Ümumİ müddəalar Gəmİ Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması


Dənİzlə sərnİşİn daşınması müqavİləsİ



Yüklə 0,87 Mb.
səhifə8/20
tarix18.04.2017
ölçüsü0,87 Mb.
#14363
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Dənİzlə sərnİşİn daşınması müqavİləsİ


Maddə 138. Dənizlə sərnişin daşınması müqaviləsinin təyinatı

138.1. Dənizlə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı sərnişini, habelə onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

138.2. Dənizlə sərnişin daşınması müqaviləsini bağlayan və ya adından belə müqavilə bağlamış şəxs daşıyıcıdır.

138.3. Faktiki daşıyıcı gəminin mülkiyyətçisi olaraq və ya gəmini digər qanuni əsaslarla istifadə edərək sərnişinləri faktiki daşıyan və ya daşımanın bir hissəsini icra edən daşıyıcıdan fərqli olan digər şəxsdir.

138.4. Sərnişin dənizlə sərnişin daşınması müqaviləsinə əsasən, yaxud daşıyıcının razılığı ilə dənizlə yük daşınması müqaviləsinə əsasən avtomobili və ya heyvanları müşayiət etmək məqsədi ilə daşınması həyata keçirilən istənilən şəxsdir.

138.5. Dənizlə sərnişin daşınması müqaviləsinin bağlanması bilet ilə, sərnişinin baqajı təhvil verməsi isə baqaj qəbzi ilə təsdiqlənir.



Maddə 139. Baqaj və kayut baqajı

139.0. Bu fəslin məqsədləri üçün:

139.0.1. baqaj — dənizlə yük daşınması müqaviləsinə əsasən daşınan avtomobillər və heyvanlar istisna olmaqla, daşıyıcı tərəfindən dənizlə sərnişin daşınma müqaviləsinə əsasən daşınması həyata keçirilən əşyalar və ya avtomobillərdir;

139.0.2. kayut baqajı — sərnişinin kayutunda olan və yaxud hər hansı bir başqa şəkildə onun sahibliyində, mühafizəsində və ya nəzarəti altında olan baqajdır. Bu Məcəllənin 141, 148.2-148.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaların tətbiq edildiyi hallar istisna olmaqla, kayut baqajı sərnişinin avtomobilində və ya onun üstündə olan baqajı da əhatə edir.



Maddə 140. Sərnişinin gediş və onun baqajının daşınması haqqı

140.1. Sərnişinin gediş və onun baqajının daşınması haqqı tərəflərin razılaşması əsasında müəyyənləşdirilir.

140.2. Ümumi istifadədə olan nəqliyyatda sərnişinin gediş və onun baqajının daşınması haqqı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq edilən tariflər əsasında müəyyənləşdirilir.

140.3. Sərnişinin aşağıdakılara hüququ vardır:

140.3.1. özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz (xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq. Beş yaşına çatmamış digər uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli daşınma tarifləri tətbiq edilir;

140.3.2. müəyyən edilmiş normalar həddində pulsuz kayut baqajını aparmaq.



Maddə 141. Sərnişinin daşınma müddətləri

141.0. Sərnişinin daşınması aşağıdakı müddətləri əhatə edir:

141.0.1. sərnişinə və kayut baqajına münasibətdə — sərnişinin və onun kayut baqajının gəmidə olduğu müddəti, gəmiyə minmə və gəmini tərketmə müddətini, habelə sərnişinin su yolu ilə sahildən gəmiyə və gəmidən sahilə çatdırılması müddətini — əgər belə daşınma biletin qiymətinə daxildirsə və ya bu yardımçı daşınma üçün nəqliyyat vasitəsini daşıyıcı veribsə. Sərnişinin dəniz vağzalında, körpüdə və ya hər hansı bir başqa liman qurğusunda olduğu müddət daşınma müddətinə daxil edilmir;

141.0.2. kayut baqajına münasibətdə — əgər baqaj daşıyıcı, onun işçisi və ya agenti tərəfindən qəbul edilib və sərnişinə təhvil verilməyibsə, sərnişinin dəniz vağzalında, körpüdə və ya hər hansı bir liman qurğusunda olduğu müddət daşınma müddətinə daxil edilir;

141.0.3. kayut baqajı olmayan digər baqaja münasibətdə — baqaj daşıyıcı, onun işçisi və ya agenti tərəfindən sahildə, yaxud gəmidə qəbul edildiyi andan daşıyıcının, onun işçisinin və ya agentinin baqajı sərnişinə verdiyi ana kimi keçən müddəti.

Maddə 142. Sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etməsi

142.1. Sərnişinin gəmi yola düşənədək, habelə səfər başlandıqdan sonra sərnişinlərin minməsi və ya düşməsi üçün gəminin daxil olduğu hər hansı bir məntəqədə dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququ vardır.

142.2. Əgər sərnişin dənizlə sərnişin daşınması müqaviləsindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dənizlə sərnişin daşınması qaydaları ilə müəyyən edilmiş müddətdən gec olmayaraq imtina edibsə və ya gəmi səfərə çıxanadək xəstəlik nəticəsində gəmiyə gəlməyibsə, yaxud gəmi səfərə çıxanadək xəstəlik nəticəsində və ya daşıyıcıdan asılı olan səbəblərə görə dənizlə sərnişin daşınması müqaviləsindən imtina edibsə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır.

Maddə 143. Daşıyıcının dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etməsi

143.1. Daşıyıcının aşağıda göstərilən ondan asılı olmayan hallarda dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etmək hüququ vardır:

143.1.1. gəminin ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər əməliyyatlar;

143.1.2. gəminin yola düşdüyü və ya təyinat məntəqəsinin blokadası;

143.1.3. müqavilə tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin saxlanılması;

143.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;

143.1.5. gəminin məhv olması və ya güc tətbiq edilməklə ələ keçirilməsi;

143.1.6. gəminin üzgüçülüyə yararsız hesab edilməsi.

143.2. Daşıyıcı dənizlə sərnişin daşınması müqaviləsinin icrasından gəmi səfərə çıxanadək imtina etdikdə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır, səfərə çıxandan sonra imtina etdikdə isə — həmin haqq daşımanın icra olunmadığı məsafəyə mütənasib olaraq qaytarılır.

143.3. Bu Məcəllənin 143.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina edən daşıyıcı öz hesabına sərnişinin tələbi ilə onu yola salındığı məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi xərcləri ödəməlidir.



Maddə 144. Dənizlə sərnişin daşınması müqaviləsində dəyişikliyin edilməsi

144.1. Əgər sərnişinin yola düşdüyü məntəqədə və ya təyinat məntəqəsində, yaxud daşınma marşrutunda təbii fəlakət, əlverişsiz sanitar-epidemioloji şərait, habelə daşıyıcıdan asılı olmayan və dənizlə sərnişin daşınması müqaviləsinin icrasını qeyri-mümkün edən digər hadisə və hallar nəticəsində zəruri olarsa, daşıyıcının gəminin yola düşməsini gecikdirmək, daşıma marşrutunu, sərnişinin minəcəyi və ya düşəcəyi məntəqəsini dəyişmək hüququ vardır. Bu hallarda daşıyıcı öz hesabına sərnişinin tələbi ilə onu yola düşdüyü məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi xərcləri ödəməlidir.

144.2. Bu Məcəllənin 144.1-ci maddəsində müəyyən edilmiş qaydalar sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququna toxunmur.

Maddə 145. Daşıyıcının məsuliyyəti

145.1. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisə xidməti vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri üzündən baş vermişdirsə, daşıyıcı sərnişinin ölümünə və ya sağlamlığının pozulmasına, habelə sərnişinin baqajının itirilməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır.

145.2. Sərnişinin baqajının itirilməsi və ya zədələnməsi baqajın daşındığı və ya daşınmalı olduğu gəminin gəlməsindən sonra baqajın ağlabatan müddətdə sərnişinə verilməməsi nəticəsində vurulmuş zərəri də əhatə edir.

145.3. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisənin sərnişinin və onun baqajının daşınması zamanı baş verməsini, habelə vurulmuş zərərin miqdarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.

145.4. Sərnişinin ölümü və ya sağlamlığının pozulması, yaxud onun kayut baqajının itirilməsi və ya zədələnməsi gəminin qəzaya uğraması, toqquşması, gəminin saya oturması, gəmidə partlayış və ya yanğın nəticəsində baş verdikdə, bu halda öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsirli olması sübuta yetirilməyibsə, onda onlar təqsirli güman edilir. Bu qayda baqajın itirilməsinə və ya zədələnməsinə səbəb olan hadisənin xarakterindən asılı olmayaraq, kayut baqajı olmayan digər baqaja da şamil edilir. Digər hallarda təqsiri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.

Maddə 146. Faktiki daşıyıcı

146.1. Sərnişinin daşınması və ya onun bir hissəsinin icrası faktiki daşıyıcıya həvalə edildikdə, daşıyıcı bu fəslin qaydalarına müvafiq olaraq sərnişinin bütün daşınmasına görə məsuliyyət daşıyır. Bununla belə, faktiki daşıyıcının, sərnişin daşınmasında yaranan münasibətlərdə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmuş vəzifələri və hüquqları vardır.

146.2. Faktiki daşıyıcının icra etdiyi sərnişin daşınmasından yaranan münasibətlərdə daşıyıcı, vəzifələri (səlahiyyətləri) hüdudlarında hərəkət edən faktiki daşıyıcının, onun işçilərinin və ya agentinin hərəkətləri və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır.

146.3. Faktiki daşıyıcının üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmayan öhdəliklərin qoyulması və ya bu fəsildə verilmiş hüquqlardan imtinası haqqında hər hansı bir saziş faktiki daşıyıcı üçün, yalnız onun özü buna yazılı razılıq verdikdə, qüvvədə olur.

146.4. Daşıyıcı və faktiki daşıyıcı məsuliyyət daşıyırlarsa, onların məsuliyyəti birlikdə qəbul olunur.

146.5. Bu fəsildə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə reqress hüququna toxunmur.



Maddə 147. Qiymətli əşyaların itirilməsi və ya zədələnməsi

Daşıyıcı pulun, qiymətli kağızların, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların, incəsənət əsərlərinin və digər qiymətli əşyaların itirilməsinə və ya zədələnməsinə görə, əgər belə qiymətli əşyalar onların salamat saxlanılmasına razılıq verən daşıyıcıya saxlanmaq üçün təhvil verilməyibsə, cavabdeh deyil. Saxlamaya təhvil verilmiş qiymətli əşyalara görə daşıyıcı bu Məcəllənin 148.4-cü maddəsində nəzərdə tutulmuş həddən yuxarı olmayan məsuliyyət daşıyır.29



Maddə 148. Daşıyıcının məsuliyyətinin həddi

148.1. Sərnişinin həyatına və ya sağlamlığına vurulan zərərə görə daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti 175 min hesablaşma vahidindən artıq olmamalıdır.

148.2. Kayut baqajının itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti bir sərnişin üçün 1,8 min hesablaşma vahidindən artıq olmamalıdır.

148.3. Avtomobilin, o cümlədən onda və ya onun üstündə daşınan baqajın itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşınmaya münasibətdə məsuliyyəti bir avtomobil üçün 10 min hesablaşma vahidindən artıq olmamalıdır.

148.4. Bu Məcəllənin 148.2 və 148.3-cü maddələrində göstərilən baqajdan fərqli olan baqajın itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti bir sərnişin üçün 2,7 min hesablaşma vahidindən artıq olmamılıdır.

148.5. Daşıyıcı və sərnişin, avtomobilin zədələnməsi halında 300 hesablaşma vahidindən artıq olmayan və digər baqajın itirilməsi və ya zədələnməsi halında bir sərnişin üçün 135 hesablaşma vahidindən artıq olmayan franşiza çıxılmaqla, məsuliyyətin daşıyıcının üzərinə qoyulması barədə saziş bağlaya bilərlər. Bu halda göstərilən məbləğlər avtomobilin yaxud digər baqajın itirilməsi və ya zədələnməsi nəticəsində sərnişinə vurulmuş zərərin məbləğindən çıxılır.

148.6. Zərərin əvəzinin ödənilməsi məbləğinə hesablanan faizlər və məhkəmə xərcləri bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin hədlərinə daxil edilmir.

Maddə 149. Məsuliyyət həddinin tətbiq edilməsi

149.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi daşıyıcının və ya faktiki daşıyıcının işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, işçi və ya agent, əgər öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət etdiyini sübuta yetirə bilsə, daşıyıcıya və faktiki daşıyıcıya şamil edilən məsuliyyətin məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər.

149.2. Bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət hədləri bir sərnişinin ölümü və ya bir sərnişinin sağlamlığına zərər vurulmasından, yaxud onun baqajının itirilməsi və ya zədələnməsindən irəli gələn bütün tələblər üzrə ödəniləsi olan məbləğlərin cəminə tətbiq edilir.

149.3. Faktiki daşıyıcı tərəfindən sərnişinin daşınmasına münasibətdə daşıyıcının, faktiki daşıyıcının, habelə onların öz vəzifələri (səlahiyyətləri) hüdudlarında hərəkət edən işçilərinin və ya agentlərinin ödəməli olduqları məbləğlərin cəmi bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq, daşıyıcının və ya faktiki daşıyıcının ödəməli olduqları məbləğin yuxarı həddindən çox ola bilməz. bu halda göstərilən şəxslərin heç biri ona tətbiq edilən məsuliyyət həddindən artıq məsuliyyət daşımamalıdır.



Maddə 150. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi

Daşıyıcı, faktiki daşıyıcı, onların işçisi və ya agenti, əgər sərnişinə zərərin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdikləri hərəkətlər və ya hərəkətsizlik səbəbindən vurulduğu sübuta yetirilərsə, bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılması hüququnu itirir.



Maddə 151. Baqaj itirildikdə və ya zədələndikdə bildiriş

151.1. Aşağıda göstərilən hallarda sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş verməlidir:

151.1.1. kayut baqajının zədələnməsi aşkar göründükdə — sərnişin gəmidən düşməzdən əvvəl və ya düşdüyü anda;

151.1.2. digər baqajın zədələnməsi aşkar göründükdə — baqaj verilməzdən əvvəl və ya verildiyi anda;

151.1.3. baqajın itirilməsi və ya zədələnməsi aşkar görünmədikdə — sərnişinin gəmidən düşdüyü gündən və ya baqajın verildiyi gündən, yaxud baqajın təhvil verilməli olduğu andan etibarən 15 gün ərzində.

151.2. Baqaj alınan anda onun vəziyyəti daşıyıcı ilə birlikdə müayinə edildikdə və ya yoxlandıqda yazılı bildirişin verilməsi tələb olunmur.

151.3. Sərnişin bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulmuş tələbi yerinə yetirmədikdə hesab olunur ki, əks hal sübuta yetirilməyibsə, sərnişin baqajını zədələnməmiş alıb.

X fəsil


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin