SİRLƏr xəZİNƏSİ



Yüklə 0,58 Mb.
səhifə2/17
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#6766
1   2   3   4   5   6   7   8   9   ...   17

PEYĞƏMBƏRİN MƏDHİ

1
Bir günəş qəndilidir göyün doqquz tağında,

Son nəbidir, nəbilər üzüyü barmağında.

Ən gözəl elçimizdir, ağıltək qulu vardı.

Yəhərinin qaşında iki cahan şikardı.

Gözəllik zəmisində sünbülü təzətərdi,

Sirlərin dəryasında ən qiymətli gövhərdi.

Sünbül saçı - Sünbülə, şölə saçır gündüzə,

Gövhəriylə dür səpir, inci səpir Gün düzə.

Dürrü görünər, deyə gülməz şəkər dodaqlar,

Sədəfin sinəsini dürrü həsəddən dağlar.

İncisindən daşın da daş qəlbi inciməzdi,

Bəs niyə incisini daşlar sındırdı, əzdi?

Harda ki, daşqəlbli var, avam, nadan, naşı var,

Orada daşqalaq var, dəlilər savaşı var.

Dəlilik məlhəmilə ağıllanmazdı dəli,

Sındırmasa incini, əzib ovmasa ləli.

Tənə daşı vuranla istəmədi barışsın.

Yad gövhəri qoymadı gövhərinə qarışsın.

Gövhər o dar mücrüdən çıxaraq azad oldu,

Heyrət nəyə gərəkdi, daşdan gövhər doğuldu.

Qanbahası verməyə gücü hanı o daşla?!

Axdı kiçik ağzının qızıl qanı o daşla.

Daşın ağzından çıxan gövhərlərə qiymət kəs, -

Qanayan dodağına, sınan dişinə dəyməz.

Nə qədər inci, gövhər yatar zəngin mədəndə,

Sanma gövhər dişinə çatar zəngin mədən də.

Qələbə ərz etdi ki, mən hazıram qisasa,

Diş yerinə diş tökdü, toyu döndərdi yasa.

"Uf" demədən, qanlara qəltan ağzını sildi,

Hamı mərhəmətini, comərdliyini bildi.

Qopan dişin ağrısı işləsə də beyninə,

Çıxarıb atdı onu, almadı da eyninə.

Diş nədir, ağrıları çıxardı hər candan o,

Çəkdi tamah dişini hər iki cahandan o.

Ordular da yenməzdi belə ər oğlu əri,

Əl-bayraq, dil də - xəncər, dişdə xəncər kəsəri.

Olsa dişi, kəsəri olmazdı xəncərinin,

Tökdü dişini - ağzı almazdı xəncərinin.

Bu əzabı çəkdi ki, kərəmini görələr,

Tikana uymayalar, bağından gül dərələr.

Güllər sayrışan bağda tikanın nə qorxusu?!

Əfsundan dil çıxaran ilanın nə qorxusu?!

Tavus yanında qarğa nəyə gərəkdi bağda?!

Bülbüllərin cəh-cəhi qəlbə fərəhdi bağda.

İlhamlı nəfəsilə qızıl güldü Nizami,

Güllərin nəğməkarı bir bülbüldü Nizami.

2
Sən, ey müqəddəslərin hər birindən müqəddəs.

Qurban olmaq öyrətdin, qurbanın oldu hər kəs.

Şəfqət qəsri ucaldı xeyirxah əməlindən,

Əzab-zillət evini dağıtdın təməlindən.

Ərəb ariflərinə mahtabsan, nurlu aysan.

Əcəm hakimlərinə şahsan, arxa, haraysan.

Hamı sənə yol verir, yol verməzsən sən yada.

Dünyanın ağasısan olmasan da dünyada.

Öz səfər sovqatından comərd pay əsirgəməz,

Süfrəsini gen açar, sovqatını tək, yeməz.

O süfrənin başında barındın hər nübardan,

Bizə nə gətirmisən daddığın tər nübardan?

Şəkər dodağını aç, şəkər yesin qoy hamı.

Dadıb şirin xurmanı əhsən desin qoy hamı.

Saçın zülmət gecətək sübhə çıxartdı bizi,

Eşq atəşin qaynatdı dirilik çeşməmizi.

Hüsnündən divanədir, yox halı aşiqlərin,

Zənciri saçlarındır sevdalı aşiqlərin.

Kəmərin gərdənbənddir, - çarx dolayıb boynuna.

Gün camalın nur saçır səhərlərin qoynuna.

Suya çəkib qurutdun aləmin ətəyini.

Ənbərinlə doldurdun torpağın göbəyini.

Türbətinin qubarı döndü ənbər ətrinə,

Yurdun ənbər vətəni oldu sənin xətrinə.

Torpağın ətirlidir Süleymanın mehindən.

Cənnət də ətirlənər gülzarının şehindən.

"Ulu tanrı!" dediyin doğma məkandı Kəbə.

Gülabına təşnədi, eşqinlə yandı Kəbə.

Tacın, taxtın vardı ki, dünya paytaxtın oldu,

Səma başının tacı, yer üzü taxtın oldu.

Gölgən ola bilərmi? Həşəmət nurusan sən,

Ülvi nur kölgəsisən, əzəmət nurusan sən.

İslamın sütunutək o dörd bayraq ucaldı.

Şəninə gecə-gündüz beş kərə təbil çaldı.

Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın,

Gözünə işıq gəldi hər bir qərib zəvvarın.

Mübarək qədəminə saçını tökdü gecə,

Başını ətəyinlə bürüdü, bükdü gecə.

Ətəyinə cavahir səpdin odlu baxışla,

Köynəyini bəzədi günəş zərli naxışla.

Nəsimin titrək əli saçına sığal vurdu,

Səhərin sədəfini ənbər ilə doldurdu.

At oynadıb meydanda səba əsirdi yenə,

Ənbər öz ordusuyla ona əsirdi yenə.

Ənbərin əsə-əsə satılması süftədi,

Versən iki cahana, bil iki, yenə müftədi.

Sidrə qəsrin önündə baş əyib kölgə salar,

Ərş-taxtını qurmağa cəlalına alçalar.

Varlığın - bu xilqətin nur saçan səhəridir,

Günəşin ərşi yaxıb zərrə kimi əridir.

Parlaq güzgü olmasa gündüzünə günəşin,

Nurunu saçardımı yer üzünə günəşin?!

Sən ki iki cahansan, yerdə yatmağın nədir?!

Əgər xəznə deyilsən, yerə batmağın nədir?!

Torpaq altda olsan da, xəzinə billik səni,

Torpağa tapşırarlar hər yerdə xəzinəni.

Mənəvi xəzinəsən, viranən saya gəlməz,

Sayən - nurlu şamındır, pərvanən saya gəlməz.

Çarxın nişangahını dəldi atdığın nizə,

Kəndirinlə salladın dolçasını kəhrizə.

Gündüzün al günəşi, gecənin nurlu ayı

Peyk olmasa yolunda, dolanmaz ki, havayı.

Kamalın loğmanısan, şəfası sənsən onun,

Ayda səni soraqlar, səfası sənsən onun.

Qalx, işıqlı səhərin üzümüzə açılsın.

Nizaminin üzündən şadlıq nuru saçılsın.

3
Ey Məkkə, Mədinənin pərdələnən günəşi,

Zülmət pərdələyərmi nur ələyən günəşi?!

Əgər aysan, günəşdən nur almağın görünsün,

Əgər gülsən, ətirli gülşən bağın görünsün.

Həsrətini çəkənlər düşdülər can hayına,

Haraya çağıranın özün çat harayına.

Ay günəş köhlən olub, alsın səni belinə,

Durma ərəb mülkündə, yetiş əcəm elinə.

Bir yeni aləm yarat dünyada qüdrətinlə

Doldur iki dünyanı səsinlə şöhrətinlə,

Xütbənlə xətiblərin özün yetiş dadına,

Hakimlər kəsdirməyən sikkə kəsdir adına.

Torpağının ətrindən ətir saçandı yurdun.

Fitnə, nifaq qoxuyur sənsiz haçandı yurdun.

Harınların əlindən bu taxtı al geri sən,

Alçaqlar ləkələdi, təmizlə minbəri sən.

Cin-şeytan yuvasına döndərdilər dünyanı,

Qoy zalımın, namərdin yerdə çürüsün canı.

Acgöz harınların sən həsrət qoy naz-nemətə,

Torpaqsız qoy onları - uydular qənimətə.

Hamımız cansız bədən gəl, gəl, can ol sən bizə,

Hamımız qarışqayıq, Süleyman ol sən bizə.

Karvanımız soyulmaz, darğamızsan sən özün,

Bayraqdarı neylərik, sərkərdəmizsən özün.

Məsləkindən döndərib, azdırıblar hərəni,

Qəsdə girib kəsiblər, yol-izi, bənd-bərəni.

Ya meydana Əlini - ər oğlu əri göndər,

Ya da şeytan üstünə cəsur Öməri göndər.

Çöhrən - Yəmən ayına, saçın - gecəyə dönsün.

Başın - aytək qoy Yəmən cübbəsindən görünsün.

Azğına yolsuzlara əsarətin gərəkdi,

Aman yox amansıza, cəsarətin gərəkdi.

Beş yüz əlli doqquz il yuxuya dalmısan sən.

Dünyanın axırıdır, bəs harda qalmısan sən?

Qalx! Qoy sənin hökmünlə İsrafil adlı mələk

Qəndilləri söndürsün işıqsız qalsın fələk.

Sirdaş ol pərdələri açılmayan dərgaha,

Biz qəflət yuxusunda, sənsə, yatma, qalx daha.

Bu fəlakət evinin bəla fəlakətindən

Hamını xilas eylə, qurtar dardan, çətindən.

Nə istərsən düzlükdən, ədalətdən savayı?

İradənlə oynamaq havayıdır, havayı.

Qayğınla, köməyinlə, eşqinlə bizə yarsan.

Müqəddəs əməlinlə dağ üstə dağ qoyarsan.

Göstər məslək mülkünü, o müqəddəs yerləri,

Bağışlansın ariflər, sadiq məslək ərləri.

Əməlin uğurludur, zavalsızsan qəzadan.

Yolunun yolçusunu qurtararsan cəzadan

Camalını göstərsən - günəş hüsnün nur yayar,

İki cahan şadlıqdan vəcdə gəlib oynayar.

Eşqini hopdurub ki, iliyinə Nizami,

Həyat tapsın ruhunun gül iyinə Nizami.

Nəfəsinlə ötüşsün qoy ömrünün hər günü,

Bir yoxsula bağışla bu Süleyman mülkünü.

4
Ey nəbilər tacının şölə saçan gövhəri,

Tacidara döndərdin saysız ər oğlu əri

Baxıb ümid gözüylə yaxın da, yad da sənə,

Dönüb dünya evində hamı sənin kölənə

Xilqət - gözəl şerdir ilk beytdir onda adın,

Ən gözəl qafiyətək səslənir sonda adın.

Elə başdan-binadan xarabaydı bu aləm.

Onu abad eyləyən bir sənsən, bir də Adəm.

Bu dünya sarayının qoyulanda təməli.

Suya da, kərpicə də möhtac imiş, deməli.

Adəmin də, Nuhun da kələfləri dolaşdı,

O dolaşıq düyünü sənin əllərin açdı

Adəm bir buğda yedi,- unuduldu tövbəsi.

Ona yasaq edildi dadsız gül mürəbbəsi

Tövbə - günah qoxudu könlünün gülşən bağı

Gülşəkər ətirlidir yollarının torpağı

Könlü sənin tövbəni şirin gülşəkər sandı

Bu tövbədən gülşəkər gülşəkərliyi dandı.

Əzəldən hünər topu yaratdılar hüzura.

Könül mülkü - meydandı, top atdılar hüzura

İlk zərbəni vurmağa Adəm çıxdı irəli,

Qələbə əzmi ilə əsdi çövkənli əli.

Sünbülü görən kimi, atı üstünə cumdu,

Topu ala bilmədi, ah, bu necə hücumdu?!

Nuh susayıb dirilik çeşməsinə can atdı,

Çeşmənin sorağında gəmisi suda batdı.

İbrahim kəcavədə xəcalətdən sıxıldı.

Yarı yolda üç dəfə-kəcavədən yıxıldı.

Davudun boğulanda tutulanda nəfəsi,

Zilə qalxa bilmədi, inlədi bəmdə səsi.

Daim ədalətindən nəşə duydu Süleyman,

Peyğəmbərlik tacına sanma uydu Süleyman.

O quyudan qisməti ah, nə oldu Yusifin?!

Nəsibi bir kəndirdi, bir də doldu Yusifin.

Gedər-gəlməz səfərə atını çapdı Xızır.

Ətəyini isladıb, çeşməni tapdı Xızır.

Camı boşdu həqiqət sorağında Musanın.

Sındı ümid şüşəsi Tur dağında Musanın.

Niyyət bais deyildi təlaşına İsanın.

Atasızlıq qaxıncdı öz başına İsanın

Əməlin təməl oldu sarayına dünyanın,

Məqamında yetişdin harayına dünyanın.

Şərəfinlə şanınla təsdiqləndi bu fərman

Xütbəni tamamladı, yaratdığın bu dövran.

Qalxıb, yaxşı dolandır bu dövranı fələkdən,

Hünər, qüdrət səndədir, mədət hanı fələkdən?!

Fələyin gen sinəsi öz meydanındı sənin,

Yer topunu buraxmaz koğa kimi çövkənin.

Fənalıq tozanağı sarmamış kainatı,

İndi meydan sənindir, çap, şahə qaldır atı.

Fəna həyat camını əlindən ala bilməz,

Alçaq yoxluq adını yadına sala bilməz.

Qoyma varlıq mülkünə düşsün yolu yoxluğun.

Əllərinlə bağlansın əli-qolu yoxluğun.

Nəfəsinlə dil açıb dilsiz varlıq cahanda,

Şəfqətin dərdin, qəmin məlhəmidir hər canda.

Savaş barışıq oldu sənin məsləkin ilə,

Çıxdı ağlın gəmisi qan nəhrindən sahilə.

Doqquz fələk qibləsi yolunda taybataydı.

Bu altı günlük nərgiz saçıntək ətir yaydı.

Əgər bircə tükün də əskik olsa başından.

Bu dünya saçın kimi dağılar təlaşından.

Yazmasan da, yazılı saysız dəri oxudun,

Dinməmiş, beyinləri, ürəkləri oxudun.

Niyə sənin barmağın söz üstünə gəlmədi?

Kafirlər deyərdi ki: nə sözdü, nə kəlmədi?

Kim deyər: sözüm düzdür, üstündən barmağı çək.

Sözünü əzbər bilir hamı beş barmağıtək.

Qubar yox, şəkər tozu qonub astanan üstə,

O şəkər dodaqların innabdı, ya da püstə.

Bir ovuc şəkər tozun eşqin biyabanında

Qırx günlük azuqədir eşq əhlinin yanında.

Qurtuluş səhərimsən, sənsən bəxtiyarlığım.

Dirilik suyumsan ki, torpağındır varlığım.

Könlümün gülşənidir qapındakı torpağın,

Həyat, dünya bağışlar səfalı cənnət bağın.

Pak türbənin üstünü zəvvartək kəsə biləm,

Toz olub qona biləm, yel olub əsə biləm.

Torpağını gözünə tutya sanar Nizami,

Qapında qolubağlı qul dayanar Nizami.

Türbətin ətir saçsın ərənlərin başında,

Torpağın ənbər olsun hər bir ərin başında.

DAVUD OĞLU MƏLİK FƏXRƏDDİN

BƏHRAM ŞAHIN ŞƏNİNƏ
Ərşə məhkum dünyada almamışam hələ kam.

Alnının qırışları düyünlənən məhbusam.

Qandalımı açmağa tapmayıram bir kəsi.

Kölgəyəm, başım üstə yoxdu hümay kölgəsi.

Ayağım torpaqdadır, çoxda ki, yerdəyəm mən,

Sözümlə, şöhrətimlə uca göylərdəyəm mən.

Dünyanı ayaqla yox, dolanmışam başımla,

Ayaqdəyməz yerlərə yol açmışam başımla.

Üzüm ağ, alnım açıq, başdan aşıb sevincim.

Könlümün aynasıdır şölə saçan söz incim.

Hünərimi əks etdim sözümün güzgüsündə,

Aləmi canlandırdım gözümün güzgüsündə.

Hansı könül güzgüsü əksimi əks eləyər?

Hansı işıq çeşməsi yanğıma su çiləyər?

Ağlın iti nəzəri seyrə daldı hər yanı,

Dolaşdı başdan-başa zirəkliklə dünyanı.

Ləyaqət, qədir-qiymət gördü comərdlikdədir,

Yüksək məqama çatmaq, himayə mərdlikdədir.

Bəxti güclü şahımın zəfər çəngi səslənər.

Bu dünyanın bağında qönçə kimi bəslənər.

İskəndər, şanlı Xızır zəkası işıq saçar.

Sehrikar münəccimdir, "Məcəsti" sirri açar.

Onun əzəl qayəsi - varlığın ülviyyəti,

Şöhrətə ucaldıbdır təmiz, ülvi niyyəti.

O, Süleyman üzüklü, günəş taclı hökmdar.

Məlik Fəxrəddin adı: - dünyamıza iftixar.

Əzəldən xoşbəxtdir ki, Davud atası olub,

Süleyman şöhrətinə gəlib çatası olub.

Göylərə ucaltdığı İshaqın bayrağıdır.

İsmaili - kafiri ona qəti yağıdır.

Dönübdür bu aləmin dostuna, sirdaşına,

Doqquz fələk dolanar Bəhram şahın başına.

Qüdrətini göylərin öz Bəhramında ara.

Bəhram Gurla vuruşsa, gömər onu məzara.

Yetkin ağlı, kamalı tanıtdırıb dünyada,

Şahların sərvəridir, əsla basılmaz yada.

Verib dünya mülkünü öz xalqının əlinə,

Həm Ərmənə hakimdir, həm də ki Rum elinə.

Xilafət taxtı kimi şahlıq taxtı ucaldı,

Abxazda, Rum elində şanlı qələbə çaldı.

Ondadır comərdliyi, səxavəti ərlərin,

Ondadır düşüncəsi, ədaləti ərlərin.

Məsləki göylərdədir, nur saçır bəxt çırağı.

Mülki - sədəf, incidir - dərgahının torpağı.

Səxavəti - dünyanın bir büllur çeşməsidir,

Dürr dəryası, balıqlar üzən nur çeşməsidir.

Səxavət çeşməsindən əli civə səpibdir,

Bir yerə yığmaq olmaz, bəli, civə səpibdir.

Gün kimi şölə saçar kəmərinin qaş-daşı,

Durar yaqut kəmərli al günəşlə yanaşı.

Lacivərd pəncərəsi bəla səpən bu fələk

Onunla əlləşəni eyləyər ələk-vələk.

Fələyin təbli susar zənglərinin səsindən,

Ayın şüşəsi sınar hənrindən, nəfəsindən.

Hər nəşənin, şadlığın mənbəyi, ilki odur,

Ən nəcib insanlığın sonu da, bil ki odur!

Əli - səxavət camı dolandıran saqidir,

Var olsun, səxavəti əbədidir, baqidir.



BƏHRAM ŞAHA XİTAB VƏ TƏZİM
Ey bəşər gövhərinə şərəf yaraşıq olan.

Bu aləmdə hər kəsin gözünə işıq olan!

Sirlərinlə hamilə doqquz qarınlı göylər

Şəninə təbil çalıb: "Zəfər yar olsun" söylər.

İki balıq əzəldən Yerə, göyə şərəfdir,

Qulağı qılıncının gövhərinə sədəfdir.

Ay ki, qılınc şaxıdır gecələr hər buluda.

Qılıncının zəhmindən qaçıb girər buluda.

Fərat nəhri yaratdı qanlar tökən qılıncın,

Həyat suyu qaynayan qəlblər sökən qılıncın.

Kim ki şirin yatıbdı fırtınanın selində.

Nuh olsa da, batıbdı fırtınanın selində.

Camın bənzər Cəmşidin, Keyxosrovun camına,

Günəş bir pərvanədir camalının şamına

İgid ərlər yıxmağa aslan ürəkli ol sən.

Şiri-nərlər yıxmağa aslan biləkli ol sən.

Fələyə də bəllidir aslanların meşəsi.

Zəhmindən, hünərindən çəkinməkdi peşəsi.

Hünərlə, cəsarətlə sınanar ər döyüşdə,

Səndədir yenilməzlik cəsarət hər döyüşdə.

Göy səma altındakı obaları, elləri

Hökmüylə dolandırır - istəyinin əlləri.

Taxt vermisən çoxuna - indi əmir vəzirdir.

Əmrinə, qulluğuna mələklər müntəzirdir.

Çarx şahlıq üzüyünü adına bəzər sənin.

Külək Süleyman kimi hökmünlə əsər sənin.

Tanrının töhfəsidir cavan vaxtı şahlığın.

Bəxtiyarlıq naminə qurub taxtı şahlığın.

Ötgün bəxtin qızıla döndərər torpağı da,

Adın dilə gələndə şərbət olar ağı da.

Gəlsə səninlə işrət Firudinin arına.

Başı beyni yem olsun Zöhhak ilanlarına.

Saqiylə müğənniylə işrət sənin mey sənin,

Əbədi səadətlə gülsün bəxtin hey sənin.

Şahlar da məmləkət də köməyinin möhtacı.

Əlində odlu qılınc, başında şahlıq tacı.

Heybətli qılıncla sən daim qalib çıxmısan.

Bəzən taclar almısan, bəzən taxtlar yıxmısan.

Var-dövlət paylamaqda xəlifələrə taysan,

Tac verib, taxt aldığın saya gələrmi, saysan?!

Baş varmı, qılıncınla tac almamış olasan?!

Şah varmı ölkəsindən bac almamış olasan?!

Ayağına enən baş - tac alıbdır özünə.

Qəlbinə yol tapdığın çıxıb bəxtəvər günə.

Bayquş - səadət quşu bir humay olub indi.

Ayağının altında başlar zay olub indi.

Ədalətin çoxluğu hekayətə dönübdür,

Şikayətin yoxluğu şikayətə dönübdür.

Zindandan da ağırdır sərt dırnağı atının,

Nalını çarmıx sanar hər bir yağı atının.

Gövhərinə mücrüdür göylərin yeddi tağı,

Bayrağın altındadır cənnətin səkkiz bağı.

Hökmünə baş əyməyən hökmən naşıdır, naşı!

Tac daşıya bilərmi noxtaya layiq başı?!

Hər elmin ustasısan, hünərinə əminsən,

Bir canınla canısan hər iki aləmin sən.

Səbanın qulağına pıçılda peyğamını,

Nəfəsinlə alışdır söz-sənətin şamını.

Göylərin töhfəsini sadiq bəndəyə göndər,

Nizaminin qəlbini lütfünlə dağa döndər.

Söz - möhtəşəm görünər igid ərin yanında,

Cılızdır süfrəndəki nemətlərin yanında.

İncisiz, yaqutsuzdur dəryam, mədənim daha,

Möhtacam əli, ağzı cavahir səpən şaha.

Gözündən yayınmasın həsəd çəkən hər naşı,

Oxların - ləli olsun, qılıncınsa qaş-daşı.

Əzəldən bəxtiyarlıq bəxş edib sənə göylər,

Uğur, qələbə dilər hər işdə yenə göylər.

Şəninə söz qoşan da, həsəddən yanan da var,

Söz qoşanın özüməm, qovrulanın - yağılar.

Zəfərin göyə qalxan bir ələmə dönübdür.

Düşmən - başı kəsilmiş bir qələmə dönübdür.

Mən ki bir nəğməkaram belə təzətər gülə,

Dönmüşəm bağındakı gözəl səsli bülbülə.

Eşqin, ülfətinlədir aldığın hər bir nəfəs.

Yolunda zəng çaldırır bu məhəbbət, bu həvəs.



BU KİTABIN YAZILMASI
Birovuz geydirmədim söz qızına donu mən.

Qəlbim nə yaz deyibsə yazmışam da onu mən.

Sənətin hər sehrinə yenə də əl atmışam,

Yeni qəlibdən çıxan bir heykəl yaratmışam.

Səhərtək əritmişəm gecələrin şamını,

Sehirkarlıq möcüzəm heyran qoyub hamını.

Yoxsula da, şaha, da hikmət nuru saçmışam.

Ülviyyət xəznəsinin hər sirrini açmışam.

Şəkərimin üstündə yad milçək dolaşmayıb.

Yad şəkər şirəsinə milçəyim bulaşmayıb.

Nuh - sənət ümmanımda batar, kəsər səsini.

Xızır - sənət çeşməmdə sındırar kuzəsini.

Bütün şahlar adına püşk atdım bu gözələ,

Bəxtinə özün düşdün, öz adın gəldi ələ.

İki söz cəngavəri yaratdı iki əsər,

İki Bəhram adıyla adları dildə gəzər.

Qiymətli qızıllardı köhnə mədənin varı,

Mənsə yeni dəryadan yığdım, inci-mirvarı.

O, Qəznədə ucaltdı sözün mülkündə bayraq.

Mənsə Rum sikkəsilə verdim sənətə növraq.

O sikkənin üstündə söz qızılı naxşıdır.

Mənim xalis qızılım ondan daha yaxşıdır.

Aldığı bəxşiş qədər dövlətim yoxdur mənim.

Lakin ondan müştərim, alıcım çoxdur mənim.

İşvə-nazlı gözəldir, sevdirər naz özünü,

Nəvazişlə oxşasan, qərib saymaz özünü.

Sözlərim əlvanlıqda gülü sayrışan bağdır,

Ürəyimin yağıyla işıq saçan çıraqdır.

Süfrənə düzülübdür sözün gözəl neməti,

Xoşla hamıdan qabaq özün gözəl neməti.

Şit deyil, duzlusa da, ləzzət apar dadından,

Bəyənməsən, ləzzəti tamam çıxsın yadından.

Söz süfrəsi başında fələklə zövq alarsan.

Öz comərdlik töhfənlə məni yada salarsan.

Sənə sadiq, vəfadar olmağın öz yeri var,

Qulluğunda dayanmaq iftixardır, iftixar.

Şahlardan hörmət-izzət, qayğı, vəfa görmüşəm,

Səninlə ülfətimdən özgə səfa görmüşəm.

Etibara bağlıdır bu xidmətim, qulluğum,

Bir məqama yüksəldər sənə sadiq qulluğum.

Tərif yazan şairlər öpdülər dərgahını,

Əbədi dərgahında öydülər öz şahını.

Nizaminin yanında özünü öyən olmaz,

Nizami olan yerdə "şairəm" deyən olmaz.

Hamını qabaqlayıb qabağa getmişəm mən,

Sənətin yollarında hamını ötmüşəm mən.

İti söz almazından ələ qılınc almışam.

Ləng gələnin başını bədənindən salmışam.

Nizami qılıncına dözməz nə baş, nə gərdən,

Ovxarı köhnəlsə də, düşməyibdir kəsərdən.

Əlçatmaz zirvədəyəm, sarsılmazdır dayağım,

Bundan da yüksəklərə dəyməlidir ayağım.

Uçuram yüksəklərə, ən uca zirvələrə,

Hünərimlə qalxıram mən uca zirvələrə.

Comərdsən, görürsən də arzumu, təlaşımı,

Ayaq basdığın yerə qoya bilim başımı.

Tozundan tuturam ki, bəlkə qalxım göylərə,

Sən məni çatdırmısan, mən çatmaram o yerə.

Bir-iki ay çalışıb, çox can atmışam ki, mən

Şahımın səcdəsində əhdə çatım yenidən.

Sədlərlə istehkamlar kəsmişdi sağ-solumu,

Hər yandan bağlamışdı mənim çıxış yolumu.

Görüşünə uçaraq can atırdım dərgaha,

Dəridən çıxmağa da, inan, hazırdım daha.

Yenə gördüm yolları aslandı, şirdi kəsən.

Dörd yanımı xəncərdi, odlu şəmşirdi kəsən.

Özümü cəsarətlə qılınca toxumuşam.

Qılınclar arasında xütbəni oxumuşam.

Söz çeşməmin suyunu qapına çiləmişəm.

Mən özümə qapında qum olmaq diləmişəm.

Ey günəş, bir zərrəyəm, sən vermisən şüamı,

Tanrı özü eşidər yəqin səhər duamı.

Könlüm incilər səpən coşqun dəryandı sənin.

Canımın gövhəriylə kəmərin yandı sənin.

Bu əbədi dünyada gündüz olsun hər gecən.

Tacının şöləsindən nurla dolsun hər gecən.

Səadətlə yaşasan bu dünyada sən indi,

Bundan gözəl səadət o dünyada sənindi



SÖZÜN TƏRİFİ
Dünya yaranan gündən qələmin ilkin sözü -

Varlıq səhifəsində sözün özüdür, özü.

Açılanda varlığın sirli pərdəsi əzəl,

Söz oldu bu, cahanda cilvələnən ilk gözəl.

Ürək sözə dil açdı, dedi ki: "Ver mənə can",

Yoxsa, yolmu tapardı bu cansız bədənə can?!

Yer üzünə incini sözlə saçıbdır qələm,

Kainatın gözünü sözlə açıbdır qələm.

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.

Söz eşqin lüğətində öz canımızdır bizim,

Biz - sözük, görkəmimiz - eyvanımızdır bizim.

Düşüncələr, xəyallar min-min əsər bitirər,

Onu sözün quşları mənzilinə yetirər.

Yeniliklər törədən bu qoca kainatda,

Sözdən incə, kəsərli heç nə yoxdur həyatda.

Düşüncənin munisi, gözəl sirdaşı sözdür,

Unutma ki, insanın əzəl sirdaşı sözdür.

Tacidar tac sahibi sözü sanıb cahanda,

Ariflər söz qədrini sözlə anıb cahanda.

Gah dillərdə təranə, əllərdə ələmdi o.

Gah qələmlə süslənən füsunkar sənəmdi o.

Sanma bayraq söz qədər zəfər çalar hər yanda,

Qələm öz qüdrətinə ölkə alar hər yanda.

Camalını gizlədər, hicabı var sözün də.

Xəyaldır köləsinin, qullarının gözündə.

Biz ki, söz aşiqiyik, söz sevənin biriyik,

Onun ölüsüyük ki, onunla da diriyik.

İlhamsız-odlanaraq sözün yanmış oduna.

Sözü - sənət aşiqi, bir su sanmış oduna.

Söz dünyadan gözəldi, söz həyatdan gözəldi,

Qövsi-qüzehli göydən, kainatdan gözəldi.

Yer üzündə tapılmaz sözün rəngi-boyası,

Dilə gəlməz tərifi - dili aciz qoyası.

Söz bayraq qaldıranda ilham dolu könüldə,

Tərənnümə söz tapmaz sözlü ağız da, dil də.

Ürəyin tellərini sözlə təzələdi can,

Duyğular kələfini sözlə çözələdi can.

Şairi şah elədi şah əsərləri sözlə,

Möhürlədi məsləki məslək ərləri sözlə.

Sözü - qızıl yatağı altunla tutdu qoşa,

Dedi söz sərrafına: "De, hansı gəlir xoşa?

Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır"?

Söz sərrafı söylədi: "Söz dünyanın naxşıdır!"

Söz qasidi bələdsiz başa vurar yolları.

Söz - hünər meydanında yenər mərd oğulları.

Söz - gümüş sikkəsidir, dirhəm - tozu da deyil,

Qızıl - itdən urvatsız, qorxaq tazı da deyil.

Söz hər yerdə hakimdi, hamıdan baş da odur,

Dünyanın sərvətidir, inci qaş-daş da odur.

Ürəksizlər qafildir ürək sözündən belə,

Sözün şərhi artıqdır sözün özündən belə.

Söz durduqca, sorağı qoy dünyaya car olsun,

Nizaminin şöhrəti sözlə daim var olsun!



ŞAİRLİK LƏYAQƏTİ
Qiyməti var ölçüsüz, pərakəndə sözün də,

Cavahirdir cavahir sərrafları gözündə.

Sən kəlamı bəzə ki, zövq alıb gülsün ürək,

Hikmətli kəlamlara ölçü, qafiyə gərək.

Şairlər yaratdığı sözdən qiymətli nə var?

Sözlə iki dünyanın xəznəsini alarlar.

Xəznələr açmaq üçün açar gərəkdir, açar,

Açılmaz xəznələri şairlər sözlə açar.

Şairlər söz mizanı quran zamandan bəri,

Sözlə nəcibləşdirib sözə aşiq kəsləri.

Ərşin bülbülləridir sözə qadir şairlər

Hər tərifə layiqdir sözü nadir şairlər.

Düşüncənin odundan qovrulub yanar onlar.

Özünü mələklərə bir sirdaş sanar onlar.

Şairliyin qurduğu sirli-sehirli pərdə.

Şübhəsiz, peyğəmbərlik kölgəsidir hər yerdə.

Ərənlər, ulu kəslər səf çəkərək düzəlib.

Qabaqca peyğəmbərlər, sonra şairlər gəlib.

Həqiqət dostu olmaz onları gözdən salan.

Hərəsi bir ləpədir, qabıqdır yerdə qalan.

Süfrəyə zinət verən tər-təzəcə nübardır,

O nübarda canımın, tam bir parçası, vardır.

Can-dillə sığallayıb əldən dildən düşüncə,

Ürək qanla yoğrulub, bişiribdir düşüncə.

Bir hikmət çeşməsidir bu şairlik sənəti,

İtirib məddahların ucbatından hörməti.

Kim ki söz pərdəsində çalar gözəl havalar,

Dünya ona dar hücrə, daha geniş qəsri var.

Baş var ki, ölkə alar, var olsun qoy belə baş!

Vüqarından əyilməz hər qapıda elə baş.

Kim ki, başla aldığı könül mülkündə gəzər,

İki dünya boynunu həmayillərlə bəzər.

Qədəminə əyilən öz başıdır şairin.

Şer-sənət kürsüsü bardaşıdır şairin.

Qəddi dönər kamana şövqü, həyəcanıyla.

Sözə can vermək üçün əlləşər öz canıyla.

Lülələnmiş kağıza diz üstə inci axar.

Fələyin qulağına qul kimi sırğa taxar

Göy - sehirli mücrüsu, tapmaz nələr mücrüdən?

Bir sədəfdən on sədəf ələ gələr mücrüdən.

Söz mülkündə köhləni qan-tərə batar onun,

Dodağından öpməyə canı can atar onun.

Gövhər dəfinəsini eşər söz tişəsilə,

Göyün dəbilqəsini deşər söz tişəsilə.

Əziz, doğma balası kəlamıdır, sözüdür,

Bu övladın atası ilhamının özüdür.

Fələyə baş əydirər şairlərə qulluğu,

Rəva görməz onlara köləliyi, qulluğu,

Nəfəsini canında duyar hamı şairin,

Dildə dönər nəğməyə hər kəlamı şairin.

Memardır - sözləriylə heykəl yonan sənətkar.

Şair - adı dillərə uçub qonan sənətkar,

Məncə, Zöhrə özüdür, Harut sehri açandır,

Sehrkar Müştəridir, sözü gövhər saçandır.

Söz köhləni çapanlar qorusa da bu qəsri,

Alçaqlar viran qoyub verdi bada bu qəsri.

Saxta, boyalı sözlə ismət qalmadı sözdə,

Şair qəlbim dözməyir, yanıb qovrulur közdə.

Ürəyin meyvəsini can verib almaq olar,

Çörək üçün qaş-daşı ayağa salmaq olar?!

Ey fələk, qoy dolaşsın xəyalı çaşdıranlar,

Açılmaz düyün kimi sözü dolaşdıranlar,

Oğrular ucbatından puç görürəm mən onu,

Söz kələfi dolaşıb, qurtar düyündən onu,

Qızıl üçün can verər gümüş satan miskinlər,

Gümüşlə saf qızıla hey can atan miskinlər.

Kim ki, qızıla qatdı gündüz kimi başını

Gecətək qucaqladı nur saçan qaş-daşını,

Əllaməlik eləyib, ad alsa da eləsi,

Alçağın alçağıdır, ucalsa da eləsi.

Sultan zər-xarasını kim ki geydi əyninə,

Qan uddu, - dəmir toxmaq qan sızdırdı beyninə.

Civə kimi getmədi kim ki, qızıla sarı,

Gümüş oldu, - əzmədi Səncərin toxmaqları.

Sözün - beçə balıdır, qıyma ucuz alına,

Qoyma milçək daraşsın sözün beçə balına.

Söz verib, söz alanın əhdinə inanma sən,

Biganənin adını alqışınla anma sən.

Söz mülkündə çatmamış arzuna, muradına,

Şerin gözəl qızını nişanlama adına,

Şer göyə qaldırar şöhrətini ölkədə.

Kəmərinin qaşından Cövza qalar kölgədə.

Şer səni sidrənin kölgəsinə göndərər,

Mənalar dünyasında hökmdara döndərər,

Olarsan şerin ilə söz hakimi dünyada,

Şairlərdir hikmətin öz hakimi dünyada.

Qanadlı kəlamları, uçurmamış göylərə,

Fələk kimi yorulma, həsəd çəksin göy yerə.

Odlu düşüncələrdən şama dönəsən gərək,

Gecə alovlanasan, gündüz sönəsən gərək.

Düşüncənin köhləni dönər yelə yollarda,

Fələyin bədöy atı yortar belə yollarda.

Göyə meydan oxusun qanad açan sözlərin,

Bu dünyanın könlünə ətir saçan sözlərin.

Gözəl çoxdu hicabda, sevmə hər gözəli sən,

Seç özünə misilsiz, gözəllər gözəli sən,

Tapdığın hər incini sinənə taxmaq nədir?

Ondan gözəl incilər axtar ki, sinəndədir.

Sənətin bayraqları ucalar kainatda,

Aydan da, günəşdən də öc alar kainatda.

Həyəcandan, təlaşdan təngiməz də nəfəsi,

Könlünün riqqətindən ləngiməz də nəfəsi.

Göylərə uçursa da təfəkkürü, xəyalı,

Göyləri fəth etsə də, həyalıdır, həyalı!

Cəbrayıl qanadlıdır şairin ilham atı.

Əlinin yelpiyidir İsrafilin qanadı.

Duyğular aləmini duyan hanı aləmdə?

İncəliyi açmağa uyan hanı aləmdə?

Bütün quşlar olsaydı əncir yeyəsi bağda,

Əncirə tamarzıydı əncir yiyəsi bağda.

Yeni tərzə, üsluba qadir sənətkaram mən,

Möcüzəm göstərir ki, nadir sənətkaram mən.

Şer-sənət məbədi abad oldu əlimlə,

Şairlik meyxanadan azad oldu əlimlə.

Zahid, rahib qalmadı, üstümə axdı onlar,

Əbanı, qurşağı da atəşə yaxdı onlar.

Qızılgül qönçəsiyəm, açmamışam hələ mən,

Ətrimi yaymaq üçün intizaram yelə mən.

Bakir sözüm, kəlamım günəş kimi nur yayar,

Şöhrətim qiyamətin şeypurutək gurlayar.

Sənətim güzgüsüdür kainatın, varlığın,

Yer üzü məftunudur belə sehrkarlığın.

Ecazkar sənətimlə açaram tilsimləri,

Sehrimlə əfsunlanıb, tilsimdədir bir pəri.

Gəncə - Harut sehirli Babil deyil, bəs nədir?

Ürəyim - ulduzlara nur saçan bir Zöhrədir.

Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə,

Onu belə ucaldan ülvi sözümdür, məncə.

Heyrətamiz sənətim - ölməzliyə bir buta.

Sehrimlə, möcüzəmlə nicat yoxdur Haruta.

Nizamiyəm, xəyala dönənin biriyəm mən,

Həyəcanlı sözümlə əbədi diriyəm mən.



KÖNÜL DÜNYASI VƏ ONUNLA SİRDAŞLIQ
Günəş təslim olaraq yerə atdı qalxanı.

Xəcalətdən yerin də suya batdı qalxanı.

Kainatın nəfəsi daralmağa başladı.

Günəş - öz qalxanıtək saralmağa başladı.

Ordusu düşən görüb qalxanını günəşin.

Tökdü odlu qılıncla al qanını günəşin.

Sağlığında inəyin muncuq bəzər boynunu,

Əldən düşən zamanda xəncər kəsər boynunu.

Dayəsini gecənin çağası qucaqladı.

Gündüzün qumrovunu ayağına bağladı.

Gecə - dəli-divanə aman vermir qəm ona,

Hazırladı torpaqdan dayəsi məlhəm ona.

İsanın nəfəsitək torpaq məlhəmə döndü,

Dəliliyin atəşi onun suyuyla söndü.

Xəstə şəfa şərbəti içdi dayə əlindən,

Divanəlik binası sarsıldı təməlindən.

Bir ləyən qan qusaraq gör nə hala qaldı o,

Təpədən dırnağadək qapqara qaraldı o.

Qəlbinin qaralığı çöhrəsinə yayıldı.

Yer üzünün kafiri - üzüqara sayıldı.

Hər hoqqası, oyunu - məsxərə, qaravəlli,

Bu şəbədəbazlığı kimə deyildi bəlli?!

Gah oldu gül-çiçəyi Ay əyninin qumaşı.

Gah Zöhrənin dəfinə dirhəmlərdi şabaşı.

Zülmətlərə bürünmüş bu çıraqsız gecədə,

Mənim kimi bülbülə bağça-bağsız gecədə,

Hər sözümə kəlməmə ürək qanım hopubdu,

Ciyərimin qanından qığılcımlar qopubdu.

Sözümlə sirdaş kimi ürəyimi açanda.

Fikrimlə, xəyalımla məsləhətə qaçanda.

Dedi ilham pərisi: "Hazıram, nə diləsən.

Elə borca giriş ki, qaytara da biləsən.

Bu müqəddəs atəşə su çiləmək olarmı?

Can mülkünə at çapan yel diləmək olarmı?

Günəşin şöləsini yaqutlara bağışla.

Tamahın torpağını tabutlara bağışla,

Ox nəyinə gərəkdi, hər sözün oxdu sənin,

Köhləninin sürəti şimşəkdən çoxdu sənin.

Qafil olmaq yaraşmaz, ayıl qəflətdən daha.

Tök üzünün suyunu könül adlı dərgaha.

Göy rəngli küpün altda nə qədər inləyək biz?

Könüldən söhbət aç ki, nəğmətək dinləyək biz.

Könül quldurlarından qurtar öz yaxanı sən,

Dünyan - könül dünyası, bu dünyanı tanı sən.

Könüllə qanadlanıb ərş evinə hər pəri.

Könülün qanadıdır Cəbrayılın şəhpəri.

Kim ki, iki dünyadan cilovunu döndərib,

Könül öz sayilini möhtəşəmə döndərib.

Könül gildən, palçıqdan, de, yoğrularmı, səncə?

Gildən insan düzəlsə, qəlbi olarmı, səncə?

Heyvan vurur ömrünü başa canla dünyada.

Yaşa odlu ürəklə, həyəcanla dünyada.

Ülvi məqsəd üçündür göz-qulağı bəşərə,

Göz-qulaqdır öz gözü, öz qulağı bəşərə.

Şəbnəmli nərgiz gözün qan saçmağa yaranıb,

Qulağın qafillikdən gen qaçmağa yaranıb.

Gülə də, nərgizə də bel bağlama bağında.

Gülü də, nərgizi də gəl dağlama bağında.

Alçaqların qəlbini oxuyan gözə dön sən.

Qaynar gənclik çağında alova, gözə dön sən.

İlhamınla kamalın özünə yar seçibdir,

Evlənməyə hazırdır, qırx yaşına keçibdir.

Qırx yaşını ötəndə sayılmasın qul gərək,

Dolanmağa, gəzməyə, xərcləməyə pul gərək.

Qırx yaşın təlimindən söz açma ki, tanışıq,

Evlənməyə tələs ki, artıqdır boş danışıq.

Məlul-məlul dayanma, qovuş gözəl dildara,

Qəmli qəlbin qəmxarı, - könül kimi yar, ara.

Dərd çəkməyə dəyərmi, bir qəmxara qovuşsan?!

Sındır qəmin boynunu, belə yara qovuşsan.

Qəm-qüssədən üzülən canından əl üzəndə.

Son nəfəsdə dirçələr dostu-yarı süzəndə.

Bir cana odlu nəfəs - yarla yarın vüsalı,

Yar nəfəsi yandırar hər kədəri, məlalı.

Sübh gözünü açmamış nəfəs alıb əsnəyər.

Səhər öz müjdəsilə ulduzları səsləyər.

Sübh - gözünü ovardı, zəlil kimi, xar kimi,

Al səhəri qoynuna almasaydı yar kimi.

Evlənmək istəsən də, canansız toy hardadı?

Özünə yar axtar ki, toy-büsatın yardadı.

Hər diyar zənginlikdə Xara tay ola bilməz

Heç kəs könül verdiyin yara tay ola bilməz.

Hamının öz sirdaşı, yarı vardır cahanda,

Əsil yar havadardır, xilaskardır cahanda.

İki-üç həmdəmi var, heç biri pak sayılmaz.

Ülviyyətdən uzaqdır qəflətdən də ayılmaz.

Yapış üzəngisindən könül hökmdarının.

Önündə göz yaşı tök könül adlı yarının.

Ərşin qadir sultanı yaradanda dünyanı.

Ayrı aləm yaratdı bu bədəni, bu canı.

Pərvərişi, şəfqəti daim bəsdi onlara.

Ayrılmaz sirdaş kimi nigah kəsdi onlara.

Qucaqlaşıb yatdılar, dünyaya gəldi könül,

Oğultək taxta çıxdı, gör nə yüksəldi könül.

Könülü ülviyyəti sultanlığa səslədi.

Bir mənəvi, cismani ata, ana bəslədi.

Üzünə nur çiləyən könlünün Süheylidir,

Can da könül mülkündə bədəntək tüfeylidir.

Könül adı gələndə möhtəşəm dağa döndüm,

Beynimin öz yağıyla nurlu çırağa döndüm.

Canımı hədəf aldı ilhamımın pərisi,

Qulağım dil yerinə oldu söhbət hərisi.

Sevincimdən dilim də ağzıma sığışmadı,

Qəm qoşunu dağıldı, bir yerə yığışmadı.

Könülün eşq atəşi alov saçdı qanıma,

Gözümün çeşməsindən su çilədim canıma.

Qolumdakı zənciri parçaladım ər kimi.

Quldurları yolumdan qovdum şiri-nər kimi.

Köhlənimlə uçurdum qan-tərə batanacan.

Birbaş könül mülkünə təngnəfəs çatanacan.

Cananıma yetincə öz canımı teylədi.

Gecə yarı olunca, ömrü yarı eylədim.

Müqəddəs məbədimdi pənahım, iqamətim,

Döndü çövkən topuna çövkən qəddim, qamətim.

Ətəyimi yığaraq öz yaxama bağladım.

Top dalınca yel kimi hey kükrədim, çağladım.

Çövkənin ağacı da, topu da öz canımdı,

Qanad verib uçuran sonsuz həyəcanımdı.

Varlığımı unutdum, sürüdü qeyrət məni.

Gözüm çıxdı kəlləmə, bürüdü heyrət məni.

Özüm - səfər görməmiş, dostlarım - kor nabələd.

Qürbət məni sıxmazdı, yola olsaydım bələd.

Yol-iz tapa bilmirəm, bu da səfər - seyirdi?

Ayağım "get" desə də başım "getmə" deyirdi.

Köhlənimin cilovu eşqin öz əlindəydi,

Dil-dodağım təpidi aman, bu hoqqa nəydi?!

Qapını döydüm, dedi: "Gələn kimdir bu zaman?!"

Dedim: "Görüşə gəlib pak niyyətli bir İnsan".

Pişvazıma gələnlər qaldırdılar pərdəni,

İxtilat pərdəsində əzizlədilər məni.

Könül mülkünün şahı - məhəbbət adlı pəri

Səsləyərək dedi ki: "Nizami, gəl içəri".

Ən yaxın sirdaş oldum gəldiyim bu dərgaha,

"Gəl" dedikcə yeriyib yaxınlaşdım mən şaha.

Cah-cəlallı bir saray cəlb elədi nəzəri,

Yaman gözə gəlməsin, kor olsun bədnəzəri.

Yeddi xəlifə gördüm bir kaşanə içində.

Yeddi macəra vardı bir əfsanə içində.

Könül mülkü göylərdən daha geniş, əngindi.

Sakinləri bəxtiyar, neməti də zəngindi.

Günortanın sultanı baş tərəfdə əyləşib.

İlıq nəfəs sahibi közərməkdən keyləşib.

Qızıl atlı süvari qarşısında baş əyir,

Yaqut qəbalı əsgər ondan zəfər diləyir.

Acıdil, cavan cəsus hər an hazırdır ova.

Qüssəli qara kölə qorxudan düşüb lova.

Bərədə pusqu quran bir kəməndatan da var,

Gümüşdən zirehlənib misbədən pəhləvanlar.

Hamısı pərvanədi, nur saçan şamdı könül,

Hamısı tələşdadı, lakin aramdı könül.

Döndüm könül mülkünün əziz mehmanına mən.

Canımı töhfə verdim könül sultanına mən.

Könül qərargahında bayraqdara qovuşdum.

Hamıdan üz çevirdim, çünki yara qovuşdum.

Könül dedi: " Heyrətdən itirmisən huşunu,

Bu yuvadan uçurma səadətin quşunu,

Adicə ürəkmiyəm, can bürünə tüstümə?

Bir parça ət deyiləm duz səpilə üstümə.

Ürəklərin sərvindən kölgəm böyükdür, böyük!

Ürəklərin mülkündən ölkəm böyükdür, böyük,

Mən Qarunun yığdığı xəznəyə tay deyiləm,

Hər kəsin sərvətiyəm, hər kəsə pay deyiləm".

Söz tərlanım yolundu od saçan nəfəsindən.

Xəcalətdən çıxmadı öz qızıl qəfəsindən.

İsmətimdən qızardım atəşdəki pul kimi,

Sözündən sırğa taxdım qulağıma qul kimi.

Təzələdi dünyamı könül mülkünün şahı,

Nizamiyə açıqdır fələklərin dərgahı.

Paklıqdan, ülvilikdən uzaq olsam, nəyəm mən?

Könlümün sərvərinə, müqəddəs bəndəyəm mən.



KÖNÜL PƏRVƏRİŞİ HAQQINDA TƏNHALIQ

DÜŞÜNCƏLƏRİ
Bədöy atım yumşaldı, ramdı, deyil xam indi,

Fələklərin torundan qurtardı yaxam indi.

Varlığımın kələfi dolaşıqdı yüz yerdən,

Dolaşığım açıldı açılmaz düyünlərdən.

Açılmaz, dolaş-dolaş, düyün-düyün telləri

Kəsdi ömür sapımdan sərvərimin əlləri.

Könül - pənahımızdır, dərgahımızdır biz

Tanrımız olmasa da, öz şahımızdır bizim.

Başımın darğasıdır iki cahanda mənim.

Qəmxarım olardımı yoxsa bir an da mənim?!

Sirdaş kimi sirrini açıb deməz heç zaman,

Lakin öz şəfqətini əsirgəməz heç zaman.

Gördü ki, tərbiyəsiz, təlimsiz bir naşıyam,

Təlim-ədəb verdi ki, İnsan adı daşıyam.

Xoşdu hər əzabıma qatlaşaraq inləmək,

Bir zavallı bəndənin söhbətini dinləmək.

Züleyxanın eşqindən Misirtək yandı aləm,

Yusifin camalıyla nura boyandı aləm.

Gecənin gözlərində sönən kimi nur, çıraq,

Səhərin gözlərində şölə saçdı gur çıraq.

Fələklər yandıranda səhər çağı şamını

Qızıl atlaz bəzədi gündüzün əndamını.

Ustadım günəş kimi nurlu çırağa döndü,

Əlimdən yapışaraq bir güllü bağa döndü.

Qəm tikanı yığmışdım, onu atası oldum,

Gül-çiçəyin içində itib-batası oldum.

Dodağımda təbəssüm lalə kimi açıldı,

Qönçə təki açıldı, ətrim bağa saçıldı.

Sinəsi dağlı lalə ürəyimi dağladı,

Gül-çiçək çələngini kəmərimə bağladı.

Yanaqlarım allıqda qanlı şərab rəngidi,

Vücudum gül-çiçəyin ətirli çələngidi.

Təlaşdan gülü-gülə, şaxı-şaxa qatanda.

Nəşəsindən çağlayan çeşmə gördüm hər yanda.

Eşqin qızıl bayrağı vüqarla dalğalandı,

Vəfa ətri qoxuyan könül oda qalandı.

Öz nəfəsi qasiddi şirindilli canana.

İsanın nəfəsitək can verdi cansız cana.

Zərrin təxti-rəvanı köhlənimdən götürdü,

Köhlənin cilovunu tez səbaya ötürdü.

Dedi ki: "Qürrələnmə, enməlisən atından,

Həyatın əlimdədir, bezmisən həyatından?!

Heyrətdən su üzündə yelkənsiz bir gəmiydim.

Cənnət ətri qoxuyan nəfəsin həmdəmiydim.

Çalxalanan, çağlayan gur dalğaya qovuşdum,

Susuzluqdan yanırdım, artıq çaya qovuşdum.

Günəşin şöləsindən çoxdu nuru çeşmənin,

Xızır da təşnəsidir belə duru çeşmənin.

Nərgiz kimi xumardı göy çəməni buranın.

Yatmağa can yeridi yasəməni buranın.

Ənginliyi, aləmi xatırladır göyləri,

Behişt öz nəfəsilə süsləyibdir bu yeri.

Gül qucub yasəməni, - seyr edirəm bayaqdan,

Gül toxunsa ayağa, tikan çıxar ayaqdan.

Ovçu gözüm çəməndə ceyran tülkü hərisi

Gül - ceyran göbəyidi, tikan - tülkü dərisi.

Təbəssümlü güllərin kefi, kökdü çəməndə.

Xəcalətdən tükünü tuti tökdü çəməndə.

Yemlik qəndmi qatıbdır - südü belə şirindi?

Ceyranlar şirin süddən sərxoş gəzişir indi.

Güllərin gərdəyindən gəlir küləyin səsi,

Otlar quzu ceyrana olub gül mürəbbəsi.

Xeyri mənsəb fərmanı tutubdu əllərində,

Ənbər saçan yelpikdi gülşən gözəllərində.

Nərgiztək sürmə çəkər bu çəməni süzənlər,

İlanları qırıbdı zümrüd otlar, süsənlər.

Ağıl-huş karvanını gül, yasəmən soyubdu,

Qumru, bülbül şairtək ağlı heyran qoyubdu.

İsadilli, birgünlük süsən necə nəşəli,

Musanın əli kimi olub sübhün məşəli.

Göyərçin inildəyir sübh zamanı ahından,

Öz rənginə boyayıb göy səmanı ahından.

Eşqi sığmır söyüdün ənbər varaqlarına,

Səba namə yazırdı çəməndəki yarına.

Baharın salamına baş əyir yasəmənlər.

Tikana gül çələngi bağışlayır çəmənlər.

Yasəmən - türk gözəli çadır qurub düzəndə.

Sürəyyanı andırır ay hüsnünü süzəndə.

Lalənin atəşgahı - laləzardır burada.

Hindli atəşpərəstdir, yanıb çatıb murada.

Lalənin qara xalı, şux yasəmən incisi,-

Qara ərəb qarğası, parlaq Yəmən incisi.

Sular xəzə bənzəyir, narın-narın ləpələr

Ağ xəzi, göy sincabı sahillərə səpələr.

Al-əlvan bayraqlarla yelkən açıbdır gəmi.

Ulduzlu asimandı çiçəklərin aləmi.

Fələyin şəfəqini şax budaqlar sökdülər,

Sayənin qədəminə altun pullar tökdülər.

Kölgələri ləlitdi günəşin hücumları,

Ləpələr alqışladı rəqs eləyən qumları.

Sünbülün busəsindən nəsrin alışdı-yandı,

Qönçənin kirpiyindən gülün dodağı qandı.

Xeyrinin oxqabında yoxdu oxu tikanın,

Qalxana əl atdı ki, oxdu çoxu tikanın.

Söyüd gözə gəlmişdi, əsməcəliydi canı.

Tez üzərlik qovurdu lalənin buxurdanı.

Fərəhdən qanad açan gözəl tavusdu çəmən,

Şəbnəm kimi az qalır buxarlansın yasəmən.

Neyşəkər gülüşüylə fərəhdən boy atmışdı,

Gül sarı yaqutunu al qana boyatmışdı.

Xudpəsənd vəhşi güllər gül açmışdı hər yanda.

Nəsimin nəfəsindən dil açmışdı hər yanda.

Narınc rəngli asiman oyadanda günəşi,

Əlində turunc kimi oynadanda günəşi,

Öz qızıl bayrağını qaldırdı ərşə fələk,

Çəmən yıxmaq istədi - sərilsin fərşə fələk.

Yer üzü gül-çiçəkdi, başdan-başa çətirdi,

Göyün qəlbi günəşdi, yerin canı ətirdi.

Bəxtiyarlıq ulduzu erkən nur çiləmişdi,

Yer üzünə əbədi səadət diləmişdi.

Ya da öz güzarını fələk salmışdı yerdən.

Girov qoyub zümrüdü, mərcan almışdı yerdən.

Safdı mələk gözündən çəmənin nur çeşməsi.

Çatmaz belə çeşməyə günəşin gur çeşməsi.

Bu çeşmədə yuyunub, ətir qoxuyur çəmən.

Göylərin cəlalına alqış oxuyur çəmən.

Süleymanın ətrinə aşiq hophopdu bağda,

Sinəsindən Davudun naləsi qopdu bağda.

Qırqovul qanı axdı turacın caynağına.

Qanlı zəncir bağladı turac sərv ayağına.

Quşların fitvasıyla döndü darğaya bülbül.

Ölüm hökmü oxudu bağda qarğaya bülbül.

Bayquş qarğışçıydı ki, torpaqda gəzdi başı,

Ulamasa, sirrinə qurban getməzdi başı.

Süheyl dabbaqlığına başladı bağda səba,

Zərif güllü dərilər aşladı bağda səba.

Tələsərək özünü tez bağa saldı lalə.

Qəlbinin təlaşından yandı, qaraldı lalə.

Sayəsilə oxşardı öz gözəlini şümşad,

Lalənin ürəyinə qoydu əlini şümşad.

Yasəmən göyə gümüş dırnağını apardı,

Gecənin titəsini dırnağıyla qopardı.

Səhərin Yusifiydi yasəmənin çöhrəsi.

Quyusu - kölgəsiydi, kəndirisə - pöhrəsi.

Bağ sarı köynək geydi cuhud gözəlləritək,

Sular şölə saçırdı Musanın əlləritək.

Torpaq sudan düzəltdi özünə sarı məlhəm.

Bir sarılıq gətirdi üzünə sarı məlhəm.

Gecəni sıxışdırıb cövlana gəldi günəş.

Yel at çapdı kölgədə, göyə yüksəldi günəş.

Kölgə öpüb dişlədi günəşin dodağını,

Yel söyüdün telinə çəkdi öz darağını.

Sayə və nur bayrağı çiçəkli bağa düzdü,

Sonra axar-baxarda dodaq-dodağa süzdü.

Gülün odlu manqalı alovlandı könüldə,

Arzumun tikanları udtək yandı könüldə.

Güllərin minbərində ötdü şeyda bülbüllər,

Bənövşənin telindən kəmər bağladı güllər.

Davuddan daha artıq quşlar cəh-cəhəliydi,

Nizamidən daha çox güllər qəhqəhəliydi.



* * *
Küləkdən cananımın niqabı yenə düşdü.

Könlümun hökmdarı eşqə düşdü, nə düşdü.

Ətirləndi nəfəsdən şəkər təbəssümlü gül,

Gül dodaqda şəkəri şirinləşdirdi könül.

İşvəsindən qumaşda şux canı yandı ayın,

Od alan qamış kimi xırmanı yandı ayın.

Saç beləcən zirehdi könül sərvinazına.

Təpədən dırnağacan duz qatılıb nazına.

Camalının günəşi qamaşdırar baxanı,

Gözlərinin incisi naxışlayar yaxanı.

İşvələri duzludu, dodaqları baldımı?

Hüsnündən gözəllərdə bir gözəllik qaldımı?

Dodağının qəndindən bağda utandı tuti,

Çənəsini başının halqası sandı tuti.

Yumru narınc deyərsən ətirli çənəsinə.

Gümüş buxaq turunctək sallanıb sinəsinə.

Gülşənin gülü kimi ətri məst eylər səni.

Yar verdiyi şərabtək unutdurar tövbəni.

Təbəristan qızıdı, bir innabdı dodağı,

İnnab nabat əzməyə hardan tapdı dodağı?

Qızılgül qönçəsidi, şirincə neyşəkərdi,

Qupquruca nabatı gülabtək təzətərdi.

Ud kimi tüstülənən xalı ciyər yandırar,

Gündüzün sədəfində müşk-ənbəri andırar.

Ay qəlbini dağlayıb, dönüb qora xalları,

Ay üzünü bürüyüb qara-qara xalları.

Qəlbə günəşdən odlu gözlə basıb o, dağı,

Aylı, bəyaz gecədən nurludu ləl dodağı.

Qatar-qatar karvanı yüklə dolu könülün,

Ağzın meydanı kimi dardı yolu könülün.

Zillətlə, məşəqqətlə könül qəmxara döndü,

Qəlbi qana döndərib, istəkli yara döndü.

Təbəssümlü dodağın hər kəlamı şəkərdi,

Nazıyla, alqışıyla tilsimləri çəkərdi.

Ağzındakı sədəflər bir mücrüyə dolmuşdu,

Ağzı gövhər səpməyə açıq mücrü olmuşdu.

Bu sədəfi, mücrünü görüb neylədi eşqim?

Məni möcüzəsilə heyran eylədi eşqim.

Gədalıq torbasını belimdən açdı mənim,

Köləlik zəncirini əlimdən açdı mənim,

Öz kölə həyatımla vidalaşıb sovuşdum.

Dirilik çeşməsində ölməzliyə qovuşdum.

Ağıl - vurğun vurmuştək vuruldu öz yarına,

Dəmir zəncir vuruldu gümüş ayaqlarına.

Könül dərdli aşiqi bağlamağa qoymadı,

Günəşin çeşməsini çağlamağa qoymadı.

Qəminə qəmxar ara bir qəmli sirdaşından,

Meyin xumarlığını mey dağıdar başından.

Məhəbbət atəşimə can atanı dağlaram,

Qafilsən, gülşənlərəm, gül-çiçəkli bağlaram.

Günəş - nurlu gözümdü, fələklərdi - çəmənim,

Səhər - bağım, suyudur - gözümün yaşı mənim.

Könül şahı dönüncə yalqızlıq sirdaşıma,

Dizim dayaq olubdu düşüncəli başıma.

Bu səfəri inamla vurdum başa könüldə,

Sən də öz inamınla belə yaşa könüldə.

Bu yol elə bilmə ki, hər kişinin yoludur,

Bu yol Nizami kimi ər kişinin yoludur.



* * *
Könül şahı bir gecə həmdəm oldu yarıyla,

İxtilata başladı sadiq sirdaşlarıyla.

İşıqlı gündüzütək nur saçırdı gecəsi,

Sonsuz cah-cəlalından söz açırdı gecəsi.

Məclisinin büsatı - ilk baharın növrağı,

Büsatına heyrandı ruzigarın növrağı.

Ud nəfəsin dumanı, çətri vardı hər yanda,

Yusifin köynəyinin ətri vardı hər yanda.

Gecə keşikçisinin gözünü ovdu darğa.

Süfrənin milçəyini şəkərdən qovdu darğa.

Təranələr, qəzəllər ağlı heyran qoyurdu,

Hicabdakı gözəllər ağlı heyran qoyurdu.

Saqilər filayaqlı sürahiylə süzürdü,

Büllur cama, qədəhə yaqut şərab süzürdü.

Bağrı yanan şam kimi ciyərlər odlanırdı,

Qəlbi odlu ocaqtək ürəkdə od yanırdı,

Məclisə nur saçırdı buxurdanın şöləsi,

Udu qəndsiz yaxırdı yanan canın şöləsi.

Gülablı qəndab ilə gəldi camlar məclisə,

Altun şabaş yağdırdı yanan şamlar məclisə.

Noğul öpən şərablı al dodaqlar şəkərdi,

Badam gözlər - badamdı, bal dodaqlar - şəkərdi.

Məşuq - şəkər dodaqlı, aşiq - badam gözlüdü.

Zöhrə, Mərrix eşqdən ixtilatı, sözlüdü.

Aşiq duydu cananın peymanını, əhdini,

Gülüş - məlhəm dilədi bal dodağın şəhdini.

Yar hökmlü pələngdi, xəz döşənib yoluna,

Ətir saçan hörüklər zəncirdi şir qoluna.

Yar doladı qolunu boynuna aşiqinin,

Cavahirat yağdırdı oynuna aşiqinin.

İşvəli saqi kimi mey süzdü cama şamlar,

Sərxoş pərvanələri yetirdi kama şamlar.

Yuxu - qanadı yanan pərvanəydi bu gecə,

Baş qurban gedənəcən şam baş əydi bu gecə.

Sehirli rübabını tez ələ aldı Zöhrə,

Mizrabı sınanacan oxudu, çaldı Zöhrə.

Baş - yuxunu başından dağıtmağa çalışdı.

Bir-birinin bəhsinə çilçıraqlar alışdı.

Bir nemət ki özgəyə bəsdi ömür boyunca,

Ona öz sirdaşıyla qismət oldu doyunca.

Bu büsatın yanında hər büsat yalan oldu,

Hamı sonsuz nemətdən nəşəyə dalan oldu.

Bu cəlaldan iqbala, nemətə çatdı hamı,

Fənalıq libasını əynindən atdı hamı.

Müjdəylə qanadlandı şadlıq quşu Ülkərə,

Yeddi lələk saldırdı bu uçuşu Ülkərə.

Sübhün carçısı quşlar kabab oldu köz üstə,

Yar nə dedi sübhəcən, aşiq dedi göz üstə.

Səhər quşu yuxudan səhərtək bəndə düşdü,

Aya tor quran fələk özü kəməndə düşdü.

Qapılar qapalıydı ağyara, biganəyə.

Pərinin hörükləri zəncirdi divanəyə.

Müştəri seyrə daldı qıvrım saçlı mələyi,

Üzük kimi daraldı məftunluqdan ürəyi.

Hurilərin yanında qansız yağı yalandı.

Sevdalı aşiqlərin könül mülkü talandı.

Ürəklərin yolunda yasəmən əkdi onlar,

Ürəkdəki tikanı kirpiklə çəkdi onlar.

Şəkər qamışı oldu könüldəki hər acı,

Canların gül şaxıdı - boyların sərv ağacı.

Şəkər ağız - fındıqdı, qıyğacı gözlər - badam,

Püstə dodaq - innabı, görən deyər bal dadam.

Bu füsunkar gecənin sehirli aləmi var.

Canan - Babil mələyi, keşikçisi - hindula

Qəmzəyə, qara xala hamı, heyran, hamı mat.

Babilistan, Hindistan timsalıdı kainat.

Baxışların söhbəti sözlü gözlə, qaşladı,

Könül canan gözünü ziyarətə başladı.

Neştər kimi tikandı o qəmzəli baxışlar,

Qıvrım saça baxanda gözdən yağar yağışlar.

Aşiqinə tuşlanıb qəmzəsinin oxları.

Kamandan ox süzməmiş qurban gedir çoxları.

İsanın nəfəsitək bağışlayar can könül.

Dirilik suyu çilər torpaq ağzından könül,

Güllərin yasəməntək buxurdanları yandı,

Ay da fələklər kimi qulluğunda dayandı.

Üzdə şəkər təbəssüm, dodaqda duzlu badam.

Gül yanağın şəhdinə gül dedi ki, mən yadam.

Hər baxışı cahanı kaşanətək bəzədi,

Hər kirpiyi bir canı bütxanətək bəzədi.

Parlaq gümüş ələndi qara saçın tağından,

Söyüd ənbər yağdırdı gümüşü yarpağından.

Buxaq - gümüş kəmərdi, təri - inci şehdi ki,

Günəşin hovxurduğu bir qövsi-qüzehdi ki...

Saçı, odlu çöhrəsi - İbrahim möcüzəsi,

Xəncər kirpiklərində İsmayıl göz süzəsi.

İbrahimin sehriylə od dönüb gülüstana,

Nərgiz gözün xəncəri qan töküb batıb qana.

Busəsi bir meydi ki, aşiq ona can verər,

Dodağı İsa kimi cansız cana can verər.

Çöhrəsinin təridir gül-çiçəyin jaləsi,

Ülkərin çələngidir parlaq ayın haləsi.

Şəhla gözlü hurinin yaxası ki, açıldı,

Səhərin naməsindən vüsal nuru saçıldı.

Yandı ürəklərdəki hünər şamı bu nurdan,

Vurğun aşiqlər kimi çaşdı hamı bu nurdan.

Dili tamam tutuldu, səsi batdı carçının,

Göz-qaşı, naz-qəmzəsi dada çatdı carçının.

Eşqin gülgün meyindən bəşər yetdi murada,

Simuzər piyalədi nərgiz gözlər burada.

Bu işrət məclisində yaman sərxoşdu ağıl,

Səbir, dözüm sarıdan əlləri boşdu ağıl.

Gülüşlər, qəhqəhələr üzmüşdü canı indi,

Taqətin ah çəkməyə taqəti hanı indi?!

Ziyafət pərdəsində susdu səbrin nəğməsi,

Həyəcanın, qovğanın zilə qalxdı gur səsi,

Davudun nəğmələri dildən-dilə car oldu,

"Mahmud - Ayaz" dastanı eldən-elə car oldu.

Nizaminin sözləri şirin, duzlu, məzəli,

Müğənnilər dilində əzbərdir hər qəzəli.

Sözümlə əbədiyyət fərşi toxumuşam mən,

Gözümlə ürəkləri, ərşi oxumuşam mən.

Muştuluq naməsidir əsərim ürəklərə,

Baxışlardan zillənib nəzərim ürəklərə.

Könül şəkər gülüşlü gözəllərə vuruldu,

Baxışlar ahu gözün sürməsindən duruldu.

Kətan geymiş ay kimi gözəldi necə canan,

Qəlbimi kətan təki doğradı gecə canan.

Gecəylə vidalaşıb yatmağa tələsən Ay

Sübhəcən süzdü bizi batmağa tələsən Ay.

Qəmzəsinin oxları can üstə uçan oldu,

Hər can can bahasına neçə ox qucan oldu.

Bu nurdan şam kirpiyi yaşla doldu həsəddən,

Çırağın nurlu gözü nursuz oldu həsəddən.

Sitəmini, zülmünü sanma cəfa sanmışam,

Töhfə kimi qucmuşam, zülmü səfa sanmışam.

Çəməntək çay saçmışam gözdən axan yaşımı,

Günəştək qurutmuşam tərimi, üst-başımı.

Yar nübarı nəsibdi tamarzıya o gecə,

Sən demə, qovuşmuşam hər arzuya o gecə.

Nurdan kəmər qurşanan təzə ayım hardadı?

Camalını gizlədib, aşiq intizardadı.

Vuruldum bir könüldən min könülə mən ona,

Şirin vüsal gecəmiz nə tez yetişdi sona?

Könlümün arzusuydu: çata kaş dada gündüz,

Gecənin pərdəsini yaxmaya oda gündüz.

Bu gecə yar yarını öz qoynuna alaydı,

Səhərin açılması qiyamətə qalaydı.

Axtarıram günəştək belə nurlu gecəni,

Röyada da görmürəm bu uğurlu gecəni.

Vidalaşıb mənimlə şadlıq gecəm haçandı,

Sanma ki, başqa gecə könlümə nur saçandı.

Hər gecə yalvarıram üz tutub dərgaha mən,

Həsrətəm, o gecəyə qovuşmaram daha mən.

Ağ günün gündüzüydü, zülmət gecə deyildi,

Merac gecəsiydi ki, ona gecə deyildi.

Fələyin xəznəsinə inci düzür gecə Ay,

O gecənin dərdindən üzülüb gör necə Ay.

Gecəni qan düşməni bir kafir sanır gündüz,

Yalnız həmin gecənin eşqiylə yanır gündüz.

Uğurlu səfərim ki, başa çatdı birtəhər,

Əlində odlu qılınc üstümü aldı səhər.

Günəş odlu şəmşirlə lərzə saldı canıma,

Gözlərimin yaşını axıtdı eyvanıma.

Ləpələnən sularda süzdü, səkdi buludlar,

Günəşin köynəyini suya çəkdi buludlar.

Günün coşqun çeşməsi yüz rəng çalan çeşmədi,

Çox ömrün kuzəsini daşa çalan çeşmədi,

Öz gümüş çadrını ki, göylərdə qurdu fələk.

Günəşin tellərindən zər naxış vurdu fələk.

Yuxudan oyanmağa nə tez fürsət tapdı sübh,

Qızıl qanlar tökməyə xəncərini qapdı sübh.

Hücum çəkdi üstümə, mən də teylədim canı,

Can alan xəncərinə sipər eylədim canı.

Əjdahatək vermədi bircə qurtum su səhər,

Vüsal çeşməsi üstə təşnəni uddu səhər.

Könül xarabatımın səsi tutdu fəzanı:

"Ey səhər, eşq əhlinə rəva görmə cəzanı!

Bayaq vəfalı aşiq vüsaldan söz açırdı,

Gecəni nurlandıran şamlar şölə saçırdı.

Əridərək gecəmi, söndürərək şamımı,

Puç etdin növrağımı, gözdə qoydun kamımı.

Neştərinlə yarala balının hərisini,

Nuruna xor baxanın aşıla dərisini.

Nadanları öldür ki, belə işin savabdır,

Aşiq qəlbi onsuz da eşq odundan kababdır".

Göz yaşımı görəndə halıma ağladı sübh.

Şəfəqə gözlərindən qızıl qan çağladı sübh.

Xiffətimdən gündüzün xırmanı yandı göydə,

Günəşin çeşməsinə ahım dumandı göydə.

Fələk özü əjdaha ağzına atdı məni,

Əjdaha zəhəriylə günəş sağaltdı məni.

Səhərin şəfqətilə can üstündə ayıldım,

Yar hüsnünü görəndə mən yenidən bayıldım.

Kim yüksələ bilibsə göyün səyyar taxtına,

Nurlu səhərdən parlaq gün doğubdur baxtına.

Gündüzün utandırar gecələri, ey könül!

Yanında xəcalətdi neçələri, ey könül!

O gecənin vəsfini tərənnümdən doymadım,

Sübhəcən qələmimi əldən yerə qoymadım.

Nurlu gecə tənhalıq aləminin özüdür,

Şamları - düşüncənin şölə saçan gözüdür.

Yanan udu, gülabı anlamayan naşıdır,

Onlar dərdli aşiqin ahıdır, göz yaşıdır.

Vəsf etdiyim gözəllik, büsat, işrət ki vardı,

O vüsal gecəsinə nur səpən arzulardı.

Qara zənci gecəni kim döndərib gərdəyə?

Məhrəm olan varmıdır bu qubarlı pərdəyə?

Sübhü pərvanə kimi yaxar şamı günəşin,

Sönməz şam olduğunu görür hamı günəşin.

Səhər kimi bu şamdan köksündə dağın olsun.

Nizamitək sənin də sönməz çırağın olsun.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin