SİRLƏr xəZİNƏSİ



Yüklə 0,58 Mb.
səhifə6/17
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#6766
1   2   3   4   5   6   7   8   9   ...   17

DÖRDÜNCÜ SÖHBƏT



HÖKMDARIN XALQA QAYĞISI

VƏ ƏDALƏTİ
Ey mərdlik qalxanını atıb diz çökən insan!

Qəflət divi azğınlıq yoluna çəkən insan!

Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.

Güvənirsən həyata həyatın da hədərdi.

Eyş-işrətlə vurursan öz ömrünü sona sən,

Fələk qatıb başını, oyuncaqsan ona sən.

Quranı, qılıncını bir kənara atmısan,

Əlində cam, sürahi nəşəylə baş qatmısan.

Nə güzgün, nə darağın bir an əldən düşəndir,

Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.

Rabiyə olmasaydı xilaskarı, köməyi,

Susuzluq təşnə düzdə öldürərdi köpəyi.

İgidsənsə, kişilik adından utan barı,

Ərsiz hünər göstərən qadından utan barı.

Qul olmusan iblisə, qəlbə girən şeytana,

Əl atırsan fitnəyə, iftiraya, böhtana.

Öyünmə ki, igidsən, hər gözə iti oxsan,

Bədbəxtin birisən ki, bir qadınca da yoxsan.

Ağıl-kamal bəsləməz igidliyə ədavət.

Hünər də, igidlik də ədalətdir, ədalət.

Hamı sirab, sən təşnə, təşnə halla öyünmə,

Öz üzündə olmayan gözəl xalla öyünmə.

Sən ki fələk deyilsən, cəza hökmü yazırsan,

Cəza hökmü yazmaqla hər cəzaya hazırsan.

Ədalətin ucaltsın qoy nəslinin adını,

El gözündən salmasın özünü, övladını.

Haqsızlığa uyaraq günaha batmaq nədir?

Qan töküb, zalım olub, abrını atmaq nədir?

Bundan əzəl öyündün, qılıncını şaxıtdın,

Neçə igid öldürüb, nahaq qanlar axıtdın.

El gücü - sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda.

Hindli ərlər vermədi canlarını sadağa,

Saldı Sultan Mahmudun sağ canını yatağa.

Xalq intiqam fikrindən çox çətin ki, daşına,

Nə müsibət gətirər, qisas sənin başına.

Məslək əri həmdəmdi mələklərin özüylə,

Yumurtaya can verər tısbağa öz gözüylə.

Qılınc çəkib yerimə məzlum kəsin üstünə,

Hər səhər qarğış oxu tökülməsin üstünə.

Dünya özü zalımdır, zülm eləyir varlığa,

Ədalət hakimliyi qalıb hökmdarlığa.

Kim ki zülmün evini bərbad edib indidən,

Öz sabahkı evini abad edib indidən.



QARI VƏ SULTAN SƏNCƏR DASTANI
Haqsızlığın odunda bir qarı yandı oda.

Səncərin ətəyindən yapışdı bir gün o da:

"Zülm əlindən qalmışam mən zarıya-zarıya,

Zülmün divan tutdurur bir köməksiz qarıya.

Kefli-kefli qapımın ağzını kəsdi darğan,

Təpiklədi doyunca, o ki var, əzdi darğan.

Bir günahım olmadan çölə atdı daxmadan,

Sürüklədi saçımdan fəryadıma baxmadan.

Mən zülmün zindanında qansız gördüm yağını,

Ürəyimə, canıma basdı zülmün dağını.

Dedi: "Ey qozbel qarı, söylə, filan gecədə

Filankəsi öldürən kimdi sizin küçədə?"

Evimi çox axtardı, - qatil hardadır, - deyə,

Bu müsibət, həqarət sığarmı yerə, göyə?

Darğan sərxoşluq edir, el-obada qan olur,

Bir günahsız qarıya dözülməz divan olur.

Əyyaşlıqla soyurlar el varını darğalar.

Divana da çəkirlər bir qarını darğalar.

Bu zülmə, haqsızlığa dözmək çətindir, çətin,

Mənim abrım tapdanır, səninsə ədalətin.

Bu yaralı sinəmdə əzilməmiş yer hanı?

Ruhum uçub bədəndən, tapşırıram bu canı

Sən dadıma çatmasan, şah demərəm adına,

Qiyamətin günündə çatmasınlar dadına.

"Dad, aman", deyə-deyə qalan görüm səni mən,

Zülmünün cəzasını alan görüm səni mən.

Hər elin hökmdarı el dərdinə qalandı,

Zülmün hara çatıb ki, var-yoxumuz talandı.

Yetimlərin malını talamaqdır işin də,

Abxazları soymusan, şirə qalıb dişində.

Qarıların nəyi var, quldurluqdan sən utan!

Utan, utan, onların ağ birçəyindən utan!

"Şaham" deyib öyünmə, sən ki qulsan tamaha.

Viran qoydun elləri, şah olmaz səndən daha.

Şah elin hər işini nizama salsın gərək,

Həmişə öz xalqının qeydinə qalsın gərək.

Hökmünə, fərmanına baş əyər hamı onda,

Sevib, sonsuz məhəbbət bəsləyər hamı onda.

Aləmi alt-üst edib, talamısan elləri,

Xalqa xeyrin dəyibmi şah olan gündən bəri?

Şan-şöhrəti dünyaya sığışmazdı türklərin,

Ölkəsi ədalətlə güllü yazdı türklərin.

Zalımlığın bəllidir, işin-peşən talandır.

Sən ki hindli quldursan, türk olmağın yalandır.

Zavallı əkinçinin xırmanı dənsiz qaldı,

Şəhərli ev-eşiksiz, yurdsuz, məskənsiz qaldı.

Ölüm gələr, qorxudan saralarsan, solarsan.

Əllərini qaldırıb sən də təslim olarsan.

Ədalətin - gecənə nur saçan aydı sənin.

Bu günün - sabahına haydı-haraydı sənin.

Xoş sözündən sevinsin ağbirçəkli qadın da,

Ağbirçəyin sözünü yaxşı saxla yadında:

"Zavallı məzlumların var-yoxunu talama.

Dərdlilərin oxunu öz sinənə qalama.

Künc-bucaqda qalana sən bu qədər atma ox.

Yoxsulların ahından, qarğışından çəkin, qorx!

Səadət qapısını açmağa yaranmısan,

Sanma sitəm dalınca qaçmağa yaramısan

Hökmdar olmusan ki, yetişəsən haraya.

Daim məlhəm qoyasan hər sızlayan yaraya,

Məzlumlar güvənirlər şöhrətinə, adına.

Sən də yetiş onların köməyinə, dadına.

Nəfəs dərən sailin nəfəsini dinlə sən,

Dünyadan bezənləri süzmə gendən kinlə sən.

Qoy səltənət mülkündə əsməsin qara yellər,

Qoy kəramət tacını başında görsün ellər",

Xorasanda Səncərin zülmü elə car oldu,

Eşitmədi bunları, bəlaya düçar oldu.

İnsan indi taparmı, arasa ədaləti?

Zümrüd quşu aparıb harasa ədaləti.

Haqsızlıq arsız göyü heyran qoyubdur indi,

Torpaq zülmün əlindən cana doyubdur indi

Nizami, etirazın həddini aşdı yenə,

Qana dönmüş qəlbində qan seli daşdı yenə.




BEŞİNCİ SÖHBƏT



BƏŞƏRİN DÜŞGÜNLÜYÜ VƏ KEŞMƏKEŞLİ

HƏYATI
Gənclik - nurlu şəhərdi, qocalıq - qərib axşam,

Biri parlaq günəşdi, biri öləziyən şam.

Uymusan səhərlər də şirin-şirin yatmağa,

Ömrünün al günəşi üz qoyubdu batmağa.

Dünyanın sevdasını, gəzdirmə başında sən,

Cavanlıqdan əl götür ixtiyar yaşında sən.

Gözəllərin eşqindən yaralısan, yaralı,

Sevdalı aşiqlikdən aralısan, aralı.

Ağlı heyrət bürüyüb, fikrin alt-üstdü daha,

Əlin qabar-qabardı, ayağın süstdü daha.

Başına nazbalışdır öz qucağı torpağın,

Rahatlıq guşəsidir hər bucağı torpağın.

Dünya gözəl olsa da, bitməz narahatlığı.

Hər əzaba son qoyar əbədi rahatlığı.

Hüsnün aylı çeşməydi, o çeşmə donub indi,

Lalətək yanağına sarılıq qonub indi

Tərazlıtək gözəldin, saçın həbəş saçıydı,

Hüsnün türkə, ərəbə bir elin xəracıydı.

Rüzgarın öz saçı da gündüz - ağ, gecə - qara,

İbrət dərsi öyrədir ilk gündən cavanlara:

Unutma səndən əzəl çoxdu dünyada gənclər,

Qocalmağı salmazdı heç zaman yada gənclər.

O gülləri soldurdu xəzanın hər afəti,

Qocalığa bənd imiş gəncliyin təravəti.

Cavanlığın eybini izləmək də eyibdir,

Qocalığın eybini gizləmək də eyibdir.

Cəmşidtək səadətlə keçsə dövranın sənin,

Ağ saçını görəndə qaralar qanın sənin.

Əcəlin müjdəsidir ağ saçımız, telimiz, -

Ölümə baş əyməkdən bükülübdür belimiz.

Gənclikdən, gözəllikdən ömrümüz binəsibdir,

Mənə nəsib olmayan görən kimə nəsibdir?

O gözəl cavanlığın qəflətdə keçdi, heyhat!

Başına vura-vura yansan da gecdi, heyhat!

Yusif kimi cavanlar çıxdı yoxa dünyada,

Həsrətindən çoxları cırdı yaxa dünyada.

Cavanlığın qədrini bilərsən qocalanda,

İtən ömrə göz yaşı çilərsən qocalanda.

Cavan ağac hər bağın gözəlidir, gözəli,

Qocaldımı, sındırar onu bağbanın əli.

Cavanlıq od-alovdur, gözəlliyin tacıdır.

Cavanlıq çox şirindir, qocalıq çox acıdır.

Tər budağın üstündə təzə açan gül olar.

Quru odun ocaqda yana-yana kül olar.

Ənbər saçan şəvədir hər bir başın qarası,

Saf qızıla məhəkdir, bil ki, daşın qarası.

Gəncliyi vurdun başa, qəflətdən oyan indi,

Al günəşi oyatmaz yuxudan doyan indi

Şam kimi ərimisən, gücün yox aha sənin,

Müşk ətirli saçına qar yağıb daha sənin.

Havalar soyuyanda qısılar otlar yerə;

Ağappaq qar ələyər qara buludlar yerə.

Fələk - boyaq küpüdür, sanma boyası azdır,

İsa bir boyaqçıdır, Günəş də ki, rəngsazdır.

Buludlar - paltaryuyan, Ay - gümüşü ləyəndir,

Gecənin saçlarına məhtab nur ələyəndir.

Yuyub nur çeşməsində öz pasını asiman,

İsaya boyadıbdır libasını asiman

Zərrə qədər boyası rəngi varmı havanın?

Tutqunluğu könüllər oxşayarmı havanın?

Gündüz kimi ağappaq, gecə kimi qapqara,

Ağ rumlu, qara zənci olmaq hara, sən hara?

Ağlığı, qaralığı iftixarla daşısan,

Rumlu təki zalımsan, zənci təki naşısan.

İki rəngli olması hədəf elər pələngi,

Ovçunun sərrast oxu beldən dələr pələngi.

Hüsnün bağlar gəlini ağaclartək tamaşa.

Gah palaza girirsən, gah da əlvan qumaşa.

Təzadlı aləminə, söylə, nəzər salırsan?

Yayda cübbə geyirsən, qışda üryan qalırsan.

Şir, pələng ovla yaşar, libasıdır dərisi,

Tapdığıyla dolanan olmaz tamah hərisi.

Varsa suyun çörəyin yoxluqdan qəmə batma,

Əlini çömçə təki hər kasaya uzatma.

Çörək də söndürməsə hərisliyin odunu,

İç içməli-sulardan, döşür yemlik otunu.

Minnətli çörək ilə kef-damaqmı yaxşıdır?

İsanın eşşəyitək otlamaqmı yaxşıdır?

Göylər altında olan bu torpaqda od, külək

Aparmamış üzlərin suyunu vermir çörək.

Quduz nəfsi yaraşmaz, ey əxi - qardaş, sənə

Haram süfrə başında haramdı bardaş sənə

İnsan dünya evində bir məhbusa dönməsə,

Ülviyyət ocağının odu, közü sönməsə,

Yusiftək yazıq bəşər qurda yeyilərmidi?

Pişiyə şir ürəkli aslan deyilərmidi?

Bir ovuc arpa üçün nə əyil nə daş daşı.

Könül dəyirmanında qoy yeməsin daş daşı.

Su kimi, yavanlığın su olsun savab olsun.

Od kimi, yanan qəlbin özünə kabab olsun.

Torpaq ye, çörəyini xəsisin yemə ancaq.

Torpaq olma, varlığın əzilib tapdanacaq.

Qana qəltan etsə də səni zəhmət tikanı.

Çalışmaqdan usanma, işə alışdır canı

Öz halal zəhmətinlə namuslu insan sayıl,

Hər yetənə alçalma, əl açıb olma sail.



KƏRPİCKƏSƏN QOCANIN BİR

CAVANLA HEKAYƏTİ
Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,

Pəri kimi xalq ilə onun nə işi vardı

Əyninin köynəyini ot-ələfdən hörərdi,

Kərpic kəsib bir təhər dolanar, gün görərdi.

Qılınclı ərlərin ki, düşərdi qalxanları,

Məzarına kərpicdən döşərdi "qalxanları"

Kəfənsizin kəfəni, duvağıydı kərpici,

Günahkarın ağzının suvağıydı kərpici.

Bir gün yenə işiylə başını qatdı qoca,

Əldən-dildən düşərək qan-tərə batdı qoca.

Birdən-birə göründü gözə bir cavan oğlan,

Başladı məzəmmətlə sözə bir cavan oğlan:

"Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?

Palçıq-saman yoğurmaq muzdurlara yaraşar.

Torpağın qalxanını qılıncınla sökmə sən,

Bir qarın çörək üçün öz abrını tökmə sən.

Bu kərpic qəlibini yandırıb külə döndər,

Ömrün xəzan bağını əlinlə gülə döndər.

Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar?

Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?

Qocasan, qocaların yerişini yeri sən,

Yorularsan, cavanın yerişini yerisən."

Qoca dedi: "Nadanlıq havası var başında,

Ağsaqqala gülürsən belə cavan yaşında.

Qocalar kərpic kəsər, halallıqla yaşayar,

Kölələr, əsir qullar ağır yüklər daşıyar.

Qarşında boyun büküb əl açmayım deyə mən,

Əzəldən əl atmışam belə bir peşəyə mən.

Nə xəzinə yığanam, nə də tirmə geyənəm,

Öz halal zəhmətimin çörəyini yeyənəm.

Halalca nemətimə naşükür olma mənim,

Nemətə xor baxana nemət qənimdir, qənim."

Qocaya tənə vuran peşmanladı sözündən,

Gözdən itən zamanda yaş axıtdı gözündən.

Dünya görmüş insandı, qoca belə qocaydı,

Namuslu zəhmətiylə el gözündə ucaydı.

Unut dünya evini sən burada, Nizami!

Məslək eşqi yetirər hər murada, Nizami!





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin