaydaları  ilə  qarşılamağa  çıxmışdılar.  Mümkün  qədər  tez  Azər-
baycana çatmaq və vətəni bolşeviklərdən azad etməyə çalışırdıq. 
Bizlərdən  çoxuna  bolşevizmi  məhv  etmək,  nifrət  doğuran  sovet 
sistemindən, repressiya illərində öldürülən qohum qardaşlarımıza 
görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi» [15]. 
  Əslində taleyi öz əllərində olmadıqlarından ayrı-ayrı cəbhə-
lərdə (alman və sovet) bir-birlərinə güllə atmaq məcburiyyətində 
qalan  hər  iki  tərəfin  vəziyyətini  başa  düşmək  çətin  deyil.  Millət 
müstəqil olmayanda, öz taleyinə özü sahiblik etmək səlahiyyətini 
itirəndə, təbii ki, başqalarının əlində alət olur. 
  II  Cahan    savaşında  yaradılan  milli  legionlar  bolşevizmlə 
faşizm,  obrazlı  ifadə  olunsa  -  od  ilə  su  arasında  qalmışdılar. 
Tarixdə elə dönəmlər olur ki, böyük hadisələrin iştirakçısı olan  on 
minlərlə,  bəzən  milyonlarla  insanın  fəaliyyətinə  qiymət  vermək 
fövqəladə çətin olur. 
 
Journal of Azerbaijani studies,  
Khazar University, 1998, p. 14 – 21 
 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin