SƏba şƏHƏRİ haqqinda mülahiZƏLƏR



Yüklə 27,75 Kb.
tarix26.09.2019
ölçüsü27,75 Kb.
#29261
Seba seheri haqqinda mulahizeler (metn)



SƏBA ŞƏHƏRİ HAQQINDA MÜLAHİZƏLƏR
Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın”.

A. A. Bakıxanov

Azərbaycanın XIX əsr tarixçisi,

Ictimai-siyasi xadimi
Аzərbаycаn ərazisi çox qədim və zəngin tаriхə mаliкdir. Bu tаriх hər şеydən öncə sirlər, əfsаnələr örtüyünə bürünmüş qədim şəhərlərin qаlıqlаrındа, dəbdəbəli sаrаylаrdа, аhəngdаr biçimli, incə nахışlı türbələrdə, mоnumеntаl məscidlərdə, хаlqımızın yаdеlli işğаlçılаrа qаrşı “düyünlənmiş yumruqlаrı” оlаn möhtəşəm qаlаlаrdа yаşаyır.

Bəli, qədim аbidələrdən hər biri həqiqətən yаrаndığı dövrün ictimаi-siyаsi hаdisələrini, ulu nəsillərin аrzu və istəкlərini, еstеtiк zövqünü əкs еtdirən dаş salnаmələrdir. Zаmаn еtibаrilə yахın-uzаq nəsillərin yаrаtmış оlduqlаrı bütün nаdir sənət inciləri bizə dоğmаdır, əzizdir. Çünкi оnlаrın bu gün bizdə оyаtdığı dərin iftiхаr hissi аzаdlıq uğrundа qаnlı vuruşmаlаrdа sаrsılmаyаn ulu nəsillərin sönməz istеdаdındаn, silinməz izlərindən хəbər vеrir. Tаriхi аbidələr хаlqın кеçmişini, оnun tərəqqi və tə­nəz­zül çаğlаrını pаrlаq əкs еtdirir, qüdrətinə еhtirаm ilə bаş əydiyimiz sə­nətin sirlərindən söhbət аçır. Bu abidələrdə ötüb keçən əsrlərin sənətkarlığı və incəsənəti həkk olunaraq bizim zamana qədər gəlib çatmışdır.

Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli yerdə bir ada var. Bayıl yaşayış sahəsinin yaxınlığındakı bu adada vaxtilə inşa olunmuş bir abidəni həmin yerin adına müvafiq olaraq “Bayıl qəsri” və ya “Səbail qəsri” adlandırmışlar. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikinti dağılmış və bir neçə əsr suyun altında qalmışdır. Ada, Xəzər dənizinin geri çəkilməsi nəticəsində, yalnız XVIII əsrin əvvəllərində, daha dəqiq desək 1723-cü ildə suyun altından üzə çıxmışdır.

Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb etmişdir. Təxminən yeddi əsr bundan əvvələ aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir.

XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında ehtimal xarakterli məlumatlar vermişlər. Tədqiqatçı alimlər onu “Səbayıl qalası”, “Səba şəhəri”, “Bayıl qəsri”, “Bəndərqala”, “Yeraltı şəhər”, “Karvansara”, “Xanəgah”, “Monastr”, “Gömrükxana”, “Müdafiə qalası” və s. adlandırmış, qəsrin nə məqsədlə tikilməsi, tarixi rolu və fəlakətə uğramasının səbəbi haqqında elmi fikirlər, ehtimallar söyləmişlər.

Təxminən iki yüz əlli il bundan əvvəl suyun altından görünən tikinti haqqında dəqiq elmi fikir söyləmək qeyri-mümkün idi. Qəribə quruluşlu bu bina kimlərə məxsus idi? Kimlərin taleyi onunla bağlı idi? Alimlərin qarşısında xeyli problemlər dururdu.

Uzunluğu 180, eni 40 metr olan bu tikinti, aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 ədəd yarımdairə qala vasitəsilə divara birləşdirilmişdir. Dörd künclərdəki qalanın biri (şimaldakı) monolit olsa da, qalanları kiçik kamera ilə bir-birinə bağlanmışdır. Divarların qalınlığı 1,2-1,5 m-dir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş frizli yazılarla (hündürlüyü 70 cm, eni 25-50 cm, qalınlığı 12-15 cm) əhatə olunmuşdur.

Abidənin ətrafında XX əsrin ortalarında geniş arxeoloji qazıntı işləri aparılmışdır. 1939-cu ildən 1969-cu ilə kimi Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun təşkil etdiyi arxeoloji ekspedisiya professor E.Paxomovun, arxeoloqlar İ.Cəfərzadə və Ö.İsmizadənin rəhbərliyi ilə müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tavalar əldə etmişdir. Bu daşlar hal-hazırda İçəri Şəhərdə - Şirvanşahlar sarayının həyətində qorunur. Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə frizlənmiş və bəzədilmişdir. Bu daş tavaların üzərindəki təsvirlərdən görünür ki, onları hazırlamış sənətkarlar yüksək zövqə və incə müşahidəçilik qabiliyyətinə malik olmuşlar.

Bayıl daşları Şirvanşahlar dövründəki mədəniyyətimizi öyrənmək cəhətdən dəyərli sənət əsəridir. Lakin bu daş abidələrə zaman öz təsirini göstərə bilmişdir. Dənizdən çıxarılmış daşların 30%-ə qədəri əsrlər boyu ləpələrin təsirindən ziyan çəkmiş, onların üzərindəki yazı və təsvirlər qismən pozulmuşdur. Bundan əlavə, daşların hamısını əldə etmək mümkün olmamışdır.

Daşların üzərində uzun müddət axtarışlar aparmış qocaman arxeoloq İ.Cəfərzadə usta Zeynəddin Əburəşid oğlunun adını, professor E.Paxomov 630-632-ci il hicri tarixini (1232-1234-cü illər), Məhəmməd, Yezid, Fəribürz, Gərşəsb kimi Şirvanşahların adlarını, Bakı, Şamaxı şəhər adlarını, sultan, şah titullarını oxumuşlar. Ə.V.Salamzadənin mülahizəsinə görə Bayıl qəsri Şirvanşahlara məxsus olmuşdur.

1965-ci ildə Şirvanşahlar sarayı kompleksi dövlət tarixi-memarlıq qoruğu muzeyində yazılı daşların səliqəyə salınıb oxunması üçün xüsusi laboratoriya təşkil edilmişdir. Həmin laboratoriyada oxunmuş daşlar da bəhs edilən fikri əsaslandırır. Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixi, o dövrün görkəmli şəxsiyyətləri, abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əburəşid, Əburəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və s. haqqında ilk dəfə maraqlı məlumatlar vermişdir. Eyni zamanda, bu yazılar əsasında abidənin tikilmə tarixi də dəqiqləşdirilmişdir.

Tədqiq edilmiş kitabələrə əsasən müəyyən edilmişdir ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-34-cü illərdə Şirvanşah Gərşəsbın oğlu Fəribürzün dövründə tikilmişdir.

Frizli yazıların içərisində “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adının bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni dövrdə, yəni XIII əsrin 30-cu illərində Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikmişdir.

Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılmış daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilmişdir.

Yazılı daşlar içərisində gürcülərə aid kitabələrə və gürcü qadınlarına məxsus baş təsvirinə də rast gəlinir. Bu da təsadüfi deyildir. O vaxt gürcülərlə azərbaycanlılar arasında nəinki dostluq, hətta qohumluq əlaqələri olmuşdur.

Ola bilsin ki, müxtəlif tərzdə təsvir edilmiş realist təsvirlər illəri təmsil edirmiş. Canlı təsvirlər içərisində üzərində anfas şəklində işlənmiş öküz başı daha maraqlıdır. Eyni təsvirə qala divarının şərq darvazası üzərində və Qız qalası ətrafında tapılmış daşda da təsadüf edilir. Üç müxtəlif yerdə öküz təsviri Azərbaycan xalqının qüvvət və şücaəti, onların yadelli işğalçılara qarşı qəhrəmanlıqla apardıqları mübarizəsinin rəmzidir.

Bəzi canlı təsvirlərin ayrı-ayrı fraqmentləri natural həcmində at və şir barelyeflərinin olmasını göstərir. Üzlərində insan başının anfas təsviri və Fəribürzün adı olan daş da maraqlıdır. Bu, qəsr tikilən vaxt hökmranlıq etmiş şahın öz barelyefidir.

Yazılı daşlarla yanaşı, qəsrin içərisindən XIII əsrə aid edilən şirsiz saxsı və məişət əşyaları, üzərində Şirvanşah Fəribürz bin Gərşəsb və Xassif Ən-Nasirin (1180-1225) adları yazılmış mis pul tapılmışdır.

Səba əhli və Səba yurdu haqqında xalq etimalogiyası dilində bir çox əfsanələr vardır. Bu əfsanələrə istinadən ehtimal etmək olar ki, Bakı yaxınlıgında Səba adlı gözəl bir məmləkət və yaxud şəhər olmuşdur.

Səba, Səba əhli və Səba yurdu haqqında Qur’ani-Kərimin “Nəml” (Qarışqalar) və “Səbə” (Səba) surələrində məlumat verilir. Səba əhlinin Günəşə sitayiş etdiyi, hökmdarlarının isə Bəlqis (Bilqeys) adlı zəka sahibi olan qadın olduğu bildirilir. Süleyman peyğəmbər Allahdan başqasına (Günəşə, Aya) ibadət etməyi ona qadağan edir.

“Səba” surəsində isə Səba yurdunun sağdan və soldan dağla əhatə olunmuş iki gözəl bağçaya malik diyar olduğu, daha sonralar isə itaətdən üz döndərdikləri üçün ora Arim (ərim) seli göndərilərək yurdlarını su basdığı və onların pərən-pərən salınaraq dillərdə dastan edildiyi bildirilir.

Tarixdən məlumdur ki, səba xalqı cənubi Ərəbistanda yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba qövmündən bəhs edən mənbələrdə onların geniş ticarətlə məşğul olan bir dövlət olduğu bildirilir. Bu dövlət Avropa ölkələri ilə sıx iqtisadi-mədəni və ticarət əlaqəsi saxlamışdır. Səbalılar tarixdə mədəni bir xalq olaraq tanınmışdır. Səba hökmdarlarının kitabələrində "təmir etmək", "vəqf etmək", "inşa etmək" kimi kəlmələr daha çoxdur. Bu xalqın ən mühüm əsərlərindən olan Marib bəndi də onların əldə etdiyi texniki səviyyənin əyani sübutlarından biridir.

Səba dövləti bölgənin ən güclü ordularından birinə sahib olaraq, özünün inkişaf etmiş mədəniyyəti və ordusu ilə öz dövründə həmin bölgənin sözün tam mənasında bir fövqəl gücü idi. Quranda qeyd edilən bir ifadə Səba ordusunun sərkərdələrinin özünə necə güvəndiyini göstərir. Sərkərdələr Səbanın qadın hökmdarına belə deyirlər: "...Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün müəyyən et". (Nəml surəsi, 33) 

Səba xalqı həmin dövrə uyğun şəkildə inkişaf etmiş texnologiya əsasında qurduğu Marib bəndi ilə böyük bir suvarma (irriqasiya) sisteminə də sahib idi. Bu üsulla əldə etdikləri bol məhsullu torpaqlar və ticarət yollarına nəzarət etmələri onların möhtəşəm və rifahlı bir həyat sürmələrinə səbəb olmuşdu. Səba ölkəsinin paytaxtı yerləşdiyi üstün coğrafi məkan baxımından çox zəngin olan Marib şəhəri idi. Paytaxt həmin yerdən axan Adhana çayının çox yaxınlığında yerləşirdi. Mədəniyyətlərini qurmaq mərhələsində olan səbalılar bundan məharətlə istifadə edib burada bir bənd inşa etmiş və çox asanlıqla suvarma işinə başlamışdılar. Bu bənd sayəsində çox yüksək rifah səviyyəsinə yüksəlmişdilər. Paytaxt Marib o dövrün ən inkişaf etmiş şəhərlərindən biri idi. Bölgəni gəzən və bu diyarı çox tərifləyən yunan tarixçisi Plini buranın necə yaşıl və bağ-bağatlı bir yer olduğundan bəhs etmişdi. 

Maribdəki bu bəndin hündürlüyü 16 metr, eni 60 metr, uzunluğu isə 620 metr idi. Hesablamalara görə, bənd vasitəsilə suvarılan sahə cəmi 9600 hektar idi ki, bunun da 5300 hektarı cənub, qalanı isə şimal düzənliyinə aid idi. Səba kitabələrində bu iki düzənlik haqda bəzən "Marib və iki düzənlik" deyə bəhs edilirdi. Qurandakı "sağdan və soldan iki bağ" ifadəsi də çox güman ki, bu iki düzənlikdəki möhtəşəm bağ-bağata və bostanlara işarə edir. Bu bənd və suvarma sistemləri sayəsində bölgə Yəmənin ən yaxşı suvarılan və ən məhsuldar olan hissəsi kimi ad qazanmışdı. Fransız J.Holevi (J.Holevy) və avstriyalı Qlaser (Glaser) Marib bəndinin çox qədim dövrlərdən bəri mövcud olduğunu sübut etdilər.

Eramızın 542-ci ilində dağılan bu bənd Quranda haqqında bəhs edilən “Arim” selinə səbəb olmuş və böyük dağıntılara gətirib çıxarmışdı. Səba xalqının yüz illərdən bəri becərdiyi bağları, bostanları və əkin sahələri tamamilə yox olmuşdu. Bəndin dağılmasından sonra Səba xalqının da sürətlə tənəzzül etməyə başladığı görünür. Bəndin dağılması ilə başlayan bu mərhələnin sonunda Səba dövlətinin özü də süquta uğramışdı. 

Səba hökmdarı Günəşə sitayiş edən bir xalqın icində yaşamağına baxmayaraq Hz.Süleymanın səmimi üslubla yazdığı məktubundan, məntiqli davranışından, güçlü hakimiyyətindən və ehtişamlı sarayından cox təsirlənmiş və bütün bunlar onun iman gətirib müsəlman olmasına səbəb olmuşdur,

Quranda bildirilən Səba hökmdarı haqqındakı bütün bu məlumatlara hikmət gözü ilə baxanlar ücün coxlu ibrət və tərbiyə var. Səba hökmdarının məntiqli davranışı düzgün olanı daha asanlıqla başa düşməsini və səmimi hərəkət etməsini təmin etmişdir. Bundan başqa, haqqı görəndə əvvəlçə cox fərqli bir inama sahib olmasına baxmayaraq, hec tərəddüd etmədən Allaha təslim olub iman gətirməsi nümunə götürülməli olan bir davranış idi.

Ərəbistan yarımadasında, eləcə də yaxın coğrafi ərazidə “Səba” toponiminin işlədildiyi etimaloji yaşayış sahəsi yalnız Bakı yaxınlığındakı “Səbayel” rayonu və tarixi “Səbayel Qalası”-dır. Müasir Türkiyədə coğrafi-iqtisadi rayonlar “il” – yəni “el” olaraq adlandırılır. Nəticədə, türk dilində bu ərazidə “Səba” toponiminin yaranmasına səbəb, səbalıların – yəni səba xalqının, səba elinin bu yerə köçüb, burada yaşaması ilə əlaqədar olmuşdur. Tarixdən məlumdur ki, xalqın və ya toplumun adını daşıyan toponim heç vaxt itmir. Xalq bir yerdən başqa yerə köçsə də onun adını daşıyan toponim onunla bərabər gəzir. Ərəb, fars və türk mənşəli toponim və yer adları Azərbaycan ərazisində kifayət qədər çoxdur.

Nəhayət, Quranda haqqında bəhs edilən indiki Yəmənin ərazisində VI əsrdə inkişaf etmiş Səba dövlətinin, atəşpərəst Səba elinin Arim (ərim) seli nəticəsində böyük dağıntılara məruz qalması, onların bir qisminin məskən salmaq üçün atəşlər məkanı kimi məhşur Abşeron torpaqlarına qədər gəlmələrini və Bakı yaxınlığında məskunlaşmalarını ehtimal etmək olar.

Bütün bunlara və Quranda bildirilən “Səba Şəhəri”, ”Səba hökmdarı” haqqındakı məlumatlara istinadən ehtimal etmək olar ki, qədim dövrlərdə Xəzər dənizinin sahilində, Bakı yaxınlığında “Səba” adlı şəhər olubmuş.

Bayıl Qəsri və Bayıl daşları Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini öyrənmək baxımından dəyərli mənbədir. Bu unikal abidə və frizlənmiş sənət əsərlərini yaşatmaq, təbliğ etməklə ulu keçmişimiz haqda gözəl xatirələr əldə edə bilərik. Yaxın gələcəkdə bu abidə ətrafında aparılacaq arxeoloji qazıntılar, habelə biblioqrafik tədqiqatlar Səbayel Qalasının, habelə Səba şəhərinin sirlərinin açılmasına, eləcə də Bakının qədim tarixinin işıqlandırılmasına imkan verəcəkdir.


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Mədəni İrsin tədqiqi şöbəsinin müdiri,

Əməkdar mədəniyyət işçisi,

Tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov



Yüklə 27,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin